Kitobni o'qish: «Müharibə Uşaqları»
Bu hekayələrdə Qarabağ müharibəsində öldürülmüş, yaxud əlil olmuş, sağ qalsa da, ailəsini, yaxınlarını və gələcəyini itirmiş uşaqların faciəli taleyindən söz açılır. Ayrı-ayrı uşaqların həyatından bəhs etsə də, bunlar sanki bir ailənin uşaqlarının taleyidi. Oxşar talelər, oxşar kədər bütün uşaqların həyatını yaralayır. Həm azərbaycanlı, həm də erməni uşaqları üçün bu tale eynidir. Kitabda müharibənin qəddarlaşdırdığı hərbçilərin qadınlar, qocalar və uşaqların başlarına açdıqları müsibətlər qabardılsa da, bu çətin məqamda insani keyfiyyətlərini itirməyənlərin də obrazı önə çəkilib. Kitab uşaqların həyatından bəhs etsə də, uşaqlar üçün deyil, kütləvi oxucular üçün nəzərdə tutulub. Müəllifin bir xahişi var: bu hekayələri uşaqlarınıza oxumayın!
Lütfən, uşaqlarınıza oxumayın!
“…Su quruyanda balıqlar baş-başa verərək dibə yığışırlar, ağızlarının nəmi ilə son dəqiqəyədək bir-birilərinə nəfəs verirlər…”
Çjuaszı (Çin filosofu)
ƏSİRLİKDƏ
Atam demişdi ki, bacıngilə çatdır özünü – bacını da, uşağını da al tərkinə, götür gəl. Mən də atın yəhərini belinə basmış, tapqırını çəkmiş, yüyənini, cilovunu başına keçirib Güloğlanlıya çapmışdım. Güloğlanlıyla bizim kəndin arası heç on kilometr olmaz bəlkə. Amma kəsə yol da var. Kəsə daha tez çatarsan. Mən də kəsəylə gedə-gedə bacımı qınayıram ürəyimdə ki, axı atamız gecəynən maşın gətirmişdi, niyə durub gəlməmisən? İndi mənim, 15 yaşlı uşağın bu dərə-təpədə nə işi var ki, qəfil erməni pusqusuna rast gələ, başlı-gözlü gedə cəhənnəmin dibinə?
Gör kişiyə nə demişdi:”Dədə, (biz qarabağlılar axı ataya dədə deyərik) mən Kərimsiz getmərəm burdan. Özü də dünən əsgər yoldaşınnan sifariş eləyib ki, nəbadə evdən bir çöp çıxardasan, deyərlər komandir evini çıxardır için-için… Gözlə, gələcəm.”
Kərimə də allah insaf versin. İki ildir könüllü vuruşur, ha deyirik ki, bacımı gətir, qoy bizdə, salıb tərs yerinə. Zoğallıyır…
Amma yoox, Kərim yaxşı oğlandı vallah! Bacımın əri olduğuna görə demirəm ki. (Biz tərəfdə yeznəni öymək man gələr. Ayıb da olsa, yeznə eşşəyə deyirlər…) Mən ilk dəfə qəşəng sözləri ondan eşitmişəm. Qəşəng söz deyəndə ki, bu Kərim Bakıda oxuyub gəlmişdi, telli-toqqalı oğlandı. İndi mən ata mindiyim kimi o da, bir bozalaq yabıları vardı, minərdi ona, sürərdi bizim kövşənə. Tellərini barmaqlarıyla daraya-daraya oxuyardı:
Xəzərin sinəsi parladı par-par,
Yel əsdi, titrədi, yelləndi şamlar,
Niyə ürkək-ürkək baxdın, ay Çiçək?
Niyə ürəyimi yaxdın, ay Çiçək?!
Çiçək bacımın adıydı. Mən sonralar başa düşdüm ki, o bu mahnını bacımçün oxuyarmış.
