Faqat Litresda o'qing

Kitobni fayl sifatida yuklab bo'lmaydi, lekin bizning ilovamizda yoki veb-saytda onlayn o'qilishi mumkin.

Kitobni o'qish: «Mən, nənəm, İliko və İllarion»

Shrift:

Mən, nənəm, İliko və İllarion

Nənəm, mən, İliko, İllarion və itim Murada gözəl Quriya kəndində yaşayırıq.

Məktəbdə altı dərs keçirik. Dörd dərsi oturmağa hövsələm zorla çatır. Parta yoldaşımdan soruşuram:

– Romuli, zəngi niyə vurmurlar?

Romuli dişlərini ağardır. Müəllim məni göstərib deyir:

– Dur rədd ol burdan! Valideynsiz də gəlmə!

…Ertəsi gün nənəmi məktəbə aparıram, sonra nənəm məni evə gətirib danlayır:

− Oxu, yaramaz, oxu, yoxsa bisavad qalarsan!

Demək olar ki, orta məktəbi nənəmlə bitirmişəm.

Mən adicə kasıb kənd uşağıyam, adım Zurikodur.

Məktəbdə davranışım haqda rəsmi sənəd – “N” saylı orta məktəbin pedaqoji şurasının 1940-cı il 18 mart tarixli iclasının protokolu təxminən belə tərtib edilib:

İştirak edirlər: müəllimlərin hamısı.

Eşidildi: Vl sinif şagirdi Zurab Vaşalomidzenin əxlaqı barədə sinif rəhbərinin məlumatı.

Mülahizələr:

Fizika müəllimi: “Təbiətdə elə bir qüvvə yoxdur ki, Vaşalomidzeni hərəkətə gətirə bilsin!”

Riyaziyyat müəllimi: “Mənim nəzərimdə Vaşalomidze yüz məchulu olan, həll edə bilmədiyim tənlikdir”.

Kimya müəllimi: “Heç nəyə reaksiya vermir, əsəblərimlə oynayır”.

Rus dili müəllimi : “Məncə, o, səfehdir”.

Coğrafiya müəllimi: “Vaşalomidze ya kütbeyindir, ya da cılız və zəif doğulub”.

Tarix müəllimi: “Bu, iyirminci əsrin mədəni nümayəndəsinə yox, daha çox daş dövrünün adamına bənzəyir. O, bütün sinif üçün ləkədir”.

Məktəb gözətçisi: “Bu qədər gicdirsə, onu sinifdən-sinfə necə keçirirsiniz?”

Dərs hissə müdiri: “Səndən soruşan yoxdur! Sənin işin məktəbə vaxtında gəlib zəngi vurmaqdır!”

Gürcü dili müəllimi (yaxın qohumum): “Belə çıxır ki, bütün işlərinizi korlayan Vaşalomidzedir! Sizin sinifdə ondan yaxşısı kimdir? Bəlkə, direktorun oğlu yaxşıdır? Düzdür, əlaçıdır, amma özü kimi səfeh yer üzündə yoxdur”.

İdman müəllimi: “Elə isə nə üçün ona “beş” verirsən?”

Gürcü dili müəllimi: “Hünərin var, vermə!”

Dərs hissə müdiri: “Kəsin səsinizi! Vaşalomidze, bəs sən nə deyirsən?”

Vaşalomidze: “Gürcü dili müəllimi haqlıdır”.

Dərs hissə müdiri: “Ay kütbeyin, özün haqda soruşuram.”

Vaşalomidze: “Bu dəfə bağışlayın, səhvlərimi düzəldərəm!”

…Qarğıdalı toxalayanda dərs buraxdığım üçün xəstəlik haqqında arayış aparmalı idim. Saxta arayış almaq mümkün olmadığından, məni yatağa uzadıb həkim çağırdılar. Həkim çarpayımın yanında oturub soruşdu:

– Haran ağrıyır?

– Hər yerim.

Bu zaman İliko və İllarion gəldi. İllarion dedi:

– Son vaxtlar çox zəifləyib. İştahası pozulub. Dünən üç boşqab lobyanı və bir mçadini1 uşağa zorla yedirdim.

– Düz deyir, doktor, lobya görəndə ürəyim bulanır.

– Daha nədən şikayətin var?

