Səlahəddin Əyyubi

Matn
Parchani o`qish
O`qilgan deb belgilash
Shrift:Aa dan kamroqАа dan ortiq

Bir milləti döyüşsüz məğlub etmək istəyirsi nizsə, gənclərinin beynini zəhərləyin.

Səlahəddin Əyyubi

Səlahəddin Əyyubinin şəcərəsi

Yaxın Şərqin böyük sərkərdəsi və dövlət xadimi Səlahəddin Əyyubinin əsl adı Yusif ibn Əyyub idi. Onun uşaqlıq və yeniyetməlik çağları barədə məlumat son dərəcə azdır. Lakin fərqli qaynaqlarda yazılanlardan müəyyən nəticələrə gəlmək mümkündür.

Öncə onu deyək ki, günümüzədək gəlib çatan orta əsr miniatürlərinin çoxunda Səlahəddin belə təsvir edilir: almacıq sümükləri iri, gözləri isə bir az qıyıq. Vaxtilə səlcuqlar1 da məhz bu cür təsvir olunurdu. Odur ki Səlahəddinlə bağlı miniatürlərdə o bizə daha çox Səlcuq əmirlərini xatırladır. Əslində isə onun mənşəcə bu türk boyu ilə heç bir əlaqəsi yoxdur. Daha doğrusu, onun milli mənsubiyyəti kifayət qədər mübahisəlidir. Tarixi qaynaqlar Əyyubi ailəsinin Yəmən mənşəli ərəb olduğunu göstərir. Bu ailə indiki İraq ərazisində yerləşən Bəsrə şəhərindən Azərbaycana (daha dəqiq desək, Qərbi Azərbaycanın Vedi mahalına) köçmüş və məskunlaşdıqları bölgədəki kürd qəbilələrinin təsirinə məruz qalmışdı. Sonradan Suriyadakı Səlcuq sultanı – Dəməşqin birinci böyük atabəyi2 İmadəddin Zənginin (1087–1146) dəvəti ilə Səlahəddinin atası oraya köçür. Dəməşqə yerləşdikdən sonra Əyyubi ailəsi bu dəfə də türklər arasında yaşamağa başlayır və onların həyat tərzinə uyğunlaşır.

Səlahəddinin babası Şadi (ərəb fonetikasına görə bəzən «Şadxi», hətta «Şazi» kimi də oxunur) indiki Ermənistan ərazisində yerləşən və günümüzə xarabalıqları gəlib çatan Dvin şəhərinə yaxın bir kənddə anadan olub. Həmin kənddə onun iki oğlu da dünyaya gəlib: Nəcməddin Əyyub və Əsadəddin Şirkuh.

Bir gün Şadi öz tayfasından böyük bir dəstə ilə birlikdə Bağdada – xəlifənin xidmətinə yollanır. Bu elə bir dövr idi ki, Bağdad xəlifəsi real hakimiyyəti çoxdan itirmişdi. Az qala bütün Şərqi (Kiçik və Orta Asiya da daxil olmaqla) Səlcuq türkləri öz hegemonluğu altına almışdılar. Elə Bağdad da Böyük Səlcuq hökmdarı I Məlikşahın oğlu Sultan Məhəmməd Tapar tərəfindən idarə olunurdu.

Bir müddət sonra sədaqətli xidmətinə görə Şadi Sultan Məhəmmədin vəziri Bəhruzun sayəsində Bağdadın 140 kilometr şimal-qərbində, Dəclə çayı sahilində inşa olunan Tikrit şəhərinə qalabəyi təyin edilir. Tikrit elə də böyük şəhər deyildi, lakin strateji əhəmiyyətə malik idi. Beləliklə, Şadi ölənəcən – 1132-ci ilədək qalabəyi vəzifəsini yerinə yetirir, dünyasını dəyişməzdən bir qədər əvvəl isə şəhərin idarəçiliyini oğlu Nəcməddin Əyyuba ötürür.

