Kitobni o'qish: «Wittgensteinin qardaşı oğlu»
Yas mərasimimdə iki yüz dostum olacaq və sən qəbrimin üstündə vida nitqi deməli olacaqsan.
Min doqquz yüz altmış yeddinci ildə Baumgartnerhöhe xəstəxanasının Hermann korpusunda yorulmadan çalışan rahibə şəfqət bacılarından biri bir il qabaq Brüsseldə, Rue de la Croix küçəsi 60 ünvanında yazdığım və təzəlikcə çapdan çıxan “Dəlilik” adlı romanımı çarpayımın üstünə qoydu, amma o kitabı qaldırmağa gücüm çatmazdı, çünki döş qəfəsimdəki yumruq boyda uru çıxartmaq üçün boğazımı kəsən həkimlərin mənə verdiyi bir neçə saatlıq narkozdan cəmi bir neçə dəqiqə qabaq ayılmışdım. Yadımdadır, Altı günlük müharibə gedirdi və kartizonla amansız müalicə nəticəsində üzüm ay kimi şişib yumrulanmışdı. Elə həkimlər də bunun üçün çalışırdılar. Məni yoxlamağa gələndə həkimlər şişmiş üzümlə elə zarafat edirdilər ki, hətta onların öz sözünə görə bir neçə həftəlik, ən yaxşı halda bir neçə aylıq ömrüm qalmağına baxmayaraq, mən də onlara qoşulub gülürdüm. Hermann korpusunun birinci mərtəbəsində cəmi yeddi palata var idi və on üç və ya on dörd xəstə o palatalarda uzanıb ölümü gözləyirdi – başqa bir şey gözləmək üçün ümid qalmamışdı. Xəstələr evdən gətirdikləri xalatlarda dəhlizdə gəzişirdilər və günlərin bir günü həmişəlik yoxa çıxırdılar. Hər dəfə mütləq şəkildə ağ əlcək taxan, hətta adi yerişiylə də ətrafdakılarda özünə qarşı hörmət oyadan, ciyər əməliyyatı sahəsində ən yaxşı mütəxəssis sayılan məşhur professor Salzer həftədə bir dəfə Hermann korpusunda peyda olurdu, onu səssiz-səmirsiz əhatəyə alan rahibə şəfqət bacılarının müşayiəti ilə bu hündür, səliqəli kişi əməliyyat otağına gedirdi. Cəmiyyətin yüksək təbəqəsinə aid adamların özlərini əllərinə təslim etdikləri bu məşhur professor Salzer (məni kəndli oğlu olan həkim əməliyyat etmişdi) dostum Paul'un əmilərindən biri idi. Bu Paul da “Tractatus Logico-Philosophicus” ilə hazırda bütün elm aləminə, daha doğrusu, bütün psevdoelm aləminə yaxşı tanış olan filosofun qardaşı oğlu idi. Mən Hermann korpusunda yatanda dostum Paul da təxminən iki yüz metr aralıdakı Ludwig korpusunda yatırdı, amma Ludwig korpusu Hermann korpusu kimi Baumgartnerhöhe xəstəxanasına yox, Am Steinhof adlı psixiatriya xəstəxanasına aid idi. Vyananın qərbində böyük bir sahəni əhatə edən Wilhelminenberg dağının ətəyi artıq bir neçə onillik idi ki, iki hissəyə bölünmüşdü: mənim yatdığım, qısaca Baumgartnerhöhe adlandırılan və daha az sahəyə malik olan ağ ciyər xəstəxanası və Am Steinhof adlandırılan və böyük əraziyə malik olan psixiatriya xəstəxanası. Buradakı bütün korpuslar kişi adıyla adlandırılmışdı. Dostum Paul'un hər hansısa başqa bir korpusa yox, məhz yaxınlıqdakı Ludwig korpusunda yerləşdirilməsi mənə olduqca absurd görünürdü. Hər dəfə professor Salzer'in ətrafa baxmadan birbaşa əməliyyat otağına getdiyini görəndə Paul'un ona gah “dahi”, gah da “qatil” dediyi yadıma düşürdü və hər dəfə professorun əməliyyat otağına girdiyini və ya çıxdığını görəndə istər-istəməz fikirləşirdim