Kitobni o'qish: «Atəşkəs və sürgün xatirələri»

Shrift:

ATƏŞKƏS, SÜRGÜN VƏ İMPERATORLUĞUN SÜQUTUNA DAİR
Ertan Eğribel / Ufuk Özcan

Osmanlı dövlətinin uzunmüddətli araşdırılmasının başlanğıcı XIX yüzilin əvvəllərinə qədər gedib çıxa bilir. Ənənəvi Osmanlılıq siyasətindən imtina edilmiş və Qərbləşmə dövrünə qapı açılmışdır. İmperatorluğun bu yüz ildə qarşılaşdığı problemlərin əsl qaynağı siyasi olduğu kimi, onun həlli müddəti də təməldə siyasi özəllik daşıyırdı. Gerçək bir Qərb gücünün yedəyində vurnuxmaq və bir-birinin ardınca gələn xarici savaşlar bunun bir başqa görüntüsüdür. Qərb dövlətlərinin müdaxilələri nəticəsində daxili problemlər də böyümüşdür. Mora və Girit qiyamlarının ardından Yunanıstanın müstəqilliyini qazanması Osmanlının bütün bir əsr boyunca qarşılaşacağı və həll etməkdə böyük çətinliklər çəkəcəyi problemlərin ilk nümunəsidir. Üstəlik, dövlətin qeyri-müsəlman təbəqəsi millətçi meyllərə yuvarlanırdı. Yunan müstəqilliyi digər millətlər üçün də bir modelə çevrilmişdir. “Xoşniyyətli” çalışmalar nəticəsində qəbul edilən Tanzimat fərmanı1 da problemə çarə ola bilməyəcəkdi. Qərb dövlətlərinin Balkanlardakı təxribat yönlü müdaxilələrinin ardı-arası kəsilmir. Problemin kökündə isə aşırı Qərb meyllərinin yayılması dayanırdı. Problem Qərbçilik problemidir, amma Osmanlı bu çətin durumdan xilas olmaq bir yana, Qərb tarazlığı içində rol alıb da Qərbli güclər arasındakı ziddiyyətlərdən yararlanaraq varlığını qoruyub saxlamağa çalışır. Beləcə getdikcə böyüyən problemlərlə Osmanlı dövləti, Qərb üçün Şərq probleminin ən vacib məsələsi halına gəlir. Yunanıstan və Misirdə başlayıb bütün Balkanlara yayılan üsyan, qiyam və müharibələr XX əsrin əvvəllərinə qədər sürmüşdür. Ard-arda gələn Balkan müharibələri və I Dünya Savaşı, Osmanlının – Çanaqqala kimi hərbi əhəmiyyətli bir bölgəyə sahib olmasına baxmayaraq – Qərb gücləri qarşısında siyasi məhkumiyyətilə nəticələndi. İmperatorluq, bir əsrə qədər davam edən müharibələrdə bütün enerjisini bitirərək, nəhayət I Dünya Müharibəsinin sonunda, özüylə birlikdə iki imperatorluğun (Avstriya-Macarıstan və Çar Rusiyasının) da sonunu gətirdi. Yeni dövrdə Osmanlının çöküşü və yoxluğu dünya tarixinin yenidən formalaşması baxımından son dərəcə əhəmiyyətli nəticələr doğurmağa başladı. Ancaq proseslərin tamamilə Qərb dünyasının xeyrinə reallaşdığını düşünmək sadəlövhlük olardı. Osmanlının tarix səhnəsindən silinməsi müharibə edən heç bir tərəfə üstünlük qazandıra bilmədi. I Dünya Müharibəsinin qurtarması Qərbin içindəki ziddiyyətlərin sona çatmasını təmin edə bilmədiyi kimi, qısa müddət sonra yeni bir siyasi mənzərəni ortaya qoydu.

Beləliklə, Birinci Böyük Savaşdan müzəffər, amma dağınıq olaraq çıxan İngiltərə dünya hegemonluğunu davam etdirməkdə böyük çətinliklərlə qarşılaşacaq, gedərək yerini ABŞ-a buraxmaq məcburiyyətində qalacaqdır.

I Dünya Müharibəsinin Osmanlı Dövlətinin məğlubiyyətilə sona çatması yalnız Türkiyə üçün deyil, Qərb dünyası üçün də irəlidə yeni siyasi proseslərə yol açdı. Türkiyənin maraqları yönündən baxdığımızda, Mondros atəşkəsinin olduqca ağır şərtləri, İttihadçı (Birlikçi) dövlət idarələrinin təsirsiz hala gətirilməsi və İstanbulun işğalı, mərkəzin siyasi iradəsini sanki iflic olma nöqtəsinə gətirmişdir. Bu gedişat, İstanbuldan müstəqil yeni bir siyasi mərkəz yaratmaq kimi cəhdləri çətinləşdirmiş, çox keçmədən Anadoluda milli mübarizə hərəkatına təkan vermişdir. Həmin illərdə dünyanın bir çox yerində Qərb hegemonluğunu təhdid edəcək proseslər də alovlanırdı. Bolşeviklərin liderliyi və təhrikiylə Qafqaz, Orta Asiya, Çin, Hindistan və islam dünyasında ingilislərin əleyhinə milli hərəkatlar genişlənirdi. Bolşevik anti-imperialist təbliğatı və self-determinasyon qanunu2 İngiltərənin dünya hegemonluğunu təhdid edəcək və daraldacaq səviyyəyə çatdırmışdır. İngiltərə bir tərəfdən daxildəki müxalifətin ağır təzyiqlərinə müqavimət göstərməyə çalışırkən, digər tərəfdən müstəmləkələrinə nəzarət etməkdə müxtəlif çətinliklərlə qarşılaşırdı. Üstəlik, ABŞ prezidenti Vilsonun açıqladığı beynəlxalq self-determinasyon hüququnun təməl prinsipləri səbəbindən bir də burnunun dibində ortaya çıxan İrlandiya problemi ilə çarpışmaq məcburiyyətində qalmışdır.

Müharibədən sonrakı gedişatın İngiltərəni çətin vəziyyətdə buraxması qarşılığında, Türkiyəyə Qərb gücləri tərəfindən nəzarət edilməsi üzücü bir hal idi. Böyük müharibə, Qərb dövlətlərinin öz aralarındakı heç bir təməl məsələləri həll edə bilməmişdi. Bu səbəbdən İngiltərənin himayə və dəstəyilə reallaşan yunan işğalından sonra İstanbulun müttəfiq güclər tərəfindən yenidən işğalı gündəmə gətirilmişdi. Siyasi mərkəzlər, ordu və dövlət qurumları böyük ölçüdə təsirsiz hala gətirilsə də, Türkiyə Qərb gücləri üçün hələ də sonu məchul bir problem olaraq qalmaqda idi. Bu səbəbdən də müharibədən sonra Türkiyə Almaniya və digər müttəfiqlərindən fərqli olaraq daha ağır sanksiyalarla üzləşməli oldu və ardından gələn Malta sürgünü, bütün bu hadisələrin başlanğıcında yer alan və daha sonra izləniləcək diplomatiyanın istiqamətini müəyyənləşdirən əsas hadisələrdir. Qısa müddət sonra Anadoluda başlayacaq milli mücadiləni və Türkiyənin yeni siyasi ideoloji mübarizəsini bu şərtlər içində şərh etmək doğru olardı.

Atəşkəs və Malta sürgünü haqqında ilk deyilə biləcək söz, ingilislər tərəfindən, böyük hissəsi almanyönlü kadrlardan ibarət olan İttihadçıların təmizlənməsinin təmin edilməsi idi. İngilislər, əsas məqsədlərini bəzi bəhanələrin arxasında gizləyərək sözügedən şəxsləri iki ildən çox bir müddət ərzində nəzarət altında saxlamağa, bu müddətdə Türkiyədəki prosesləri öz idarələri altında tutmağa ümid edirdilər. Məqsədlərində qismən başarılı olduqları deyilə də bilər. İttihadçı kadrların zərərsizləşdirilməsinə qarşılıq olaraq Müttəfiq ingilispərəst kadrlar sərbəst fəaliyyət göstərirdilər. Sözgəlişi, Maltada İttihadçılar dustaq həyatlarının günlərini sayarkən, illərcə xaricdə sürgündə olan Səbahəddin bəy kimi ingilispərəstlər yurda dönərək sərbəst fəaliyyət göstərməyə başlamışdılar. Başqa sözlə, ingilis dünya hegemonluğuna qarşı dirəniş göstərənlər təzyiq və ya nəzarət altında tutularkən, Osmanlının siyasi varlığına son verə biləcək uyğun bir ortam hazırlanırdı. Sonrakı bütün proseslər – Anadolu milli hərəkatı da daxil olmaqla – imperatorluğun addım-addım çöküşünə yönəlmiş tarixi hadisələr idi.

Ağaoğlunun Atəşkəs dövrü ilə sürgün həyatına dair müşahidələri və şahidliyi bu qaranlıq dövrə işıq tutacaq gücdədir. Sürgün dövründə tutduğu gündəlik bir neçə baxımdan əhəmiyyətlidir: Əvvəlcə atəşkəs illərində hökumətə sorumlu və qərbpərəst kadrların Müttəfiq dövlətlərilə qurduqları əlaqələr, məsuliyyətsiz və təslimçi mövqeləri, İstanbulun boğucu mühiti, Bəyaziddə reallaşdırılan edamlar, xalqın yaşadığı ağır şərtlər və düşdüyü ümidsizlik, bəzi zümrələrin bu mənfi şərtləri öz mənfəətlərinə çevirmə cəhdləri, qeyri-müsəlmanların yaratdıqları problemlər, İttihadçı ovu, Bəkirağa bölüyündə dustaqlıqda keçən aylar; qısacası, Ağaoğlunun həmin dövrün İstanbulunda şəxsən şahid olduğu hadisələr gözümüzün qarşısında canlanmaqdadır. (Ağaoğlu başda padşah olmaq üzrə Damad Fərid, Əli Kamal kimi hökumətin üst qatındakı məsul şəxsləri açıqca “xəyanət” və “alçaqlıq”da ittiham edirdi.) İkincisi, xatirələr Limni və Malta sürgününün fərqli tərəflərini işıqlandıracaq mahiyyətdədir. Sürgün şərtləri, dustaqların mənəvi durumları, yaşadıqları fikir böhranı və düşüncə dəyişiklikləri haqqında çox əhəmiyyətli müşahidələr diqqətçəkicidir. Maraqlı olan, bu sürgündən sonra heç bir İttihadçının köhnə öhdəliklərini xatırlamaq belə istəməməsidir. Müqavimətləri qırılmışdır. Sürgündən sonra yurda dönərək imperiyaya qarşı yeni siyasi təşkilatlarda iştirak edəcək olanları isə tam fərqli bir mühit və yeni şərtlər gözləyirdi. Üçüncüsü, xatirələr və işğal dövrü ilə günümüzdəki Türkiyənin şərtləri arasında bəzi istiqamətlərdə paralellər, oxşar tərəflər qurmamız üçün əhəmiyyətli məlumatlar ehtiva etməkdədir. Dördüncüsü və ən önəmlisi, Ağaoğlu, Qərbin ikiüzlülüyü və Qərb probleminin Türkiyə üçün necə fəlakətli nəticələr doğura biləcəyi mövzusunda kritik ipucları verə bilirdi. Bu baxımdan gündəlik yaddaşlarımızı nəinki təzələyir, həm də bizə tarixi doğru-dürüst mənimsəməyə yardımçı olur.

Əhməd Ağaoğlunun sürgün illəri və yaşantıları ilə Türkiyənin ö dövrdəki durumu arasında bir əlaqə vardır. Ağaoğlu, Mondros Atəşkəs dövrünü izləyərkən, ingilislərin təzyiqilə bir çox tanınmış İttihadçıyla birlikdə həbs olundu və Bəkirağa bölüyündə təxminən dörd ay saxlanıldı. Bu dövrdə İttihad və Tərəqqi hökumətinin öndə gələn rəhbərləri – Ənvər, Tələt və Camal Paşalar – xaricə qaçmışdılar. Geridə qalanlar isə açıq şəkildə hədəfdə idilər. Bəkirağa bölüyündəki sorğulamalar bitincə siyasi məhbus olaraq əvvəl Limni adasındakı Mondrosa, sonra da Maltaya aparıldı. 28 may 1919-cu il gecəsi Princess Ena adlı ingilis gəmisi 78 kişilik sürgün karvanıyla hərəkətə gəldi. Bunların 67-si Bəkirağa bölüyündən alınan və rəsmi protokollarda adları keçən şəxslər idi. Digər 11 adamın Türkiyə tərəfinə bildirilmədən həbs olunması ingilislərin təlaşına və hüquqsuzluğuna dəlalət edirdi. Həbs olunanlar arasında Əhməd Ağaoğludan başqa Ziya Gökalp, Süleyman Nazif, Hüseyn Cahid (Yalçın), Ebüzziyazadə Vəlid, Əhməd Emin (Yalman) kimi yazar və qəzetçilər; Fəthi (Okyar), yarbay (podpolkovnik) Əli (Çətinqaya), Əbdülxaliq (Renda), Əli İhsan (Sabis) Paşa kimi yüksək rütbəli ordu mənsubları; Sədrəzəmlik (baş vəzir) vəzifəsini icra etmiş Sait Həlim Paşa, Abbas Həlim Paşa və Şeyxülislam Xeyri Əfəndi kimi yüksək məmurlar və tanınmış partiya üzvləri vardır. Bu 78 nəfərlik karvan Admiral Calthorpe tərəfindən birinci dərəcəli məhbuslar olaraq qəbul edilmiş və Limni adasındakı əsir düşərgəsində dörd ay saxlandıqdan sonra Maltaya göndərilmişdir. Sürgün məkanının Limni/Mondrosdan Maltaya köçürülməsini, məhbusları mənəvi olaraq çökdürməyə yönəlik psixoloji bir təzyiq üsulu kimi də dəyərləndirmək olar. Sürgün yeri olaraq Mondrosun seçilməsi də simvolik bir məna daşıyır: İngilislərin Mondrosda imzalanan şərtlərin saxlanılmasında israrlılığı və Türkiyənin mövqelərinə qarşı bir göz dağı.

Həbs olunanların çoxu İttihad və Tərəqqi hökuməti içində yer alan və ya İttihadçıların savaş dövründəki məsuliyyətlərini paylaşan, liderlik xüsusiyyəti daşıyan və Müttəfiq dövlətlərə3 qarşı müqavimət hərəkatı təşkilatlandıra biləcək olan şəxslərdir. Bu səbəbdən də onların saf-çürük edilmələri düşünülürdü. Bununla belə zaman-zaman başqa həbslərlə də sürgün sayı artacaqdı.

Sürgünün səbəbləri Müttəfiq güclərinin sözçüləri və İstanbul hökuməti tərəfindən fərqli şəkildə şərh olunurdu. Müxtəlif cinayət ittihamları vardır, amma heç bir konkret dəlil ortaya qoyulmuş deyildi. Ağaoğlu siyasi məhbus olaraq sürgündə olmalarını qızğın cümlələrlə ittiham edirdi: “Bizi ingilislər hansı üzlə bura gətirdilər? Hökumətmi təslim etdi, yoxsa özlərimi belə istədilər? Nə olursa-olsun, başımıza gələn bu macəra tarixdə bənzəri görülməmiş bir hadisədir ki, Osmanlılıq və xilafət üçün əbədi bir ləkə və günah olaraq qalacaqdır. Tarixdə görülməmişdir ki, bir dövlət şeyxülislamlıq məqamını tutmuş bir ruhanisini, sədrəzəmini, nazir, millət vəkili, yazar və paşalarını üç-dörd ay mühakiməsiz həbs etdikdən sonra düşmənin əlinə təslim etmiş olsun! Bu rüsvayçılığı yalnız VI Sultan Mehmed kimi səfil birisi edər!”. İttihadçıların necə həbs olunması və Ağaoğlunun bu haqlı ittihamları, sürgünün sıradan bir hadisə olmadığını göstərirdi. Xatirələr atəşkəs sırasında və sonrasında gözləniləcək yeni hadisələrin ən dəqiq xəbərçisi özəlliyini daşıyırdı.

Həbs olunub Maltaya sürgünə aparılanlar İttihadçı siyasi şəxslərdir. Amma hamısının eyni siyasi baxışda (yanaşmada) olduğu deyilə bilməz. Aralarında, böyük savaş illərində Ziya Gökalp, Əhməd Ağaoğlu kimi pantürkizm siyasətinə bağlı olaraq fəaliyyət göstərənlər olduğu kimi, Sait Həlim Paşa, Ubeydullah Əfəndi kimi panislamistlər də vardır. Pantürkist hərəkatın ən önəmli tərəfi, Rusiyaya qarşı müdafiə strategiyası yönündə fəaliyyət göstərməsi idi. Panislamizm isə əsasən İngiltərənin suverenlik iddialarını hədəfləyir; xüsusilə Hindistan və müsəlman ərəb dünyasının Almaniyanın suverenlik mənfəətləri istiqamətində ingilislərə qarşı təşkilatlanmasını müdafiə edirdi. Lakin Osmanlı dövlətinin və müttəfiqlərinin müharibədən məğlubiyyətlə çıxması ilə hər iki siyasi xətt qüvvədən düşəcək və sönməyə üz tutacaqdı. Malta sürgünü bu baxımdan olduqca kritik bir dönüş nöqtəsidir.

Ağaoğlunun sürgün dövründə tutmağa başladığı gündəlik, 1918-ci ildə Azərbaycandan ayrılmasından başlayaraq, Batumi üzərindən İstanbula gəlişi, Atəşkəs şərtləri, ağır qızdırma xəstəliyi, tam bu ərəfədə başlayan həbslər, Bəkirağa bölüyündə sorğulanmalarla keçən aylar, səlahiyyətli şəxslərin qarışıq ittihamları, İstanbulda Müttəfiq güclərinə mənsub əsgərlərin davranışları, yerli əhalinin çarəsizliyi, mərkəzi idarəçiliyin düşüncəsizliyi və xalqa yönəlik soyuqqanlı çağırışları, İstanbul mətbuatında əks olunan bəyanatlar, rahib Frew kimi ingilis sözçülərinin fəaliyyətləri, bir ingilis gəmisinə mindirilərək Egey dənizinə çıxmaları, ayrılıq sırasında ailələrin yaşadığı sarsıntı və s. hadisələri ardıcıllıqla şərh edir. Ağaoğlu, bəzi dustaqların dəniz səfəri zamanı gəmilərin batırılacağı və ya ingilislər tərəfindən güllələnəcəkləri qorxusunu yaşadıqlarını söyləyir. Daha sonra Limnidə keçən aylar, məhkumluq şərtləri, dustaqlar arasındakı fikir ayrılıqları və gündəlik həyat tempi ilə bağlı təfsilatlı müşahidələrə yer vermişdir.