Həmin dövrdə xilafət artıq iki yerə – paytaxtı Bağdad olmaqla sünni məzhəbli Abbasilərə və mərkəzi Qahirə olmaqla şiə məzhəbli Fatimilərə3 parçalanmışdı. Üstəlik, ayrı-ayrı vilayətlərin hakimləri arasında da çəkişmələr baş qaldırmış, bu isə parçalanmanı daha da dərinləşdirmişdi. Məhz belə bir vaxtda atabəy İmadəddin Zənginin ulduzu parlamağa başlamışdı. Adının mənası «dinin dirəyi» anlamına gələn İmadəddin 1130-cu ildə Mosul şəhərinin əmiri olmuş, bundan bir qədər sonra paytaxtı indiki Türkiyənin Antakya şəhərində yerləşən Antioxiya knyazlığının başçısı II Bohemondu ağır məğlubiyyətə uğratmışdı. Nəticədə az qala bütöv Antioxiyanı işğal edən İmadəddin bununla böyük uğura imza atmışdı: belə ki, həmin zəfər müsəlmanları çoxdankı arzusuna çatdırmış, onların «firəng» adlandırdıqları xaçlılar (xristianlar) üzərində ilk qələbəsi kimi tarixə düşmüşdü. Bu qələbə sayəsində İmadəddin Zənginin islam aləmində nüfuzu inanılmaz dərəcədə yüksəldi.

Tarixi qaynaqlarda onun şəxsiyyətinə münasibət təzadlıdır: bəziləri İmadəddini təvazökar, xeyirxah, ədalətli, dürüst bir şəxsiyyət kimi qələmə verir, bəziləri isə onu qəddarlıqda günahlandırırdılar. İstənilən halda o, uzaqgörən siyasətçi, mahir döyüşçü və sərkərdə idi. Özünə güclü ordu yaratmış və parlaq hərbi qələbələr qazanmışdı. 1127-ci ildə Bağdadda xəlifə əl-Müstərşidin Səlcuq türklərinə qarşı qaldırdığı qiyamın yatırdılmasında İmadəddin Zənginin ordusu böyük rol oynamışdı. Bunun müqabilində isə səlcuqlar Mosulla bərabər Hələbin idarəçiliyini də İmadəddinə tapşırmışdılar. Çox keçmədən İmadəddin silah gücünə bütün Suriyanı öz hakimiyyəti altına almağa cəhd etdi. 1132-ci ildə o, yenidən əl-Müstərşidlə qarşı-qarşıya gəldi. Bu vaxt hələ dünyaya gəlməmiş qəhrəmanımızın – Səlahəddin Əyyubinin nə zamansa taleyini müəyyənləşdirəcək bir hadisə baş verdi.

İmadəddin Zəngi xəlifəyə beş il öncəkindən daha sarsıdıcı zərbə endirmək, onunla haqq-hesabı biryolluq çürütmək üçün öz qoşunuyla Bağdada doğru hərəkət etdi. Əl-Müstərşid onu Tikrit şəhəri yaxınlığında çoxminlik orduyla qarşıladı. İmadəddinin qoşunu tamamilə darmadağın edildi, özü isə az qala düşmən əlinə keçəcəkdi. Bu vaxt gözlənilməz hadisə baş verdi: Tikritin gənc qalabəyisi Nəcməddin Əyyub onu tutub xəlifəyə təslim etmək əvəzinə aradan çıxmasına şərait yaratdı. İmadəddin Dəclə çayını adlayıb xəlifə əsgərlərinin təqibindən qurtuldu və Nəcməddinin bu yaxşılığını heç vaxt unutmadı. Əyyubilər tayfasının yüksəlişi isə məhz onun oğlu Mahmud Nurəddinin öz hakimiyyətini yenidən möhkəmləndirməsi ilə başladı. Bu yüksəliş eyni zamanda Səlahəddinin parlaq gələcəyini müəyyənləşdirdi…

Nəcməddin Əyyub Baalbek hakimi təyin edilir

1137-ci ildə isə Tikritdə olduqca xoşagəlməz bir hadisə baş verdi. Nəcməddinin doğma qardaşı Əsədəddin Şirkuh Bəhruzun yaxın dostu, eyni zamanda şəhərin nüfuzlu adamlarından sayılan bir Səlcuq türkünü öldürdü. Bu qətlin hansı səbəbdən baş verdiyi bilinmir. Lakin fakt budur ki, Bəhruz həmin qətl barədə eşitdikdən sonra məsələni dərindən araşdırmış, sonda isə həmin dövrün qayda-qanunlarına uyğun olaraq qatilə ölüm hökmü kəsməsə də, Nəcməddin Əyyub və Şirkuh qardaşlarının şəhəri tərk etmələrini əmr etmişdi.