ki, görəsən, indi əməliyyat otağına kim girir? Dahi, yoxsa qatil? Və ya indi əməliyyat otağından kim çıxır? Dahi, yoxsa qatil? Bu məşhur tibb xadimi diqqətimi özünə cəlb edirdi. Məsələ burasındadır ki, mən hələ bütünlükdə ağ ciyər, daha dəqiq desək, ağ ciyər xərçəngi üçün nəzərdə tutulmuş Hermann korpusunda yatmamışdan qabaq da çox həkim görmüşdüm və həkimləri müşahidə etmək vaxt keçdikcə məndə vərdiş halını almışdı, amma professor Salzer gördüyüm dəqiqədən etibarən bütün həkimləri kölgədə qoymuşdu. Onun bütünlükdə möhtəşəm olan şəxsiyyəti mənim üçün əlçatmaz qalmışdı, təsəvvürümdə onun obrazı sadəcə ona baxanda hiss etdiyim heyranlıqdan və onun haqda gəzən söz-söhbətdən ibarət idi. Dostum Paul'un dediyinə görə, professor Salzer uzun illərdi ki, möcüzələr yaradırdı, yaşamağına heç bir ümid qalmayan xəstələr onun əməliyyatından sonra onilliklər boyu yaşamağa davam edirdi. Amma elə xəstələr də olurdu ki, (bunu da Paul deyirdi) xırda şeylərə görə, məsələn, təsadüfən hava şəraiti dəyişdiyinə görə kefi pozulan və həyəcanlanan professorun bıçağı altında ölüb gedirdi. Həmişə belə olur. Nəticədə, dostum Paul'un əmisi professor Salzer məni hədsiz dərəcədə maraqlandırdığı və dünyaca məşhur olan professor haqda Paul'dan eşitdiklərim məni qorxutduğu üçün, kəndli oğlu olan həkim xeyrinə seçim etdim. Bundan başqa, Hermann korpusunda olduğum ilk həftələrdə məhz Salzer'in əməliyyat etdiyi xəstələrin öldüyünü görürdüm, bəlkə də o aralar dünyaca məşhur professor üçün uğursuz keçirdi, amma mən, əlbəttə ki, qorxdum və məni kəndli oğlunun əməliyyat etməsini istədim. Bu gün də görürəm ki, seçimimdə yanılmamışam. Ancaq indi bunları fikirləşmək mənasızdır. Hər necə olsa da mən professor Salzer'i heç olmasa həftədə bir dəfə görə bilirdim, amma dostum Paul bir neçə ay Ludwig korpusunda yatmağına baxmayaraq, doğma əmisini bircə dəfə də görə bilmədi. Yəqin ki, professor Salzer qardaşı oğlunun Ludwig korpusunda müalicə aldığını bilirdi və zənnimcə, Hermann korpusuyla Ludwig korpusu arasındakı bir neçə addımlıq yolu getmək onun üçün çox da çətin deyildi. Professor Salzer'in hansı səbəbə görə qardaşı oğlu Paul'a gedib dəymədiyini bilmirəm. Bəlkə də bunun üçün çox ciddi səbəbləri var idi. Bəlkə də sadəcə özünü yormaq istəmirdi. Hər halda, Paul artıq neçənci dəfə idi ki, Ludwig korpusunda müalicə alırdı. Məsələ burasındadır ki, Paul'u həyatının axırıncı iyirmi ili ərzində ildə azı iki dəfə təcili çağırışla və ən ağır şəraitdə Am Steinhof xəstəxanasına gətirməli olmuşdular. Üstəlik, tutmaları Avstriyanın Traunsee gölü yaxınlığında yerləşən, Paul'un doğulub böyüdüyü və Wittgenstein ailəsinə mənsub köhnə kənd evində olurdusa, onda onu Linz şəhərinin yaxınlığında yerləşən Wagner-Jauregg xəstəxanasına aparmaq lazım olurdu, bu da axır illərdə çox tez-tez baş verirdi. Paul'un ruhi xəstəliyi (əslində buna sözgəlişi ruhi xəstəlik deyirlər) çox tez, onun hələ otuz beş yaşı olmamış özünü göstərməyə başlamışdı. O özü bu haqda çox danışmır, amma elə