– Hm! Bir az… – İliko barmağı ilə gicgahını göstərdi.

– Eləmi? – həkim barmağının beşini də araladı və az qala, gözümə soxub soruşdu: – De görüm bu neçədir?

– Yeddi! – mən səfehcəsinə gülümsədim.

– Hmm…Yaxın adamlarını tanıya bilir? – deyə soruşdu.

– Çox çətinliklə! – İllarion ah çəkdi.

– Bu adam kimdir? – həkim İlikonu göstərdi.

Mən üzümü elə axmaq şəklə saldım ki, İllarion da mat qaldı.

İliko kədərlə soruşdu:

– Zuriko, məni də tanımadın?

Başımı buladım. Nənəm ikiəlli başından yapışdı.

– Uşağın vəziyyəti ağırdır, təcili əməliyyat olunmalıdır!

– Nə əməliyyat? – deyə yerimdən sıçradım.

– Kəlləni yarmaq lazımdır…

– Onun başı sənin üçün balqabaqdır? – nənəm çığırdı. – Uşaq sağ-salamatdır, sən xəstəxanadan danışırsan!

– Hə, bax bu, başqa məsələ! Deyirsiniz sağ-salamatdır? Lap yaxşı! – həkim gülümsədi. Hamı ilə xudahafizləşib: – Bütün kənddə belə sağlam uşaq tapılmaz! – dedi və atın belinə sıçrayıb çapdı.

Ov

Həmin gündən bir həftə sonra İllarion bizə gəldi. Armud ağacının altındakı yaşıllıqda uzanıb papirosunu yandırdı və soruşdu:

– Ay itbaz, əməliyyatın necə keçdi?

– Eh, sizə nə var ki, mən, az qala, ölmüşdüm!

– “Ölmüşdüm”ə bir bax a! Sənin o boş kəlləni yarsaydılar, o saat örtərdilər.

– Bəsdir, sən Allah! Görürəm sən də, dostun İliko da ağıl dəryasısınız!

Susduq…

– İtin görünmür? – İllarion soruşdu və elə bu zaman itin zingiltisi eşidildi.

– Öldürəcəyəm bu murdar heyvanı, öldürəcəyəm! Yaramaz Zurikela, bu nacins heyvanı haradan tapmısan? Belə də şey olar? Əvvəllər toyuğun altından yumurtaları aparırdı, indi də cücələrə dadanıb, – qonşumuz Yefrosine əlindəki ağacı yelləyə-yelləyə çığırırdı. Zavallı Murada zingildəyə-zingildəyə onun qabağınca qaçırdı.

Yefrosinenin əri həyətdən bağırırdı:

– Tut onu!

– Nə çığır-bağır salmısan, ay arvad, nə olub? – deyə nənəm evdən çıxdı. – Kimə nacins deyirsən? Bizim Muradaya? Hələ ki, gec deyil, rədd ol burdan! Nacinsə bir bax!

Yefrosine döngədə yox olana kimi Murada zingildədi.

– Ay səni, tülkü! – İllarion itin ağzına ilişmiş cücə tükünü götürüb gülümsədi, – səni nə üstə döyüblər?

Murada öz dilində dedi:

– Cücələri küçəyə buraxdıqları bəs deyil, hələ üstəlik inciyirlər də…

– Çox əzişdirdilər?

Murada:

– O ki var, – deyib əzilmiş ayağına baxdı.

– Bunun ağzına nə olub? – İllarion məndən soruşdu.

– Dünən tavadan mçadi aparmaq istəyəndə yandırıb.

– Eləmi, Murada?

– Eh, bu dəfə bəxtim gətirmədi, bir az tələsdim, – Murada köksünü ötürdü.

–İt deyilsən e, xəzinəsən, xəzinə! – İllarion ehtiramla dilləndi, – ancaq yadında saxla ki, oğurluq etmək olmaz! Oğurluq mal – haramdır. Bax bizim anbar müdiri acgöz Datikoya. İndi yataqda çırpınır, lazımsız əşya kimi atılıb qalıb bir küncdə…

İllarion papirosunu sümürüb dedi:

– Dovşanlar kolxoz tarlalarında paxla zoğlarını başdan-başa gəmiriblər; izlərini gördüm. Sabah səhər tüfəng götürüb oralarda hərlənmək pis olmaz.