Həmin ilin yazında qardaşlar öz ailələrini də götürüb Tikritdən çıxdılar. Rəvayətə görə, elə həmin gecə yola düşməzdən bir-iki saat öncə Nəcməddin Əyyubun üçüncü oğlu dünyaya gəlmişdi. Adını Yusif peyğəmbərin şərəfinə «Yusif» qoydular.

Beləliklə, Tikritdən qovulan Nəcməddin Əyyub çoxsaylı doğmaları və ona sadiq bir neçə yüz döyüşçü ilə birlikdə Mosula üz tutdu. O vaxt Mosulun hakimi İmadəddin Zəngi idi. Nəcməddinin ona yaxşılığını unutmayan Zəngi qonağını çox mehriban qarşıladı və onu dərhal öz yanında qulluğa götürdü.

1139-cu ildə İmadəddin Zəngi Dəməşqi ələ keçirməyə cəhd etdi. Mosul hakiminin yolunu Baalbek şəhəri (indiki Livan ərazisində yerləşir) kəsirdi. O, şəhəri bir neçə günə almağı düşünürdü, istəyirdi ki, payızdan əvvəl, avqustun sonunadək Dəməşqə çatsın. Lakin Baalbekin müdafiəçiləri ciddi şəkildə müqavimət göstərdilər. Nəhayət, İmadəddinin qoşunları şəhərə daxil olduqdan sonra da müqavimət davam etdi: müdafiə bölüyü iç qalaya çəkildi və oktyabrın sonunacan dirəndi. Payızda Yaxın Şərq bölgəsində güclü yağışlar başlayır, sel-su hər yanı, o cümlədən yolları yuyub-aparır. Bu isə o demək idi ki, İmadəddin Dəməşq üzərinə yürüşü yazadək təxirə salmalıdır. Baalbekdə kifayət qədər vaxt itirən və bundan möhkəm qeyzə gələn Zəngi təslim olacaqları halda müdafiə bölüyünə dəyməyəcəyinə söz verdi. Lakin niyyətinə çatandan sonra sözündən döndü: qala müdafiəçilərinin əksəriyyəti çarmıxa çəkildi, başçılarının isə dərisi soyuldu. İmadəddinin sözünü tutmamasının başlıca səbəbi Dəməşq əhalisinə ismarıc vermək idi. O demək istəyirdi ki, əgər şəhər döyüşsüz təslim olmasa, aqibətləri bundan da pis olacaq.

Belə görünür, dəməşqlilər İmadəddinin bu ismarıcını ciddiyə almadılar. Onlar şəhər hakimi Müanəddin Unarın ətrafında düşmənə qarşı sıx birləşdilər və güclü müqavimətə hazırlaşdılar. İmadəddinin şəhəri ələ keçirmək istəyi nəticəsiz qaldı.

Dəməşqə yürüşdən öncə İmadəddin böyük hörmət və etimad bəslədiyi Nəcməddin Əyyubu Baalbekin hakimi təyin etdi. Bundan dərhal sonra Nəcməddin iki yaşlı oğlu Yusif də daxil olmaqla öz ailəsi ilə birgə həmin şəhərə daşındı. Beləcə, qəhrəmanımızın uşaqlıq çağları bu gözəl və əsrarəngiz şəhərdə keçdi. Yusif yaşca qardaşlarının böyüyü deyildi. Odur ki əsas vəliəhd sayıla bilməzdi. Nəcməddindən sonra onun yerinə böyük oğlu Şahinşah keçməli idi. Odur ki Yusiflə ortancıl qardaşı Turanşah müəyyən qədər sərbəst şəraitdə böyüyürdülər. Onların cürbəcür oyunlar oynamaq üçün kifayət qədər vaxtları vardı. Üstəlik, gecələr şəhərdəki qədim məbədlərin xarabalıqlarında dolaşırdılar. Bu məbədlər bütpərəstlərə məxsus olduğundan müsəlmanlarda, təbii ki, ikrah hissindən başqa heç nə oyatmamalı idi. Lakin Yusif bir az fərqli düşünür və həmin xarabalıqlara tamaşa etdikcə vaxtilə onları inşa edənlərin memarlıq bacarığına heyranlığını gizlətmirdi. Elə çox sonralar Yusifi başqalarından fərqləndirən tolerantlıq hissi, xristian və yəhudi inanclarına, ənənələrinə hörmətlə yanaşmaq duyğusu da, yəqin ki, məhz Baalbekdəki həmin xarabalıqlarda formalaşmışdı.

