Kitobni o'qish: «Tanınmış sifarişçi»
Artur Konan Doyl
TANINMIŞ SİFARİŞÇİ
hekayələr
Tənha velosipedçinin macəraları
1894–1901-ci illər Şerlok Holmsun fəaliyyətinin çox gərgin dövrü idi. Bu 8 il ərzindəki ən çətin araşdırılmaların heç biri Şerlokun məsləhəti olmadan aparılmadı. Onun başlıca rol oynadığı şəxsi araşdırmaların sayı yüzlərlədir, eləcə də, onların çoxu hədsiz qarışıq və qeyri-adi idi.
Bu illərin nəticəsi nədir? Xeyli sayda parlaq qələbələr və əfsus ki, qaçılmaz olan bir neçə uğursuzluq. Bütün işlərin ətraflı qeydlərini saxladığıma və çox vaxt onlarda şəxsən iştirak etdiyimə görə, təbii olaraq, hansının nəşr edilməyə daha uyğun olduğunu qərarlaşdırmaq çətindir. Köhnə qaydama əməl edəcəm: Cinayətin vəhşiliyilə maraq cəlb edən yox, özünün incəliyi və nəticənin dramatik gözlənilməzliyilə seçilən hadisələrə üstünlük verəcəm.
Məhz buna görə də mən, xanım Vayolet Smit, Çarlinqtondan olan tənha velosipedçinin işini qələmə almaq istəyirəm. Bu həm də gözlənilmədən faciəyə çevrilən, çox maraqlı bir araşdırmadır. Mən deməzdim ki, bu iş dostuma şöhrət gətirmiş xüsusi heyrətamiz bacarığı təsvir edir, lakin, bəzi xüsusiyyətlər vardır ki, onların sayəsində bu hadisə əsl oçerklərim üçün seçdiyim cinayətlər ardıcıllığındadır.
Bu da 1895-ci ilin qeyd dəftərçəsi. Bəli, biz xanım Vayolet Smiti şənbə günü, 23 aprel tarixində gördük. Xatırlayıram ki, onun ziyarəti Holms üçün arzuolunan deyildi: o, çətin və sirli bir işlə, tanınmış tütün fabrikçisi, milyonçu Con Vinsent Hartenin izlənilməsi hadisəsilə ciddi məşğul idi. Holms hər şeydən çox dəqiq, dərin və diqqətli işi sevirdi, əlindəki işindən yayındırılmağa nifrət edirdi. Lakin gec saatda Beyker-stritə yanımıza gəlib ona kömək etməyimizi xahiş edən gənc, hündür, gözəl bədən quruluşuna malik və kraliça kimi qürurlu bir xanımı dinləməyi rədd etmək üçün xüsusi bir tərsliyə sahib olmaq lazım idi. Holms onu əmin edirdi ki, o məşğuldur, lakin bu mənasız idi. Görünür, gənc xanım Holms onu dinləməyənə qədər getməyəcəyinə qətiyyətlə qərar vermişdi. Əks halda, onu ofisdən çıxarmaq üçün güc tətbiq etməli olacaqdıq. Holms razılaşdı və yorğun təbəssümlə gözəl xanıma əyləşməyi və onu narahat edən məsələni danışmağı təklif etdi.
– Hər halda bu sağlamlıqla bağlı deyil! – Holms iti baxışlarla onu nəzərdən keçirib dedi. – Belə bir velosipedçinin sağlamlıqla bağlı problemləri ola bilməz!
Xanım isə öz ayaqlarına baxdı; həqiqətən də, çəkməsinin kənarı tez-tez velosiped pedalına toxunduğu üçün bir az sürtünmüşdü.
– Bəli, mən velosipeddən çox istifadə edirəm, cənab Holms, və bunun mənim ziyarətimlə birbaşa əlaqəsi var.
Holms ona yaxınlaşdı və onun əlini tutdu, ziyarətçimizin əllərində əlcək yox idi. Holms elə diqqətlə onun əllərinə baxmağa başladı ki, elə bil, alim hərhansı bir nadir tapıntıya baxır.
– Ümid edirəm, siz məni bağışlayarsınız, mənim peşəm belədir, – onun əlini aşağı salaraq dedi.
– Mən az qala səhv edəcəkdim, düşünmüşdüm ki, mətn yığansınız. Amma əlbəttə ki, siz musiqi ilə məşğul olursunuz. Vatson, əzilmiş barmaq uclarına diqqət yetirin. Həm pianoçu, həm də mətn yığan biri üçün xarakteristikdir. Lakin sizin üzünüzdə yalnız ruh yüksəkliyi, şövq var. – Holms qızın üzünü incə hərəkətlə işığa tərəf döndərdi, – bu, mətn yığanlara xas deyil. Heç bir şübhə yoxdur, bizim müştərimiz musiqiylə məşğuldur.
– Bəli, cənab Holms, mən musiqi müəlliməsiyəm.
– Üzünüzün rəngini nəzərə alsaq, şəhər kənarında yaşayırsınız.
– Yanılmadınız. Farnem yaxınlığında, Surreylə sərhəddə yaşayıram.
– Mükəmməl yerdir. Bizim ora ilə bağlı bir çox xatirələrimiz var. Xatırlayırsınız, Vatson, biz orada Arçibald Stenfordla – geydirmə sənəd düzəldən şəxsin işiylə məşğul olmuşduq.
Yaxşı, xanım Vayolet, bizə danışın ki, Surrey sərhədi yaxınlığında sizin başınıza nə hadisə gəlib.
Gənc xanım hadisəni çox aydın və dəqiq şəkildə bizə izah etdi:
– Mənim rəhmətlik atam, cənab Holms, Ceyms Smit bir teatrda orkestr dirijoru idi. O vəfat edəndə anamla bizim əmim Ralf Smitdən başqa bir nəfər belə olsun yaxın adamımız yox idi.
Lakin o, 25 il öncə Afrikaya getmişdi və bu günə qədər biz onun haqqında heç nə eşitməmişdik.
Atamın vəfatından sonra biz heç nəsiz qaldıq. Bir dəfə bizə dedilər ki, “Tayms”da elan verilib ki, kimsə bizi axtarır. Siz asanlıqla bizim həyəcanımızı təsəvvür edə bilərsiniz. Biz düşündük ki, kimsə bizə miras qoyub və elanda adı qeyd olunan vəkilin yanına getdik. Vəkilin yanında bizə iki nəfəri, cənab Karruters və cənab Budlini təqdim etdilər. Onlar Cənubi Afrikada yaşayırlar və bura, evlərinə qonaq gəliblər. Bu cənablar bizə bildirdi ki, əmim onların dostu olub və bir neçə ay əvvəl İohannesburqda, tamamilə yoxsulluq içində vəfat edib. Vəfat edəndə əmim onlardan xahiş edib ki, bizi tapsınlar və əgər ehtiyacımız varsa bizə kömək etsinlər. Sağlığında bizi tanımaq istəməyən əmimin vəfatı zamanı qəfil bizim üçün narahat olmağı bizə qəribə görünmüşdü. Lakin, cənab Karruters izah etdi ki, əmim atamın vəfatından ancaq öz ölümü qabağı xəbər tuta bilmiş və bizim taleyimizdən çox narahat qalmışdı.
– Bağışlayın, – Holms soruşdu, – bu söhbət nə zaman baş verib?
– Keçən ilin dekabrında, 4 ay əvvəl.
– Buyurun, davam edin.
– Cənab Budli həmin dəqiqə məndə nifrət oyatdı. Şişkin üzü, kürən bığları və başına yapışmış saçları olan bu tərbiyəsiz gənc oğlan mənə göz-qaş edirdi. O gözümə nifrətəlayiq biri kimi dəydi, əmin idim ki, Siril belə bir tanışlığın tərəfdarı olmazdı.
– Onun adı Sirildir? – Holms gülümsəyərək soruşdu.
Gənc ziyarətçi utandı və gülümsədi.