– Keçən dəfə də məni hərifləyib apardın, amma baxıb gördüm ki, sən hələ də dovşan izini keçi izindən seçə bilmirsənmiş…

– Sənə deyirəm, indiki dovşan izləridir!

– Yaxşı, gedərik.

–Tüfəngini hazırla, səhər itini də sal yanına, bəlkə, lazım oldu, – deyə İllarion papağımı gözümün üstünə basıb getdi.

Səhər hava açılar-açılmaz İllarionla mən dizə qədər şehli otların arası ilə addımlayırdıq. Arxamca da tüklərinə pişpişələr yapışmış Murada yorturdu.

– Bu da özünü it sanır, – İllarion istehza ilə dedi, – olmaya bizi dovşan bilib, izimizə düşüb. Ona de, keçsin qabağa!

– Marş, irəli! – deyə əmr etdim. Murada oturdu.

– İt yorulub. Bəlkə, bir az dincələk, qəlyanaltı edək? – deyib İllarion yerə çökdü.

– Yaxşı, dincələk, – razılaşıb onun yanında oturdum.

İllarion çantadan toyuq soyutması, mçadi, təzə pendir çıxarıb iri, yastı daşın üstünə qoydu. Mən də süfrəyə gicitkəndən hazırlanmış pxali2, lobya, bişmiş kartof və duz əlavə etdim.

– İllarion, bax yemək yeyəndə ağzını marçıldatma ha, yoxsa dovşanları hürküdərsən, – deyə xəbərdarlıq etdim.

İllarion hirsləndi:

– Kimi lağa qoyursan, ay eybəcər?!

– Hirslənmə, al bu kisəni, əla İstanbul tənbəkisidir, – deyə dolu tənbəki kisəsini ona uzatdım.

İllarion tənbəkini qoxladı, şübhəli-şübhəli mənə baxıb papiros eşdi, yandırıb sümürdü və birdən arxası üstə yıxıldı.

– İllarion, sənə nə oldu? – ona tərəf sıçradım. İllarionun gözləri yumulmuş, rəngi qaçmışdı. Mən:

– Tez su gətir, Murada! – deyə çığırdım. İllarion başını buladı, yavaş-yavaş qalxdı, qızarmış gözləri ilə xeyli mənə baxıb dərindən köksünü ötürdü:

– Bu tütün haradandır?

– İliko bağışlayıb. Necə ki?

– Ey qadir Allah! İliko Çiqogidzeyə elə bir cəza ver ki, məndən başqa, imdadına çatan olmasın! Amin!

– İllarion əmi, axı nə olub?

– Tənbəkiyə istiot qatıb!

– İllarion əmi, əzizim, sən dünyada hamıdan yaxşı adamsan! Bilsən ki, mən səni nə qədər çox istəyirəm! Sənin uzun burnun və xeyirxah ürəyin var. Gəl səni öpüm!


– Əziz Zuriko, sözün düzü, dünyada sənin kimi oğlan tapılmaz! Otuz yaş səndən böyük olmağım boş şeydir! Biz dostuq!

Mən oxumağa başladım:

 
“Dostlar arasında qəmli gəzirəm,
Mən – yazıq Simona, sən ey Dolidze…”3
 

– Necə yəni “qəmli”? Səni qəmləndirən nədir, əzizim, bəlkə, düşmənin var? Sən onun adını mənə de! Atəş, İllarion! Qoy bütün dünya bilsin ki, biz də bizik! E-hey!.. – İllarion tüfəngi havada oynadıb hər iki tətiyi birdən çəkdi, tüfəng gurlayıb dağlarda əks-səda verdi…

Mən soyuqdan oyandım, gözlərimi ovuşdurub ətrafıma baxdım. Görünür, Murada yeməkləri çoxdan ötürüb harasa getmişdi…

– Başımın üstə keşikçi kimi niyə durmusan! Özün də Allah xətrinə, tüfəngi o tərəfə qoy, əlindən xata çıxar! – İllarion dedi.

– Gedim bir az fırlanım, bəlkə, dovşana-zada rast gəldim…

İllarion dalımca çığırdı:

– Get, get. Atəş açanda sol gözünü yummağı unutma!

