Kitobni o'qish: «Vanina Vanini»
“Qarasaçlı, odbaxışlı” romalı aristokrat xanım Vanina Vanini ətrafındakı cəsarətsiz və aciz ömür sürən gənclərə nifrət bəsləsə də gənc bir karbonariyə – Pyetroya (karbonari – XIX əsrdə İtaliyada yadellilərin zülmünə qarşı və İtaliyanı birləşdirmək uğrunda mübarizə aparan gizli inqilabi cəmiyyətin üzvü) fədakarcasına aşiq olur.
Lakin seçim qarşısında qaldıqda Vətənə sədaqət borcunu sevgisinə qurban verir. Vanina və Pyetro vətən və sevgi arasında seçim etməyə məcbur olan tipik klassik personajlardır və bu taleyin seçimidir. Sevgisini qorumaq, Pyetronu itirməmək üçün Vanina təşkilatın digər üzvlərini polisə satır.
Sevgi naminə edilən cinayətə isə bəraət yoxdur. Hətta titanik səylər qarşısında belə günahı yumaq mümkün deyil. Vanina sevgilisini həbsxanaya düşməkdən qorumaq istərkən, satqınlığın şübhələrini öz üzərindən atmaq üçün Pyetro könüllü şəkildə təslim olur.
Belə olduqda Vanina taleyi ilə bağlı seçim etməlidir: bir tərəfdə edama məhkum edilən Pyetronun nifrəti, digər tərəfdə isə yüksək cəmiyyətdən olan birisi ilə sevgisiz nikah.
Vicdanının səsini boğaraq satqınlıq etmiş Vaninanın daxilindəki çaxnaşma onu reallıqla üz-üzə qoyur və o, öz seçiminə qarşı intiqam hissi ilə yaşayır. Zəiflik dəlicəsinə cəsarətə çevrilir, sevgi heç bir maneə qarşısında dayanmamağa, onun həyatını qurtarmaq üçün bütün səylərini toparlamağa təhrik edir. Bununla belə Vaninanın həyatı faciə ilə bitir. Çünki, yazıçının qənaətinə görə qəhrəmanlıq ilk növbədə ictimai borc deməkdir…
182…-ci ilin bahar axşamlarından biri idi. Romada böyük canlanma vardı məşhur bankir hersoq de B… Venetsiya meydanında tikdirdiyi sarayda bal təşkil etmişdi. Bər-bəzəyində italyan incəsənətinin əzəməti ilə London və Paris ehtişamının vəhdəti düyülan ardı-arası kəsilmədən qonaqlar axışıb gəlirdi. Nəcabətli ingilis xanımları belə, bankirin dəvətindən məmnun görünürdülər; sarışın təkəbbürlü gözəllər şən bir dəstə ilə təşrif buyurmuşdular. Romanın seçmə gözəlləri cazibədarlıqda onlardan heç də geri qalmırdı.
Salonun qapısı ağzında atasının qoluna girmiş gənc bir qız göründü. Alışıb-yanan şəvə kimi qara saçlarından romalı olduğu açıq-aydın bilinirdi. Qızın hər bir hərəkətində qeyri-adi qürur nəzərə çarpırdı. Bütün baxışlar ona zillənmişdi.
Əcnəbi qonaqlar baldakı dəbdəbəyə heyran qalmışdılar. Onların dediyinə görə Avropa monarxlarının heç birinin şənlik məclisi bu təmtəraqla müqayisə oluna bilməzdi.
Doğurdan da, Avropa hökmdarlarının italyan memarlığı üslubunda tikdirdikləri sarayları nə gəzir. Bir də ki, onlar hər bir məclisə saray xanımlarını çağırmağa məcburdular. Halbuki hersoq de B… yalnız gözəl xanımlara dəvətnamə göndəriridi. Bu axşamkı dəvətlərin uğurlu olduğu göz qabağında idi. Kişilərin gözü qamaşırdı. Füsünkar qız-gəlin o qədər çoxdu ki, bu bəhsə-bəhsdə kimin üstün olduğunu demək çətin məsələ idi. Lakin, çox da uzun çəkməyən götür-qoydan sonra Vanina Vanini – alışıb yanan gözlü qara saçlı knyajna yekdiliklə balın şahzadəsi elan olundu. Dərhal bütün otaqlar boşaldı Xarici qonaqlar və Roma cavanları rəqs salonuna axışdılar.
Knyaz Azdrubala Vanini qızının bu vaxtacan iki-üç alman əyanı ilə rəqs etdiyinə yaman heyfislənirdi. Bundan sonra Vanini bir neçə yaraşıqlı və adlı-sanlı ingilisin də dəvətini rədd eləmədi. Ancaq onların quruluğu qızı çox tez bezikdirdi. Dəlicəsinə vurulduğunu gizlədə bilməyən Livno Savelliyə əzab vermək onu deyəsən hər şeydən çox əyləndirirdi. Livno gəncdi, yüksək cəmiyyətdə sayılıb seçilən cavanlardandı həm də knyaz balası idi. Ancaq ona oxumaq üçün hansısa roman versəydilər iyirminci səhifədə kitabı kənara atıb baş ağrısından şikayətlənərdi. Vanina bunu çox ciddi qüsur sayırdı.
Gecə yarıya yaxın bir şayiyə hamı üçün söz-söhbət mövzusu oldu. Həmin axşam Müqəddəs Məlakə qalasından gənc bir karbonari1 paltarını dəyişib qaçmışdı. Deyilənə görə o həbsxananın axırıncı qapısında romatik qızğınlığını boğa bilmədiyindən xəncərlə keşikçilərin üstünə atılmış ancaq özü də yaralanmışdı Sbirlər2 onu qan izi ilə təqib edirlər çox güman ki qaçqın ələ keçəcək.
Bu hadisə barədə söhbətlərin qızğın vaxtında don Livio Savelli Vanina ilə son rəqsi başa vurdu. Qızın gözəlliyindən və axşamkı uğurundan başı dumanllaşmış gənc knyaz axırki dilə gəldi: