Kitobni o'qish: «Xristofor Kolumb»
Sahili gözdən itirməyə cəsarəti çatmayanlar okeanı keçə bilməzlər.
Xristofor Kolumb
Kolumbun vətəni haradır
Yeddi yunan şəhəri özünü Homerin vətəni hesab edib. Bu baxımdan Xristofor Kolumbun bəxti daha çox gətirib. Müxtəlif vaxtlarda iyirmi altı «namizəd» (on dörd İtaliya şəhəri və on iki xalq) görkəmli səyyahla bağlı bu cür iddiaya düşüb. Axırda Genuya bu çoxəsrlik mübahisədə üstünlük qazanıb. Bununla belə, tarixə «Dənizlər və Okeanlar Admiralı», yaxud sadəcə «Admiral» kimi düşən Kolumbun vətəni və milli mənsubiyyəti haqqında mübahisələr hələ də davam etməkdədir.
Maraqlıdır ki, Kolumbun genuyalı mənşəyinə, 1451-ci il oktyabrın 27-də Genuyada doğulduğuna çoxlarının şübhəsi olmayıb. Genuyalı olduğunu hətta onun özü də dəfələrlə deyib. Tarixi ədəbiyyatda iz qoyan bütün müasirləri bununla razılaşıb. Ən azından doxsan tarixçi, ədəbiyyatçı və dövlət xadimi (onların əksəriyyəti Kolumbu şəxsən tanıyıb) Yeni Dünyanı kəşf edən bu böyük səyyahın Genuyadan olduğunu qətiyyətlə təsdiq edib.
Uşaqlığı və yeniyetməliyi barədə heç bir məlumat olmayan Kolumbun genuyalı mənşəyini ilk dəfə şübhə altına alan onun öz doğma oğlu, eyni zamanda bioqrafı Fernando Kolondur. Kolon atasının şəcərəsinə cidd-cəhdlə məşhur adamlar daxil etmək istəyib. Lakin Genuya bu cür eksperimentlərə yaramırdı, çünki az-çox məşhur ailələr arasında belə soyada rast gəlinmirdi. Odur ki Kolon görkəmli səyyahın babalarını İtaliyanın Pyaçenza şəhərinə aparıb. Bunun səbəbi sadə idi: XIV–XV əsrlərdə orada Kolumb nəslindən hansısa tanınmış adamlar yaşamışdılar…
Çətini başlamaqdır. Fernando Kolon tezliklə başqa tarixçiləri də bu işə həvəsləndirib. Mübahisəyə ilk olaraq italiyalılar qoşulublar. Onların hamısı böyük dənizçini öz yerlisi sayıb; kimisi Kolumbun Savonada, kimisi Koqoletoda, ya Lombardiyada, Romada, Livornoda doğulduğunu sübut etməyə çalışıb.
Sonra mübahisəyə fransız və ingilislər qoşulublar. Fransalı vəkil Jan Kolomb 1967-ci ildə özünü onun nəslindən sayıb və şəcərənin fərqləndirmə nişanına (gerbinə) yiyələnib. İngilis Çarlz Mollou isə 1682-ci ildə bəyan edib: «Kolumb İngiltərədə doğulub, ancaq Genuyada yaşayıb».
XIX əsrin yetmişinci illərində iki korsikalı abbat1 Kolumbun Korsikanın Kalvi şəhərində doğulduğunu iddia edib. Abbatlar Kolombo soyadını daşıyan yerli sakinlərin görkəmli Admiralın nəslindən olduğunu bildiriblər.
1879–1887-ci illərdə Fransa prezidenti olmuş Jül Qrevi hakimiyyətinin beşinci ilində Korsika bölgəsində yerləşən Kalvi şəhərinin baş meydanında Kolumbun abidəsinin qoyulmasına qərar verib. Lakin çox keçməyib ki, korsikalılar deyiblər: «Korsikada görkəmli şəxsiyyətlər kifayət qədərdir. Napoleon bəsimizdir, Kolumbu Genuyaya verək».
