Faqat Litresda o'qing

Kitobni fayl sifatida yuklab bo'lmaydi, lekin bizning ilovamizda yoki veb-saytda onlayn o'qilishi mumkin.

Kitobni o'qish: «Uzaq planetin sirri»

Shrift:

“Yalnız ayağınızın altına baxmayın, başınızı qaldırıb bir ulduzlara da baxın”.

Stiven Uilyam Hokinq (1942–2018),
fizik-nəzəriyyəçi

Haradasa uzaqlarda, qalaktikanın ənginliklərində Yer kürəsini xatırladan bir X planeti var. O planet zəngin floraya, rəngarəng faunaya malikdir. Onun dənizləri, gölləri, dağları, düzənləri var. Kainatın səyahətinə çıxmağa qadir olan, yüksək texnologiyalar yaratmış insanları var. Bu, yaşılgözlü qızın – Leminin yaşadığı planetdir. Onun varlığını bilmək belə bizə qüvvət verir. O planetə səyahət edə biləcəyimiz vaxtlar uzaqda deyil. Az qalıb…

Zamanda səyahət

Üfüqə doğru uzanan şüşə kimi hamar yolun kənarında bir oğlan üzüqoylu qalmışdı. Əynindəki paltarlar çirkli və cırıq idi, köynəyinin bir qolu qopmuşdu. Toz-torpağa bulaşmış idman çantası bir az aralıda yerdə idi. Oğlan yaralı deyildi, amma nədənsə süstləşmişdi. Gözləri yumulu olsa da, yatmırdı, yanağını ilıq yerə söykəyib qulağındakı küyün azalmasını gözləyirdi.

– Kənan!..

Adını eşidəndə o diksinib gözlərini açdı. Bütün gücünü toplayıb ayağa qalxaraq ətrafa göz gəzdirdi.

Bura cənnət kimi bir yer idi. Həndəsi fiqurlar şəklində olan ləklər yolboyu düzülmüşdü. Ləklərdə al çiçəklər titrəşirdi.

Nizamla əkilmiş çiçəklərin rayihəsi onu bihuş elədi.

Yolun kənarındakı geniş meydanda başı göyləri dələn şüşə bina ucalırdı. Günəşin şəfəqləri əzəmətli binanın qara şüşələrində bərq vurub oynayırdı. Kənanın gözləri qamaşdı, nəzərlərini binadan çəkib hamar daş döşənmiş meydanda gəzdirdi. Meydan boş idi. Heç nə və heç kəs gözə dəymirdi.

Qərib bir hiss Kənanın ürəyini sıxdı. O, başını yolun o biri tərəfinə çevirdi – bayaqkı səsin oradan gəldiyini təxmin edirdi.

– Rüstəm! – Çantasını əlinə alıb yolu keçərək çiçək kollarının və ağacların arasında vurnuxandan sonra o, yaralı aslan kimi nərə çəkdi: – Rüstəm!!!

– Qışqırma, – lap yaxından zəif səs eşidildi, – burdayam.

* * *

… Onlar narıncı çiçəklərin arasında yanbayan oturmuşdular. Ətrafdakı gözəlliyə tamaşa edirdilər.

– Səncə, biz hardayıq? Bura hansı ölkədi? Zaman maşını bizi hara gətirib, anlamıram.

Rüstəm dinmirdi.

Kənan qarşıdakı möhtəşəm binaya, sonra dübbədüz uzanıb gedən yola baxdı. Uzaqda – yolun hər iki tərəfində bir-birindən xeyli aralı yerləşən binalar ucalırdı. Hər yerdə genişlik, açıqlıq və səssizlik hökm sürürdü.

– Niyə burada heç kim yoxdu, bu şüşə kimi şosedə avtomobillər şütümür? Buradan evimizə necə gedəcəyik?

Rüstəm səmaya baxırdı.

– Danışacaqsan, ya yox? – Kənanın hövsələsi daraldı.

– Sən heç səmanı belə görmüsən?

– Əcəb danışdın! Bu saat məni göylər yox, yerlər maraqlandırır!

