Faqat Litresda o'qing

Kitobni fayl sifatida yuklab bo'lmaydi, lekin bizning ilovamizda yoki veb-saytda onlayn o'qilishi mumkin.

Kitobni o'qish: «İbn Sina»

Shrift:

Ümidsiz xəstəlik yoxdur, ümidsiz həkim var.

İbn Sina

Abdullah İbn Sina

…Buxara yaxınlığında yerləşən Hərmaysan kəndinin kovxası1 olan gənc Abdullah ibn Sina2 Sitarə ilə evlənməyi çoxdan gözləyirdi. Nəhayət, qarşıdan gələn payızda toy eləmək qərarını qətiləşdirdi. Lakin hər şey yığılacaq məhsuldan asılı idi. Məhsul bol olardısa, vergi də çox toplanacaq, deməli, vergidən Abdullaha düşəcək pay da artıq olacaqdı. Çünki indi, toy ərəfəsində pul ona daha çox lazım idi. Bir yandan adəti üzrə toyqabağı Əfşana, Sitarənin ata evinə getməli, bu zaman bahalı hədiyyələr aparmalı idi. Digər tərəfdən isə toy adına layiq olmalı idi.

Kovxalıq vəzifəsinin hörmət-izzəti çox olsa da, təhlükəli iş idi. Adama çoxlu rəqiblər, düşmənlər qazandırırdı. Hər an bu vəzifədə gözü olanların qəzəbi, hiyləsi ilə üzləşə bilərdin. Elə Abdullahın sələfi dayaz bir arxda sirli şəkildə boğulub öldürülməmişdimi? Üstəlik, hər il vergi toplanarkən söz-söhbətlər yaranır, narazılıqlar baş qaldırır, hətta bütün bunlar qanlı iğtişaşlara çevrilirdi. Odur ki kovxalıq vəzifəsini tutan şəxsdən həddən artıq ağıllı, igid və zirək olması tələb olunurdu. Xoşbəxtlikdən bütün bu xüsusiyyətlər Abdullahın xarakterinə xas idi. Bundan başqa, o öz dövrünə görə kifayət qədər savadlı şəxs sayılırdı. Müasirlərinin çoxu ilə müqayisədə yaxşı anlayırdı ki, başqalarının faciəsi və bədbəxtliyi üzərində qurulan xoşbəxtlik uzun sürə bilməz. Kovxalıq isə elə vəzifə idi ki, tez-tez camaatla üz-göz olmalı, əmrlərdən çıxanlara qarşı qəddar davranmalı idin. Məhz bu mənada Abdullah tutduğu vəzifədən elə də razı deyildi. Ona görə də Hərmaysandan Buxaraya köçmək arzusunda idi. Fikirləşirdi ki, bu qədim şəhərdə, dövrünün elm, mədəniyyət mərkəzlərindən birində özünə təkcə maddi cə-hətdən yox, həm də mənəvi baxımdan daha rahat bir iş tapa bilər.

Əslində, Abdullah çoxdan bu qərara gəlmişdi, lakin həm işləri yarımçıq qoymaq istəməmişdi, həm də Sitarə ilə evlənmədən Buxaraya köçməyə könlü razı deyildi. O, qızı ilk dəfə görüb vurulanda Sitarənin yaşı ailə qurmaq üçün az idi. Aradan illər keçmiş, artıq evlənməkdən ötrü Abdullahın qarşısında heç bir əngəl qalmamışdı.

Bu o dövr idi ki, Hərmaysan da daxil olmaqla böyük bir coğrafiyada Samanilər sülaləsi hökmranlıq edirdi. 875-ci ildə qurulan bu dövlətin ərazisi indiki Özbəkistan da daxil olmaqla Orta Asiyadan müasir İranın şərqinədək uzanırdı. Samanilər dövləti öz adını xanədanın banisi Saman Xudadan götürmüşdü.

Abdullah ibn Sinanın Hərmaysanda işlədiyi vaxtlarda – 970-ci illərdə Buxara Mavəraünnəhrin paytaxtı idi. Orta Asiyanın ən münbit ərazisi olan Mavəraünnəhr iki çay arasında yerləşirdi (elə ərəbcədən tərcümədə də adının mənası «iki çay arası» deməkdir – red.) Onlardan biri Amudərya, digəri isə Sırdərya çayı idi. Bügünkü İran ərazisinin bir parçası olan Xorasan, eləcə də Xarəzm (hazırkı Qaraqalpaq Muxtar Vilayəti) də bu dövlətin tərkibinə daxil idi.

IX əsrdən etibarən Mavəraünnəhr Samanilər sülaləsi tərəfindən idarə edilməyə başladı. Belə ki, Yaxın və Orta Şərqin ərəblər tərəfindən işğalından sonra xəlifə Samaniləri Mavəraünnəhr və Xorasanda öz nümayəndələri təyin etmişdi. IX əsrin sonu – X əsrin əvvəllərində həmin sülalə üzvlərindən biri İsmayıl Samani ərəblərə qarşı çıxdı. O, yerli əhalini xilafətə qarşı mübarizəyə qaldırdı. Məqsədi ərəb işğalı və tayfa davaları nəticəsində parçalanan ölkəni birləşdirmək, Mavəraünnəhrdə güclü dövlət yaratmaq idi. Bu dövlət xəlifənin hakimiyyətini qəbul etməyəcək, onu müsəlman aləminin ruhani rəhbəri kimi tanımaqla kifayətlənəcəkdi.

Beləliklə, Samanilər dövləti meydana çıxdı, Buxara isə onun paytaxtı oldu. Artıq X əsrdə, əmir Nuh ibn Mənsurun dövründə Buxara Asiyanın şərqində ən böyük və qüdrətli şəhərlərdən birinə çevrilmişdi. Bu da ətraf yerlərdən ora güclü insan axınına gətirib çıxarmışdı.

Abdullah ibn Sina da həmin axına qoşulmaq niyyətində idi. Fikrini qətiləşdirmişdi, lakin bir narahatlığı vardı: quraqlıq.

Abdullah qorxurdu ki, quraqlıq bir müddət də davam eləsə, bu, məhsul qıtlığına gətirib çıxarar. Məhsulun azlığı isə onun bütün arzularını alt-üst edə bilərdi. Çünki vergi toplamaq çətinləşəcək, belədə istər evlənmək, istərsə də, Buxaraya köçüb orada yeni həyata başlamaq üçün kifayət qədər pulu olmayacaqdı.

Üstəlik, quraqlıq aclığa, aclıq isə kəndlilərin qiyamına gətirib çıxara bilərdi.

Lakin Abdullahın narahatlığı uzun sürmədi. Bir gecə təlaşlı fikirlər içində yatağa uzanarkən öncə göy guruldadı, arxasınca güclü yağış başladı.

Orta Asiyada hətta indinin özündə də belə yağışlar nadir hallarda yağır…

Abdullahın ürəyi yerinə gəldi.

***

Axır ki, Sitarə ilə evlənmək arzusunu gerçəkləşdirən Abdullah toydan sonra Əfşana köçdü. 980-ci ildə orada onun oğlu dünyaya gəldi. Bu, gələcəyin böyük alimi və kitabımızın qəhrəmanı Hüseyn idi. Bir il sonra isə Abdullahın ikinci oğlu Mahmud doğuldu.

Abdullah Əfşanda yeddi-səkkiz il qaldı. Bundan sonra o, ailəsini də götürərək Buxaraya köçdü. Həmin vaxt Abdullahın oğulları xeyli böyümüşdü. Artıq onların təhsili barədə ciddi düşünmək zamanı idi.

Abdullahın işləri Buxarada pis getmirdi. O, dövlət işinə düzəlmiş, qısa vaxtda isə vəzifə pillələrini xeyli qalxmışdı. Çox keçmədən müstövfi divanında3 işə başlayan Abdullah Buxarada ev almağa belə nail olmuşdu. O, övladlarının fərasətindən də xeyli razı idi. Xüsusilə böyük oğlunun – sonralar Avropada «Avitsenna», Şərqdə isə sadəcə «İbn Sina» adı ilə böyük şöhrət sahibi olacaq Hüseynin elmə, təhsilə hədsiz marağı onu qanadlandırırdı*.

Abdullahın qonşuluğunda meyvə-tərəvəz alveri ilə məşğul olan bir tacir var idi. Bu tacir eyni zamanda dövrünə görə yaxşı savad sahibi idi. Qazancını artırmaq üçün kiçik bir məktəb açmışdı. Burada bir neçə uşağa o vaxtlar «hind hesabı» adlanan altmışlıq say sistemi ilə cəbr öyrədirdi.

Abdullah Hüseyni də bu məktəbə göndərmək qərarına gəldi. Lakin Hüseyn tacirin dərslərinə həvəssiz yanaşırdı. Çünki yaşının az olmasına baxmayaraq onun öyrətdiklərində yeni heç nə görmürdü. Beləcə, atası tezliklə anladı ki, belə bacarıqlı, fərasətli uşağı hər yoldan ötən müdərrisə4 etibar etmək olmaz. Odur ki Hüseynə ayrıca, üstəlik, yaxşı bir müəllim tutmaq qərarına gəldi. Həmin dövrdə bu, maddi baxımdan elə də asan məsələ deyildi, ancaq xoşbəxtlikdən Abdullahın artıq buna imkanı çatırdı.

Biz əvvəldə Abdullahın savadlı biri olduğunu vurğulamışdıq, indi isə əlavə edək ki, o həm də yaxşı müşahidə qabiliyyətinə malik idi. Əlbəttə, həyat təcrübəsi də öz yerində… Bu səbəbdən də ətrafında baş verənlərə tənqidi, şübhə ilə yanaşmağa başlamışdı. Nəticədə o, islamla bağlı ortodoksal (mühafizkar, doqmatik– red.) görüşlərdən imtina edib qərmətilər5 məzhəbini qəbul etdi. Bu məzhəb bəzi başqa müsəlman dini cərəyanları ilə müqayisədə daha mütərəqqi sayılırdı.

Digər məzhəblərin nümayəndələri qərmətilərə soyuq münasibət bəsləyirdilər. Bəzən bu soyuqluq düşmənçilik həddinə çatırdı. Odur ki qərmətilər daha çox gizli fəaliyyət göstərir və tez-tez yerlərini dəyişirdilər. Qərmətiliyi Abdullah nə siyasi, nə də dini səbəblərlə qəbul etmirdi. Bu ona dayanmadan səyahətdə olan, çox yerləri gəzən, görən ismaililərlə daha rahat şəkildə əlaqələr qurmaq üçün lazım idi. Əlbəttə, Abdullah onlara qoşulub evini, ailəsini atmaq, çöllərə düşmək fikrindən uzaq idi. O, sadəcə, həmin adamlarla söhbətlərdən dünya, ətraf-aləm barədə biliklərini zənginləşdirmək, nəticədə həyatı yeni bucaqdan görmək və qavramaq istəyirdi. Abdullah hətta uşaqlarına da qərməti məzhəbinə mənsub, ya da onlara rəğbət bəsləyən müəllimlər tutmaq istəyirdi.