On addım getmişdim ki, İllarionun qarğışını eşitdim.

– Sən zibilsən, it deyilsən! Hürməyi də bacarmırsan, ay səfeh?!

– Nə olub, İllarion? – əlimdə tüfəng qaçıb gəldim.

– Bura bir bax! – O, ovcundakı bir neçə dovşan qığını göstərdi. – Hələ istidir, başa düşürsən? – deyib qığları ovcunda hirsli-hirsli sıxmağa başladı, – dovşan elə indicə burada olub, sənin lənətə gəlmiş itinsə bunu heç hiss etməyib!

– Haradan tapdın?

– Lap ikicə addımlıqdan! Sən tez yuxarıya qaç, mən də burada güdüm! Uzağa qaça bilməz!

Çaxmağı çəkib yavaş-yavaş dağ döşü ilə yuxarı qalxmağa başladım. Bir az getmişdim ki, yonulmuş paxla zoğları və fındıq koluna tərəf gedən dovşan izləri gördüm. Bir neçə dəfə kolun dövrəsinə dolanıb ona bir təpik vurdum. Birdən kolun içindən beli ağ zolaqlı, pələqulaq bir dovşan sıçrayıb çıxdı.

– Tut! – deyə çığırıb atəş açdım.

Dovşan üzüaşağı qaçdı.

– İllarion, gözdən qoyma!

– Qorxma, burdayam!

Araya ani sükut çökdü. Sonra çaxmaq şaqqıldadı, nə isə şappıltı ilə yerə sərələndi. İllarion:

– Tut, tut, Zurikela, sənə tərəf qaçır! – deyə qışqırdı.

Qəfildən aşağıdan bir-birinin dalınca iki atəş açıldı və ürək sızıldadan it zingiltisi eşidildi. Gözlərim qaraldı, dizlərim büküldü və yerə yıxıldım.

– Murada, əzizim, mənə bax! – deyə sadiq itimi öpüb acı-acı ağladım.

– Ağlama, oğlum, özünü ələ al! – İllarion gözlərinin yaşını sildi.

Murada gözlərini açıb bizə baxdı.

Üçümüz də ağlayırdıq.

– İncidir, Murada?

– Yaman, – zavallı it köksünü ötürdü.

İllarion dedi:

– Kaş əlim quruyaydı, gözlərim kor olaydı!

Murada öz dilində:

– Bəsdir, İllarion, özünü qarğıma… Qəsdən vurmadın ki…Sənin tüfənginə bələdəm, düşmənə açanda dosta dəyir. Yadındadır, öz itini də vurmuşdun? Kədərlənmə, səndən incimirəm. Bircə şeyə təəssüflənirəm: Yefrosine sevinəcək! Neynək, canı sağ olsun, qoy sevinsin… – deyib mehribanlıqla burnunu İllarionun dizinə sürtdü.

– Deməli, buna it, İlikoya adam deməliyik? Ədalətsizliyə bir bax! – İllarion ah çəkdi.

– Murada, dözümlü ol, dostum! Bir az səbir et! – deyə Muradaya tərəf əyildim.

– Siz adamlar necə deyirsiniz? “Sağalar, canı it canıdır”. Mənsə ölürəm, Zurikela, ölürəm…

– Dözümlü ol, Murada, dözümlü ol. Axıra qədər qoçaq it ol! – deyə İllarion onu dilə tutdu.

– Siz adamların nə dərdi var: öləndə basdırırlar, ağlayırlar. Bizi də basdırırlar ki, cəsədimiz iy verməsin… – Muradanın bədəni əsdi.

– Kömək elə, İllarion, Murada ölür! – deyə çığırdım.

– Əlvida… – Murada son dəfə mənə baxıb gözlərini yumdu.

– Öldü…əlim qurusun… – deyib İllarion ağladı.

…Nənəmin fəryadı kəndə bir vəlvələ saldı ki, qonşular təlaşla bizə qaçdılar. Nə baş verdiyini biləndə özlərindən çıxdılar.

–Heç itə görə də belə hay-küy salarlar?! Nə axmaq adamlar var!

Və dağılışdılar…

İllarion axşamüstü məni çağırıb dedi:

– İti çinarın altında basdırmalıyıq.

Biz çala qazıb, dostumuzu təntənə ilə basdırdıq.