Gündəliyin tutulma forması və üslubu da maraqlıdır. Ağaoğlu yaşadığı çətinliklər, ailə həsrətilə yuxusuz keçən gecələr və zehni çarpışmalarından və s. bəhs etməklə təkcə şəxsi həyatındakı yaşantılarını anlatmaqla kifayətlənməyib. Ayrıca sürgün şərtlərinə, ingilis əsgərlərlə türk məhkumlar arasındakı münasibətlərə dair detallı məlumatlar verir: əlinə keçən qəzetlərdən İngiltərənin Şərq siyasətini, Avropadakı və Osmanlı İmperatorluğundakı prosesləri, imzalanacaq barışın şərtlərini böyük bir həyəcanla izləyərək şərh etməyə çalışır. Digər sürgünlərin gündəlik həyatları haqqında verdiyi məlumatlar da əhəmiyyətlidir. Ziya Gökalpın qatıldığı sosioloji və fəlsəfə yığıncaqlarında, dustaqların dəyişən və passiv ruh hallarında, öz aralarındakı müzakirələrdə bir düşüncə dəyişimi keçirməkdə olduqlarının işarələri öz əksini tapır. Gündəlik, Osmanlı İmperatorluğunun çöküş illəri haqqında – məhdud belə olsa – bəzi dəyərləndirmələr etməmizə də imkan verir. Ağaoğlunun, ingilislərə və yerli işbirlikçilərinə yönəlik hirsli və dirənişçi bir davranış sərgilədiyi açıq şəkildə görünür. O, məhkumlar arasında ingilis səlahiyyətlilərə qarşı olduqca cəsur mövqedə olması ilə fərqlənir. Çox ehtimal, ingilislərin antipatiya duyduqları məhkumların başında dururdu. Bəlkə də bu səbəblə adadan ən son çıxarılanlar arasında idi.

Məruz qaldıqları sürgünün hüquqi tərəfi və ədalətə nə dərəcədə uyğun olması, həm də zamanında Sorbonnalı bir hüquqçu olan Ağaoğlunun düşüncəsini ən çox məşğul edən məsələlərdən biri olub. Gündəliyində tez-tez dustaqlara “müharibə əsiri” damğası vurulduğundan, gerçək bir ittihamın olmadığından, səlahiyyətli tərəflərin onlara yönəlik uzun müddət hər hansı konkret bir ittihamlar irəli sürməməsindən, mühakiməsiz-hökmsüz aylarla dustaq saxlanmalarından, düşərgə şərtlərinin ağırlığından şikayətlənir; sürgünün səbəbləri və bu səbəblərin qarışıq və dayanıqsızlığı haqqında da açıqlamalarında: “məni bura gətirən və vəhşi bir heyvan kimi bu dəmir qəfəs içinə soxaraq qabağıma gündə bir parça ətlə çörək atanlar bütün müraciətlərimə baxmayaraq bircə dəfə də olsun günah və xətalarımın nə olduğunu söyləmək istəmədilər”, – deyə yazmışdır.

Əhməd Ağaoğlunun gündəliyində sürgün şərtləri və gündəlik yaşam tempi haqqında da maraqlı məlumatlar var. Xüsusilə Limnidəki əsir düşərgəsində məhkumların məlumatlandırılmalarının və müalicələrinin əngəlləndiyi, gerçək bir izolyasiya mühitinin olduğu, sığınma və qida problemlərinin həllində məhkumlara hər cür çətinliklərin yaşandığı aydın dildə ifadə olunub. Limnidə qaldıqları dövrdə məhkumların ailələrilə sərbəstcə məktublaşmaları yasaqlanmışdır. Məhdud sayda çatan məktublar belə senzuraya tabe olurdu. “Çox qısa və yalnız ailədəki durumdan bəhs edən məktublar qəbul edilirdi”. Məmləkətin daxilindəkı vəziyyətdən bəhs edən məktublar çıxdaş olunurdu. Ağaoğlu, İstanbuldan gələn bir neçə qəzetin senzura üzündən ciddi xəbər mənbəyi olmadığını xüsusi vurğulayırdı. Bu baxımdan Ziya Gökalpın olduqca böyük bir məcmu tutan “Limni və Malta məktubları”nın da oxunması vacibdir.

Ayrıca, Ağaoğlu siyasi təcrid şərtləri ilə yanaşı sığınacaq və yeməklərin pisliyindən də şikayət edirdi. Qaldıqları sığınacaq üçün bir az da kinayəli bir üslubla “çəllək”, “ağıl” kimi ifadələr işlədirdi. Bunlar, dəmir məftillərlə çevrələnmış bir ərazinin ortasında, dəmir qəfəsli və kilidli komalardır. İstidən və səs-küydən yatmaq mümkün deyil. Gündəlikdən, dustaqların pozulmuş ruhi vəziyyət yaşadıqları, təslimçi düşüncələrə qapıldıqları, başqa səbəblər axtarmaqla siyasi keçmişlərini bir daha nəzərdən keçirdikləri bəlli olur. Təcrid olunmuş bir durumda bu, daxili çəkişmənin və keçmişdən xilas olma yollarının qaynağıdır. Bütün bu yetərsizliklərə qarşılıq günün müəyyən saatlarında və əsgəri nəzarətdə çölə çıxmalarına, açıq havada gəzmələrinə icazə verilir. Bəziləri sistemli təzyiq altında tutulduqlarından kimsəsiz yollarda öldürüləcəklərindən qorxduqları üçün belə imkanlardan imtina edir və dəmir barmaqlıqlar arasında qalmağa daha çox üstünlük verir. Belələri təcrid olunmuş yerdə bəlli bir şəkildə yönləndirilir, ingilis qəzetlərini və məhdud da olsa (ciddi senzuradan keçirilmiş və günü keçmiş) bəzi İstanbul qəzetlərini oxuya bilməklə, dərs və toplantıları izləməklə, öz aralarında fikir mübahisələri yürütməklə, bric, dama və şahmat oynayıb şəkil çəkməklə vaxt keçirirlər. Sürgünün, məhkumlara bir növ akademik mühit təqdim etdiyi və siyasi fikirlərini yenidən nəzərdən keçirmələrinə vəsilə olduğu deyilə də bilər. Bu baxımdan Malta sürgünü yeni Türkiyənin siyasi və düşüncə təməllərinin quruluşu baxımından əhəmiyyətli dönüş nöqtələrindən biridir.

Malta sürgününü yeni şərtlərlə əlaqəli açıq, müstəqil bir müzakirə obyekti olaraq dəyərləndirmək mümkün deyil. Burası aydındır ki, həbsdəkilər sürgündə olduqca çətin şərtlər altında yaşayıblar. Ağaoğlu, qarşılaşdıqları pis davranış və münasibət haqqında bu cümlələri yazır: “Bu kimi rəftarlar bəlkə Afrika vəhşiləri üzərində öz təsirini göstərə bilərdi! Amma bizi də mütəəssir etmək istəyi uşaqca bir xəyaldır. Çox təəssüf ki, bu qeyri-insani münasibətlərə qarşı etiraz olunmasını nə qədər təklif etdimsə də bir fayda vermədi. Nə qədər çalışdımsa, sözüm keçmədi. Biz türklər nə qədər səbirli və dözümlüyük! Doğrusu, bu qədəri mənim xoşuma gəlmir və bu hal hissizliyə meylliliyin göstəricisidir”. Ağaoğlunun, özü və digər üzdə olan İttihadçıların sürgün həyatı haqqındakı müşahidələri həqiqi bir təsviri ortaya qoyur. Gündəliyi, Malta məhkumlarının ruhi vəziyyətlərinin dəyişməsini əks etdirən bir barometr də hesab etmək olar. Bir çox məhbus yoldaşının yaşadıqları mənəvi aşınmalar sətiraltı ifadələrdə öz əksini tapıb. Bu ifadələrdən, bəzi İttihadçıların ingilislərə qarşı təslimçi bir hal içinə girdikləri aydın görünməkdədir. Sözgəlişi, Almanlarla barış razılaşması imzalandığı xəbərini alan bəzi məhkumlar sərbəst buraxılacaqları fikrinə qapılmışdılar. “Digərləri isə əksinə, çox bədbindirlər və ingilislərin bizi öldürəcəkləri fikirindədilər. Mən isə bunun ikisinin arasındayam. İngilislər nə bizi məhv edərlər, nə də sərbəst buraxarlar. Bizi ətalətə məhkum edəcəklər, aşağı-yuxarı uzun müddət süründürəcəklər. Bəlkə də beynəlxalq məhkəməyə təhvil verərlər”. Buna qarşılıq, Ağaoğlu, üsləşdikləri haqsızlıqlara qarşı tək başına qərarlı bir hüquqi mübarizə apardığını söyləyir. Barış görüşmələrində qərarsızlıq səbəbindən ingilis yüksək dairələrinə, Müttəfiq dövlətləriylə əməkdaşlıq edən və acizanə mövqe sərgiləyən Osmanlı padşahına və “müttəfiqçi” hökumət dairələrinə qarşı olduqca sərt tənqidlər irəli sürürdü. Onları mövqesizlik, xəyanət və ikiüzlülüklə ittiham edirdi. Osmanlı idarəçilərinin içinə düşdükləri “qəflət yuxusu” haqqında belə yazırdı: “Padşah və ətrafındakı axmaqlar düşündülər ki, məmləkəti avropalılara təslim etmək və alçalmaqla qurtara bilərlər. Halbuki onlar təhqir və miskinliyə dözdükcə, qarşı tərəf həyasızlığını, təcavüzünü daha da artırdı. Hökmdar və hökumətin tanınmış rəhbərlərini, məmləkətin seçilmiş adamlarını təslim etməklə namuslarından belə imtina etmiş olduqları halda qarşı tərəfdən zərrəcə belə mərhəmət və şəfqət qopara bilmədilər”. Digər siyasi məhkumların bu cür həssas mövzularda susqunluğu və tərəddüdlü davranışları müqabilində, Ağaoğlunun bu çıxışlarının cəsur bir mövqe olduğu qeyd edilməlidir. Ancaq yenə də şəxsi xarakterinə uyğun olaraq aşırı ifadələrə yer verdiyini də söyləmək lazımdır. Malta fərarilərindən Əli İhsan Sabisin xatirələrinə müraciət etmək bəlkə daha həqiqi bir mənzərə yarada bilər.

Şübhəsiz, sürgünün ən maraqlı tərəflərindən biri Ziya Gökalpın intellektual söhbət və müzakirələridir. Verdiyi dərs və toplantıların böyük hissəsi “Fəlsəfə dərsləri” adı altında əlyazma şəklində on iki dəftərdə toplanmışdır. Sözgəlişi, Ağaoğlu, bəzi yoldaşlarına rusca öyrədərkən özü də ingiliscəsini inkişaf etdirir və ingilis ədəbiyyatının seçmə əsərlərini oxumağa başlayır. Gündəliyində ifadə etdiyinə görə, Ziya Gökalp bir tərəfdən sosiologiyanın riyazi bir elm olduğu istiqamətində həddindən artıq pozitivist mühakimələr yürüdərkən, digər tərəfdən də “vəcd”, dəyərlər, mənəviyyat, kollektiv ruh/şüur kimi metafizik mövzulardan bəhs edir, sosioloqun kütlələr qarşısında oynayacağı təsiredici rolunu peyğəmbərlərin cığır açdığı yola bənzədirdi. Ağaoğlunun etdiyi bu bənzətmə, sürgündəki sosioloqumuzun fikirlərinin nə qədər “azad”, amma bir xeyli də qarışıq olduğunu göstərirdi.

Gündəlikdə diqqət çəkən bir başqa mövzu, Qərb siyasətinin ikiüzlülüyünə yönəldilib. Ağaoğlu ömrü boyunca heyranlıq bəslədiyi Qərb sivilizasiyasının başqa bir üzünü görmüşdür və duyduğu xəyal qırıqlığını gizlətmir. Qərb sivilizasiya dəyərlərinin böyük savaş dönəmində çürüdüyünü düşünür. Məsələn, “Times” qəzetində oxuduğu bir məqalədən “Düşmən tərəfini təhqir etmək və əzmək bəşəri bir vəzifəmizdir. Onların, həm mənsub olduqları ortam içində və həm də bütün bəşəriyyət qarşısında hər cür şərəf və nüfuzu qırılmalıdır” mesajını oxuduqdan sonra münasibətini bu sözlərlə ortaya qoyur: “Fəqət bu təhdidləri ingilislər tək türklər üzərində tətbiq edə bildilər. Nə Bolqarıstan, nə Avstriya-Macarıstan, nə də Alman mənsublarından heç biri bizim durumumuza məruz qalmadı!” Ağaoğlunun, ABŞ prezidenti Vilsonun ortaya atdığı və milliyyətlərə görə yeni siyasi sərhədlər təyin edən self-determinasyon siyasətinə yönəlik kəskin tənqidləri də son dərəcə düşündürücü və əhəmiyyətlidir. “Vilson iflas etdi. O qədər ki, hətta özü belə nə etdiyini bilmir. Meydana bütün millətlərin öz müqəddəratına malik olduqları fikrini atdığı halda özü şəxsən hər kəsdən əvvəl ingilislərin Misir üzərində müstəmləkəliyini təsdiq etdi. Lakin Misirin yanında olan bədəvi Hicaz ərəbləri və əhalinin üçdə birini təşkil etməyən yəhudiləri müstəqil bir hökumət halına gətirdi. Türklər hesabına bir Ermənistan qurmaq istədiyi halda İngiltərənin yanında İrlandiya, Hindistan və sairə unudulur”. Keçdiyimiz yüz ilin şərtlərini təyin edən və toplumlar arasındakı bərabərsizliyi ehtiva edən siyasi prinsiplər haqqındakı qərarlar, bu gün daha çox yaxın dövr tarixçisinin fərqində olmadığı bir gerçəyi ifşa edir.

Əsl xəstəliyin Avropanın özündə olduğu qənaətinə gəldiyini, İngiltərənin öz dəyərlərinə xəyanət etdiyini yazan Ağaoğlu, bir tərəfdən də sürgündə olduğu illərdə ingilis mətbuatını, xüsusilə “Times” qəzetini yaxından izləməkdə idi. Maraq dairəsi və oxuduqları tam olaraq Osmanlı dövlətinin yaxın gələcəyi ilə məhdudlaşmır, dünyada gedən prosesləri də analiz edərək, əvvəlki fikirlərini bir daha nəzərdən keçirirdi. Malta sürgününü izləyən dövrdə Ağaoğlunun Qərb sivilizasiya dəyərləri mövzusundakı görüşlərinin diqqətçəkici bir dəyişimə məruz qaldığını iddia etmək səhv olmaz. Hətta bu illərdə ingilis mədəniyyətinə simpatiyasının düşüncəsinin dərinliklərində özünə yer etdiyini də söyləmək olar. Qərb sivilizasiyasının üstünlüyünə, Şərq (islam və Budda-brahman) sivilizasiyalarının çöküşünün isə labüdlüyünə dair fikirləri öz təsdiqini tapırdı. Necə ki, bu dəyişmənin izlərini “Üç mədəniyyət” başlıqlı məqaləsində və Maltada qələmə almağa başladığı “Üç mədəniyyət” adlı əsərində görmək mümkündür.

Ağaoğlunun Limnidə tutmağa başladığı gündəliyə Maltaya gətirilmədən öncə fasilə verməsi, çox təəssüf ki, Malta şərtləri haqqındakı müşahidələrindən məhrum qalmamıza səbəb olur. Amma Gökalpın Malta təsviri müəyyən bir təsəvvür yaradacaq özəllikdədir. O, Polverista qışlasından yazdığı məktublarından birində ailəsinə belə yazır: “Olduğumuz yer, Maltadakı əsir qərargahlarının ən yaxşısıdır. Bura zabit və kiçik zabitlərə ailələriylə yerləşmək üçün inşa edilmişdir. Bina üç mərtəbəlidir. Hər mərtəbədə on mənzil vardır. Demək ki otuz ailə burada sığına bilər. Hər mənzildə iki-üç otaq ilə bir duş kabinəsi vardır. Əl yumaq, duş qəbul etmək üçün mənzildən çıxmağa ehtiyac yoxdur. Daimi suyu var. Hər tərəf elektriklə təchiz edilib. Demək olar ki, Avropadakı böyük otellərdən birinin içindəyik”. Yenə də, bütün sürgündəkilərin eyni şəraitdə yaşadıqlarını düşünməmək lazımdır. Məhbus əsgərlər üçün təşkil edilmiş düşərgələrdə şərait daha pisdir.

Sürgündə pis rəftarla üzləşən qeyri-müsəlmanlara qarşı müharibə zamanı günah işlədikləri ilə bağlı iddialar irəli sürülürdü. Haqlarında hər hansı bir konkret və əsaslı dəlil tapılmayan Maltaya sürgün olunmuşlar iki ili aşan həbs müddəti sonunda, Ankara hökumətinin təzyiqi nəticəsində sərbəst buraxıldılar. Aralarında köhnə ordu komandiri Əli İhsan Paşanın da olduğu 16 nəfərlik bir qrup isə 1921-ci ildə sürgündən qaçmağı bacarmış və qaçanların bir hissəsi Milli mübarizəyə qatılmışdılar. Başlanğıc və bitmə tarixləri göz önünə gətirildiyi zaman, Malta sürgünü ilə Anadoludakı Milli mübarizənin az qala üst-üstə düşdüyü görülür. 1919-1922-ci illər, Türkiyədəki hadisələrin ən kritik mərhələsini meydana gətirir. Bir tərəfdən Milli mübarizə sürərkən seçmə siyasət adamlarının ingilislərin həbsinə məruz qalaraq zərərsizləşdirilməsinin bir anlamı olmalıdır. Məsələnin bu istiqamətinin də işıqlandırılmasına gərək var. Azad edildikdən sonra Maltaya sürgün olunmuşları yeni bir mühit və şərait gözləyirdi. İmperatorluq tamamilə sona çatmışdır və Ankara mərkəzli yeni bir rejim qurulmaqdadır. Məhbusların bir hissəsi siyasi mübarizədən kənara çəkilərkən, digərləri böyük bir enerji və şövqlə yeni Türkiyənin yaradılması işinə qoşulacaqdılar.

