Kitobni o'qish: «QRAF MONTE-KRİSTO»

Shrift:
Alexandre Dumas
LE COMTE DE MONTE-CRISTO

Bakı, Qanun Nəşriyyatı, 2021.

Çapa imzalandı: 02.11.2021

Tərcüməçi: Rafail Kərim

Redaktor: Hədiyyə Şəfaqət

Korrektorlar: Əyyar Tahir, Lalə Hüseyn

Texniki redaktor: Anar Əli

Mətn dizaynı: Rahilə Şamilqızı

Qapaq dizaynı: Rafael Qasım

Qanun Nəşriyyatı

İstanbul Copyright Awards-ın qalibi

Bakı, AZ 1102, Tbilisi pros., 76

Tel: (+994 12) 431-16-62; 431-38-18

Mobil: (+994 55) 212-42-37

e-mail: info@qanun.az

www.qanun.az

www.fb.com/Qanunpublishing

www.instagram.com/Qanunpublishing

ISBN 978-9952-38-004-0

© Qanun Nəşriyyatı, 2021

© Alexandre Dumas, 1844

Bu kitabın Azərbaycan dilinə tərcümə və yayım hüquqları Qanun Nəşriyyatına məxsusdur. Kitabın təkrar və hissə-hissə nəşri “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununa ziddir.

I CİLD

BİRİNCİ HİSSƏ

I. MARSEL. VARİD OLMA

İyirmi yeddisi fevral 1815-ci ildə, Notr-Dam de-la-Qardın gözətçi əsgəri bildirdi ki, Smirna, Triyest və Neapoldan gələn üçyelkənli “Faraon” adlı gəmi buxtaya yaxınlaşır.

Həmişəki kimi, liman losmanı dərhal yola düşüb İf qalasının yanından ötərək Morjion burnu ilə Rion adaları arasındakı gəmiyə yan aldı.

Adəti üzrə müqəddəs İoanna istehkamının meydançası dərhal hər şeyə maraq göstərən adamlarla doldu, çünki Marselə gəminin gəlişi, xüsusilə də “Faraon” kimi yerli sahibkara aid olaraq, burada inşa edilib, təchiz olunub, qədim Fokei tərsanələrində yüklə doldurulubsa həmişə böyük hadisədir.

Gəmi yaxınlaşmaqda idi: o vulkan püskürməsi zamanı Kalasaren və Jaros adaları arasında əmələ gəlmiş körfəzi keçərək, Pomeqi dolanıb çəpinə durmuş üçbucaq yelkənlərlə ağır və hüznlə yaxınlaşmağa davam edirdi, hər şeyi bilmək istəyənlər isə bədbəxtçilik hiss edərək, öz-özlərindən, görəsən nə baş verib deyə soruşurdular? Lakin baş verənlərin gəmiyə aidiyyəti olmadığı işin içində olanlara aydın idi, çünki o yaxşı idarə olunan gəmi kimi yoluna davam edirdi: lövbər atılmağa hazır gəmini saxlamaq üçün, lövbər zəncirləri buraxılmış və dar girişlə gəmini Marsel limanı ilə keçirməyə hazırlaşan losmanın yanında, gəminin hər hərəkətini diqqətlə izləyən, onun hər göstərişini təkrarlayan, ayıq-sayıq, çevik gənc kişi durmuşdu.

İzdiham üzərində dolaşan qeyri-ixtiyari həyəcan, tamaşaçılardan birinə hamıdan çox təsir etmişdi, o, gəminin limana daxil olmasını gözləməyərək, qayıqlardan birinə atılıb “Faraon”un qarşısına üzməyi əmr etdi, onun qayığı “Faraon”a Rezerv buxtasının qarşısındakı yerdə çatdı.

Gənc dənizçi, bu adamı gördükdə losmandan ayrılıb gəminin kənarına gəldi və şlyapasını çıxarıb dayandı.

Bu qamətli, hündür, gözəl qara gözləri, şəvə saçları olan on səkkiz-iyirmi yaşlarında bir gənc idi; onun uşaqlıqdan mübarizə aparmağa alışmış bütün vücudu sakitlik və qərarlılıq içərisində idi.

Qayıqdakı adam qışqırdı:

– Ah! Dantes, bu sizsinizmi! Nə olub? Gəmidəki hər şey, hər kəs niyə belə məyusluq içərisindədir?

Gənc cavab verdi:

– Böyük bədbəxtlikdir, cənab Morrel, böyük bədbəxtçilik, xüsusilə də mənim üçün – biz Çivita-Vekkii yaxınlığında sevimli kapitanımız Lekleri itirmişik.

– Bəs yük necə oldu? – deyə armator1 cəld soruşdu.

– Yük yerindədir, cənab Morrel, fikrimcə, siz işin bu tərəfindən razı qalacaqsınız… Lakin yazıq kapitan Lekler…

Özündə dərin bir rahatlaşma hiss edən armator soruşdu:

– Bəs ona nə oldu?

– O, vəfat etdi.

– Gəmidən suyamı düşdü?

– Yox, – Dantes dedi, – əsəb gərginliyindən dəhşətli ağrılar çəkərək öldü. – Sonra üzünü gəmi heyətinə tutaraq qışqırdı: – Ey! Yerlərinizə keçin! Lövbərə düzəlin!…

Heyət əmrə tabe oldu. Səkkiz-doqquz nəfərdən ibarət gəmi heyəti üzvlərinin hamısı anında – kimisi brasa, kimisi şkota, kimisi fala, kimisi klivernirə, kimisi də qitlərə tərəf şığıdı.

Gənc dənizçi onlara ötəri nəzər salaraq işləri ilə məşğul olduğunu görüb yenidən həmsöhbətinə tərəf döndü.

Yarımçıq qalan söhbəti davam etdirən armator soruşdu:

– Bəs bu bədbəxt hadisə necə baş verdi?

– Əşi, ən gözlənilməz bir vəziyyətdə, limanın komendantı ilə uzun-uzadı söhbətdən sonra, kapitan Lekler böyük həyəcan içində Neapolu tərk etdi; bir sutkadan sonra onda qızdırma başladı; üç gündən sonra isə artıq ölmüşdü… Biz onu adət-ənənəyə uyğun kətana büküb dəfn etdik və indi o Del Cilo adası yaxınlığında, sözün əsl mənasında, rahat yatır. Biz onun boynundakı xaçı və qılıncını dul qalmış xanımına vermək üçün gətirmişik. – Gənc qəfildən gülümsədi. – On il ingilislərlə müharibə edib hamı kimi yataqda ölməyə dəyərdi!

Tədricən sakitləşən armator dedi:

– Nə etmək olar, Edmon! Heç kim əbədi deyil, yaşlılar gənclərə yol verməlidir, yoxsa həyat durar. Beləliklə, siz deyirsiniz ki, yük…

– Mən sizi əmin edirəm, cənab Morrel, yük olduğu kimi durur. Məncə, siz iyirmi beş min frank mənfəət əldə etmək istəyirsinizsə uduzursunuz.

Bu zaman “Faraon”un dairəvi qalanı keçdiyini görüb bağırdı:

– Mars – qitova! Kliver – nirala! Bizan – şkota! Lövbəri salmağa hazırla!

Əmr hərbi gəmidə olduğu kimi cəld icra edildi.

– Şkotlar verilsin! Yelkənlər qitov istiqamətinə!

Sonuncu əmrə uyğun olaraq bütün yelkənlər endirildi, gəmi öz gücü hesabına, su üzərində hiss ediləcək dərəcədə üzməyə davam edirdi.

Armatorun səbirsizliyini görən Dantes dedi:

– Cənab Morrel, indi yuxarı qalxmaq istəyərsinizmi? Baxın, bu da sizin mühasibiniz Danqlar, kayutdan çıxır. İstədiyiniz məlumatı verəcək. Mən isə lövbər atıb matəm işləri ilə məşğul olmalıyam.

İkinci təklifə ehtiyac qalmadı. Armator Dantesin atdığı burazdan tutaraq, hər bir dənizçiyə şərəf gətirə biləcək tərzdə, qulplara ayaqlarını basa-basa, gəminin qabağa çıxmış göyərtəsinə qalxdı. Dantes isə yerini kayutdan çıxaraq Morrelə tərəf yönələn Danqlara buraxıb, əvvəlki yerinə döndü…

Bu iyirmi beş yaşlı qaraqabaq vücuda sahib, rəhbərlərə yaranmağa çalışan, tabeliyindəkilərlə səbirsiz dolanan bir adam idi. Dənizçilər vəzifəsindən əlavə, bu kimi xüsusiyyətlərinə görə, Danteslə müqayisədə, onu nəinki sevmir, hətta hədsiz dərəcədə nifrət edirdilər.

Danqlar dedi:

– Beləliklə, cənab Morrel, siz artıq başımıza gələn bədbəxt hadisədən xəbərdarsız, eləmi?

– Bəli! Bəli! Zavallı kapitan Lekler! Sevimli, vicdanlı bir adam idi!

– Başlıcası isə, səma ilə su arasında yaşa dolmuş, “Morrel və onun Oğlu” kimi böyük bir firmanın maraqlarını təmsil etməyə layiq görülən əla, gözəl və şərəfli bir dənizçi idi.

Baxışları ilə dayanacaq üçün yer seçməyə çalışan Dantesi izləyən armator dedi:

– Mənə elə gəlir, sizin dediyiniz kimi, işini yaxşı bilmək üçün o qədər də yaşlı olmağa ehtiyac yoxdur. Bax, dostumuz Edmon heç kimin məsləhəti olmadan hər işin öhdəsindən necə də yaxşı gəlir.

– Bəli, gənclik və özünə inam, – deyə Danqlar Dantesi nifrət dolu baxışla çəp-çəp süzərək cavab verdi. – Kapitan ölməyə macal tapmamış o, heç kimlə məsləhət etmədən komandanlığı öz üzərinə götürmüş və düz Marselə yollanmaq əvəzinə, Elba adası yaxınlığında gün yarım vaxt itirməyimizə səbəb olmuşdu.

– Komandanlığı öz üzərinə götürməklə kapitan köməkçisi kimi vəzifəsini yerinə yetirmişdi, amma gəminin əgər təmirə ehtiyacı yox idisə, Elba adası yaxınlığında gün yarım vaxt itirmək düzgün deyildi, – deyə armator cavab verdi.

– Gəmi möhkəm və qüsursuz idi, cənab Morrel, bu itirilən gün yarım yalnız onun gəmidən sahilə enmək, ləzzət almaq istəyi ilə bağlı idi, vəssalam.

Armator gəncə müraciətlə dilləndi:

– Dantes! Bura gəlsənə.

Dantes cavabında:

– Bağışlayın, cənab, – dedi, – bir dəqiqəyə hüzurunuzdayam.

Sonra gəmi heyətinə müraciətlə əmr verdi:

– Lövbər salınsın!

Dərhal lövbəri saldılar, zəncir gurultu ilə aşağı tərəfə gəldi. Bu sonuncu manevr bitənədək Dantes vəzifə başında durmağa davam etdi, hərçənd, losman yanında idi.

Sonra qışqırdı:

– Vımpel yarıya qədər endirilsin, bayrağa düyün vurulsun, reylər çarpazlaşdırılsın!

Danqlar dedi:

– Görürsünüzmü, sizə söz verirəm, artıq özünü kapitan hesab edir.

Armator cavab verdi:

– Bəli, o, elə kapitandır ki, var.

– Bəli, cənab Morrel, amma bu nə siz, nə də ortağınız tərəfindən təsdiq edilməyib.

Armator dedi:

– Onu niyə kapitan kimi saxlamayaq? Düzdür, cavandır, lakin mən çox təcrübəliyəm, fikrimcə o, işinə sədaqətlidir.

Danqların sifəti tutuldu. Dantes yaxınlaşaraq dedi:

– Bağışlayın, cənab Morrel. Siz deyəsən məni çağırırdınız, artıq lövbər atılıb, qulluğunuzdayam.

Danqlar bir addım geri çəkildi.

Sizdən Elba adasına nə üçün yan aldığınızı soruşmaq istəyirəm.

– Özüm də bilmirəm. Mən kapitan Leklerin sonuncu tapşırığını yerinə yetirirdim. Ölməzdən əvvəl Bertranaya bağlama çatdırmağıma göstəriş vermişdi.

– Edmon, deməli, siz onu görmüsünüz?

– Kimi?

– Marşalı.

– Bəli.

Morrel ətrafa baxıb Dantesi bir kənara çəkdi.

– Bəs imperator necədir? – deyə tələsik soruşdu.

– Zənn edirəm, sağlamdır.

– Deməli, siz imperatorun özünü də görmüsünüz?

– Mən orada olanda o, marşalın yanına gəldi.

– Siz onunla danışdınızmı?

Dantes gülərək cavab verdi:

– Hə, yəni o, mənimlə danışdı.

– Bəs sizə nə dedi?

– O, gəmi, Marselə yola düşəcəyimiz vaxt, istiqamətimiz və yük haqda məlumat aldı. Fikrimcə, gəmi boş və mənə aid olsaydı, onu ala bilərdi, lakin kapitanı əvəz etdiyimi və gəminin “Morrel və Oğlu” ticarət evinə məxsus olduğunu dedim. O, bildiyini dedi: “Morrellər nəsilliklə armatordular, onlardan biri, bizim Balansı müdafiəmiz zamanı alayımızda qulluq edirdi”.

Armator sevincdən qışqırdı:

– Düzdür! – Bu kapitan rütbəsinədək yüksələn mənim dayım Polikar Morrel idi. Dantes, siz mənim dayıma imperatorun onu necə xatırlamasını danışarsınız, qoca deyingənin necə ağlayacağını görərsiniz. – Armator dostcasına gənc dənizçinin kürəyinə vura-vura davam edib dedi, – yaxşı, yaxşı, Dantes, kapitan Leklerin əmrini yerinə yetirərək Elba yaxınlığında dayanmaqla yaxşı etmisiniz, digər tərəfdən də, marşala bağlama çatdırdığınız və imperatorla danışdığınız məlum olsa, sizə xətər dəyə bilər.

Dantes cavabında dedi:

– Bundan mənə nə kimi xətər dəyə bilər? Heç bağlamada nə olduğunu da bilmirəm, imperator isə mənə ilk gördüyü adama verə biləcəyi suallar verirdi. İcazə verin: budur karantin və gömrük məmurları gəlirlər.

– Gedin, gedin, mənim əzizim.

Gənc adam uzaqlaşdı və həmin dəqiqə Danqlara yaxınlaşdı.

O soruşdu:

– Nə oldu? Deyəsən, Porto-Ferrayo limanına daxil olma səbəbini izah etdi?

– Əzizim Danqlar, tamamilə haqlısınız.

– Hə! Lap yaxşı, – deyə o cavab verdi. – Dostunun öz borcunu yerinə yetirməməyini görmək çox ağırdı.

– Dantes öz borcunu yerinə yetirmişdi, burada onun ünvanına deyiləsi bir söz yoxdur, – deyə armator etiraz etdi. – Elba yaxınlığında dayanmağı ona kapitan Lekler əmr etmişdi.

– Yeri gəlmişkən, kapitan Lekler haqda; onun məktubunu sizə verdimi?

– Kim?

– Dantes.

– Mənə? Yox. Məgər onda məktub var idi?

– Mənə elə gəlir, bağlamadan əlavə kapitan ona məktub da vermişdi.

– Hansı bağlamadan danışırsınız, Danqlar?

– Dantesin Porto-Ferrayoya apardığı bağlamadan.

– Bəs Dantesin Porto-Ferrayoya bağlama apardığını hardan bilirsiniz?

Danqlar qızardı.

– Mən kapitan kayutunun yanından keçirdim və onun Dantesə bağlama və məktub verdiyini gördüm.

– Mənə heç nə deməyib, lakin onda məktub varsa, verəcək.

Danqlar fikrə getdi.

– Əgər belədirsə, cənab Morrel, onda xahiş edirəm, Dantesə heç nə deməyin. Yəqin, səhv etmişəm.

Bu anda gənc dənizçi geri qayıtdı. Danqlar yenə kənara çəkildi.

Armator soruşdu:

– Əzizim Dantes, nə oldu, boşsuzmu?

– Bəli, cənab Morrel.

– Necə də tez qurtarıbsınız!

– Bəli, malların siyahısını gömrük işçilərinə verdim, limandan isə losmanla birlikdə adam göndərmişdilər, kağızları da ona verdim.

– Eləsə, sizin burada heç işiniz qalmayıb?

Dantes tez ətrafına göz gəzdirdi. O dedi:

– Mənə hə, hər şey qaydasındadır.

– Onda gedək bizə nahara.

– Üzr istəyirəm, cənab Morrel, lakin əvvəlcə atamla görüşməliyəm. Şərəf verdiniz, təşəkkür edirəm…

– Düzdür, Dantes, düzdür. Mən bilirəm, siz yaxşı oğulsuz.

Dantes tərəddüdlə soruşdu:

– Bəs atam necə, ondan xəbəriniz varmı, sağ-salimdirmi?

– Əziz Edmon, mən onu görməsəm də, sağ-salamat olduğunu düşünürəm.

– Bəli, o, əvvəlki kimi öz kiçik daxmasında yaşayır.

– Ən azından bu sübut edir ki, siz olmasanız da o, heç nədən korluq çəkməyib.

Dantes gülümsədi.

– Mənim atam çox qürurludur, hətta onun hər şeyə ehtiyacı olsaydı belə, dünyada Tanrıdan başqa heç kimdən kömək istəməzdi.

– Beləliklə, güman edirəm, atanızı gördükdən sonra bizə gələcəksiniz?

– Cənab Morrel, bir daha üzr istəyirəm, lakin mənim bunun kimi daha bir dəyərli borcum var.

– Bəli! Sizi Katalanda atanız kimi səbirsizliklə başqa bir adamın, gözəl Mersedesin gözlədiyini unutmuşam.

Dantes gülümsədi.

– Belə de! – Deyə armator davam etdi. – İndi onun nəyə görə üç dəfə bura gəlib “Faraon”un gələcəyi vaxtı xəbər aldığını başa düşürəm. Lənətə gəlsin, Edmon, siz xoşbəxtsiz, rəfiqənizə söz ola bilməz!

Dənizçi ciddi halda dedi:

– O, mənim rəfiqəm deyil, nişanlımdır.

Armator gülümsədi:

– Bəzən bu eyni məna daşıyır.

– Amma bizim üçün deyil, – deyə Dantes cavab verdi.

– Yaxşı, Edmon, mən sizi saxlamıram. Mənim işlərimi o dərəcədə yaxşı yerbəyer etmisiniz ki, öz işlərinizi də düzəltmək üçün sizə vaxt verməyə məcburam. Pula ehtiyacınız varmı?

– Yox, lazım deyil. Dənizdə olduğum müddətdə təxminən üç aylıq əmək haqqım yığılıb.

– Siz dürüst adamsınız, Edmon.

– Cənab Morrel, unutmayın ki, mənim atam yoxsuldur.

– Bəli, bəli, bilirəm, siz yaxşı oğulsuz. Atanızın yanına gedin. Mənim də oğlum var, üç aylıq ayrılıqdan sonra oğlumun mənimlə görüşməyinə mane olan adama çox əsəbiləşərdim.

Cavan adam baş əyərək dedi:

– Deməli, icazə verirsiniz?

– Deməyə başqa sözünüz yoxdursa, gedə bilərsiniz.

– Başqa heç nə.

– Kapitan Lekler ölərkən, sizə mənim üçün məktub vermədi?

– O, yaza bilmirdi; lakin sualınız sizdən iki həftəlik məzuniyyət almalı olduğumu yadıma saldı.

– Toy üçünmü?

– Həm toy, həm də Parisə getmək üçün.

– Rica edirəm. Biz yükü altı həftəyə boşaldarıq, dənizə çıxmağımız isə üç aydan tez baş tutmaz. – Armator gənc dənizçinin kürəyinə vuraraq davam etdi, – lakin üç aydan sonra burada olmalısınız. “Faraon” kapitanı olmadan səfərə çıxa bilməz.

Dantes:

– Kapitanı olmadan! – deyə çığırdı, onun gözləri sevincdən parlamağa başladı. – Ehtiyatlı olun, cənab Morrel, çünki indicə qəlbimin ən gizli ümidlərini cavablandırdınız. Məni “Faraon”a kapitan təyin etməkmi istəyirsiniz?

– Mənim əzizim, tək olsaydım əlimi sizə uzadıb: “Məsələ həll olunub”, deyərdim. Lakin mənim ortağım var, siz italyan atalar sözünü yaxşı bilirsiniz: “Chi ha compagno ha padrone”.2 Lakin işin yarısı həll olunub, çünki iki səsdən biri artıq sizə məxsusdur. İkinci səsin də sizə verilməsini mənə həvalə edin.

Gənc gözləri yaşlı halda onun əlini sıxaraq uca səslə dilləndi:

– Ah, cənab Morrel. Atamın və Mersedesin adından sizə təşəkkür edirəm.

– Yaxşı, yaxşı, Edmon, lənətə gələsən, təmiz adamlar üçün göydə Tanrı var! Atanızla, Mersedeslə görüşün, sonra mənim yanıma gəlin.

– Sizi sahilə aparımmı?

– Yox, təşəkkür edirəm, burada qalıb Danqlar ilə hesablara baxmaq istəyirəm. Gəmi səfəri zamanı ondan razı qalmışdınızmı?

– Həm hə, həm də yox. Bir yoldaş kimi yox. Bir dəfə onunla mübahisə etmişdim, məsələnin həlli üçün Monte-Kristo adası yaxınlığında on dəqiqəliyinə gəmini dayandırmağı təklif etdim, əlbəttə, bunu etməməliydim, o, çox ağıllı tərpənərək bundan imtina etdi, mənə elə gəlir, məhz elə o vaxtdan məni sevməməyə başladı. Bir mühasib kimi isə onun haqqında pis fikir söyləmək olmaz, yəqin, ondan razı qalacaqsınız.

Armator soruşdu:

– Dantes, deyin, “Faraon”un kapitanı olsaydınız öz istəyinizlə Danqları yanınızda saxlayardınızmı?

– Mən kapitan da olsam, köməkçi də olsam, cənab Morrel, sahibkarlarımın etimadını qazanan adamlara, həmişə tamamilə hörmətlə yanaşacağam.

– Doğrudur, Dantes. Siz hər cəhətdən yaxşı adamsınız. İndi isə gedin; görürəm, sanki iynə üstündəsiniz.

– Deməli, məzuniyyətdəyəm?

– Sizə, gedin deyirəm.

– İcazə verərsiniz qayığınızı götürüm?

– Götürün.

– Sağ olun, cənab Morrel. Min dəfə təşəkkür edirəm.

– Sağ olun, Edmon. Uğurlar arzulayıram.

Gənc dənizçi qayığa atılıb, sükanın yanına oturdu və Kannebyer küçəsinə tərəf avar çəkməyi əmr etdi. İki dənizçi avar çəkməyə başlayıb, qayığı iki sırada duran gəmilər arasından, digər qayıqların əmələ gətirdiyi dar keçiddən, limanın çıxışından keçirib Orlean dəniz sahilinə tələsdilər.

Armator təbəssümlə onun düz sahilədək gedişini və qayıqdan körpünün döşənmiş hissəsinə necə tullandığını, Kannebyer küçəsini səhər saat beşdən axşam saat doqquzadək dolduran izdiham içərisində gözdən itməsini izlədi, müasir fokeylilərin ciddi surətdə, qürurla, özünəməxsus vurğu ilə söylədiklərini xatırladı: “Kannebyer küçəsinə malik Paris kiçik Marsel olardı”.

Armator ətrafına boylanarkən arxasında dayanmış Danqları gördü, ilk baxışdan sanki o, armatorun əmrlərini gözləyirdi, əslində isə onun kimi baxışları ilə gənc dənizçini yola salırdı. Lakin eyni adamı izləyən bu baxışların mənası arasında böyük fərq var idi.

II. ATA VƏ OĞUL

Kin və ədavət hissi ilə dostunu armatorun gözündən salmağa çalışan Danqları bir yana buraxıb, Kannebyer küçəsini bu başdan o başa keçərək, Noayl küçəsinin yanından ötüb, Melyan xiyabanının sol tərəfində yerləşən kiçik bir evə daxil olan və qaranlıq pilləkənlərlə beşinci mərtəbəyə qalxıb bir əli ilə pilləkəndən tutub, digər əlini isə sürətlə döyünən ürəyinin üzərinə basaraq, yarıaçıq qapı arxasından içərisi görünən mənzilin qarşısında dayanıb içəri baxan Dantesi izləyək. Bu mənzildə onun atası yaşayırdı.

Oturacağın üzərinə qalxıb titrəyən əli ilə pəncərəsini tutmuş ərik gülü, ağ əsmə gülünü sahmana salan qoca, hələ “Faraon” gəmisinin gəlişindən xəbərsiz idi. Qəfildən arxadan kimsə onu qucaqladı, sonra həmin doğma səsi eşitdi:

– Ata!

Qoca qışqırıb geri döndü. Oğlunu görcək tamamilə rəngi qaçmış halda, əsə-əsə onun qucağına atıldı.

Gənc narahat halda soruşdu:

– Ata, sizə nə olub, xəstəsiz?

– Yox, yox, sevimli Edmon, mənim oğlum, mənim balam, yox! Amma mən səni gözləmirdim… Məni qəfildən, gözləmədiyim halda yaxaladın… bu sevincdəndir. Aman Tanrım! Mənə elə gəlir, mən öləcəyəm!

– Ata, sakit olun, bu mənəm. Hamı deyir ki, sevgidən xətər gəlməz, buna görə də gəlib birbaşa girdim. Gülümsəyin, mənə də qorxu dolu gözlərlə baxmayın. Evə qayıtmışam, hər şey yaxşı olacaq.

– Lap yaxşı, mənim balam, – deyə qoca cavab verdi, – lakin hər şey necə yaxşı ola bilər? Məgər biz bir daha ayrılmayacağıq? Sevincini mənimlə bölüş!

– Tanrı məni, bir ailənin kədəri üzərindən aldığım sevincə görə bağışlasın, lakin O şahidimdi ki, bunu arzulamamışam. O özü mənə nəsib oldu, bunun üçün kədərlənməyə gücüm qalmamışdı. Kapitan Lekler vəfat etdi, çox güman, Morrelin himayəsi sayəsində onun yerini tutacağam. Başa düşürsənmi, ata? İyirmi yaşında kapitan olacağam! Yüz luidor məvacib, üstə gəl gəlirdən pay! Mən, kasıb bir dənizçi, bunu gözləyə bilərdimmi?

Qoca dedi:

– Bəli, mənim oğlum, sən haqlısan, – bu böyük xoşbəxtlikdir.

– İstəyirəm, elə ilk məvacibdən siz öz ərik gülü, ağ əsmə və doqquzdon gülləriniz üçün bağçalı bir ev əldə edəsiniz… Lakin sizə nə olub, ata? Özünüzü pis hiss edirsiniz?

– Heç nə, heç nə… indi keçər!

Qoca taqətsiz halda arxaya yaslandı.

– Dayan, ata! Bir qədəh şərab için, bu sizə kömək edər. Şərab hardadı?

Oğlunu dayandırmağa çalışan qoca dedi:

– Yox, sağ ol, lazım deyil, axtarma.

Dantes çığırdı:

– Necə yəni lazım deyil? – O, qorxu içində gah qocanın solğun, batmış yanaqlarına, gah da boş rəflərə baxırdı. – Necə yəni şərab yoxdu? Ata, pulunuz çatmayıb?

Qoca cavabında dedi:

– Sən artıq mənimləsənsə, deməli hər şeyim artıqlaması ilə var.

Dantes üzündən axan təri silə-silə pıçıldayırdı:

– Lakin, ata, üç ay bundan əvvəl gedərkən sizə iki yüz frank vermişdim.

– Bəli, bəli, lakin sən gedərkən qonşumuz Kadrussa borcunu ödəməyi unutmuşdun: o bunu mənə xatırladıb borcu ödəməsəm cənab Morrelin yanına gedəcəyini bildirdi, mən də qorxdum ki, bu sənin zərərinə olar…

– Bəs sonra? – Dantes çığırdı. – Lakin mən Kadrussa yüz qırx frank borclu idim!

– Hə, – qoca dili dolaşa-dolaşa cavab verdi.

– Deməli verdiyim iki yüz frankdan borcu ödədiniz?

Qoca başını buladı.

– Sonra altmış franka üç ay dolandınız?

Qoca cavab verdi:

– Oğlum, mənə çox şey lazım deyil ki!

Edmon atasının qarşısında diz çökərək inildədi:

– Aman Tanrım!

– Sənə nə oldu?

– Bunu heç zaman özümə bağışlamayacağam.

Qoca gülümsəyərək dedi:

– Fikir vermə, qayıtdınsa, deməli hər şey geridə qaldı. İndi bütün işlər qaydasındadır.

Gənc dedi:

– Bəli, qayıtmışam, ən yaxşı ümidlərlə və bir qədər pulla qayıtmışam… budur, ata, götürün, götürün və bu dəqiqə kimisə göndərin, nə isə alsın.

Edmon masanın üzərinə bir düjün qızıl, beş, ya altı ədəd beşfranklıq sikkə və xırda pul tökdü.

Qoca Dantesin sifətinin rəngi açılmağa başladı.

O, soruşdu:

– Bu kimindir?

– Mənimdir… sizindir… bizimdir! Götürün, çoxlu ərzaq aldırın, pula qənaət etməyin, sabah yenə gətirəcəyəm.

Qoca gülümsəyərək dedi:

– Dayan, dayan, icazənlə pulları az-az xərcləyərəm; hər şeyi birdən və çoxlu alsam, insanlar bunun üçün sənin gəlişini gözlədiyimi düşünəcəklər.

– Necə istəyirsinizsə elə də edin, lakin hər şeydən əvvəl bir qulluqçu tutun. Tək yaşamağınızı istəmirəm. Gəminin anbarında mənim əl altında saxladığım qaçaq qəhvəm və əla tütünüm var; sabah onları alacaqsınız. Sakit! Gələn var.

– Bu yəqin, Kadruss olacaq. Gəlişini eşidib, uğurlu geri dönməyin münasibəti ilə səni təbrik etməyə gəlir.

Edmon pıçıltı ilə dedi:

– Ürək bir şey fikirləşir, ağız başqa şey söyləyir. Lakin fərqi yoxdur, o, qonşumuzdur, bizə kömək göstərib! Onu mehribancasına qarşılamalıyıq.

Edmon sözünü bitirməmiş qapıda Kadrussun qara saqqallı başı göründü. O, iyirmi beş-iyirmi altı yaşlarında bir adam idi; sənətinə uyğun olaraq əlində paltar tikmək üçün bir parça mahud tutmuşdu.

Kadruss, ağzını geniş açıb, fil sümüyünə bənzər ağ dişlərinin hamısı görünəcək şəkildə gülərək güclü Marsel aksenti ilə dedi:

– Ah! Edmon, gəlmisən!

Dantes çətinliklə də olsa öz soyuq münasibətini nəzakətli səs tonu altında gizlədərək cavab verdi:

– Kadruss, qonşu, lazım bilsəniz, qulluğunuzdayam.

– Acizanə təşəkkür edirəm. Xoşbəxtlikdən mənə heç nə lazım deyil, hətta bəziləri mənim köməyimə möhtacdır (Dantes diksindi). Edmon, mən sizi nəzərdə tutmuram. Yaxşı qonşular arasında bu kimi şeylər yaşanır; mən sənə borc pul vermişdim, sən də onu qaytardın, beləliklə də biz haqq-hesabı çürütmüş olduq.

Dantes dedi:

– Bizə kömək edənlərlə heç zaman haqq-hesabı kəsə bilmərik. Pul borcu qaytarılsa da, təşəkkür borcu qalır.

– Bu haqda danışmağın nə mənası var? Onlar keçmişdə qaldı. Yaxşısı budur gəl sənin sağ-salamat qayıtmağından danışaq. Mən qəhvəyi rəngli mahud almaq üçün limana getmişdim, orada dostum Danqlarla rastlaşdım. Ona deyirəm: “Necə yəni, sən Marseldəsən?” “Gördüyün kimi”. “Smirnada olduğunu düşünürdüm”. “Orada da ola bilərdim, çünki oradan gəlirəm”. “Bəs bizim Edmon haradadır?” Danqlar: “Yəqin, atasının yanındadır”, dedi. – Kadruss davam etdi, – mən də gəldim dostumu salamlamağa.

Qoca dedi:

– Sevimli Kadruss bizi nə qədər çox sevir!

– Əlbəttə, həm sevirəm, həm də hörmət edirəm, çünki namuslu adamlara indi az rast gəlinir…

Dərzi gözünün ucu ilə masanın üzərindəki, qızıl və gümüş pullara baxaraq davam etdi:

– Dostum, olmaya sən varlanmısan.

Lakin Dantes qonşusunun qara gözlərində parlayan xəsislik qığılcımlarını sezə bilmək iqtidarında idi.

– Bu mənim pullarım deyil, – deyə o, laqeydcəsinə cavab verdi. – Atamdan ehtiyac içində olub-olmadığını soruşdum, o da məni sakitləşdirmək üçün pul qabında olan pulların hamısını masanın üzərinə tökdü. Ata, qonşunun pula ehtiyacı yoxdursa, onları gizlədin.

Kadruss dedi:

– Yox, əzizim, yox, mənim heç nəyə ehtiyacım yoxdu; Tanrıya şükürlər olsun, sənətkarı sənət dolandırır. Pullarınızı qoruyun, o heç zaman adama artıqlıq etməz. Buna baxmayaraq sənə təklifinə görə yenə təşəkkür edirəm, hesab et ki, ondan artıqlaması ilə istifadə etmişəm.

Dantes dedi:

– Mən bütün qəlbimlə təklif etmişdim.

– Şübhə etmirəm. Ah səni, hiyləgər, deməli Morrellə yaxın dostsunuz?

Dantes cavab verdi:

– Cənab Morrel mənə qarşı həmişə xeyirxah olub.

– Onda sən nahaq yerə nahar yeməyindən imtina etmisən.

– Necə yəni imtina etmisən? – deyə qoca Dantes soruşdu. – Məgər o, səni nahara dəvət etmişdi?

Dantes gülümsəyərək cavab verdi:

– Bəli, ata. – O, oğluna göstərilən bu qeyri-adi şərəfin, atasını necə heyran etdiyinin şahidi oldu.

Qoca soruşdu:

– Bəs sən nə üçün imtina etdin, oğlum?

Dantes cavab verdi:

– Yanınıza tez gəlmək üçün, ata. Mən sizi görməyə tələsirdim.

Kadruss davam etdi:

– Çox güman Morrel inciyib, ancaq kapitanlığa can atırsansa, armatorun sözünün əksinə getməməlisən.

– Mən ona imtina etməyimin səbəbini açıqladım, məni başa düşdüyünə əminəm.

– Kapitan olmaq istəyirsənsə, ağana azacıq da olsa, yaltaqlanmalısan.

– Əminəm, bunsuz da ötüşmək olar, – Dantes cavab verdi.

– Lap yaxşı, lap yaxşı! Bu sənin bütün köhnə dostlarını sevindirər. Mən Müqəddəs Nikolay istehkamında bundan xüsusilə razı qalacaq bir adam tanıyıram.

Qoca soruşdu:

– Mersedes?

– Bəli, ata, – Dantes dedi. – İndi isə mən sizin sağlam olduğunuzu və heç nəyə ehtiyacınızın olmadığını gördükdən sonra, Katalana getmək üçün izninizi istəyirəm.

Qoca Dantes cavab verdi:

– Get, mənim balam, get, Tanrı mənə sənin kimi oğul nəsib etdiyi kimi, sənə də yaxşı bir arvad nəsib etsin.

– Arvad! – Kadruss dedi, – siz necə də tələsirsiniz; deyəsən, o, hələlik onun arvadı deyil!

– Hələlik yox, – Edmon cavab verdi, – lakin bütün ehtimallara görə tezliklə olacaq.

– Necə olmasından asılı olmayaraq, – Kadruss dedi, – hər halda, tez gəlməkdə yaxşı etmisən.

– Nəyə görə?

– Çünki Mersedes gözəldir, gözəllərin isə kifayət qədər pərəstişkarı olur, xüsusilə də onun: dəstə ilə ardınca gəzirlər.

Dantes gülümsədi:

– Doğrudanmı? – Lakin Edmonun bu təbəssümündə yüngülvari narahatlıq hiss olunurdu.

– Bəli, bəli, – Kadruss davam etdi, – həm də qibtə olunacaq, evlənmək yaşında oğlanlardır, özün başa düşürsən, tezliklə kapitan olacaqsan, yəqin, sənə rədd cavabı verilməyəcək.

Dantes narahatlığını, azacıq da olsa, ört-basdır edən gülüşlə dəstək verdi:

– Yəni, mən kapitan olmasaydım…

Kadruss donquldandı:

– Hm! Hm!

– Mən sizdən fərqli olaraq, Mersedes və adaxlılar haqqında yaxşı fikirdəyəm, kapitan olsam da, olmasam da Mersedes mənə sadiq qalacaq.

– Lap yaxşı, lap yaxşı! Evlənərkən inanmağı bacarmalısan; lakin dostum, fərqi yoxdur, mən sənə inanıram; vaxt itirmədən gedib gəlişini ona bildir və planlarını bölüş.

– Gedirəm, – Edmon cavab verdi.

O, atasını öpüb, Kadrussa baş əyib çıxdı. Kadruss bir az da qocanın yanında oturduqdan sonra onunla görüşüb, Senak küçəsinin tinində onu gözləyən Danqların yanına döndü.

Danqlar soruşdu:

– Nə oldu, onu gördünmü?

Kadruss cavab verdi:

– Gördüm.

– Sənə kapitanlığa ümid etdiyini dedi?

– O, bu haqda danışanda artıq özünü kapitan kimi aparırdı.

– Belə de! Həddindən artıq tələsir!

– Lakin görünür, Morrel ona vəd verib…

– Çox sevinclidir?

– Kobudluq həddində, hətta tanınmış adam kimi xidmət, bankir kimi pul da təklif edirdi.

– Sən də imtina etdin?

– İmtina etdim. Lakin ondan borc da ala bilərdim, çünki həyatda gördüyü ilk pulları ona heç kim yox, mən borc vermişdim. Lakin cənab Dantesin heç nəyə ehtiyacı yoxdu: tezliklə kapitan olacaq!

– Lakin hələ kapitan deyil!

– Heç kapitan olmasa yaxşıdır, yoxsa onunla heç danışmaq da mümkün olmaz.

– Biz istəsək o, indiki kimi, hətta ola bilsin, ondan da aşağıda ola bilər.

– Nə deyirsən?

– Heç nə, mən sadəcə öz-özümə danışıram. O, hələ də gözəl katalanlıya aşiqdir?

– Hədsiz dərəcədə; artıq ora yollandı. Lakin ya mən çox yanılıram, ya da bu tərəfdən onu pis xəbərlər gözləyir.

– Aydın danış.

– Nəyə görə?

– Bu sənin düşündüyündən daha əhəmiyyətlidir. Axı sən Dantesi sevmirsən?

– Mən qürurlu adamları sevmirəm.

– Sən bu katalanlı qız haqqında bildiklərinin hamısını mənə danış.

– Əmin olmadığım heç nəyi deyə bilmərəm, lakin elə şey görmüşəm ki, gələcək kapitanın onlara yolçuluğu zamanı, Qədim Xəstəxananın qarşısında, xoşagəlməz hadisə baş verməsindən qorxuram.

– Nə gördün? Danış görüm.

– Mersedesin hər dəfə şəhərə gəlişi zamanı onu yekəpər, qara gözlü, qırmızı sifət, qara saçlı, hirsli, katalanlı bir oğlan ötürür. Mersedes onu “əmi oğlu” deyə çağırır.

– Doğrudanmı!… Sən bu qardaşın onun arxasınca süründüyünümü düşünürsən?

– Güman edirəm, iyirmi yaşlı o yekəpər oğlanla on yeddi yaşlı gözəl qız arasında başqa nə ola bilər?

– Deyirsən, Dantes Katalana getdi?

– Yanımdan getdi.

– Biz də ora getsək, “Rezerv”də dayanaraq qarşımızda bir qədəh Malqa şərabı ilə xəbərlərdən hali ola bilərik.

– Bəs onları bizə kim çatdıracaq?

– Biz Dantesin yolunun üstündə olacağıq, üzünə baxanda nə baş verdiyini görəcəyik.

– Amma pulu sən ödəyəcəksən, – Kadruss dedi.

– Əlbəttə.

Hər ikisi cəld addımlarla deyilən yerə yollandılar. Meyxanaya gəldikdə bir butulka şərab və iki qədəh gətirməyi tələb etdilər.

Qoca Pamfildən Dantesin on dəqiqə əvvəl meyxananın qabağından keçdiyini öyrəndilər.

Dantesin Katalana getdiyindən əmin olduqdan sonra, budaqları bir sürü quşla dolu çinar və əncir ağaclarının altında oturaraq, quşların yazın ilk aydın günlərdən birinin vəsfini dinləməyə başladılar.

III. KATALANLILAR

İki dostun qurtum-qurtum Malqa şərabı içə-içə qulaqlarını şəkləyib yola baxdıqları yerin, günəş və şimal-qərb küləyinin yandırdığı keçəl təpələrin yüz addımlığında, Katalan kəndi yerləşirdi.

Bir dəfə İspaniyadan bir dəstə naməlum qaçqın yola çıxaraq, bu kiçicik torpağa yan almış, burda yaşamağa başlamışdılar. Bu günədək bu torpaqlarda yaşamağa davam edirlər. Onların gəldiyi yer naməlumdu, tanış olmayan dildə danışırdılar. Provansal dilini bilən rəhbərlərdən biri Marsel şəhərindən, qədim dənizçilərin adətinə uyğun olaraq gəmilərini çıxardıqları burunun səhra hissəsini onların əldə etməsinə icazə verilməsini xahiş etdi. Bu xahişə hörmətlə yanaşıldı və üç aydan sonra bu dəniz qaraçılarını gətirən onlarca gəmi ətrafında kiçik bir kənd meydana gəldi. Bu özünəməxsus və mənzərəli yarı mavritan-yarı ispan yaşayış məntəqəsində indi də öz babalarının dilində danışan adamların törəmələri yaşayırlar. Üç, ya dörd əsr ərzində onlar dəniz quş sürüsü kimi düşdükləri buruna sadiq qalmışdılar; bir az da olsun Marsel əhalisi ilə qaynayıb-qarışmadan öz aralarında ailə quraraq dilləri kimi adət-ənənələrini, öz xalq geyimlərini də bu günə qədər qoruyub saxlamışdılar.

Biz oxucunu ardımızca bu yaşayış məntəqəsinin yeganə küçəsi ilə gəlməsini və evlərdən birinə daxil olmasını xahiş edirik; günəş evin divarlarını çöldən bu diyarın bütün köhnə tikililərində olduğu kimi tökülmüş yarpaqların rənginə boyayıb, içəridən isə rəngsaz fırçaları ispan posadaslarının3 yeganə bəzəyi olan dümağ rənglə bəzədilib.

Qapqara, şəvə saçlı, ahu kimi məxmər gözlü gənc gözəl qız arakəsməyə söykənmiş vəziyyətdə incə, sanki antik cəngavər tərəfindən yonulmuş barmaqları ilə süpürgə kolunun budağını əzirdi; döşəmə tökülmüş gül və yarpaqlarla örtülmüşdü; onun Venera Arlskin əllərinə bənzər dirsəyədək açıq, günəşdən yanmış əlləri həyəcandan titrəyir, dik pəncəli yumşaq ayaqları isə döşəməni səbirsizliklə döyəcləyirdi, onun boz və göy oxlu qırmızı corablarından baldırları görünürdü. Üç addımlıqda dirsəyi ilə köhnə komoda söykənərək oturacaqda yırğalanan iyirmi-iyirmi iki yaşlarında bir qamətli gənc narahat və həsədlə ona baxırdı; onun gözlərində sual var idi, lakin qızın qəti və inadlı baxışı həmsöhbətini ram etmişdi.

– Qulaq as, Mersedes, – gənc dedi, – tezliklə pasxa bayramıdı, əsl toy etmək zamanıdı… Mənə bir cavab ver!

– Fernan, mən sənə bunu yüz dəfələrlə demişəm, bunları təkrar soruşduqca özünə əzab vermiş olursan.

– Onda bir daha təkrar et, təkrar et, inana bilim. Yüzüncü dəfə də olsa, ananın xeyir-dua verdiyi sevgini rədd etdiyini de, məni sağ olmağımla ölməyimin sənin üçün heç bir əhəmiyyət kəsb etmədiyinə inandır. Sən mənim xoşbəxtliyimlə oynayırsan! Aman Tanrım! Mersedes, həyatımın yeganə məqsədi sənin ərin olmaq idi, bunun üçün on il dua etmək, ən sonda isə onu itirmək!

– Ən azından mən sənə belə bir ümid verməmişəm, səni başdan çıxaran da mən deyiləm. – Mersedes cavab verdi. Həmişə səni qardaşım kimi sevdiyimi söyləyib qardaşcasına dostluqdan başqa məndən heç nə gözləməməyini xahiş etmişdim, çünki mənim ürəyim başqasına məxsusdur. Fernan, məgər bunu sənə söyləməmişdimmi?

– Bilirəm, bilirəm, Mersedes, – cavan oğlan söhbəti kəsərək dedi, – bəli, sən mənə qarşı həmişə qəlbimi qıracaq qədər zalım olmusan, lakin unutma, katalanlıların öz aralarında evlənmək haqda müqəddəs qanunları var.

– Fernan, sən səhv edirsən, bu qanun deyil, sadəcə adətdir, vəssalam. İnan mənə, sənin bu adətə əsaslanmağına dəyməz. Fernan, sən artıq püşkünü çəkmisən. Hələ də azadlıqdasansa, bu sadəcə hörmət əlamətidir; bu gün olmasa da, sabah səni hərbi qulluğa çağıra bilərlər. Sən əsgər olduqda atamdan anama, ondan da mənə vərəsə kimi qalmış və içərisində bir az əşya və divardan asılı köhnə balıq toru olan uçuq-salxaq daxmadan başqa heç nəyi olmayan bu zavallı, bəxtsiz, pulsuz, yetim qızla nə edəcəksən? Bir düşün, Fernan, bir ildir anam ölüb, bu müddət ərzində mən demək olar, sədəqə ilə dolanmışam! Bəzən sən özünü görməməzliyə vurursan, guya mən sənə kömək edirəm, bunu səninlə tutulmuş balıqları paylaşmağa ixtiyarım olsun deyə, edirsən, mən isə bunu sən inciməyəsən deyə qəbul edirəm. Çünki bizim atalarımız qardaş olublar, çünki bir yerdə böyümüşük, ən çox da imtina etməyim səni çox sarsıda bilərdi deyə, üzdə razılaşmışam. Lakin sənin mənə verdiyin balıqdan əldə etdiyim pulun və onunla toxumaq üçün aldığım ipin sadəcə sədəqə olduğunu hiss edirəm.

– Mənim üçün nə fərqi var, Mersedes! Sən yazıq və tənha halınla mənim üçün Marseldə yaşayan ən qürurlu, varlı armator və ya ən varlı bankirin qızından daha qiymətlisən. Biz yazıq kasıblara nə lazımdır? Namuslu arvad və yaxşı ev xanımı. Mən səndən yaxşısını hardan tapa bilərəm?

Mersedes başını tovlayaraq cavab verdi:

– Fernan, pis ev xanımı ola bilərsən, lakin ərini deyil, başqasını sevirsənsə, namuslu xanım ola biləcəyinə zəmanət verə bilməzsən. Mənim dostluğuma hörmət et, çünki təkrar edirəm, mənim sənə verə biləcəyim bu doğru sözdən başqa heç nəyim yoxdur, mən isə yalnız yerinə yetirə biləcəyim sözü verə bilirəm.

– Başa düşürəm, – Fernan dedi, – sən öz kasıblığına dözür, mənimkindən isə qorxursan. Mersedes, bunu da bil, məni sevməli olsan, bəxtimi sınayaram. Mənə xoşbəxtlik gətirə bilərsən, varlanaram. Mən balıqçı olmaq istəmirəm; idarə məmuru ola bilərəm, özümə ticarət də qura bilərəm.

– Fernan, bunların heç birini edə bilməzsən; sən əsgərsən, yalnız müharibə olmadığına görə indi Katalandasan. Boşuna saraylar qurma, balıqçı olaraq qal və mənimlə dost olmağın sevincini yaşa. Yoxsa həqiqət sənə düşündüyündən də ağır gələr. Sənə başqa heç nə vəd edə bilmərəm.

– Bəli, haqlısan, Mersedes, dənizçi olacağam; sənin zəhlən getdiyi babamın paltarları yerinə, lak çəkilmiş şlyapa, zolaqlı fufayka, yaxasında lövbər şəkilli düymələri olan gödəkcə geyinəcəyəm. Deyəsən, sənin xoşuna gələ biləcək adam məhz belə geyinməlidir?

Mersedes, sanki meydan oxuyaraq, qürurla ona baxdı:

– Səni başa düşə bilmirəm. Nə demək istəyirsən?

– Təsvir etdiyim geyimdə bir adam gözlədiyin üçün, mənimlə belə sərt və insafsız davrandığını demək istəyirəm. Birdən o gözlədiyin kimsə sadiq deyilsə, ya da o yox, dəniz sabit deyilsə?

– Fernan, mən səni rəhmli adam bilirdim, – Mersedes qışqırdı. – Lakin səhv etmişəm. Qısqanclığına görə Tanrını köməyə çağırırsansa, deməli, zalım bir adamsan! Bəli, mən gizlətmirəm, sənin təsəvvür etdiyin kimi bir adamı sevir və gözləyirəm, lakin gəlməsə belə, onu sadiq olmamaqda qınaya bilmərəm, onun məni sevə-sevə öldüyünü deyərəm.

Katalanlı yumruqlarını qəzəblə sıxdı.

– Fernan, başa düşdüm: səni sevmədiyimə görə, ondan qisas almaq əzmindəsən. Öz katalan bıçağınla onun qılıncına qarşı çıxmaq istəyirsən. Nə etmək olar? Məğlub olsan, mənim dostluğumdan məhrum olacaqsan; qalib gəlsən sənə qarşı dostluğum nifrətə dönəcək. İnan mənə, bir qadına xoş gəlmək üçün onun sevdiyi adamla vuruşmaq heç də yaxşı çarə deyil. Yox, Fernan, sən səfeh işlərə baş qoşmazsan. Sənin arvadın ola bilmirəmsə, mənə dost kimi, bacı kimi baxmağa alışmalısan. Bununla bərabər, – deyə o, ağlar, nəmli gözləri ilə əlavə etdi, – tələsmə. İndicə özün dənizin çox məkrli olduğunu dedin, o gedəli dörd ay olub, bu dörd ayda mən çox qasırğalar keçirmişəm!

Fernan soyuqqanlı halda dayanmışdı, Mersedesin yanaqlarından axan göz yaşlarını silməyə çalışmırdı; bununla belə hər damla göz yaşı üçün qanından bir piyalə verməyə hazır idi. Lakin bu göz yaşları başqası üçün axıdılırdı!

O, durdu, daxmada bir az gəzişib Mersedesin qarşısında dayandı; onun gözləri qığılcım saçırdı, yumruqları düyünlənmişdi.

– Qulaq as, Mersedes, bir daha söylə, bu məsələ həll olunubmu?

– Mən Edmon Dantesi sevirəm, – qız sakitcə cavab verdi, – ondan başqa heç kim mənim ərim olmayacaq.

– Həmişə onu sevəcəksən?

– Ölənə qədər.

Fernan son ümidini itirmiş adam kimi, kədər içində başını aşağı saldı; sonra qəfildən başını qaldırıb dişlərini qıcayaraq soruşdu:

– Birdən o, ölmüş olsa?

– Mən də ölərəm.

– Bəs o səni unutsa?

Qapı arxasından xoş səs eşidildi:

– Mersedes! Mersedes!

Sevincdən və eşqdən özünü itirən qız, özündən asılı olmayaraq çığırdı: – Ah!… Bax görürsən, o, məni unutmayıb, burdadır!

Qız qapıya yürüyüb qışqıraraq onu açdı:

– Bura gəl, Edmon! Mən burdayam!

Fernan, qəfil ilan görmüş yolçu kimi, rəngi qaçmış halda və əsərək geri gedib öz oturacağına dəyərək oturdu.

Edmonla Mersedes bir-birinə sarıldılar. Yandırıcı Marsel günəşi qapının arasından işığını onların üzərinə yağdırırdı. Ətrafda heç nə onların gözünə görünmürdü. Hədsiz sevinc onların hər ikisini bu dünyadan ayırmışdı; hədsiz sevinc ifadə edən və ağrı hiss etdirən rabitəsiz sözlər söyləyirdilər.

Birdən Edmon, yarıqaranlıqdan boylanan Fernanın qəzəbli, ağarmış və hədələyici sifətini gördü; gənc katalanlı qeyri-ixtiyari olaraq əlini belindən sallanan bıçağın üstündə saxlamışdı.

Dantes qaşqabaqlı halda:

– Bağışlayın, burda üç nəfər olduğumuzu hiss etmədim, – dedi. Sonra Mersedesə baxdı: – Bu cənab kimdir?

– Bu cənab sizin ən yaxşı dostunuz olacaq Fernandır, çünki o, mənim dostum, qardaşım və dünyada sizdən sonra, Edmon, ən çox sevdiyim insandır. Məgər onu tanımırsınız?

– Bəli, tanıdım, – Edmon cavab verdi və Mersedesin əlini buraxmadan digər əlini katalanlıya uzatdı.

Lakin Fernan, bu dostcasına atılmış addıma məhəl qoymayaraq, heykəl kimi lal və tərpənmədən donmuşdu.

Bu zaman Edmon titrəməkdə olan Mersedeslə pərt olmuş, qaşqabaqlı və acıqlı görünən Fernana baxdı.

Hər şeyi anlamaq üçün bir baxış kifayət idi. O, qəzəbdən alovlandı:

Mersedes, mən sənin yanına tələsərkən özümə burada düşmən qazanacağımı bilmirdim.

Mersedes qəzəblə əmisi oğluna baxaraq qışqırdı:

– Düşmən ha! Mənim evimdə, məndə düşmən axtarmaq! Belə düşünsəydim, bu evi həmişəlik tərk edərək, sənin qoluna girib Marselə yollanardım.

Fernanın gözlərindən od saçılırdı.

– Mənim Edmonum, sənin başına bir bəla gələrsə, – Mersedes inanılmaz sakit bir tərzdə, Fernanın onun qorxulu düşüncələrinin dərinliyinə girdiyini göstərirmiş kimi davam etdi, – Morjion burnuna qalxıb özümü qayalardan başı aşağı atardım.

Fernanın sifəti ölü sifəti kimi ağarmışdı.

– Lakin səhvin var, Edmon, – deyə Mersedes əlavə etdi, – burada sənin düşmənin yoxdur; burada yalnız mənim qardaşım Fernan var, o, indi sadiq dost kimi səninlə əl sıxacaq.

Sonra Mersedes əmredici baxışını katalanlıya dikdi, o da ovsunlanmış kimi Edmona yaxınlaşaraq əlini ona uzatdı.

Fernanın qəzəbi coşqun, lakin gücsüz dalğalar kimi Mersedesin onun üzərindəki keçinilməz iradəsinə dəyərək, ümidini daha da puç edirdi.

Lakin onun əli Edmonun əlinə dəyər-dəyməz, əlindən gələni etdiyini hiss edib özünü evdən çölə atdı. O, əllərini ovcalayaraq zarıldayırdı: “Fəlakət! Məni bu adamdan kim qurtaracaq! Fəlakət! ”

Kimsə onu səsləyirdi:

– Ey, katalanlı! Ey, Fernan! Hara gedirsən?

Fernan ətrafına baxıb birdən dayandı və ağacların altında masa arxasında oturmuş Kadrussla Danqları gördü.

– Nə üçün yanımıza gəlmirsən? – Kadruss dedi. – Bəlkə elə tələsirsən, heç dostlarınla salamlaşmağa vaxtın da yoxdur?

– Xüsusilə də qabağımızda demək olar, dolu butulka ola-ola. – Danqlar əlavə etdi.

Fernan mənasız-mənasız onlara baxıb heç nə demədi.

Danqlar ayağı ilə Kadrussa toxunub dedi:

– O tamamilə başını itirmiş haldadır. Bəlkə biz səhv edirik, Dantes gözlədiyimizin əksinə olaraq qələbəni bayram edir?

Kadruss:

– İndi hər şeyi öyrənərik, deyib gəncə tərəf döndü. – Hə, katalanlı, bir qərara gələ bilirsən, ya yox?

Fernan üzündəki təri silib köşkə daxil oldu: onun öz kölgəsi deyəsən, az da olsa, həyəcanını azaltdı, burdakı sərinlik isə onun əzgin bədənini canlandırdı. Yorğun halda masa ətrafındakı oturacaqlardan birində oturaraq dedi:

– Salam, siz deyəsən məni çağırırdınız?

Kadruss gülümsəyərək cavab verdi:

– Dəli kimi qaçırdın, birdən özünü dənizə atarsan deyə, qorxub çağırdım. Dostları təkcə şəraba qonaq etmək üçün çağırmırlar, bəzən onları boğulmaqdan xilas etmək də lazım gəlir.

Fernan nəfəsmi alırdı, ağlayırdımı – ayırd etmək mümkün deyildi, amma nəhayət başını əlləri üstünə qoyub masaya yaxınlaşdı.

Kadruss sözünə davam etdi:

– Fernan, bilirsən mən sənə nə deyəcəyəm? – Marağından bütün nəzakət qaydalarını unudaraq sadə adamlar kimi kobud səmimiyyətlə söhbətə başladı. – Bilirsən, sən tərk edilmiş aşiqə bənzəyirsən, – deyib ucadan qəhqəhə çəkdi.

– Xeyr, bu kimi cavanlar sevgidə uğursuzluğa düçar olmaq üçün yaranmayıblar. – Danqlar dedi. – Kadruss, zarafat edirsən?

– Yaxşısı budur, onun necə həsrət çəkdiyinə baxasan. Fernan, bəsdir, burnunu dik tut və bizə cavab ver. Dostlar hal-əhval tutanda onlara cavab verməmək nəzakətsizlikdi.

Fernan yumruqlarını sıxıb, başını qaldırmadan cavab verdi:

– Mən yaxşıyam.

Kadruss dostuna göz vurdu:

– Görürsənmi, Danqlar, məsələ bundadır ki, burada gördüyün Fernan, dürüst və namuslu katalanlı, əla Marsel balıqçılarından biri Mersedes adlı bir gözələ vurulmuşdu, bədbəxtlikdən bu gözəl də deyəsən “Faraon” gəmisinin kapitan köməkçisinə aşiqdir, “Faraon” da bu gün limana döndüyündən… başa düşürsən də?

– Xeyr, başa düşmürəm, – deyə Danqlar cavab verdi.

Kadruss davam etdi:

– Yazıq Fernan, deyəsən, istefaya göndərilib.

Fernan acığını çıxmağa adam axtarırmış kimi başını qaldırdı:

– Nə olsun? Mersedes heç kimdən asılı adam deyil, düzdürmü? Kimi istəsə, sevə bilər.

– Sən bu məsələyə belə baxırsansa, onda başqa məsələ! – Kadruss dedi. – Sənin katalanlı olduğunu düşünürdüm, mənə katalanlıların sevgililəri əllərindən alınan adamlar olmadıqlarını deyiblər, hətta əlavə olaraq Fernanın amansız intiqam alacağını da dedilər.

Fernan kinli-kinli, gülümsədi.

– Sevən insan heç vaxt zalım ola bilməz.

Danqlar ürəkdən yanan adam kimi ona dəstək verdi:

– Zavallı adam! Bəs nə etməli? O, Dantesin bu tezlikdə geri dönə biləcəyini bilmirdi. Dantes ya ölər, ya xəyanət edər, deyib ümid bəsləyirdi, nə bilsin axı? Bu kimi ruhi sarsıntılar gözlənilməz olduğundan adama daha da ağır gəlir.

Dayanmadan şərab içən və artıq keflənməyə başlayan Kadruss dilləndi:

– Necə olmasından asılı olmayaraq Dantes təkcə Fernanın qanını qaraltmır, düzdür Danqlar?

– Düzdür, üstəlik, deyəsən, bu ona yaxşı heç nə vəd etmir.

Kadruss Fernanın qədəhinə şərab süzərək öz qədəhini isə səkkiz, ya onuncu dəfə dolduraraq (bu arada Danqların yalnız dodağının şəraba toxunmaqla kifayətləndiyini qeyd etmək lazımdır) davam etdi, – buna baxmayaraq Dantes gözəl Mersedeslə evlənəcək, azından bunun üçün geri qayıdıb.

Bütün bu müddət ərzində Danqlar iti, kəskin baxışlarla Fernanı izləyərək Kadrussun sözlərinin güllə kimi ürəyinə dəydiyini görürdü.

– Bəs toy nə zamandı? – Danqlar soruşdu.

– O! Məsələ hələ o yerə gəlib çıxmayıb, – Fernan pıçıltı ilə dedi.

Kadruss:

– Bəli, – dedi, – amma çatacaq. Bu da Dantesin “Faraon” gəmisinin kapitanı olacağı qədər doğrudur. Düzdür, Danqlar?

Danqlar gözlənilməz sualdan diksinərək Kadrussa tərəf dönüb diqqətlə ona baxdı, sanki bu sözlərin qərəzli olub-olmadığını bilmək istəyirdi, lakin Kadrussun sərxoş sifətində hiddətdən başqa heç bir ifadə görə bilmədi. O, qədəhləri doldurdu:

– Beləliklə, gəlin badələrimizi gözəl katalanlının əri kapitan Edmon Dantesin şərəfinə qaldıraq!

Kadruss haldan düşmüş əli ilə stəkanı dodağına aparıb bir nəfəsə onu boşaltdı. Fernan isə qədəhi qaparaq yerə vurub çilik-çilik etdi.

– Dayanın, – Kadruss dedi. – Katalandan gələn yolun üzərindəki təpənin üstündəki nədir? Fernan, sənin gözün itidir, bir bax görüm. Mənim gözüm iki görür. Sən bilirsən, şərab satqın şeydir. Sanki iki sevgili əl-ələ, yan-yana gəlirlər. Ah, Tanrım! Onları gördüyümüzü zənn etməyərək öpüşürlər!

Fernanın hər bir hərəkətini izləyən Danqlar onun üzünün hiss ediləcək dərəcədə gərildiyini gördü.

– Siz onları tanıyırsınızmı, Fernan? – deyə soruşdu.

– Bəli, – deyə o, boğunuq səslə cavab verdi, – bu Edmonla Mersedesdir.

– Aha! Belə de! – Kadruss dedi. – Mən onları tanımadım. Ey, Dantes! Ey, gözəl! Bura gəlin, söyləyin görək tezliklə toy olacaqmı? Fernan çox inadkardır, demək istəmir.

Danqlar sanki inadcıl sərxoşu köşkdən çıxmağa mane olan adam kimi Kadrussu dayandırıb sözünü kəsdi:

– Səsini kəsəcəksən, ya yox? – Ayaq üstə möhkəm dur, sevgililəri də rahat burax. Fernandan nümunə götür: o, hər halda soyuqqanlıdır.

Ola bilsin, Danqlar tərəfindən qızışdırılan Fernan, kəl kimi dözə bilməyərək rəqibinin üzərinə atılmağa hazır idi. Lakin şən və azad Mersedes başını qaldırıb nurlu baxışı ilə hamını süzdü. Fernan onun: “Edmon ölərsə, mən də ölərəm” – deyə hədə-qorxusunu yada salıb taqətsiz halda oturdu, şərabdan məst və sevgidən məğlub olmuş halda həmsöhbətlərinə baxdı.

– Qorxuram ki, mən bu sərsəmlərdən heç nə ala bilməyəm, deyəsən sərxoş və qorxaq adamlara rast gəlmişəm. Bu, paxıl adam acıqlanmaq və hirslənmək yerinə şərabdan doymaq bilmir, digər qanmazın, gicin burnunun dibindən sevgilisin aparırlar, uşaq kimi ağlayıb şikayət etməkdən başqa heç nə bilmir. Amma, bununla bərabər onun da öz uğrunda məharətlə qisas almağı bacaran ispanlar, siciliyalılar və kalabriyalılar kimi qığılcım saçan gözləri, öküz başını əzməyə qadir yumruqları var. Xoşbəxtlik Edmonun tərəfindədir, mən işə qarışmasam o, bu gözəllə evlənər və kapitan bizim hamımızı məsxərəyə qoyar… – acı gülüş Danqların dodaqlarını əydi.

Kadruss yumruqlarını masaya dirəyərək ayağa qalxıb qışqırmağa davam edirdi.

– Ey, Edmon! Dostlarını görmürsənmi, yoxsa elə lovğalanırsan ki, heç onlarla danışmaq da istəmirsən?

Dantes cavab verdi:

– Xeyr, əzizim Kadruss, mən sadəcə xoşbəxtəm, xoşbəxtlik isə, görünür, adamı lovğalıqdan çox kor edir.

– Bu da bir işdi, – Kadruss dedi. – Bu gözəl izah oldu! Salam, xanım Dantes!

Xanım Mersedes nəzakətlə baş əydi:

– Mənə hələlik belə müraciət etmirlər, bizim adətə görə, qızı ərə getməmiş ərinin soy adı ilə çağırmaq bəla gətirə bilər; odur ki, xahiş edirəm, məni Mersedes deyə çağırasınız.

– Qonşu Kadruss o dərəcədə də günahkar deyil, – Dantes dedi, – o, azacıq səhv edib!

Danqlar gənc cütlüklə sağollaşaraq soruşdu:

– Deməli, toy tezliklə olacaq?

– Bacara bildiyimiz qədər tez olacaq. Bu gün atamgildə söz alma, sabah, ya biri gün burada “Rezerv”də nişanlanma ilə bağlı nahar veriləcək. Dostların hamısının gələcəyinə əminəm, yəni, cənab Danqlar, siz də yeməyə dəvətlisiniz; Kadruss, səni də yeməyə gözləyirlər.

Kadruss sərxoş gülüşü ilə soruşdu:

– Bəs Fernan? Fernan da iştirak edəcək?

– Arvadımın qardaşı, mənim qardaşım olur, o, belə bir məqamda bizimlə olmasa hər ikimiz dərindən kədərlənərik, – Edmon dedi.

Fernan cavab vermək istədi, lakin səsi boğazına tıxanaraq ona bir kəlmə deməyə belə imkan vermədi.

– Bu gün söz alma… sabah və o biri gün nişan… lənət olsun, siz çox tələsirsiniz kapitan!

Edmon gülümsəyərək cavab verdi:

– İndicə Mersedesin Kadrussa dediyini mən də sizə deyəcəyəm, Danqlar: məni hələlik təqdim olunmayan rütbə ilə çağırmayın, bu mənə bəla gətirə bilər.

– Üzr istəyirəm, – Danqlar cavab verdi, – mən yalnız çox tələsdiyinizi deyirəm. Axı bizim istədiyimiz qədər vaxtımız var: “Faraon” dənizə üç aydan tez çıxmayacaq.

– Cənab Danqlar, həmişə xoşbəxt olmağa tələsirsiniz, kim çox əzab çəkibsə, öz xoşbəxtliyinə çətin inanır. Lakin bu təkcə heysiyyat demək deyil, sabah mən Parisə getməliyəm.

– Belə de! Parisə! Siz ora ilk dəfə gedirsiniz?

– Bəli

– Orda işiniz var?

– Mənim deyil: bizim zavallı kapitan Leklerin tapşırığını yerinə yetirmək lazımdır. Başa düşürsünüz, Danqlar, bu müqəddəs işdir. Lakin narahat olmayın, mən ora gedib-qayıdacağam.

– Bəli, bəli, başa düşdüm, – Danqlar ucadan dedi. Sonra ürəyində əlavə etdi: “Parisə getmək, marşalın verdiyi məktubu ünvanına çatdırmaq, lənətə gələsən! Bu məktub mənə yeni bir fikir verir. Hə, Dantes, mənim dostum! Sən hələlik “Faraon” gəmi reyestrində birinci nömrə altında qeydə alınmamısan!” O, uzaqlaşan Edmonun arxasınca çığırdı: – Yaxşı yol!

Edmon çiyni üzərindən başını dostcasına yelləyərək cavab verdi:

– Təşəkkür edirəm.

Sevgililər göylərin seçdiyi cütlük kimi sakit və xoşbəxt halda yollarına davam etdilər.

IV. SUİ-QƏSD

Danqlar, Edmonla Mersedesi müqəddəs Nikolay istehkamının arxasında gözdən itənədək izləyib, yenidən öz badə yoldaşlarının yanına döndü. Fernan ağarmış və titrək vəziyyətdə tərpənmədən oturmuşdu. Kadruss isə hansısa masa başında oxunan mahnının sözlərini mırıldayırdı. Danqlar Fernana dedi:

– Mənə elə gəlir, bu toy hamıya xeyir vəd etmir.

Fernan cavab verdi:

– O, məni ümidsiz vəziyyətə salır.

– Siz Mersedesi sevirsiniz?

– Mən onu həddindən artıq çox sevirəm.

– Çoxdan?

– Bir-birimizi tanıdığımız vaxtdan; həyatım boyu onu sevmişəm.

– Ona görə də dərdinizə əlac axtarmaq yerinə burada oturub saçlarınızı yolursunuz! Lənətə gələsən! Mən katalanlılarda belə olmadığını düşünürdüm.

– Bəs sizcə nə etməliyəm? – Fernan soruşdu.

Mən hardan bilim? Məgər bu mənim işimdir? Deyəsən, mademuazel Mersedesə aşiq olan mən deyiləm, siz isə “İncil”də deyildiyi kimi, Tanrıya güvənin, özü də səhv etməyin.

Bəlkə də tapmışdım.

Məhz nəyi tapmışdın?

Onu xəncərlə vurmaq istəyirdim, lakin Mersedes ona bir şey olarsa, özünü öldürəcəyini dedi.

Boşlayın! Bu kimi sözlər deyilər, amma əməl edilməz.

Siz Mersedesi tanımırsınız. O hədələdisə, deməli, yerinə yetirəcək.

– Gicbəsər! – Danqlar pıçıltı ilə dedi. – Qoy özünü öldürsün, mənə nə dəxli var, təki Dantes kapitan olmasın.

Fernan qətiyyətlə davam etdi:

– Lakin mən Mersedesdən əvvəl ölərəm.

Kadruss sərxoş səsi ilə bağırdı:

– Bax, budur sevgi! Buna əsl sevgi deyərlər, ya da mən bu işdən heç nə anlamıram!

Danqlar dedi:

– Mənə baxın, lənətə gəlsin, fikrimcə bu vəziyyətdə mən sizə kömək etməliyəm…

Kadruss onun sözünə qüvvət olaraq nəsə deməyə çalışdı:

– Hə, de.

Danqlar onun sözünü kəsdi:

– Əzizim, sən, demək olar, tamamilə sərxoşsan, butulkanı sonadək içsən tamamilə hazır olacaqsan. İç və bizim işlərə qarışma. Bizim işlər üçün açıq zehinli baş lazımdır.

– Sərxoş mənəm? – Kadruss bağırdı. – Buna bax! Mən dörd belə butulka içərəm: bu ki odekolon şüşəsidir! Pamfil ata, şərab ver!

Kadruss stəkanla masanı döyəcləməyə başladı. Həsrətlə yarımçıq qalmış ifadənin sonunu gözləyən Fernan Danqlara dedi:

– Deməli, siz deyirsiniz ki…

– Mən artıq nə dediyimi xatırlamıram. Bu əyyaş bütün fikrimi qarışdırdı.

– Nə deyirəm, qoy belə olsun, əyyaş; şərabdan ehtiyat edənlər üçün bu daha qorxuludur; onlar bəd fikrə sahibdirlər, şərab onları ələ verər deyə, qorxurlar.

Kadruss, o zamanlar çox dəbdə olan mahnını oxumağa başladı:

Bütün yaramazlar içən olurlar

Bunu təsdiqləyir sellər, daşqınlar.

Fernan davam etdi:

– Siz mənim dərdimə kömək etmək istəyirdiniz, sonra da əlavə etdiniz…

– Bəli, lakin sizin dərdinizə kömək etmək üçün Dantesin sevdiyiniz qızla evlənməsinə mane olmaq lazımdır, məncə o, ölməsə də toyu asanlıqla saxlamaq olar.

– Onları ancaq ölüm ayıra bilər, – Fernan dedi.

Kadruss onun sözünü kəsdi:

– Əzizim, siz dəniz ilbizi kimi fikir yürüdürsünüz, Danqlar isə hiyləgərdir, ağıllıdır, alimdir. Səhv etdiyinizi sübut edəcək. Danqlar, sübut et. Mən sənin əvəzindən söz verdim. İndi sübut et ki, ölməsi lazım deyil; əgər Dantes ölsə, heyf olar. Mən Dantesi sevirəm, o, yaxşı adamdır. Dantes, sənin şərəfinə!

Fernan, dilxor halda əlini yellədərək, masadan qalxdı.

Danqlar katalanlıdan tutdu:

– Ona fikir vermə, sərxoş olsa da, həqiqətə daha yaxındı. Ayrılıq, adamı ölümdən heç də pis ayırmır, Mersedeslə Dantes arasında bir həbsxana divarının mövcudluğunu təsəvvür edin. O, onları qəbir daşı kimi birdəfəlik ayırmağa qadirdir.

Kadruss bütün fikrini toplayaraq söhbətə müdaxilə etdi:

– Bəli, lakin həbsxanadan çıxırlar, bu adamın adı Edmon Dantesdirsə və o, həbsxanadan azad olunsa, hökmən qisas alacaq.

– Olsun! – Fernan pıçıldadı.

Kadruss xatırlatdı:

– Bəs Dantes nəyə görə həbsxanaya salınacaq? Qətl törətməyib, oğurlamayıb, doğramayıb…

Danqlar onun sözünü yarımçıq qoydu:

– Səsini kəs!

– Kəsmirəm! İstəyirəm Dantesi nəyə görə həbs etmək istədiklərini desinlər. Mən Dantesi sevirəm. Sənin şərəfinə Dantes! – O daha bir qədəh şərab boşaltdı.

Danqlar, dərzinin tamamilə xumarlanmış gözlərinə baxıb Fernana tərəf döndü:

– İndi başa düşdünüz ki, onu öldürməyə çox da ehtiyac yoxdur? Dediyiniz kimi, Dantesi həbsxanaya salmaq üçün belə bir səbəb varsa, onda əlbəttə lazım deyil. Lakin hardadı belə bir səbəb?

Danqlar dedi:

– Yaxşı axtarsan belə bir səbəb tapılar. Bir də, nəyə görə bu işə qarışıram? Axı bu işin mənə heç bir dəxli yoxdur.

Fernan onun əlindən tutaraq bağırdı:

– Bilmirəm sizə dəxli var, ya yox, amma bilirəm ki, Dantesə nifrət etmək üçün öz səbəbiniz var. Kim nifrət edirsə, başqalarının hisslərindən də başı çıxır.

– Dantesə nifrət etmək üçün mənə bir səbəb deyə bilərsinizmi? Sizi əmin edirəm, heç bir səbəb yoxdu. Gördüm ki, dərdlisiniz, xoşbəxt deyilsiniz və dərdiniz məndə sizə kömək etmə hissi oyatdı, vəssalam. Lakin, əzizim, əgər özüm üçün çalışdığımı düşünürsünüzsə, salamat qalın və bu bəladan necə bacarırsınızsa, elə də çıxın.

Danqlar özünü qalxmaq istəyən adam kimi göstərdi.

Fernan onu tutub saxladı:

– Xeyir, qalın! Dantesə nifrət edib-etməməyinizin mənim üçün nə fərqi var? Ona nifrət edirəm, bunu da gizlətmirəm. Bir əlac tapın. Mən hər işi yerinə yetirərəm; yalnız ölüm olmasın, çünki Mersedes dedi ki, Dantes öldürülürsə, o da ölər.

Kadruss başını masadan qaldırıb ağır və mənasız baxışlarla Fernan ilə Danqlara baxdı:

– Dantesi öldürəcəklər! Dantesi kim öldürməyə hazırlaşır? Bunu istəmirəm. O, mənim dostumdur, hələ bu səhər elə o da pullarını mənimlə bölüşmək istəyirdi. İstəmirəm ki, Dantesi öldürsünlər!

Danqlar onun sözünü yarımçıq kəsərək dedi:

– Səfeh, sənə kim deyir ki, onu öldürmək istəyirlər! Biz sadəcə zarafat edirik. – Danqlar Kadrussun qədəhini dolduraraq davam etdi, – Dantesin salığına iç və bizi rahat burax.

Kadruss şərabı içərək dedi:

– Bəli, bəli, Dantesin şərəfinə! Onun sağlığına!… Onun sağlığına!… Bax belə!…

Fernan yenə soruşdu:

– Bəs səbəb… əlac?…

– Siz hələ onu tapmamısınız?

– Xeyr, lakin bu işə özünüz başladınız…

Danqlar dedi:

– Düzdür. Fransızların ispanlardan fərqi budur, ispanlar ətraflı düşünür, fransızlar isə düşünüb tapırlar.

Fernan səbirsiz halda bağırdı:

– Elə isə düşünün, tapın!

Danqlar bağırdı:

– Qulluqçu! Kağız, mürəkkəb və lələk gətir!

Fernan donquldandı:

– Kağız, mürəkkəb, lələk?

– Bəli, mən hesabdaram: kağız, mürəkkəb və lələk mənim silahımdır, onlarsız heç nə edə bilmərəm.

Fernan da:

– Kağız, mürəkkəb və lələk, – deyib qışqırdı.

Aşxana qulluqçusu əli ilə işarə etdi:

– O masadadır!

– Elə isə bura ver.

Qulluqçu kağız, mürəkkəb və lələyi götürüb onlara verdi.

Kadruss əli ilə kağıza vurdu:

– Adamı meşə kənarında gözləyib qətlə yetirməkdənsə, bununla öldürmək daha etibarlıdır! Nahaq yerə qılınc və tapançadan çox kağız, mürəkkəb və lələkdən qorxmuram.

Danqlar ona işarəylə:

– Deyəsən bu təlxək o qədər də sərxoş deyil, – dedi. – Fernan buna bir az da süz.

Fernan Kadrussun qədəhini doldurdu, o isə əsl əyyaşlar kimi əlini kağızdan çəkib şəraba uzatdı.

Katalanlı Kadrussun yenidən bir nəfəsə içməsini və qədəhini masanın üzərinə qoymasını, daha doğrusu əlindən salmasını gözlədi.

Kadrussun olub-qalan ağlının bu qədəhə qərq olduğunu görən katalanlı dedi:

– Beləliklə?

Danqlar davam etdi:

– Misal üçün Dantesin Neapola və Elba adasına etdiyi gəmi səfəri haqda kral prokuroruna onun Bonapartın agenti olması kimi bir xəbər çatdırılsa…

Katalanlı dərhal ucadan cavab verdi:

– Mən çatdıraram!

– Yaxşı, lakin siz həmin məlumatı imzalamalısınız, üstəlik məlumat verdiyiniz adamla üzləşdiriləcəksiniz. Əlbəttə, sizə Dantesi təqsirləndirmək üçün lazımi dəstəyi verəcəyəm. Lakin Dantes həbsxanada ömürlük qalmayacaq. Azad olandan sonra isə vay onu ora salanın halına!

– Mənə ancaq onun mənimlə mübahisə etməsi lazımdır.

– Bəs Mersedes? Sevgilisi Edmona barmağınızla belə toxunsanız Mersedes sizə qənim kəsiləcək!

– Bu doğrudur, – Fernan dedi.

Danqlar davam etdi:

– Yox, yox, belə bir işə qərar verəcəksinizsə, ən yaxşısı lələyi mürəkkəbə batırıb tanınmasın deyə, sol əllə belə bir məzmunda kiçik məlumat yazmaq kifayətdir.

Danqlar məsləhətlərinə misallar əlavə edərək, sol əli ilə əyri-üyrü hərflərlə adi xəttinə heç bənzəməyən sənədi yazıb Fernana verdi.

Fernan alçaq səslə oxudu:

“Taxt-tac tərəfdarı və inamlısı cənab kral prokurorunu xəbərdar edirəm ki, “Faraon” gəmisinin kapitan köməkçisi bu gün Neapol və Porto-Ferrayoya daxil olmaqla Smirnadan dönən Edmon Dantes Müratdan qəsbkara və qəsbkardan Parisdəki, Bonapart komitəsinə məktub çatdırmaq üçün seçilib.

Saxlanılarsa onu ələ verən məktub özündə, atasında, ya da şəxsi kayutunda ola bilər”.

– Bax belə, – Danqlar dedi, – bu bir işə yaradı, çünki belə bir xəbər sizin özünüzə qarşı çevrilə bilməz, hər şey isə qaydasında gedər. Yerdə qalır məktubu bu şəkildə büküb ünvanını yazmaq: “Cənab kral prokuroruna”. Bununla da bütün işlər qaydasına düşmüş olar.

Danqlar istehza ilə gülərək ünvanı yazdı.

Kadruss bütün qüvvəsini toplayıb məktubu dinlədi və qeyri-iradi olaraq hiss etdi ki, bu kimi xəbərlərin necə ağır nəticələri ola bilər; o, var gücü ilə:

– Bəli, hər şey bitdi, – deyə qışqırdı, – lakin bu çox əclafcasına oldu! – Məktubu götürmək üçün əlini uzatdı.

Danqlar məktubu ondan araladı:

– Məhz buna görə də, nə desəm, nə etsəm, hamısı zarafatdır, bizim sevimli Dantesə bir şey olarsa, ən birinci kədərlənən mən olaram. Belə!

O məktubu götürüb əzdi və köşkün küncünə atdı.

Kadruss dedi:

– Bax belə! Dantes mənim dostumdur, ona zərər dəyməsini istəmirəm.

– Danqlar ayağa qalxıb, altdan-altdan küncə atılmış kağıza baxıb katalanlıya tərəf döndü:

– Axı kim ona zərər verməyi düşünür? Dəqiq desək, nə mən, nə də Fernan!

– Onda, – deyə Kadruss davam etdi, – yenə şərab gəlsin! Mən gözəl Mersedes və Edmonun şərəfinə içmək istəyirəm.

Danqlar dedi:

– Əyyaş, sən onsuz da artıqlaması ilə içmisən, bir az da içsən burada yatmalı olacaqsan, çünki artıq ayaq üstə dura bilmirsən.

Kadruss sərxoş lovğalıqla qalxaraq dedi:

– Mən? Mən ayaq üstə dura bilmirəm? Mərc gələrəm ki, səndələmədən Akkul zəng qülləsinə qalxaram.

Danqlar onun sözünü kəsdi:

– Yaxşı, ancaq sabah mərc gələrik. Bu gün artıq evə getmək vaxtıdır. Əlini mənə ver, gedək.

– Gedək, – Kadruss cavab verdi, – lakin sənin əlinə ehtiyacım yoxdur. Fernan, sən necə gedirsən? Bizimlə Marselə gedirsən?

– Xeyr mən evə, Katalana gedəcəyəm.

– Nahaq yerə; gedək bizimlə Marselə, gedək.

– Ora getmək istəmirəm, Marseldə nə işim var.

– Necə dedin? İstəmirsən? Yaxşı, necə istəyirsən! Azadsan, sərbəst qal… Danqlar, gedək, bu cənab isə istəyirsə, qoy Katalana getsin.

Danqlar, Kadrussun etiraz etmədiyini görüb, onu Marselə gedən yola çıxartdı. Lakin Fernana kəsə yol qalsın deyə, Riv-Nev sahil boyu deyil, Sen-Viktor darvazasına tərəf yollandı. Kadruss isə onun əlinə söykənərək dalınca gedirdi.

İyirmi addım getməmiş, Danqlar dönüb gördü ki, Fernan əzilmiş kağızın üzərinə tullanıb onu götürdü və köşkdən çıxaraq şəhərə tərəf qaçdı.

Kadruss dedi:

– O, nə edir? Yalandan Katalana gedəcəyini deyib indi şəhərə qaçır. Ey, Fernan! Dostum, sən düz getmirsən!

Danqlar onun sözün kəsdi:

– Sənin gözlərin torlanıb, o, düz Köhnə Xəstəxanaya tərəf gedir.

– Doğrudan? Mən and içərəm ki, o, sağa döndü… Düz deyirlər, şərab adamı güdaza verər.

Danqlar:

– Deyəsən işlər təkərə düşüb, indi hər şey qaydasındadır, – deyə pıçıldadı.

V. NİKAH

Sabahısı gün isti və aydındı. Günəş şəffaf və parıltılı idi, onun ilk al-qırmızı şüaları dalğaların daraq dişli köpüklərini sanki yaquta boyamışdı.

Ziyafət artıq köşkündən tanıdığımız “Rezerv”in ikinci mərtəbəsində təşkil edilmişdi. Bu altı pəncərəli böyük bir salon idi və (ancaq yaradana məlum bir səbəbdən) hər pəncərənin başında, Fransanın ən böyük şəhərlərindən birinin adı yazılmışdı.

Pəncərələr boyunca, binanın özü kimi taxtadan qalereya uzanırdı.

Ziyafət günortaya təyin edilsə də, səbirsiz qonaqlar saat on birdən qalereyada gəzişməyə başlamışlar. Onlar “Faraon”dan olan dənizçilər və Dantesin bir neçə əsgər dostları idi. Bəylə gəlinə hörmət əlaməti olaraq, qonaqlar təmtəraqlı geyinmişdilər.

Qonaqlar arasında ziyafətə “Faraon”un sahiblərinin də təşrif buyuracaqları barədə şayiə dolaşırdı, lakin bu təklif Dantes üçün çox böyük bir şərəf olduğundan heç kim inana bilmirdi.

Kadrussla birlikdə gələn Danqlar bu xəbəri bir daha təsdiq etdi. Bu sabah cənab Morreli görmüş və cənab Morrel ona naharı “Rezerv”də edəcəyini demişdi.

Doğrudan da bir neçə dəqiqədən sonra Morrel salona daxil oldu. Dənizçilər onu gurultulu alqışlarla qarşıladılar. Onlar armatorun iştirakını Dantesin kapitan təyin ediləcəyi haqdakı şayiələrin təsdiqi kimi qiymətləndirirdilər. Dənizçilər Dantesi çox sevirdilər, sahibkarın seçimi onların arzuları ilə üst-üstə düşdüyünə görə öz təşəkkürlərini bildirirdilər. Cənab Morrel içəri girər-girməz, Danqlarla Kadruss hamının istəyi ilə onların sevincinə səbəb olmuş armatorun gəlişini xəbər vermək və tələsdirmək üçün bəyin yanına göndərildilər.

Danqlarla Kadruss qaçaraq getdilər, lakin yüz addım getməmiş bəy və gəlinlə qarşılaşdılar.

Gəlini, dörd katalanlı qız, Mersedesin rəfiqələri müşayiət edirdi; Edmon isə onunla qol-qola gedirdi. Gəlinin yanında yaşlı Dantes, arxada isə Fernan irəliləyirdi. Qəzəbli gülüş onun dodaqlarının sıxılmasına səbəb olmuşdu.

Bu gülüşü nə Mersedes, nə də Edmon hiss edirdi. Onlar elə xoşbəxt idilər ki, yalnız özlərini və sanki onlara xeyir-dua verən buludsuz açıq səmanı görürdülər.

Danqlar və Kadruss onlara verilən tapşırığı yerinə yetirdilər; sonra Edmonun əlini möhkəm və dostcasına sıxıb öz yerlərinə – Danqlar Fernanın, Kadruss isə hamının diqqət obyektinə çevrilən yaşlı Dantesin yanına keçdilər.

Yaşlı Dantes cilalanmış polad düyməli ipək kaftanını geymişdi. Onun arıq, lakin qüvvətli əzələlərə malik ayaqları bir verstdən ingilis qaçaqmalçılığından xəbər verən kağız corablar içində idi. Üçbucaq şlyapasından bir dəstə bağlanmış ağ və göy rəngli lent sallanırdı. O başı yuxarı əyilmiş, antik əsaya bənzər burma əsaya söykənmişdi. Bir sözlə, yaşlı Dantes 1796-cı ildə yeni açılmış Lüksemburq və Tüilriysk saray bağlarında gəzişən modabazlardan heç də fərqlənmirdi.

Dediyimiz kimi, Kadruss ona qoşuldu, o, gözəl nahar ümidi ilə Danteslə tamamilə barışmış, onun yaddaşında ötən gündən yalnız gecə gördüyü yuxunun tozanaq kölgəsi kimi bulanıq xatirələr qalmışdı.

Danqlar Fernana yaxınlaşaraq diqqətlə incimiş aşiqə baxdı. Fernan, öz eşqinə aludə olmuş və Edmondan başqa heç kəsi görməyən Mersedes tərəfindən tamamilə unudulmuş halda gələcək ər-arvadın arxasınca gedərək gah qızarır, gah da saralırdı.

Vaxtaşırı Marselə tərəf baxırdı, bu zaman özündən asılı olmayaraq diksinirdi. Adama elə gəlirdi ki, Fernan, hansısa bir mühüm xəbər gözləyir və ya hansısa hadisənin gedişindən əvvəlcədən xəbərdardır.

Dantes sadə geyimdə idi. Ticarət gəmisində qulluq edən Dantes, hərbi geyimlə mülki geyim arasında olan bir paltar geyinmişdi və onun sevincdən parlayan sifəti bu geyimdə çox yaraşıqlı görsənirdi.

Mersedes qara gözləri və mərcan dodaqları ilə Kipr və yaxud Xioss yunan qızları kimi gözəl görünürdü. O, yunan, ya da Kipr gözəlləri kimi azad və sərbəst addımlarla irəliləyirdi. Şəhərli qız öz sevincini, heç olmazsa duvaq və ya ən azı məxməri kirpikləri altında gizlədərdi, lakin Mersedes gülərək ətrafdakılara baxır, onun gülüşü, baxışı, dodaqların deyə biləcəyi qədər açıq-aşkar şəkildə: “Siz mənə dostsunuzsa, onda mənimlə bərabər sevinin, çünki mən doğrudan da xoşbəxtəm!” – deyirdi.

Bəy, gəlin və onları müşayiət edənlər “Rezerv”ə yaxınlaşdıqda, əsgər və dənizçilərlə əhatə olunmuş Morrel, Dantesə verdiyi sözü, mərhum Leklerin yerinə onu kapitan təyin edəcəyini təkrar edə-edə onları qarşıladı. Dantes onu gördükdə Mersedesin əlini buraxıb yerini cənab Morrelə verdi. Armator, gəlinlə bərabər qonaqlara nümunə olaraq pillələrlə yeməkxanaya doğru qalxmağa başladı, beş dəqiqə boyunca qonaqların ağır addımları altında pillələr cırıldamağa davam etdi.

Mersedes masanın tam ortasında dayanaraq dedi:

– Atacan, siz mənim sağ tərəfimə əyləşin, – sonra o səsinə məlahət verərək əlavə etdi, – sol tərəfimdə isə qardaş əvəzi olan şəxs oturacaq.

Onun səsindəki bu məlahət Fernanın ürəyinə xəncər kimi saplandı. Onun dodaqları göyərdi və günəşdən yanmış dərisinin altından qanın sifətindən ürəyinə necə sızması göründü.

Dantes cənab Morrellə Danqları öz yanına əyləşdirdi: birincisini sağ, ikincisini isə sol tərəfinə; sonra digərlərinə əli ilə işarə edərək istədikləri şəkildə oturmağa dəvət etdi.

Artıq ləpələrin sahilə vurduğu və şükürlü balıqçıların ümumilikdə “dəniz məhsulları” adlandırdıqları, zərif, dadlı dəniz xərçəngləri, gül rəngli balıqqulağı venerkalar, yeyilən dəniz ilbizləri, “zirehli geyim” içində latlar və s., ətirli aral kolbasaları masanın ətrafını bürüyərək “dolanmağa” başlamışdı.

Yaşlı Dantes restoranın sahibi tərəfindən gətirilən və Mersedesin qarşısına qoyulmuş sarı rəngli topaz çaxırından qurtum-qurtum içə-içə:

– Necə də sakitlikdir! – dedi. – Kim deyə bilər ki, burada zarafat etməyə hazır otuz adam toplaşıb?

Kadruss:

– Adaxlı həmişə xürrəm olmur, – deyə qeyd etdi…

– Bəli, – deyə Edmon dəstək verdi. – Mən şadam ki, xoşbəxtəm. Qonşu, əgər siz bunu demək istəyirsinizsə, tamamilə haqlısınız. Xoşbəxtlik bəzən qəribə təsirə malik olur, o da adama kədər kimi əzab verir.

Danqlar Fernana baxdı, onun qəlbindəki hər bir tərpəniş üzündə əks olunurdu.

Danqlar soruşdu:

– Siz nədənsə qorxursuz? Mənə elə gəlir, əksinə, sizin bütün arzularınız yerinə yetir.

– Məni qorxudan da elə budur, – Dantes cavab verdi. – Mənə elə gəlir, insan belə asan xoşbəxtlik üçün yaradılmayıb! Xoşbəxtlik, qapılarını əjdahalar qoruyan əfsanəvi saraya bənzər. Oranı zəbt etmək üçün şiddətli mübarizə aparmaq lazımdır. Düzünü desəm, Mersedesin əri olmaq xoşbəxtliyini necə əldə etdiyimi bilmirəm.

Kadruss gülərək dedi:

– Əri!… Kapitan, hələ yox; çalış özünü ər yerinə qoyasan, onda səni necə qəbul etdiklərini görərsən.

Mersedes qızardı.

Hər kiçik səs gəldikdə, Fernan yerində qurcalanır və dolu yağışının ilk damlaları kimi alnına çıxan təri silirdi.

Edmon Kadrussa dedi:

– Hər xırda-xuruş şey üstə mübahisə etməyə dəyməz. Bu düzdür, Mersedes hələlik mənim arvadım deyil… – O saatına baxdı. – Lakin saat yarımdan sonra olacaq!

Geniş təbəssümlə hələ də möhkəm olan dişlərini göstərən qoca Dantesdən başqa hamı sevincdən qışqırdı. Mersedes də gülümsədi, lakin bu dəfə qızarmadı. Fernan narahat halda bıçağının dəstəyinə əl atdı.

Danqlar rəngi qaçmış halda dedi:

– Saat yarımdan sonra! Necə yəni?

Dantes dedi:

– Bəli, mənim dostlarım, cənab Morrelin səyi nəticəsində, atamdan sonra hamıdan çox ona borcluyam, bütün maneələr dəf edilib. Biz elansız ötüşmək üçün artıq ianə işini də həll etmişik, saat üçün yarısında Marsel meri bələdiyyə binasında bizi gözləyəcək. Gördüyünüz kimi ikiyə on beş dəqiqə işləyib, bir saat otuz dəqiqədən sonra Mersedesin artıq xanım Dantes deyə çağırılacağını desəm, heç də səhv etmiş olmuram.

Fernan gözlərini yumdu: alovlu duman onun göz qapaqlarını yandırdı; yıxılmamaq üçün masaya söykəndi və bütün cəhdlərinə baxmayaraq qonaqların səs-küyü və qəhqəhəsi içində yox olan zarıltısını saxlaya bilmədi.

Yaşlı Dantes dedi:

– Buna deyərəm iş! Bu vaxtı itirməmək deməkdir! Dünən səhər gəlib, bu gün saat üçdə isə artıq evlisən! Yalnız dənizçilər belə edə bilərlər!

Danqlar tərəddüdlə dedi:

– Müxtəlif rəsmiyyətçilik var, müqavilə, kağızlar…

Dantes gülərək əlavə etdi:

– Müqavilə! Müqavilə hazırdır. Mersedesin heç nəyi yoxdur, mənim də həmçinin! Nəyimiz varsa ümumidir… Bunu qeydə almaq o qədər də vaxt aparmaz, həm də ucuz başa gəlir.

Bu zarafat yeni qəhqəhə və alqışa səbəb oldu.

Danqlar dedi:

– Deməli biz nişanda yox, sadəcə toydayıq.

Edmon etiraz etdi:

– Yox, sakit olun siz heç nə itirmirsiniz. Sabah səhər mən Parisə gedirəm. Dörd gün ora, dörd gün geri qayıtmağım, bir gün də verilən tapşırığın icra olunması, doqquzu martda burada olaram, onunda isə əsl toy ziyafəti olar.

Yeni ziyafət ümidi ilə şadlıq səsi iki qatına çıxdı, yeməkdən əvvəl sakitlikdən deyinən yaşlı Dantes indi ümumi səs-küyün ortasında yeni evlənənlərin şərəfinə söz deməyə imkan tapa bilmirdi.

Dantes atasının fikrini başa düşərək ona sevgi dolu gülüşlə cavab verdi. Mersedes divar saatına baxıb Edmona başı ilə işarə etdi.

Masada yeməyin sonuna yaxın sadə adamlara xas olan təbii səs-küy hökm sürürdü. Öz yerlərindən narazı qalanlar, masadan qalxıb daha şən həmsöhbətlərinin yanında oturdular. Hamı bir ağızdan danışır, suallara cavab verilmirdi, hərə öz fikri ilə məşğul idi.

Danqlar da demək olar, Fernan kimi solğun görünürdü; sonuncuya gəldikdə isə günahkar olaraq alov çəmbərinə qərq olmuş və ancaq nəfəs alırdı. O, masadan ilk duranlardan biri idi, salonda gəzişərək səslərin gurultusu və qədəhlərin toqquşması içində hər bir səsi eşitməyə çalışırdı.

Kadruss Fernana yaxınlaşdı, Danqlar dərhal onlara qoşuldu, görünür Fernan ondan çəkinirdi.

– Nə düzdürsə, o düzdür, – Kadruss dedi, lakin Edmonun mehribançılığı və yaşlı Pamfilin xoş şərabı Dantesin gözlənilməz xoşbəxtliyindən Kadrussun qəlbində baş qaldırmış paxıllıq hissini tamamilə söndürmüşdü. – Dantes çox səmimi gəncdir; onun nişanlısı ilə oturmağına baxıb fikirləşirdim, dünən siz düşündüyünüz o murdar hərəkəti yerinə yetirsəydiniz, necə də pis olardı.