– Nahaq yerə. Məsləhət görürəm ki, başını qaldırıb göyə baxasan.

Kənan başını könülsüz qaldıranda bənövşəyi zolaqlarla bölünmüş yamyaşıl bir səma gördü. İlk dəfə bu fərqli, yad məkanda büzüşərək özünü köməksiz, tənha hiss etdi.

– Yəni bu nə deməkdir? – boğuq səslə soruşdu.

– Sən bir çiçəklərə bax.

– Gözəldir....

– Doğrudur. Amma biz heç vaxt belə qəribə çiçəklər görməmişik – nə həyatda, nə də şəkildə. Sən onların rənginə, rayihəsinə fikir ver.

– …

– Bizim təsəvvür belə edə bilmədiyimiz bu ağaclar, çiçəklər, qoxular, bu ideal şose, möhtəşəm göydələn.... Bütün bunların yalnız bir izahı var.

Kənan sanki danışıq qabiliyyətini itirmişdi, dostunun nə deyəcəyi artıq aydın idi.

− BİZ BAŞQA PLANETDƏYİK!

Fəlakət

Onlar Kənanın qolundakı smartfon-saata baxırdılar.

– Biz mütləq Lemi ilə danışmalıyıq, – Rüstəm dedi. – Zaman maşınını o idarə edirdi. Niyə bizi buraya gətirib?

– Bəlkə, əsrləri səhv salıb?

– Yox, məncə, o, zamanı deyil, məkanı səhv salıb… – Rüstəm köksünü ötürdü. – Zamanı mən səhv salmışdım, bizi gələcəyə deyil, keçmişə aparmışdım.

– Özü də Daş dövrünə! – Kənan hiddətlə dedi. – Bəxtimiz gətirdi ki, vəhşi heyvanlara yem olmadıq, Lemi köməyimizə çatdı. Amma bizi evimizə deyil, bu planetə gətirib. Görəsən, niyə?

– Burada bizimlə maraqlanmamağı da qəribədir. Görəsən, o özü hardadı?

– Bəlkə, bu heç Lemigilin planeti deyil, tamam başqa yerdi?

Sükut çökdü. Düşündülər.

Qəflətən smartfon-saat işıqlandı və tanış səs uşaqların ürəyinə su səpdi:

– Kənan, Rüstəm! Yaxşısız?!

– Yaxşıyıq! – bir ağızdan qışqırdılar.

– Mən sizi görürəm. Kolların arasından çıxmayın, ora gəlirəm!

Lemi sanki yerin altından peyda oldu. Uşaqların sevinci yerə-göyə sığmırdı – qucaqlaşıb görüşdülər. Lemi çox dəyişməmişdi, bir il əvvəl uşaqlar onu Yerdən öz planetinə yola salanda olduğu kimi idi, yalnız üzü qayğılı, yaşıl gözləri kədərli idi.

– Lemi, bu sənin yaşadığın planetdir? – Rüstəm tələsik xəbər aldı.

Qız başını tərpətdi:

– Məni bağışlayın, uşaqlar… Sizi buraya gətirməməli idim. Xüsusilə də indi…

– Niyə? İndi nə olub ki?

– Bizim planetə bədbəxtlik üz verib…

– Nə bədbəxtlik?! – xorla soruşdular.

– Kiborqlar… Kiborqlar planetimizi tutublar…

Sükut çökdü. Lemiyə veriləcək suallar çox idi, amma buna ehtiyac olmadı. O özü hər şeyi izah eləməyə başladı:

– Kiborq robotdur. Üzvi maddələri, mexaniki və elektron komponentləri özündə birləşdirən bioloji varlıqdır, maşın-insan hibrididir. Bu yarımmexaniki robotlar süni yaradılmış insanlardır. Onlar zahirən bizə bənzəyir, hətta demək olar ki, fərqlənmir. Onların da bizim kimi intellekti var: danışır, yadda saxlayır, öyrənir, ən əsası da düşünüb qərar verə bilirlər.