 

Yusif dövrünə görə yaxşı təhsil almışdı: o, Quranla yanaşı, cəbr, həndəsə, astronomiya kimi elmlərlə bağlı dərin biliklərə malik idi. Qədim dünyanın Platon, Aristotel, Evklid və Ptolomey kimi alimlərinin əsərləri ilə tanış olmuş, eyni zamanda müxtəlif dövrlərə aid ərəb poeziyası nümunələrini oxumuşdu. Bəzi qaynaqlara görə, o hətta IX əsr şairi Əbu Təmmamın tərtib etdiyi oncildlik ərəb şeiri antologiyasını da az qala əzbər bilirdi. Sonralar onun zəngin şəxsi kitabxanasında müsəlman şairləri və alimləri ilə yanaşı, yunan, Roma və yəhudi müəlliflərinin də əsərləri yer alacaqdı.

Yusifin (yaxşısı budur, indən sonra biz onun haqqında məşhur adı ilə – «Səlahəddin» kimi bəhs edək) maraqlı bir vərdişi də vardı: o, müxtəlif çətin məsələ və bilməcələri həll etməkdən zövq alır, bu isə onun zehnini daha da itiləşdirirdi. Belə rəvayət edirlər ki, Səlahəddin həmin şakərindən ömrü boyu əl çəkməyib. Hətta bu barədə məşhur bir əfsanə də var. Həmin əfsanəyə görə, sultan olduğu zamanlarda Səlahəddinin yanına əsir bir cəngavər4 gətirirlər. Sultan əsirdən azad edilməsi üçün yüz min dinar5 istəyir. Bu həmin vaxt üçün çox böyük məbləğ idi – az qala böyük bir şəhərin illik gəlirinə bərabərdi. Əsir cəngavərin bu qədər pulu olmadığından Səlahəddin ona ikinci təklifi edir. Deyir: «Bir tapmaca deyəcəyəm, əgər cavabını tapsan, azad ediləcəksən, yox, əgər tapmadınsa, ödəyəcəyin məbləğ ikiqat artacaq». Cəngavər razılaşır.

Səlahəddin deyir: «Elə isə, məni yaxşı dinlə! Sənə on iki ədəd qızıl pul, bir də, adi bir tərəzi verirlər. Ancaq tərəzinin çəki daşı yoxdur. Qızıl pullardan biri isə saxtadır. Saxta pulun əsl pullardan yüngül və ya ağır olduğu da bilinmir. Cəmi üç dəfə çəkməklə o pulu səhərə qədər tapmasan, özünü ölmüş bil!»

Cəngavər tapmacanın cavabını tapır. Onun buna necə nail olduğu barədə qaynaqlarda heç nə yazılmayıb, bircə o məlumdur ki, sultan nəinki əsiri azad edir, hətta onu bahalı hədiyyələrlə yola salır.

Bu, Səlahəddinin nə qədər mərhəmətli və ədalətli şəxsiyyət olduğunun ifadəsidir.

***

Beş-altı yaşına qədər Səlahəddin evin qadınlara aid olan hissəsində təlim-tərbiyə almışdı. Həmin vaxt islam ölkələrində qəbul edilən şəriət qaydalarının tələbi belə idi.

Ata nənəsi hələ erkən yaşlarından Səlahəddinin digər nəvələrindən çox fərqləndiyini, onlardan daha zirək və ağıllı olduğunu sezmişdi. Bu səbəbdən də belə fikirləşirdi ki, əsas vəliəhd məhz Səlahəddin olmalıdır. Hətta deyilənə görə, anası Səlahəddinə hamilə olarkən nənəsi yuxuda görübmüş ki, yatmış gəlininin yatağına nəhəng bir ilan soxuldu. Gəlin diksinib oyandı, qorxusundan tərpənə bilmədi. Bu zaman onun qarnı yarıldı, oradan döyüşçü qiyafəsində bir igid oğlan çıxdı və ilanın başını əzdi. Yuxunun yozumu birmənalı idi: yeni doğulacaq uşaq oğlan olacaqdı, qüdrətli bir sərkərdəyə çevriləcək və islam düşmənlərinə meydan oxuyacaqdı. Bir dəfə isə Səlahəddin bağçada oynadığı vaxt nənəsi onun zəhərli bir ilanın quyruğundan tutaraq daşla başını əzdiyini görür. Bundan sonra onun nəvəsinə olan inamı daha da möhkəmlənir.