– Axı sən gördün ki, biz o işdən necə əl çəkdik, – Danqlar dedi. – Yazıq Fernan elə bir ümidsiz vəziyyətdə idi ki, əvvəlcə ona yazığım gəldi; lakin o öz dərdi ilə barışıbsa, hətta öz rəqibinin sağdış-soldışı olmağa razılıq veribsə, deməli, artıq danışmağın yeri yoxdur.

Kadruss Fernana baxdı, – onun rəngi meyit rəngi idi.

– Gəlinin gözəl olması itkini daha da ağırlaşdırır… – Danqlar davam etdi. – Lənətə gəlmiş! Mənim gələcək kapitanım xoşbəxtdir. Bir günlüyünə Dantesin yerində olmaq istərdim.

Mersedesin mülayim səsi eşidildi:

– Gedək? Saat ikini vurur, bizi isə üçə on beş dəqiqə işləmiş gözləyirlər.

Dantes tez ayağa qalxdı:

– Bəli, bəli, gedək.

Qonaqlar xorla dilləndilər:

– Gedək.

Pəncərə altlığı üzərində oturmuş Fernanı diqqətlə izləyən Danqlar həmin dəqiqə onun gözlərinin necə vəhşicəsinə bərəlməsini və yerindən sıçrayıb yenidən pəncərə altlığında oturduğunu gördü. Bayırdan aydın olmayan səs-küy gəlirdi; ağır addımların taqqıltısı, başa düşülməyən səslər və silah cingiltisi qonaqların şən söhbətini batırıb yerini həyəcanlı sükuta verdi.

Səs yaxınlaşırdı: qapı üç dəfə döyüldü. Qonaqlar heyrətlə bir-birlərinə baxdılar.

– Qanun naminə! – Deyə güclü bir səs eşidildi; kimsə cavab vermədi.

Həyəcan vahiməyə döndü.

Komissarla tanış olan armator, ona yaxınlaşıb soruşdu:

– Nə məsələdir? Bu, yəqin, anlaşılmazlıqdır.

Komissar cavab verdi:

– Cənab Morrel, anlaşılmazlıqdırsa, arxayın ola bilərsiniz, hər şey çox tez həll olunacaq, hələlik isə mənim əlimdə həbslə bağlı əmr var, təəssüflə də olsa, bu vəzifəni icra edirəm, hər halda onu yerinə yetirməliyəm. Cənab Edmon Dantes hansınızdır?

Nəzərlərin hamısı Edmona tərəf yönəldi, bərk həyəcan içində olsa da, qürurunu qoruyaraq irəli çıxıb dedi:

– Mənəm, sizə nə lazımdır?

– Edmon Dantes, qanun naminə sizi həbs edirəm!

Edmon, rəngi qaçmış halda təkrarən soruşdu:

– Həbs edirsiniz? Nəyə görə həbs edirsiniz?

– Bilmirəm, lakin ilk sorğuda hər şeyi öyrənəcəksiniz.

Morrel başa düşürdü ki, heç nə etmək olmaz: kəmərlənmiş komissar adam deyil; o qanunu həyata keçirən lal, kar, soyuq bir heykəldir.

Lakin yaşlı Dantes komissarın üzərinə atıldı; ata və ya ana qəlbinin başa düşməyə qadir olmadığı işlər də var. Lakin ümidsizlik o dərəcədə böyük idi ki, komissarın ona yazığı gəldi. O dedi:

– Sakit olun, cənab, ola bilsin, oğlunuz hansısa gömrük sənədini düzgün yerinə yetirməyib, lazımi izahat verdikdən sonra onu dərhal azad edərlər.

Kadruss qaşlarını çataraq özünü təəccüblənmiş kimi göstərmək istəyən Danqlara dedi:

– Bu nə deməkdir?

Danqlar cavab verdi:

– Mən nə bilim. Mən də sənin kimi təəccüblənirəm və nə etdiklərini başa düşə bilmirəm.

Kadruss gözləri ilə Fernanı axtarırdı, lakin o, yoxa çıxmışdı. Bu zaman dünənki səhnə faciəli bir şəkildə ona aydınlaşmağa başladı: baş verən faciə, sanki onun yaddaşı üzərindən örtüyü qaldırdı.

O, xırıltılı səslə dedi:

– Bu dünən sizin etdiyiniz zarafatın nəticəsi olmasın? Belədirsə, bunu başladanın vay halına, burada sevinməli heç nə yoxdur.

Danqlar ucadan dedi:

– Yox, yox! Axı sən bilirsən, mən o kağızı cırdım.

Kadruss dedi:

– Sən onu cırmadın, sadəcə küncə tulladın, vəssalam.

– Səsini kəs, sən heç nə görməmisən, sərxoş idin.

Kadruss soruşdu:

– Fernan hardadır?

– Mən hardan bilim? – Danqlar cavab verdi. – Yəqin, işlərinin dalınca gedib. Yaxşısı budur, boş şeylərlə məşğul olmaq əvəzinə, gedib yazıq qocaya kömək edək.

Dantes gülə-gülə dostları ilə xudahafizləşib özünü əsgərlərə təslim etdi.

– Sakit olun, yəqin, mən heç həbsxananın qapısına çatmamış səhv aydınlaşacaq.

Özünü yetirən Danqlar onun sözünü dəstəklədi:

– Əlbəttə, mən lap mərc də gələrəm!

Dantes pilləkəndən endi. Ondan qabaqda komissar, yanlarında isə əsgərlər gedirdilər. Qapının qarşısında onları qapıları açıq karet gözləyirdi. Dantes oturdu, komissarla iki əsgər də oturdular. Qapılar örtüldü və karet Marselə tərəf yola düşdü.

Mersedes holla çıxaraq ucadan dedi:

– Dantes, salamat qal! Edmon, salamat qal!

Məhbus, nişanlısının parçalanmış qəlbindən hıçqırtıya bənzər qışqırığı eşidib karetin pəncərəsindən boylanaraq dedi:

– Mersedes, salamat qal!

Karet Müqəddəs Nikolay istehkamının küncündə gözdən itdi.

Armator dedi:

– Məni burada gözləyin, ilk rastıma çıxan karetə oturub Marseldən sizə xəbər gətirərəm.

– Gedin və tez qayıdın! – Hamı bir səslə səsləndi.

Onun gedişindən sonra yerdə qalanların arasında bir neçə dəqiqəlik kədərli sükunət hökm sürdü.

Mersedes də, Edmonun atası, hər biri öz dərdi içində, uzun müddət ayrı-ayrılıqda dayandılar; nəhayət onların baxışları rastlaşdı. Hər ikisi bir zərbə ilə vurulub salınan qurbanlar olduqlarını anlayıb bir-birinin qucağına atıldılar.

Bu zaman Fernan salona qayıtdı, bir stəkan su içərək oturacağa oturdu.

Təsadüfən Mersedes onun yanındakı oturacağa oturdu.

Fernan qeyri-ixtiyari olaraq oturacağını çəkdi.

Katalanlıdan gözünü ayırmayan Kadruss Danqlara dedi:

– Bu odur!

Danqlar cavabında:

– Düşünmürəm, – dedi, – o, həddindən artıq səfehdir, hər halda bunu edən böyük günaha batıb.

– Sən ona bu məsləhəti verəni unudursan, – Kadruss dedi.

Danqlar cavabında dedi:

– Bilirsən nə var! Havaya deyilən sözlər üçün cavab vermək lazım gəlsəydi…

– Havaya deyilən sözlər başqalarına zərər verirsə, onda cavab vermək məcburiyyətindəsən!

– Bəs siz Danqlar, bu haqda nə düşünürsünüz? – Kimsə soruşdu.

– Görəsən, qadağan olunmuş bir şey keçirməyib ki deyə, düşünürəm?

– Lakin Danqlar, axı siz mühasib kimi bunu bilməliydiniz?

– Əlbəttə, lakin mühasib yalnız ona bəyannamədə verilənləri bilir. Mənə məlumdur ki, biz pambıq kağız gətirmişik, vəssalam; bir də İsgəndəriyyədə Postre, Smirnada isə Paskal yaxınlığında yük vurmuşduq; məndən başqa heç nə soruşmayın.

Biçarə ata sonuncu ümidə dayanaraq pıçıldadı:

– Hə, indi xatırladım. O, mənim üçün bir qutu qəhvə, bir qutu da tütün gətirdiyini deyirdi.

– Görürsünüz, dediyim kimi də oldu! – Danqlar dedi, – görünür, bizim yoxluğumuzda gömrük işçiləri “Faraon”da axtarış aparıb, qaçaq mal aşkar ediblər.

Mersedes buna inanmırdı. Uzun müddət gizlədilən kədər gözlənilmədən üzə çıxdı və o hönkür-hönkür ağlamağa başladı.

Qoca özü də bilmirdi, nə deyir:

– Yaxşı, yaxşı, ümid edək ki…

Danqlar təkrar etdi:

– Ümid edək!

Fernan da “ümid edək!” ifadəsini təkrarlamaq istədi, lakin sözlər onun boğazına tıxanıb qaldı, dodaqları isə səssizcə hərəkət etməyə davam edirdi.

Qalereyada gözləyən qonaqlardan biri uca səslə dedi:

– Cənablar! Morrelin kareti, cənablar. Yəqin, bizə şad xəbərlər gətirir!

Mersedes və qoca armatorun qarşısına yürüdülər. Qapının qarşısında onunla rastlaşdılar. Morrelin rəngi ağappaq idi.

Eyni vaxtda:

– Nə oldu? – deyə soruşdular.

Armator başını yırğalayaraq cavab verdi:

– Mənim əzizlərim! Məsələ biz düşündüyümüzdən də ciddidir.

Mersedes əsəbi halda dedi:

– Ah, cənab Morrel! O, günahsızdır!

Morrel cavab verdi:

– Mən buna əminəm, lakin onu təqsirləndirirlər…

Qoca Dantes soruşdu:

– Nədə?

– Bonapartın agenti olmaqda.

Hekayənin əhatə etdiyi dövrdə yaşayan oxucular, bunun nə dərəcədə qorxulu bir ittiham olduğunu yaxşı xatırlayırlar.

Mersedes ucadan çığırdı; qoca isə oturacağın üzərinə düşdü.

Kadruss pıçıldadı:

– Danqlar, siz heç nəyə baxmadan oyununuzu oynayıb məni aldatdınız; lakin mən zavallı qocanın və nişanlı qızın dərddən ölməsini istəmirəm, indicə hər şeyi onlara danışıram.

Danqlar onun əlindən tutaraq ucadan dedi:

– Səsini kəs, bədbəxt! Əgər həyatın sənin üçün qiymətlidirsə, səsini boğ. Kim sənə dedi ki, Dantes günahkar deyil? Gəmi Elba adasına yan almış, Dantes isə sahilə enərək bütün günü Porto-Ferrayoda keçirmişdi. Əgər onda bir ittihamedici məktub tapsalar, necə? Onda onu müdafiə edənlərin hamısını həmrəylikdə təqsirləndirəcəklər. Kim düşünə bilərdi?

Danqlar cavab verdi:

– Cənab, siz nə arzu edirsiniz? Mən sizə demişdim, Dantes heç bir səbəb olmadan Elba adaları sahilində dayanmışdı; bu mənə çox şübhəli gəlmişdi.

– Siz şübhələrinizi məndən başqa kiməsə danışmısınızmı?

Danqlar pıçıltı ilə əlavə etdi:

– Siz nə deyirsiniz? Özünüz yaxşı bilirsiniz ki, o zamanlar orada qulluqda olan və bu gün də fikirlərindən dönməyən dayınız Polikar Morrelə görə, sizdən də Napoleonun təəssübkeşi kimi şübhələnirlər… Məndə sizə və Dantesə xətər gətirəcəyindən qorxduğum elə şeylər var ki, tabelikdə olan adam onu öz sahibinə deməyə məcburdur, başqalarından isə ciddi bir sirr kimi saxlamalıdır.

– Düzdür, Danqlar, düzdür, siz namuslu adamsınız. Bu baxımdan da hər təsadüfə qarşı, əgər yazıq Dantes “Faraon”a kapitan təsdiq edilmiş olsaydı, mən sizin haqqınızda bəzi şeylər düşünmüşdüm.

– Necə yəni?

– Mən qabaqcadan Dantesdən sizin haqda nə düşündüyünü və sizi əvvəlki işdə saxlayıb-saxlamayacağımı soruşmuşdum; bilmirəm nədən, amma mənə elə gəldi ki, sizin münasibətlərdə soyuqluq var.

– Bəs o sizə nə cavab verdi?

– O dedi ki, belə bir hadisə olmuşdu, lakin məhz hansı hadisə olduğunu söyləmədi, lakin etibar etdiyi adama həmişə etibar etməyə hazır olduğunu dedi.

Danqlar pıçıldadı:

– Hiyləgər!

Kadruss dedi:

– Yazıq Dantes! O, çox şərəfli adam idi!

Morrel dedi:

– Bəli, lakin “Faraon” hələlik kapitansızdır.

Danqlar dedi:

– Biz üç aydan tez dənizə çıxmayacağıqsa, bu müddət ərzində Edmonu azadlığa buraxacaqlarına ümid etmək olar.

– Əlbəttə, bəs o müddətə qədər?

– Cənab Morrel, o müddətə qədər isə, – Danqlar dedi, – mən sizin qulluğunuzda hazıram. Bilirsiniz ki, mən gəmini heç də uzun müddətli səfərləri idarə edən kapitanlardan pis idarə etmirəm; bu təyinat sizin üçün də əlverişli olacaq, çünki Edmon həbsxanadan çıxdıqda, siz kiməsə təşəkkür etmək ehtiyacı hiss etməyəcəksiniz. O, öz yerini tutacaq, mən isə öz yerimi, vəssalam.

Armator dedi:

– Sizə təşəkkür edirəm Danqlar, doğrudan da çıxış yolu budur. Beləliklə mən sizi təyin edirəm, komandanlığı qəbul edin və yüklərin boşaldılmasını nəzarətə götürün, ayrı-ayrı adamların başına nə gəlməsindən asılı olmayaraq iş axsamamalıdır.

– Cənab Morrel, sakit olun; lakin heç olmazsa yazıq Edmonu ziyarət etmək olarmı?

– Bunu dərhal öyrənərəm; mən cənab de Vilforla görüşüb məhbus üçün xahiş edərəm. Onun qəti royalist olduğunu bilirəm, lakin royalist və kral prokuroru olsa da, insandır, həm də mənə elə gəlir, pis insan deyil.

– Yox, pis adam deyil, lakin mən eşitmişəm ki, o çox namuslu biridir, bu isə eyni şey deməkdir.

Morrel dərindən nəfəs alıb dedi:

– Bir sözlə baxıb görərik. Siz göyərtəyə gedin, mən də tezliklə gəlirəm.

O, məhkəmə binasına tərəf yollandı.

Danqlar Kadrussa dedi:

– Görürsən işlər necə dövr edir? Sənin hələ də Dantesi müdafiə etməyə həvəsin var?

– Əlbəttə, yox, lakin zarafatın belə nəticələnməsi faciədir.

– Kim zarafat edirdi? Nə sən, nə mən, bəs Fernan? Sən bilirsən ki, mən qeyd etdiklərimi tulladım; hətta məncə onu cırdım.

Kadruss ucadan dedi:

– Yox, yox! Mən onu indiki kimi əzilmiş, bükülmüş şəkildə köşkün küncündə görürəm, çox arzu edirəm, o elə gördüyüm yerdə qalmış olsun!

– Nə etməli? Yəqin, Fernan onu qaldırıb köçürüb və yaxud da kiməsə köçürtdürüb, ola bilsin, heç əziyyət çəkib bunu da etməyib… Ah, aman Tanrım! Bəs o, mənim yazdığım qeydiyyatı göndəribsə? Nə yaxşı, xəttimi dəyişmişdim.

– Deməli, sən Dantesin üsyançı olduğunu bilirdin.

– Dəqiq desək, heç nə bilmirdim. Artıq dediyim kimi, yalnız zarafat etmək istəyirdim. Görünür, mən də təlxək kimi zarafatla sözün düzünü demişəm.

Kadruss davam etdi:

– Dəxli yoxdur, mən arzu edərdim ki, bunların heç biri olmayaydı, ya da ən azından mən bu işə qarışmamış olaydım. Danqlar, görəcəksən, bu bizə bədbəxtlik gətirəcək.

– Bu kiməsə bədbəxtçilik gətirəcəksə o, yalnız əsl günahkar olmalıdır, əsl günahkar isə biz deyilik, Fernandır. Biz hansı bədbəxtliyə düçar ola bilərik? Biz sakit oturmalı və heç nə deməməliyik, onda dolu gurultusuz keçər.

Kadruss başı ilə Danqlara işarə edərək:

– Amin, – dedi və çox narahat olmuş adamlar kimi, başını bulayıb burnunun altında donquldana-donquldana Melyan xiyabanına yollandı.

“İşlər mən düşündüyüm kimi dövr edir, – Danqlar düşünürdü, – mən hələlik müvəqqəti də olsa kapitanam, amma bu sərsəm Kadruss susa bilsə, ola bilsin həmişəlik olaram. Bir məsələ qalır, o da ədalət məhkəməsinin Dantesi öz caynaqlarından buraxmasıdır… Lakin ədalət məhkəməsi ədalət məhkəməsidir, – o, gülümsədi, – ona tamamilə etibar edə bilərəm”.

O, qayığa tullanıb armatorun onu təyin etdiyi bildiyimiz görüş yerinə – “Faraon”a tərəf üzməyi əmr etdi.

VI. KRAL PROKURORUNUN KÖMƏKÇİSİ

Həmin gün, həmin saatda Qran-Kur küçəsində, Meduza fəvvarəsilə üzbəüz, memar Pyuje tərəfindən tikilmiş, qədim kübar evlərin birində də təntənəli surətdə nikah şənliyi keçirilirdi.

Lakin bu təntənənin qəhrəmanları sadə adamlar, dənizçilər və əsgərlər deyil, yüksək Marsel cəmiyyətinə məxsus adamlar idi. Burada hələ qəsbkar kralın zamanında istefaya göndərilmiş yüksək mənsəb sahibləri; Fransız ordusundan Konde ordusuna qaçan hərbiçilər və burada övladlarının təhlükəsizliyindən əmin olmayan bu valideynlərin, övladlarının hər birinin yerinə orduya dörd-beş əsgər göndərsələr də, beş illik sürgündə qurban getməyə, on beş illik bərpadan sonra isə tanrılıq iddiasında olanlara qarşı nifrət ruhunda tərbiyə edilmiş gənc övladları toplaşmışlar.

Hamı masa arxasında oturmuş və ortalıq o dövrün qızğın, şiddətli söhbətləri ilə qaynayırdı, çünki Fransanın cənubunda artıq beş yüz il idi ki, siyasi düşmənçilik dini düşmənçiliklə güclənməkdə idi.

Bütün qitənin, beş-altı min canın hökmdarı, yüz iyirmi milyon rəiyyətin on dildə ona: “Yaşasın Napoleon!” dedikdən sonra, Elba adasının kralı olmuş İmperator ziyafət iştirakçıları üçün Fransanın və taxt-tacın həmişəlik itirilmiş adamı hesab edilirdi. Yüksək mənsəb sahibləri onun siyasi səhvlərini, hərbiçilər Moskva və Leypsiq yürüşlərini, qadınlar isə onun Jozefina ilə boşanmalarını yada salır və müzakirə edirdilər. Bu padşahpərəst yığıncaq, adamın yıxılmağına deyil, prinsipin məhv olmasına sevinirdi – onlara elə gəlirdi ki, onun üçün yeni həyat başlayır və artıq əzablı bir yuxudan oyanıb.

Döşündə Müqəddəs Lüdovikin ordeni olan qamətli, yaşlı bir adam ayağa qalxıb kral XVIII Lüdovikin şərəfinə içməyi təklif etdi. Bu markiz de Sen-Meran idi.

Qartvel sürgünü və kralı, Fransanın barışdırıcısı şərəfinə deyilən bu tost gurultulu çağırışlarla qarşılandı; ingilis adətinə görə hamı badəsini qaldırdı; qadınlar buketlərindən ləçəklər qopararaq masa örtüyünün üzərinə səpirdilər. Bu ani həmlə gözəl poeziyanın təcəssümü idi.

– Onlar burada olsaydılar, – deyə sərt baxışlı, nazik dodaqlı, əsilzadə ədalı, əlli yaşına baxmayaraq hələ də möhtəşəm görünən markiza de Sen-Meran sözə başladı, – onlar burada olsaydılar boyunlarına alardılar ki, bizi evlərimizdən qovan bütün bu inqilabçılar, onlara verdiyimiz imkandan istifadə edərək böyük Terror zamanında bir parça çörəyə aldıqları qədim qəsrlərimizdə oturaraq, bizə qarşı necə cinayət törədirdilər, onlar boyunlarına alardılar ki, əsl fədakarlıq bizə məxsusdur, çünki biz dağılmaqda olan monarxiyaya sadiq qalmışdıq, onlar isə əksinə, yüksəlməkdə olan günəşi alqışlayırdılar, biz var-yoxdan çıxdığımız halda onlar var-dövlət sahibi olurdular, boyunlarına alardılar ki, doğrudan da bizim kralımız Lüdovik Sevimli idi, amma onların qəsbkarları həmişə Napoleon Lənətlənmiş olaraq qalıb; düzdürmü, de Vilfor?

– Əmriniz nədir, markiza?… Bağışlayın, mən sizi dinləmirdim.

Sağlığa içməyi təklif edən yaşlı adam dedi:

– Uşaqları rahat buraxın, markiza. Onların bu gün nişanıdır və əlbəttə, indi onları siyasət maraqlandırmır.

Gənc və gözəl, sarışın, nəmli, məxmər gözlü bir qız dedi:

– Bağışla, ana, cənab de Vilforu mən məşğul etmişdim. Ana, cənab de Vilfor sizinlə danışmaq istəyir.

Cənab de Vilfor dedi:

– Markiza mənim eşitmədiyim sualı təkrar etməyə razıdırsa, ona cavab verməyə hazıram.

Markiza, onun sərt sifətində bunu görmək nə qədər qəribə olsa da, zərif bir gülüşlə dedi:

– Səni bağışlayıram, Rene; lakin qadın ürəyi elə yaradılıb ki, onun xurafatla və əxlaqi tələblərlə əldən salınmış qəlbində həmişə Tanrı tərəfindən qorunub saxlanılan, canlı nəsil törətməyə qadir olan bir guşəsi, ona sevgisi üçün qalır. Vilfor, mən Bonapart tərəfdarlarında nə bizdəki etiqad, nə bizdəki fədakarlıq, nə də sədaqət olduğunu deyirdim.

– Xanım, onlarda sadaladığınız bu keyfiyyətləri əvəz edən bir xüsusiyyət var, bu fanatizmdir. Napoleon – qərbin Məhəmməd Peyğəmbəridir; bütün bu aşağı təbəqəli, lakin həddindən artıq şöhrətpərəst adamlar üçün o, təkcə qanunverici və hökmdar deyil, həm də bərabərlik rəmzidir.

– Bərabərlik! – Markiza ucadan dedi, – bərabərlik! Napoleon bərabərlik rəmzidir? Bəs onda cənab de Robespyer? Mənə elə gəlir, siz onun da yerini qəsb edib bu korsikalıya verirsiniz; onun qəsbkarlığı kifayət etmir?

Vilfor etiraz etdi:

– Xeyr, xanım, – mən hər kəsi öz yerinə oturduram: Robespyeri XV Lüdovik meydanında eşafot üzərinə; Napoleonu isə Vandom meydanında öz sütunu üzərinə. Lakin bunların gətirdiyi bərabərlikdən biri alçaldıcı, digəri isə yüksəldicidir; biri kralları gilyotində başını kəsməyə qədər alçaltdı, digəri xalqı taxt-taca qədər yüksəltdi. – Vilfor gülərək əlavə etdi, – lakin bu onların ikisinin də alçaq inqilabçı olduqlarını inkar etmir və doqquzu termidorla, 4 aprel 1814-cü il Fransa üçün iki əlamətdar gündür, bu günləri həm qanun, həm də monarxiya tərəfdarları eyni səviyyədə qeyd etməlidir; bununla da ümid edirəm, həmişəlik devrilmiş Napoleonun qısqanc tərəfdarlarının əldə saxlanılmasının səbəbini izah etmək olar. Markiza, siz nə istəyirsiniz? Kromvel Napoleonun yalnız yarısı səviyyəsində ola bilər!

– Bilirsiniz nə var, Vilfor, bir verstdən olsa belə, bundan inqilab qoxusu gəlir. Lakin mən sizi bağışlayıram; ola bilməz ki, jirondist tərəfdarının oğlu olub inqilabi ruha malik olmayasan.

Vilforun üzü qızardı.

– Düzdür, mənim atam jirondist idi; lakin o, kralın öldürülməsinə səs verməyib, bunun üçün hətta böyük Terror zamanında təqiblərə məruz qalmış və az qala sizin atanızın başı vurulan eşafotda onun da başı vurulacaqdı.

Bu qanlı xatirə sifətində heç nə ilə əks olunmayan markiza cavab verdi:

– Bəli, – onlar müxtəlif, daban-dabana zidd prinsiplərə görə eşafota qalxmış olardılar, bu da sizə sübut: bizim bütün ailəmiz sürgünə göndərilmiş Burbonlara sadiqliyini qoruyub saxlamışdı, sizin atanız isə tez yeni hökumət tərəfinə keçmişdi; vətəndaş Nuartyye jirondist idi, qraf Nuartyye isə senator oldu.

Rene dedi:

– Ana, siz bizim bir də heç zaman o kədərli xatirələrə qayıtmamaq haqqında şərtlərimizi unutmamısınız ki?

Vilfor dedi:

– Xanım, mən mademuazel de Sen-Meranaya qoşulur və onunla birlikdə sizdən artıq dərəcədə rica edirəm ki, keçmişi unudasınız. Tanrının belə gücü yetmədiyi şeyləri müzakirə etməyin nə mənası var? Tanrı gələcəyi dəyişdirməyə qadirdir, keçmişi isə heç cürə dəyişdirə bilməz. Əgər biz keçmişdən imtina edə bilmiriksə, heç olmazsa üzərinə pərdə salmağı bacarmalıyıq. Məsələn, mən yalnız atamın baxışlarından deyil, onun adından da imtina etdim. O, bonapartist idi və ola bilsin, indi də bonapartistdir və Nuartye adlandırılır; mən isə royalistəm və de Vilfor adlandırılıram. Qoy yaşlı palıd ağacının inqilabı şirəsi qurusun; siz yalnız ondan ayrılan budağa baxın, lakin ondan qopmayan, bəlkə də heç qopmaq istəməyən budağa yox.

– Əhsən, Vilfor! – Markiz ucadan dedi: – Var ol! Yaxşı deyilib! Mən də həmişə markizanı keçmişi unutdurmağa çalışmışam, lakin əbəs yerə; mənə elə gəlir, siz bu işdə məndən daha da bacarıqlı olacaqsınız.

– Yaxşı, mən özüm də bunu istəyirəm, keçmişi unudaq, lakin Vilfor gələcəkdə daha da mətanətli olmalıdır. Vilfor, unutmayın, sizin üçün biz hamımız əlahəzrət qarşısında zamin durmuşuq və əlahəzrət bizim zəmanətimizi nəzərə alaraq hər şeyi unutmağa razılıq verib, mən sizin xahişinizlə bunu unuduram, – deyə markiza əlini uzatdı. – Lakin unutmayın, sizin əlinizə hər hansı bir üsyançı düşərsə: bilin ki, siz də ciddi təqibdəsiniz, çünki elə bir ailəyə mənsubsunuz ki, ola bilsin ki, onun özü də üsyançılarla iş birliyindədir.

Vilfor cavabında dedi:

– Lakin xanım, mənim vəzifəm, xüsusilə də indiki mühitdə, ciddi olmağımı tələb edir. Ciddi də olacağam. Mən bir neçə dəfə siyasi məsələlərdə ittihamçı sifəti ilə çıxış etmişəm və bu işlərə görə yaxşı zəmanət almışam. Təəssüflər olsun ki, bu hələ son deyil.

Markiza soruşdu:

– Siz elə düşünürsünüz?

– Mən bundan ehtiyat edirəm. Elba adası Fransaya çox yaxındır. Napoleonun, demək olar, bizim sahillərdə olması onun tərəfdarlarını ümidləndirir. Marsel yarı maaşa işləyənlərlə qaynayır; onlar kralpərəstlərlə dava etməyə daim səbəb axtarırlar. Kübar adamlar arasında duellər, sadə xalq arasında isə bıçaqlanmalar buradan qaynaqlanır.

Markiza de Sen-Meranın köhnə dostu və qraf d’Arturun kamergeri qraf de Salvyo dedi:

– Bəli, məgər siz bilmirsiniz ki, Müqəddəs İttifaq onu köçürmək istəyir?

Markiz cavab verdi:

– Bəli, biz Parisdən çıxanda bu haqda söhbət var idi. Bəs onu hara göndərəcəklər?

– Müqəddəs Yelenaya.

– Müqəddəs Yelenaya! O haradır? – deyə markiza soruşdu.

Qraf cavab verdi:

– Ekvatorun o tayına, buradan iki min mil o yana.

– Yaxşı yol! Vilfor düz deyir, belə bir adamı doğulduğu Korsika ilə kürəkəninin hökmranlıq etdiyi Neapol və oğluna krallığa vermək istədiyi İtaliya arasında saxlamaq ağılsızlıq olardı.

Vilfor dedi:

– Təəssüf ki, 1814-cü ilin müqavilələri var və onları pozmadan Napoleona toxunmaq olmaz.

Qraf de Salvyo dedi:

– Onları pozarlar! O, yazıq hersoq Engiyenskiyə güllələnmə əmri verəndə son dərəcə prinsipial olmamışdı.

Markiza dedi:

– Əla qərardır: Avropanı Müqəddəs İttifaq Napoleondan qurtarar, Vilfor isə Marseli onun tərəfdaşlarından. Ya kral hökmranlıq edəcək, ya da yox; hökmranlıq edəcəksə, onun hökuməti güclü, idarəediciləri isə mətin olmalıdır; yalnız bu halda təhlükənin qarşısını almaq olar.

Vilfor gülümsəyərək dedi:

– Təəssüflər olsun ki, xanım, kral prokurorunun köməkçisi bəlanı baş verdikdən sonra görür.

– Belə olduğu halda bunu düzəltməlidir.

– Mən deyə bilərəm ki, xanım, biz bəlanın qarşısını deyil, onun qisasını alırıq, vəssalam.

Gənc və gözəl bir qız, mademuazel de Sen-Meranın rəfiqəsi, qraf de Salvyonun qızı dedi:

– Ah, cənab de Vilfor, biz Marseldə olduğumuz müddətdə çalışın bir maraqlı məhkəmə prosesi keçirəsiniz. Mən heç zaman məhkəmə iclasçılarının iştirakı ilə məhkəmə keçirilməsini izləməmişəm, deyirlər, bu çox maraqlı olur.

Qraf prokurorunun köməkçisi cavab verdi:

– Doğrudan da çox maraqlıdır. Bu artıq süni deyil, əsl faciədir; bu riyakar iztirab yox, həqiqi iztirabdır. Tamaşanın sonunda gördüyünüz adam, ailəsi ilə yemək yeməyə, yaxud rahat yatıb sabah hər şeyi yenidən başlamaq üçün evə getmir, həbsxanaya, orada onu gözləyən cəlladın yanına yollanır. Beləliklə, kəskin hisslər axtaran əsəbi xanımlar üçün, bundan gözəl tamaşa ola bilməz. Arxayın ola bilərsiniz, belə bir imkan yaransa ondan istifadə etməyə çalışaram.

Rəngi ağappaq ağarmış Rene dedi:

– Onun sözlərindən adamın bədəninə üşütmə düşür, o isə gülür!…

– Nə əmr edirsiniz?… Bu təkbətək döyüşdür… Mən artıq beş-altı dəfə siyasi və başqa müttəhimlər üçün edam tələb etmişəm… Kim bilir, indi mənə qarşı neçə qılınc tuşlanıb, neçəsi də itilənir!

Rene ucadan dedi:

– Aman Tanrım! – Cənab de Vilfor, bunu ciddi deyirsiniz?

– Vilfor gülümsəyərək cavab verdi:

– Tamamilə ciddiyəm. – Qrafinyada maraq doğuracaq, mənimsə şöhrətpərəstliyim çərçivəsində keçiriləcək bu məhkəmə işləri, mənə qarşı olan nifrəti daha da artıracaq. Bəs kor-koranə düşmənin üzərinə getməyə adət etmiş bu Napoleon əsgərləri nə zaman güllə atacaqlarını, nə zaman isə süngü ilə vuracaqlarını hesablaya biləcəklər? Doğrudan da onlar üzlərini görmədikləri, lakin özlərinin şəxsi düşmənləri saydıqları rus, Avstriya və macar əsgərlərini düşünmədən öldürməyə qadirdir? Doğrusu da budur, bizim işimizdə təhlükə zərurətdir, yoxsa işlərə görə bəraət qazana bilmərik. Müttəhimin gözlərində qəzəb gördükdə, özüm də alovlanıram, bu isə mənə güc verir. Bu artıq mübarizə deyil, döyüşdür; mən onunla döyüşürəm, o, müdafiə olunur, mən yenidən zərbə endirirəm, bütün döyüşlərdə olduğu kimi, bu döyüş də qalibiyyət, ya da məğlubiyyətlə bitir. Məhkəmədə çıxış etmək, bax bu deməkdir! Təhlükə gözəl və aydın danışıq qabiliyyəti doğurur. Əgər məhkum mənim çıxışımdan sonra gülürsə, deməli çıxışım zəif, sözlərim təsirsiz və mənasızmış. Təsəvvür edin, neçə prokurorun təkzib edilməz dəlilləri və gözəl, aydın, qabiliyyətli nitqi altında məhkumun rəngi solur, boynu bükülür. Bu prokurorun qəlbini qürur hissi ilə doldurur! Cinayətkarın başı əyilir və aşağı düşür!

Rene sakitcə qışqırdı. Qonaqlardan biri dedi:

– Gör necə danışır!

Digəri əlavə etdi:

– Bax, bizim zəmanədə məhz belə adamlara ehtiyacımız var.

Üçüncü həmsöhbət davam etdi:

– Sonuncu dəfəki məhkəmədə siz də əla idiniz, Vilfor. Yadınızdadır, atasını öldürən o əclaf? Demək olar, cəllad ona toxunmadan əvvəl, siz onu öldürmüşdünüz.

– Bu ata qatilləri… Mənim onlara heç yazığım gəlmir. – Rene dedi, – bu kimi adamlar üçün lazımi dərəcədə ağır cəza tədbiri yoxdur. Lakin yazıq siyasi cinayətkarlar…

– Rene, onlar daha pis vəziyyətdədir, çünki onlar xalqın atası hesab edilən kralı devirmək, ya da öldürmək istəyirdilər, bu isə otuz iki milyon adamın atasını öldürmək deməkdir.

Rene dedi:

– Fərqi yoxdur, cənab Vilfor. Amma mənə söz verin ki, sizdən xahiş etdiyim adama qarşı daha mərhəmətli olacaqsınız…

Vilfor füsunkarcasına gülərək cavab verdi:

– Sakit olun, ittihamnaməni birlikdə yazacağıq.

Markiza dedi:

– Mənim əzizim, milçəkquşu, itləriniz və bəzək-düzəyinizlə məşğul olun, gələcək ərinizə işlərilə məşğul olmağa imkan verin. İndi silahlar susub, ehramlar dəbdədir; bu haqda yaxşı latın atalar misalı da var.

Vilfor dedi:

– Cedant arma togae.4

Markiza dedi:

– Mən latınca deməyə cürət etmədim.

Rene sözünə davam etdi:

– Sizi həkim olaraq görmək daha da xoş olardı. Cəzalandıran mələk, mələk olsa da, həmişə mənə qorxunc görünüb.

Vilfor gənc qıza sevgi dolu nəzər salaraq pıçıldadı:

– Rene, mənim əzizim!

Markiz dedi:

– Cənab de Vilfor bizim əyalətin mənəvi və siyasi həkimi olacaq; qızım, mənə inan, bu şərəfli bir vəzifədir.

İslah olunmaz markiza əlavə etdi:

– Bu həm də onun atasının oynadığı rolu unutmağa kömək edər.

Vilfor qəmgin-qəmgin gülümsəyərək cavab verdi:

– Xanım, – mən ən azı buna ümid edirəm, atamın əvvəlki yanlışlara görə tövbə etdiyini, dinin və qanunun qeyrətli dostuna çevrildiyini demək şərəfinə nail oldum, o, məndən də yaxşı kralpərəstdir, çünki onun sevgisi tövbədən, mənimki isə ehtirasdan keçir.

Vilfor, belə bir gözəl monoloqdan sonra, həmişə məhkəmədə olduğu kimi, nitqinin camaata necə təsir etdiyini yoxlamaq üçün, iştirak edənlərə nəzər saldı.

Qraf de Salvyo dedi:

– Düzdür, Vilfor, üç gün bundan əvvəl eyni sözləri Tüilridə jirondistin oğlu ilə Konde ordu zabitinin qızının evlənməsinə təəccübləndiyini bildirən saray nazirinə bunu demişdim, nazir məni çox gözəl başa düşdü. Kral özü bu tərzdə birliyi himayə edir. Bizi dinlədiyini güman etmirdik, lakin birdən söhbətə qarışıb dedi: “Vilfor (diqqət edin, kral “Nuartye” demir, ancaq Vilfor deyərək müraciət edir) çox irəli gedəcək; bu gənc adam tamamilə oturuşub və artıq mənim çevrəmdəndir. Markiz və markizanın qızını ona ərə verməklərini razılıqla qarşıladım, onu da qeyd etmək istərdim ki, əgər onlar bu iş üçün qabaqcadan izin almağa gəlməsəydilər, özüm bunu onlara məsləhət görəcəkdim”.

Vilfor gülərək dedi:

– Bu həkimə miqren, çil, eşşəkarısının vurduğu xəstə nəsib olmasını arzulamaq kimi bir şeydir. Siz məni kral prokuroru görmək arzusundasınızsa, onda yanıma qorxulu xəstəliklərə yoluxmuş adamların gəlməsini arzulayın, çünki onların sağaldılması həkimə şərəf gətirər.

Bu anda, tale sanki Vilforun diləyini gözləyirmiş kimi, qulluqçu içəri girib onun qulağına nə isə pıçıldadı.

Vilfor, üzr istəyərək masadan qalxdı; bir neçə dəqiqədən sonra xoş təbəssümlə geri döndü.

Rene həsrətlə öz nişanlısına baxdı: onun bakenbardlı sifətində göy gözləri alov saçırdı, bu vəziyyətdə daha yaraşıqlı görünürdü. Rene səbirsizliklə onun ani getmə səbəbinin izahını gözləyirdi.

Vilfor dedi:

– Siz indicə ərinizin həkim olmasını arzulayırdınız, baxın Eskulapın (1815-ci ildə onu hələ belə adlandırırdılar) şagirdləri ilə mənim bəzi oxşarlıqlarım var: öz zamanımı nizamlaya bilmirəm. Məni hətta bu gün sizin yanınızda, nişan günümüzdə axtarıb tapdılar.

Gənc qız narazı halda soruşdu:

– Bəs sizi nə üçün çağırmışdılar?

– Deyilənlərə inansaq, çox ağır bir xəstə üçün. Xəstəliyi çox ciddidir və onun eşafot təhlükəsi gözləyir.

Rene rəngi qaçmış halda ucadan dedi:

– Aman Tanrım!

Qonaqlar bir ağızdan bağırdılar:

– Siz nə danışırsınız?

– Görünür, söhbət nə az, nə çox – Bonapart sui-qəsdindən gedir.

Markiza ucadan dedi:

– Doğrudanmı!

– Görün xəbərdə nə deyilir.

Vilfor oxumağa başladı:

“Taxt-tac və əqidə tərəfdarı cənab kral prokurorunu məlumatlandırır ki, Neapol və Porto-Ferraroya daxil olmaqla Smirnadan gələn “Faraon” gəmisinin kapitan köməkçisi Edmon Dantes, Müratdan qəsbkara, qəsbkardan isə Paris Bonapart komitəsinə məktub gətirmişdi.

Əgər o, saxlanılarsa, ifşaedici məktub özündə, ya atasında, ya da onun “Faraon” gəmisindəki kayutunda ola bilər”.

Rene dedi:

– Bağışlayın, bu məktub sizə yazılmayıb, kral prokuroruna ünvanlanıb.

– Bəli, lakin kral prokuroru burada deyil; məktub poçta cavabdeh olan katibə verilib; o bu məktubu açıb, mənim dalımca adam göndərib, mən evdə olmayınca özü həbs barədə əmr verib.

Markiza soruşdu:

– O halda təqsirkar həbs edilib?

Rene düzəliş etdi:

– Yəni təqsirləndirilən.

Vilfor cavab verdi:

– Bəli, həbs edilib, dediyiniz kimi mademuazel Rene, əgər onda məktub tapılarsa, mənim pasientim təhlükəli xəstə hesab ediləcək.

Rene soruşdu:

– Bəs bu zavallı haradadır?

– Mənim məkanımda, məni gözləyir.

Markiz dedi:

– Əzizim, siz gedin, öz işinizə qarşı etinasız olmayın. Kral qulluğu sizin şəxsi iştirakınızı tələb edir; odur ki, kral qulluğunun tələb etdiyi yerə gedin.

Rene əllərini yalvarıcı tərzdə tutaraq ucadan dedi:

– Ah, cənab de Vilfor! Lütf edin, bu gün bizim nişan günümüzdür.

Vilfor masa ətrafında dövrə vurub nişanlısının kürsüsünə arxadan yaslanaraq dedi:

– Sizin rahatlığınız üçün söz verirəm ki, əlimdən gələni edəcəyəm. Lakin dəlillər şərtsizdirsə və təqsirləndirmə haqlıdırsa, bu Bonapart alaq otunun biçilməsi gərəkdir.

Rene “biçmək” sözünü eşidəndə diksindi, çünki Vilforun ifadə etdiyi kimi, bu alaq otunun başı da varmış.

Markiza dedi:

– Ona qulaq asmayın, Vilfor, bu uşaqlıqdır, alışacaq.

Sonra markiza arıq və cılız əlini Vilfora uzatdı, o isə Reneyə baxaraq onun əlini öpdü; onun gözləri sanki: “əlinizi öpürəm, ən azı öpmək istəyərdim”, – deyirdi.

Rene pıçıldadı:

– Bəd əlamətdir!

Markiza dedi:

– Rene, kifayətdir. Sən uşaq hərəkətlərinlə məni hövsələdən çıxarırsan. Mən bilmək istəyirəm, hansı daha vacibdir, sizin xülyalarınız, yoxsa dövlətin müqəddəratı?

Rene dərindən nəfəs aldı:

– Ah, ana.

De Vilfor dedi:

– Markiza bizim yaramaz kralpərəsti bağışlayın, söz verirəm ki, mən kral prokurorunun köməkçisi kimi öz borcumu lazımınca yerinə yetirəcəyəm, yəni amansız olacağam.

Prokuror köməkçisi markizaya deməklə yanaşı bəy kimi də gəlinə baxırdı və bu baxışlar sanki deyirdi: “Rene, sakit olun, mən sizin xətrinizə mərhəmətli olacağam”.

Rene ona, zərif gülüşlə cavab verdi, Vilfor razılıq içində oranı tərk etdi.

VII. DİNDİRMƏ

Yemək otağından çıxan Vilfor, elə həmin an üzündən gülüş maskasını atıb, üzərinə yaxın adamının taleyini həll etmək kimi yüksək vəzifə düşən adam şəkli aldı. Mahir aktyor kimi, ayna qarşısında məşq edərək öyrəndiyi sifət hərəkətlərinə baxmayaraq, bu səfər ona qaş-qabağını turşutmaq bir o qədər də asan olmadı. Doğrudan da, onun vəzifəsində yüksəlişinə mane olan atasının siyasi keçmişinə baxmasaq, Jerar de Vilforu bu dəqiqə ən xoşbəxt adamlardan biri hesab etmək olardı: iyirmi yeddi yaşında yaxşı mal-dövlət sahibi olan de Vilfor, məhkəmə aləmində görkəmli yerlərdən birini tuturdu; o, kral prokuroru köməkçisinin ağıllı tərzdə sevə biləcəyi qədər ehtirasla sevdiyi gənc və gözəl bir qızın nişanlısı idi. Mademuazel de Sen-Meran gözəl olmaqla yanaşı, saray tərəfindən böyük hörmətə malik bir ailəyə mənsub idi, valideynlərinin yüksək əlaqələri, həmçinin başqa övladlarının olmaması, kürəkənləri üçün istifadə oluna biləcək ehtimallarla yanaşı, gəlin əlli minlik ekyu cehiz də gətirirdi; (qudaların düşünüb tapdıqları qəribə sözlə ifadə etsək) ümidləri nəzərə alaraq demək olar ki, gələcəkdə bunun üzərinə yarım milyonluq vərəsə də əlavə oluna bilər. Bunların hamısını birlikdə götürdükdə, yüksək xoşbəxtlik nəticəsində Vilforun gözü o dərəcədə qamaşmışdı ki, o hətta günəşdə belə ləkə görürdü, lakin öz qəlbinə də uzun-uzadı nəzər salmağı unutmurdu.

Qapının ağzında onu polis komissarı gözləyirdi. Bu qaşqabaqlı fiqurun görkəmi onu göyün yeddinci qatından bizim yürüdüyümüz fani dünyaya enməyə məcbur etdi; o, sifətinə lazımi ifadə verərək polis komissarına yaxınlaşdı.

– Mən hazıram! Məktubu oxudum, bu adamı həbs etməkdə yaxşı iş görmüsünüz; indi isə bu sui-qəsd haqda, əldə etdiyiniz dəlillər haqda məni məlumatlandırın.

– Hələlik biz sui-qəsd haqda heç nə bilmirik; onun üzərindən tapılan bütün kağızlar toplanıb bağlanaraq sizin masanın üzərinə qoyulub. Təqsirləndirilənin özünə gəldikdə isə sizin də xəbərdən gördüyünüz kimi adı Edmon Dantesdir, “Morrel və Oğlu” Marsel ticarət evinə məxsus üçyelkənli “Faraon” gəmisinin kapitan köməkçisi vəzifəsində çalışır, İsgəndəriyyə və Smirnadan pambıq daşımaqla məşğuldur.

– Ticarət gəmisinə daxil olmazdan əvvəl donanmada xidmət etmişdimi?

– Xeyr! O, tamamilə gənc adamdır.

– Necə yaşında olar?

– On doqquz-iyirmi yaşından artıq olmaz.

Qran-ryunu keçərək evinə yaxınlaşan Vilfora, çox güman, onu gözləyən bir nəfər yaxınlaşdı. Bu cənab Morrel idi.

O, ucadan dedi:

– Cənab Vilfor! Nə yaxşı ki, sizi görə bildim! Bir düşünün, böyük bir yanlış baş verib, mənim kapitan köməkçim Edmon Dantesi həbs ediblər.

Vilfor: – Bilirəm, – dedi, – nə isə, mən də onu dindirməyə gedirəm.

Morrel ehtirasla davam etdi:

– Cənab Vilfor, siz təqsirləndiriləni tanımırsınız, mən isə tanıyıram. Sakit, namuslu və mən deyərdim, ticarət donanmasında öz işini əla bilən bir adam təsəvvür edin… Cənab de Vilfor! Bütün qəlbimlə onun üçün sizdən xahiş edirəm.

Bildiyimiz kimi, Vilfor zadəgan sinfinə, Morrel isə rəiyyət ailəsinə mənsub idi; birinci qəti kralpərəst, ikincidən isə Bonapart tərəfdarı kimi şübhələnirdilər. Vilfor Morrelə təkəbbürlə baxaraq laqeyd şəkildə cavab verdi:

– Cənab, bilmirsinizmi, ailə çərçivəsində sakit, ticarət əlaqələrində düzgün və öz işinin bilicisi olmaqla yanaşı, siyasi mənada cinayətkar da olmaq olar. Bunu bilirsiniz, düzdür?

Vilfor son sözlərini xüsusi vurğuyla deyərək sanki Morrelin özünə işarə edirdi; onun sınayıcı baxışları, başqa adam üçün xahiş etməyə cəsarət edən bu adamın qəlbini yarmağa yönəlmişdi, halbuki o, Morrelin özünün də mərhəmətə ehtiyacı olduğunu bilməmiş deyildi.

Morrel qızardı, çünki siyasi baxışlarına görə onun vicdanı bir o qədər də təmiz deyildi, Dantesin ona etibar etdiyi sirr, marşalla görüşü və onun dediyi sözlər, Morrelin ağlını çaşdırmışdı. Lakin o səmimi qəlblə dedi:

– Cənab Vilfor, sizə yalvarıram, ola biləcəyiniz qədər ədalətli, həmişə olduğu kimi rəhmdar olun və zavallı Dantesi tez bir müddətdə bizə qaytarın!

Prokuror köməkçisinin qulağında bu “bizə qaytarın” ifadəsi inqilabi notlar səsləndirdi.

O, düşündü: “Bəli! Bizə qaytarın… Onun himayədarı belə ehtiyatsız şəkildə və cəm halda danışırsa, bu Dantes karbonari təriqətinin mənsubu olmaya? Xatırlayıram, komissar onu bir meyxanadan, həm də çox adamın iştirak etdiyi məclisin içindən götürdüklərini deyirdi. Çox güman, bu hansısa gizli mason təşkilatının bir şöbəsidir”.

Ucadan davam edərək dedi:

– Cənab, siz sakit ola bilərsiniz, təqsirləndirilən günahsızdırsa, ədalət tələb etməkdə tamamilə haqlısınız; əksinə, günahkardırsa, onu cəzalandırmamaq (biz pis zamanlar keçiririk) ağır nəticələr verə bilər. Bu baxımdan mən məcburən öz vəzifəmi yerimə yetirməliyəm.

Soyuqqanlılıqla baş əyib, qürurlu bir şəkildə məhkəmə binasına bitişik evinə daxil oldu, zavallı armator isə donmuş halda küçənin ortasında qaldı.

Dəhliz jandarma və polislə dolu idi; məhbus, hiddətli və alovlu baxışları ilə sakit və tərpənmədən onların arasında dayanmışdı.

Vilfor dəhlizdən keçərək polisin əlindəki bir dəstə kağızı götürüb, sərt baxışla Dantesə nəzər yetirərək, qapı arxasında gözdən itdi, yol üstü dedi:

– Məhbusu gətirin.

Vilforun məhbusa yetirdiyi diqqət nə qədər ani olduğuna baxmayaraq, o özü üçün dindirəcəyi adam haqda müəyyən bir təəssürat yarada bildi. Məhbusun geniş və açıq alnında ağıl, inadlı baxışın çatılmış qaşlarında mərdlik və yarıaçıq dodaqlarının arxasından görünən, fil sümüyü kimi ağappaq iki sıra dişləri ilə birlikdə, açıq ürəklilik oxunurdu.

İlk təəssürat Dantes üçün də xoşa gəlim oldu; lakin Vilfora tez-tez deyirdilər ki, siyasi müdriklik ilk coşquya uymamaqdadır, çünki bu qəlbin səsidir; təəssüratla coşqu arasındakı fərqi unudan Vilfor, bu qanunu ilkin təəssüratına əlavə etdi.

O, qəlbinə daxil olmaq, oradan da ağlını əldə etmək istəyən xoş hissləri boğaraq, ayna qarşısında özünü qaydasına salıb, acıqlı və qaşqabaqlı halda yazı masası arxasına keçdi.

Bir dəqiqədən sonra Dantes daxil oldu.

O, əvvəlki kimi rəngi solğun, lakin sakit və xoş sifətli idi; təbii bir nəzakətlə hakimə baş əyib, sonra sanki Morrelin qonaq otağındaymış kimi gözləri ilə oturacaq axtarmağa başladı.

Yalnız burada o Vilforun sönük baxışları ilə rastlaşdı – qanun keşikçilərinə xas olan o soyuq baxışlar, kimsəni onların fikirlərini oxumağa imkan verməmək üçün, gözlərini tutqun bir şüşəyə çevirir. Bu baxış Dantesə hakim qarşısında olduğunu xatırlatdı.

Vilfor dəhlizdə ona verilən kağızları araşdıraraq soruşdu:

– Siz kimsiz və adınız nədir?

Bir neçə saat içində iş artıq bir dəftər həcminə qədər böyümüşdü: yalnız casusluq adlandırdığımız xora bu tezlikdə təqsirkar bildiyimiz o bədbəxt bədəni yeyib bitirər.

Gənc rəvan və güclü bir səslə cavab verdi:

– Adım Edmon Dantesdir. ”Morrel və Oğlu” firmasına məxsus “Faraon” gəmisinin kapitan köməkçisiyəm.

Vilfor davam etdi:

– Neçə yaşınız var?

Dantes cavab verdi:

– On doqquz.

– Sizi həbs edəndə hardaydınız və nə edirdiniz?

Dantes titrək səslə cavab verdi:

– Dostlarımla birlikdə, nişan ziyafətimdə yemək yeyirdik.

Bu dəqiqələrdə baş verən hadisələr, şən bayramla qəmgin mərasim və Vilforun sərt, Mersedesin isə işıq saçan sifəti arasında, inanılmaz təzad təşkil edərək, böyük əzaba səbəb olurdu.

Özündən asılı olmayaraq diksinən prokuror köməkçisi təkrar etdi:

– Sizin nişanınızda?

– Bəli, mən artıq üç ildir sevdiyim qızla evlənməyi gözləyirəm.

Vilfor özünün şövqsüz adətinin əksinə olaraq belə bir təsadüfə təəccübləndi və gənc adamın həyəcan dolu səsi onun qəlbində xeyirxahlıq sədası oyandırdı. O da öz nişanlısını sevir, xoşbəxtdir, budur onun xoşbəxtliyinə mane olublar, Vilfor indi özü kimi səadətin yaxınlığında olan bir adamın səadətini pozmaqdaydı.

O: “Bu kimi fəlsəfi müqayisə markiza de Sen-Meranın qonaq otağında böyük uğur qazana bilər”, – deyə düşündü. Dantes növbəti sualları gözlədiyi halda, Vilfor beynində antitezislər seçməyə başlamışdı, elə antitezislərdən natiqlər gözəl ifadələr qurur və onu əsl parlaq nitq kimi qəbul edərək, sürəkli alqışlara qərq edirlər.

Beynində əla təbrik nitqi quran Vilfor gülümsədi və Dantesə müraciət edərək dedi:

– Davam edin.

– Nəyə davam edim?

– Ədalət məhkəməsini məlumatlandırın.

– Qoy ədalət məhkəməsi mənə desin ki, hansı məlumatlar almaq istəyir, bildiklərimin hamısını ona danışaram. Lakin, – o, gülümsəyərək əlavə etdi, – mən xəbərdarlıq edirəm, çox az şey bilirəm.

– Siz qəsbkarın dövründə xidmət etmisinizmi?

– O devrilən vaxtı məni hərbi donanmaya təyin etməli idilər.

Vilfor dedi:

– Deyirlər, siz kəskin siyasi əqidəyə maliksiniz, – (bu haqda Vilfora heç kim, heç zaman, heç nə deməmişdi), lakin hər ehtimala qarşı Vilfor bunu təqsirləndirici sual kimi verməyi qərara aldı.

– Mənim siyasi əqidəm!… Məndə heç zaman siyasi əqidə adlı bir şey olmadığını deməyə utanıram, məlumat verdiyim kimi, mənim cəmi on doqquz yaşım var; heç nə bilmirəm və heç bir görkəmli vəzifə də tuta bilmərəm; nəyim varsa, mən kim ola bilərəmsə, onu da əgər arzuladığımı əldə edə bilsəm, yalnız cənab Morrelə borclu olacağam. Beləliklə, mənim əqidələrim siyasi deyil, şəxsi olaraq üç hisslə bağlıdır: mən atamı sevirəm, cənab Morrelə hörmət edirəm və Mersedesi həddindən artıq çox sevirəm. Mərhəmətli hökmdar, ədalət məhkəməsinə yalnız bunları deyə bilərəm; gördüyünüz kimi bu onlar üçün elə də bir mühüm əhəmiyyət kəsb etmir.

Dantes danışa-danışa Vilfor onun açıq, səmimi sifətinə baxıb qeyri-iradi Renenin sözlərini xatırladı, Rene təqsirləndiriləni tanımadığı halda ona qarşı ədalətli olmağı xahiş edirdi. Cinayət və cinayətkarlarla iş aparmağa adət etmiş prokuror köməkçisi Dantesin hər sözündə onun təqsirkar olmadığına dair yeni sübutlar görürdü. Doğrudan da bu gənc, demək olar, yeniyetmə, açıq qəlbli sadəlövh, axtarılan halda heç zaman əldə edə bilmədiyin gözəl nitqə malik, xoşbəxt olduğu üçün də hər kəsə sevgi dolu xoşbəxtlik gətirən, hətta yazıqları xeyirxahlara çevirən, öz hakiminin belə qəlbini doldurmuş zəriflik və xeyirxahlıq hisslərinə qərq edirdi. Vilfor ona qarşı ciddi və sərt idi, amma Edmonun baxışında, səsində və hərəkətlərində onu dindirən adama qarşı mehribanlıq və xeyirxahlıqdan başqa heç nə yox idi.

“Vicdan haqqı, – Vilfor düşünürdü, – əla gəncdir, əminəm ki, Renenin ilk xahişini yerinə yetirmək o qədər də çətin olmayacaq; beləliklə də aşkarda səmimi əl sıxışma, gizlində isə küncdə-bucaqda zərif öpücük də qazana bilərəm”.

Bu şirin ümidlərə görə, Vilforun sifəti aydınlaşdı və o, öz fikirlərindən ayrıldıqdan sonra nəzərini Dantesin üzərinə yönəltdi. Dantes isə onun sifətindəki dəyişikliyi görüb gülümsəyirdi.

Vilfor soruşdu:

– Sizin düşmənləriniz varmı?

Dantes dedi:

– Düşmənlərim? Xoşbəxtlikdən hələlik elə bir əhəmiyyət kəsb etmədiyimdən, onları qazana bilməmişəm. Ola bilsin, bir az çılğınam, lakin tabeliyimdə olanlarla münasibətdə özümü ələ ala bilirəm. Tabeliyimdə on-on iki dənizçi var. Mərhəmətli əlahəzrət, özlərindən soruşa bilərsiniz, onların hər biri məni ataları kimi yox, – çünki bunun üçün hələ çox gəncəm, – amma böyük qardaşları kimi çox sevir.

– Əgər düşmənləriniz yoxdursa ola bilsin, qibtə edənləriniz var. Cəmi on doqquz yaşınız var və sizi gəmi kapitanı təyin edirlər, bu, sizin rütbənizdə yüksək bir vəzifədir; sizi sevən gözəl bir qızla evlənirsiniz, bu isə bütün dünya rütbələri içində, nadir xoşbəxtlikdir. Bu da sizə qibtə etmək üçün iki tutarlı dəlil.

– Bəli, siz doğru deyirsiniz. Siz yəqin, insanları məndən yaxşı tanıyırsınız, dedikləriniz də doğrudur. Lakin, əgər bu qibtə edənlər mənim dostlarım içərisindədirsə, onlara nifrət etməməyim üçün tanımamağa üstünlük verərdim.

– Bu düzdür, həmişə imkan daxilində ətrafı aydın görmək lazımdır. Düzünü desək, məndə o dərəcədə layiqli gənc bir adam təəssüratı yaradırsınız ki, sizə ədalətin adi qanunlarından kənara çıxaraq həqiqəti açmaq üçün kömək etmək qərarına gəlmişəm… Bu da sizi təqsirləndirən məlumat. Xətt tanış gəlirmi?

Vilfor cibindən məktubu çıxarıb Dantesə uzatdı. Dantes baxıb oxudu, alnını qırışdırıb dedi:

– Yox, mən bu xətti tanımıram; xətt dəyişdirilib, lakin kifayət qədər sərtdir. Hər halda o, bacarıqlı əldən çıxıb. – O, minnətdarlıqla Vilfora baxaraq əlavə etdi: – Mən sizin kimi adamla iş birliyində olduğuma görə çox xoşbəxtəm, çünki bu qibtə edən adam həqiqətən düşməndir!

Gəncin gözlərindən yayılan qığılcımlardan Vilfor onun həlim, zahiri görünüşü altında necə güclü daxili qüvvə gizləndiyini başa düşdü.

Vilfor dedi:

– İndi isə mühakimin hakimə dediyi kimi yox, bəlaya düşən adamın, ona kömək etmək istəyən adama söylədiyi kimi, açıq deyin: bu imzasız məktubda həqiqət varmı?

Vilfor Dantesin ona qaytardığı məktubu nifrətedici şəkildə masanın üzərinə atdı.

– Hər şey düzdür, eyni vaxtda bir söz belə düz deyil; and olsun dənizçi namusuma, and olsun Mersedesə olan sevgimə, and olsun atamın canına, əsl həqiqət budur!

Vilfor dedi:

– Danışın. – Ürəyində əlavə etdi: “Əgər Rene məni görə bilsəydi, ümid edirəm, razı qalar və məni cəllad adlandırmazdı”.

– Beləliklə: biz Neapoldan çıxanda kapitan Lekler əsəb qızdırmasına tutuldu; gəmidə həkim yox idi, o isə sahilə yan almaq istəmirdi, çünki Elba adasına çatmağa çox tələsirdi, buna görə də onun səhhəti pisləşdi və xəstəliyin üçüncü günü Lekler ölümünün yaxınlaşdığını görüb məni yanına çağırdı. O dedi: “Dantes, namusuna and iç ki, sizə verəcəyim tapşırığı yerinə yetirəcəksiniz; məsələ çox ciddidir”.

Mən cavab verdim: “Kapitan, and içirəm”.

“Bəlli ki, mənim ölümümdən sonra kapitan köməkçisi olaraq gəminin idarə olunması sizə keçəcək, Elba adasına istiqamət götürüb Porto-Ferrayoya yan alarsız, marşalın yanına gedib bu məktubu ona verin; ola bilsin, orada sizə başqa məktub və yaxud da hansısa bir tapşırıq versinlər. Bu tapşırığı mən yerinə yetirməli idim; Dantes, siz bunu mənim əvəzimə yerinə yetirəcəksiniz və bütün xidmətlər sizin olacaq”.

“Yerinə yetirərəm, kapitan, lakin ola bilsin, marşalın yanına düşmək o qədər də asan olmasın?”

Kapitan dedi: “Bu üzüyü marşala verməyi xahiş edərsiniz, bu bütün maneələri dəf edəcək”.

Bu sözləri deyib mənə bir qaşlı üzük verdi. Bundan iki saat sonra huşunu itirdi, ertəsi gün isə vəfat etdi.

– Bəs siz nə etdiniz?

– Nə edəcəydimsə, onu da etdim. Vəfat edən adamın vəsiyyəti müqəddəsdir; lakin biz dənizçilərdə rəisin xahişi əmrdir, onu yerinə yetirməmək olmaz. Beləliklə Elba adasına istiqamət aldım və ertəsi gün ora çatdım; hamını göyərtədə saxlayıb özüm sahilə endim. Təxmin etdiyim kimi, məni marşalın yanına buraxmaq istəmirdilər, lakin şərti işarə olaraq məndə olan qaşlı üzüyü göndərdim; beləliklə qarşımdakı bütün qapılar açılmış oldu. O, məni qəbul etdi, bədbəxt Leklerin ölümü barədə soruşdu, əvvəl də dediyim kimi, mənə məktub verdi və onu şəxsən Parisə çatdırmağımı istədi. Mən də söz verdim, çünki bu mənim kapitanımın sonuncu vəsiyyətinin yerinə yetirilməsinə daxil idi. Bura gələndən sonra gəmidəki bütün işlərimi yerbəyer edib nişanlımın yanına qaçdım, o, mənə əvvəlkindən daha gözəl, daha zərif göründü. Cənab Morrelin köməkliyi ilə biz kilsədəki rəsmi işləri yoluna qoyduq; sonra sizə əvvəldə dediyim kimi nikah ziyafətində yemək yeyirdik və bir saatdan sonra nikaha daxil olmağa hazırlaşırdıq, səhəri gün Parisə gedəcəyimi fikirləşirdim, lakin qəfildən indi sizin də nifrət etdiyiniz bu məlumata görə məni həbs etdilər.

Vilfor söylədi:

– Bəli, bəli, bunların hamısı mənə həqiqət kimi gəlir və əgər siz təqsirkarsınızsa, o da yalnız ehtiyatsızlıqdandır; lakin sizin ehtiyatsızlığınız da kapitanın əmri ilə bağlıdır. Elbada aldığınız məktubu bizə təqdim edin və ilk çağırışda burada olacağınıza söz verin, sonra da dostlarınızın yanına qayıdın.

Dantes sevincdən özünü itirib qışqırdı:

– Deməli, mən azadam.

– Bəli, ancaq məktubu mənə qaytarın.

– O sizdə olmalıdır, onu məndən digər kağızlarla birlikdə götürdülər, bu dəstin içindən onların bəzilərin tanıyıram.

– Dayanın, – deyə Vilfor şlyapası ilə əlcəklərini götürməyə hazırlaşan Dantesə dedi, – dayanın! Məktub kimə ünvanlanmışdı?

– Parisdə Kok-Eron küçəsində yaşayan cənab Nuartyeyə.

Əgər Vilforun üzərinə ildırım düşsəydi, onu belə qəfil və tez zərbə ilə vurmazdı; o, kreslonun üzərinə düşdü, sonra Dantesdən götürülən kağız bağlamasını götürmək üçün bir balaca dikəldi və tələm-tələsik onları eşələyərək bədbəxtlik gətirən həmin məktubu tapıb izah olunmaz faciəvi baxışını onun üzərinə yönəltdi. Sonra o daha da rəngi qaçmış halda pıçıldadı:

– Cənab Nuartyeyə, Kok-Eron küçəsi, nömrə otuz.

Dantes heyrət içində dedi:

– Elədir ki var, məgər siz onu tanıyırsınız?

Vilfor cəld cavab verdi:

– Xeyr, kralın sadiq qulunun sui-qəsdçilərlə işi ola bilməz.

Dantes soruşdu:

– Deməli, söhbət sui-qəsddən gedir?

Artıq özünü azad olmuş hesab edən Dantes hiss etdi ki, məsələ başqa şəkildə dövr etməyə başlayır.

– Hər halda mən sizə demişdim ki, o məktubun məzmunu haqda heç nə bilmirəm.

Vilfor boğunuq səslə dedi:

– Bəli, siz məktub ünvanlanan şəxsin adını bilirsiniz!

– Məktubu şəxsən özünə vermək üçün onun adını bilməli idim.

Vilfor məktubu oxuyaraq və get-gedə rəngi daha da saralmış halda soruşdu:

– Siz məktubu heç kəsə göstərməyibsiniz?

– Namusuma and olsun ki, heç kimə!

– Elba adasından cənab Nuartyeyə məktub apardığınızı heç kim bilmir?

– Məktubu mənə təqdim edəndən başqa heç kim.

– Bu da çoxdur, həddindən artıq çoxdur! – deyə Vilfor pıçıldadı.

Məktubu oxuduqca onun sifəti get-gedə tutulurdu; rəngi qaçan dodaqları, əsən əlləri, alovlanan gözləri Dantesdə ən pis hisslər yaradırdı. Məktubu oxuyan Vilfor, başını tutaraq donub qaldı.

Dantes qorxaraq soruşdu:

– Cənab, sizə nə oldu?

Vilfor cavab vermədi, sonra rəngi qaçmış və dəyişilmiş sifətini qaldırıb məktubu bir daha oxudu.

– Siz əmin edirsiniz ki, bu məktubun məzmunu haqda heç nə bilmirsiniz?

– Təkrar edirəm, namusuma and olsun ki, heç nə. Sizə nə oldu? Özünüzü pis hiss edirsiniz? İstəyirsiniz mən zəngi çalım, kimisə çağırım?

Vilfor tez ayağa qalxaraq dedi:

– Xeyr, – yerinizdə qalın və səsinizi kəsin; burada mən əmr verirəm, siz yox.

Dantes incimiş halda dedi:

– Bağışlayın, mən sizə yalnız kömək etmək istəyirdim.

– Mənə heç nə lazım deyil. Bu bir dəqiqəlik zəiflikdir, vəssalam. Özünüz haqda düşünün, mənim haqqımda yox. Cavab verin.

Dantes sual gözləyirdi, lakin əbəs yerə; Vilfor kresloya oturub güclü əli ilə üzündən tərini silərək, üçüncü dəfə məktubu oxumağa başladı. Sonra pıçıltı ilə dedi:

– Birdən o, burada nə yazıldığını öyrənibsə, nə vaxtsa Nuartyenin mənim atam olduğunu bilsə, onda məhv olaram, birdəfəlik məhv olaram!

Arabir Edmona baxaraq, sanki baxışları ilə görünməz səthi keçib, onun ürəyini əhatə edən və dodaqlarının söyləmədiyi sirrə çatmaq istəyirdi. Birdən ucadan dedi:

– Tərəddüd etmək lazım deyil.

Bədbəxt gənc dedi:

– Göylərə and verirəm, əgər tərəddüd edib şübhələnirsinizsə, məni sorğuya çəkin. Sizə cavab verməyə hazıram.

Vilfor özünü ələ alaraq qətiyyətli bir səslə dedi:

– İfadənizə əsasən üzərinizə ağır ittihamlar düşür; bu baxımdan da sizi ümid etdiyim kimi, bu tezlikdə azad etməyə səlahiyyətim yoxdur. Bu addımı atmazdan əvvəl müstəntiqlərlə məsləhətləşməliyəm. Hələlik isə sizə olan münasibətimi gördünüz.

Dantes ucadan dedi:

– Əlbəttə, sizə təşəkkür edirəm. Mənimlə hakim kimi deyil, bir dost kimi rəftar etdiniz.

– Beləliklə, sizi daha bir müddət saxlamalı olacağam, ümid edirəm ki, bu az çəkəcək, sizə qarşı olan əsas dəlil bu məktubdur, siz görürsünüz ki…

Vilfor buxarıya yaxınlaşıb məktubu oda atdı və tam yanana qədər gözlədi. Davam etdi:

– Görürsünüz, onu məhv etdim.

Dantes ucadan dedi:

– Siz ədalətdən daha yüksəksiniz, mərhəmətin özüsünüz!

Vilfor sözünü davam etdirdi:

– İndi məni dinləyin. Əlbəttə, bu kimi davranışdan sonra mənə inanmalı olduğunuzu başa düşürsünüz.

– Əmr edin, bütün əmrlərinizi yerinə yetirərəm.

Vilfor Dantesə yaxınlaşaraq dedi:

– Xeyir, mən sizə əmr etməyə hazırlaşmıram, ancaq məsləhət vermək istəyirəm, başa düşürsünüzmü?

– Söyləyin, mən sizin məsləhətinizi əmr olaraq yerinə yetirərəm.

– Mən sizi burada, məhkəmə binasında axşamadək saxlayacağam. Ola bilsin, sizi kimsə başqa biri də dindirsin, mənə dediklərinizin hamısını deyin, amma məktub haqda yarım kəlmə də!

– Cənab, söz verirəm.

İndi Vilfor sanki yalvarırdı, müttəhim isə hakimi sakitləşdirirdi.

Vilfor məktub formasında olan külə baxıb davam etdi:

– Başa düşürsünüz, indi məktub artıq məhv edilib. Onun varlığından yalnız biz xəbərdarıq; onu sizə təqdim edə bilməyəcəklər; sizdən bu haqda soruşsalar, inkar edin, cəsarətlə inkar edin və azad olunacaqsınız.

Dantes dedi:

– Narahat olmayın, mən inkar edəcəyəm.

Vilfor zəngə əl ataraq dedi:

– Yaxşı… – sonra bir az ləngiyərək soruşdu. – Sizdə yalnız bu məktub idi?

– Ancaq bu.

– And için!

Dantes əlini qaldırdı.

– And içirəm!

Vilfor zəngi çaldı.

Polis komissarı içəri daxil oldu.

Vilfor onun qulağına bir neçə kəlmə söz dedi; komissar başını tərpədərək cavab verirdi.

Vilfor Dantesə dedi:

– Komissarın ardınca gedin.

Dantes baş əyərək bir daha Vilfora minnətdarlıqla baxıb çıxdı.

Qapı bağlanar-bağlanmaz Vilfor demək olar, qüvvədən düşmüş və hissiyyatsız halda kreslonun üzərinə düşdü.

Bir dəqiqədən sonra pıçıldadı:

– Aman Tanrım, bəzən həyat və xoşbəxtlik gör nədən asılı olur!… Əgər kral prokuroru Marseldə olsaydı, mənim yerimə müstəntiq çağırsaydılar, məhv olmuşdum… bu məktub, bu lənətə gəlmiş məktub məni uçuruma sala bilərdi!… Ah, ata, ata! Doğrudanmı sən həmişə mənim xoşbəxtliyimə mane olacaqsan? Doğrudanmı mən daima sənin keçmişinlə mübarizə aparacağam?

Birdən onun ağlına nə isə gəldi, əyilmiş dodaqlarına gülüş qondu; çaşmış baxışları sanki hansısa bir fikir üzərində dayanmışdı. Ucadan dedi:

– Bəli, bəli, məni məhv edəcək o məktub, mənim xoşbəxtliyimin mənbəyi ola bilər… Haydı, Vilfor, iş dalınca!

Təqsirləndirilənin dəhlizdə olmadığına əmin olan kral prokurorunun köməkçisi də çıxaraq, iti addımlarla nişanlısının evinə tərəf yollandı.

VIII. İF QALASI

Polis komissarı dəhlizə çıxaraq iki jandarma işarə etdi. Onlardan biri Dantesin sağ tərəfində, digəri isə sol tərəfində durdu. Məhkəmə binasına gedən qapı açıldı, məhkumu heç bir səbəb olmadan belə lərzəyə gətirən, o uzun və qaranlıq dəhlizlərdən biriylə apardılar.

Vilforun mənzili məhkəmə binası ilə yanaşı olduğu kimi, məhkəmə binası da eləcə onun qarşısında ucalan və bütünlüklə ona tərəf açılan, Akkul zəng qülləsinin maraqla tamaşa etdiyi, kədər doğuran bir tikinti ilə, həbsxana ilə yanaşı idi.

Dəhlizdə bir neçə dəfə döndükdən sonra, Dantes barmaqlıq pəncərəli qapı gördü. Komissar dəmir çəkiclə onu üç dəfə döydü, Dantesə elə gəldi, çəkic onun ürəyinə dəyir. Qapı açıldı, jandarmlar hələ də pərişan halda olan məhkumu yüngülcə qabağa itələdilər. Dantes kandardan keçdi və qapı səs-küylə ardınca bağlandı. O, artıq başqa, ağır və boğuq hava ilə nəfəs alırdı; həbsxanada idi.

Dantesi daha səliqəli, lakin ağır siyirməli və barmaqlıqlı pəncərəsi olan kameraya saldılar. Yeni yaşayış yerinin görüntüsü onu qorxutmadı; həm də kral prokuror köməkçisinin kömək məqsədi ilə dediyi ümidverici və sakitləşdirici sözlər hələ də onun qulağında səslənməkdə idi.

Dantesi kameraya gətirəndə günorta saat dörd idi. Qeyd etdiyimiz kimi, bunların hamısı 28 fevralda baş verirdi; məhkum tezliklə qaranlığa qərq oldu.

Dərhal eşitmə qabiliyyəti iki dəfə yüksəldi. Ona gələn kiçik səsdən belə, dik qalxıb qapıya yürüyürdü, hesab edirdi ki, ona azadlıq vermək üçün arxasınca gəliblər, lakin səs başqa istiqamətdə itirdi, Dantes yenidən oturacağın üzərinə düşürdü.

Nəhayət axşam saat onda, Dantes ümidini itirdiyi bir vaxtda, onun kamerasına yaxınlaşan yeni bir səs eşidildi. Sonra dəhlizdən ayaq səsləri eşidilməyə başladı, bu səslər onun qapısı ağzında kəsildi. Kilid içində açar çevrildi, siyirmələr cırıldadı və kip, palıd ağacından olan qapı açıldı, iki məşəlin gözqamaşdırıcı işığı kameranı bürüdü.

Onların işığı altında, Dantes dörd jandarmın tüfəng və qəmələrinin parıltısını gördü.

– Mənim ardımca gəlmisiniz? – Dantes soruşdu.

Jandarmlardan biri:

– Bəli, – cavabını verdi.

– Kral prokurorunun köməkçisi əmr verib?

– Əlbəttə.

– Yaxşı, mən sizin ardınızca getməyə hazıram.

Vilforun adından, onun ardınca gəlmələrindən əmin olan bədbəxt gəncin bütün qorxusu dağıldı, o, sakit və məcbur edilmədən çıxıb jandarmlar arasında yerini tutdu.

Həbsxananın qapısında karet dayanmışdı; çatmada, faytonçunun yanında isə pristav oturmuşdu.

Dantes soruşdu:

– Bu karet mənim üçündür?

Jandarmlardan biri cavab verdi:

– Bəli, sizin üçündür, oturun.

Dantes etiraz etmək istədi, lakin qapı açıldı və onu karetin içinə itələdilər. O, müqavimət göstərə bilmədi və heç istəmirdi də; bir anda özünü oturacaqda, iki jandarmın arasında gördü; digər ikisi onlarla üz-üzə oturdu, ağır ekipaj qorxunc bir səslə çaparaq yola düşdü.

Məhbus pəncərələrə baxdı; onlar dəmir barmaqlıqla bağlanmışdı. O, yalnız həbsxanasını dəyişmişdi; yeni həbsxana təkərlər üzərində idi və naməlum hədəfə doğru gedirdi. Əlin zorla keçdiyi dəmir barmaqlıq arasından, Dantes onu Kessari, sonra Sen-Loran və Taramis küçələrindən keçirərək, sahilə doğru apardıqlarını görməyə müvəffəq oldu.

Bir az keçdikdən sonra, pəncərə və yanından keçdikləri heykəlin məhəccərindən, liman İdarəsinin işıqlarını gördü.

Karet dayandı, pristav çatmadan enib qarovulxanaya yaxınlaşdı; oradan ona yaxın əsgər çıxıb iki sırıya düzüldülər. Sahildə yanan fənərlərin işığında onların tüfəngləri parıldayırdı.

Edmon düşünürdü: “Doğrudanmı bunların hamısı mənə görədir?”

Açarla qapını açan pristav sakit bir şəkildə bu sualın cavabın verdi, çünki karetdən sahilədək düzülən iki sıra əsgər arasındakı dar keçidi Dantes artıq görmüşdü.

Qarşı oturacaqda oturmuş iki jandarma karetdən birinci çıxdılar, onların ardınca Dantes, onun ardınca isə yanında oturmuş digər iki jandarma. Hamı gömrük qulluqçusu tərəfindən zəncirdə saxlanılan qayığa tərəf yönəldi. Əsgərlər Dantesə səfeh, küt bir maraqla baxırdılar. Onu cəld dörd jandarma arasına, sükanın yanına oturtdular, pristav isə qayığın burnuna oturdu. Güclü təkan qayığı sahildən ayırdı; dörd avarçı Pilon istiqamətinə doğru cəld bir şəkildə avar çəkirdi. Qayıqdan verilən haraya uyğun olaraq, qayığı limanı bağlayan zəncir götürüldü və Dantes belə demək mümkündürsə Friulenə, yəni limandan kənara düşdü.

Məhbus açıq havaya çıxdıqda ilk hiss etdiyi sevinc əlaməti oldu. Dantes bütün köksü ilə, dəniz və gecənin şəfaverici havasını sehrli qanadlarında gətirən küləyi, içinə çəkdi. Lakin tezliklə kədərlə dərindən nəfəs aldı: çünki həbsdən bir dəqiqə əvvəl, bu gün səhər ona sevinc bəxş edən “Rezerv” yeməkxanasının yanından üzüb keçirdi; güclü işıqlandırılan pəncərələrdən şən rəqs musiqisi eşidilirdi.

Dantes əllərini cütlədi, gözlərini göyə qaldırıb dua etməyə başladı.

Qayıq yoluna davam etdi; o Ölü Təpəni keçib, Faro limanı ilə bərabərləşərək batareyanı dolanıb keçirdi; Dantes heç nə başa düşə bilmirdi.

O, jandarmların birindən soruşdu:

– Bəs məni hara aparırlar?

– İndi bilərsiniz.

– Lakin…

– Bizə sizinlə danışmağı qadağan ediblər.

Dantes qismən əsgər idi: odur ki, cavab verməyə qadağa qoyulan jandarmlardan nə isə soruşmaq ona lüzumsuz gəldi, susdu.

Onda Dantesin başında qəribə fikirlər dolaşmağa başladı. Etibarsız qayıqda çox da uzağa getmək mümkün deyildi, ətrafda isə lövbərdə duran bir dənə də olsun gəmi yox idi; sahildən uzaq bir yerə aparıb, orada azad edildiyini elan edəcəklərini fikirləşirdi. Onun əllərini bağlamır, qandallamağa cəhd göstərmirdilər; bunların hamısı ona mərhəmət əlaməti kimi gəlirdi; bununla yanaşı, məgər rəhmdil və mülayim prokuror köməkçisi bədbəxt Nuartye adını dilinə gətirməsə, heç nədən qorxmağa ehtiyac olmadığını demədimi? Axı Vilfor, gözləri qarşısında, ona qarşı yeganə dəlil olan həmin qorxulu məktubu yandırdı.

O, sükut içində bunların hamısının nə ilə nəticələnəcəyini gözləyirdi, eyni zamanda qaranlıqda dənizçi gözü ilə sahəni ölçməyə adət etdiyindən ətrafı da gözdən keçirməyə çalışırdı.

Mayak yanan Ratonno adası sağ tərəfdə qalmışdı, qayıq isə sahildən yaxın məsafədə üzərək, Katalan limanına yaxınlaşdı. Məhbus daha da diqqətlə baxmağa başladı: ona elə gəlirdi, Mersedes buradadır və qaranlıq sahildə qadının aydın olmayan silueti görünür.

Mersedesin hissiyyatı necə olur ona, sevgilisinin üç yüz addımlığında olduğunu pıçıldamır?

Bütün Katalanda yalnız bir pəncərədə işıq yanırdı. Dantes diqqətlə baxıb işığın onun nişanlısının otağından gəldiyinə əmin oldu. Bütün kənddə yalnız Mersedes yatmamışdı. Əgər o, var gücüylə qışqırmış olsaydı, səsi Mersedesə çatardı. Lakin əsasız utancaqlıq onu durdurdu. Dəli kimi bağırsaydı jandarmlar nə deyərdilər? Ona görə də o ağzını açmadan və gözünü işıqdan ayırmadan sevgilisinin yanından ötüb keçdi.

Qayıq irəli hərəkət edirdi; lakin məhbus qayıq haqda deyil, Mersedes haqda düşünürdü. Nəhayət işıqlandırılan pəncərə qaya çıxıntısı arxasında gözdən itdi. Dantes dönüb qayığın sahildən uzaqlaşdığını gördü.

O, öz düşüncələrinə qərq olduğu müddətdə avarlar yelkənlərlə əvəz olunmuş və qayıq küləyin istiqaməti ilə hərəkət edirdi.

Dantes jandarmı sorğu-sual etmək istəməsə də, onun yanına yaxınlaşıb əlini tutaraq dedi:

– Dostlar! Sizin vicdanınıza və əsgər andınıza and verirəm: mənə yazığınız gəlsin, cavab verin. Məni xəyanətdə ittiham etsələr də, namuslu və mərhəmətli bir fransızam, kapitan Dantesəm. Məni hara aparırsınız? Deyin, sizə dənizçi sözü verirəm ki, öz borcumu yerinə yetirərək taleyimin hökmünə tabe olacağam.

Jandarma boynunu qaşıyıb yoldaşına baxdı. O, müəyyən hərəkətlə sanki: “mənə elə gəlir, indi demək olar” – demək istədi, Dantesə tərəf dönərək:

– Bəli, namusuma and olsun ki, bilmirəm.

– Siz heç şübhələnmirsiniz də?

– Xeyr.

– Ola bilməz.

– Müqəddəs torpağa and içirəm! Allaha and içirəm, söyləyin!

– Bəs əmr?

– On dəqiqədən, yarım saatdan, ola bilsin, bir saatdan sonra öyrənə biləcəyimi mənə deyilməsini əmr qadağan etmir. Siz yalnız məni daimi tərəddüddən qurtarırsınız. Bir dost kimi xahiş edirəm, mənə baxın, müqavimət göstərməyə və qaçmağa hazırlaşmıram. Bu mümkün də deyil. Biz hara gedirik?

– Siz ya korsuz, ya da heç zaman Marsel limanından kənara çıxmamısınız; yoxsa hara aparıldığınızı görməyə bilməzdiniz.

– Bilmərəm?

– Onda ətrafınıza baxın.

Dantes ayağa qalxıb qayığın hərəkət etdiyi istiqamətə baxdı və özündən yüz sajen irəlidə dik qara görüntülü, üzərində də İf qalasının yüksəldiyi qayalığı gördü.

Bu hədsiz dəhşət yaradan, qəribə zahiri görünüşə malik həbsxana və üç yüz ildir, Marseli öz qorxunc rəvayətləri ilə qidalandıran qala, anidən Dantesin qarşısına çıxaraq onda ölümə məhkum olunmuş adamın eşafot üzərinə çıxarkən keçirdiyi hissi yaratdı.

O, ucadan dedi:

– Aman Tanrım! İf qalası? Biz nə üçün ora gedirik?

Jandarma gülümsədi.

Dantes əlavə etdi:

– Lakin məni ora sala bilməzlər! İf qalası mühüm siyasi cinayətkarlar üçün nəzərdə tutulan dövlət həbsxanasıdır. Mən heç bir cinayət törətməmişəm. Məgər İf qalasında hansısa müstəntiqlər, hansısa hakimlər var?

Jandarma dedi:

– Bildiyimə görə orada yalnız komendant, məhbuslar, qarnizon dəstəsi və qala divarları var. Dostum, yaxşı, yaxşı, təəccüblənməyi kənara qoyun, yoxsa xeyirxahlığımın əvəzini mənə məzəmmətlə ödədiyinizi düşünərəm.

Dantes jandarmın əlini elə sıxdı ki, az qala sındıracaqdı.

– Deməli məni İf qalasına aparıb orada saxlayacaqlarını deyirsiniz?

Jandarma dedi:

– Çox güman, lakin mənim əlimi belə güclü sıxmaq lazım deyil.

– Heç bir istintaq olmadan? Heç bir rəsmi işlər olmadan?

– Bütün rəsmi işlər yerinə yetirilib, istintaq isə bitib.

– Cənab Vilforun vədinə baxmayaraq?

Jandarma dedi:

– Mən bilmirəm cənab Vilfor sizə nə vəd edib; ancaq onu bilirəm ki, biz İf qalasına gedirik. Eh! Siz nə deyirsiniz? Yoldaşlar, buraya gəlin! Tutun!

Dantes cəld, ildırım sürətli hərəkətlə dənizə tullanmaq istədi, lakin bu, təcrübəli jandarmın gözündən yayınmadı və dörd güclü əl Dantesin ayaqları yerdən üzüldüyü anda onu yaxaladı.

O hirsindən bağıraraq qayığın içinə yıxıldı.

Jandarma dizini onun sinəsinə qoyaraq dedi:

– Ey, qardaş! Sən dənizçi andını belə yerinə yetirirsən? Bundan sonra bu kimi mülayim adamlara gəl inan da! İndi əzizim, tərpənən kimi güllə ilə alnından vuracağam! Mən əmrin birinci bəndini yerinə yetirməmişəm, lakin narahat olma, ikinci bənd dəqiq yerinə yetiriləcək.

Bunu deyib doğrudan da tüfəngin lüləsini Dantesin gicgahına dayadı. Dantes ilk növbədə qəti bir hərəkətlə onun üzərinə düşən və şahin kimi caynaqlarına alan bu gözlənilməz bəladan qurtulmaq istədi. O, məhz bu bəla belə gözlənilməz olduğuna görə, çox uzun sürə bilməz deyə düşünürdü; sonra Vilforun verdiyi vədi yadına saldı; bir də boynuna almalı idi ki, qayığın dibində, jandarmın əlində ölmək ona iyrənc və acınacaqlı gəlirdi.

Taxtanın üstündə oturub acizlik, hiddət içində əlini dişləyirdi.

Güclü zərbədən qayıq silkələnib durdu. Avar çəkənlərdən biri qayığın burnu ilə toxunduğu sıldırım qayalığa tullandı, çarxdan açılan kəndirin dartılma səsi gəlirdi, Dantes harasa yan aldıqlarını başa düşdü.

Əllərindən və yaxasından tutub saxlayan jandarmlar onu məcburən ayağa qaldırıb sahilə endirərək darta-darta qala qapısına aparan pilləkənin yanına gətirdilər. Arxalarından başında süngülü tüfənglə silahlanmış pristav gəlirdi.

Yeri gəlmişkən, Dantes faydasız müqavimət haqda heç düşünmürdü də. Onun ləng tərpənməsi müqavimət istəyindən deyil, süstlüyündən irəli gəlirdi. Dantesin başı gicəlləndiyindən sərxoş adamlar kimi səndələyirdi. O, yenə sıldırım yamacda iki sıra düzülmüş əsgər gördü; pilləkənin onun ayaqlarını qaldırmağa necə məcbur etdiyini, darvazadan içəri necə girdiyini, bu darvazaların onun arxasından necə bağlandığını hiss etdi, lakin bunların hamısı sanki duman içində, şüursuz halda və heç nəyə aid edə bilmədiyi bir vəziyyətdə baş verirdi. O, hətta məhbusların işgəncə mənbəyi olan, geniş sahəsinə baxıb vahimə içərisində onu qət etməkdə necə aciz olduqlarını dərk etdikləri dənizi də görmürdü.

Bir dəqiqə durduqdan sonra Dantes özünə gəlib ətrafına baxdı. O hündür divarlar arasında dörd künc həyətdə durmuşdu; ölçülü addımlarla gəzişən gözətçilərin addım səsləri eşidilirdi və hər dəfə onlar işıq düşən pəncərələrin qarşısından keçdikcə onların tüfəngləri parıldayırdı. Onlar on dəqiqəyə yaxın dayandılar. Dantesin qaça bilməyəcəyini bilən jandarmlar onu buraxdılar. Görünür, əmr gözləyirdilər; nəhayət kiminsə səsi gəldi:

– Məhbus hardadır?

Jandarmlar cavab verdilər:

– Burda.

– Qoy mənim ardımca gəlsin, onu kamerasına aparacağam.

Jandarma Dantesi itələdi:

– Gedin.

O, bələdçinin arxasınca getdi, onu doğrudan da yarızirzəmi kameraya gətirib çıxartdılar, çılpaq nəm divarlardan sanki göz yaşları süzülürdü. Taburet üzərinə qoyulmuş dayaz boşqab və naməlum piy içində üzən piltə bu qorxunc məkanın divarlarını və bələdçini işıqlandırırdı; kobud sifətli, köhnə geyimli bir adam, çox güman, həbsxananın aşağı təbəqəli qulluqçularından idi.

– Bu da sizin bu gecəlik kameranız. – O dedi. – İndi gecdir və cənab komendant yatıb. Sabah duranda haqqınızda olan sərəncamı oxuyar, ola bilsin, sizi başqa kameraya təyin edər. Hələlik isə bu sizə çörək. Su parçdadır, küncdə isə saman var. Məhbus ancaq bu qədərini arzulaya bilər. Gecəniz xeyrə qalsın.

Dantes ona cavab verməyə macal tapmamış, çörəyi hara qoyduğunu, su ilə dolu parçın harada durduğunu, onun gələcək yatağı olan samanın hara töküldüyünü görməmiş dustaqxana gözətçisi boşqabı götürüb qapını örtərək dustağı həbsxananın yaş divarlarını göstərən o zəif işıqdan da məhrum etdi.

O, sükut və qaranlıq içində yalnız qalaraq, yeraltı məcəllənin qanununa əsasən, lal və qaradinməz halda olduğu yerin öldürücü soyuğunu istidən yanan alnında hiss etdi.

Günəşin ilk şüaları bu “mağaranı” işıqlandırar-işıqlandırmaz həbsxana gözətçisi, dustağı burada saxlanmaq əmri ilə geri döndü. Dantes əvvəlki yerindəydi. Sanki dəmir bir əl onu əvvəlki gün dayandığı yerə mıxlamışdı, yalnız doyunca ağlamamış gözləri şişmişdi. Tərpənmədən yerə baxırdı.

O, bütün gecəni bir dəqiqə də yuxuya getmədən ayaq üstə keçirmişdi.

Həbsxana gözətçisi ona yaxınlaşıb ətrafında dövr etdi, lakin Dantes sanki onu görmürdü.

Onun çiyninə toxundu. Dantes diksinib başını yellədi.

– Siz yatmamısınız? – deyə həbsxana gözətçisi soruşdu.

– Bilmirəm. – Dantes cavab verdi.

Həbsxana gözətçisi təəccüblə ona baxırdı.

– O davam etdi, – siz ac deyilsiniz?

Dantes təkrar etdi:

– Bilmirəm. Mən komendantı görmək istəyirəm.

Həbsxana gözətçisi çiyinlərini çəkərək çıxdı.

Dantes onu nəzərləri ilə yola salaraq əlini yarıaçıq qapıya tərəf uzatdı, lakin qapı çırpılıb bağlandı. Onun qəlbindən güclü bir hönkürtü qopdu.

Yığılıb qalmış göz yaşları sanki sel kimi axırdı. O, diz üstə düşüb, başını döşəməyə basaraq uzun müddət dua etdi, sonra öz həyatını yadına salaraq özündən belə cəza almaq üçün, bu gənc yaşımda görəsən hansı günahları işlədiyini xəbər aldı.

Gün bu şəkildə gəlib keçdi. Dantes yalnız bir neçə tikə çörək və bir neçə qurtum su içə bildi. O, gah fikirli halda oturur, gah da dəmir qəfəsdəki vəhşi heyvan kimi divarın dibiylə dövr edirdi.

Hər şeydən çox belə bir fikir onu qəzəbləndirirdi: o bura köçürülən zaman hər işdən bixəbər və hara aparıldığını bilmədiyindən, bu dərəcə sakit və laqeyd oturmaq əvəzinə, ən azı on dəfə suya tullana bilərdi və Marseldə heç kəsin bacarmadığı qədər üzməyi, suya dalmağı bacardığına görə suyun altında gizlənərək gözətçiləri aldadıb hansısa boş limana çıxaraq Genuya, yaxud Katalan gəmilərindən birinə oturub İtaliyaya, ya da İspaniyaya keçə bilərdi, oradan da Mersedesə məktub yazaraq onu yanına çağırmalı idi. Dantes öz dolanışığı üçün narahat deyildi: tale onu hansı ölkəyə atmağından asılı olmayaraq yaxşı dənizçilərə hər yerdə böyük ehtiyac olduğunu bilirdi; Dantes toskaniyalı kimi italyanca, Kastilyanın sadiq oğlu kimi ispanca danışa bilirdi. O, Mersedes və atası ilə, çünki atasını da çağıracaqdı, azad və xoşbəxt yaşaya bilərdi. Bunun əvəzinə o İf qalasının məhbusudur, bu həbsxanadan ona çıxış, üstəlik Mersedeslə atasına nə olduğundan da xəbəri yoxdur; bunların hamısı da onun Vilfora inanmasından irəli gəlmişdi. Dəli olmağa səbəb çox idi, Dantes hiddət və qəzəbindən həbsxana gözətçisinin gətirdiyi təzə samanın üstündə o yan-bu yana çevrilə-çevrilə qalmışdı.

Ertəsi gün həmin saatda həbsxana gözətçisi gəldi. O soruşdu:

– Necə oldu, bir az ağıllandınızmı?

Dantes cavab vermədi.

– Məyus olmayın! Nə istəyirsiniz deyin. Deyin də!

– Mən komendantı görmək istəyirəm.

Həbsxana gözətçisi təəssüflə cavab verdi:

– Sizə dedim axı, bu mümkün deyil.

– Nəyə görə mümkün deyil?

– Çünki, həbsxana nizamnaməsinə görə, dustaqların ona müraciət etməsi qadağandır.

Dantes soruşdu:

– Bəs burada nəyə icazə vardır?

– Pullu yaxşı yeməyə, gəzintiyə, bəzən də kitablara.

– Kitab mənə lazım deyil; gəzmək də istəmirəm, yeməkdən isə razıyam. Mən yalnız komendantı görmək istəyirəm.

– Əgər buna görə məndən əl çəkməyəcəksinizsə, sizə yemək gətirməyi dayandıracağam.

Dantes cavab verdi:

– Nə olsun, yemək gətirməyəcəksiniz, mən də acımdan öləcəyəm, vəssalam!

Bu sözləri Dantes elə tərzdə söylədi ki, həbsxana gözətçisi onun ölümə sevinəcəyini hiss etdi, lakin hər dustağın ona orta hesabla hər gün on su5 gəlir gətirdiyin nəzərə alan həbsxana gözətçisi tez bundan gələcək zərəri hesablayaraq mülayim şəkildə dedi:

– Qulaq asın: xahiş etdiyiniz şey mümkün deyil; deməli siz bunu bir daha xahiş etməməlisiniz; komendantın dustağın xahişi ilə onun kamerasına gəlməsi hələ görünməyib, ona görə də özünüzü rahat aparın, sizə gəzintiyə çıxmağa icazə verərlər və ola bilsin, təsadüfən komendantı görərsiniz. Ona orda müraciət edərsiniz, məsləhət bilsə sizə cavab verər, bu artıq onun öz işidir.

– Bəs bu görüşü mən nə qədər gözləməliyəm?

Həbsxana gözətçisi dedi:

– Kim bilir? Bir ay, üç ay, yarım il, bəlkə də bir il.

Dantes onun sözünü kəsdi:

– Bu çox uzun müddətdir, mən onu indi görmək istəyirəm!

– Təkid etməyin, yerinə yetirə bilmədiyimiz bir arzunuza görə iki həftəyə dəli olarsınız.

Dantes dedi:

– Sən belə düşünürsən?