onun danışdıqlarından bu sözgəlişi ruhi xəstəliyin necə yarandığı barədə təsəvvürüm var. Paul hələ uşaq olanda bu sözgəlişi ruhi xəstəlik özünü göstərməyə başlamışdı, amma bu xəstəliyin məhz nə olduğunu heç kim heç vaxt təyin edə bilmədi. Paul canında bu xəstəliklə doğulmuşdu və sözgəlişi ruhi xəstəlik heç vaxt ondan əl çəkmədi. Ruhi xəstəliyi olmayan adamlar necə sakit yaşayırsa, Paul da bütün ömrünü bu sözgəlişi ruhi xəstəliklə eləcə sakit və özündən əmin şəkildə yaşayıb öldü. Onun sözgəlişi ruhi xəstəliyi həkimlərin və ümumilikdə tibb elminin çarəsizliyini tam çılpaqlığıyla aşkara çıxarırdı. Həkimlərin və tibb elminin çarəsizliyi özünü bunda büruzə verirdi ki, onlar Paul'un sözgəlişi ruhi xəstəliyinə müxtəlif adlar qoyurdular və əlbəttə ki, heç vaxt xəstəliyi düzgün müəyyənləşdirə bilmirdilər, çünki həkimlərin savadsızlığı buna imkan vermirdi. Onların təyinatları getdikcə daha absurd, daha ağlabatmaz olurdu və hər təzə təyin əvvəlki təyinlərin düz olmadığını sübut edirdi. Özünə psixiatr deyən həkimlər dostumun xəstəliyini hər dəfə başqa cür izah edirdi, amma başqa xəstəliklər kimi bu xəstəliyin də dəqiq nə olduğunu bilmədiklərini və qoyduqları bütün diaqnozların səhv olduğunu deməyə cəsarətləri çatmırdı. Əksinə, hər təzə diaqnozla xəstənin vəziyyətini ağırlaşdırsalar da öz vicdanlarını yüngülləşdirməyə çalışırdılar. Onlar dəqiqəbaşı “maniakal” sözünü işlədirdilər, “depressiv” sözünü işlədirdilər, amma istənilən halda bu sözlər həqiqəti əks etdirmirdi. Onlar da başqa həkimlər kimi özlərini (xəstəni yox!) müdafiə və xilas etmək üçün dəqiqəbaşı elmi sözlərin dalında gizlənirdilər. Başqa həkimlər kimi Paul'u müalicə edən həkimlər də latınca sözlərin dalında daldalanmağa başladılar və məsləkdaşlarının əsrlərdir etdiyi kimi öz bacarıqsızlıqlarını gizlətmək və şarlatanlıqlarını ört-basdır etmək üçün xəstəylə aralarında latın dilini aşılmaz və keçilməz divar kimi hörüb yüksəltdilər. Qurbanlarıyla aralarında latın dilini hələ müalicənin ən əvvəlində görünməz, amma həqiqi divarlardan daha keçilməz şəkildə çəkdilər (bu müalicə metodlarının isə ancaq qeyri-insani, cinayət xarakterli və ölümcül olduğunu bilirik). Psixiatr həkimlər bütün həkimlər arasındakı ən bacarıqsız həkimlərdir və həmişə tibb elminin adamından çox sadist qatilə oxşayırlar. Ömrüm boyu psixiatr əlinə düşməkdən dəhşətli dərəcədə qorxmuşam. Nəticədə bütün həkimlər ancaq ziyan vursa da, heç bir həkim psixiatr qədər təhlükəli deyil. Çünki psixiatrlar bugünkü cəmiyyətimizdən uzaq, dünyadan təcrid olunmuş şəkildə yaşayırlar və uzun illər ərzində dostum Paul'a tətbiq edilən qeyri-insani metodları müşahidə edəndən sonra qorxum getdikcə artıb. Zəmanəmizin əsl iblisləri psixiatrlardır. Onlar öz işləriylə kənar gözlərdən uzaq, belə deyək, nəzarətsiz şəkildə məşğul olurlar. Qısası, nə qanun tanıyırlar, nə də vicdan. Artıq yavaş-yavaş yerimdən durmağa, palatamın pəncərəsinə yaxınlaşmağa və dəhlizə çıxıb başqa gəzən meyitlərlə bir yerdə gəzişməyə başlayandan sonra