Elə ki Səlahəddin təlim-tərbiyəsini kişilər arasında davam etdirəcək yaşa çatır, nənəsi öz oğullarına tapşırır ki, ona xüsusilə göz-qulaq olsunlar. Beləcə, gələcəyin böyük sərkərdəsi həmin vaxtdan atasının və əmisinin nəzarətinə keçir. Onlar Səlahəddinin bir şəxsiyyət kimi formalaşmasında həlledici rol oynayırlar.

Nəcməddin Əyyub təhsilə xüsusi önəm verirdi. Buna görə də oğlanlarına dini elmlərlə yanaşı, dünyəvi elmlər öyrədən müəllimlər də tutmuşdu. Özü sufi6 təriqətinə mənsub idi, hətta Tikritdə sufi məktəbi yaratmışdı. Sufilər kamil insan axtarışında idilər. Bu mənada Nəcməddin olduqca dürüst, özünə qarşı hədsiz dərəcədə tələbkar xarakterə malik biri idi. Elə Səlahəddin də özünü atasına oxşatmağa çalışırdı. Əmisi Şirkuh isə təbiətcə fərqli idi, o sanki anadan döyüşçü kimi doğulmuşdu, dəlisovdu. Belə hesab edirdi ki, əsl kişi yalnız kitablardan yapışıb qalmamalı, eyni zamanda əlində qılınc daim at belində olmalıdır. Bundan başqa, Şirkuh İmadəddin Zəngi kimi yeyib-içməyi xoşlayırdı. Bu səbəbdən hələ gənclik yaşlarından inanılmaz dərəcədə kökəlmişdi. Ancaq maraqlıdır ki, artıq çəkisi və qısa boyu nə at çapmaqda, nə də qılınc çalmaqda ona mane olurdu. Hətta təkcə özünün və qardaşının deyil, qohum-əqrəbadakı oğlan uşaqlarına da döyüş fəndlərini məhz Şirkuh öyrədirdi.

Beləliklə, Səlahəddin atasını dinlədikcə dinə və elmə daha möhkəm bağlanır, əmisi sayəsində isə bir döyüşçü kimi yetişirdi. O, eyni zamanda hər ikisindən qəddar firənglərin islam torpaqlarına soxulması, müsəlman şəhərlərini xaraba qoyması barədə söhbətləri maraqla dinləyir, qadın, uşaq, qoca demədən Qüdsün müsəlman və yəhudi əhalisinin qılıncdan keçirilməsi haqda deyilənlərə heyrət içində qulaq asırdı. Bütün bunlar Səlahəddinin yaddaşında dərin izlər buraxmış və onun dünyagörüşünə təsirsiz ötüşməmişdi.

Həmin dövrdə müsəlmanların xaçlılarla bağlı təsəvvürləri olduqca tükürpərdici idi. Onlar firəngləri vəhşi, barbar hesab edir və belə fikirləşirdilər ki, xaçlılar adi gigiyena qaydalarından xəbərsizdirlər, yuyunmurlar, ədalət hissindən isə məhrumdurlar. Hətta belə çıxırdı ki, əməlli-başlı hannibalizmlə məşğuldurlar: qarınlarını öldürdükləri müsəlmanların, xüsusilə də uşaqların əti ilə doyururlar. Bütün bu söylənilənlər Səlahəddində xaçlılara qarşı dərin nifrət oyadır, ürəyindən tez böyümək və qəddar işğalçılarla döyüşə girmək keçirdi. Elə müqəddəs Qüds şəhərini xaçlılardan azad etmək arzusu da, yəqin ki, Səlahəddinin qəlbində elə o vaxtdan oyanmışdı… Düzdür, o, sonralar etiraf edəcəkdi ki, atasıyla əmisinin bütün danışdıqlarına inanmırmış. Məsələn, öz uşaq ağlı ilə firənglərin insan əti yediyinə dair deyilənləri nağıl sayırmış. Lakin istənilən halda Səlahəddin hələ erkən yaşlarından xaçlılara qarşı qəzəb duyğusu ilə böyümüşdü.

Səlahəddinin ailəsi Dəməşqə köçür

Nəcməddin Əyyubla Şirkuh belə hesab edirdilər ki, xaçlıları müsəlman torpaqlarından qovub-çıxarmağın yeganə yolu daxili çəkişmələri bir kənara qoyub birləşməkdir. Bunu isə ancaq öz himayədarları, Mosul hakimi İmadəddin Zəngi bacara bilərdi.