– Bəli, dəli olarsınız; dəlilik həmişə belə başlayır. Bizdə artıq belə hadisə olub; burada bir rahib yaşayırdı, o, daima komendanta azad olması üçün var-dövlət təklif edirdi, bununla da ağlını itirdi.

– Bəs o, nə vaxtdandır burada yaşamır?

– İki ildir.

– Onu azad etdilər?

– Xeyr, karserə saldılar.

Dantes dedi:

– Qulaq as, mən nə dəliyəm, nə də rahib; ola bilsin, dəli olacağam, lakin təəssüflər olsun ki, hələlik ağlım tamamilə başımdadır; sənə başqa təklifim var.

– Nədir?

– Sənə var-dövlət təklif etməyəcəyəm, çünki buna imkanım yoxdur, lakin Marselə gedərkən, Katalana baş çəkib, Mersedes adlı qıza məktub verməyə razı olsan… yüz ekyu təklif edə bilərəm, hətta məktub deyil, iki sətirlik yazı.

– Mən bu iki sətri verdiyim zaman tutularamsa, aylıq gəlir və yeməyi hesaba almadan min livr dəyərində olan iş yerimi itirərəm; gördüyünüz kimi mənim üç yüz almaq üçün min livri itirməyim dəlilik olardı.

Dantes dedi:

– Yaxşı! Onda qulaq as və yaxşıca yadında saxla: sən məktubu Mersedesə aparmasan və ya ən azı ona burda olduğumu xəbər etməsən bir dəfə qapının arxasından güdərək içəri girdiyində taburetlə başını əzərəm!

Həbsxana gözətçisi bir addım geri çəkilib müdafiə vəziyyəti alaraq bağırdı:

– Aha, hədələmələr! Sizin ağlınız həqiqətən yerində deyil, rahib də sizin kimi başlamışdı, üç gündən sonra sizdə onun kimi dəlilik etməyə başlayacaqsınız; yaxşı ki, İf qalasında karserlər var.

Dantes tabureti qaldırıb başı üzərində oynatdı.

Həbsxana qulluqçusu dedi:

– Yaxşı, yaxşı, siz hökmən bunu istəyirsinizsə, komendantı məlumatlandıraram.

Dantes tabureti döşəməyə qoyub üzərində oturaraq, başı aşağı vəziyyətdə, çaşan gözlərini oynadaraq doğrudan da ağlı çaşmağa başlayan adam kimi söylədi:

– Bax belə!

Həbsxana gözətçisi bayıra çıxıb bir neçə dəqiqədən sonra dörd əsgər və bir kapralla geri qayıtdı.

– Komendantın əmrinə əsasən, məhbusu bir mərtəbə aşağı endirin.

Kapral dedi:

– Deməli, zülmətə.

– Dəliləri dəlilərlə bir yerə – zülmətə salmaq lazımdır.

Özünü itirmiş Dantesi dörd əsgər yaxaladı və o, heç bir müqavimət göstərmədən onların ardınca yollandı.

On beş pillə aşağı endilər; qaranlıq kameranın qapısı açıldı və o, donquldanaraq içəri girdi:

– O, doğru deyir, dəliləri dəlilərlə bir yerə salmaq lazımdır.

Qapılar bağlandı, Dantes əllərini uzadıb divara çatana qədər irəli getdi; küncə çatıb oturdu və uzun müddət yerindən tərpənmədi, bu arada onun gözləri yavaş-yavaş qaranlığa alışaraq əşyaları seçməyə başladı. Həbsxana qulluqçusu səhv etməmişdi: Dantes dəliliyin bir addımlığında idi.

IX. NİŞAN GÜNÜNÜN AXŞAMI

Qeyd etdiyimiz kimi, Vilfor yenidən Qran-Kur küçəsindəki xanım de Sen-Meranın evinə yollandı, qonaqlar artıq yemək otağından çıxmış, qonaq otağında qəhvə içməkdə idilər.

Rene digər qonaqlar kimi onu səbirsizliklə gözləyirdi. Buna görə də onlar Vilforu şən nidalarla qarşıladılar.

Qonaqlardan biri qışqırdı:

– Hə, başkəsən, dövlətin dayağı, kralsevərlərin Brutu! Necə oldu?

Başqa birisi soruşdu:

– Sui-qəsd hazırlanmır ki?

Üçüncüsü soruşdu:

– Korsikan adamyeyəni öz mağarasından çıxmayıb ki?

Vilfor gələcək qayınanasına yaxınlaşaraq dedi:

– Məni bağışlayın, markiza, geri qayıtmaq üçün sizdən izin istəmək məcburiyyətindəyəm… Markiz, izin verirsəniz sizə təklikdə iki kəlmə söz deyərəm.

Vilforun qaşqabaqlı sifətini görən markiza dedi:

– Deməli, məsələ doğrudan da ciddidir?

– Çox ciddidir, mən buna görə bir neçə günlüyünə sizi tərk etməyə məcburam.

Reneyə müraciətlə əlavə etdi:

– Məsələnin nə dərəcədə ciddi olduğunu bundan görə bilərsiniz.

Kədərini gizlədə bilməyən Rene ucadan dedi:

– Siz gedirsiniz?

Vilfor cavabında dedi:

– Təəssüflər olsun ki, bu lazımdır.

Markiza soruşdu:

– Bəs hara?

– Bu istintaq sirridir. Mənim yaxınlarımdan biri bu gün Parisə gedir, ora aid kiminsə bir tapşırığı varsa, bunu məmnuniyyətlə öz üzərinə götürə bilər.

Hamı bir-birinə baxdı.

Markiz dedi:

– Siz mənimlə danışmaq istəyirdiniz?

– Bəli, əgər icazə versəniz, kabinetinizə keçərdik.

Markiz Vilforun qolundan tutdu və onlar birlikdə çıxdılar.

Kabinetə daxil olduqda markiz soruşdu:

– Nə olub? Danışın.

– Parisə təcili yola düşməyim üçün vacib səbəblər mövcuddur. Markiz, indi isə yersiz və nəzakətsiz suala görə məni bağışlayın: sizdə dövlət istiqrazları varmı?

– Mənim bütün yatarlarım ondadır; altı yüz, ya yeddi yüz min frank dəyərində.

– Elə isə onları satın, satın, əks halda iflas edəcəksiniz.

– Onları buradan necə sata bilərəm?

– Parisdə dəllalınız varmı?

– Var.

– Mənə ona ünvanlanmış bir məktub verin: bir dəqiqə, bir saniyə itirmədən belə, hamısını satsın; ola bilsin, mən həddindən artıq gec gedib çataram.

Markiz dedi:

– Lənətə gələsən! Onda gəlin vaxt itirməyək!

O, masa arxasına keçib öz müvəkkilinə, istiqrazların istənilən qiymətə satılmasına dair təlimat yazdı.

Vilfor kağızı səliqə ilə cib kisəsinə qoyaraq dedi:

– Artıq məktubun biri hazırdır, indi mənə o biri də lazımdır.

– Kimə ünvanlanmış?

– Krala.

– Krala?

– Bəli.

– Lakin mən zati-alilərinə bir səbəb olmadan, durduq yerə məktub yaza bilmərəm.

– Amma mən sizdən məktub yazmağınızı istəmirəm, sizin qraf de Salvyodan məktub yazmasını xahiş etməyinizi istəyirəm. Dəyərli vaxtımızı itirməmək üçün mənə elə məktub lazımdır ki, müxtəlif rəsmi sənədlərin tərtibinə vaxt itirmədən, onunla bilavasitə kralın yanına girmək imkanım olsun.

– Bəs ədliyyə naziri necə? Axı, o Tüilriyə girməyə səlahiyyətlidir və siz onun əli ilə istədiyiniz vaxt kralın yanına girmək üçün izin ala bilərsiniz.

– Əlbəttə. Lakin mənim apardığım vacib xəbəri başqası ilə bölüşməyin mənası yoxdur. Başa düşürsünüzmü? Ədliyyə naziri, şübhəsiz, məni ikinci plana itələyib uğurumu mənimsəyəcək. Markiz, sizə yalnız bunu deyə bilərəm: Tüilriyə birinci çataramsa, bu mənim mənsəbimin təmin olunması deməkdir, çünki krala elə bir xeyrim dəyəcək ki, o, bunu heç zaman unutmayacaq.

– Dostum, əgər belədirsə, gedin yol hazırlığına başlayın; mən Salvyonu çağıraram, o sizə elə məktub yazar ki, buraxılış vəsiqəsini əvəz edər.

– Yaxşı, lakin vaxt itirməyin; on beş dəqiqədən sonra mən poçt karetində olmalıyam.

– Tapşırıq verin bizim evin qarşısında dayansın.

– Siz əlbəttə, mənim əvəzimdən markiza və mademuazel de Sen-Merandan üzr istəyəcəksiniz, çünki böyük təəssüf hissi ilə də olsa, belə bir gündə ondan ayrılıram.

– Onlar sizi mənim kabinetimdə gözləyəcəklər, onlarla orada vidalaşarsınız.

– Min dəfələrlə təşəkkür edirəm. Elə isə məktubu hazırlayın.

Markiz zəngi çaldı. Nökər içəri girdi.

– Qraf de Salvyonu dəvət edin gəlsin… – Markiz Vilfora müraciətlə dedi: – Siz isə gedin.

– Mən tezliklə geri dönərəm.

Vilfor tələsik çıxdı; lakin qapının ağzında kral prokurorunun köməkçisi harasa iti addımla addımlamasının bütün şəhərin rahatlığını poza biləcəyini düşünüb özünün adi vüqarlı yerişi ilə addımlamağa başladı.

Öz evinə çatarkən qaranlıqda tərpənmədən onu gözləyən ağ bir kölgə gördü.

Bu Mersedes idi, Edmondan xəbər tuta bilməyən Mersedes, onun nə üstə həbs olunduğunu öyrənməyə qərar vermişdi.

Vilforu gördükdə divardan ayrılıb onun qarşısını kəsdi. Dantes Vilfora nişanlısı barədə məlumat vermişdi, ona görə də Mersedesin ona özünü təqdim etməyinə ehtiyac yox idi; onsuz da Vilfor onu tanımışdı. Qız gözəlliyi və şux qaməti ilə Vilforu mat qoymuşdu, Mersedes nişanlısını ondan soruşanda, Vilfora elə gəldi o təqsirləndirilən, Mersedes isə hakimdir.

– Sizin haqqında danışdığınız adam qatı cinayətkardır, mən onun üçün heç nə edə bilmərəm. – Vilfor cavab verdi,

Mersedes hönkürtü ilə ağlamağa başladı; Vilfor onun yanından ötmək istədi, lakin Mersedes onu saxladı.

– Heç olmazsa onun yerini deyin ki, onun diri və yaxud da ölü olduğunu öyrənə bilim.

Vilfor cavab verdi:

– Bilmirəm, o, artıq mənim sərəncamımda deyil.

Onun bəsirətli baxışı və yalvarıcı hərəkətləri Vilforu darıxdırırdı; Mersedesi itələyib evə daxil oldu və sanki bu qızın kədərindən qorunmaq üçün, cəld qapını çırpıb örtdü.

Lakin kədəri uzaqlaşdırmaq o qədər də asan deyil. Onunla yaralanan adam Vergilinin dediyi kimi, onu ölüm oxu kimi özü ilə aparır. Vilfor qapını bağlayıb qonaq otağına qalxdı, yalnız burada ayaqlarının necə taqətdən düşdüyünü hiss etdi; onun köksündən hönkürtüyə bənzər dərin bir nəfəs çıxdı və kresloya yıxıldı.

Məhz belə bir zamanda, bu xəstə qəlbdə, ölümcül xəstəliyin ilkin əlamətləri ortaya çıxdı. Öz şöhrətpərəstliyinə qurban etdiyi, onun atasının günahlarına görə cəzalandırılan və heç nədə günahı olmayan o gənc, nişanlısını qoluna alaraq solğun və qəzəbli bir şəkildə onun vicdanını parçalayaraq qarşısında dururdu, bu vicdan əzabı xəstələrin dik atılmasına səbəb olan, alın yazısı dediyimiz deyil, vaxtaşırı törətdiyin əməllərə görə ürəyi parçalayan və məzaradək gündən-günə dərinləşərək vicdanı yeyib bitirən bir əzabdır.

Vilfor, sonuncu dəfə daha bir dəqiqəlik tərəddüd keçirtdi. Artıq birinci dəfə deyildi ki, o mübarizə həyəcanından başqa heç nə hiss etməyərək, məhkumlara ölüm cəzası tələb edirdi; onun ildırım sürətli gözəl nitqi hesabına, hakimlərin və iclasçıların marağına səbəb olan və baş tutan bu edamlar onu qətiyyən narahat etmirdi, çünki müttəhimlər təqsirkar idilər və ya Vilfor onları belə görürdü.

Bu səfər isə məsələ tamamilə başqa idi: o, günahsız, xoşbəxt bir adama ömürlük həbs cəzası vermişdi: Vilfor ondan təkcə azadlığını yox, xoşbəxtliyini də almışdı; buna görə də o, özünü hakim deyil, cəllad hesab edirdi.

Bunları düşünərkən bu zamanadək hiss etmədiyi küt və ağrıverici zərbələr hiss etməyə başladı, onlar onun sinəsində əks olunaraq qəlbini hesabda olmayan qorxu ilə doldururdu.

Əgər bu anda Rene zərif səsi ilə onun bağışlanması üçün yalvarsaydı, yaxud da gözəl Mersedes içəri girib ona desəydi: “Bizi görən və mühakimə edən Tanrının adına and verirəm, mənim nişanlımı mənə qaytarın”, – Vilfor artıq qaçılmaz məğlubiyyətə tabe olaraq, başına gələcəklərə baxmayaraq, tamamilə ona tabe olar və buz bağlamış əlləri ilə Dantesin azad olunması haqda əmri imzalayardı; lakin sakitlikdə heç kimdən səda gəlmədi və qapı yalnız otaq xidmətçisi üçün açıldı, o, poçt atlarının faytona qoşulduğunu bildirdi.

Vilfor ayağa durdu, daha doğrusu daxili mübarizədən qalib çıxmış adam kimi atılıb yazı masasına tərəf qaçaraq orada saxlanılan qutulardan birinin içərisindəki bütün qızılları cibinə doldurdu, özünü itirmiş halda hələ də otaqda dolanaraq alnını əli ilə silir və rabitəsiz sözlər donquldanırdı; nəhayət otaq qulluqçusunun yağmurluğunu çiyinlərinə atdığını hiss edib, tez çıxıb faytona atılaraq kəskin halda əmr etdi:

– Qran-Kur küçəsinə, markiz de Sen-Merangilə sürün.

Zavallı Dantes geri dönüşü olmayan bir məhkumluğa məruz qalmışdı.

Vilfor markiz de Sen-Meranın arvadını və qızını söz verdiyi kimi, gəlib kabinetində gördü. Gənc Reneni gördükdə diksindi: Renenin yenə Dantes üçün xahiş edəcəyindən qorxurdu. Lakin, əfsus! Boynumuza almalıyıq ki, bizim xudbinliyimizin əksinə olaraq gənc qız yalnız bir işlə: nişanlısının yola salınması ilə məşğul idi.

Vilfor Reneni sevirdi; o, toy ərəfəsində yola düşürdü, nə zaman qayıdacağını heç özü də dəqiq bilmirdi; Rene isə, Dantesə yazığı gəlmək əvəzinə, bu cinayətlə əlaqədar onu nişanlısından ayıran adamı lənətləyirdi.

Bəs Mersedesin vəziyyəti nə yerdə idi?

De-la-Loj küçəsində onun ardınca gəlmiş Fernan gözləyirdi; Mersedes Katalana qayıtdı və yarıcanlı, ümidsiz halda yatağının üzərinə atıldı. Fernan bu yataq qarşısında diz üstə çökərək, onun soyuq əllərini əlinə alıb, həyəcanlı şəkildə öpməyə başladı, lakin Mersedes bunların heç birini hiss etmədi.

Gecə belə keçdi. Qabdakı yağ yanıb bitdikdən sonra, gecə lampası söndü, lakin Mersedes bunu hiss etmədi, işığı da hiss etmədiyi kimi səhərin açılmasını da hiss etmədi.

Kədər onun gözlərini pərdələmişdi, Edmondan başqa heç nə görmürdü.

Nəhayət Fernana tərəf dönərək dedi:

– Sən burdasan!

Fernan kədərlə nəfəs alaraq dedi:

– Dünəndən yanından ayrılmamışam.

Morrel özünü məğlub edilmiş saymırdı. O, dindirmədən sonra Dantesi həbsxanaya apardıqlarını bilirdi, bütün dostlarına baş çəkib, bütün təsir edə biləcək adamlara dəydi, lakin artıq hər tərəfdə Dantesin Bonapartın casusu olduğuna görə həbs olunması haqda şayiələr gəzirdi, o zaman hətta ən cəsur adamlar belə, Napoleonun taxt-tacı özünə qaytarmaq cəhdini ağılsızlıq hesab etdiyindən, Morrel müraciət etdiyi yerlərdə yalnız soyuq münasibət, qorxu və imtina ilə rastlaşırdı. O, evə ümidsiz halda qayıtdı, qəlbində başa düşürdü ki, işlər çox pisdir və heç kəs kömək etmək iqtidarında deyil.

Öz tərəfindən Kadruss da böyük narahatçılıq içində idi. Dantesə kömək məqsədi ilə, Morrel kimi bütün şəhəri dolanmaq əvəzinə, söz yox, bu heç nəyi dəyişməyəcəkdi, o, iki butulka şərab alıb evinə qapanaraq bütün həyəcanını şərabla boğmağa çalışırdı. Lakin onun itirilmiş ağlını dumanlandırmaq üçün iki butulka şərab kifayət etməzdi. Ona görə də həm evdən şərab dalınca çıxmağa halı olmadığından, həm də baş verənləri unutmamaq üçün, sınıq ayaqlı oturacağa söykənib, iki boş butulka arasında oturmağa davam edərək hisləyən şamlar işığında Qofmanın fantastik toz şəklində punşdan nəm çəkmiş səhifələr üzərində xəyalatların fırlanaraq rəqs etməsinə tamaşa edirdi.

Təkcə Danqlar narahat deyildi, təlaş da keçirmirdi. Hətta sevinirdi; o düşmənindən qisasını almış, “Faraon” gəmisində isə məhrum olmaqdan qorxduğu vəzifəni təmin etmişdi. Danqlar qulağının arxasında lələk və ürək yerinə mürəkkəb qabı ilə doğulan, öz xeyrini bilən, ehtiyatlı adamlardan biri idi; dünyada nə varsa onun üçün vurma və çıxma ilə bağlı idi, rəqəmlər isə onun üçün bir adam tərəfindən azaldıla bilən cəmi artırmağa qadir idisə, adamdan daha böyük əhəmiyyət kəsb edirdi.

Ona görə də Danqlar adəti üzrə yatdığı vaxtda yatağına girib rahat yatdı.

Qraf de Salvyodan zəmanət məktubu alan Vilfor, Renenin hər iki yanağından öpərək, markiza de Sen-Meranın əlinə dodaqlarını yapışdırıb, markizin əlini sıxaraq, poçt faytonu ilə Eks yoluna doğru çapdı.

Kədərindən dərin sarsıntı keçirən yaşlı Dantes isə ölümcül təlaş içərisində idi.

Edmona gəldikdə isə, onun başına nə gəldiyi artıq məlumdur.

X. TÜİLRİDƏ KİÇİK OTAQ

Var gücü ilə üç hissədən ibarət olan və mal-qaranın sürülməsi üçün nəzərdə tutulan Paris yoluyla çapan Vilforu bir yana qoyub, iki-üç qonaq otağını keçərək Tüilridə kiçik bir mənzilə baş çəkək. Yarımdairəvi pəncərələri olan bu mənzil, Napoleon və XVIII Lüdovikin, sonra isə Lui-Filippin sevimli iş otağı olmağı ilə məşhur idi.

Qeyd olunan iş otağında, Qartveldən gətirilən qoz ağacından hazırlanmış masa arxasında, dahi şəxsiyyətlərə məxsus qəribə bir şıltaqlıqla oturmuş XVIII Lüdovik pərişan halda, ağ saçlı, kübar sifətli, gözəl geyimli, əlli yaşlarında olan bir adamı dinləyirdi. Eyni zamanda o, Qrifius nəşriyyatı tərəfindən Horatsinin nəşr edilmiş, çox da dəqiq hesab edilməyən, lakin pərəstiş edilən, əsərinin səhifələri kənarında qeydlər aparırdı, bu qeydlər, əlahəzrətlərinə hiyləgər ədəbi müşahidələr aparmaq üçün, geniş qida mənbəyi idi.

Kral dedi:

– Cənab, deməli siz deyirsiniz ki…

– Əlahəzrətləri, mən hədsiz dərəcədə narahatam.

– Doğrudan? Siz yuxuda yeddi arıq, yeddi kök inək görməmisiniz?

– Əlahəzrətləri, xeyr. Bu bizə yalnız yeddi il aclıq, yeddi il isə bolluq gözlədiyindən xəbər vermiş olardı; əlahəzrət, sizin kimi tədbirli kralın yanında aclıqdan qorxmağa dəyməz.

– Əziz Blakas, bəs onda sizi narahat edən nədir?

– Əlahəzrət, mənə elə gəlir, cənubda dolu var.

XVIII Lüdovik cavab verdi:

– Əziz hersoq, mənə elə gəlir, belə bir vəziyyətdə siz pis məlumatlanırsınız. Əksinə mən dəqiq bilirəm, orada hava əladır.

XVIII Lüdovik bilikli adam olsa da, yüngül zarafatları sevərdi.

De Blakas dedi:

– Cənab, heç olmazsa sadiq qulunuzu sakitləşdirmək üçün Lanqedok, Provans və Dofine əyalətlərinə dəqiq məlumat gətirməyə etibarlı adamlarımızın göndərilməsinə izin verin.

Kral Horatsi səhifələrinin kənarlarında qeydiyyat apara-apara cavab verirdi:

– Canimus surdis.6

– Əlahəzrətləri, – özünü Venetsiya şairinin yarım bənd şeirini başa düşən kimi göstərmək istəyən saray əyanı gülərək davam etdi: – Əlahəzrətləri, ola bilsin, Fransanın sadiqliyini nəzərə alaraq, siz haqlısınız; lakin düşünürəm ki, hər hansı bir cəhddən çəkinməklə, mən də haqlı hesab edilə bilərəm…

– Kimin tərəfindən?

– Bonapart, yaxud onun partiyası tərəfindən.

Kral dedi:

– Əziz Blakas, sizin qorxunuz mənə işləməyə imkan vermir.

– Cənab, sizin rahatlığınız isə məni yatmağa qoymur.

– Əzizim, durun gözləyin: ağlıma gözəl bir məzəmmət gəldi, Pastor quum traheret;7 gözləyin, sonra deyərsiniz.

Sükut çökdü, kral Horatsi səhifələri yanında kiçik xətlə bir neçə sətir nə isə yazdı.

– Başqasının fikrini təhlil edərkən özünü yeni bir fikrə gəlmiş adam kimi göstərən kral, başını özündən razı halda qaldıraraq dedi, – əziz hersoq davam edin. – Mən sizi dinləyirəm, davam edin.

Balakas əvvəlcə Vilforun gətirdiyi xəbərdən özü yararlanmaq istəyirdi, odur ki, sözə belə başladı:

– Əlahəzrətləri sizə deməliyəm ki, boş şayiələr və əsasız sözlər məni çəkindirmir. Ağıllı, etibarımı tamamilə qazanmış və tərəfimdən Fransanın cənubuna nəzarət etməyə təyin olunan, – hersoq bu sözləri deyərkən bir az tutuldu, – məlumat çatdırmaq üçün poçt faytonu ilə çaparaq gəlib: kralı qorxulu təhlükə gözləyir. Əlahəzrət, ona görə də sizin yanınıza gəlməyə belə tələsirdim.

Kral qeydlərinə davam edə-edə dedi:

– Mala ducis avi domum.8

– Əlahəzrət, ola bilsin, siz mənim bu mövzunu bağlamağımı istəyirsiniz?

– Xeyir, xeyir, əziz hersoq, lakin əlinizi uzadın…

– Hansını?

– Hansını istəyirsiniz; bax ora, sol tərəfə…

– Əlahəzrət, burada?

– Mən sol tərəfə deyirəm, siz isə sağ tərəfdə axtarırsınız; məndən sol tərəfə demək istəyirəm; bəli, burda; burada polis nazirinin dünənki tarixlə məlumatı olmalıdır… Bax, bu da Dandrenin özü… Deyəsən siz cənab Dandre dediniz? – Kral Polis nazirinin gəlişini xəbər vermək üçün içəri daxil olan otaq xidmətçisinə müraciətlə davam etdi.

Otaq qulluqçusu cavab verdi:

– Bəli, ser, baron Dandre.

– Bəli, baron, – deyə, XVIII Lüdovik hiss edilməyən gülüşlə dedi, – gəlin, baron, cənab Bonapart haqda bütün son xəbərləri hersoqa xəbər verin. Vəziyyət nə qədər ciddi olsa da heç nəyi gizlətməyin. Elba adasının bir vulkan olduğu, ətrafa küllü və alovlu müharibə püskürdüyü doğrudurmu: bella, horida bella?9

Dandre, iki əli ilə gözəl bir şəkildə oturacağın arxasına söykənərək dedi:

– Əlahəzrət, dünən mənim məlumatımla tanış olmaq şərəfinə nail olmuşdumu?

– Oxudum, oxudum; lakin onu tapa bilməyən hersoqa özünüz danışın, orada nə yazılmışdı? Qəsbkarın öz adasında nə ilə məşğul olduğuna dair, ona ətraflı məlumat verin.

Baron hersoqa müraciət edərək dedi:

– Əlahəzrətin bütün sadiq qulları kimi, Elbadan alınan son məlumatlara sevinməyə məcburuq. Bonapart…

Dandre XVIII Lüdovikə baxdı, o, hansısa qeydiyyatla maraqlandığından başını belə qaldırmadı.

Baron davam etdi:

– Bonapart ölümcül şəkildə darıxmaqdadır; bütün gün ərzində Porto-Lanqone limanında mina düzənlərin işini izləyir.

Kral əlavə etdi:

– Əylənmək üçün də qaşınır.

Hersoq dedi:

– Qaşınır? Əlahəzrətləri, siz nə demək istəyirsiniz?

– Məgər siz unutmusunuz ki, bu böyük adam, qəhrəman, yarı Tanrı dəri xəstəliyindən əzab çəkir?

Polis naziri davam etdi:

– Hersoq, bu azmış kimi, biz əminik ki, yaxın vaxtlarda qəsbkar dəli olacaq.

– Dəli olacaq?

– Şərhsiz; onun ağlı qarışır, gah acı göz yaşları tökür, gah var gücü ilə qəhqəhə çəkir; bəzən saatlarla sahildə oturub suya daş atır, əgər daş beş-altı dəfə sapırsa, onda yenidən Marenqo, yaxud Austerlits döyüşündə qalib gəldiyi kimi sevinir. Razılaşarsınız ki, bu əsl dəlilik əlamətləridir.

XVIII Lüdovik gülərək dedi:

– Yaxud, cənab baron, müdriklik, keçmişdə böyük sərkərdələr, əyləncə saatlarında, suya daş atmaqla əylənərdilər; Plutarxı açın və Afrikalı Sipionun həyatına nəzər salın.

Həm kralda, həm də nazirdə bu laqeydliyi görən de Blakas fikrə getdi. Vilfor, başqalarının onun sirrindən istifadə etməməyi üçün hamısını açıqlamayıb, lakin onları narahat etmək üçün kifayət edəcək qədər məlumat vermişdi.

– Dandre, davam edin, – kral dedi: – Blakas hələ tam əmin deyil. Qəsbkarın necə haqq yoluna qayıtmasından danışın.

Polis naziri baş əydi.

– Haqq yoluna? – Hersoq Vergili çobanları kimi növbə ilə danışan krala və Dandreyə baxaraq pıçıldadı: – Qəsbkar haqq yoluna qayıdıb?

– Sevimli hersoq, sözsüz.

– Hansına?

– Xeyirxahlıq yoluna. Baron, izah edin.

Nazir tamamilə ciddi şəkildə sözə başladı:

– Hersoq, məsələ ondadır ki, Napoleon bu yaxınlarda baxış keçirib; onun köhnə deyingənlərindən ikisi, ya üçü Fransaya qayıtmaq arzusunda olduqlarını bildirib; o, onları təkidlə xeyirxah krala xidmət etməyi məsləhət görərək buraxıb; hersoq, sizi əmin edirəm, bu onun öz sözləridir.

Kral, qarşısındakı açıq şəkildə durmuş nəhəng kitabdan qoparaq, təntənəli surətdə soruşdu:

– Hə, Blakas, necədir? Buna nə deyirsiniz?

– Mən daha təmtəraqlı demək istəyirəm, ikimizdən biri səhv edir: ya cənab polis naziri, ya da mən; lakin sizin əmin-amanlığınızı və cəlalınızı qoruyan polis nazirinin səhv etməsi mümkün olmadığından çox güman, mən səhv edirəm. Lakin əlahəzrət, sizin yerinizdə olsaydım, məruzə edən adamı heç olmazsa sorğu-suala tutardım; mən hətta ona bu şərəfi göstərməyinizi təkidlə xahiş edirəm.

– Hersoq, izin verin; sizin göstərişinizlə mən kimi istəsəniz qəbul edərəm, lakin onu əlində silah qəbul etmək istəyirəm. Cənab nazir, sizin daha yeni məlumatlarınız yoxdur? Bunun üzərində 20 fevral göstərilib, bu gün isə mart ayının üçüdür.

– Xeyir, əlahəzrət, lakin mən hər an yeni məlumat gözləyirəm. Evdən səhər çıxmışam, ola bilsin, mən olmayanda artıq xəbəri alıblar.

– Prefekturaya gedin, əgər o hələ də alınmayıbsa, onda… – Lüdovik güldü, – onda özünüz quraşdırın; deyəsən, axı bu belə edilir?

Nazir cavab verdi:

– Cənab, Tanrıya şükürlər olsun ki, bizə heç nəyi uydurmaq gərək deyil, hər gün müxtəlif, ətraflı xəbərlərlə bol-bol təmin edirlər; onların göstərmək istədikləri, lakin göstərə bilmədikləri xidmət qarşılığında bəzi şeylər almaq ümidi ilə, hər cür başı bəlalı adamlar yazırlar. Onlar xoşbəxt təsadüfə ümid edirlər və gözlənilməz bir hadisənin onların bu ümidlərini doğruldacağını gözləyirlər.

Kral dedi:

– Yaxşı, gedin, unutmayın ki, mən sizi gözləyirəm.

– Əlahəzrət, on dəqiqədən sonra burdayam…

– De Blakas dedi, – əlahəzrət mən də gedib xəbərçimi gətirim.

Kral dedi:

– Dayanın, dayanın. Bilirsiniz, Blakas, mən sizin gerbinizi dəyişməliyəm; sizə qanadlarını açmış, caynaqlarında əbəs yerə qurtulmaq üçün çırpınan, şikar tutan və başı üzərində belə bir: Tenax10 şüarı olan qartal vermək istəyirəm.

Hersoq əsəbindən dırnaqlarını çeynəyərək cavab verdi:

– Sizi dinləyirəm, zati-aliləri.

– Mən sizinlə bu şeir haqda məsləhətləşmək istərdim: Molli fugiens anhelitu…11 Söhbət qurdun maralı təqib etməyindən gedir. Siz gərək ki, ovcu, həm də baş yegermeystersiniz; sizə bu necə xoş gəlir, Molli anhelitu?

– Əlahəzrət, əla. Lakin mənim xəbər gətirənim siz dediyiniz o marala bənzəyir, çünki üç gündən az bir müddət ərzində poçt faytonunda iki yüz iyirmi lye12 yol qət edib.

– Bizim bunu üç, ya dörd saat ərzində fasiləsiz edə biləcək teleqrafımız olduğu halda, artıq əmək və narahatlıqdır.

– Uzaqdan çaparaq, zati-aliləri, sizi xəbərdar etməyə gəlmiş gənci, layiqincə dəyərləndirmirsiniz. Heç olmasa, onu mənə zəmanət verən qraf Salvyonun xətrinə xahiş edirəm, qəbul edəsiniz.

– Qraf Salvyo? Mənim qardaşımın kamergeri?

– Bəli, özüdür.

– Bəli, bəli, axı o, Marseldədir.

– Mənə elə ordan yazıb.

– O da bu sui-qəsd haqda məlumat verir?

– Xeyir, lakin cənab de Vilfora zəmanət verərək onu sizə, zati-aliləri, təqdim etməyi mənə tapşırır.

Kral ucadan dedi:

– Vilfor! Deməli onun adı Vilfordu?

– Bəli, cənab.

– Marseldən gələn də odur?

– Özüdür ki, var.

Kral dedi:

– Bəs əvvəlcədən onun adını niyə demirdiniz?

Onun sifətində yüngül bir narahatlıq hiss edildi.

– Cənab, mən düşündüm ki, əlahəzrət, onun adı sizə tanış deyil.

– Xeyr, xeyr, Blakas; bu adam işgüzar, sağlam düşüncəli, başlıcası isə şöhrətpərəstdir. Siz ki, onun atasını tanıyırsınız, heç olmazsa adına görə…

– Onun atasını?

– Bəli, Nuartye.

– Jironda tərəfdarı? Senator?

– Əlbəttə.

– Siz, əlahəzrət, dövlət vəzifəsini belə bir adamın oğluna etibar etmisiniz?

– Blakas, mənim dostum, siz heç nə başa düşmürsünüz; mən sizə dedim ki, Vilfor şöhrətpərəstdir; irəliləmək üçün hər şeyi qurban verər, hətta doğma atasını da.

– Onda əmr verirsiniz, onu gətirək?

– O, hardadır? Bu dəqiqə.

– Aşağıda gözləyir, mənim faytonumdadır.

– Onun dalınca gedin.

– Bu dəqiqə, qaçıram.

Hersoq gənclərə məxsus bir çevikliklə qaçıb çıxdı; səmimi padşahpərəstliyi ona iyirmi yaşlı gəncin gücünü verirdi.

Yalnız qalan XVIII Lüdovik nəzərini yenə Horatsinin yaradıcılığına yönəldib pıçıldadı: “Justum et tenacem propositi virum…”13

De Blakas getdiyi kimi də tələsik geri döndü, lakin qəbul otağında kralın iradəsinə əsaslanmalı oldu: Vilforun tozlu və əzilmiş paltarı, geyimi qətiyyən saray etiketlərinə cavab vermədiyindən, markiz de Brezenin narazılığına səbəb olmuşdu, o, bu gəncin belə bir geyimdə əlahəzrətin qəbuluna gəlmə cəsarətinə təəccüblənməyə bilmirdi. Lakin hersoq, təşkilatçı hələ də donquldansa da, bir kəlmə sözlə:

– Əlahəzrətin əmri ilə, – deməklə bütün maneələri dəf etdi, Vilfor kabinetə daxil oldu.

Kral, hersoqun onu gördüyü yerdən tərpənməmişdi. Qapını açan Vilfor özünü kralın qarşısında gördü; gənc ani olaraq donub dayandı.

Kral dedi:

– Gəlin, cənab Vilfor, gəlin!

Vilfor bir neçə addım atıb baş əydi və kralın sualını gözləməyə başladı.

XVIII Lüdovik sözə başladı:

– Hersoq Blakasın dediyinə görə, cənab Vilfor, sizin mənə deyəcəyiniz vacib nə isə vardır.

– Cənab hersoq düzünü deyir, mən də əminəm ki, siz də zati-aliləri onunla razılaşacaqsınız.

– Ən əvvəl, deyin görüm, təhlükə məni inandırmaq istədikləri dərəcədə ciddidir?

– Zati-aliləri, onu ciddi hesab edirəm; lakin mənim çevikliyimi nəzərə alsaq, güman edirəm ki, o qarşısı alınandır.

– Utanmayın, ətraflı danışın, – kral özü də hersoqun sifətindəki və Vilforun səsindəki həyəcandan nəsibini alaraq dedi: – Lakin əvvəldən başlayın, mən hər yerdə və hər işdə nizamı sevirəm.

– Mən sizə, zati-aliləri, ətraflı hesabat təqdim edəcəyəm; lakin mənim utancaqlığım səbəbindən bəzi sözlərin mənasının örtülü şəkildə verilməsini üzrlü hesab edin.

Bu üstüörtülü girişdən sonra, krala yönəlmiş baxış Vilfora əlahəzrətin onu iltifatla qəbul etdiyini deyirdi. O, iradəsini toplayıb davam etdi:

– Zati-aliləri, mən belə tələsik Parisə gəlməkdə vəzifə etibarı ilə hər hansı bir adi, əhalinin və ordunun aşağı təbəqələri tərəfindən yaradılan, boş və lüzumsuz cəmiyyət müəyyənləşdirməyim haqda məlumat vermək deyil, söhbət sizin taxt-tacınıza, zati-aliləri, zərər verə biləcək bir sui-qəsddən gedir. Cənab, qəsbkar üç gəmi silahlandırır; o hansısa yeni bir hərəkat hazırlığındadır. Bəlkə də bu ağılsız bir hərəkatdır, bu baxımdan daha da təhlükəlidir. Bu dəqiqələrdə ola bilsin, o, Elba adasını tərk edib harasa yollanıb. Hara? Bilmirəm. Şübhəsiz, o ya Neapolda, ya Toskani sahillərində, hətta ola bilsin, Fransanın özündə quruya çıxmağa cəhd göstərəcək. Sizə, zati-aliləri, məlumdur ki, Elba adasının hökmdarı Fransa və İtaliya ilə əlaqələrini saxlayır.

Kral bərk həyəcan içində dedi:

– Bəli, lap bu yaxınlarda Bonapart tərəfdarlarının Sen-Jak küçəsində toplandıqlarını öyrənmişdik, xahiş edirəm, davam edin; bu məlumatları necə əldə etmisiniz?

– Zati-aliləri, mən bu məlumatları bir Marsel dənizçisinin istintaqından əldə etmişəm. Çoxdandır ki, onu izləməyə başlamışdım, bura gələn günü onun həbs edilməsi haqda əmr verdim. Bu adam şübhəsiz, Bonapart tərəfdarıdır və gizli olaraq Elba adasına getmişdi; orada marşalla görüşüb onunla, adını öyrənə bilmədiyim, Paris Bonapart tərəfdarlarından birinə şifahi tapşırıq vermişdi; tapşırıq ondan ibarət idi ki, tərəfdarları onun (zati-aliləri, xahiş edirəm nəzərdə saxlayasınız ki, mən mühakimə olunanın sözlərini təkrarlayıram), ən yaxın zamanlarda baş tutacaq qayıdışına hazırlaşsınlar.

Kral soruşdu:

– O adam hardadır?

– Zati-aliləri, həbsxanada.

– İş sizə ciddi göründü?

– O dərəcədə ciddi ki, mən bunu ailə şənliyində, öz nişan günümdə öyrənən kimi nişanlımı, dostlarımı, hər şeyi bir tərəfə buraxıb sizin yanınıza gəlib ayaqlarınıza düşərək, mənim böyük narahatlığımı və sizə olan sədaqətimi bildirmək istədim.

Lüdovik dedi:

– Bəli, axı siz mademuazel de Sen-Meranla evlənməli idiniz.

– Sizin sadiq qullarınızdan birinin qızı ilə.

– Bəli, bəli; lakin cənab de Vilforun bu əlbirliyinə qayıdaq.

– Zati-aliləri, qorxuram ki, bu şəriklikdən daha da yüksəkdə durur, bu sui-qəsddir.

Lüdovik gülümsəyərək cavab verdi:

– Bizim zamanımızda sui-qəsd hazırlamaq asan idi, lakin onu həyata keçirmək çətin olurdu, çünki biz əcdadlarımızın taxt-tacına qayıtdığımız zaman, keçmişə, günümüzə və gələcəyə nəzər yetiririk. Budur, artıq on aydır mənim nazirlərim diqqətlə Aralıq dənizi sahillərinin ayıq-sayıq qorunmasını izləyirlər. Bonapart Neapolda quruya çıxarsa, Pyombinoya çatmamış bütün koalisiya ona qarşı qalxacaq; yox, Toskanedə quruya çıxmış olarsa, onda düşmən torpaqlarına girmiş olacaq; Fransada bir ovuc adamı ilə quruya çıxarsa, biz onu asanlıqla məğlub edə bilərik, çünki əhalinin onu görməyə gözü yoxdur. Ona görə də sakit olun və bizim krallığın təşəkkürünü qəbul edin.

Hersoq Blakas ucadan dedi:

– Aha! Bu da cənab Dandre.

Polis naziri əsərək və rəngi qaçmış halda kabinetin astanasında durmuşdu; onun fikri özündə deyildi, sanki huşunu itirirdi. Vilfor çıxmaq istədi, lakin de Blakas onun əlindən tutdu.

XI. KORSİKALI ADAMYEYƏN

XVIII Lüdovik polis nazirinin ümidsiz sifətini gördükdə oturduğu masanı var gücü ilə itələdi.

– Sizə nə olub, baron? – o, ucadan soruşdu. – Nəyə görə belə təlaş içindəsiniz? Doğrudanmı bu təlaş hersoq Blakasın və onun sözlərini təsdiq edən cənab Vilforun təxminlərinə görədir?

Hersoq cəld barona yaxınlaşdı, lakin saray əyanının qorxusu dövlət xadiminin bədxahlığını üstələmişdi: əslində məsələ onda idi ki, bu vəziyyətdə özünü pis halda görmək, polis nazirini pis halda görməkdən daha münasib olardı.

Baron kəkələdi:

– Zati-aliləri…

Kral dedi:

– Dillənin, danışın!

Ümidsizliyə qapanmış polis naziri XVIII Lüdovikin qarşısında diz üstə çökdü, kral qaşlarını dartıb bir addım geri çəkildi.

– Siz danışacaqsınız, ya yox?

– Ah, zati-aliləri! Bu nə bədbəxtlikdir! Mən nə edim? Mən ümidsizəm!

XVIII Lüdovik dedi:

– Mərhəmətli cənab, sizə danışmağı əmr edirəm.

– Əlahəzrət, qəsbkar iyirmi səkkizi fevralda Elba adasını tərk edib, biri martda sahilə yan alıb.

Kral tez soruşdu:

– Harada?

– Fransada, əlahəzrətləri, Juan körfəzində, Antiba yaxınlığında, kiçik bir limanda.

– Biri martda qəsbkar Fransada, Juan körfəzində, Antiba yaxınlığında, Parisdən iki yüz əlli lye uzaqlıqda quruya çıxıb və siz bundan bu gün, üçü martda xəbər tutmusunuz!… Xeyr, mərhəmətli ağa, bu ola bilməz; ya sizi aldadıblar, ya da dəli olmusunuz.

– Əfsus, əlahəzrətləri, bu tamamilə doğrudur!

XVIII Lüdovik qəzəbindən, həm də qorxudan sanki gözlənilməz bir zərbə ürəyinə sancılmış kimi əsməyə başladı. O qışqırdı:

– Fransada! Qəsbkar Fransada! Onda belə çıxır, bu adamı izləmirmişlər? Bəlkə də onunla əlbirmişlər?

Hersoq Blakas ucadan dedi:

– Cənab, baron Dandre kimi bir adamı satqınlıqda günahlandırmaq olmaz! Zati-aliləri, bizim hamımız kor olmuşuq və polis naziri də ümumi korluğa qapılıb, vəssalam!

– Lakin… – deyə Vilfor başladı, birdəncə dili dolaşdı, baş əyərək dedi, – bağışlayın zati-aliləri, mərdcəsinə bağışlayın. – Canfəşanlığım məni çaşdırıb; zati-aliləri, bağışlayasınız.

Kral dedi:

– Danışın, cənab, cəsarətlə danışın. Təkcə siz bizi bu bədbəxtlikdən xəbərdar edə bildiniz; onu dəf etməyə vasitə tapmağa da kömək edin.

– Əlahəzrət, cənubda qəsbkara nifrət edirlər, hesab edirəm, o, cənubdan keçmək istəsə Provans və Lanqedoku ona qarşı qaldırmaq bir o qədər də çətin olmaz.

Nazir dedi:

– Düzdür, lakin o, Qap və Sisteron istiqamətindən gəlir.

Kral onun sözün kəsərək dedi:

– Gəlir! Belə çıxır ki, o, Parisi ələ keçirməyə gəlir?

Polis naziri cavab vermədi, əks halda bu etirafa bərabər olardı.

Kral Vilfora müraciət edərək soruşdu:

– Bəs Dofine? Sizcə bu əyaləti Provans əyaləti kimi ona qarşı qaldırmaq olarmı?

– Zati-aliləri, mənə bu sərt həqiqəti sizə demək ağırdır, lakin Dofinedə əhval-ruhiyyə Provans və Lanqedokdakından daha acınacaqlıdır. Əlahəzrətləri, dağlılar Bonapart tərəfdarlarıdır.

Kral pıçıldadı:

– O, yaxşı məlumatlandırılıb. Qoşunu nə qədərdir?

Polis naziri dedi:

– Zati-aliləri, bilmirəm.

– Necə yəni bilmirəm? Siz bunu öyrənməyi unutmusunuz? – Kral istehza ilə gülərək əlavə etdi, – düzdür, bu o dərəcədə də vacib deyil.

– Zati-aliləri, mən bunu öyrənə bilmədim; depeşa yalnız qəsbkarın quruya çıxması və onun keçəcəyi yol haqda məlumat verir.

Kral soruşdu:

– Siz bu depeşanı necə əldə etmisiniz?

Nazir başını aşağı salıb xərçəng kimi qızardı.

– Zati-aliləri, teleqrafla.

XVIII Lüdovik bir addım irəli getdi və Napoleon kimi əllərini sinəsində çarpazlaşdırdı. O, qəzəbindən ağarmış halda dedi:

– Beləliklə, yeddi müttəfiq ordu bu adamı devirə bilmədi; iyirmi beş illik sürgündən sonra mən bir möcüzə sayəsində təzədən əcdadlarımın taxt-tacına geri qayıtmışdım; bütün bu iyirmi beş ili mənə vəd olunan o Fransanın işlərini və adamlarını öyrənir, tanıyır, düşünürdüm, nəyə görə? Ona görə ki, arzularımın məqsədinə çatdığım anda, əlimdə saxladığım o güc ildırım kimi məni vurub məhv etsin?

Nazir donquldandı:

– Zati-aliləri, bu taledir, bu taleyin çəkə bilmədiyi yük altında insanı əzmək olar.

– Belə çıxır ki, düşmənlərimiz, bizim haqqımızda nə demişdilərsə doğrudur: heç nə öyrənmədik, heç nəyi də unutmadıq! Əgər mənə onun kimi xəyanət etsəydilər, bəlkə də təsəlli tapardım. Lakin rütbələrlə, şan-şöhrətlə bəzədiyim adamların içində olarkən onlar məni özlərindən daha da artıq qorumaq məcburiyyətində olmalı idilər, çünki mənim xoşbəxtliyim – onların xoşbəxtliyi demək idi: mənə qədər onlar heç kim idi, məndən sonra yenə heç kim olacaqlar və iradəsizliyi ucbatından məhv olmaqları, onların öz günahıdır!

– Bəli, rəhmli əlahəzrət, siz haqlısınız, bu taledir!

Bu qorxunc cavabı nazir başını qaldırmağa cəsarəti olmadan dinləyirdi. Blakas üzündəki təri silirdi; Vilfor isə öz dəyərinin artdığını hiss edərək daxilində gülürdü.

Monarxiya qarşısında yaranmış uçurumun dərinliyini ilk baxışdan anlayan XVIII Lüdovik davam etdi:

– Devrilmək! Devriləsən və öz devrilməni teleqrafdan öyrənəsən. Mən qardaşım XVI Lüdovik kimi eşafota qalxmağımı məsləhət bilərdim, nəinki qırmanc və istehzalı gülüşlər altında Tüilri pilləkənini enməyi… Rəhmli hökmdarın, siz bilmirsiniz, Fransada masqara altına düşməsi nə deməkdir, amma bunu bilməli idiniz.

Nazir donquldandı:

– Zati-aliləri, rəhm edin!…

Kral nisbətən uzaqda duran və dövlət əhəmiyyətli söhbətə nəzarət edən gəncə müraciət etdi:

– Cənab Vilfor, yaxın gəlin, yaxın gəlin və ona deyin ki, bilmədiklərini əvvəldən də öyrənmək olardı.

– Zati-aliləri, texniki cəhətdən, qəsbkarın hamıdan gizli saxladığı niyyətini, qabaqcadan öyrənmək mümkün deyildi.

– Texniki cəhətdən mümkün deyildi! Necə də kəskin dəlildir! Təəssüflər olsun ki, kəskin dəlillər, çəkisi artıq olan adamlar kimi bir şeydir, mən onların dəyərini bilirəm. Sərəncamında bütün bir idarə, departamentlər, agentlər, xəfiyyələr, casuslar və milyon yarım franklıq gizli fondu olan nazirin, Fransa sahillərindən altmış mil uzaqlıqda baş verənləri öyrənməsi mümkün deyilmiş. Budur, əlində sizdən fərqli olaraq bu vəsaitlərdən heç birinin olmadığı sadə bir məhkəmə məmuru, bu gənc, sizin bütün polislərinizlə birlikdə bildiyinizdən daha artıq məlumata malikdir. O, sizin kimi teleqrafı idarə etmək hüququna malik olsaydı, mənim taxtı-tacımı xilas edə bilərdi.

Polis naziri böyük kədər içində, qalib gəlmiş adam kimi başını aşağı sallayan Vilfora baxdı.

Kral davam etdi:

– Blakas, mən sizin barənizdə heç nə deyə bilmərəm, siz heç nə müəyyən etməsəniz də öz şübhələrinizdə o dərəcədə ağıllı idiniz ki, daima təkid edirdiniz; başqası cənab Vilforun məlumatına, ola bilsin, əhəmiyyət verməyərək boş bir şey hesab edər və ya bunun şəxsi tamahkarlıq olduğunu düşünə bilərdi.

Bu polis nazirinin bir saat bundan əvvəl çox əminliklə söylədikləri sözlərə bir işarə idi.

Vilfor kralın bu oyununu başa düşmüşdü. Onun yerində bir başqası olsaydı qalib gəlmənin təsiri altında özünün tərif edilməsinə göz yumardı; lakin o polis naziri şəxsində qorxulu düşmən qazanmaqdan çəkinirdi, hərçənd, nazir artıq tamamilə məhv olmuş vəziyyətdə idi. Lakin böyük səlahiyyətə malik olmasına baxmayaraq Napoleonun fikirlərini müəyyənləşdirə bilməyən nazir, can vermə təlaşı içərisində, Vilforun sirrini aça bilərdi: bunun üçün onun Dantesi dindirməsi kifayət idi. Bu baxımdan da Vilfor nazirin axırına çıxmaq yerinə onun köməyinə gəldi:

– Əlahəzrətləri, hadisələrin ildırım surəti ilə cərəyan etməsi sübut edir ki, yalnız qasırğanı göndərən Tanrı onu saxlamağa qadirdir. Sizin mənə aid etdiyiniz uzaqgörənlik, yalnız təsadüf nəticəsidir; mən yalnız sadiq bir qul kimi bu təsadüfdən istifadə etmişəm. Cənab, ilkin təəssüratlarınızdan təəssüflənməyəsiniz deyə məni layiq olduğumdan artıq qiymətləndirməyin.

Polis naziri bir gözəl baxışla Vilfora öz minnətdarlığını bildirdi, Vilfor isə kralın etimadını itirmədən öz məqsədinə çatmaqla yanaşı, ehtiyacı olduğu halda köməyinə güvəndiyini bilən dost qazanmış oldu.

– Qoy belə olsun, – kral dedi. O, Blakas və polis nazirinə müraciətlə sözünə davam etdi: – İndi isə, cənablar, artıq mənə lazım deyilsiniz, gedə bilərsiniz… Yerdə qalan işlərin görülməsi isə hərbi nazirin səlahiyyətlərinə daxildir.

Hersoq dedi:

– Xoşbəxtlikdən, biz orduya güvənə bilərik: əlahəzrətlərinə məlumdur ki, o, sizin taxt-tacınıza necə sadiqdir.

– Mənə məlumatlar haqda danışmayın; indi onlara necə inanmaq olduğunu bilirəm. Bəli, baron, yeri gəlmişkən məlumatlar haqda: Sen-Jak küçəsinə dair nə yenilik var?

Vilfor özündən asılı olmayaraq uca səslə dedi:

– Sen-Jak küçəsinə dair? – Lakin anında özünə gəldi, – cənab, bağışlayın, sizin işinizə olan sadiqliyim vaxtaşırı sizə olan ehtiramımı deyil, onun qəlbimdə dərin kökləri var, etiket qanunlarını unutdurur.

Kral cavab verdi:

– Buyurun, bu gün siz soruşmaq hüququna maliksiniz.

– Cənab, – deyə polis naziri sözə başladı, – əlahəzrətləri, mən də bu işə dair toplanmış yeni məlumatlar haqda sizə məruzə etmək istəyirdim, lakin əlahəzrətləri, sizin diqqətiniz Juan körfəzində baş verən qorxunc hadisələrlə məşğul idi; əlahəzrətləri, indi bu məlumatlar sizin üçün heç bir maraq kəsb etmir.

Kral dedi:

– Əksinə, mənə elə gəlir, bu iş tamamilə general Kenelin ölümü ilə bağlıdır və bizi daxildəki böyük sui-qəsdin izinə çıxaracaq.

Kenelin adını eşidən Vilfor diksindi.

– Zati-aliləri, doğrudan da, – deyə polis naziri sözünə davam etdi, – bu əvvəl zənn edildiyi kimi intihar deyil, qəsdən öldürülmədir. Görünür, general Kenel Bonapart klubundan çıxdıqdan sonra yoxa çıxıb. Həmin gün səhər bir nəfər naməlum şəxs ona yaxınlaşmış və Sen-Jak küçəsində görüş təyin etmişdi. Təəssüflər olsun ki, generalın sacını darayan otaq qulluqçusu, naməlum şəxsi otağa gətirəndə onun generala Sen-Jak küçəsində ancaq görüş təyin etməsini eşitsə də ev nömrəsini yadında saxlamayıb.

Polis naziri bu məlumatları krala verdiyi müddətdə hər sözə diqqətlə qulaq asan Vilfor gah solur, gah da qızarırdı.

Kral ona tərəf dönərək:

– Cənab Vilfor, siz necə bilirsiniz, qəsbkarın tərəfdarı hesab edilən general Kenel, əslində isə o, tamamilə mənim tərəfimdə idi, Bonapart tərəfdarları tərəfindən öldürülməyib?

– Zati-aliləri, bu mümkündür; lakin doğrudanmı əlavə olaraq daha heç bir məlumat əldə edilməyib?

– Artıq görüş təyin edən adamın izinə düşüblər.

Vilfor təkrar etdi:

– İzinə düşüblər?

– Bəli, ev qulluqçusu onun əlamətlərini xəbər verib; əlli-əlli iki yaşlarında, qara saçlı, qara gözlü, sıx qaşları, bığlı, əynində hava rəngli sonadək düymələnmiş uzun ətəkli kişi köynəyi olan bir adamdır; ilgəyində Fəxri legion lenti də var. Dünən bu əlamətləri olan belə bir adam izlənilib, lakin Jüsen və Kok-Eron küçələrinin tinində gözdən itirilib.

Vilfor nazirin ilk sözlərindən başlayaraq kreslonun arxasına söykəndi, onun ayaqları əsirdi, lakin naməlum adamın polisdən qaçdığını eşidəndə rahat nəfəs almağa başladı.

Kral polis nazirinə dedi:

– O adamı tapın, çünki bizə indi hədsiz dərəcədə lazımlı olan general Kenel bir qatil tərəfindən öldürülüb, istər Bonapart tərəfdarı olsun, istərsə də bir başqası, mən onun qatilini tapılmasını və ən ağır cəza ilə cəzalanmasını istəyirəm.

Kralın son sözlərinin Vilforu vahiməyə salmamağı üçün, o bütün soyuqqanlılığını tam şəkildə ortaya qoydu.

Kral təəssüf hissi ilə dedi:

– Polis hesab edir ki, hər şey bitib, lakin o, qətl törədildiyini, bütün tədbirlərin görüldüyünü deyib sonra da cinayətkarların izinə düşüldüyünü əlavə edəndə ortaya qəribə iş çıxır.

– Zati-aliləri, bu halda əminəm, siz razı qalacaqsınız.

– Yaxşı, görərik; baron, mən sizi artıq saxlamıram. Cənab de Vilfor, uzun yol qət etdiyinizdən yəqin, yorulmusunuz, gedin istirahət edin. Siz yəqin, atanızgilə yerləşmisiniz?

Vilforun gözləri qaraldı.

– Xeyir, zati-aliləri, mən Turnon küçəsində, “Madrid” mehmanxanasına yerləşmişəm.

– Bəs onu görmüsünüzmü?

– Zati-aliləri, mən gəldiyimdə, tam olaraq hersoq Blakasın görüşünə getmişəm.

– Lakin onu görəcəksiniz, elə deyilmi?

– Düşünmürəm, zati-aliləri!

Kral dedi:

– Bəli, düz deyirsiniz. – Onun təbəssümündən bu sualların hamısının istehza ilə verildiyi hiss olunurdu. – Sizin cənab Nuartye ilə dostluq münasibətində olmadığınızı unutmuşam, bu mənim taxtım üçün verilən bir qurbandır və bunun üçün sizi mükafatlandırmalıyam.

– Zati-aliləri, sizin mənə rəhmkarlığınız arzuladıqlarımdan çox yüksəkdə durur, ona görə də kraldan artıq heç nə istəmək əzmində deyiləm.

– Narahat olmayın, hər halda biz sizi unutmayacağıq; hələlik isə, – kral həmişə göy frakı üzərində Müqəddəs Lüdovik xaçı yanında, Karmil ilahi ana və Müqəddəs Lazar ulduzu üstündə daşıdığı fəxri legion xaçını Vilfora verdi, – hələlik bunu alın.

Vilfor dedi:

– Zati-aliləri, əfv edərsiniz, bu xaç zabitlər üçündür.

– Dəxli yoxdur, onu götürün, mənim başqasını gətirtmək üçün zamanım yoxdur. Blakas, cənab de Vilfor haqqında fərman verilməsini təmin edin.

Vilforun gözlərində qürur göz yaşları parladı; o, xaçı qəbul edib, onu öpdü.

– Zati-aliləri, mənə daha nə əmriniz var?

– İstirahət edin, unutmayın, Parisdə mənə qulluq etmək iqtidarında deyildinizsə, Marseldə böyük xidmətlər göstərə bilərsiniz.

Vilfor baş əyib dedi:

– Zati-aliləri, bir saatdan sonra Parisi tərk edəcəyəm.

Kral dedi:

– Gedin, sizi unutsam (kralların yaddaşı zəif olur) onda özünüz haqda məlumat verməkdən çəkinməyin… Baron, əmr edin hərbi naziri yanıma çağırsınlar. Blakas, siz qalın.

Tüilridən çıxdıqdan sonra polis naziri Vilfora dedi:

– Bəli, cənab, siz qapını səhv salmamısınız, uğurlu gələcəyiniz təmin olunub.

Vilfor, xidməti həyatı bitmiş nazirlə vidalaşaraq:

– Uzun müddətəmi? – deyə pıçıldadı və gözüylə fayton axtarmağa başladı.

Sahildən fiakr keçirdi, Vilfor əl edib çağırdı, fiakr yaxınlaşdı; Vilfor faytona atılıb, ünvanı söyləyərək şirin xəyala daldı. On dəqiqədən sonra artıq qaldığı yerə gəlmişdi, iki saatdan sonra isə ona atların verilməsini tələb edib, yemək söylədi.

Masaya əyləşmək istəyirdi ki, bir güclü əl zəng çaldı. Qulluqçu qapı açmağa getdi, Vilfor onun adını söyləyən bir səs eşitdi.

Kral prokurorunun köməkçisi fikirləşdi: “Mənim Parisdə olduğumu kim bilə bilər?” Qulluqçu geri döndü. Vilfor:

– Orada nə baş verir, – deyə soruşdu. – Zəng çalan kim idi? Məni kim soruşurdu?

– Tanış olmayan bir cənabdır, öz adını da söyləmək istəmədi.

– Necə yəni? Öz adını söyləmək istəmir? Bəs məndən nə istəyir?

– Sizinlə məsləhətləşmək istəyir.

– Mənimlə?

– Bəli.

– Mənim adımı çəkdi?

– Bəli.

– Bəs necə bir adamdır?

– Əlli yaşlarında bir adamdır.

– Kiçik boyludur? Hündürdür?

– Sizinlə bərabər gələr.

– Sarışındır, yoxsa qarabuğdayı?

– Qarabuğdayı, tünd qarabuğdayı; qara saçlı, qara gözlü, qara qaşlı.

Vilfor tez soruşdu:

– Geyimi necə idi? Necə geyinib?

– Əynində göy rəngli sonadək düymələnmiş, sinəsində Fəxri legion lenti olan uzun kişi köynəyi geymiş bir adamdır.

Vilfor rəngi qaçmış halda pıçıldadı:

– Bu odur!

Əlamətlərini artıq iki dəfə təsvir etdiyimiz adam:

– Lənətə gələsən! – deyərək qapı ağzında göründü. – Nə qədər nəzakətlisiniz! Yoxsa Marseldə oğullar atalarını qəbul otağında gözlətməyə adət ediblər?

Vilfor ucadan:

– Ata! – deyə səsləndi, – deməli səhv etməmişəm… Mən belə də düşünürdüm, bu sizsiniz…

Qonaq əl ağacını küncə, şlyapasını oturacağa qoyub sözünə davam etdi:

– Bunun mən olduğumu düşünürdünsə, icazə ver, əzizim Jerar, məni gözləməyə məcbur etməyinin sən tərəfdən bir nəzakətsizlik olduğunu deyim.

Vilfor dedi:

– Jermen, gedə bilərsiniz.

Qulluqçu heyrət içində çıxdı.

XII. ATA VƏ OĞUL

Cənab Nuartye, – bu doğrudan da o idi – gözləri ilə qulluqçunun qapıdan çıxmasını və onu örtməsini gözlədi; sonra onun qapıdan onları dinləyib-dinləməməyindən ehtiyat edərək, qapını yenidən azacıq açdı: bu uzaqgörənlik yerinə düşməklə yanaşı, həm də dədə-babalarımızı məhvə aparan bu qüsurun, Jermenə də yad olmadığını göstərdi. Onda, cənab Nuartye öz əli ilə dəhlizdən içəri açılan qapını örtüb, yataq otaq qapısının siyirməsini də bağlayaraq, əlini ona heyrət içində baxan Vilfora uzatdı.

O, gülümsəyərək əsl mənası çətin təyin edilən ifadələrlə oğluna dedi:

– Bilirsən, Jerar, sənin mənimlə görüşdən çox məmnun olduğunu demək olmaz.

– Siz nə deyirsiniz, ata, həddindən artıq şadam; lakin düzünü desəm, sizin baş çəkəcəyinizi gözləmirdim, ona görə də bu məni bir az karıxdırdı.

Cənab Nuartye kresloya oturaraq davam etdi:

– Lakin, əzizim, mən də sizə eyni sözləri deyə bilərəm. Necə? Mənə nişanınızın iyirmi səkkizi fevrala təyin edildiyini yazırsınız, amma üçü martda Parisdəsiniz?

Jerar, cənab Nuartyeyə yaxın gələrək dedi:

– Bəli, mən burdayam; lakin siz mənə gileylənməyin; bura sizə görə gəlmişəm və ola bilsin, gəlişim sizin həyatınızı xilas edəcək.

Kresloda etinasız şəkildə oturan cənab Nuartye dilləndi:

– Belə de! Danışın görək, cənab prokuror, məsələ nədir, çox maraqlıdır.

– Siz Sen-Jak küçəsindəki bir Bonapart klubu haqda eşitmisiniz?

– Əlli üçüncü nömrədəki? Bəli; mən onun vitse-prezidentiyəm.

– Ata, sizin soyuqqanlılığınız məni qorxudur.

– Bəs sən nə bilmişdin, əzizim? Montanyarlar tərəfindən ölümə məhkum olunana, Parisdən ot tayası içində qaçan, Bordo düzənliklərində Robespyerin iz axtarıcı itlərindən gizlənən bir adam, çox şeylərə vərdiş edib. Beləliklə, davam et. Sen-Jak küçəsindəki klubda nə baş vermişdi?

– General Tenelini ora dəvət ediblər, həmin axşam, saat doqquzda evdən çıxan general, iki gündən sonra Sena çayında ölü olaraq tapılıb.

– Bu maraqlı əhvalatı sizə kim danışdı?

– Kralın özü.

Nuartye dedi:

– Mən isə buna cavab olaraq sizə bir yeni xəbər vermək istəyirəm.

– Mənə belə gəlir, artıq bu xəbər mənə məlumdur.

– Yəni siz artıq əlahəzrətin quruya çıxmasını bilirsiniz?

– Ata, yalvarıram sizə, susun; əvvəlcə özünüz, sonra da mənim üçün. Bəli, mən bu xəbəri bilirdim, ola bilsin, sizdən də əvvəl, ona görə üç gündür Marseldən çaparaq, iki yüz lye məsafədən beynimi alovlandıran düşüncələrimi çatdıra bilmədiyimə görə, saçlarımı yola-yola yol gəlirdim.

– Üç gün? Siz dəli olmusunuz? Üç gün əvvəl imperator hələ quruya çıxmamışdı.

– Bəli, lakin mən onun niyyətini bilirdim.

– Hansı yolla?

– Elba adasından sizə ünvanlanan məktuba əsasən.

– Mənə?

– Bəli, sizə; mən onu çapardan qapıb götürdüm. O məktub başqasının əlinə keçsəydi, ola bilsin, siz artıq güllələnmişdiniz.

Vilforun atası güldü.

– Görünür, Burbonlar imperatordan xəbərsiz hərəkət etməyi öyrəniblər… Güllələnmişdim! Mənim dostum, siz necə də tələsirsiniz! Bəs o məktub hardadır? Sizi yaxşı tanıdığıma görə məktubu etibarlı bir şəkildə gizlətdiyinizə əminəm.

– Mən onu son qırığına kimi yandırdım, əks halda bu məktub sizin ölüm fərmanınız ola bilərdi.

Nuartye soyuqqanlılıqla cavab verdi:

– Üstəlik bu sizin həyatınızın da sonu olardı. Bəli, siz düz deyirsiniz, sizin himayədarlığınız altında mən heç nədən qorxmuram.

– Bu azmış kimi: mən sizi xilas da edirəm.

– Eləmi? Bu maraqlıdır! İzah edin görək.

– Qayıdaq Sen-Jak küçəsindəki kluba.

– Görünür, bu klub cənab polis işçilərini nahaq yerə narahat etmir. Bəs nə üçün onlar onu belə pis axtarırlar? Çoxdan tapmış olmalıydılar!

– Onlar onu tapmayıblar, lakin artıq izinə düşüblər.

– Mən bunların çox dəyərli sözlər olduğunu bilirəm, polis aciz vəziyyətə düşdükdə izə düşdüyünü deyir, hakimiyyət də sakitcə oturub onların günahkar halda gəlib məruzə etməyini gözləyir: iz itirilib.

– Bəli, lakin meyit tapılıb; general Kenel bir meyitdir və bütün dünyada bunu qəsdən öldürmə adlandırırlar.

– Qəsdən öldürmə? Lakin generalın qəsdən öldürülməsinə dair heç bir sübut yoxdur. Senada hər gün ümidsizliyə qapılıb özlərini suya atanları və yaxud üzmək bilməyib suda boğulanların meyitlərini tapırlar.

– Siz yaxşı bilirsiniz ki, general ümidsizlikdən suda boğulmayıb və yanvar ayında da Sena çayında çimmirlər. Xeyr, xeyr, şirniklənməyin: bunun adı qətldir.

– Bəs bunu belə adlandıran kimdir?

– Kralın özü.

– Kral? Onun bir filosof olduğunu və siyasətdə qətl olmadığını başa düşdüyünü düşünürdüm. Əzizim, mənim kimi sizə də məlumdur ki, siyasətdə, – adamlar yox, ideya; hisslər yox, maraqlar var. Siyasətdə adam öldürmürlər, ancaq maneələri dəf edirlər, vəssalam. Bunun necə baş verdiyini bilmək istəyirsiniz? Mən sizə danışaram. Biz düşünürdük ki, general Kenelə etibar etmək olar, onu bizə Elba adasından məsləhət bilmişdilər. Bizlərdən biri onlara gedib onu Sen-Jak küçəsinə toplantıya çağırdı; gəldi, Elba adasından yola düşmə və Fransa quru sahillərinə çıxış haqda tam planı ona açdıq; hər şeyi dinləyib öyrəndikdən sonra, kral tərəfdarı olduğunu elan etdi; hamı bir-birinə baxdı; ona and içdirirlər, oda da könülsüz olsa da and içdi, kaş Tanrını sınağa çəkməyəydi; buna baxmayaraq generala sakitcə getməyə izin verdilər. O, evə qayıtmayıb. Siz daha nə istəyirsiniz? Yəqin, bizdən çıxandan sonra yolu azıb, məsələ ancaq bundan ibarətdir. Qətldir! Vilfor, siz məni təəccübləndirirsiniz; kral prokurorunun köməkçisi təqsirləndirməni belə etibarsız dəlillər üzərində qurmaq istəyir. Məgər sizdən sədaqətli bir kralsevər kimi bizimkilərdən birini nə vaxt o dünyaya göndərəcəyinizi soruşmaq ağlıma gələrmi: “Mənim oğlum, siz qətl törətmisiniz!” Xeyir, deyərəm: “Əla, rəhmli hökmdar, siz qalibsiniz; növbə bizimdir”.

– Özünüzü qoruyun, ata; bizim növbəmiz çatdıqda amansız olacağıq.

– Mən sizi başa düşmürəm.

– Siz qəsbkarın qayıdışına ümid edirsiniz?

– Gizlətməyəcəyəm, bəli.

– Siz səhv edirsiniz, o, Fransanın on lye dərinliyinə də girə bilməz; onu təqib edib tutacaq, vəhşi heyvan kimi ovlayacaqlar.

– Əziz dostum, imperator Qrenobla tərəf yoldadır; o, ya onunda, ya on ikisində Lionda olacaq, iyirmisi, ya iyirmi beşində isə Parisdə.

– Əhali ayağa qalxır…

– Onu salamlamaqdan ötrü.

– Onun cəmi bir ovuc adamı var, üstünə isə ordular göndəriləcək.

– Onlar onu paytaxta qədər qalibiyyət nidası ilə müşayiət edəcəklər; inanın mənə, Jerar, siz hələ uşaqsız; hər şeyi bildiyinizi zənn edirsiniz, lakin üç gündən sonra teleqraf sizə: “Qəsbkar bir ovuc adamı ilə Kannda quruya çıxıb” – deyə xəbər verəndə və təqib olunduğunu çatdıranda harda olduğunu, nə etdiyini heç bilməyəcəksiniz. Siz yalnız onun dalınca atlı göndərə bilərsiniz. Beləliklə, Parisə qədər bir güllə atmadan onu təqib edəcəklər.

– Qrenobl və Lion kralsevərlər şəhərləridir, onlar onun qarşısına görünməz sədd çəkəcəklər.

– Qrenobl sevinclə darvazalarını onun qarşısında açacaq; Lion da onu qarşılamağa çıxacaq. İnanın mənə, biz sizdən heç də pis məlumatlandırılmamışıq, bizim polislər sizinkilərə üstün gələr. Sizə sübut lazımdır: öz gəlişinizi məndən gizlətmək istəyirdiniz: lakin qarovulxananı keçdikdən yarım saat sonra bunu öyrəndim. Siz ünvanınızı yalnız poçt faytonçusuna vermişdiniz, mən isə siz masa arxasına oturan anda onu öyrənib yanınıza gəlmişəm. Ona görə də zəng edib bir nəfər üçün də süfrə açmağı xahiş edin; biz birlikdə nahar edərik.

Vilfor atasına baxaraq təəccüblə dedi:

– Doğrudan da belədir, siz ən dəqiq məlumatlara maliksiniz.

– Bəli, bu çox asandır; siz hakimiyyətdə olanlar yalnız pulla alına bilən imkanlara maliksiniz; biz isə, hakimiyyəti gözləyənlər, fədakarlıq və sədaqətimizin hesabına hər cürə imkanlara malikik.

Vilfor gülümsəyərək təkrar etdi:

– Sədaqət?

– Bəli, sədaqət; nəzakət naminə gələcək ümidləri qidalandıran şöhrətpərəstliyi belə adlandırırlar.

Vilforun atası onun qulluqçunu çağırmadığını görüb özü zəngə əl atdı.

Vilfor onu durdurdu.

– Gözləyin, ata, daha bir söz.

– Söyləyin.

– Bizim polisimiz nə qədər pis olsa da, ona daha bir qorxulu sirr məlumdur.

– Hansı?

– Kenelin yoxa çıxdığı gün onun evinə gələn adamın əlamətləri.

– Belə de! Bunu bilir? Doğrudanmı? Bu necə əlamətlərdi?

– Qarabuğdayı dərisi, qara saçları, bakenbardları və gözləri, əynində yuxarıyadək bağlanmış göy rəngli kişi köynəyi, ilgəyində Fəxri legion lenti, yanları enli şlyapa və qamış əsası olan bir adamdır.

Nuartye dedi:

– Aha! Polis bunları bilir? Belədirsə onlar bu adamı nə üçün yaxalamayıblar?

– Çünki ya dünən, ya üç gün əvvəl Kok-Eron küçəsində onu əllərindən qaçırıblar.

– Nahaq yerə mən sizə polisinizin də sərsəm olduğunu demirdim.

– Bəli, onlar onu hər dəqiqə tapa bilərlər.

Nuartye laqeyd şəkildə ətrafına baxaraq dedi:

– Əlbəttə, o adama xəbərdarlıq edilməyibsə, lakin onu xəbərdar ediblər. – O, gülərək əlavə etdi, – buna görə də o, sifətini və geyimini dəyişəcək.

O sözlərini bitirib köynəyini və qalstukunu çıxartdı, sonra Vilforun yol əşyaları olan masaya yaxınlaşıb oradan ülgüc götürərək üzünü yaxşıca sabunlayıb onu ələ verən və polis üçün o dərəcədə əhəmiyyət daşıyan bakenbardlarını qırxdı.

Vilfor qorxu içində heyranlıqla ona baxırdı.

Nuartye bakenbardlarını qırxdıqdan sonra saç düzümünü də dəyişdi; açıq çamadandan qara qalstuk yerinə rəngli bir qalstuk çıxardıb taxdı; özünün ikiyaxa göy kişi köynəyini çıxarıb yerinə Vilforun təkyaxa qəhvə rəngli köynəyini geyindi; aynanın qarşısına keçib Vilforun şlyapasını başına qoyub yoxladı və deyəsən, razı qaldı; öz əsasını buxarının küncündə qoyub əvəzində kral prokuror köməkçisinin onun yerişinə xüsusi bir əzəmət gətirən qamış əl ağacını götürdü.

Özünü itirmiş Vilfora tərəf dönərək soruşdu:

– Necə oldu? Necə fikirləşirsən, indi polis məni tanıyacaq? Qaldı, sizin himayənizə düşən bu əşyalara, ehtiyatlı davranıb onları gizlədə bilərsən.

Vilfor başını buladı.

– İnanmırsan?

– Ən azı səhv etdiyinizi güman edirəm.

– Siz kralı bir daha görəcəksiniz?

– Ola bilsin.

– Onun yanında peyğəmbər kimi görünmək istəyirsiniz?

– Sarayda bədbəxtlik vəd edən peyğəmbərləri pis qəbul edirlər.

– Lakin gec-tez onlara haqq verirlər; deyək ki, bərpa olma ikinci dəfə baş tutdu; onda sən dahi bir adam kimi tanınarsan.

– Bəs mən krala nə deməliyəm?

– Ona bunu de: “Zati-aliləri, sizə Fransanın vəziyyəti, şəhərlərin əhval-ruhiyyəsi, ordunun ruhu haqda yanlış məlumatlar verilir; Parisdə sizin korsikalı adamyeyən, Neveredə isə qəsbkar adlandırdığınız o adamı, Lionda artıq Bonapart, Qrenoblda isə imperator adlandırırlar. Siz hesab edirsiniz ki, onu təqib edirlər, qovurlar və o qaçır; lakin o, geri qayıdan qartal kimi səmada süzür. Siz hesab edirsiniz ki, onun ordusu acından qırılır, yürüşlərdən yorulub əldən düşüb, dağılmaq ərəfəsindədir; o isə qar topu kimi böyüməkdədir. Zati-aliləri, gedin, Fransanı onun əsl sahibkarına, onu satın alana yox, istila edənə təslim edin; gedin, sizə qarşı təhlükə qorxusu olduğu üçün deyil, sizin rəqibiniz rəhm etmək üçün kifayət qədər güclüdür, çünki Müqəddəs Lüdovikin nəslinin nümayəndəsi üçün Arkol, Marenqo və Austerlits qalibinə həyatını borclu olmaq alçalmaq deməkdir”. Jerar, bunların hamısını krala de, ya da ən yaxşısı ona heç nə demə, Parisdə olduğunu hamıdan gizlə, bura nə üçün gəldiyini və burda nə etdiyini demə, kirayə atlar götür, bura çaparaq gəlmişdinsə, geriyə uçaraq qayıt. Marselə gecə dön; öz evinə arxa artırmadan gir və orada sakit, təmkinlə otur, heç kimə görünmədən, ən başlıcası isə, sakit otur, çünki sənə and içirəm, bu dəfə biz güclüyük və öz düşmənlərimizi tanıyan insanlar olaraq hərəkət edəcəyik. Gedin, mənim oğlum, gedin, ata nəsihətinə, istəsəniz dost məsləhətinə qulaq asdığınıza görə hədiyyə olaraq biz sizin vəzifənizi özünüzdə saxlayarıq.

Nuartye gülümsəyərək davam etdi:

– Bu sizə imkan verəcək ki, gələn səfər, bir daha siyasi yelləncəkdə siz üstə, mən altda olaramsa, məni xilas edəsiniz. Jerar, salamat qalın; gələn səfər gəlişinizdə mənim evimdə qalarsınız.

Nuartye bu çətin söhbətin davam etdiyi müddətdə onu tərk etməyən təmkinlə oradan uzaqlaşdı.

Vilfor rəngi qaçmış və narahat halda pəncərəyə qaçıb pərdəni aralayaraq atasını çox güman, qara bakenbardlı, göy köynəkli və geniş ətəkli şlyapalı adamı tutmaq üçün küçədə gözləyən iki-üç şübhəli şəxsin yanından narahat olmadan keçib getdiyini gördü.

Vilfor, titrəyə-titrəyə də olsa, atası tamamilə tindən gözdən itənədək pəncərənin qarşısından çəkilmədi. Sonra atasının qoyduğu əşyaları, qara qalstuk və göy köynəyi çamadanın altına soxaraq, şlyapanı əzib dolabın alt gözünə, əsanı isə qırıb buxarıya atdı, yol kartuzunu geyinərək qulluqçunu çağırdı. Vilfor baxışı ilə bütün sualları kəsərək, haqq-hesabını ödəyib, onu gözləyən faytona atıldı. O, Lionda Bonapartın artıq Qrenobla daxil olduğunu öyrəndi, yol boyu davam edən canlanma içərisində, ilk uğurunu qazanmış şöhrətpərəst adam kimi, iztirab içində Marselə daxil oldu.

XIII. YÜZ GÜN

Nuartye yaxşı “peyğəmbərmiş”, çünki hər şey onun dediyi kimi oldu. Elbadan keçmişdə olmamış, çox güman gələcəkdə də təkrar və tətbiq edilməyəcək qəribə, gözəl qayıdış hamıya məlum idi.

XVIII Lüdovik bu qəddar zərbənin qarşısını almaq üçün yalnız zəif bir cəhd göstərdi; insanlara etibar etməyən Lüdovik, hadisələrə də etibar etmirdi. Onun bir-biri ilə uyuşmayan köhnə xurafat və yeni ideyalar üzərində yenicə bərpa etdiyi kral, daha doğrusu monarx hakimiyyəti, imperatorun elə ilk həmləsindən tamamilə yerlə yeksan oldu. Ona görə də, Vilforun kralından aldığı mükafat, nəinki mənasız, hətta təhlükəli görünürdü, bu səbəbdən hersoq Blakas kralın əmrinə uyğun olaraq, fərmanı ona göndərməyə çalışsa da o, öz Fəxri legion ordenini heç kəsə göstərmədi.

Napoleon, imperator sarayında çəkdiyi əzab-əziyyətlər və göstərdiyi xidmətlərə görə qüdrət sahibi olmuş Nuartyenin himayəsi olmasaydı, Vilforu çoxdan kənarlaşdırardı. Buna görə də sözünün üstündə duraraq 1793-cü ildən jirondist və 1806-cı ildən senator olan və bu ərəfədə ona kömək edən insana vəfa göstərərək Vilforu vəzifəsindən kənarlaşdırmadı.

İmperiyanın bərpası zamanı, onun ikinci dəfə yıxılacağını görmək bir o qədər də çətin deyildi, buna görə Vilfor bütün öz hakimiyyətini az qala Dantesin onu ifşa edəcəyi sirrin gizlədilməsinə yönəltmişdi.

Kral prokuroru isə bonapartçılara sadiq olmadığından işdən uzaqlaşdırılmışdı.

İmperator hakimiyyəti bərpa olunar-olunmaz, yəni XVIII Lüdovik tərəfindən yenicə tərk edilmiş Tüilri sarayına yerləşər-yerləşməz, Vilforun ardınca öz oxucularımı da daxil etdiyim o iş otağından, qoz ağacından hazırlanmış masa üzərindən, XVIII Lüdovikin hələ də toxunulmamış, demək olar, dolu tənbəki qutusunu əldə edən Napoleon, öz çoxsaylı və müxtəlif əmrlərini göndərdiyi bir zamanda, – Marseldə, yerli rəhbərliyin bütün səylərinə baxmayaraq, cənubda hər zaman közərən daxili qarışıqlıq qızışmağa başladı; məsələ evdə oturan kralpərəstləri mühasirəyə alıb hədələməkdən kənara çıxaraq, küçəyə çıxanları açıq təhdid etməyə qədər uzanıb getmişdi.

Dəyişmiş şəraitlə əlaqədar, yoxsul sinfindən olan, mötəbər armator, həmişə ehtiyatlı və bir az da cəsarətsiz, ağır və çətin ticarət yolu keçmiş cənab Morrel, onu mülayimlikdə məzəmmət edən bonapartistlərin qabaqda olmasına baxmayaraq, lazımi səviyyəyə qalxaraq, səsini qaldırmaq və şikayət etmək imkanı əldə etmişdi. Yəqin, bu şikayətin Dantesə aid olduğunu artıq başa düşmüsünüz.

Vilfor rəisinin devrilməsinə baxmayaraq, mövqeyini qoruya bilmişdi. Onun toyu pozulsa da, münasib zamanlaradək təxirə salınmışdı. İmperator taxtında qala bilsəydi, Jerar yeni bir partiya axtarmalı, Nuartye isə onun üçün yeni bir gəlin tapmalı olardı; XVIII Lüdovik ikinci dəfə taxta qayıtmış olsaydı, onda markiz de Sen-Meranın da, Vilforun da təsiri iki dəfə artar, bu nişan ən münasib nişan olardı.

Beləliklə, kral prokuror köməkçisinə bir səhər cənab Morrelin gəlişi haqda məlumat verəndə, o Marsel məhkəmə aləmində birinci yerdə dururdu.

Başqası bəlkə də armatorun qarşısına yürüyər və bununla da öz zəifliyini göstərmiş olardı; lakin Vilfor ağıllı adam idi, təcrübəsiz olsa da, əla hissiyyata malik idi. O Morreli, Bərpa zamanında olduğu kimi, məşğul olduğu üçün deyil, yalnız prokuror köməkçisinin qəbul otağında gözləmək kimi bir adət mövcud olduğu üçün qəbul otağında gözləməyə məcbur etdi. On beş dəqiqədən sonra bir neçə müxtəlif qəzetə baxıb, cənab Morreli çağırmağı hökm etdi.

Morrel Vilforu məyus görəcəyini zənn edirdi, lakin o Vilforu, ay yarım bundan əvvəl olduğu kimi sakit, sarsılmaz və soyuq bir tərzdə, nəzakətli halda gördü, bu isə imkanlı, vəzifədə olan adamı sadə adamla bir-birindən ayıran ən keçilməz səddir. Kabinetinə gedərkən Vilfor onu gördükdə titrəyəcəyinə əmin idi, bunun əvəzində o özü yazı masası arxasında oturan prokuror köməkçisini gördükdə narahat oldu və əsməyə başladı.

Morrel qapı ağzında durdu. Vilfor sanki tanımadığı adam kimi ona baxdı. Nəhayət, müəyyən susqunluqdan sonra (bu arada hörmətli armator əlində şlyapasını oynadırdı) dedi:

– Səhv etmirəmsə, cənab Morrel?

Armator cavab verdi:

– Bəli, cənab, mənəm.

Vilfor himayəedici bir işarə ilə:

– Buyurun, gəlin, – dedi, – söyləyin görək sizin gəlişinizi mən nəyə borcluyam?

Morrel soruşdu:

– Məgər başa düşmürsünüz?

– Xeyr, zərrə qədər də olsa, başa düşmədim; lakin buna baxmayaraq, səlahiyyətim daxilində sizə kömək etməyə hazıram.

– Bu tamamilə sizin səlahiyyətiniz daxilindədir. – Morrel dedi.

– Onda izah edin, görək məsələ nədir.

Morrel, öz xahişinin ədalətli və vəziyyətinin şəffaf olduğuna əsaslanaraq, sözə başladı:

– Xatirinizdədirsə, əlahəzrət imperatorun qayıdış xəbərindən bir necə gün əvvəl, mənim gəmimdə kapitan köməkçisi işləyən gənc bir adama, dənizçiyə, kömək etmək üçün yanınıza xahişə gəlmişdim; yadınızdadırsa onu Elba adası ilə əlaqədə təqsirləndirirdilər, o vaxt cinayət hesab edilən bu əlaqələr, indi təltif olunmağa haqq verir. O zaman, siz XVIII Lüdovikə xidmət edirdiniz, bu sizin borcunuz idi, təqsirləndirilənə heç bir güzəşt etmədiniz. İndi Napoleona xidmət edirsiniz və günahsız adamı müdafiə etməlisiniz; bu da sizin borcunuzdur. Buna görə də mən ona nə olduğunu soruşmağa gəlmişəm.

Vilfor özünü məcbur edib soruşdu:

– Onun adı nədir? Lütfən adın söyləyin.

– Edmon Dantes.

Vilfora alnını dueldə, iyirmi beş addımlıqdan rəqibin tapançası altına qoymaq onun üzünə söylənmiş bu adı eşitməkdən daha xoş gələcəyini düşünmək olardı; lakin o, heç gözünü də qırpmadı.

Vilfor belə düşünürdü: “Heç kəs məni bu gənc adamı şəxsi münasibətlərimə görə həbs etməkdə günahlandıra bilməz”.

O təkrar etdi:

– Dantes? Siz Edmon Dantes dediniz?

– Bəli, cənab.

Vilfor yanındakı kontorun içində olan böyük bir siyahını açdı, sonra digər masaya yaxınlaşdı, masadan qovluqlarla dolu rəflərə keçdi və armatora dönərək təbii bir səslə soruşdu:

– Rəhmli cənab, yanılmırsınız ki?

Morrel çoxbilmiş, yaxud işdən daha da məlumatlı olsaydı, başa düşərdi ki, prokuror köməkçisi qəribə də olsa, onu aid olmayan işlə tanış edir; bəlkə də o özünə belə bir sual verməli idi: nəyə görə Vilfor onu həbs olunanların siyahısı ilə tanış olmağa, həbsxana rəisi, yaxud departament prefekti yanına göndərmir? Lakin hər vəchlə qorxu əlamətləri axtaran Morrel onun davranışında bir xeyirxahlıq nişanəsi görürdü: Vilfor hər şeyi düzgün hesablamışdı.

– Xeyr, mən səhv etmirəm, – deyə Morrel cavab verdi, – mən o zavallını on ildir tanıyıram, dörd ildi yanımda qulluq edirdi. Yadınızdadır? Ay yarım bundan əvvəl sizdən ona qarşı geniş ürəkli olmanızı xahiş edirdim, indi isə xahiş edirəm, ədalətli olasınız; siz hətta məni xoşagələn şəkildə qəbul etmədiniz, etinasız cavab verirdiniz. O zamanlar kralsevərlər bonapartistlərə qarşı çox da mülayim deyildilər!

Vilfor özünəməxsus hiyləgərlik və soyuqqanlılıqla ona yönələn sözləri dəf edərək dedi:

– Rəhmdar cənab, mən Burbonların yalnız qanuni varislər olduğuna görə yox, həm də xalqın onları seçdiyini düşünərək kralsevər idim; lakin təmtəraqlı qayıdış mənə yanıldığımı sübut etdi. Dahi Napoleon qalib gəldi: yalnız sevimli kral qanuni hökmdardır.

Morrel kobud səmimiyyətlə ucadan dedi:

– Xeyirli işlər. Sizin belə deməyiniz adama xoş gəlir, bunu zavallı Edmon üçün xeyirli əlamət olaraq görürəm.

Vilfor yeni bir siyahını vərəqləyərək dedi:

– Gözləyin, yadıma saldım: dənizçi, deyəsən belədir? O gərək ki, katalanlı qızla evlənməyə hazırlaşırdı? Bəli, bəli, indi mən xatırladım; bu çox ciddi bir iş idi.

– Eləmi?

– Siz gərək ki, bilirdiniz, onu mənim yanımdan düz məhkəmə binasının yanındakı həbsxanaya apardılar.

– Bəli, bəs sonra?

– Sonra mən, ondan tapılan kağızlarla birlikdə, Parisə məlumat göndərdim. Mən bunu etməyə borclu idim… Bir həftədən sonra məhbusu apardılar.

Morrel qışqırdı:

– Apardılar? Yazıq gəncin başına nə iş açdınız?

– Qorxmayın! Çox güman onu Fenestrel, Pinerol, ya da Müqəddəs Marqarita adalarına, necə deyərlər sürgün ediblər; günlərin bir günü o, sizin yanınıza dönüb, öz gəmisində komandanlığı qəbul edər.

– Nə vaxt istəyirsə qayıdıb gəlsin: o yer onundur. Lakin indiyədək niyə qayıtmasın? Gərək ki, Napoleon ədliyyəsi, ilk növbədə kralpərəst ədliyyəsinin həbs etdiklərini azad etməliydi.

Vilfor cavab verdi:

– Cənab Morrel, təqsirləndirməyə tələsməyin, hər bir işdə qanun gözlənilməlidir. Həbsxanaya göndərilməsi barədə göstəriş yuxarıdan, rəhbərlikdən alınıb; oradan da onun azad olunması haqda əmr alınmalıdır. Napoleon cəmi iki həftədir, geri dönüb; məhbusların azad olunması haqda göstərişlər yeni-yeni yazılmağa başlanıb.

Morrel soruşdu:

– Məgər bütün bu rəsmiyyətçiliyi tezləşdirmək olmaz? Axı biz qalıb gəlmişik. Mənim əlaqələrim, dostlarım var; qərarı ləğv etdirə bilərəm.

– Qərar hələ verilməyib.

– Bəs həbs haqda qərar?

– Siyasi işlərdə həbs edilənlərin siyahısı olmur; bəzi hallarda dövlət adamın iz buraxmadan, bir dəfəlik yoxa çıxmasında maraqlıdır; siyahılar isə onun tapılmasına köməklik edə bilər.

– Yaxşı, ola bilsin, Burbonlar zamanında belə idi, lakin indi…

– Əzizim cənab Morrel, bu hər zaman belə olmuşdur; hakimiyyətlər bir-birini əvəz edir və bir-birinə bənzəyir; Ondördüncü Lüdovik dövründən işə salınan cəza maşını bu günədək fəaliyyətdədir; yalnız Bastiliya çatışmır. İmperator hətta həbsxana nizamnaməsinə əməl olunmasına Ondördüncü Lüdovikdən ciddi yanaşır, siyahıya alınmamış məhbusların sayı isə hədsiz dərəcədə çoxdur.

Bu kimi etiraf hər cür etimadı zərərsizləşdirərdi, lakin Morrelin buna zərrə qədər şübhəsi yox idi.

– Lakin, cənab de Vilfor, zavallı Dantesin qayıdışını sürətləndirmək üçün, mənə nə məsləhət görürsünüz?

– Mən sizə bir şeyi məsləhət görə bilərəm: ədliyyə nazirliyinə əfv üçün müraciət edin.

– Ah, cənab de Vilfor! Axı biz bilirik, əfv nə deməkdir: nazir gündə onlardan iki yüzünü alır, heç dördünü də oxumur.

Vilfor dedi:

– Bəli, lakin o, mənim tərəfimdən və əlavəmlə göndərilmiş əfv olunma qərarını oxuyacaq.

– Siz bu əfvi ona göndərəcəksiniz?

– Böyük məmnuniyyətlə. Dantes əvvəl təqsirkar ola bilərdi, lakin indi deyil; mən onu həbsxanaya göndərməyə məcbur olduğum kimi, azad etməyə də məcburam.

Vilfor beləliklə, onun üçün az ehtimal olunan, lakin ola biləcək təhlükəli və onu məhv edəcək istintaqın qarşısını alırdı.

– Bəs nazirə əfv məktubu hansı tərzdə yazılmalıdır?

Vilfor öz yerini ona verərək dedi:

– Cənab Morrel, bura oturun, sizə diktə edərəm.

– Siz belə xeyirxahlıq edə bilərsiniz?

– Lütf edin! Lakin gəlin vaxt itirməyək. Onsuz da kifayət qədər vaxt itirilib.

– Bəli, bəli! Unutmayaq ki, zavallı gözləyir, əzab çəkir, bəlkə də ümidini itirib.

Vilfor, həbsxanada sakit və qaranlıq içində onu lənətləyən məhbusu düşündükdə diksindi; lakin o, həddindən artıq irəliyə getmişdi. Bundan sonra geri çəkilmək mümkün deyildi: Dantes onun şöhrətpərəstliyinin qurbanı olmalı idi.

Morrel lələk götürüb Vilforun kreslosuna oturaraq dedi:

– Mən hazıram.

Vilfor, Dantesin bonapartistlərin işlərinə göstərdiyi xidməti, onun vətənpərvərliyini ən yaxşı şəkildə qabardaraq, əfvi diktə etdi. Bu xahişnamədə Vilfor, Napoleonun geri dönüşündə, Dantesin fəaliyyətini bilərəkdən qabardaraq, irəlidə gedən adamlardan biri kimi göstərirdi. Aydın məsələdir ki, nazir məktubu oxuduqda, dərhal, əgər bu hələ də yerinə yetirilməyibsə, həqiqəti bərpa etməli idi.

Xahişnamə yazılıb qurtardıqdan sonra Vilfor onu ucadan oxudu.

– İndi mənə əmin olun.

– Bəs onu nə vaxt göndərəcəksiniz?

– Elə bu gün.

– Öz əlavənizlə?

– Xahişnaməyə “tamamilə doğrudur” sözlərini yazmağım ən yaxşı əlavə olar.

Vilfor kresloya əyləşib məktubun küncündə lazımi qeydiyyatı etdi.

Morrel soruşdu:

– Bəs sonra nə etməliyəm?

Vilfor cavab verdi:

– Gözləməlisən. Mən hər şeyi öz üzərimə götürürəm.

Bu əminlik Morreli ümidləndirdi; o, prokuror köməkçisinin yanından sevinc içində çıxaraq, yaşlı Dantesə tezliklə oğlunu görə biləcəyini xəbər verməyə getdi.

Vilfor isə məktubu Parisə göndərmək əvəzinə ehtiyatlı bir halda özündə saxladı; indiki halda Dantesi xilas edən bu məktub, sonralar, Avropadakı və digər hadisələr nəzərə alınmaqla, yəni ikinci dəfə bərpa olmanı, onun özünü məhv edə bilərdi.

Beləliklə Dantes məhbus olaraq qaldı; zirzəmi qaranlığında unudulmuş və itirilmiş Dantes XVIII Lüdovikin səs-küylə taxtdan endirilməsindən və İmperiyanın gurultu ilə dağılmasından xəbər ala bilmədi.

Lakin Vilfor hər şeyi diqqətlə izləyir və dinləyirdi. Napoleonun Yüz gün adlandırılan iki qısa dönüşü zamanı Morrel Dantesin azad olunması üçün həmlə etmiş, lakin hər iki dəfəsində də Vilfor onu ümid və vədlərlə sakitləşdirmişdi. Nəhayət Vaterloo baş verdi. Morrel artıq Vilforun yanına gəlmirdi: o, insan kimi gənc dostu üçün əlindən gələni etmişdi; ikinci bərpa zamanı, yeni cəhdlər onu yalnız heç nədən ləkələyə bilərdi.

XVIII Lüdovik yenidən taxta qayıtdı. Marsel Vilfor üçün xatirələrlə dolu, lakin vicdanını parçalayan bir məkan idi, buna görə də Tuluzada kral prokuroru vəzifəsini əldə etdi; bu şəhərə köçdükdən iki həftə sonra Vilfor, atası sarayda xüsusi hörmət qazanmış, markiza Rene de Sen-Meranla evləndi.

Məhz bu səbəbdən Yüz gün dövrü zamanı və Vaterloodan sonra da hər halda insanlar tərəfindən olmasa da, Tanrı tərəfindən unudulmuş Dantes həbsxanada qaldı.

Napoleonun Fransaya qayıdışını eşidən Danqlar, Dantesə necə böyük bir zərbə vurduğunu anladı; bu xəbər hədəfə yetmişdi, cinayətkarlıqda böyük, adi həyatda isə nisbi qabiliyyətə malik adamlar kimi, o, bu qəribə təsadüfü “qəzavü-qədər” adlandırdı.