Birinci İllarion sözə başladı:

– Oğlum Zuriko! İstəkli dostumuz, hər zaman bizə sadiq olan Murada bizim cərgəmizdən gedib. Onun əziz xatirəsi həmişə bizim qəlbimizdə yaşayacaq.

– Sağ ol, İllarion…

– Arzu edirəm ki, bu, ailənizin axır qəmi olsun!

– Sağ ol, İllarion!

…Həyətə oğrun-oğrun qara bir it girdi. O, bir neçə dəfə Muradanın qəbri ətrafında dolandı, sonra kənarda oturub yanıqlı-yanıqlı uladı. Bu, dəyirmançı Simonun iti, Muradanın anasıdır.

– Bura gəl, ay it!

İllarion itə bir tikə ət tulladı. İt çönüb yerə uzandı.

Mən:

– İtdir, amma o da hiss edir! – dedim.

– Günah, mən lənətə gəlmişdədir! – İllarion dedi.

Həyətə bir-birinin dalınca dörd it gəldi.

– Bax, o it Asalonundur, bu, Datikonun, o, Despinenin, bu isə Makininindir. Bəs, görəsən, Matryonanın yekəbaş iti hansı cəhənnəmdə qalıb? O niyə gəlməyib? – İllarion soruşdu.

– O, Murada ilə küsülü idi. Keçən il onları boğuşdurmuşdum, Murada onu dişdəm-dişdəm etmişdi.

– Belə bir gündə ondan intiqam alır, eləmi? Nə namussuz, vicdansız itdir!



Bu zaman Maxare Qogiçayşvilinin yeddi yaşlı oğlu həyətə girdi və dedi:

– Sizə teleqram var!

– Bəri ver görüm!

Uşaq teleqramı uzatdı. İllarion tələsmədən cibindən eynəyini çıxardıb dəsmalla sildi, burnuna sancıb oxudu:

Təcili. İtbaz Zurikelaya və Yekəburun İllariona.

Əziz Muradanın faciəli ölümü münasibətilə dərin hüznlə başsağlığımı qəbul edin. Kədərlənirəm ki, yas günündə şəxsən iştirak edə bilmədim. Sizə necə təsəlli verim? Ay axmaqlar, ay yaramaz ovçular, sizi görüm lənətə gələsiniz! Bir də it ovuna çıxanda məni də mütləq özünüzlə aparın.

İkinizin də alnından öpürəm.
Kədərinizə şərik olan dostunuz.

– İmzasızdır! Oğlum, bir bura gəl! – deyə o, uşağı çağırdı, – gəl, gəl, qorxma!

Uşaq yaxınlaşanda İllarion onun qulağından tutdu.

– Teleqram kimdəndir?

– Desəm, məni öldürər!

İllarion:

– Deməsən də, mən öldürəcəyəm!

– İliko Çiqogidze üç manat verib əmr etdi ki, teleqramı sizə gətirim.

– Deməli, İliko? – İllarion uşağı buraxıb yumruğunu sinəsinə vurdu,– dayan bir, kor şeytan! Sənə elə toy tutum ki, adın da yadından çıxsın!

Əvəz-əvəz

Dərs ilini yenə də rus dilindən payız imtahanını verməklə başladım. Dərs günüm də ki, belə başlanardı:

– Oyan, avara! Bəsdir yatdın! Gecikirsən! – deyə həyətdən nənəmin səsi gələrdi.

Mən o saat durub otaqda tappatup salar, sonra barmaqlarımın ucunda qayıdıb yatardım. Başıma bir çəllək soyuq su və nənəmin söyüşləri yağan zaman tamam oyanardım.

Bütün Quriyada nənəmdən pis qarğış edən tapılmaz. Amma bir dəfə nənəm mənə deyib ki, dildə səni qarğısam da, ürəyimdə xeyir-dua verirəm.

– Görəsən, belə avara olmaqda kimə oxşamısan? Səni görüm yerə girəsən.

Yaxşı bələd olduğum çırpı və talaşalar qulağımın dibindən vıyıltı ilə ötəndə müəllimənin evinə qaçardım.

– Salam, müəllimə! – deyə müəllimə Zablonanın qabağında farağat durardım.

– Salam! Bu gün nə işlə məşğul olacağıq?