İmadəddin hələ ki qələbələrinə davam edirdi: 1144-cü ildə o, xaçlıların 46 il öncə ələ keçirdiyi Edessanı (indiki Türkiyə ərazisindəki Urfa şəhəri) işğalçılardan təmizlədi. Həmin hadisə müsəlmanlar üçün növbəti bayrama çevrildi. Baalbekdə hətta bu münasibətlə təntənəli mərasim də keçirildi. Həmin vaxt Səlahəddinin 7 yaşı vardı və mərasimdə o da iştirak etmişdi.

Lakin aradan iki il keçəndən sonra Baalbekə bu dəfə qara xəbər gəldi: atabəy İmadəddin Zəngi Mosulla Hələb arasında yerləşən Cəabar qalası uğrunda döyüş zamanı öz adamlarından biri tərəfindən qətlə yetirilmişdi. Həmin qətllə bağlı bir neçə fərziyyə mövcuddur. Onlardan biri (və ən ağlabatanı!) belədir ki, bərk sərxoş olan İmadəddin gecəyarı yuxudan oyanıb görür ki, etiqadca xristian olan hərəmağası Yarankaş onun piyaləsində şərab içir. İmadəddin buna möhkəm əsəbiləşir, səhər onu edam etdirəcəyini bildirib yenidən yuxuya gedir. Möhkəm qorxuya düşən hərəmağası isə canını qurtarmaq qərarına gəlir: elə gecəylə ağasını xəncərləyib öldürür, sonra da düşmən tərəfə keçir – mühasirə altında olan Cəabar qalasına qaçır.

İmadəddin Zənginin ölümü istər xaçlılarla mübarizədə, istərsə də Nəcməddinin şəxsi həyatında böyük itki idi. O hiss edirdi ki, İmadəddinin yoxluğunda həm onu və ailəsini, həm də müsəlman aləmini böyük çətinliklər gözləyir. Necə ki belə də oldu. Köhnə düşməninin ölüm xəbərini eşidən Dəməşq hakimi Unar Müanəddin dərhal özünü Baalbekə çatdırdı və şəhəri mühasirəyə aldı. Nəcməddin Əyyub öncə müqavimət göstərmək fikrində idi. Lakin aradakı qüvvələr nisbəti çox fərqli idi. Dirəniş mənasızdı, odur ki Dəməşq hakimiylə danışıqlara getməkdən başqa çıxış yolu yox idi. Beləliklə, əldə edilmiş razılığa görə Baalbek döyüşsüz təslim olardısa, Nəcməddin böyük məbləğdə pul alacaq, eyni zamanda Dəməşq ətrafındakı yeddi kəndin gəliri də bundan sonra ona çatacaqdı. Üstəlik, Dəməşqin düz mərkəzində ona mülk veriləcəkdi.

Nəticədə on yaşında ikən Səlahəddin ailəsi ilə birgə bu dəfə də Dəməşqə köçməli olur. Şöhrəti hər yerə yayılan, «Şam» adı ilə də məşhur olan bu böyük şəhərdə o, yeniyetməlik çağlarını keçirəcək, püxtələşəcək, çox sonralar – gücünün, qüdrətinin zirvəsinə çatdığı illərdə, sultan olduqda isə bir neçə dəfə yolunu buradan salmalı olacaqdı…

Səlahəddin artıq vəliəhddir

Maraqlıdır ki, Səlib yürüşlərinə7 və aramsız daxili çəkişmələrə baxmayaraq XII yüzillikdə Suriya kifayət qədər firavan bir ölkə idi. Avropadan gələnlər onun qədimliyi və gözəlliyi, əhalisinin özünəməxsus həyat tərzi qarşısında heyranlıqlarını gizlədə bilmirdilər. Ölkənin cah-calallı şəhərlər siyahısında Dəməşq əsas yer tuturdu. Tarixi çox qədimlərə gedib çıxan bu şəhər onu ilk dəfə görənləri ovsunlayırdı. Dəməşq möhkəm qala divarlarıyla əhatə olunmuşdu. Burada o dövr üçün nadir sayılan beşmərtəbəli evlərlə belə qarşılaşa bilərdin. Dar ayaqda bu evlərin hər biri alınmaz qalaya çevrilir, düşmən işğalına meydan oxuyurdu.

Dəməşq səyyahları və tacirləri xüsusilə özünün nəhəng bazarı ilə heyrətləndirirdi. Təkcə bazarı başdan-ayağa dolaşmaq, burada satılan mallarla ötəri tanış olmaq üçün bir gün vaxt tələb olunurdu. Şəhərdə həmçinin öz dövrü üçün kifayət qədər mükəmməl silahlar hazırlanan emalatxanalar vardı. Dəmirçilərin yerli poladdan düzəltdiyi qılınc və xəncərlər, deyilənə görə, hətta zirehi belə asanlıqla kəsə bilirmiş.

Dəməşq eyni zamanda əzəmətli məscidləri ilə məşhur idi; həmin məscidlər yalnız ibadətgah kimi fəaliyyət göstərmirdi. Onlar şəhərin ictimai həyatının canlanmasında da mühüm rol oynayırdılar. Məktəb-mədrəsələrdə yeniyetmələrə, gənclərə islam elmi və hüququ öyrədilirdi. Hamam və qəhvəxanalar isə təkcə istirahət məkanları yox, eyni zamanda poeziya və fəlsəfə həvəskarlarının sevimli toplantı yerləri idi. Suriyanı daha çox ərəb ölkəsi, elə Dəməşqi də daha çox ərəb şəhəri sayırlar. Ancaq yadda saxlamaq lazımdır ki, onun əhalisinin əksəriyyətini ərəblər yox, türklər, kürdlər və islamı qəbul etmiş digər xalqlar təşkil edirdi. Bu xalqlar öz etnik mənsubiyyətlərini arxa plana keçirmişdilər və özlərini, sadəcə, «müsəlman» adlandırırdılar. Ona görə də avropalılar Suriya əhalisini ucdantutma ərəb sayırdılar.

 

Dəməşqdə yəhudilərin və xristianların (əsasən, ermənilər, yunanlar, arameylər) da sayı az deyildi. Bu mənada Suriyanın indiki paytaxtı o zamanlar, müasir təbirlə desək, sözün həqiqi mənasında kosmopolit şəhər idi. Rəngarəng mədəniyyətlər, adət-ənənələr, müxtəlif dil və inanclar – bütün bunlar Səlahəddinin şəxsiyyət kimi formalaşmasında təsirsiz qala bilməzdi. Əlbəttə, şəhərin müsəlman əhalisi öz dinlərini kifayət qədər yüksək tuturdular; bununla belə, başqa dinlərlə də maraqlanırdılar. Qəhvəxanalarda hər kəs öz fikrini azad şəkildə ifadə edə bilir, din başda olmaqla müxtəlif mövzularda saatlarca qızğın müzakirələr gedirdi. İslamda haram buyurulduğundan şərab şəhərin, sadəcə, xristian məhəllələrindəki meyxanalarda verilirdi. Bu meyxanalara gedənlər eyni zamanda şeirdən, musiqidən həzz alırdılar. Yeri gəlmişkən, bu cür ab-hava həmin vaxt müsəlman Şərqindəki böyük şəhərlərin çoxu üçün xarakterik idi. İnsanlar bu cür məkanlarda olduqca azad, sərbəst idilər: qorxub çəkinmədən həm hakimiyyət nümayəndələrini, həm də dini liderləri tənqid edə bilirdilər.

O dövrün bir çox görkəmli şairlərinin şeirlərində belə Şərq intibahının ab-havası aydın şəkildə duyulmaqda idi. Bu həmin ab-havadır ki, Səlahəddinin xarakterinə və dünyagörüşünə əhəmiyyətli dərəcədə təsir göstərmişdi.

Gələcəyin qüdrətli sərkərdəsi Dəməşqdə təhsilini daha da artırmışdı. Xüsusilə dini savadı çox yüksək idi, üstəlik, böyüdükcə dini şövqü daha da gücləndi, hətta arada fanatizm həddinəcən çatdı. Lakin tədricən onun həyata baxışları püxtələşdi, poeziyaya marağı və həvəsi artdı. Hətta xristian məhəllələrindəki meyxanalara da getməyə başladı. İndi o, varlı və nüfuzlu ailələrdən çıxmış Dəməşq gənclərinə xas həyat tərzi keçirirdi. Eyni zamanda hərb sənətinin incəliklərini öyrənir, atasının şəhərətrafındakı at tövləsinə tez-tez baş çəkir, cins atları minib çapırdı.

Bu yerdə bir az əvvələ qayıdıb deyək ki, Səlahəddinin 11 yaşı olanda onun həyatını başdan-başa dəyişən bir hadisə baş vermişdi. Böyük qardaşı Şahinşah qəfildən xəstələnmiş və dünyasını dəyişmişdi. Onun İzəddin və Təkiyəddin adında iki oğlu qalmışdı. Qaydalara görə, Nəcməddin Əyyubun varisi onun ortancıl oğlu Turanşah olmalı idi. Lakin Nəcməddin belə qərara gəldi ki, Turanşah vəliəhd olmaq üçün lazımi keyfiyyətlərə malik deyil. Ona görə də vəliəhdlik Səlahəddinə keçdi.

Böyük oğlunun ölümündən bərk sarsılan Nəcməddin Əyyub o vaxtdan kiçik oğluna xüsusi qayğı göstərməyə başladı. Tez-tez onunla şəhərətrafına çıxır, tabeçiliyindəki kəndlərə baş çəkir, müxtəlif mövzularda söhbətlər edərdi. Bütün bunlar Səlahəddin üçün, bir növ, həyat dərsləri idi. Atası oğluna dünyanın hər üzünü öyrətməyə çalışır, bununla onu böyük işlərə hazırlayırdı.

1152-ci ildə 14 yaşında ikən Səlahəddin öz əmisi Şirkuhun tövsiyəsi ilə Hələbə getdi. Orada özünə torpaq aldı. İki il sonra onun bir vuruşmada iştirak etdiyi bildirilir, lakin həmin döyüş barədə heç bir ətraflı məlumat yoxdur. Bircə o bəllidir ki, bu vuruşmada Səlahəddin elə bir hünər göstərməyib. Sonra isə Dəməşqə qayıdıb.

1Səlcuqlar – XI əsrin ortalarından etibarən Kiçik Asiya ərazisində, İran və İraqda böyük dövlət qurmuş köçəri türkmən qəbilələri
2Atabəy – Böyük Səlcuq dövlətinin süqutu (1154-cü il) nəticəsində meydana gəlmiş sultanlıqların başçılarının titulu
3Fatimilər – 909–1171-ci illərdə, əsasən, Şimali Afrikada mövcud olmuş xilafət. Tunisdə qurulmuş, 996-cı ildə paytaxtı Qahirəyə köçürülmüşdür. Hazırkı Mərakeş, Əlcəzair, Liviya, Livan və Misirlə yanaşı, sonralar indiki İordaniya, Fələstin, Suriya, eləcə də Siciliya, Malta, Korsika və Sardiniyanı da öz hökmranlığı altında birləşdirmişdir. Fatimilər şiə məzhəbinə mənsub idilər. Bu dövlət adını Məhəmməd peyğəmbərin qızı Fatimədən götürmüşdür.
4Cəngavər – orta əsrlərdə Qərbi və Mərkəzi Avropada hərbi-zadəgan silkinə mənsub şəxs, ağır silahlı süvari döyüşçü
5Dinar – keçmişdə Yaxın Şərqin bəzi ölkələrində qızıl pul
6Sufi – burada: dindən, dini göstərişlərdən əsla kənara çıxmayan adam
7Səlib yürüşləri – Qərbi Avropa ölkələrinin Fələstini və başqa əraziləri istila etmək məqsədilə 1096–1272-ci illərdə Yaxın Şərqə hərbi səfərlərinin ümumiləşdirilmiş adı. Tarixdə cəmi səkkiz Səlib yürüşü məlumdur. I Səlib yürüşü ovaxtkı Roma papası II Urbanın çağırışı ilə 1096-cı ildə başlayıb, üç il davam edib və xristianların Qüdsü ələ keçirməsi ilə nəticələnib. 1147–1150-ci illəri əhatə edən II Səlib yürüşü zamanı xristianlar biabırçı məğlubiyyətə uğrayaraq ölkələrinə əliboş geri dönüblər. 1189–1192-ci illəri əhatə edən III Səlib yürüşünün məqsədi Qüdsü Səlahəddin Əyyubinin əlindən geri almaq idi. Xaçlılar Akka başda olmaqla bir çox əhəmiyyətli şəhəri tutsa da, Qüdsün yenidən ələ keçirilməsinə nail ola bilmədilər. Ümumiyyətlə isə xristianlar yalnız VI Səlib yürüşü zamanı (1228–1229) Qüdsü tutmağa nail oldular. Lakin 1244-cü ildə müsəlmanlar bu müqəddəs şəhəri geri almağı bacardılar.