Lakin, Napoleon Parisə daxil olub gur əmredici səsi eşidiləndə, Danqlar qorxdu. O, hər an, hər şeyi bilən, hədələyən və hər cür qisas almağa hazır olan Dantesin gəlməsini gözləyirdi. Dəniz xidmətindən getmək istədiyini bildirərək onu ispan tacirlərindən birinin yanına işə alması üçün cənab Morreldən xahiş etdi, mart ayının sonunda, yəni Napoleonun Tüilriyə qayıdışından on-on iki gün sonra Danqlar ora kontor qulluqçusu vəzifəsinə işə düzəldi; Madridə yollandı və bir daha ondan xəbər alınmadı.

Fernan heç nə başa düşmədi. Dantes yox idi, ona lazım olan da elə bu idi. Bəs Dantesə nə oldu? O, bu barədə heç nə öyrənmək belə istəmirdi. Bütün səyləri, Mersedesin nişanlısının qayıtmamağı səbəbinə aid müxtəlif bəhanələr uydurmağa, yaxud da yeni planlar quraraq buradan getmək və Mersedesi özü ilə aparmağa yönəlmişdi; bəzən o Faro burnunun zirvəsində oturaraq (buradan Marsel və Katalana gedən yolların hər ikisi görünürdü), vəhşi quşun donmuş və nifrət oyadan baxışı ilə hər iki yola baxıb sanki özü ilə qisas gətirəcək yaraşıqlı dənizçinin görünüb-görünmədiyinə baxırdı. Fernan qəti şəkildə Dantesi güllələmək, sonra da bu qətlə haqq qazandırmaq üçün özünü öldürmək qərarına gəlmişdi. Lakin özü-özünü aldadırdı; o heç bir zaman özünü öldürə bilməzdi, çünki hələ də ümid edirdi.

Bütün bu həyəcanlarla yanaşı, İmperator gur səsi ilə əsgər siyahısında olan sonuncu əsgəri də silahlandırıb, silah tuta bilən hər kəsi silahlanmağa çağıraraq Fransa hüdudlarını tərk etdi.

Hamı ilə birlikdə, Fernan, rəqibinin onun yoxluğunda qayıdıb sevdiyi qızla evlənmək qorxusu və düşüncəsi ilə, qəlbi parçalanaraq daxmasını və Mersedesi tərk edib yürüşə qoşuldu.

Özünü öldürməyə qadir olsaydı, Mersedesdən ayrıldığı an özünü güllələyərdi.

Onun Mersedesin qayğısına qalması, hiyləgərcəsinə dərdinə şərik olması, qızın ən kiçik arzusunun qarşısında göstərdiyi səy, sədaqətin həmişə səxavətli ürəklərdə doğurduğu şəkildə təsir doğurdu; Mercedes Fernandı həmişə dost kimi sevmişdi, bu dostluq minnətdarlıq hissi ilə daha da artdı.

Kiçik Mersedes çantanı katalanlının çiyinlərinə bağlaya-bağlaya dedi:

– Qardaşım, yeganə dostum, özünü qoru, göz yaşları tökdüyüm və səndən başqa heç kimim olmadığı bu dünyada, məni yalnız buraxma.

Ayrılıq dəqiqəsində deyilən bu sözlər Fernanın ümidlərini canlandırdı. Dantes qayıtmazsa, ola bilsin, bir gün gələcək və Mersedes onun arvadı olacaqdı.

Mersedes ucsuz-bucaqsız dəniz qarşısında, heç zaman ona bu dərəcədə barsız görünməyən çılpaq qayada yalnız qalmışdı. Bu diyarda hələ də hekayəsi danışılan o divanə qız kimi göz yaşları içində, durmadan Katalan ətrafında dolanırdı; bəzən yandırıcı cənub günəşi altında, tərpənmədən, lal, heykəl kimi dayanaraq Marselə tamaşa edirdi; bəzən sahildə oturub dalğaların onun dərdi kimi daimi iniltisinə qulaq asaraq öz-özündən ümidsiz intizarın amansız ağrısını çəkməkdənsə, irəli əyilib dəniz burulğanına özünü atmağın daha yaxşı olub-olmayacağını soruşurdu. Mersedesi özünü öldürməkdən qorxu hissi saxlamadı – o dinə itaət etməklə özündə rahatlıq tapıb, intihardan xilas oldu.

Kadrussu da Fernan kimi orduya çağırdılar, lakin katalanlıdan səkkiz yaş böyük və evli olduğundan, onu üçüncü dərəcəyə daxil edib sahil qoruma dəstəsində saxladılar.

Ümidlə yaşayan yaşlı Dantes, İmperator devrildikdən sonra, son işıqucunu da itirdi.

Oğlu ilə ayrıldıqdan düz beş ay sonra, Edmondun həbs olunduğu saatda Mersedesin əlləri üzərində dünyasını dəyişdi.

Morrel dəfn xərclərini öz üzərinə götürməklə yanaşı, yaşlı adamın xəstəliyi dövründə götürdüyü kiçik borclarını da ödədi.

Bu təkcə insansevərlik nümunəsi deyildi, həm də cəsarətli bir hərəkət idi. Cənub tamamilə daxili müharibələr içərisində olduğu halda, Dantes kimi təhlükəli bir bonapartçının atasına, ölüm yatağında olsa da belə, kömək etmək cinayət idi.

XIV. DƏLİ OLMUŞ MƏHBUSLA QƏZƏBLİ MƏHBUS

XVIII Lüdovikin qayıdışından təqribən bir il sonra, həbsxanaların baş müfəttişi təftiş keçirirdi. Dantes yeraltı kamerasında oturub, yuxarıda güclü, aşağıda isə yalnız məhbusun eşidə biləcəyi taqqıltı və cırıltını dinləməklə yanaşı, gecə sakinliyində hörümçəyin tor toxumasından gələn və bir saat ərzində tavanda yığılmış damcının düşərkən verdiyi səsləri də dinləməyə vərdiş etmişdi.

O, canlıların daxilində nə isə baş verdiyini anlayır, bu məzarda uzun müddət yaşadığından artıq özünü meyit hesab edirdi.

Müfəttiş növbə ilə otaqlara, kameralara və qazamatlara baş çəkirdi. Bəzi məhbuslar sorğu-suala layiq görülmüşdülər: onlar öz sadəlövhlük, yaxud kütlüklərinə görə belə bir iltifata layiq görülmüşdülər. Müfəttiş onların yeməkləriylə maraqlanır və bir xahişlərinin olub-olmadığını soruşurdu. Hamı bir səslə yeməklərin pis olduğunu söyləyib, azad olunmalarını xahiş edirdi. Onda müfəttiş onların başqa istəklərinin olub-olmadığı ilə maraqlandı. Hamı başını buladı. Məhbuslar azadlıqdan başqa nə istəyə bilərlər?

Müfəttiş komendanta tərəf dönərək dedi:

– Başa düşə bilmirəm, bu mənasız təftişlər kimə lazımdır? Bir həbsxananı görmək, yüzünü görmək deməkdir; bir məhbusu dinləmək, minini dinləmək deməkdir; hər yerdə eyni şeydir: onları pis yedizdirirlər və onlar təqsirkar deyillər. Sizdə başqa məhbus yoxdur?

– Təhlükəli və dəli olanlar da var, onları zirzəmilərdə saxlayırıq.

Müfəttiş dərin bir yorğunluq içində dedi:

– Nə etməli, borcumuzu sonadək yerinə yetirmək üçün zirzəmilərə də enməliyik.

Komendant dedi:

– Buyurun, özümüzlə heç olmazsa iki əsgər götürməliyik; bəzən məhbuslar bəlkə də artıq həyata nifrət etdikləri və ölümə məhkum olunmaqlarını istədikləri üçün gözlənilməz hərəkətlərə əl atırlar. Siz sui-qəsdin qurbanı ola bilərsiniz.

Müfəttiş dedi:

– Onda ehtiyat tədbirlərinizi görün.

İki əsgər gəldi, birlikdə çirkli, iylənmiş, nəm pilləkənlə enməyə başladılar. Lakin bu aşağı enmə hissiyyat orqanlarının beşinə də çox ağır gəldi.

Müfəttiş dayanaraq dedi:

– Lənətə gəlsin! Burda kim yaşaya bilər?

– Həddindən artıq təhlükəli sui-qəsdçidir; bizə xəbərdarlıq ediblər ki, bu adam hər şeyə qadirdir.

– O, təkdir?

– Əlbəttə.

– Çoxdan burdadır?

– Bir ilə yaxındır.

– Onu dərhal zirzəmiyə saldınız?

– Xeyr, ona yemək gətirən gözətçini öldürməyə cəhd göstərdikdən sonra.

– Gözətçini öldürmək istəyirdi?

– Bəli, indi bizim yolumuza işıq salanı.

Komendant üzünü adamlardan birinə tutdu:

– Düzdür, Antuan?

Gözətçi cavab verdi:

– Elədir ki, var, o, məni öldürmək istəyirdi.

– Bəli, o, dəlidir!

Gözətçi cavab verdi:

– Daha da betərindəndir, şeytanın özüdür!

Müfəttiş komendanta dedi:

– İstəyirsinizsə, ondan şikayət edə bilərsiniz.

– Buna dəyməz; o, onsuz da kifayət qədər cəzalandırılıb, bir də ki, dəli olmaq ərəfəsindədir, təcrübəmizdən bilirik, ili keçməz, dəli olar.

Müfəttiş dedi:

– Onun üçün belə yaxşıdır; dəli olsa az iztirab çəkər.

Gördüyünüz kimi, müfəttiş insansevər bir adam olaraq, öz xeyriyyəçi vəzifəsinə tamamilə layiq idi. Komendant cavab verdi:

– Tamamilə haqlısınız, sizin sözləriniz öz məhbuslarınızı yaxşı tanıdığınıza bir sübutdur. Burada, digər pilləkənin apardığı yeraltı kameralardan birində, hansısa İtalyan partiyalarının birinin keçmiş başçısı, yaşlı rahib oturur; o, 1811-ci ildən buradadır, 1813-cü ilin sonlarından dəli olub; həmin vaxtdan onu tanımaq olmur; əvvəllər daima ağlayırdı, indi isə gülür; əvvəl arıqlayırdı, indi isə kökəlir. Bunun əvəzinə ona baxmaq istəyərsinizmi? Onun dəliliyi əyləncəlidir, sizi heç cürə kədərləndirməz.

Müfəttiş cavab verərək dedi:

– Ona da, o birisinə də baş çəkəcəyəm, qulluq borcumu vicdanla yerinə yetirməliyəm.

Müfəttiş hələ birinci dəfə idi həbsxanalara baş çəkirdi, ona görə də rəhbərliyin ondan razı qalmasını istəyirdi.

– Əvvəlcə bunun yanına gedək.

Komendant:

– Buyurun, – deyib gözətçiyə işarə etdi.

Gözətçi qapını açdı. Ağır siyirmələrin cingildəməsini və paslı həncamaların qıcırtısını eşidən, küncdə oturub inanılmaz həvəslə barmaqlıq arasından düşən nazik işıq şüasını ələ keçirməyə çalışan Dantes başını qaldırdı.

İki gözətçi, iki əsgər, əlində şlyapasını saxlayan komendantı və tanımadığı bir adamı görüb, işin nə yerdə olduğunu başa düşərək, sonunda yüksək rəhbərliyə müraciət etmək imkanı əldə etdiyini hiss edib, əllərini yalvarıcı bir şəkildə tutaraq irəli atıldı.

Əsgərlər, məhbusun pis fikirlə müfəttişin üzərinə atıldığını düşünüb süngüləri çarpazladılar.

Müfəttiş qeyri-iradi bir addım geri çəkildi.

Dantes təhlükəli adam kimi qələmə verildiyini başa düşdü.

Baxışlarına insan qəlbinin tuta biləcəyi qədər mülayimlik verərək, ətrafdakıları təəccübləndirən sakit bir yalvarışla, yüksək ziyarətçisinin qəlbinə yol tapmağa çalışdı.

Müfəttiş Dantesi sonadək dinlədi; sonra komendanta tərəf dönərək pıçıltı ilə dedi:

– O, sonunda mömin olacaq, artıq indidən mülayimlik və sakitliyə meyl göstərir. Görürsünüzmü, qorxu hissi ona tanışdır; süngüləri görcək geri durdu, halbuki, dəlilər heç nə qarşısında geri çəkilməzlər. Mən bununla bağlı Şarantonedə maraqlı müşahidələr aparmışdım.

Sonra məhbusa müraciət edərək:

– Müxtəsəri, siz nə xahiş edirsiniz? – deyə soruşdu.

– Nədə təqsirləndirildiyimi deməyinizi xahiş edirəm, məhkəmədən, istintaqdan xahiş edirəm, sonunda təqsirkaramsa, məni güllələsinlər, yox deyiləmsə, azadlığa buraxsınlar.

Müfəttiş soruşdu:

– Sizi yaxşı yedizdirirlərmi?

– Bəli. Yəni, bilmirəm. Lakin bu o qədər də vacib deyil. Vacib olan, təkcə mən zavallı məhbus üçün deyil, həm də ədalət gözləyən hakimiyyət və kralın, məhbusların alçaqcasına şeytançılıq edənlər tərəfindən qurban edilməməyi və öz cəlladlarını lənətləyərək qıfıl altında ölməməyidir.

– Siz bu gün çox sakitsiniz, – komendant dilləndi, – həmişə belə deyildiniz. Gözətçini öldürmək istəyəndə, tamamilə başqa cür danışırdınız.

Dantes dedi:

– Doğrudur, indi də mənə xoş münasibət bəsləyən bu adamdan səmimi qəlbdən üzr istəyirəm… lakin siz nə istəyirsiniz? Mən o vaxt dəli olmuşdum, qudurmuşdum.

– Bəs indi?

– Xeyr, həbsxana məni məhv etdi, sındırdı. Mən çoxdandır burdayam!

– Çoxdandır… – Müfəttiş soruşdu, – bəs sizi nə vaxt həbs ediblər?

– 28 fevral 1815-ci ildə, gündüz saat ikidə.

Müfəttiş hesablamağa başladı.

– Bu gün on üçü iyul, min səkkiz yüz on altıncı ildir. Bəs siz nə deyirsiniz? Cəmi on yeddi aydır, həbsxanada yatırsınız.

Dantes təkrar etdi:

– Cəmisi on yeddi ay, cəmisi on yeddi ay! Siz həbsxanada on yeddi ayın nə olduğunu bilmirsiniz, bu on yeddi il, on yeddi əsr deməkdir! Xüsusilə də mənim kimi, qarşısında fəxri meydan, xoşbəxtliyə yaxın olan, sevdiyi qızla evlənməyə hazırlaşan bir adam üçün, bunların hamısından məhrum oldum; aydın, günəşli günün qaranlıq gecə ilə əvəz olunduğu, sevdiyi qızın indi onu sevib-sevmədiyini bilməyən və yaşlı atasının ölüb-ölmədiyindən xəbəri olmayan adam üçün! On yeddi ay həbsxana həyatı! Xüsusilə də dəniz havasına, vüsətə, ucu-bucağı görünməyən, sonsuzluğa öyrənmiş bir adam üçün on yeddi ay həbsxana həyatı! Bu insanın ən iyrənc sözlərlə ifadə etdiyi cinayətlər üçün belə çoxdur. Mənə yazığınız gəlsin və mənim üçün lütfkarlıq yox, ciddiyyətlə məhkəmə tələb edin; mən məhkəmə, məhkəmə tələb edirəm; təqsirkarı mühakimə etmək üçün məhkəmədən məhrum etmək olmaz.

Müfəttiş dedi:

– Yaxşı, baxarıq.

Sonra o, komendanta müraciət edərək dedi:

– Doğrudan da bu zavallıya yazığım gəlir. Biz yuxarı qayıtdıqda, onun şəxsi işini mənə göstərərsiniz.

Komendant cavab verdi:

– Əlbəttə, lakin qorxuram, orada onun haqda ən xoşagəlməz məlumatlar görəsiniz.

– Bilirəm, – deyə Dantes davam etdi, – bilirəm ki, səlahiyyətinizə görə siz məni azad edə bilməzsiniz; lakin siz mənim xahişimi yuxarıda rəhbərliyə çatdıra bilərsiniz, istintaq apara bilərsiniz, nəhayət məni məhkəməyə verə bilərsiniz. Məhkəmə! Mənim, təkcə istədiyim budur; qoy hansı cinayəti törətdiyimi və hansı cəza verildiyini özümə desinlər. Axı məlumatsızlıq dünyada bütün edamlardan pisdir!

Müfəttiş dedi:

– Araşdıraram.

Dantes uca səslə dedi:

– Səsinizdən kədərləndiyinizi anlayıram! Mənə deyin görüm, ümid edə bilərəmmi?

Müfəttiş dedi:

– Sizə belə sözü deyə bilmərəm, ancaq işinizi araşdırmağa söz verə bilərəm.

– Bu halda mən azad oluna, xilas edilə bilərəm!

Müfəttiş soruşdu:

– Sizi həbs etməyi kim əmr edib?

Dantes cavab verdi:

– Cənab de Vilfor. Onunla görüşün.

– Cənab de Vilfor artıq Marseldə deyil; bir ildir Tuluzadadır.

Dantes pıçıltıyla:

– Onda təəccüblənməyə dəyməz! Mənim yeganə himayədarım burada yoxdur!

Müfəttiş soruşdu:

– Cənab de Vilforun sizdən nifrət etməyə elə bir səbəbi yox idi ki?

– Heç bir; əksinə, mənə qarşı çox mərhəmətli idi.

– Beləliklə o sizin haqqınızda verdiyi məlumatları və yaxud da deyə biləcəklərinə inana bilərəmmi?

– Tamamilə.

– Yaxşı. Gözləyin.

Dantes diz üstə düşüb, əllərini göyə qaldıraraq dua etməyə başladı, duasında o cəhənnəmdən qəlbləri azad etmək üçün gələn Xilaskar kimi, onun yanına, zirzəmiyə, enmiş bu adama Tanrı qarşısında dua edirdi.

Müfəttişin ardınca qapı bağlandı, lakin onun özü ilə gətirdiyi ümid, Dantesin kamerasında qaldı. Komendant soruşdu:

– Həbs olunanların siyahısına indi baxmaq istəyirsiniz? Yoxsa rahibin yanına, zirzəmiyə girmək istəyirsiniz?

Müfəttiş:

– Əvvəlcə baxışı bitirək, – deyə cavab verdi. – Yuxarı qalxsam ola bilsin, bir daha aşağı enməyə həvəsim olmasın.

– Rahib buna bənzəmir, qonşusunun dərrakəsindən fərqli olaraq, onun dəliliyi əyləncəlidir.

– Bəs onun dəliliyi nədən ibarətdir?

– Çox qəribə fikirlərdən: o, özünün saysız-hesabsız təsəvvür edilməz dərəcədə sərvətə malik olduğunu fərz edir. Həbsinin ilk ilində, buraxılması üçün dövlətə bir milyon, ikincidə iki milyon, üçüncüdə üç, və s… Artıq beşinci ildir, həbsxanadadır; təklikdə danışmağı xahiş edəcək və sizə beş milyon təklif edəcək.

Müfəttiş dedi:

– Bu doğrudan da maraqlıdır. Bəs bu milyonerin adı nədir?

– Rahib Faria.

Müfəttiş dedi:

– İyirmi yeddinci nömrə!

– Bəli, o burdadır. Antuan, açın.

Gözətçi tabe oldu, müfəttiş hamının “Dəli rahib” adlandırdığı bu məhbusun zirzəmisinə baş çəkdi. Kameranın ortasında, divardan qoparılmış əhənglə cızma-qara edilmiş dairə içərisində, yerdə demək olar, lüt vəziyyətdə və paltarı cır-cındıra çevrilmiş bir adam uzanmışdı. Bu dairə içərisində aydın görsənən həndəsi xətlər çəkir və Arximedin Marsellanın əsgəri tərəfindən öldürdüyü andakı kimi, məsələ həlli ilə məşğul idi. Buna görə də qapı cırıldayanda heç tərpənmədi də, yalnız məşəlin alovu onun işlədiyi yaş döşəməni qeyri-adi işıqla işıqlandıranda özünə gəldi. Yalnız indi dönüb heyrətlə onun zirzəmisinə daxil olmuş çox saylı qonaqlara baxdı.

Cəld ayağa qalxıb ziyarətçilərin hüzuruna yaxşı görkəmdə çıxmaq üçün yorğan-döşəyin üstündəki ədyalı üstünə atdı.

Müfəttiş həmişəki qaydasına əməl edərək soruşdu:

– Siz nə xahiş edirsiniz?

Rahib təəccüblə təkrarladı:

– Mən nə xahiş edirəm? Heç nə xahiş etmirəm.

Müfəttiş davam etdi:

– Başa düşmədiniz, mən hökumət tərəfindən həbsxanalara baxmaq və məhbusların şikayətlərini qəbul etmək üçün göndərilmişəm.

Rahib cəld ucadan dedi:

– Bax, bu başqa məsələ, güman edirəm, bir-birimizi başa düşərik.

Komendant dedi:

– Görürsünüzmü, dediyim kimi, başlayır.

Məhbus davam etdi:

– Mərhəmətli cənab, mən rahib Fariayam, Romada doğulmuşam, iyirmi yaşımda kardinal Rospilozinin yanında katib işləyirdim; 1811-ci ilin əvvəllərində, özüm də bilmədən nə üstündəsə həbs olunmuşam, o zamandan da əbəs yerə italyan və fransız hökumətlərindən azad olmağımı tələb edirəm.

Komendant soruşdu:

– Fransız hökumətindən niyə?

– Çünki məni Pyombinoda həbs ediblər, hesab edirəm, Pyombino da Milan və Florensiya kimi hansısa bir fransız departamentinin şəhəri olub.

Müfəttişlə komendant bir-birinə baxdılar.

Müfəttiş dedi:

– Əzizim, – sizin İtaliya haqqındakı fikirlərinizin yeniliyi ilə seçildiyini demək olmaz.

Rahib Faria cavab verdi:

– Bu fikirlər həbs olunduğum günə aiddir, o zaman əlahəzrət İmperator Roma krallığı yaratdığından, hesab edirdim, o, qələbələrin bəhrəsinin davamı olaraq Makiavelli və Bordjia Sezarın arzusunu həyata keçirərək, bütün İtaliyanı birləşdirəcək, vahid bölünməz bir dövlətə çevirəcək.

Müfəttiş etiraz edərək dedi:

– Xoşbəxtlikdən ilahi qüvvə sizin də təqdir etdiyiniz bu nəhəng planı dəyişdirib.

Rahib dedi:

– Bu İtaliyanı güclü, azad və xoşbəxt dövlətə çevirmək üçün yeganə vasitədir.

Müfəttiş cavab verdi:

– Ola bilər, lakin mən bura sizinlə İtaliyanın siyasi kursunu müzakirə etməyə deyil, yeməkdən və yerinizdən razısı olub-olmadığınızı soruşmağa gəlmişəm.

Rahib cavab verdi:

– Burada yemək bütün həbsxanalarda olduğu kimidir, yəni çox pisdir, yer isə gördüyünüz kimi, nəmişlikdir və sağlamlıq üçün zərərlidir, lakin ümumilikdə zirzəmi həbsxana üçün əlverişlidir. Lakin məsələ bunda deyil, məsələ mənim dövlətə vermək istədiyim mühüm sirdədir.

Komendant müfəttişin qulağına dedi:

– Başlanır.

Rahib davam etdi:

– Buna görə də sizi görməyimə çox şadam, mühüm bir hesablama aparmağıma mane olsanız da, bu hesablama uğurlu olsa, ola bilsin, bütün Nyuton sistemini dəyişəcək. Sizinlə təklikdə danışa bilərəmmi?

Komendant müfəttişin qulağına pıçıldadı:

– Sizə nə demişdim?

Müfəttiş gülümsəyərək cavab verdi:

– Kirayənişinləri əla tanıyırsınız, – sonra rahibə müraciət etdi. – Sizin xahişinizi yerinə yetirə bilmərəm.

– Bəs, söhbət hökumətə böyük bir məbləğin çatdırılmasından gedirsə, məsələn beş milyondan?

Müfəttiş komendanta müraciət edərək dedi:

– Qəribədir, siz hətta məbləği də bilirdiniz.

Rahib müfəttişin getməyini görüb davam etdi:

– Yaxşı, təklikdə olmadıqda da danışa bilərik; cənab komendant söhbətimizdə iştirak edə bilər.

Komendant onun sözünü kəsdi:

– Əzizim, təəssüf ki, əvvəlcədən sizin bizə nə deyəcəyinizi əzbər bilirik. Söhbət sərvətinizdən gedir, eləmi?

Faria rişxəndçiyə elə bir nəzər saldı ki, ağıllı müşahidəçi burada hökmən sağlam düşüncə və səmimiyyət görməli idi.

– Əlbəttə, başqa nə haqda danışa bilərəm?

Komendant davam etdi:

– Cənab müfəttiş, mən bu əhvalatı sizə rahibdən heç də pis danışmaram; budur, artıq beş ildir daima eşidirəm.

Rahib dedi:

– Cənab komendant, bu onu sübut edir ki, siz də Müqəddəs Əhdi-cədiddə deyildiyi kimi, “gözü var, görmür; qulağı var, eşitmir” olan adamlara aidsiniz.

Müfəttiş dedi:

– Əlahəzrət, dövlətimiz varlıdır, Tanrıya şükürlər olsun, sizin pulunuza ehtiyacı yoxdu; onları həbsxanadan çıxacağınız vaxtda saxlayın.

Rahibin gözləri böyüdü; o, müfəttişin əlindən tutdu.

– Həbsxanadan çıxmasam; həqiqətə rəğmən məni bu zirzəmidə saxlasalar və öz sirrimdən heç kimə bəhs etməyib burada ölsəm, deməli, bu sərvət hədər yerə itib-batacaq, eləmi? Yaxşı olmazmı ki, bu sərvətdən hökumətlə bərabər istifadə edək? Mən altı milyona da razıyam; bəli, məni azadlığa buraxsalar altı milyon verib yerdə qalanlarla özüm kifayətlənə bilərəm.

Müfəttiş astadan dedi:

– Vicdanıma and olsun, belə inamla danışdığına görə, dəli olduğunu bilməsəydik, dediklərinin hamısının həqiqət olduğunu düşünərdik.

Məhbuslara xas olan dəqiq eşitmə qabiliyyətinə malik Faria, müfəttişin dediklərinin hamısını eşidərək, cavabında dedi:

– Mən dəli deyiləm, tamamilə həqiqəti söyləyirəm, bəhs etdiyim xəzinə doğrudan da mövcuddur. Təklif edirəm, müqavilə bağlayaq, müqaviləyə əsasən siz məni göstərdiyim yerə aparasınız; orada yanımızdaca qazıntı aparsınlar, heç nə tapılmasa, sizi aldatmış olsam və dediyiniz kimi, dəliyəmsə, yenidən məni bura zirzəmiyə qaytararsınız, nə sizi, nə də başqalarını öz xahişlərimlə yormadan, ömürlük burada qalıb ölərəm.

Komendant gülümsədi.

– Bəs sizin sərvətiniz buradan çoxmu uzaqdadır?

– Yüz mil uzaqda, – Faria dedi.

Komendant dedi:

– Pis düşünülməyib, bütün məhbusların hər birinə həbsxana gözətçiləri ilə yüz mil çərçivəsində gəzinti təşkil etsəydilər və onlar buna razı olsaydılar, həbs olanların hər bir əlverişli vəziyyətdə qaçmasından asan heç nə ola bilməzdi. Belə bir uzun gəzinti zamanı, şübhəsiz bu kimi təsadüf yaranacaq.

Müfəttiş dedi:

– Məlum məsələdir, cənab rahib bunun müəllifi özü olduğunu deyib döşünə döyə bilməz.

Sonra rahibə müraciətlə dedi:

– Sizi yaxşı yedizdirib-yedizdirmədiklərini soruşdum.

– Mərhəmətli cənab, – Faria cavab verdi, – İsa peyğəmbərə and için ki, həqiqəti dediyim halda məni azad edəcəksiniz, mən isə sizə sərvətin basdırıldığı yeri göstərəcəyəm.

Müfəttiş təkrarladı:

– Sizi yaxşı yedizdirirlərmi?

– Bu şərtlərdə siz heç nə uduzmursunuz: axı görürsünüz, mən qaçmaq üçün səbəb axtarmıram; sərvət tapılana qədər həbsxanada qalacağam.

Müfəttiş səbirsiz halda onun sözünü kəsdi:

– Sualıma cavab vermirsiniz.

Rahib çığırdı:

– Siz də mənim xahişimə! Sizi digər, mənə inanmaq istəməyən sərsəmlər kimi lənətə gələsiniz! Mənim qızıllarımı istəmirsiniz, onlar özümdə qalacaq; azadlıq vermək istəmirsiniz, Tanrı onu mənə göndərəcək. Gedin, mənim daha sizə deyəcək sözüm yoxdur.

Rahib çiynindən ədyalı ataraq bir parça əhəng götürüb dairənin içində oturdu və əvvəlki kimi hesablama və çertyoj işlərini davam etdirməyə başladı.

Müfəttiş çıxa-çıxa soruşdu:

– O, nə edir?

Komendant cavab verdi:

– Var-dövlətini hesablayır.

Faria bu istehzaya nifrət dolu baxışla cavab verdi.

Çıxdılar. Gözətçi onların ardınca qapını bağladı.

Müfəttiş pilləkənlə qalxa-qalxa dedi:

– Ola bilsin, onun həqiqətən hansısa sərvəti var.

Komendant ona dəstək verərək dedi:

– Ya da onları yuxuda görüb səhəri dəli vəziyyətdə oyanıb.

Müfəttiş sadəlövhcəsinə təsdiqlədi:

– Doğrudur, o, doğrudan da varlı olsaydı həbsxanaya düşməzdi.

Bununla da Farianın işi sona yetdi. O, həbsxanada qaldı və bu ziyarətdən sonra haqqında gəzən “əyləncəli dəli” söhbəti daha da möhkəmləndi.

Dahi əlçatmaz sərvət ovçuları, Kaliqula və Neron bu zavallının sözünə qulaq verər və ona xahiş etdiyi havanı, çox qiymətləndirdiyi geniş sahəni, belə yüksək məbləğ təklif etdiyi azadlığı hədiyyə edərdilər. Lakin bizim günümüzdə ağalar, ehtimal olunan çərçivə ilə məhdudlaşaraq, kobudluğa qarşı iradələrini itirib, buna görə də onların əmrlərini dinləyən qulaqlardan, hərəkətlərini izləyən gözlərdən qorxmaqdadırlar. Onlar, öz ilahi təbiətlərinin üstünlüyünü hiss etməyən tac qoyulmuş insanlara çevriliblər, vəssalam. Bir zamanlar onlar özlərini Yupiterin oğulları adlandırır və yaxud ən azından belə hesab edir, bəzi şeylərdə öz ölümsüz atalarına bənzəyirdilər; buludlardan o yana nə baş verdiyini yoxlamaq bir o qədər də asan deyil; yer üzünün hökmdarları əl çatandırlar. Lakin zülmkar hökumət gün işığında həbsxanadakı işgəncələrin nəticələrini göstərməkdən həmişə çəkinir, çünki hər hansı inkvizisiya qurbanı, nadir halda sındırılmış sümüklərini və qan sızan yaralarını dünyaya nümunə kimi göstərər; bu həmişə, etibarlı şəkildə əmələ gəldiyi yerdə gizlədilən, həbsxananın çirkab quyusunda qəlb iztirabları nəticəsində əmələ gələn yaralardır və oradan çıxarılsa da hər hansı bir qaranlıq xəstəxanada izini itirir, sonra da həkimlər dustaqların dağıdılmış, eybəcər hala salınmış qalıqlardan verdikləri təsəvvürlərlə insan vücudu və insan təfəkkürü yaratmağa çalışırlar.

Rahib Faria türmədə ağlını itirərək, özü öz dəliliyi ucbatından ömürlük həbsə məhkum olunmuşdu.

Dantesə gəldikdə isə müfəttiş öz sözünü tutdu. Komendantın otağına qayıtdıqda həbs olunanların siyahısını tələb etdi. Dantes haqqında qeydiyyat aşağıdakı məzmunda idi:

EDMON DANTES

qatı bonapartistdir; qəsbkarın Elba adasından

qayıtmasında fəal iştirak edib.

Tam məxfiliyi qorunsun, ciddi nəzarət altında saxlanılsın.

Qeydiyyat qalan siyahı ilə eyni xətt və eyni mürəkkəblə yazılmamışdı; bu, qeydiyyatın Dantes həbsxanaya salındıqdan sonra əlavə olunduğunu sübut edirdi.

Təqsirləndirmə elə qəti şəkildə yazılmışdı ki, ondan şübhələnmək mümkün deyildi; ona görə də müfəttiş əlavə etdi:

“Heç nə etmək mümkün deyil”.

Müfəttişin ziyarəti Dantesi canlandırdı. Həbsxanaya düşdüyü andan günlərin hesabın itirmişdi, lakin müfəttiş ona ayı və tarixi dedi, Dantes bunu unutmadı. Tavandan düşmüş əhəng parçası ilə divarda: 30 iyul 1816-cı il yazdı, o vaxtdan hər gün hesabı itirməmək üçün qeydiyyat aparırdı.

Günlər, həftələr, aylar keçirdi. Dantes daima gözləyirdi; əvvəlcə o özü üçün iki həftəlik bir müddət təyin etdi. Müfəttiş onun işinə göstərdiyi diqqətin yarısını belə ayırmış olsa, iki həftəlik müddət kifayət edərdi. İki həftə keçdikdən sonra, Dantes öz-özünə dedi: “Müfəttişin Parisə qayıtmazdan əvvəl mənim işimlə məşğul olmasını düşünmək mənasızdır; Parisə isə ona tapşırılan təftişlərin hamısını bitirdikdən sonra qayıdacaq. Bu təftişlər isə bir-iki ay davam edə bilər”. Buna görə də özünə yeni müddət təyin etdi – iki həftə əvəzinə üç ay. Bu üç ay keçdikdən sonra onun köməyinə yeni fikirlər çatdı, özünə yarım il möhlət verdi; bu yarım il bitdikdən sonra günləri də saysalar, doqquz ay yarım gözlədiyi məlum oldu.

Bu aylar ərzində onun vəziyyətində heç bir dəyişiklik baş vermədi; bircə ürək açan xəbər almadı; həbsxana gözətçisi əvvəlki kimi lal-dinməz idi. Dantes öz hisslərinə olan inamı itirərək xəyal oyununu yaddaşın şahidi kimi qəbul etdiyini və sakitləşdirici mələyin sanki onun yanına yuxu qanadında gəldiyini düşünməyə başladı.

Bir ildən sonra komendantı dəyişdilər; Qam istehkamını ona tapşırdılar; o tabeliyində olanlardan bəzilərini özü ilə apardı, onların arasında Dantesin dustaqxana gözətçisi də var idi.

Yeni komendant gəldi; dustaqları adı ilə yadda saxlamaq ona maraqsız gəldi; onların sıra nömrələri ilə təqdim olunmasını tələb etdi. Bu dəhşətli mehmanxana əlli otaqdan ibarət idi; kirayənişinləri nömrələməyə başladılar, zavallı gənc Edmon adından, Dantes soyadından məhrum oldu – indi o sadəcə otuz dörd nömrəli məhbus idi.

XV. 34 NÖMRƏLİ VƏ 27 NÖMRƏLİ

Dantes həbsxanada yaddan çıxarılmış məhbusların çəkdiyi bütün əzab-əziyyətlərdən keçmişdi.

Ümid və şüurunun onda yaratdığı günahsızlığının qüruru ilə yaşamağa davam edirdi; sonra günahsızlığına şübhə etməyə başladı, bu da komendantın müəyyən dərəcədə onun haqqındakı dəlilik nəzəriyyəsinin bir təsdiqi idi; nəhayət vüqarın onu qaldırdığı yüksəklikdən düşərək nəinki Tanrıya, insanlara da yalvarmağa başladı; Yaradan – sonuncu sığınacaqdır, insan bəlaya düşdükdə əvvəl Tanrıya üz tutmalıdır, lakin o, bunu bütün ümidlərini itirdikdən sonra edir.

Dantes onu başqa, daha qaranlıq və nəm olan bir zirzəmiyə köçürülməsini xahiş edirdi. Dəyişiklik, hətta pis tərəfə olsa belə, yenə bir dəyişiklik idi və bir neçə günlüyə onu əyləndirə bilərdi. O, gəzintiyə çıxmağa icazə verilməsini xahiş edir, hava, kitablar və alətlər istəyirdi. Ona heç nə vermirdilər, lakin istəməyə davam edirdi. O, əvvəlkindən daha susqun görünsə də həbsxana gözətçisi ilə əlaqə qurub danışmağa nail ola bildi; qeyd etməliyəm ki, lal da olsa, adamla danışmaq onun üçün bir sevinc idi. Dantes öz səsini, eşitmək üçün danışırdı; o, təklikdə danışmağı sınadı, lakin bu ona qorxunc gəldi.

Sərbəst günlərində Dantesin xəyalına tez-tez səfillərin, quldurların və qatillərin qorxulu həbsxana kameralarında düzəltdikləri azğın kef məclisləri və dostluq şənlikləri gəlirdi. İndi o lal, qaradinməz, həvəssiz həbsxana gözətçisinin vücudundan başqa, kiminsə sifətini görmək üçün, belə bir mağarada olmağa sevinərdi, ayağı zəncirlə bağlı, çiyni damğalı, biabırçı bir geyimlə sürgündə cəza çəkən adam olmadığına görə də təəssüflənirdi. Sürgündə olan məhbuslar heç olmazsa özlərinə aid bir cəmiyyətdə yaşayırlar, hava alır, səmanı görürlər, sürgündə olan məhbuslar xoşbəxtdirlər. O, həbsxana gözətçisinə, yanına, kimliyindən asılı olmayaraq, hətta haqqında eşitdiyi rahib belə olsa, bir yoldaş verilməsi üçün yalvarırdı. Ən kobud həbsxana gözətçisinin ciddi zahiri görüntüsü altında, insani varlığın qalıqları yatır. Dantesin həbsxana gözətçisinin, üzdə göstərməsə də, qəlbində həbsə düşdüyü üçün ağır sarsıntı keçirən bu zavallı gəncə yazığı gəlirdi; 34 nömrəli məhbusun xahişini komendanta çatdırdı; lakin komendant siyasi xadimlərə xas olan bir ehtiyatla, Dantesin dustaqları qiyama təhrik etməyə və yaxud qaçmaq üçün onların dəstəyini almağa cəhd etdiyini düşünərək, xahişi rədd etdi.

Dantes bütün insani vasitələri sərf edib qurtarmışdı. Ona görə də Tanrıya üz tutdu. Bədbəxt, taleyi tərəfindən əzilmiş adamlara ruh verən dini fikirlər onun qəlbini canlandırdı; anasından öyrəndiyi duaları xatırladı, onlarda indiyə qədər onun dərk etmədiyi mənalar aşkarladı; çünki xoşbəxt adamlar üçün dua – gələn bəla, onların allahla danışdığı ürəkdən gələn səmimi bu sözlərə dərin məna verməyincə yeknəsəq və boş söz yığınıdır. O, səylə deyil, hiddətlə ibadət edirdi. Dantes dua edərkən artıq öz səsindən qorxmurdu; hər bir tələffüz etdiyi sözlə hiddətlənir, sanki Tanrını görürdü; məhv olmuş həyatında baş verən bütün əhvalatları allahın iradəsinə bağlayır, ondan dərs çıxarırdı, öz-özünə əhd-peyman bağlayaraq bütün dualarını, sanki insanın Tanrıdan daha çox adamlara müraciət etdiyi tamahkar sözlərlə bitirirdi: biz bizə borclu olanları bağışladığımız kimi, sən də bizim bizə olan borclarımızı bağışla.

Qızğın ibadətlərə baxmayaraq, Dantes həbsxanada qaldı.

Onun ruhu qaralıb duman kimi gözlərini örtdü. Dantes sadə, savadsız adam idi; elm onun üçün gələcəyi gizli saxlayan pərdəni açmadı. O, həbsxanada tənhalıq içində, düşüncə səhrasında keçmiş əsrləri xəyalında canlandıra bilmədi, qədim şəhərləri də dirçəldə bilmədi, təsəvvürü ona möhtəşəmlik və poeziya bəxş edərək daxili baxışında Martinin14 Vavilon rəsm əsərlərində olduğu kimi, səma alovları saçırdı. Dantesin qısa keçmişi, qaranlıq indisi və naməlum gələcəyi var idi; o, sonsuz gecələr boyu yaşadığı işıqlı on doqquz il haqda düşünməli idi! Ona görə də heç nə onu əyləndirə bilmirdi – işgüzar, əsrləri ötüb keçə bilən zəkası dar bir çərçivəyə, qəfəsə salınmışdı. Belə olduqda o, bir düşüncə üzərində, fəlakətli vəziyyətin gəlişi hesabına, onun səbəbsiz yerə dağılmış xoşbəxtliyi barədə düşüncə üzərində dayanıb durdu. O, bu fikir üzərində çox vuruşub çalışırdı, hərtərəfli vəziyyətdə dişləri ilə ondan yapışaraq, Dantenin təsəvvür etdiyi cəhənnəmdə, amansız Uqolinonun baş yepiskop Rudjierinin kəlləsini çeynədiyi kimi çeynəyirdi. Dantesin yalnız gücə əsaslanan keçici bir inamı var idi; başqaları uğur qazandıqda bu inamı itirdiyi kimi o da tezliklə onu itirdi, lakin uğur qazanmadan.

Dindarlıq yerini kütləşməyə verdi. Dantes kafirlərə elə pis söyüşlər yağdırırdı ki, həbsxana gözətçisi onun qarşısında dəhşət içərisində geri çəkilirdi. Kiçicik bir narahatlıqdan, tozdan, saman çöpündən, hava axınından başını həbsxana divarlarına vururdu. Dantes daima, Vilforun ona göstərdiyi, öz əllərində saxladığı şeytançılıq barədə məlumatı yada salırdı; onun hər sətri Valtasarın divarda alov saçan hərflərlə yazdığı “Mene, Tekel, Fares”15 sözlərini xatırladırdı. Öz-özünə belə deyirdi; “Məni uçuruma salan Tanrının qəzəbi deyil, insanların nifrətidir”; o, onları qızğın təxəyyülün verə biləcəyi hər cürə cəzaya məhkum edir, lakin çox yumşaq olduqlarını düşünürdü, başlıcası isə onların uzun müddətli olmamağından gileyli idi; çünki edam ölüm deməkdir, ölümdə isə – rahatlıq olmasa da, ona bənzər hissiyyatsızlıq var.

Öz düşüncələrini yada saldıqca durmadan ölümün rahatlıq, daha da ciddi cəzalandırmanın ölüm olmamalı olduğunu təkrarlayır, beləliklə də özünü öldürmə fikirləri yaradan bir vəziyyətə, mat qalma vəziyyətinə salırdı. Bu dərdli, əzablı yolda belə qəmgin fikirlərə düşən insanlara heyf! Bu mavi suya bənzər suyu olan ölü dənizdir, lakin içində üzgüçü, qatranlı cilin ayaqlarına necə sarıldığını, çəkib apardığını və dəfn etdiyini hiss edir. Səmadan ona kömək göstərilməzsə, hər şeyi bitmiş hesab etmək olar, xilas olmaq üçün göstərilən bütün cəhdlər, onu ölüm dünyasının daha dərinliyinə qərq edər.

Bəlkə də bu mənəvi can yanğısı, ona qədər olan əzablar və yaxud ondan sonra gələcək cəzalar kimi qorxulu olmayacaq; onun daxilində sərxoşedici təskinlik var, o ağzı açıq bir uçurumdur, lakin uçurumun dibi sonsuzluqdur. Edmon bu fikirdə bir rahatlıq tapdı; onun bütün kədəri, əzabı və ardınca süründüyü bir sıra qarabasmalar, ölüm mələklərinin ayaq basacağı həbsxananın həmin küncündən sanki uçub getmişdi. Dantes keçmiş həyatına sakit, gələcək həyatına isə dəhşətlə baxaraq, ona sığınacaq görünən şeyi seçdi.

– Uzun səfərlər zamanı, – o, öz-özünə deyərdi, – adam yerinə qoyulduğum vaxtlar, bu azad, qüdrətli adam, başqalarına həmin anda yerinə yetirilən əmrlər verdiyi zamanlar, mənə buludların səmanı necə bürüməsini, dalğaların qabarıb-coşmasını, səmanın kənarında, sanki üfüqdə qanad çalan nəhəng qartal kimi fırtınanın yaranmasını görmək nəsib olub, o zaman gəmimin etibarsız bir sığınacaq olduğunu düşünürdüm, çünki o nəhəng adamın ovcundakı lələk kimi titrəyirdi; ləpələrin dəhşətli gurultusu altında mənə ölüm xəbəri verən qayalara baxırdım, ölüm məni qorxutmurdu; var gücümlə onu dəf etməyə çalışır və bütün varlığımı, dənizçi bacarığımı toplayaraq təkbaşına Yaradanla mübarizəyə başlayırdım!… Lakin o zaman xoşbəxt idim; o vaxt həyata dönmək xoşbəxtliyə dönmək demək idi; o ölüm qeyri-müəyyən bir ölüm idi, mən onu seçmirdim; əsrlər boyu yosunlar və daşlar üzərində yatıb qalmaq istəmir və təəccüblə Yaradana bənzər bir sifətdə yaradılsam da qırğı və qağayılara yem olacağımı düşünürdüm. İndi isə başqa vəziyyətdir: məni həyata bağlayan nə vardısa hamısından məhrum olmuşam; indi ölüm körpəyə lay-lay deyən dayə kimi üzümə gülür; mən könüllü olaraq ölürəm, bu zirzəmidə üç min dəfə dövrə vurandan sonra, qeyz və ümidsizlik içində, yorğun halda yuxuya gedirəm, – otuz min addım, təxmini on lyeyə bərabər bir məsafədir.

Bu fikir Dantesin qəlbinə yatdıqda şən və mülayim olmuşdu; artıq sərt yataq və qara çörək onu qane edirdi; az yeyir, qətiyyən yatmır və bu həyatı qənaətbəxş hesab edirdi, çünki onu istədiyi an, geyilmiş köhnə paltar kimi öz üzərindən ata bilərdi.

Ölmək üçün iki vasitə vardı; biri çox sadə idi: cib dəsmalını məhəccərə bağlayıb özünü asmaq; digəri, özünü yeyən kimi göstərib yeməmək və acından ölmək. Birinci vasitədən Dantesin zəhləsi gedirdi; o dar ağacından asılan dəniz quldurlarına nifrət hissi altında böyümüşdü; buna görə də ona düyün vuraraq həyatına son vermək ayıb gəldiyindən, bu vasitədən imtina etdi. İkinci vasitədən istifadə etməyə qərar verərək, həmin gündən onu yerinə yetirməyə başladı.

Dantesin maneələrdən keçməsi dörd ilə yaxın vaxt apardı, ikinci ilin sonuna yaxın Dantes divarda işarə qoymağı dayandırdı və yenə müfəttiş gəlməzdən əvvəl olduğu kimi günlərin hesabını itirdi.

Öz-özünə dedi: “Mən ölmək istəyirəm”, – və özü ölüm vasitəsini seçərək hər şeyi ətraflı düşündü, fikrindən dönməmək üçün and içdi. Dantes qərara gəldi ki, gətirilən yeməkləri pəncərədən atsın; onda gözətçilər hamısını yediyini düşünəcəkdilər.

Belə də edirdi. Gündə iki dəfə ona gətirilən yeməyi səmanın kiçik bir hissəsi görünən barmaqlığın arasından çölə tullayırdı, əvvəlcə sevinc içində, sonra fikirli-fikirli, nəhayət təəssüf içində, içdiyi and bu qorxunc fikrə əməl etməyə güc verirdi. Əvvəllər onda ikrah hissi oyadan bu yemək, indi itidişli aclıq hesabına Dantesə əla ətir saçan və möhtəşəm təam kimi gəlirdi; bəzən o tam bir saat, acgözlüklə, içində çürümüş mal əti, yaxud iylənmiş balıq olan boşqaba və bir parça kiflənmiş çörəyə baxırdı. Bu zaman sonuncu bu həyat əlamətləri qeyri-iradi müqavimət göstərir və bəzi hallarda onun qərarını üstələyirdi. Belə vaxtlarda həbsxana Dantesə qaranlıq, taleyi isə ümidsiz gəlmirdi; o, hələ cavan idi, yəqin, iyirmi beş, iyirmi altı yaşı olardı, o hələ əlli il – yaşadığından iki dəfə artıq yaşayacaqdı. Belə bir uzun müddət ərzində, hər hansı bir hadisə həbsxana qapılarını yerlə-yeksan edər, İf qalasının divarlarını yıxıb onu azadlığa qovuşdura bilərdi. Bu zaman o, könüllü Tantal kimi imtina etdiyi yeməyi ağzına yaxınlaşdırırdı; lakin həmin dəqiqə içdiyi and yadına düşürdü, özünü öz gözündən salmamaq üçün, bütün cəsarətini toplayıb nəfsini saxlayırdı. Dantes mətanətlə və amansızlıqla içindəki həyat qığılcımlarını söndürürdü, lakin bir gün ayağa qalxıb şam yeməyini pəncərədən atmağa gücü çatmadı.

Ertəsi gün heç nə görmür, zorla eşidirdi. Həbsxana gözətçisi onun ağır xəstə olduğunu zənn etdi; Edmon tezliklə ölməyə ümid edirdi.

Beləliklə bir gün keçdi. Dantes, nə qədər qəribə olsa da, onda xoşa gəlimli bir durğunluq baş verdiyini hiss edirdi. Mədəsindəki sancı demək olar, keçmişdi; susuzluq daha əzab vermirdi; gözlərini yumanda havada, gecələr bataqlıq üzərində dəstə ilə qaynaşan, parıltılı nöqtələr görürdü, bu ölüm adlandırılan o naməlum dünyanın şəfəqi idi.

Qəflətən, gecə saat doqquzda, yatağının olduğu divarın arxasından gələn küt bir səs eşitdi.

Bu həbsxanada o qədər müxtəlif həşəratlar dolaşırdı ki, Edmon artıq yavaş-yavaş, narahat olmadan, onların xışıltısı altında yatmağa alışmışdı; lakin bu səfər aclıqdanmı onun hissiyyat orqanları daha güclü hiss etməyə başlamışdı, ya səs həmişəkindən daha güclü gəlirdimi, nəhayət, ola bilsin ömrünün son anlarında hər şey daha mənalımı gəlirdi, bilmirəm, başını qaldırıb qulaq asmağa başladı.

Bu daşın nəhəng caynaqlarla, yaxud çox böyük dişlə, ya da hər hansı bir alətlə müntəzəm qaşınması, yonulması idi.

Azadlıq! – Məhbusların beynindən çıxmayan bu fikir, anında Dantesin dumanlanmış beyninə sancıldı.

Bu səs ona, bütün səslərin onun üçün daima susmaq məcburiyyətində olduğu bir məqamda yetişdi, istər-istəməz çəkdiyi əzablara görə Tanrının ona yazığı gəldiyini və bir ayağı qəbirdə olan Dantesə bu səsi kömək üçün göndərdiyini düşündü. Kim bilir, bəlkə əldən düşənə qədər düşündüyü dostlardan hansısa, ya qəlbinə yaxın olanlardan biri indi onları ayıran məsafəni qısaltmağa çalışırdı?

Ola bilməz, çox güman, onu qara basıb və bu yalnız ölüm ərəfəsində havada süzən bir yuxudu.

Lakin Edmon dinləməyə davam edirdi. Daş qaşınması üç saat davam etdi. Sonra o, nəyinsə tökülməsini eşitdi, bundan sonra bir sakitlik çökdü.

Bir neçə saatdan sonra səs daha da güclü və yaxında eşidilməyə başladı. Edmon xəyalən bu işdə iştirak edir və özünü artıq o qədər də yalnız hiss etmirdi; qəfildən həbsxana gözətçisi gəldi.

Dantesin öz ölümü haqda qərar verməyindən bir həftə keçmişdi, artıq dörd gün idi, heç nə yemirdi; bu müddət ərzində Edmon bir dəfə də olsun həbsxana gözətçisi ilə danışmamışdı, onun harasının ağrımasıyla bağlı sualına da cavab vermirdi, diqqətlə baxdıqda isə üzünü divara çevirirdi. Lakin indi hər şey dəyişmişdi: həbsxana gözətçisi bu küt səsi eşidib ehtiyatlana, onu durdurub ölən Dantesi canlandıran sonuncu bulanıq ümidi də dağıda bilərdi.

Həbsxana gözətçisi səhər yeməyi gətirmişdi.

Dantes yatağında dikəlib və səsini qaldıraraq axmaq yeməklər və nəmişlik haqda, ağzına gələni danışmağa başladı; həbsxana gözətçisi indicə yalvara-yalvara onun üçün bir boşqab ət suyu və bir parça təzə çörək gətirməsinə baxmayaraq, qışqırmağa səbəb olsun deyə tutqun halda söyüş söyməyə davam edirdi. Xoşbəxtlikdən o, Dantesin sayıqladığını zənn edərək həmişəki kimi səhər yeməyini bir ayağı olmayan oturacağın üstünə qoyub çıxdı. Edmon sevinclə və azad nəfəs alıb dinləməyə davam etdi.

Səs o dərəcədə aydın gəlirdi ki, heç bir çətinlik çəkmədən onu eşidirdi.

“Bu səs səhər də gəlməyə davam edərsə, deməli onun da mənim kimi zavallı bir məhbus olduğuna, yəqin, azad olmaq üçün çalışmasına şübhə qalmır. Yanında olsaydım, ona necə də kömək edərdim!

Sonra şübhə, qara bulud kimi onun ümidini yox etdi; bəla çəkməyə adət etmiş zəka isə çətinliklə də olsa insan sevincinə inam verirdi. O, demək olar, qonşu kamerada, təmir işləri aparmaq üçün komendant tərəfindən göndərilən fəhlələrin divarı döyəclədiyinə əmin idi.

Bundan əmin olmaq bir o qədər də çətin deyildi. Lakin sual verməyi necə qərarlaşdırmaq olar? Əlbəttə, ən asan yol kimi həbsxana gözətçisini gözləmək və səsə işarə edib, onun hansı ifadə ilə qulaq asacağına baxmaq olardı; lakin bu bir ani zövq üçün kiminsə xilas olmasını təhlükə altına almaq demək olardı… Edmonun başı gicəllənirdi; elə zəifləmişdi ki, artıq fikirləri duman kimi dağılır, fikrini bir əşya üzərində cəmləşdirə bilmirdi. Edmon ağlını aydınlaşdırmaq üçün yeganə bir vasitə görürdü: nəzərini həbsxana gözətçisi tərəfindən masaya buraxılmış hələ də soyumamış səhər yeməyinə dikdi, durub səndələyə-səndələyə ona yaxınlaşıb, fincanı götürərək dodaqlarına yaxınlaşdırdı, izah olunmaz bir zövqlə ət suyunu içdi.

Onun qərarlılığı bununla kifayətlənməyə yetdi; o batmış gəmidən xilas edilmiş dənizçilərin böyük acgözlüklə yeməyin üzərinə atılaraq doyunca yeyib sonra buna görə öldüklərini eşitmişdi. Edmon ağzına apardığı çörəyi masanın üzərinə qoyub yenidən uzandı. O, artıq ölmək istəmirdi.

Tezliklə hiss etdi ki, onun bulanıq, demək olar haqq-hesabsız fikirləri, yenidən lazımi qaydada, sehrli şahmat lövhəsində olduğu kimi insanın heyvanlar üzərində üstünlüyünü müəyyənləşdirən bir artıq sahə kimi lazımi qaydada düzülməyə başlayıb. O, artıq düşünür və düşüncəsini məntiqlə möhkəmləndirə bilirdi.

Beləliklə öz-özünə dedi:

“Heç kəsi ələ vermədən öyrənmək lazımdır. Əgər orada divarı qaşıyan sadə fəhlədirsə mən divarı döydüyüm vaxt işi saxlayıb kimin və nə üçün divarı döydüyünü tapmağa çalışacaq. Lakin iş icazəli olduğundan yenidən işi ilə məşğul olmağa başlayacaq. Yox, bu məhbusdursa, əksinə, mənim divarı döyməyim onu qorxudar; iş üstündə tutulmağından qorxaraq onu bir yana buraxacaq və onun fikrincə hamı yatandan sonra işə başlayacaq.

Edmon dərhal yatağından qalxdı. Onun artıq ayaqları dolaşmır, gözləri qaralmırdı. O, kameranın küncünə gedib divardan nəmişlikdən itilənmiş bir daş çıxartdı, onunla divarda döyüntüsü aydın eşidilən yeri döyməyə başladı.

Elə ilk zərbədən sonra, sanki sehrli bir işarə ilə, taqqıltı kəsildi.

Edmon diqqətlə dinləməyə başladı. Bir saat keçdi, iki saat keçdi – səs-səmir yox idi. Edmonun divarı döyməsi, divarın arxasında ölü bir sükunət yaratdı.

Belə bir ümidlə qanadlanan Edmon, bir az çörək yeyib, bir qurtum da su içərək təbiətin ona bəxş etdiyi qüdrətli sağlamlığına görə, demək olar, qüvvəsini bərpa etdi.

Gün keçdi, amma sakitlik davam edirdi.

Axşam oldu, lakin döyüntü səsi yenə eşidilmədi.

Edmon izah olunmaz bir sevinclə düşünürdü: “Bu məhbusdur”. O, artıq süstlük hiss etmirdi; həyat onun daxilində yeni bir qüvvə ilə oyanmış, o, işgüzar bir adam olmuşdu.

Gecə tam sakitlik içində keçdi.

Edmon bütün gecəni gözünü yummadı.

Səhər açıldı; həbsxana gözətçisi səhər yeməyini gətirdi. Dantes dünənki günorta yeməyinin qalıqlarını artıq yeyib bitirdiyindən, acgözlüklə yeməyə başladı. O, gərgin bir vəziyyətdə divarın döyülməsinin bərpa olmasını gözləyirdi və divarın döyülməsinin ola bilsin, həmişəlik kəsildiyini düşündükcə yarpaq kimi titrəyirdi, Dantes öz zirzəmisində on, on iki lye yol qət edir, saatlarla pəncərənin dəmir məhəccərini silkələyir, taleyi ilə ölüm-dirim mübarizəsinə hər tərəfli hazır olmaq və əzələlərinin elastikliyini bərpa etmək üçün çoxdan yadırğamış məşqləri təkrarlayırdı; qeyd edim ki, güləşçi də meydana çıxarkən bədənini yağlayıb, əllərini açmağa çalışır. Bəzən o dayanıb qulaq asırdı, görsün taqqıltı var, ya yox; digər tərəfdən də, onun kimi azad olmaq üçün alışıb-yanan məhbusun ehtiyatsızlıqdan işini yarımçıq qoyduğuna və bir məhbusu başa düşmədiyinə görə heyfsilənirdi.

Üç gün keçdi, dəqiqəbədəqiqə sayılan yetmiş iki ölümə bərabər saat!

Nəhayət bir gecə, həbsxana gözətçisi getdikdən sonra, Dantes yüzüncü dəfə qulağını divara dayadıqda ona elə gəldi ki, qaradinməz daşlara söykənmiş başında zorla eşidilən titrəmələr əks olunur.

Dantes silkələnmiş beynini tarazlamaq üçün geri durdu, bir neçə dəfə kamerada dövrə vurduqdan sonra yenidən qulağını əvvəlki yerə dayadı.

Tərəddüdsüz demək olar ki, divarın arxasında nə isə baş verirdi; görünür, məhbus əvvəlki üslubun təhlükəli olduğunu başa düşüb yeni üslub seçmiş; işini sakitcə davam etdirmək üçün baltanı linglə əvəz etmişdi.

Öz kəşfindən fərəhlənən Edmon, yorulmaz fəhləyə kömək etmək qərarına gəldi. Çarpayısını yerindən çəkdi, çünki ona elə gəlirdi ki, qazıntı işi məhz onun arxasında gedir, sonra gözləri ilə otaqda, divardakı nəm əhəngi eşib tökmək və oradan daş çıxarmaq üçün, bir şey axtarmağa başladı.

Lakin onun heç nəyi yox idi, nə bıçağı, nə də iti bir aləti; yalnız məhəccərin dəmir barmaqlığı var idi; lakin o məhəccərin möhkəmliyindən əmin olduğuna görə, onu silkələməyə ehtiyac duymadı.

Onun kamerasındakı əşyalar çarpayı, oturacaq, masa, vedrə və dolçadan ibarət idi.

Lakin onun çarpayısının xüsusi dəmir ehtiyatları var idi, amma vintlə taxtaya bərkidilmişdi. Vintləri açmaq üçün vintaçan lazım idi.

Qazmaq üçün masanın və oturacağın heç nəyindən istifadə etmək mümkün deyildi, vedrənin qulpunu isə çıxartmışdılar.

Dantesin bir yolu qalırdı: səhəngi qırıb onun ucu iti qırıqları ilə işləmək.

Səhəngi döşəməyə atdı: o parça-parça oldu.

Dantes iki-üç ucu iti saxsı parçası götürüb döşəyinin altında gizlətdi, digərlərini döşəmədə saxladı. Səhəngin qırılması adi bir hal idi, şübhə doğura bilməzdi.

Edmon bütün gecəni işləyə bilərdi; lakin qaranlıqda iş yaxşı getmirdi; əl ilə yoxlaya-yoxlaya işləmək lazım gəlirdi, o, tezliklə özünün zavallı alətinin daşlara dəydiyinə görə korşaldığını anladı. Çarpayısını yenidən divara söykəyib sabahı gözləmək qərarına gəldi. Ümidlə bərabər ona səbr də gəlmişdi.

Bütün gecəni divarın arxasında gedən, səhərədək kəsilməyən yeraltı işlərin gedişinə qulaq asırdı.

Sabah açıldı; həbsxana gözətçisi gəldikdə Dantes ona gecə su içmək istədiyini və səhəngin əlindən düşüb sındığını dedi. Həbsxana gözətçisi donquldana-donquldana, qırıqları döşəmədən yığmadan, yeni səhəng gətirməyə getdi.

Tezliklə səhəngi gətirib ehtiyatlı olmağı tapşıraraq getdi.

Dantes kilidlərin bağlanmasını böyük sevinclə dinlədi; əvvəllər isə hər belə cingilti gəldikdə ürəyi sıxılırdı. Addım səsləri kəsilər-kəsilməz çarpayıya tərəf atılıb onu yerindən çəkdi və zirzəmisinə daxil olan bəyaz gün şüaları altında o gecə yarısınadək əbəs yerə işlədiyini gördü, daşın ətrafını qazmaq əvəzinə daşı deşirmiş.

Əhəng nəmişlikdən yumşalmışdı.

Suvağın ovulduğunu gördükdə Dantesin ürəyi sevinclə döyünməyə başladı; düzdü o qum kimi ovulub tökülürdü, lakin on beş dəqiqə ərzində bir ovuc suvağı ovub tökə bilmişdi. İstənilən bir riyaziyyatçı ona belə işləməklə qayaya rastlaşmasa iki ilə uzunluğu iyirmi futa bərabər, iki kvadrat futluq bir yol aça biləcəyini deyə bilərdi.

Dantes əbəs yerə boş ümidlərə, ibadətlərə və fədakarlığa sərf etdiyi uzun-uzadı saatlarını bu işə vermədiyi üçün çox heyfsilənirdi.

Bu zirzəmidə keçirdiyi altı il ərzində ən çətin işləri belə görüb qurtara bilərdi!

Bu fikir onun gücünü və səyini iki qat artırdı.

Böyük ehtiyatla işləyərək, üç gün ərzində bütün suvağı qaşıyıb daşları çılpaq hala saldı. Divar daşdan hörülmüşdü və daha da möhkəm olsun deyə ara-ara sal daşlardan da istifadə olunmuşdu. Belə sal daşlardan birini o artıq təmizləmişdi, indi onu yerindən laxlatmaq lazım idi.

Dantes dırnaqları ilə bunu etmək istədi, lakin onun əhəmiyyətsiz olduğunu görüb dayandı.

O, saxsı qırıntılarını ling əvəzi işlətməyə çalışır, lakin onlar qırılırdı.

Bütün günü boş-boşuna çalışan Dantes ümidsiz halda işi dayandırdı.

Necə yəni, bütün cəhdlərdən imtina edib fəaliyyətsiz duraraq, qonşunun tək başına işi bitirməsinimi gözləyəcəkdi?

Qəfildən onun ağlına yeni bir fikir gəldi; ayağa qalxıb tərləmiş alnını sildi və gülümsədi.

Hər gün həbsxana gözətçisi ona tənəkə qazanda şorba gətirirdi. Görünür, bu qazanda digər məhbusa da şorba aparırdılar: Dantes qazanı gah dolu, gah da yarısına qədər boş olduğunu görürdü, yəqin şorbanı həbsxana gözətçisinin ondanmı, qonşusundanmı paylamağa başladığından asılı olaraq qazan gah dolu, gah da yarısına qədər boş olurdu.

Qazanın dəmir qulpu var idi; bu dəmir qulp Dantesə lazım idi, bunun üçün ömrünün on ilini verərdi.

Gözətçi həmişəki kimi qazanın içindəkiləri Dantesin boşqabına tökdü. Dantes hər gün taxta qaşıqla şorbanı içdikdən sonra onu özü yuyurdu.

Dantes axşam boşqabı qapı ilə masanın ortasına qoydu; gözətçi kameraya daxil olanda üzərinə basıb boşqabı qırdı.

Bu dəfə Dantesi nədəsə günahlandırmaq olmazdı; düzdür, o, boşqabı nahaq yerə döşəməyə qoymuşdu, lakin gözətçi də günahkar idi, çünki ayağının altına baxmamışdı.

Gözətçi yalnız donquldandı; sonra gözü ilə şorbanı tökməyə bir qab axtardı, lakin Dantesin bütün qab-qacağı yalnız bu boşqabdan ibarət idi.

– Qazanı qoyun qalsın, – Dantes dedi, – sabah mənə səhər yeməyi gətirəndə onu götürərsiniz.

Bu məsləhət gözətçinin xoşuna gəldi; bu onu yuxarı qalxıb, aşağı enməkdən və bir də yuxarı qalxmaqdan xilas edirdi.

O, qazanı orda saxladı.

Dantes sevincindən titrədi.

O, cəld şorbanı və həbsxana adətinə görə şorbanın içinə qoyulmuş mal ətini yedi. Sonra gözətçinin fikrini dəyişmədiyinə əmin olmaq üçün tam bir saat gözləyib, çarpayısını çəkdi, qazanı götürüb dəmir qolunun ucunu suvaqda açdığı deşikdən daş piltə ilə yan-yana olan daşların arasına soxub, ling kimi hərəkət etdirməyə başladı. Divarın yüngülvarı titrəməsi Dantesə işin qaydasında getdiyindən xəbər verirdi.

Doğrudan da bir saatdan sonra daş yerindən çıxarıldı; divarda bir fut yarım diametrində oyuq əmələ gəlmişdi.

Dantes səliqə ilə əhəng qırıntılarını yığıb küncə tökdü, sonra səhəng qırıntısı ilə boz torpağı topalayıb onunla əhəngin üstünü örtdü.

Sonra, bu gecənin bir dəqiqəsini də itirməmək üçün, təsadüf nəticəsində, daha doğrusu, öz ixtirasına görə əldə etdiyi dəyərli alətlə coşqu ilə işini davam etdirdi.

Səhər açıldıqda, daşı deşiyə geri qoyub, çarpayını yerinə çəkdi və uzanıb yatdı.

Səhər yeməyi bir parça çörəkdən ibarət idi. Gözətçi içəri girib həmin bir parça çörəyi masanın üzərinə qoydu.

Dantes soruşdu:

– Mənə yeni boşqab gətirmədiniz?

Gözətçi cavab verdi:

– Xeyr, gətirmədim, siz hər şeyi qırırsınız; səhəngi də qırdınız; sizin təqsiriniz ucbatından boşqabınızı qırdım; bütün məhbuslar bu qədər qırsaydılar, hökumətin onları saxlamağa imkanı olmazdı. Qazanı sizdə saxlayıb şorbanı onun içinə tökəcəklər; ola bilsin, belədə qabları qırmaqdan əl çəkərsiniz.

Dantes gözlərini göyə qaldırıb əllərini ibadət edirmiş kimi ədyalın altına qoydu.

Əlindəki bu dəmir parçası, onda heç zaman, hətta ən xoşbəxt anlarında belə hiss etmədiyi minnətdarlıq hissi oyatdı.

Dantesi yalnız bir şey kədərləndirirdi. İşə başladığı andan digər tərəfdən səs-səmir olmadığını hiss edirdi. Lakin buna görə o öz məqsədindən imtina etməməli idi; qonşusu ona tərəf gəlmirsə, o özü qonşusunun yanına gedər.

Dantes bütün günü fasiləsiz işlədi; axşama yaxın yeni alətin köməyi ilə divardan on ovucdan artıq çınqıl və əhəng çıxartdı.

Nahar vaxtı çatanda, qazanın qulpunu bacardığı qədər düzəldib yerinə qoydu. Məhbusları həftədə üç dəfə pəhriz tutmağa məcbur edirdilər, bu gün pəhriz günü olduğundan, gözətçi gətirdiyi balıqlı şorbanı onun qazanına tökdü. Dantes günlərin sayılmasını unutmasaydı, bu gedişat onun üçün bir təqvim rolunu oynayardı.

Gözətçi şorbanı qazana töküb kameradan çıxdı.

Dantes bu dəfə qonşusunun işi dayandırıb-dayandırmamağını dəqiq öyrənməyə qərar vermişdi. Qulaq asmağa başladı. İş dayandırıldığı o üç gün kimi sakitlik idi.

Dantes dərindən nəfəs aldı; görünür, qonşusu ondan ehtiyat edirdi. Lakin ruhdan düşməyib işini davam etdirirdi; üç saat çalışdıqdan sonra o bir maneəyə rast gəldi. Dəmir qulp artıq heç nə götürmür, üzdən sürüşürdü. Dantes divarı əlləri ilə yoxlayıb başa düşdü ki, tirə dirənib.

Tir onun açdığı oyuğu tamamilə bağlamışdı. İndi tirin altından, ya da üstündən qazmaq lazım gələcəkdi. Zavallı gənc belə bir maneə ilə rastlaşacağını düşünmürdü. O, uca səslə dedi:

– Tanrım, Tanrım! Mən sənə yalvarırdım, ümid edirdim ki, yalvarmağımı eşidərsən! Tanrım, firavan həyatımı aldın, rahat ölümü çox gördün, varlığa çağırdın, elə isə mənə yazığın gəlsin, ümidsiz halda ölməyə qoyma!

Sanki yer altından gələn bir səs dedi:

– Tanrı və ümid haqda kim bu tərzdə danışa bilər? – Divarın qalınlığı içində batmış o səs, məhbusun qulağında qəbirdən gələn bir səda kimi səsləndi.

Edmon başında tüklərinin biz-biz durduğunu hiss etdi; divardan dizin-dizin geri çəkildi.

O öz-özünə pıçıldayırdı:

– Mən insan səsi eşidirəm!

Edmon dörd-beş il ərzində yalnız həbsxana gözətçisinin səsini eşidirdi, gözətçi isə məhbus üçün adam demək deyil; o palıd ağacından düzəldilmiş qapı, üstəgəl əlavə canlı bir qapıdır, dəmir barmaqlıq, üstəgəl canlı bir barmaqlıqdır.

Dantes uca səslə dedi:

– Tanrıya and verirəm, danışın, bir daha danışın, səsiniz məni qorxutsa da danışın. Siz kimsiz?

– Bəs siz kimsiniz? – Səs soruşdu.

Dantes düşünmədən cavab verdi:

– Zavallı bir məhbus.

– Milliyyətiniz nədir?

– Fransız.

– Adınız?

– Edmon Dantes.

– Rütbəniz?

– Dənizçi.

– Nə vaxtdan burdasınız?

– 28 fevral 1811-ci ildən.

– Nə üstə?

– Mən təqsirkar deyiləm.

– Bəs sizi nədə təqsirləndirirlər?

– İmperatorun qayıtması məqsədi ilə sui-qəsddə iştiraka görə.

– Necə yəni İmperatorun qayıtması? Məgər İmperator artıq taxt-tac sahibi deyil?

– O, 1814-cü ildə Fontenbloda taxt-tacından imtina edib Elba adasına göndərilib. Lakin siz özünüz çoxdanmı burdasınız ki, bunları bilmirsiniz?

– 1811-ci ildən.

Dantes diksindi, bu adam ondan dörd il əvvəldən həbsxanadadır.

Səs tələsik dedi:

– Yaxşı, qazmağı saxlayın. Lakin mənə qazdığınız yerin yalnız hansı yüksəklikdə olduğunu deyin.

– Yerlə bərabərdir.

– Onun üzəri nə ilə örtülüdür?

– Çarpayımla.

– Həbsxanada olduğunuz müddətdə çarpayınızı çəkməyiblər?

– Bir dəfə də olsun.

– Otağınız hara açılır?

– Dəhlizə.

– Bəs dəhliz?

– Həyətə çıxır.

Səs söylədi:

– Bu necə bədbəxtlikdi!

Dantes soruşdu:

– Aman Tanrım! Nə olub ki?

– Mən səhv etmişəm; planımın mükəmməl olmamağı məni azdırıb; pərgarın olmamağı məni məhv edib; planda bir səhv xətt həqiqətdə on beş futa bərabər gəlib; mən sizin divarı qalanın eşik divarı bilmişəm!

– Lakin siz o vaxt dənizə qədər qazmalı olardınız?

– Mən elə bunu istəyirdim.

– Buna müvəffəq olsaydınız…

– Mən üzməyə atılardım, İf qalasını əhatə edən adalardan birinə, Dom adasına, yaxud Tibulen adasına, yaxud da sahilə qədər üzər və xilas olardım.

– Məgər bu qədər məsafəni üzüb keçərdiniz?

– Rəbbim mənə qüvvə verərsə. Lakin indi hər şey məhv oldu.

– Hər şey?

– Hər şey.

– Oyuğu bacardığınız qədər ehtiyatla doldurun, artıq qazmayın, heç nə etməyin və məndən xəbər gözləyin.

– Axı siz kimsiz?… Heç olmazsa mənə kim olduğunuzu deyin.

– Mən… Mən iyirmi yeddi nömrəyəm.

Dantes soruşdu:

– Mənə inanmırsınız?

Onun qulaqlarına acı gülüş gəldi.

Naməlum həmsöhbətinin instinktiv olaraq getməsini hiss edən Dantes bağırdı:

– Mən mərhəmətli xaçpərəstəm! Tanrıya and olsun ki, sizin və mənim cəlladlarıma bu həqiqətin bir zərrəsini də açmaram. Lakin göylərin xətrinə, məni səsinizdən və birlikdə olmağımızdan məhrum etməyin; yoxsa sizə and içirəm, başımı divara vurub əzərəm, çünki gücüm tükənir, ölümüm sizin vicdanınızın üzərinə yazılar.

– Neçə yaşınız var? Səsinizdən görünür, gəncsiz.

– Neçə yaşım olduğunu bilmirəm, çünki bura düşəndən vaxtı hesablamağı unutmuşam. Təkcə onu bilirəm ki, 1815-ci il fevral ayının 28-də, məni həbs edəndə, on doqquz yaşım tamam olmamışdı.

Səs dedi:

– Deməli, sizin heç iyirmi altı yaşınız da yoxdur. Bu yaşlarda xainlik etmək olmaz.

– Xeyr! Xeyr! – Dantes təkrar etdi. – And içirəm! Demişdim, bir də təkrar edirəm, məni tikə-tikə doğrasalar da, sizi ələ vermərəm.

– Yaxşı oldu, mənimlə danışdınız, məndən xahiş etdiniz, yoxsa sizdən ayrılıb başqa plan qurmaq istəyirdim. Yaşınız məni rahatladır, gözləyin, gələcəyəm.

– Nə vaxt?

– Bunu hesablamaq lazımdır; sizə xəbər verərəm.

– Lakin siz məni tərk etməyəcəksiniz, yalnız buraxmayacaqsınız, gələcəksiniz, ya da icazə versəniz mən özüm gələrəm yanınıza? Birlikdə qaçarıq, qaçmaq mümkün olmasa, söhbət edərik – siz öz sevdikləriniz haqda, mən öz sevdiklərim haqda. Siz kimisə sevirsiniz axı?

– Mən dünyada yalqızam.

– Onda məni sevərsiniz: gəncsizsə dostunuz olaram; yaşlı adamsınızsa, oğlunuz olaram. Mənim atam var, sağdırsa, indi yetmiş yaşı olar; mən yalnız onu və Mersedes adlı qızı sevirəm. Əminəm, atam məni unutmaz; lakin o…. nə bilim, o, məni yada salır! Mən sizi atam kimi sevəcəyəm.

Məhbus dedi:

– Yaxşı, sabahadək.

Bu sözlər elə səsləndi ki, Dantes həmin dəqiqə onlara inandı; ona artıq heç nə lazım deyildi; ayağa qalxdı, həmişəki kimi divardan çıxarılmış zibili gizlədib çarpayını yerinə çəkdi.

Sonra öz sevincinə daldı. İndi demək olar, yalnız olmayacaq; bəlkə qaçmağa da imkan yarandı. Həbsxanada qalsa belə, artıq dostu vardı; bölünmüş həbsxana – artıq yarımçıq həbsxanadır. Birlikdə edilən ah-nalə demək olar, ibadət; ikilikdə edilən ibadət isə, razılıqdır.

Dantes bütün günü zirzəmisində dala-qabağa addımladı. O, sevincindən boğulurdu. Bəzən əlini sinəsinə basıb çarpayısına otururdu. Dəhlizdən gələn hər bir səsə görə qapının qabağına qaçırdı. Vaxtaşırı dostu kimi sevdiyi, lakin tanımadığı bu adamdan ayrılmaq qorxusu onu bürüyürdü. Dantes belə qərara gəldi: gözətçi çarpayını çəkib onun qazdığı yerə baxmaq istəsə, səhəngin altında duran daşla onun başını əzəcəkdi.

Buna görə onu edama məhkum edəcəklərini bilirdi; məgər onu həyata qaytaran bu səsi eşidənədək qəmdən və ümidsizlikdən ölmürdümü?

Axşam gözətçi gəldi. Dantes çarpayıda uzanmışdı; ona elə gəlirdi, bu vəziyyətdə qazdığı yeri daha yaxşı qoruyur. Görünür, Dantes bu bezikdirici ziyarətçini qəribə baxışlarla süzürdü, çünki o, soruşdu:

– Nə var? Yenə dəli olursunuz?

Dantes cavab vermədi. O titrəyən səsinin onu ələ verməsindən qorxurdu. Gözətçi başını bulayıb çıxdı. Dantes ümid edirdi ki, axşam düşəndə qonşusu qaranlıq və sakitlikdən istifadə edərək yarımçıq qalmış söhbəti davam etdirmək üçün gələcək; lakin səhv edirdi: gecə, onun əsəbi gözləntisini bir sözlə belə sakitləşdirmədən keçdi. Səhərisi, gözətçi getdikdən sonra çarpayısını divardan çəkdikdə, aramla vurulan üç zərbə səsi eşitdi; dizi üstə düşdü.

– Bu sizsiniz? – Deyə o soruşdu. – Mən burdayam.

– Gözətçi gedib? – deyə səs soruşdu.

– Gedib, – Dantes cavab verdi, – bir də axşam gələcək; bizim sərəncamımızda on iki saat var.

– Deməli fəaliyyətə başlamaq olar? – Səs soruşdu.

– Bəli, bəli, bu dəqiqə, yalvarıram sizə, tələsin!

Dantesin iki əli ilə söykəndiyi torpaq həmin an çökdü; o arxaya tullandı və həmin anda bir yığın daş və torpaq onun açdığı oyuğun altında qazılmış çuxura töküldü. Bu zaman onun dərinliyini gözəyarı ölçə bilmədi, qaranlıq çuxurdan əvvəlcə başı, sonra çiyinləri və ən nəhayət cəld çuxurdan çıxan adamın özü göründü.

XVI. İTALYAN ALİM

Dantes çoxdan və səbirsizliklə gözlədiyi bu yeni dostunu qucaqlayaraq, zirzəmiyə düşən zəif işıqda onu yaxşı görmək üçün, pəncərənin yanına yaxınlaşdırdı.

Bu orta boylu, qocalıqdan və dərddən saçları ağarmış, qalın ağarmış qaşları arasında gizlənmiş bəsirətli gözləri və sinəsinə qədər uzanmış qara saqqallı bir adam idi; dərin qırışlarla örtülmüş arıq sifəti, üzündəki cəsarətli və mənalı cizgiləri onu fiziki gücündən daha çox, mənəvi gücə sahib bir adam kimi göstərirdi. Alnından tər sel kimi axırdı. Paltarına gəldikdə isə onun əvvəlki biçimini heç cürə müəyyənləşdirmək mümkün deyildi, üstündə cır-cındır qalmışdı.

Üzdən ona altmış beş yaş vermək olardı, hərəkətləri lazımi dərəcədə fəal idi, qocalıb əldən düşməsinin səbəbi yaşı ilə bağlı ola bilməzdi, ola bilsin, elə də qoca deyildi, yalnız uzun müddətli həbsxana şəraiti onu əldən salmışdı.

Görünür, gənc adamın belə vəcdə gəlməsi onun xoşuna gəlmişdi; ona elə gəldi, buz bağlamış qəlbi Dantesin alovlu qəlbi ilə birləşdikdə bir anlığa isindi və əridi. Azadlıq tapmaq yerinə, bir zirzəmidən digərinə düşdüyünə görə, böyük kədər içində olsa da, Dantesə təntənəli qəbula görə təşəkkür etdi.

– İlk növbədə, baxaq görək mənim qazdığım yerin izini necə itirmək olar. Gələcək rahatlığımız bundan asılıdır.

O, oyuğa tərəf əyilib, daşı qaldırdı və ağırlığına baxmayaraq çətinlik çəkmədən əvvəlki yerinə qoydu.

Başını buladı:

– Bu daşı çox səliqəsiz çıxartmısınız, məgər alətiniz yoxdu?

Dantes təəccüblə soruşdu:

– Bəs sizin varınızdı?

– Mən özüm üçün bəzi şeylər düzəltmişəm. Törpüdən başqa, lazım olan hər şeyim var: işgənə, kəlbətin, ling.

– Mən çox istərdim sizin dözümlüyünüzün və sənətinizin nəticəsinə baxam.

– Buyurun, bu işgənə.

O, fıstıq ağacından əlcəyi olan möhkəm, itilənmiş bir dəmir zolağı göstərdi.

Dantes soruşdu:

– Bunu nədən düzəltmisiniz?

– Çarpayımın dəmir ehtiyatından. Bu alətlə bura qədər uzanan təxminən əlli futa bərabər yolu qazmışam.

Dantes vahimə içində bağırdı:

– Əlli fut!

– Sakit danışın, cavan oğlan, sakit danışın; məhbusların qapıları tez-tez dinlənilir.

– Lakin bilirlər ki, yalnızam.

– Fərqi yoxdur.

– Deyirsiniz ki, əlli fut uzunluğunda yol qazmısınız?

– Bəli, mənim kameramla sizin kameranızı təxminən belə bir məsafə ayırır; lakin mənim həndəsi ölçü cihazlarım olmadığından qıyqacı düzgün hesablamamışam; ellips üzrə qırx fut yerinə əlli fut gəlir. Dediyim kimi düşünürdüm ki, kənar divara çatıb, onu deşib, dənizə atılaram. Sizin kameranızın açıldığı dəhlizin altından keçmək əvəzinə, qazıntını onunla eyni səviyyədə aparmışam; mənim bütün əziyyətlərim heçə getdi, çünki dəhliz gözətçilərlə dolu həyətə açılır.

Dantes dedi:

– Doğrudur, lakin dəhliz mənim kameramın bir tərəfindən keçir, amma onun dörd yanı var.

– Əlbəttə; lakin bu divarı sıldırım qaya əmələ gətirib; bütün lazımi alətlərlə təmin edilmiş on qazmaçı bu sıldırım qayanı on ilə deşə bilər, ya yox; o divar komendantın otağının özülünə söykənib oradan keçərək, biz söz yox, açarla bağlanan zirzəmiyə çıxar və tutularıq, bu divar isə… Dayanın!… Bəs bu divar hara çıxır?

Bu divarda işıq gələn qala bacası yerləşirdi; baca get-gedə daralaraq divarın içindən keçirdi: onun içərisindən uşaq da keçə bilməzdi; buna baxmayaraq o üç qat dəmir barmaqlıqla qorunurdu, ən ayıq-sayıq gözətçi də buradan qaçış ehtimalı olmasından şübhə etməz. Qonaq masanı pəncərənin yanına çəkib Dantesə dedi:

– Masanın üzərinə qalx.

O, tabe olaraq masanın üzərinə qalxdı və dostunun fikrini başa düşüb iki əlini qoyaraq kürəyi ilə divara söykəndi.

Dantesin adını bilmədiyi və özünü kamerasının nömrəsi ilə adlandıran yaşlı adam, gözlədiyindən sürətlə, pişik, ya da kərtənkələ cəldliyi ilə əvvəlcə masaya, sonra Dantesin əlləri üzərinə, oradan da onun çiyinlərinə qalxdı; tavan aşağı olduğundan onun dikəlməsinə mane olurdu, o başını barmaqlıqlar arasından çıxarıb aşağı baxdı.

Bir dəqiqədən sonra başını tez geri çəkdi. O dedi:

– Mən belə də düşünürdüm.

Dantesin çiynindən masanın üzərinə, masanın üzərindən də döşəməyə atıldı.

Dantes, narahat halda, onun ardınca masadan tullanaraq soruşdu:

– Nə oldu?

Yaşlı adam fikrə getdi.

– Bəli, – o dedi, – bu da var; sizin kameranızın dördüncü divarı çöl eyvana, bir növü gözətçilərin gəzdiyi, növbətçi qarovulların durduğu dairəvi yola çıxır.

– Buna əminsizmi?

– Əsgərin papağının üstünü və silahının ucunu gördüm; ona görə də məni görməsin deyə başımı çəkdim.

Dantes dedi:

– Bəs necə olsun?

– Özünüz görürsünüz, sizin kameradan keçib qaçmaq mümkün deyil.

Dantes davam etdi:

– Onda necə olsun?

Yaşlı adam dedi:

– Tanrı böyükdür!

Onun sifətinə dərin itaət ifadəsi çökdü.

Dantes illər boyu həsrətində olduğu ümiddən belə asanlıqla imtina edən adama heyranlıqla baxırdı.

– İndi isə deyin, kimsiz?

– Nə deyirəm, sizə heç bir xeyrim dəymədiyini bilə-bilə bunu istəyirsinizsə, buyurun.

– Məni sakitləşdirər, dəstək verə bilərsiniz, çünki mənə elə gəlir ki, siz güclülərdən güclüsünüz.

Məhbus acı-acı gülümsədi. O dedi:

– Mən rahib Fariayam, bildiyiniz kimi 1811-ci ildən İf qalasında yatıram; lakin bundan əvvəl üç il Fenestrel qalasında yatmışam. 1811-ci ildə məni Pemontadan Fransaya köçürüblər. Burada Napoleonun hökmündə olan taleyin ona bir oğul bəxş etdiyini və bu oğulun hələ beşikdəykən Roma krallığına təyin edildiyini öyrəndim. İndi sizdən öyrəndiklərimi o zaman təsəvvür edə bilməzdim; təsəvvür edə bilməzdim ki, dörd ildən sonra bu dahi adam devriləcək. Bəs indi Fransada kim hakimlik edir? İkinci Napoleon?

– Xeyr, Onsəkkizinci Lüdovik.

– XVIII Lüdovik, XVI Lüdovikin qardaşı! Qəzavü-qədərin yolu bəlli olmaz. Hansı məqsədlə O, özü yüksəltdiyini alçaldır, alçaltdığını da yüksəldir?

Dantes marağını kənara qoyub dünyanın dərdinə şərik olan bu adamdan gözünü çəkmirdi.

O, davam edirdi:

– Bəli, bəli, İngiltərədə necə: I Karldan sonra – Kromvel; Kromveldən sonra – II Karl və ola bilsin, II Yakovdan sonra hər hansı bir qaynı, yaxud qohumu, hansısa şahzadə Oranski; keçmiş qubernator da kral ola bilər, o zaman xalq yenidən güzəştlər, konstitusiya, azadlıq əldə edə bilər!

O, Dantesə tərəf dönərək alışıb-yanan və ola bilsin, peyğəmbərlərə xas ehtiraslı baxışla baxaraq dedi:

– Cavan oğlan, siz hələ gəncsiz, bunu görəcəksiniz!

– Bəli, buradan çıxsam.

Rahib Faria cavab verdi:

– Düzdür. Biz həbsdəyik, elə anlar olur, bunu unudur, azadlıqda olduğumu düşünürəm, çünki baxışlarım həbsxana divarlarının içindən o tərəfə keçir.

– Bəs sizi nə üstə həbsə atıblar?

– Məni? 1807-ci ildə Napoleonun 1811-ci ildə həyata keçirmək istədiyini həyata keçirməyi arzu edirdim; çünki Makiavelli kimi İtaliyada yuva salmış və zəif, zülmkarlar tərəfindən idarə olunan kiçik knyazlıqlar yerinə, böyük, əzəmətli, vahid və qüdrətli dövlət görmək istəyirdim; mənə elə gəlirdi, tac qoyulmuş sərsəmin birində, hiyləgərlik edərək daha asan ələ verilməyim üçün mənimlə razılaşan öz Bordjia Sezarımı tapmışam. Bu VI Aleksandr və VII Klimentanın fikirləri idi; o uğursuzluğa düçardır, onlar hər vəchlə onu həyata keçirməyə çalışırdılar, hətta Napoleon belə bunu həyata keçirə bilmədi; doğrudan da İtaliya üzərində bir bəddua var!

Yaşlı adam başını sinəsinə salladı.

Dantes başa düşə bilmirdi ki, bu kimi səbəblərə görə insan öz həyatını necə təhlükəyə ata bilər; düzdür, o, Napoleonu tanıyırdısa da (onunla görüşüb söhbət etmişdi), VII Klimente və VI Aleksandr haqqında, cüzi də olsa, təsəvvürü yox idi.

– Siz, – deyə Dantes İf qalasındakı ümumi rəyi bölüşərək soruşdu, – hamının… xəstə adlandırdığı o rahib deyilsinizmi?

– Siz, dəli demək istəyirsiniz?

Dantes gülümsədi:

– Buna cürət etmərəm.

Faria acı-acı gülümsəyərək dedi:

– Bəli, məni dəli hesab edirlər; artıq çoxdandır, bu qalanın sakinləri üçün istehza mənbəyi olmuşam, burada uşaqlar da olsaydı, onları da əyləndirə bilərdim.

Dantes tərpənmədən, dayanıb baxırdı:

– Deməli, siz qaçmaqdan imtina edirsiniz?

– Əmin oldum, qaçmaq mümkün deyil, mümkünsüzü əldə etməyə təşəbbüs göstərmək Tanrıya qarşı çıxmaq deməkdir.

– Nəyə görə ümidsizliyə qapılaq? Təcili uğur arzulamaq da ilahidən çox şey tələb etmək deməkdir. Məgər başqa istiqamətdə qazmağa başlamaq olmaz?

– Lakin bu qazıntının mənə nəyə başa gəldiyini bilirsinizmi? Təkcə bir alətin düzəldilməsinə dörd il vaxt sərf etdiyimi bilirsinizmi? Bilirsinizmi, iki il qranit kimi bərk torpaq qazmışam? Əvvəllər yerindən tərpədə bilmədiyim daşlar çıxarmışam; günlərimin çoxunu bu nəhəng işdə keçirdiyimi bilirsinizmi? Bəzən bir kvadrat düym daşlaşmış əhəngi qazıb çıxaranda özümü necə xoşbəxt saydığımı təsəvvür edirsinizmi? Qazdığım torpağı və çıxardığım daşları gizlətmək üçün divarı deşib onların hamısını pilləkənin altına doldurmuşam, indi ora ağzınadək doludur, bir ovuc tozu belə yığmağa yer yoxdur. Mən əməyimin nəticəsinə çatdığımı düşünürdüm, hiss edirdim ki, gücüm yalnız işi bitirməyə çatar. Qəfildən Tanrının bu məqsədi nəinki uzaqlaşdırdığını, hətta onu bilinməyən bir yerə keçirdiyini bilirsinizmi? Xeyr! Mən demişəm və təkrar edirəm: bundan sonra barmağımı belə tərpətməyəcəyəm, çünki ilahi mənim ömürlük azadlıqdan məhrum olmağımı istəyir!

Edmon, yaşlı adamdan onun kimi bir dost əldə etmənin sevincini gizlətmək, lazımi şəkildə qaça bilmədiyinə görə dərdinə şərik olmamağını hiss etməsin deyə, başını aşağı saldı.

Rahib Faria yatağın üzərinə oturdu.

Edmon heç zaman qaçmaq haqqında düşünməmişdi. Bəzi məsələlər elə əlçatmazdır ki, onları həll etmək adamın ağlına belə gəlmir; hansısa instinkt adamı onlardan uzaq durmağa məcbur edir. Üç il əmək sərf etməklə, yer altında əlli fut torpaq qazmaq və sonunda, iş uğurlu gedərsə, dəniz üzərindəki sıldırım qayalıqlara çıxmaq; əlli, altmış, bəlkə də yüz fut hündürlükdən tullanaraq, başını – gözətçinin mərmisi səni ondan əvvəl öldürməsə – sıldırımlarda əzmək, bu təhlükələrdən yaxa qurtara bilsən, bir mil üzmək, qismətə itaət etmək üçün lazım olandan artığı idi. Dantes itaətinin onu ölümün astanasına gətirib çıxartdığına əmin oldu.

Lakin yaşlı adamın həyatdan belə bir qüvvətlə yapışması və belə bir qətiyyətli nümunə göstərməsi, Dantesi də öz mətanətini ölçüb-biçməyə vadar etdi. Başqası onun təsəvvür etmədiklərini etməyə çalışardı; başqası, ondan daha az gənc, daha az güclü, daha az çevik olan, öz əməyi və səbri hesabına, hesablamada olan səhvə görə baş tutmayan bu nəhəng fikri həyata keçirmək üçün bütün alətləri əldə edərdi; başqası, bunların hamısını etmişdi, deməli onun da edə bilməyəcəyi bir şey yoxdur. Faria əlli fut qazıb, o, yüz fut qazar: əlli yaşda Faria üç il çalışıb, o, Fariadan iki dəfə gəncdir, deməli altı il işləyə bilər; Faria rahib, alim, kilsə xadimi olaraq İf qalasından Dom, Ratonno və Lemer adalarınadək üzməyə qərar vermişdi; o isə, Dantes, dənizçi, cəsur dalğıc, tez-tez mərcan salxımları dalınca dənizin dibinə dalan bir adam bir mil üzə bilməyəcəkmi? Bir mil üzmək üçün nə qədər vaxt tələb olunur? Bir saat? Məgər sahilə çıxmadan o dalğalar üzərində saatlarla yırğalanmırdımı? Xeyr, xeyr, onun yalnız cəsarətli nümunəyə ehtiyacı vardı. Başqasının etdiyini və ya edə biləcəyini, Dantes də edəcəkdir.

O fikrə gedib sonra dedi:

– Sizin axtardığınızı tapmışam.

Faria diksindi, başını qaldırıb soruşdu:

– Siz? – Dantes düz deyirsə, onun yoldaşının kədəri çox çəkməyəcəkdi. – Siz nə tapdınız?

– Sizin kəsişib keçdiyiniz dəhliz yeraltı yolla eyni istiqamətdə uzanıb gedir, elədir?

– Bəli.

– Onların arası on beş addım olmalıdır.

– Ən çoxu.

– Bax belə: dəhlizin ortasında düz bucaq altında yol çəkərik. Bu dəfə hesablamanı daha dəqiq aparmalısınız. Biz çöl lağıma çıxıb, gözətçini öldürüb qaçarıq. Bunun üçün yalnız cəsarət lazımdır, o sizdə var, bir də qüvvə, bu da məndə kifayət qədərdir. Hələ səbri demirəm, siz onu öz işinizlə sübut etmisiniz, mən də çalışaram özümünkünü sübut edim.

Rahib dedi:

– Dayanın, siz mənim cəsarətimin nədən ibarət olduğunu və öz gücümü nəyə sərf etmək istədiyimi bilmirsiniz. Göründüyü kimi, mən kifayət qədər səbrliyəm, hər səhər axşamkı, hər gecə isə gündüzkü işlərimi davam etdirirdim. Lakin onda mənə elə gəlirdi, diqqətlə qulaq asın, cavan oğlan, onda mənə elə gəlirdi, günahsız bəndələrindən birini azad etməyə cəhd göstərdiyimə görə, Tanrıya xidmət edirəm və buna görə mühakimə olunmamalıyam.

Dantes soruşdu:

– Məgər indi sizə elə gəlmir? Yaxud biz görüşəndən sonra siz özünüzü təqsirkar hesab edirsiniz?

– Xeyr, lakin mən elə olmaq istəmirəm. İndiyə qədər işim yalnız əşyalarla idi, indi isə insanlarla təmasda olmağımı təklif edirsiniz. Mən divarı deşib pilləkəni yox edə bilərəm, lakin kiminsə sinəsini deşib həyatını məhv edə bilmərəm.

Dantes təəccüblə ona baxdı.

– Necə? Xilas ola bilsəydiniz, bu kimi düşüncələr sizə güc verərdimi?

Faria dedi:

– Bəs siz özünüz, nə üçün həbsxana gözətçisini oturacağın ayağı ilə vurub öldürmədiniz, onun paltarını geyib qaçmadınız?

Dantes cavab verdi:

– Çünki bu ağlıma gəlməmişdi.