– Qarğıdalının alağını təmizləyib qurtarmaq, sonra inəyi otarmaq, dəyirmana qaçmaq, odun doğramaq, sonra da dərsləri hazırlamaq, – deyə rus və gürcü sözlərini qatma-qarışıq salıb cavab verərdim.

Müəllimə:

– Di get! – deyə xeyir-dua verər və mən işə girişərdim.

Gürontadan sonra gördüyüm işlərin hesabatını verəndə müəlliməm soruşardı:

– Qrammatika nədir?

– Qrammatika – yunan sözüdür!

– Doğrudur, afərin, sən yaxşı oğlansan! Di qaç evə!

Bir gün səhər mən növbəti məşğələyə hazırlaşarkən İliko bizə gəlib nənəmə dedi:

– Olqa, əzizim, Zurikelanı bu günlük mənə “borc” ver.

– Necə? Bəs rus dilini ona kim öyrədəcək?

– Zablona kimi mən də öyrədə bilərəm. Sənin bu avaranı alaq təmizləməyə, bostana göndərərəm. Orada o qədər toxa döyər ki, danışanda elə bilərsən Çin dilində danışır! Əvəzində də heç nə istəmərəm.

– Görüm dilin yansın, ay kor şeytan! Yaxşı, yaramaz. Zurikela, get o taygözlə, görək sənə nə öyrədəcək!

İliko:

– Vperiot!4 – deyə əmr edərək qapıya tərəf addımladı.

– Nə var, İliko? – deyə mən soruşdum.

– Səndən bir xahişim var, Zurikela. İllarionun yanına gedib ondan üç pud çaxır al. Özün bilirsən ki, kənddə ən yaxşı çaxır İllarionun çaxırıdır! İllariondan xahiş et ki, çaxırı ya satsın, ya da borc versin. Sənə “yox” deməz…

– Çaxır sənə lazımdır, özün də get xahiş elə.

– Başına dönüm, Zuriko, rica edirəm, xahişimi yerə salma, axı o teleqramdan sonra İllarion mənimlə qanlı-bıçaq olub. Razı olmasa, onda…

– Onda nə?

– Onda sən onun çaxır küpünü nişanlamalısan. Sonra da ona elə bir kələk qurum ki, bütün kəndin dilinə düşsün.

– Nə kələk?

– Qulaq as. İllariongildə nişanladığın küpdəki çaxır gecəyarısı mənim küpümə boşalacaq. Başa düşdün?

– İliko, Vallah, sən dəli olmusan!

– Bəsdir, mənə ağıl öyrətmə…

– Yaxşı, get məni evdə gözlə.

– Bax ha, yalançı çıxsan, batdın! – sonra alnımdan öpüb təmkinlə dedi, – Zurikela, unutma ki, İliko Çiqogidzeyə xəyanət etmək Vətənə xəyanət etmək deməkdir.

– Məni nə bilmisən? – deyə incidim.

İliko evinə, mən də İllarionun yanına getdim.

İllarion cökə ağacının altında uzanıb qəzet oxuyurdu.

– Salam, İllarion!

– Salam, Zurikela! O kor şeytan səndən nə istəyirdi?

– Çaxır.

– Mənim o axmağa veriləsi çaxırım yoxdur.

– Yazıqdır, ver!

– Bəs istiotlu tənbəkini bizə sırıyanda onun insafı harada idi? Yoxsa teleqramı unutmusan?

– Dedi ki, İllarion razı olmasa, sən onun çaxırla dolu küpünü nişanla, mən də gecənin yarısı onu boşaldım…

– Belə de! Hə, Zurikela, indi mənə kömək edəcəksən!

…Gecəyarısı İliko və mən çaxır anbarının yanındakı uçuq hasarın böyründə uzanmışdıq. Mən üç dəfə dalbadal asqırdım.

– Lənətə gələsən, öz burnunla da bacara bilmirsən? – İliko hirslənib böyrümə bir yumruq ilişdirdi.

– Bax, odur, otuz pudluq küp, görürsən, taxta sancmışam, – deyə pıçıldadım.

İliko hasarın sökük yerindən keçib küpə tərəf süründü. Mən də tuluğu qoltuğuma vurub, dalınca süründüm.