XIX əsrin sonu, XX əsrin əvvəllərində dünya artıq imperializm əsrinə qədəm qoyub və hər yerdə şovinist əhval-ruhiyyə qızışmağa başlayıb. Bu ovqat kolumbşünaslardan da yan keçməyib. İspaniya Kolumbu ispaniyalı, Portuqaliya portuqaliyalı, İsveçrə isveçrəli, Amerika amerikalı elan edib. Hətta Amerikada Kolumbun müəmmalı şəkildə Avropaya getmiş və sonra Köhnə Dünyanın insanlarına Amerikanın yolunu göstərən hindu olduğu fikrini irəli sürənlər tapılıb. Çox keçmədən yarışa danimarkalılar, almanlar, yəhudilər, polşalılar da qoşulub.
Bu məsələdə bəzən coğrafi «əlamətlər» də rol oynayıb. Bir alman sübut etməyə çalışırdı ki, Kolumb Kölndə doğulub. Bu şəhərin latınca adı Koloniyadır. Buna görə ispanlar görkəmli dəniz səyyahını Kolon adlandırıblar.
XIX əsrin sonunda Qalisiyadan olan tədqiqatçı Selso Qarsiya de la Ryeqonun «kəşfi» sensasiyaya səbəb oldu. O, doğma şəhəri Pontevedrada maraqlı sənədlər tapdı. Mətndən aydın olurdu ki, XV əsrdə Pontevedrada Kolonlar (İspaniyada Kolumbu məhz belə adlandırıblar) ailəsi yaşayıb. Ailə başçısının adı Domeniko, oğlanları Kristobal və Bartolomeo, evin xanımı isə Fontanarossadır. Bir sözlə, Kolumbun, az qala, bütün ailə üzvləri göz qabağındadır. Yalnız adlar ispan deyiliş tərzində səslənir. Üstəlik, de la Ryeqo Kolumbun öz məktublarını Qalisiya2 dialektində yazdığını söyləyib.
O, 1898-ci ilin dekabrında Madrid coğrafiya cəmiyyətinin konfransında məruzə söyləyib, dörd il sonra isə öz kəşfi haqqında məlumatı çap etdirib. Bir çox kolumbşünaslar qalisiyalını kəskin tənqid ediblər. Xüsusilə qalisiya dialekti ilə bağlı… Kolumbun məktublarında portuqal sözlərinə çox rast gəlinir, ancaq bu heç də təəccüblü deyil, çünki on il Portuqaliyada yaşayıb. Üstəlik, Qalisiya dialekti də portuqal dilinin əsasında yaranıb.
Vaxt keçdikcə Qalisiya versiyası yeni tərəfdarlar qazandı. Axırda məsələyə İspaniya Elmlər Akademiyası qarışdı. Məlum oldu ki, məktublarda heç bir konkret ad yoxdur, sadəcə de la Ryeqo çətin oxunan abreviatur inisialları3 öz bildiyi kimi yozub.
Kolumbun kataloniyalı olduğu barədə fərziyyənin yaradıcısı isə katalon mənşəli perulu Lima Luis Ulyoadır. O, 1927-ci ildə Parisdə «Xristofor Kolumb – katalondur. Amerikanın kəşfi haqqında həqiqətlər» kitabını nəşr etdirib və sübut etməyə çalışıb ki, genuyalı Xristofor Kolumb adlı adam olmayıb. Həmin adam əslində kataloniyalı dəniz qulduru Xuam Kolomdur. Ulyoa iddia edib ki, Kolom 70-ci ilin əvvəllərində öz hökmdarı kral Araqona qarşı vuruşub. Sonra İohan, ya da Yan adı ilə Danimarka qütb ekspedisiyasının iştirakçısı olub və uzaq şimalda Amerika torpaqlarını kəşf edib. Bu hadisə 1476–1477-ci illərdə baş verib, bir neçə il sonra isə Kristobol Kolon adı ilə İspaniyaya qayıdıb, öz xidmətini Kastiliya və Araqon4 kraliçası I İzabellaya təklif edib və müsbət cavab alıb. Nəticədə onun dəstəyi ilə 1492-ci ildə Yeni Dünyanın ikinci dəfə kəşfinə nail olub.
Ulyoanın yazdığına görə, Araqonun hiyləgər kralı Ferdinand Xuan Kolomun sirrindən xəbərdar imiş. Ancaq kral keçmiş dəniz quldurunu ifşa etmək istəməyib. Çünki Kolomu əcnəbi hesab etmək kralın xeyrinə idi: belədə onunla bağlanılan sazişi pozmaq asan idi.