Qoy görüm necə oxuyardı… Gərək əvvəlin muğam üstə başlayım… Bizdə, Qarabağda hamının səsi olur ax. Bir şair yazmışdı ki, Qarabağda uşağa təpinsən, muğamat üstə ağlar…
Belə, dadey-dadey-dadey… Ond dörd gecəlik ay kimi rüxsarına qurban… Can aman-aman, ölürəm, ölürəm…
Bu nə səsdi, ə? Güllə açlıdı elə bil? Vay dədə, vay!
***
Güloğlanlıya iki kilometr qalmış məni tutdular. Özüm cəhənnəmə e, bacım da burdadı, zılğası da qucağında. İndi bizim nəslin kişiləri içi özümqarışıq, gərək papağımızı qoyaq götümüzün altına. Hə dana… Otuz yaşında bacımız erməni əlində əsir-yesir oldu… Allah evin yıxsın Qurban müəllimin! Elə ağzın açırdı, deyirdi “Dədə Qorqud”u yaxşı oxuyun, bu bizim qəhrəmanlıq dastanımızdır… Nə təhər olur ə, qəhrəmanlıq ki, kişinin anasın da, arvadın da əsir-yesir eləmişdilər?!
Bude, gəlir Şurik. Burda hamı ona tabedir. Oğraş ağzımın üstündən necə vurubsa, dodaqlarım pardaxlayan qızılgül kimi açılıb. İndi yenə çırpacax bizi. Bacım arvadlarnan o birisi donuz damındadı. Bizi – bir ortayaşlı kişidir, bir də mənəm – salıblar bu kiçik otaqçaya. Əvvəllər tualet-zad olub deyəsən, baş çatdadan iyi gəlir. Əşi, cəhənnəmə iyi, elə bacımı buraxsınlar, mən bu iyiyə də dözərəm.
–Ey, şandığa1! Çıx görüm, ali!
Şurikdi, yəqin çırpmağa aparır məni. Elə qapıdan çıxanda gözüm Valod əmini alır. Atamnan qardaş kimiydi. Onlarda çaxır vurardılar, bizdə vodka. Sonra atamla fermaya gedib mal-qaranın vəziyyətini yoxlayıb akt yazardılar. (Onlar Gəncədəki Kənd Təsərrüfatı İnstitutunda bir oxumuşdular.) İndi bu da qoşulub saqqallılara. Bəlkə özümü tanıdım? Bircə bu Şurik imkan versəydi…
Yanından keçəndə astadan “Valod əmi, Adiləm, Aslanın oğlu” deyirəm, elə söz ağzımdan çıxan kimi Valod əmi iri, ağır əlini qaldırıb başıma bir qapaz salır və elə bizim dildəcə deyir:
–Siz oğraşdarı yaxşı tanımamışıx! – Sonra ermənicə bərkdən “kunim mama”2 deyib Şurikə yaxınlaşır, nəsə deyir ermənicə. Bir müddət beləcə danışırlar, hətta mübahisə edirlər və axırda Şurik gülümsünür. Və Valod yenə mənə yaxınlaşır. Kürəyimə bir təpik vurur, məni qabağına qatıb harasa aparır. Və yolda yenə bir-iki yüngül təpik vura-vura lap pıçıltıyla deyir:
–Ərə, Adil, oğlum, man sani o sahat tanıdım. Ama bunların yanında sani vurmasaydım, şübhalanardılar. Ara, məni oğlan sizinkilərdə əsir idi. Ama artıq bilirəm ki, qaçmaq istəyəndə vurublar, ölüb. İndi meyti almaq istiyiram. Səni oğlumun meytiynən dayişacam. Bax, evdə bizimkilər səni tanıyacaxlar, o heç. Ama bir oğlum var, Zorik, ela san yaşdadı, qoşulub bu daşnaklara, məninən də yola getmir. Özünü onnan gözlə. Səni öldürər o it oğlu…