Ümumiyyətlə isə Abdullah dini və fəlsəfi mübahisələri çox sevirdi. Bu cür mübahisələr apara biləcəyi insanlarla qarşılaşanda ovqatı hədsiz dərəcədə yüksəlir, özünü olduqca xoşbəxt hiss edirdi. Hüseyn belə mübahisələrin əhatəsində böyüyürdü. O, atası ilə həmsöhbətləri arasındakı qızğın mübahisələrə diqqətlə qulaq asırdı.

Təsadüfən tapdıqları bir müəllimdən ədəb, qrammatika, poetika, üslüb və başqa elmləri öyrənən Hüseyn şəriət hüququnu (fiqh) öyrənmək üçün İsmayıl əz-Zahidin yanına yollanmışdı. Əz-Zahidin böyük evi vardı və evin geniş otaqlarından biri məktəb kimi istifadə olunurdu. Hər gün bura onlarla uşaq gəlib fiqhin incəliklərini öyrənirdi. Onların içində yaşca ən kiçiyi Hüseyn idi.

Hüseynin yaşı o qədər az idi ki, öyrəndiklərinin fərqinə elə də varmırdı. İnsanların haqları, onlar arasında bərabərlik, dünya nemətlərinin ədalətli bölüşdürülməsi kimi məsələlər Hüseyni dərindən düşündürmürdü. O, hələlik sadəcə bilgilərini artırırdı. Şübhəsiz ki, bu biliklər Hüseynin formalaşmasına, dünyagörüşünün genişlənməsinə təsirsiz ötüşmürdü. Lakin yaşının azlığı səbəbindən daha çox dəcəlliyə meyilli idi: bəzən öz şıltaqlığı ilə nəinki dərs yoldaşlarını, hətta müəllimini – əz-Zahidi də özündən çıxarırdı. Artıq ona həm təlim, həm də tərbiyə işini yaxşı bilən müəllim tutmaq zərurəti meydana çıxmışdı. Atası bunu gözəl anlayırdı.

Bir gün Abdullah ibn Sina dostlarından öyrəndi ki, Buxaraya Natili6 adlı bir alim gəlib. Deyilənə görə o, qərməti imiş və qalmağa yer axtarırmış. Bu minvalla Natili Abdullahın evinə gəlib çıxdı.

Natili

Abdullahla tanış olanda Natili olduqca çətin vəziyyətdə idi. Məişət qayğıları onu tamamilə üzmüşdü. Sürdüyü ağır həyatdan yorğun düşən ixtiyar bədəni və beyni artıq dinclik arayırdı. Lakin yaşamaq lazım idi, bunun üçün də sığınacağı bir evə, qarnını doyura biləcəyi işə ehtiyacı vardı. Çoxdandır kitablardan uzaq düşən, qocalığı səbəbi ilə elmdən uzaqlaşan Natili indi belə bir ev və iş naminə sahib olduğu bilikləri Hüseynə öyrədəcəkdi.

Abdullah isə sadəcə, oğluna layiqli bir müəllim tapdığına görə sevinmirdi. Eyni zamanda Natilinin qərmətilərlə yaxınlığı səbəbindən çox məmnun idi. Hətta o ümid edirdi ki, Natili «İxvantüs-səfa» cəmiyyətinin üzvlərindən biri, ya da həmin cəmiyyətlə necəsə bağlı olsun. «Etibarlı dostlar» anlamına gələn bu cəmiyyətin əsası Bəsrədə qoyulmuşdu. Cəmiyyətin fəaliyyəti Şərq ölkələrində fəlsəfəyə əhəmiyyətli dərəcədə maraq oyatmışdı. «Etibarlı dostlar» bir çox dini məsələlərə tənqidi münasibət bəsləyir, əksər məqamlarda yunan fəlsəfəsini islam doqmaları ilə birləşdirməyə cəhd edirdi. Ona görə də cəmiyyətin üzvləri mühafizəkar müsəlmanların nəzərində kafir sayılırdılar.

Abdullah isə fərqli fikirdə idi; evində «İxvantüs-səfa»nın bir üzvü qalacağı təqdirdə nə qədər xoşbəxt olacağını düşünürdü. Əgər Natili, həqiqətən də, «Etibarlı dostlar»dan olsa, Abdullah dini və fəlsəfi mövzularda mübahisə etmək, yaxud təzə bilgilər qazanmaq üçün tamamilə yeni həmsöhbət tapacaqdı.

Beləliklə, çox keçmədən Hüseyn yeni müəlliminin yanında dərslərə başladı. İlk dərslər «İsagoge» kitabından idi. Tirli Porfirinin yazdığı bu əsərin adı «məntiqə giriş» anlamına gəlir. Tirli Porfiri onu qədim yunan alimi Aristotelin (M.ö. 384 – M.ö. 322) məşhur «Məntiq» kitabına giriş kimi yazmışdır.