Ulyoanın fərziyyəsinin ömrü az çəkdi. Lakin bu ehtimalın əks-sədası hələ də qalmaqdadır.
Maraqlıdır, əgər XIX əsrin əvvəllərində Kolumbun Genuyada doğulduğunu sübut edən bir çox notarius sənədləri mövcud olubsa, bəs niyə bu əsassız versiyalar ortaya çıxıb?
Qeyd etmək lazımdır ki, müxtəlif dövrlərdə Genuya ilə bağlı iddiaların əsaslandırması da yetərincə etibarlı olmayıb. Doğrudur, XIX əsrdə Kolumbların Genuyada yaşadığını və Xristofor Kolumbun toxucu Domeniqo Kolumbun oğlu olduğunu göstərən sənədlər ortaya çıxmışdı. Ancaq Genuya fərziyyəsinin əleyhdarları haqlı olaraq deyirdilər: bəli, bunların hamısı doğrudur, XV əsrdə Genuyada hansısa Kolumblar yaşayıblar. Lakin San-Stefanodan olan Xristofor Kolumbun görkəmli dəniz səyyahı Xristofor Kolumb olduğunu kim əminliklə deyə bilər? Cənab genuyalılar, ortaya bunu sübut edən, heç olmasa, bir sənəd qoyun.
Belə sənəd isə əslində var idi. Onu 1825-ci ildə ispaniyalı tarixçi Martin Navarrete nəşr etdirib. Bu, Kolumbun böyük oğlunun vərəsəlik haqqını sübut edən mayoratdır5. Ancaq təəssüflər olsun ki, bu sənədin heç bir hüquqi gücü yoxdur. Navarrete həmin sənədin təsdiqlənməmiş surətini çap etdirib. Onun əslini isə tapa bilməyib. Arxivin yerləşdiyi Simankas adlı kənddə 1810-cu ildə Napoleonun generalı Kellermanın atlı qoşunu düşərgə salıbmış. Fransa əsgərləri Simankas arxivinin kağızlarından necə gəldi istifadə ediblər və 1498-ci il fevralın 22-nə aid sənədin əsli yoxa çıxıb.
1904-cü ildə isə «Assereto sənədi» peyda oldu. Bu sənəddə 1451-ci ildə doğulan Xristofor Kolumb ad-soyadlı şəxsdən bəhs edilir, onun həyatının Genuya və Portuqaliya mərhələlərini əlaqələndirirdi. Ancaq Genuya əleyhdarları haqlı olaraq bildirirdilər: 1497-ci il tarixli «Assereto sənədi» orada qeyd olunan şəxsin heç də on üç il sonra Yeni Dünyanı kəşf edən Xristofor Kolumb olduğunu sübut etmək üçün kifayət deyil!
Amma İspaniyada işləyən Amerika tədqiqatçısı Alisa Baçi Qould 1925-ci ildə Simankas arxivindəki 1498-ci ildə tərtib edilmiş möhürlü, imzalı mayoratı təsdiqləyən və 1501-ci il sentyabrın 28-nə aid şəhadətnaməni tapdı. Xüsusi komissiya sənədin həqiqiliyini etiraf etdi.
Kolumbun Genuyada doğulduğunu sübut edən bütün materiallar Genuya bələdiyyəsi tərəfindən 1931–1932-ci illərdə çap olundu.
Bununla da Kolumbun məhz genuyalı olduğuna dair fikirlər üstünlük qazandı.
Dənizə ilk çıxış
Kolumb öz dəniz karyerasına 1473-cü ilin sonları, 1474-cü ilin əvvəllərində başlayıb. Bu, qarışıq bir dövr idi: Şərqdə türklər ağalıq eləyir, İtaliya sahillərində isə dəniz quldurları göz açmağa qoymurdular.
Hiyləgər Fransa kralı XI Lüdovik piratları həvəslə himayə edirdi. Axı onlar yadellilərin gəmilərini batırır, bununla da rəqiblərini zəiflədirdilər.