– Bəli, cənab Holms, onun adı Siril Mortondur. O mühəndis-elektrikdir, və ümid edirəm ki, yayın sonunda biz ailə quracağıq. Allahım, necə alındı ki, mən onun haqqında danışmağa başladım? Mən sadəcə demək istəyirdim ki, cənab Budli mənə mənfi təəssürat bağışladı, nisbətən daha yaşlı olan cənab Kaaruters isə xoş təəssürat bağışlayırdı. O tündsaçlı idi, üzünün rəngi sarımtıl, xəstə-təhər idi. Onun xoş rəftarı və mülayim təbəssümü var idi. Demək olar ki, bütün söhbət əsnasında heç danışmadı, bircə soruşdu ki, atamın vəfatından sonra əlimizdə hansı sərvət qalıb, və bizim heç pulumuz olmadığını öyrənəndə, onun onyaşlı qızına piano dərsi keçməyimi təklif etdi. Mən cavab verdim ki, anamı tək qoymaq istəmirəm, lakin o bildirdi ki, şənbə və bazar günləri mən evə gələ bilərəm. O ildə mənə yüz gin ödəyəcək – çox yaxşı məbləğdir. Nəhayət, mən razılaşdım və Farnemdən 6 mil uzaqlıqda yerləşən Çiltern-Qreyncə yaşamağa getdim. Cənab Karruters dul idi, ev işlərini qulluqçu idarə edirdi. Xanım Dikson hörmətli, yaşlı bir xanım idi. O uşaq isə sanki bir mələk idi. Bir sözlə, hər şey mükəmməl idi. Cənab Karruters özü çox mülayim idi, musiqini sevirdi və axşamlar da bu səbəbdən çox yaxşı keçirdi. Hər şənbə isə mən şəhərə, evə qayıdırdım.
Mənim həyatımı qaraldan ilk bulud həmin kürən bığlı gənc cənab Budlinin gəlişi oldu. O, bir həftəlik gəlmişdi, lakin həmin bir həftə mənə üç aydan da uzun gəldi! O dəhşətli insan idi, hamıya qarşı kobudluq edirdi, amma mənə qarşı davranışı ən pisi idi. Dayanmadan öz var-dövləti ilə lovğalanırdı, təkrarlayırdı ki, mən ona ərə getsəm Londondakı ən yaxşı brilyantlar mənim olardı. Nəhayət, mən ona bildirəndə ki, onu nə görmək, nə də eşitmək istəmirəm, bütün müqavimətlərimə baxmayaraq o məni qucaqladı və and içdi ki, onu öpməsəm məni buraxmayacaq. O çox güclü idi və mən onun qollarından can qurtara bilmirdim. Xoşbəxtlikdən elə bu an cənab Karruters içəri daxil oldu və rəsmən onu mənim üzərimdən dartıb kənara çəkdi. Bundan sonra qudurğan Budli ev sahibinin üzərinə atıldı və onun üzündən vurub yıxdı. Bununla da Budlinin bu evdə qonaq kimi qalmağı sona çatdı. Cənab Karruters növbəti gün mənim qarşımda üzr istədi və məni arxayın elədi ki, birdaha heç vaxt mən belə bir alçaqlıqla qarşılaşmayacağam. Həqiqətən də, cənab Budli ondan sonra yoxa çıxdı.
İndi, cənab Holms, məni sizə müraciət etməyə vadar edən məsələyə keçirəm. Hər şənbə mən 12:22 qatarına çatmaq üçün velosipedlə Farnem stansiyasına gedirəm. Çiltern-Qreyncdən stansiyaya qədər olan yol adamsız olur, əsasən də bir tərəfdən Çarlinqton çölü, digər tərəfdən də Çarlinqton-holl ətrafındakı meşələr olan yol. Yolun bu hissəsi bir mildən uzundur və oradan daha adamsız bir yeri təsəvvür etmək çətindir. Nadir hallarda araba və ya tənha gəzən bir kəndli görərsən və Kruksberi-hillə qədər belə davam edir, orada isə yol şoseyə çıxır.
İki həftə əvvəl bu yerdən keçəndə özümdən təxminən 200 yard aralıqda bir velosipedçi gördüm. Bu ortayaşlı bir kişi idi və mən onun qısa, qara saqqalını gördüm. Mən təkrar ətrafıma baxdım, sonra isə o yoxa çıxdı və mən onun haqqında unutdum.
Bazar ertəsi qayıdanda həmin yerdə həmin adamı gördüyüm an mənim təəccübümü təsəvvür edin, cənab Holms.
Növbəti həftə, əvvəlcə şənbə sonra isə bazar ertəsi bu hadisə eynilə təkrarlananda mənim təəccübüm bir az da artdı. Velosipedçi hər zaman məndən ehtiramlı məsafədə dayanırdı və mən onun hərəkətini heç cürə bezdirici və ya narahatlılıq bəxş edən adlandıra bilməzdim. Amma hər halda, burada nəsə qəribə və xoşagəlməz bir şey var idi. Mən hər şeyi cənab Karrutersə danışdım, o narahat oldu və dedi ki, at və yüngül araba sifariş edib, mən artıq həmin yerlərdən tək keçməli olmayacağam.
At və arabanı bu həftə bizə çatdırmağı söz vermişdilər, amma niyəsə çatdırmadılar və bu gün səhər stansiyaya qədər mən yenə də velosipedlə tək getməli oldum.
Çarlinqtonun adamsız yerlərinə çatanda mən boylandım, yenə həmin velosipedçini gördüm. Yenə də məndən aralıda dayanmışdı, və mən onun üzünü aydın görə bilmirdim, lakin bir şeydən əmin idim: mən onu tanımıram. Əynində tünd kostyum, başında papaq var idi. Üz cizgilərinə gəldikdə isə, mən ancaq qara saqqalı aydın seçə bilirdim. Niyəsə bu gün mən qorxmamışdım. Məni maraq bürüdü: o kimdir və məndən nə istəyir? Mən sürətimi azaltdım. O da sürətini azaltdı. Mən dayandım, o da dayandı. Qəribədir! Yoldakı iti döngədən cəld döndüm, və dayanıb gözləməyə başladım. Mən düşünürdüm ki, o döngədən sürətlə çıxacaq, saxlamağa imkan tapmadan yanımdan ötüb keçəcək. Lakin heç də belə olmadı! O gözə görünmədi. Mən velosipedə oturdum və geri qayıtdım. Bu da yol, lakin velosipedçi yoxa çıxıb. Axı bundan başqa yol yoxdur, o hara yoxa çıxdı?
Burada Holms güldü.
– Bəli, qəribə vəziyyətdir, – dedi. – Mənə deyə bilərsiniz, döngəni keçməyinizdən və geri qayıtmağınızdan nə qədər vaxt keçdi?
– İki-üç dəqiqədən artıq keçməmişdi.
– Deməli, o bu müddət ərzində nə gizlənə, nə geri qayıda, nə də dönə bilməzdi, çünki başqa döngə yoxdur.
– Heç bir döngə yoxdur.
– O zaman o, sağ və ya sol tərəfdə hansısa cığıra dönüb.
– Çöllüyə yox, belə olsaydı mən onu görərdim.
– İstisna üsulu ilə nəticə çıxarmalıyıq ki, velosipedçi, səhv eləmirəmsə, yoldan çoxda aralıda olmayan Çarlinqton-holl malikanəsinə tərəf hərəkət edib. Əlavə nə deyə bilərsiniz?
– Heç nə, cənab Holms, bircə onu deyə bilərəm ki, bu məsələ məni ciddi narahat elədi və anladım ki, sizi tapıb kömək istəməyənə qədər rahatlaşmayacağam.
Holms bir müddət susdu.
– Sizin nişanlandığınız cənab harada işləyir? – nəhayət,osoruşdu.
– “Midlendelektrik” şirkətində, Koventridə.
– O, öz gəlişi haqda sizə qabaqcadan xəbər verməyib gələ bilərdi?
– Nə danışırsınız, cənab Holms! Heç vaxt! Mən onu kifayət qədər yaxşı tanıyıram!
– Sizin başqa pərəstişkarlarınız da var?
– Sirillə tanış olmadan əvvəl bir neçə nəfər vardı.
– Bəs sonra?
– Sonra bu dəhşətli Budli, əlbəttə, əgər onu pərəstişkar adlandırmaq olarsa.
– Bəs başqa?
Bizim gözəl ziyarətçimiz, görünür, bir az utandı.
– Beləliklə, kim? – Holms təkrarladı.
– Mən bilmirəm, bəlkə də bu mənim təxəyyülümün məhsuludur, lakin, arada mənə elə gəlir ki, yanında çalışdığım cənab Karruters mənə qarşı çox da biganə deyil… Axı biz birlikdə bu qədər vaxt keçiririk! Mən axşamlar onu müşayiət edirəm. O, heç vaxt heç bir şey haqqında mənə heç nə deməyib. O, əsl centlmendir! Amma siz bilirsiniz, hər bir qız belə şeyləri sözsüz hiss edir.