bir gün Hermann korpusundan çıxıb Ludwig korpusuna getməyə cəhd etdim. Amma öz imkanlarımı həddindən artıq yüksək qiymətləndirmişdim və yarı yolda – Ernst korpusunun yanında dayanmalı oldum. Dincəlmək üçün Ernst korpusunun divarına bərkidilmiş skamyada oturdum. Yoxsa Hermann korpusuna qayıda bilməyəcəkdim. Yataqda bir neçə həftə və ya bir neçə ay keçirən xəstələr təzədən ayağa durmağa başlayanda özlərini olduğundan daha güclü zənn edir və daşıya bilməyəcəkləri yükün altına girir, bu axmaqlıq ucbatından özünü bir neçə həftə dala salır. Çoxları bu hərəkətləri ilə əməliyyat vaxtı qaça bildiyi ölümü yaxınlaşdırır. Mən uşaqlıqdan xəstəhalam və ömrüm boyu yüngül və ağır, nəticədə isə heç biri sağalmayan xəstəliklərimlə yaşamalı olduğum halda tez-tez özümü axmaq kimi aparmışam və bağışlanmaz səhvlər etmişəm. Əvvəlcə bir-iki, sonra dörd-beş, sonra on-on bir, sonra on üç və ya on dörd, daha sonra isə iyirmi və ya otuz addım (sən xəstə kimi hərəkət etməlisən, daha ayağa duran kimi açıq havaya çıxmamalısan, bu, əksər hallarda ölümcül olur). Amma bir neçə ay ərzində yatmağa məhkum edilən xəstə bütün bu müddət ərzində azadlığa can atır. Nəticədə səhhətinin palatanı tərk etməyə imkan verəcəyi anı gözləməyə səbri çatmır və təbii ki, dəhlizdəki bir neçə addımlıq gəzintiylə qane olmur. O saat küçəyə çıxmağa tələsir və özü özü üçün qəbir qazır. Çoxları tibb elminin gücsüzlüyünə görə yox, məhz xəstəlikdən sonra çox tez ayağa durduğu üçün ölür. Həkimləri hər şeydə günahlandırmaq olar, amma hər halda onlar (ən etinasızları, ən axmaqları və ən vicdansızları da) bircə şey – xəstələrinin vəziyyətini yaxşılaşdırmaq istəyir. Ancaq xəstələr də onlara kömək etməli, yerindən çox tez (ya da çox gec!) durmaqla həkimlərin səylərini boşa çıxartmama-lıdırlar. Vaxtından tez durub gəzintiyə çıxmaq o biri dünyaya səyahətlə nəticələnə bilər. Mən bu dəfə çox uzağa getmişdim. Ernst korpusu mənim üçün həddindən artıq uzaq idi. Mən artıq Franz korpusundan qayıtmalı idim. Amma mən mütləq şəkildə dostumu görmək istəyirdim. Təngnəfəs halda Ernst korpusunun qabağındakı skamyada oturub ağacların arasından görünən Ludwig korpusuna baxmağa başladım. Bəlkə də ruhi xəstə yox, ağ ciyər xəstəsi olduğum üçün məni heç Ludwig korpusuna buraxmayacaqlar deyə fikirləşdim. Ağ ciyər xəstələrinin Hermann korpusunun sahəsindən çıxıb ruhi xəstələr üçün nəzərdə tutulmuş korpusun sahəsinə girməyi ciddi şəkildə qadağan edilmişdi. Həmçinin ruhi xəstələr də ağ ciyər xəstələrinin sahəsinə gələ bilməzdi. Bu iki sahəni hündür barmaqlıqlarla ayırmışdılar, amma barmaqlıqlar yerbəyerdə pas atıb çürümüşdü və hər yerdə deşiklər əmələ gəlmişdi. Ən azından sürünə-sürünə o biri tərəfə keçmək olardı. Hər gün nə qədər ruhi xəstənin ağ ciyər xəstələri arasında gəzdiyi, həmçinin ağ ciyər xəstələrinin də ruhi xəstələrə qarışdığı yaxşı yadımdadır, amma birinci dəfə Hermann korpusundan Ludwig korpusuna getməyə cəhd etdiyim gün bunlardan xəbərim yox idi. Ancaq sonralar öz sahəmizdə ruhi xəstələri