***
Üç aydır Valodun tövləsində zəncirlənmiş halda qalıram. Gündüzlər günüm itin günü olur. Kəndin uşaqları da qoşulur Zorikə, gəlib məni o ki var döyürlər. Hərdən at kimi minirlər. Əlbəttə, Valod əmi evdə olanda az döyürlər, amma olmayanda… Gecələr isə kef çəkirəm. Valod özü, hərdən də arvadı mənə yemək gətirirlər, çay verirlər. Valod mənimlə oturub danışır da hərdən. Yəni ki, mənimlə nə danışasıdı? Elə öz-özünə ozalanır. Məsələn, bax belə: ”Eşək oğlu dığaya dedim ki, getmə, özünü güllə qabağına vermə. Mən neynirəm Karabaxı axı? Heç bu Güloğlanlının yanındakı Stepankənd mənimdi guya? Ara, iyirmi metr beləsinə, qırx da beləsinə bir oqorodum var, belə getsə, bu Erivandan gələn saqqallılar onu da əlimdən alacax. Elə almış kimidi. Permanı da dağıdıplar, mal-qaranı yox eliyiplər, man da qalmışam işsiz-gücsüz. Bir ildir əlimə tüpəng verib salıblar çöllərə. Bir dığa öldü. Biri də dağda-daşda. Man neyniram Karabaxı? Hay?! Ara, Adilcan, allax qoysa, sani dayişacaxlar. Gedassan, eviniza. Burda manim hardan məcbur qalıb sani vurmağımı, bizim Zorikin sana zülüm elamayini Aslan kibrəyə demə… Ayıbdı, ali. De ki, man onu çox istəyirəm…” Sonra da göz yaşlarını silə-silə əlini başıma çəkib gedərdi.
Bir dəfə ondan bacımı soruşdum. Dedi, ara, man sani onların alinnan güjla xilas elemişam… Bacının adın tutma… Man da Şurikdən qorxuram. Allax bilan maslahatdi…
Daha susdum. Əlimdən nə gəlirdi ki? Gecələr bacımı yadıma salıb ağlayar, allaha yalvarırdım ki, ona bir şey olmasın.
***
Bir gün Şurik Valod əmigilə gəldi. İkisi ermənicə nə danışdılar, nə danışmadılar, məni qabaqlarına qatıb əvvəl saxlandığım donuz damına gətirdilər. Məni yarıqaranlıq bir otağa saldılar. Gözüm qaranlığa alışanda baxıb gördüm ki, bacım bir küncdə əyləşib, qucağında da uşağı. O biri küncdə də bir qoca arvad böyrü üstə uzalı qalıb. Mən özümü bacımın üstünə atsam da, o qışqırıb küncə qısıldı. Qucağında tutduğu da yerə düşdü. Baxdım ki, bu uşaq deyil. Bir əski parçasını uşaq kimi bələyib, alıbmış qucağına. Qoca arvad məni görcək sızıldaya-sızıldaya dedi:
–Ədə, bala, bu bədbaxtın nəyisən?
–Qardaşıyam, – qəhərli-qəhərli dilləndim.
Arvad ağladı.
–Ona zulum elədilər, bala. Uşağını əlinnən alıb yanan tonqala atdılar, özün də…
Qarının səsini elə bil mişarla kəsdilər. Handan-hana dedi:
–Ağlı dəbəriyib, səni tanımadı…
***
Şurik məni öz otağına çağırıb yerə uzatdı. Şpirisə salyarka şəkib (iyisindən bildim) verdi Valod əmiyə. (Bilirsiniz də, Valod əmi də atam kimi veterenardı. Nənəm demiş, arsız canım, qoy elə gülüm: anam atama mal həkimi deyərdi, o da hirslənib qayıdardı ki, mən mal həkimi deyiləm, veterenaram! Biz də başlayardıq gülüşməyə…) O da şprisi ombama taxsa da, bədənimə yeritmədi. Şurik çölə çıxan kimi salyarkanı yerə töküb şprisi bir də ombama taxdı və mən bağırdım. İki saat sonra qıçı sınmış qoca qarını, dəli olmuş bacımı və məni iki erməni zabitinə və Valod əminin oğlunun meyidinə dəyişdilər. Bacım bir ay sonra öldü. Mən isə Valod əminin sayəsində ölmədim, axı salyarkanı o yerə tökmüşdü.