– Hm, – Holms mızıldandı. – O, hansı yollarla pul qazanır?
– O, imkanlı şəxsdir.
– Və at saxlamır?
– O, kifayət qədər imkanlıdır. Həftədə iki və ya üç dəfə şəhərə gedir. Onu Cənubi Afrika qızıl mədənlərinin səhmləri maraqlandırır.
– Mən sizdən xahiş edirəm, xanım Smit, bütün gələcək hadisələrdən məni xəbərdar edin. Mən indi çox məşğulam, lakin sizin işinizlə bağlı qeydlər aparmağa vaxt tapacağam. İndilik isə sizdən xahiş edirəm, mənim xəbərim olmadan heç bir addım atmayın. Görüşənədək və ümid edirəm ki, sizdən xoş xəbərlər eşidəcəyik.
Ziyarətçi getdi.
– Təbiidir ki, belə bir xanımın pərəstişkarları çoxdur, -
Holms dilləndi:
– Və onlardan biri onu velosipedlə kimsəsiz yolda izləməyi qərara alıb. Çox güman ki, onun gizli heyranı. Amma, Vatson, bu işdə müxtəlif fikirlər irəli sürməyimizi tələb edən maraqlı məqamlar var.
– Siz demək istəyirsiniz ki, həmin heyranın ancaq gecələr və ancaq yolun eyniyerin də durmağı qəribədir?
– Tamamilə doğrudur. Hər şeydən əvvəl biz aydınlaşdırmalıyıq ki, Çarlinqton-hollda kim yaşayır. Sonra isə öyrənməliyik ki, Karrutersvə Budlinibir-birinə nə bağlayır, çünki, aydındır ki, onlar çox fərqli insanlardır. Niyə onlar hər ikisi RalfSmitin ölümündən sonra dərhal onun qohumlarını axtarmağa başladılar? Daha bir anlaşılmazlıq: bu necə qəribə sahibdirki, işçisinə lazımından iki dəfə daha çox ödəniş edir və bununla bərabər, at saxlamır, hansı ki, stansiyadan altı mil uzaqlıqda yaşayır? Bəli, Vatson, bütün bunlar qəribədir, çox qəribədir.
– Siz oraya gedəcəksiniz?
– Xeyr, əziz Vatson. Siz gedəcəksiniz. Ehtimal var ki, bu bəlkə də hansısa boş bir flirtdir və mən buna görə əlimdəki mühüm istintaqı yarım qoya bilmərəm. Bazar ertəsi səhər tezdən Farnemə yola düşün, Çartlinqton-holl yaxınlığında gizlənin, izləyin və öz mülahizələrinizə uyğun olaraq hərəkət edin. Daha sonra Çartlinqton-hollda kimin yaşadığını öyrənməli, qayıdıb əldə etdiyiniz bütün məlumatları mənə çatdırmalısınız. İndisə, Vatson, nə qədər ki, əlimizdə məsələnin həllinə aparan etibarlı faktlar yoxdur, bu məsələ ilə əlaqədar tək kəlmə belə eşitmək istəmirəm.
Bizim ziyarətçimizdən öyrəndik ki, onun bazar ertəsi qayıtdığı qatar Vaterlodan saat 9:50-də çıxır. Buna səbəbdən, mən evdən tez, saat 9:13-da çıxdım. Farnem stansiyasında mənə Çarlinqton-hollun harada yerləşdiyini izah etdilər və mən onu asanlıqla tapdım. Yanılmaq mümkün deyildi: yolun bir tərəfilə çöl, digər tərəfilə isə arxasında gözəl ağaclardan ibarət park başlayan qədim qaracöhrə ağaclarından ibarət canlı hasar uzanırdı. Parkın əsas darvazaları mamırlanmış daşdan idi və hər iki sütunun uclarında yaşıllaşmış zadəgan gerbləri vardı.
Əsas girişdən savayı, qaracöhrələr arasında bir neçə cığır da gözümə dəydi. Ev yoldan görünmürdü, amma ətrafındakı hər şey sahibsizlik, baxımsızlıq və viranlıqdan xəbər verirdi.
Düzənlik çiçəklənən, bahar günəşinin işıqları altında durmadan parlayan qızılı naz güllərilə örtülmüşdü. Bu güllərin arxasında elə gizləndim ki, həm darvazaları, həm də yolun hər iki tərəfinin böyük hissəsini görə bilim. Lakin yolda heç kim yox idi. Sonra isə mən velosipedçini gördüm. O stansiya istiqamətində gedirdi. Qara kostyumda idi və onun qara saqqalı da gözümə dəydi. O, Çarlinqtonun ərazisi başlayan yerə çatdı, velosipeddən endi, velosipedi cığırlardan biri tərəfə apardı və onunla birgə qaracöhrələrin arxasında gizləndi.
15 dəqiqə keçdi və mən bizim velosipedçi xanımı gördüm – o, stansiyadan qayıdırdı. O, ətrafına boylandı. Bir neçə saniyə sonra velosipedçi öz sığınacağından çıxdı, velosipedinə oturdu və onun ardınca yola düşdü. Ətrafda heç yerdə bir adam belə yox idi; yalnız iki tənha fiqur – dimdik duran qüsursuz xanım, ondan bir az aralıda isə – sükana yaxın əyilmiş, saqqallı, mütləq ki, nə isə fikirləşən bir təqibçi. Xanım boylandı və sürətini azaltdı, o da öz sürətini yavaşlatdı. Xanım dayandı, o da 200 yard məsafəni qoruyaraq dayandı. Xanımın növbəti hərəkəti gözlənilməz və cəsarətli oldu. O veloseipedinin istiqamətini dəyişdi və ona tərəf hərəkət etməyə başladı! Lakin o, daha az cəsarətli davrandı və geriyə hərəkət etməyə başladı. Bundan sonra ziyarətçimiz təkrar yönünü dəyişdi və yoluna davam etdi. Başını qürurlu şəkildə dik tutmuşdu, sanki o, təqibçisini bir daha görmək istəmirdi.
O da yolunu dəyişdi və həmin məsafəni saxlayaraq xanımın ardınca getdi, onlar hər ikisi döngədən sonra gözdən itdilər.
Mən öz sığınacağımı tərk etmədim. Düz də elədim, çünki tezliklə mən yenə velospiedçini gördüm – o geri qayıdırdı. Malikanənin darvazalarının qabağında o döndü və velosipeddən endi. Hələ bir neçə dəqiqə içində mən onu görə bilirdim: o ağacların altında dayanmışdı və mənə elə gəldi ki, o qalstukunu düzəldir. Sonra o cəld velosipedinə mindi və evə aparan yol ilə hərəkət etdi. Mən qaracöhrələrdən ibarət diri hasara tərəf qaçdım Ağacların arasından Tüdor üslubunda qədim, bozumtul bir ev görə bildim. Lakin alleya sıx kolluqlardan keçdiyinə görə artıq velosipedçini görə bilmirdim.
Hər halda, mənə elə gəlirdi ki, yaxşı iş bacarmışam və yüksək əhvali-ruhiyyədə Farnemə geri qayıtdım. Daşınmaz əmlak üzrə yerli satış nümayəndəsi Çarlinqton-holla bağlı mənə heç bir məlumat verə bilmədi və Pel-meldəki məşhur şirkətə müraciət etməyimi məsləhət gördü. Evə qayıdanbaşı mən ora üz tutdum. Şirkət nümayəndəsi çox nəzakətli biri çıxdı. “Mən Çarlinqton-hollu yay üçün kirayələmək istərdim?" "Xeyr, təəssüf ki, bu mümkün deyil. Artıq gecdir. Evi təxminən bir ay əvvəl kirayə veriblər. Kirayəçinin adı cənab Uilyamsondur. Çox ziyalı, yaşlı bir centlmendir". Mədəni nümayəndə, əfsus ki, mənə bundan artıq məlumat verə bilmədi, çünki, şirkət müştərilərin iş əməliyyatlarını tam məxfi saxlayır.
Axşam Şerlok Holms böyük diqqətlə mənim geniş izahatımı dinlədi, lakin, məni heç də tərifləmədi, etiraf edim ki, mən təriflənməyi çox gözləyirdim. Əksinə, mənim nə etdiyimə və əslində nə etməli olduğuma şərh bildirəndə onun sərt üzü bir az da sərtləşdi.
