Faqat Litresda o'qing

Kitobni fayl sifatida yuklab bo'lmaydi, lekin bizning ilovamizda yoki veb-saytda onlayn o'qilishi mumkin.

Kitobni o'qish: «Almaqurdu yuxuları»

Shrift:

"Bilmək istəyi müdrikliyin başlanğıcıdır".

Sokrat


Bu gün də bəllidir ki, çox isti olacaqdı, yenə də Tənbəl Avni ilə yatalaq Hamdi bəydən başqa hamı işinə getdi. Sevim xanım kölgədə olmasına baxmayaraq quruyub büzüşməməsi üçün sırğaçiçəyini beş dəfə yudu; Bedri tərdən su içində qalmış kürəyini, boynunu qarpız piştaxtasının başında durmadan qaşıdı; məhəllə pişikləri səksən doqquz il sonra yenidən hamılıqla bələdiyyə çimərliyinə qaçıb dənizə girdilər; huşsuz qağayılar balıqçı piştaxtalarının altına çəkilmiş, balıqlarsa sürülər halında sulara arxası üstə səpələnmişdilər. Saqqız kimi yapışqan, məcun kimi yavaş və heç cür axmayan gün, axır ki, bitdi. Günəş üfüqdən aşağı hopp deyərək atılıb gözdən itdi.


Axşam oldu, yüngülcə külək qalxdı, anamla atam atışmağa başladı. Anam atama: "Xeyr, ora kiçik bir qız uşağı üçün münasib yer deyil. Kəs bu valı, o məktəb olmaz!" – deyirdi. Atam da anama: "Həmişə eyni valı qoyursan, bu başı dəyişdirsən çox qəşəng olar…" – deyə cavab verirdi.



Evdə val səslənmirdi, o antikvar qrammofon həmişəki yerində, kitabxananın ən üst rəfində dururdu. Bizim evdə sadəcə səs-küy vardı, musiqi yox idi. Bilirdim, məni göndərmək istədikləri o pansionlu yay məktəbi haqqında mübahisə edirdilər və heç kim məndən bir söz soruşmurdu. Onlar bir-birlərinə qışqırarkən səssizcə əşyalarımı yığdım; kaleydoskopumu, durbinimi, böyüdücü şüşəmi, “Ölkələr” kitabımı, atlasımı çantama qoydum. Ayaqqabılarımı geyinib çölə çıxdım. Atım Külək qa-pının qarşısında məni gözləyirdi. Belinə minib yola düzəldim; bibimgilə gedirdim, hər kəs ona "qəribə qadın" deyərdi, amma olsun, o mənim bibim idi…



Yollar bomboş idi, yəqin bütün məhəllə özünü dəniz sahilinə vermişdi, qaranlıq küçələrdə bir az ürkdüm, amma Külək qorxmur, dördnala çapırdı. Qəlbim çox qırılmışdı, əlimdən tutan kimsə yox idi, təkbaşına idim, tənha idim…

Yaxşı ki, "qəribə" də olsa bir bibim vardı… Bibimin bağça qapısına çatdıq. Əvvəlcə təpədəki zınqırovu səsləndirdim, baxdım gələn-gedən yoxdu, uzun-uzadı zəngə basdım. Axır ki bibim göründü:

– Nə var, Kirpicik? – dedi.

– Yay məktəbinə getməyəcəyəm, sənin evində qalacağam…

– Niyə? Bura karvansaradırmı?

– Karvansarayamı gedəydim? Üstəlik, onun harada olduğunu bilmirəm. Yeri gəlmişkən, sən mənim bibim deyilsənmi?

– Haqlısan, bəli, bibinəm. Yaxşı, Kirpicik, gəl görək.

– Mənə niyə həmişə Kirpicik deyirsən?

– Saçların, gözlərin mənə kirpiləri xatırladır, üstəlik, mən kirpiləri çox sevirəm.

Məni sevdiyini eşitmək xoşuma gəlmişdi, amma nədənsə özümü buna əhəmiyyət vermirmiş kimi göstərdim.

– Bizim evdə həmişə eyni val səslənirmiş, – Küləyi içəri gətirməyə çalışarkən dedim.