30 iyun 2014
4 DƏFƏ YEDDİN NEÇƏ EDƏR?
Mən dörd yeddi yaşamışam, yəni 28 yaşım var. Bunun 21 ilini tamam-kamal əzbər kimi deyərəm sizə. Amma ilk yeddi…
Mən doğulduğum kənddə -1ci sinfə getmişəm. Məktəbimiz dağın döşündə olub. Atam məktəb direktoruymuş. Anam da sinif müəllimi. Mən həm qəşəngmişəm, həm də əlaçı oxuyurmuşam… Niyə elə baxırsınız? Dedim axı, üç yeddi öz yüerində, amma birinci yeddini, yəni yeddi yaşıma qədər olanları komputerin yaddaşından faylı necə “delit” edərlər, bax eləcə yaddaşımdan siliblər… Elə bil mən 7 yaşımda anadan doğulmuşam…
…Anam deyirdi ki, beş yaşım olanda mən də, bacılarım da, balaca qardaşımız da koklş, yəni göy öskürək tutmuşuq. Buna bizim kənddə göyərtmə deyərmişlər. Ermənistanın Kafan şəhərindən qaçqın gələn bir ailəni atam bizim evə gətiribmiş. Bir müddət onlar bizdə qalıblar, sonra Bakıya çıxıb gediblər. Bax, həmin ailənin yeganə uşağı həmin xəstəlikdən tutubmuş. Bizə də ondan yoluxubmuş.
(Gərək burada bir az haşiyə çıxım. Əslində ermənilərlə bizim davamızın kökündə elə bu “Ermənistan qaçqınları”
məsələsi durur. Yəni, -1988ci ildə ermənilər Ermənistanda – əslində Qərbi Azərbaycan deməliyik, nədən ki, oralar vaxtilə bizim torpaqlarımız olub, içi İrəvan qarışıq – yaşayan Azərbaycan türklərini yer-yurdlarından qovublar, özü də səfil-sərkərdan kökündə. Hətta bir çoxlarını öldürüblər, yaralayıblar, təhqir ediblər. Və bu insanlar belə ağır vəziyyətdə gəlib buralara çıxanda bizimkilər də Bakıdan, Sumqayıtdan erməniləri qovublar. Bir ağılsızın quyuya atdığı daşı illərdir neçə ağıllı yığışıb çıxartmaq istəsə də, çıxarda bilmir. Beləcə, heç nədən Qarabağ müharibəsi başlayıb.)