Üstəlik, Fransa kralının vassallarından biri, keçmiş Neapol kralı Rene Anjuyski də bir yerdə dayanmır, elə hey aranı qızışdırırdı. Aralıq dənizi piratları, elə Rene Anjuyski də Kolumbun ilk bioqraflarının əsərlərini oxusaydılar son dərəcə təəccüblənərdilər. Bu əsərlərin müəllifləri heç bir əsas olmadan gənc Kolumbu piratların və Rene Anjuyskinin əlaltısı kimi qələmə verirdilər.
Müasir kolumbşünaslar pirat versiyasını tamamilə rədd edirlər.
«Qoca sərsəri» ləqəbli Rene Anjuyskini Neapoldan 1442-ci ildə araqonlular sıxışdırıb çıxarmışdılar. Bu səbəbdən də o, Araqon kralının və Neapol taxt-tacında oturan qardaşı oğlunun qatı düşməni idi.
Araqon kralından əvəz çıxmaq üçün 1472-ci ildə Renenin əlinə yaxşı fürsət düşdü: Kataloniyada Araqon kralına qarşı üsyan qalxdı. XI Lüdovikin razılığını alan «Qoca sərsəri» katalonların köməyinə tələsdi. O, kiçik donanma ilə Marseldən çıxıb Kataloniya, Sardiniya və Neapol sularında hərbi əməliyyatlara başladı.
Rene Anjuyskinin hərbi-siyasi məqsədlərinin mahiyyətinə varmadan, Fernando Kolon atasının bu adamın xidmətində olduğu barədə belə yazır: «…1495-ci ildə Espanyolada katolik krallarına (İzabella və Ferdinanda) ünvanlanmış başqa məktubda Admiral (Kolumb nəzərdə tutulur – red.) səfər zamanı baş verən səhvlərdən söz açıb: kral Rene «Fernandina» qalerasını6 tutmaq üçün məni Tunisə göndərəndə belə bir hadisə baş verdi. Sardiniya sahillərindəki San-Pedro adasına çatanda ora iki gəminin yan aldığından xəbər tutduq. Adamlarım təşvişə düşüb Marselə qayıtmaq istədilər. Onların iradəsinə qarşı çıxa bilməzdim. Özümü onlarla razılaşmış kimi göstərib kompasın kartuşkasında işarələrin yerini dəyişdirdim. Səhərisi gün biz artıq Kartaxenada idik, ancaq hamı Marselə qayıtdığımızı düşünürdü».
1472-ci ildə «Fernandino» qalerası ilə belə bir əhvalat, doğrudan da, baş verib. Ancaq təəccüblü orasıdır ki, notarius sənədlərinə əsasən Kolumb 1472-ci ilin payızında Savonada olub. Əlbəttə, qısa müddətə şəhərdən çıxa bilərdi, ancaq döyüş gəmilərinə adamları bir-iki həftəliyə yox, uzun müddətə götürürdülər. Üstəlik, «Qoca sərsəri» heç də vecsiz dəniz komandanı deyildi. 1472-ci ildə onun artıq yetmiş yaşı vardı və dəniz döyüşlərində kifayət qədər təcrübə toplamışdı. Bu səbəbdən də çətin ki, ağzından süd iyi gələn gənci döyüş gəmisinin komandiri təyin edəydi və onu düşmən gəmisini ələ keçirmək kimi məsuliyyətli əməliyyata göndərəydi.
Kolumbun məktubu onun kral Renenin qəhrəmanlıqlarından xəbərdar olduğuna bizi bir daha inandırırdı. 1495-ci ildə onun İzabella və Ferdinand ilə münasibətləri qəlizləşmişdi, bu səbəbdən də öz qiymətini qaldırmaq üçün döyüş təcrübəsi olduğuna eyham vura bilərdi.
Ancaq maraqlıdır ki, Kolumb 1480-ci ildə vəfat edən Rene Anjuyskini həmişə xoş sözlərlə yad eləyib.
Əgər Kolumb, doğrudan da, bir müddətə Savonanı tərk edib Renenin yanında xidmət edibsə, çox ehtimal, gəmidə adi matros olub.
Ən inandırıcı ehtimal isə Kolumbun ilk dəfə açıq dənizə «Çenturione və Neqro» ticarət evinə məxsus gəmidə çıxmasıdır. Gəmi Tunisə yox, Xios adasına üz tutub. Özü də ekspedisiya sırf kommersiya məqsədi güdüb.