Son olaraq, Ağaoğlunun gündəliyinin nəşr olunma tarixçəsi haqqında məlumat verək. “Atəşkəs və Malta xatirələri” ilk dəfə, Ağaoğlunun qurucusu və redaktoru olduğu “Akın” qəzetində, “Gündəlik xatirə dəftərimdən” başlığıyla, 29 may-19 avqust 1933-cü il tarixləri arasında hissələrlə nəşr edilib. Xatirələrin qələmə alındığı tarixin başlanğıcının 21 İkinci Qanun4 (yanvar) 1918-də olduğu görülür. Ancaq qeydlər 3 iyul 1919 tarixində ixtisarlara məruz qalıb. Bu tarixdən etibarən Maltadan azad edilmənin reallaşdığı 1921-ci ilin mayına qədər keçən dövrə aid yazarın başqa qeydlərini əldə edə bilmədik. Dolayısıyla Ağaoğlunun ilk dəfə “Akın”da yayınlanan gündəliyini, “Atəşkəs və Malta xatirələri” başlığını daşımaqla birlikdə, yarımçıq bir mətn olaraq görmək lazımdır. Çünki gündəlik tam olaraq, yazar hələ Limnidə məhbus ikən qələmə alınmışdır. Xatirələrin yarımçıq olması, əlbəttə, onun dəyərini azaltmır; Malta sürgün ədəbiyyatı içində şərhləri, hadisələrə baxışı və yüksək həssaslığı etibarilə önə çıxan qiymətli bir əsər olaraq dəyərləndirilə bilər. Kitabın “Sürgün dönüşü” başlığını daşıyan son bölümü xatirələrə bir bütünlük qazandırmaq üçün əlavə olunmuşdur. Bu hissə daha əvvəl Ağaoğlunun qızı Tezer Taşqıran tərəfindən “Nə idik, nə olduq?” başlığıyla “Həyat məcmuəsi”ndə (Cild: 1, sayı: 6-10, fevral-mart 1978) nəşr olunmuşdur.

AĞAOĞLU ƏHMƏDİN “ ATƏŞKƏS VƏ SÜRGÜN XATİRƏLƏRİ”
Haqqı Uyar

Osmanlı dövlətinin son 40 ili (1878-1918) dövləti xilas etmə və ölkə ziyalılarının qurtuluş yolu axtarışları ilə keçdi. Bu axtarışlar eklektik çözüm yollarının da ortaya çıxmasına gətirib çıxardı. İkinci hökumətin elanını təmin edən İttihad və Tərəqqi Cəmiyyəti də, homogen (eyni mənşəli) ideoloji xəttə sahib deyildi. İttihadçılar, “Hürriyyətin elanı” (1908) ilə problemi asanlıqla həll edə biləcəkləri, ittihadçıların çoxluğunu təmin edərək imperatorluğu qurtara biləcəkləri fikrində idilər. Ancaq ard-arda gələn müharibələr zənciri (Trablusgarp savaşı, Balkan savaşları və Birinci Dünya Müharibəsi) və etnik problemlərin gərginləşməsi çözümün deyil, çözüm cəhdlərinin sonuna gəlindiyini açıqca göstərdi.

Mondros atəşkəsini (30 oktyabr 1918) izləyən dövrdə, Müttəfiq dövlətləri (Antanta) problemin həllini Osmanlı dövlətinin qalan torpaqlarını paylaşmaqda görürdü. Bunun infrastrukturu, Birinci Dünya Müharibəsi sırasında edilən gizli razılaşmalarla hazırlanmışdı. Beləcə, Şərq məsələsi Müttəfiq dövlətlərin xeyrinə həll edilmiş olacaqdı. Atəşkəs, ordunun tərxis edilməsi və silahların müsadirə edilməsi, Şərqi Anadolunun Ermənistana verilməsi və Müttəfiq dövlətlərinə təhlükə olduqda hər hansı bir strateji nöqtəni işğal edə bilmələrinə imkan verəcək bir zəmində təşkil edilmişdi. İttihadçılar hakimiyyətdən düşmüş və müxaliflər iqtidara gəlmişdi. Ancaq Müttəfiq dövlətlər İttihadçıları və ordunun üst qatındakı zabit heyətini hələ də böyük bir təhdid olaraq görürdülər. Çünki Atəşkəsdən sonra Müttəfiq dövlətlərin siyasətlərinə (Mondros və Sevr anlaşması) maneə yarada biləcək bir güc olaraq qalmaqda idilər. İngilislər başda olmaq üzrə Müttəfiq dövlətlərin təhdid olaraq gördükləri İttihadçıların yerini qısa bir müddət Kamalçılar (milliyyətçilər) alacaqdı. Bu coğrafiyada Müttəfiq dövlətlər üçün bir başqa təhdid də bolşeviklər idi.

Müttəfiq dövlətlər, öz siyasətlərinin önündə maneə olaraq gördükləri İttihadçı liderləri (köhnə vəzirlər, nazirlər, deputatlar…) və təcrübəli zabitləri, padşah və İstanbul hökuməti ilə anlaşaraq həbs etdirdi. Bəkirağa bölüyündə bir neçə ay saxlanıldıqdan sonra adı keçən kişilər ingilislər tərəfindən Maltaya sürgün edildi. Sürgünlərin bir hissəsi Maltaya çatmadan Limni adasında Mondros limanında düşürüldü. 12 nəfərlik qrupun arasında Ağaoğlu Əhməd də vardı. İngilislərin əlində, tikanlı məftillər arasında yaşanan sürgün həyatının bütün çətinliklərini Ağaoğulunun gündəliklərində oxumaq mümkündür. Buradakılar da daha sonra Maltaya aparılacaqdı.

Maltaya sürgün olunanların sayı 150-yə yaxın idi. Bunlar fərqli zamanlarda və fərqli yerlərdən Maltaya gətirilmişdilər. Sürgün müddəti iki il yarıma qədər davam etdi. 1919-un martında başlayıb, 1921-in noyabrına qədər sürdü.

Maltaya sürgün edilənlərin bir hissəsi yaşadıqlarını xatirələrində yazdılar. Bu xatirələrin bəziləri belə sıralana bilər:

Əli İhsan Sabis, Hərb xatirələrim, 5 cild, Ankara, 1951.

Fevziyə Abdullah Tansel, Ziya Gökalp külliyyatı – II, Limni və Malta məktubları, Ankara, 1965.

Ziya Gökalp, Malta konfransları, (Haz. M. Fəxrəddin Kırzıoğlu), Mədəniyyət Nazirliyi Yay., Ankara, 1977.

Osmanlı Məbusan (parlament) Məclisi rəisi Xəlil Menteşenin xatirələri, (Giriş: İsmayıl Arar), Hürriyyət Vəqfi Yay., İstanbul, 1986.

Ömər Hakan Özalp, Mehmed Ubeydullah Əfəndinin Malta, Əfqanıstan və İran xatirələri, Dərgah Yay., İstanbul, 2002.

Bu xatirələrə əlavə olaraq Tunayanın mənbə olaraq göstərdiyi Tarik Mümtaz Göztəpə, Əhməd Əmin Yalman, Hüseyn Cahid Yalçın və Əli F. Türkgəldinin xatirələri də diqqətə layiqdir.

Malta sürgünləri haqqında edilən elmi tədqiqatların ən əhatəlisi Bilal Şimşirin kitabıdır.

Bilal N. Şimşir, Malta sürgünləri, Milliyyət Yay., İstanbul, 1976. Bu kitabın daha sonrakı nəşri Bilgi Yayınları tərəfindən hazırlanmışdır. (Ankara, 1985)

Maltaya sürgün olunmuşlardan biri olan Ağaoğlu Əhməd, İkinci hökumətdən Cümhuriyyətə qədər keçən müddətdə – düşüncə baxımından bəzi fərqliliklər göstərsə də, ümumilikdə liberalizm ilə milliyyətçilik/türkçülük xəttinə sahib idi.

Malta dönüşündən sonra ikinci və üçüncü Türkiyə Böyük Millət Məclislərində (TBMM) millət vəkili olaraq yer alan Ağaoğlunun 1930-cu illərdəki nəzərə çarpan fəaliyyəti arasında Sərbəst Cümhuriyyət Firqəsi (SCF) daxilində yer alması, Birinci Türk Tarix Konqresinə qatılması, universitet müəllimliyi və bu vəzifədən ayrılması, “Akın” qəzetini çıxarması və yenə eyni illərdə Heyətçilərlə (kadro) girişdiyi ideoloji polemikalar sayıla bilər.

SCF-in mənəvi öndəri sayılan Ağaoğlunun, partiyanın proqram və nizamnaməsinin hazırlanmasında böyük zəhməti olub. Ağaoğlu, “liberal fikirləri müdafiə edən, tək partiyalı rejimin nəzarətsizliyini və CHP rəhbərliyini tənqid edən” biri kimi diqqət çəkirdi. O, partiya bağlandıqdan sonra da digər SCF-çilərin əksinə olaraq CHP-yə girmədi, liberal fikirlərini yazılarıyla müdafiə etməyə davam etdi.

Ağaoğlu, Heyətçilərlə girişdiyi polemikada, “əsas olaraq demokratiya, dövlətçilik və (onların) ziddiyyətlər”i üzərində dayandı. Heyətçilərin demokratiya ilə əlaqədar düşüncələrinə qarşı çıxdı. Demokratiyanın yerinə avtoritar və totalitar görüşlərin ağırlıq qazandığı 1930-cu illərdə Ağaoğlu, Heyətçilərin demokratiyanın çöküşülə bağlı yazılarına etiraz etdi və demokratıyanı müdafiə etdi.

Tək partiya idarəçiliyinin getdikcə möhkəmləndiyi bir mühitdə Ağaoğlu, CHP-yə müxalif və liberal mövqeyilə diqqət çəkən “Akın” qəzetini nəşr etdi. 1930-ların avtoritar, dövlətçi mühitində liberal düşüncəni müdafiə edən “Akın” uzun ömürlü ola bilmədi. Bununla birlikdə, “Akın”, 1930-lar Türkiyəsində Sərbəst Cümhuriyyət qəzeti ilə birlikdə özünəməxsus mövqeyinə görə seçilən liberal qəzetlərdən biri idi. Dövrün avtoritar mühitində səsi boğulsa da və qısa ömürlü olsa da, Türkiyə liberalizminin tarixindəki əhəmiyyətli təməl daşlarından biri oldu.

İlk sayı 29 may 1933-də bazar ertəsi günü çıxan “Akın” qəzetinin cəmi 119 sayı işıq üzü gördü. Yayım həyatı, 24 sentyabr 1933 tarixli 119 sayı ilə sona çatdı. İstanbulda nəşr olunan və redaktoru Ağaoğlu Əhməd olan qəzetin alt başlığı belə idi: “Yevmi-Siyasi-İctimai-Müstəqil Türk Qəzeti”.

Qəzetin sahibi və ümumi nəşriyyat işləri müdiri isə Hacı Ağa oğlu Yusif Ziya bəydi. Yusif Ziya bəy, qəzetin ilk buraxılışından bağlandığı tarixə qədər eyni funksiyanı yerinə yetirir. Ağaoğlu Əhmədin 10 avqust 1933 tarixindən etibarən manşet yazılarına rast gəlinmir. Bu tarixdən sonrakı manşetlər imzasız olaraq çıxır. Qəzetin 24 avqust 1933 tarixli 88-ci sayına qədər, qəzetin baş redaktoru rəsmi olaraq Ağaoğlu Əhməd göstərilirdi. 25 avqust 1933 tarixli 89-cu saydan etibarən Ağaoğlu Əhmədin adına rast gəlinmir. Ağaoğlunun baş redaktor olduğu dövrdə, qəzetdə Ağaoğlu Əhmədin “Atəşkəs və Malta xatirələri” (67 felyeton, 29 may-19 avqust 1933 tarixləri arasında) da nəşr olundu.

Ağaoğlunun tarix yazaraq gündəlik şəklində tutduğu qeydlər çox təəssüf ki, natamamdır. Xatirələrin bir hissəsi Bəkirağa bölüyündəki günlərə və geri qalanı da Limnidəki əsirlik həyatına aiddir. Bu səbəbdən xatirələrdə Malta günləri də yer alıb. Bu xatirələrin davamı Maltadan sonrakı günləri əhatə edir. Ağaoğlu burada Maltadan dönüşünü və Anadoluya gəlişini qələmə alıb. Fevral-mart 1978-də “Həyat məcmuəsi”ndə nəşr olunan xatirələrin bu hissəsi də gündəlik şəklində tutulub. Ağaoğlunun Ankaradakı ilk günlərini və hiss-həyəcanını ortaya qoyur.

Ağaoğlu Atəşkəs müqaviləsindən sonra, dekabr 1918-də İstanbula gəlir. Gəldiyi günlərdəki mühiti, iki ayrı İstanbulu gündəliyində belə vəsf edir:

İstanbulun göyü qara buludlar ilə örtülüb. Şiddətli və fırtınalı bir yağış şəhəri yumuş, islatmışdı, artıq yağış kəsilmişdi. Lakin yağış damlaları bir duman pərdəsi kimi havada sanki asılı qalmışdı.

Buna baxmayaraq Bəyoğlu tərəf sevincli, nəşəli idi. Bütün evlər, mağazalar, otellər və restoranlar sanki böyük bir bayram imiş kimi iztihamlı idi. İngilis, fransız və yunan bayraqları evlərin dirəklərindən, mağazaların qapılarından sallanır, küçələr başdan-başa insan axını ilə dolu. Gəzənlər arasında xaki paltarları ilə, təkəbbürlü və qürurlu yerişləri ilə hər kəsin diqqətini çəkən ingilis zabitləri qızğın-qızğın danışırlar, söyüşlər yağdıran fransız əsgərləri, sərxoş yunan dənizçiləri o tərəf-bu tərəfə gəzişirlər. Hərdənbir fransız əsgər dəstələri musiqi sədaları ilə küçədən keçir, xalq alqışlayır, “yaşasın Fransa”, “yaşasın İngiltərə”, “yaşasın Yunanıstan” bağırtıları qopur. Bəzən bir dəstə gənc rum vətənpərvər mahnılar oxuyaraq xalqın içindən keçir və bütün evlərin pəncərələrindən, dükan və mağazalardan “zito! zito!” səsləri yüksəlir.

Küçələrdə osmanlı dövrünün qırmızı papaqlı kişiləri yox kimidir, hərdənbir yolunu çaşmış biri görünsə də, dərhal gizlənməyə, qaranlıq yan küçələrə sığınmağa çalışır. Fürsəti qaçıranların dərhal qırmızı papağı başından alınır və min bir qəhqəhə və təhqir içincə parçalanaraq havaya tolazlanırdı.

Şəhərin Bəyoğlu tərəfi əyləncə, nəşə içindəykən, körfəzin o biri tərəfi başqa bir mənzərəyə şahidlik edirdi. Eminönündən Topqapıya və Eyüpə qədər bütün o geniş ərazi sanki bir məzarlıq idi! Küçələr dərin bir qaranlıq içindədir, kimsəyə rast gəlmək olmur! Bağlı məhəccərlərdən gələn sönük işıqlar, məzarlar üzərinə yanan şamları xatırladırdı, insan səsi eşidilmirdi. Hərdənbir tərk edilmiş bir pişiyin acı miyoltuları, sahibsiz itlərin ümidsiz hürmələri insana izah edilməsi çətin olan dəhşətli bir hiss verirdi. İstanbul sanki yerin dibinə girmişdi; Yeniqapıdan Eyüpə qədər sıralanan o möhtəşəm abidələr, köhnə xarabalıqlar arasında yıxılmış məbədlərin dağıntılarını xatırladırdı. Bu nəm hava, bu boş və qaranlıq küçələr, məbədləri bürümüş bu əzab, ardı-arası gəlməyəcək bir fəlakət və matəm hissi insanı içindən üşüdürdü; lakin bu yalnız bir matəm də deyildi.

Evlərinə qapanmış, ətrafla əlaqəni kəsmiş türklər, dünyadan da gizlənirlər, insanlardan da çəkinirdilər! Bəli! Körfəzin bu biri tərəfi həm utanır, həm də içindən özünü yeyirdi! Və bu hal onun küçələrinin daşlarında, evlərinin məhəccərlərində, məscidlərinin minarələrində açıq-aşkar görünməkdə idi!.. Hər şey başını aşağı dikmiş, çəkinir və içindən ağlayır! Mən də aylardan bəri ayrıldığım ailəmə utanaraq, ağlayaraq qovuşdum!

Ağaoğlu, gündəliklərində Müttəfiq dövlətlərin siyasətləri qarşısında izlədiyi təslimçilik siyasətinə bəzən üsyan edirdi. İstanbula gəldikdən qısa bir müddət sonra xəstələnən Ağaoğlu, 14 mart 1919-cu il tarixində fransız əsgərləri tərəfindən nəzarətə alındı və 19 martda Bəkirağa bölüyünə göndərildi. Ağaoğlunu burada izdihamlı bir qrup gözləyirdi və onlara yeniləri də əlavə olunacaqdı. Bu müddətdə onları üzən bir hadisə meydana gəldi: erməni məsələsinə görə Boğazlıyanın kaymakamı5 Kamal bəyin edamı…

Hökm Bəyazid meydanında icra edildi; bizim gözümüz qarşısında oldu. Pəncərələrdən baxırdıq, dar ağacının uclarını görürdük. Hər kəs ağlayır, həbsxana məmurları, zabitlər və biz ağlayırıq. Əsgərlər söyüş yağdırırdılar; padşaha, hökumətə lənət edirdilər. Mən də dərindən sarsıldım; gözümün qarşısında zəkası, tərbiyəsi, ağlı və mətanəti ilə hər kəsin diqqətini çəkmiş olan bir türk gəncinin birdən-birə yarım saat içində məhv edilməsi, məndə edam cəzasına qarşı izahı çətin olan bir nifrət və qorxu hissi yaratdı! Bir çox ölkələrdə bu cəzanın ləğv olunmasının səbəbini bu dəqiqədə anladım!