– Birincisi, əziz Vatson, siz pusqu yerinizi səhv seçmisiniz. Siz, qaracöhrələrin arxasında gizlənməli idiniz, o zaman siz maraq dairəmiz olan üzü daha aydın görə bilərdiniz. Siz ondan neçə yüz yard aralıda olduğunuz üçün, mənə hətta xanım Smitdən də az məlumat verə bilərsiniz. O, ehtimal edir ki, velosipedçi ona tanış deyil; mənsə əksinə, əminəm ki, o onu tanıyır. Əks təqdirdə, o, niyə ondan aralıda dayanmağa çalışsın ki? Siz deyirsiniz ki, o sükana tərəf çox əyilmişdi. Bu da üzünü gizlətmək üçündür! Bir sözlə, siz əla şəkildə fürsəti əldən vermisiniz! Bu velosipedçi evdə gizləndi və siz onun kimliyini öyrənməyə çalışdınız, buna görə də daşınmaz əmlak üzrə londonlu satış nümayəndəsinin yanına getmisiniz!
– Bəs mən nə etməli idim? – artıq əsəbləşməyə başlayaraq soruşdum.
– Nə? Ən yaxın ərazidəki yeməkxanaya – bütün yerli dedi-qoduların mərkəzinə getməli idiniz! Orada sizə evin bütün sakinlərinin – sahibindən tutmuş qabyuyanına qədər hamının adını deyərdilər. Uilyamson! Bu ad mənə heç nə demir. Əgər o yaşlı adamdırsa, bu gənc, güclü idmançı xanımın təqibindən canını qurtaran, gizlənən velosipedçi ola bilməzdi. Sizin səyahətiniz bizə nə verdi? Heç nə, bircə ondan başqa ki, bizim ziyarətçimiz bizə həqiqəti danışıb. Mən isə bundan heç şübhə etmirdim. Necə ki, velosipedçi və Çarlinqton-holl arasında bir əlaqə olduğundan şübhə etmirdim. Bu yer hansısa Uilyamson tərəfindən kirayələnib, bundan hansı nəticə çıxır? Heç nə. Yox, yox, üzülməyin. Gələn şənbəyə qədər biz çox şey edə bilmərik, hələlik isə, mən özüm bəzi araşdırmalar aparacağam.
Səhər biz xanım Smitdən məktub aldıq. Həmin məktubda o, qısa və dəqiq şəkildə gözümlə gördüyüm bütün hadisələri təsvir edirdi. Orada çox vacib təhrif qeyd olunmuşdu:
"Mən ümid edirəm ki, siz indi oxuyacaqlarınızı tamamilə gizli saxlayacaqsınız: mənim müdirim mənə evlilik təklifi etdi və onun evində yaşamağım artıq mənim üçün çətinləşdi.
Əminəm ki, o, dərin və hörmətəlayiq hislə hərəkət edir. Lakin mən başqasıyla nişanlıyam. O mənim imtinamı çox ciddi, lakin nəzakətlə qəbul etdi. Yenə də, siz asanlıqla təsəvvür edə bilərsiniz ki, bu evdəki mühit necə gərginləşdi".
– Deyəsən, bizim cazibədar müştərimiz cəncələ düşüb, – məktubu oxuyan Holms dedi. – Bu işdə maraqlı xüsusiyyətlər və mümkün çətinliklər əvvəl düşündüyümdən daha çoxdur. Məncə, təbiət qoynunda bir gün keçirmək mənə mane olmaz. Bu günün ikinci yarısında gedim və əlimdəki nəzəriyyələri yerindəcə yoxlayım.
Holmsun təbiət qoynunda keçirdiyi gün gözlənilməz şəkildə sona çatdı: o axşam gec,yarılmış dodaq və qançırlı alınla qayıtdı. Onun görkəmi elə idi ki, bütün Skotlend-Yard onun şəxsən özü ilə maraqlanmağa başlaya bilərdi. Gün ərzində onun başına gələn macəralardan, görünür, böyük həzz almışdı və o, onlardan danışaraq ürəkdən gülürdü.
– Mən oturaq həyat tərzi keçirirəm və təmiz havada bir az açılışmaq çox faydalıdır, – o dedi. – Sizə agahdır ki, mən qədim ingilis idman növü olan boksda heç də pis deyiləm. Bu mənim işimə çox yaradı. Yoxsa hər şey çox daha pis quratara bilərdi.
Mən ondan nə baş verdiyini danışmağını xahiş eləməyə başladım.
– Mən həmin yeməkxananı tapdım, – yadınızdadır, mən sizə ondan başlamağı məsləhət görmüşdüm, – və sahibinə bir neçə sual verdim. Çərənçi sahib mənə maraqlı olan hər şeyi danışdı. Aşkar oldu ki, Uilyamsan, Çarlinqton-hollun ağ saqqallı sakini, onun qulluqçusunu saymasaq, tamamilə tək yaşayır. Söz gəzir ki, o əvvəllər keşiş olub. Lakin, onun bu malikanədə yaşadığı qısa müddətdə baş vermiş hadisələr mənə qəribə gəldi və mən kilsə idarətetməsində bir sıra araşdırmalar apardım. Mənə cavab verdilər ki, o, həqiqətən də keşişdir, lakin, ad-sanı heç də xoşagələn deyil. Sahib həm də danışdı ki, bu Uilyamsonun yanına şənbə və bazar günləri çox əyləncəli dəstə gəlir, əsasən də bir centlmen diqqətçəkəndir, kürən saqqallı, Budli adında biri, Çarlinqton-hollda yaşayır. (tez-tez gəlib-gedir) O elə bunu deyən kimi qapı açıldı və cənab Budli içəri daxil oldu, o yan otaqda pivə içirmiş və bizim bütün söhbətimizi eşidib. Həmin dəqiqə mənim üzərimə atıldı. Mən kiməm? Mənə nə lazımdı? Niyə mən onunla maraqlanıram? Və ağzına gələn söyüşlərlə məni təhqir eləməyə başladı. O bütün bunları deməyi qısa oldu, lakin hər şeyi sərt zərbə ilə yekunlaşdırdı. Mən zərbədən qaçınmağa çalışsam da bu o qədər də yaxşı alınmadı. Amma növbəti bir neçə dəqiqə mükəmməl oldu. Budli ikinci dəfə yaxşı nişan ala bilmədi, bu dəfə mən ona sol əlimlə zərbə endirdim. Mənə gəldikdə isə, nəticə göz qabağındadır. Lakin cənab Budlini arabada aparmalı oldular. Mənim gəzintim beləcə sona çatdı; mən etiraf etməliyəm ki, yaşanan bu həzzləri nəzərə almasaq, mənim səyahətimin xeyri də elə sizin səyahətinizinki kimi oldu.
Çərşənbə axşamı müştərimizdən daha bir məktub gəldi.
"Əlbəttə, cənab Holms, yəqin ki, cənab Karrutersin evini tərk etmək qərarım sizi təəccübləndirməz. Araba və atlar, nəhayət, bu gün çatdırıldı və əgər əvvəllər adamsız olan həmin yol təhlükəli idisə, indi heç bir təhlükə qalmadı. Mənim cənab Karrutersin evini tərk etməyimin bir səbəbi onun yanında özümü narahat hiss etməyimdirsə, digər səbəb də haqqında danışdığım həmin iyrənc adamın, Budlinin yenə peyda olmağıdır. Onun hər zaman adamı ondan itələyən bir xarici görkəmi var idi, lakin indi o, həm də vahiməlidir. Ehtimal ki, onun başına bədxah hadisə gəlib; bütün üz-gözü şişib. Mən onu pəncərədən gördüm, xoşbəxtlikdən onunla üzbəüz gəlmədim. O cənab Karruterslə nəsə haqqında uzun uzadı söhbət elədi, bu söhbət cənab Karruters ciddi dərəcədə həyəcanlandırdı. Aydındır ki, Budli yaxınlıqda yaşayır, çünki o evdə gecələmədi və səhər mən onu yenə kolluqların arasından keçəndə gördüm. Əgər bağda hansısa vəhşi heyvan gəzişsəydi, mən həqiqətən daha az qorxmuş olardım. Bu insanın məndə yaratdığı həmin iyrənmə və qorxu hissini ötürmək çox çətindir. Cənab karruters ona bir saniyəlik belə olsa necə dözə bilir? İstənilən halda, mənim bütün narahatlıqlarım bu şənbə günü sona çatır“.