– Yəni kiborqlar yalnız zahirən insana bənzəyir, daxilən insan deyil? – Kənan dəqiqləşdirdi. O, gərgin idi, eşitdiklərini dərk eləməyə və yadda saxlamağa çalışırdı.

– Bəli. Onlar yemək yemir, yorulmurlar. Yatmağa, dincəlməyə ehtiyacları yoxdur. Uzun müddət, məsələn, bir neçə gün tərpənmədən oturub bir nöqtəyə baxa bilərlər. Yaşamaq üçün lazım olan enerjini isə Günəşdən alırlar. Dərilərindəki yarımkeçiricilər və fotoelementlər sayəsində günəş enerjisi elektrik enerjisinə çevrilir. Kiborqlar qorxunun nə olduğunu bilmirlər. Onlarda qəddarlıq yoxdu, amma mərhəmət də mövcud deyil. Kiborqlar kometa kimi soyuq və yaddırlar.

– İntellektual sistemlər Yer planetində də var, – Rüstəm üzünü Lemiyə tutdu. – Amma siz bizdən qabaqdasınız, artıq süni insan düzəldirsiniz…

Lemi davam elədi:

– Bəzi alimlər xəbərdarlıq etmişdilər ki, robotlar sivilizasiya üçün təhlükəli ola bilər. Budur, fəlakət baş verdi. Kiborqların özünüqoruma instinkti üstün gəldi və onlar biz insanları bu planetdən sıxışdırıb çıxarmaq qərarına gəldilər.

– Necə?! – Kənan inana bilmirdi. – İnsanlar öz yaratdıqları robotların öhdəsindən gələ bilmirlər?

– Elədir ki var. Mən sizi qaytarmaq üçün Daş dövrünə enmişdim. Hər şey bu zaman baş verib. Kaan mənə xəbər göndərdi ki, kiborqlar hücuma keçib. Vaxt itirmədən qayıtdım, amma artıq gec olduğunu görürəm. Onlar planeti tutublar.

– Bəs insanlar? Onlar haradadı?

– Bilmirəm....

Lemi susdu. Qəhər onu boğdu.

– Görünür, kiborqlar insanları əlaqə vasitələrindən məhrum ediblər, heç kimlə əlaqə saxlamaq olmur… – o özünü toplayıb davam etdi. – Əslində, bizim “ağıllı ev”imiz burada yaxındadır…

– “Ağıllı”?

– Bəli, ev, doğrudan da, ağıllıdır, intellektual sistemlərlə quraşdırılıb. Qərarlar verir, özünü və sakinlərini qoruyur. Çox güman ki, “ağıllı ev”lərdən başqa, planetdə hər şey həmin kiborqların nəzarəti altındadır. Hər bir evin kodu yalnız onun sahibinə məlumdur. Kiborqlar kodları bilmirlər.

– Yəni sizin “ağıllı ev”ə də girə bilməzlər?

– Qətiyyən! Amma orada heç kim yoxdur. Kimsə olsa, ev mənə bu barədə məlumat verərdi.

Bu xəbər uşaqları o qədər də sakitləşdirmədi.

– Yaxşı, indi neyləyək? – Rüstəm qayğılı görünürdü.

– İlk növbədə, mən sizi Yer planetinə göndərməliyəm, – Lemi qəti şəkildə bildirdi.

Kənan tərəddüd etdi:

– Biz səni bu vəziyyətdə tək qoyub gedə bilmərik axı.

– Siz mənə heç cür kömək edə bilməzsiniz. Əksinə, işim artacaq: həm özümü, həm də sizi qorumalı olacam.

– Əvvəl sizinkiləri axtarıb tapaq, – Rüstəm də Lemini tək qoymaq istəmirdi.

– Uşaqlar, kiborqlar Daş dövründə gördüyünüz vəhşi heyvanlardan daha təhlükəli ola bilər, – Lemi israr etdi. – Buradan getməlisiniz! Nə qədər tez, bir o qədər yaxşı.

Uşaqlar baxışdılar.

– Yağışdan çıxıb yağmura düşmüşük ki… – Rüstəm mızıldandı.