12 aprel 1919-cu il tarixində Ağaoğlu gündəliyinə belə bir qeyd yazır:

“Aləmdar” qəzeti bugünkü sayında Kamal bəyin edamından bəhs edərkən deyir ki: “İttihadçıların övladları yetim, qadınları dul qalmalı və evlərinin işığı sönməlidir.”

Mustafa Kamal Paşanın Anadoluya göndəriləcəyini Bəkirağa bölüyündə ikən öyrənən Ağaoğlu, bu mövzuda gündəliyinə bunları yazır:

Anafartalar qəhrəmanı6 Mustafa Kamal Paşa Anadoluya əsgəri müfəttişi-ümumi (baş hərbi müfəttiş) təyin edildi. Bu şəxsin hərbi sahədəki uğurları haqqında çox eşitsəm də təəssüf ki, özü ilə görüşmək şərəfinə nail ola bilməmişdim. Çanaqqalanı dostlarla birlikdə ziyarət etdiyimiz zaman Anafartaya gedən qrup7 arasına düşə bilmədim. Fəthi bəy yaxın dostu imiş. Fəthi bəy ondan böyük sayğıyla bəhs edir.

Anadoluda vəziyyət getdikcə qarışırmış və Mustafa Kamal Paşa oraya, xalqı sakitləşdirmək və silahların yığılmasını sürətləndirmək üçün təyin edilir!

Ağaoğlu, 25 mayda, yəni İzmirin yunanlar tərəfindən işğalından sonra gündəliyində Həsən Təhsindən söz edir. Bunu gündəliyinə həqiqətənmi o tarixdə yazmışdır, yoxsa sonradanmı əlavə etmişdir?

İzmir hadisəsi əsnasında, əlində yunan bayrağını tutaraq İzmir sahilinə çıxan ilk yunan zabitini öldürən və bundan öncə də Bakston qardaşlarına Bükreşdə sui-qəsd etmiş “Hüquq-u Bəşər” qəzetinin sahibi Həsən Təhsin bəy İzmirdə şəhid olmuşdur. Çox təəssüf ki, İstanbul qəzetləri bu hadisə haqqında həmin vaxt heç bir məlumat vermədilər!

Ağaoğlunun gündəliyinə 29 may 1919 tarixini atdığı gün, Maltaya sürgün edilmək üçün səhər erkəndən oyandırıldıqlarını söyləyir. Ağaoğlunun gündəliyindəki bir sonrakı tarix də 29 may tarixini göstərdiyi üçün, bu tarix 28 may olmalıdır… Çünki bir çox qaynaqda 28 mayda, 78 adamın İstanbuldan Princess Ena gəmisiylə yola çıxarıldıqları göstərilib. Maltaya sürgün qərarı ilə bağlı Ağaoğlunun gündəliyinə yazdıqları, ruhi durumunu açıq şəkildə ortaya qoyub:

Bu gün sübh tezdən saat beşin yarısında bizi Bəkirağa bölüyündə tələm-tələsik toparladılar. Maltaya gedəcəyik! Bu xəbər bizi ildırım kimi vurdu! Namussuz, alçaq hökumət!

…

Millət və dövlətin varlığı baxımından bu nə fəlakətli bir hal idi! İndiyə qədər tarixdə bir dövlətin öz vətəndaşını öz əlilə düşmənlərinə təslim etmiş olduğu görülməmişdi. Osmanlı dövləti pişik kimi öz balalarını yeyir. Belə bir mühitdə cəmiyyət və dövlət işləri ilə məşğul olmaq necə böyük xəta idi!

Ertəsi gün, Malta yolçularının bir hissəsi Limnidə endirilir:

Ağaoğlu Əhməd, Şükrü bəy (Maarif naziri), Sait Həlim Paşa, Abbas Həlim Paşa, Mahmud Kamil Paşa, Midhəd Şükrü bəy, Kamal bəy, Ziya Gökalp bəy, Hacı Adil bəy, Hüseyn Tosun bəy, Əli Münif bəy və Xəlil bəy.

Limnidə tikanlı məftillər arasında pis şərtlər altında yaşayan sürgün olunmuşlar, çətinliklə əldə etdikləri köhnə ingilis qəzetlərindən prosesləri izləməyə çalışır, dünyanın və Türkiyənin vəziyyətini, Müttəfiq dövlətlərin həm öz aralarındakı və həm də öz içlərindəki problemlər haqqında məlumatlar toplamağa başlayırlar. Bu müddətdə dustaqların öz aralarındakı mübahisələri, fikir ayrılıqları onları zaman-zaman ciddi ruhi-mənəvi pozğunluqlar və sağlamlıq problemləri ilə üz-üzə qoydu.

Dünyadakı hadisələri izləyərkən şərtlərin müqavimət üçün uyğun olduğu qənaətində olan Ağaoğlu, Padşah-Xəlifə ilə İstanbul hökumətinin təslimçilik siyasətinə üsyan edirdi:

Bu düşüncələr ürəyimi parçalayır. Uşaqlarımız, bütün gələcək nəsillər, səfil, vətənsiz, pərişan olacaqlar! Vəziyyətimiz yəhudilərin vəziyyətindən min qat daha pis olacaq!..

Almaniya və Avstriyanın imzaladıqları barış anlaşmasından sonra uzun müşahidələr aparan Ağaoğlu, ölkəsinin gələcəyi və imzalanacaq sülh müqaviləsi ilə əlaqədar narahatlıqlarını da dilə gətirir:

İstanbulsuz, İzmirsiz bir türklük təsəvvür etmək bir dəlilikdir. İstanbulun yoxluğu ilə türklük də məhv olmuş olacaq. O zaman dünyanın hər tərəfi ilə əlaqəsi kəsilmiş, bütün mədəniyyət və iqtisadiyyatın döyünən ürəyi olan bir nöqtədən məhrum edilmiş, iqtisadi cəhətdən çox düşkün, çox ağır və çox ibtidai bir durumda olan, varlıq olaraq hələ özünü tapmağa çalışan bir millət bu qədər ağır bir zərbənin altından özünü necə qurtara biləcək?

Ağaoğlunun nəşr olunan və yarımçıq qalan xatirələrindəki son tarix 24 iyun 1919-cu ili göstərir. Ölkəsinin gələcəyi ilə əlaqədar narahatlıqlarını dilə gətirən Ağaoğlu Limni adasındakı limanın adının imzalanmış sülh anlaşmasının adı ilə eyni – Mondros olmasını da taleyin ya da tarixin qəribə bir istehzası kimi qəbul edirdi.

Limnidəki 12 dustaq daha sonra Maltadakı sürgündəkilərin yanına aparıldı. Son Osmanlı Millət Məclisində yer alan deputatların 11-i də İstanbulun işğal edildiyi gün ingilislər tərəfindən Maltaya gətirildi. Daha sonra yeni dustaqlarla say bir az da çoxaldı. Bu dustaqların bir hissəsi Birinci və İkinci İnönü döyüşü zamanı sərbəst buraxıldı. İlk sərbəst buraxılanlar arasında Ağaoğlu Əhməd də vardı (12 aprel 1921).8 Sürgündəkilərin bir qismi qaça bildi. Geri qalanlar – Milli Mübarizənin lider heyətinin ingilislər tərəfindən əsir götürdüyü məhbuslar Sakarya döyüşü sonrasında azadlığa çıxdılar. Anadoludakı Kamalçı hərəkatı, Malta sürgünlərinin qarşılığında Anadoludakı ingilis təbəəsindən olanları (Rawlinson başda olmaqla 29 nəfər) həbs edərək, onlardan ingilislərə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə başladı.

Maltadakı sürgündəkilərin əhəmiyyətli bir hissəsi xilas olduqdan sonra Ankaraya dönərək, Milli Mübarizəyə qatıldılar. Ağaoğlu da bunlardan biriydi. Ankara, dustaqları qurtarmaq üçün əlində tutduğu ingilis əsirlərə qarşılıq olaraq, Malta sürgünçülərinin ailələrinin iqtisadi problemlərini həll etməyə çalışırdı. 1921-ci ilin yanvarında Ziya Gökalp və Ağaoğlunun iqtisadi çətinlik çəkən ailələrinin vəziyyətini gündəmə gətirmişdi.

Ankara hökumətinin Malta sürgünçüləriylə yaxından maraqlandığı Cümhuriyyətin Başbakanlıq Arxivində saxlanılan bu sənədlərdə də öz əksini tapır:

Tarix: 9/10/1920 sayı: Dosye: Fon Kodu: 272..0.0.71 Yer No: 31.29..6.

Ölkənin mənafeyinə zidd davranışlarına görə məhbus ikən Maltaya sürgün edilənlər arasında olan məmurların vəzifələrinə son verildi, təqaüdçülərin də maaşları kəsildi.

Tarix: 21/10/1920 sayı: 274 Dosye: 245-25 Fon Kodu: 30..18.1.1Yer No: 1.15..10.

Maltaya sürgün olunmuş zabitlərin maaşları haqqında qanun layihəsi.

Tarix: 20/1/1921 sayı: Dosye: 2454 Fon Kodu: 30..10.0.0 Yer No: 204.392..4.

Maltaya sürgün edilən Ziya Gökalp və Ağaoğlu Əhmədin çətinlikdə olan ailələrinə yardım edilməsi.

Tarix: 24/3/1921 Sayı: Dosye: 2456 Fon Kodu: 30..10.0.0 Yer No: 204.392..6.

Maltada sürgündə olan və London Konfransına görə sərbəst buraxılmayan türklərə kömək edilməsini istəyən Kastamonulu Əbdülqədir oğlu Hilminin məktubu.

Tarix: 25/3/1921 Sayı: Dosye: 2456M Fon Kodu: 30..10.0.0 Yer No: 204.392..7.

Lozanna Konfransına görə Maltada sürgündə olan və bir qismi sərbəst buraxılan türklərin seçimində dəllalların rol oynadığını şikayət edən İzmir millət vəkili Təhsinin məktubu.

Tarix: 15/5/1921 Sayı: 861 Dosye: 245-29 Fon Kodu: 30..18.1.1 Yer No: 3.20..9.

Malta sürgünçüsü Qars qubernatoru Rəvanlı Mehmed, Polis komissarı Musa və Qazanlı Polis Mamilof Muhiddin və Kağızman bölgəsində ermənilərin şəhid etdiyi Arslanın ailələrinə maaş veriləcəyi; 27 səh.

Tarix: 25/5/1921 Sayı: Dosye: 2458M Fon Kodu: 30..10.0.0 Yer No: 204.392..10.

Atəşkəsdən sonra həbsdən qaçanlarla, Maltaya sürgün edilənlərin siyahısının hazırlanaraq göndərilməsi.

Tarix: 26/5/1921 Sayı: Dosye: 2459 Fon Kodu: 30..10.0.0 Yer No: 204.392..11.

Maltada sürgün olan 112 adamın harada olduqlarının bildirilməsi.

Tarix: 26/6/1921 Sayı: 968 Dosye: 245-30 Fon Kodu: 30..18.1.1 Yer No: 3.25..19.

Maltaya sürgün edilən təqaüdçülərlə vəzifələrindən kənarlaşdırılanların haqq etdikləri maaşlarının ödənməsi.

Tarix: 28/6/1921 Sayı: 980 Dosye: 51-3 Fon Kodu: 30..18.1.1 Yer No: 3.26..11.

Maltada məhbus olanlarla Misirdə 15000 əsiri qəsdən şikəst buraxan ingilis doktor və zabitlərinə dair TBMM-yə verilən təklif haqqında hazırlanacaq sənəd.

Tarix: 2/11/1921 Sayı: 1153 Dosye: 245-31 Fon Kodu: 30..18.1.1 Yer No: 3.35..4.

Sərbəst buraxılan Malta əsirlərindən köməyə ehtiyacı olanlara pul verilməsi.

Tarix: 7/12/1921 Sayı: 1254 Dosye: 39-21 Fon Kodu: 30..18.1.1 Yer No: 4.40..14.

Malta dustaqlarından olub, rəsmi sənədləri İstanbulda qalan general-leytenant Əbdüssalam Paşaya 967 saylı qərara görə təqaüdçü maaşı verilməsi.

Tarix: 18/1/1922 Sayı: 1327 Dosye: 15-2 Fon Kodu: 30..18.1.1Yer No: 4.45..3.

Maltaya sürgün edilib Anadoluda sığınacaq tapan və İstanbul hökuməti tərəfindən vəzifəsindən uzaqlaşdırılan Məcidə zərərçəkmiş qismində maaş verilməsi.

Ağaoğlunun Maltadan İstanbula dönüşü 28 may 1921-ci ildə baş tutub. Ailəsinə döndüyündə Azərbaycan Respublikası dövlət başçısı Nəriman Nərimanovun bir dəvət məktubuyla qarşılaşır. Ağaoğlunu rəsmən Azərbaycana dəvət edən bu məktuba cavab belə olur:

Çox əziz və möhtərəm Nəriman bəy əfəndi.

Köhnə bir dosta göstərdiyiniz böyük diqqətə görə sizə çox minnətdaram. Lakin üç müxtəlif səbəb məni sizin bu dəvətinizi qəbul etməməyə sövq edir;

1. Təmsil etdiyiniz ideoloji sistemi qəbul etməməyim.

2. Türklər üçün tək qurtuluş yolunun sizin də bildiyiniz kimi Osmanlı türklüyündə olduğu haqqında fikir və qənaətim.

3. Son olaraq məni əsarətdən qurtararaq yenidən can və həyat vermiş olan Ankaraya dönməklə bağlı bir namus borcum.

Ağaoğlunun milliyyətçilik və Sovetlərlə bağlı düşüncələrini bu qısa cavabda görmək mümkündür. Həmdullah Sübhi (Tanrıöver) bəyin maddi dəstəyi ilə Ankaraya getmək üçün yola çıxan Ağaoğlu, Ankara yolunda yaşadıqlarını da qeydləri arasına salmışdır. Ankaraya yola çıxarkən, Maltada qurduğu Ankara xəyalını da belə anladırdı:

Ankara nədir, necə bir yerdir? Orada nələr olur? Hələ uzaqdan belə bir fikrim yox idi. Lakin buna baxmayaraq o mənim dostum, hər gecə ruhumda bəslədiyim, yaşatdığım idealım olmuşdu. Ah! Maltada o bezdirici, usandırıcı, bir-birinin eyni olan günlərin gətirdiyi bitib-tükənməz gecələri keçirmək üçün vücudumuzu əzən dəmir çarpayıya söykənir, gözlərimi yumduğum zamanlar, Ankara gözlərim önündə durur və beynimi səhərə qədər məşğul edirdi. O, yalnız bir möminin müqəddəs bildiyi bir məbəd, bir Kəbə, bir Qüds deyildi. O, yıxılmış bütün bir ümidin, çökmüş bütün bir imanın, pozulmuş bütün bir binanın, ölmüş bir dünyanın yenidən canlanmasını, dirilib geri gəlməsini işarə edən bir simvol idi.

İstanbuldan İneboluya gəmi ilə getmək olur. İnebolu o dövrdə Anadolunun giriş qapısı sayılırdı. Nəzarət də ciddi bir şəkildə aparılırdı. Elə ciddi ki, bu nəzarət Ağaoğlunun Maltada tutduğu gündəliklərdən də yan keçmir:

Əşyamı, paltarlarımı, kağızlarımı bir-bir araşdırdılar. Kağızlarım arasında, Malta sürgünü zamanı tutmuş olduğum qeydlər və xatirələr vardı. Bu xatirələr mənim üçün çox qiymətli idi. Aralarında, sənədlərdən əlavə ingilis və fransız qəzetlərindən saxladığım qəzet parçaları da vardı. Məmur bu parçaları cırmağa cəhd etdi. Dözə bilmədim, üzərinə atılıb əllərini tutdum. Bunların sənəd olduğunu, Ankaraya teleqraf göndərərək cavab alınana qədər kağızları yanında saxlayıb cırmamasını o qədər israrla istədim ki, məmur sərt davranışına baxmayaraq razı oldu. Dərhal Həmdullah Sübhi bəyə teleqraf göndərdim, vəziyyəti izah etdim və ancaq sabahısı gün gələn cavabdan sonra kağızlarım mənə qaytarıldı.

Gündəliklərdə xalqın və özəlliklə də kəndlilərin yaşadığı səfalət bütün çılpaqlığı ilə təsvir olunur. Fasiləsiz və uzun savaş illərində kişilər həlak olduqları üçün kəndlərdə kişi qalmamışdı. Qalanları da cəbhədədir. Qadınların böyük bir hissəsi isə öküz arabalarında silah-sursat daşıyırlar; Bir qismi tarlada işləyir. Kəndlərdəki uşaqlara isə yaşlılar baxmaq məcburiyyətindədirlər.

Çətin bir yolçuluqdan sonra Ağaoğlu, Ankara yaxınlığına çatdıqda duyğularını belə ifadə edir:

Ankaraya bir möminin müqəddəs bir şəhərə girərkən daşıdığı duyğularla daxil olurdum. Mənim üçün Ankara bütün türklük üçün bir Kəbə, bir Qüds olaraq simvollaşmışdı. Oraya dərin bir təşəkkür, içdən bir iman, yüksək bir dilək duyğusu ilə girirdim. Ora məni düşmənlərin əlindən qurtaran bir məbəd idi. Ora yurdsuz və ocaqsız qalmış türklərin yurd və ocaqları üçün döyüşən bir qəhrəmanlar oylağı idi. Ora qüruru qırılmış türklüyün şərəf və ləyaqəti üçün tale və qədərlə vuruşan əfsanəvi cəngavərlərin bir ocağı idi. Mən bu ilahi mübarizəyə qatılmaqla həm təşəkkür borcumu ödəmiş, həm də həyatıma və varlığıma bir məna vermək fürsətinə nail olacaqdım.