– Çünki siz təbiətcə ölümə nifrət edirsiniz, – yaşlı adam sözünü davam etdirdi, – bu elə bir nifrət hissidir ki, sizi heç ölüm haqda düşünməyə də qoymayıb, sadə və icazə verilən təbii niyyətimiz bizi düzgün yolla aparır. Qan tökmək üçün yaradılmış pələnglər var, bu onun işi və təyinatıdır, bunun üçün ona yalnız bir şey lazımdır: hissiyyat orqanlarının, şikarın yaxınlıqda olmasından xəbər verməsi. Dərhal onun üzərinə atılıb parçalayır. Bu onun instinktidir, o buna tabe olur. Lakin əksinə, insanı qan diksindirir; öldürməyi cəmiyyət qanunları deyil, təbiət qanunları qadağan edir.

Dantes pərt oldu. Rahibin sözləri onun ağlından keçənləri, daha doğrusu, qəlbindən keçənləri izah etdi, çünki bəzi fikirlər beyində, bəziləri isə qəlbdə yaranır.

Faria davam etdi:

– Mən bundan əlavə həbsxanada on iki il otura-otura bütün məşhur qaçışları beynimdə araşdırmışam. Onların nadir hallarda baş tutduğunu görürdüm. Tam uğurla nəticələnən xoşbəxt qaçışlar, uzun müddət düşünülmüş və səbrlə hazırlanmış qaçışlardır. Bu tərzdə Vensen qalasından Hersoq Bofor, For-Levekdən rahib Dübükua, Bastiliyadan Latüd qaçıb. Bir də təsadüfi qaçışlar var; inanın mənə – bu ən yaxşılarıdır, bir təsadüf yaranarsa, biz də ondan istifadə edərik.

Dantes köksünü ötürərək onun sözünü kəsdi:

– Gözləyə bilərdiniz, – sizin uzun sürən əziyyətiniz hər dəqiqənizi məşğul edirdi, iş məşğul etməyəndə isə, ümid sakitləşdirirdi.

Rahib dedi:

– Mən təkcə bununla məşğul olmurdum.

– Bəs nə edirdiniz?

– Yazır, ya da məşğul olurdum.

– Deməli sizə kağız, lələk, mürəkkəb də verirlər?

– Xeyir, özüm düzəldirəm.

Dantes uca səslə dedi:

– Siz kağız, lələk və mürəkkəb düzəldirsiniz?

– Bəli.

Dantes yaşlı rahibə heyranlıqla baxırdı; lakin o hələ onun sözlərinə az inanırdı. Faria onun şübhəsini hiss etdi.

– Siz mənim yanıma gələndə, Romada Kolizeyin kölgəsində, Venetsiyada müqəddəs Markın sütunlarının ətəyində, Florensiyada Arno sahillərində düşündüyüm, fikirlərimin, araşdırmalarımın, düşüncələrimin tam məhsulu olan əsərimi sizə göstərərəm, hərçənd, həbsxana gözətçilərimin İf qalasının divarları arasında bunu yazmağa mənə imkan yaradacaqlarını güman etmirdim. Bu “İtaliyada vahid monarxiya yaradılması imkanları haqqında traktat”dır. O in-quartyonun qalın cildini təşkil edəcək.

– Onu yazdınızmı?

– İki köynək üzərində. Mənim icad etdiyim maddə kətanı perqament kimi qalınlaşdırır və hamarlaşdırır.

– Deməli siz kimyaçısınız?

– Qismən. Lavuazyeni tanıyır, Kabanislə isə dostluq edirdim.

– Lakin belə iş üçün sizə tarixi materiallar lazım idi. Sizin belə kitablarınız varmı?

– Romada mənim beş min kitabdan ibarət kitabxanam var idi. Onları oxuyaraq və təkrarlayaraq yaxşı seçilmiş yüz əlli əsərin insan zəkasının yaratdıqlarının tam nəticəsini əks etdirə bilməsə də, hər halda insana lazım olan faydalı biliklərin hamısını verə bildiyinə əmin olmuşam. Həmin yüz əlli cildin öyrənməsinə üç il vaxt sərf etmişdim. Demək olar həbs olunanda onu əzbər bilirdim. Həbsxanada yaddaşımı azca qurcalayaraq onların hamısını yada sala bildim. Fukididi, Ksenofontanı, Plutarxı, Tita Liviyanı, Tasitanı, Stradı, İornandı, Danteni, Montenyanı, Şekspiri, Spinozanı, Makiavellini və Bossyueni əzbər söyləyə bilərəm. Mən sizə yalnız birinci dərəcəliləri söyləyirəm.

– Neçə dil bilirsiniz?

– Beş dildə danışıram: alman, fransız, italyan, ingilis və ispan; qədim yunan dili əsasında müasir yunan dilini başa düşürəm; düzdür, hələ o dildə pis danışıram, lakin onu öyrənirəm.

Dantes soruşdu:

– Yunan dilini öyrənirsiniz?

– Bəli, mən, mənə məlum olan sözlərdən leksikologiya tərtib etmişəm; onları fikirlərimi ifadə etmək üçün müxtəlif üsullarla yerləşdirmişəm. Minə yaxın söz bilirəm, lüğətdə onların sayı yüz minə çatsa da, mənə artığı lazım deyil. Natiq olmayacağam, lakin başa düşüləcəyəm, bu da mənim üçün kifayətdir.

Edmon getdikcə daha çox təəccüblənərək bu qəribə adamın, qabiliyyətini müəyyən edirdi. Onu nədəsə anlamaq istəyirdi, buna görə də davam etdi:

– Sizə lələk verməyiblərsə, bu qalınlıqda kitabı nə ilə yazmısınız?

– Mən özüm üçün əla lələklər düzəltmişdim, onları görsəydilər, qaz tükündən olanlardan daha üstün tutardılar. Onları pəhriz günlərində bizə verilən merlan balığının kəllə qığırdağından hazırlamışdım. Üçüncü, beşinci və altıncı günləri çox sevirəm, çünki bu günlər mənim lələk ehtiyatımı artırır, etiraf edirəm ki, tarixi əsərlərimi çox sevirəm. Keçmişə qapanaraq bu günü düşünmürəm; azad və asılı olmadan tarixin içində gəzişərək həbsxanada olduğumu unuduram.

Dantes soruşdu:

– Bəs mürəkkəb? Mürəkkəbi nədən düzəldirdiniz?

Faria cavab verdi:

– Kameramda əvvəllər buxarı olub. Onun borusunu mən ora yerləşmədən bağlamışdılar, lakin uzun müddət yandırıldığından divarları qatran bağlamışdı. Mən həmin qatranı istirahət günləri bizə verilən şərabla qarışdıraraq əla mürəkkəb əldə edirəm. Gözə çarpacaq bəzi məqalələri isə barmağımı deşib qan ilə yazıram.

Dantes soruşdu:

– Bəs mən bunların hamısını nə vaxt görə bilərəm?

– Nə vaxt istəsəniz.

– İndi!

– Elə isə dalımca gəlin.

O yeraltı girişə enib orada itdi; Dantes onun ardınca yollandı.

XVII. RAHİBİN KAMERASI

Dantes, əyilmiş vəziyyətdə olsa da, rahibin qazdığı yeraltı yolla çox asanlıqla dəhlizin sonuna çatdı. Burada keçid daralırdı, onun içindən çətinliklə sürünərək keçmək lazım gəldi. Rahibin kamerasının yeri sal daşlarla döşənmişdi; rahib ən qaranlıq küncdə, onlardan birini qaldıraraq Dantesin sonunu gördüyü bu çətin işi başlatmışdı.

Edmon kameraya daxil olub ayağa qalxdıqdan sonra maraqla ətrafa baxmağa başladı. İlk baxışdan bu kamerada qeyri adi heç nə yox idi. Rahib dedi:

– Bax belə, indi birə on beş dəqiqə işləyib, bizim qabaqda hələ bir neçə saatımız var.

Dantes ətrafa baxaraq, gözləri ilə, rahibin belə dəqiqliklə vaxtı təyin etdiyi saatı axtarırdı.

– Buna baxın, mənim pəncərəmə düşən günəş şüalarına, divarda çəkdiyim, bu xətlərə. Bu xətlərlə vaxtı saatdan daha dəqiq təyin edirəm, çünki saat xarab ola bilər, amma Günəşlə Yer dəqiq işləyir.

Bu izahdan Dantes heç nə başa düşmədi; dağların arxasından qalxan günəşin Aralıq dənizinə enməsini görən Dantes, həmişə Yerin yox, Günəşin fırlandığını düşünürdü. Yaşadığı bu yer kürəsinin, onun hiss etmədiyi dərəcədə, iki qat hərəkət etməsi də ona inanılmaz gəlirdi; həmsöhbətinin hər sözündə elmin qəribə sirləri onu uşaqkən Quzerat və Qolkonda etdiyi səyahətlər zamanı gördüyü sehrli qızıl və almaz mədənləri kimi heyrətləndirirdi. O, rahibə dedi:

– Səbrsizliklə sizin sərvətinizi görmək istərdim.

Rahib ocağa yaxınlaşıb əlindən yerə qoymadığı iskənənin köməyi ilə döşəmə əvəzinə işlədilən və çox da dayaz olmayan çalanın ağzını örtən daşı qaldırdı; haqqında bəhs etdiyi bütün əşyaları bu çalada saxlayırdı. O soruşdu:

– Birinci nəyi göstərim?

– İtaliya monarxiyası haqqında yazdığınız əsəri.

Faria xəlvəti yerindən dörd papirus vərəqi kimi bürmələnmiş əsərini çıxartdı. Bürmələnmiş lülələrin eni dörd, uzunu isə on səkkiz düym olan kətan zolaqlardan ibarət idi. Bu zolaqlar sıralanmışdı, Dantes çətinlik çəkmədən onların üzərindəki yazıdan bir neçə sətir oxudu. Əsər rahibin doğma dilində, yəni italyan dilində yazılmışdı, Dantes isə provanslı olduğundan bu dili əla başa düşürdü.

– Görürsünüz, hamısı buradadır; bir həftə bundan əvvəl altmış səkkizinci zolaqda əsərin “sonunu” yazdım. İki köynəyimi və əl dəsmallarımı buna sərf etmişəm; nə vaxtsa azadlığa çıxsam, İtaliyada kitabımı çap etməyə cəsarət edən bir nəşriyyatçı tapılarsa, şöhrət qazanardım.

Dantes cavab verdi:

– Bəli, görürəm. İndi isə, xahiş edirəm mənə bu kitabı yazdığınız lələkləri göstərin.

Faria dedi: – Budur, baxın.

O, Dantesə uzunluğu altı, qalınlığı yarım düym olan bir çubuq göstərdi; onun ucuna sapın köməyi ilə mürəkkəbə bulanmış balıq qığırdağı bağlanmışdı; onun ucu adi lələklər kimi sivriləşdirilmişdi. Dantes lələyə baxıb, gözləri ilə onu bu şəkildə gözəl sivriləşdirən aləti axtarmağa başladı. Faria dedi:

– Siz cib bıçağını axtarırsınız? O mənim qürurumdur. Onu da özüm düzəltmişəm, bu böyük bıçaq dəmir şamdandan düzəldilib.

Bıçaq ülgüc kimi kəsirdi, bıçağın başqa üstünlüyü də vardı, həm də xəncər kimi işlənə bilərdi. Dantes, bütün bunlara Marseldəki antik əşyalar köşklərində, cənub adalarından, uzaq səyahət gəmilərinin kapitanları tərəfindən gətirilən, vəhşi adamların düzəltdikləri silahlara baxdığı maraqla baxırdı. Faria dedi:

– Mürəkkəbə gəldikdə isə, artıq onu nədən hazırladığımı bilirsiniz; lazım olduqca hazırlayıram.

Dantes dedi:

– İndi yalnız bir şeyə təəccüblənirəm, sizin bu qədər işi görməyinizə necə vaxtınız çatıb?

Faria dedi:

– Mən gecələr də işləyirdim.

– Gecələr də? Siz pişik kimi gecələr də görürsünüz?

– Xeyr; Rəbbim insana natamam hisslərini tamamlamaq üçün ağıl verib; mən özüm üçün işıq yaratmışam.

– Hansı vasitələrlə?

– Mənə verilən mal ətindən yağı kəsib əridir və ondan təmiz piy alıram; bu da mənim çırağım.

Rahib Dantesə təntənəli günlərdə küçələri işıqlandıran çırağa bənzər dayaz bir qab göstərdi.

– Bəs od?

– Bu da iki çaxmaq daşı və ağac göbələyinin ovuntusu.

– Bəs kibrit?

– Mən yalandan dəri xəstəliyim olduğunu deyib kükürd istədim, verdilər.

Dantes, bütün əşyaları masanın üzərinə qoyub, bu zəkadan və inadçılıqdan sarsılaraq başını aşağı saldı. Faria dedi:

– Bu hələ hamısı deyil, – çünki bütün sərvət eyni yerdə gizlədilməz. Bu xəlvəti yeri örtək.

Onlar daşı əvvəlki yerinə itələdilər; rahib daşın çıxarılmasını bilməsinlər deyə, onun üzərinə toz səpib, ayağı ilə sürtdü; sonra çarpayısına yaxınlaşıb onu çəkdi.

Baş tərəfdə təxmini pərçimləyici şəkildə daşla örtülmüş bir çuxur, bu çuxurda uzunluğu otuz fut olan kəndirdən bir nərdivan var idi. Dantes onu sınaqdan keçirtdi – bütün ağırlıqlara tab gətirə bilərdi. Dantes soruşdu:

– Bu əla nərdivanı düzəltmək üçün kəndiri hardan almısınız?

– Əvvəla mənim köynəklərim, sonra Fenestreldə həbsxanada oturduğum üç il müddətində dartışdırdığım mələfələr.

– Heç kim mələfələrinizin kəsik olduğunu görmədi?

– Mən onları tikirdim.

– Nə ilə?

– Bax bu iynə ilə.

Rahib öz cırım-cında paltarının tikələri altından uzun sap keçirilmiş ucu iti balıq sümüyü çıxardıb davam etdi:

– Məsələ budadır ki, mən əvvəlcə barmaqlığı kəsib pəncərədən qaçmaq istəyirdim, gördüyünüz kimi o sizin pəncərədən genişdir, onu qaçmazdan əvvəl bir az da genişləndirəcəkdim, lakin onun içəri həyətə çıxdığını görüb bu fikirdən imtina etdim. Hər ehtimala qarşı nərdivanı saxladım, ola bilsin, hər hansı bir gözlənilməz qaçış imkanı yaransın.

Dantes nərdivana baxa-baxa tamamilə başqa şey haqda düşünürdü. Onun beynindən yeni bir fikir keçdi. Ola bilsin, bu ağıllı, ixtiraçı, alim adam onun özü üçün dumanla örtülmüş bədbəxtliyinin səbəblərini aydınlaşdıra bilsin.

Rahib Dantesin fikrə getməsini yüksək dərəcəli heyranlıq kimi qəbul edərək soruşdu:

– Nə haqda düşünürsünüz.

– Əvvəla sizin bu məqsədə çatmaq üçün sərf etdiyiniz böyük zəka gücünüz haqda. Görün azadlıqda olsaydınız nələr edərdiniz?

– Ola bilsin, heç nə. Mən öz ağlımı bəlkə də xırda-xuruş şeylərə xərcləmiş olardım. Yalnız bədbəxtlik insan ağlının gizli qalmış zənginliyini ortaya çıxarır; barıtın partlama törətməsi üçün onu sıxmaq lazımdır. Həbsxana məni müxtəlif istiqamətlərə dağılmış bacarıqlarımı bir yerə topladı; onlar dar bir sahədə toqquşdular, lakin siz də bilirsiniz, buludların toqquşmasından elektrik doğur, elektrikdən ildırım, ildırımdan işıq.

Dantes öz cahilliyindən pərt olmuş halda dedi:

– Yox, mən heç nə bilmirəm. Bəzi sözləriniz mənim üçün heç bir məna kəsb etmir. Sizin kimi alim olmaq necə xoşbəxtlikdir!

Rahib gülümsədi.

– Lakin daha nə haqdasa düşünürdünüz?

– Bəli.

– Birini dediniz, bəs ikincisi?

– İkincisi də budur: siz mənə öz həyatınız haqda danışdınız, lakin mənimkini bilmirsiniz.

– Sizin həyatınız qısa olduğundan özündə vacib məsələlərin həllini cəmləşdirə bilməz.

Dantes dedi:

– O böyük bəlalar toplusudur, mən onları heç nədən qazanmışam. İstərdim ki, heç zaman, lənətləmədən bədbəxtliyimdə insanların günahkar olduqlarına əmin olum.

– Beləliklə, hesab edirsiniz ki, sizə verilən cinayətdə təqsirkar deyilsiniz?

– Əzizlərimin canına and olsun, təqsirkar deyiləm: Mersedesin və atamın canına.

Rahib xəlvəti yerin ağzını bağlayıb, çarpayını əvvəlki yerinə qoyaraq dedi:

– Yaxşı. Mənə öz əhvalatınız haqqında danışın.

Dantes əhvalat adlandırdığı hekayəsini rahibə danışdı; əhvalat onun Şərqə iki-üç səfəri və Hindistana səyahəti ilə məhdudlaşırdı; Dantes rahibə özünün sonuncu yolçuluğu, kapitan Leklerin ölümü, marşala verilən tapşırıq, onunla görüş, cənab Nuartyyeyə yolladığı məktub haqda əhvalatları danışdı; Marselə qayıtması, atası ilə görüşü, Mersedesə olan sevgisi, nişanı, həbsi, dindirilməsi, məhkəmə binasında müvəqqəti olaraq saxlanılması, nəhayət, birdəfəlik İf qalasına salınması haqda da məlumat verdi. Başqa heç nə bilmirdi; hətta həbsxanada neçə müddət olduğunu da.

Rahib onun hekayəsini dinləyib dərin fikrə getdi. Azacıq susduqdan sonra dedi:

– Hüquq elmində, mənim artıq dediyim kimi, belə bir müdrik aksioma var; cinayətkar şəxsin törətdiyi sərsəm hadisələri nəzərə almasaq, insan cinayətkar əməllərdən çəkinir. Lakin mədəniyyət bizdə süni tələblər yaradıb, xeyirxah əməlləri məhv edən əxlaqsızlıq və istək cinayətə gətirib çıxarır. Buradan da belə bir müddəa irəli gəlir: cinayətkarı tapmaq istəyirsənsə, törədilmiş cinayət kimin xeyrinədirsə, onu axtar. Sizin aradan yox olmağınız kimə xeyir gətirə bilərdi?

– Heç kimə. Mən elə bir əhəmiyyətli insan deyildim.

– Düşünmədən cavab verməyin; sizin cavabınızda nə məntiq, nə də fəlsəfə var. Əzizim, bu dünyada hər şey nisbidir, öz varisinə mane olan kraldan tutmuş ştatdankənar mirzəyə, mane olan dəftərxana işçisinə qədər. Kral öldükdə varisi onun taxt-tacına sahib olur; dəftərxana işçisi öldükdə isə mirzə min iki yüz livr əmək haqqına. Bu min iki yüz livr, ona saray xərcləri üçün buraxılan puldur; onun onlara, kralın on iki milyona ehtiyacı olduğu kimi, ehtiyacı var. İctimai sinfin yuxarısından aşağısına qədər olan hər bir adam, Dekartın dünyasında olduğu kimi, öz qasırğası və qarmaqşəkilli atomu ilə ətrafında kiçik maraq dünyası yaradır. Yuxarı pillələrə doğru bu dünya daha da böyüyür. Bu devrilmiş spiraldır, öz kəndirbazlıq hesabına, tarazlıq oxu ətrafında, onun ucunda durur. Beləliklə, gəlin sizin dünyanıza qayıdaq. Sizi “Faraona” kapitan təyin etmək istəyirdilər?

– Bəli.

– Gözəl bir qızla evlənmək istəyirdiniz?

– Bəli.

– Kiməsə sizin “Faraona” kapitan təyin edilməyiniz mane olurdumu? Kimsə sizin Mersedeslə evlənməyinizə qarşı çıxırdımı? Əvvəlcə birinci suala cavab verin: ardıcıllıq bütün məsələlərin açarıdır. Sizin “Faraon” gəmisinə kapitan təyin olunmağınızı kim istəməyə bilərdi?

– Heç kim; gəmidə məni çox sevirdilər. Dənizçilərə rəis seçməyə icazə versəydilər, məni seçəcəklərinə əminəm. Yalnız bir adamın məni sevməməyə səbəbi var idi: mübahisə edib ona duel təklif etmişdim, lakin o, imtina etmişdi.

– Aha! Onun adı nə idi?

– Danqlar.

– Gəmidə nə işləyirdi?

– Mühasib.

– Siz kapitan kürsüsündə otursaydınız onu əvvəlki işində saxlayardınız?

– Məndən asılı olsaydı, xeyr; onun haqq-hesabında bəzi çatışmazlıqlar görmüşdüm.

– Yaxşı. Sizin, kapitan Leklerlə sonuncu söhbətinizdə kimsə iştirak edirdimi?

– Xeyr; ikimiz idik.

– Sizin söhbətinizi kimsə eşidə bilərdimi?

– Bəli, qapı açıq idi… hətta… dayanın… bəli, bəli, həmin anda, kapitan Lekler marşal üçün bağlamanı mənə verdikdə Danqlar yanımızdan keçirdi.

– Əla, biz izə düşdük. Siz Elba adasına düşərkən özünüzlə kimisə götürmüşdünüzmü?

– Heç kimi.

– Orada sizə məktub verdilərmi?

– Bəli, marşal verdi.

– Siz onu neylədiniz?

– Pul kisəsinə qoydum.

– Deməli, sizin yanınızda pul kisəsi var idi? Necə oldu ki, rəsmi məktub olan pul kisəsi, dənizçinin cibinə yerləşdi?

– Siz düz deyirsiniz, pul kisəsi mənim kayutumda qalmışdı.

– Deməli belə çıxır, siz məktubu öz kayutunuzda pul kisəsinə qoymuşdunuz?

– Bəli.

– Porto-Ferrayodan gəmiyədək məktub hardaydı?

– Mənim əlimdə.

– Siz “Faraona” qalxan zaman hər kəs əlinizdə məktub olduğunu görə bilərdimi?

– Bəli.

– Danqlar da görə bilərdimi?

– Bəli, Danqlar da görə bilərdi.

– İndi isə qulaq asın, yaddaşınızı işlədin; məlumatın hansı şəkildə yazıldığını xatırlayırsınız?

– Bəli; onu üç dəfə oxudum, hər söz mənim yaddaşıma həkk olmuşdu.

– Təkrarlayın.

Dantes fikrə getdi.

– Budur o, sözbəsöz belədir: “Taxt-tac tərəfdarı və inanclısı, cənab kral prokurorunu məlumatlandırır ki, Neapol və Porto-Ferrayoya girməklə bu gün Smirnadan gələn “Faraon” gəmisinin kapitan köməkçisi Edmon Dantes Müratdan qəsbkara, qəsbkardan isə Parisdəki Bonapart komitəsinə məktub aparmaqdadır. Əgər həbs olunarsa, məktub onun özündə, ya atasında, ya da “Faraon” gəmisində kayutunda olmalıdır.

Rahib çiyinlərini çəkdi.

– Gün kimi aydındır, sizin sadəlövhlüyünüzün həddi-hüdudu olmadığından bunu başa düşməmisiniz.

Dantes ucadan bağırdı:

– Deməli, siz deyirsiniz ki?… Bu nə vicdansızlıqdır!

– Danqların xətti necə idi?

– Çox gözəl və aydın, sağa meyilli.

– Bəs məlumat necə xətlə yazılmışdı?

– Sol meyilli.

Rahib gülümsəndi.

– Dəyişilmiş xətt!

– Xətt o dərəcədə sağlamdı ki, dəyişdirildiyinə inanmıram.

Rahib dedi: – Dayanın.

O, lələyi, daha doğrusu lələk adlandırdığımız o şeyi götürüb, mürəkkəbə batırdı, sol əli ilə kağız əvəzi işlədilən kətan üzərində, məlumatın ilk sətirlərini yazdı.

Dantes qorxu içində dala çəkilib rahibə baxdı.

– İnanılmazdır! – O, qışqırdı, – bu xətt necə də ona oxşayır!

– Məlumat sol əllə yazılıb, – rahib davam etdi, – mən maraqlı bir şeyi müşahidə etmişəm.

– Nəyi?

– Bütün sağ əllə yazılmış xətlər müxtəlif olur, sol əl xətləri isə bir-birinə bənzəyir.

– Siz də hər şeyi öyrənmisiniz!… Hər şeyi bilirsiniz!

– Davam edək.

– Bəli, bəli.

– Keçək ikinci məsələyə.

– Sizi dinləyirəm.

– Sizin Mersedeslə evlənməyinizi kimsə istəməyə bilərdimi?

– Bəli, onu sevən bir cavan oğlan.

– Onun adı?

– Fernan.

– Bu İspan adıdır.

– O, katalanlıdır.

– Necə hesab edirsiniz, məlumatı o yaza bilərdimi?

– Xeyir, o məni yalnız bıçaqla vura bilərdi, vəssalam.

– Bəli, bu ispan ruhundadır: öldürər, ancaq alçaqlıq etməz.

– Bəli, o məlumatda yazılanları təfərrüatı ilə bilmirdi.

– Siz onları heç kimə danışmamışdınız?

– Heç kimə.

– Nişanlınıza da?

– Hətta ona da.

– Onda bu Danqlardı.

– İndi buna əminəm.

– Dayanın… Danqlar Fernanı tanıyırdımı?

– Xeyr… Bəli… Yadıma düşdü!

– Nə?

– Toyumdan bir gün əvvəl onlar yaşlı Panfilin yeməkxanasında bir masa arxasında oturmuşdular. Danqlar şad və səmimi idi, Fernan isə ağarmışdı, pərt görünürdü.

– Onlar iki nəfər idi?

– Xeyr, onlarla mənim yaxşı tanıdığım üçüncü bir nəfər də oturmuşdu: dərzi Kadruss, görünür, onları o tanış edib… Lakin o, artıq sərxoş idi… Dayanın… dayanın… Bunları mən necə əvvəldən xatırlamadım? Onların masası üzərində mürəkkəb qabı, kağız və lələk var idi. – Dantes əlini alnına çəkdi. – Ah! Alçaqlar, alçaqlar!

Rahib gülümsəyərək soruşdu:

– Daha nə isə bilmək istəyirsiniz?

– Bəli, bəli, siz hər şeyi yaxşı araşdırıb, aydın görürsünüz. Mən bilmək istəyirəm görüm, nəyə görə məni yalnız bir dəfə dindiriblər, nəyə görə məni məhkəməsiz cəzalandırıblar?

Rahib dedi:

– Bu daha çətin məsələdir. – Qanunun yolları qaranlıq və anlaşılmazdır, onlardan baş çıxarmaq çətindir. Sizin hər iki düşməninizin davranışını izləmək uşaq oyunu kimi bir şey idi, indi isə mənə ən dəqiq məlumatları verməlisiniz.

– Buyurun, soruşun. Siz doğrudan da mənim həyatımı məndən yaxşı bilirsiniz.

– Sizi kim dindirirdi? Kral prokuroru, onun köməkçisi, ya müstəntiq?

– Köməkçi.

– Cavan, yoxsa yaşlı idi?

– Cavan, iyirmi yeddi yaşlarında.

Rahib dedi:

– Deməli, hələ əxlaqı pozulmamış, şöhrətpərəst adamdır. O, sizinlə necə davranırdı?

– Doğrusu, ciddi olmaqdan artıq nəzakətli idi.

– Siz hər şeyi ona söylədiniz?

– Hər şeyi.

– Dindirmə zamanı sizə qarşı rəftarı dəyişilirdimi?

– O, mənə qarşı dəlil olan məktubu oxuyanda bir anlığa dəyişildi, mənə elə gəldi, başıma gələn fəlakətə görə sarsılmışdı.

– Başınıza gələn fəlakətə görə?

– Bəli.

– Onun məhz sizin bədbəxtliyinizə görə kədərləndiyinə əminsinizmi?

– Hər halda mənə olan münasibətinə görə dəqiq sübutlar vermişdi.

– Məhz hansıları?

– O, mənə xətər toxundura biləcək yeganə dəlili yandırdı.

– Hansını? Məlumatı?

– Xeyr, məktubu.

– Buna əminsizmi?

– Bu gözlərimin qarşısında baş verdi.

– Burada nə isə düz gəlmir. Mənə elə gəlir, bu prokuror köməkçisi təxmin etdiyimizdən də əclaf adamdır.

Dantes dedi:

– Vicdanıma and olsun, hirsimdən titrəyirəm, dünya yalnız pələng və timsahlardan ibarətdir?

– Bəli, lakin iki ayaqlı pələng və timsahlar digərlərindən daha təhlükəlidir.

– Rica edirəm, gəlin davam edək!

– Buyurun. Siz onun məktubu yandırdığını deyirsiniz?

– Bəli, sonra: “Görürsünüzmü, sizə qarşı yeganə dəlil budur, mən isə onu məhv edirəm”, – deyə əlavə etdi.

– Bu hərəkət həddindən artıq xeyirxah addımdır, ona görə də adama süni gəlir.

– Siz belə düşünürsünüz?

– Əminəm. Məktub kimə ünvanlanmışdı?

– Paris, Kok-Eron küçəsi, nömrə otuz, cənab Nuartyyeyə.

– Necə düşünürsünüz, prokuror köməkçisi bu məktubun yoxa çıxmasında maraqlı ola bilərdimi?

– Ola bilsin; o, bir neçə dəfə, guya mənim xeyrimə, məndən söz alıb zərfin üzərində olan adı dilimə belə gətirməyəcəyimə and içdirdi.

– Nuartyye! – Rahib bir də təkrar etdi, – Nuartyye! Mən keçmiş kraliça Etruriyanın sarayı yanında Nuartyye adlı birini tanıyırdım; inqilab dövründə jirondist-Nuartyyeni tanıyırdım. Bəs sizin prokuror köməkçisinin adı nə idi?

– De Vilfor.

Rahib qəhqəhə çəkdi.

Dantes təəccüblə ona baxdı.

– Sizə nə oldu?

Rahib soruşdu:

– Bu gün şüasını görürsünüzmü?

– Görürəm.

– Məsələ belədir: indi sizin məsələniz mənə bu şüadan daha aydın görünür. Zavallı oğlan! O sizinlə nəzakətləmi davranırdı?

– Bəli.

– Bu alicənab adam məktubu yandırıb məhv etdi, eləmi?

– Bəli.

– Bu xeyirxah cəllad təşkilatçısı sizə, Nuartyye adını bir daha ağzınıza almayasınız deyə, andmı içdirdi?

– Bəli.

– Bəs bu Nuartyye, zavallı korcığaz, siz bilirsiniz, bu Nuartyye kimdir? Nuartyye onun atasıdır!

Əgər, ildırım Dantesin ayaqları altına düşüb orada dibində cəhənnəm görünən bir uçurum açsaydı, Dantesə rahibin sözlərindən ağır gələn, belə qəfil və sarsıdıcı zərbə vura bilməzdi. O dik ayağa qalxıb əlləri ilə başını tutdu və uca səslə dedi:

– Onun atasıdır! Onun atasıdır!

Rahib dedi:

– Bəli, onun atasıdır, adı da Nuartyye de Vilfordur.

Bu zaman göz qamaşdırıcı işıqdan, Dantesin fikirləri aydınlaşdı; əvvəllər Dantesə qaranlıq gələn hər nə varsa, qəfildən aydın şüalar içində parlamağa başladı. Vilforun dindirmə zamanı dəyişən davranışını, məktubun məhv edilməsini, and içməyə məcbur edilməsini, hakimin hədələyici deyil, yalvararcasına xahişedici səsini xatırladı. Sərxoş adamlar kimi səndələyib bağırdı; sonra rahibin kamerasından onun zirzəmisinə aparan yeraltı yola tərəf atıldı. Uca səslə dedi:

– Tək qalmaq istəyirəm. Bunların hamısını bir daha düşünməliyəm!

Kamerasına qayıdıb çarpayısının üzərinə atıldı. Axşam, həbsxana gözətçisi gələndə, Dantes, tanınmaz halda, donmuş baxışları və eybəcər bir sifətdə, səssiz-səmirsiz, heykəl kimi tərpənmədən, çarpayısında oturmuşdu.

Bir an kimi ötüb keçən, uzun müddətli düşüncə içərisində Dantes and içərək qorxunc bir qərar qəbul etdi.

Dantesi fikirdən insan səsi, rahib Farianın səsi ayıltdı, gözətçi getdikdən sonra o Edmonu onunla birlikdə şam etmək üçün dəvət etməyə gəlmişdi. Dəlilik ləqəbi, həm də zarafatcıl dəli ləqəbi, yaşlı məhbusa bəzi imtiyazlar, xüsusilə istirahət günləri bir qrafin şərabla ağ çörək götürmək hüququ verirdi.

Dantes onun ardınca getdi. Onun sifəti aydınlaşaraq əvvəlki ifadəni aldı, lakin gözlərindəki amansızlıq və qətiyyət gənc adamda hansısa bir qərarın yetişdiyindən xəbər verirdi. Rahib diqqətlə ona baxdı.

– Mən sizə həqiqəti tapmağa kömək etdiyimə və dediyim sözlərə görə peşmanam.

Dantes soruşdu: – Niyə?

– Çünki sizin qəlbinizdə əvvəllər olmayan intiqam hissi oyatdım.

Dantes gülümsədi: – Gəlin başqa şeylər haqda danışaq.

Rahib bir daha ona baxıb kədərli halda başını buladı. Lakin Dantesin xahişini nəzərə alıb, başqa məsələlər haqda danışmağa başladı. Rahiblə söhbət saysız zülmlər görmüş və iztirab çəkmiş insanın maraqlı və nəsihətverici söhbəti idi; onda xudbinlik yox idi, bu əzabkeş adam öz əzabları haqda danışmırdı.

Dantes onun hər sözünü göydə tuturdu; rahibin bəzi sözləri ona tanış olan fikirlərlə və dənizçi bilikləri ilə üst-üstə düşürdü; digərləri ona tanış olmayan məsələləri əhatə edirdi, gecəyarı en dairələrində, şimal şəfəqinin əfsanəvi parıltıları altında, dəniz səyahətçilərində olduğu kimi, onun qarşısında geniş imkanlar açırdı.

Dantes dedi:

– Bildiyinizdən bəzilərini mənə də öyrədin, heç olmazsa birlikdə olduğumuz zaman darıxmayasınız deyə. Qorxuram, mənim kimi bisavad, dəyərsiz bir adamla birlikdə olmaqdansa təkliyi üstün tutasınız. Söz verirəm, xahişimlə razılaşsanız, bir daha qaçmaq haqda söhbət etməyəcəyəm.

Rahib gülümsədi.

– Mənim balam, təəssüf ki, insan elminin bir məhdudiyyəti var, sizə riyaziyyatı, fizikanı, tarixi və üç-dörd bildiyim dildə danışmağı öyrətməyə başlayanda, mənim bildiyimi biləcəksiniz, bu biliyi iki ildə öyrədəcəyəm.

– İki il! Mənim bu elmiləri iki ilə öyrənə biləcəyimi düşünürsünüz?

– Əlavələrini yox; əsaslarını. Öyrənmək bilmək demək deyil; bilənlər və alimlər var, bəzilərini yaddaş yaradır, digərlərini fəlsəfə.

– Məgər fəlsəfəni öyrənmək olmaz?

– Fəlsəfə öyrədilmir; fəlsəfə qazanılmış biliklə onu istifadə edən yüksək ağlın vəhdətidir; fəlsəfə İsanı göylərə yüksəldən, üzərinə çıxdığı parıldayan buluddur.

Dantes soruşdu:

– Başlanğıcda mənə nə öyrədəcəksiniz? Tezliklə başlamaq istəyirəm, savadlanmaq həsrəti ilə yanıram.

Rahib cavab verdi: – Hər şeydən!

Elə həmin gecə məhbuslar təhsil planı tərtib edib ertəsi gün onu həyata keçirməyə başladılar. Dantes, qəribə yaddaşa və qeyri-adi düşüncəyə malik idi; onun riyazi anlayışı hər şeyi hesablama yolu ilə öyrənməyə kömək edirdi, quru rəqəmlərə və düz xətlərə gətirib çıxaran maraqsız sübutları isə, dənizçi romantizmini yumşaldırdı; bundan əlavə o, artıq italyan dilini bilirdi və az da olsa, Şərqə səyahətlər zamanı öyrəndiyi yeni yunan dilində də danışırdı. Bu iki dilin köməyi ilə yerdə qalan dillərin quruluşunu anlayaraq yarım ildən sonra ispan, ingilis və alman dillərində də danışmağa başladı.

Elm ona azadlıq yerinə əyləncə verdiyinə görəmi, əmin olduğumuz kimi, verdiyi sözün üzərində dura bildiyinə görəmi, hər halda, rahibə verdiyi sözə əməl edərək, bir daha qaçmaq haqda söhbət etmədi, günlər isə onun üçün tez və mənalı keçirdi. Bir ildən sonra artıq tamamilə başqa bir adam olmuşdu.

Fariayaya gəldikdə isə Dantesin onunla birlikdə olmasının gətirdiyi sevincə baxmayaraq, yaşlı adam günü-gündən bədbinləşirdi. Görünür, hansısa bir fikir onun ağlını dolaşdırmışdı, o, dərin düşüncələrə dalır, dərindən nəfəs alır, gah qəfildən durub qaçır, ya da əllərini sinəsində çarpazlaşdıraraq saatlarla kamerada gəzişirdi.

Bir dəfə o qəfildən dayandı və bağırdı:

– Bu gözətçi olmasaydı!

Rahibin fikirlərin oxuyan Dantes dedi:

– Gözətçinin olub-olmaması sizdən asılıdır.

– Mən artıq sizə demişəm, öldürmək mənə yasaqdır.

– Lakin bu qətl baş tutacaqsa, instinkt hesabına, özünü müdafiə xətrinə baş tutacaq.

– Dəxli yoxdur, mən bacarmaram.

– Məgər siz bu haqda düşünürsünüz?

Rahib pıçıldadı: – Yorulmadan.

Dantes cəld soruşdu: – Bir yol tapmısınız?

– Qalereyanın üstünə bir kor və kar gözətçi qoysaydılar, tapa bilərdim.

Edmon rahibi qorxudan bir əminliklə cavab verdi:

– O, həm kor, həm də kar olacaq.

Rahib uca səslə dedi:

– Xeyr, xeyr, bu mümkün deyil!

Dantes bu söhbəti davam etdirmək istədi, lakin rahib başını bulayaraq cavab vermədi.

Üç ay keçdi.

Bir dəfə rahib Dantesdən soruşdu:

– Siz güclüsünüzmü?

Cavab əvəzinə Dantes iskənəni götürdü, onu nal kimi əyib sonra düzəltdi.

– Gözətçini yalnız son anda, ehtiyac yaranarsa, öldürəcəyinizə söz verirsinizmi?

– Söz verirəm.

– Elə isə biz öz məqsədimizi həyata keçirə bilərik.

– Bəs bunu həyata keçirmək üçün nə qədər vaxt lazımdır?

– Bir ildən az olmamaq şərti ilə.

– İşə nə zaman başlamaq olar?

– İstəsən elə indi.

Dantes uca səslə dedi:

– Görürsünüzmü, biz tam bir ilimizi itirdik!

– Sizə belə gəlir?

Edmon qızarmış halda uca səslə dedi:

– Tanrı xətrinə məni bağışlayın!

Rahib dedi:

– Kifayətdir! İnsan həmişə insandır, hələ siz gördüklərimin arasında ən yaxşılarındansınız. Baxın, dinləyin, bu da mənim planım.

Rahib Dantesə çəkdiyi çertyoju göstərdi; bu onun kamerasını, Dantesin kamerasını və onları birləşdirən keçidin planı idi. Bu keçidin ortasında mədənlərdə olduğu kimi yan tərəfə bir yol ayrılırdı. Bu yan tərəfə gedən yol, gözətçinin addımladığı qalereyanın altında tamamlanırdı; burada qalereyanın döşəməsini təşkil edən plitələrdən birini laxladaraq, yaxud dağıdaraq bir çuxur açmaq nəzərdə tutulurdu: vurulub gicəlləndirilmiş gözətçi özünü müdafiə etmə gücündə olmayacaqdı, bu anda Dantes onun üzərinə atılıb, bağlayacaq, ağzını tıxayacaq, hər iki məhbus pəncərədən qalereyaya keçərək bu kəndir pilləkənin köməkliyi ilə çöl divardan enərək qaçacaqdı.

Sevincdən Dantesin gözləri parıldadı və o əl çaldı; plan o dərəcədə sadə idi ki, hökmən baş tutmalı idi.

Həmin gün bizim yer qazanlarımız işə başladılar; bu iş ona görə belə cani-dildən gedirdi ki, uzun müddətli istirahətdən sonra işə başlamışdılar, belə görsənirdi, bu iş onların hər birinin müqəddəs arzusuna cavab verirdi.

Yorulmadan çalışır, yalnız gözətçinin gəlişi saatlarında işi buraxıb öz yerlərinə qayıdaraq onun gəlişini gözləyirdilər. Söz gəlişi, onlar gözətçinin addım səslərini seçməyi öyrənmişdilər, buna görə də heç biri indiyədək pis vəziyyətdə yaxalanmamışdı. Yeni qazılan yerin torpağı köhnə torpağı daşdırmasın deyə onlar onu az-az və çox ehtiyatla Dantesin, yaxud Farianın kamerasının pəncərəsindən atırdılar; torpağı ehtiyatla ovub toz şəklinə salırdılar ki, gecə küləyi onu aparsın.

İskənə, bıçaq və taxta linglə yerinə yetirilən bu işə bir ildən artıq vaxt sərf edildi; bu vaxt ərzində rahib Danteslə dərsləri davam etdirirdi, o, gah bu, gah da digər dildə danışır, xalqların tarixi haqda məlumatlar verir və vaxtaşırı özlərindən sonra şöhrət qazanan, parlaq iz buraxan dahi adamlar haqqında söhbət aparırdı. Bunlarla yanaşı, yüksək kübar cəmiyyətinə mənsub olduğundan rahibin davranışında qəmgin bir əzəmət hiss olunurdu; Dantes, anadangəlmə vərdişləri ilə, onda çatışmayan və yalnız yüksək sinif və ziyalı cəmiyyətlə ünsiyyətdə olmaqla əldə oluna biləcək, nəzakətli, kübar xasiyyətlər əldə etdi.

On beş aydan sonra keçid qazılıb qurtarmışdı; qalereyanın altında oyuq qazılmışdı; gözətçinin dala-qabağa addımlamasını aydın eşitmək olurdu; uğurlu qaçışı həyata keçirmək üçün qaranlıq və aysız bir gecəni gözləyən məhbuslar bir şeydən, torpağın tab gətirməyib, vaxtından əvvəl əsgərlərin ayaqları altında tökülməsindən qorxurdular. Bu təhlükəni aradan qaldırmaq üçün, məhbuslar həmin yeri özüldən tapdıqları dayaqla bərkitdilər.

Dantes tam bununla məşğul idi ki, qəfildən, onun kamerasında olan və kəndir pilləkəni möhkəmləndirmək üçün mıxı itilədən rahib Farianın, qorxmuş səslə onu çağırdığını eşitdi. Dantes tələsik onun yanına gedərək gördü ki, rahib kameranın ortasında, rəngi solmuş, tər içində, əlləri qıc olmuş halda durub. Dantes uca səslə dedi:

– Aman Tanrım, nə olub? Sizə nə oldu?

Rahib dedi:

– Tez olun, tez olun! Qulaq asın!

Dantes rahibin bozarmış sifətinə, göy halqaya alınmış gözlərinə, ağarmış dodaqlarına, qabarmış saçlarına baxaraq qorxudan əlindən iskənəni salıb:

– Nə oldu? – deyə bağırdı.

Rahib dedi:

– Mən məhv oldum! Qulaq asın. Mənə qorxulu, ola bilsin, ölümcül xəstəlik gəlir; ürək tutmam başlayır, hiss edirəm; həbsə düşməzdən bir il əvvəl bunu keçirmişdim. Bu xəstəliyin yalnız bir əlacı var, onu sizə deyərəm; tez mənim kamerama qaçın, çarpayının ayağını qaldırın, o ətəklidir, onun içərisində, dərman şüşəsində, qırmızı rəngli cövhər var. Onu bura gətirin… yaxud, yox, yox, gözləyin! Məni burada görə bilərlər; hələlik gücüm var, yerimə sürünüb çatmağıma kömək edin. Kim bilir, nə ola bilər, ürəkkeçmənin nə qədər davam edəcəyi məlum deyil.

Dantes başına gələn bu qorxunc fəlakətdən özünü itirmədi; o zavallı rahibi ardınca sürüyərək keçidə yendi; xəstəni böyük çətinliklə kamerasına çatdırıb yatağına uzatdı.

Rahib indicə soyuq sudan çıxmış adam kimi, titrəyə-titrəyə dedi:

– Təşəkkür edirəm. Ürəkkeçməm indicə başlayacaq, mən katalepsiya keçirəcəyəm; ola bilsin, heç bir inilti çıxarmadan, hərəkətsiz uzanaram, ola da bilsin, dodaqlarımdan köpük çıxar, qıvrılaraq bağıraram. Elə edin ki, mənim qışqırığım eşidilməsin; ən vacibi budur; yoxsa məni başqa kameraya keçirərək bizi ömürlük ayırarlar. Siz görəndə ki, mən donmuşam, qurumuşam, bir sözlə ölüyəm, onda, yalnız onda, eşidirsiniz, bıçaqla dişlərimi ayırıb ağzıma on damla şirədən tökün; ola bilsin ayıldım.

Dantes kədərli halda qışqırdı:

– Ola bilsin?

Rahib bağırdı:

– Kömək edin! Kömək edin! Mən… mən ö…

Ürəkkeçmə elə tez və şiddətli başladı ki, zavallı məhbus heç başladığı sözü də bitirə bilmədi. Dəniz fırtınası kimi, sürətli və qaranlıq bir kölgə onun ağzının üzərində birdən görünüb yox oldu; gözləri açıldı, ağzı əyildi, yanaqları allandı; çırpınıb nərildədi, dodaqlarında köpük əmələ gəldi. Dantes onun əmrini yerinə yetirərək ağzını ədyalla tutdu. Bu vəziyyət iki saat davam etdi. Nəhayət, daş kimi hissiyyatsız, mərmər kimi ağ və soyuq, əzilmiş ot gövdəsi kimi köməksiz sonuncu qıc olmaları keçirib, yatağında dartınaraq tərpənməz qaldı.

Edmon bu keçici ölümü onun bütün bədənini almasını və ürəyinin buzlaşdırmasını gözlədi. Sonra bıçağı götürüb rahibin dişləri arasına soxdu, böyük çətinliklə qıc olmuş çənəsini ayırıb bir-birinin ardınca on damla qırmızı şirədən ağzına damızdırıb gözləməyə başladı.

Bir saat keçdi, yaşlı adam tərpənmirdi. Dantes çox gözləməkdən qorxdu, başını tutaraq, dəhşət içində ona baxırdı. Nəhayət, onun yanaqlarında yüngülvari rəng görünməyə başladı; bütün vaxtı açıq və boş qalmış gözlərindən məna keçdi; ağzından yüngül nəfəs gəldi; yaşlı adam tərpəşdi. Dantes uca səslə dedi:

– Xilas oldu! Xilas oldu!

Xəstə hələlik danışa bilmirdi, lakin aşkar həyəcanla əlini qapıya tərəf uzatdı. Dantes ehtiyatlandı və gözətçinin ayaq səslərini eşitdi. Saat yeddi idi, lakin Dantesin vaxtı izləməyə halı yox idi.

Edmon çıxdığı yeri daşla bağlayıb yeraltı keçidə atıldı və oradan öz kamerasına keçdi.

Bir anda qapı açıldı və gözətçi həmişəki kimi məhbusu yatağında oturan gördü.

O, yenicə çıxmış, addım səsləri yenicə kəsilmişdi ki, naharı unudan və narahatlıq içində boğulan Dantes tələsik geri qayıtdı və daşı qaldıraraq rahibin kamerasına daxil oldu.

Rahib özünə gəlmişdi, lakin hələ də halsız halda dirsəkləri üzərində uzanmışdı.

O, Edmona baxdı:

– Elə bilirdim, sizi bir daha görməyəcəyəm.

– Nəyə görə? – deyə o, soruşdu. – Məgər siz ölməkdən qorxurdunuz?

– Xeyr; lakin qaçmaq üçün hər şey hazırdır, elə bilirdim qaçarsız.

Hiddətdən Dantesin yanaqları qızardı. O uca səslə dedi:

– Sizsiz! Doğrudanmı mənim buna qadir olduğumu düşünürsünüz?

Xəstə dedi:

– İndi görürəm ki, səhv etmişəm. Ah, mən necə zəifləyib məhv olmuşam!

Dantes rahibin çarpayısında oturub əllərini tutaraq dedi:

– Ruhdan düşməyin, gücünüz bərpa olunacaq.

Rahib başını buladı:

– Axırıncı dəfə mənim tutmam yarım saat davam etmişdi, ondan sonra yemək istəyirdim, kənardan kömək olmadan ayağa durdum, bu gün isə mən nə sağ ayağımı, nə də sağ qolumu tərpədə bilirəm; başım ağırlaşıb, bu da beyinə qan sızmanın əlamətidir. Üçüncü ürəkkeçmədə məni iflic vuracaq, ya da həmin anda öləcəyəm.

– Xeyr, xeyr, sakit olun, siz ölməyəcəksiniz; üçüncü ürəkkeçmə olacaqsa da, sizi azadlıqda yaxalayacaq. O vaxt biz sizi, indiki kimi, hətta bundan da yaxşı sağaldacağıq; axı bizim lazım olan hər şeyimiz olacaq.

Yaşlı adam cavab verdi:

– Əzizim, özünüzü aldatmayın, bu tutma məni ömürlük həbsə məhkum etdi: qaçmaq üçün yeriməyi bacarmalısan…

– Bu nə deməkdir? Biz bir həftə, bir ay, lazım gələrsə iki ay gözləyərik; o zamana qədər siz gücünüzü bərpa edərsiniz; bizim qaçmağımız üçün hər şey hazırdır; gününü və saatı özümüz seçə bilərik. Siz üzə bildiyinizi hiss edəndə qaçarıq.

Faria cavab verdi:

– Mən artıq üzə bilməyəcəyəm, bir əlimi iflic vurub, özü də bir günlüyə yox, həmişəlik. Onu qaldırın, necə ağırlaşdığını görəcəksiniz.

Dantes xəstənin əlini qaldırdı; o daş kimi yerə düşdü. O, köksünü ötürdü. Faria dedi:

– Edmon, indi əmin oldunuz? Mənə inanın, nə dediyimi bilirəm. Xəstəliyimin ilk tutmasından onun haqında düşünürəm. Bunu gözləyirdim, çünki məndə irsidir, atam üçüncü tutmada ölmüşdü, babam da həmçinin. Mənə bu şirəni verən həkim, həmin məşhur Kabonistdir, o mənə də həmin taleyi vəd edib.

Dantes ucadan dedi:

– Həkim səhv edir, sizin ifliciniz isə bizə mane ola bilməz: mən sizi çiyinlərimə alıb üzərəm.

Rahib dedi:

– Oğlum, siz dənizçisiniz, təcrübəli üzgüçüsünüz, deməli, bilməlisiniz ki, bu ayaqla adam dənizdə uzağa üzə bilməz. Hətta o xeyirxah ürəyinizin inanmadığı boş ümidlərlə özünüzü aldatmağı kənara qoyun. Mənim azad olma saatım, ölüm saatım gəlib çatanadək burada qalacağam. Siz qaçın, xilas olun! Gənc, çevik və güclüsünüz; mənimlə hesablaşmayın, sizin andınızı özünüzə qaytarıram.

Dantes dedi:

– Yaxşı. Bu halda mən də qalıram.

O, ayağa qalxıb təntənəli şəkildə əllərini yaşlı adamın üzərində bir-birinə sürtdü:

– And olsun xaçdan axan qana, sizi ölənədək tərk etməyəcəyəm.

Faria bu alicənab, mərd gəncə baxdı, onun ən təmiz, sədaqətlə canlanmış sifətində, səmimi məhəbbətini və təmiz qəlbli andını gördü.

– Yaxşı, sizin fədakarlığınızı qəbul edirəm. Sağ ol. – Əlini Edmona uzatdı. – Ola bilsin, sizin təmənnasız sədaqətiniz mükafatlanacaq, lakin əgər bacarmasam, siz də buradan getmək istəmirsinizsə, onda biz gərək qalereyanın altından yol salaq. Gözətçi ola bilsin, uğultu gələn yerə diqqət yetirsin və nəzarətçiləri çağırsın; onda hər şeyin üstü açılacaq və bizi ayıracaqlar. Gedin bu işlə məşğul olun, təəssüf ki, mən artıq sizə kömək edə bilməyəcəyəm. Lazım gələrsə, buna bütün gecənizi sərf edin və sabah səhər yoxlamasından sonra qayıdın. Mən sizə çox vacib bir söz deməliyəm.

Dantes, təbəssümlə onu sakitləşdirən rahibin əlini sıxdı, hörmətlə, ehtiramla yaşlı dostunun yanından çıxdı.

XVIII. RAHİB FARİANIN SƏRVƏTİ

Səhərisi gün, Dantes məhbus dostunun kamerasına girəndə, onu çarpayısında oturan gördü. Rahibin sifəti sakin idi; ensiz pəncərədən düşən gün şüası onun sol əlində tutduğu kağız parçasının üzərinə vururdu, oxucunun yadındadırsa, o, artıq sağ əlini işlədə bilmirdi; görünür bu lülə şəklində möhkəm bükülmüş kağız parçası, uzun müddətmiş ki, bu şəkildə saxlanılırmış, buna görə də açılarkən belə əzik şəkil almışdı.

Rahib dinmədən kağıza işarə etdi.

Dantes soruşdu:

– Bu nədir?

Rahib gülümsəyərək cavab verdi:

– Yaxşı baxın.

Dantes cavab verərək dedi:

– Mən tam ayıq gözlə baxıram, üzərində qəribə mürəkkəblə, hürufat hərfləri yazılmış, saralmış kağız görürəm.

Faria dedi:

– Əzizim, mən artıq sizi sınamışam, indi hər şeyi söyləyə bilərəm, bu kağız mənim sərvətimdir, bu dəqiqədən etibarən onun tən yarısı sizə aiddir.

Dantesin alnından soyuq tər axdı. Bu günə qədər o, zavallı qocaya dəli adı gətirən sərvəti haqda danışmamağa çalışmışdı; Edmon anadangəlmə ədəbinə Farianın bu yaralı yerinə toxunmurdu, Farianın özü də susurdu; bu susqunluğu Edmon onun dərrakəsinin geri qayıtması kimi qəbul edirdi. İndi yaşlı adamın ağır xəstəlikdən sonra, ağzından çıxan bu sözlər, ona yeni ürək xəstəliyinin nişanəsi kimi görünürdü.

Dantes pıçıldadı:

– Sizin sərvətinizdir?

Faria güldü.

– Bəli, Edmon, sizin xeyirxah qəlbiniz var, solmuş rənginizdən və titrəmənizdən daxilinizdə nə baş verdiyini başa düşürəm. Sakit olun, mən dəli deyiləm. Bu sərvət mövcuddur, Dantes, ona mən sahib ola bilməmişəmsə, siz olacaqsınız. Heç kim mənə inanmaq, qulaq asmaq istəmədi, çünki məni dəli hesab edirdilər; lakin siz bilirsiniz, mənim ağlım tamamilə yerindədir; odur ki, sözümü dinləyin, sonra istər inanın, istərsə inanmayın, necə istəyirsiniz elə də edin.

Dantes fikrə getdi: “Təəssüf, o, yenə dəli olub; bircə bu bəla çatışmırdı!”

Sonra ucadan əlavə etdi:

– Mənim əzizim, ürəkkeçmə sizi əldən salıb; yaxşı olmazmı, istirahət edəsiniz? İstəsəniz sabah sizin söhbətə qulaq asaram, bu gün sadəcə sizə qulluq etmək istəyirəm. – Sonra gülərək əlavə etdi: – Bu sərvət işi bizim üçün tələsik deyil!

Yaşlı adam cavab verdi:

– Edmon, çox tələsikdir! Kim bilir, ola bilsin, sabah, ya birisi gün üçüncü ürəkkeçmə baş verəcək. Onda hər şey bitmiş olacaq! Düzdür, mən tez-tez ağrı içində onlarca ailənin xoşbəxtliyinə səbəb ola biləcək bu sərvət haqda düşünürdüm; o məni təqib edənlər üçün artıq itmiş sayılır. Bu fikir mənim intiqamımdır, həbsxana zirzəmisində ondan zövq alırdım. Lakin indi, sizə olan sevgimə görə hamının təqsirindən keçdiyim bir vaxtda, sizdə bu gəncliyi, gələcəyi gördüyüm bir halda, sirrimin sizə verə biləcəyi xoşbəxtliyi düşünərək gecikməkdən qorxuram, qorxuram ki, sizin kimi ləyaqətli bir adamı, basdırılmış bu sərvətdən məhrum edəm.

Edmon dönərək köksünü ötürdü.

Faria davam edirdi:

– Hələ də mənə inanmırsınız, Edmon, sözlərim sizi qane etmədi. Görürəm, sizə sübut lazımdır. İcazə verin. İndiyədək heç kəsə göstərmədiyim bu sətirləri oxuyun.

Edmonun bu yaşlı adamın dəliliyinə göz yummağa qüvvəsi qalmadığından cavab verdi:

– Əziz dostum, sabah. Axı biz şərtləşmişdik ki, bu haqda sabah danışaq.

– Məktubu bu gün oxuyun, söhbəti isə biz sabah edərik.

Dantes düşündü: “Onu əsəbiləşdirmək olmaz”.

O yarı yanmış kağızı götürüb oxudu:

Bu mağaralarda: ən ucda dəfinə basdırılıb

Bu dəfinəni ona vəsiyyət edir və yeganə varisimə verirəm.

25 aprel 149

Çez

Dantes oxumağı bitirəndə Faria soruşdu:

– Nə deyirsən?

Dantes dedi:

– Burada yalnız sətirlərin başlığı qalıb, sözlər əlaqəsizdir, məktubun yarısı yanıb, mənası da başa düşülmür.

– Mənim üçün deyil, sizin üçün, çünki siz ilk dəfədir oxuyursunuz, mən isə onun üzərində gecələr keçirib hər fikri, hər ifadəni bərpa etmişəm.

– Sizcə, itirilmiş məzmunu bərpa etmisiniz?

– Buna əminəm; özünüz baxın; lakin əvvəlcə bu sənədin tarixçəsinə baxaq.

Dantes ucadan dedi:

– Sakit! Addımlar!… Mən gedirəm!… Sağ olun!

Dantes, dostunun dəliliyini təsdiq edəcək söhbət və izah etmədən kənarlaşmağına imkan tapdığına görə sevinərək, ilan kimi yeraltı keçidə süründü, Faria isə bütün gücünü toplayaraq ayağı ilə daşı itələyib yerinə saldı və üstünü çatdırıb torpaqla örtə bilmədiyindən deşiklər görünməsin deyə həsirlə örtdü.

Komendant içəri daxil oldu; rahibin xəstələnməsini gözətçidən eşidən komendant ona baş çəkməyi qərara almışdı.

Faria, komendantı yöndəmsiz hərəkət etmədən oturduğu yerdə qəbul etdi və beləliklə də o vücudunun sağ tərəfinin iflic olmasını ondan gizlətməyə müvəffəq oldu. Qorxurdu ki, komendant ona rəhm edib başqa, yaxşı kameraya keçirə və beləliklə də onu gənc dostundan ayıra bilər. Xoşbəxtlikdən belə olmadı, qəlbinin dərinliyində bu zavallı ağılsıza bir bağlılıq hiss edən komendant onun yüngülvarı xəstələndiyini zənn edərək, kameranı tərk etdi.

Bu zaman yatağında başını aşağı sallayıb oturan Dantes, fikirlərini toplamağa çalışırdı. O, rahibi tanıdığı müddət ərzində, onun aydın zəkası, fikir söyləməsi və məntiqi ardıcıllığına dair çoxlu sübut gördüyündən, hər şeydə yüksək müdriklik göstərən ağıl sahibinin necə olub bir məsələyə görə yerini dəliliyə verdiyini müəyyənləşdirə bilmirdi. Kim səhv yoldadır: sərvəti haqda danışan Faria, yoxsa onu dəli hesab edənlər?

Dostunun yanına qayıtmağa cürət etməyən Dantes, bütün gününü kamerasında keçirtdi. O Farianın dəli olduğu haqqındakı fikri, bacardığı qədər özündən uzaqlaşdırmağa çalışırdı.

Həmişəki kimi axşam yoxlamasından sonra Edmonun gəlmədiyini görən Faria, onları ayıran məsafəni özü qət etməyə qərar verdi. Edmon xışıltı eşidib diksindi və iflic vurmuş yaşlı adamın necə əzabla sürünüb gəldiyini təsəvvür etdi. Edmon məcburən yaşlı adamı öz yanına çəkdi, çünki o Dantesin kamerasına gedən dar deşikdən keçə bilmirdi.

Faria mehribancasına gülümsəyərək dedi:

– Görürsünüzmü sizi necə inadla təqib edirəm, mənim əliaçıqlığımdan qaçmaq istəyirsiniz, lakin bunu edə bilməyəcəksiniz. Beləliklə, qulaq asın.

Edmon çıxış yolu olmadığını görüb yaşlı adamı yatağına oturtdu, özü isə taburetdə onun yanında oturdu. Rahib dedi:

– Sizə məlumdur ki, mən kardinal Spadanın etibarlı dostu və katibi idim. Həyatda gördüyüm bütün xoşbəxtliklərə görə, bu şərəfli əyana borcluyam. Onun nəslinin var-dövləti dillərdə dastan olsa da, özü zəngin deyildi, bunu tez-tez belə ifadə etməli olurdum: “Spada kimi zəngindir”. Lakin həm o, həm bu şayiələr bu ad-san qazanmış sərvət hesabına ömür sürürdü. Onun sarayı mənim üçün bir cənnət idi. Spadanın, sonralar vəfat etmiş bacısı uşaqlarına dərs keçirdim, tənha qaldığı on il ərzində mənə etdiklərinin əvəzini hədsiz, fədakar sədaqətimlə ödəməyə başladım.

Kardinalın evində məndən sirr saxlanılmırdı; dəfələrlə onun qədim kitabları vərəqlədiyini və acgözlüklə tozlu soyadlarına aid əl yazmaları içərisində qurdalandığını görürdüm. Bir dəfə mən onu, keçirdiyi mənasız yuxusuz gecələrdən sonra xəstə ümidsizliyə qapıldığına görə, məzəmmət etdikdə acı gülüşlə Roma şəhərinin tarixini qarşımda açdı. Bu kitabın iyirmi altıncı bölümündə Papa VI Aleksandrın həyatı haqqında ömürlük yaddaşıma həkk olunmuş aşağıdakı sətirləri oxudum.

Romaya yürüş bitib; İşğalını tamamlayan Sezar Bordjianın bütün İtaliyanı satın almaq üçün pula ehtiyacı var idi. Fransız kralı XII Lüdovikin aldığı ağır məğlubiyyətlərə baxmayaraq, onu tamam məhv etmək üçün Papanın da pula ehtiyacı var idi. Dağıdılmış İtaliyada gəlir gətirən bir iş qurmaq lazım idi.

Əlahəzrətin ağlına belə bir xoşbəxt, iki yeni kardinal təyin etmək fikri gəldi.

İki görkəmli varlı Roma əyanının seçilməsi, müqəddəs ataya aşağıdakı bu xeyiri verirdi: əvvəla o, gələcək kardinalların tutduqları yüksək vəzifələri və gəlir gətirən yerləri sata bilərdi; ikincisi həmin iki kardinal şapkasına görə yüksək ödəniş gözləyirdi.

İşin, bizim tezliklə öyrənəcəyimiz üçüncü bir tərəfi isə hələ qalırdı.

Papa və Bordjia Sezarın iki kardinal namizədi var idi: müqəddəs taxt-tac zamanı dörd mühüm vəzifə tutan Covanni Rospilozi və Romanın ən varlı və şərəfli əyanlarından hesab edilən Çezari Spada. Hər ikisi Papanın mərhəmətini yüksək qiymətləndirirdi. Hər ikisi şöhrətpərəst adam idi. Sonra Sezar Borjiya onların yerləri üçün alıcı da tapdı.

Beləliklə Rospilozi və Spada kardinallıqları üçün ödəniş etdilər, daha səkkiz adam isə iki yerli kardinalın əvvəl tutduqları vəzifələr üçün ödəniş etdilər. İşgüzar işbazların büdcəsinə səkkiz yüz min skudo əlavə olundu.

Keçək sövdələşmənin üçüncü hissəsinə. Rospilozi və Spada kardinal nişanlarını təqdim edib, onlara bu yüksək davranışlarına görə təşəkkür etməyə və Romaya köçmələri üçün onlar öz varidatlarını nağdı pula çevirməli olduqlarını bilən Papa ilə Sezer Bordjia hər iki kardinalı nahara dəvət etdilər.

Bu münasibətlə ata ilə oğul arasında mübahisə yarandı. Sezar hesab edirdi ki, həmişə yaxın dostları üçün hazır saxladığı vasitələrdən birini həyata keçirmək kifayət edər, məsələn: bədnam açarla hansısa bir naməlum dolabı açmağı təklif etmək. Çilingərin diqqətsizliyi ucbatından açarın üzərində kiçik bir dəmir çıxıntı yaranıbmış. Bu sərt qıfılın üzərində çalışan hər bir adam barmağını yaralayır, ertəsi gün isə ölürdü. Bir də şir başlı bir üzük var idi, Sezar hər hansı bir xanımın əlini sıxmaq istəyəndə onu taxardı. Şir bu seçilmiş əlin dərisini dişi ilə tutar, bir gündən sonra ölüm baş verərdi.

Ona görə də təklif etdi ki, hər iki kardinalı ya dolab açmağa göndərsinlər, ya da dostcasına əllərini sıxsınlar. Lakin VI Aleksandr ona belə cavab verdi:

“Hörmətli kardinallarımız Spada və Rospilozi üçün bir yeməyi əsirgəməyək. Mənə elə gəlir, xərclərimizi geri qaytara biləcəyik. Həm də sən mədədə yaranan pozğunluğun anında hiss olunduğunu unudursan. Amma iynə, ya da dişləmə təsirini iki-üç gündən sonra göstərir”.

Sezar bu mülahizə ilə razılaşdı. Bax, buna görə də hər iki kardinalı nahara dəvət etdilər.

Masanı Papanın üzümlüyündə, San-Petro-in-Vinkoli yaxınlığında, kardinalların şayiələr vasitəsi ilə eşitdikləri gözəl bir guşədə açmışdılar.

Yeni vəzifəsində və gözəl bir ziyafət sevinci içərisində olan Rospilozi çox şən əhval-ruhiyyə içində gəlmişdi. Çox ehtiyatlı adam olan və böyük ümidlər verən bacısı oğlunu, gənc zabiti hədsiz sevən Spada isə bir vərəq-lələk götürüb öz vəsiyyətnaməsini yazdı. Sonra bacısı oğluna xəbər göndərib onu üzümlüyün yanında gözləməsini tapşırdı; lakin görünür, göndərilən adam onu evdə tapmamışdı.

Spada, yeməyə dəvət olunmağın nə demək olduğunu bilirdi. Dərin mədəni qüvvə olan xristianlığın Romada qalib gəldiyi gündən bəri artıq zülmkar hökmdarın adından senturion gəlib: “Sezar sizin ölməyinizi arzu edir”, – deyə elan etmirdi, ancaq lütfkar Papa müvəkkili onun adından gülümsəyərək deyirdi: “Zati-aliləri sizinlə nahar etməyi arzulayır”.

Gündüz saat ikidə Spada San-Petro-in-Vinkolidəki üzümlüyə yollandı; Papa artıq onu gözləyirdi. Orada onun ilk gördüyü geyinib-kecinmiş, sevinc içində olan bacısı oğlu oldu; Sezar Bordjia ona nəzakət göstərməkdə idi. Spadanın rəngi qaçdı, Sezar isə istehza ilə ona baxaraq hər şeyi bilərək tələ qurduğunu başa salmağa çalışırdı.

Yeməyə əyləşdilər. Spada bacısı oğlundan yalnız: “Sən mənim göndərdiyim adamla görüşə bildinmi?” – deyə soruşa bildi. Bacısı oğlu onun nə demək istədiyini başa düşərək görüşmədiyini dedi. Lakin artıq gec idi; o, Papanın saqisi tərəfindən xüsusi olaraq onun üçün süzülmüş əla şərabdan bir qədəh içmişdi. Həmin dəqiqə masaya daha bir şüşə şərab verildi və kardinal Spadanı doyunca qonaq etdi. Bir saatdan sonra həkim hər ikisinin quzu göbələyindən zəhərləndiyini elan etdi. Spada üzümlüyün girəcəyində yıxılıb ölmüş, bacısı oğlu isə öz evinin darvazasında arvadına nə isə deyə-deyə can vermişdi, lakin arvadı onu başa düşə bilməmişdi.

Həmin anda Sezar və Papa mərhumların sənədlərinə baxılmalı olduğunu deyib mirası ələ keçirdilər. Lakin bütün miras Spadanın üzərində: “Mən sandıqlarımı və arasında qızıl küncləri olan dua kitabım olmaqla, bütün kitablarımı dayısından xatirə olaraq onu sevən bacı oğluma vəsiyyət edirəm”, – yazılmış bir vərəqdən ibarət idi.

Varislər hər tərəfi axtardılar, dua kitabından zövq aldılar, mebeli ələ keçirəndə təəccüblərini gizlədə bilmədilər, varlı Spada sən demə, ən yoxsul dayılardan biriymiş. Kitabxana və laboratoriyadakı avadanlıqları nəzərə almasaq, sərvətdən heç bir nişanə yox idi.

Başqa heç nə tapılmadı. Sezarla atası axtardılar, aradılar, eşələndilər, lakin cüzi bir şey əldə edə bildilər – min skudo dəyərində qızıl və gümüş əşyalar, bir o miqdarda da nağdı pul; lakin bacısı oğlu evə qayıdaraq çatdırıb arvadına: “Dayımın kağızlarını yaxşı axtarın, onun içərisində əsl vəsiyyətnamə olmalıdır”, – deyə bilmişdi.

Mərhumun qohumları varislərdən daha səylə axtarırdılar.

Əbəs yerə: onlara iki iqamətgah və Palatinonun arxasındakı üzümlük nəsib oldu. O zamanlar daşınmaz əmlak çox aşağı qiymətə dəyərlənirdi – Papa və onun oğlunun acgözlüyü qarşısında bu çox dəyərsiz var-dövlət idi.

Aylar, illər keçdi. Bildiyimiz kimi VI Aleksandr səhvən zəhərlənmişdi; onunla birlikdə olan Sezar, ilan kimi dərisini dəyişərək pələng dərisinə bənzər, üzərində ləkəsi olan yeni dəri gətirməklə yaxasını qurtarmışdı; nəhayət o, Romanı tərk etməyə məcbur olmuş və hansısa gecə davalarının birində şərəfsizcəsinə məhv olaraq, tarixin yaddaşından silinmişdi.

Papanın ölümündən, oğlunun sürgünündən sonra, hamı Spada soyunun kardinal Spada dövründəki kimi, knyazlar təki yaşayacağına ümid edirdi. Spadalar şübhəli məmnunluq içərisində yaşayırdılar, bu şübhəli iş üzərində sirr əskik olmurdu. Şayiələrə görə, atasından daha hiyləgər olan Sezar, hər iki kardinalın mirasını ondan oğurlamışdı; iki kardinal deməyimin səbəbi var, heç bir ehtiyat tədbiri görməyən Rospilozi iynədən sapadək soyulmuşdu.

Faria hekayəni yarımçıq saxlayıb gülümsədi:

– Bura qədər siz ağılsız bir şey eşitmədiniz, düzdür?

Dantes cavab verdi:

– Əksinə, mənə elə gəlir, çox maraqlı bir salnamə oxuyuram. Xahiş edirəm davam edəsiniz.

– Davam edirəm. Spadalar tanınmazlığa alışdılar. İllər keçdi. Onların nəvə-nəticələri içərisində hərbiçilər, diplomatlar var idi; bəziləri dini xadim oldu, bəziləri isə bankir; bəziləri varlandı, bəziləri isə müflisləşdi. Yanında katib işlədiyim, nəsildə sonuncu qraf olan Spadaya gəlincə, o, tez-tez maddi vəziyyətinin cəmiyyətdəki yeri ilə uyğunlaşmadığından şikayətlənirdi. Ona yerdə qalan kiçik əmlakını ömürlük kirayəyə verməsini məsləhət gördüm; məsləhətimə qulaq asaraq öz gəlirlərini ikiqat artırdı.

Məşhur dua kitabı ailədə qalmışdı və indi qraf Spadaya məxsus idi; içərisindən tapılan yeganə sənəd-vəsiyyətnamə müəmmalı mətninə görə bir növ sitayiş edilən dini kitab kimi atadan oğula keçirdi. Bu əla xurafat miniatürləri və hədsiz dərəcədə qızılla bəzədilmiş kitab, əlamətdar günlərdə, qulluqçu tərəfindən kardinalın önündə aparılırdı.

Zəhərlənmiş kardinalın ölümündən sonra, ailə arxivində saxlanılan hər cür sənədləri, aktları, müqavilələri, perqamentləri gördükdə, mənə qədər iyirmi qulluqçu, iyirmi idarə başçısı, iyirmi katibin araşdırdığı kimi bu nəhəng kağız bağlamalarını araşdırmağa başladım. Hərtərəfli və həsəd doğuracaq axtarışlara baxmayaraq demək olar, heç nə tapa bilmədim. Bu arada çoxlu oxuyurdum, hətta Çezare Spadanın ölümündən sonra Bordjia soyunun sərvətinin artıb-artmadığını bilmək üçün, onların demək olar, gündəlik tarixini yazırdım. Beləliklə onlara məxsus sərvətin Rospilozi və onun həmdərdinin sərvəti qədər artdığını müəyyənləşdirdim.

Spadanın mirasının nə onun ailəsinə, nə də Bordjiaya çatıb torpaqda sahibsiz yatdığına, ərəb nağıllarında ruhların yerdə yatan xəzinəni qoruduqları kimi qorunduğuna əmin idim. Mən Spada tayfasının üç yüz il ərzində bütün gəlir-çıxarlarını min dəfələrlə öyrəndim, yoxladım, hesabladım; lakin əbəs yerə: mən məlumatsızlıq, qraf Spada isə kasıbçılıq içindəydi.

Himayədarım öldü. Əmlakını ömürlük kirayə verən Spada, özü üçün yalnız ailə arxivini, beş min cilddən ibarət kitabxanasını və məşhur dua kitabını saxlamışdı. Bunların hamısından əlavə olaraq o, mənə nağd min Roma skudosu vəsiyyət etmişdi, bir şərtlə ki, mən hər il onun ruhuna messa oxutmalı, ailə şəcərəsini və soykökünün tarixini tərtib etməli idim, bunu da dəqiqliklə yerinə yetirdim…

Əzizim Edmon, səbr edin, biz sona yaxınlaşırıq. 25 dekabr 1807-ci ildə, həbsimə bir ay qalmış və qrafın ölümündən iki həftə sonra (indi bu tarixin nə üçün yaddaşıma həkk olunduğunu başa düşəcəksiniz), artıq mininci dəfə idi, sahmana saldığım kağızları təkrarən oxuyurdum. Saray satılmışdı, mən on iki min livr nağdı pul, kitabxana, və məşhur dua kitabından ibarət əmlakımla Romadan Florensiyaya köçməyə hazırlaşırdım. Yaxşı yemək və yorucu işdən sonra, bir az əzginlik hiss edərək başımı əllərimin üstünə qoyub yatdım. Günorta saat üç idi.

Mən ayıldıqda saatlar altını vururdu.

Başımı qaldırdım; ətraf qaranlıq içində idi. Şam istəmək üçün zəngi çaldım, lakin heç kim gəlmədi. Onda işimi özüm görməyi qərarlaşdırdım. Bir tərəfdən də filosof həyat tərzimə alışmağım gərək idi. Bir əlimlə kibrit qutusunu götürdüm, lakin qutuda kibrit olmadığından digər əlimlə buxarıda alovlanan ocaqdan od götürmək üçün kağız parçası axtartmağa başladım; qaranlıqda lazımsız kağız parçası əvəzinə qiymətli bir sənəd götürməyimdən qorxurdum, birdən masanın üzərindəki məşhur dua kitabının içində əlfəcin yerinə varislər tərəfindən ehtiramla saxlanılan saralmış vərəq yadıma düşdü. Bu lazımsız kağızı əlimlə axtarıb tapdım, əzdim və oda yaxınlaşdırdım.

Alov artdıqca sanki ovsunlanmış bir təsir altında, ağ kağız üzərində sarı rəngli hərflər görsənməyə başladı; məni qorxu götürdü: kağızı ovcumda əzərək odu söndürdüm, şamı buxarıda yandırıb izaholunmaz bir həyəcanla əzilmiş kağızı sığallayıb düzəltdim, bu hərflərin əla, xüsusi bir mürəkkəblə yazıldığını gördüm, hərflər yalnız kağız güclü qızdırıldığı halda görsənməyə başlayırdı. Alov yazının üçdə birini məhv etmişdi; bu, bu gün səhər oxuduğunuzdur. Dantes, alın bir daha oxuyun və təkrarən oxuduqdan sonra sözlərdə və məzmunda olan boşluqları mən dolduraram.

Faria təntənə ilə vərəqi Dantesə verdi, bu dəfə o hərisliklə pasa oxşar, kürən mürəkkəblə vərəqdə yazılmış aşağıdakı sözləri oxudu:

Bu gün 25 aprel 1498-ci ildə bu

VI Aleksandr və onun mənim,

varisim olmaq istəyəcəyindən qorxaraq və qo

və zəhərdən ölmüş Bentivolo,

mənim yeganə varisim, mən bas

çünki o mənimlə orada olub, və məhz v

ka Monte-Kristo, bütün mənim qız

ni, almazlar və zinət əşyaları; tək mən

iki mil dəyərində

onu iyirminci qay altında tapacaq

düz xətt üzrə kiçik şərq körfəzində. İki otv

bu mağaralar da; xəzinə lap axırda basdırılıb

bu xəzinəni ona, mənim yeganə varisimə vəsiyyət edirəm.

25 aprel 149

Çez.

Rahib dedi:

– İndi isə, bunu oxuyun. – Dantesə başqa bir vərəq uzatdı. Dantes onu götürüb oxudu:

Zati-aliləri tərəfindən yeməyə dəvət olun

kardinal şapkasına görə ödəməyə qane olaraq,

kardinal Kapraranın taleyini mənə hazır

mənimlə birlikdə or olan bacı oğlum

Qvido Spadaya elan edirəm,

mağaralar da ada —

tök külçələr, sikkələr, daş-

bu xəzinənin olduğunu bilirəm,

lionlar Roma skudoları, və o

əgər düzünə gedilərsə, qay

deş qazılmışdı

ikinci deşiyi son uz küncündə;

tamamilə şəxsi ixt

8 il

Are Spada.

Faria alovlu baxışları ilə onu izləyirdi.

Dantesin sonuncu sətirə çatdığını görən kimi dilləndi:

– İndi isə hər iki parçanı birləşdirib müqayisə edin. Dantes tabe oldu; birləşdirilən parçalardan aşağıdakı əmələ gəldi:

“Bu tarixdə, 25 aprel 1498-ci ildə, zati-aliləri VI Aleksandr tərəfindən yeməyə dəvət olunduğum ərəfədə kardinalın haqlarının ödəməsi ilə razılaşmayaraq mənim varisim olmaq istəyəcəyindən və buna görə də mənə zəhərdən dünyalarını dəyişən Kaprara ilə Bentivolonun taleyini yaşatmaq istəyəcəyindən qorxaraq… bacım oğluna, mənim yeganə varisim olan Qvido Spadaya bildirirəm ki, bütün qızıl külçələrim, sikkələrim, qiymətli daşlarım, almazlarım və zinət əşyalarım ona məlum olan yerdə (o, mənimlə ora getmişdi), yəni Monte-Kristo adacığının mağaralarında basdırılıb, iki milyon Roma skudosu dəyərində olan bu xəzinə haqqında yalnız mən bilirəm, o, düzünə kiçik şərq körfəzi istiqamətində gedərsə iyirminci qayanın altında həmin xəzinəni tapa bilər. Bu mağaralarda iki çala qazılıb: xəzinə ikinci çalanın sonuncu küncündə basdırılıb; həmin xəzinəni ona, mənim yeganə varisimə vəsiyyət edərək, tamamən onun ixtiyarına verirəm.

25 aprel 149…8 il.

Çez… ara Spada”.

Faria soruşdu:

– İndi siz başa düşürsünüz?

Edmon hələ də tam əmin ola bilmirdi:

– Bu kardinal Spadanın uzun müddətdir, axtarılan məlumatı və vəsiyyətnaməsidir?

– Bəli, min dəfə bəli.

– Bəs onu kim bərpa etdi?

– Mən. Salamat qalmış parça əsasında, yuxarıdan düşən işıq hesabına zirzəmiyə yol axtaran kimi, sətirlərin uzunluğunu kağızın eni ilə tutuşduraraq, aydın olan mənalarla, gizli mənaları açaraq, buna nail ola bildim.

– Bəs şübhəniz qalmadığında nə etdiniz?

– Vahid italyan krallığı haqda başladığım böyük əsərimi özümlə götürüb, həmin dəqiqə yola düşdüm; lakin imperator polisi artıq çoxdan məni izləyirmiş; o zaman Napoleon əyalətləri, oğlu doğulduqdan sonra etmək istədiklərinin əksinə, parçalamaq istəyirdi. Mənim, səbəbi heç kimə məlum olmayan şəkildə təcili yola düşməyim şübhə doğurmuşdu, Pombinoya gedən gəmiyə oturmaq istədiyim anda həbs olundum.

Faria, demək olar, ata nəvazişi ilə Dantesə baxaraq davam etdi:

– İndi, mənim əzizim, siz də ən azı mənim qədər məlumatlısınız. Nə vaxtsa birlikdə qaçarıqsa, sərvətimin yarısı sizindir; amma mən burada ölərəmsə, siz xilas olunarsınızsa, o tamamilə sizə məxsus olacaq.

Dantes tərəddüdlə etiraz etdi:

– Bəs bu xəzinənin bizdən başqa daha qanuni sahibi yoxdurmu?

– Xeyr, xeyr, rahat olun, bütün ailə dünyasını dəyişib; bundan əlavə sonuncu qraf Spada məni öz varisi təyin etmişdi; o bu məşhur dua kitabını mənə miras verərək onun içərisindəkiləri də mirasım olaraq göstərmişdi. Əgər bu var-dövlət bizə nəsib olsa, təmiz vicdanla ondan bəhrələnə bilərik.

– Siz isə bu xəzinənin i… ml… dəyərində qiymətləndirildiyini deyirsiniz?

– İki milyon Roma skudosu, bizim pulla on üç milyon.

Dantes məbləğin böyüklüyündən çəkinərək ucadan dedi:

– Ola bilməz!

– Nəyə görə ola bilməz? – Qoca etiraz etdi. – XV əsrdə Spadalar qədim və qüdrətli nəsillərdən biri hesab edilirdi. Lakin iri həcmli pul sövdələşmələrinin, sənayenin olmadığı bir dövrdə, qızıl və zinət əşyalarının toplanması adi hal idi; elə indi də Romada əllərini toxundura bilmədikləri başçı varisliyinə əsasən milyonlar dəyərində almaz və qiymətli daş-qaşlara sahib ola-ola acından ölən ailələr var.

Edmona elə gəlirdi, yuxu görür; sevinclə şübhə arasında qalmışdı.

Faria davam etdi:

– Mən uzun müddət bu sirri sizdən gizlətdim; əvvəla sizi sınamaq, ikincisi heyrətləndirmək istəyirdim. Ürəkkeçməmə qədər qaça bilsəydik, mən sizi Monte-Kristo adasına özüm aparardım. – O, dərin nəfəs alaraq əlavə etdi, – indi, siz məni aparacaqsınız. Dantes, bəs niyə mənə təşəkkür etmirsiniz?

Dantes dedi:

– Əzizim, bu sərvət təkcə sizə məxsusdur, mənim ona heç bir hüquqi haqqım çatmır; sizin qohumunuz deyiləm.

Yaşlı adam bağırdı:

– Siz mənim oğlumsunuz, Dantes! Siz mənim əsarət övladımsınız! Mənim mənsəbim nikaha girməyə yol vermir; allah ata ola bilməyən adamın və azad ola bilməyən məhbusun könlünü almaq üçün mənə sizi göndərib.

Faria bunu deyib sağlam əlini Edmona uzatdı; o, göz yaşları içində yaşlı adamı qucaqladı.

XIX. ÜÇÜNCÜ ÜRƏKKEÇMƏ

Rahib Farianın uzun müddət fikrini məşğul etmiş bu sərvət, indi onun üçün, oğlu kimi sevdiyi adamı xoşbəxt edə biləcəyinə görə, iki dəfə artıq dəyərli olmuşdu; hər gün bu tükənməz sərvət haqda danışır, Dantesə on üç-on dörd milyonluq bir sərvətlə müasir dünyada öz dostlarına necə yaxşılıq etməyin mənzərəsini izah edirdi; bu zaman Dantesin əhvalı pozulurdu; o, öz-özünə verdiyi andı xatırlayır, müasir dövrdə on üç-on dörd milyonla öz düşmənlərinə nə qədər pislik edə biləcəyi haqda düşünürdü.

Rahib Monte-Kristo adasının harda olduğunu bilmirdi, lakin Dantes o yeri əla tanıyırdı; o, tez-tez Pianozanın iyirmi beş mil məsafəsində olan, Korsika ilə Elba arasında yerləşən bu adanın yanından keçirdi, hətta bir dəfə orada dayanmışdı da. Monte-Kristo adası həmişə, elə indi də boş, adam yaşamayan bir ada olmuşdu; bu çox güman ki, dəniz dibindən vulkan püskürməsi nəticəsində su üzərinə çıxmış, konus şəkilli bir sıldırım qayalıq idi. Dantes rahibə adanın planını çəkir, Faria isə Dantesə xəzinəni tapmaq üçün məsləhətlər verirdi.

Lakin qoca rahibdən fərqli olaraq bu Dantes üçün o dərəcədə də əhəmiyyət kəsb etmirdi, ən başlıcası isə, o, rahibin əminliyini bölüşmürdü. Əlbəttə, indi Dantes Farianın dəli olmadığını anlayırdı, onun fərasəti hesabına dəlilik adı gətirən bu kəşfə görə Fariaya olan heyranlığı daha da artmışdı; eyni zamanda nə vaxtsa var olmuş bu xəzinənin indi də mövcud olduğuna inana bilmirdi. Dantes onun uydurma olduğunu hesab etməsə də, itdiyini güman edirdi.

Tale, sanki məhbusları sonuncu ümidlərindən də məhrum etmək, onlara ömürlük həbsə məhkum olduqlarını xatırlatmaq üçün, yeni bəlaya düçar etdi: uçmaq üzrə olan zahiri qalereyanı söküb yenidən tikdilər; özülü təmir edib Dantes tərəfindən yarıya qədər doldurulmuş deşiyin ağzını daşlarla bağladılar. Farianın məsləhəti ilə bu ehtiyat tədbirlərini görməsəydi, başlarına daha böyük bəlalar gələ bilərdi: qaçmağa hazırlaşmaqlarının üstü açılar, onları sözsüz bir-birindən ayırardılar. Beləliklə, yeni, əvvəlkindən daha möhkəm, daha amansız bir qapı da üzlərinə bağlandı.

Dantes sakit, kədərli-kədərli deyirdi:

– Sizə bu dərəcə bağlı olmağıma baxmayaraq, rəbbim bu işdə köməyinizə yetməyimi rəva bilmir. Həmişə yanınızda olacağıma söz vermişəm, indi də istər-istəməz sözümü tutmalıyam. Xəzinə nə mənə, nə də sizə çatacaq, biz buradan heç zaman çıxa bilməyəcəyik. Bununla belə, əziz dostum, əsl xəzinə məni Monte-Kristonun qaranlıq qayalıqları altında gözləyən sərvət deyil; sizin varlığınızdır, gözətçilərin olmasına baxmayaraq bizim gündəlik beş-altı saatlıq ünsiyyətimizdir, tərəfinizdən zəkamı aydınlaşdıran elmi fikirlərdir, sizin mənim yaddaşıma saldığınız və günü-gündən filoloji qol-budağı ilə inkişaf edən yad ləhcələrdir; bu sizin dərin biliyiniz sayəsində, əsas etibarı ilə də, aydın prinsiplərə qovuşdurduğunuz elmlərdir. Bax bununla mənə tam sərvət, həm də xoşbəxtlik vermisiniz, əziz dostum, budur mənim sərvətim. Mənə baxıb təsəlli tapın, bu, dolu çəlləkdən, almaz dolu sandıqdan daha yaxşıdır, hətta sübh tezdən dəniz üzərində gəzişən, uzaqdan bərk torpağa bənzəyən, yaxınlaşdıqca isə yox olan o şəffaf buludlar kimi olsa belə.

Mənim sərvətim; bacardıqca sizin yanınızda çox olmaq, səmimi, ürəkdən gələn səsinizi eşitmək, zəkamı maarifləndirmək, qəlbimi möhkəmləndirmək, özümü böyük ulu və dəhşətli işlərin həyata keçirilməsinə hazırlamaq, əgər qismətdə nə vaxtsa azadlığa çıxmaq varsa, məni sizinlə tanış olana qədər bürümüş ümidsizlikdən qurtara bilməkdir; bu xəyala gələn deyil, həqiqi zənginliyə görə sizə borcluyam, bütün dünyanın hökmdarları, hətta Bordjia sezarları olsalar belə, onu məndən ala bilməzlər.

Beləliklə, vaxt iki zavallı məhbus üçün xoş olmasa da, hər halda sürətlə keçirdi. Bu illər ərzində sərvəti haqda susmağa üstünlük verən Faria, indi durmadan bu haqda danışırdı. Onun güman etdiyi kimi sağ əli və ayağı iflic olmuş, beləliklə özünün xəzinədən istifadə etmək ümidini itirmişdi; lakin əvvəlki kimi gənc dostunun həbsxanadan azad olmasını arzulayır, yaxud oradan qaça biləcəyinə ümid edərək, əvəzinə sevinirdi. Vəsiyyətnamənin itəcəyindən ehtiyatlanan rahib, Dantesi onu əzbərləməyə məcbur etdi, Dantes onu birinci sözündən tutmuş son sözünədək əzbərlədi. Faria yazının birinci yarısının ələ keçəcəyi halda, onun mənasını başa düşə bilməyəcəklərinə əmin olaraq, yazının ikinci yarısını yandırdı. Bəzən Faria, saatlarla Dantesə azad ediləcəyi halda, xeyir gətirə biləcək göstərişlər verirdi. Dantes azad edildiyi gündən, saatdan, dəqiqədən başlayaraq yeganə bir fikirlə yaşamalı idi – nəyin bahasına olursa olsun Monte-Kristo adasına çatmaq, bir səbəblə, şübhə doğurmadan orada yalnız qalmaq üçün çalışmalı, sirli mağaraları taparaq göstərilən yeri qazmalıdır. Nişan verilən yer isə, bildiyimiz kimi, ikinci çalanın ən ucqar guşəsi idi.

Bu arada vaxt, hiss edilmədən olmasa da, hər halda birtəhər keçirdi. Dediyimiz kimi, Farianı iflic vurmasına baxmayaraq, şüuru əvvəlki kimi aydın, açıq, bir sözlə yerində idi, o, gənc dostuna əvvəl qeyd etdiyimiz kimi, mücərrəd elmlərlə yanaşı, az da olsa, məhbus üçün lazım olan səbr və məharətlə heç nədən nə isə yaratmağı öyrətməyə başladı. Onlar daima nə iləsə məşğul idilər, Faria qocalıqdan, Dantes isə demək olar, sönmüş, lakin gecə qaranlığında uzaqdan gələn işıq kimi, yaddaşının dərinliyində közərən keçmişi yada salmaqdan qorxurdu. Onların həyatı, fəlakətə tab gətirən və indi hikməti-ilahiyyə pəncərəsi altında sakit və ahənglə axan adamın həyatına bənzəyirdi.

Lakin bu zahiri sakitlik altında, gənc adamın, ola bilsin yaşlı adamın da qəlbində güclə sıxılmış ani hiddət yatırdı; ola bilsin, Edmon kamerasına qayıdanda və Faria yalnız qaldıqda, onların köksündən boğuq inilti qopurdu.

Bir dəfə gecə yarısı Edmon qəfildən yuxudan ayıldı; ona elə gəlirdi ki, kimsə onu çağırır. Bütün diqqətini cəmləşdirərək gecə qaranlığında baş verənləri görməyə çalışırdı.

Öz adını eşitdi, daha doğrusu, onun adını çəkmək istəyən, iniltili bir səs duydu.

Dantes çarpayısında dikələrək, qorxundan buz kimi donmuş halda dinləməyə başladı. Şübhə ola bilməzdi: inilti rahibin zirzəmisindən gəlirdi.

Dantes pıçıldadı:

– Aman rəbbim! Doğrudanmı? Ola bilərmi?…

O, çarpayını çəkib daşı çıxartdı, yeraltı keçidə atılaraq sonuna qədər süründü: tavan daşı qaldırılmışdı.

Qeyd etdiyimiz, əldə düzəldilmiş boşqabdan düşən közərən işıqda, yaşlı adamı gördü: o ölü kimi ağarmış halda, çarpayıdan tutaraq ayaq üstə dururdu. Sifəti, Edmona tanış olan və ilk gördüyündə belə onu qorxudan, nəhs əlamətlər üzündən eybəcər hala düşmüşdü.

Faria qısaca:

– Əzizim, siz başa düşürsünüz, – dedi. – Mənim izah etməyimə ehtiyac yoxdur.

Edmon kədərindən dəli olaraq qapıya atılıb bağırmağa başladı:

– Kömək edin! Kömək edin!

Faria çətinliklə də olsa, onun qolundan tuta bildi.

– Susun! Yoxsa məhv olarsınız. Yalnız sizin haqda düşünməliyik, məhbusluğunuzun bitməsi, ola bilsin, hətta qaçışınızın həyata keçməsi üçün nə etməli olduğumuzu düşünməliyik. Gözətçilər ünsiyyətimizdən xəbər tutsalar, burada qurduqlarımı anında dağıdacaqlar, sizin onu yenidən bərpa etməyiniz üçün illər lazım olacaq. Eyni zamanda, əzizim, narahat olmayın; tərk etdiyim kamera uzun müddət boş qalmayacaq; başqa bir zavallı məhbus məni əvəz edəcək. Siz onun yanına bir xilasedici mələk surətində gələcəksiniz. O da ola bilsin ki, sizin kimi gənc, güclü və səbirli olacaq, mən sizə mane olduğum halda, o bəlkə də sizə qaçmağa kömək edəcək. Siz artıq hərəkətlərinizi iflic edən, yarımcan adama bağlı olmayacaqsınız. Rəbbim sonunda, sizə rəhm edib; O sizə aldığından artığını qaytarır, ona görə də mənim artıq ölmək zamanımdır.

Edmon, bunun cavabında əllərini sinəsinə qoyub ucadan dedi:

– Əzizim, yalvarıram sizə, susun!

Sonra, qəfil zərbədən ayılan, yaşlı adamın sözlərindən ruhdan düşmüş Dantes, özünə gələrək ucadan dedi:

– Mən sizi bir dəfə xilas etmişəm, indi də xilas edərəm!

O, çarpayının ayağını qaldırıb, oradan içərisi üçdə biri qədər dərmanla dolu şüşəni çıxartdı.

– Baxın, budur, xilasedici şirə! Tez olun, tez olun mənə nə edəcəyimi deyin, göstərişinizi verin. Mənim əzizim, söyləyin, sizi dinləyirəm.

Faria başını buladı:

– Ümid qalmayıb, lakin fərqi yoxdur, insanı yaradan və onun qəlbini həyata bağlamaq üçün bu qədər sevgi ilə dolduran rəbbim, onun var olması üçün əlindən gələni əsirgəməyib, bəzən məşəqqətli, lakin inanılmaz dərəcədə dəyərli həyat verir.

Dantes uca səslə dedi:

– Bəli, bəli, sizi xilas edəcəyəm!

– Qoy belə olsun! Mənim bədənim artıq soyuyur; qanın başıma vurduğunu hiss edirəm; bu dişlərimi bir-birinə vuran, sümüklərimi inlədən titrəmə bütün bədənimi bürüyür: beş dəqiqədən sonra məndə ürəkkeçmə başlayacaq, on beş dəqiqədən sonra isə canımı tapşıracağam.

Dantes, ürək ağrısı ilə:

– Rəbbim! – deyə qışqırdı.

– Birinci dəfə olduğu kimi hərəkət edin, lakin ondakı kimi çox gözləməyin.

O, iflic vurmuş əlini və ayağını göstərərək davam etdi:

– Mənim bütün həyatverici gücüm tükənib, işin yalnız yarısı qalıb. Bu mayedən bu səfər on damla əvəzinə, iyirmi damla ağzıma damızdırarsınız, görsəniz ki, özümə gəlmirəm, onda yerdə qalanın hamısını damızdırın. İndi mənə uzanmağa kömək edin, daha ayaq üstə dura bilmirəm.

Edmon yaşlı adamı qucağına alıb çarpayısına uzatdı.

Faria dedi:

– Əzizim, siz mənə Tanrının, gec də olsa, göndərdiyi, məhv edilmiş həyatımın yeganə sevincisiniz, bu qiymətsiz hədiyyə üçün ona təşəkkür edirəm. Layiq olduğunuz xoşbəxtlik arzusuyla sizdən əbədi ayrılıram. Mənim oğlum, sizi yaradana əmanət edirəm!

Gənc yaşlı adamın sözünü yarımçıq qoydu. Dantes başını qaldırıb rahibin gözlərinin qanla dolduğunu gördü. Adama elə gəlirdi, qan axını onun sinəsindən başına vurur.

– Salamat qalın! Salamat qalın! – Qoca Dantesin əlindən tutaraq pıçıldadı, – salamat qalın!