görməyə öyrəşdim. Axşamları sanitarlar ruhi xəstələri qovlamağa gəlirdilər və tutduqlarına dəli köynəyi geyindirib rezin dəyənəklə (bunu öz gözlərimlə görmüşdüm) Ludwig korpusuna qovurdular. Ruhi xəstələrin çığırtıları gecəyə qədər qulağımdan getmirdi. Ağ ciyər xəstələri isə öz sahələrini sırf maraq xatirinə tərk edib ruhi xəstələrin sahəsinə keçirdi, çünki yeknəsəq və səhərdən axşamacan ölüm fikriylə keçən darıxdırıcı günlərinə nəsə bir maraq qatmaq istəyirdilər. Doğrudan da səhv etmirdim, mən ağ ciyər xəstələrinin sahəsini tərk edib ruhi xəstələrin sahəsinə keçəndə onlar xəstəxananın həyətinə səpələnmiş halda gəzirdilər və diqqəti cəlb etməmək üçün paltarlarına tikilmiş nömrələri cırırdılar. Bəlkə haçansa yazacağım başqa bir kitabda ruhi xəstələr korpusundakı qayda-qanunları və gözümlə gördüyüm hüquq pozuntularını yazmağa risk edərəm. Amma hələlik Ernst korpusunun qabağında oturub fikirləşirdim ki, Ludwig korpusuna getmək üçün ikinci cəhdi azı bir həftədən sonra edə bilərəm. Yaxşı başa düşürdüm ki, hazırda gücüm ancaq Hermann korpusuna qayıtmağa çatar. Skamyada oturub sonsuz kimi görünən bağdakı ağaclardan yerə və təzədən ağaca hoppanan dələlərə baxırdım. Elə bil, bu dələlərin yeganə işi ağ ciyər xəstələrinin yerə atdığı salfetləri yığıb ağaca çıxartmaq və ağacın başında onlarla oynamaqdan ibarət idi. Bağın hər yerində ağzında salfet tutmuş dələlər qaçışırdı və dişlərində sıxdıqları salfetlər axşam alatoranında ağ ləkələr kimi sayrışırdı. Oturub öz-özlüyündən ağlıma gələn fikirləri bu mənzərəyə uyğunlaşdırmağa çalışmaqdan həzz alırdım. İyun ayı idi. Korpusların pəncərələri açıq idi və açıq pəncərələrdən əvvəlcədən planlaşdırılmış kimi eşidilən xəstə öskürəkləri axşam alatoranına qarışırdı. Şəfqət bacılarını hirsləndirməmək üçün durub Hermann korpusuna qayıtdım. Əməliyyatdan sonra nəfəs almağım yüngülləşmişdi. Elə bil, ürəyim də artıq yükdən azad olduğu üçün daha yaxşı döyünürdü, amma yaxın gələcəyim çox da ürəkaçan görünmürdü, kortizon müalicəsi fikri kefimi pozurdu. Amma bu o demək deyil ki, mən bütün günü ümidsizlik içində keçirdirdim. Mən ümidsizlik içində yuxudan dururdum, bu ümidsizlikdən yaxa qurtarmağa çalışırdım və günortaya qədər buna müyəssər olurdum. Nahardan sonra ümidsizlik hissi təzədən qayıdırdı, axşamüstü təzədən gedirdi, gecə yarısı yuxudan oyananda isə, o, əlbəttə ki, ağlımda peyda olurdu və mənə səhərkindən daha ağır əzab verirdi. Həkimlərin burda öldüyünü gördüyüm xəstələrlə eynən mənimlə danışdıqları kimi danışdıqlarını, mənə göstərdikləri münasibətin eynisini göstərdiklərini və hətta zarafatlaşmaqlarının da eyni olduğunu gördüyüm üçün mənim həyat yolumun da təxminən o mərhum xəstələrin həyat yoluna oxşayacağını fikirləşirdim. Hermann korpusunda diqqət cəlb etmədən, qışqırıqsız, yalvarışsız, əksərən tamamilə səssiz ölürdülər. Sən sadəcə səhər dəhlizdə artıq üzü dəyişdirilib təzə xəstəni gözləyən növbəti boş yatağı görürdün. Yanlarından keçəndə şəfqət bacıları bizi həyəcanlandırmamaq üçün