– Hə, başlayaq! – İliko pıçıltı ilə əmr etdi.

On beş dəqiqədən sonra küpün qapağı göründü.

– Aç! – İliko tuluğu hazırladı. Küpün ağzı elə geniş idi ki, ikimiz də içinə girə bilərdik.

Zorla qapağı qaldırdım. İliko əyilib başını küpə soxdu və nərildədi:

– Bu nədir? Küp boşdur!

– Nə danışırsan, İliko, küp doludur, dibinə bax!

İliko çiyninə qədər küpün içinə girdi.

– Orğuları tut! – deyə İllarion qəflətən ağacdan hoppanaraq bağırdı, – tərpənməyin, yoxsa vuraram!

– Qaçdıq! – deyə çığıraraq mən İlikonun ayaqlarından yapışdım.

O, qorxudan dartınıb küpün içinə düşdü. İllarion məni tutdu.

– Kimsən? De, yoxsa öldürərəm!

– Mənəm, İllarion! Öldürmə! – titrək səslə yalvardım.

– Bəs o biri hanı?

– Bilmirəm!

– Necə yəni bilmirsən, siz ki bir yerdəydiniz! Tez bu küpün ağzını bağla, yoxsa canını alaram. Səninlə söhbətim hələ sonradır! – deyə İllarion mənə möhkəm bir şillə vurdu. Qabaqcadan hazırlanmış plana əsasən, fəryad qopardım.

Tez qapağı örtdüm, üstünə böyük bir daş qoyub küpü torpaqda basdırmaq istəyirdim ki, birdən içindən səs gəldi:

– Ey qadir Allah, İllarion Şevardnadzenin və Zurikela Vaşalomidzenin başına od yağdır! Mənə yaman kələk gəldiniz, imansızlar!..

– Ey, kimsən? De, yoxsa başını əzərəm! – deyə İllarion tüfəngin lüləsini küpün içinə salıb qışqırdı.

– Mənəm, İlikoyam. Tüfəngin lüləsini yuxarı çək, yekəburun şeytan, özünü günaha batırma!

– Sən həşəratsan, İliko deyilsən! De görüm sənin bu küpdə nə işin vardı?

Mən gülməkdən, az qala, boğulurdum.

– Burax, qoy çıxım, İllarion!

– Zurikela, get qonşuları oyat, qoy hamı gəlib bu taygöz porsuğa tamaşa eləsin!

– İllarion Şevardnadze! Məni bütün kənddə biabır eləmə! Bəsdir, zarafatı burax!

– Mən heç də zarafat etmirəm, bu saat küpün ağzını bağlayacağam, bir ay sonra səndən araq çəkəcəyəm!

– Camaatı zəhərləyərsən! – mən dedim.

– Zurikela! Deməli, məni keçi qiymətinə satdın, əclaf!

– Yaxşısı budur, istiotlu tütünü, teleqramı yadına sal!

– Bəsdirin məni ələ saldınız, dinsizlər!

– Gəl onu buraxaq, yazıqdır!.. – mən dedim.

– Yaxşı! Amma əvvəl qışqırsın ki: “Mən gicəm!”

– Gicəm, mən gicəm! – İliko qışqırdı.

O, küpün içindən çıxıb gecənin rütubətli havasını ciyərlərinə çəkib darvazaya tərəf getdi.



İllarion qışqırdı:

– Hara getdin, a naşükür! Dayan, İliko, getmə! Zurikela, tez küpü çıxart! – İllarion dolu küpü mənə göstərərək əmr etdi…

O gecə mən, İliko və İllarion səhərəcən yeyib-içdik, deyib-güldük.

1.mçadi – qarğıdalı qoğalı
2.pxali – göyərtidən hazırlanan gürcü yeməyi
3.“Simona Dolidze” – gürcü xalq mahnısı
4.Burada rus sözü olan “вперёд” (“irəli” deməkdir) təhrif olunaraq işlənmişdir.

Bepul matn qismi tugad.

Yosh cheklamasi:
6+
Litresda chiqarilgan sana:
07 oktyabr 2022
Hajm:
6 Sahifa 11 illyustratsiayalar
ISBN:
9789952241334
Mualliflik huquqi egasi:
Altun Kitab / Алтын Китаб

Ushbu kitob bilan o'qiladi