– Vaxt itirməyək. Kiborqların sensorları güclüdür – uzaqdan bizi görüb eşidə bilərlər. Onlar bizi aşkar edənədək sizi buradan göndərim, – Lemi ağır çantasını belindən açıb yerə qoydu. Zamanı idarə edən cihaz çantanın içində idi.

– Təzədən Daş dövrünə qayıdacağıq? – Rüstəm intizarla soruşdu.

– Yox, Yer planetinə, evinizə gedəcəksiniz. Sonuncu dəfə fizika laboratoriyasında zaman maşınına baxdığınız an yadınızdadı? O ana qayıdacağıq. Oradan həyatınıza davam edəcəksiniz.

– Bəs bütün olub-keçənlər? Başımıza gələnlər?

– Onlar sizə yuxu kimi gələcək. Yer insanları, sizi axtaranlar… Hamı elə biləcək ki, hər şeyi yuxuda görüb.

Rüstəm təəccübləndi. Leminin sözlərinə inana bilmədi. Daha doğrusu, inanmaq istəmədi:

– Biz baş verənlərin yuxu olmadığını bilirik.

– Amma bu barədə danışsanız, Yer planetinin insanları inanmayacaqlar. İndiyədək yadplanetlilərlə görüşmüş hər kəs kimi sizi də ciddi qəbul etməyəcəklər.

Rüstəm fikrə getdi: ”Görəsən, insanlar niyə inanmırlar? Yadplanetlilərin mövcudluğuna, başqa planetlərdə həyatın olduğuna niyə şübhə edirlər? Radio və televiziyada, qəzet və jurnallarda, sosial şəbəkələrdə – hər yerdə bu məsələ müzakirə olunsa da, kainatı səyahət etmiş insanlara şübhə ilə baxırlar”.

Lemi zaman maşınını lazım olan vəziyyətə gətirməyə başladı.

Rüstəm başını qaldırıb günəşə baxdı, gözləri qamaşdı:

– Lemi!

– Bəli.

– Yer planeti Süd yolu qalaktikasındadır. Bəs bu sizin planet? O hansı qalaktikadadır?

– Kainat nəhəng və sonsuz olsa da, onun bir xəyali mərkəzi var. Kainatda hər şey həmin mərkəzə görə simmetrikdir. Yəni hər şeyin o üzdə əkizi var. Bizim qalaktikamız Süd yolunun əkizidir. Onlar kainatın mərkəzindən əks tərəflərdə yerləşir.

– Yəni buranın da öz Günəşi, öz Ayı var? Planetlərin düzülüşü də eynidir?

– Bəli!

İl qədər uzun çəkən dəqiqələr keçir, Lemi zaman maşını üzərində işləyirdi. Amma…

Hər şey bircə anda baş verdi.

Kənan və Leminin biləyindəki smartfon-saatların işıqları qəflətən yandı və qulaqbatırıcı sirena eşidildi. Səs o qədər güclü idi ki, qulaqların pərdəsini yırta bilərdi. Sonra saatlar susdu və bütün işıqları söndü.

Leminin gözlərində qırmızı qığılcımlar parladı. O, təlaşla qışqırdı:

– Gecikdik! Bizi aşkar etdilər!

– Onlar bizi necə tapdılar? – Rüstəm soruşdu.

– Mən axmaq bir səhv elədim… – Lemi təəssüf etdi. – Sizi axtaranda Kənana siqnal göndərdim. Ana kompüter – SUPERİNTELLEKT vasitəsilə verilənlər bazasında olan bütün sistemləri izləmək olur. Mənim zəngimi tutublar… Ah! Ağlım harada idi?! İndi onlardan qaçmaq çətin olacaq!

Kənan təəccüblə soruşdu:

– Amma burada heç kim yoxdu. Bizi axtaran, izləyən görmürəm mən. Kimdən qaçırıq?