Yazıq atam rayon həkimlərini tökür kəndimizə, hər tərəfi dezinfeksiya edirlər. Bizə də hansısa dərman-filan yazsalar da, içlərindəki nisbətən yaşlısı atamın qulağına yavaşca deyib ki, müəllim, sənə hörmətimiz var, ziyalınızsan, bu xəstəliyin çarəsi yoxdur elmdə. Onu ancaq el təbabətiylə müalicə edərlər. Gör bu işi kənd-parada kim yaxşı bilir…
Atam gedir hansısa dağ kəndində yaşayan Sənəm adlı qarını tapır. Danışırdı ki, əsl şamanlara oxşayırdı o qadın. Bərəlmiş gözləri, dağınıq, darağa gəlməyən saçları varmış. Deyib, eşşək südü, dradra quşunun əti, bir də səhər-səhər çay kənarının təmiz havası bu xəstəliyin dərmanıdır…
Eşşək südünü kənddə təzə doğan eşşəkdən sağırlar, dradranı Şomunlu (yəqin elə bu da Şamanlı imiş, sonra heylə olub) tərəfdən ovlayırlar, çay da ki, kəndimizin qabağından axırmış. Mən eşşək südü içmişəm, dradra əti yemişəm, sonra da qardaş-bacılarımla birgə Bəsid çayının qırağında səhər-səhər gəzmişəm… İndi sizə bir sirr açacam: nə o kənd, nə o süd, nə o ət, nə o çay yadımda qalıb… amma o çayın səhər-səhər adamun burnunu qıdıqlayan qoxusu – su qoxusu qalıb yadımda! İndi hər səhər üzümü yuyanda soyuq suyla, elə bilirəm ki, elə o çayın suyuyla yuyuram üzümü…
Mən o kəndi, o çayı görmək üçün bu saat dünyanı verməyə hazıram…
Bizim nəslin, Qarabağ müharibəsi uşaqlarının hərəsinin bir problemi var. Kiminin övladı olmadı, kiminin sonrakı həyatda qazandığı uğurlar qəfildən burnundan töküldü – məlum oldu ki, psixi durumu yerində deyilmiş, kimi heç ağıla gəlməz halda narkotikə qurşandı… Ən pisi mənimkidi. Daim 7 yaşıma qədərki dövrün əzablarını çəkirəm. Axı necə olub o illərim? Kəndimiz necə bir yermiş? Mən harada doğulmuşam?
Pis həm də bilirsiniz nədir? Bizim ailənin foto-albomuları qaçqınlıq zamanı yolda it-bata düşüb. Mən heç olmasa 7 yaşa qədərki şəkillərimi belə görə bilsəydim…
…– sən beşlə oxuyurdun. Hə, o vaxtlar biz -1cilərə də qiymət yazardıq axı. Sən elə gözəl xətlə yazırdın ki. Özü də latın əlifbasıyla… ( latın qrafikalı yeni Azərbaycan əlifbası demək istəyirdim) Bilirsən, atan məktəb direktorumuz idi, respublikadakı reformaları ikiəlli dəstəkləyirdi. Müstəqilliyin fanatlarınnan biri kimi bizə qəti göstəriş vermişdi: yeni əlifbanı öyrənməyən müəllimə yüksək dərs yükü verilməyəcək!.. Və bizə özü dərs keçirdi. Cəmi bircə aya öyrətdi hamımızı. Ən tez bilirsən kim öyrənmişdi? Ən qocaman müəllimimiz – altmış yaşlı babanız. Axı o -30cu illərdə məktəbə gedəndə əlifbanı bu hərflərlə öyrənmişdi…
Anam danışdıqca dəli kimi olurdum. O isə mənim yaddaşımın tamam pozulmasından qorxurdu. Ona görə də elə hey mənə o illərimi xatırlatmağa çalışırdı.
…-“Qafqaz əsiri” filmi yadındadı? Orda Nina adlı qız var. Sənin uşaqlığın bax, o Ninaya oxşayırdı. Ona görə də məktəbdə hamı sənə Nina deyərdi. Məktəbimizin üstündə iki qoşa tut ağacı vardı. Sən tənəffüsdə o qoşa tut ağacına çıxmış və yıxılmışdın. Qonşumuzun oğlu Rəhman qaçaqaça müəllimlər otağına gəlib ağlaya-ağlaya demişdi:
“Müəllim, Nina tut ağacından yıxıldı!”