– Ümid edəcəyik, Vatson, ümid edəcəyik. – Holms qəmgin şəkildə dedi. – Aydındır ki, bu gənc xanımın ətrafında çətin intriqanın toru hörülür və bizim işimiz bu şənbə günü ona heç kim heç nə eləməməyini təmin etməkdir. Mən fikirləşirəm ki, Vatson, biz imkan tapıb, şənbə günü sizinlə ikimiz də ora getməliyik, yoxsa bizim bu maraqlı, lakin hələ də sona çatmamış araşdırmamız qəmgin sonluqlu hekayəyə çevrilə bilər.
Etiraf edirəm ki, indiyə qədər mən bu işə çox da ciddi yanaşmırdım. O mənə qəribə, şıltaq görünmüşdü, lakin təhlükəli yox. Bir kişinin xoşagəlimli bir xanımla görüşmək üçün imkan axtarmağında təəccüblü heç nə yox idi. Bunu necə təhlükəli hesab etmək olar? Əgər o xanıma yaxınlaşmaq üçün özündə cəsarət tapa bilmirdisə, xanım ona tərəf hərəkət edəndə o qaçmağı üstün tutmuşdusa, onu necə təhlükəli saymaq olar? Əclaf Budli başqa cür adam idi, lakin həmin ilk və tək hadisədən sonra o xanımı rahat buraxmışdı və təkrar Karrutersin yanına gələndə o heç qızla görüşmədi də. Velosipedçi, şübhəsiz ki, kaberenin sahibinin haqqında danışdığı Çarlinqton-hollun bazar günü qonaqlarından biri idi. Amma onun kimliyi və nəyə nail olmaq istəyi qeyri-müəyyən qalır. Yalnız Holmsu çox qərarlı və ciddi şəkildə cibinə tapança qoyub gedərkən görəndə mən anladım ki, bütün bu anlaşılmaz hadisələrin arxasında faciə gizlənə bilər.
Yağış dayandı və səhər möhtəşəm idi. Londonun açıq və ya tünd boz və sarımtıl boz çalarlarından yorulmuş gözlərimiz çiçəklənən, günəş altında parıldayan naz güllərinin rəngindən ləzzət alırdı. Holmsla biz səhər təravətindən, quşların şən nəğmələrindən və baharın qoxusundan həzz ala-ala enli, qumlu yolla hərəkət edirdik. Yol dağa çıxırdı.
Kruksberi-hillin təpəsindən biz qədim, qəmli və qaranlıq Çarlinqton-hollu gördük. Onun boruları qoca palıdların arasından qabarmışdı və amma bu qoca ağaclar belə əhatəyə aldıqları bu evdən daha cavan idi. Yol qəhvəyi çöllük və yaşıl meşənin vəhdətilə uzanırdı. Holms uzaqda peyda olan qara nöqtəni göstərdi! Araba! O bizə tərəf gəlirdi. Holms narahatlıqla dedi:
– Mən vaxtı elə hesablamışdım ki, bizim əlavə yarım saatımız qalsın! Amma bu onun arabasıdırsa, deməli, o, daha erkən qatara çatmaq üçün tələsir və mən qorxuram ki, Vatson, biz Çarlinqtona çatmamış o oradan ötüb keçəcək. Yol aşağı düşürdü, araba gözdən itdi. Biz irəli atıldıq. Mən təngnəfəs olmağa başladım, budur, oturaq həyat tərzi bu deməkdir! Holms, əksinə, əla formada idi: onun: onu tükənməz əsəb ehtiyatı dəstəkləyirdi.
Addımları əvvəlki kimi cəld olaraq qalırdı. Mən yüz yard aralıda o qəfildən dayandı və mən gördüm ki, o necə məyusluqla əlini tərpətdi. Elə həmin andaca döngədən boş araba göründü.
– Gecikdik! – mən ağır nəfəs ala-ala ona çatanda Holms qışqırdı – Necə axmaq olasan ki, bir öncəki qatar haqqında düşünməyəsən! Onlar onu oğurladılar, Vatson, oğurladılar! Bəlkə də öldürdülər! Allah bilir, nə baş verdi! Yolda dayanın, atı saxlayın. Bax belə. Arabaya tələsin! Bəlkə mənim səhvimin nəticələrini düzəldə bilərik!
Biz dərhal arabaya mindik. Holms atları döndərdi və biz yola düşdük. Döngəni keçən kimi Çarlinqon-holla çöllük arasındakı yol görünməyə başladı. Mən Holmsun əlindən tutdum.
– Bu odur! – Həyəcandan nəfəsim kəsilərək qışqırdım.
Tənha velosipedçi bizimlə üzbəüz istiqamətdə hərəkət edirdi. Sükana çox yaxın əyilib pedallara elə basırdı ki, sanki velosiped yarışmasındadır. Qəfildən o başını qaldırdı və bizi görcək aşağı endi. Onun təbii qara saqqalı solğun üzündən qəribə şəkildə seçilirdi və gözləri hərarəti olan adamlarınkı kimi yanırdı. Arabada bizi görcək o, heyrətlənmişdi.
– Ey, – o qışqırdı, – dayanın! – O velosipedi yolun ortasında qoydu.
– Siz bu arabanı haradan götürmüsünüz? Sizə deyirəm axı, saxlayın! – Yan cibindən tapança çıxararaq qışqırdı. – Dayanın, yoxsa göylərə and olsun, ata atəş açacağam!
Holms atın cilovlarını mənim dizlərimin üstünə atdı və arabadan sıçradı.
– Siz məhz bizim görmək istədiyimiz adamsınız! Xanım Vayolet Smit haradadır? – Holms tez və aydın danışırdı.
– Mən də elə sizdən bunu soruşmaq istəyirəm! Siz onun arabasında oturmusunuz, deməli, onun harda olduğunu bilməlisiniz!
– Araba içiboş gedirdi. Biz atı saxladıq, oturduq və gənc xanımın köməyinə yetişməyə tələsdik. .
– Aman Allah! Aman Allah! Neyləyək? – naməlum bu adam ümidsizlik içində qışqırdı – Onlar onu tutdular, həmin əclaf Budli və quldur-keşiş. Tez, tez, əgər siz həqiqəqtən də onun dostusunuzsa, tez olun! Mənə kömək edin və biz onu xilas edərik, nəyin bahasına olursa-olsun, hətta meyitim Çarlinqton meşələrində çürüməli olsa belə, bunu edəcəyəm!
Əlində tapança qaracöhrələrin arasındakı cığırla özünü itirmiş halda qaçdı. Holms onun ardınca, mənsə Holmsun ardınca atıldım.
– Bax, onlar buradan keçirdilər. – Holms cığırdakı izləri göstərərək dedi. – Ey, dayanın! Kolluqların arasındakı nədir elə?
Təxminən 18 yaşlarında, mehtər paltarında bir gənc adam, dəri qunclar və iplərlə kürəyi üstdə uzanmışdı. O huşunu itirmiş olsa da sağ idi. Mən yaraya baxanda anladım ki, sümük zədələnməyib.
– Bu Piterdir, mehtər! – naməlum şəxs dedi. – Xanımı o aparırdı! Əclaflar onu arabadan düşürdüb vurublar. Qoy uzansın. İndi biz ona kömək edə bilmərik, lakin Vayoleti bir qadının payına düşə biləcək ən bədxah hadisədən xilas edə bilərik.
Biz ağacların arasından keçən cığırla hərəkət etməyə başladıq. Nəhayət, evi haşiyələmiş kollara çatdıq. Holms dayandı. – Onlar evdə deyillər! Budur onların ayaq izləri! Onlar sol tərəfə gediblər, dəfnə kolları tərəfə! Əlbəttə, elədir ki var!
Son sözləri o, kolluqların arasından dəhşət dolu qadın qışqırığını eşidəndə dedi. Daha sonra, bu qışqırıq ən yüksək notunda kəsildi, xırıltı ilə əvəz olundu.
– Bura! Bura! Onlar keql oyunu üçün olan alleyadadılar. – Naməlum kişi kolluqların arasında hərəkət edərək qışqırırdı. – itlər, qorxaq itlər! Ardımca cənablar! Gecdi, gecdi, and içirəm ki, artıq gecdi!
Kollar qəfildən aralandı və biz özümüzü gözəl otluqda tapdıq.