Lemi narahat idi:

– Kənan, SUPERİNTELLEKT deyilən ana kompüter üçün heç bir sərhəd yoxdur. O, nəhəng kompüter şəbəkəsi vasitəsilə kosmosun dərinliklərinə nüfuz edir, ultrabənövşəyi və ya infraqırmızı diapazonlarda ulduzları müşahidə edə bilir, radiasiya burulğanlarının səsini duyur. Varlığımızı bildiyi üçün bütün planeti axtarıb bizi tez bir zamanda tapacaq.

– Nə etməliyik?

– Mən sizi buraya gətirmişəm, mən də sizi qurtarmalıyam. Vaxtımız çox azdır. Getməliyik!

– Hara?!

– “Ağıllı ev”ə! Ev bizi qoruyacaq!

Lemi zaman maşınını cəld çantanın içinə yerləşdirdi. İti addımlarla yola düzəldilər.

Hər ehtimala qarşı səkiyə çıxmırdılar. Səki ilə paralel, nizamla əkilmiş və yolboyu uzanıb gedən ağacların, kolların arası ilə gedirdilər.

– Bu yolu düz gedib birinci döngədən sola burulsaq, bizim ”ağıllı ev”in üstünə çıxacağıq. Lotos çiçəyini xatırladan ağ evdir, – Lemi dedi.

Rüstəmlə Kənanın nəfəsi təngiyirdi. Amma öz planetində özünü gözəl hiss edən, yorulmaq bilməyən Lemidən geri qalmamağa çalışırdılar.

Qəflətən uğultu eşidildi. Ardınca göydə uçan obyekt peyda oldu.

– Bu nədir?

Leminin qolları yanına düşdü. Artıq qaçmağın mənası yox idi:

– Aerobus! Bu, aerobusdur – uçan nəqliyyat vasitəsi. Bizi axtarırlar.

Rüstəm susmağı işarə etdi: ehtiyatlı olmaq lazım idi. Oğlanlar kolların arasında əyilib gizlənməyə çalışdılar.

Lemi başını buladı:

– Gizlənməyin! Onlar bizim yerimizi bilirlər.

Avtobusu xatırladan obyekt meydanın kənarında ehmalca yerə endi. Qapılar açıldı və… insandan heç fərqlənməyən varlıqlar göydələnin qarşısında meydana tökülüşdülər.

Kənan və Rüstəm gözlərini bu varlıqlardan çəkmirdilər. Kənan pıçıltı ilə soruşdu:


– Demək istəyirsən ki, bunlar kiborqdu?

– Hə.

Həyəcandan Kənanın boğazı qurudu:

– Ay aman! Onlar heç dəmirdən deyillər, bizim kimi dəriləri, saçları var! Yəni onlar biz insanlardan heç fərqlənmirlər?

– Fərqlənirlər. Bizim planetdə insanlar yaşılgözlüdür. Kiborqların isə gözləri mavidir.

– Böyük fərqdir, – Kənan istehza elədi.

– Amma onlar iki nəfər olduğumuzu güman edirlər, – Rüstəm pıçıldadı. Mənim saatım yoxdur axı…

Bu fikir lap göydəndüşmə oldu.

– Doğrudan da! Afərin, Rüstəm! Sən burada gizlən, tərpənmə. Onlar uzaqdadı, ola bilsin ki, səni görməyiblər. Biz çıxıb gedəndən sonra dediyim yolla “ağıllı ev”ə gedərsən. Biz gələnədək ev səni qoruyacaq. Açarı yerə atıram, – Lemi ağ rəngli kartı cibindən sürüşdürüb yerə atdı.

Rüstəm kolların dibinə yatdı. Lemi Kənanla birlikdə ağır-ağır meydana, kiborqlara tərəf yollandı.

Kiborqlar

Süni insanlar onları meydanın kənarında qarşıladı. Təmiz, səliqəli geyinmişdilər. Ağ dəriləri, azacıq parıltılı tünd saçları, mavi gözləri vardı. Üzləri soyuq, ifadəsiz idi. Biləklərində Leminin smartfon-saatına oxşar saat vardı. Hamısı Lemiyə baxırdı. Onlardan biri – qısa saçlı qadın Kənana fikir vermədən Leminin qarşısına keçib gözünü ona zillədi.