Ankarada köhnə dostlarıyla görüşən, İttihadçılardan duyduğu narahatlığı hiss edən Ağaoğlu, Həmdullah Sübhi bəy tərəfindən Mustafa Kamal Paşaya təqdim olunur:

İttihad və Tərəqqi Partiyasının qərargah olaraq yerləşdiyi qəribə bir binaya gəldik. Bir-birinə birləşdirilmiş adi taxta-şalbandan qurulmuş, bir mərtəbəli, uzun koridorlu olan bu tikili, indi qarışqa yuvası kimi qaynayırdı. Çöl divarından kiçicik bir neçə pilləli nərdivanına, nərdivanın yanından koridorun o biri başına, ətrafdakı otaqlara qədər, hər yer millət nümayəndələri ilə doludur! Onların davamlı gəlib-getmələri, qrup-qrup görüşmələr, ciddi davranışları, bu sadə binada gördükləri işin böyüklüyünü dərk etmiş insanlar olduqlarında şübhə buraxmırdı. Xüsusi əsgər uniforması, bu ciddi simalara hörmət təlqin edən bir ucalıq verirdi. Bu birlik, indiyə qədər gördüyüm birliklərin heç birinə bənzəmirdi. İlk baxışda belə dərin və fərqli olduğuna şübhə buraxmırdı. Bəli, bunlar başqa bir ruh, başqa bir ürək daşıyan başqa insanlar idi.

Ardından Ağaoğlu, Mustafa Kamal Paşa tərəfindən milli mübarizə lehinə təbliğat aparmaq üçün ölkənin Şərq bölgələrinə (Şərqi Qara dəniz daxil) göndərilir. Bu dövrdə xalqa mənəvi güc vermək və milli mübarizəyə inandırmaq üçün təşkil edilən İrşad heyətlərindən birində Anadolunu gəzən Ağaoğlu, bir kənddə uşaqlarla apardığı dialoqları qeydləri arasına salmışdı:

– Qızım, – dedim, – adın nə?

– Aişə.

– Atan varmı?

– Yox.

– Anan varmı?

– Var.

– Harada?

– Tarlada.

Bir oğlana soruşdum:

– Adın nə?

– Tosun.

– Atan varmı?

– Yox.

– Anan varmı?

– Var.

– Harada?

– Araba ilə hökumətə getdi.

– Nə üçün?

– Bilməm.

Kənardan nisbətən böyük bir qız:

– İneboludan əsgərlərə əşya daşımaq üçün.

Aydın oldu. Bütün uşaqlar yetimdirlər. Anaları isə ya tarlada və ya sursat və ərzaq daşımaqla məşğuldu.

Eyni kənddən söhbət etdiyi yaşlı bir qadın da iki oğlunu Çanaqqalada şəhid verdiyini, bir oğlunun da cəbhədə olduğunu söyləyir. Onun da qazi olub dönməsi diləyinə bu cavabı verir:

– Ah, övladım, mən onu düşünmürəm. (uşaqları göstərərək) Allah bu yetimlərə acısın. Bu yerlərin kafirlərin ayaqları altında tapdanmasını mənə göstərməsin.

Yaşlı qadının söylədikləri və Anadoludakı yetimlərlə bağlı Ağaoğlunun yazdıqları Falih Rıfkı Atayın “Zeytundağı” kitabındakı “Allaha ismarladıq” adlı yazısını xatırladır.

1921-ci ilin yaz aylarında Anadoludakı İrşad fəaliyyətlərinə başlayan Ağaoğlu, 1921-ci ilin sonunda Mətbuat və Kəşfiyyat ümumi müdirliyinə təyin edildi. Milli mübarizəyə etdiyi xidmətlərin ardından yeni Türkiyənin qurucuları arasında o da iştirak edəcəkdi.

SÜRGÜN İLLƏRİNİN ƏHMƏD AĞAOĞLUNUN DÜŞÜNCƏSİNƏ TƏSİRLƏRİ
Mübariz Süleymanlı

XIX əsrin sonu ilə XX əsrin əvvəllərini əhatə edən türk düşüncə tarixini araşdıranlar, yaradıcılığı qədər şəxsiyyəti, həyatı və yaşadığı dövrü də qarmaşıq və təzadlarla dolu olan Əhməd Ağaoğlunun bütün əsərlərinin bir araya gətirilməsinin, hətta əsərlərinin mükəmməl bir biblioqrafiyasının hazırlanmasının nə qədər çətin bir iş olduğu qənaətindədirlər. Bu bir gerçəkdir ki, “əlli ildən çox qızğın, fırtınalı, həm də fasiləsiz bir yaradıcılıq yolu keçən, adı Parisdən Bakı və Tiflisə, Sankt-Peterburq və Moskvaya, daha sonra İstanbul və Ankaraya, nəhayət bütün Türkiyə və Yaxın Şərqə yayılan, fəlsəfə, tarix, iqtisadiyyat və din tarixinə, ədəbiyyat, hüquq, sosioloji və sivilizasiya məsələlərinə həsr olunmuş ciddi elmi-nəzəri və publisist əsərlərin müəllifinin, fəal mədəniyyət, elm və siyasət xadiminin” 1890-cı illərdən etibarən dünyanın bir çox ölkəsinin arxiv və kitabxanalarında olan yazılarını toplamaq və nəşr etmək şərəfli olduğu qədər ağır bir işdir. Ayrı-ayrı şəxslər Ağaoğlu yaradıcılığının tədqiqatı ilə məşğul olsa da, tam nəticə əldə edilməyib, çünki hər bir araşdırma sonda yeni-yeni çalışmalara yol açır. Bu mənada, təxminən bir əsr əvvəlki bir çox tarixi hadisələrə işıq tutan “Atəşkəs və sürgün xatirələri”nin ilk dəfə kitab olaraq nəşr olunması təqdirəlayiq bir addımdır.

Əhməd Ağaoğlunun “Atəşkəs və sürgün xatirələri” başdan-başa ziddiyyətli hadisələr və baxışlarla doludur. Özünün də “üç illik böhran dövrü” adlandırdığı bu sürgün həyatının ümumi təsviri bu ziddiyyətləri bütün çılpaqlığı ilə ortaya qoya bilir. Şərq-qərb mədəniyyət fərqliliklərinə, savaş və barış, haqq və ədalətlə bağlı yanaşmalarında fikir ayrılıqları, İstanbulun nəşəli insanları ilə matəm tutan və qan ağlayan iki fərqli təbəqəsi, Türkiyə sərhədləri daxilində düşmənin işğal və əsarətinə boyun əymiş olan sultan hökuməti ilə Anadolunun milli mübarizə heyəti arasındakı ziddiyyət, eləcə də Ağaoğlunun bolşevizm ilə milli hərəkat, Azərbaycan və Türkiyə arasında qalması kimi faktlar tarixi hadisələrdəki və şəxsi düşüncələrdəki böhranlı yaşantıların nəticəsi olaraq dəyərləndirilməlidir.

İşğalçı, istilaçı imperialist dövlətləri ilə işbirliyində olan İstanbul iqtidarının əxlaq düşkünlüyünün, xəyanətinin səbəblərini açıqlayan Ağaoğlunun ruhi vəziyyətini anlamaq üçün dövrün tarixi hadisələrini, ictimai-siyasi vəziyyətini göz önünə gətirmək lazımdır. Çünki 1919-1921-ci illərin tarixi hadisələrini, dünyada baş verən dəyişiklikləri, Türkiyənin düşdüyü böhranlı durumu dərindən araşdırmadan, sürgün illərində qələmə alınmış əsərlərin yazılma şərtlərini diqqətə almadan Ağaoğlunun mövqeyini, dünyagörüşünü və ideallarını, əxlaqi düşüncəsini, mədəniyyət və sivilizasiya kimi mücərrəd anlayışlara baxışını qiymətləndirmək mümkün olmaz. Amma bu bir faktdır ki, zaman və məkandan, maddi və mənəvi şərtlərdən asılı olmayaraq ölkənin müstəqilliyi, insanın azadlığı və demokratik cəmiyyət quruculuğu Ağaoğlunun şəxsiyyətinin ən önəmli dəyər meyarlarıdır.

Malta sürgünü dövründə Ağaoğlunun dünyagörüşündə ziddiyyətli dəyişikliklər baş vermiş, özünün və ailəsinin ağır şərtlərə məruz qalması onun bir növ siyasi nihilizmə meyillənməsinə gətirib çıxarmış, hətta həyatının müəyyən dövrlərinə bağlı peşmanlığını ifadə edən fikirlər də yer almışdır. Ancaq bütün bunlar, bağlı olduğu ölkənin imperialist dövlətlərin təcavüzündən xilas olması üçün qurtuluş yolu axtaran bir aydının psixoloji gərginliklərinin keçici bir ifadəsindən başqa bir şey deyildir.

7 dekabr 1918-ci ildə fəaliyyətə başlamış Azərbaycan parlamentinin qərarına əsasən, Azərbaycan Cümhuriyyətinin müstəqilliyini tanıtmaq məqsədilə Versal Sülh Konfransına göndərilən nümayəndə heyətinin üzvü olaraq Bakıdan ayrılan Əhməd Ağaoğlunun Tiflis, Batumi və İstanbuldakı vəziyyətlə bağlı məlumatlarından başlayaraq Limni məhbusluğu və sürgün sonrası hadisələri gözlərimiz önündə canlandıran “Atəşkəs və sürgün xatirələri”, yazarın ictimai-siyasi fikirləri və ruhsal durumu haqqında da bizə məlumat verə bilir. Ağaoğlunun sürgün həyatı, toplumun bir fərdi, ziyalısı olaraq onu və ailəsini bəzi çətinliklərlə üzləşdirdi. Ölkəsinin məruz qaldığı haqsızlıqlar qarşısında duyduğu mənəvi çətinliklərə sürgün həyatının səfaləti və ailəsiylə əlaqədar iztirab dolu düşüncələr də əlavə olunmuşdu. Amma bütün bu məhrumiyyətlərə baxmayaraq qələmini buraxmayan, dünyadakı durumla bağlı məlumatlarını artırmağa çalışan Ağaoğlu ölkəsinin qurtuluşu üçün Qərbin, gərəkirsə Rusiyanın ictimai-siyasi quruluşundakı müsbət nümunə və təcrübələrindən faydalanma yollarını araşdırırdı. Mondrosda ikən, ingilislərə bir neçə dəfə ərizə yazaraq günahsız olduğunu təkrarlamışdı. Hər dəfəsində də: “Mərhəmət ya da əfv istəmirəm. Halıma acımağı ya da bağışlanmağı əsla qəbul edə bilmərəm! Mən ədalət istəyirəm”. Haqsızlığın, ədalətsizliyin, qeyri-insani davranışların hökm sürdüyü bir dövrdə Ağaoğlu psixoloji sarsıntılara məruz qalmış, “hətta həyatının müəyyən dövrlərini əbəs yerə qurban verməsi, peşman olması haqqında fikirlər söyləmiş, Marksizm təfəkkür tərzinə müsbət münasibətini ifadə etmişdir”.

Əslində Ağaoğlu həm sürgün dövründə yazdığı yazılarında, həm də sonrakı əsərlərində fərqli nəzəriyyələrin insanlığa faydalı olan qiymətli tərəflərini qəbul etdiyi kimi, Marksizm nəzəriyyəsinə də qəti bir inkar yolunu tutmamış, onun tənqidi təhlilini Sovet İttifaqındakı təhrif olunmuş halı ilə deyil, müasir Qərb nəzəriyyələrdən biri olaraq şərh etmişdir.

Marksist məktəbin tarixi nəzəriyyəsini qismən qəbul edən Ağaoğluna görə, bu məktəbin iddia etdiyi yolla maddiyyat və iqtisadiyyatın insanlığın və tarixin inkişafı üzərində dərin və geniş təsir imkanları var. Həqiqətən maddi şərtlər və ehtiyaclar fərdlərdə olduğu qədər cəmiyyətdə də böyük bir rol oynayır. Ancaq bu faktorun xaricində, maddi faktor ilə eyni dərəcədə əhəmiyyətli və təsirli ruhi və mənəvi faktorlar vardır ki, Marksist məktəbin ən böyük qüsuru bu faktorları inkar etməsidir. Cəmiyyətlər fərdlərdən meydana gəlir. Fərdlər isə bir maddə ilə birlikdə bir zehin, bir ürək də daşıyırlar. Maddi ehtiyaclarının təmin olunmasına nə qədər möhtacdırlarsa, düşüncə və qəlbin ehtiyaclarına da o dərəcə möhtacdırlar. Ağaoğluna görə: “Bəzən şərəf, namus, heysiyyət kimi mücərrəd və mənəvi dəyərlər bizə çörək və su ehtiyacı qədər əzab verir və bunlar üçün ölümə qədər getməyə belə hazır oluruq”.

Sürgün illərinin Ağaoğlunun düşüncələrinə təsirini öyrənmək üçün, onun eyni dövrdə yazmış olduğu əsərləri, məktub və xatirələri əhəmiyyətli qaynaqlar olaraq dəyərləndirmək lazımdır. Bu qaynaqlar araşdırıldığında elə bir qənaətə gəlmək olur ki, Ağaoğlunun bəzən tərəddüd və mübahisələrə yol açan pessimist halı, həm o vaxta qədər, həm də daha sonrakı ideallarına, siyasi anlayışına, dünyagörüşünə tamamilə ziddir. Ancaq bu durumu maddi və mənəvi böhran və sarsıntıların bir nəticəsi olaraq görməliyik. Çünki Malta sürgünü əsnasında qarşılaşdığı haqsızlıqları “Üç mədəniyyət” əsərində və “Malta xatirələri”ndə təfsilatı ilə şərh edən müəllif bir müddət depressiyaya düşdüyünü etiraf edir: “Ah! Kaş ki, tale mənə lövhənin bu tərəfini görməyi nəsib etməmiş olaydı!” İçinə düşdüyü bu pessimistlik tarixi şərtlərə və vəziyyətə görə təbii sayılmalıdır. Çünki özünün də yazdığı kimi, “indiyə qədər tarixdə bir dövlətin öz övladını öz əliylə düşmənlərinə təslim etmiş olması görülməmişdir. Osmanlı dövləti pişik kimi öz balalarını yeyir”.

Ağaoğlu sürgün həyatı yaşamağa məhkum edilən insanlar arasındakı qeyri-insani münasibətləri detallı bir şəkildə təsvir edir. O, təbii fəlakətlər sırasında, doğuşdan bir-birinə düşmən kəsilmiş vəhşi canlıların belə bir-birinə yaxınlaşmasını nəzərdə tutaraq, eyni fəlakətə uğramış, eyni cəmiyyətin fərdləri arasında da qarşılıqlı yardım və həmrəyliyin olmasının vacibliyini vurğulayır. “Halbuki Maltada bunun şahidi olmadım. Gələr- gəlməz parçalandıq. Sayımızdan daha çox hissələrə bölündük. Bu bölünmə fikir və duyğuların, əxlaq və təbiətlərin uyğunluğuna görə deyil, sırf cibdəki pulun miqdarına görə edildi. Onsuz düşüncə və duyğu birliyi heç yox idi. Demək ki, yaşamaq, nə olursa olsun yaşamaq! Düşmənin etdikləri, təhqirləri altında, min cürə alçalmağa bulaşmış olsan da, yenə yaşamaq!”

Sürgün sırasında ingilislərin qeyri-insani davranışlarına qarşı özünün etiraz səsini yüksəltmək cəhdlərinə yoldaşlarının laqeyd tutumlarını xatırlayan Ağaoğlu kədərini belə ifadə edir: “İnsan nəticə əldə etməsə belə özünə qarşı edilən haqsız və pis davranışa daim etiraz etməlidir. Qoy nəticəsiz qalsın, qoy hətta zalımları daha çox şiddətə sövq etsin! Haqqın müdafiəsi şəxsən ayrılıqda belə bir zövqdür. Bundan artıq daha çox zorakılığı rəva görənlər yollarında uzun müddət davam edə bilməzlər. Çünki onlar da insandır, onların da vicdanlarında haqqa qarşı istər-istəməz bir hörmət, bir təzim vardır.”

Eyni dövlət və hökuməti, partiya və idealları təmsil edən yüksək mövqe sahibləri arasında birliyin olmamasına kədərlənən Ağaoğlu bir yerdə eyni taleyi, eyni məhrumiyyəti yaşayan şəxslərin əksəriyyətinin ruhi və mənəvi baxımdan bir-birlərindən çox fərqli tutumlar sərgilədiklərini söyləyirdi: “Aramızda dünyalarca məsafələr olan və bir-birimizə sement kimi bağlanmamış fərdlərik”.

Məğlubiyyətin səbəblərini də düşüncə və xarakter fərqliliyinə bağlayan Ağaoğlu döyüşən hər iki tərəfi müqayisə edərək belə yazır: “(Avropalılar) yalnız öz hüquqlarına və bu hüququ müdafiə yolunda mübarizə aparanlara hörmət edirlər. Lakin biz hələ bu həqiqəti anlaya bilməmişik. Padşah və ətrafındakı axmaqlar zənn etdilər ki, alçalaraq məmləkəti avropalılara təslim etməklə qurtula biləcəklər. Halbuki onlar təhqir və miskinliyə dözdükcə qarşı tərəf həyasızlıqlarını, təcavüzlərini bir az da artırdı. Hökmdar və hökumətin tanınmış simalarını, məmləkətin seçilmiş adamlarını təslim etməklə namuslarından belə imtina etmiş olduqları halda, düşmən tərəfindən zərrə qədər belə mərhəmət və şəfqət görmədilər”.

Ağaoğlu ingilislərin onlara qeyri-insani münasibətlərinə qarşılıq olaraq az qala təşəkkür, razılıq ifadə edən müraciət təşəbbüsünə qatılmır, etirazlarını hər fürsətdə bildirirdi. Bu mövzuda bir ingilis nümayəndəsi ilə mübahisəsini belə təsvir edir: “Vəhşi heyvanlar kimi dəmir məftillər arasına salınaraq zəncirli qapılar arxasından ət parçaları almaq mənim heysiyyət və şərəfimi təhqir edir. Mən ac qalmağı bu kimi hallardan daha üstün tuturam, lakin bu maddi mülahizələrin fövqündə duraraq günahımın nə olduğunu, niyə buralara gətirildiyimi, hansı qayda və qanuna görə hərbi əsir sayıldığımı anlamaq istəyirəm. Əgər məni bir şeylə ittiham etmək istəyirlərsə, mən dərhal bir məhkəmə, bir hakim tələb edirəm. Mənə sözünüz nədir?”