Əks tərəfdə isə qoca palıdın kölgəsində qeyri-adi üçlük peyda oldu. Bizim müştərimiz ağaca söykənmişdi, görünür o, huşunu itirirdi. Ağzı yaylıqla bağlanmışdı. Onun qarşısında, kürən bığlı bir cavan oğlan durmuşdu. Bir əlini belinə qoymuşdu, digər əlində isə qamçı tutmuşdu, onun bu görkəmi, nifrət və hirs ifadə edirdi. Onların arasında ağ saqqallı yaşlı kişi dayanmışdı; nazik yun kostyumunun üstündən sutana1 geymişdi. Görünür ki, o elə indicə nikah kəsib, çünki biz gələn anda o, artıq bibliyanı cibinə qoydu. Gülünc bir təbrik əlaməti olaraq o bəyin çiynindən vurdu.
– Onların nikahı kəsilib! – mən yalnız bunu deyə bildim.
– İrəli! – bizim yoldaşımız qışqırdı və cəld qaçdı, Holms və mən də onun ardınca.
Biz yaxınlaşanda gənc xanım yıxılmamaq üçün astaca ağacdan tutdu. Vilyamson, keçmiş keşiş, istehzalı hörmətlə qarşımızda baş əydi. Əclaf Budli isə önə atıldı. Öz əməlindən heyranlıq duyaraq ucadan güldü.
– Saqqalını çıxart, Bob, – o dedi, – mən səni dərhal tanıdım. Sən və sənin dostların tam zamanında gəlmisiniz. Mən indi sizə xanım Budlini təqdim edəcəyəm.
Yoldaşımızın cavabı gözlənilməz oldu. O saqqalı üzündən qopartdı; saqqal həqiqətən də qoyma imiş. Onun solğun rəngli üzü tərtəmiz qırxılıbmış.
– Bəli, mən Bob Karrutersəm. – tapanca ilə Budlini nişan alaraq dedi. Budli isə əlindəki qamçı ilə təhdidyağdıran hərəkətlər edərdi. – Və mən bu xanımın üzərindən bütün bu təhqirləri yumaq üçün hər şeyi edəcəyəm, buna görə məni assalar belə. Bu qızı rahat buraxmasan başına nələr gələ biləcəyindən səni xəbərdar etmişdim və Allaha and içirəm ki, sözümü tutacağam!
– Lakin sən gecikdin, əzizim! O mənim həyat yoldaşımdır!
– Həyat yoldaşı deyil, o, artıq duldur!
Atəş açıldı və mən Budlinin jiletində necə qan ləkəsinin yarandığını və yayıldığını gördüm.
O yerində fırlandı və kürəyi üstdə yıxıldı; ölümcül solğunluq onun iyrənc, kərpicrəngli üzünü bürüməyə başladı. Hələ də sutananı çıxarmamış qoca Uilyams, bu an heç yerdə heç vaxt eşitmədiyim söyüşlər yağdırmağa başladı və tapança çıxardı. Lakin Holms öz tapançasını ona tərəf tutaraq onu qabaqladı.
– Kifayətdir, – dostum qəfil dilləndi. – Tapançanı atın! Vatson, götürün və onun başına söykəyin. Minnətdaram sizə. Siz Karruters, tapançanızı mənə verin. Bəsti qan axıtdıq. Verin, verin onu mənə!
– Siz kimsiniz?
– Şerlok Holms.
– Ola bilməz!
– Görürəm ki, mənim adım sizə tanışdır. Lap yaxşı. Mən indi rəsmi polisi təqdim edirəm, onlar özləri gələnə qədər. Ey, siz, qulaq asın! – o, otluğun kənarında qorxmuş halda dayanan mehtərə səsləndi, – bura gəlin! Bu məktubu götürün və dərhal Farnemə gedin. – O, öz dəftərçəsinin səhifəsində bir neçə söz yazdı. – Bunu polis bölməsinin rəisinə çatdırın. Hələliksə, onun adından mən çıxış edirəm. Holmsun mükəmməl ağlı və iradəsi indi bu faciəvi səhnəni idarə edirdi, qalanları isə ona tabe idi. Uilyamson və Karruters yaralı Budlini evə apardılar, mənsə bu vaxt çox qorxmuş qıza əlimi uzatdım. Yaralını yatağa uzatdılar və Holmsun xahişi ilə mən onu yoxladım. Sonra mən Holmsu mətbəxdə, həbs olunmuş iki nəfər isə onun qarşısında əyləşmişdi.
– O yaşayacaq, – mən dedim.
– Nə? – Karruters tez ayağa qalxdı. – Mən gedib onu öldürəcəyəm. Hərhalda bu qızın, bu mələyin ömürboyu bu vəhşi Budliyə dözməli olacağını demək istəmirsiniz.
– Bunun üçün narahat olmağa dəyməz! – Holms dedi. – Ən azından bunun üçün iki səbəb var. Məcburi şəkildə o heç vaxt onun həyat yoldaşı olmayacaq. Öncə biz sual qaldıracağıq ki, cənab Uilyamsonun nikah kəsmək ixtiyarı var idi, ya yox.
– Mən mənsəb qəbul etmişəm, – qoca əclaf dedi.
– Sonra məhrum oldunuz.
– Keşiş hər zaman keşiş olaraq qalır.
– Şübhə edirəm. Bəs nikah kağızı?
– O mənim cibimdədir.
– O zaman siz onu saxtakarlıqla əldə etmisiniz. Hər necə olur-olsun, məcburi nikah nikah deyil, cinayətdir, yaxında bundan əmin olacaqsınız. Hesab edirəm ki, bunlar haqqında düşünməyə ən azı doqquz iliniz olacaq. Sizə gəldikdə isə, Karruters, kaş ki, həmin tapançanı cibinizdən heç çıxarmayaydınız!
– İndi görürəm ki, siz haqlısınız, cənab Holms. Lakin anlayın: mən bu xanımı sevirəm və ilk dəfədir ki, sevməyin nə olduğunu anladım. Onu qorumaq üçün mən necə qərarlar aldım! Birdən hər şey tərsinə getdi və o, Cənubi Afrikanın ən əclaf, adı Kimberlidən İohannesburqa qədər hər kəsi vahiməyə salan adamının əlinə düşdü! Təsəvvür edirsiniz, cənab Holms? Bu qız mənim yanımda işləməyə başlayandan mən bir dəfə də olsun onu evə tək getməyə qoymadım, çünki bu əclafların yığıncaqlarından xəbərim var idi. Mən hər dəfə velosipedlə onu müşayiət edirdim. Əlbəttə, mən lazımlı məsafəni qoruyurdum, eləcə də, süni saqqal taxırdım ki, o məni tanımasın. Xanım Smit elə müstəqil və qürurludur ki, onu hər yerə gizli şəkildə ötürdüyümü bilsəydi heç vaxt yanımda çalışmağa davam etməzdi.
– Bəs siz təhlükə haqqında onu niyə xəbərdar etmədiniz?
– Çünki bu halda da o məni tərk edərdi. Mən bunu edə bilməzdim. O məni sevməsə belə onu evimdə görmək, səsini eşitmək məni xoşbəxt edirdi.
– Deməli belə, – mən dedim, – siz bunu sevgi adlandırırsınız, cənab Karruters, amma məncə, bunun adı eqoistlikdir.
– Bəlkə də siz haqlısınız. Bəs sevgi və eqoistlik bir-birinə yoldaş deyil? Bir sözlə, onun məni tərk edəcəyi fikrinə belə dözə bilməzdim. Bundan əlavə, bu quldurların planları elə idi ki, qızın qorunmağa ehtiyacı var idi. Sonra teleqram gəldi və mən anladım ki, onlar hərəkətə keçəcəklər.
– Hansı teleqram?
Karruters onu cibindən çıxardı.
– Budur o. – dedi.
Teleqramda yazılanlar qısa və aydın idi:
“Qoca öldü”.
– Hm! – Holms dedi. – Mənə elə gəlir ki, hadisələrin bütün məqsədini görürəm və anlayıram ki, teleqram niyə belə böyük rol oynayıb.
– And içirəm, – qışqırdı, – Bob Karruters, əgər bizi satsan, sənin Cek Budliyə elədiyini mən sənə edəcəyəm! Öz dostlarını bu sivil geyimli faraona satsan axırıncı it olacaqsan, aydındı?
– Bu qədər narahat olmayın, əla həzrətləri, – Holms papirosunu çəkə-çəkə dedi.
– Məsələ onsuzda açıq-aydın ortadadır və əgər mən bəzi xırdalıqlarla maraqlanıramsa bunu sadəcə maraqdan edirəm. Ümumiyyətlə, danışmaq istəmirsinizsə icazə verin mən danışım və o zaman siz görəcəksiniz ki, necə də az şey gizlətməyi bacarırsınız. Hər şeydən öncə, siz üçünüz, daha dəqiq desək, siz Uilyamson, siz Karruters və siz Budli, Cənubi Afrikadan gəlmisinizki…
– Bir nömrəli yalan! – keşiş bağırdı. – Mən onları ilkdəfə ikiay əvvəl görmüşəm və heç vaxt Afrikada olmamışam.
– Bəli, biz cəmi iki ay əvvəl tanış olmuşuq. – Karruters dedi.
– Yaxşı, deməli, siz ikiniz Afrikadan gəlmisiniz. Onun həzrəti milli dəyərdir. Cənubi Afrikada siz Ralf Smitlə tanış idiniz. Onun çox yaşamayacağını düşünməyiniz üçün səbəbləriniz var idi. Araşdırıb öyrəndiniz ki, onun mirası qardaşı qızına qalacaq. Necədir? Düzdür hər şey?
Karruters başını tərpətdi, Uilyamson isə yenə lənətlər yağdırmağa başladı.
– Qız ən yaxın qohum idi və siz bilirdiniz ki, əmisi vəsiyyət yazmayıb.
– Onə yaza, nə də oxuya bilmirdi. – Karruters dedi.
– Beləliklə, siz ikiniz buraya gəlib qızı axtarıb tapdınız. Düşündünüz ki, sizdən biri onunla evlənəcək, digəri isə öz payını alacaq. Ər rolunu isə Budli oynamalı idi. Niyə?
– Biz kart oynayıb buna qərar vermişdik, çünki o qalib gəlmişdi.
– Anlayıram. Siz qızı öz yanınızda çalışmağa ona görə dəvət etmişdiniz ki, Budli də burada onunla yaxından tanış ola bilsin. Lakin qız bu əclafı tez tanıdı və onu görmək belə istəmədi. Sonraisə siz qızı sevdiniz və bu səbəbdən bütün plan dağılmalı idi. Bu əclafın qıza sahib olacağı fikri belə sizin üçün dözülməz idi.
– Dözülməzdi, and içirəmki, dözülməzdi!
– Aranızda dava oldu, Budli hirsli halda evinizi tərketdi və öz şəxsi planını həyata keçirməyə başladı.
– Düşünürəmki, Uilyamson, bu kişiyə verməyə məlumatımız yoxdu!
– Karruters ucadan güldü. – Bəli, biz dava elədik. O məni vurdu və mən yıxıldım. İndi hərhalda, mən ondan əvəzimi çıxmış oldum. Sonra o, yoxa çıxdı. Bu müqəddəs ata ilə tanış oldu. Mən öyrəndim ki, onlar yolun kənarındakı həmin evdə məskunlaşıblar. Hiss edirdim ki, onlar mənfur nəsə planlaşdırırlar və qızdan gözümü çəkmirdim. Arada mən onların yanına gedirdim ki, bəlkə planları haqda nəsə öyrənim. Sırağa gün Budli Ralf Smitin ölüm xəbərini verən teleqramla yanıma gəldi. O məndən bu planın həyata keçirilməsində iştirak edib-etməyəcəyimi soruşdu. Mən “yox” dedim. O zaman o soruşdu ki, mən qızla evlənib, payın yarısını ona verməyə razıyam ya yox. Mən dedim razıyam lakin qız mənimlə evlənmək istəmir. Belə olduqda isə o bildirdi: “Onu sənə zorlada olsa ərə verərik, bir ya da iki həftədən sonra əhvalı dəyişə”. Mən zorla heç nə eləmək istəmədiyimi bildirdim. O əclaf kimi dalaşmağa başladı. Əslinə baxsan, o elə əclafdır ki var! Dedi ki, nə olursa olsun istədyinə nail olacaq və getdi. Bu şənbə qız mənim yanımdan çıxıb gedirdi. Mən araba tapdım ki, bağban onu stansiyaya aparsın. Amma yenə də məni narahatlıq bürüdü və mən velosipedlə onların ardınca getdim. Onlar artıq kifayət qədər uzağa getmişdilər və mən arabaya çatanda artıq gec idi. Mən arabanın içində onun əvəzinə sizi görəndə bunu başa düşdüm.
Holms ayağa qalxdı və papiros kötüyünü buxarıya atdı.
– Mən bucür axmaq ola bildim, Vatson! – dedi. – Siz axı mənə dediniz ki, velosipedçi qaltsukunu düzəldirdi. Yadınızdadır, o cığırla evə tərəf gedəndə? Bütün bu hekayəni qarışdırmaq üçün təkcə bu kifayətidi. İstənilən halda, çox maraqlı, demək olar ki, öz aləmində bu cür yeganə araşdırma münasibətilə özümüzü təbrik edə bilərik. Görürəm ki, üç nəfər polis evə tərəf addımlayır və mən şadam ki, gənc mehtər gümrah halda onların ardından gəlir. Beləcə nə o, nə də bizim maraqlı bəyimiz bu günkü macəralarımızın qurbanı olmayacaq. Düşünürəm ki, Vatson, siz indi özünüzün professional diqqətinizi xanım Smitə yönləndirməlisiniz. Əgər o ayılıbsa, biz onu məmnuniyyətlə evinə, anasının yanına yola salarıq. Yox, əgər o, hələ tam özünə gəlməyibsə, ona çatdırınki, biz Midlendəki gənc elektrikə teleqram göndərməyə hazırlaşırıq. Bu ən yaxşı dərman olacaq. Sizə gəldikdə isə, Karruters, hesab edirəmki, söhbətdə əvvəlki iştirakınıza görə sizə əfv düşür. Buyurun, cənab, bu da mənim kartım, əgər mənim ifadəm məhkəmədə sizə kömək edəcəksə mən sizin qulluğunuzdayam.
Oxucu, bəlkə də, artıq diqqət yetirib ki, adətən oçerklərimi lazımi şəkildə sonlandırmaqda və onu maraqlandıracaq ətraflı xırdalıqları verməkdə çətinlik çəkirəm. Holmsla fəaliyyətimiz belə gərgin və coşqun idi. Hər məsələ sanki digərinin başlanğıcı idi və hər pyess ona çatan kimi onun əsas üzləri bizim nəzər nöqtəmizdən yayınırdı. Çünki biz onların sonrakı talelərilə maraqlanmayacaq qədər çox məşğul idik. Lakin mənim qaralamalarımda araşdırmaya aid qısa yazışma var. Ora da qeyd olunub ki, xanım Vayolet Smit həqiqətən böyük miras qazandı və Vest minsterdən olan tanınmış mühəndis-elektriklərin “Morton və Kennedi” şirkətinin baş şəriki Siril Mortonla evlidir. Uilyamson və Budli xanım Smiti zorla qaçırtdıqları və zorla nikah kəsdikləri üçün məhkəmə qarşısına çıxarıldılar: Uilyamson 7 il, Budli isə 9 il müddətində azadlıqdan məhrum edildi. Karrutersin taleyi haqda yazışmada heç nə qeyd edilməyib, amma əminəm ki, onun tapançasından açılan atəşi məhkəmə xoşməramlı qarşılayıb, çünki Budli hər yerdə təhlükəli əclaf adını qazanmışdı.
Susseksdə vampir
Holms axşam poçtuyla çatdırılan kiçik, bir neçə sətirdən ibarət məktubu oxudu və qısa, quru, onun aləmində əyləncə ifadə edən bir təbəssümlə onu mənə ötürdü.
– Düzdür, müasir və orta əsr dövrünün bundan daha səfeh qarışıqlığını, daha vəhşi fantaziyasını təsəvvür etmək çətindir. Siz bu haqda nə deyə bilərsiniz, Vatson?
Məktubda qeyd olunmuşdu:
“Old-Curi 46
19 noyabr
Vampirlərə aid.
Cənab!
Bizim müştəri cənab Robert Ferqyuson, Minsinq-leyndəki “Ferqyuson və Myuirhed, çay tədarükçüsü” ticarət evinin şəriki bizi vampirlərlə əlaqədar sorğu-suala tutdu. Bizim şirkətimiz makinə avadanlıqlarının qiymətləndirilməsi və vergi tətbiq edilməsi ilə məşğul olur. Bu sualın bizim sahə ilə heç bir əlaqəsi olmadığından Ferqyusona sizə müraciət etməyini məsləhət gördük. Matilda Briqsin işini necə uğurla araşdırmağınız yaxşı yadımızdadır.