– Hər evin elə bir valı vardır… Bu da gəlir? Bu şey, yəni bu çubuq?

– Çubuqmu? O, mənim atım Küləkdir!

– Gözlərim gecələr yaxşı görmür, Kirpicik, gözlüyümü taxmamışam… Yaxşı, elədirsə gəl sən atını bu tərs tutun budağına bağla.

Atımı tərs tutun yanına buraxdım və "qəribə" bibimin evinə girdim.

Bu evdən portağal iyi gəlir. Şirin yay portağalı, şəkər kimi…


Bibim ocaqdakı şorbanı qarışdırdı, qaşığın ucuyla dadına baxarkən: "Duzsuzdur, duzsuz", – deyə mızıldandı.

Mən o əsnada balkon qapısının qarşısında ayaqqabılarımı çıxarıb ayaq barmaqlarımın aralarına yapışmış toz-torpağı təmizləyirdim.

– Əl-üzünü yu, – dedi, – su adamı dincəldir.

O əsnada telefona zəng gəldi, amma necə bir zəng.

Yupyumru, qıpqırmızı telefon elə atılıb-düşürdü ki, az qala yerə diyirlənəcəkdi. Bibim çiçəkli önlüyünün ucuyla dəstəyi tutub qaldırdı:

– Bəli, bəli, problem yoxdur. Hər şey yolundadır. Gəlməyinizə ehtiyac yoxdur. Gəlməyin.

Dəstəyi yerinə qoydu.

– Anamgilmi zəng eləmişdi? – deyə soruşdum. Gəlib məni aparmalarını istəmirdim. Mən o evi tərk etmişdim, bundan sonra bibimin evində qalacaqdım.

– Yox, canım. Elektrik kəsilmişdi axşamüstü… Amma mən elektrik naqilləri ilə bağlı problemi həll etdim.

Mənə göz vurduqdan sonra yenə mətbəxə keçdi. Rəfdən bir qab götürüb qapağını açıb iylədi.

– Bax bu, qurudulmuş göz yaşıdır, kim bilir neçə əsrdən qalıb… – Bir çimdik götürüb şorbaya atdı. – İndi oldu, – deyərək gülümsədi.

Bibim, deyəsən, şorbadan başqa bir şey bişirməyi bilmirdi, mənə yeddinci doğum günümdə yosunlardan dəniz şorbası bişirmişdi. Əlbəttə, xatırlayıram, onsuz da hələ heç bir il olmayıb. İçinə dad verməsi üçün üç damla körpənin ilk gülüşü şərbətindən damlatmış, azca da ilk eşq saqqızı əzib əlavə etmiş, ən əsası isə bol-bol yakamoz – ay işığının suda əksindən tökmüşdü. Doğrusu, şahanə idi…

– Bu nə şorbasıdır? – deyə soruşdum.

– Yeni ümid… Çox ləzizdir.



İlk günüm yaxşı keçmədi. Səhər erkəndən velosipedimə minib özümü çölə atdım. Bibim çəhrayı velosipedi zirzəmidən çıxarıb qapının yanına qoymuşdu. Velosiped onun uşaqlıq vaxtından qalıb, amma hələ də təzəcə alınıbmış kimi tərtəmizdir, minməyimə icazə verir. Səbətə də bir kağız parçası qoyub. Qeydində bunlar yazılmışdı: "Mən tərəvəz bağçasına gedirəm. Kərə yağlı şirin kökələrini ye. İçinə bol-bol qovrulmuş macəra qatmışam, qozlu və darçınlıdır…"



Kökələr ilıq idi, bibim hər halda səhər bişirmişdi. İkisini velosipedlə gəzərkən yedim, üçüncüsünü isə küncdəki söyüdün altına qoydum. Bilirəm, hava qaralınca oraya bir kirpi gəlir, axı mən də bibimin kirpisiyəm, yeməyimi onunla paylaşmaq istəyirəm.