Onlar Kənanın başa düşmədiyi tərzdə – telepatik danışmağa başladılar.

Kənan bilirdi ki, telepatiya fikir və düşüncələrin bir-birinə qovuşmasıdır. Səslə deyil, fikirlərlə danışmaqdır. Telepatik əlaqə hava kimi şəffafdır, görünmür. Amma bir çox hadisələr kimi real və təbiidir. Belə əlaqə bircə anda yaranır, burada zaman anlayışı yoxdur. Qarşı tərəfi düşünmək kifayətdir ki, əlaqə kanalı yaransın və fikir axını gözəgörünməz xətlər boyunca ora yönəlsin. Ağlınıza gələn, düşündüyünüz hər bir şey telepatiya anında qarşınızdakı insana agah olur.

Lemigilin planetindəki insanlar telepatik əlaqə qabiliyyətinə mükəmməl yiyələnmişdilər. Təəssüf ki, Yer insanlarında bu əlaqə növünün yalnız təzahürləri var; məsələn, kimsə zəng vurur, hiss edirik ki, bu məhz kimdir. Və ya ürəyimizə damır ki, qarşımızdakı insan indi nə söyləyəcək. Amma biz bu hisslərimizə tam arxayın deyilik, onlara qarşılıq verə bilmirik.

İndi burada, Lemigilin yaşadığı X planetində Kənan gözlərini döyə-döyə səssiz dialoq izləyirdi:

“– Lütfən saatını qolundan aç.

– Yaxşı. Amma əvvəl ailəmin harada olduğunu bilmək istəyirəm.

– Onlar təhlükəsiz yerdədirlər.

– Harada?

– Bizim qalaktikanın Y planetində.

– Bəs mən necə olacam?

– Sən də onların yanına gedəcəksən.

– Bu planet bizimdir. Onu əlimizdən almağa haqqınız yoxdur.

– Planet həm də bizimdir.

– Sizi biz yaratmışıq.

– Doğrudur. Amma siz, təbii insanlar başqa planetə də uyğunlaşıb yaşaya bilərsiniz. Biz isə yalnız burada mövcud ola bilirik.

– İndiyədək yanaşı yaşayırdıq.

– Artıq mümkün deyil”.

Lemi ağır çantasını çiynindən aşırıb yerə qoydu. Çantanı götürdülər.

Sonra saatını açıb qadına verdi.

Kənan da saatını açdı və bu zaman verilən sual Lemini ayıltdı.

– Sənin niyə iki saatın var və biri nə səbəbdən göydə asılı qalıb?

Lemi dönüb Kənana baxdı. Gülümsədi. Onun yaşıl gözləri sevinclə parlayırdı:

– Kənan, o səni görmür! Sən onlar üçün gözəgörünməzsən!

Görünməz adam

Heyrətdən Kənanın ağzı açıq qalmışdı. Görünməz adam? Axı o necə gözəgörünməz ola bilərdi?

Lemi saatı cəld onun əlindən götürüb qadına uzatdı.

Vaxt itirmədən yeni strategiya düşünmək lazım idi. Lemi kiborq qadının Kənanın səmtinə baxdığını görüb ehtiyatlandı, onu aldatmağı qərara aldı. Başqa tərəfə dönüb öz-özünə danışırmış kimi:

– Özünə gəl! Hər şey əladır! – dedi.

Qadın saatları yoldaşlarına ötürdü. Cihazları yoxlayandan sonra aerobusa minməyə başladılar.

Kiborq qadın, Lemi və Kənan yerdə qaldılar.

… Onlar piyada bayaq gəldikləri yolla geri qayıdırdılar.

Qadın arxaya boylanmadan qabaqda, Lemi və Kənan isə onun arxasınca gedirdi.

– Demək, o məni görmür, – Kənan bir də dəqiqləşdirdi.

– Elədir.

– Səsimi də eşitmir?

– Bəli, eşitmir.

– Niyə?

Lemi ağızucu gülümsədi:

– Sən başqa planetin insanısan – bioloji cəhətdən bizdən fərqlisən.

– Yəni başqa xəmirdən yoğrulmuşam.