Biz gəlib sənin alnının yaralandığını görəndə bilmədik ağlayaq, ya gülək: “Nina”, sənin alnın aşağı qan axırdı, bütün sinif yoldaşların da ağlaşırdılar… Amma əslində, alnın azacıq cızılmışdı. Siz -1cilrin həyatda gördüyünüz ən qorxulu şeydi bu. Qan görmüşdünüz…
Amma siz, təəssüf ki, bir qədər sonra daha böyük zərbəni aldınız…
…Atan rayon mərkəzinə getmişdi. O bir ziyalı kimi tez-tez döyüşçülərin yanına yollanır, onlara vətənpərvərlikdən danışır, şeir oxuyur, hekayə və məqalələri ilə qəzetlərdə çıxış edirdi. Artıq rayonlarımız bir-bir işğal olunurdu. Ağdamın işğalı isə bizim bütün ümidlərimizi puça çıxartdı. Danışırdılar ki, rayonun vəzifəli, imkanlı adamları gecələr evlərini, ailələrini rayondan çıxardıb Bakıya aparırlar. Mən də atana bu haqda deyəndə o üstümə elə qışqırdı ki!..
Atan rayon mərkəzindən qanıqara qayıtmışdı. Suallarıma cavab vermir, hirsinnən oturub içir, dalbadal siqaret çəkirdi. Elə bu vaxt Bəsit çayının yuxarı başınnan, məşhur çinar meşəsi tərəfdən qrad və top mərmiləri atılmağa başlandı. Biz bunları əvvəllər də eşitmişdik. Amma çox uzaqdan. İndi isə qrad mərmiləri evimizin pəncərə şüşələrini belə cingildətdi. Qardaşınla sən elə qışqırdınız ki, ürəyim qırıldı. Qorxdum ki, sənə nəsə olar. Çünki çənən əsirdi, gözlərin çevrilmişdi. Məktəbimizin “Nina”sı bir hala düşmüşdü ki… (Səhər eşitdik ki, o mərmilərdən biri bizdən yuxarılarda yerləşən kəndlərin birində, iraq olsun, siz yaşda bir oğlanı param-parça eləyib. Adı da Sadiq idi. Qəzetlər şəklini də vermişdilər.)
Oturub zulum-zulum ağladım. Qorxa-qorxa atana qısılıb az qala yalvardım ona:
–Mən səni başa düşürəm. Sən bu torpaqsız yaşaya bilmərsən. Sən yazıçısan, jurnalistsən, pedaqoqsan… Amma məni də başa düş. Mən də anayam. Mən bu körpələrimsiz heç nəyəm. Qızımız elə qorxub ki, allah eləməsin…
Dalısını gətirə bilmədim, hönkürüb ağladım…
Biz müharibənin ən dəhşətli vaxtında, rayonumuz üç tərəfdən mühasirəyə alınanda camaat kimi dördüncü tərəfə – Araza üz tutduq. Yaxşı ki, Arazın suyunu müvəqqəti də olsa hansısa bənddə bağlamış, sürətini bir qədər zəiflətmişdilər. Həm də yaxşı ki, İran sərhəddi açdı və biz Araza toxuyub ermənilərin üç tərəfdən yağdırdıqları top və qrad atəşindən qurtula bildik…
Hə, mənim balam, indi bildin sən niyə o yeddi ili yaddaşından silmisən? Bu, müharibənin sənin həyatında qoyduğu ən ağır izdir…
…O illərdən 21 il keçib. Mənə hərdən elə gəlir ki, elə 21 yaşımdayam. İlk yeddi ilimin üstündə qalın, qapqara duman-sis var. Amma bizdə deyərlər ki, duman-sis gəldiyi kimi gedə də bilər.