Xios XV əsrin 70-ci illərində Genuyanın arxipelaqda yeganə torpağı idi. Genuyanın qalan Egey koloniyalarına türklər sahiblənmişdilər. Xiosu isə 1457-ci ildə onlardan pulla geri ala bilmişdilər.
Genuya tacirləri qul, çaxır, sabun, balıq, taxıl, mum, dəri alveri eləyirdilər. Bunlar Xiosa gətirilir, orada satılırdı.
Adanın özü isə mastika – ətirli qatranla məşhur idi. Mastikaya İsgəndəriyyədə, İspaniya və Flandriyada həmişə tələbat vardı. Çenturione və Neqro şirkəti Xiosa həm də işçi qüvvəsi gətirirdi.
1474-cü il mayın 25-də Savonadan Xiosa yerli və genuyalı tacirlərin pulu ilə təchiz edilmiş donanma yola düşdü. Bu donanmada bir xeyli savonalı toxucu da var idi. Güman edilir ki, Kolumb da məhz onlarla birlikdə dənizə çıxıb.
Bir il sonra Xiosa yenə ekspedisiya yola düşüb. Bu dəfə donanma səfərə çıxmağa Genuyada hazırlaşıb. Ekspedisiyada dörd gəmi olub. Gəmilərin ikisinə Covanni Antonio Neqro və Nikkolo Spinola adlı şəxslər rəhbərlik eləyib. Kolumbun gəmidə xidmət edib-etmədiyini demək çətindir, ancaq mastika alveri etdiyinə şübhə yoxdur. Kolumb çox sonralar, 1492-ci ildə Kuba və Espanyol sahillərində üzərkən iki dəfə Xios mastikasını xatırlayıb, onun ilin hansı vaxtında toplandığından, Genuyada ona nə qədər tələbat olduğundan söz açıb.
Bu ekspedisiyanın Kolumbun həyatında böyük rol oynadığı danılmazdır. Onun təşkilatçılarına çox şey borcludur. Təsadüfi deyildi ki, ölümündən öncə o, Neqronun və Spinolanın varislərinə də müəyyən məbləğdə pul vəsiyyət eləyib.
Donanma Genuyadan 1475-ci il sentyabrın 25-də yola düşüb. Yəqin ki, Kolumb qışı Xiosda keçirib. 1476-cı ilin yazında isə Genuyaya qayıdıb. Neqro Xiosdan mastika gətirmişdi, onu Flandriyada satmaq fikrində idi. Odur ki 1476-cı ilin avqustunda Kolumbu da özü ilə götürüb yola düşdü. Ancaq onlardan asılı olmayan səbəblərdən mastika Flandriyaya aparılmadı və Portuqaliyaya gedib çıxdılar. Kolumb nə az, nə çox, düz doqquz il Portuqaliyada qaldı.
San Visente burnunda döyüş
Dörd Genuya və bir Flamand gəmisi Genuyadan çıxıb Cəbəllütariq boğazından rahatca keçdi. Xios səfərlərində olduğu kimi, bu ekspedisiyada da Neqro və Spinola iştirak edirdi.
1476-cı ilin yayında Portuqaliya ilə Kastiliya müharibə edirdi7. Döyüş əməliyyatları həm quruda, həm dənizdə gedir, üstəlik, portuqaliyalılara Fransa kralı XI Lüdovik kömək eləyirdi.
Genuya donanmasının başçıları bu vəziyyəti bildiklərindən, fransız hökumətinin icazəsini aldılar. Əslində, buna elə də ehtiyac yox idi – Portuqaliya-Kastiliya müharibəsində Genuya öz neytrallığını ciddi surətdə gözləyirdi. Genuyalıların icarəyə götürdükləri «Flamand» gəmisi isə döyüş yox, ticarət gəmisi idi.
Ancaq Genuya Respublikasının bu neytral mövqeyi onu piratlardan qoruya bilmirdi. Piratlar həmin yay İberiya sularında qaynaşır, Kastiliya və Portuqaliya sahillərində zəngin qənimət gözləyirdilər.
Həmin piratların ən təhlükəlisi tarixə Kolon, ya Böyük Kulan ləqəbi ilə düşmüş qaskoniyalı Qiyom Kazenov idi. O, Fransa bayrağı altında üzür və rast gəldiyi bütün gəmilərə hücum edirdi.