Bu mübarizələr sonunda Ağaoğlu bir daha bu qənaətə gəlir: “Haqqını axtaran daim möhtərəmdir. Hörmətə layiq olmaq üçün həqiqətən möhtərəm olmaq şərtdir. Çox təəssüf ki, biz şərqlilər bu həqiqəti dərk edə bilməmişik. Məsələn, bizlər ki məmləkətin tanınmış adamlarıyıq, bununla belə zorakılığa və maddi gücə qarşı anlaşılmaz bir itaət göstəririk. Haqq və hüququ axtarmaq kimsənin ağlına belə gəlmir. Haqsızlıqlara baş əyərək, mütiliklə, qorxaqlıqla, səsini çıxarmamaqla haqqın təslim olunacağını zənn edirik. Bu bəlkə bizim kimi zorakı davranışlara alışqın mühitlər üçün doğrudur. Lakin bütünlükdə Avropa və xüsusilə İngilis əhvali-ruhiyyəsi baxımından bu təsəvvür həqiqətə uyğun deyil. Avropalılar zülm və cəfaya qarşı fəryad və şikayəti, lütf və mərhəmət dilənməyi hörmətə layiq olmayan bir zəiflik hesab edirlər. Bu kimi zəiflik göstərənləri nifrət və aşağılamağa daha çox layiq görür, onlardan qətiyyən mütəəssir olmurlar. (..) Əksinə haqsızlığa qarşı ürəklərində hiddət və etiraz duyanlara, haqqı müdafiə edənlərə hörmətlə yanaşırlar. Hətta onları şiddətlə cəzalandırsalar belə bu hörmət heç bir zaman azalmır. Lakin çox təəssüf ki, biz hələ Avropanın bu ən ibtidai ruhsal xüsusiyyətini anlaya bilmədik. Zülm və miskinliklə ingilis və fransızlardan mərhəmət və şəfqət umduq. Padşahdan başlayaraq bizlərə qədər hamımız zülmü rüşvət aldıq və müqabilində mərhəmət yerinə şiddət, şəfqət yerinə təhqir olunduq”.

Ağaoğluna görə “həqiqətpərəstlik bir düşüncədir. Başqalarına və öz şəxsiyyətinə hörmət etmək həssaslığı arzulamaqla, söyləməklə hasil olan bir nəsnə deyil! İqtidar mövqeyində ikən başqalarını alçaldaraq haqq və həqiqətə riayət etməyənlər zorakı davranışlardan başqa bir şey tanıya bilməzlər; əsarət halında olarkən də başqalarından haqq və həqiqətə riayət etmək həssaslığı gözləməz və o yoldakı təşəbbüsləri də faydasız hesab edərlər”.

Ağaoğlu sürgün yoldaşlarının da məğlubiyyətin səbəblərilə bağlı ziddiyyətli fikirlərini şərh edirdi: “Sait Həlim Paşa bütün fəlakətlərimizin səbəbinin özümüzdə, Ziya bəy isə Avropada olduğunu iddia edirlər. Ziya bəy Avropanın işlərimizə qarışaraq bizi siyasi fəaliyyətdən uzaqlaşdırdığını deyirdi. Sait Həlim Paşa isə əksinə bütün fəlakətlərin bizim cahilliyimizdən və hüquqsuzluğumuzdan irəli gəldiyini deyib dururdu. Halbuki iki tərəf də haqlı idi. Bizim səlahiyyətsizliyimiz günəş qədər aydın olduğu kimi, Avropanın da bu səlahiyyətsizlikdən istifadə etdiyi inkar olunmaz bir həqiqətdir”.

Zahirən məlumatlı, ağıllı olan türklərdə bu əhvali-ruhiyyənin kökünün əsəsən sonsuz və hüdudsuz eqoizmdə, iradəsizlikdə və qeyri-müəyyənlikdə axtaran Ağaoğlu yazırdı: “Yazıq türkü öz ruhundan ayırmışlar. Tarix tarix olalı əfəndi və müstəqil yaşamış olan bu millət, əsrlərcə bır sıra əsarət və zülm altında inləmiş olan millətlərin görkəmli, lakin dayaz, parlaq, lakin çürük üslublarına qapılaraq öz mənliyini itirmişdir”.

Sürgün həyatının bu çətinlikləri azmış kimi, Ağaoğlunu daha çox sarsıdan “üst təbəqə”nin əxlaqsızlığı, İstanbul hökumətinin qürursuzluğu və xəyanəti olmuşdur. Onun fikrincə, Maltadakı sürgünlər nə qədər cəsarətsiz və laqeyd olsalar belə, vətənə xəyanət kimi bir alçaqlığı göstərməzlər. “Buna şübhə yoxdur. Lakin görəsən bu ləyaqətdirmi? Vətənə xəyanət etməmək, milləti satmamaq! Bu nə deməkdir? Bunlar sıravi vətəndaşın da vəzifəsi deyilmi? Belə olduğu halda öndərlik iddiasında olan adamlardan daha yüksək və müsbət keyfiyyətlər, dəyərlər istəmək təbii deyilmi?”

Malta sürgünündəki rüsvayçılığı ürək ağrısı ilə anladan Ağaoğlu, bütün bunları İstanbulda iqtidarda olanlarda müqayisədə bağışlanması mümkün bir hal hesab edir. Çünki onlar hər nə qədər öz aralarında anlaşılmazlıq içində yenilsələr də millətə xəyanət kimi alçaqlığa meyl etməyiblər. Halbuki son xəlifə Əbdülməcid İstanbulda ingilislərlə əməkdaşlıq edirdi. İqtidar sahibləri taxtlarını qorumaq üçün ingilis missionerləri qarşısında şərəf və ləyaqətlərini satırdılar. Belə bir ağrılı mənzərəni etiraf etmək məcburiyyətində qalan Ağaoğlu, bir tərəfdən İstanbul iqtidarının yaratdığı bir rüsvayçılıq, digər tərəfdən Ankaranın milli müstəqillik mübarizəsi kimi bir hərəkat içində olduğunu müqayisə edirdi! Ağaoğlu daha sonra da bu mövzuya qayıtmışdır: “Bəşəriyyətdə ağıl və zəka, iqtidar və despotizm qaldıqca bir tərəfin digər tərəf üzərində üstünlüyü, bir tərəfin digər tərəfi idarə etməsi zəruri və təbii olaraq qalacaq. Hakimiyyətin forması nə olursa-olsun millətlər daim məhdud bir azlıqdan ibarət olan zümrə tərəfindən idarə olunmuş və olunacaqlar. Məsələ yalnız bu azlığın müraciət etdiyi ilham mənbəyindən və mahiyyətindən, dövlət idarəçiliyinə verdiyi forma və istiqamətdən, təqib etdiyi məqsədlərdən ibarətdir. Əsl mühüm və canlı məsələ budur”.

Nəhayət, Mustafa Kamal Atatürkün: “Malta əsirlərinə qarşılıq olaraq Anadoludakı ingilis əsirləri sərbəst buraxılacaq” qərarından sonra Malta sürgünündə olanlar ingilis əsirləri ilə dəyişdirilir və Ağaoğlu da İstanbula doğru min bir çətinliklə dolu olan bir səfərə çıxır. Beləliklə, iki ildən çox sürən sürgün həyatı sona çatır. Malta məhkumlarını gətirən gəmi İtaliya sahillərinə lövbər alır. Azərbaycanda müstəqil Sovet Respublikasının qurulduğunu və onun başına çoxdan tanıdığı fikir və mübarizə dostu Nəriman Nərimanovun gəldiyini öyrənən Əhməd Ağaoğlu doğulduğu ölkəyə getmək qərarını verir. Hətta İtaliyanın Torino şəhərindən N. Nərimanova göndərdiyi 21 may 1921-ci il tarixli məktubunda bu mövzunu ətraflı bir şəkildə ifadə edir. Əsli rus dilində olan bu məktub “Kommunist” qəzetinin 19 fevral 1921-ci il tarixli 109-cu sayında aşağıdakı qeydlə nəşr olunmuşdur:

“Doktor Nəriman Nərimanov yoldaşın adına Azərbaycanda tanınan məşhur Əhməd Ağayevdən bir məktub gəlmişdir ki, ruscadan tərcüməsini bütünlüklə aşağıda dərc edirik”.

Əhməd Ağaoğlunun dünyagörüşünün və onun sosialist inqilabına marağını öyrənmək baxımından mühüm bir sənəd olan bu məktubda deyilirdi: “Möhtərəm Nəriman! 26 aylıq əsirlikdən sonra nəhayət sərbəst buraxıldım və digər yoldaşlarımla birlikdə gətirilib bizim qurtarıcımız olan Ankara hökumətinin Romadakı nümayəndəliyinə təslim edildik. (..) Doğrusunu söyləmək lazım gəlirsə, indiyə qədər də bilmirəm ki, məni nə üçün həbs etmişdilər və indi hansı səbəblə azad edirlər? Bu uzun müddət ərzində nə qədər fiziki, maddi və mənəvi əziyyətlər çəkdiyimi, təhqirlər və istehzalarla qarşılaşdığımı təsəvvür edə bilməzsiniz. Mənim ailəm İstanbulda qalıb məndən az əziyyət çəkmirdi. Mən iki dəfə sizə müraciət etdim; ailəm də eyni şəkildə müraciət etmişdir. Ola bilər ki, bizim müraciətlərimiz ya sizə gəlib çatmamışdır, ya da siz yardım etmək imkanı əldə edə bilməmisiniz”.

Professor Vilayət Quliyevin araşdırmalarından öyrənirik ki, Malta məhkumlarını ingilislərin əlindən qurtarmaq üçün Ankara hökuməti ilə birlikdə Azərbaycan Xalq Komissarları Sovetinin başçısı Nəriman Nərimanov da mümkün olan bütün yollara baş vurmuşdur. Hətta Nərimanov Bakıda tutulan ingilis əsirləri ilə Malta sürgünlərini dəyişmək cəhdində də olmuşdur. Bu gerçək Əhməd Ağaoğlunun məktubunda da etiraf olunur: “Bakıda olan ingilis əsirlərindən və bizi dəyişdirmək cəhdinizdən bizi unutmadığınız məlum olur. Görünür ki, siyasi durumdan dolayı bunu icra etmək mümkün olmamışdır. Bununla belə həm mən, həm də yoldaşlarım təşəbbüslərinizə görə sizə minnətdarıq”.

Amma məktub tək iki böyük Azərbaycan ziyalısı arasındakı münasibətlərə aydınlıq gətirən bioqrafik çalarlarla diqqəti çəkmir. Bu dəyərli sənəd eyni zamanda Malta sürgünündə Əhməd Ağaoğlunun düşüncələrində, siyasi baxışında görünən əhəmiyyətli dönüşdən də xəbər verir. Ağaoğlu məktubunda belə yazırdı: “Şər deməsən xeyir olmaz” demişlər. Bu əsirlik müddətində mən çox oxudum, fikirləşdim, düşündüm. (…) İngilis dilini əsaslı şəkildə öyrəndikdən sonra onun və fransız dilinin köməyi ilə Qərb mədəniyyətinin əsasları haqqında çox oxudum. Sizə də məlum olduğu kimi, müsəlman millətlərinin dillərini də bildiyimdən mən çoxdan Şərqi lazımi qədər öyrənmişdim. (…) Bütün bu mütaliələr, düşüncələr və bu müddətdə əldə etdiyim təcrübələr məni dərin və qatı bir imana gətirdi ki, istər Şərqdə, istəsə Qərbdə bütün ictimai üsul və ictimai quruluş yalan, kobud arzu, güclülərin gücsüzləri əzməkləri üçün bir vasitədir; o şeyə ki, mədəniyyət, hürriyyət, müsavat deyilir, zəhərli bir yalan, alçaq bir riyakarlıqdır ki, onların sayəsində ancaq kobud zülm və haqsızlıq səltənəti qurula bilər. Bu üsuli-idarə yalan və riyakarlığı ilə davam etdikcə bəşəriyyətə qurtuluş yoxdur və bəşəriyyət zorakılığa məhkumdur. Ondan ötəri yeganə qurtuluş yolu hal-hazırda Rusiyada hakimiyyətdə olan ideallar sayəsində mümkündür. Mən bu hərəkatın rəhbərlərinə, bəşəriyyətin xilaskarlarına, məhəbbət və səadət üçün insanlığa doğru yol göstərən peyğəmbərlərə baxan kimi baxıram. Bu, Şərq üçün də yeganə qurtuluş yoludur. Şərqi əsarətdən xilas edəcək və onunla birlikdə Qərbi də qurtara biləcək yol budur”.

Məhrumiyyətlərlə dolu və ədalətsiz sürgün həyatı, Türkiyədə və Azərbaycanda Avropa imperialistlərinin yaratdıqları sarsıntı bir zamanlar Qərbi inkişafın, mədəniyyətin beşiyi sayan, Qərbdən öyrənməyə çağıran Ağaoğlunun dünyagörüşündə ciddi dəyişiklik yaradır. O, despotik, inkişafdan geri qalan Şərqi də, imperialist Qərbi də eyni qətiyyətlə rədd edir. İnanır ki, “bu üsuli-idarə öz yalan və riyakarlığı ilə davam etdikcə bəşəriyyətə qurtuluş yoxdur və bəşəriyyət fəlakətə məhkumdur”. Və nə qədər qəribə olsa da, Ağaoğlunun baxışı bu dəfə şimala, Rusiyaya yönəlir. O, insanlıq üçün qurtuluş yolunu bolşevik ideallarında, “Rusiyada hakimiyyətdə olan idealda” görür. Onun fikrincə, rus inqilabının rəhbərlərinin böyüklüyü onların imperialist istismar üsullarını rədd edərək qurmağa başladıqları yeni cəmiyyətdə “öz milli müqəddəratlarını təyin, millətlərin federasiyası və daxili işlərdə millətlərin müstəqil prinsiplərini” əsas tutmalarında idi. Ağaoğlu rus inqilabının ideallarını “Şərqi əsarətdən xilas edə biləcək və onunla birlikdə Qərbi də qurtara biləcək” bir qüvvət olaraq qiymətləndirirdi.

Bu məktubunda özünün əhvali-ruhiyyəsini duyğulu, həssas bir tərzdə ifadə edən Ağaoğlunun ziddiyyətli fikirləri şərh edən prof. Şahnəzər Hüseynova görə, onun marksist ideyalarına və Rusiyadakı inqilaba müsbət baxışının səbəbləri böhranlı sürgün illərinin çətinliklərində axtarılmalıdır. Belə bir psixologiyayla yazılmış olan məktubda bildirirdi ki: “Biz Şərq millətləri bütün varlığımızla bu ideallara qatılaraq Şərqdə onun bərqərar olmasına xidmət etməliyik. Xüsusilə, İslam Şərqi onu qəbul edəcək və bütün Asiyanı, Afrikanı öz arxasınca apararaq, Qərb dünyasını da onun qarşısında səcdə etməyə məcbur edəcək, zəhmətkeş sinfi istismar edən imperialistlərdən onu xilas edəcəkdir. Bu anlamda Bakı fövqəladə tarixi bir rol oynaya bilər. İslam Asiyasına yolun mərkəzində olan Bakı öz coğrafi və iqtisadi mövqeyinə görə bütün Asiyanın təbliğatı üçün əlverişli bir mərkəz halını ala bilər. Bu təbliğatı təşkil etmək bir vəzifədir”.

Ağaoğlu, istər Qərb, istərsə Şərq üçün əməkçi sinfin mənfəətlərini ifadə edəcək bir ideya axtarışında idi. O, islam dünyasında hər cür liberal-demokratik yönümlü inkişafı və hərəkatı dəstəkləyirdi. Təsadüfi deyildir ki, o, Türkiyədə Cümhuriyyətin quruluşunu, onun ilk prezidenti olan Atatürkün siyasi demokratik quruculuq ideyalarını, daxili və xarici siyasətini müdafiə edir, bu sahədə onun məsləkdaşı rolunda olduğunu söyləyirdi. Sovet diplomatı S.Aralov xatirələrində Ağaoğlunun dünyagörüşündə sosial-demokratik prinsiplərin varlığından bəhs edirdi. Ağaoğlunun mənəvi təkamülü Avropa mədəniyyətinin, universal fikirlərin, dünyanın böyük mütəfəkkirlərinin humanist düşüncələrinin, məhəlli-milli və islami dəyərlərin və onların zəminində şəxsi, subyektiv təhlil süzgəcindən keçmiş qənaətlərin qovşağında gerçəkləşmişdir.

Nəhayət, Ağaoğlu yalnız nəzəri mülahizələrlə, tarixi fikirlərlə kifayətlənmirdi. O, konkret fəaliyyət göstərməyə hazır idi və gənc Azərbaycan Sosialist Respublikasına xidmət etməyi təklif edirdi: “Möhtərəm doktor, əgər mənim nəzəriyyə və imanımın səmimiliyinə əhəmiyyət verib də bir fayda göstərəcəyimə inanırsınız, əmrinizi qəbul etmək üçün bir sözünüzü gözləyirəm. Açıq söyləyək: Məni bu işə yönəldən xüsusi bir səbəb də var. Mənim əlli bir yaşım vardır. Qocalığım yaxınlaşır. Bir neçə illik qüvvəm qalmışdır. Mən istəyərdim ki, bu illərimi doğulduğum vətənimə ithaf edim, son çağlarımı orada keçirim, vətənimin torpağında dəfn olunum”.

Məktubundakı fikirlərində Ağaoğlu nə qədər səmimi olsa da, tarixi bir gerçəklikdir ki, Nəriman Nərimanova bu sətirləri yazdığı sırada o, bir yol ayrıcındaydı. O, Ankara ilə Bakı arasında sıxışıb qalmışdı: “Məni Ankaraya çağırırlar və orada yenə geniş fəaliyyət imkanı verirlər. (..) Vətənim imtina edərsə, mən oraya gedirəm”.

F.Gülsevənin yazdığına görə, Ağaoğlu 28 may 1921-ci il tarixində İstanbula çatmışdı. Bu sırada N.Nərimanovdan aldığı cavab məktubunda Azərbaycana dəvət olunurdu. N.Nərimanov, Ağaoğlunu dərhal Bakıya, yeni hökumətdə yüksək bir vəzifəyə dəvət etmişdi. Görünən o idi ki, Türkiyəyə gəldikdən sonra Ağaoğlu “Azərbaycanmı, Türkiyəmi?” dilemmasında ikinciyə üstünlük vermiş, bütün türklərin qurtuluş yeri saydığı yeni Türkiyəyə xidməti amorf Sovet rejiminə qulluqdan üstün tutmuşdu. Bütün bunların nəticəsi olaraq doktor Nərimanova ikinci tarixi məktubunu yazmışdır.