O ucadan dedi:

– Xeyr! Xeyr! Bizi tərk etməyin, rəbbim, ona kömək ol!… Kömək edin!… Kömək edin!…

Can verən adam kəkələdi:

– Susun, məni xilas edə bilsəniz belə, bizi ayırarlar!

– Doğru deyirsiniz. Sakin olun, mən sizi xilas edəcəyəm! Siz çox əzab çəkirsiniz, lakin mənə elə gəlir, bunu birinci dəfəkindən daha yüngül keçirirsiniz.

– Siz səhv edirsiniz: artıq əzab çəkməyə gücüm qalmayıb deyə az əzab çəkirəm. Sizin yaşlarda insan həyata inanır, inanmaq və ümid etmək – gənclik imtiyazıdır. Lakin qocalıq ölümü daha aydın görür. Budur o!… Yaxınlaşır!… Əlbəttə!… Gözlərim qaralır!… Huşum qarışır!… Dantes, əlinizi verin!… Əlvida!… Əlvida!… – O, var qüvvəsini toplayaraq axırıncı dəfə dikəlib, – Monte-Kristo! Yadınızda saxlayın: Monte-Kristo, – pıçıldayaraq çarpayının üzərinə düşdü.

Ürəkkeçmə çox qorxunc idi: bir dəqiqə bundan əvvəl burada uzanan şüurlu varlıqdan qıcanmış bədən üzvləri, şişmiş göz qapaqları, qanlı köpük və hissiyyatsız bir bədən qalmışdı.

Dantes işıq olan boşqabı götürüb yatağın baş tərəfində divardan çıxan daşın üzərinə qoydu; közərən işığın əksi, eybəcər hala düşmüş sifətə və donmuş, nəfəssiz bədənin üzərinə vururdu.

Dantes, donmuş baxışlarını onun üzərinə yönəldərək, xilasedici vasitənin işlədilməsi üçün lazım olan anı gözləyirdi.

Nəhayət, Dantes bıçağı götürüb onun dişlərini ayıraraq məhluldan iyirmi damla ağzına damızdırıb gözləməyə başladı, bu dəfə rahibin dişləri ötən dəfəkindən daha rahat açıldı; şüşədə, ağıza damızdırıldığından iki dəfə artıq məhlul qalmışdı.

O, on dəqiqə, on beş dəqiqə, yarım saat gözlədi, Faria tərpənmirdi. Dantes bədəninin əsdiyini, tüklərinin başında dikəldiyini, alnını tər basdığını hiss edib ürək döyüntüsü ilə saniyələri saymağa başladı.

Axırıncı vasitədən istifadə etmək qərarına gəldi; şüşəni rahibin göyərmiş dodaqlarına yaxınlaşdıraraq, qalan məhlulun hamısını onun açılmış ağzına tökdü.

Məhlul qalvanik təsir göstərdi: dəhşətli titrəmə yaşlı adamın bədəninin ayrı-ayrı hissələrini titrədib, gözlərini hədəqədən çıxartdı, sonra qışqırığa bənzər səslə köksünü ötürüb, astaca əsib dondu. Onun yalnız gözləri açıq qaldı.

Yarım saat, bir saat, saat yarım keçdi. Bu əzabverici saat yarım ərzində, Edmon dostunun üzərinə əyilib, əlini onun ürəyinə qoyaraq, rahibin bədəninin soyumasını, ürək döyüntüsünün başadüşülməz, boğunuq olmasını və tədricən sönməsini hiss etdi.

Nəhayət, hər şey bitdi. Onun ürəyi sonuncu dəfə titrədikdən sonra, sifəti göyərdi; gözləri açıq qalsa da, baxışları sönmüşdü.

Səhər saat altı idi, dan yeri sökülürdü, günəşin solğun şüaları kameraya daxil olaraq, boşqabdakı sönmək üzrə olan alovla mübarizə aparırdı. İşığın parıltıları cənazənin üzünə vururdu, bəzən adama elə gəlirdi, o diridir. İşıqla qaranlığın mübarizə etdiyi zaman ərzində Dantes hələ də şübhə edirdi, lakin işıq qalib gəldikdə qarşısındakının meyit olduğunu yəqinləşdirdi.

Bu zaman onu qarşısıalınmaz dəhşət bürüdü; yataqdan düşən bu əli sıxmağa cürət etmir, hər cəhdlə qapatmaq istədiyi, lakin bacarmadığı, donmuş və ağarmış gözlərə baxmağa cürət etmirdi. Edmon, boşqabdakı alovu söndürüb, yaxşıca gizlətdi, başının üzərindəki tavan daşını bacardığı qədər yaxşı bağlayıb, oradan uzaqlaşdı.

Bununla belə gecikmək də olmazdı; tezliklə gözətçi gəlməli idi.

Bu dəfə o, yoxlamanı Dantesdən başladı; buradan ayrılan yemək və paltarı götürərək, rahibin kamerasına getməyi düşünürdü.

Gözətçinin baş verənlərdən xəbəri olub-olmadığını müəyyənləşdirmək mümkün olmurdu. O, çıxdı.

Bu zaman Dantes, zavallı dostunun kamerasında nə baş verəcəyini öyrənmək arzusu hiss etdi; yenidən yeraltı keçidə girərək gözətçinin köməyə çağırış harayını eşitdi.

Tezliklə digər gözətçilər də gəldilər; sonra, əsgərlərin hətta düzülüşdə olmadıqları zamanlar yeridikləri ağır və ölçülü addım səsləri gəldi. Əsgərlərin ardınca komendant içəri daxil oldu.

Edmon, meyiti çevirdikləri zaman, çarpayıdan gələn cırıltı səsini eşidirdi. O, komendantın meyitin üzünə su səpmə əmrini, özünə gəlmədiyini görüb, həkim dalınca göndərildiyini eşitdi.

Komendant çıxdı və Edmon, təəssüfedici sözlərlə yanaşı, istehzalar və qəhqəhə səsləri də eşitdi. Onlardan biri deyirdi:

– Budur, dəli öz sərvətinin yanına yollandı; yaxşı yol!

Digəri deyirdi:

– Milyonları olmasına baxmayaraq, kəfən almağa da pulu olmayacaq.

Üçüncü etiraz etdi:

– İf qalasında kəfən çox bahadır.

– Ola bilsin, onun xətrinə bir az ucuz edərlər, necə olmasa dindar adamdır.

– Bu halda onu çuvalla mükafatlandırarlar.

Edmon, bircə söz ötürmədən dinləyirdi, lakin bundan çox az şey anladı. Tezliklə səslər kəsildi və ona elə gəldi, hamı kameradan çıxdı.

Dantes kameraya qalxmağa cürət etmədi, orada meyiti qorumaq üçün gözətçi saxlaya bilərdilər.

Buna görə də yerində qalıb tərpənmədən və nəfəs almadan dinləməyə davam edirdi.

Bir saatdan sonra səs yenə eşidildi.

Komendant bir neçə zabit və həkimin müşahidəsi ilə kameraya qayıtdı.

Bir anlığa hər şey kəsildi. Görünür, həkim yatağa yaxınlaşıb meyitə baxış keçirirdi.

Sonra suallar yağmağa başladı. Həkim məhbusa baxış keçirərək öldüyünü bildirdi.

Sual və cavablarda Dantesi qəzəbləndirən bir etinasızlıq var idi. Ona elə gəlirdi, hamı zavallı rahibə, onun qəlbdən gələn bağlılığının, heç olmazsa, cüzi bir hissəsini hiss etməlidir.

Komendant həkimin verdiyi məlumata əsasən dedi:

– Qocanın ölümünə çox təəssüf edirəm, o, qərəzsiz və mülayim məhbus idi. Ən başlıcası isə hamını əyləndirirdi, üstəlik ona baxmaq elə də çətinlik yaratmırdı.

Gözətçi əlavə etdi:

– Ona heç baxmaq da tələb olunmurdu. Burda əlli il də otursaydı, sizi əmin edirəm, heç bir dəfə də olsun, qaçmağa cəhd göstərməzdi.

Komendant dedi:

– Hər halda sizin əmin etməyinizə baxmayaraq, sizin məlumatlarınıza şübhə etməsəm də, məhbusun doğrudan da öldüyünə əmin olmağım lazımdır.

Ortaya tam bir sükut çökdü; Dantes, onları diqqətlə dinləyərək belə qərara gəldi ki, həkim bir daha meyitə baxıb, əli ilə yoxlayır. Nəhayət, onun səsi gəldi:

– Sakitləşə bilərsiniz, sizə zəmanət verirəm, o, ölüb.

Komendant etiraz etdi:

– Lakin siz bilirsiniz, bu kimi hallarda yalnız baxışla kifayətlənmirik; odur ki, görünən əlamətlərə baxmayaraq, qanunla tələb olunan rəsmiyyətləri yerinə yetirin.

Həkim dedi:

– Onda nə etmək olar, dəmiri qızdırın, lakin bu doğrudan da artıq ehtiyat tədbiridir.

Dantes, dəmir qızdırmaq söhbətini eşidəndə, diksindi.

Tələsik addım səsləri, qapı cırıltısı, yenidən addım səsləri gəldi, bir neçə dəqiqədən sonra gözətçi dedi:

– Bu da sizə dəmirlə manqal.

Yenidən sükut çökdü; sonra yandırılan bədənin çatırtısı eşidildi, hətta Dantesin gizləndiyi divardan keçən ağır, dözülməz bir qoxu hiss edildi. Yanmış insan ətinin qoxusunu hiss edən Dantesi soyuq tər basdı, ona elə gəldi, indicə huşunu itirəcək.

Həkim dedi:

– İndi görürsünüzmü, o, ölüdür. Daban dağlaması ən inandırıcı sübutdur. Zavallı dəli, dəlilikdən müalicə olub zirzəmidən çıxdı.

Komendantı müşahidə edən zabitlərdən biri soruşdu:

– Onun adı Faria idi?

– Bəli, o, bizi qədim ailələrdən birinin nümayəndəsi olmağa inandırmaq istəyirdi. Bir sözlə, bu adam həddindən artıq savadlı, sərvətilə bağlı söhbətləri çıxmaq şərti ilə, qalan işlərdə çox anlayışlı adam idi. Lakin bu mənada dözülməz olduğuyla da razılaşmalıyıq.

Həkim dedi:

– Bu bizim monomaniya adlandırdığımız xəstəlikdir.

Komendant rahibə yemək gətirən gözətçidən soruşdu:

– Siz heç ondan şikayətlənmişdinizmi?

Gözətçi cavab verdi:

– Heç zaman, cənab komendant, qətiyyən; əksinə, o, əvvəllər müxtəlif əhvalatlar danışaraq məni əyləndirirdi; hətta arvadım xəstələndikdə ona dərman yazıb sağaltdı.

Həkim dedi:

– Belə de! Mən heç bilmirdim, həmkarımla iş aparıram. – Gülə-gülə əlavə etdi, – inanıram ki, cənab komendant, onunla nəcib davranacaqsınız.

– Bəli, bəli, rahat ola bilərsiniz, tapılsa, yeni bir çuvala qoyulub bağlanacaq. Razı qaldınızmı?

Gözətçi soruşdu:

– Cənab komendant, bunu sizin iştirakınızla yerinə yetirməyi əmr edəcəksiniz?

– Əlbəttə. Lakin tələsin, bütün günü bu kamerada ayaq üstə qalmaq fikrində deyiləm.

Yenidən dala-qabağa hərəkət başladı; tezliklə Dantes, kətan xışıltısı eşitdi, çarpayı cırıldamağa başladı, ağırlıq qaldıran adamın yüklənmiş ayaq səsləri eşidildi, sonra yenə çarpayı cırıldadı.

Komendant dedi:

– Axşama qədər.

Zabitlərdən biri soruşdu:

– Meyitin üstündə dua da oxunacaqmı?

Komendant cavab verdi:

– Bu mümkün deyil. Dünən həbsxana keşişi Qyerə getmək üçün bir həftəlik icazə alıb. Mən bu həftə üçün ona məhbuslara görə zamin olmuşam. Əgər zavallı rahib belə tələsməsəydi, ona yaxşı bir ölü duası oxutdurardıq.

Həkim sərbəst düşüncəli adam kimi dedi:

– Qorxusu yoxdur, o inanclı adamdır; rəbbimiz onun yüksək mənsəbinə hörmət edər və cəhənnəmə rahibi qəbul etmək sevinci yaşatmaz.

Bu şit zarafatdan sonra güclü qəhqəhə səsi eşidildi.

Bu müddət ərzində meyidi çuvala qoyurdular. Hər şey bitdikdən sonra komendant dedi:

– Axşama qədər!

Gözətçi soruşdu:

– Saat neçədə?

– Saat onda, on birdə.

– Meyitin yanında gözətçi qoyaqmı?

– Nəyə görə? Sağ adam kimi qapısını bağlayın, vəssalam.

Sonra addım səsləri uzaqlaşdı, səslər boğunuq gəlməyə başladı, qapının sərt bağlanma və sürmənin cırıltı səsləri gəldi; kədər doğuran sakitlik, tənhalıq deyil, ölüm sakitliyi Edmonun buz bağlamış qəlbi başda olmaqla, hər tərəfi bürüdü.

Dantes, başı ilə tavan daşını ağır-ağır qaldırıb sınaq məqsədi ilə kameraya göz atdı.

Ora boş idi. Dantes yeraltı keçiddən çıxdı.

XX. İF QALASININ QƏBİRİSTANI

Dumanlı səhərin həbsxana pəncərəsindən düşən çox zəif işığında, çarpayı üzərində, kobud kətandan hazırlanmış çuval içərisində, uzun, hərəkətsiz bədənin ümumi təsəvvürünü sezmək olardı; bu, gözətçilərin sözlərinə görə, rahibin çox ucuz kətandan olan kəfəni idi.

Beləliklə, hər şey bitmişdi. Dantes artıq fiziki olaraq öz yaşlı dostundan ayrılmışdı. O, artıq Farianın sanki ölümün o biri üzünü görmək üçün, açıq qalmış gözlərinə baxa bilmir, onun önündə dünya sirlərini bağlayan pərdəni qaldıran əlləri sıxa bilmirdi. Dantesin belə qüvvətlə bağlandığı təcrübəli, qayğıkeş dostu Faria, artıq yalnız onun xatirələrində yaşayırdı. O, kədərlə yatağının baş tərəfində oturub dərin, çarəsiz fikrə daldı.

Tənhalıq! Yenə tənhalıq! Yenə səssizliklə əhatə olunma, yenə yoxluqla üzbəüz!

Tənha! Artıq səni həyata bağlayan adamı görməmək, eşitməmək! Faria kimi Tanrıdan bu həyatın sirrini soruşmaq, bunun üçün əzabverici, qorxulu məqamlardan keçmək yaxşı olmazdımı?

Dostu tərəfindən tərk edilərək, onun iştirakı ilə rədd edilmək, Farianın meyiti yanında görünən xəyal kimi onda yenidən intihar fikri oyatdı.

– Ölməyi bacara bilsəydim, Farianın arxasınca gedib, onu görə bilərdim. Lakin necə ölmək olar? – O, gülümsəyərək davam etdi, – ondan asan nə var? Mən burada qalıb, kameraya ilk girənin üzərinə atılıb, onu boğaram, məni də edam edərlər.

Lakin güclü kədər hiss etdiyin zaman, uçurum güclü tufanlarda olduğu kimi, dalğaların iki darağı arasında yatır; Dantes, rüsvayçı ölümdən dəhşətə gələrək, qəfil ümidsizlikdən şiddətli həyat və azadlıq coşqusu yaşamağa başladı.

Ucadan dedi:

– Ölmək? Xeyr! Ölmək üçün bu qədər yaşayıb əzab çəkməyə dəyməzdi. Ölmək! Mən bunu, uzun illər əvvəl, qərar qəbul etdiyimdə də edə bilərdim; lakin indi uğursuz taleyimin tərəfində olmaq istəmirəm. Xeyr, mən yaşamaq; sonadək mübarizə aparmaq; əlimdən alınan xoşbəxtliyi geri qaytarmaq istəyirəm! Ölməzdən əvvəl mənə qarşı cəlladlıq edənləri cəzalandırmalıyam, bəlkə, kim bilir, bəzi dostlarımı isə mükafatlandırmalıyam. Lakin məni burada, həbsxanada unudublar, mən buradan yalnız Faria kimi çıxacağam.

Bu sözlər onu özünə baxıb ağlına qəfil, lakin qorxulu fikir gələn adam kimi, donub qalmasına səbəb oldu. O, başı hərlənən adam kimi dik qalxıb əlini alnına qoydu, kamerada dolaşıb, çarpayının yanında dayandı.

Dantes pıçıldadı:

– Bu fikri kim mənə təlqin etdi? Ya rəbbim, sənmi? Əgər buradan yalnız meyitlər çıxırsa, onda meyitin yerini tutaram.

Heç nə düşünməməyə çalışaraq, tələsik, fikirləşmə ümidsizliyindən, ehtiyatsızlığa mane olmasın deyə, əyilərək rahibin bıçağı ilə qorxunc çuvalın ağzını sökdü, meyiti çuvaldan çıxarıb öz kamerasına keçirərək çarpayısının üzərinə qoydu, özünün adət etdiyi kimi meyitin başını əski ilə bağlayıb öz ədyalı ilə üstünü örtdü, axırıncı dəfə dostunu alnından öpüb, əvvəlki kimi, mənasız, qorxunc baxışla baxan gözlərini qapatmaq istədi, meyitin üzünü divara çevirdi ki, gözətçi şam yeməyi gətirdikdə, məhbusun yatdığını zənn etsin: sonra yeraltı keçidə enib çarpayını divarın yanına çəkib, rahibin kamerasına qayıtdı, gizli yerdən iynə-sap çıxartdı, kətanın altında çılpaq bədən hiss edilsin deyə, əynindəki köynəyi çıxarıb çuvalın içinə girərək, meyitin əvvəlki vəziyyətini aldı və içəridən tikiş yerlərini yenidən bərkitdi.

Əgər bədbəxtlikdən bu anda kimsə içəri girsəydi, ürək döyüntüsü Dantesi ələ verərdi.

O, bunu gözləyib axşam yoxlamasından sonra da edə bilərdi. Lakin komendantın fikrini dəyişməsindən, meyiti müəyyən edilmiş vaxtdan tez çıxarmağa göstəriş verməsindən qorxurdu. Belədə sonuncu ümid də itirilmiş olardı.

Ya elə, ya da belə, – qərar qəbul edilmişdi. Onun planı belə idi.

Qəbiristana qədər olan yolda qəbir qazanlar canlı adam apardıqlarını başa düşsəydilər, Dantes, onlar özünə gəlmədən güclü bıçaq zərbəsi ilə çuvalı başdan ayağa cırıb qarışıqlıqdan istifadə edib qaçacaqdı. Onu tutmaq istəsələr, bıçağı işə salacaqdı.

Onu qəbiristana aparıb basdırsalar, üstünü torpaqla örtmələrinə imkan verəcəkdi. Məsələ gecə baş verəcəyindən, qəbir qazanlar gedər-getməz, yumsaq torpağı əli ilə qazıyıb qaçmağı düşünürdü. Dantes ümid edirdi ki, torpağın ağırlığı gözlədiyindən ağır olmaz, onu qaldıra biləcək gücdə olar. Əgər səhv etmiş olsa və torpaq gözlədiyindən çox ağırsa, lap yaxşı, boğular: bununla da hər şey bitər.

Dünəndən Dantes heç nə yeməmişdi, lakin səhər olmağına baxmayaraq aclıq hiss etmirdi, indi də heç o haqda düşünmürdü. Onun vəziyyəti o dərəcədə qorxulu idi ki, fikrini başqa heç nə üzərində cəmləşdirə bilmirdi.

İlk təhlükə ondan ibarət idi ki, gözətçi axşam saat yeddidə şam yeməyi gətirdikdə, dəyişikliyi sezə bilərdi. Xoşbəxtlikdən çox vaxt gah yorğunluqdan, gah da sıxıntıdan, Dantes yeməyi uzandığı yerdə gözləyirdi; bu halda, gözətçi adətən bir söz demədən, şorba və çörəyi masanın üzərinə qoyub çıxırdı.

Lakin bu səfər gözətçi adətinə zidd olaraq Danteslə danışa, onun cavab vermədiyini görüb yatağa yaxınlaşaraq yalanı aşkarlaya bilərdi.

Saat yeddi yaxınlaşdıqca Dantesin qorxusu daha da artırdı. Əlini sinəsinin üstünə qoyaraq ürəyinin döyüntüsünü sabitləşdirməyə çalışırdı, digər əli ilə də üzündən sel kimi axan təri silirdi. Bəzən titrəmə onun bədənini bürüyür, ürəyi buz mancanağındakı kimi sıxılmağa başlayırdı. Ona elə gəlirdi ki, ölür. Lakin vaxt keçir, qalada sakitlik hökm sürürdü, Dantes ilk təhlükənin sovuşduğunu başa düşdü. Bu yaxşı əlamət idi. Nəhayət, komendantın müəyyən etdiyi saatda, pilləkəndə addım səsləri eşidildi. Edmon, çoxdan gözlədiyi anın çatdığını anladı, bütün cəsarətini toplayıb nəfəsini dayandırdı; nəfəsini ürək döyüntüsü kimi gizlədə bilmədiyi üçün təəssüflənirdi.

Addım səsləri qapının önündə kəsildi. Dantes, qoşa ayaq səsi eşidib dalınca iki qəbir qazan gəldiyini başa düşdü. Onun bu gümanı döşəməyə qoyulan xərək səsini eşitdikdə, əminliyə döndü.

Qapı açıldı, o, kətanın altından çarpayısına yaxınlaşan iki kölgə sezdi. Üçüncüsü əlində fənər, qapının ağzında durmuşdu. Qəbir qazanlar hərəsi bir ucundan çuvalı götürdülər.

Onlardan biri Dantesi başından qaldıraraq dedi:

– Belə arıq, yaşlı adamcığaz olasan, həm də belə ağır gələsən.

O biri ayağından götürərək dedi:

– Deyirlər, hər il sümüklərin çəkisi yarım fut artır.

Birinci soruşdu:

– Düyünü hazırlamısan?

İkinci cavab verdi:

– Artıq yük nəyə lazımdır, orada hazırlayaram.

– O da düzdür; gedək.

Dantes düşündü: “Bu nə düyündü belə?”

Saxta meyiti çarpayıdan götürüb xərəyə tərəf apardılar. Edmon, qurumuş bədənə oxşasın deyə əzələlərini gərdi. Onu xərəyə qoyub gözətçinin saldığı fənər işığında pilləkəndən enərək getməyə başladılar.

Qəfildən təzə və büzüşdürücü gecə havası Dantesi vurdu; o, şimal-qərb küləyini hiss etdi. Bu gözlənilməz hiss nəşə və həyəcanla dolu idi.

Yük daşıyanlar iyirmi addım gedib sonra dayandılar və xərəyi yerə qoydular.

Onlardan biri kənara çəkildi və Dantes tavan daşları üzərində onun ayaqqabı səslərini eşitdi.

“Mən hardayam?” – deyə düşünürdü.

Dantesin yanında olan qəbir qazan xərəyin kənarında oturaraq dedi:

– Bilirsən, bu nə isə çox ağırdır.

İlkin olaraq Dantes, çuvaldan azad olmağı düşündü, lakin xoşbəxtlikdən, özünü saxlaya bildi. Kənardakı yükdaşıyan dedi:

– Düzünü desək, axmağam, çünki heç zaman mənə lazım olanı tapa bilmirəm.

Əmrin kobud formada ifadə olunmasına baxmayaraq, əlində fənər olan adam əmrə tabe oldu.

Dantes düşünürdü: “Görəsən o, nə axtarır? Yəqin, bel”.

Sevincli qışqırıq səsi, qəbir qazanın axtardığını tapdığından xəbər verirdi.

İkinci dedi:

– Nəhayət, güclə olsa da.

Birinci cavab verdi:

– Nə olsun, onun tələsəcəyi yer yoxdur.

Bu sözlərlə Edmona yaxınlaşıb onun yanına ağır, bərk bir əşya qoydu. Həmin vaxtda da onun ayaqlarını kəndirlə möhkəm bağladılar.

İkinci qəbir qazan soruşdu:

– Nə oldu, bağladın?

O birisi cavab verdi:

– Əla şəkildə! Səhvsiz.

– Yaxşı, irəli!

Xərəyi qaldıraraq irəli hərəkət etdilər. Əlli addım gedib dayandılar, hansısa qapını açıb yenidən irəli getdilər. Yük daşıyanlar irəli getdikcə, Dantes, üzərində yüksələn qalanın qayalarına çırpılan dalğaların səsini, daha aydın eşidirdi.

Yük daşıyanlardan biri dedi:

– Hava da pisdir! Belə havada dənizdə olmaq da pisdir!

O biri dedi:

– Bəli! Rahib islanmasa yaxşıdır.

Sonra ikisi də ucadan qəhqəhə çəkdi.

Dantes zarafatı başa düşmədi, onun tükləri biz-biz oldu.

Birinci dedi:

– Budur, gəldik çatdıq.

O biri etiraz etdi:

– İrəli, irəli, yadından çıxıb, keçən səfər o, uçub yerinə çatmadı, daşların üzərinə düşüb dağıldı, ertəsi günü isə komendant bizi avara adlandırdı.

Onlar yuxarıya tərəf daha beş-altı addım qalxdılar; sonra Dantes hiss etdi ki, onu başından və ayağından götürərək, yırğalayırlar.

Qəbir qazan dedi:

– Bir! İki! Üç!

Həmin anda Dantes ölçüyə gəlməz bir boşluğa atıldığını, yaralı quş kimi havanı yararaq qorxudan buz bağlamış ürəklə dəhşətli bir vəziyyətdə düşdüyünü hiss etdi. Ayağına bağlanmış ağır yük, onu aşağı dartaraq sürətini artırsa da ona elə gəlirdi, uzun müddətdir, aşağı düşür. Nəhayət, qulaqbatırıcı səslə ox kimi suya sancıldı, bağırmaq istəyirdi ki, boğazına su doldu.

Dantesi dənizə tullamışdılar, ayağına bağlanmış otuz altı futluq mərmi onu dənizin dibinə çəkirdi.

İf qalasının qəbiristanı – dəniz.

XXI. TİBULEN ADASI

Dantes qulağı batmış, nəfəsi kəsilmiş halda olsa da, nəfəsini tutmağı unutmamışdı; və o sağ əlində bıçağı hazır saxladığından cəld çuvalı yırtıb əlini, sonra da başını çıxartdı; hər cəhdlə qumbaranı açmağa çalışsa da, o Dantesi suyun dibinə çəkməyə davam edirdi; onda Dantes, əlləri ilə ayaqları bağlanan kəndiri axtarıb taparaq, boğulmağa başladığı an, son bir həmlə ilə onu kəsdi; qumbara az qala Dantesin kəfəni olacaq o qalın toxunuşlu kətanı suyun dibinə çəkməyə davam etdiyi vaxt, o ayaqları ilə təkan verərək suyun üzərinə çıxdı.

Dantes yalnız bir dəfə nəfəsini dərib yenidən suya daldı, çünki o hər şeydən çox onu görməklərindən qorxurdu.

İkinci dəfə o suyun üzünə çıxdıqda, düşdüyü yerdən ən azı əlli addım aralanmışdı; o səmada, başı üzərindən sürətlə keçib gedən, bəzən ayrılaraq yaranan kiçik mavi guşələrdən, sayrışan ulduzları göstərən, şimşək çaxan, qara dolu buludları gördü; onun qarşısında qaranlıq, coşqun, geniş dəniz sahəsi açılmışdı, üzərində isə dolu xəbərçisi olan dalğalar qaynaşırdı, arxada sanki qorxulu xəyala bənzər, dənizdən, səmadan qara nəhəng qranit bir şey və onun şikarı qaçırmış uzanan ələ bənzər, qara dolamaçarx yüksəlirdi; ən uca sıldırım qayada, fənərin sayrışan işığı iki kölgəni işıqlandırırdı.

Dantesə elə gəlirdi ki, hər iki kölgə narahat halda dənizə tərəf əyilib. Bu qəribə qəbir qazanlar, çox güman ki, o düşərkən çıxardığı qışqırıq səsini eşitmişlər. Ona görə də Dantes, yenidən suya dalıb üzməyə davam etdi. Vaxtı ilə, bu üsul ona yaxşı tanış idi və Faro limanında onun ətrafına dəfələrlə Marselin ən mahir üzgüçüsü adlandıran çoxlu pərəstişkarını toplayırdı.

O suyun üzərinə çıxanda, fənər artıq yox olmuşdu. Dantes ətrafına göz gəzdirməyə başladı. İf qalasını əhatə edən adalardan ən yaxını Patonno və Pomeq adaları idi; lakin Patonno və Pomeq məskunlaşmış adalardır, Dom adası da kiçik olmasına baxmayaraq, məskunlaşmışdır, buna görə də ən etibarlı Tibulen və Lemper adaları idi; onların hər ikisi İf qalasından bir mil məsafədə idi.

Buna baxmayaraq Dantes, onlardan birinə üzərək çatmağa qərar verdi. Lakin saniyə-saniyə daha da qaranlıqlaşan, gecənin bu qaranlığında, onları necə axtarıb tapmaq olar?

– Elə bu zaman o ulduz kimi parlayan Plane mayakını gördü. Düz mayakın üzərinə üzərək, o Tibulen adasını azacıq sol tərəfdə saxlayırdı. Deməli bir az sol tərəflik üzsə, ada onun yolunun üstündə olacaq.

Lakin qeyd etdiyimiz kimi, İf qalası bu adanın ən azı bir mil məsafəsində idi.

Faria, həbsxanada Edmonun tənbəllik və ümidsizliyə qapandığını görərək dəfələrlə deyərdi: “Dantes, hərəkətsizlikdən qorxun, əgər öz gücünüzü məşq elətdirməsəniz, xilas olunmağa çalışarkən, siz boğularsınız”.

İndi, suyun ölümcül ağırlığını hiss etdikdə, Dantes yaşlı adamın bu məsləhətini xatırladı; o tələsik suyun üzərinə çıxıb, əvvəlki qüvvəsini saxlayıb-saxlamadığını yoxlamaq üçün, üzərək dalğaları yarmağa başladı; o sevinərək əmin oldu ki, məcburi hərəkətsizlik dözümlüyünü və çevikliyini heç də azaltmamışdı və hiss etdi ki, uşaqlıqdan alışdığı bu şəraiti yenə bacarıqla idarə edir.

Bir də ki daima onu təqib edən qorxu hissi Dantesin gücünü iki qat artırırdı. Dalğaları yara-yara o, şübhəli səsin gəlib-gəlmədiyinə qulaq asırdı. Hər dəfə, dalğanın darağının üzərinə qalxanda o cəld üfüqə nəzər salır, qatı dumanın daxilini görməyə cəhd edirdi. Digərlərindən yüksəyə qalxan hər bir dalğa, ona, təqib edən bir qayıq kimi görünürdü; bu zaman o daha tez-tez üzərək əlbəttə ki, məsafəni qısaldırdı, lakin bununla yanaşı bu onun qüvvəsini də tükədirdi.

Beləliklə bir saat keçdi, bu müddət ərzində azadlıq hissi ilə ruhlanmış Dantes, müəyyənləşdirilmiş istiqamətdə dalğaları yarmağa davam edirdi.

O öz-özünə deyirdi, “bir saata yaxındır ki, mən üzürəm, lakin külək əlverişli olmadığından, ola bilsin ki, mən sürətimin dörddə birini itirmişəm. Hər halda, əgər mən istiqaməti itirməmişəmsə, onda çox güman ki, artıq mən Tibulen yaxınlığındayam. Əgər mən istiqaməti itirmişəmsə!..”.

Üzgüçünün canına titrəmə düşdü. O yorğunluğunu almaq üçün arxası üzərinə uzanmaq istədi; lakin dəniz get-gedə coşurdu və o tezliklə başa düşdü ki, yorğunluğunu almaq mümkün olmayacaq.

– Nə etmək olar, – dedi, – bacardığım qədər, əlim yorulana qədər, çəng olana qədər üzərəm, sonra da bataram!

O, güc və ümidsizlik inadı ilə üzməyə davam etdi. Birdən ona elə gəldi ki, onsuz da qara olan bulud, daha da qaralmağa başlayır, qatı, ağır, sıx bulud onun başının üstünü alır; elə bu zaman o dizində güclü bir ağrı hiss etdi. Xəyalı anında bunun güllə zərbəsi olduğunu və indi o atəş səsi eşidəcəyini söylədi; lakin atəş olmadı. Dantes, əlini uzadıb suyun altını yoxlayaraq, əlinin bərk bir şeyə dəydiyini hiss etdi. O ayaqlarını qatlayaraq onun torpağa dəydiyini hiss etdi. İndi o başa düşdü ki, nəyi bulud olaraq zənn edib. Onun iyirmi addımlığında, gur, aydın, parlaq alovlandığı vaxt, qəfildən daşlaşmış nəhəng tonqala bənzər bir qalaq qəribə sıldırım qaya yüksəlirdi. Bu Tibulen adası idi. Dantes ayağa qalxıb, bir neçə addım etdi və allaha dua edib, bu anda, ən yumşaq yataqdan ona daha yumşaq gələn qranit qayalar üzərinə sərildi.

Sonra o küləyə, tufana, başlayan yağışa baxmayaraq, bədəni keyləşən, lakin qəlbi gözlənilməz xoşbəxtlikdən sayıq adam kimi şirin yuxuya getdi.

Bir saatdan sonra, Edmonu güclü ildırım gurultusu oyandırdı. Tufan şiddətlənərək qanadlarını gah dənizə, gah da səmaya çırpırdı. İldırım od püskürən adam kimi dalğaları və buludları işıqlandırırdı.

Təcrübəli dənizçinin gözü yanılmamışdı. Dantes iki adanın birincisinə yan almışdı. Bu, Tibulen adası idi. Dantes bilirdi ki, bura bir dənə də olsun, sığınacağı olmayan, açıqlıq və çılpaq sıldırım qayalıqlı bir məkandır. Lakin o zənn edirdi ki, tufan sakitləşər və o dənizə atılıb üzərək bunun kimi vəhşi, lakin daha geniş, deməli daha qonaqpərvər Lemer adasına çatar.

Sallaq qaya, Dantesə müvəqqəti sığınacaq yeri oldu; o qayanın altında gizləndi və demək olar ki, elə həmin anda şiddətli tufan qopdu.

Edmon, altında gizləndiyi qayanın necə silkələndiyini hiss edirdi. Bu nəhəng qayanın ətəklərində parçalanan dalğa damcıları onun üzərinə səpələnirdi. Lakin, təhlükəsiz yerdə olmasına baxmayaraq dəhşətli gurultudan, göz qamaşdırıcı partlamadan onun başı dolandı; ona elə gəlirdi ki, ada onun altında silkələnir, sanki gəmi kimi lövbərdən qırılıb onu bu dəhşətli su burulğanına aparacaqdı.

Ancaq indi onun yadına düşdü ki, bir gündür heç nə yeməyib; onu aclıq əldən salmışdır, susuzluq isə əziyyət verirdi. Dantes, əlini uzadıb qayadakı oyuqdan doyunca yağış suyu içdi.

O, başını qaldırdığı anda ildırım sanki səmanı allah-taalanın taxt-tacının ətəklərinədək parçalayıb, bütün sahəni işıqlandırdı; bu ildırım işığında Lemer adası ilə Kruavil burnu arasında, Dantesdən dörddə bir mil qədər aralıqda xəyalat kimi, külək və dalğalarla sürüklənən kiçik bir balıqçı gəmisi göründü. Bir saniyədən sonra dəhşətli sürətlə yaxınlaşan bu xəyalat digər bir dalğanın darağı başında göründü. Dantes, bağırmaq, bir nəyinsə parça-tikəsini tapıb onunla işarə vermək istəyirdi ki, onlar ölümə doğru sürüklənirlər, lakin görünür onların özləri də bunu bilirdilər; ildırım yenidən çaxanda Edmon ştaq və yelkənlərdən bərk-bərk yapışan dörd nəfər gördü, beşinci dağılmış sükanın yanında durmuşdu. Yəqin ki, adamlar da Dantesi görürdülər, çünki onun qulaqlarına küləyin vıyıltısı ilə kəsilən ümidsiz bağırtılar gəlirdi. Qarğı kimi, əyilən dor ağacının üzərində dağılmış yelkənin parçaları şappıldayırdı; qəfildən gəmini saxlayan avadanlıqlar dağıldı və onu külək götürərək, səmanın qaranlıq dərinliyində, qara buludlar içərisindəki nəhəng ağ quş kimi görünüb yox oldu.

Bu an qulaqbatırıcı şaqqıltı eşidildi; Dantes boğulan adamların qışqırtılarını eşitdi. Sfinks kimi öz sıldırım qayasına yaxınlaşan Dantes, dənizin sonsuz dərinliyinə baxırdı, ildırım yenidən çaxanda isə o gəminin dağıldığını və onun dağıntıları arasında ümidsiz üzləri, göyə uzanan əlləri gördü.

Sonra hər şey gecənin qaranlığında gözdən itdi; qorxulu qarabasma ildırımın çaxması qədər çəkdi. Dantes, hər an dənizə düşmək ehtimalı ola-ola, sürüşkən qayaların üzəri ilə, irəli getdi. O, baxır və qulaq asırdı, lakin heç nə görmür və heç nə eşitmirdi; nə bağırtı, nə adamlar var idi; yalnız küləklə bərabər tufan uğuldamağa və dalğalarla birlikdə köpüklənməyə davam edirdi.

Tədricən külək sakitləşdi; səmada, sanki doludan tülənmiş böyük boz buludlar qərbə doğru hərəkət edirdi; səmanın mavi guşəsindən yenidən, lakin daha aydın şəkildə ulduzlar sayrışırdı. Tezliklə şərqdə, qırmızıya bənzər geniş bir zolaq qara mavi üfüqü göstərdi; dalğalar coşaraq, qəfildən işıqlandı, onların köpüklü daraqları qızılı yala çevrildi.

Gün doğdu.

Dantes dinməz və hərəkətsiz şəkildə, sanki onu ilk dəfə görürmüş kimi, bu möhtəşəm mənzərəyə tamaşa edirdi; doğrudan da İf qalasında olduğu müddət ərzində o, günəşin necə çıxdığını unutmuşdu. O, qalaya tərəf dönərək yerə və dənizə uzun bir nəzər saldı. Qorxunc şəkildə dalğaların içindən nifrət oyandıran bina – mühafizəçi və hökmdar – yüksəlirdi.

Səhər saat beş idi; dəniz tədricən sakitləşirdi. “İki üç saatdan sonra, gözətçi mənim kamerama girib zavallı dostumun meyitini aşkar edəcək, – Edmon öz özünə dedi, – onu tanıyıb nahaq yerə məni axtarmağa başlayacaqlar, sonra həyəcan siqnalı verəcəklər, onda yeraltı yolu da tapacaqlar; məni dənizə atan və yəqin ki, qışqırığımı eşidən adamları sorğuya tutacaqlar. Anında silahlı əsgərlərlə dolu qayıqları yəqin ki, çox da uzağa gedə bilməyən zavallı qaçqının ardınca göndərəcəklər. Top atəşləri ilə, sahil boyu xəbərdarlıq edəcəklər ki, ac və çılpaq dilənçiyə sığınacaq verilməsin. İf qalasının komendantı dənizi araşdırdığı bir vaxtda, Marsel polisinə xəbər veriləcək və onlar sahili mühasirəyə alacaqlar. Onda necə olacaq? Suda mühasirəyə alınıb, quruda təqib edilərək mən nə edəcəyəm? Mən acam, üşütmüşəm, hətta üzməyimə mane olduğuna görə, mənə xilas olunmağımda kömək edən bıçağı da atmışam; indi məni ələ verəcək iyirmi frank qazanmaq istəyən hər bir adamın əsiriyəm. Mənim artıq nə qüvvəm, nə fikrim, nə qətiyyətim var! Ya rəbbim! Ya rəbbim! Sən mənim əzablarımı görürsən, mənə kömək et, çünki mən özüm-özümə kömək etmək iqtidarında deyiləm!”

Halsızlıqdan düşünmə qabiliyyətini itirən Edmon yarı soyuqlamış vəziyyətdə bu alovlu duanı pıçıldayaraq, eyni zamanda qorxu ilə İf qalasını nəzərdən keçirirdi, bu anda o Pomeq adası ətrafında qağayı kimi, tam suyun üzərində uçan, kiçik bir gəmi gördü; yalnız dənizçi gözü dənizin yarıqaranlıq zolağında, bu gəminin Genuya tartanası olduğunu müəyyənləşdirə bilərdi. O, Marsel limanından dənizə açılırdı və parlayan köpük onun itiuclu burnu qarşısında ayrılaraq, ona yol verirdi.

– Yarım saat sonra, – Edmon bağırdı, – əgər qorxmasaydım ki, onlar məni dindirib mənim kim olduğumu anladıqdan sonra geri, Marselə göndərməyəcəklər, mən bu gəmini yaxalaya bilərdim! Nə edim? Onlara nə deyim? Onları aldatmaq üçün necə bir təmsil fikirləşim? Bu adamlar dəniz yarıpiratları, qaçaqmalçılardır. Onlar ticarət pərdəsi altında quldurluqla məşğuldur və yəqin ki, xeyirxah iş görmək yerinə, məni satarlar.

Gözləyək görək.

Lakin gözləmək mümkün deyil; mən acımdan ölürəm, bir neçə saatdan sonra mənim qüvvəm tükənəcək; yoxlama saatı da yaxınlaşır; həyəcan siqnalı hələlik verilməyib, ola bilsin ki, heç məndən şübhələnməyəcəklər; mən gecə dağılmış gəminin dənizçisi kimi özümü təqdim edə bilərəm; bu həqiqətə uyğundur, onların hamısı boğuldu, məni təkzib edəcək adam yoxdur. Beləliklə, irəli!…

Dantes, kiçik gəminin dağıldığı yerə tərəf baxıb diksindi. Sıldırım qaya üzərindəki çıxıntıların birinə ilişmiş batmış dənizçilərdən birinin papağı var idi, yaxınlıqda isə dalğalar üzərində, gücdən düşmüş çömçə balıqlar kimi, adanın ətəklərinə dəyərək, parçalanmış şalban qırıqları üzürdü.

Dantes sonuncu şübhəsini də bir kənara qoydu; o üzərək papağa çatıb onu başına qoydu, sonra şalbanlardan birini yaxalayaraq tartananın yolunun qarşısına üzdü. O, pıçıldadı, – indi mən xilas oldum. – Bu əminlik ona güc verdi.

Tezliklə o tartananı gördü, təxminən küləyin əks istiqamətində gedən tartana İf qalası ilə Klanye qülləsi arasında manevr edirdi. Dantes ehtiyat edirdi ki, əgər gəminin istiqaməti Korsika, yaxud Sardiniya olsa, o sahil boyu getmək əvəzinə, qanuni olaraq açıq dənizə çıxmalıdır; lakin tezliklə gəminin gedişindən Dantes əmin oldu ki, İtaliyaya gedən digər gəmilər kimi, onlar da Jarosla Kalasaren adalarının arasından keçməyə hazırlaşırlar.

Bu arada tartana və üzgüçü hiss edilmədən bir-birinə yaxınlaşırdılar; hətta bir həmlədə tartana Dantesə dörddə bir mil məsafəyə qədər yaxınlaşdı. Dantes dikəlib həyəcan siqnalı vermək üçün papağını yelləməyə başladı; lakin heç kim onu görmədi; tartana sükanın istiqamətini dəyişib düz qalsa oturdu. Dantes, qışqırmaq istədi, lakin məsafəni gözəyarı ölçərək başa düşdü ki, dalğaların gurultusu altında, küləyin qaçırdığı səs tartanaya yetişə bilməz.

Onda o şalbanı özü ilə götürməklə necə doğru etdiyini başa düşdü. Dantes, həddindən artıq gücdən düşdüyündən, şalban olmadan çətin ki, tartana ilə görüşənədək özünü suda saxlaya bilərdi, əgər tartana onu görmədən, belə bir ehtimal da var idi, keçib getsəydi, o çox güman ki, sahilə üzüb çıxa bilməyəcəkdi.

Baxmayaraq ki, Dantes tartananın getdiyi istiqamətdən əmin idi, o yenə həyəcanla onu izləyirdi, ta ki tartana geri dönüb onun yanına istiqamət götürənədək.

Dantes onun qarşısına tərəf üzməyə başladı, lakin onlar qovuşanadək tartana digər qalsın üzərinə yatdı.

Bu vaxt Dantes, var gücünü toplayaraq suyun üzərinə qalxıb papağını yellədərək boğulan adamlardakı dəniz ruhunun fəryadına bənzər iniltili səslə qışqırdı.

Bu səfər onu gördülər, həm də eşitdilər. Tartana istiqamətini dəyişib ona tərəf döndü; eyni zamanda o, tartanadan suya qayıq ötürməyə hazırlaşdıqlarını gördü. Dantes, şalbana ehtiyacı olmadığını düşünərək şalbanı əlindən buraxıb, avar çəkənlərin yolunu qısaltmaq üçün, onların qarşısına tərəf üzməyə başladı. Lakin o tükənən gücünü hesaba almamışdı; Dantes, özündən yüz addım o tərəfdə dalğalanan şalbanı əlindən buraxdığına görə çox təəssüflənirdi. Onun əlləri uyuşur, ayaqları elastikliyini itirirdi, hərəkətləri ağır və sərt idi, nəfəsi də çətinliklə gəlirdi.

O ikinci dəfə qışqırdı; avar çəkənlər cəhdlərini ikiqat artırdılar, onlardan biri italyanca qışqırdı:

– Bərk durun!

O bu səsi, dalğaların onu köpüklə örtdüyü və onları aşmağa gücü qalmadığı bir zamanda, eşitdi. O bir daha çırpınaraq, gücsüz, ümidsiz halda suyun üzünə çıxdı, üçüncü dəfə o qışqıranda hiss etdi ki, ayağına ağır daş bağlanmış adam kimi, dənizin dibinə çökür.

Su onun üzərini örtdü və onun altında Dantes, qara ləkələrlə örtülmüş bəyaz səmanı gördü.

O bir daha insana xas olmayan güc tətbiq edərək, suyun üzərinə çıxdı. Dantesə elə gəlirdi ki, onun saçlarından tuturlar; sonra o heç nə görmədi və heç nə də eşitmədi.

Dantes, özünə gəlib gözlərini açanda, özünü yoluna davam edən tartananın göyərtəsində gördü. İlkin hərəkətində onun məqsədi tartananın hansı istiqamətdə hərəkət etməsinə nəzər salmaq idi; o İf qalasından uzaqlaşmaqda idi.

Dantes o dərəcədə zəifləmişdi ki, onun sevinc nidası bir iniltiyə bənzədi.

Beləliklə Dantes göyərtədə uzanmışdı; dənizçilərdən biri yun ədyalla onu masaj edirdi; digəri ona “bərk durun!” Bağıran mehtərəni onun ağzına soxurdu; üçüncü, yaşlı dənizçi eyni zamanda şkiper vəzifəsini yerinə yetirən və gəmi sahibi olan adam xudbin şəfqətlə ona baxaraq, dünən onlardan ötüb keçən, sabah isə başlarına gələ biləcək bədbəxtliyin düşüncəsində idi.

Mehtərədən verilən bir neçə damcı rom Dantesin qüvvəsini bərpa etdi, yanında dizi üstə oturub onu masaj edən dənizçinin səyi nəticəsində isə Dantesin uyuşmuş bədən üzvləri canlanmağa başladı.

Tartananın sahibi fransız dilində nəm-nüm edərək soruşdu, – siz kimsiniz?

Dantes italyan dilində nəm-nüm edərək cavab verdi, – mən Malta dənizçisiyəm, biz Sirakuzdan şərab və parça dolu yüklə gəlirdik. Dünənki tufan bizi Morjion burnu yaxınlığında o sıldırım qayalıqlara vuraraq parçaladı.

– Siz üzərək haradan gəlirdiniz?

– Mən sıldırımlıqdan tuta bildim, bizim zavallı kapitanımız isə başını vurub əzdi. Qalan üç nəfər isə boğuldu. Deyəsən sağ qalan tək mənəm. Mən sizin tartananı gördüm və bu kimsəsiz adada uzun müddət qalmaqdan qorxaraq bizim gəminin qırıntıları üzərində sizə çatana qədər üzməyə qərar verdim. – Dantes davam etdi, – sizə təşəkkür edirəm, siz mənim həyatımı qurtardınız; mən artıq batmaq üzrə idim ki, sizin dənizçilərdən biri məni saçımdan tutdu.

Açıq və gülər üzlü, haşiyələnmiş bakenbardlı dənizçi dedi, – bu mən idim və bu tam zamanında oldu: yoxsa siz batırdınız.

– Bəli, bəli, əziz dostum, – Dantes əlini ona uzadaraq dedi, – bir daha sizə təşəkkür edirəm.

– Doğrusu mən tərəddüd içində idim, – dənizçi davam etdi, – sizi elə tük basıb ki, mən sizi quldurlara bənzətdim.

Dantesin yadına düşdü ki, doğrudan da, İf qalasında olduğu müddətdə bir dəfə də olsun nə saçını, nə də saqqalını qırxmışdı.

– Bəli, – Dantes dedi, – bir çətin anımda mən müqəddəs anamız del Pye de la Qrotta and içmişdim ki, on il sər tamam nə saçımı, nə də saqqalımı vuracağam. Bu gün and içməyimin müddəti tamam olur və mən bu ildönümündə az qala boğulacaqdım.

– Bəs indi biz sizinlə nə edək? – Sahibkar soruşdu.

– Necə ürəyiniz istəyirsə, – Dantes dedi, – mən üzdüyüm feluka məhv olmuş, kapitan isə boğulub. Gördüyünüz kimi, mən sağ-saliməm, lakin anadan olduğum kimi, lüt-üryanam. Xoşbəxtlikdən mən pis dənizçi deyiləm; daxil olduğunuz ilk limanda məni endirin və mən istənilən ticarət gəmisində özümə iş tapa bilərəm.

– Siz Aralıq dənizinə bələdsiniz?

– Mən burada uşaqlıqdan üzürəm.

– Dayanacaqları yaxşı tanıyırsınız?

– Ən çətin limanlar daxil olmaqla, çox az liman tapılar ki, mən ora gözüyumulu girib çıxa bilməyəm.

Dantesə “Bərk dur!” bağıran dənizçi dedi, – əgər yoldaş düz deyirsə, onda biz onu özümüzdə niyə saxlamayaq?

– Bəli, – deyə sahibkar şübhə ilə cavab verdi, – əgər o düzünü deyirsə. – Lakin bu zavallının vəziyyətində olanlar çox vəd edirlər, amma bacardıqları qədər yerinə yetirirlər.

– Mən vəd etdiyimdən çox yerinə yetirərəm, – Dantes dedi.

Sahibkar gülümsəyərək, – görərik, – dedi.

– Nə vaxt istəsəniz, – Dantes ayağa duraraq cavab verdi. – Siz hara gedirsiniz?

– Livornoya.

– Yaxşı olmazmı ki, dolama gedib qiymətli vaxt itirmək yerinə, sadəcə küləyin istiqamətində gedəsiniz?

– Ona görə ki, bu zaman biz Rionla qarşılaşacağıq.

– Xeyr, o sizin qırx metrliyinizdə qalacaq.

Sahibkar dedi, – elədisə, sükan arxasına, – baxaq görək, siz bunun necə öhdəsindən gələcəksiniz.

Dantes rumpelin yanında əyləşərək, yüngül toxunuşla gəminin sükana necə riayət etdiyini yoxladı və çox da həssas olmamaqla yanaşı, tabe olduğunu görüb əmr etdi:

– Bras və bulinə!

Gəmi heyətinin dörd dənizçisi sahibkarın nəzarəti altında öz yerlərini tutdu.

Dantes davam etdi, – brasları tarım çəkin! Bulini tutun!

Dənizçilər əmri asanlıqla yerinə yetirdilər.

– İndi isə ipləri sarıyın!

Bu əmr də, əvvəlki iki əmr kimi, yerinə yetirildi və tartana dolanmadan Dantesin dediyi kimi, Rion adasına, onun sağ tərəfindən qırx metr məsafə ilə hərəkət etdi.

– Afərin! – Sahibkar dedi.

Dənizçilər təkrar etdilər, – afərin!

Və hamı təəccüblə bu adamda, hiss etmədikləri gözlərindəki ağlı və bədənindəki gücün oyandığını gördü.

– Görürsünüz, – Dantes sükanı buraxaraq dedi, – mən sizə heç olmazsa bu reys üçün lazımam. Əgər Livornoda mən sizə lazım olmasam, məni orada salarsınız, mən isə ilk maaşımdan sizin mənə verəcəyiniz yeməyin və paltarın pulunu ödəyərəm.

– Yaxşı, – sahibkar dedi. – Əgər siz artıq istəməsəniz birtəhər dil taparıq.

– Dənizçilərin biri o birindən yaxşıdır, – Dantes dedi. – Siz onlara nə qədər verirsinizsə, mənə də o qədər ödəyərsiniz.

– Bu düzgün olmaz, – Dantesi sudan çıxaran dənizçi dedi, – siz bizdən çox bilirsiniz.

– Cakopo, sənə nə dəxli var? – Sahibkar dedi. – Hər kəs hansı qiymətə istəyirsə, o qiymətə də işə girir.

– O da düzdür, – Cakopo dedi, – mən elə belə deyirəm.

– Ən yaxşısı sən ona əgər artıq varındırsa, şalvar və gödəkcə ver.

– Artıq gödəkcəm yoxdu, – Cakopo cavab verdi, – lakin köynəklə şalvarım var.

– Mənə lazım olan da elə budur, – Dantes dedi, – sağ ol, dostum.

Cakopo lükə girib bir dəqiqədən sonra əlində paltar qayıtdı, Dantes onu izah olunmaz ləzzətlə əyninə geydi. Sahibkar soruşdu, – sizə başqa heç nə lazım deyil ki?

– Bir parça çörək və bir neçə qurtum dadına baxdığım əla rom; mən uzun zamandır ki, heç nə yeməmişəm.

Doğrudan da o iki gün idi ki, heç nə yeməmişdi. Dantesə bir parça çörək gətirdilər, Cakopo isə ona mehtərə verdi.

Kapitan sükançıya uca səslə dedi, – sükanı sola!

Dantes mehtərəni dodaqlarına aparırdı ki, əlləri yarı yolda qaldı.

– Baxın, – sahibkar dedi, – İf qalasında görəsən nələr baş verir?

İf qalasının cənub bürcünün dişləri üzərində ağ bulud görsəndi.

Bir saniyədən sonra tartanada uzaq top səsləri eşidildi.

Dənizçilər bir-birinə baxaraq başlarını qaldırdılar. Sahibkar soruşdu, – bu nə deməkdir?

– Görünür ki, bu gecə hansısa məhbus qaçıb, – Dantes dedi, – ona görə də həyəcan siqnalı verirlər.

Sahibkar, bu sözləri deyə-deyə mehtərəni dodaqlarına yaxınlaşdıran gənc adama diqqətlə baxdı. Lakin Dantes, sakitliyini pozmadan rom içməyə davam edirdi və əgər sahibkar ondan şübhələnmiş olsaydı da belə, bu onun ağlından ötüb həmin dəqiqə yox oldu.

Dantes, köynəyinin qolu ilə alnındakı təri silərək dedi, – əcəb də tünd romdu!

– Əgər bu odursa da, – sahibkar ona baxaraq donquldandı, – lap yaxşı: mənə igid, qoçaq birisi nəsib olmuşdur.

Dantes, sükanın arxasına keçmək üçün izin istədi. Sükançı əvəzlənməsinə sevinərək, ona sükanı öz yoldaşına verməyi işarə edən sahibkara baxdı.

Sükanın arxasında oturan Dantes, şübhə doğurmadan Marselə tərəf baxa bilirdi.

İf qalası gözdən itəndən sonra, Dantes, onun yanına oturan Cakopodan soruşdu, – bu gün ayın neçəsidir?

Dənizçi cavab verdi, – iyirmi səkkizi fevral.

Dantes soruşdu, – hansı ilin?

– Necə yəni hansı ilin? Siz soruşursunuz ki, neçənci ildir?

– Bəli, – Dantes cavab verdi, – mən soruşuram ki, neçənci ildir.

– Siz neçənci ildə yaşadığınızı unutmusunuz?

– Nə etmək olar! – Dantes gülə-gülə dedi, – bu gecə mən o dərəcədə qorxmuşam ki, az qala huşum itəcəkdi və mənim yaddaşım tamamilə dağılmışdır; ona görə də mən soruşuram: bu gün neçənci ilin iyirmi səkkiz fevralıdır?

– Min səkkiz yüz iyirmi doqquzuncu ilin, – Cakopo cavab verdi.

Dantesin həbsxanaya düşməsindən tam on dörd il keçirdi. O, İf qalasının astanasından içəri girəndə on doqquz yaşı var idi, oradan çıxanda isə otuz üç yaşındaydı.

Onun dodaqlarından acı bir təbəssüm keçdi. O, öz-özündən soruşurdu, bu müddət ərzində yəqin ki, onu ölmüş hesab edən Mersedesin başına, görəsən, nələr gəlib.

Sonra onun gözlərində nifrət atəşi alovlandı – Dantes bu uzun, əzablı həbsin səbəbkarları olan o üç əclafı xatırladı. Və o bir vaxtlar həbsxanada olduğu kimi yenidən Danqlar, Fernan və Vilfordan amansız intiqam almaq üçün dəhşətli bir and içdi.

Bu and artıq boş hədə deyildi, çünki yelkənlərinin hamısını qaldıraraq sürətlə Livornoya tərəf gedən tartananı, artıq Aralıq dənizində üzən ən iti sürətli yelkənli gəmi belə, yaxalaya bilməzdi.

İKİNCİ HİSSƏ

I. QAÇAQMALÇILAR

Dantes, tartanada gün keçməmiş, kimlərlə birlikdə iş gördüyünü anladı. “Gənc Ameliya”nın (Genuya tartanası belə adlanırdı) ləyaqətli sahibi, rahib Fariadan dərs almasa da, demək olar, Aralıq dənizi adlandırılan geniş gölün sahili boyu, istifadə olunan dillərin hamısını – ərəb dilindən tutmuş provansal dilinə qədər bilirdi. Bu onun usandırıcı, bəzi hallarda isə nəzakətsiz tərcüməçilərdən yaxa qurtarmasına, rast gələn və sahil boyu dolanan kiçik gəmilərlə, həmçinin müəyyən peşəsi, vətəni, adı olmayan, daima dəniz limanlarında veyillənən, naməlum, çox güman, adi gözlə görünməyən və ilahi qüvvə tərəfindən onlara göndərilən vəsaitlər hesabına güzəranlarını təmin edən mənbəni müəyyənləşdirmək mümkün olmasa da, adamlarla əlaqə və münasibət yaratmağını asanlaşdırırdı. Bu baxımdan Dantesin artıq qaçaqmalçıların əlinə düşdüyünü oxucu anlamış olur.

Əlbəttə, gəminin sahibi Dantesi gəmiyə çəkinə-çəkinə götürmüşdü; sahibkar sahil gömrük gözətçilərinə yaxşı tanış idi; o, bu cənablarla bir-birinə kələk gəlmək üçün, hər cürə fırıldağa əl atdıqlarından sahibkar əvvəl Dantesin də gömrükxana müfəttişlərindən biri olduğunu güman edir, düşünülmüş hiyləylə gəmiyə daxil olub sahibkarın peşəsinin sirlərini öyrənməyə çalışdığını düşünürdü. Lakin Dantesin kəskin sürətlə küləyə doğru istiqamət götürdüyünü və bu sınaqdan uğurla çıxdığını görüb sakitləşdi. Sonra İf qalası üzərində kəkil kimi yüksələn dumanı görüb uzaqdan gələn atəş səsini eşidərkən bəlkə gəmiyə götürülən bu adamın, limana hər girib çıxdığında top atəşi ilə salamlanan şəxs olduğunu düşündü. Düzünü desək, belə bir vəziyyət gəmi sahibini Dantesin gömrük müfəttişi olmasından daha az həyəcanlandırardı, lakin onun belə sakit soyuqqanlığını gördükdə, yaranan ikinci şübhə də birinci şübhə kimi tez bir zamanda dağılmağa başladı.

Beləliklə, Dantesin sahibkar üzərində belə bir üstünlüyü vardı, onun kim olduğunu bilir, sahibkar isə Edmonun kim olduğunu bilmir. Yaşlı dənizçi və yoldaşları Dantesi nə qədər təngə gətirsələr də, özünü ələ vermir və heç nə etiraf etmirdi; Dantes Marsel kimi tanıdığı Malta və Neapol haqda ətraflı söhbət edir, qətiyyətli, yaddaşına hörmət gətirən tərzdə əvvəldən uydurduğu “əhvalatı” təkrarlayırdı. Beləliklə, genuyalı, üstün hiyləgərliyinə baxmayaraq, Dantesin həlimliyi, dənizçi təcrübəsi, başlıcası isə özünü ələ verməmək qabiliyyəti qarşısında təslim olmaq məcburiyyətində idi.

Bununla yanaşı, ola bilsin, genuyalı ağıllı adam kimi ona lazım olanın qədrini bilməyə üstünlük verərək xeyirli olana da inanmaq istəyirdi.

Onlar Livornoya gələnə qədər işlər bu qaydada gedirdi.

Burada Edmonu yeni bir sınaq gözləyirdi: on dörd illik həbsxana həyatından sonra öz-özünü tanıya biləcəkdimi? O, cavanlıqda necə göründüyünü aydın təsəvvür edirdi; indi isə yetkin yaşlarında necə olduğunu görəcəkdi. Yoldaşlarının qarşısındakı andı artıq yerinə yetmişdi. Dantes Livornoda dəfələrlə olduğundan San-Fernando küçəsində bir bərbər tanıyırdı; onun yanına yollanıb saçlarını kəsməyi və saqqalını qırxmağı hökm etdi.

Bərbər təəccüblə bu tisian portretinə bənzər uzun saçlı, sıx qara saqqallı adama baxdı. O zamanlar uzun saç və saqqal saxlamaq dəbdə deyildi; bu səbəbdən bərbər təbiətcə belə yaraşıqlı insanın təbii gözəlliyindən imtina etməsinə təəccüblənə bilərdi.

Livornolu bərbər bir kəlmə artıq söz demədən işə başladı. Edmon buxağının hamar qırxıldığını, saçının isə adi uzunluqda kəsildiyini hiss etdikdə, ayna istədi.

Qeyd etdiyimiz kimi, Dantesin artıq otuz üç yaşı var idi, on dörd illik həbsxana həyatı onun üz cizgilərini xeyli dəyişdirmişdi. Dantes İf qalasına xoşbəxt, şən və həyatda ilk addımları uğurlu olan bir adam, gələcəyə ümidli cavan oğlan sifətində girmişdi. İndi onun sifətindən bunların heç birindən əsər-əlamət qalmamışdı.

Dantesin yumru sifəti uzanmış, gülümsər dodaqları kəskin və qətiyyətli ifadə almışdı; qaşları əyilmiş; alnının ortasından çox zabitəli düz çapıq keçirdi; gözləri zamanla nifrət alovu ilə dolu qığılcım saçırdı; sifətinin dərisi uzun müddət gün şüalarından və gündüz işığından məhrum olduğundan tutqun rəng almışdı, bu üz qara saçlarla haşiyələnmiş şimal adamında olsaydı ona zadəgan görünüşü verərdi; bununla yanaşı əldə etdiyi biliklər onun sifət ifadələrinə ağıl və əminlik əlamətləri verirdi; təbiətcə xeyli uca boylu olmağına baxmayaraq, bədəni daima güc topladığından çox qüvvətli görünürdü.

Kövrək və əsəbi incə bədən quruluşu girdə, qüvvətli əzələli bir bədən quruluşu ilə əvəzlənmişdi. Səsinə gəldikdə isə, yalvarmalar, hönkür-hönkür ağlamalar və lənət yağdırmalar onu tamamilə dəyişmişdi, indi o, gah qəribə bir zərif, gah da kəskin, hətta xırıltılı səslə danışırdı.

Bundan əlavə daima qaranlıqda, yaxud da yarı qaranlıqda olduğundan gözləri qəribə bir xüsusiyyət əldə etmiş, canavar və kaftarlar kimi gecələr əşyaları görmə və ayırd etmə qabiliyyəti qazanmışdı. Edmon özünü gördükdə güldü; ən yaxşı dostu belə, dünyada hələ də bir dostu vardısa, Dantesi tanımazdı.

“Gənc Ameliya”nın sahibi Edmon kimi bir dənizçini gəmidə saxlamaq istərdi, ona görə də o Dantesə gələcək mənfəətlər hesabına müəyyən miqdarda pul təklif etdi, Edmon razılaşdı. Onda ilk dəyişiklik yaradan bərbərdən çıxıb mağazaya gedərək özünə tam dəst dənizçi paltarı aldı. Bildiyimiz kimi, bu dəst paltar ağ şalvar, zolaqlı toxuma isti köynək və Firigiya papağından ibarət idi.

Şalvarla köynəyini Cakopoya qaytaran Edmon, yeni geyimdə “Gənc Ameliya” gəmi kapitanının yanına gələrək, özü haqdakı məlumatı ona bir daha təkrar etməyə məcbur oldu.

Kapitan bu dənizçi paltarı geyinmiş yaraşıqlı kişinin dəniz suyunda tamamilə islanmış, lüt-üryan, sıx saqqallı, saçları yosunla dolu, ölümcül halda öz tartanasına qaldırdığı adam olduğuna inana bilmirdi. Zahiri xoşagəlim görüşündən ovsunlanan kapitan, Dantesə onun yanına işə girmək təklifini yenidən təkrarladı; lakin başqa məqsədi olan Edmon, üç aydan artıq çalışmamaq şərti ilə razı oldu.

“Gənc Ameliya”nın gəmi heyəti işgüzar, kapitanı isə boş yerə vaxtını itirməyən adamlardan ibarət idi. Bir həftə keçməmiş tartananın geniş anbarı rəngli muslin16 gətirilməsi qadağan olan kağız parçalar, ingilis barıtı və aksiz idarəsinin möhür vurmadığı tütün kisələri ilə doldu. Bunların hamısının Livornodan çıxarılması və Korsika sahillərində boşaldılması tələb olunurdu, oradan isə bəzi işbazlar yükü Fransaya çatdırmağa çalışacaqlar.

Beləliklə, tartana yola düşdü. Dantes, gənclik beşiyi olan və zirzəmidə keçirdiyi müddətdə tez-tez yuxusuna girən dənizin mavi sularını yararaq irəliləyirdi. O, Horqonu sağ, Pianozu sol tərəfdə qoyaraq, Paoli və Napoleonun vətəninə istiqamət götürmüşdü.

Ertəsi gün adəti üzrə tezdən göyərtəyə çıxan kapitan Dantesi göyərtənin kənarına söykənmiş halda və qəribə baxışlarla qalxan günəşin şüaları altında gül rəngi alan qranit sıldırım qayalara baxdığını gördü: bu Monte-Kristo adası idi. “Gənc Ameliya” adanı üçdə bir mil sağda qoyaraq, Korsika istiqamətində yoluna davam edirdi.

Adanın yanından ötərkən Dantes, suya tullanarsa yarım saatdan sonra həsrətini çəkdiyi yerdə ola biləcəyini düşünürdü. Lakin xəzinə olan yeri qazmaq üçün heç bir aləti və xəzinəni qorumağa silahı olmadığından nə edə bilərdi? Dənizçilər nə deyər? Kapitan nə düşünər? Yox, gözləmək lazımdır.

Xoşbəxtçilikdən Dantes, gözləməyi bacarırdı; o, on dörd il azadlıq gözləmişdi; indi azadlıqda olduğu halda var-dövləti yarım il, bir il gözləmək ona bir o qədər də çətin gəlmirdi.

Ona sərvətsiz azadlıq təklif etsəydilər, bunu qəbul etməzdimi? Bu sərvət görəsən xülya deyil ki? Zavallı rahib Farianın xəstə başında yaranmış bu xülya onunla birlikdə yoxa çıxmayıb ki? Düzdür, kardinal Spadanın məktubu çox dəqiq idi. Dantes, sözbəsöz yadında saxladığı bu məktubu xəyalən beynində təkrarlayırdı.

Axşam oldu. Edmon, qatılaşan alaqaranlıqda adanın tədricən itməsini görürdü, tezliklə o qaranlıqda hamı üçün itdi; lakin öz kamerasının qaranlığına alışan Edmon, görünür, hələ də adanı görürdü, çünki göyərtədə hamıdan axıra qalmışdı.

Səhər onları Aleriya mənzərəsilə qarşıladı. Bütün günü manevr etdilər, axşam isə sahildə işıqlar parlamağa başladı; işıqların düzülüşü yükün boşalmasına icazə verildiyini göstərirdi, çünki qafeldə17 bayraq əvəzinə xəbərdarlıq alovu dalğalanırdı, onlar sahilə bir güllə mənzili qədər yaxınlaşmışdılar.

Dantes kapitanın, çox güman, bu əlamətdar hadisə münasibəti ilə “Gənc Ameliya”nın göyərtəsinə çox da gurultu çıxarmadan, min addımlıq məsafəyə dörd funtluq güllə ata bilən iki kiçik kulevrin çıxartdırdığını gördü.

Lakin bu səfər belə bir ehtiyatlılığa ehtiyac yox idi. Hər şey qaydasındaydı. Dörd qayıq sakitcə “Ameliya”ya yaxınlaşdı, onlar da, yəqin, hörmət əlaməti olaraq öz qayıqlarını suya endirdilər; bu beş qayıq çox çevik işləyirdi, səhərə yaxın saat ikidə yükün hamısı “Gənc Ameliya”dan quruya daşınıb qurtardı.

“Gənc Ameliya”nın kapitanı nizam-intizamı çox sevdiyindən elə həmin gecə əldə olunan gəliri heyət üzvləri arasında böldü; hər bir heyət üzvü yüz toskan livri məbləğində, yəni təxminən səksən frank aldı.

Lakin bununla ekspedisiya bitmədi: onlar Sardiniyaya istiqamət götürdülər. Boşaldılmış gəmini yenidən doldurmaq lazım idi.

İkinci əməliyyat da birinci kimi uğurla keçdi: görünür, “Gənc Ameliya”nın bəxti gətirirdi.

Lukka hersoqluğuna ünvanlanmış yeni yük tamamilə Havana siqarı, Xeres və Malaqa şərab növlərindən ibarət idi.

Bu zaman “Gənc Ameliya” kapitanı ilə daimi düşməni – gömrük arasında anlaşılmazlıq baş verdi. Gözətçilərdən biri yerindəcə öldü, ikisi isə yaralandı. Yaralılardan biri Dantes idi. Güllə onun sümüyünə dəymədən, sol çiynini deşib keçmişdi.

Dantes bu toqquşmadan razı idi, demək olar, aldığı yaraya görə bəlkə də sevinirdi. Bu sərt sınaq onu təhlükənin gözünə baxmağa alışdırır, əzaba necə dözmək lazım olduğunu göstərdi. Təhlükəni gülərək qarşıladı, yara aldıqda isə yunan filosofunun dediyi kimi: “Ağrı, sən şər deyilsən”, – söylədi.

Dantes həmçinin ölümcül yaralı gözətçini də gördü, lakin qarşıdurmada əsəbiləşdiyinə görəmi, yaxud hissiyyatının kütləşməsindənmi, bu mənzərə onu həyəcanlandırmadı. Dantes artıq getmək istədiyi yola qədəm qoymuş və düz müəyyənləşdirdiyi istiqamətə doğru gedirdi – onun ürəyi artıq daşlaşmağa başlamışdı. Dantesin ölü kimi yıxıldığını görən Cakopo ona tərəf atılıb qaldırdı, sonra isə qayğı ilə qulluq göstərdi.

Kainat, həkim Panqlosun düşündüyü kimi, o dərəcədə xeyirxah deyilsə, deməli Dantesin zənn etdiyi kimi, zalım da deyil, çünki dostunun ölümünə görə əldə edə biləcəyi qazanca baxmayaraq öldüyünü güman edən dənizçi artıq dərəcədə kədərlənmişdi.

Xoşbəxtlikdən Dantes, qeyd etdiyimiz kimi, sadəcə yaralanmışdı. Sardiniya qarılarının yalnız onlara məlum olan günlərdə və saatlarda topladıqları, sonra da qaçaqmalçılara satdıqları şəfaverici otların köməyi ilə yara tezliklə sağaldı. Edmon Cakoponu sınamağa qərar verdi, köməklik etdiyinə görə Cakopoya öz qazancını götürməyi təklif etdi; lakin Cakopo təəccüblə onun təklifini rədd etdi.

İlk baxışdan Cakoponun Dantesə bəslədiyi sədaqət Dantesin də ona qarşı bir bağlılıq hiss etməyə başlamasına gətirib çıxartdı. Lakin Cakopo heç nə tələb etmirdi; Edmon öz üstünlüyünü hiss etdirməsə də, dostu qeyri-iradi Edmonu olduğu vəziyyətdən daha yüksəkdə olmaq üçün yarandığını hiss edirdi. Bu yaxşı adam Dantesin ona göstərdiyi nəzakətlə kifayətlənirdi.

“Ameliya” mavi dəniz sularında uzun müddət sakit getdi, sükançıdan başqa heç nə ehtiyac olmadığı vaxtlarda, Edmon əlində dəniz xəritəsi, bir vaxtlar zavallı rahib Farianın ona öyrətdiyi kimi, Cakopoya müəllimlik edirdi. Edmon ona sahillərin vəziyyətini göstərir, kompasın meyllənməsini izah edir, başımızın üzərində açılmış və səma adlandırılan o nəhəng kitabın mavi səhifələrində Tanrının almaz hərflərlə yazdıqlarını oxumağı öyrədirdi.

Cakopo ondan bunların hamısını zavallı dənizçiyə öyrətməyə dəyərmi deyə, soruşanda Edmon cavab verdi:

– Nə bilmək olar? Ola bilsin, yerlin Bonapart imperator olduğu kimi sən də bir vaxt gəmi kapitanı olacaqsan.

Biz Cakoponun korsikalı olduğunu deməyi unutmuşduq.

Fasiləsiz üzmək şərtilə iki ay yarım keçdi. Edmon əvvəl cəsur dənizçi olduğu kimi, indi də mahir sahil boyu sənaye sahibi olmuş, bütün sahil qaçaqmalçıları ilə tanışlıq yarada bilmişdi; Dantes, bu yarı quldurların bir-birini tanımaq üçün işlətdikləri bütün mason işarələrini öyrənmişdi.

Dantes, iyirmi dəfə Monte-Kristo adasının yanından keçmişdi, amma bir dəfə də olsun orada olmağa fürsət yaranmamışdı. Ona görə də belə bir qərara gəldi.

“Gənc Ameliya”da qulluq müddəti qurtardığı anda, öz hesabına (Dantes bunu edə bilərdi, çünki işlədiyi müddət ərzində yüz piastra18 toplaya bilmişdi) kiçik qayıq kirayələyib bir bəhanə ilə Monte-Kristo adasına yollanmaq fikrində idi.

Orada sərbəst axtarışlara başlayacaqdı. Əlbəttə, tam sərbəstlik olmayacaq, çünki çox güman, onu ora aparanlar Dantesi izləyəcəkdilər.

Lakin bəzən həyatda bəxtini sınamaq da lazımdır. Həbsxana Edmonu ehtiyatlı olmağa öyrətmişdi, buna görə də o, təhlükəsiz şəkildə hərəkət etməyə üstünlük verirdi. O, geniş təxəyyülünü nə qədər qurcalasa da, arzuladığı adaya düşmək üçün başqa səbəb tapa bilmirdi.

Bir gün axşam üstü, Dantes, tərəddüd keçirdiyi vaxt, ona böyük ümid bəsləyən və gəmidə işdə saxlamağı arzulayan gəmi kapitanı qoluna girib onu Via del-Olyudakı Livorno qaçaqmalçılarının “qaymaqları” toplanan meyxanaya apardı. Burada adətən ticarət sövdələşmələri aparılırdı. Dantes, artıq iki-üç dəfə bu dəniz birjasında olmuşdu; iki min lyelik sahildən toplanmış bu qəddar igidlərə baxaraq, bu dağılmış, yaxud birləşmiş ipləri tamamilə özünə tabe etmək mümkün olsaydı, necə qüdrət sahibi olardı deyə, düşünürdü.

Bu dəfə söhbət çox böyük işdən gedirdi: türk xalıları, şərq və Kəşmir parçaları ilə yüklü gəmini təhlükəsiz bir yerə boşaltmaq, sonra da bu malları Fransa sahillərinə keçirmək lazım idi.

Əməliyyat uğurlu keçdiyi halda, böyük mükafat vəd edilirdi – adam başına əlli piastro.

“Gənc Ameliya”nın sahibi gözətçi əsgərlərin və gömrük məmurlarının olmadığı Monte-Kristo adasını yükün boşaltma yeri kimi təyin olunmasını təklif etdi, bu yer sanki qəsdən bütpərəstlik dövründə, Olimp kimi, oğrular və ticarətçilər allahı Merkuri tərəfindən dənizin ortasında qoyulub indi ayırdığımız, lakin heç zaman seçə bilmədiyimiz bu iki təbəqənin qədimdə eyni dərəcəyə aid olduğunu bildirirdi.

Dantes Monte-Kristo sözü eşitdikdə sevincindən diksindi; həyəcanını gizlətmək üçün, durub tüstü basmış meyxanada dolanmağa qərar verdi, burada dünyanın bütün söhbətləri fransız dilində aparılırdı.

O, yenidən həmsöhbətlərinə yaxınlaşanda artıq Monte-Kristo adasına yan alınacağı qərara alınmışdı, yola isə sabah gecə düşəcəkdilər. Edmondan fikrini soruşduqda adanın təhlükəsiz yer olduğunu bildirərək, böyük işlərin təxirə salınmadan yerinə yetirilməsinin zəruri olduğunu dedi.

Beləliklə, plana dəyişiklik edilmədi. Ertəsi gün axşamüstü yola düşmək barədə razılığa gəldilər, yaxşı hava və səmt küləyi olduğundan boş adaya bir günə yan almağa çalışmalı idilər.

II. MONTE-KRİSTO ADASI

Nəhayət, Dantes uzun müddət taleyin cəzalandırdığı adamların bəxtinə düşən qəfil və gözlənilməz uğur nəticəsində, heç bir şübhə doğurmadan, təbii surətdə öz məqsədinə çataraq, adaya ayaq basa bilərdi. Çoxdan gözlədiyi səfərdən onu cəmi bir gecə ayırırdı.

Bu gecə Dantesin keçirdiyi ən narahat gecələrdən biri idi. Gecə içində növbəylə gözünə rastlaşa biləcəyi uğur və uğursuzluqlar görünürdü: gözlərini yumanda divar üzərində alov verən hərflərlə yazılmış kardinal Spadanın məktubunu görürdü; bir anlığa yuxuya getdikdə isə, ən səfeh görüntülər beynində ildırım sürətilə dolanırdı; ona elə gəlirdi, zümrüd döşəməli, yaqut divarlı, almaz üzlüklü bir mağaraya girir. Mirvarilər, yeraltı suların süzüldüyü kimi, damla-damla düşürdü.

Bu mənzərəyə heyran və valeh olan Dantes, ciblərini qiymətli daş-qaşla doldururdu; sonra işığa çıxdıqda, qiymətli daşların adi çay daşlarına döndüyünü görürdü. Yenidən gözucu gördüyü sehrli mağaralara qayıtmağa cəhd göstərirdi; lakin qəfildən spiral kimi burulmağa başladığından yolu tapa bilmirdi. Edmon, yorğun beynində əbəs yerə ərəb balıqçısına möhtəşəm Əli-Baba mağarasının qapılarını açan, sehrli sözləri yadına salmağa çalışırdı. Hər şey əbəs idi; yoxa çıxmış və Dantesin onlardan oğurlamaq istədiyi cavahirat yenidən yer ruhlarının mal-dövlətinə çevrilirdi.

Səhər demək olar, həyəcanlı gecəyə bənzər şəkildə açıldı; lakin təxəyyülün köməyinə məntiq çatdı və Dantes, bu vaxtadək beynində qarışıq və bulanıq şəkildə dolaşan fikirdən bir plan işləyib hazırladı.

Axşam düşdü, onunla bərabər yola düşmək üçün hazırlıqlar da başladı. Bu Dantesə, həyəcanını gizlətmək üçün imkan yaratdı. Yavaş-yavaş yoldaşları üzərində rəhbərliyi ələ almış və artıq bir kapitan kimi onları idarə edirdi. Dantesin əmrləri həmişə aydın, dəqiq və asan yerinə yetirilən olduğundan, yoldaşları onu tez, sürətlə anlamaqla yanaşı, həm də həvəslə yerinə yetirirdilər.

Yaşlı dənizçi ona mane olmurdu; o da Dantesin digər dənizçilərdən, hətta onun özündən də, üstün olduğunu qəbul edirdi; gənc dənizçiyə öz varisi kimi baxır və Edmonu özünə daha da möhkəm bağlamaq üçün, ona ərə verəcək bir qızı olmadığına təəssüflənirdi.

Axşam saat yeddidə hər şey hazır idi; gəmi səkkizə on dəqiqə işləmiş, işığı təzəcə yanan mayakı dolanıb keçdi.

Dəniz sakit idi, cənub-şərq küləyi əsirdi. Onlar mavi səma altında üzürdülər, burada Tanrı hərəsi bir dünya olan mayaklarını yandırmışdı. Dantes, elan etdi ki, sükan arxasında qalır və hamı gedib yata bilər.

Maltalı (Dantesi belə adlandırırdılar) bunu elan edəndə heç kim mübahisə etmədi, hamı sakitcə yatmağa getdi.

Bu, dəfələrlə baş vermişdi. Dantes, qəfildən dünyaya tənhalıqdan qayıdan adam olaraq, vaxtaşırı yalqız qalmağa böyük ehtiyac duyurdu. Tənhalıq harada – gecə qaranlığında, dəniz səhrasında, sonsuz sakitlikdə, hakimi-mütləqin nəzəri altında gedən gəmidəki kimi – belə son dərəcə məftunedici, şairanə ola bilər?

Lakin bu tənha gecə Dantesin fikirləri ilə aşıb-daşır, qaranlıq arzuları ilə işıqlanır, sükunət isə ümidləri ilə canlanırdı. Kapitan ayılanda “Ameliya” tam açıq yelkənlər altında irəliləyirdi. Küləyin şişirtmədiyi bir tikə kətan parçası da qalmamışdı. Gəmi saatda iki mil yarım məsafə qət edirdi. Monte-Kristo adası üfüqdə görünürdü.

Edmon növbəni kapitana təhvil verib çarpayısında uzanmağa getdi. Lakin keçirdiyi yuxusuz gecəyə baxmayaraq, bir dəqiqə belə gözünü yummadı. İki saatdan sonra yenidən göyərtiyə çıxdı. “Ameliya” Elba adasını dolanıb Mareçana adası ilə üzbəüz, yaşıl Pianoza adasının görünən sahəsində idi; Monte-Kristonun alovlanan zirvəsi mavi səmayadək yüksəlirdi.

Dantes, Pianoza sağ tərəfdə qalsın deyə, sükançıya istiqaməti sağdan götürməyi əmr etdi. Onun hesabına görə bu manevr məsafəni iki-üç mil qısaltmalı idi.

Axşamüstü saat beşdə ada əl içindəki kimi görünürdü. Axşamın təmiz havasında, batan günəşin şüaları altında hər şeyi təfərrüatı ilə görmək mümkün idi. Edmon batan günəşin bütün rənglərinə, al-qırmızıdan tünd-maviyə qədər nəhəng qayalığa acgözlüklə baxırdı. Vaxtaşırı qan onun üzünə vururdu, alnı boyanır və qırmızı bulud gözlərini tuturdu.

Bütün var-dövlətini kart oyununa qoymuş heç bir oyunçu, kütləşmiş ümidlərinin paroksizm dövründə belə, Edmon qədər həyəcan keçirə bilməzdi.

Gecə düşdü. Axşam saat onda sahilə yan aldılar. “Gənc Ameliya” müəyyən edilmiş yerə birinci gəlmişdi. Adətən soyuqqanlılığı ilə seçilən Dantes, özünü saxlaya bilməyərək, sahilə birinci atıldı. Cəsarəti çatsaydı Brut kimi torpağı öpərdi.

Zülmət gecə idi. Lakin saat on birdə dəniz üzərindən ay çıxıb onun titrəyən səthini gümüşü rəngə boyadı; o yüksəldikcə şüaları bu ikinci Pelionun tığ vurulmuş sıldırım qayalarını sel kimi işığa qərq edirdi.

Monte-Kristo adası “Gənc Ameliya” gəmi heyətinə tanış idi; bura onların adi dayanacaqlarından biri idi. Dantes, şərq istiqamətinə gedəndə onu uzaqdan görərdi, lakin heç zaman bu adaya yan almamışdı. Dantes Cakopoya müraciət etdi:

– Gecəni harada keçirəcəyik?

Dənizşi cavab verdi:

– Tartanada.

– Mağaralarda keçirsək yaxşı olmaz?

– Hansı mağaralarda?

– Adadakı mağaralarda.

Cokopo cavab verdi:

– Mən orada heç bir mağara tanımıram.

Dantesin alnını soyuq tər basdı. O soruşdu:

– Məgər Monte-Kristoda mağara yoxdur?

– Xeyr.

Cakoponun cavabı Dantesi ildırım kimi vurdu; sonra ola bilsin, bu mağaralar təsadüfi uçqun nəticəsində batıb, yaxud da qəsdən kardinal Spada tərəfindən hörülüb deyə düşündü.

Bu halda məsələ həmin çalaları axtarıb tapmaqdan ibarət olacaqdı. Gecə bunu etmək mənasız olardı; ona görə də Dantes axtarışı səhərə saxladı. Bir tərəfdən də dənizdən, sahilin yarım mil uzaqlığından verilən işarə və buna cavab olaraq “Gənc Ameliyadan” verilən eyni cavab işarəsi boşaldılma zamanı olduğunu bildirdi.

Yolun boş olduğunu bildirən işarə ilə sakitləşdirilən gecikmiş gəmi, tezliklə ağ örpəkli qarabasma kimi sakitcə onlara yaxınlaşaraq, sahildən bir kabeltov19 məsafədə lövbər atdı.

Həmin anda da yükləmə başladı.

Dantes, işləyə-işləyə, başını çatladan, daima onu təqib edən həmin fikri ucadan deyə bilsəydi bu adamlardan nə qədər sevinc nidaları eşitmiş ola biləcəyini düşünürdü, lakin nəinki öz sirrini açmadı, əksinə, həddindən artıq çox danışmasından, davranışlarından, sorğu-sualından, ora-buranı axtarmasından, qayğılanmasından şübhə doğura biləcəyindən ehtiyatlanırdı. Xoşbəxtlikdən, hər halda bu işə görə ağır keçmişi onun sifətinə qəm-qüssə möhürü vurmuşdu və nadir sevinc işartıları, dolu buludlarını işıqlandıran ildırım çaxmasına bənzəyirdi.

Beləliklə, heç kim onda qeyri-adi bir şey görmədi və səhərisi Dantes, tüfəng, barıt və qırma götürərək sıldırımlıqda tullanan dağ keçilərini vurmaq istədiyini bildirəndə, hamı onda yalnız ova böyük ehtiras, yaxud tənhalıq eşqi hiss etdi. Yalnız Cakopo ona yoldaşlıq etmək istədiyini bildirdi; Dantes onda şübhə doğurmasın deyə, mübahisə etmədi. Lakin bir neçə addım getməmiş Dantes, bir keçi balası vurdu və Cakopodan geri qayıdıb onu yoldaşlarına verməyi xahiş etdi:

– Qoy onlar çəpişi qızartsınlar, hazır olanda isə tüfənglə atəş açıb payımı almaq üçün geri qayıdım deyə, mənə işarə versinlər.

Qurudulmuş meyvə və bir şüşə montepuçan şərabı ziyafəti tamamlayardı.

Dantes, arabir geri baxa-baxa yoluna davam edirdi. Qayanın zirvəsinə çıxaraq min fut aşağıda səylə yemək hazırlayan yoldaşlarını və onlara qoşulan Cakoponu gördü.

Təxminən bir dəqiqə öz üstünlüyünü hiss edən adam kimi, mülayim və qəmgin təbəssümlə onlara baxdı.

– İki saatdan sonra, – o, öz-özünə dedi, – ciblərində əlli piastra ilə bu adamlar ölümü gözə alaraq, daha əlli piastra qazanmaq üçün yollarına davam edəcəklər. Sonra da altı yüz piastra toplayaraq hansısa bir şəhərdə, təkəbbürlü sultanlar və qayğısız naiblər kimi onu puç edəcəklər. Bu gün ümidlə yaşayır və onların məndə dərin yoxsulluq hissi yaradan bu zənginliyinə nifrət edirəm; sabah ola bilsin, peşman olaraq, bu yoxsulluğu böyük xoşbəxtlik hesab edərəm.

Edmon bağırdı:

– Xeyr, bu ola bilməz; müdrik, qüsursuz Faria səhv edə bilməzdi! Belə mənasız həyat sürməkdəndirsə, ölüm yaxşıdır.

Beləliklə, üç ay bundan əvvəl azadlıq istəyən Dantes, artıq bununla kifayətlənməyərək var-dövlət də istəyirdi. Burada Dantes deyil, Tanrı da təqsirkardı, məhz O, insanın qüdrətini məhdudlaşdırıb ona həddən artıq arzular nəsib etmişdi. Hələ insan ayağı dəyməmiş iki sıldırım divar arasındakı su axınının açdığı cığırla hərəkət edən Dantes, zənninə görə mağaranın olduğu yerə yaxınlaşdı. Sahil boyu hərəkət edə-edə hər yerə böyük diqqətlə baxarkən bəzi qayaların üzərində çox güman, insan əli ilə qazılmış çapıqlar gördü.

Hər şeyi dini adətlərin unutdurduğu kimi, mamır örtüyünə bürüyən zaman sanki müəyyən istiqamət və yol göstərməli olan bu işarələrə rəhm etmişdi. Bəzən bu işarələr mərsin kolluğu, yaxud da şibyə ilə örtülərək tamamən yox olur, Edmon, ona ümid verən bu işarələri tapmaq üçün budaqları ayıraraq yeni labirintlə yoluna davam edirdi. Kim bilir, bəlkə də kardinalın özü Spada ailəsinin başına gələcəklərini bilmədiyindən bacısı oğlunun yolu tapması üçün bu işarələri qoymuşdu. Bu xəlvəti yer, xəzinənin basdırılması üçün çox yararlı idi. Lakin bu kobud işarələri görən, başqa, yad nəzərləri cəzb etməmişdimi, bu ada öz qəribə sirrini müqəddəs tərzdə saxlaya bilmişdimi?

Sıldırım qayalıqlar arasında yoldaşlarından gizlənən Edmon, limana altmış addım qalmış çapıqların qurtardığına əmin oldu; lakin onlar onu mağaraya gətirib çıxartmadı. Edmonun qarşısında nəhəng özül üzərində durmuş böyük yumru qaya var idi. O, öz-özlüyündə bəlkə qeyd olunan yerin sonuna deyil, əksinə, əvvəlinə gəldiyini düşündü, dönüb gəldiyi yolla geri getdi.

Bu zaman Edmonun yoldaşları yemək hazırlamaqla məşğul idilər; su dalınca çaya gedir, çörək və meyvəni sahilə daşıyır, çəpişi qızardırdılar. Onlar çəpişi əldəqayırma şişdən çıxardıqları vaxt, dağ keçisi kimi cəld və cəsurcasına qayadan-qayaya tullanan Dantesi gördülər; onlar ona işarə vermək üçün tüfəngdən atəş etdilər. O, anında dönüb onların yanına gəlməyə tələsdi. Onlar Dantesin bu düşüncəsiz hərəkətini məzəmmət edərək, onun cəsur tullanışlarını izləyirdilər ki, birdən sanki onların narahatçılığının təsdiqi olaraq Dantesin qayanın başında ayağı sürüşdü; səndələdi, qışqırdı və gözdən itdi.

Edmonun onlardan üstün olduğunu bilmələrinə rəğmən, hamı birdən qalxdı, çünki hamı Edmonu sevirdi. Lakin ona birinci özünü yetirən Cakopo oldu.

Edmon qan içində, demək olar, hissiyyatsız halda uzanmışdı. Görünür, on iki-on beş fut hündürlükdən düşmüşdü. Ağzına bir neçə damla rom tökdülər və bir dəfə ona kömək edən bu dərman, bu dəfə də öz şəfaverici təsirini göstərdi.

Edmon gözünü açdı, dizindəki güclü ağrıdan, başındakı və belindəki dözülməz ağrıdan şikayətləndi. Onu sahilə aparmaq istədilər. Lakin Cakoponun təşkilatçılığı ilə onu qaldırmaq istədikdə Edmon zarıldayaraq ağrıya dözə bilmədiyini bildirdi.

Şübhəsiz çəpiş Dantesin heç yadına da düşmürdü; lakin onun kimi pəhriz tutmağa niyyəti olmayanların hamısının sahilə dönməsini tələb etdi. Dediyinə görə, onun yalnız dincəlməyə ehtiyacı var idi, yoldaşlarını, onlar qayıdanadək özünü daha da yaxşı hiss edəcəyinə ümidləndirdi.

Dənizçiləri çox da dilə tutmaq lazım gəlmədi, onlar ac idilər və çəpişin qızardılmış iyini hiss etmişdilər, dəniz quldurları öz aralarında ədəb qaydalarını çox da gözləyən deyildilər.

Bir saatdan sonra dənizçilər qayıtdılar. Bu müddət ərzində Edmon yalnız bir neçə addım sürünərək, mamırla örtülmüş bir qayaya söykənə bilmişdi.

Lakin görünür, onun ağrısı sakitləşməmiş, hətta artmışdı. Yaşlı kapitan bu səhər yola düşməkdən ötrü və mallarını Pemonta ilə Fransa sərhədlərində, Nitssa ilə Frejüs arasında boşaltmaqdan ötrü Dantesdən ayağa qalxmasını istədi. Dantes qeyri-insani cəhdlə onun istəyini yerinə yetirir, lakin hər cəhdində rəngi qaçmış və əzab çəkən adam kimi yerə yıxılırdı.

– Onun qabırğaları sınıb. – Kapitan pıçıltı ilə dedi. – Dəxli yoxdur, o, yaxşı dostdur və onu atıb getmək olmaz; çalışaq onu tartanaya keçirək.

Lakin Dantes, kiçik bir hərəkətin ona verdiyi ağrıdansa, yerindəcə ölməyi seçdiyini bildirdi. Kapitan dedi:

– Lakin nə etmək olar? Nə olacaqsa olsun. Bircə sizin kimi dəyərli bir insanı köməksiz atıb getdiyimizi deməsinlər. Axşam üstündən tez lövbər qaldırmayacağıq.

Bu təklif dənizçiləri çox təəccübləndirdi, lakin heç kəs buna etiraz etmədi – əksinə, kapitanı hamı ciddi və dəqiq adam kimi tanıyırdı, onun öz məqsədindən imtina etdiyini, ya da onun yerinə yetirilməsinin vaxtını dəyişdiyini görən olmamışdı. Ona görə də Dantes, göyərtədə yaranmış bu qayda-qanunun gözlənilməyən bir dəyişikliyə məruz qalmasını istəmədi, kapitana dedi:

– Xeyr, mən özüm təqsirkaram və bacarıqsızlığıma görə cəzalanmalıyam: mənə bir az suxarı, dağ keçisi vurmaq, bəlkə də özümü müdafiə üçün tüfəng, barıt və güllə ehtiyatı saxlayın, siz yubansanız, özümə yer düzəltmək üçün bir külüng verin.

Kapitan dedi:

– Lakin sən acından öləcəksən.

Edmon cavab verdi:

– Bu ağrıları çəkməkdənsə, ölməyə üstünlük verirəm.

Kapitan dənizə çıxmağa hazırlaşan “Ameliyanın” dalğalar üzərində yırğalandığı kiçik limana baxdı.

– Maltalı, sizinlə biz nə edək? Biz səni tərk edə bilmirik, eyni zamanda qala da bilmərik.

Dantes dedi: – Gedin!

Kapitan cavab verdi:

– Bizim ayrılığımız bir həftədən az çəkməz, bir də səni götürmək üçün yolumuzu dəyişməliyik.

Dantes cavab verdi:

– Qulaq asın, siz iki-üç gündən sonra bu tərəfə gələn balıqçı qayığı görsəniz, deyin ki, bura gəlib məni Livornoya qədər aparsınlar, onlara aparmaları üçün iyirmi beş piastra verərəm.

Kapitan başını buladı.

Cakopo dedi:

– Qulaq asın, kapitan Baldi, hər şeyi qaydasına salmaq üçün belə bir təklifim var, siz gedin, mən isə yanında qalıb ona qulluq edərəm.

Edmon soruşdu:

– Mənim yanımda qalmaq üçün öz mənfəətindən imtina edəcəksən?

Cakopo cavab verdi:

– Bəli, tərəddüd etmədən.

Dantes dedi:

– Cakopo, sən çox gözəl adamsan; və rəbbim səni bu xoş niyyətlərinə görə mükafatlandıracaq, sənə təşəkkür edirəm, lakin mənim heç nəyə ehtiyacım yoxdur. Bir-iki gün dincəlib yaxşılaşaram, bu sıldırımlıqlar içərisində isə əzilmələr üçün güman edirəm, müalicəvi otlar tapa bilərəm.

Dantesin dodaqlarında qəribə bir təbəssüm yarandı; o Cakoponun əlini bərk sıxdı, lakin adada qalmaq və yalnız tək qalmaq qərarı dəyişə bilməzdi.

Qaçaqmalçılar Dantesin istədiklərinin hamısını ona verərək gəmiyə yollandılar və tez-tez arxaya baxaraq onunla dostcasına vidalaşırdılar, Dantes də sanki tərpənə bilməyən adam kimi, yalnız bir əlini qaldıraraq onlarla vidalaşırdı.

Onlar tamamilə gözdən itdikdə, Dantes güldü.

– Qəribədir, məhz belə adamlar içərisində dostluq və sədaqət tapırsan!

Sonra ehtiyatla sürünərək dənizin qabağını kəsən qayanın zirvəsinə çıxdı, oradan hazırlığını tamamlayan, lövbəri qaldırılmış sanki qağayı kimi, yelkənlərini açıb yüngülvarı yırğalanmayla tərpənən tartananı gördü.

Bir saatdan sonra, yaralının uzandığı yerdən gəmi artıq görünmürdü.

Dantes, bu çılpaq qayalar üzərində mərsin kolluğu və şibyə içərisində tullanan dağ keçisindən daha cəld ayağa qalxaraq bir əlinə tüfəngi, digər əlinə külüngü alaraq, çapıqların bitdiyi qayaya tərəf qaçdı.

Farianın ona ərəb balıqçısı haqqında danışdığı nağılı yadına salaraq bağırdı:

– İndi isə, açıl, Susam, açıl!

III. SEHRLİ PARILTI

Günəş yolun artıq üçdə birini qət etmişdi, isti, canlandırıcı may şüaları, sanki onun hərarətini hiss edən qayaların üzərinə yayılmışdı; süpürgə kolunda gizlənmiş minlərlə cırcırama isə durmadan eyni tipli cırıldamalarını havaya yaymaqla məşğul idi; zeytun və mərsin yarpaqları demək olar, dəmir səsi əks etdirərək əsməyə davam edirdi; Edmonun günəş altında qızmış qranit üzərindəki hər addımı, yaşıl zümrüd rəngli kərtənkələləri qorxudurdu; uzaqda, dağların döşündə ovçuları cəlb edən dağ keçiləri görünürdü; bir sözlə, ada canlı idi, buna baxmayaraq Edmon Tanrının nəzərləri altında özünü tənha hiss edirdi.

Edmonu qorxuya bənzər qəribə bir hiss bürüdü; buna səbəb isə aydın gündüz işığı idi, belə işıqda hətta səhrada da bizə elə gəlir, kiminsə hər şeyi bilmək istəyən baxışları bizi güdür.

Bu hiss o dərəcədə güclü idi ki, Edmon işə başlamazdan əvvəl külüngü bir yana qoyub tüfəngi əlinə alaraq ən yüksək zirvəyə qalxıb diqqətli baxışla ətrafa nəzər saldı.

Lakin etiraf etmək lazımdır ki, onun diqqətini nə evlərini gördüyü şairanə, məftunedici Korsika, nə ona tanış olmayan Sardiniya, nə yaddaşında böyük hadisələr oyandıran Elba, nə də üfüqdə ancaq təcrübəli dənizçi gözünə görünən möhtəşəm Genuya və ticari Livorno cəlb edirdi; xeyir, onun gözləri sübh tezdən yola çıxan yüngül hərbi gəmini və yenicə dənizə çıxmış tartananı axtarırdı.

Birinci artıq Bonifas boğazında gözdən itmişdi; ikincisi əks istiqamətdə Korsika sahili boyunca gedərək onu dolanıb keçməyə hazırlaşırdı.

Bu Edmonu sakitləşdirdi.

Dantes diqqətini yaxında olan əşyalara yönəltdi: o gördü ki, sivri uclu adanın ən yüksək nöqtəsində sanki kövrək heykəl kimi, nəhəng oturacağın üstündə durub; aşağıda kimsə yox idi; ətrafda da bir qayıq görünmürdü; qayaların ətəyinə vuran və sahil qranit daşları üzərinə gümüşü haşiyə salan mavi dənizdən başqa heç nə yoxdu.

Edmon tələsik, eyni zamanda da ehtiyatla enməyə başladı. Belə məharətlə və uğurla oynadığı bədbəxt hadisənin doğrudan başına gələcəyindən çox ehtiyat edirdi.

Qeyd etdiyimiz kimi, Dantes çapıqlara baxa-baxa geri qayıdaraq, izlərin onu antik nimfanın dəniz hamamına bənzər kiçik limana gətirib çıxartdığını gördü. Limana giriş lazım olduğu qədər geniş və dərin idi, hətta speronarların20 bura girib gizlənməsi tamamilə mümkün idi. Onda Dantes, ağlı gözəl idarə edən Farianın ehtimallar labirintini ələ alaraq belə qərara gəldi ki, kardinal Spada onu görməsinlər deyə, bu kiçik limana girib, gəmini orada gizlədərək çapıqların istiqamətində gedib onun bitdiyi yerdə xəzinəni basdırıb. Bu ehtimal Dantesi yenidən yumru, böyük daşın yanına gətirib çıxartdı.

Yalnız bir fikir Edmonu narahat edir və dinamika haqqındakı təsəvvürünü alt-üst edirdi: bu cür beş-altı min funt ağırlığında daşı durduğu yerin üzərinə necə qaldırmışdılar?

Qəfildən Dantesin ağlına qəribə gözəl bir fikir gəldi, öz-özünə dedi: “Ola bilsin, onu ora qaldırmayıblar, sadəcə yuxarıdan aşağıya diyirlədiblər”.

Tələsik yuxarı qalxıb daşın ilkin durduğu yeri axtarmağa başladı.

O doğrudan da dağın başında kiçik bir maillik gördü, buradan daşı aşağı sürüşdürmək olardı. Qayanın ondan balaca bir hissəsi isə ən azı onu durdurmaq üçün dayaq ola bilərdi. Onun ətrafı kiçik daş və çay daşları ilə örtülmüşdü, bu hörgünün üstü isə xam torpaqla basdırılmış və onun üzərində artıq ot, mamır, mərsin, saqqız ağacı bitərək bu nəhəng daşı qaya ilə birləşdirmişdi.

Dantes, ehtiyatla torpağı qazaraq, bu hiyləgər hərəkətin sirrini açdı, ya da açdığını düşündü.

Keçən zaman ərzində bərkimiş bu ara divarı külünglə dağıtmağa başladı. On dəqiqədən sonra divarda əl girə biləcəyi qədər bir deşik açıldı. Dantes, tapa bildiyi ən böyük zeytun ağacını qırıb, budaqlarını təmizləyərək deşiyə soxdu və ling əvəzi işlətməyə başladı.

Lakin daş elə ağır idi, altdakı daş ona elə dayaq verirdi ki, heç kəs, hətta Herakl qüvvəsinə malik olan adam da onu yerindən tərpədə bilməzdi. Bu halda Dantes ilk növbədə dayağı ləğv etmək qərarına gəldi. Lakin necə?

Dantes, özünü itirmiş, diqqətsiz halda ətrafa baxarkən birdən gözü Cakoponun verdiyi barıtla dolu qoyun buynuzuna sataşdı.

O, gülümsədi; bu cəhənnəm ixtirası onun köməyinə çatacaqdı.

Dantes, külüngün köməyi ilə üst daşla alt daş arasında mina üçün yer qazanların ağır və uzun sürən işdən yaxa qurtarmaqları üçün etdikləri kimi, yer açdı: bu keçidi barıtla doldurdu, cib dəsmalını çıxardıb ondan fitil hazırladı. Sonra fitili yandırıb kənara çəkildi.

Partlayış özünü çox gözlətmədi. Üstdəki daş barıtın ölçüyə gəlməz qüvvəsi ilə anında qalxdı, altdakı daş isə parça-parça oldu. Dantesin açdığı deşikdən bir yığın lərzəyə gəlmiş həşərat, böcək və böyük, bu sehrli keçidin qoruyucusu, mavi halqalarını açıb yox olan suilanı çıxdı.

Dantes deşiyə yaxınlaşdı; dayaqsız qalmış üstdəki daş uçurum üzərində sallanırdı. Qorxmaz axtarıcı onun ətrafını dolanıb, ən sallaq yeri seçərək Sizif kimi, var gücü ilə lingin üzərinə basdı. Silkələnmə nəticəsində tərpənən daş yelləndi; Dantes, iki qat səylə çalışmağa başladı; o qayaları qoparan Tanrının sərkərdələri ilə döyüşən nəhəngə bənzəyirdi. Nəhayət daş uçulub diyirləndi, üz aşağı yuvarlanaraq dəniz burulğanında gözdən itdi.

Onun altında, girdə meydançanın ortasında, dördkünc sal daşa bərkidilmiş dəmir halqa görünürdü. Dantes, sevincdən və heyranlığından bağırdı – ilk cəhdi belə uğurla nəticələnmişdi!

O, axtarışlarını davam etdirmək istəyirdi, amma ayaqları elə titrəyir, ürəyi elə güclü döyünür, gözləri elə isti dumanla örtülmüşdür ki, dayanmağa məcbur oldu.

Lakin bu durğunluq bir an çəkdi. Edmon lingi halqanın içinə keçirib var gücü ilə onu hərəkətə gətirdi, sal daş qalxdı; onun altından mağaranın qatı qaranlığı içərisindən aşağı sərt yenən pilləkənə bənzər bir şey göründü.

Kim onun yerinə olsaydı ora tullanıb, sevincindən bağırardı. Dantesin rəngi qaçdı, o, fikir içində dayanıb durdu, öz-özünə dedi:

– Dayan! Kişilik göstərmək zamanıdır. Mən bədbəxtliyə alışmışam, ümidin boşa çıxması məni qıra bilməz; məgər əzab çəkmək mənə heç nə öyrətməyib? Ürək isti ümid əsmələri altında həddindən artıq genişlənərək partlayır, qəfil həqiqətin soyuğundan isə yığılır! Faria sayıqlayırdı: kardinal Spada bu mağarada heç nə basdırmayıb, ola bilsin, heç burada da olmayıb; əgər olubsa da qorxmaz fırıldaqçı, yorulmaz və qatı cinayətkar Sezar Bordjia onun ardınca gələrək mənim kimi çapıqlarla onun izini tapıb, daşı qaldıraraq hamıdan qabaq bura enib, mənə heç nə saxlamayıb.

O, təxminən bir dəqiqə tərpənmədən, dərin və qaranlıq quyuya baxaraq durdu.

– Bəli, bəli, belə macəraya bu kimi, təmtəraqlı quldurun, kölgə ilə işığın qarışdığı və onun həyatının məğzini təşkil edən qeyri-adi əhvalatların bir-birinə qarışmasında da yer ola bilər. Bu əfsanəvi sərgüzəşt onun qələbələrinin mütləq bir halqası idi; bəli, Bordjia bir vaxt bir əlində məşəl, digərində qalxan burada olub, ola bilsin, tam da burada, qayaların iyirmi addımlığında nəhs və nifrət oyandıran, diqqətlə yerə, havaya və dənizə göz gəzdirən iki gözətçi dururdu, halbuki bu vaxt, mənim etməyə hazırlaşdığım kimi, onların hökmdarı qəzəbli, alov saçan əli ilə qaranlığı yararaq mağaraya daxil olurdu.

Dantes, öz-özündən soruşdu: “Bəs Bordjia öz sirrini etibar etdiyi gözətçilərə nə etmişdi?”

Gülümsəyərək özünə cavab verdi: “Alarixanın qəbir qazanlarına etdiklərini, basdırılanlarla birlikdə basdırdılar”.

Dantes davam edərək dedi: “Lakin Bordjia burada olmuş olsaydı, sərvəti tapıb aparmış olardı; Bordjia – İtaliyanı ənginarla müqayisə edib onu yarpaq-yarpaq yeyən adamdır, vaxtın qiymətini yaxşı bilirdi, bu daşı əvvəlki yerinə qoyaraq boş yerə vaxt da itirməzdi. Beləliklə, mağaraya enək”.

O, dodaqlarında şübhəli gülüşlə, insan müdrikliyinin son sözünü pıçıldayaraq pilləkənə qədəm qoydu: “Ola bilsin!…”

Lakin burada Dantes, gözlədiyi qaranlıq və boğunuq hava əvəzinə, yumşaq, mavi alaqaranlıqla rastlaşdı; buraya hava və işıq təkcə onun açdığı dəliklərdən deyil, həmçinin zahirdən görünməyən qayaların arasındakı yarıqlardan da düşürdü, onların arasından mavi səma, palıd ağacının yaşıl naxışları və sürünən çaqqal gavalısının tikanlı lifləri görünürdü.

Havası nə nəm, nə də boğanaqdı, əksinə isti və mülayim, zahiri havadan aydın günəşin mavi alaqaranlıqda olduğu qədər yumşaq havası olan mağarada, bir neçə saniyə qalan Dantes, qaranlıqda görmək qabiliyyətinə malik olduğundan, artıq ən uzaq guşələrə nəzər sala bilmişdi; mağaranın divarları qranitdən idi, onun kiçik parıltıları almaz kimi bərq vururdu.

Edmon gülümsəyərək dedi:

– İlahi! Çox güman, kardinalın saxladığı bütün sərvət yalnız bundan ibarətdir, rəhmli rahib yuxusunda parıldayan divarları görərək, böyük ümidlərə qapılıb.

Lakin Dantes əzbər bildiyi vəsiyyətnamənin sözlərini yadına saldı. Orada bəyan edilirdi: “İkinci quyunun ən ucqar guşəsində”.

Dantes, yalnız birinci mağaraya girmişdi; ikinci mağaranın girişini tapmaq lazım idi.

O, ətrafına baxdı. İkinci mağara yalnız adanın dərinliyinə tərəf gedə bilərdi. Daş plitələri nəzərdən keçirib, mağaranın onun fikrincə, hər ehtimala qarşı bağlanmış, yarıq olan divarını döyməyə başladı.

Bir neçə dəqiqə külüngün qranitə dəyməsinin bərk, aydın səsləri eşidildi, Dantesin alnını tər basdı. Nəhayət yorulmaz mədən qazmaçısına elə gəldi, qranit divarın bir yerində səs onun çağırışına daha boğunuq, daha bəm səslə cavab verir; diqqətlə, alovlu baxışlarla divara baxdı və məhbus hissiyyatı ilə ola bilsin, heç kəsin başa düşə bilmədiyini başa düşdü: bu yerdə boşluq olmalıdır.

Lakin Sezar Bordjiadan vaxtın qədrini heç də az bilməyən Dantes, əbəs yerə əziyyət çəkməsin deyə, külünglə mağaranın digər divarlarını da yoxladı, tüfəngin qundağı ilə yeri döydü, şübhələndiyi yerlərdə qumu eşələyib heç nə tapmayaraq, sakitləşdirici səs verən divarın yanına qayıtdı.

Yenidən daha da böyük qüvvə ilə divara vurmağa başladı.

Qəfildən təəccüblə külüng zərbələri altında divardan parça-parça suvağın ayrıldığını, altından adi tikinti daşına bənzər, ağtəhər, yumşaq daşların üzə çıxdığını gördü. Qayadakı deşik bu daşla bağlanaraq üstü qranit rəngli suvaqla malalanmışdı.

Onda Dantes, külüngün şiş ucu ilə yenidən vurdu və külüng bir düym divara saplandı.

Görün onu harada axtarmaq lazım imiş.

İnsana xas olan təbii xüsusiyyətə görə Dantes, Farianın səhv etmədiyinə dair nə qədər çox sübut tapırdısa, bir o qədər şübhələri artır və ümidsizliyə daha çox yaxınlaşırdı. Bu yeni kəşf ona cəsarət vermək yerinə, olan gücünü də əlindən aldı. Külüng divardan sürüşərək az qalırdı əlindən düşə, onu yerə qoyub, alnını sildi və kiminsə onu güdüb-güdmədiyini yoxlamaq üçün mağaradan çıxdı, əslində isə Dantes təmiz hava almaq üçün çıxırdı; o, hiss edirdi ki, özündən gedir.

Ada kimsəsiz idi, ada yüksək nöqtədə olan günəşin yandırıcı şüaları altında qalmışdı. Uzaqda balıqçı qayıqları öz yelkənlərini mavi-yaqutlu dəniz üzərinə uzatmışdı.

Dantes səhərdən bəri heç nə yeməmişdi, lakin yemək onun yadına da düşmürdü, bir qurtum rom içib mağaraya qayıtdı.

Ağır olduğunu düşündüyü külüng, indi quş kimi gəldi; onu qapıb həvəslə işə başladı.

Bir neçə zərbədən sonra daşların bir-birinə hörülmədiyini, sadəcə üst-üstə qoyularaq qeyd etdiyimiz kimi, suvaqla malalandığını gördü. Külüngün ucunu boşluğa salıb var gücü ilə tutacağı basdı – daş onun ayaqlarının altına düşdü!

Bundan sonra Dantesə yalnız külüngün ucu ilə daşları çevirmək lazım gəlirdi, onlar bir-birinin ardınca birinci daşın yanına düşürdü.

Dantes çoxdan açdığı deşikdən içəri girə bilərdi, lakin ümidini qorumaq, əminliyi uzaqlaşdırmaq üçün hələ də ləngiyirdi.

Nəhayət, bir dəqiqəlik tərəddüdü dəf edən Dantes, birinci mağaradan ikinciyə keçdi.

İkinci mağara birincidən alçaq, qaranlıq və tutqun idi; yenicə açılmış deşikdən içəri daxil olan hava üfunətli və başgicəlləndirici idi, nə qədər təəccüblü olsa da birinci mağarada belə bir şey hiss edilmirdi. Dantes çöldən daxil olan havanı bu ölü havanı təmizləməsini gözləyib, içəri girdi. Giriş deşiyinin sol tərəfində dərin və uzun bir künc var idi.

Lakin biz artıq qeyd etmişdik, Dantes üçün qaranlıq mühit mövcud deyildi. O, mağaraya göz gəzdirdi. Bura da birinci mağara kimi boş idi. Xəzinə, doğrudan da mövcuddursa, bu qaranlıq küncdə basdırılmış olmalıydı.

Əzabverici dəqiqə gəldi. Dantesi böyük xoşbəxtlikdən, ya da dərin təəssüf hissindən cəmi iki fut torpaq ayırırdı.

Küncə yaxınlaşdı və qəfil gələn qətiyyət və cəsarətlə torpağı qazmağa başladı. Beş-altı zərbədən sonra külüng dəmirə dəydi.

Matəm zəngi, həyəcan siqnalı heç zaman onu eşidənlərdə belə təəssürat yaratmamışdı.

Dantes heç nə tapmasaydı belə, bu dərəcədə rəngi qaçmazdı.

O, külüngü başqa yerə, yana vurdu, yenə eyni müqavimətlə rastlaşdı, lakin səs başqa idi.

“Bu dəmirlə haşiyələnmiş taxta sandıqdır”, deyə öz-özünə pıçıldadı.

Bu anda kiminsə kölgəsi işığı tutaraq keçdi. Dantes külüngü əlindən buraxdı, tüfəngi götürərək tələsik mağaradan çıxdı. Dağ keçisi girişdən keçib mağaraya girdi və onun bir neçə addımlığında ot yeməyə başladı.

Bu özünü naharla təmin etmək üçün əlverişli bir təsadüf idi; lakin Dantes, silah səsinin kimisə cəlb etməsindən qorxurdu. Nəsə fikirləşdi, sonra qatran ağacını kəsib, qaçaqmalçıların çəpiş bişirdiyi közərən tonqalda yandıraraq məşəllə mağaraya qayıtdı.

O, heç nəyi gözdən qaçırmaq istəmirdi. Məşəli qazılmış yöndəmsiz dərinliyin yanına yaxınlaşdıraraq səhv etmədiyini başa düşdü: külüng doğrudan da növbə ilə gah dəmirə, gah da ağaca dəyirmiş.

Məşəli yerə sancıb işini yenidən davam etdirdi.

Bir neçə dəqiqəyə üç fut uzunluğunda, iki fut enində bir yeri təmizləyərək palıd ağacından, yanları dəmir haşiyəli bir sandıq gördü. Qapağın üstündə torpağın altında qalmağına baxmayaraq qaralmamış, Spada nəslinə aid gümüş gerbli lövhəcik parıldayırdı, onun üzərində çələng qoyulmuş kardinal şlyapası ilə oval şəkilli italyan qalxanı içərisində şaquli vəziyyətdə duran qılınc əks olunmuşdu.

Dantes rahib Farianın dəfələrlə çəkdiyi bu gerbi çox asanlıqla tanıdı! İndi artıq heç bir şübhə qalmamışdı. Xəzinə burada idi; heç kim əbəs yerə boş sandığı belə səliqə ilə gizlətməzdi.

Dantes bir dəqiqə içərisində sandığın ətrafındakı torpağı təmizlədi. Əvvəlcə üst cəftə göründü, sonra iki sallanan qıfıl, sonra da yan divarlardakı dəstəklər. Bunların hamısı sənətin dəmiri nəcibləşdirmə dövründə böyük məharətlə cilalanıb hazırlanmışdı. Dantes sandığın dəstəyindən yapışıb qaldırmaq istədi, lakin əbəs yerə.

Belə olan halda sandığı açmağa qərar verdi, lakin cəftə və asma qıfıllar möhkəm bağlanmışdı. Bu sadiq gözətçilər, deyəsən onlara tapşırılan xəzinəni vermək istəmirdi.

Dantes, külüngün şiş tərəfini sandığın divarı ilə qapağın arasına soxub əl yerindən basdı, qapaq, cırıldayaraq çatladı; geniş çat dəmir zolaqları zəiflətdi, onlar da öz növbəsində möhkəm caynaqları ilə zədələnmiş taxtaları sıxaraq töküldü, sandıq açıldı.

Əsəbi titrəmə Dantesi bürüdü. O tüfəngi götürüb tətiyi çəkib yanına qoydu. Əvvəlcə öz təxəyyülündə parıldayan gecə içərisində çoxlu ulduz görmək üçün, uşaqların etdiyi kimi, gözlərini yumdu, sonra onları açaraq gözləri qamaşdığından yerindəcə donub qaldı.

Sandıqda üç bölmə var idi.

Birincidə qırmızı parıltılı beşlik və onluq qızıl pullar parıldayırdı.

İkincidə cilalanmamış, yalnız çəkisinə və qızıl dəyərinə görə dəyərləndirilən səliqə ilə düzülmüş tökmə külçələr yatırdı.

Nəhayət, Edmon əllərini yarısına qədər almaz, mirvari, yaqutla dolu olan üçüncü bölümə salaraq bu zinət əşyaları ilə doldurdu, onlar parıldayan şəlalə kimi, bir-birinin üzərinə düşərək pəncərəni döyən dolu səsi çıxarırdı.

Titrəyən əllərini bir neçə dəfə qızıl və qiymətli daş-qaşların içinə salan Edmon, bu mənzərədən doyaraq sıçrayıb və kütləşmiş halda, dəli olmağa yaxın adam kimi, mağaradan çıxıb qaçdı. Dəniz görünən bir qayanın üzərinə çıxdı, lakin heç kimi görmədi. O, ona məxsus bu saysız-hesabsız, misli görünməyən, eşidilməyən var-dövlətlə tək idi, tamamilə tək. Lakin bu yuxudur, ya həqiqət? Bu ani görüntü ona xülya kimi gəlmişdi, yoxsa əlində tutduqları əsl həqiqətdir?

O, yenidən öz qızıllarını görmək istədi, lakin eyni zamanda bu mənzərəyə tamaşa etməyə gücünün olmadığını hiss etdi. Sanki qaçmağa hazır olan ağlını tutub saxlamaq üçün iki əli ilə başını tutdu, sonra yol seçmədən, çünki Monte-Kristo adasında yol yox idi, dağ keçilərini və dəniz quşlarını öz bağırtısı və qəzəbli hərəkətləri ilə qaçıraraq, adada qaçmağa başladı. Sonra dolayı yolla geri qayıdaraq, hələ də özünə inamsız halda birinci mağaraya, ordan da ikinci mağaraya tullanıb yenidən qarşısında bu qızıl və almaz xəzinəsini gördü…

Bu dəfə diz üstə çökərək, titrək vəziyyətdə əllərini ürəyinə basmış, yalnız Tanrının başa düşə biləcəyi duanı pıçıldayırdı.

Bir az gözlədikdən sonra daha sakit və bununla yanaşı daha xoşbəxt görünürdü; öz xoşbəxtliyinə yalnız indi inanmağa başlayırdı. Var-dövlətini saymağa başladı. Sandıqda min ədəd hər biri iki-üç funt ağırlığında qızıl külçə var idi; sonra indiki pulla hər biri səksən frank dəyərində olan və üzərində VI Aleksandr və onun sələflərinin surəti əks olunan iyirmi beş min ədəd qızıl onluq saydı, bu zaman bölmələrin yalnız yarısına qədər boşaldığına əmin oldu, nəhayət, iki əli ilə on ovuc mirvari, almaz və digər qiymətli daş-qaş ölçüb çıxartdı, bu daş-qaşların bir çoxu o dövrün ən yaxşı ustaları tərəfindən çərçivələndiyindən bədii dəyərinə görə onlardan az olmayan qiymətə malik idi.

Gün axşama doğru əyilirdi. Dantes toranın yaxınlaşdığını gördü. Qaranlığa mağarada yaxalanmaqdan qorxub əlində tüfəng ordan çıxdı. Bir parça suxarı və bir neçə qurtum çaxır axşam yeməyini əvəz etdi. Sonra sal daşı əvvəlki yerinə qoyub, onun üzərinə uzandı, mağaraya girişi öz bədəni ilə bağlayıb bir neçə saat yatdı.

Bu gecə onun üçün şirin, qorxulu gecələrdən biri idi, həyəcanlara bürünmüş adamın artıq ikinci-üçüncü dəfə idi bəxtinə belə şey düşürdü.

IV. YAD ADAM

Səhər açıldı. Dantes artıq çoxdan gözü açıq onu gözləyirdi. Günəşin ilk şüası ilə durub dünənki kimi adanın ən yüksək qayasına çıxdı, ətrafa göz gəzdirdi. Yenə hər tərəf əvvəlki kimi adamsız idi. Edmon aşağı enib mağaraya yaxınlaşdı, daşı çəkərək içəri girdi; ciblərini qiymətli daşlarla doldurub bacardığı qədər sandığın qapağını bərk bağlayıb üzərinə torpaq tökərək onu ayaqladı, sonra qazılmış yer görünməsin deyə, üstünə qum səpib mağaradan çıxdı, girişi sal daşlarla bağlayıb üzərinə xırda daşlar tökdü, aralarını torpaqla doldurub üstdən mərsin və süpürgə kolu əkdi, kök tutması və burada çoxdan əkildiyini, böyüdüyünü göstərmək üçün suladı, öz ayaq izlərini silib səbirsizliklə yoldaşlarının qayıtmasını gözləməyə başladı. Daha qızıl və almazların seyrinə vaxt itirməyə, adada oturub əjdaha kimi faydasız sərvəti qorumağa dəyməzdi. İndi həyata, insanların yanına qayıdıb vəziyyəti düzəltmək, ilk növbədə sərəncamında olan böyük qüvvə ilə zənginliyin dünyada qazandırdığı hakimiyyəti, təsiri əldə etmək zamanı idi.

Qaçaqmalçılar altı gündən sonra qayıtdılar. Dantes, hələ uzaqdan görünüşünə və sürətinə görə “Gənc Ameliyanı” tanıdı; o yaralı Filokteti kimi özünü limana güclə çatdırdı, yoldaşları sahilə endikdə ağrıdan şikayətlənərək özünü daha yaxşı hiss etdiyini bildirdi. Sonra öz növbəsində onların başlarına gələn macəraları dinlədi. Uğur onların tərəfində olmuşdu; lakin yükü boşaldar-boşaltmaz gözətçi gəmisinin Tulondan çıxıb onlara tərəf istiqamətləndiyi xəbərini almışdılar. “Ameliyanın” sürətini məharətlə artırmağı bacaran Dantesin onlarla olmamağından təəssüflənərək tələsik yola düşmüşdülər. Tezliklə dənizçilər onları təqib edən gözətçi briqi görmüş, lakin qaranlıqdan istifadə edib Kore burnunu dolanıb keçərək uğurla qaçıb canlarını qurtarmışdılar.

Ümumilikdə səfəri uğurlu hesab etmək olardı, lakin hamı, xüsusilə də Cakopo Dantesin onlarla olmamağına və adambaşına düşən əlli piastrdan məhrum olmasına heyfsilənirdi.

Edmon təmkinli idi; o, hətta adanı tərk edib gedə biləcəyi halda ona çatacaq gəlirin miqdarını eşidəndə gülmədi belə; lakin “Gənc Ameliya” Monte-Kristoya ancaq onun ardınca gəldiyindən, elə həmin gecə göyərtəyə qalxaraq kapitanın ardınca Livornoya yollandı.

Livornoya gəldikdə, yəhudi sərrafın yanına gedib, əlində olan ən kiçik daşlardan dördünü, hər biri beş min frankdan satdı. Yəhudi belə bir qiymətli daş-qaşın dənizçidə hardan olduğunu soruşa bilərdi, lakin hər bir daşda min frank mənfəət əldə etdiyindən susmağa üstünlük verdi.

Ertəsi gün Dantes, yeni bir balıqçı qayığı alaraq onu Cakopoya hədiyyə etdi, hədiyyənin üstündə, əlavə olaraq dənizçi tutmaq üçün, yüz piastr da nağd pul verdi. Lakin bir şərtlə, Cakopo Marselə gedib, Melyan xiyabanında yaşayan Lui Dantes adlı yaşlı adamdan və Katalana kəndində yaşayan Mersedes adlı gənc qadından ona xəbər gətirməli idi.

Cakopo yuxu gördüyünü düşünürdü, lakin Edmon dənizçiliyə ərköyünlükdən gəldiyini söylədi, doğmalarının ona pul vermədiklərini səbəb gətirdi, lakin Livornoya gəldikdə dayısının ölümündən sonra ona böyük bir miras qaldığını öyrənmişdi, Dantesin yüksək mədəniyyəti bu əhvalatı inandırıcı edirdi. Cakopo isə dostunun ona yalan danışmadığına, bir an da olsun, şübhə etmirdi.

Sonra “Gənc Ameliya”da xidmət müddəti bitdiyindən, onu dilə tutub gəmidə saxlamaq istəyən, lakin mirasdan xəbər tutaraq fikrindən daşınan kapitanla görüşüb, onlardan ayrıldı.

Ertəsi gün Cakopo Marselə yola düşdü. Danteslə Monte-Kristo adasında görüşməyə qərar verdilər. Elə həmin gün Dantes, hara getdiyini heç kimə demədən, vida zamanı “Gənc Ameliya”nın gəmi heyətini bolluca mükafatlandıraraq, kapitana, bir gün özü haqqında məlumat verəcəyini vəd edərək sağollaşıb getdi. O, Genuyaya yola düşdü.

Buranın limanında kiçik bir yaxtanı sınaqdan çıxarırdılar, Aralıq dənizində genuyalıların yaxşı gəmiqayıranlar olduğunu eşidən bir ingilis, onların inşa etdiyi bir yaxta əldə etmək qərarına gəlmişdi. İngilis yaxtanı qırx min franka sifariş etmişdi; Dantes, yaxtanı həmin gün ona təhvil vermək şərti ilə altmış min frank təklif etdi. Öz yaxtasını gözləyən ingilis İsveçrəyə səyahətə yollanmışdı. O, bir aydan tez dönməyəcəkdi; gəmiqayıran qərara gəldi ki, bu müddət ərzində yeni bir yaxta inşa edə bilər. Dantes, gəmi inşaatçısını yəhudinin dükanına apardı, burada arxa otaqda yəhudi inşaatçıya altmış min frank sayıb verdi.

İnşaatçı heyət tutmaq üçün Dantesə öz köməyini təklif etdi. Lakin Dantes, tək üzməyə adət etdiyini deyərək təşəkkür etdi və yalnız onun kayutunda, çarpayısının başı üzərində gizli qıfılı olan, öz növbəsində kilidli olmaq şərtilə üç bölümlü bir dolab quraşdırsın. Dantes bu bölümlərin ölçüsünü inşaatçıya göstərdi, qeyd edək ki, hər şey ertəsi günə hazır edilmişdi.

İki saatdan sonra tək üzməyə adət edən ispan əsilzadəsini yola salmağa toplananların maraqlı baxışları altında Genuya limanından yola düşürdü.

Dantes yaxtanın öhdəsindən əla gəlirdi: yalnız bir sükanın köməyi ilə o yaxtanı bütün lazımi manevrləri yerinə yetirməyə məcbur edirdi, belə ki, yaxta özünü Dantesin kiçik tapşırıqlarını yerinə yetirən ağıllı varlıq kimi aparır, Dantes isə ürəyində genuyalıların doğrudan da dünyada birinci gəmi inşaatçıları olduğu fikri ilə razılaşırdı.

Sahilə toplaşanlar yaxtanı gözdən itənədək gözləriylə yola saldılar, bu zaman onun hara getdiyi haqda mülahizələr başladı: bəziləri Korsikaya, bəziləri Elbaya getdiyini deyir; bəziləri isə İspaniyaya getməsi üzərində bəhsə girirdi, bəziləri onun Afrikaya getdiyini də dedilər, lakin Monte-Kristo adasının adını çəkmək heç kimin ağlına gəlmirdi.

Bu arada Dantes, məhz ora yollanırdı.

İkinci günün sonunda adaya yan aldı. Yaxta çox asan idarə olunan idi və məsafəni otuz beş saata qət etdi. Dantes, sahillərin ümumi şəklini yaxşı öyrənmişdi və əsas limana girmədən, kiçik bir limanda lövbər saldı.

Ada boş idi; görünür, Dantes oranı tərk edəndən sonra heç kim bura yan almamışdı. O, mağaraya daxil oldu və xəzinənin qoyduğu vəziyyətdə qaldığını gördü.

Ertəsi gün Dantesin saysız-hesabsız sərvəti yaxtaya daşındı və gizli dolabın üç bölümünə doldurulub bağlandı.

Dantes daha bir həftə gözlədi. Bütün bu həftəni yaxta ilə at təlimçisi kimi adanın ətrafında dolanırdı. Bu günlər ərzində yaxtanın bütün yaxşı cəhətlərini və qüsurlarını öyrəndi. Dantes, birinciləri artırmaq, sonuncuları isə düzəltdirmək qərarına gəldi.

Səkkizinci gün Dantes tam yelkənlə adaya tərəf gələn qayıq gördü, bunun Cakoponun qayığı olduğunu başa düşdü; Dantes, siqnal verdi, Cakopo da siqnala siqnalla cavab verdi, iki saatdan sonra qayıq yaxtaya yaxınlaşdı.

Edmon gözlədiyi hər iki sualına acı cavab aldı: yaşlı Dantes ölmüş, Mersedes isə yoxa çıxmışdı.

Edmon bu xəbərləri sakit dinlədi; lakin həmin dəqiqə, arxasınca gəlməyi qadağan edərək sahilə endi. İki saatdan sonra geri döndü; hər iki dənizçi yelkənləri idarə etmək üçün Cakoponun qayığından yaxtaya keçdilər; Dantes Marselə istiqamət götürməyi əmr etdi. Atasının ölümünü gözləyirdi; lakin Mersedes hara yox olmuşdu?

Edmon, öz sirrini açmadan heç bir müvəkkilə qaneedici tapşırıq verə bilmirdi; bundan əlavə o, bəzi başqa məlumatlar da almaq istəyirdi, bunu isə təkcə özü edə bilərdi. Livornoda bərbərin güzgüsü tanınmasından ehtiyatlanmağa ehtiyacı olmadığını göstərdi. Bununla yanaşı indi onun sərəncamında vücudunu dəyişmək üçün hər cürə vasitə var idi. Budur, bir səhər Dantesin yelkənli yaxtası balıqçı qayığının müşayiəti ilə cəsarətlə Marsel limanına girib bir zamanlar Edmonu İf qalasına aparmaq üçün gözətçi qayığının durduğu yerdə dayandı.

Dantes, əsə-əsə karantin qayığında ona yaxınlaşan jandarmanı gördü. Lakin o, əldə etdiyi sakit əminliklə, jandarma Livornoda aldığı ingilis pasportunu təqdim etdi, bu xarici Fransada fransız pasportlarından daha çox hörmətə malik buraxılışın köməyi ilə maneəsiz sahilə endi.

Dantesin Kannebyer küçəsində ilk gördüyü, “Faraon” gəmisindən tanıdığı dənizçi oldu. Bu adam bir vaxtlar Dantesin rəhbərliyi altında işləyirdi, sanki Dantesin özündə olan dəyişikliklərə əmin olması üçün buradaydı. Dantes, düz dənizçiyə yaxınlaşıb ona bir neçə sual verdi, o isə sualları həyatında birinci dəfə gördüyü adamın sualları kimi cavablandırdı. Dantes, dənizçiyə verdiyi məlumatlara görə hörmət əlaməti olaraq bir sikkə verdi; bir dəqiqə keçmiş bu yaxşı adamın onun ardınca qaçdığını eşitdi.

Dantes geri döndü. Dənizçi dedi:

– Üzr istəyirəm, cənab, görünür səhv etmisiniz; yəqin mənə iki franklıq sikkə vermək istəmisiniz, əvəzində iki qat napoleondor vermisiniz.

Dantes dedi:

– Düz deyirsən, əzizim, səhv etmişəm, lakin sənin düzgünlüyün mükafata layiqdir, xahiş edirəm, ikinci sikkəni də qəbul edib dostlarınla mənim salığıma içəsiniz.

Dənizçi elə heyrətlənmişdi ki, Edmona heç təşəkkür də etmədi, onun ardınca baxıb dedi:

– Görünür, Hindistandan gələn hansısa zadəgandır.

Dantes, yoluna davam edirdi; hər addımda ürəyi daha da güclü titrəyirdi; bizi tərk etməyən unudulmaz uşaqlıq xatirələri hər küncdə, hər kəsişmədə qarşısında peyda olurdu. Noayl küçəsinin sonuna çatıb Melyan xiyabanlarını gördükdə ayaqlarının dolaşdığını hiss etdi, az qala yanından keçən minik arabasının altına düşəcəkdi. Nəhayət, Dantes bir vaxtlar atasının yaşadığı evə yaxınlaşdı. Çardağın pəncərəsindən atasının səliqə ilə qulluq etdiyi ağ əsmər və ərik gülləri yoxa çıxmışdı.

Dantes, ağaca söykənib fikirli halda qədim evin yuxarı mərtəbələrinə baxdı; nəhayət qapıya yaxınlaşdı, astanadan keçərək boş mənzilin olub-olmadığını soruşdu, beşinci mərtəbədə bütün mənzillər dolu olsa da, Dantes, elə inadla onları görmək istədiyini bildirdi ki, qapıçı yuxarı qalxıb mənzil sahiblərindən xariciyə mənzilləri göstərməyə icazə istədi.

Bu ikiotaqlı kiçik mənzili iki həftə bundan əvvəl nişanlanmış gənc ailə tutmuşdu. Bu gənc, xoşbəxt cütlüyü gördükdə, Dantes, dərindən nəfəs aldı.

Bununla belə burada atasının yaşadığını xatırladan heç nə yoxdu, divar kağızları dəyişdirilmişdi; yaddaşında bütün təfsilatları ilə canlanan, uşaqlıq dostları olan köhnə əşyaların hamısı yoxa çıxmışdı. Yalnız divarlar həmin divarlar idi. Dantes, çarpayıya nəzər saldı; o, atasının çarpayısıyla eyni yerdə dururdu. Edmonun gözləri qeyri-iradi yaşla doldu: qoca burada oğlunu çağıra-çağıra son nəfəsini vermişdi.

Gənc ər-arvad təəccüblə donmuş sifətindən iri göz yaşları axan bu sərt adama baxırdılar. Lakin hər bir kədər müqəddəsdir, onlar bu yad adama heç bir sual vermədən ona mane olmamaq üçün kənara çəkildilər, sonra, vidalaşarkən onu yola salaraq nə vaxt istəsə bura gələ biləcəyini, bu kiçik mənzillərində onu görməyə həmişə şad olacaqlarını dedilər.

Bir mərtəbə aşağı enən Edmon digər qapının qarşısında duraraq dərzi Kadrussun hələ də burada yaşayıb-yaşamadığını soruşdu. Qapıçı soruşduğu adamın iflasa düçar olub indi Belqarddan Bokerə gedən yolda aşxana işlətdiyini dedi.

Dantes ev sahibinin ünvanını soruşub çıxan kimi ora yollandı, özünü lord Uilmor kimi təqdim edərək (vəsiqədə adı belə qeyd olunmuşdu) ondan evi iyirmi beş min franka satın aldı. O, ən azı on min artıq pul ödəmişdi. Lakin sahibkar Dantesdən yarım milyon da tələb etsəydi, sövdələşmədən pulu ödəyəcəkdi.

Elə həmin gün notarius beşinci mərtəbədə yaşayan gənc cütlüyə məlumat verərək bildirdi ki, evin yeni sahibi onların evdə istədikləri hər hansı mənzili yaşadıqları mənzilin müqabilində verməyə hazırdır.

Bu qəribə əhvalat bütün həftə boyu Melyan xiyabanının sakinlərini məşğul edərək, min cürə həqiqətə uyğun olmayan ehtimallar doğurdu.

Lakin camaatın ağlını daha da qarışdıran və yoldan azdıran başqa bir vəziyyət də üzə çıxdı, gündüz Melyan xiyabanındakı evdə olan həmin xarici adam axşam Katalan kəndində gəzişirmiş, bir kasıb balıqçı daxmasına girərək bir saat orada olmuş və artıq on beş il bundan əvvəl ölmüş və yaxud da yoxa çıxmış adamlar haqda sorğu-sual edirmiş.

Ertəsi gün onun sorğu-sual etdiyi balıqçılar hədiyyə olaraq iki böyük balıqçı toru ilə təchiz olunmuş yeni qayıq aldılar.

Balıqçılar bu geniş ürəkli ziyarətçiyə çox təşəkkür etmək istəyirdilər, lakin həmin ərəfədə bir dənizçi ilə söhbət etdikdən sonra atına minib Ekss darvazasından çıxdığını, Marseli tərk etdiyini öyrəndilər.

V. “HAR KÖRPÜSÜ” AŞXANASI

Kim mənim kimi, cənubi Fransanı gəzə-gəzə səyahət edibsə çox güman Belqardla Boker arasında, təxminən kəndlə şəhər arasındakı kimi, lakin Belqarddan Bokerə daha yaxın bir məsafədə, kiçik, üzərində bir asma dəmir lövhəsi olan, azacıq küləyin əsməsi ilə cırıldayan, Qarsk körpüsünün təsviri olan aşxananı görüb. Ronanın axını ilə getsək, arxa divarı çaya olan aşxana, böyük yolun sol tərəfinə düşür. Onun Lanqedokda bağ adlanan, yəni həyətin dalında hasarlanmış torpaq sahəsi var, burada bir neçə kiçik boylu zeytun ağacı və yarpaqları gümüşü tozla örtülmüş yabanı əncir ağacları qurumaqdadır; bu ağacların arasında tərəvəz, əsasən sarımsaq, qırmızı qabıqlı bibər və soğan bitir; nəhayət, küncdə, sanki unudulmuş gözətçi kimi hündür piniya otuz dərəcə günəş altında, tənha çatlayan başını göylərə yüksəldir.

Bu ağacların hamısı, böyüklər və kiçiklər də daxil olmaqla, təbii təsirlər altında əyilmiş, Provansın üç bəlasından biri hesab edilən şimal-qərb küləyinin əsdiyi istiqamətdə böyüyürdü; digər iki bəladan biri Dürans,21 ikincisi isə parlament hesab edilir.

Ətrafda böyük toz gölünə bənzər düzənlikdə orda-burda tək-tək buğda sünbülü göyərir, yəqin, bunları yerli bağbanlar bu səhraya düşmüş səyyahları öz yeknəsəq və qulaqbatırıcı cırıltıları ilə təqib edən cırcıramaların qonmaları üçün yetişdirirlər.

Bu aşxana artıq yeddi ildir, bir ər-arvad cütlüyünə məxsusdur, xidmətçi heyəti Trinetta adlı qadın işçidən və Pako adlanan mehtərdən ibarət idi; düzünü desək Boker ilə Eq-Mort arasında kanal çəkildikdən sonra, yük daşıyan çay gəmiləri poçt atlarını, daşıma gəmiləri isə dilicansları22 müvəffəqiyyətlə əvəz edib.

Aşxana sahibində böyük peşmanlıq yaradan bu kanal, qidalandığı Rono ilə yox etdiyi yolun, bizim indicə qısa, lakin dəqiq təsvir etdiyimiz aşxananın yüz addımlığından keçirdi.

Bu kasıb aşxananın sahibi hündür, arıq, güclü, mavi batıq gözlü, qartal burunlu və yırtıcılardakı kimi, ağ dişli – qırx beş yaşlı əsl cənublu idi. Qocalığın ilk xəbərçisi olmağına baxmayaraq, onun ağarmaq istəməyən saçları, topa saqqalı kimi, sıx və qıvrım idi, yalnız bəzi yerlərdə tək-tük ağarmışdı.

Sifəti azca qarabuğdayı olsa da, səhərdən axşamadək astanada durub əbəs yerə yoldan keçən piyada-atlı kirayənişin gözləməkdən tamamilə qaralmışdı; sifətinə göydən ələnən oddan – ispan naxırçıları kimi başına bağladığı qırmızı yaylıqdan başqa heç nə ilə qorunmurdu. Bu bizim köhnə tanışımız Qaspar Kadruss idi.

Onun, qızlığında Madlena Radel adlanan arvadı, arıq, rəngi solğun və xəstə bir qadın idi; Arlya ətrafında doğulmuş və bu diyarın qadınlarının fəxri sayılan gözəlliyinin keçmiş əlamətlərini özündə saxlayırdı; lakin onun sifəti Eq-Mort süni gölləri və Kamarq bataqlıqları yaxınlığında yaşayan adamlar arasında geniş yayılmış, qızdırma xəstəliyinin tutmaları nəticəsində erkən solmuşdu. Buna görə də heç zaman ikinci mərtəbədəki otağından çıxmır, bütün günü qızdırmadan titrəyərək, kresloda yarıuzanı vəziyyətdə, ya da çarpayıda yarı oturaq halda keçirirdi, bu arada onun əri adəti üzrə astanada durar və lazım olanda çox könülsüz halda öz postunu tərk edərdi, çünki deyingən arvadı daima öz taleyindən şikayətlənir, əri isə ona adətən filosof kimi cavab verirdi:

– Karkonta, sus! Görünür sənin Tanrına belə xoşdur.

Karkonta ləqəbi, Madlena Radelə Salonla Lambesk arasında olan Karkonta kəndində doğulduğuna görə verilmişdi; bu yerlərdə adamları adları ilə deyil, ləqəbləri ilə çağırdıqlarına görə, əri də onun öz kobud nitqinə uyğun gəlməyən zərif və xoş Madlena adını bu adla əvəz etmişdi.

Lakin belə xəyali iradənin ilahi qüvvəyə itaət etməsinə baxmayaraq, bizim aşxana sahibimizin lənətə gəlmiş Boker kanalının onu saldığı bu yoxsul vəziyyətdən şikayətlənmədiyini və arvadının ağısına laqeyd olduğunu düşünmək olmaz. Bütün cənublular kimi, o da təmkinli və sadə adam idi, lakin zahiri görünüşünə gəldikdə çox şöhrətpərəst görünürdü, özünün firavanlıq günlərində bircə dəfə də ferrada23 və tarask24 yürüşündən qalmaz, öz Karkontası ilə təntənəli surətdə şənliklərdə peyda olardı: o, Katalon və Əndəlus geyimlərinin arasında olan təmtəraqlı cənub geyimində, arvadı isə sanki yunan və ərəblərdən götürülmüş gözəl Arlezian geyimində. Lakin tədricən saat zəncirləri, boyunbağılar, rəngarəng kəmərlər, toxunma korsajlar, məxmər gödəkcələr, zərif naxışlı ipək corablar, ala-bəzək getrlər, gümüş toqqalı başmaqlar yoxa çıxmış, əvvəlki gözəl görkəmində görünməkdən məhrum olan Qaspar Kadruss, onun ürəyini dağlayan və kasıb aşxanaya gəlib çatan şən çağırışlara baxmayaraq, arvadı ilə birlikdə bu şənliklərdə iştirak etməkdən imtina etmişdi, qeyd edək ki, o, aşxananı da gəlir götürmək üçün deyil, əlində bir işi olsun deyə, saxlayırdı.

Kadruss adəti üzrə səhərin yarısını aşxananın qapısında, qəmgin baxışlarını boş yolun bir qurtaracağı ilə cənuba, digəri ilə şimala çıxan yolun iki son nöqtəsindən kiçik toyuqlar dolanan gölməçəyə baxaraq keçirirdi ki, arvadının qəfil bağırtısı onu öz postunu tərk etməyə məcbur etdi. O, donquldana-donquldana qapını taybatay açıq qoyub gələnləri ona baş çəkməyə dəvət edirmiş kimi aşxanaya girib ikinci mərtəbəyə qalxdı.

Kadrussun aşxanaya girdiyi dəqiqədə haqqında danışdığımız və Kadrussun nəzərlərinin dikildiyi baş yol, günortalar səhrada olduğu kimi boş və adamsız idi. O sonsuz iki sıra cılız ağaclar arasında ağ zolaq kimi uzanırdı, aydın idi ki, belə saatda, bu öldürücü Saxarada öz xoşu ilə heç bir yolçu yola çıxmaz.

Lakin bütün ehtimalların əksinə olaraq Kadruss yerində qalsaydı Belqard tərəfdən yaxınlaşan və atla süvarinin arasında əla münasibətdən xəbər verən sakit və gözəl ləngərlə yaxınlaşan atlını görərdi; günorta günəşinin yandırıcı istisinə baxmayaraq, atlı ruhani üçbucaq şlyapa və qara cübbə geyimdə idi; axta yorğa at yortma yerişlə gedirdi.

Ruhani ata aşxananın qapısında durdu; onlardan hansının hansını, atlınınmı atı, atınmı atlını durdurduğunu demək çətin idi. Lakin bundan asılı olmayaraq, ruhani ata atdan endi və cilovundan yapışıb onu bir həncama üstündə duran, tökülən pəncərə taxtasının cəftəsinə bağladı; sonra üzündən dolu kimi tökülən təri qırmızı kağız dəsmalla silə-silə qapıya yaxınlaşaraq əlindəki ucu dəmirli əl ağacı ilə üç dəfə astananı döydü.

Həmin anda böyük qara it ayağa qalxdı, bir neçə addım ataraq ağ, iti dişlərini qıcırdaraq hürməklə öz ikiqat düşmən davranışını sübut etməklə yanaşı çox az halda yad adam gördüyünü də bəlli etdi. Divara yapışmış taxta pilləkən yoxsul ev sahibinin ağır addımları altında həmin an cırıldamağa başladı; o, arxası qapıda dayanmış rahibə tərəf, tamamilə əyilmiş vəziyyətdə aşağı enirdi. Tamamilə təəccüblənmiş Kadruss dedi:

– Gəlirəm, gəlirəm. Marqo, sən səsini kəsərsən! Cənab, qorxmayın, o hürsə də, qapmaz. Şərab istəyirsiniz, eləmi? Yaman istidir… – Kadruss necə yolçu ilə işi olduğunu görüb davam etdi, – ah, bağışlayın. Bağışlayın, kimi qəbul etmək şərəfinə nail olduğumu görmədim. Sizə nə lazımdır? Cənab rahib, sizə necə qulluq göstərə bilərəm?

Rahib bir neçə saniyə diqqətlə Kadrussa baxdı; elə bil o da onun diqqətini özünə cəlb etmək istəyirdi. Lakin aşxana sahibinin sifəti, təəccübdən başqa heç nə ifadə etmədiyindən, ziyarətçi bu səhnəyə son qoymağı lazım bilərək güclü italyan vurğusu ilə dedi:

– Cənab Kadruss sizsinizmi?

Sahibkar ola bilsin, susqunluqdan daha çox sualdan təəccüblənərək cavab verdi:

– Bəli, cənab, özüdür ki var; sizin qulluqçunuz Qaspar Kadruss.

– Qaspar Kadruss?… Bəli… Məncə də elədir ki var. Bir vaxtlar Melyan xiyabanında, dördüncü mərtəbədə yaşayırdınız, elədir?

– Elədir ki, var.

– Dərzilik sənəti ilə məşğul idiniz?

– Bəli; lakin işlər pis getdi. Bu lənətə gəlmiş Marseldə o dərəcədə istidir ki, fikrimcə tezliklə orada geyinməyə tamamilə son qoyacaqlar. Yeri gəlmişkən, isti haqda; Cənab rahib, bir az sərinləmək istərdinizmi?

– Çox güman hə. Bir şüşə ən yaxşı çaxırınızdan gətirin, sonra söhbətimizi davam etdirək.

Kadruss dedi:

– Cənab rahib, necə əmr edərsiniz.

Kadruss sonuncu kaqor şüşəsini satmaq və ələ düşən təsadüfü qaçırtmamaq üçün otağın döşəməsi altında düzəldilmiş, eyni zamanda mətbəxlə zalı əvəz edən otağın qapısını tələsik qaldırdı.

Kadruss beş dəqiqədən sonra qayıtdıqda, rahib dirsəyi ilə masaya söykənərək taburetdə oturmuşdu, qəzəbini sevgi ilə əvəzləyən Marqo, qəribə səyyahın şərab istədiyini eşidib arıq boynunu onun dizləri üzərinə qoyaraq, rəhmli gözləri ilə üzünə baxmağa başladı.

Rahib aşxana sahibinin qarşısına bir şüşə və stəkan qoyduğunu gözləyib ondan soruşdu:

– Burada təkmi yaşayırsınız?

– Bəli, tək, demək olar, tək, cənab rahib, çünki arvadım mənə kömək edən deyil; zavallı Karkontam daima xəstədir.

Rahib, sanki yoxsul cütlüyün var-dövlətini dəyərləndirmək üçün ətrafına nəzər salaraq soruşdu:

– Deməli, evlisiniz!

Kadruss dərindən nəfəs alaraq soruşdu:

– Cənab rahib, siz məni yoxsul hesab edirsiniz. Eləmi? Lakin nə etmək olar; bu dünyada yaxşı yaşamaq üçün namuslu adam olmaq kifayət deyil.

Rahib ağıllı nəzərlərini ona yönəltdi.

– Bəli, namuslu adam olmaqla, – sahibkar əlini sinəsi üzərinə qoyub rahibin gözlərinin içinə baxıb dedi, – cənab rahib, bununla fəxr edə bilərəm, bizim dövrümüzdə hamı bunu deyə bilməz.

Rahib dedi:

– Dedikləriniz doğrudursa, lap yaxşı. Mən möhkəm inanıram ki, geci-tezi namuslu adam mükafatlanacaq, zalım adamlar isə cəzalanacaqlar.

Kadruss dərdli-dərdli etiraz etdi:

– Mənsəbiniz bunu deməyə məcbur edir, lakin hamı sizin sözlərinizə inanıb-inanmamaqda azaddır.

Rahib dedi:

– Nahaq yerə belə deyirsiniz, cənab, ola bilsin, sözlərimin düzgün olduğunu sizə sübut edəcəyəm.

Kadruss təəccüblə soruşdu:

– Necə yanı?

– Bax belə: ilk növbədə sizin məhz mənim dediyim adam olmağınıza inanmalıyam.

– Bəs sizə necə sübutlar lazımdır?

– Siz 1814, ya da 1815-ci ildə Dantes adlı dənizçi tanıyırdınızmı?

Kadruss bərk qızararaq ucadan dedi:

– Dantes!… Zavallı Edmonu tanıyırdımmı! Əlbəttə, o, mənim ən yaxşı dostum idi!

Bu arada rahibin aydın və sakit gözləri genişlənərək sanki həmsöhbətini bir dəfəlik baxışları ilə əhatə etmək istəyirdi.

– Bəli, deyəsən onun adı Edmon idi.

– Əlbəttə, onun adı Edmon idi! Əlbəttə! Mənim adımın Qaspar Kadruss olduğu kimi, onun da adı eləydi. – Aşxana sahibi davam edirdi, – bəs zavallı Edmona nə oldu, cənab rahib? Siz onu tanıyırdınız? O, hələ sağdır? Azaddırmı? Xoşbəxtdirmi?

– O, Tulon sürgünündə ayağı kündəli digər dustaqlar kimi ümidsiz və bədbəxt vəziyyətdə həbsxanada öldü.

Kadrussun sifətinə yayılmış qızartı ölü rəngi ilə əvəz olundu. O, döndü, rahib onun başına bağladığı qırmızı yaylığın ucu ilə göz yaşlarını sildiyini gördü.

Kadruss donquldandı:

– Yazıq! Cənab rahib, bu da mənim Tanrının pis adamlara rəhm etməsi barədə dediklərimi təsdiqləyir. – Kadruss davam etdi, – bəli, dünya günü-gündən pisləşir. Qoy səmadan yerə əvvəlcə kükürd yağsın, sonra alov, bu da hər şeyin sonu olsun!

Rahib dedi:

– Görünür, siz bu gənci ürəkdən sevirdiniz.

Kadruss dedi:

– Bəli, mən onu çox sevirdim, etiraf etməliyəm ki, bir dəfə mən onun xoşbəxtliyini qısqandım; lakin sonra, namusuma and içirəm, onun acı taleyinə çox heyfsiləndim.

Bir anlığa sükut çökdü, bu müddət ərzində rahib öz diqqətli baxışlarını aşxana sahibinin mənalı sifətindən ayırmadı.

Kadruss soruşdu:

– Siz o zavallını tanıyırdınızmı?

Rahib cavab verdi:

– Ona ölüm yatağında son təsəlliləri vermək üçün çağırılmışdım.

Kadruss batmış səslə soruşdu:

– Bəs o, nədən öldü?

– Həbsxananın özünü nəzərə almasaq, ömrün otuzuncu yaşlarında həbsxanada nədən ölmək olar?

Kadruss üzündən axan təri sildi. Rahib davam etdi:

– Ən qəribəsi, Dantes ölüm yatağında, öpdüyü xaç qarşısında mənə and içib həbs edilməsinin əsl səbəbinin məlum olmadığını deyirdi.

Kadruss pıçıldadı:

– Doğrudur, doğrudur, onu bilə bilməzdi. Bəli, cənab rahib, zavallı oğlan doğru söyləmişdi.

– Ona görə də o mənə tapşırdı ki, onun bədbəxtçiliyinin səbəbini tapım, namusuna ləkə gətirilibsə, adını, şərəfini bərpa edim.

Daha diqqətli olmağa başlayan rahibin baxışları Kadrussun tutulmuş sifətinə dikildi.

Rahib davam etdi:

– Bir varlı ingilis, ikinci bərpa dövründə həbsxanadan buraxılmış Dantesin yoldaşı, böyük dəyərdə almaza malik idi. O, həbsxanadan çıxarkən xəstə olduğu vaxt ona qardaşı kimi qulluq etdiyi üçün hörmət əlaməti olaraq almazı Dantesə bağışlamışdı. Dantes, həbsxana gözətçilərini ələ almaq əvəzinə, əlbəttə, onlar mükafatı alıb sonra onu ələ verə bilərdilər, daşı nə zamansa azad olmaq ehtimalı ilə öz yanında saxlayırdı; şübhəsiz, həbsxanadan çıxsaydı, həmin almazı satıb varlı adam olacaqdı.

Gözləri alovlanan Kadruss soruşdu:

– Deməli siz onun böyük dəyərdə bir almaz olduğunu deyirsiniz?

Rahib cavab verdi:

– Dünyada hər şey nisbidir. Edmon üçün bu bir sərvət idi; onu əlli min frank dəyərində qiymətləndirirdilər.

Kadruss qışqırdı:

– Əlli min frank! Deməli o yunan qozu boydaymış, eləmi?

Rahib cavab verdi:

– Xeyr, bir az kiçik, lakin almaz mənim yanımda olduğuna görə, onu özünüz də dəyərləndirə bilərsiniz.

Kadrussun gözləri, rahibin paltarı altında dolaşaraq, deyəsən daşı axtarırdı. Rahib cibindən qara şaqren dərisinə bükülmüş bir qutu çıxarıb, açaraq təəccüblənmiş Kadrussa əla işlənmiş üzüyün üzərinə qoyulmuş, parıldayan almazı göstərdi.

– Bu əlli min frank edir?

Rahib cavab verdi:

– Hə, ancaq özü, çərçivəsiz. Amma o da ucuz deyil.

O, Kadrussun təsəvvüründə hələ də parıldayan almaz qutusunu bağlayıb cibinə qoydu.

Kadruss soruşdu:

– Cənab rahib, bəs bu daş sizin əlinizə nə yolla düşüb? Məgər Edmon sizi öz varisi təyin edib?

– Varisi yox, qəyyumu. O, mənə üç xeyirxah dostu və nişanlısı olduğunu demişdi. Onların dördünün də hələ də onun üçün heyfsiləndiklərinə inanırdı, onlardan birinin adı Kadruss idi.

Kadruss diksindi.

Rahib Kadrussun həyəcanını hiss etməmiş kimi, davam edirdi:

– Digərinin adı Danqlar idi, üçüncüsü, rəqibim olsa belə, məni sevərdi.

Kadrussun dodaqlarında acı təbəssüm əmələ gəldi. Rahib dedi:

– Dayanın, imkan verin sözümü bitirim, mənə nə isə demək istəyirsinizsə, sonraya saxlayın. “Üçüncüsü, rəqibim olsa belə, məni sevərdi, onun adı Fernan idi; mənim nişanlımın isə…” – rahib dedi, – onun nişanlısının adını unutdum.

Kadruss dedi:

– Mersedes.

Rahib batmış səslə dedi:

– Bəli, bəli, tamamilə doğrudur, Mersedes.

Kadruss soruşdu:

– Sonra nə oldu?

Rahib dedi:

– Mənə bir qrafin su verin.

Kadruss onun istəyini yerinə yetirməyə tələsdi.

Rahib stəkana su süzüb bir neçə qurtum içdi, sonra stəkanı masanın üzərinə qoyaraq soruşdu:

– Harda qalmışdıq?

– Nişanlısının adı Mersedes idi.

– Bəli, bəli. “Siz Marselə gedəcəksiniz…” Bunların hamısını mənə Dantes deyirdi, siz başa düşürsünüzmü?

– Başa düşürəm.

– “Bu almazı satıb, aldığınız pulu məni bu dünyada sevən beş nəfər arasında bölərsiniz”.

Kadruss dedi:

– Necə yəni beş nəfər arasında? Siz yalnız dörd nəfərin adını çəkdiniz.

– Çünki, mənə dediklərinə görə beşinci ölüb… Beşinci adam Dantesin atası idi.

Kadruss dedi:

– Əfsus, bu doğrudur, müxtəlif əks hisslərlə qəlbi parçalanan, zavallı qoca öldü.

Rahib özünü laqeyd göstərməyə çalışaraq cavab verdi:

– Bunu Marseldə öyrəndim, lakin ölüm çoxdan baş verdiyindən təfsilatı öyrənə bilmədim… Ola bilər, siz onun ölümü haqda nə isə bilirsiniz?

Kadruss dedi:

– Mən bilməmiş kim biləcək, onun qonşusu idim… Ya rəbbim! Onun oğlunun yoxa çıxmasından heç bir il keçməmiş, zavallı qoca öldü!

– Bəs nədən öldü?

– Həkimlər onun xəstəliyini… deyəsən, mədə soyuqdəyməsi kimi qiymətləndirdilər; onu tanıyanlar isə dərddən öldüyünü deyirdilər… mən isə onun ölümünü görən adam kimi bilirəm o, nədən ölüb… – Kadruss tutuldu.

Rahib həyəcanla soruşdu:

– Nədən?

– Acından öldü!

Rahib dik qalxıb ucadan dedi:

– Acından? Acından! Hətta son dərəcə nacins adam da acından ölmür. Küçədə dolaşan başı boş itə də rəhmdar bir əl, çörək parçası verir, xristian adam isə, digər, özlərini xristian adlandıran adamların içərisində acından ölür! Ola bilməz! Bu ola bilməz!

Kadruss dedi:

– Mən sizə doğrunu söyləyirəm.

Pilləkəndən səs eşidildi:

– Nahaq yerə. Sənə dəxli olmayan işlərə niyə soxulursan?

Həmsöhbətlər geri dönüb pilləkənin məhəccərləri arasından, Karkontanın solğun sifətini gördülər; o, sürünə-sürünə öz hücrəsindən bura gəlmiş, pilləkənin ən son pilləsində başını əllərinə söykəyərək, onların söhbətlərinə gizlicə qulaq asırdı. Kadruss dedi:

– Bəs sən özün, qadın, özünə aid olmayan işə niyə soxulursan? Cənab rahib məndən məlumat istəyir; nəzakət naminə ona söyləməliyəm.

– Ağıl-kamal isə, sənin susmağını tələb edir. Səfeh, nə bilirsən, səni hansı məqsədlə sorğu-suala tutublar?

Rahib dedi:

– Xanım, sizi əmin edirəm, ən yaxşı məqsədlərlə. Əriniz düzgün danışırsa, heç nədən qorxmamalıdır.

– Biz bunları bilirik… Hər tərzdə vəddən başlayırlar, sonra xahiş edirlər qorxmasınlar, bununla da kifayətlənirlər, sonra vədlərini unudub çıxıb gedirlər, günlərin bir günündə üzərimizə məlum olmayan bir yerdən bəlalar yağmağa başlayır.

Rahib cavab verdi:

– Narahat olmayın, əmin edirəm, mənə görə sizi heç bir bəla gözləmir.

Karkonta başa düşülməyən nələrsə donquldayıb, başını əlləri üstünə qoydu, qızdırmadan titrəyə-titrəyə ərinin, bir sözünü buraxmadığı söhbətini davam etdirməsinə imkan verdi.

Bu arada, rahib bir stəkan su içərək sakitləşdi və yenidən başladı:

– Doğrudanmı, bu zavallı qoca hamı tərəfindən acından öləcək qədər tərk edilmişdi?

Kadruss cavab verdi:

– Xeyr, katalanlı Mersedes və cənab Morrel onu tərk etməmişdilər; lakin yazıq qoca birdən-birə Fernana nifrət etməyə başladı, o Fernana ki, – Kadruss istehza ilə gülərək əlavə etdi, – Dantes sizə öz dostu kimi tanıtmışdı.

Rahib soruşdu:

– Məgər o, onun dostu deyildi?

Xəstə qadın pilləkəndən dilləndi:

– Qaspar! Qaspar! Danışmazdan əvvəl bir düşün.

Kadruss ona cavab verməyib acıqlı-acıqlı əlini yellədi. O, rahibə belə cavab verdi:

– Qadınını əlindən almaq istədiyin adam necə dostun ola bilər? Dantes ürəyi yumşaqlıqdan bu adamların hamısını dostu deyə tanıdıb… Yazıq Edmon!

– Bununla belə, yaxşı ki, onun heç nədən xəbəri olmadı; ölüm ayağında onları bağışlaması çətin olardı…

Kadruss nitqinə çox da yad olmayan kobud bəlağətlə sözünə davam etdi:

– Nə olursa-olsun, mən dirilərin nifrətindən çox ölülərin lənətindən qorxuram.

Karkonta dedi:

– Axmaq!

Rahib davam etdi:

– Bu Fernanın nə etdiyi sizə məlumdurmu?

– Əlbəttə, məlumdur!

– Elə isə söyləyin.

Arvadı dedi:

– Qaspar, öz işindir, amma sussaydın yaxşı olardı.

Kadruss dedi:

– Bu dəfə bəlkə də sən haqlısan.

Rahib davam etdi:

– Deyəsən demək istəmirsiniz?

Kadruss cavab verdi:

– Nəyə görə? Yazıq Edmon sağ olsaydı və mənim yanıma gəlib kimin onun dostu, kimin düşməni olduğunu öyrənmək istəsəydi, başqa məsələ; lakin dediyinizə görə o, məzardadır; artıq nə nifrət edə bilər, nə də qisas ala, ona görə də bunu bir tərəfə buraxaq.

Rahib dedi:

– Necə istəyirsiniz, məgər xəyanətkar və saxta adam hesab etdiyiniz bu adamlara sədaqətli dost kimi mükafat çatmasını istəyirsiniz?

Kadruss dedi:

– Doğru deyirsiniz. Bununla bərabər zavallı Edmonun mirası onlar üçün nə əhəmiyyət kəsb edərdi? Dənizdə bir damla!

Arvadı dedi:

– Bu adamların səni bir barmaqları ilə əzə biləcəklərini nəzərə almasaq.

– Beləmi? Məgər bu adamlar belə varlı və qüdrətlidirlər?

– Deməli siz bu adamlar haqda heç nə bilmirsiniz?

– Xeyr. Mənə bu haqda danışın.

Kadruss fikrə getdi.

– Xeyr, bilirsiniz, bu həddindən artıq uzun olardı.

Rahib tamamilə laqeyd halda dedi:

– Əzizim, necə istəyirsiniz, heç nə deməyə də bilərsiniz, sizin tərəddüdünüzə hörmət edirəm. Siz xeyirxah adam kimi hərəkət edirsiniz; gəlin daha bu haqda danışmayaq. Mənə nə tapşırılıb? Ölüm yatağında olanın son vəsiyyətini yerinə yetirmək. Beləliklə, almazı sataram.

O yenidən cibindən qutunu çıxarıb açdı, daş yenidən Kadrussun heyrətlənmiş gözləri qarşısında parladı.

Kadruss xırıltılı səslə dedi:

– Arvad, bura gəl, bir bax.

Karkonta ayağa qalxaraq soruşdu:

– Almaz? – Olduqca əmin addımlarla pilləkəndən endi. – Bu nə almazdır belə?

Kadruss dedi:

– Eşitmədin? Bu almazı bizə vəsiyyət edib: əvvəla, öz atasına, sonra üç dostuna: Fernana, Danqlara və mənə, bir də nişanlısı Mersedesə. Almaz əlli min frank dəyərindədir.

Karkonta dedi:

– Ah, necə gözəl daşdır.

Kadruss soruşdu:

– Deməli, bu məbləğin beşdə bir hissəsi bizə məxsusdur?

Rahib cavab verdi:

– Bəli, üstəgəl Dantesin atasının payından sizə gələn hissə, hesab edirəm bu payı dördünüzün arasında bölməyə ixtiyarım çatır.

Karkonta soruşdu:

– Nəyə görə dördünüzün arasında?

– Çünki siz – Edmonun dostları dörd nəfərsiniz.

Karkonta boğuq səslə dedi:

– Satqınlar dost deyillər!

Kadruss dedi:

– Mən də elə onu deyirdim. Satqınlığı mükafatlandırmaq, cinayətdir, günahdır, hətta adamı təhqir etməkdir.

Rahib sakitcə almazı cübbəsinin cibində gizlədərək cavab verdi:

– Bunu siz özünüz istəyirsiniz. İndi mənə Edmonun dostlarının ünvanını verin ki, onun son vəsiyyətini yerinə yetirə bilim.

Tər Kadrussun üzündən sel kimi axırdı. Rahib ata baxmaq üçün qalxıb qapıya yaxınlaşdı, sonra yenidən yerinə qayıtdı. Kadrussla arvadı izaholunmaz ifadə ilə bir-birinə baxırdılar.

Kadruss dedi:

– Bu almaz təkcə bizə çata bilərdi.

Arvadı dedi:

– Belə düşünürsən?

– İmanlı adam bizi aldatmaz.

Karkonta dedi:

– Özün bilərsən, mən qarışmıram.

O, yenidən qızdırmadan titrəyə-titrəyə pilləkənlə getdi. İsti olmağına baxmayaraq, dişləri bir-birinə dəyirdi.

Sonuncu pillədə ləngidi: – Qaspar, yaxşıca düşün.

Kadruss cavab verdi:

– Qərara gəlmişəm.

Karkonta dərindən nəfəs alaraq, öz otağında gözdən itdi; onun ayağının altında cırıldayan döşəmənin və üzərinə düşdüyü kreslonun cırıltısı eşidildi.

Rahib soruşdu:

– Hansı qərara gəlmisiniz?

Kadruss cavab verdi:

– Sizə hər şeyi danışmağı.

Rahib dedi:

– Düzünü desəm, mənə elə gəlir, bu sizin edə biləcəyiniz ən yaxşı işdir. Məndən gizlətmək istədiyinizi sizdən öyrənmək istəməyə çalışmıram, lakin vəsiyyətnaməyə görə, mirası bölməkdə mənə kömək etməyiniz yaxşı olacaq.

Ümiddən və acgözlükdən yanaqları alışıb-yanan Kadruss dedi:

– Belə olacağına əminəm.

Rahib dedi:

– Sizi dinləyirəm.

Kadruss dedi:

– Dayanın, heç nədən söhbətimizi kəsə bilərlər, bu xoşagəlməz olar. Bununla yanaşı, başqalarının sizin burada olmağınızı bilmələri də vacib deyil.

O, qapıya yaxınlaşıb onu bağladı, daha etibarlı olsun deyə, gecə cəftəsini vurdu. Bu arada rahib özünə daha rahat bir yer seçdi; onun həmsöhbətinin üzünə işıq vurduğu halda kölgədə qalsın deyə, küncdə oturdu. Başını sallayıb, əllərini bükdü, daha doğrusu, yumruğunu sıxaraq diqqətlə qulaq asmağa başladı.

Kadruss tabureti çəkib onunla üzbəüz oturdu.

Karkontanın titrək səsi eşidildi, sanki o, döşəmənin taxtası arasından aşağıda nə baş verdiyini görürdü:

– Unutmayın, sizi məcbur etmirəm!

Kadruss dedi:

– Yaxşı, yaxşı, kifayətdir, mən hər şeyi öz üzərimə götürürəm.

Sonra sözə başladı.

VI. KADRUSSUN HEKAYƏSİ

Kadruss dedi:

– Hər şeydən əvvəl, cənab rahib, mənə bir söz verməyinizi xahiş edirəm.

Rahib soruşdu:

– Hansı?

– Nə vaxtsa verdiyim məlumatdan istifadə etməli olacaqsınızsa, bunları məndən aldığınızı heç kim bilməməlidir, dediyim adamlar, varlı və qüdrətlidirlər, məni barmaqlarını yüngülcə toxundurmaqla şüşə kimi əzərlər.

Rahib dedi:

– Əzizim, sakit olun, mən keşişəm, bütün sirlər köksümdə ölür; unutmayın ki, bizim dostumuzun sonuncu arzusunu layiqincə yerinə yetirməkdən başqa məqsədimiz yoxdur. Heç kimə güzəşt və nifrət etmədən söyləyin; həqiqəti söyləyin, yalnız həqiqəti. Mən dediyiniz adamları tanımıram, yəqin, heç zaman da tanımayacağam. Həm də mən italyanam, fransız deyiləm, Tanrıya məxsusam, insanlara yox; bir azdan bircə dəfə ölənin arzusunu yerinə yetirmək üçün, çıxdığım monastıra qayıdıram.

Görünür, bu inandırıcı dəlillər Kadrussda bir az əminlik yaratdı.

– O halda sizi ilk növbədə zavallı Edmonun belə səmimi və düzgün hesab etdiyi dostları olması fikrindən sizi daşındırmaq istəyirəm.

Rahib dedi:

– Sizdən xahiş edirəm, atasından başlayasınız. Edmon mənə qoca haqqında çox danışmışdı, ona böyük məhəbbət bəsləyirdi.

Kadruss başını bulayaraq dedi:

– Çox güman əvvəlini bilirsiniz, kədərli əhvalatdır.

Rahib cavab verdi:

– Bəli. Edmon hər şeyi, Marsel ətrafındakı kiçik aşxanada həbs edildiyi dəqiqəyə qədər olanları danışmışdı.

– “Rezervdə”! Hər şeyi indiki kimi görürəm.

– Axı bu deyəsən az qala nişan günü baş vermişdi?

– Bəli, şən başlayan nahar, kədərlə bitdi; polis komissarı dörd əsgərlə daxil olub Dantesi həbs etdi.

Rahib dedi:

– Bundan sonra heç nə bilmirəm. Dantesin, yalnız şəxsən özünə aid olan şeylərdən xəbəri vardı, çünki o adlarını çəkdiklərimdən başqa heç kimi görməmiş, onlar haqda heç nə eşitməmişdi.

– Beləliklə. Dantes həbs olunanda cənab Morrel nə olduğunu öyrənmək üçün Marselə yollandı, çox kədərli məlumatlar aldı. Qoca evinə göz yaşları içində, tək başına qayıtdı, ziyafət paltarını çıxarıb, bütün gün otağında dala-qabağa gəzişib gecəni də yatmadı. Mən o zaman onlardan altda yaşayır, bütün gecəni otaqda gəzişməsini eşidirdim; etiraf etməliyəm ki, özüm də yatmadım: zavallı atanın dərdi məni çox narahat edirdi, onun hər addımı mənim qəlbimi parçalayırdı, sanki o doğrudan da mənim köksümə ayaq basırdı.

O deyirdi: “Xeyr, mən öz evimi tərk etməyəcəyəm. Yazıq oğlum dünyada hamıdan çox məni istəyir, onu həbsxanadan buraxsalar, ilk növbədə qaçıb mənim yanıma gələcək. Məni evdə tapmasa, nə deyər?”

Pilləkən meydançasında dayanıb bunların hamısını eşidirdim, çünki Mersedesin qocanı onunla getmək üçün dilə tutmasını istəyirdim. Onun bütün günü başım üzərində səslənən narahat ayaq səsləri mənə bir dəqiqə də olsun rahatlıq vermirdi.

Rahib soruşdu:

– Məgər siz özünüz qocanı sakitləşdirmək üçün, onun yanına getməmişdiniz?

Kadruss cavab verdi:

– Ah, cənab rahib! Sakitləşmək istəyəni sakitləşdirmək olar; amma o bunu istəmirdi. Həm də, düzü, niyəsə məni görmək istəmədiyini düşünürdüm. Amma bir dəfə gecə hönkürtüsünü eşidib, tab gətirmədim və yuxarıya qalxdım; lakin mən qapıya yaxınlaşanda o, artıq ağlamır, ibadət edirdi. Cənab rahib, onun necə gözəl sözlər və qəmgin ifadələr tapıb söylədiyini sizə çatdıra bilmirəm; o sözlər duadan da, kədərdən də yüksəkdə idi; dindar olmadığımdan və yezuitləri sevmədiyimdən öz-özümə dedim: “Tək olduğum və Tanrım mənə övlad nəsib etmədiyi üçün xoşbəxtəm; mən ata olub bu bədbəxt qoca kimi kədər hiss etdiyim halda qəlbimdə və yaddaşımda onun Tanrıya söylədiklərini tapıb deyə bilməsəydim, əzablardan qurtarmaq üçün gedib özümü dənizə atardım”.

Rahib pıçıldadı:

– Bədbəxt ata!

– Gün keçdikcə o, daha da tənhalaşırdı; cənab Morrel və Mersedes onu tez-tez yoluxmağa gəlirdilər, lakin qapı bağlı olurdu; mən onun evdə olduğunu, lakin gələnlərə cavab vermədiyini bilirdim. Bir dəfə adətinin əksinə olaraq Mersedesi qəbul etdi, yazıq qız özü məyusluq içində olsa da, xəstəyə təsəlli vermək istəyəndə o, dedi:

“Qızım, mənə inan, o, ölüb; biz onu gözləməməliyik, lakin o bizi gözləyir; mən rahatam, çünki səndən çox yaşlıyam və əlbəttə, onunla birinci mən görüşəcəyəm”.

İnsan nə qədər xeyirxah olsa da, tədricən görünüşü əzab verən insanları ziyarət etməkdən imtina edir. Nəhayət, yaşlı Dantes tamamilə tənha qaldı. Mən vaxtaşırı onun yanına qalxan, sonra da sakitcə əllərində bağlama enən yad adamlardan başqa kiminsə onun yanına gəldiyini görmədim. Tezliklə bu bağlamalarda nə olduğunu başa düşdüm: gündəlik çörək üçün, yavaş-yavaş hər şeyini satırdı. Nəhayət, bədbəxtin ümidi sonuncu əşyasına qalmışdı. Mənzilinə görə də borclanmışdı; sahibkar onu qovmaqla hədələyirdi; o, daha bir həftə gözləməyi xahiş etdi, ev sahibi razılaşdı; mən bunu ev sahibinin özündən öyrəndim, o, qocanın yanından çıxandan sonra mənim yanıma gəlmişdi.

Bundan sonra hələ üç gün də onun əvvəlki kimi otaqda gəzişdiyini eşidirdim, lakin dördüncü gün artıq heç nə eşitmədim. Mənzilə girməyə qərar verdim; qapı bağlı idi. Açar yerindən onu solmuş və yorulmuş halda gördüm, xəstələndiyini fikirləşdim, cənab Morrelə xəbər verib Mersedesin ardınca qaçdım. İkisi də dərhal gəldi. Cənab Morrel özü ilə bərabər həkim də gətirmişdi; həkim xəstədə mədə-bağırsaq iltihabı müəyyənləşdirərək ona pəhriz gözləməyi məsləhət bildi. Cənab rahib, bu zaman mən orada idim, həkimin bu təyinatını eşidən qocanın gülümsəməsini heç zaman unutmaram. O, artıq həmin vaxtdan qapıları bağlamırdı: əlində yeməmək üçün qanuni əsası var idi; həkim ona pəhriz təyin etmişdi.

Rahibdən sarsılmış bir inilti çıxdı.

Kadruss soruşdu:

– Mənim söhbətim sizi narahatmı edir, cənab rahib?

Rahib cavab verdi:

– Bəli, çox təsirləndiricidir.

– Mersedes ikinci dəfə gəldi; xəstədə elə bir dəyişiklik gördü ki, birinci dəfə olduğu kimi, onu öz yanına aparmaq istədi. Cənab Morrel də eyni fikirdə idi, onu zorla aparmaq istəyirdi. Lakin qoca elə dəhşətlə bağırırdı ki, qorxdular. Mersedes onun yatağı başında qaldı, cənab Morrel isə pul kisəsini buxarının üzərinə qoyduğunu Mersedesə işarə edərək getdi. Lakin həkimin təyinatı ilə “silahlanmış” qoca heç nə istəmirdi. Nəhayət, doqquz günlük aclıqdan sonra bədbəxtliyinə səbəb olanların hamısını lənətləyərək öldü. O, Mersedesə deyirdi: “Nə vaxtsa Edmonu görsəniz, ona xeyir-dua verə-verə öldüyümü deyin”.

Rahib durub əsən əlini qurumuş boğazına qoydu, otaqda iki dəfə gəzişdi.

– Siz isə onun…

Kadruss cavab verdi:

– Acından, cənab rahib, acından! Buna hər ikimizin xristian olduğumuza əmin olduğum kimi əminəm.

Rahib titrəyə-titrəyə yarısı su ilə dolu stəkanı götürüb bir nəfəsə içdi və solğun üz, qızarmış gözlərlə yenidən öz yerinə oturub boğunuq səslə dedi:

– Razılaşın ki, bu böyük bədbəxtlikdir.

– Xüsusilə də buna Tanrının deyil, insanların səbəb olduğunu düşünəndə.

Rahib dedi:

– Gəlin digər adamlara keçək. – O, demək olar ki, hədələyici səslə əlavə etdi, – lakin unutmayın, mənə düzünü deməyi vəd etmisiniz. Beləliklə, oğulu ümidsizliklə, atanı isə aclıqla öldürən bu adamlar kimlərdir?

– Onun paxıllığını çəkən iki nəfər, biri sevgiyə, digəri isə şöhrətpərəstliyə görə: Fernan və Danqlar.

– Paxıllıq onları hara aparıb çıxartdı? Danışın!

– Onlar Edmonun Bonapart agenti olduğunu xəbərləmişdilər.

– Məlumatı onlardan hansı vermişdi? Əsl təqsirkar kimdir?

– İkisi də, cənab rahib; biri məktubu yazmış, digəri onu poçta aparmışdı.

– Bu məktub harada yazılmışdı?

– “Rezervin” özündə, toy ərəfəsində.

Rahib pıçıldadı:

– Elədi ki, var! Ey Faria, Faria! Sən insanları və onların əməllərini necə də dəqiq bilirdin!

Kadruss soruşdu:

– Nə deyirsiniz?

Rahib cavab verdi:

– Heç nə, davam edin.

– Danqlar, onun xəttini tanımasınlar deyə, məlumatı sol əli ilə yazmışdı, Fernan da onu poçta apardı.

Rahib qəfildən qışqırdı:

– Lakin siz də onların yanındaydınız.

Kadruss təəccüblə cavab verdi:

– Mən? Mənim orda olduğumu sizə kim deyib?

Rahib həddini aşdığını anladı:

– Heç kim deməyib, lakin belə ətraflı məlumatları bilmək üçün, orada olmaq gərək idi.

Kadruss boğuq səslə dedi:

– Haqlısınız, orada idim.

Rahib dedi:

– Amma bu əclaflığın qarşısını almadınız, eləmi? Deməli siz də onların ortağısınız.

Kadruss cavab verdi:

– Cənab rahib, onlar məni ağlımı itirənədək içirmişdilər. Hər şeyi dumanlı görürdüm. Bu vəziyyətdə olan adamın deyə biləcəyi hər şeyi deyirdim, lakin onlar bunun zarafat olduğunu, heç nəyə səbəb olmayacağını deyirdilər.

– Cənab, ertəsi gün bu əməlin nəticəsini gördünüz. Lakin Dantesin həbsində iştirak etdiyiniz halda susdunuz.

– Bəli, cənab rahib, mən orada idim, danışmaq da istəyirdim; hər şeyi, lakin Danqlar imkan vermədi. O mənə dedi: “Bəlkə o, təqsirkardır, doğrudan da Elbada olub, ona Parisdəki Bonapart komitəsinə məktub çatdırması tapşırılıb, bu məktub ortaya çıxsa, müdafiəçilərinə onun tərəfdarları kimi baxacaqlar”.

Belə bir zamanda məni siyasi işlərə qarışdırmaqlarından qorxdum, etiraf edirəm, bu mənim tərəfimdən əclafcasına qorxaqlıq idi, lakin cinayət deyildi.

– Başa düşürəm; siz də özünüzü qırağa çəkdiniz, vəssalam.

Kadruss cavab verdi:

– Bəli, cənab rahib, vicdanım mənə gecə-gündüz zülm edir. Sizə and içirəm, tez-tez məni bağışlaması üçün Tanrıya dua edirəm, həm də bu mənim həyatımda özümü günahkar bildiyim yeganə günahımdır, – söz yox, bəlalarımın da səbəbidir. Mən bir anlıq zəifliyimin haqqını ödəyirəm; ona görə də həmişə Karkonta taleyindən şikayətlənəndə ona deyirəm: arvad, səsini kəs, görünür Yaradan belə məsləhət bilir.

Kadruss səmimi peşmanlıqla başını aşağı saldı.

Rahib dedi:

– Sizin təmiz ürəkliliyiniz tərifə layiqdir, kim belə peşmanlıq çəkirsə, bağışlanmağa layiqdir.

Kadruss onun sözünü kəsdi:

– Bədbəxtlikdən, Edmon məni bağışlamadan öləcəyəm.

Rahib dedi:

– O, heç nə bilmirdi…

Kadruss etiraz etdi:

– Lakin indi ola bilsin, bilir, deyirlər, ölülər hər şeyi bilirlər.

Sükut çökdü. Rahib ayağa qalxıb fikirli halda otaqda gəzişib, sonra əvvəlki yerinə qayıdaraq oturdu. O dedi:

– Siz artıq bir neçə dəfə hansısa cənab Morrelin adını çəkdiniz. O, kimdir?

– Dantesin iş sahibi, “Faraonun” sahibkarıdır.

Rahib soruşdu:

– Bəs bu adam bütün bu kədərli işdə hansı rol oynayırdı?

– Namuslu insan, mərd, rəhmli bir rol. Dantesə görə ən azı iyirmi dəfə ərizə vermişdi. İmperator qayıtdıqda yazır, yalvarır, hətta hədələyirdi, ikinci bərpa zamanı onu Bonapart tərəfdarı kimi bərk təqib edirdilər. Artıq dediyim kimi, o, azı on dəfə Dantesin atasının yanına gəlib, onu öz yanına aparmaq istəyirdi, ölümü ərəfəsində, ya da iki gün əvvəl, sizə dediyim kimi, buxarının üstünə dolu pul kisəsi qoyub getdi; bu pullarla qocanın borcları ödənildi və onu dəfn etdilər, o, sağlığında heç kimə əziyyət vermədiyi kimi, dünyanı da sakit ölümlə tərk etdi. Bu qırmızı, toxunma kisə bu günə qədər məndə durur.

Rahib soruşdu:

– Bu cənab Morrel sağdır?

Kadruss dedi:

– Sağdır.

– Görünür, göylər özü ona xeyir-dua verir, yəqin o, varlı və xoşbəxtdir?…

Kadruss acı-acı gülümsədi.

– Mənim kimi xoşbəxtdir.

Rahib bağırdı:

– Necə, cənab Morrel xoşbəxt deyil?

– Cənab rahib, o, yoxsulluq ərəfəsindədir, daha da pisi, onu rüsvayçılıq gözləyir.

– Nəyə görə?

Kadruss danışmağa başladı:

– Məsələ belədir ki, iyirmi beş illik zəhmətdən sonra Marsel tacirləri içərisində öz fəxri yerini tutmuş cənab Morrel tamamilə iflasa məruz qalıb. İki il ərzində beş gəmi itirib, üç iflasın qurbanı olub, indi isə onun ümidi yalnız bədbəxt Dantesin bir vaxtlar idarə etdiyi həmin “Faraon” gəmisinədir; tezliklə o qırmızı və tünd sürməyi boyayla dolu Hindistandan qayıtmalıdır. Bu gəmi də digərləri kimi, batsa, cənab Morrel məhv olar.

– Bəs bu talesiz adamın arvadı, uşaqları vardırmı?

– Bəli, onun hər şeyə müqəddəscəsinə tab gətirən arvadı, sevdiyi oğlana ərə getmək istəyən, lakin kasıblıq səbəbindən oğlanın valideynləri tərəfindən rədd edilən bir qızı var. Bundan əlavə onun bir zabit oğlu var; lakin başa düşürsünüz, bütün bunlar o yazığın dərdini azaltmır, əksinə, daha da artırır. Heç kimi olmasaydı, alnına bir güllə çaxıb bununla hər şeyi bitirərdi.

Rahib pıçıldadı:

– Bu dəhşətdir!

Kadruss dedi:

– Görürsünüzmü, Tanrı yaxşılığı belə qiymətləndirir. Mənə baxın; etiraf etdiyimdən başqa bircə pis əməl törətməmişəm, amma kasıbçılığa düçar oldum. Bədbəxt arvadımın qızdırmadan ölməsini görməyə məhkumam, ona heç bir kömək edə bilməyəcəyəm, özüm isə qoca Dantes kimi acımdan öləcəyəm, əvəzində Fernanla Danqlar yağ-bal içində üzürlər.

– Necə yəni?

– Onların bəxti gətirdi, namuslu adamlarınkı isə heç zaman gətirmir.

– Bəs başlıca səbəbkar Danqlara nə oldu? Axı o təhrikçi idi, düzdür?

– Ona nə oldu? Onun cinayətləri haqda heç nə bilməyən cənab Morrelin təqdimatı ilə Marseldən gedib bir ispan bankirin yanında işə düzəlmişdi. İspan müharibəsi zamanı fransız ordusunun təchizatı ilə məşğul idi, buna görə də varlandı; sonra da birjada iştirak edərək kapitalını üç dəfə artırmışdı, arvadını, öz bank sahibinin qızını itirdikdən sonra indiki kralın kamergeri, indi böyük ehtiyatda olan cənab de Servyonun dul qızı xanım de Narqoni ilə evlənmişdi. Milyonçu olub, ona baronluq veriblər, indi baron Danqlardır; Monblan küçəsində xudmani evi, at tövləsində on atı, dəhlizdə altı nökəri və bilmirəm sandıqda neçə milyonu var.

Rahib qəribə bir intonasiya ilə dedi:

– Belə de! İndi necə, xoşbəxtdir?

– Xoşbəxtdir? Kim bunu deyə bilər? Xoşbəxtlik, yaxud qeyri-xoşbəxtlik, bunu ancaq divarlar bilir; divarların qulaqları var, lakin dili yoxdur. Var-dövlət xoşbəxtlik yaradırsa, deməli, Danqlar xoşbəxtdir.

– Bəs Fernan?

– Eh, Fernanınkı daha çox gətirdi.

– Lakin savadsız, heç bir vəsaiti olmayan kasıb bir katalan balıqçısı hansı vasitə ilə varlanıb, cəmiyyətdə özünə yer tapıb? Etiraf edirəm ki, bu məni təəccübləndirir.

– Bu hamını təəccübləndirir; görünür, onun həyatında heç kimin bilmədiyi hansısa bir sirr var.

– Lakin hansı bilinən yollarla böyük zənginliyə çatıb, cəmiyyətdə özünə yüksək mövqe qazanıb?

– Cənab rahib, ona da, o birinə də, zənginliyə də, yüksək mövqeyə də çatıb.

– Bu yalnız nağıllarda olur!

– Düzdür, bu nağıla bənzəyir, lakin dinləsəniz hər şeyi başa düşərsiniz… İmperatorun qayıdışına bir neçə gün qalmış Fernanı əsgər apardılar. Burbonlar ona dəymirdilər. Lakin Napoleon qayıdıb fövqəladə çağırış elan etdikdə Fernan orduya getməli oldu. Mən də getdim; lakin Fernandan böyük olduğumdan və bədbəxt arvadımla evləndiyimdən sahil qorumasına təyin olundum. Fernan, döyüşən ordu sıralarına daxil olaraq, alayı ilə birlikdə sərhədə getmiş və Lini yaxınlığında döyüşlərdə iştirak etmişdi.

Döyüş gecəsi Fernan düşmən tərəfi ilə gizli əlaqədə olan bir generalın yanında çapar idi. Həmin gecə general ingilislər tərəfinə keçməli idi; o Fernana onu müşayiət etməyi təklif edir. Fernan razılaşaraq postu tərk edib onun ardınca gedib. Napoleon taxtda qalmış olsaydı, Fernan bu hərəkətinə görə, hərbi məhkəməyə verilərdi, lakin bu hərəkət burbonlar tərəfindən xidmət kimi qəbul edildi. Beləliklə o, Fransaya podporuçik epoletləri ilə qayıtdı, bu general kralın böyük himayəsində olduğundan, Fernanı da öz himayəsində saxlayaraq onu 1823-cü ildə, ispan müharibəsi dövründə, yəni Danqlar ilk ticarət işlərinə başladığı vaxt kapitan rütbəsinə yüksəltdilər. Fernan əslən ispan idi, buna görə də orada əhval-ruhiyyəni öyrənmək üçün Madridə göndərilmişdi. Orada o, Danqlarla görüşüb razılaşmış və kralpərəstlərin paytaxtda və əyalətlərdə onlara kömək edəcəklərinə dair generala söz verərək üzərinə də müəyyən öhdəliklər götürmüşdü, polkunu təkcə ona məlum olan və kralpərəstlər tərəfindən qorunan dağ dərələrindən keçirərək, bir sözlə bu qıssa müddətli yürüşdə göstərdiyi xidmətə görə Trokaderonu aldıqdan sonra polkovnik rütbəsinə qaldırılmış, Fəxri legionun zabit xaçı ilə təltif edilərək qraf fəxri tituluna layiq görülmüşdü.

Rahib pıçıldadı:

– Ey tale, tale!

– Bəli, lakin qulaq asın, bu hələ hamısı deyil. İspan müharibəsi bitdi və Avropada sürə biləcək uzunmüddətli sülh Fernanın vəzifəsinə zərbə bura bilərdi. Lakin Yunanıstan Türkiyəyə qarşı çıxaraq onunla müstəqillik uğrunda müharibəyə başladı; bütün ümumi diqqət Afinaya çevrilmişdi. O zaman yunanlara rəhm etmək, onlara dəstək vermək dəbdə idi. Fransız dövləti yunanlara açıq himayədarlıq etmirdi. Lakin sizə məlum olduğu kimi, şəxsi köməklik göstərməyə imkan verirdi. Fernan, orduda qeydiyyatda ola-ola, Yunanıstana getməyə icazə aldı.

Bir müddətdən sonra, xəbər tutdular ki, qraf de Morser – onun adı o vaxt belə idi – Əli Paşanın yanında general-təlimatçı rütbəsində xidmət edir. Bildiyiniz kimi, Əli Paşa öldürülüb; lakin ölməzdən əvvəl Fernanı bolluca mükafatlandırıb; Fernan Fransaya qayıdıb və general-leytenant rütbəsinə layiq görülüb.

Rahib soruşdu:

– Bəs indi necədir?…

Kadruss davam etdi:

– Necə olacaq, Parisdə, Elder küçəsində, iyirmi yeddi nömrəli gözəl xudmani evdə yaşayır.

Rahib nə isə demək istədi, lakin tərəddüd içində dayandı; nəhayət, özünü məcbur edib soruşdu:

– Bəs Mersedes? Mən eşitmişəm ki, o qaçıb gizlənib?

Kadruss cavab verdi:

– Qaçıb gizlənib! Bəli, günəş kimi, səhər yenidən daha güclü parıltı saçaraq çıxsın deyə, gizlənib.

Rahib istehza ilə gülümsəyərək soruşdu:

– Onun da üzünə xoşbəxtlik gülümsəyib?

Kadruss dedi:

– Mersedes Paris cəmiyyətinin birinci xanımlarındandır.

Rahib dedi:

– Davam edin, mən sanki, hansısa bir yuxunun hekayəsini dinləyirəm. Lakin özüm o qədər qəribə şeylər görmüşəm ki, sizin hekayəniz məni o qədər də təəccübləndirmir.

– Mersedes əvvəlcə onu Edmondan ayıran qəfil zərbədən, ümidsiz halda idi. Onun cənab de Vilfora yalvarması, Dantesin atasına necə qulluq etdiyi barədə danışmışam. Onun ümidsizliyi yeni kədər-qəmlə: Fernanın polka getməsi ilə daha da gücləndi; Mersedes, bu cinayət haqda heç nə bilmədiyindən onu qardaşı kimi sevirdi.

Fernan getdi, Mersedes tənha qaldı.

Üç ayı ağlayaraq keçirtdi; dərdindən ölən yaşlı adamdan başqa heç kəsdən – nə Edmondan, nə də Fernandan bir xəbər var idi…

Bir dəfə, adəti üzrə bütün gününü Marseldən Katalana aparan yol ayrıcında oturan Mersedes, gecə, evə həmişəkindən daha ümidsiz bir vəziyyətdə qayıtmışdı; nə sevgilisi, nə də dostu bu yolların heç biri ilə geri dönmür, Mersedes nə ondan, nə də o birindən xəbər ala bilirdi.