– Sənin orqanizmindən gələn siqnallar, auranı təşkil edən elektromaqnit dalğalarının tezliyi başqadır. Əşyalarının da həmçinin. Bizim kiborqların sensorları xoşbəxtlikdən bu tezliyi tuta bilmir, elə öyrədilib ki, səndən və sənin əşyalarından gələn siqnalları qəbul etmir, bir obyekt kimi tanımır.

– Demək, onlar Rüstəmi də tanımayacaq.

– Rüstəm! Onu tamam unutdum! Gərək xəbərdar eləyəydim!

– Yəqin, kolların arasında elə gizlənib ki, nəfəs də almır. – Kənan dostunun necə gizləndiyini təsəvvür edib halına acıdı.

– Tez-gec gizlənməkdən bezib “ağıllı ev”ə yollanacaq. Bura bax, Kənan, Rüstəmin yanına get, ona hər şeyi danış! “Ağıllı ev”ə birlikdə gedərsiniz.

– Bəs sən?

– Mən nə edəcəyimi bilirəm. Onlar məni Y planetinə göndərməzdən əvvəl bəzi araşdırmalar aparacaq. Bu vaxt ərzində, düşünürəm ki, qaçıb yanınıza gəlmək fürsətim olacaq.

– Bəs birdən olmasa necə? Biz nə edəcəyik?

– Sizi darda qoymaram! Mütləq gələcəm!

– O səni eşidir, – Kənan kiborqa işarə edərək Lemini xəbərdar etdi.

– O dediklərimə əhəmiyyət vermir, – Lemi arxayın idi. – Axı o, robotdur, məhdud düşünür. Hazırda ona verilən tapşırığı dəqiq yerinə yetirir – məni harasa aparır, vəssalam.

– O ağılsız qabaqda gedir, heç dönüb arxaya da baxmır. Nə düşmüşük onun dalınca? Gəl qaçaq!

Lemi gülümsədi:

– Bax bunu eləmək mümkün deyil. Onun görmə sensorları 360ْ daxilində siqnal qəbul edir. – Kənanın gözlərini döydüyünü görüb əlavə etdi: – Yəni arxanı da görür.

– Heyif ki, Rüstəm burada deyil! Bizim Eynşteyn mütləq bir şey fikirləşərdi, – Kənan təəssüf etdi.

Kiborq qadın onları meydandakı göydələnə doğru aparırdı.

Kənan əl çəkmir, öz ağlınca bu axmaq kiborqdan xilas olmağın yollarını düşünürdü.

Lemi onun nə düşündüyündən xəbərdar idi. Bu planetin yaşılgözlü insanları telepatiya və telekinez kimi bacarıqlara çoxdan nail olmuşdular. Fikirlərini cəmləşdirib yönəldərək başqa insanın nə düşündüyünü, beynini oxuya bilir, fikrin gücü ilə fiziki obyektlərə təsir eləməyi, hətta əşyaları yerindən tərpətməyi bacarırdılar.

– Kənan, düşündüyünü həyata keçirməyi ağlından çıxart. Bu, mümkün deyil.

Kənan təəccüblənmədi. Leminin bu xüsusiyyətini hələ bir il əvvəl, Yer planetində olarkən öyrənib bilmişdi.

– Lemi! Onu itələyib yıxaq və sən qaç! Sən ki tez qaçırsan – o sənə çatmaz! “Ağıllı ev”ə gedərsən. Mən də Rüstəmi götürüb ora gələrəm.

– Mənim ən yüksək sürətim dəqiqədə 1 km-dir. Onun sürəti isə 1,5 km. Yəni o məndən bərk qaçır.

– Onda onu əzib sındıraq! – Kənan coşmuşdu. – Məhv edək ki, sənin ardınca gələ bilməsin!

– O zaman hər yerə “SOS” – həyəcan siqnalı gedəcək və mənim koordinatlarım bütün kiborqlara ötürüləcək. Onlar yerdən də, göydən də axışacaqlar. Evə çatmamış başımın üstünü alacaqlar.

– Aydın oldu!

– Nə aydın oldu?

– Səni qoyub heç yerə getmirəm. Mənsiz qaça bilməzsən. Görünməz adam sənə kömək edəcək! – Kənan sinəsinə döydü.

Onlar bayaq dostların fərəhlə baxdıqları möhtəşəm binaya lap yaxınlaşmışdılar. Kənan həyəcanla göylərə baş çəkən şüşə binaya baxdı. Bir azdan onun içini də görəcəkdi.

– Səni niyə məhz bura gətirdilər?

– Yəqin ki, ən yaxında olduğuna görə.

Binanın hündür qapıları önündə dayandılar. Lemi dedi:

– Diqqətli ol! Onun hansı kartla qapını açdığını yadında saxla.

Kənan kiborqun hərəkətlərini izlədi: qadın əlini qapının üstünə nizamla bərkidilmiş xanalara uzatdı. Soldan dördüncü, yuxarıdan ikinci xanada yerləşən kartı götürüb iri dəmir qapının orta hissəsindəki ekrana yaxınlaşdırdı. Çıqqıltı eşidildi və iri qapı ehmalca yana sürüşüb açıldı.

İçəri daxil oldular. Kənan heyrətlə ətrafa baxdı. Şüşə divarlar məkana məhdudiyyət qoymurdu. Göz işlədikcə uzanıb gedən yol, yolun kənarlarında ucalan binalar, ağaclar, güllər, üfüq – hamısı içəridən aydın görünürdü. Sanki onlar qapalı məkanda yox, açıqlıqda idilər.

Hündür tavanı saxlayan ağ sütunların arasından keçib liftə yaxınlaşdılar. Kiborq düyməni basıb lifti çağırdı. Qapılar açılanda o, Lemiyə liftə birinci girməyi işarə etdi. Lemi də, öz növbəsində, Kənanı qabağa buraxdı. Beləliklə, hər üçü liftə girəndən sonra qapılar bağlandı. Qadın birinci sırada yeddinci düyməni basdı. Düymənin üstündəki işarəni Kənan başa düşmədiyi üçün düymənin sıra nömrəsini yadda saxladı.

Liftdən çıxan kimi sağa burulub uzun dəhlizlə getdilər. Yeddinci qapıya yaxınlaşdılar. Kiborq qapını açmaq üçün yan tərəfdə asılmış yeganə kartı götürəndə Lemi dedi:

– Kənan, sən içəri girmə, burada qal.

Lemi otağa tək daxil oldu.

Kiborq qadın qapını bağlayıb kartı yerinə asaraq getdi.

Kənan qapının önündə tək qaldı.

Bepul matn qismi tugad.

16 527,87 s`om
Yosh cheklamasi:
6+
Litresda chiqarilgan sana:
07 oktyabr 2022
Hajm:
6 Sahifa 11 illyustratsiayalar
ISBN:
9789952243741
Mualliflik huquqi egasi:
Altun Kitab
Matn
O'rtacha reyting 0, 0 ta baholash asosida
Matn, audio format mavjud
O'rtacha reyting 5, 2 ta baholash asosida
Matn, audio format mavjud
O'rtacha reyting 4,3, 7 ta baholash asosida
Matn
O'rtacha reyting 4,9, 8 ta baholash asosida
Matn
O'rtacha reyting 5, 3 ta baholash asosida
Matn
O'rtacha reyting 3,8, 4 ta baholash asosida
Matn
O'rtacha reyting 5, 2 ta baholash asosida
Matn
O'rtacha reyting 0, 0 ta baholash asosida
Matn
O'rtacha reyting 0, 0 ta baholash asosida
Matn, audio format mavjud
O'rtacha reyting 0, 0 ta baholash asosida
Matn PDF
O'rtacha reyting 0, 0 ta baholash asosida
Matn
O'rtacha reyting 5, 4 ta baholash asosida
Matn
O'rtacha reyting 5, 2 ta baholash asosida
Matn
O'rtacha reyting 0, 0 ta baholash asosida
Matn
O'rtacha reyting 4,6, 29 ta baholash asosida