Natili ilk dərslərdən Hüseynin məntiq elmini qavramasına heyran qaldı. Onun məntiqin dərkinə dair izahları müəllimini təəccübləndirmişdi. Əslində isə təəccüblü heç nə yox idi: Hüseyn atasının savadlı dostları ilə din, fəlsəfə mövzusundakı mübahisələrindən az şey öyrənməmişdi. İndi isə bu öyrəndikləri onun köməyinə çatırdı. Bunu da qeyd etmək yerinə düşər ki, Natili fəlsəfəni həddən artıq yüksək qiymətləndirir və bu sahədəki bilikləri ilə öyünürdü. Lakin Tirli Porfirinin kitabını oxuyandan sonra Hüseyn başa düşdü ki, Natilinin məntiqə dair bilikləri atası ilə həmsöhbət olan savadlı qərmətilərdən elə də fərqlənmir.

Natili dərs vaxtı arabir güclü yaddaşını işə salar və Pifaqordan, Platondan, Aristoteldən bütöv mətnləri, az qala, əzbər deyərdi. Hüseyn onu diqqətlə dinləyər, dediklərini yadda saxlamağa çalışardı. Bununla belə, müəllimi adını çəkdiyimiz qədim müdriklərin elmi yanaşmalarını, bu yanaşmaların mahiyyətini dəqiqliklə izah edə bilmədiyindən Hüseyn üçün çox məsələlər qaranlıq qalırdı. Lakin ruhdan və maraqdan düşmürdü. «Mən anlamalıyam! Mənim qavraya bilməmək haqqım yoxdur!» – deyə öz-özünü həvəsləndirirdi. Bu inamla qəliz, mürəkkəb fəlsəfi müddəaların yozumuna girişirdi.

Digər elmlərə münasibəti də təxminən belə idi. Natili ona Evklid həndəsəsi haqqında yenicə məlumat vermişdi, beş-altı həndəsi fiquru təzəcə öyrətmişdi. Hüseyn qəfildən hiss etdi ki, digər teoremləri müəlliminin izahları olmadan təkbaşına özü də isbat edə bilər.

Bir dəfə Hüseyn və Natili Evklidin hər ikisi üçün elə də aydın olmayan bir müddəası ilə qarşılaşdılar. Məşğələlərə bir müddət ara verdilər. Aradan bir neçə gün keçəndən sonra şagirdi Natilinin yanına gəldi. Fəxrlə müxtəlif formullar yazılmış, həndəsi fiqurlar çəkilmiş vərəqləri müəlliminə göstərdi. O bunu məntiq elminin köməyi ilə etmiş və müəlliminə Evklidi nəzərdə tutaraq demişdi: «Böyük həndəsə aliminin nə demək istədiyini bildim! Fikir verin, məntiqlə bir teorem digərindən doğur!..»

Natili, sifətində xəcalətli təbəssüm, saqqalını didişdirərək öz yetirməsinin həyəcanlı nitqini sonadək dinləmiş və məəttəl qalmışdı. Şagirdinə öyrətməli olduğunu şagirdinin özündən öyrənirdi!

Bir axşam Hüseyn Natilinin qapısını döydü. Müəllim işin nə yerdə olduğunu gözəl bilirdi. Bilirdi ki, şagirdi qonşudakı məscidin minarəsinə çıxıb oradan ulduzları seyr etmək istəyir. Hüseyndə astronomiyaya maraq son vaxtlar oyanmışdı.

Natili yeriməkdə çətinlik çəksə də, sevimli şagirdinin xətrinə dəymək istəmədi. Bir qədər sonra onların ikisi də minarənin meydançasında idilər. Natilinin nəfəsi təngiyirdi. Onun halına acıyan Hüseyn elə beləcə də demişdi:

– Böyüyəndə həkim olacağam, səni müalicə edəcəyəm, əziz xocam7!

Natili təəccüblənmişdi: necə yəni «həkim olacağam»? O, ilk dəfə idi ki, Hüseyndən bu sözləri eşidirdi. Halbuki indiyədək Hüseyn şəriət hüquqçusu və filosof olacağını söyləyirdi. Həm də bunu elə qətiyyətlə deyirdi ki, Natili kimsənin onu həmin fikirdən daşındıracağını ağlına belə gətirmirdi.

Müəllimi Hüseyndən soruşdu ki, nə üçün fikrini dəyişib?

«İnsanlara yazığım gəlir… Onların xəstəliklərdən, yaxud qocalıqdan əziyyət çəkməsini istəmirəm» – Hüseynin cavabı bu olmuşdu. Ardınca da əlavə etmişdi ki, məgər həkimlik onun gələcəkdə həm də fiqh, fəlsəfə və astronomiya ilə məşğul olmasına əngəl yarada bilər?!

Ayaq üstə durmağa çətinlik çəkən Natili balaca, taxta kətildə əyləşib şagirdinə ayrı-ayrı ulduzları, Süd yolunu8 və s. göstərdi. Sonra isə astronomiya haqqında bildiklərini ona danışmağa başladı.

Eramızın II yüzilliyində yaşamış yunan riyaziyyatçısı, coğrafiyaçısı, astronomu, astroloqu və filosofu Klavdi Ptolomeyin9 «Almagest»10 kitabını oxuduqdan sonra Hüseynin astronomiyaya marağı daha da artdı. O, Pifaqor və davamçılarının Yerin kürə şəklində olduğuna dair fərziyyələrindən də ilk dəfə bu kitab vasitəsilə xəbər tutmuşdu. Pifaqora görə, Yer hərəkətsiz deyil, kainatın mərkəzini təşkil etmir, onun özü nəhəng alov topası ətrafında fırlanır. Yaşadığı dövr üçün inanılmaz təsir bağışlayan bu fikirlər Hüseyni xeyli həyəcanlandırmışdı. Halbuki Ptolomeyin fikrincə, kainatın mərkəzində hərəkətsiz dayanan Yer durur.

– Böyük kəşfdir! – Hüseynlə birgə kitabı oxuyan Natili demişdi. – Bu, planetlərin bizim Yer kürəsi ətrafında fırlanmasını deməyə əsas verir.

Natilinin yadına düşdü ki, vaxtilə bir Misir astronomu ona planetlərin fırlanma sxemini çəkməyi məsləhət görmüşdü. Lakin o həmin məsləhətə qulaq asmamışdı. İndi isə özü Hüseyni məcbur etdi ki, planetlərin hərəkət trayektoriyasını göstərən həndəsi fiqurları cızsın. Şagirdi onun tapşırığını yerinə yetirəndə Natilinin heç bir şübhəsi qalmamışdı ki, qarşısındakı adi bir uşaq deyil, gələcəyin böyük alimidir!

Ola bilsin, Natili heç də güclü müəllim deyildi, lakin dürüst, təmizqəlbli bir adam idi. Ona görə də şagirdinin atası Abdullaha dəfələrlə demişdi ki, Hüseyni heç vaxt təhsildən ayırmasın: «Qətiyyən şübhə eləmirəm ki, o, gələcəkdə böyük alim olacaq!»

Natili bir müddət Hüseyngildə qaldıqdan sonra Ürgəncə – Xarəzmin paytaxtına köçdü. Hüseynin formalaşmasında müəyyən rol oynasa da, onun gedişi şagirdini bir o qədər məyus eləmədi. Görünür, Natili onun qəlbində elə də dərin izlər buraxmamışdı…

«Metafizika»nın axtarışında

Təqvim 992-ci ili göstərəndə Samanilər dövlətinin başı üstünü qara buludlar almağa başlamışdı. Əslində, problemin kökü xeyli əvvələ gedirdi. Belə ki, IX yüzilliyin ortalarında Mərkəzi Asiyada köçəri türk tayfalarının – qarluqların, çiğillərin, yağmaların və başqalarının birləşməsi prosesi başlamış, nəticədə Qaraxanilər adlı dövlət yaranmışdı. Bu dövlət qısa müddətdə öz qonşuları üçün ciddi təhlükə mənbəyinə çevrildi. Həmin təhlükəni üzərində hiss edən dövlətlərdən biri də məhz Samanilər idi.

Yağmaçılıqla, talançılıqla həyat sürən döyüşkən türk tayfaları sahib olduqları əraziləri genişləndirmək istəyində idi. Bu məqsədlə hələ X yüzilliyin ilk yarısında Buğra xaqanın11 rəhbərliyi altında Qaraxani ordusu bərəkətli torpaqlara malik Mavəraünnəhrə doğru irəliləməyə başlamışdı.

Samani əmiri Nuh ibn Mənsurun həmin vaxtadək tutulmuş gözləri sanki açıldı. Anladı ki, vəziyyət çox ciddidir. Bu da azmış kimi, üç aparıcı sərkərdəsi – haciblər12 Ayaç və Simucuri, eləcə də Faiq düşmən tərəfə keçdi. Mavəraünnəhr əmirinin əlacı ona qaldı ki, Buxaranı müqavimətsiz tərk etsin.

Lakin çox keçmədən tale əmirin üzünə güldü. Buğra xan Buxaranı tutsa da, səhhəti pisləşdiyinə görə orada çox qala bilmədi. Şəhərin suyu keyfiyyətsiz olduğundan müxtəlif xəstəliklərə gətirib çıxarırdı. Buğra xan Səmərqəndə daşınmalı oldu. Nuh öz ordusu ilə yenidən Buxaraya qayıtdı. Bir sözlə, döyüşsüz təslim etdiyi şəhəri yenə də döyüşsüz, qansız-qadasız özünə qaytardı.

Ancaq hər halda, Mavəraünnəhrin Buğra xan tərəfindən işğalı bütün ətraf xalqlara Samanilər dövlətinin artıq ciddi şəkildə zəiflədiyini göstərdi. Nəticədə sonrakı onilliklərdə bu dövlətin sütünu ciddi şəkildə sarsılmaqda davam etdi. X yüzilliyin sonlarında isə Samanilərin vəziyyəti daha da ağırlaşdı. Gedişat göstərirdi ki, onun süqutu elə də uzaqda deyil.

Hər şey gözlənildiyi kimi oldu: Qaraxanilərin 999-cu ildə taxta çıxan yeni xaqanı Toğan xan elə həmin il Mavəraünnəhri tamamilə fəth edərək Samanilər dövlətinin varlığına son qoydu.

Bu təlatümlü hadisələrin başlanğıcında Hüseynin yaşı xeyli az idi. O, Samanilərin ağır, məşəqqətli günlərini öz gözləri ilə görmüşdü. Lakin bu baş verənlər gələcəyin böyük aliminin səylə oxuyub-öyrənməsinə mane olmamışdı. Dayanmadan kitablar oxumuş, müxtəlif elmlərə dair biliklərini dərinləşdirmişdi. Zaman keçdikcə özünü daha çətin, daha qəliz elmi axtarışlara sövq edən Hüseyn, özündən kifayət qədər razı təsir bağışlayırdı. Getdikcə ona elə gəlirdi ki, artıq elmdə çox şeyi öyrənməyə nail olub. Lakin əlinə Aristotelin «Metafizika» əsərinin tərcüməsi düşəndə, Hüseynin bu özündənrazılığı sanki havaya buxarlandı. «Metafizika»nı oxuyub qavramaqda çətinlik çəkən gələcəyin böyük alimi çıxılmaz vəziyyətə düşmüşdü. Köməyə ehtiyacı vardı. Hətta bir ara tamamilə ümidsizliyə qapılmışdı: «Bu əsəri anlamağın yolu yoxdur!» Lakin «Metafizika» heç cür Hüseynin ağlından çıxmırdı. Axırda atası ilə yaxın münasibətləri olan bir filosofa müraciət etdi. Həmin adam ona bu əsəri oxumasının hələ çox tez olduğunu dedi. Lakin Hüseyn «Metafizika»nı oxuyub anlamaqda israrlı idi. İşi belə gördükdə atasının dostu dedi:

– Eşitmişəm ki, Fərabi13 «Metafizika» kitabına təfsir14 yazıb. Yaxşı olar ki, həmin təfsiri tapıb oxuyasan. Bəlkə, o sənə həmin kitabı anlamaqda kömək etdi.

Hüseyn bu sözlərdən sevincək olub təfsirin axtarışına çıxdı. Lakin cəhdləri uzun müddət nəticəsiz qaldı – Fərabinin əsərini tapa bilmədi.

Yeri gəlmişkən, Hüseyn bu alimin bir çox digər kitablarını oxumuşdu. Məsələn, «Füsus-ül-hikam»ı – yəni «Hikmət inciləri»ni… Lakin indi ona bu türk filosofunun «Metafizika»ya yazdığı təfsir lazım idi, özü də hava və su kimi!

Nəhayət, uzun axtarışlardan sonra o, Fərabinin təfsirini əldə edə bildi. Hüseyn sonralar böyük önəm verdiyi bu tapıntı barədə belə yazacaqdı: «Bir dəfə qürub çağına yaxın bazara, cildçilər tərəfə getmişdim. Bir dəllal əlində bir kitab tutub dayanmadan tərifləyirdi. O, kitabı mənə də uzatdı. Mən almaqdan qətiyyətlə imtina elədim. Həmin adam israr elədi: «Al bunu, olduqca dəyərli kitabdır, üstəlik, qiyməti də çox ucuzdur. Onu üç dirhəmə satıram, sahibinin pula ehtiyacı var». Bu sözləri eşidəndə kitabı aldım. Məlum oldu ki, həmin kitab elə mənim çoxdan aradığım kitabdır. Yəni Fərabinin «Metafizika»ya yazdığı təfsirdir. Sevincək evə qayıtdım və dərhal kitabı açıb oxumağa başladım. Kitabı oxuyub bitirdikdə Aristotelin yazdığı əsərdəki mətləbləri çözmüşdüm. Sevincimin həddi-hüdudu yox idi. Hətta ertəsi gün Tanrıya şükürlər diləyib yoxsullara nəzir-niyaz payladım».

Sonralar Hüseyn elmi yaradıcılığında dəfələrlə Aristotelə üz tutacaq, onun əsərlərinə şərhlər yazacaq, irəli sürdüyü müddəaların təbliğatçısına çevriləcəkdi. Bütün bunlar isə məhz Fərabinin təfsiri sayəsində mümkün olacaqdı. Çünki gələcəyin böyük alimi Aristotelin elmi görüşlərini həmin təfsir sayəsində anlaya, qavraya bilmişdi. Bir sözlə, «Metafizika»nın təfsiri Hüseynin materialist dünyagörüşünün formalaşmasında çox böyük rol oynadı.

Fərabi xarici aləmin mövcudluğunu reallıq hesab edir və onun hissiyyatla dərk olunduğu fikri ilə razılaşırdı. Bu görkəmli alimin fikrincə, dünya maddi elementlərdən yaranmış nəsnələrin məcmusudur. Fərabiyə görə, hərəkət cismin daimi xassəsidir.

Bütün bu elmi yanaşmalar Hüseynə qeyri-adi təsir bağışlayır, onu daha çox oxumağa, öyrənməyə qanadlandırırdı. O nə qədər çox oxuyur və öyrənirdisə, bir o qədər də yaxşı anlayırdı ki, bəşər mədəniyyətini irəli aparanlar təkcə yunan müdrikləri olmayıb. Şərqin Fərabi kimi alimləri də buna öz töhfələrini veriblər. Bu səbəbdən də Hüseynin özünə olan güvəni də artırdı. O, gələcəkdə özünün də insanlığa böyük faydalar verə biləcəyinə hər gün bir az da çox inanırdı.

Zaman keçdikcə Şərq alimlərinin xüsusilə tibb üzrə yazdıqları kitablar Hüseyni daha çox özünə cəlb etməyə başladı. Qeyd edək ki, həmin dövrdə bu cür kitabların şöhrəti hətta Avropayadək yayılmışdı. Şərqli həkimlərə, loğmanlara böyük etimad və rəğbət var idi.

Hüseyn dövrünün görkəmli tibb alimlərindən Əbu-Bəkr ər-Razinin, Əli ibn Abbasın, İshaq əl-İsrailin kitablarını oxumuşdu. O vaxtlar Buxaraya Cindüşapur15 və İsgəndəriyyə16 kimi məşhur tibb məktəblərinin elmi əsərləri gəlib çıxırdı. Bu, fəlsəfə və astronomiyanın ardından indi də tibbə meyillənən Hüseynin biliklərini dərinləşdirmək üçün böyük fürsət idi.

O dövrün müayinə və müalicə üsulları, dərmanların təyin olunması və hazırlanması yolları indi bizə qəribə, hətta bəsit görünə bilər. Bu, indiki texnoloji yeniliklər çağında olduqca təbiidir. Lakin unutmaq olmaz ki, Şərq tibbinin təməlində çoxəsrlik təcrübə dayanırdı. Həmin təcrübəni mənimsəmək və daha da zənginləşdirmək – Hüseyni düşündürən əsas məsələ bu idi.

İstisna deyil ki, gələcəyin böyük alimini tibb elminə həvəsləndirən şahidi olduğu, müşahidə etdiyi hansısa xəstəlik, hətta qədim və orta çağlar üçün xarakterik sayılan kütləvi yoluxmalar olub. Ancaq bu barədə qəti nəsə söyləmək çətindir, çünki əlimizdə heç bir məlumat yoxdur. Bircə onu bilirik ki, əvvəl də vurğuladığımız kimi, Buxarada içməli su problemi vardı. Şəhərin suyu keyfiyyətcə çox aşağı idi. Yerli əhalinin isə müasir dillə desək, sanitariya və gigiyena qaydaları barədə təsəvvürləri belə yox idi. Qeyd edək ki, bu şəhərdə içməli su səbəbi ilə epidemiyalar, müxtəlif xəstəliklər son yüzilliklərə qədər bitib tükənmək bilmirdi. İnsanların yeganə ümidi türkəçarələr və ara həkimləri idi. Onlar isə sözün həqiqi mənasında əhalinin taleyi ilə oynayırdılar. Təyin olunan «müalicə»lər əksər hallarda daha ağır fəsadlar doğururdu. Əsl loğmanlar çox az idi. Hərçənd Buxaranın onlara çox ehtiyacı var idi. Ola bilərmi, məhz bu ehtiyac Hüseyndə tibb elminə sonsuz maraq və həvəsi getdikcə alovlandırırdı? Əlbəttə, tamamilə mümkündür…

Haqqında danışdığımız dövrdə Buxara şəhərində Əbdülmənsur Qumri17 adlı bir loğmanın şöhrəti geniş yayılmışdı. Tibbə olan hədsiz marağı Hüseyni onun yanına gətirdi. Həmin vaxt Qumri islamın ən ciddi ehkamlarını pozaraq meyitlər üzərində araşdırmalar aparırdı. Hüseyn də həmin araşdırmalara qoşuldu, baxmayaraq ki, şəriət hüququna görə bunun cəzası edam, ən yaxşı halda isə sürgün idi. Lakin həm Qumri, həm də tələbəsi başa düşürdülər ki, düzgün müayinə və müalicə üçün insan orqanizminə yaxından bələd olmaq, onu yaxşı tanımaq lazımdır. Bunun yolu isə meyitlər üzərində tədqiqatlar aparmaqdan keçirdi. Lakin meyit əldə etmək o qədər də asan olmadığından Hüseyn digər canlıların cəsədlərini araşdırma predmetinə çevirirdi. Məsələn, pişiklərin və itlərin… Hətta bunun üçün atasından bir qoyun da ala bilmişdi. Bir dəfə isə ona qonşunun ölü dayçasını yarmaq müyəssər olmuşdu. Hüseynin fikrincə, daxili orqanlar barədə ümumi bilgilər əldə etmək üçün digər canlıların cəsədləri də köməyə gələ bilərdi. Ancaq tədricən başa düşdü ki, bu fikrində yanılır: məsələn, otyeyən heyvanların mədəsi ətyeyən heyvanların – itin, pişiyin və s. mədəsindən fərqlənirdi. Belədə insanların daxili orqanları ilə digər canlılarınkı arasında da fərqlər olması aydın idi. Hüseyn bu fərqləri ortaya çıxarmaq üçün baş sındırır, yollar axtarırdı.

Qumri tələbəsinin bu axtarışlarını diqqətlə müşahidə edirdi. Hüseynə isə yeni müəllimi bir qədər Natilini xatırladırdı. Düzdür, Qumri öz dövrü üçün inqilab sayıla biləcək araşdırmalarla – meyitləri yararaq insan orqanizmini dərindən öyrənməklə məşğul olur, böyük təcrübəsi və bu təcrübə əsasında dəqiq diaqnozlar qoyurdu, lakin nədənsə Hüseynə elə gəlirdi ki, müəllimi yeniliklərə kifayət qədər həvəsli deyil. Yəqin, buna görə o, sonralar öz qeydlərində yazmışdı: «Qumri öz yarımçıq biliklərini məqbul sayırsa – öz işidir, lakin mən bu səviyyədə qala bilmərəm! Mən bütün biliklərə yiyələnib əsl həkim olmalıyam. Bu mənim yeganə məqsədimdir…»