1476-cı il avqustun 13-də Qiyom Kazenov on üç gəmidən ibarət eskadrası ilə San-Visente burnunda Genuya donanması ilə qarşılaşdı. Bərabər olmayan döyüş iki saat çəkdi. Genuyalılar dəniz quldurlarına qəhrəmancasına müqavimət göstərib düşmənin dörd gəmisini sıradan çıxardılar. İki Genuya gəmisi mühasirədən çıxıb Kastiliya sahillərinə yan aldı. Batırılan Genuya gəmilərinin dənizçiləri üzüb sahilə çıxdılar. Portuqaliyanın Laquş şəhərinin sakinləri dənizçilərin sudan çıxmasına kömək göstərirdilər. Onlar döyüş zamanı «Flamand» gəmisində olan Kolumbu da xilas etdilər.
Portuqaliyanın cənubundakı Laquş limanından paytaxta qədər yüz əlli mil olardı. Bu səbəbdən də, güman ki, Kolumb Lissabona 1476-cı il avqustun sonlarında, yaxud sentyabrın əvvəllərində gəldi. Beləcə, onun həyatında tamamilə yeni dövr başladı. Elə onun gələcəkdə görəcəyi böyük işlərin əsası da məhz Portuqaliyada qoyuldu.
Portuqali̇ya
Kolumb Lissabonda öz xalqının nümayəndələri ilə qarşılaşacağını bilirdi. Böyük səyyahın yerliləri Portuqaliya paytaxtında özlərini çox sərbəst hiss eləyirdilər. Buradakı Genuya koloniyası8 20–25 nəfərdən ibarət idi. Koloniyanın taleyində Marko Lomelli adlı bir şəxs əsas rol oynayırdı. O, çox varlı idi və Lissabon tacirləri, bankirləri bu adamı yaxşı tanıyırdılar. XV əsrin 70-ci illərində Çenturione ailəsi də Lissabonda kök salmışdı. Onu burada Kolumbun Xiosa birlikdə üzdüyü, San Visenti burnunda çiyin-çiyinə vuruşduğu Nikkolo Spinolanın qudası Lodoviko Çenturione təmsil edirdi.
1476-cı il Portuqaliya üçün çətin il idi. Dediyimiz kimi, Kastiliya ilə müharibə gedirdi, Portuqaliya kralı V Alfons İzabellanı devirib Kastiliya taxt-tacına onun bacısını oturtmağa çalışırdı.
Portuqaliyalılar dənizdə kastiliyalılardan güclü idilər. Buna baxmayaraq Kastiliyanın döyüş gəmiləri Portuqaliyanın ticarət gəmilərinə ziyan vururdu. Bir sözlə, hərbi əməliyyatlar Lissabonun yeni kəşf edilmiş Afrika torpaqlarındakı dayaq bazaları ilə əlaqəni pozurdu.
Ancaq 1476-cı ildə iyirmi, qırx il əvvəl olduğu kimi, Portuqaliya hələ də Avropanın böyük dəniz ölkəsi idi və onun paytaxtı yeni okean yollarının üstündə yerləşirdi. Bu ölkədə daxili vəziyyət də sabit idi. Portuqaliya hələ XIII əsrin ortalarında, qonşu Kastiliyadan əvvəl rekonkistanı9 başa çatdırıb ölkənin cənub vilayətlərini mavrlardan10 geri almışdı. 1385-ci ildən taxt-tacda bərqərar olmuş Avis sülaləsinin kralları böyük donanma və güclü ordu yaratmışdılar.
Xaricə yürüşlərin zamanı çatmışdı. Portuqal cəngavərləri başqa torpaqları zəbt etməyi arzulayırdılar.
Portuqaliyalılar 1415-ci ildə Cəbəllütariq boğazını, Afrika sahilindəki mavritan qalası Sustanı tutdular. Bu, Portuqaliyanın xaricdə ələ keçirdiyi ilk torpaq idi və işğalçılar bununla kifayətlənmək fikrində deyildilər.
Sonrakı yürüş planını Avis sülaləsinin əsasını qoymuş kral I Juanın üçüncü oğlu şahzadə Enrike işləyib hazırladı. Onu hələ sağlığında «Dənizçi şahzadə» adlandırırdılar. Heç vaxt gəmi sürməyib, dəniz ekspedisiyalarında iştirak etməsə də, bu titul ona layiqli xidmətlərinə görə verilmişdi.