Bu məktubunda N. Nərimanovun səmimiyyətini qiymətləndirən Ağaoğlu, onu Azərbaycana dəvət etdiyi üçün minnətdarlığını bildirir və dəvəti qəbul etməməsinin səbəblərini açıqlayır. N.Nərimanovdan fərqli bir siyasi görüşə bağlı olduğunu, ideologiyalarının fərqliliyini, onu Malta əsarətindən qurtaran Atatürkün öndərlik etdiyi milli qurtuluş mübarizəsində həqiqətən iştirak etmək arzusunu və istiqlal savaşına qoşulmağı özü üçün vicdani və insani bir borc gördüyünü ən önəmli səbəblər olaraq göstərir:

“Çox əziz və möhtərəm Nəriman bəyəfəndi.

Köhnə bir dost haqqında göstərdiyiniz böyük diqqətə görə çox minnətdaram. Lakin üç müxtəlif səbəb məni bu diqqətdən daşınmağa çağırır:

1. Təmsil olunduğunuz fikir sisteminə qatılmamağım,

2. Türklər üçün tək qurtuluş imkanının Osmanlı türklüyündə olduğu ilə bağlı köhnə fikir və qənaətim,

3. Məni əsarətdən qurtararaq mənə yenidən can və həyat vermiş olan Ankaraya getməyin bir namus borcu olduğu fikrim.

Bu üç düşüncə, məni doğma vətənim olan Azərbaycana gəlməkdən və mənə təklif olunan yüksək mövqeyi qəbul etməkdən məhrum edir. Hər şeydən əvvəl sizin kimi açıq fikir və doğruluğa qiymət verən bir şəxsin məni üzrlü hesab edəcəyindən şübhə etmirəm. Türklük bölünmə qəbul etməyən bir bütündür. Məqsəd ona xidmətdir. Bu xidmət harada edilsə mübarəkdir, müqəddəsdir. Sizin kimi doğru və səmimi bir şəxsin bütün Türk aləminin və xüsusilə Osmanlı türk mühitinin keçirməkdə olduğu bugünkü faciəli böhran arasında, Azərbaycanın başında durması, bütün Türk aləmi üçün xeyirli bir fürsətdir. Siz orada güclü bir mövqe sahibi olaraq, mən də Ankarada hökumətin təmsilçiliyində və ikimiz də daşıdığımız fikir və qənaətlər içində – hər şeyin üst qatında olan türklüyə xidmət! Məsafələrin uzaqlığına baxmayaraq bizi birləşdirəcək və məmnun edəcək məqsəd budur.

Əbədi gözlərinizdən hörmət və məhəbbətlə öpür, qardaşım ilə ailəsini yüksək himayənizə əmanət edirəm”.

Ağaoğlu N. Nərimanova yazmış olduğu sonuncu məktubundan bir neçə gün əvvəl Ankaraya, o zaman Milli Təhsil Naziri olan Həmdullah Sübhi (Tanrıöver) bəyə bir məktub yazaraq Ankaraya gəlmək istədiyini bildirmişdi. Bu məktubda Ağaoğlunun həyat amalı öz ifadəsini tapırdı – dünyanın harasında olursa-olsun, türklüyə xidməti ən müqəddəs vəzifə sayırdı. Bu vəzifə və hədəflər onu Anadoluya, milli mübarizənin içinə çəkirdi.

Hər iki məktubun tarixi və məzmunu təsdiq edir ki, Ağaoğlunun Rusiyadakı inqilab ideallarına marağı, orada cərəyan edən hadisələrin mahiyyətindən xəbərdar olmamasından, onları yaxından müşahidə edə bilməməsindən, bolşevik hakimiyyətinin əsl niyyətlərini gizli tutma bacarığından doğmuşdur. Əks halda, “panislamist”, “pantürkist”, “qatı Qərbçi” damğası vurulmuş bir insanın marksizmə və bolşevizmə “ideal” olaraq baxması məntiqə sığmayan bir haldır. “Şərqin tək dərmanı demokratiyadır” deyən bir şəxsin bu dərmanı Rusiyada axtarışının səbəbini həm yuxarıda qeyd etdiyimiz mümkünsüzlük və məlumatsızlıqda, həm də Qərb mədəniyyəti çevrəsinə mənsub imperialist dövlətlərin işğalçı siyasətlərinin amansız nəticələrində axtarmaq lazımdır. Çünki Ağaoğlu eyni dövrdə qələmə aldığı bütün yazılarında müasir mədəniyyətin demokratik prinsiplərini Qərbdə axtarmış, Avropa ölkələrinin ictimai-siyasi quruluşlarını, idarə və təşkilatlarını, düşüncə tərzlərini nümunə olaraq mənimsəmənin Şərq üçün qaçınılmaz bir zərurət olduğunu vurğulamışdır. Bu yolda – Qərb mədəniyyətini tam mənasıyla, bütün təşkilatlarıyla birlikdə qəbul etmək, “bu və buna bənzər fikirlərindən, iqtisadi və ictimai məsələlərdəki fərqli düşüncələri ilə bağlı başlanğıcda birlikdə olduğu islamçı və türkçü ziyalılarla fikir ayrılıqları yaşamış, başda İsmayıl Qaspıralı olmaqla Babanzadə Əhməd Naim, Süleyman Nazif, Yaqub Qədri, Şövkət Sürəyya Aydəmir və Mehmed İzzət tərəfindən kəskin şəkildə tənqid edilmişdir”.

Malta sürgünü ərəfəsində yazdığı “Üç mədəniyyət” əsərini nəzərdə tutaraq M. Ə. Rəsulzadə yazırdı ki, Osmanlı İmperatorluğunun I Dünya Savaşındakı müdhiş fəlakəti Ağaoğlunun həmişə daşıdığı düşüncə və tənqidlərini müəyyən bir sistem halında şəkilləndirməyə sövq etmişdir. Uzaq şərq Budda-Brahman mədəniyyəti kimi Yaxın Şərq İslam mədəniyyətinin də Qərb mədəniyyətinə qəti şəkildə məğlub olduğunu özünəməxsus iti bir əda ilə yazan Ağaoğlu bu risaləsində bizə fanatik bir Qərbçi sifətiylə təqdim olunmuşdur”.

Göründüyü kimi, həyatı boyunca gah “panislamist”, “pantürkist”, gah “qatı, fanatik bir qərbçi” və hətta bəzən marksizmə və bolşevizmə meyl edən bir fikir və siyasət adamı olaraq tənqidlərlə qarşılaşan Ağaoğlunun düşüncələrində, yazılarında göstərdiyi müəyyən aşırı tutumlar tarixi, ictimai, siyasi durum və Türkiyədə, Rusiyada, Azərbaycanda, ümumiyyətlə dünyada inkişaf edən hadisələrin sürətli dəyişimləri ilə izah olunmalıdır. Bu nöqtədə, ideallara bağlı olaraq sürətli dəyişmələrə şahid olan ictimai vəziyyət, daxili və xarici siyasət və hadisələrin gedişatı da nəzərə alınmalıdır. Çünki Ağaoğluna yönəldilən ittihamların tam və məntiqli bir əsası yoxdur. Bu ittihamların hər birini Ağaoğlu, əsərlərində dəfələrlə cavablandırmışdır. N.Nərimanova yazdığı məktublardan bir il sonra, 1922-ci ilin avqustunda bununla bağlı yazırdı: “Dünyada heç bir millət xarici siyasətini müsbət, daimi, dəyişməz əsaslar və prinsiplər üzərində qura bilməz. Çünki xarici münasibətin mahiyyət və istiqaməti tək o millətin iradəsinə tabe deyildir. Bu iradənin xaricində zühur edən bir çox amil və hadisələr hər gün o münasibəti poza bilər və siyasətçilərin əsas vəzifə və bacarıqları bu hadisələri vaxtında müşahidə edib qiymətləndirmək, mənsub olduğu məmləkətin siyasətini ona uyğun yönləndirə bilməkdən ibarətdir. Dünənki düşmən bu gün dost ola bilər və əksinə bugünkü dost sabah düşmən ola bilər. Ona görə də aramızdakı Şərq və Qərbə aid fikir müxtəlifliyi sırf xarici siyasət sahəsilə məhdudlaşarsa, belə bir ixtilaf məmləkətə heç bir zərər və ziyan gətirməz. Biz bu gün Şərq siyasəti tərəfdarıyıq. Çünki məmləkətin mənafeyini bunda görürük və bugünkü şərait davam etdiyi, Şərq toplumunda və xüsusilə Rusiyada bugünkü vəziyyət davam etdiyi müddətcə, bu siyasətin tərəfdarı olacağız. Lakin sabah hər hansı bir səbəbdən, məsələn Rusiyada qarşı tərəf iqtidara gələrək imperialist siyasət həyata keçirərsə, dərhal siyasətimizin dəyişməsini istəyərəm. Çünki o zaman bugünkü siyasətin məmləkətim üçün çox ziyanlı olacağına da tamamilə əminəm.”

Aydın görünür ki, həm fikir adamı, həm də siyasət adamı olaraq Ağaoğlunun məqsədi birdir: türklüyə xidmət, dəyərlərə sahib çıxmaq şərtilə müasir mədəniyyəti mənimsəmək və demokratik prinsiplərə söykənən bir cəmiyyət qurmaq. “Ürəklə, hisslə Şərqli olmaq, beyinlə, baş ilə Qərbli olmaq; bizim məmləkətimiz üçün arzu etdiyimiz ən yüksək ideal və təsəvvür edə bildiyimiz yeganə nicat yolu! Bir sözlə, dəyərlər etibarilə türk-islam qalmaq və mədəniyyət etibarilə də Avropalı olmaq istəyərəm”.

Şübhəsiz Əhməd Ağaoğlu kimi böyük bir həyat dramı yaşamış, təcrübəli bir siyasət adamının Azərbaycana gedərək orada fəaliyyət göstərmək istəməsi, hər şeydən əvvəl onun vətənpərvərliyinin göstəricisi idi. Bolşevik ideallarının insanlığı xilas edə biləcəyi mövzusundakı düşüncələrinə gəlincə, bu təbii ki bir aldanış idi; həm də ümidsizlikdən doğan bir aldanış. Bolşeviklər iqtidara gəldikləri ilk dövrdə son dərəcə cazibədar görünən şüarların arxasında gizlənərək bir müddət özlərini əzilənlərin dostu, köləliyin, zülm və istismarın qətiyyətli düşməni olaraq tanıtmışdılar. O illərdə Sovet Rusiyasındakı hadisələri dərindən bilməyən Ağaoğlu da ilk mərhələdə bolşevik şüarlarının bu zahiri cazibədarlığına qapılmış ola bilərdi.

Əhməd Ağaoğlunun mübarizəsinə və ideallarına zidd olan ilk məktubuyla əlaqədar olaraq əhəmiyyətli bir detala – məktubun kimə göndərildiyinə də diqqət yetirmək lazımdır. Ağaoğlu, Nəriman Nərimanovu kifayət qədər yaxından və yaxşı tanıyırdı; fikir və ideallarına necə dərindən bağlı bir insan olduğunu bilirdi. İnanırdı ki, Nəriman Nərimanov liderlik naminə öz prinsiplərindən vaz keçməzdi. Bu baxımdan Ağaoğlu Sovet Azərbaycanında doktor Nərimanovun rəhbərliyi altında xalq və millət üçün çalışmağı mümkün saymışdı. Və nəhayət, unutmayaq ki, məktub Romadan, iki ildən uzun müddət davam edən sürgün həyatından sonra, yetərincə üzərində düşünməyə fürsət olmadan və təhlil edilmədən yazılmışdı.

ATƏŞKƏS VƏ SÜRGÜN XATİRƏLƏRİ

Batumdan İstanbula gediş

1918-ci il birinci kanunun (dekabr) səkkizi idi. Paris konfransına gedən Azərbaycan heyəti ilə birgə İstanbula getmək üçün Bakıdan ayrıldım.

İkinci günü Tiflisə gəldik; Azərbaycan hökumətini türk olduğu üçün tanımayan Müttəfiq dövlətlər Tiflisdəki gürcü hökumətini tanımışdılar və onlarla əməkdaşlıq edirdilər. İki gün Tiflisdə qaldıqdan sonra Batuma gəldim.

Batumda vəziyyət qarışıqdır. Küçələr ingilis və türk zabit və əsgərləri ilə doludur; məğlub tərəflə qalib tərəf arasında və hər yerdə çox ağrılı olan təslim və təhvil işləri aparılır. İngilislər silahla birlikdə əsgərlərimizin əlində nə tapsalar götürməyə çalışırlar. Yerli xalq bundan çox mütəəssirdir; çox ağlayanlar gördüm. Qubernator Cəmil bəy də (bu gün Ankara hüquq fakültəsi müdiri və beynəlxalq hüquq professoru) bizimlə birlikdə İstanbula dönür.

Başsız Batum xalqı nə edəcəyini bilmir. İngilislər şəhərin idarəsini iki rum, erməni və müsəlmandan ibarət qarışıq bir heyətin əlinə veriblər; halbuki əhalinin yüzdə səksəni müsəlmandır. Lakin bunlar arasında birlik yoxdur; Sancaqzadə Mehmedin rəhbərliyi ilə qurulmuş olan Milli Gürcü Firqəsi Batumun və ümumi Acarıstanın Gürcüstanla birləşməsini istəyir; buna qarşı xalqdan olanlar isə müsəlman Acarıstanın varlığını qorumaq istəyirlər; lakin birincilər qədər təşkilatları, vəsaitləri yoxdur; bir tərəfin əlində türkcə bir qəzet olduğu və bu qəzet ilə öz fikirlərini təbliğ etdiyi və Gürcüstan dövləti tərəfindən dəstək gördüyü halda o birilərin əlində bir şey yoxdur; bizə müraciət etdilər; yenə onlara dərhal milli bir məclis ilə bir hökumət layihəsi hazırlamalarını tövsiyə etdik; lakin əllərində pul da olmadığından Azərbaycan heyəti onlara bir miqdar pul verdi və Azərbaycan hökumətinə bu təşkilatı dəstəkləməsi istiqamətində bir tövsiyə kağızı da yazdı; onsuz da Azərbaycanın Batumdakı konsulu olan doktor Mahmud Bilofun bu istiqamətdə çox böyük köməyi və xidmətləri var idi.

Beş gün Batumda qatarın içində qaldıqdan sonra Avstraliyanın “İndia” adında transatlantik gəmisi ilə İstanbula doğru istiqamət aldıq. Gəmidə ingilislər bizlərlə çox yaxşı rəftar edirdilər. Bolluca yedirib-içirirdilər. Və qəribəsi də budur ki, qarşılığında pul da almırdılar.

8 dekabr (Birinci Kanun) 1918

Bəyoğlu Şən Şatır, Haliçdən sonrası sanki bir məzarlıq

Mən İstanbulun Atəşkəsdən sonrakı halını yalnız Boğaziçinə girdiyim zaman anlamağa başladım, gördüyüm mənzərələr çox kədərli idi: İstehkamlarda yalnız ingilis zabitləri idi! Hər tərəfdə əcnəbilər gəzib-dolaşırdılar, hər tərəfdə əcnəbi bayraqları yellənirdi; sahilə yaxınlaşdıqca bu mənzərənin ağrısı da artırdı; artıq görürdüm ki milli hakimiyyətdən əsər qalmamışdır; hər yerdə hakim əcnəbilər! Başım dönür, ürəyim parçalanırdı.

İstanbula səhər saat on birdə gəldik; lakin gəmi körpüyə yan ala bilmədi. Üsküdar qarşısında bizi axşam saat yeddiyə qədər saxladılar; hava yağmurlu, soyuq idi. Nəhayət bir qayıq gəldi, bizi aldı. Qayığın üstü açıq olduğundan sümüklərimə qədər islandım.

Gəminin içində bizimlə bu qədər əfəndicə rəftar edən ingilislər indi tərzlərini tamamilə dəyişdirmişdilər! Kobud və sərt olmuşdular. Görəsən öz əzəmət və hakimiyyətlərini xatırlatmaq üçünmü? Sahilə yanaşar-yanaşmaz önümüzə bir neçə ingilis zabiti dikildi. Bir-bir adlarımızı soruşdular, bizi açıq və çirkli bir yük maşınına mindirdilər. Bizimlə birlikdə gürcü və erməni heyətləri də vardı; Gürcü heyətinin içində Sereteli və Çxeidze kimi rus inqilabında iştirak etmiş məşhur adamlar da vardı. Beləcə bizi bir sürü toyuq kimi bir-birimizin üstünə yerləşdirdikdən sonra yük maşını, Bəyoğluna doğru getdi, ingilis səfirliyinin qarşısında dayandı, orada bizi pilləkənlər üzərində saatlarla gözlətdikdən sonra on birə doğru, sabah səfirliyə gəlmək şərtilə indilik gedə biləcəyimizi söylədilər. Bu da ingilislərə məxsus əzəmət nümayiş etdirmənin bir başqa tövrü idi!

Dərhal Perapalasa qaçdım, oradan heç bir şeydən xəbəri olmayan ailəmə İstanbula gəldiyimi telefonla xəbər verdim və bir avtomobilə minərək Şahzadəbaşındakı evimə getdim.

İstanbulun göyü qara buludlar ilə örtülmüşdü. Şiddətli və fırtınalı bir yağış şəhəri yuyub-islatmışdı, artıq yağış kəsmişdi. Lakin yağış damlaları bir duman pərdəsi kimi havada sanki asılı qalmışdı.

Buna baxmayaraq Bəyoğlu tərəf şən əhvali-ruhiyyədə idi, bütün evlər, mağazalar, otellər və restoranlar sanki böyük bir bayram imiş kimi ağzına qədər dolu idi. İngilis, fransız və yunan bayraqları evlərin dirəklərindən, mağazaların qapılarından sallanır, küçələr başdan-başa insanla doludur. Gəzişənlər arasında xaki paltarları ilə, ədalı və qürurlu yerişləri ilə hər kəsin diqqətini çəkən ingilis zabitləri qızğın-qızğın danışırdılar, söyüşlər yağdıran fransız əsgərləri, sərxoş yunan dənizçiləri bir-birlərinə girirlər. Hərdənbir bir fransız dəstəsi musiqi ilə küçədən keçir, insanlar alqışlayır, “yaşasın Fransa”, “yaşasın İngiltərə”, “yaşasın Yunanıstan” bağırtıları qopur. Bəzən bir dəstə gənc rum vətənpərvər mahnılar oxuyaraq insanların içindən keçir və bütün evlərin pəncərələrindən, dükan və mağazalardan “zito! zito!” səsləri yüksəlir.