gülümsəyirdilər. Hərdən özümdən soruşurdum ki, görəsən, nə üçün mənə yazılmış yoldan çıxmağa çalışıram? Nə üçün mən də başqaları kimi yolumla sakitcə getmirəm? Vaxtı çatıbsa, ölümə müqavimət göstərmək nəyə lazımdır? Mən elə indi də özümdən soruşuram ki, o vaxt imkan var ikən, o şəraitdə ikən ölümə təslim olsaydım, daha yaxşı olmazdımı? O vaxt bir neçə həftə içində can rahatlığı ilə ölə bilərdim. İndi bundan əminəm. Amma mən ölmədim, hələ də yaşayıram. Mən Hermann korpusunda yatdığım vaxt dostum Paul'un da Ludwig korpusunda yatmağını xeyir əlaməti hesab edirdim (Paul əvvəl-əvvəl mənim Hermann korpusunda yatdığımı bilmirdi, bunu sonralar – növbəylə ikimizə də baş çəkən ortaq dostumuz İrina'nın boşboğazlığı sayəsində öyrəndi). Məni heç bir halda Paul'la eyniləşdirmək olmaz, amma istər-istəməz fikirləşirdim ki, əgər dostum Paul hər il bir neçə həftəni və ya bir neçə ayı (ilbəil bu müddət artırdı) Steinhof'da keçirdəndən sonra ordan evə qayıdırdısa, demək, mən də sağalıb burdan çıxacağam. Öz-özümə deyirdim: bir neçə həftə və ya bir neçə ay burda qalandan sonra mən də onun kimi çıxıb evə gedəcəyəm. Belə də oldu. Dörd ay sonra Baumgartnerhöhe'ni tərk edib gedə bildim, bir çox başqa xəstə kimi ölmədim, Paul isə o vaxt çoxdan azadlığa çıxmışdı. Amma ilk gəzintimə çıxdığım gün Ernst korpusundan Hermann korpusuna gedə-gedə ciddi surətdə ölüm haqda fikirləşirdim. Hermann korpusundan sağ çıxa biləcəyimə inanmırdım. Orda olanda çox şey eşidib görmüşdüm. Həmçinin, özümdə də bircə ümid qığılcımı qalmamışdı. Çoxlarının iddia etdiyi kimi, axşam alatoranlığı yüngüllük gətirmirdi, əksinə, vəziyyətimi daha da ağırlaşdırırdı. Növbətçi şəfqət bacısı mənə hökm kəsəndən və mənim axmaq, məsuliyyətsiz hərəkətim haqda düşündüklərini deyəndən sonra yatağıma uzanıb dərhal yuxuya getdim. Yeri gəlmişkən deyim ki, Baumgartnerhöhe'də bircə gecəni də əvvəldən axıracan yata bilməmişdim. Adətən yatandan bir saat sonra oyanırdım. Ya bütün yuxularım kimi bu yuxum da məni uçurumun qırağına gətirib çıxarırdı və həyatım yarıda qırıldığı üçün qorxub oyanırdım, ya köməyə çağıran və ya ölən hər hansı bir xəstənin dəhlizdən eşidilən səsinə, ya da palata yoldaşım ördəyə işəyəndə çıxan səsə oyanırdım (o xəstə heç vaxt ördəkdən səssiz istifadə edə bilmədi, hər dəfə götürəndə mənim dəmir komoduma vururdu, dəfələrlə ördəyi necə götürsə səs salmayacağını ona başa salsam da, bütün səylərim boşa getdi). Bu biri tərəfimdə – qapı tərəfdə yatan (mən pəncərə tərəfdə yatırdım) o biri palata yoldaşım da ördəyin səsinə oyanırdı. Həmin xəstə, cənab Immervoll polis idi və “İyirmi bir” oyununu dəhşətli dərəcədə sevirdi. Məni də bu oyuna öyrəşdirmişdi və indinin özündə də bu oyunun həvəskarıyam. Məlum olduğu kimi, yuxu dərmanı içməsə, yata bilməyən xəstə (özü də ancaq ağır və çox ağır xəstələrin yerləşdirildiyi Baumgartnerhöhe xəstəxanasında yatan biri) yuxudan oyandısa, daha yata bilmir. Yanımdakı yataqda teologiya fakültəsinin tələbəsi yatırdı. O, Grinzing'li bir hakimin oğlu idi, evləri Schreiberweg'də, daha dəqiq desək, Vyananın aristokrat və bahalı məhəllələrindən birində idi, özü də həddindən artıq ərköyün böyüdülmüşdü. O, indiyəcən hələ heç vaxt bir otaqda başqalarıyla yaşamamışdı və yəqin ki, bu sözləri ona birinci dəfə mən demişdim: əgər bir yerdə bir neçə nəfərlə yaşayırsansa, onda onlara hörmət etməlisən, onları da fikirləşməlisən, xüsusən teologiya tələbəsisənsə, buna məcbursan. Amma ona çətin ki nəyisə başa sala bilərdin. Ən azından ilk vaxtlar. O palatamıza məndən sonra gəlmişdi. Onu da ağır vəziyyətdə gətirmişdilər və bizim kimi onun da boğazını kəsib sinəsindən ur çıxartmışdılar. Yazıq əməliyyat vaxtı az qalmışdı ölsün. Əməliyyatı isə məşhur professor Salzer etmişdi. Əlbəttə, bu o demək deyil ki, əgər onu başqa həkim əməliyyat etsəydi, onda o, ölümə bu qədər yaxınlaşmazdı. Oğlan palatamıza gələndə fikirləşmişdim ki, teologiya tələbəsi olmaq yaxşı şeymiş (şəfqət bacıları onu yaman əzizləyirdilər və tələbəni bütün imkanlarıyla nə qədər ərköyünləşdirirdilərsə, mənimlə polisi bir o qədər və açıq-aşkar yola verirdilər). Məsələn, səhər tezdən gecə növbədə olan şəfqət bacıları növbə vaxtı başqa xəstələrin onlara hədiyyə etdikləri şeyləri (şokoladları, çaxır şüşələrini, şəhərdən gətirilmiş və əlbəttə ki, bir nömrəli şirniyyatçılardan – “Demelya”dan, “Lemana”dan, bələdiyyə binasının yanında yerləşən və onlardan heç də az məşhur olmayan “Sluki”dən alınmış şirniyyatları) gətirib tələbənin tumbasının üstünə düzürdülər və həmişə nəzərdə tutulan və hamımıza verilən şadodan ona düz iki pay verirdilər. O şadodan ki indiyəcən dünyada ən çox sevdiyim yeməkdir və Hermann korpusunun xəstələrinə mütəmadi verirdilər, çünki Hermann korpusunda ölümcül xəstələr yatırdılar və yatağa şado vermək məhz ölümcül xəstələrə qulluq vaxtı keçərlidir. Amma mən tezliklə tələbənin bəzi xoşagəlməz vərdişlərini tərgitdirə bildim, tələbənin eqoistliyinə ən az mənim qədər hirslənən polis Immervoll buna görə mənə minnətdarlığını bildirdi. Immervoll ilə mən artıq təcrübəli xəstələr kimi boynumuza düşən rolu məharətlə oynayırdıq, özümüzü olduqca sakit, nəzərəçarpmaz aparırdıq, elə bil, heç burda yoxuq, çünki məhz bu yolla xəstə adam ömrünü uzada bilər. Axı inadkarlıq, tərbiyəsizlik, tərslik orqanizmi gücdən salır, onu ölümcül vəziyyətə gətirir, buna görə də xroniki xəstələr sadaladığım keyfiyyətləri uzun müddət saxlaya bilmir. Bizim tələbənin ayağa durub tualetə getmək iqtidarında olduğunu bildiyim üçün bir gün ona ördəkdən istifadə etməyi qadağan etdim. Bununla, əlbəttə ki, şəfqət bacılarında özümə qarşı qəzəb yaratdım, onlar tələbənin ördəyini məmnuniyyətlə boşaldıb gətirirdilər, amma mən dediyimdə dayandım, çünki nə üçün mənimlə Immervoll'un durub ayaqyoluya getməli olduğunu, teologiya tələbəsinin isə yerində uzanıb ördəyə işəməyini və onsuz da dözülməz dərəcədə boğanaq olan havanı bir az da zəhərləməyini başa düşmürdüm. Nəhayət, istəyimə çatdım: adını unutduğum teologiya tələbəsi (deyəsən, onun adı Valter