Başqaları tapıb yeməsin deyə üstünə bir az çır-çırpı qoydum. Paylaşmaq gözəldir…

Amma hər kəs paylaşmağı bilmir. Evə məyus və hirsli bir halda döndüm. Məhəllədəki uşaqlarla dalaşmışdım. Oğlanlar velosiped yarışına qızları buraxmadılar. Halbuki onların hamısını keçə biləcəyimdən əmindim. Çox hirsləndim, qışqırdım, onlar da mənə hirslənib qışqırdılar. Axırda da sağ yanağım şişkin, sağ gözüm sarıqlı şəkildə evə döndüm. Xeyr, məni döymədilər, hirslə velosipedi dəli kimi sürətlə sürərkən yıxıldım. Üstəlik, çəhrayı velosipedin boyaları da sıyrılıb töküldü.

Bibim hirslənmədi, amma gecə mənə şorba bişirmədi. Yatarkən onun yerinə bir stəkan buz kimi su verdi. İçinə bir az təzə nanə, bir az yarı açmış gecə yasəməni, bir də dəfnə yarpağı qatıb… Sonra bir dənə də qurudulmuş acı bibər gətirib: "Davakarlığa yaxşı təsir edir, ürəyin dava-dalaş istədikdə yeyərsən, ağzın yanar", – dedi.


Bibim bu səhər zoğallı tarhana bişirdi, şorbanı qarışdırarkən dayanmadan: "Pislik arxasınca qaçan öz sonunu gətirər" – deyə təkrarlayırdı. Qəribə bir qadındır… Bəli, mənim bibim, həqiqətən, çox qəribədir…

Günortadan sonra parka getdim, xeyli “havalı” idim; hər halda dünən oğlanların qabağından qaçmadığım, qabağından yeməyən bir qız olduğumu göstərdiyim üçün idi ki, qızlar mənimlə çox maraqlandılar, özümü orta əsrlərin meydan savaşlarından çıxmış qəhrəman bir qazi kimi hiss etdim…

Sonra evə gəldim, bibim mənə mətbəx dəstinə yayılmış qarışqaları toplamağımı tapşırıb dedi: "Diqqətli ol, birinin belə ayağı burxulmasın…"

Xeyr, heç birinə bir şey olmadı, çünki onları sərbəst buraxdım… Hətta bir çay qabına azca itburnu cemi də qoydum ki, yeyib kef eləsinlər. Ayy, necə də üstünə tökülüşdülər, qab tərpənişən qara qarışqa topasıyla örtüldü.

Toplaşdılar da… Ehh, canım, hər necə də olsa qış gəlincə gedərlər… Zənnimcə, bibim hələ də günorta yuxusundadır, onsuz da qalxanda aləm bir-birinə dəyəcək.

Əgər çox hirslənərsə ona bir dənə qurudulmuş bibər verəcəyəm, zəhər kimisindən. Ürəyi dava-dalaş istəyirsə yesin! Eynilə onun mənə keçən gecə bibər verərkən dediyi kimi…


Axşamüstünə yaxın "Qanadlı Qarışqa" kuryer şirkətinin yük maşını evin qabağında dayandı. Bir qab dolusu işıldaquş, bir qutu alma qurdu yuxusu və bir də çox gözəl bükülüb qablaşdırılmış bir yumaq arılar oratoriyası gətirdilər. Bibim dedi: "Şanslısan, doğrusu, bunları sifariş verərkən tapa biləcəklərinə çox da ümid etməmişdim".

Bibim bu gün nədənsə bir az durğundur…

– Havadandı, – dedi, – çox nəmlidir, məni yorur.

Axşam zoğallı tarhana şorbasından qalanı içib erkəndən yatdım. Mən yatmazdan əvvəl gəlib işıldaquş qabını, alma qurdu yuxusu qutusunu, arılar oratoriyası yumağını baş tərəfimə qoydu, pəncərələri açdı. Panın nəfəsiylə sərinləyən otağım getdikcə tənhalaşarkən, mən də ən gözəl yuxuların ənginliyinə doğru yelkən açdım…


Bibim məni oyandırdıqda saatın neçə olduğunu bilmirəm, olduqca həyəcanlı idi; meteor yağışı varmış…

– Hava buludludur, amma yenə də bir şey görə bilərik, gəl, tez ol! – dedi.