27 iyul 2014
AYSOR OLMAQ
“ …Əlimi qaldırdım, qalxmadı. Əllərim olub? Bilmirəm. Mən olmuşam? Onu da bilımirəm. İnsanam? Deyəsən bunu bildim. Bəs insanamsa niyə burdayam? “Burdayam” nə deməkdir? Haradır bura? Bəlkə heç insan deyiləm, qara pıspısa dediyimiz cücəyəm? Gəlib bura – torpağın altına girmişəm? Hə, bura dəqiq torpağın altıdır, nədən ki, nəm torpaq tamı gəlir. Bu tamı bilirəmsə, demək hələ diriyəm. Qaranlıq olmağı isə torpağın altı olduğu anlamına…
Nəsə isti bir şey axdı üzümə-gözümə. Hə, üzümə, gözümə deyirəm ona görə ki, üzümdən də axıb ağzıma doldu. Onsuz da ağzıma dolmuş bu isti şeyin qabağını almaq iqtidarında deyiləm. Bir də bunun bir ləzzətli qoxusu vardı. Doğma gəldi mənə. (Elə bil haçansa içmişdim ondan) Qapanmış ağzımın qıraqlarına dolan bu isti məhlul kilidlənmiş ağzımı aralamağa kömək etdi və… bu isti maye ağzıma, oradan boğazıma, sonra qarnıma axdı… Nə qədər axdığını bilmirəm. Bildiyim odur ki, bunun qəribə gücü varmış: bədənim istiləndi, gözümün biri açıldı və işıq gördüm! Altımda, yanlarımda ist-soyuq bədənlər olduğunu anladım. Hətta hardansa inilti, sızıltı gəldi qulağıma. Tezliklə bunu da anladım: üstümdəki isti bədəndən gəlir sızıltı. Elə ağzıma axan şirə də üstümdəki bədəndən axırdı. Özümə gəlməkdəydim. Nə baş verdiyini hələ anlamasam da, altımda-üstümdəkilərin insan meyidləri olduğunu duymaqdaydım. Yanımda yerə düşmüş qolumun birini güclə də olsa, qaldıra bildim. O biri qolum isə hələ ki, “yox” idi. Amma tezliklə +onu da “tapdım” – üstümdəki bədəni hələ isti olan, arabir iniltisi gələn adamın altında qalmışdı. Zindan kimi ağır olan bu bədənin altından çıxa bilsəm…
Özümü toplayıb bütün qüvvəmi cəmləşdirdim və o biri qolumu çəkib üstümdəki bədənin altından çıxartdım. Bu vaxt başım da tərpəndi və üzümü örtmüş torpaq töküldü. O biri gözüm də açıldı.
Yuxarıda dərin, tərtəmiz, masmavi göy görünürdü. Ağlım yavaş-yavaş qayıdırdı. Və bizi Xocalıdan bir az aralıda, qoyun yatağının yanında tutub güllələmişdilər. Mənə dəqiq güllə dəymişdi – harama, onu bilmirəm. Sonra bura haradısa gətirib çalaya töküb, üstümüzü torpaqlayıblar. ..
Üstümdəki meyitin (hə, səsi gəlmir daha, bədəni də soyuyub) altından tamam çıxmağa çalışıram. Bir ayağımı çəkib çıxardıram. O birini çıxardanda baldırımdan qan açılır.
Güllə sümüyümə dəyməyib. Sevinirəm! Yanımdakı meyitin köynəyinin qolunu dişlərimlə çırıb yaramı sarıyıram. Və bu vaxt üstümə yıxılanın 17-16 yaşlarında bir yaraşıqlı oğlan olduğunu görürəm. Bığ yeri təzəcə tərləyib. O gözəl üzündə dəhşət və qorxunun rəsmi qalıb. Güllə düz sol sinəsindən dəyib. Mənim ağzıma axan da onun ürəyinin qanıymış. Məni onun qanı qurtardı. Əyilib bu yaralı sinədən öpdüm və xəndəkdən çıxdım.
Axşam üstü idi. Ətrafda ins-cins yoxdu. Göyə baxdım: qu desən qulaq tutulan bu nahaq qana batmış məkanda göy üzündə iri bir ay vardı və o solğun bəniziylə sanki günahkar-günahkar mənə baxırd.