idi, amma mənim yadımda qalmayıb) tualetə getməyə başladı, şəfqət bacıları isə bir neçə gün ərzində heç nəzakət xatirinə də mən tərəfə baxmadılar. Amma mənim vecimə deyildi. Mən dostum Paul'u ziyarətə gedə bilmək üçün güc toplayırdım, amma Ernst korpusunun yanından qayıtmağa məcbur olduğum birinci cəhdimdə başa düşmüşdüm ki, dostuma sürpriz etmək üçün hələ çox vaxt lazımdır. Yerimdə uzanıb pəncərədən görünən hündür şam ağacının başına baxırdım. Orda – həyətdə günəş çıxır və sonra təzədən batırdı, mən isə palatadan çıxmaq üçün özümdə cəsarət tapa bilmirdim. Nəhayət, Paul'la ortaq dostumuz İrina mənim görüşümə gəldi. O, Paul'un ziyarətindən gəlirdi. Mən Paul Wittgenstein ilə məhz İrina'nın Blumenstockgasse'dakı mənzilində tanış olmuşdum. Onda birdən-birə özümü dirijor Schuricht'in London filarmoniya orkestri ilə ifa etdiyi Haffner simfoniyası haqda gedən mübahisənin ortasında tapmışdım. Özü də bu mübahisə tam yerinə düşmüşdü, çünki mübahisə yoldaşlarım kimi mən də bir gün qabaq “Musiqi sevənlər cəmiyyəti”ndə Schuricht'in dirijorluq etdiyi bu simfoniyaya qulaq asmışdım və məndə belə təəssürat yaranmışdı ki, bütün musiqi həyatımda belə möhtəşəm konsertdə olmamışam. Biz üçümüz də (mən, Paul və yüksək musiqi zövqünə malik, incəsənət heyranı İrina) bu konsertdən eyni dərəcədə həzz almışdıq. Bir neçə saat ərzində davam edən və çox prinsipial olmasa da, ilk dinləmədə fikir vermədiyimiz və üçümüzdə də başqa-başqa təəssüratlar yaradan məqamları müzakirə etdiyimiz əsnada istər-istəməz Paul'la dostlaşdım. Paul'u ondan qabaq bir neçə il ərzində müxtəlif yerlərdə görsəm də, heç vaxt söhbət etməmişdik. Məhz Blumenstockgasse'da, əsrlərin kəsişdiyi vaxt tikilən liftsiz binanın dördüncü mərtəbəsində bizim dostluq münasibətimiz başladı. O, mənzilin sadə, amma rahat mebelli böyük otağında oturub sevimli dirijorum olan Schuricht'dən, sevimli simfoniyam olan Haffner simfoniyasından və dostluğumuzun təməlini atan o konsertdən bir neçə saat danışdıq. Paul Wittgenstein'in dərin musiqi ehtirası (bu ehtiras İrina'da da vardı) məni ovsunlamışdı. Xüsusən, Mozart və Schumann'ın böyük orkestr əsərləri haqda fantastik məlumatı, tezliklə məni narahat edən (bütün Vyananın bildiyi və sonralar məlum olduğu kimi, nəinki təhlükəli olan, hətta ölümcül xəstəlik dərəcəsinə çatan) opera həvəsi, nəhayət, qulaq asdığı musiqi əsərlərini, getdiyi konsertləri, dinlədiyi virtuozları müqayisə etməklə gəldiyi və həmişə də düz çıxan nəticələr Paul'la asan dil tapmağıma və onu qeyri-adi dost kimi qəbul etməyimə kömək etdi. Taleyi Paul Wittgenstein'in taleyindən heç də az təəccüblü olmayan dostumuz İrina (o, məsələn, o qədər ər dəyişdirmişdi ki, saymağa əl barmaqları çatmazdı) xəstəxanadakı ağır günlərimizdə tez-tez bizə baş çəkməyə gəlirdi. İrina qırmızı jaketini geyinib istədiyi vaxt gəlirdi, görüş saatlarının neçədə olması onun vecinə deyildi. Bayaq dediyim kimi, təəssüf ki, İrina artıq Paul'a mənim Hermann korpusunda yatdığımı demişdi.
Bepul matn qismi tugad.