Bir az qaranlıq göy üzünə baxdıq, gözlərimi çətinliklə aralayırdım, çox yuxulu idim. Meteor yağışından bir şey anlamamışdım, bir neçə sürüşən işıq idi də… İşıldaquşları seyr etmək ondan daha yaxşı idi.

– Yatmaq istəyirəm, – dedim.

Səsindən sanki hirsli kimi idi.

– İndidən büzüşmüş xiyar kimisən! Get yat… Bilirsənmi, növbəti meteor yağışı beş il sonradır, o zaman seyr edərsən…

Bibim bunu sanki beş dəqiqədən bəhs edirmiş kimi söyləmişdi, halbuki o vaxta hələ çox vardı, uzun beş il… Mürgülü halda dal-dalı yatağıma doğru getdim və büzüşmüş bir xiyar kimi uzandım. Bibim yəqin aşağıda yenə nə isə bişirirdi, burnuma iyi gəldi, əlbəttə, qəribə bir iy idi, sanki yanıq ulduz iyi idi… Gənziyim yanırdı…

Duzla şəkər birlikdə alovlanırmış kimi idi…

Əslində xiyar duzla da, şəkərlə də yeyilə bilər… Yatmazdan əvvəl ən sonda bu faydalı nəticəyə gəldim. İşıldaquşlar getmiş, arıların konserti bitmiş, geridə təkcə almaqurdu yuxuları qalmışdı. Qulaqlarıma, burnuma, ağzıma doluşub məni yuxular ölkəsinə daşıdılar…


Bu səhər dənizə gedərkən bibim qapı ağzında dayanıb qaşqabaqlı bir sifətlə: "Sənə heç bir şeyi məsləhət görmürəm, istəyirsən döyüş, istəyirsən barış, nə istəyirsən elə, – deyərkən kiçik bir paket uzatdı. – Al götür, yenə dünən gecə kökə bişirdim, acınca yeyərsən".

– İçində nə var?

– Bol soğanlı uşaqlıq xatirələrim, – deyə cavab verdi.

Uşaqlıq xatirələri imiş… Həm də bol soğanlı!


Bütün günü suda idik. Üzdüyümüzü deyə bilmərəm, bol-bol balıqlama atıldıq, itələşdik, didişdik, gülüşdük və acdıq. Kökələrimi yan qonşunun qızı Əsra Rəngizlə paylaşdım; kökələr gözəl idi, o da… Məndən bir neçə yaş böyükdür.

Mən də böyüyüncə onun kimi olmaq istəyirəm. Həm gözəl və nəzakətlidir, həm də yaxşı ürəkli…

– İçində nə var bunların? – deyə soruşdu.

– Bibimin bol soğanlı uşaqlıq xatirələri, – dedim. O qədər çox güldü ki, soğanlar boğazında qaldı… Kürəyinə vurdum, öskürdükcə öskürdü. Rahatlayınca dedi:

– Bilirsənmi, atam demişdi ki, bibin bir zamanlar buraların ən ağıllı, ən gözəl qızı imiş. Üstəlik, çox gözəl üzərmiş, kişilər belə onunla yarışa bilməzmiş…

Sanki bütün bunları bilirmişcəsinə başımı tərpətdim.

Bepul matn qismi tugad.

23 289,72 s`om
Yosh cheklamasi:
0+
Litresda chiqarilgan sana:
20 oktyabr 2022
Hajm:
51 Sahifa 86 illyustratsiayalar
Tarjimon:
Mualliflik huquqi egasi:
Alatoran yayınları / Алаторан
Matn
O'rtacha reyting 0, 0 ta baholash asosida
Matn PDF
O'rtacha reyting 5, 2 ta baholash asosida
Matn
O'rtacha reyting 5, 1 ta baholash asosida
Matn
O'rtacha reyting 4, 1 ta baholash asosida
Matn
O'rtacha reyting 3, 2 ta baholash asosida
Matn, audio format mavjud
O'rtacha reyting 4,8, 5 ta baholash asosida
Matn, audio format mavjud
O'rtacha reyting 5, 5 ta baholash asosida
Matn
O'rtacha reyting 0, 0 ta baholash asosida
Matn
O'rtacha reyting 0, 0 ta baholash asosida