Dənizçi şahzadə San Visenti burnundakı iqamətgahında – Saqreş qəsrində Atlantik okeanına uzaq gəmi səfərlərini düşünürdü. O, Afrikanın qərb sahilləri boyunca yeni dəniz yolu açmaq fikrində idi. Bu yol portuqaliyalıları Hindistana aparmalı idi. Ancaq ilk vaxtlar kral qəsrində bu barədə düşünmürdülər. Yaxın hədəflər başqa idi: Afrika sahilləri ilə cənuba doğru mümkün qədər çox irəliləmək və yolüstü Afrika torpaqlarını işğal eləmək.
1434-cü ildə Dənizçi Enrikenin kapitanlarından Jil Eanes Bojador burnunun ətrafına dövrə vururdu. Avropalılar hələ belə uzağa getməmişdilər. Sonrakı onilliklərdə portuqaliyalılar Seneqal sahilləri ilə irəliləyib Afrikanın qərbindəki ən ucqar torpaqlara – Yaşıl Buruna çatdılar.
Portuqaliyalılar bu kəşfin bəhrəsini 1442-ci ildə daddılar: həmin vaxt qaradərili qulların ilk dəstəsi Laquş və Lissabona gətirildi.
Portuqaliyalılar 1456-cı ildə Yaşıl Burun adalarını kəşf edib, az sonra isə Qvineya körfəzinə daxil oldular.
Dənizçi Enrike 1460-cı ildə vəfat etdi. Ancaq onun ölümü portuqaliyalıların cənuba doğru irəliləyişini dayandırmadı. Laquş sakinləri Kolumbu Kadis körfəzində xilas eləyəndə portuqaliyalılar artıq Qvineya körfəzinin bütün sahillərinə yiyələnmişdilər. İstiot sahili, Fil Dişi Sahili, Qızıl Sahil, Kölə Sahili – Qvineya torpağının bu adları böyük pullardan xəbər verirdi.
Seneqalın kimsəsiz sahilboyuna bənzəməyən, yaşıllığa bürünmüş bu sahilləri göz işlədikcə uzanıb gedirdi. Sarımtıl fil dişi, Qvineyanın qırışlı istiot dənələri, qızıl qum, şir, bəbir, meymun dərisi, qara və qırmızı ağac, əcaib tropik meyvələr – portuqaliyalı macəra axtaranlar yeni torpaqlardan bunları əldə edirdilər. Onlara ən çox qazancı isə qul alveri gətirirdi.
Qulları Portuqal gəmilərinin dar anbarlarına doldururdular. Onların, az qala, yarısı yolda ölürdü. Buna baxmayaraq qul alverçilərinin qazancı xərclərindən dörd-beş dəfə çox olurdu. Laquş, Lissabon, Sevilya və Kadisdə Qvineya qullarını bir andaca alırdılar.
Roma papaları Afrika torpaqlarını səxavətlə Portuqaliya krallarına bağışlayırdılar. Onlar qul alverini faydalı və savab iş sayır, bu işlə məşğul olan portuqaliyalılara xeyir-dua verirdilər.
Ən qazanclı və perspektivlisi (irəlidə Hindistandır – Qvineyaya çatan portuqallar bunu yaxşı dərk edirdilər) ekspansiyanın cənub istiqamətdə genişlənməsi idi. Ancaq Dənizçi Enrike və onun kapitanları qərb tərəfi də unutmurdular. Portuqaliyalılar 1419-cu ildə Madeyraya yerləşib on üç il sonra isə Azor adalarına çatdılar. Adam yaşamayan, ancaq yetərincə məhsuldarlığı ilə bilinən bu adalar hələ işlək olmayan, günbatan tərəfə aparan dəniz yolunun üstündə yerləşirdi.
Bir sözlə, Portuqaliya gəmiləri Atlantik okeanının sularını bütün istiqamətlərdə şumlayırdılar və hər il Lissabona yeni kəşf edilmiş torpaqlar barədə xəbərlər gedib çatırdı.
Kolumb da Portuqaliyada dərhal bu axtarış və kəşflər mühitinə düşdü.