Öz məqsədinə çatmaq üçün gecə-gündüz çalışan Hüseyn tezliklə bunun bəhrəsini görməyə başladı. İndi nəinki fəlsəfə, həndəsə və ya astronomiya, hətta tibb üzrə Buxarada onun qarşısına heç kim çıxa bilməzdi. Hüseyn tibbi biliklərini həyatda tətbiq eləmək zamanı çatdığını hiss edirdi. Beləcə, o, müayinə və müalicələrə başladı. Bütün çağırışlara həvəslə gedən gənc həkim günboyu Buxaranın toz-torpaqlı küçələrində harasa tələsirdi. İnsanların diqqətini çəkən bu gəncin səliqəli geyimi, şux qaməti, gözəl çöhrəsi, ala gözləri deyildi. Eyni zamanda mehriban davranışları, istiqanlılığı idi. Qısa vaxtda Hüseyn həm bu xarakteri, həm də düzgün müayinə və müalicələri ilə buxaralıların rəğbətini, hörmətini qazandı. İş o yerə çatdı ki, şəhər sakinləri onunla qarşılaşanda ehtiramla baş əyir, yol verirdilər. Hüseynin fəlsəfə və fiqh sahəsindəki biliyindən Buxaranın sadəcə savadlı təbəqəsi məlumatlı olduğu halda, onun həkimliyindən bütün şəhər əhli xəbərdar idi.

Atası Abdullah oğlunun varlı buxaralıların müalicəsindən qazandığı pulları, qiymətli ənamları – xalçaları, qızıl sapla tikilmiş xalatları, ipək parçaları hesab-kitaba vurur və şübhə eləmirdi ki, bu gedişlə çoxdan arzusunda olduğu var-dövlətə, səadətə qovuşacaq…

1.Kovxa – keçmişdə bir çox Şərq ölkələrində kəndin inzibati işlərini idarə edən şəxs
2.İbn Sina – ərəbcədən tərcümədə «Sinanın oğlu» deməkdir. Abdullahın atasının adı Sina idi. Sonralar Abdullahın böyük oğlu Əbu Əli əl-Hüseyn də onu özünə soyad kimi götürmüş və elə bu soyadla məşhurlaşmışdır.
3.Müstövfi divanı – maliyyə işləri ilə məşğul olan dövlət idarəsi
4.Müdərris – müəllim, dərs verən adam
5.Qərmətilər – İsmaililiyin Fatimi xəlifələrini qəbul etməyib, İsmayıl ibn Cəfərin oğlu Məhəmməd ibn İsmayıl əş-Şakiri yeddinci, sonuncu imam olaraq qəbul edən və Yeddiçilər olaraq da tanınan təriqət
6.Natili – qədim yunan farmakoloqu və həkimi Pendius Dioskoridesin (M.ö. I yüzillikdə yaşamışdır) məşhur əsəri «De Materia Medika»nın ərəbcə tərcüməsini redaktə edərək anlaşıqlı hala gətirmiş görkəmli alim. Həmin kitab əsrlər boyunca həkimlərin və farmakoloqların istinad etdikləri əsas mənbə olmuşdur.
7.Xoca – burada: ustad, müəllim, tərbiyəçi
8.Süd yolu – Günəş sisteminin də daxil olduğu qalaktika
9.Klavdi Ptolomey – 100–170-ci illərdə yaşamış yunan riyaziyyatçısı, coğrafiyaçısı, astronomu, astroloqu və filosofu
10.«Almagest» – Ptolomeyin səma cismlərinin hərəkətindən və koordinatlarından bəhs edən kitabı. Ərəbcə «Əl-Məcisti» adlanır.
11.Buğra xan – Qaraxanilər dövlətinin «Satıq Buğra xan» kimi də tanınan IV xaqanı. 920–958-ci illər arasında hökmdarlıq etmişdir. 932-ci ildə İslamı qəbul edərək tarixdəki ilk müsəlman türk xaqanı ünvanını almışdır.
12.Hacib – türk əsilli sərkərdələrə verilən ad
13.Fərabi – təxminən 873 – 950-ci illərdə yaşadığı güman edilən məşhur türk alimi, filosof. Elmdə Aristoteldən sonra «İkinci müəllim» (əl-Müəllim əs-sani) fəxri adını qazanmışdır
14.Təfsir – şərh, izah
15.Cindüşapur – hazırda İranın Xuzistan ostanında yerləşən qədim şəhər. Sasani hökmdarı I Xosrovun (501–579) bu şəhərdə tikdirdiyi fəlsəfə və tibb məktəbi sonralar böyük şöhrət qazanmışdı.
16.İsgəndəriyyə – Misirin Aralıq dənizi hövzəsində yerləşən bu qədim şəhər hələ antik dövrdən öz tibb məktəbi ilə bütün dünyada məşhur idi.
17.Əbdülmənsur Qumri – müasirləri arasında tibbin həm nəzəri, həm də praktik tərəfini dərindən bilən alim kimi tanınan görkəmli həkim. Buxarada anadan olmuş və bütün ömrünü orada keçirmişdir. Samani hökmdarlarından böyük hörmət-izzət görmüşdür. Günümüzə iki əsəri gəlib çatmışdır: «Arzu olunan və kifayət edən kitab» və «Tibb terminlərini izah edən kitab».
20 563,49 s`om