Hörmətlə,
Morrison, Morrison və Dodd”.
– Matilda Briqs, dostum Vatson, heç də gənc bir qızcığazın ismi deyil, – Holms fikirli tərzdə qeyd elədi.
Gəmi belə adlanırdı. Hekayədə nəhəng Sumatra sıçovulu əsas rol oynamışdı. Lakin dünyaya həmin hadisələri tanıtmağın vaxtı hələ çatmayıb. Beləliklə, bizə vampirlər haqqında nə agahdır? Yoxsa bu bizim səlahiyyətlərimizə daxil deyil? Əlbəttə, hər şey darıxmaq və işsizlikdən daha yaxşıdır, amma görünür bizi Qrimm qardaşlarının nağılına dəvət edirlər.
Əlinizi uzadın, Vatson, görək “V” hərfi altında nə tapacağıq.
Arxaya addım ataraq mən arxamdakı rəfdən qalın lüğət çıxardım. Holms onu dizinin üstünə qoyub hər bir sözü diqqətlə oxuyaraq, uzun ömür boyunca toplanmış istintaqlarının qeydlərini nəzərdən keçirirdi.
– “Qloriya Skottun dəniz səyahəti” – o oxuyurdu. – Bədxah bir hadisə idi.
Yadıma gəlir ki, Vatson, siz bu hadisəni qeyd etmişdiniz, nəticə mənə sizi təbrik etməyə icazə verməsə belə. “Viktor Linç, saxtakar”; "Gila, və ya zəhərli kərtənkələ”. Heyrətləndirici bir iş idi. “Vikrotiya, sirk gözəli”
"Viqor, Hammersmit möcüzəsi"… "Vanderbilt və Yeqman”, Aha! Tam da bizə lazım olan! Sağ olsun, qoca, bizi məyus etmədi. Başqa belə kitabça tapa bilməzsən! Qulaq asın, Vatson: "Macarıstanda vampirlər” Daha biri: “Transilvaniyada vampirlər”.
Üzündə dərin və canlı bir maraq ifadəsilə, böyük diqqətlə kitabçanı oxuyaraq səhifələyirdi, lakin tez bir vaxtda kitabı kənara ataraq məyusluqla dedi:
Boş şeylərdi, Vatson, boş şeylər. Yalnız ürəklərindən yaralayaraq qəbirlərinə geri qaytara biləcəyimiz, yer üzündə gəzən ölülərdən bizə nə? Tam bir səfehlikdir.
Ancaq ki, vampirlər mütləq ölü olmalı deyil… – deyə etiraz etdim. – Sağ insanlar da bu cür işlərlə məşğul olur. Məsələn, mən, öz cavanlığını qaytarmaq ümidilə körpələrin qanını içən qocalar haqqında oxumuşdum.
Tamamilə doğrudur. Burada da bu nağıllar qeyd olunur. Amma belə məsələlərə ciddi yanaşmaq olarmı? Bizim şəxsi axtarış agentliyimiz həmişə hər iki ayağıyla yerin üzərində durub və bu şəkildə də davam edəcək. Real həqiqət budur ki, dünya bizim fəaliyyət sahəmiz üçün yetərincə genişdir, qoy ruhlarla əlaqədar olaraq bizə müraciət etməsinlər. Düşünürəm ki, cənab Robert Ferqyusonu ciddi qəbul etməməliyik. İstisna deyil ki, bu məktub onun özü tərəfindən yazılıb və onu nəyin narahat etdiyini aşkara çıxaracaq. Holms elə həmin poçtla gələn, ilk məktub oxunan zaman stolun üstündə unudulan digər zərfi götürdü. Kinayəli gülüşlə ikinci məktubu da oxumağa başladı, lakin, daha sonra bu gülüş yerini dərin maraq və diqqət ifadəsilə dəyişdi. Sonadək oxuduqdan sonra o, bir müddət susqun, fikirlərə qərq olmuş halda və kağız əlində oturdu. Nəhayət, Holms fikirlərindən qəfil ayıldı.
– Çizmen, Lemberli. Lemberli harada yerləşir?
– Susseksdə, Horşemin cənubunda.
– Elə də uzaq deyil, hə? Bəs Çizmen?
– Mən bu balaca şəhərciyi tanıyıram, köhnə, əsrlər əvvəl onları tikmiş insanların adıyla adlandırılan evlərlə doludur. Çizmen, Odli, Harvi, Karriton – İnsanlar unudulub, amma onların adı tikdikləri evlərdə yaşayır.
– Tamamilə doğrudur, – Holms soyuq cavab verdi. Onun qürurlu, azad təbiətininin qəribəliklərindən biri inanılmaz cəldliklə istənilən yeni məlumatı beyninə həkk etməyi idi. Lakin, nadir hallarda bu məlumatı onunla paylaşanın zəhmətini nəzərə alardı.
– İstintaqın sonunda, çox güman ki, biz Lemberlidəki Çizmen haqqında çox şey öyrənəcəyik. Məktub, elə mənim ehtimal etdiyim kimi Robert Ferqyusondandır. Bu arada, o sizinlə artıq tanış olduğunu qeyd edir.
– Mənimlə?
– Özünüz oxuyun.
O masanın üzərindən məktubu mənı uzatdı. Göndərənin ünvanı belə idi: “Çizmen, Lemberli”
Mən oxumağa başladım.
“Hörmətli cənab Holms!
Mənim vəkillərim Sizə müraciət etməyi məsləhət gördülər, lakin mənim məsələm o qədər incədir ki, mən onu kağız üzərində izah etməyə çətinlik çəkirəm. Mən dostumun adından çıxış edirəm. Beş il bundan öncə o, Perudan olan gənc bir xanımla – nitratların idxalı ilə bağlı aparılan danışıqlar zamanı tanış olduğu Perulu tacirin qızı ilə ailə qurdu. Gənc perulu xanım çox gözəldir, lakin onun əcnəbi mənsubluğu və başqa dini baxışı ər və arvad arasında fikir və maraq ayrılığına gətirib çıxardı və mənim dostumun həyat yoldaşına olan məhəbbəti yavaş-yavaş soyumağa başladı. O, hətta az qalsın, onların nikahını səhv hesab etməyə başlayırdı. O görürdü ki, xanımın xasiyyətinin bəzi cizgiləri həmişəlik onun üçün anlaşılmaz olaraq qalacaq.
Bütün bunlar ona görə daha da çətinləşirdi ki, onun həyat yoldaşı artıq dərəcədə ərini sevən və ona sadiq olan bir xanım idi.
Görüşümüz zamanı haqqında daha ətraflı danışacağımı ümid etdiyim hadisələrə keçid alıram. Bu məktubun səbəbi yalnız onlar haqqında ümumi məlumat vermək və sizin bu işlə məşğul olmağa razı olub-olmamağınızı öyrənməkdir. Son zamanlar dostumun həyat yoldaşı özünü çox qəribə aparmağa başladı, onun hərəkətləri adətən yumşaq və incə xasiyyətinə zidd gedirdi. Bu, dostumun ikinci evliliyidir və ilkin evliliyindən on beş yaşlı oğlu var. Yumşaq və məhəbbət dolu ürəyə sahib yaxşı bir oğlandır, baxmayaraq ki, bədbəxt hadisə hələ uşaqlıqda onu şikəst qoyub.
Dostumun indiki yoldaşı iki dəfə və heç bir səbəb olmadan yazıq uşağı döymək üçün üstünə cumub. Bir dəfə çubuqla əlinə elə bərk vurub ki, zərbədən uşağın əlində böyük iz qalıb.
Amma bütün bunlar onun öz, heç bir yaşı tamam olmamış körpə oğluna qarşı olan rəftarı ilə müqayisədə bir o qədər əhəmiyyətli deyil. Bir dəfə dayəsi onu otağında tək qoyub, sonra uşağın bərk və dəhşətli ağlamağı dayəni qaçaraq geri qayıtmağa məcbur edib. O zaman o görüb ki, gənc ana dişləri ilə uşağın boynundan yapışıb. Körpənin boynunda dişlərinin yeri görünürdü və oradan dəhşətli qan axırdı. Dayə bu hadisədən dəhşətə gəlib və həmin andaca uşağın atasını çağırmaq istəyib, lakin, qadın ona heç kimə heç bir şey deməmək üçün yalvarıb və hətta susmağı qarşılığında ona pul da verib. Sonrasında bununla bağlı heç bir izahat gəlməyib və məsələ belə də qalıb.
Bepul matn qismi tugad.