Küçələrdə fəsli papaqla (Osmanlı dövründə kişilərin başlarına qoyduqları papaq) gəzənlər demək olar ki, yoxdur. Hərdənbir yolunu çaşmış bir papaqlı görünərsə, dərhal gizlənməyə, qaranlıq yan küçələrdən birində daldalanmağa çalışır. Bunu vaxtında edə bilməyənin dərhal papağı alınır və gülüş, qəhqəhə və təhqirlər altında parçalanaraq havaya tolazlanırdı.

Şəhərin Bəyoğlu tərəfi əyləncələr içindəykən, Haliçin o biri tərəfi başqa bir mənzərəyə şahidlik edirdi. Eminönündən Topqapıya və Eyüpə qədər bütün o geniş ərazi sanki bir məzarlıqdı! Küçələr dərin bir qaranlıq içinə çökmüş, kimsəyə rast gəlmək olmurdu! Bağlı pəncərələrdən gələn zəif işıqlar, məzarlar üzərində yanan şamları xatırladırdı, insan səsi eşidilmirdi. Ara-sıra tərk edilmiş bir pişiyin ağrılı miyoldamaları, sahibsiz itlərin ümidsiz hürmələri insana izah edilməsi çətin bir vəhşət hissi verirdi. İstanbul sanki yerin dibinə girmişdi; Yeniqapıdan Eyüpə qədər sıralanan o möhtəşəm abidələr, köhnə xarabalar arasında yıxılmış məbədlərin dağıntılarını xatırladırdı. Bu nəm hava, bu boş və qaranlıq küçələr, məbədləri bürümüş bu ələm, ardı-arası gəlməyəcək bir fəlakət və matəm hissi ilə insanı içindən ürpədirdi; lakin bu, tək bir matəm də deyildi: Evlərinə tıxanmış, xariclə əlaqəni kəsmiş türklər, dünyadan da gizlənir, insanlardan da çəkinirdilər! Bəli! Haliçin bu tərəfi həm utanır, həm içindən özünü yeyir! Və bu hal onun küçələrinin daşlarında, evlərin bağlı pəncərələrində, məscidlərinin minarələrində açıq-aşkar görünürdü! Hər şey başını aşağı dikmiş, çəkinir və içindən ağlayırdı! Mən də aylardan bəri ayrıldığım ailəmə utanaraq, ağlayaraq qovuşdum!

21 yanvar (ikinci Kanun) 1918

İzzət bəyin bütün məqsədi İttihadçılarla “mübarizə” aparmaqdır

Bu gün İstanbul qəzetləri mənim İstanbula gəldiyimi yazırlar.

Azərbaycanda olduğum sıralarda burada keçmiş olan hadisələr haqqında yavaş-yavaş məlumatlar əldə edə bilirəm.

İttihad və Tərəqqi Cəmiyyəti öz-özünü buraxmışdır. Rəhbərləri Avropaya getmişdir. İzzət Paşanın kabineti istefa vermişdir; səbəbi padşahın Cavid bəylə Xeyri Əfəndinin kabinetdən çıxarılmalarını tələb etməsi və İzzət Paşanın buna razı olmaması imiş.

İzzət Paşanın yerinə sabiq London səfiri Tofiq Paşa gətirilmişdir. Daxili işlər nazirliyini Nafia naziri (yenidənqurma və abadlıq işlərinə baxan) İzzət bəy müvəqqəti idarə edir. Bu İzzət bəyi mən Azərbaycandan gələrək təbiiyyətimi (yaşayış yerimi, vətəndaşlığımı) dəyişdirdiyim zaman tanımışdım: O zaman bu işlərlə məşğul olan idarənin müdiri idi. İndi bu adam əcnəbilərin göstərişlərini yerinə yetirməklə bütün səyini İttihadçılarla mübarizəyə sərf etmişdir.

22 yanvar (İkinci Kanun) 1918

Türk əhaliyə qarşı hər cür təhqir və zorakılıqlar

Fransızca “İstanbul” qəzeti haqqımda söyüş və təhqirlə dolu bir məqalə nəşr etdi; yenə fransızca çıxan “Kurie də Türkü” adındakı qəzetdə sərt bir cavab verdim.

Ertəsi günü şiddətli bir ispan qripinə tutularaq yatağa düşdüm: qrip sətəlcəmə çevrildi. 40 dərəcə qızdırma ilə on dörd gün huşsuz halda qaldım; lakin təhlükəni sovuşduraraq, yataqda qəzetləri yenidən oxumağa başladım. “Aləmdar” qəzetində Rəfi Cavad, “Sabah”da Əli Kamal İttihadçılara od püskürürdülər. Eyni zamanda İttihadçıların həbslərinə başlanmışdı; indidən Hüseyn Cahid, Ziya Gökalp, Rəhmi, Hacı Adil, Kamal bəygil və Vehip Paşa və başqaları tutulmuşdular.

Buna baxmayaraq qəzetlər yenə məmnun deyildirlər. Bunlardan bir qismi Tofiq Paşanı İttihadçılara qarşı zəiflikdə, digərləri isə ümumiyyətlə ləyaqətsizlikdə ittiham edirdilər.

Cəlal Nuru və Əhməd Emin bəylər kabineti müdafiə edirlər. Cəlal Nuru bəy Əli Kamalın jurnallarını nəşr etməyə başlayır.

Lakin Əli Kamal, Rəfi Cavad sonda uduzdular. Tofiq Paşa kabineti buraxıldı. Yerinə sırf İtilafçılardan yazan Damad Fərid Paşa, Əli Kamal və Mustafa Səbri kabineti gəldi və dərhal İttihadçıların ovuna çıxdılar. Sabiq sədrəzəm Sait Həlim Paşa, Ayan9 Rəisi Rüfət bəy, sabiq vəkillərdən Şükrü, Əhməd, Nəsimi, İbrahim, Xəlil, Əli Münif, Fəthi bəylər ilə sabiq deputatlardan Həbib, Əli Qalib, Həsən Fəhmi bəylər və Ayan baş katibi Müştak bəy həbs edildilər. Cəlal Nuru bəylə Əhməd Emin bəy də tutuldular.

Bu aralarda ayan rəisi Əhməd Rza bəylə ayandan Çürüksulu Mahmud Paşa “Milli Blok” adlı bir cəmiyyət qurmağa çalışırdılar. Lakin “Müttəfiqlərin” mətbuatı onlara qarşı təbliğat müharibəsinə qalxdılar.

Yenə bu aralarda vəliəhd, fransız qəzetlərinə müsahibə verir. Bu müsahibə başdan-başa bir ayıb, qəbahətdir! Yabançılara xoş görünmək üçün onları tərifləyir və müttəfiqlərə qarşı çıxanları, yəni bütün milləti aşağılayır.

İstanbulda hökumət İttihadçılarla mübarizə aparırkən rum və ermənilər həm şəhərin içində və həm də şəhərdən qıraqda min bir rüsvayçılıq edirdilər. İstanbuldan qıraqda rum və erməni şəbəkələri qəsəbələri basaraq, türk xalqını soyub-talamaqda idilər. Şəhərin içində türklərə qarşı hər cür təhqir və zorakılıq hökm sürür.

Həyasızlıq o dərəcəyə çatmışdı ki, rum və ermənilər, keşişləri başda olmaqla toplantılar keçirir, Osmanlı tabeliyindən çıxdıqlarını bəyan etmək üçün Paris konfransına bir heyət göndərməyə qərar verirlər.

14 mart 1919

Həbslər

Dünən Naciyə Sultanın və vəliəhdin Dolmabaxçadakı mənzilləri fransız zabitlərinə verildi: işğalçı ordu evlərin zəbt olunması ilə bağlı mərasim düzənləmirlər. Zabitlər istədikləri evin bir neçə saat içində təslimini tələb edirlər; verməyənlər həm cərimə edilir və həm də zorla çıxarılırlar. Ev sahibi evi evdəki əşyalarla birlikdə tərk etməlidir!

Mən, xəstəliyim tamamilə sağalmadığı üçün çölə çıxa bilmirəm, lakin dünən axşam bir neçə əsgər və polis gəlib gecəni bizim bağçada keçirdilər. Səbəbini soruşduqda, eşitdiklərinə görə evə oğru gələcəkmiş, bizi qorumaq üçün burdaymışlar! Mən məsələnin nə yerdə olduğunu anladım, lakin ailəmə sezdirmədim. İkinci günü bir hökumət doktoru gəldi, məni müayinə etdi, doktor hələ çölə çıxmağımın təhlükəli olduğunu yazdığı halda məni qapalı bir avtomobilə mindirib Eminönündəki polisə apardılar.

Polis müdiri miralay Xəlil bəydir. Məni nəzakətlə, hörmətlə qarşıladı. Həbs ediləcək şəxslərlə bağlı tərtib edilmiş rəsmi siyahıda adım yox idi, lakin əcnəbilərin məni tutmaq təşəbbüsündə olduqlarını və buna görə də dövlətin şərəfini və mənim təhlükəsizliyimi təmin etmək üçün bura gətirildiyimi söylədi. Bundan əvvəl iki dəfə İtilaf və Hürriyyətçilər tərəfindən eyni hiylə və yalanla həbs olunduğumdan bu sözlərə təbii heç bir dəyər vermədim; polis müdiri bu sözləri söylədikdən sonra məni tərk edib yandakı otağa girdi. Dərhal otağa bir fransız zabiti ilə bir vətəndaş girdilər. Fransız zabiti mənə üzünü tutub:

– Ağayev sizmisiniz?

– Bəli!

Zabit təkəbbürlü bir vəziyyət alaraq çirkin və məğrur bir səslə bu sözləri söylədi:

– Ümum müttəfiqlər orduları komandiri general Franşe Desperenin əmri ilə həbs edilirsiniz.

– Amma nə üçün?

Zabit kəskin bir əda ilə: “İzahat verəcək deyiləm”, – dedi və arxasını çevirərək yanındakı erməni sandığım adamla getdi.

Məni bir polis yuxarı mərtəbədəki məhbusların yanına apardı!

Burada Sədrəzəm Sait Həlim Paşadan tutmuş bir çox İttihadçıları tapdım; onlar da məni görər-görməz: “Yahu hardasan? Çoxdan gözləyirik!” – deyə qarşıladılar. Evdən mənə yatacaq və yemək göndərdilər.

İndi mən düşünürəm: görəsən mən düşməninmi, yoxsa İtilaf və Hürriyyət hökumətininmi məhbusuyam!

Bu cəhəti anlamaq üçün Xəlil bəyə bir məktub göndərdim və özü ilə görüşmək istədiyimi söylədim.

Məni çağırdı və dünənki nəğmələri yenə təkrarladı və bunu əlavə etdi: “Əmin olun ki, hökumətin sizə qarşı pis bir niyyəti yoxdur. Hər kəs sizi tanıyır, mən özüm də belə bir məqsədə alət ola bilmərəm; onsuz da burada hökumətə baxmayaraq öz gücümlə duruş gətirirəm. Vətənim üçün narahat olmasaydım, mən bu adamlarla birlikdə çalışmazdım; əmin ola bilərsiniz, hamısı sizi qurtarmaq üçün edilmişdir!”

Eyni gün həbsxanaya admiral Qaltropun yanında məmur olan dənizçi bir zabit gələrək bizə əcnəbilərin qızğınlıqlarının sırf Tofiq və Fərid Paşa kabinetləri tərəfindən hazırlandığını söylədi və bunu təsdiq üçün bu izahatı verdi: sülh anlaşmasında quruya əsgər çıxarılacağına aid heç bir maddə yoxdur. Bundan başqa sülh anlaşmasının imzalanmasından sonra admiral Qaltrop Tofiq Paşaya bu tərcümədə bir teleqraf göndərdi: “Türklərin izzəti-nəfsi millilərinin təhqir edilməyəcəyinə və quruya əsgər çıxarılamayacağına aid zati-alilərinə təminat vermək üçün hökumətimdən əmr aldım”. Halbuki fransızlar əsgər çıxardılar və əsgərlər gəmiyə geri dönmədilər və teleqraf Tofiq Paşanın əlindəykən bu hadisəyə etiraz etmədi. Bu susqunluqdan sonra italyanlar və ingilislər də istər-istəməz əsgər çıxardılar. Admiral Qaltrop Tofiq Paşa ilə görüşdüyü zaman zabitin dediyinə görə paşaya bu sözləri söyləmişdir: “Sizdə görəsən etiraz edəcək bir söz də mi yoxdu!”

19 mart 1919

Bəkirağa bölüyündə

Bu gün polis müdiriyyətindən Bəkirağa bölüyünə göndərildik. Nazirlər ilə birgə bir salona yerləşdirildik: həbsxana İttihadçılar ilə doludur. Komandirlərdən zabitlərə, nazirlərdən deputatlara, professorlardan yazıçılara, tacirlərə qədər İttihadçılıqla məşhur olanlar buraya gətirilmişdilər.

Həbsxana müdiri Əli bəyin tabeliyindəki zabitlər çox tərbiyəli və nəzakətli insanlardır. Bizə qarşı çox qayğıkeş və hörmətlidirlər. Şikayət olunacaq bir tək rəftar, davranış görmədik.

Bizdən əvvəl həbsxanaya Əhməd Emin və Cəlal Nuru bəylər də gətirilmişdilər: Lakin mətbuatın bununla bağlı yaratdığı səs-küyün təsiri ilə hökumət onları zaminə buraxaraq və üç gün müddətində məmləkəti tərk etmək şərtiylə həbsdən çıxardı: Cəlal Nuru bəy italyan pasportu əldə edərək İtaliyaya getdi; Əhməd Emin Bəy isə yerindən tərpənmədi.

Avropadan alınan məlumatdan aydın olurdu ki, qalib dövlətlər arasında nifaq vardır. Digər tərəfdən erməni və rum kimi millətlərin iddialarında bir çox mübaliğələrin Avropa tərəfindən təqdir olunmağa başladığı görünür; ərəblər arasında da birlik yoxdur; Faysal bəy, bütün ərəblərin özlərinin idarəsi altında olmalarını istədiyi halda Şükrü Qanem də “səhradan gəlmiş bədəvilərin idarəsi altında olmaqdansa türkləri seçirik” deyir. Fransızlar suriyalı Şükrü Qanemi, ingilislər də Faysal bəyi dəstəkləyirlər. “Taymis”10, “Tan”, “Deyli Meyl” qəzetləri də kiçik millətlərə nəsihət verərək ədəbsiz bir şəkildə xəyallara qapılmamalarını tövsiyə edir. Buna baxmayaraq İstanbuldakı ermənilərlə rumların, Avropanı bir fakt qarşısında saxlamaq niyyətində olduqları söylənilir.

Fransızca “İstanbul” qəzeti mənim köhnə məqalələrimi tərcümə edərək Klemanso11 haqqında yazmış olduğum hissələri çap edir və bu səbəbdən həbs edilməyimin haqlı olduğunu yazır.

Cavab verdim və fransız şairinin ingilislər haqqında yazdığını dəlil göstərərək yenidən müharibəyə başlarsa yenə eyni şeyləri yazmaqda tərəddüd etməyəcəyimi “İstanbul”un üzünə vurdum.

20 mart 1919
1.Tanzimat – islahat deməkdir və özündə verilən yeni qaydaların tətbiqi və həyata keçirildiyi dövrü ehtiva edir.
2.Self-determinasyon qanunu – millətlərin öz müqəddəratını təyin etməsi.
3.Antanta – Almaniya tərəfindən gözlənilən təcavüzə qarşı 1904-1907-ci illərdə yaradılmış B. Britaniya, Rusiya, Fransa ittifaqı. Sonralar 1915-ci ildə İtaliya və Yaponiya da bu ittifaqa qoşuldu.
4.“Kanun”, ay adı olaraq, dekabr ilə yanvar aylarının əski adıdır. Yanvar –Ocak anlamına gələn كانون qanun sözündən irəli gəlir. Dekabr – aralık ayına 10 yanvar 1945 tarixli rəsmi qəzetlərdə yayımlanan qanunun qüvvəyə minməsindən öncə; “Kanuni-evvel”, “İlkkanun” ya da “Birincikanun”; Yanvar – Ocak ayına isə “Kanunisani” ya da “İkincikanun” deyilirdi.
5.Kaymakam – Türkiyədə inzibati-ərazi bölgüsü olan ilçə rəhbərlərinə deyilir.
6.Çanaqqalanın Böyük Anafarta və Kiçik Anafarta kəndlərinə yaxın bir mövqedə böyük bir zəfər qazandığı üçün Mustafa Kamal Paşaya verilən ad.
7.16 iyul 1915-ci il tarixində qəzetçi, yazıçı və şairlərdən ibarət olan bir qrup müharibə bölgəsini ziyarət etmək üçün İstanbuldan Çanaqqalaya getmişdi. Bunlar arasında Həmdullah Sübhi (Tanrıöver), Ömər Seyfəddin və Mehmed Emin (Yurdakul) kimi şəxslər də vardı.
8.İlk sərbəst buraxılanlar 40 nəfər idi. Ziya Gökalp, Xəlil Menteşə və Hüseyn Cahid Yalçın da bunların arasında idi.
9.Osmanlı İmperatorluğunda şəhər və qəsəbələrin nüfuzlu şəxsləri.
10.Böyük Britaniyanın gündəlik “Times” qəzeti nəzərdə tutulur.
11.Georges Clemenceau (1841-1929) – fransız dövlət xadimi və siyasətçisi. 1917-ci ildə baş nazir olmuş və I Dünya müharibəsində Sülh Konfransı rəhbərliyinə gətirilmişdir.

Bepul matn qismi tugad.

13 430,24 s`om
26 860,49 s`om
−50%
Yosh cheklamasi:
16+
Litresda chiqarilgan sana:
18 oktyabr 2022
Hajm:
240 Sahifa 1 tasvir
ISBN:
978-9952-8451-1-6
Mualliflik huquqi egasi:
JekaPrint
Yuklab olish formati:

O'xshash kitoblar