Bu vaxt kolların arasından iki nəfər çıxıb mənə əl etdi. Qaçıb meyidlərin yanına – xəndəyə girmək istəyirdim ki, biri “qızım” deyə titrək səslə çağırdı. Bizim əsgərlər idi. Allah onları mənə – 13 yaşlı kimsəsiz qızcığaza xilaskar göndərmişdi…”
***
Oğlan bir qutu siqaretin yarısından çoxunu çəkmişdi. Rəngi qapqara olmuş, gözləri qıyılmışdı. Bu qərib şəhərdə bir gün rastlaşıb könül verdiyi bu gözəl qızın ondan qaçmasını zaman-zaman anlamağa çalışırdı. Amma qız “salam, sağ ol”dan o yana keçmir, onun da keçməsinə imkan vermirdi.
Axırı ki, bir gün əl çəkmədi qızdan. O da başına gələnləri ona danışdı. Lap axırda da bunları dedi:
–Mən ərə getməməyi, yəni adam kimi ailə qurmamağı qarşıma məqsəd qoymuşam. Ya da bizimkilərə, türkə, müsəlmana getməyəcəm. Avropalı, amerikan olsa, bəlkə gedərəm.
–Bu da nə deməkdir? – Oğlan hirslə dedi.
–Mən daha sevə bilmərəm… O oğlanı – qanı bahasına məni xəndəkdə xilas edən, yarasından öpdüyüm o oğlanı sevmişəm mən… Daha çətin ki kimisə sevə biləm…
Oğlan heyrətlə qıza baxırdı. Qız bayaq başına gələnləri danışanda aldığı ölü vəziyyətinə təzədən qayıtmışdı:
–Mən sonradan başa düşdüm ki, baldırımın şirin ətinə dəyən güllədən deyil, qorxudan bayılmışam. Ermənilərin məni hansı vəziyyətdə o xəndəyə gətirdiklərini xatırlaya bilmirəmsə, ola bilsin ki, mənim bakirəliyimi də pozublar o itlər. Axı bədənim bütöv qan içindəydi. Ayrı nə olduğunu hardan bilə bilərdim ki?.. Mən qız olmaya bilərəm, başa düşürsən? Bu bizim oğlanlarçün bir həyat-ölüm məsələsi, deyilmi?.. Boyunlarındakı hörmə qızıl zəncirlər bir tankın qoşqusundan yoğun olan anaları uzun illər xəyal qurar, oğlanlarını bakirə, halal süd əmmiş qızla evləndirməyi arzulayarlar… Hələ yengə məsələsi… Bizim nəsildə heç yengə getməyə qadın da qalmayıb axı…
O ağlaya bilmirdi. Quru, adamı sancan bir səslə danışırdı. Oğlansa başını dizlərinin arasına alıb qalmışdı. Başını qaldıranda qız çoxdan getmişdi. Qutuda bir gilə siqaret qalmışdı.
***
-Müəllim, bəs qız sonra nə oldu? – dodaqları büzüşmüş, gözləri yaşdan sulanmış qızcığaz müəllimdən soruşdu. O biri şagirdlərdən də səs çıxmırdı.
–Onu bura – vətəninə bağlayacaq bir şey yox idi. Bütün nəsli kəsilmişdi… Ona görə ali məktəbi bitirənnən sonra bura qayıtmadı… Türkiyədə aysorlar deyilən bir azsaylı xalq var. Tarixdən oxumuş olarsınız – Assuriyalıların qalıqlarıdır. Xristiandırlar. Qrupumuzda həmin xalqdan olan İosip adlı bir oğlan oxuyurdı. Əminə o oğlanla ailə qurdu. Sonra mən universiteti bitirib Bakıya gəldim. Əminədən bir daha xəbər tuta bilmədim.
Müəllim son kəlmələri uşaqlara deyə bilmədi. Elə içinəcə söylədi: “O illərdən on iki il keçib. Heç bir qıza könül verə bilməmişəm. Ağlım Əminədə qalıb… Bu illər ərzində neçə dəfə aysor olmadığıma görə özümə nifrət etmişəm.”
7 iyun 2014
Bepul matn qismi tugad.