Qəfildən tanış addım səsləri eşidir. Dönüb geri baxır, qapı açılır və qarşısında podporuçik mundirində Fernanı görür.

Mersedes Fernanın xiffətini çəkməsə də, onun üçün göz yaşları axıtmasa da əvvəlki həyatının bir parçasının qayıtdığını sanır. Fernanın əlindən elə sevinclə tutur ki, o, bunu sevgi əlaməti olaraq qəbul edir; lakin bu ancaq uzun günlərin tənhalığından sonra dünyada tənha olmadığının, nəhayət qarşısında dostunu görməyin düşüncəsi idi. Demək lazımdır ki, o, heç zaman Fernana qarşı nifrət bəsləməmişdi; sadəcə Mersedesdə sevgi hissi oyatmırdı, vəssalam. Mersedesin ürəyi başqasına məxsus idi, bu başqası isə uzaqda idi… yoxa çıxmışdı… ola bilsin, ölmüşdü. Mersedes bunları düşünüb hönkür-hönkür ağlayır, ümidsizlikdən əllərini əzişdirirdi. Lakin əvvəlcə başqalarının ona deyərkən inkar etdiyi bu fikir, indi öz-özlüyündən ağlına gəlirdi. Qoca Dantes yorulmadan ona deyirdi: “Bizim Edmon ölüb, sağ olsaydı, yanımıza qayıdardı”.

Artıq dediyim kimi, qoca Dantes ölmüşdü. Sağ qalsaydı, ola bilsin, Mersedes heç zaman başqasına ərə getməzdi. Qoca onu etibarsızlıqda ittiham edərdi. Fernan bunu başa düşürdü. Qocanın öldüyünü eşidib o geri qayıtmışdı. Bu səfər poruçik rütbəsində idi. Özünün ilk qayıdışında Mersedesə sevgi barədə bir kəlmə də olsun söz demədi; ikinci səfərində Mersedesə onu sevdiyini xatırlatdı. Mersedes, ondan daha yarım il Edmonu gözləməyə və onun üçün ağlamağa möhlət istədi.

Rahib acı gülüşlə dedi:

– Doğrudur, axı bu il yarım davam edib! Belə ehtirasla sevilən adam buna nə deyə bilər? – Ürəyində sakitcə ingilis şairinin sözlərini əlavə etdi: “Frailty, thy name is woman!”25

Kadruss davam etdi:

– Onlar il yarımdan sonra Notr Dam Akkul kilsəsində nişanlandılar.

Rahib pıçıldadı:

– Bu Edmonla nişanlanacağı kilsədir, o, yalnız nişanlısını dəyişib, vəssalam.

Kadruss davam etdi:

– Beləliklə, Mersedes ərə getdi. Zahirən sakit görünməyinə baxmayaraq, qəlbinin dərinliyində sevdiyi adamla il yarım bundan əvvəl nişanlanmağa hazırlaşdığı “Rezerv”in yanından keçərkən ürəyi getdi.

Fernan rahatlıq yox, xoşbəxtlik əldə etdi, onu bu müddətdə görürdüm, Edmonun geri qayıtmasından qorxurdu. Ona görə də özü ilə bərabər arvadını da buradan uzaqlara aparmağa tələsirdi. Katalan həddindən artıq təhlükəli və xatirələrlə zəngin idi. Toydan bir həftə sonra buralardan getdilər.

Rahib soruşdu:

– Bəs siz sonra Mersedesi nə vaxtsa gördünüzmü?

– Bəli, onu ispan müharibəsi dövrü Perpinyanada gördüm, Fernan onu orada qoymuşdu; Mersedes, bu vaxt oğlunun təlim-tərbiyəsi ilə məşğul idi.

Rahib diksindi.

– Oğlunun?

Kadruss cavab verdi:

– Bəli, kiçik Alberin.

Rahib davam etdi:

– Oğluna təlim verirdisə, deməli, özü də təhsil almışdı? Mənim xatirimdədir, Edmon onun sadə bir balıqçının gözəl, lakin savadsız qızı olduğunu demişdi.

Kadruss dedi:

– Məgər o, nişanlısını belə pis tanıyırdı? Cənab rahib, tac ən gözəl və ağıllı başlara qoyulmuş olsaydı, Mersedes kraliça ola bilərdi. Taleyi onu yüksəkliyə qaldırıb, lakin onun özü də yüksələ-yüksələ gedirdi. Rəsm çəkməyi öyrənirdi, hər şeyi öyrənirdi. Öz aramızda qalsın deyə söyləyirəm, mənə elə gəlir, o bunların hamısını fikrini dağıtmaq, özünü unutmaq üçün edirdi. O öz ürəyinin səsini eşitməmək üçün bunlarla başını qatırdı. Lakin indi bunların hamısı yəqin, keçmişdə qalıb, var və şöhrət ona təsəlli verib. O varlıdır, tanınmışdır, bununla bərabər…

Kadruss dayandı.

Rahib soruşdu:

– Nə?

Kadruss dedi:

– Amma mənə elə gəlir, xoşbəxt deyil.

– Nəyə görə belə düşünürsünüz?

– Səbəbi var, yoxsul vəziyyətə düşdükdə keçmiş dostlarımın mənə nədə isə köməklik edə bilib-bilməyəcəklərini düşündüm. Danqların yanına getdim, lakin o məni heç qəbul da etmədi. Sonra Fernanın yanına getdim: o nökərlə mənə yüz frank göndərdi.

– Beləliklə siz nə onu, nə də digərini görə bildiniz?

– Xeyr; lakin qrafinya de Morser məni gördü.

– Hansı yolla?

– Mən çıxanda ayaqlarımın altına bir kisə düşdü; onun içərisində iyirmi beş luidor var idi. Mən cəld başımı qaldırdım və Mersedesi gördüm: o, pəncərəni bağlayırdı.

Rahib soruşdu:

– Bəs cənab de Vilfor?

– O heç zaman mənim dostum olmayıb, mən onu heç tanımırdım da, ona görə də ondan heç nə xahiş edə bilməzdim.

– Bəs ona nə olduğunu bilmirsiniz, Edmona gələn bu bəlada onun iştirakı nədən ibarət idi?

– Xeyr; yalnız Edmonu həbs etdikdən bir müddət sonra mademuazel de Sen-Meranla evləndiyini və tezliklə Marseldən getdiyini bilirəm. Yəqin, digərləri kimi, xoşbəxtlik onun da üzünə gülüb, yəqin o da Danqlar kimi varlıdır, Fernan kimi cəmiyyətdə yüksək yer tutur; görürsünüz, təkcə mən yoxsul və Tanrı tərəfindən unudulmuş vəziyyətdə qalmışam.

Rahib dedi:

– Səhv edirsiniz, əzizim. Onun ədaləti yubandıqda bizə elə gəlir, unudulmuşuq, lakin gec-tez bizi yada salacaq, bu da deyilənə sübut.

Bu sözü deyə-deyə cibindən almazı çıxarıb Kadrussa uzatdı.

O dedi:

– Budur, bu almazı götürün, o sizə çatır.

Kadruss uca səslə dedi:

– Necə! Təkcə mənə? Siz nə deyirsiniz, cənab rahib! Mənimlə zarafat edirsiniz?

– Bu almazı Edmonun dostları arasında bölmək tələb olunurdu. Edmonun yalnız bir dostu varmış, deməli, bölgüdən söhbət gedə bilməz. Bu almazı götürüb satın; dediyim kimi, əlli min frank edir, bu pulların sizi yoxsulluqdan qurtaracağına əminəm.

Kadruss, bir əli ilə üzündən sel kimi axan tərini silə-silə digərini qorxa-qorxa ona uzadaraq dedi:

– Cənab rahib, insanın xoşbəxtliyi və ümidsizliyi ilə oynamayın!

– Mənə xoşbəxtlik də, ümidsizlik də tanışdır, ona görə də heç zaman bu hisslərlə zarafat etmərəm. Alın, lakin əvəzində…

Kadruss almaza toxunduğu halda əlini çəkdi.

Rahib gülümsədi.

– … əvəzində, – o davam etdi, cənab Morrelin yaşlı Dantesin buxarısı üzərində qoyduğu pul kisəsini mənə verin; dediyinizə görə, o hələ də sizdədir.

Kadruss, daha da təəccüblənərək, böyük palıddan olan dolaba yaxınlaşıb, onu açdı və solmuş qırmızı ipəkdən toxunmuş, bir vaxtlar qızıl suyuna salınmış, iki tunc halqa ilə çəkilib bağlanmış, uzun pul kisəsini rahibə verdi.

Rahib kisəni götürüb, almazı Kadrussa verdi.

Kadruss ucadan dedi:

– Siz doğrudan da müqəddəs adamsız, cənab rahib! Axı Edmonun bu almazı sizə verdiyini heç kim bilmirdi, istəsəydiniz onu özünüzə saxlaya bilərdiniz.

Rahib öz ürəyində dedi: “Aha! Görünür, sən özün elə edərdin!”

Ayağa qalxıb şlyapasını və əlcəklərini götürdü:

– Qulaq asın! Mənə dediklərinizin hamısı tam həqiqətdir, eləmi? Sizə tamamilə əmin ola bilərəmmi?

Kadruss dedi:

– Budur, cənab rahib, burada küncdə müqəddəs xaç asılıb; orada komodun üzərində isə arvadımın İncili durur. O kitabı götürüb açın, xaçın qarşısında, onun üzərinə bizi Yaradana ruhumla, imanımla, and içərəm ki, baş verənləri sizə dəqiqliyi ilə, qoruyucu mələyin Qiyamət günü rəbbimin qulağına deyəcəyi kimi demişəm!

– Yaxşı, – Kadrussun səsində olan səmimiyyət rahibi onun doğru söylədiyinə inandırdı, – yaxşı; arzu edirəm, bu pullar sizə düşərli olsun! Sağ olun. Mən bir daha bir-birinə bəla gətirən insanlardan uzaqlaşıram.

Rahib Kadrussun təmtəraqlı izahlarından yaxa qurtarmaq üçün qapının cəftəsini özü açaraq çıxdı, ata oturub hələ də vida təşəkkürləri göndərən, aşxana sahibinə baş əyib, gəldiyi yolla çaparaq geri qayıtdı.

Kadruss dönüb arxasında rəngi qaçmış və həmişəkindən artıq titrəyən Karkontanı gördü. O dedi:

– Mən düzmü eşitdim?

Kadruss sevincindən dəli olmuş kimi dedi:

– Nə? Onun almazı təkcə bizə verməsini?

– Bəli.

– Tamamilə doğrudur, almaz məndədir.

Arvadı ona baxdı, sonra batmış səslə dedi:

– Bəs o saxta olsa necə?

Kadrussun rəngi qaçdı və səndələdi.

– Saxtadır! – o pıçıldadı, – saxtadır… O, nəyin naminə saxta almaz verməlidir?

– Səndən müftə sirləri almaq üçün, qanmaz!

Kadruss, belə ehtimalla vurularaq yerində donub qaldı. Bir dəqiqədən sonra şlyapasını qapıb onu başına bağlamış qırmızı yaylığın üstündən qoydu.

O dedi:

– İndi bunu öyrənərik.

– Necə?

– Bokerdə yarmarka var; orada Parisdən gəlmə zərgərlər olur; gedim almazı onlara göstərim. Sən, arvad, evdən göz-qulaq ol; iki saatdan sonra qayıdacağam.

Kadruss yola atılıb yad adamın gəldiyinin əksi istiqamətində qaçdı.

Karkonta tənha qalıb donquldandı:

– Əlli min frank! Bu puldur… lakin zənginlik demək deyil.

VII. HƏBSXANA SİYAHILARI

Belqardla Boker arasındakı yolda şahidi olduğumuz söhbətin səhərisi, otuz yaşlarında, açıq-göy rəngli frakda, nankadan tikilmiş şalvarda, ağ jiletdə, duruşu və şivəsi ilə xalis ingilis qamətli bir adam Marsel merinin yanına gəldi.

O dedi:

– Hörmətli cənab, mən Roma bank evi Tomson və Frençin böyük agentiyəm; biz artıq on ildir, “Morrel və Oğlu” Marsel ticarət evi ilə əlaqədəyik. Bizim bu firma ilə yüz min franklıq bir dövriyyəmiz var, budur, onu iflas təhlükəsi gözlədiyi xəbərini eşidib narahat olmuşuq. Buna görə də mən, xüsusi olaraq Romadan bu ticarət evi haqda məlumat almaq üçün bura gəlmişəm.

Mer dedi:

– Hörmətli cənab, mən doğrudan da son illər cənab Morreli sanki uğursuzluqların təqib etdiyini bilirəm, o, bir-birinin ardınca dörd, ya beş gəmisini itirib, bir neçə iflasdan zərərə düşüb. Mənim özümə on min frank borclu olsa da, onun maliyyə vəziyyəti haqqında hər hansı bir məlumat verməyi mümkünsüz hesab edirəm. Məndən bir mer kimi, cənab Morrel haqda fikrimi soruşsanız, cavabında cənab Morrelin, bu günədək mənim öhdəliklərimi yüksək dəqiqliklə yerinə yetirən, yüksək ciddiliyə malik, namuslu bir adam olduğunu deyərdim. Onun haqqında sizə yalnız bunları deyə bilərəm. Bu sizi qane etmirsə, həbsxanalar müfəttişi cənab de Bovilə müraciət edin, Noayl küçəsi, əlli nömrəli ev. O, bu firmaya, səhv etmirəmsə, iki yüz min frank pul qoyub, doğrudan da hansısa bir təhlükə vardırsa, bu məbləğ mənimkindən artıq olduğundan, ondan bu haqda daha ətraflı məlumat ala bilərsiniz.

İngilis, görünür, merin bu nəzakətini dəyərləndirdi, baş əyib çıxdı və əsl britaniyalı yerişi ilə göstərilən ünvana yollandı.

Cənab de Bovil öz kabinetində oturmuşdu. İngilis, onu görüb təəccübləndirici bir hərəkət etdi, sanki müfəttişi ilk dəfə görmürdü. Lakin cənab de Bovil elə bir ümidsiz vəziyyətdə idi ki, onun bütün şüuru və qabiliyyəti yeganə bir fikir üzərində cəmləşərək nə onun yaddaşı, nə də təsəvvürü keçmişə nəzər salmağa imkan verirdi. İngilis, xalqına xas olan soyuqqanlılıqla, Marsel merinə verdiyi sualı, sözbəsöz ona da verdi.

Cənab de Bovil, ucadan dedi:

– Ah, cənab! Bədbəxtlikdən sizin narahatlığınız tamamilə əsaslıdır, qarşınızda buna görə ümidsizliyə qapılmış adamı görürsünüz. Mənim iki yüz min frankım cənab Morrelin dövriyyəsində idi; bu iki yüz min iki həftədən sonra ərə verməyə hazırlaşdığım qızımın cehiz pulu idi. Bu iki yüz mini mənə iki dəfəyə ödəməli idi: bu ayın və o biri ayın on beşində. Cənab Morreli xəbərdar etmişdim ki, bu pulları təyin olunan vaxtda mütləq almalıyam, təsəvvür edin, yarım saat bundan əvvəl o mənim yanıma gəlib onun “Faraon” gəmisi ayın on beşinə gəlib çıxmasa, bu pulları mənə ödəmək imkanı olmayacağını xəbər verdi.

İngilis dedi:

– Bu ödənişin tamamilə uzadılmasına oxşayır.

Cənab de Bovil başını tutaraq ucadan dedi:

– Yaxşısı budur bunun iflasa oxşadığını deyin!

İngilis fikirləşib sonra dedi:

– Deməli, bu borc öhdəlikləri sizdə bəzi təhlükələr yaradır?

– Onları sadəcə ümidsiz hesab edirəm.

– Mən onları sizdən satın alıram.

– Siz?

– Bəli, mən.

– Lakin yəqin, böyük güzəştlə?

– Xeyr, iki yüz min franka, – ingilis gülərək davam etdi, – bizim ticarət evimiz bu kimi sövdələşmələrlə məşğul olmur.

– Siz mənə…

– Nağdı pulla.

İngilis cibindən bir dəstə əsginas, görünür, cənab de Bovilin itirməkdən qorxduğundan iki dəfə artıq bir məbləğ çıxartdı. Sevinc cənab de Bovilin sifətini işıqlandırdı; lakin özünü ələ alıb dedi:

– Hörmətli cənab, mən sizi xəbərdar etməliyəm, çox güman, bu məbləğin heç altı faizini də ala bilməyəcəksiniz.

İngilis cavab verərək dedi:

– Bunun mənə aidiyyəti yoxdur, bu adından işlədiyim Tomson və Frenç bankir evinin işidir. Ola bilsin, rəqabət apardığı firmanın dağılmasını sürətləndirmək onun maraq dairəsindədir. Necə olmasından asılı olmayaraq, mən bu pulu sizin nəqledici əlavənizlə sayıb verməyə hazıram; lakin sizdən dəllal haqqı almaq istərdim.

Cənab de Bovil, ucadan dedi:

– Bəli, əlbəttə! Dəllal haqqı adətən, bir tam onda beş faiz təşkil edir; istəyirsiniz iki edək? Üç? Beş? Artıq istəyirsiniz? Deyin!

İngilis gülərək etiraz etdi:

– Hörmətli cənab, mən firmam kimi çalışıram; bu kimi işlərlə məşğul olmuram; tamamilə başqa sayaq dəllal haqqı almaq istərdim.

– Söyləyin, sizi dinləyirəm.

– Siz həbsxanalar müfəttişisiniz?

– Artıq on beş ildir.

– Sizdə həbsxanaların qeydiyyatı aparılır?

– Əlbəttə.

– Yəqin bu siyahılarda dustaqlara aid qeydiyyatlar da vardır?

– Hər bir məhbus haqda xüsusi qovluq var.

– Belə ki, hörmətli cənab, Romada mənim qəfildən yoxa çıxmış bir tərbiyəçim var idi. Sonralar onun İf qalasında saxlanıldığını öyrəndim, onun haqqında bəzi məlumatlar almaq istərdim.

– Onun adı nə idi?

– Rahib Faria.

Cənab de Bovil ucadan dedi:

– Ey, əla xatırlayıram, o, dəli idi.

– Bəli, mən də belə eşitmişdim.

– O, şübhəsiz dəli idi.

– Ola bilər; bəs onun dəliliyi nədən ibarət idi?

– Hansısa bir xəzinənin, saysız-hesabsız sərvət olan yeri bildiyini deyib dövlətə azadlığı üçün böyük məbləğlər təklif edirdi.

– Bədbəxt! Öldü?

– Bəli, yarım il bundan əvvəl, fevralda.

– Sizin əla yaddaşınız var.

– Mən bunu ona görə xatırlayıram ki, rahibin ölümü çox qəribə hadisələrlə müşahidə olunurdu.

İngilis, düşüncəli müşayiətçinin təəccüblə şövqsüz sifətində sezə biləcəyi maraq dolu ifadəni görüb soruşdu:

– Mən hansı hadisələr olduğunu öyrənə bilərəmmi?

– Buyurun; rahibin kamerasından əlli fut aralıda, başqa bir kamerada 1815-ci ildə, qəsbkarın qayıdışına köməklik göstərən Bonapart müvəkkili, qətiyyətli və hədsiz dərəcədə təhlükəli bir adam yatırdı.

İngilis soruşdu:

– Doğrudan?

Cənab de Bovil cavab verdi:

– Bəli, mən 1816, yaxud 1817-ci ildə təsadüf nəticəsində bu adamı şəxsən görmüşdüm; onun kamerasına bir vzvod əsgər olmadan enmirdilər; bu adam mənə çox güclü təsir bağışlamışdı; onun sifətini heç zaman unutmaram.

İngilisin dodaqlarından təbəssüm keçdi.

– Bəs siz bu iki kameranın…

– Bir-biri ilə əlli fut məsafədə yerləşirdi. Lakin görünür, bu Edmon Dantes…

– Bu təhlükəli adamın adı…

– Edmon Dantes. Bəli, cənab, görünür, bu Edmon Dantes, alətlər əldə etmiş, ya da onları özü düzəltmişdi, çünki orada məhbusların bir-biri ilə əlaqə saxlamağına kömək edən keçid müəyyən edilmişdi.

– Görünür, bu keçid qaçmaq üçün qazılıb.

– Ola bilsin; lakin onların bədbəxtliyindən rahib Faria kataleptik ürək keçməsindən ölmüşdü.

– Başa düşürəm; bu da qaçışı imkansız edib.

Cənab de Bovil cavab verərək dedi:

– Ölü üçün bəli, lakin diri üçün, yox. Əksinə, Dantes bundan qaçışını tezləşdirmək üçün məharətlə istifadə etmişdi. Görünür o, İf qalasında ölənlərin adi qəbiristanda basdırıldığını düşünürmüş; beləliklə cənazəni öz kamerasına keçirib onun yerinə çuvala girmiş və basdırılmasını gözləyirmiş.

İngilis xüsusi vurğuyla qeyd etdi:

– Bu müəyyən dərəcədə igidliyi sübut edən əməliyyatdır.

– Artıq dediyim kimi, o, çox təhlükəli bir adam idi; xoşbəxtlikdən, dövləti narahatlıqdan öz hesabına qurtarmışdı.

– Hansı yolla?

– Məgər başa düşmürsünüz?

– Xeyr.

– İf qalasında qəbiristan yoxdur; ölənlərin ayağına sadəcə otuz altı funtluq mərmi bağlayıb dənizə atırlar.

İngilis mənasız bir sifət aldı:

– Nə olsun?

– Bax, onun da ayaqlarına otuz altı funtluq mərmi bağlayıb dənizə atmışdılar.

İngilis ucadan dedi:

– Nə danışırsınız!

Müfəttiş davam etdi:

– Bəli, cənab. Qaçağın onu qayadan atdıqlarını hiss etdikdə necə təəccübləndiyini təsəvvür edirsinizmi? Həmin anda onun üzünü görmək istərdim.

– Bu çox çətin olardı.

– Dəxli yoxdur, – iki yüz min frankının geri qaytarılmasından arxayınlaşan cənab de Bovil, yaxşı əhval-ruhiyyə ilə dedi, – heç nədən asılı olmayaraq, onu təsəvvür edirəm! – Sonra ucadan qəhqəhə çəkdi.

İngilis dedi:

– Mən də həmçinin.

O, ingilissayağı dodaqlarının ucunda gülməyə başladı. Beləliklə, ilk növbədə soyuqqanlığını ələ alan ingilis davam edərək dedi:

– Beləliklə, qaçaq suyun dibinə getdi.

– Başdaşı kimi.

– İf qalasının komendantı isə bir dəfədə həm dəlidən, həm də qudurmuşdan yaxasını qurtardı, eləmi?

– Elədir ki, var.

İngilis soruşdu:

– Çox güman, bu əhvalat haqda akt tərtib olunub?

– Bəli, bəli, ölüm haqqında şəhadətnamə. Başa düşürsünüz, Dantesin qohumları varsa, onun ölü, yaxud diri olması ilə maraqlana bilərlər.

– Deməli, indi onlar, miras gözləyirdilərsə, arxayın ola bilərlər. O, birdəfəlik ölüdür.

– Hələ bu harasıdır! Onlara istədikləri vaxt şəhadətnamə də verəcəklər.

İngilis dedi:

– Tanrının ona rəhmi gəlsin, lakin gəlin siyahılar haqda söhbətimizə qayıdaq.

– Üzr istəyirəm, doğru deyirsiniz. Söhbətim sizin fikrinizi yayındırdı.

– Nəyə görə? Söhbətə görə? Bağışlayın, bu mənə çox maraqlı gəldi.

– Doğrudan da maraqlıdır. Beləliklə, siz bədbəxt rahibə aid nə varsa görmək arzusundasınız; o, mülayimliyin özü idi.

– Siz mənim xətrimə dəyirsiniz.

– Keçək mənim kontoruma, orada hər şeyi göstərərəm.

Onlar de Bovilin kontoruna yollandılar.

Müfəttiş doğru demişdi: hər şey nümunəvi səliqə-sahman içərisində idi; hər siyahının öz nömrəsi var idi və hər bir şəxsi iş öz yerində dururdu. Müfəttiş, ingilisi öz kreslosuna oturdub, İf qalasına aid qovluğu nəzərdən keçirməsi üçün ona verərək, özü küncdə oturub qəzet oxumaqla məşğul oldu.

İngilis asanlıqla rahib Fariaya aid sənədləri axtarıb tapdı; lakin, görünür, de Bovilin danışdığı əhvalat onu çox maraqlandırmışdı; çünki Edmon Dantesin sənədlərinə çatanadək bu sənədlərə tez göz gəzdirərək, vərəqləməyə davam edirdi. Burada hər şeyi yerli-yerində gördü: məlumat, dindirmənin protokolu, Morrelin de Vilforun üzərinə qoyduğu dərkənarla bağışlanma məktubu. O, gizlicə məlumatı bükərək cibinə qoydu, dindirmə protokolunu oxudu və Nuartyye adının orada qəti göstərilmədiyini gördü, Morrelin 10 aprel 1815-ci il tarixdə, kral prokuror köməkçisinin məsləhəti ilə, ən xoş niyyətlə, Dantesin Vilforun imzası ilə imperiyaya göstərdiyi xidmətləri qabardaraq – çünki bu zaman Napoleon taxtda idi – yazdığı bağışlanma məktubuna göz gəzdirdi. Bu zaman hər şeyi başa düşdü. Napoleonun adına yazılmış və Vilfor tərəfindən qorunub saxlanan bu bağışlanma məktubu, ikinci bərpa dövründə kral prokuroru əlində mühüm bir silaha çevrilmişdi. Buna görə də o, siyahıda aşağıdakı qeydiyyatı gördükdə heç də təəccüblənmədi:

EDMON DANTES

Qatı bonapartistdir; qəsbkarın

Elba adasından qayıtmasında

əməli fəaliyyət göstərmişdir.

Məxfiliyi qorunmalı, ciddi

nəzarət altında saxlanmalıdır.

Bu sətirlər altında başqa xətlə əlavə olunmuşdu:

“Heç nə etmək mümkün deyil”.

Morrelin bağışlanma məktubu üzərindəki qeydiyyat aparılan xətlə, əlavə yazılan xətti müqayisə edərək, hər iki xəttin eyni əllə, yəni Vilforun əli ilə yazıldığına əmin oldu.

Qeydiyyatın yanına edilmiş əlavəyə gəldikdə isə ingilis onun Dantesin işində ötəri iştirak edən müfəttiş tərəfindən yazıldığını, lakin qeyd olunan əlavəyə görə bu işdə özünü göstərmək imkanından məhrum olduğunu başa düşdü.

Qeyd etdiyimiz kimi, cənab de Bovil nəzakət naminə və rahib Farianın şagirdinə axtarışlarında mane olmamaq üçün küncdə oturub “Ağ bayraq” oxuyurdu.

Buna görə də o, ingilisin Danqlar tərəfindən “Rezerv” köşkündə yazdığı, Marsel poçtunun ştampı ilə 27 fevral, axşam saat altıda qutudan çıxarılmasını təsdiq edilən məlumatını cibinə qoymasını görmədi.

Bununla belə, o bunu görsəydi də elə bir əhəmiyyət verməzdi, çünki bu davranışı hər nə qədər qanun pozuntusu hesab olunsa da, kağız parçası onun üçün iki yüz min frankının yanında ingilisə mane olacaq qədər bir əhəmiyyət kəsb etmirdi. İngilis, qovluğu bərk çırpıb örtərək dedi:

– Təşəkkür edirəm. Mən özümə lazım olanların hamısını tapdım. İndi mənim vədimi yerinə yetirmək növbəmdir, sadəcə bir köçürmə yazıb orada məbləğin tamamını aldığınızı qeyd edin, buradaca pulu sayıb sizə verirəm.

O, masa arxasındakı yerini de Bovilə verdi, o isə çinovnik intizamını gözləmədən, oturub tələsik halda lazım olan qeydi yazdı, bu arada ingilis, masanın kənarında kredit çeklərini sayıb çıxıb getdi.

VIII. MORREL TİCARƏT EVİ

Morrel ticarət evini tanıyanlardan biri bir neçə illiyinə Marseldən gedib, təsvir etdiyimiz vaxt geri dönsəydi, böyük dəyişikliklərin şahidi olardı.

Ticarət evinin saçdığı səadət, canlanma, razılıq və xoşbəxtlik yerinə, pəncərələr pərdəsi arxasından ani görsənən şən üzlər, lələyi qulağının arxasına qoyub, dəhlizdə qaçışan qayğıkeş kontor işçilərini görərdi; hər cürə taylarla doldurulmuş və yük daşıyanların səs-küyü və qəhqəhələrlə dolu həyətin yerinə isə adamsızlıq və başlı-başına buraxılmış mühitin şahidi olardı. Bir vaxtlar kontoru dolduran qulluqçular yerinə, boş dəhlizlərdə və boşalmış həyətdə yalnız iki nəfəri: iyirmi üç yaşlı, cənab Morrelin qızına aşiq olmuş və valideynlərinin təkidinə baxmayaraq, firmanı tərk etməyən Emmanuel Erbo adlı gənci və Kokles26 adlandırılmış, bir gözü çəp xəzinədarın keçmiş köməkçisini; bu ləqəbi ona bir vaxtlar nəhəng, səsli-küylü dolu arı pətəyini xatırladan, indi isə demək olar, boş, adam yaşamayan yerin sakinləri, gənclər vermişdilər, bu ad onun əsl adını elə əvəz etmişdi ki, kimsə onu öz adı ilə çağırsaydı, heç dönüb geriyə də baxmazdı.

Kokles cənab Morrelin yanında işinə davam edirdi, bu namuslu, inadcıl oğlanın mövqeyində özünə məxsus dəyişiklik baş vermişdi; o, xəzinədar vəzifəsinə yüksəlməklə yanaşı, paralel olaraq xidmətçi vəzifəsinə qədər də enmişdi.

Lakin hər şeyə rəğmən eyni – mədəni, xeyirxah, sədaqətli insan olaraq qalmışdı, hesablamalarla bağlı qərarlı, hətta cənab Morrelin belə qarşısına çıxıb etiraz edə biləcəyi yeganə məsələ nə qədər o yan-bu yana çəksələr, ortadan qaldırmağa çalışsalar da əzbərdən bildiyi vurma cədvəlinə inanması ilə bağlıydı.

Morrellər ailəsinin ümidsizliyə qərq olmasına baxmayaraq, Kokles təmkinini qoruyub saxlamışdı. Lakin bu təmkinin sədaqətsizlikdən irəli gəldiyini düşünmək olmaz, əksinə, bu böyük inamın nəticəsi idi. Qazandıqları bütün firavanlığa görə armator firmasına borclu olan qulluqçu və kontor işçiləri gəmini lövbər qaldırmadan tərk edən siçovul dəstəsi kimi tədricən kontoru və anbarları tərk etmişdilər; lakin Kokles kütləvi tərketməni görsə də, bunu yaradan səbəb haqda heç düşünmürdü də; onun üçün hər şey rəqəmlərə bağlı idi, Morrel ticarət evində iyirmi illik qulluq zamanı ödənişlərin dəyişilməz dəqiqliklə aparıldığına adət etmişdi, ona görə də dəyirmançı dəyirmanını hərəkətə gətirən böyük bir çayın nə vaxtsa qəfildən quruya biləcəyini təsəvvür etmədiyi kimi bunun bir sonu olacağı və ödənişlərin saxlanılacağını ağlına da gətirmirdi. Doğrudan da bu günə qədər heç nə Koklesdə tərəddüd yaratmırdı. Sonuncu aylıq ödəniş qüsursuz, dəqiqliklə yerinə yetirilmişdi. Kokles cənab Morrelin öz zərərinə yetmiş santim səhv etdiyini aşkarlayıb və elə həmin gün artıq ödənilmiş on dörd suyu onun özünə geri verdi. Cənab Morrel qəmli gülüşlə onları götürüb xəzinənin demək olar, boş qutusuna qoydu.

– Yaxşı, Kokles; siz dünyanın ən düzgün xəzinədarısınız.

Kokles təsəvvür edilməz dərəcədə razı halda işinin ardınca yollandı, çünki Marselin ən şərəfli adamı olan cənab Morrelin tərifi onun üçün əlli ekyu mükafatdan daha sevindirici idi.

Lakin, belə uğurlu sonuncu ödənişdən sonra cənab Morrelin ağır günləri başladı; borc verənlərin haqq-hesablarını kəsmək üçün bütün vəsaitlərini topladı, Marseldə onun iflasa düşməsi haqda şayiələr yayılmasın deyə, şəxsən özü Boker yarmarkasına gedib, orada arvadına və qızına məxsus olan bəzi zinət əşyalarını və özünə aid mətbəx gümüşünün bir hissəsini satdı. Bu qurban verilmiş əşyalar hesabına, bu dəfəlik hər şey Morrel ticarət evi üçün uğurlu bitdi; lakin xəzinə tamamilə boşaldı. Şayiə ilə ürküdülmüş kredit bazarı ondan özünün adi xudbinliyi ilə üz döndərmişdi; cənab Bovilə bu ayın on beşində və gələn ayın on beşində hər dəfə yüz min olmaqla iki yüz min ödəmək üçün cənab Morrel təkcə “Faraon”un qayıdışına ümid edə bilərdi, bu gəminin dənizə çıxması haqqında məlumatı onunla eyni vaxtda yola çıxmış və artıq uğurla Marsel limanında lövbər salmış gəmi xəbər vermişdi.

Lakin “Faraon” kimi, Kəlküttədən çıxan bu gəmi artıq iki həftə bundan əvvəl gəlib çıxsa da, “Faraon”dan hələ də heç bir xəbər yox idi.

Tomson və Frenç Roma bank evinin müvəkkili cənab de Bovillə görüşünün ertəsi günü Morrelin yanına gəldikdə vəziyyət bu yerdə idi.

Onu Emmanuel qəbul etdi. Hər yeni gələn ziyarətçi bu gənci qorxudurdu, çünki o, şayiələrdən narahat olmuş və firmanın başçısının yanına vəziyyəti öyrənmək üçün gələn kreditor da ola bilərdi, bu vasitə ilə müdirini xoşagəlməz söhbətdən qurtarmaq istəyirdi; ziyarətçini sorğu-suala tutmağa başladı; lakin gələn adam cənab Emmanuelə deyəcək heç nəyi olmayıb şəxsən cənab Morrellə danışmaq istədiyini bildirdi.

Emmanuel dərindən nəfəs alaraq Koklesi çağırdı. Kokles gəldi, gənc ona yad adamı cənab Morrelin yanına aparmağı tapşırdı.

Kokles irəli düşdü; yad adam onun ardınca getdi. Pilləkəndə narahat halda yad adama nəzər yetirən on altı-on yeddi yaşlarında gənc, gözəl bir qızla rastlaşdılar. Kokles qızın üzünün bu ifadəsini görmədi, lakin, görünür bu yad adamın nəzərindən qaçmamışdı.

Xəzinədar soruşdu:

– Xanım Culi, cənab Morrel öz kabinetindədirmi?

Gənc qız tərəddüdlə cavab verdi:

– Bəli, yəqin ordadır. Kokles, ora baxın və atam oradadırsa, ziyarətçi haqda xəbər verin.

İngilis dedi:

– Mənim haqqımda məruzə etmək mənasızdır. Cənab Morrel məni tanımır; atanızın ticarət evinin əlaqədə olduğu Tomson və Frenç firmasının böyük müvəkkili olduğumu demək kifayət edər.

Gənc qızın rəngi qaçdı, pilləkənlə enməyə başladı, Kokleslə yad adam isə yuxarı qalxdılar.

Culi Emmanuelin məşğul olduğu kontora girdi; Kokles isə onun sahibkarın yanına azad daxil olmasının göstəricisi olan, açarın köməyi ilə üçüncü mərtəbənin meydançasının küncündəki qapını açıb yad adamı gözləmə otağına buraxdı, sonra digər qapını açaraq bir dəqiqəliyinə Tomson və Frenç firmasının nümayəndəsini yalnız qoyub qapını arxasınca örtdü, yenidən qayıdaraq ona içəri girə biləcəyini işarə etdi.

İngilis daxil oldu; cənab Morrel həyəcandan ağarmış halda yazı masası arxasında oturmuşdu, dəhşətlə vəsaitin borcdan azaldığını göstərən sütunlara baxırdı.

Cənab Morrel yad adamı görcək hesab dəftərini örtüb ayağa qalxdı, ona oturacaq verdi; yad adam oturduqdan sonra o da öz kreslosuna əyləşdi.

Bu on dörd il ərzində hörmətli böyük tacir çox dəyişmişdi; söhbətimizin əvvəlində onun otuz altı yaşı var idi, indi isə əlli yaşına yaxınlaşırdı. Saçları ağarmışdı; qayğılar onun alnını qırış-qırış etmişdi; əvvəlki sərt və inamlı baxışları indi sönük və inamsız hal almışdı, sanki hansısa bir fikir üzərində dayanmağa və ya kiminsə üzünə baxmaqdan çəkinirdi.

İngilis açıq-aşkar dərdinə şərik olaraq, maraqla ona baxırdı.

Bu dikilmiş baxışdan daha da təşvişlənən cənab Morrel dedi:

– Mərhəmətli cənab, mənimlə danışmaq istəmisiniz?

– Bəli, cənab. Kimin adından təşrif buyurduğum sizə məlumdur?

– Tomson və Frenç bankir evi adından; hər halda xəzinədarım mənə belə dedi.

– Tamamilə doğrudur. Tomson və Frenç bankir evi yaxın iki ay ərzində Fransada üç yüzdən dörd yüz min frankadək ödəmə etməlidir; sizin ödəmələrdə ciddi dəqiqliyinizi bilərək imzanızla olan bütün öhdəlikləri toplayaraq mənə bu öhdəliklərin müddətləri çatdıqca onların əsasında sizdə olan ödəmələri alıb istifadə etmək göstərişi veriblər.

Morrel dərindən nəfəs alaraq, əlini nəmlənmiş alnına çəkdi.

– Deməli, sizdə mənim imzamla borc sənədləri var?

– Bəli, özü də kifayət qədər böyük məbləğdə.

Morrel sakit səslə danışmağa çalışaraq soruşdu:

– Məhz hansı məbləğdə?

İngilis cibindən bir büküm kağız çıxararaq dedi:

– Budur, ilk növbədə, türmələr müvəkkili cənab Bovilin, sizin firmanıza iki yüz min franklıq təslimat aktı. Siz cənab de Bovilə bu borcun olduğunu qəbul edirsinizmi?

– Bəli, o beş il bundan əvvəl bu məbləği dörd tam onda beş faizlə məndə yatırmışdı.

– Siz də bu məbləği ona qaytarmalısınız…

– Yarısını bu ayın on beşinə, digərini gələn ayın on beşinə.

– Tamamilə doğrudur. Sonra bu ayın sonunda bitəcək olan daha otuz iki min beş yüz franklıq veksellər. Onlar sizin tərəfinizdən imzalanıb və təqdimatçılar vasitəsi ilə bizə verilib.

Morrel ola bilsin, həyatında ilk dəfə öhdəliklərini yerinə yetirə bilməyəcəyi düşüncəsi ilə qızararaq dedi:

– Mən onları qəbul edirəm. Vəssalam?

– Xeyr, cənab: məndə Paskal ticarət evi, Uayld və Terner ticarət evləri tərəfindən bizə verilmiş, vaxtı gələn ayın sonlarında bitəcək olan daha əlli beş min frank dəyərində veksellər var; cəmisi iki yüz səksən yeddi min beş yüz frank dəyərində.

Zavallı Morrel bu sadalama ərzində cəhənnəm əzabı çəkirdi, mexaniki surətdə təkrar etdi:

– İki yüz səksən yeddi min frank.

İngilis cavab verdi:

– Bəli, cənab. – Bir qədər susduqdan sonra davam etdi, – lakin, cənab Morrel, sizdən gizlətmirəm ki, indiyədək heç bir məzəmmətə məruz qalmayan etibarlığınıza baxmayaraq, Marseldə müflisləşəcəyiniz barədə şayiələr gəzir.

Belə kobud bəyanatdan sonra Morrelin rəngi tamamilə qaçdı.

– Hörmətli cənab, bu günə qədər, iyirmi ildən artıq müddətdir atam otuz beş il başçılıq etdiyi bu firmanı mənə təhvil verib, bu vaxtadək “Morrel və Oğlu” imzası ilə mənim xəzinəmə təqdim edilən bir istiqraz kağızı belə ödənilməmiş qalmayıb.

İngilis cavab verdi:

– Bəli, bunu bilirəm, lakin gəlin namuslu adamlar kimi açıq danışaq. Siz bu ödənişləri eyni dəqiqliklə ödəyə biləcəksinizmi?

Morrel diksindi, lakin qətiyyətlə həmsöhbətinin üzünə baxdı.

– Belə aydın suala aydın da cavab vermək lazımdır. Bəli, cənab, əmin olduğum kimi, gəmim sağ-salamat gəlib çıxarsa, düçar olduğum bəlalara görə məni məhvə aparan borclarım geri qaytarılacaq; lakin “Faraon”, mənim son ümidim qəzaya düşsə…

Bədbəxt armatorun gözləri doldu.

İngilis dedi:

– Beləliklə, bu son ümidiniz sizi aldatsa, necə olacaq?…

Morrel davam etdi:

– Bunu demək nə qədər çətin olsa da… lakin, bədbəxtliyə alışdığıma görə, utanmağa da alışmalıyam… çox güman ödənişləri kəsmək məcburiyyətində qalacağam.

– Məgər sizə kömək edə biləcək dostlarınız yoxdur?

Morrel qəmgin halda güldü:

– Cənab, iş aləmində dost olmur, siz bunu bilirsiniz; ancaq əməkdaşlar var.

İngilis pıçıldadı:

– Doğrudur. Beləliklə, sizin yalnız bir ümidiniz qalır?

– Yalnız bir.

– Sonuncu?

– Sonuncu.

– Birdən bu ümidiniz sizi aldatsa…

– Mən öldüm, birdəfəlik öldüm.

– Mən sizin yanınıza gələrkən, hansısa bir gəmi limana daxil olurdu.

– Bilirəm, cənab; bədbəxtliyimdə sadiq olan xidmətçilərdən biri, mənə xoş xəbəri birinci çatdırmaq üçün bütün gününü evinin üstündə, belvederdə keçirir. Gəminin gəlişindən məni xəbərdar etdi.

– Bu sizin gəminiz deyil?

– Xeyr, bu Bordodan gələn “Jironda” gəmisidir. O da Hindistandan gəlib; lakin mənim gəmim deyil.

– Ola bilsin “Faraonun” harada olduğunu bilir və sizə ondan bir xəbər gətirib?

– Sizə etiraf edim? Mən gəmim haqqında məlumat almaqdansa, xəbərim olmamağı üstün tuturam. Qeyri-müəyyənlik, necə olmasa ümiddir. – Cənab Morrel, bir az susduqdan sonra boğunuq səslə əlavə etdi. – Bu kimi yubanma başa düşülməzdir; “Faraon” Kəlküttədən beşi fevralda yola çıxıb; artıq bir ay əvvəl burada olmalı idi.

İngilis qulaq asaraq qəfildən dedi:

– Bu nədir, bu nə səs küydür belə?

Morrel meyit kimi, ağarmış halda ucadan dedi:

– Aman Rəbbim! Aman Rəbbim! Yenə nə olub?

Pilləkəndən doğrudan da güclü səs-küy gəlirdi; adamlar dala-qabağa qaçışırdılar; hətta kiminsə yanıqlı hıçqırtısı eşidildi. Morrel qapını açmaq üçün ayağa qalxdı, lakin o, taqətdən düşmüşdü, yenidən kresloya çökdü.

Onlar yenidən üz-üzə oturdular, Morrel bütün bədəni ilə əsir, yad adamın onun halına dərindən ürəyi yanırdı. Səs-küy kəsildi, lakin görünür Morrel nə isə gözləyirdi: bu səs-küyün öz səbəbi var idi.

Yad adama elə gəldi, kimsə sakit pilləkənlə qalxır, sonra meydançada bir neçə adam dayandı. Sonra birinci qapıya açar salınmasını və qapının həncama cırıltısını eşitdi.

Morrel pıçıldadı:

– Amma bu qapının ancaq iki nəfərdə, Kokles və Culidə açarı vardı.

Bu anda ikinci qapı da açıldı, astanada gözlərində yaş, ağarmış halda Culi göründü.

Morrel bütün bədəni əsə-əsə ayağa qalxdı və yıxılmamaq üçün kreslonun əlcəyinə söykəndi. O, danışmaq istəyir, lakin səsi gəlmirdi.

Culi yalvarıcı şəkildə, əlləri bükülmüş vəziyyətdə dedi:

– Ata, sizə bəd xəbərlər gətirən qızınızı bağışlayın!

Morrelin rəngi dəhşətli dərəcədə qaçdı; Culi onun qucağına atılıb qışqırdı:

– Ata! Cəsarətinizi itirməyin!

Morrel batmış səslə soruşdu:

– “Faraon” batıb?

Culi atasının sinəsinə söykənib heç nə demədi, lakin başını təsdiqedici şəkildə tərpətdi.

Morrel soruşdu:

– Bəs heyət?

Culi dedi:

– Xilas olunub, indicə limana daxil olan Bordo gəmisi tərəfindən.

Morrel izah olunmaz itaət və minnətdarlıq ifadəsi ilə əllərini səmaya qaldırdı.

– Sənə təşəkkür edirəm, rəbbim! Sən yalnız məni məhv etdin!

İngilis nə qədər soyuqqanlı olsa da, onun gözləri yaşardı.

Morrel dedi:

– Gəlin, gəlin; bilirəm, hamınız qapının arxasındasınız.

O bu sözləri deyər-deməz xanım Morrel hönkürərək içəri daxil oldu; onun ardınca Emmanuel içəri girdi. Girəcəyin dərinliyində əldən düşmüş cır-cındır içində yeddi-səkkiz dənizçinin sərt sifəti görünürdü. Bu adamları gördükdə ingilis diksindi. Sanki onlara yaxınlaşmaq istədi, lakin özünü saxladı və əksinə, kabinetin qaranlıq və uzaq küncünə çəkildi. Xanım Morrel kresloda əyləşib, ərinin əlini öz əllərinin içinə aldı, Culi isə əvvəlki kimi, başını atasının sinəsinə yaslayaraq, durmuşdu. Emmanuel otağın ortasında, sanki Morrel ailəsi ilə qapının ağzında toplaşan dənizçilər arasında bir həlqə kimi durmuşdu.

Morrel soruşdu:

– Bu necə baş verib?

Emmanuel dedi:

– Penelon, yaxınlaşın, danışın.

Tropik günəşi altında qapqara qaralmış yaşlı dənizçi əlində şlyapasının parçalarını oynadaraq yaxınlaşdı, sanki Marseli dünən tərk etmiş və Eks, yaxud Tulon gəzintisindən qayıtmış kimi dedi:

– Salam, cənab Morrel.

Sahibkar göz yaşları arasından qeyri-ixtiyari gülümsəyərək dedi:

– Salam, əzizim, bəs kapitan haradadır?

– Kapitana gəldikdə, cənab Morrel, xəstələnib Palmada qaldı; lakin, allahın köməkliyi ilə tezliklə sağalar, bir neçə gündən sonra bizim kimi, sapsağlam olar.

Cənab Morrel dedi:

– Yaxşı… Penelon, indi danışın.

Penelon saqqızı sağ tərəfindən sol tərəfinə keçirib ağzını əli ilə örtdü, bol-bol girəcəyə tüpürərək, ayağını irəliyə qoyub yırğalanaraq başladı:

– Bax belə, cənab Morrel, biz bir həftə Blanko burnu ilə Boyador burnu arasında hərəkətsiz durduqdan sonra, cənub-qərb küləyi altında irəliləyirdik; birdən kapitan Homar mənə yaxınlaşdı, (qeyd edim ki, mən sükan arxasında idim) və dedi: “Penelon dayı, üfüqdən qalxan o buludlar haqda nə düşünürsünüz?”

Mən də onlara baxırdım.

“Mən onlar haqqında nə düşünürəm? Fikrimcə, onlar lazım olduğundan bir az tez yüksəlir, müəmmalı fikirlərə düşməyin, fərqli olaraq həddindən artıq qaradır”.

Kapitan dedi: “Mən də o fikirdəyəm, hər ehtimala qarşı ehtiyat tədbirləri görürəm. Hazırda əsəcək belə bir küləyə qarşı həddindən artıq çox yelkənlə hərəkət edirik… Ey, Siz! Danq-dunq-bramseli27 və danq-dunq-kliveri28 endirin!”

Bu vaxtında edilmişdi: əmri yerinə yetirər-yetirməz, külək qopdu, gəmi əyilməyə başladı.

Kapitan dedi: “Yenə də yelkənlərin sayı artıqdır. Qrotu endirin!”

Beş dəqiqədən sonra qrot qitova alınmışdı, biz fok, marsel və bramsellər altında gedirdik.

Kapitan mənə dedi: “Siz niyə başınızı bulayırsınız, Penelon dayı?”

“Çünki, sizin yerinizdə olsam yelkənlərin bir qismini də yığışdırardım”.

O dedi: “Doğrusun desək, sən haqlısan, qoca, şiddətli külək gözlənilir”.

Mən kapitana dedim: “Bilirsiniz nə var, şiddətli külək fikrini unudun, mən bu işdən bir az anlayıramsa, bu fırtınadır, özü də dəhşətli fırtına!” Sizə deməliyəm ki, külək üstümüzə işlək yollardakı toz kimi ələnirdi. Xoşbəxtlikdən, bizim kapitan işini bilən adamdır.

O: “İki rif Marselə tərəf! İpləri buraxın, iplər küləyə tərəf, yelkənlərdə üfüqi ağaclardakı yükqaldırma mexanizmləri dartın!” – deyə bağırdı.

İngilis qəfildən dedi:

– Bu kimi fırtınalarda dedikləriniz yetərli deyil. Mən dörd rif götürüb alt yelkəni də yığışdırardım.

Bu qətiyyətli və cingiltili səsi eşidənlər diksindilər, Penelon əlini gözlərinin üzərinə qoyub onun kapitanının göstərişlərini belə cəsarətlə tənqid edənə baxdı. Qoca dənizçi ehtiramla dedi:

– Cənab, biz bundan da artığını etdik, əyilmiş yelkənləri burazlara tərəf çəkdik və fırtına ilə birgə hərəkət etmək üçün gəmini külək istiqamətinə çevirdik. On dəqiqədən sonra marselliləri sadə burazlara alıb eyni iplər altında hərəkət etdik.

İngilis dedi:

– Belə cəsarətli hərəkət üçün gəmi həddindən artıq köhnə idi.

– Elədir ki, var! Bu da bizi məhv etdi. On iki saat dalğalandıqdan sonra, şeytanların da ürəyi qalxardı, gəmidə sızma başladı.

Kapitan dedi: “Penelon, mənə elə gəlir, biz batırıq; qoca, sükanı mənə ver, anbara keç”.

Mən sükanı ona verib, aşağı endim; orada artıq üç fut su var idi; göyərtəyə qalxıb: “Suyu çəkin!” – deyə qışqırdım. Artıq gec idi. Biz işə başladıq; lakin nə qədər su çəkirdiksə, ondan artığı daxil olurdu.

Dörd saat əziyyətdən sonra, ona dedim: “Xeyr, bilirsiniz nə var, batırıqsa bataq, iki dəfə ölmək olmaz, birindən də qaçmaq!”

Kapitan dedi: “Penelon dayı, sən belə nümunə göstərirsən? Onda dayan!”

Öz kayutuna gedib iki tapança gətirdi: ”Kim nasosu dayandırsa, onun kəlləsini dağıdaram!”

İngilis dedi:

– Düz edib.

Dənizçi davam etdi:

– Heç nə cəsarəti təsirli söz kimi artırmır, xüsusən də hava aydınlaşır, külək də sakitləşirdi; lakin su çox olmasa da artmağa davam edirdi, saatda iki düymə yaxın, lakin on iki saatda o ən azı iyirmi dörd düym edər, iyirmi dörd düym isə iki futdur. İki fut üstəgəl əvvəlki üç fut, edər beş fut. Gəminin “qarnında” beş fut su olarsa, demək olar, onda su sızması var.

Kapitan dedi: “Daha bəsdir, cənab Morrel bizi artıq heç nədə məzəmmət edə bilməz: gəmini xilas etmək üçün əlimizdən gələni etdik; indi adamları xilas etməliyik. Qayığı aşağı burax, uşaqlar, tələsin!”

Penelon davam etdi:

– Cənab Morrel, qulaq asın, biz “Faraonu” çox sevirdik, lakin dənizçi öz gəmisini nə qədər çox istəsə də, özünü ondan çox istəyir; ona görə də iki dəfə xahiş etmələrini gözləmədik; bir tərəfdən də gəmi elə kədərli cırıldayırdı ki, sanki bizə: “Buradan tez rədd olun!” – deyirdi. Zavallı “Faraon” doğru deyirdi. Biz ayağımızın altında onun necə batdığını hiss edirdik. Bir sözlə, qayıq bir anda endirildi və biz hamımız, səkkizimiz də artıq qayıqda oturmuşduq.

Kapitan sonuncu endi, daha doğrusu enmədi, çünki gəmini tərk etmək istəmirdi; mən onu qucağıma alıb yoldaşlarıma atdım, bundan sonra özüm də endim. Vaxtında endiyimə əminəm. enmişəm. Mən atılar-atılmaz, göyərtə elə səs-küylə çatladı ki, sanki qırx səkkiz toplu gəmidən yaylım atəşi açırdılar.

On dəqiqədən sonra, gəminin burnu suya dəydi, sonra gəminin arxa tərəfi, sonra gəmi quyruğunu tutmağa çalışan it kimi yerində fırlanmağa başladı. Sonra da siz sağ, mən salamat! Əlbəttə, bu da başa gələ bilən işdir, nəticədə isə “Faraon” artıq yoxdur!

Bizə gəldikdə isə, üç gün nə yedik, nə içdik, kimin yerdə qalanları yedizdirməsi üçün püşk atmağa hazırlaşırdıq ki, qəfildən “Jironda”nı gördük; ona işarə verdik; işarəmizi görüb bizə tərəf döndü, qayıq göndərib bizi götürdü. Məsələ belə olmuşdur, cənab Morrel, dənizçi sözünə inanın! Elədirmi, dostlar?

Deyilənlərin razılıqla qarşılanması hekayəçinin məsələni doğru izah etdiyini və hərtərəfli rəssam kimi təsəvvür yaratdığından hamının bəyənməsinə səbəb olduğunu göstərirdi.

Cənab Morrel dedi:

– Yaxşı, mənim əzizlərim, siz əla uşaqlarsız, əvvəldən də bilirdim, mənə gələn bədbəxtliyə görə yalnız zalım taleyim təqsirkardır. Bu insanların günahı deyil, yalnız Yaradanın təqdiridir. Onun iradəsinə tabe olaq. İndi mənə deyin görüm, sizə nə qədər əmək haqqı düşür.

– Cənab Morrel, kifayətdir, gəlin bu haqda danışmayaq!

Armator kədərli gülüşlə dedi:

– Əksinə, bu haqda danışaq.

Penelon dedi:

– Gərək ki bizə üç aylıq ödənilməlidir…

– Kokles, onlara adam başına iki yüz frank verin. – Cənab Morrel davam etdi, – başqa vaxtlar, “onlara adam başına iki yüz frank mükafat verin” deyərdim; lakin indi mənim əzizlərim pis zamanlardır, qalan o qəpik-quruş da mənə məxsus deyil. Ona görə də məni bağışlayın və məzəmmət etməyin.

Penelon ağız-burnunu büzüşdürüb yoldaşlarına tərəf döndü, onlarla nə haqdasa məsləhətləşib yenidən sahibkarına tərəf döndü. Saqqızı bir ovurdundan o birinə keçirib gözətçi otağına yenidən birinciyə bənzər tüpürcək buraxıb dedi:

– Deməli, məsələ belədir, cənab Morrel, belədir…

– Nə?

– Pullar…

– Axı nə?

– Cənab Morrel, dostlar deyirlər ki, hələlik onlara əlli frank da bəs edər, qalanını isə gözləyərlər.

Cənab Morrel ürəkdən kədərlənərək dedi:

– Sizə təşəkkür edirəm, mənim əzizlərim, təşəkkür edirəm! Sizin hamınız əla adamlarsınız; lakin pulunuzu götürün və yeni iş yeri tapsanız ora gedin. Azadsınız.

Bu sonuncu sözlər namuslu dənizçiləri son dərəcə təsirləndirdi. Onlar qorxaraq bir-birinə baxdılar. Penelonun nəfəsi kəsildi, o, az qala saqqızını udurdu; xoşbəxtlikdən vaxtında əlləri ilə xirtdəyini tuta bildi və nəfəsi kəsilmiş halda dedi:

– Necə yəni, cənab Morrel? Bizi işdən çıxarırsınız? İşinizə yaramadıq?

Armator cavab verərək dedi:

– Xeyr, əzizlərim, xeyr, əksinə, sizdən çox razıyam. Sizi işdən azad etmirəm. Lakin nə etmək olar? Artıq gəmilərim yoxdur, mənə dənizçi lazım deyil.

Penelon dedi:

– Necə yəni gəmilərim yoxdur? Onda göstəriş verin, yenisini inşa etsinlər; biz gözləyərik. Şükürlər olsun Tanrıya, biz sakit durmağı öyrənmişik.

Armator dərdli-dərdli gülərək dedi:

– Penelon, mənim gəmi inşa etməyə pulum yoxdur, nə qədər xoş olsa da, sizin təklifinizi qəbul edə bilmərəm.

– Pulunuz yoxdursa, bizə də pul ödəməyin. Biz də zavallı “Faraon”umuz kimi, bir ip altında gedərik, vəssalam!

Morrel həyəcandan boğularaq dedi:

– Kifayətdir, kifayətdir, əzizlərim! Xahiş edirəm, gedin. Münasib zamanlarda görüşərik. – Sonra əlavə etdi, – Emmanuel, onlarla gedin və göstərişimin dəqiqliyi ilə yerinə yetirilməsinə nəzarət edin.

Penelon dedi:

– Cənab Morrel, amma biz vidalaşmırıq, “sağ olun” deyirik, yaxşımı?

– Bəli, mənim əzizlərim, əminəm ki, belə olacaq. Gedin.

O, Koklesə işarə etdi, oğlan irəli düşdü; dənizçilər xəzinədarın arxasınca getdilər, Emmanuel isə hamıdan sonra çıxdı.

Armator arvadı ilə qızına dedi:

– İndi isə məni bir dəqiqəliyinə tək buraxın; bu cənabla danışmalıyam.

Gözləri ilə, bütün bu səhnə boyu küncdə tərpənmədən duran, yuxarıda göstərilən bir neçə sözlə söhbətdə iştirak edən Tomson və Frenç evinin müvəkkilinə işarə etdi. Qadınların hər ikisi tamamilə unutduqları yad adama baxaraq otaqdan çıxdı. Lakin qapıda Culi geriyə dönüb ona şəfqətlə yalvarırcasına baxdı, o isə buna, sifətində qəribə görünən gülüşlə cavab verdi. Kişilər tək qaldılar.

Morrel kresloya əyləşərək dedi:

– Budur, hər şeyi görüb eşitdiniz, mənim əlavəm yoxdur.

İngilis dedi:

– Gördüm, siz yenə əvvəlkilər kimi, layiq olmayan bəlaya düçar olmusunuz, bu məndə sizə kömək etmək arzusunu daha da möhkəmləndirdi.

Morrel dedi:

– Ah, cənab!

Yad adam davam etdi:

– Qulaq asın. Axı mən sizin əsas kreditorlarınızdan biriyəm, düzdürmü?

– Hər halda sizin əlinizdə müddəti ən tez bitən öhdəliklər var.

– Siz möhlət almaq istərdinizmi?

– Möhlət mənim şərəfimi, deməli həyatımı da xilas edərdi.

– Sizə nə qədər vaxt lazımdır?

Morrel fikrə getdi.

– İki ay.

Yad adam dedi:

– Yaxşı, sizə üç ay vaxt verirəm.

– Lakin siz arxayınsınız ki, Tomson və Frenç firması…

– Narahat olmayın, hər şeyi öz öhdəmə götürürəm. Bu gün bizdə beş iyundur?

– Bəli.

– İndi, bütün bu vekselləri köçürüb beş sentyabra yazın, beş sentyabrda səhər saat on birdə (divar saatının əqrəbləri düz on biri göstərirdi) yanınıza gələcəyəm.

Morrel dedi:

– Mən sizi gözləyəcəyəm, mən sağ olmasam da pullarınızı alacaqsınız.

Sonuncu sözlər o dərəcədə sakit deyilmişdi ki, yad adam onları heç eşitmədi. Veksellər köçürüldü, köhnələr cırıldı, bədbəxt armator son vəsaitlərini toplamaq üçün ən azı üç aylıq fasilə aldı.

İngilis armatorun təşəkkürlərini millətinə xas soyuqqanlılıqla qəbul etdi, ona xeyir-dua yağdıraraq onu qapıya qədər yola salan Morrellə xudahafizləşdi.

Pilləkənlərdə Culi ilə rastlaşdı. Culi özünü yalandan pilləkənlərdən düşən kimi göstərdi, əslində isə onu gözləyirdi.

O, əllərini büküb yalvarırcasına dedi:

– Ah, cənab!

Yad adam dedi:

– Xanım, siz tezliklə səyyah Sindbad… imzası ilə məktub alacaqsınız… Məktubda deyilənlər nə qədər qəribə görünsə də, orada yazılanları dəqiqliklə yerinə yetirin.

Culi cavab verdi:

– Yaxşı.

– Bunu edəcəyinizə söz verirsinizmi?

– And içirəm!

– Yaxşı. Xanım, salamat qalın. Həmişə belə xeyirxah və atasını sevən qız kimi qalın, Tanrının sizi Emmanuel kimi bir ərlə mükafatlandıracağına əminəm.

Culi sakitcə qışqırdı, albalı kimi qızardı, yıxılmamaq üçün pilləkənin sürahisindən yapışdı. Yad adam əlini yelləyib onunla vidalaşaraq çıxıb getdi. Həyətdə hər əlində yüz franklıq pul bağlaması tutmuş və sanki onları aparıb-aparmamağa qərar verə bilməyən Penelonla rastlaşdı.

İngilis ona dedi:

– Gedək, əzizim, sizinlə danışmalıyam.

IX. BEŞ SENTYABR

Tomson və Frenç bank evi müvəkkilinin Morrelə heç gözləmədiyi bir vaxtda verdiyi möhlət, zavallı armatora xoşbəxtliyin geri dönməsinin, artıq taleyin adamı təqib etməsindən yorulduğunun xəbərdarlığı kimi gəlirdi. Elə həmin gün o hər şeyi qızına, arvadına və Emmanuelə danışdı, bu onların evlərinə əminlik olmasa da, müəyyən bir ümid gətirdi. Lakin təəssüflər olsun ki, Morrel təkcə ona bu xeyirxahlıq göstərən Tomson və Frenç kimi firmalarla iş görmürdü. Onun dediyi kimi, ticari işlərdə əməkdaşlar var, lakin dostlar yoxdur. Qəlbinin dərinliyində o Tomson və Frenç firmasının belə bir mərdliyi haqda düşünərkən təəccüblənirdi; Morrel bunu yalnız ağıllı, xudbinlik mühakiməsi ilə izah edirdi: yaxşısı budur, bizə üç yüz min frank borclu olan adama köməklik edib, onun müflisləşməsini tezləşdirib borcunun altı, yaxud da səkkiz faizini götürmək yerinə üç aydan sonra bu pulu alasan.

Təəssüflər olsun ki, qəzəbdən, ya da düşüncəsizlikdənmi, Morrelin digər kreditorları belə düşünmürdülər, bəziləri hətta əksini düşünürdülər. Buna görə də Morrel tərəfindən imzalanmış veksellər müəyyən olunmuş müddətdə onun xəzinəsinə təqdim edildi və ingilisin Morrelə verdiyi möhlət hesabına onlar Kokles tərəfindən dərhal ödənildi. Beləliklə, Kokles əvvəlki kimi öz dinc sakitliyində idi. Yalnız Morrel vahimə ilə görürdü ki, de Bovilə ayın on beşində yüz min frank verməli, ayın otuzunda yenə də möhlət verilmiş veksellər üzrə otuz iki min beş yüz frankı ödəməli olsaydı, elə bu ay məhv olardı.

Marselin bütün böyük tacirləri Morrelin üzərinə düşən bu uğursuzluğa tab gətirməyəcəyini düşünürdülər. Ona görə də o, iyun ayının ödənişlərini həmişəki kimi, dəqiqliklə keçirdikdə ümumilikdə hamının təəccübü artdı. Lakin buna baxmayaraq, ona yenə də inamsız münasibət bəsləməyə davam edirdilər, yekdilliklə zavallı armatorun müflisləşməsini gələn ayın sonunadək təxirə saldılar.

Bütün iyul ayını Morrel lazımi məbləği toplamaq üçün qeyri-insani şəkildə çalışdı. Bəzən onun istiqraz kağızları hansı müddətə olduğundan asılı olmayaraq tam etibarla qəbul olunur, hətta onlara böyük tələbat hiss olunurdu. Morrel üç aylıq veksellər verməyə cəhd göstərdi, lakin heç bir bank onu qəbul etmədi. Xoşbəxtlikdən Morrel bəzi gəlirlərə güvənirdi; bu gəlirlər baş tutdu; beləliklə də Morrel ayın axırına kreditorları yenə də razı sala bildi.

Tomson və Frenç firmasının müvəkkilini Marseldə daha görmürdülər; o, cənab Morreli ziyarət etdikdən sonra, ertəsi, yaxud üçü günü yoxa çıxmışdı; belə ki, Marseldə yalnız mer, türmələr müvəkkili və armatorla iş birliyində olduğundan, onun ayaqüstü bu şəhərdə olması, bu üç adamda haqqında qeyri-münasib xatirədən başqa heç bir iz qoymamışdı. “Faraon”un dənizçilərinə qalanda, görünür, başqa işə girmişdilər, çünki onlar da yoxa çıxmışdılar.

Xəstəliyinə görə Palmada yubanıb qalan Homar sağaldıqdan sonra Marselə qayıtdı. O, cənab Morrelin yanına getməyə qərar verə bilmirdi; lakin Morrel Homarın gəlişindən xəbər tutub, özü onun yanına yollandı. Vicdanlı armator, artıq Penelonun sözlərindən gəmi batarkən, kapitanın cəsarətli davranışından xəbərdar idi, özü onu sakitləşdirməyə çalışırdı. Morrel ona əmək haqqının tam məbləğini gətirmişdi, halbuki kapitan Homar onun ardınca getməyə cəsarət edə bilməzdi.

Cənab Morrel onun yanından çıxarkən pilləkəndə Penelonla rastlaşdı, deyəsən o, aldığı puldan düzgün istifadə etmişdi, çünki tamamilə yeni paltarlar geyinmişdi. Armatoru görcək vicdanlı sükançı çaşıb qaldı. Meydançanın ən uzaq küncünə qısılaraq saqqızını əvvəlcə sağdan sola, sonra soldan sağa keçirib, gözləri böyümüş halda cənab Morrelin həmişəki kimi, dostcasına əl sıxmasına cəsarətsiz cavab verdi. Cənab Morrel Penelonun çaşmasını onun qəşəng geyimi ilə əlaqələndirdi; görünür, yaşlı dənizçi bu dəbdəbəyə öz hesabına çatmamışdı; hansısa başqa bir gəmiyə işə girmiş və belə demək olarsa “Faraon”a görə belə tez yasdan çıxdığına utanırdı. Ola bilsin, o, kapitan Homarın yanına uğurları haqda danışmağa gəlmiş və yeni sahibindən ona təklif gətirmişdi.

Morrel uzaqlaşaraq dedi:

– Əla adamlardır! Rəbbim elə eləsin, yeni sahibkarınız da sizi mənim kimi sevsin və məndən xoşbəxt olsun.

Avqust ayı, tamamilə Morrelin əvvəlki kreditlərinin bərpa edilməsi və özünə yeni kreditin açılması cəhdləri içərisində keçdi. İyirmi avqustda Marseldə Morrelin poçt karetində özü üçün yer ayırdığı şayiəsi yayıldı, hamı həmin an qərara gəldi ki, ayın axırında Morrel özünün müflisləşdiyini elan edəcəyinə görə bu məyusedici mərasimdə iştirak etməmək üçün bunu qəsdən baş darğa Emmanuel və xəzinədar Koklesə tapşıraraq gedir. Lakin bütün gözləntilərin əksinə olaraq avqustun 31-də xəzinə həmişəki kimi, yenə açıldı. Kokles Horatsinin “Mömin ər”indəki kimi, barmaqlıq arxasında sakitcə əyləşib əvvəlki dəqiqliklə onlara, birincidən sonuncuyadək ödəniş etdi. Hətta Morrelin əvvəldən zənn etdiyi kimi, iki yad öhdəlik də ödənildi, Kokles onları da armatorun şəxsi vekselləri kimi, dəqiqliklə ödədi. Heç kim heç nə başa düşmürdü, hamı qəmgin əhvalatları danışan adamlarda olan inadkarlıqla, müflisləşməni sentyabr ayının sonuna gözləyirdi.

Morrel sentyabrın birində qayıtdı. Ailədə hamı onu böyük həyəcanla gözləyirdi; xilas olma ilə bağlı son ümid Parisə səyahətin nəticəsindən asılı idi. Morrel Danqların bir vaxtlar onun zəmanəti ilə ispan bankirinin yanına işə girməsini və qısa müddətdə varlanıb milyoner olmasını xatırlayırdı. Şayiələrə görə, Danqlar altı-səkkiz milyona və saysız-hesabsız kreditə malik idi. Danqlar, cibindən bircə onluq qızıl çıxartmadan, yalnız Morrelə zamin durmaqla, onu xilas etmiş olardı. Morrel Danqlar haqda çoxdan düşünürdü; lakin hansısa anlaşılmaz nifrətə görə bunu ləngidir və bu son vasitəyə əl atmırdı. Morrelin ehtimalı doğru çıxdı, çünki evə alçaldıcı rədd cavabı ilə, əzilmiş halda geri dönmüşdü.

Lakin evinin astanasına qədəm qoyduqdan sonra bir kəlmə də olsun şikayətlənmədi, heç kimi də qınamadı; göz yaşları içində, arvadını və qızını qucaqlayıb, dostcasına əlini Emmanuelə uzatdı, sonra üçüncü mərtəbədəki kabinetinə girib qapını bağladı və Koklesi yanına çağırtdırdı.

Hər iki qadın Emmanuelə dedi:

– Bu dəfə biz batdıq.

Kiçik məşvərətdən sonra öz alayı ilə Nimede duran qardaşına yazıb tez gəlməli olduğunu xəbər vermək qərarına gəldilər.

Yazıq qadınlar qeyri-iradi onları hədələyən zərbənin qarşısını almaq üçün bütün qüvvələrini səfərbər etməli olduqlarını hiss edirdilər.

Bundan əlavə Maksimilian Morrel, iyirmi iki yaşında olmağına baxmayaraq, atasına ciddi təsir edə bilirdi. O, düzgün və mətin gənc idi. Peşə seçiminə gəldikdə, atası onu heç nəyə məcbur etmək istəməyərək, gəncin öz zövqünə və meylinə görə seçim etməsinə razılıq vermişdi. Maksimilian isə hərbi qulluğa girmək istədiyini bəyan etmişdi. Buna qərar verildikdə, elmlərlə ciddi məşğul olmağa başladı, Politexnik məktəbinə müsabiqə yolu ilə imtahan verərək, 53-cü piyada alayına podporuçik təyin edildi. Artıq bir il idi bu rütbədə qulluq edir və poruçik vəzifəsinə keçməyə hazırlaşırdı. Alayda, Maksimilian Morrel, yalnız əsgər borcunu ciddi yerinə yetirən əsgər hesab edilmirdi, o həmçinin insani borcunu da layiqincə yerinə yetirirdi, buna görə də onu, “yenilməz” adlandırırdılar. Aydındır ki, onu bu ləqəblə mükafatlandıranların əksəriyyəti bunun nə demək olduğunu da bilmədən, başqalarını ardınca təkrar edirdilər.

Anası ilə bacısı çətin dəqiqənin gəlişini hiss edərək onlara dayaq olmaq üçün gənc zabiti köməyə çağırdılar. Məsələnin ciddiliyində yanılmamışdılar, çünki cənab Morrel Kokleslə öz kabinetinə keçdikdən bir neçə dəqiqə sonra, Culi xəzinədarın tamamilə rəngi qaçmış halda, titrəyə-titrəyə bulanıq baxışlarla oradan çıxdığını gördü.

Culi onun yanından ötən xəzinədarı saxlayıb sorğu-sual etmək istəyirdi, lakin yazıq yaxşı adam ona məxsus olmayan sürətlə pilləkəndən enərək əllərini göyə qaldırıb ucadan bağırmaqla kifayətləndi:

– Ah, xanım Culi! Bu necə bir bəladır! Kimin ağlına gələrdi!

Bir neçə dəqiqədən sonra, o bir neçə qalın hesab kitabı, cib kisəsi və pulla dolu torba ilə geri qayıtdı.

Morrel hesab kitablarına göz gəzdirdi, kisəni açdı və pulları yenidən saydı.

Onun maliyyə kapitalı səkkiz min frank təşkil edirdi; beşi sentyabra dörd-beş min frankın da daxil olmasını gözləmək olardı, bu da ən yaxşı halda aktivi on dörd min franka çıxarardı, borc öhdəliklərinə görə isə o iki yüz səksən yeddi min beş yüz frank ödəməli idi. Belə bir məbləği hesaba daxil etmək isə mümkün deyildi.

Lakin Morrel nahara gəldikdə sakit, halından razı görünürdü. Bu sakitlik hər iki qadını ən dərin ümidsizlikdən daha çox qorxutdu. Nahardan sonra Morrel adətən evdən çıxar, “Semafor” oxuyaraq bir fincan qəhvə içmək üçün “Fokeyçev klub”a yollanardı; lakin bu dəfə evdən çıxmayıb öz kabinetinə qayıtdı.

Deyəsən Kokles tamamilə özünü itirmişdi. Günün çox hissəsini həyətdə, otuz dərəcə isti altında, başı açıq, daşın üstündə oturaraq keçirtdi.

Emmanuel xanım Morreli və Culini cəsarətləndirməyə çalışırdı; lakin o gözəl danışıq qabiliyyətini itirmişdi. Firmanın işlərini yaxşı bildiyindən Morrel ailəsini gözləyən dəhşətli fəlakəti görməyə bilməzdi.

Gecə düşdü. Həm xanım Morrel, həm də Culi Morrelin kabinetindən çıxdıqda onlara baş çəkəcəyinə ümidlənib yataqlarına girməmişdi. Lakin onlar Morrelin çağırılmamaq üçün gizlicə onların qapısı qarşısından keçdiyini hiss etdilər.

Diqqətlə qulaq asdılar, lakin o, yataq otağına girib arxasınca qapını bağladı. Xanım Morrel qızına yatmağı hökm etdi; Culi getdikdən yarım saat sonra qalxdı, ayaqqabılarını çıxarıb sakitcə dəhlizə açar deşiyindən ərinin nə etdiyinə baxmaq üçün çıxdı.

Dəhlizdə uzaqlaşan bir kölgə gördü. Bu narahatçılıqdan içini yeyən və anasını qabaqlayan Culi idi. Gənc qız xanım Morrelə yaxınlaşdı. Culi dedi:

– O, yazır.

Hər iki qadın söz demədən bir-birini başa düşdü.

Morrel yazırdı; lakin xanım Morrel qızı görə bilmədiyini gördü: əri gerb olan kağıza yazırdı. Xanım Morrel ərinin vəsiyyətnamə yazdığını başa düşdü, onun bütün bədəni əsdi, lakin Culiyə heç nə deməmək üçün, bütün gücünü topladı.

Ertəsi gün cənab Morrel tamamilə sakit görünürdü. O, həmişəki kimi, kontorda məşğul olurdu, həmişəki kimi, səhər yeməyinə çıxdı. Yalnız nahardan sonra, qızını yanına oturdub, hər iki əli ilə başını tutaraq, bərk-bərk sinəsinə sıxdı.

Axşam Culi anasına belə dedi:

– Atam sakit görünsə də, ürəyi bərk-bərk döyünürdü.

Sonrakı iki gün də belə həyəcan içində keçdi. Sentyabrın dördü axşam Morrel qızından kabinetinin açarını qaytarmağı tələb etdi. Culi diksindi – bu tələb ona qorxunc göründü. Həmişə onda olan bu açarı atası ondan nə üçün alır, axı uşaqlıqdan onda olan bu açarı yalnız cəzalandırmaq üçün alırdılar?

Culi yalvarıcı tərzdə xanım Morrelə baxdı. O dedi:

– Ata, mənim günahım nədir ki, açarı alırsınız?

Gözləri bu sadəlövh sualdan yaşaran zavallı Morrel cavab verdi:

– Heç bir günahın yoxdur, mənim balam, heç bir, sadəcə o mənə lazımdır.

Culi özünü açarı axtaran kimi göstərdi.

– Görünür, onu otağımda qoymuşam.

O, otaqdan çıxdı, lakin öz otağına getmək əvəzinə məsləhətləşmək üçün Emmanuelin yanına qaçdı. O, Culiyə dedi:

– Açarı verməyin, sabah səhər isə onu imkan daxilində tək qoymayın.

Culi Emmanueli sorğu-suala tutmaq istəyirdi, lakin o heç nə bilmir, ya da heç nə demək istəmirdi.

Sentyabrın dördündən beşinə keçən gecə xanım Morrel bütün gecəni divarın arxasından ərinin hərəkətlərini dinləyirdi. Saat üçədək onun otaqda həyəcanlı, dala-qabağa addım səslərini eşidirdi. Yalnız saat üçdə çarpayıya atıldı.

Bütün gecəni ana-qız birlikdə keçirtdilər. Onlar hələ axşamdan Maksimilanı gözləyirdilər.

Səhər saat səkkizdə cənab Morrel onların otağına gəldi. O, sakit idi, lakin yuxusuz gecənin izləri onun solğun uzanmış sifətinə möhür vurmuşdu.

Onun necə yatdığını soruşmağa cürət etmirdilər.

Morrel arvadı və qızı ilə heç zaman olmadığı kimi, mehriban və nəzakətli idi; Culiyə baxmaqdan doymurdu, elə hey onu öpürdü.

Culi Emmanuelin məsləhətini xatırlayıb, atasını yola salmaq istədi, lakin o, mehribancasına qızı dayandırıb dedi:

– Ananla qal.

Culi təkid edirdi.

Morrel dedi:

– Bunu tələb edirəm!

Morrel ilk dəfə, qızına tələb qoyurdu, lakin bunu elə ata məhəbbəti ilə dedi ki, Culi yerindən tərpənməyə cürət etmədi. O, sakitcə, tərpənmədən yerində durmağa davam edirdi. Tezliklə qapı yenidən açıldı, kiminsə əlləri onu qucaqladı və kiminsə dodaqları onun alnına yapışdı. Gözlərini qaldırdı və sevincindən:

– Maksimilian! Qardaşım! – deyə qışqırdı.

Bu qışqırığa xanım Morrel qaçaraq gəldi və oğlunun qucağına atıldı.

Maksimilian nəzərini anasından bacısına çevirərək dedi:

– Ana! Nə olub? Sizin məktubunuz məni qorxutdu və gəlməyə tələsdim.

Xanım Morrel dedi:

– Culi, atana de ki, Maksimilian gəlib.

Culian otaqdan qaçaraq çıxdı, lakin birinci pillədə əlində məktub olan adamla rastlaşdı.

Elçi güclü italyan vurğusu ilə soruşdu:

– Xanım Culi Morrel sizsiniz?

Culi kəkələdi:

– Bəli, cənab, mənəm. Lakin sizə nə lazımdır? Mən sizi tanımıram.

İtalyan qeydiyyatı verərək dedi:

– Bu məktubu oxuyun.

Culi tərəddüd içində idi.

Elçi dedi:

– Söhbət atanızın xilasından gedir.

Culi məktubu onun əlindən dartıb aldı. Onu tez açaraq oxudu:

“Dərhal Melyan xiyabanına gedib 15 №-li evə girin, qapıçıdan beşinci mərtəbədəki otağın açarını alın, bu otağa girin, buxarının üzərindəki, qırmızı ipək kisəni götürün və bu kisəni atanıza aparın.

Bunu, onun səhər saat on birədək alması vacibdir.

Mənə sorğu-sualsız itaət etməyə söz vermişdiniz; vədinizi sizə xatırladıram.

Sindbad – dəniz səyyahı”.

Gənc qız sevincindən qışqırdı, gözlərini qaldırdı, məktub gətirən adamı sorğu-sual etmək üçün axtarmağa başladı; lakin o yoxa çıxmışdı. Məktubu yenidən oxumağa başladı və bir qeyd gördü. Qeyddə yazılmışdı:

“Bu tapşırığı şəxsən və tək yerinə yetirməyiniz lazımdır, kiminləsə gəlsəniz, ya da yerinizə kimsə gəlsə, qapıçı sizin nə haqda danışdığınızı başa düşmədiyini söyləyəcək”.

Bu əlavə dərhal gənc qızın sevincini yatırtdı. Onu bəla ilə hədələmirlər ki? Burada bir hiylə yoxdur ki? O elə saf idi ki, bu yaşdakı qızı məhz hansı təhlükənin gözlədiyini belə bilmirdi; lakin ondan qorxmamaq üçün, təhlükəni bilmək lazım deyil; əksinə, məhz bilinməyən təhlükə daha çox qorxu təlqin edirdi.

Culi tərəddüd edirdi; o, məsləhət almağa qərar verdi.

Hansısa izah olunmamış bir səbəbə görə, kömək axtarmaq üçün nə anasının, nə qardaşının, ancaq Emmanuelin yanına getdi.

Aşağı enib Tomson və Frenç bank evinin müvəkkilinin onun atasının yanına gəldiyi gün nə olduğunu ona danışdı, pilləkəndə olan səhnəni, ona verdiyi vədi danışıb məktubu göstərdi.

Emmanuel dedi:

– Getməyə məcbursunuz.

Culi pıçıldadı:

– Ora getməyə?

– Bəli, mən sizi izləyərəm.

– Lakin, siz oxudunuz, mən tək olmalıyam!

Emmanuel cavab verdi:

– Tək olacaqsınız, mən sizi Muzeylər küçəsinin küncündə gözləyəcəyəm; həddindən artıq yubanarsınızsa, ardınızca gələrəm, bu zaman siz şikayət etdiyiniz adamın vay halına!

Qız tərəddüdlə dedi:

– Emmanuel, deməli siz mənim bu dəvətə əməl etməli olduğumu düşünürsünüz?

– Bəli. Axı elçi söhbətin sizin atanızın xilas olmasından getdiyini deyib?

Culi soruşdu:

– Nədən xilas olmasından? Onu hansı təhlükə gözləyir?

Emmanuel tərəddüd edirdi, lakin Culinin qətiyyətliyini möhkəmləndirmək arzusu üstün gəldi. O dedi:

– Bu gün sentyabrın beşidir.

– Bəli.

– Bu gün saat on birdə atanız üç yüz min franka yaxın pul ödəməlidir.

– Bəli, bunu bilirik.

Emmanuel dedi:

– Lakin xəzinədə heç on beş min də yoxdur.

– Bəs necə olacaq?

– Bu gün saat on birdə ona köməyə gələ bilən bir adam tapılmazsa, a günorta özünü müflis elan etməlidir.

Culi, narahat halda Emmanueli ardınca çəkərək qışqırdı:

– Gedək, tez olun, gedək!

Bu müddət ərzində xanım Morrel oğluna hər şeyi danışdı.

Maksimilian bilirdi ki, bir-birinin ardınca atasının başına gələn bədbəxtlik hesabına, ailəsinin həyat tərzində əhəmiyyətli dəyişiklik baş verib, lakin işlərin belə ümidsiz vəziyyətə gəlib çatdığından xəbərdar deyildi.

Qəfil zərbə, sanki onu yıxdı. Sonra qəfildən otaqdan atıldı, atasını kabinetdə tapmaq ümidi ilə, pilləkənlərlə yuxarı qaçdı və qapını döyməyə başladı.

Bu anda aşağıda qapı açıldı; o, geri dönüb atasını gördü. Cənab Morrel, kabinetinə çıxmaq əvəzinə, əvvəlcə öz otağına keçmiş və yalnız indi oradan çıxırdı.

Oğlunu gördükdə təəccübündən qışqırdı; onun gəlişindən xəbərsiz idi. Sol dirsəyi ilə uzun ətəkli pencəyinin altında nəyisə sıxaraq yerindəcə donub qaldı.

Maksimilian tələsik pilləkənlərlə enib atasının boynuna atıldı; lakin birdən sağ əli ilə atasının sinəsinə söykənərək geri çəkildi, ölü kimi ağarmış halda dedi:

– Ata nəyə görə pencəyinizin altında tapança tutmusunuz?

Morrel pıçıldadı:

– Mən, bax bundan qorxurdum…

Maksimilian ucadan dedi:

– Ata! Tanrıya and verirəm! Bu silah nə deməkdir?

Morrel oğluna diqqətlə baxaraq dedi:

– Maksimilian, sən kişisən və namus adamısan; gedək mənim yanıma, sənə hər şeyi izah edərəm.

Morrel qətiyyətli addımla öz kabinetinə qalxdı. Maksimilian səndələyə-səndələyə onun ardınca gedirdi.

Morrel qapını açıb oğlunu irəli buraxdı və qapını onun ardınca bağladı; sonra, dəhlizə keçib yazı masasına yaxınlaşdı, tapançaları masanın kənarına qoyub açıq qalmış siyahını oğluna göstərdi. Siyahı məsələnin dəqiq mənzərəsini əks etdirirdi. Yarım saatdan sonra Morrel iki yüz səksən yeddi min beş yüz frank ödəməli idi. Xəzinədə isə cəmi on beş min iki yüz əlli yeddi frank var idi.

Morrel dedi:

– Oxu!

Maksimilian oxuyub ildırım vurmuş kimi donub qaldı.

Atası bir söz də demədi, amansız rəqəmlərin hökmü qarşısında nə deyə bilərdi?

Nəhayət, Maksimilian soruşdu:

– Siz fəlakətin qarşısını almaq üçün hər şey etmisinizmi, ata?

Morrel cavab verdi:

– Hər şey.

– Siz heç bir daxil olma gözləmirsinizmi?

– Heç bir.

– Bütün vəsaitlər tükənibmi?

– Hamısı.

Maksimilian qəmgin halda pıçıldadı:

– Yarım saatdan sonra… bizim adımız ləkələnəcək!

Morrel dedi:

– Qan namusu təmizləyir.

– Haqlısınız, ata, sizi başa düşürəm.

O əlini tapançalara uzatdı.

– Biri sizin üçün, digəri mənim üçün. Təşəkkür edirəm.

Morrel onun əlini saxladı.

– Bəs ananız?… Bəs bacınız?… Onları kim dolandıracaq?

Maksimilian diksindi.

– Ata! Siz doğrudanmı mənim yaşamağımı istəyirsiniz?

Morrel cavab verdi:

– Bəli, istəyirəm, çünki bu sənin borcundur. Maksimilian, sən sərt və güclü xüsusiyyətə malik, başqalarından ağılca seçilən bir adamsan; mən sənə hökm etmir, sərbəstliyini məhdudlaşdırmıram. Yalnız vəziyyəti düşünməyini və tamamilə yad adam kimi mühakimə etməyini istəyirəm.

Maksimilian fikrə getdi; sonra, onun gözlərində xeyirxah, qətiyyət parıldadı, lakin bununla bərabər poqonlarını cəld və dərdli-dərdli çiyinlərindən çıxartdı, əlini Morrelə uzadaraq dedi:

– Yaxşı, ata, Tanrı amanında. Mən yaşayacağam.

Morrel onun ayaqlarına düşmək istədi, lakin Maksimilian onu qucaqladı və iki rəhmdar ürək birlikdə döyünməyə başladı. Morrel dedi:

– Sən bilirsən ki, mən günahkar deyiləm.

Maksimilian güldü.

– Ata, mən bilirəm ki, siz ən namuslu insansınız.

– Yaxşı, biz öz aramızda hər şeyi danışdıq; indi ananla bacının yanına get.

Gənc dizi üstə düşərək dedi:

– Ata, mənə xeyir-dua verin.

Morrel oğlunun başını əlləri arasına alıb onu öpdü və dedi:

– Öz adından və üç nəsil qüsursuz adamlar adından, sənə xeyir-dua verirəm; qulaq as, gör onlar mənim dilimdən sənə nə deyirlər: ilahi qüvvə bəla nəticəsində dağılmış binanı yenidən inşa edə bilər. Mənim necə öldüyümü görən ən qəddar adamların sənə yazığı gələcək; ola bilsin, mənə verməkdən imtina etdikləri möhləti sənə versinlər; onda elə et ki, o biabırçı söz deyilməsin, işə başla, işlə, mərdi-mərdanə və coşqunluqla mübarizə apar; bacardığınız qədər təmkinli yaşayın, borclu olduğum adamların var-dövləti günbəgün sənin əlində artsın və böyüsün. Unutma, mənim şərəfim bərpa edildikdə, sən bu kontorda: “Atam mənim bu gün etdiklərimi etmək iqtidarında deyildi deyə, lakin rahat öldü, çünki mənim bunu edəcəyimi bilirdi” – deyə biləcəyin vaxt ən gözəl təmtəraqlı möhtəşəm gün olacaq.

Maksimilian ucadan dedi:

– Ah, ata, ata, bizimlə qala bilsəydiniz!

– Mən qalsam, hər şey başqa cür olacaq; mən qalsam, dərdinə şərik olmaq inamsızlığa çevriləcək, mərhəmət – zülmə; mən qalsam, öz sözümü pozmuş adam olacağam, öz öhdəliklərimi, bir sözlə, sadəcə müflisləşmiş borclu olacağam. Maksimilian, bu haqda düşün, mən ölsəm bədənim bədbəxt, lakin namuslu adamın bədəni olacaq. Mən diriyəm, yaxşı dostlarım evimdən yan keçəcəklər; mən ölmüşəm, bütün Marsel göz yaşı ilə məni son mənzilədək yola salır. Mən sağam və adıma görə utanırsan; mən ölmüşəm və sən vüqarla başını qaldırıb deyirsən: “Mən həyatında bir dəfə öz sözünü pozmağa məcbur olduğu üçün özünü öldürən o adamın oğluyam”.

Maksimilian dərdli-dərdli inildədi, lakin görünür taleyinə boyun əymişdi. Bu dəfə ürəkdən olmasa da, ağılla atasının dəlilləri ilə razılaşırdı.

Morrel dedi:

– İndi isə, məni tək burax və çalış, ananla bacını buradan uzaqlaşdırasan.

Maksimilian soruşdu:

– Culini görmək istəmirsiniz?

Bu görüşdə onun üçün sonuncu qarışıq ümid gizlənirdi, lakin Morrel başını buladı.

– Onu səhər görüb vidalaşmışam.

Maksimilian tutqun səslə soruşdu:

– Ata, sizin başqa tapşırıqlarınız yoxdur?

– Var, oğlum, biri var, müqəddəsdir.

– Deyin, ata.

– Yeganə Tomson və Frenç bankir evi – insanpərəstlikdənmi, ola bilsin, xudbinlikdənmi, – insanların ürəyini oxuya bilmirəm, – mənə rəhm etdi. Onun on dəqiqədən sonra veksellər üzrə iki yüz səksən yeddi min beş yüz frankı almağa gələcək olan müvəkkili özü üç aylıq möhlət təklif etdi. Mənim oğlum, qoy bu firma ona düşəni birinci alsın, qoy o adam sənin üçün müqəddəs olsun.

Maksimilian dedi:

– Yaxşı, ata.

Morrel dedi:

– İndi isə bir daha bağışla. Gedin, gedin, mən tək qalmalıyam; vəsiyyətnaməmi yataq otağında masanın sürməsində görəcəksən.

Maksimilian tərpənmədən dayanmışdı; o, getmək istəyir, lakin bacarmırdı.

Atası dedi:

– Maksimilian, get, təsəvvür elə ki, mən də sənin kimi, əsgərəm, istehkamı tutmaq əmri almışam, sən də bilirsən ki, öldürüləcəyəm; indi dediyin kimi: “Ata, get, yoxsa bizi rüsvayçılıq gözləyir, rüsvayçılıqdansa, ölüm yaxşıdır!” – deməzdinmi?

Maksimilian dedi:

– Deyərdim.

O, titrək halda qocanı bağrına basıb pıçıldadı:

– Ata, gedin.

Sonra kabinetdən çıxıb qaçdı.

Morrel tək qaldıqdan sonra bir müddət oğlunun ardınca bağlanan qapıya baxaraq donub qaldı; sonra, əlini uzadıb zəngin ipini tapıb dartdı.

Kokles içəri daxil oldu. Bu üç gün ərzində tanınmaz hala düşmüşdü. Morrel firmasının ödənişi durduracağı fikri, onu iyirmi yaş qocaltmışdı.

Morrel dedi:

– Kokles, əzizim, sən dəhlizdə durarsan. Üç ay əvvəl burada olan o cənab bura gəldikdə, onu tanıyırsan, Tomson və Frenç firmasının müvəkkili, mənə məlumat verərsən.

Kokles, heç nə demədən başını bulayıb dəhlizə çıxdı və oturacağa əyləşdi.

Morrel, özünü kreslonun üzərinə saldı. Divar saatına baxdı: yeddi dəqiqə qalmışdı. Əqrəb inanılmaz sürətlə hərəkət edirdi; ona elə gəlirdi, əqrəbin hərəkətini görür.

Bu son dəqiqələrdə, ona düzgün gələn, lakin ola bilsin ki, yalan olan inama tabe olan zavallının qəlbində nələr baş verdiyini, ömrünün çiçəklənən dövründə sevdiyi nə varsa ayrılmağa hazırlaşdığını, ona ailə həyatının bütün xoşbəxtliyini verən həyatla vidalaşdığını sözlə ifadə etmək mümkün deyil. Bunu başa düşmək üçün, onun tər damcıları ilə örtülmüş, lakin taleyin hökmünə tabe olacağını göstərən alnını, göz yaşları ilə dolu, səmaya baxan gözlərini görmək lazım idi.

Saatın əqrəbi qaçırdı; tapançalar doldurulmuşdu; əlini uzadıb onlardan birini götürdü və qızının adını pıçıldadı.

Sonra ölüm saçan silahı yerə qoyub lələyi götürdü, bir neçə söz yazdı. Ona elə gəlirdi, sevgilisi ilə kifayət qədər nəzakətlə vidalaşmayıb.

Sonra yenidən saata döndü; artıq dəqiqələri yox, saniyələri sayırdı.

Silahı yenidən əlinə aldı, ağzını yarıyacan açdı və gözlərini saatın əqrəbinə zillədi; tətiyi qaldırdı və qapının sürgüsünün səsini eşidərək, qeyri-ixtiyari diksindi. Bu anda tər onun üzündən sel kimi axdı, ölüm kədəri qəlbini sıxdı: pilləkənin sonunda qapı cırıldadı.

Sonra kabinetin qapısı açıldı. Saatın əqrəbləri on birə yaxınlaşırdı.

Morrel arxaya dönmədi; indi Koklesin ona Tomson və Frenç firmasının müvəkkilinin gəldiyini xəbər verəcəyini gözləyirdi. Tapançanı ağzına yaxınlaşdırdı…

Arxasından güclü qışqırıq səsi gəldi; bu onun qızının səsi idi. Dönüb Culini gördü; tapança əlindən düşdü.

Yorğunluqdan və sevincdən zorla nəfəs alan Culi qışqırdı:

– Ata! Siz xilas oldunuz! Xilas oldunuz!

Sonra əlində qırmızı ipək kisəni qaldıraraq atasının qollarına atıldı.

1.Sahibkar.
2.Kimin ortağı varsa, o sahibkardır.
3.Posadas – ev
4.Silahlar susub, yerini ehrama verib.
5.Su – Fransada pul vahidi.
6.Biz lal-karlara oxuyuruq.
7.Çoban sürərkən… (Horatsi. Odalar, I, 15).
8.Acı fəlakətə aparırsan (Horatsi. Odalar, I, 15).
9.Müharibələr, dəhşətli müharibələr.
10.Tutduğunu buraxmayan.
11.Və səndə son nəfəsinədək qaçarsan… (Horatsi. Odalar, I).
12.Fransız uzunluq vahidi. Bir lye poçt yolu ilə 3898 metrə bərabərdir – korr.
13.Qərarlarında qəti və dürüst ər… (Horatsi. Odalar, III, 3).
14.Con Martin – ingilis rəssamı (1789–1854).
15.Bölünüb, ölçülüb-biçilib, birləşdirilib (Bibliya).
16.Yun, ipək, pambıqdan toxunmuş nazik parça.
17.Göyərtədəki yelkən ağaclarından biri.
18.Piastra – pul vahidi.
19.Təqribən onda bir dəniz mili – 169–200 metr arasında.
20.Kiçik, iti sürətli gəmilər.
21.Rona çayının qolu.
22.Minik arabası.
23.Ferrada – öküzlərin damğalanması ilə əlaqədar keçirilən provansal bayramı.
24.Tarask – əfsanəvi əjdaha.
25.Vəfasızlıqdır, sənin adın – qadın! (U.Şekspir. «Hamlet»).
26.Cocles (lat.) – taygöz: qədim Roma qəhrəmanı Kokles Horatsinin ləqəbi.
27.Yuxarı yelkən.
28.Üçbucaq yelkən.

Bepul matn qismi tugad.

54 743,41 s`om
109 486,82 s`om
−50%
Yosh cheklamasi:
16+
Litresda chiqarilgan sana:
17 noyabr 2022
Hajm:
1500 Sahifa 1 tasvir
ISBN:
9789952380040
Mualliflik huquqi egalari:
Qanun Nəşriyyat evi, Qanun Nəşriyyat evi
Yuklab olish formati:

O'xshash kitoblar