Faqat Litresda o'qing

Kitobni fayl sifatida yuklab bo'lmaydi, lekin bizning ilovamizda yoki veb-saytda onlayn o'qilishi mumkin.

Kitobni o'qish: «Ölü canlar»

Shrift:

İlk nəşrinin titul səhifəsi


«ÖLÜ СANLAR»IN BİRİNСİ CİLDİNİN İKİNCİ NƏŞRİNƏ MÜQƏDDİMƏ

Müəllifdən oxuculara

Oxucum, sən kim olsan da, hansı bir mövqedə dursan da, hansı bir rütbə sahibi olsan da, ali məmur hörmətini qazansan da, ya adi bir təbəqədən olsan da, əgər allah sənə savadlı olmağı qismət eləmişsə və mənim kitabım sənin əlinə düşmüşsə, – səndən xahiş edirəm ki, mənə kömək edəsən.

Sənin qarşında olan və yəqin ki, birinci nəşrini oxumuş olduğun kitabda bizim öz dövlətimizdən götürülmüş bir adam təsvir edilmişdir. O, bizim rus torpağında müxtəlif yerlərə gedir, nəcibindən tutmuş ta rəiyyətə kimi, hər cür təbəqədən olan adamlara rast gəlir. O, çoxusu rusların məziyyətini və yaxşı cəhətlərini deyil, nöqsanlarını və eyblərini göstərmək üçün verilmişdir; onun ətrafında olan adamlar da yenə bizim zəif və çatışmayan cəhətlərimizi göstərmək üçün təsvir edilmişdir; yaxşı adamlar və xarakterlər o biri hissələrdə veriləcəkdir. Bu kitabda bir çox şey, həqiqətən rus torpaqlarında olduğu kimi, düzgün təsvir edilməmişdir, ona görə ki, mən hər şeyi öyrənə bilmədim: insan ömrü bizim torpaqda baş verən hadisələrin heç yüzdə birini də öyrənməyə çatmaz. Bir də ki, mənim öz bacarıqsızlığımdan və tələsməyimdən bir çox səhvlər və xətalar meydana gəlmişdir, belə ki, hər səhifədə təshih ediləsi bir şey var: oxucu, səndən xahiş edirəm, mənim səhvlərimi düzəlt. Buna etinasızlıq göstərmə. Sənin nə qədər yüksək təhsilin və ali həyatın olsa da, mənim kitabım sənin nəzərində nə qədər qiymətsiz, kitabdakı səhvləri düzəltmək, onun haqqında öz qeydlərini yazmaq sənə nə qədər xırda bir şey görünsə də, – bunu etməyi səndən xahiş edirəm. Sən də, yüksək təhsili olmayan, adi təbəqəyə mənsub oxucu, özünü, mənə heç bir şey öyrədə bilməyəcək dərəcədə nadan hesab etmə. Dünyada yaşayıb ömür sürən, dünyanı görən, insanlara rast gələn hər bir adam başqasının görmədiyi bir şey görmüş, başqası bilməyən bir şey bilmişdir. Buna görə də sən öz qeydlərindən məni məhrum etmə. Əgər bu kitabı diqqətlə oxusan, ola bilməz ki, sən orada söz demək üçün bir şey tapmayasan.

Məsələn, necə yaxşı olardı ki, zəngin həyat təcrübəsi və biliyi olan, mənim təsvir etdiyim adamlar mühitinə bələd olan şəxslərdən heç olmasa bircəciyi bütün kitab haqqında, bircə səhifəsini də buraxmadan, öz qeydlərin yaza, özü də onu oxuyanda mütləq əlinə qələm ala, qabağa bir vərəq poçt kağızı qoya, kitabdan bir neçə səhifə oxuduqdan sonra bütün öz həyatını, rast gəldiyi yoldaşlarının həyatını, gözləri önündə baş verən hadisələri, özünün gördüyü ya başqalarından eşitdiyi, mənim kitabımda təsvir edilən və ya onun əksinə bənzər şeyləri, hafizəsində necə canlanmışsa elə də yaza, hər vərəq dolduqca mənə göndərə, bütün kitabı oxuyub qurtarana qədər bunu davam etdirə. Onda bu adam mənə nə böyük bir yaxşılıq eləmiş olardı! İfadələrin üslubuna ya gözəlliyinə fikir verməmək də olar; məsələ üslubda deyil, görülən işdə və həqiqətdədir. Əgər o adam məni məzəmmət etmək, ya danlamaq, ya da bir şeyi lazımınca düşünmədən və düzgün təsvir etmədən xeyir yerinə zərər gətirdiyimi mənə göstərmək istəsə, bundan heç çəkinməməlidir.

Yenə yaxşı olar ki, yuxarı təbəqədən olan, hamıdan və həyatın özündən uzaqda yaşayan, mənim kitabımda təsvir edilən adamlar dərəcəsində təhsili olan, lakin içərisində yaşadığı həmin təbəqənin həyatına bələd olan bir adam tapıla və o adam, yuxarıda qeyd edildiyi kimi, mənim kitabımı təzədən oxuya, öz həyatında rast gəldiyi yuxarı təbəqə adamlarını fikrində canlandıra, bu təbəqələr arasında bir yaxınlıq olub-olmadığına, aşağı təbəqələrdə baş verən hadisələrin yuxarı təbəqələrdə də bəzən təkrar olub-olmadığına diqqət yetirə, bu barədə, yəni yuxarı təbəqədə baş verən və bunu təsdiq ya inkar edən hadisələrin hamısını, özü gördüyü kimi, yaza, heç bir şey buraxmaya – nə insanları, nə onların xasiyyətlərini, nə arzularını, nə vərdişlərini, nə də onları əhatə edən cansız şeyləri – paltardan tutmuş mebelə, yaşadıqları evin divarlarına kimi hər şeyi təsvir edə. Mən, xalqın on yaxşı hissəsi olan bu təbəqəni tanımalıyam. Mən rus həyatını hər cəhətdən, ya da heç olmasa mənim əsərimə lazım olan qədər öyrənməsəm, əsərimin axırıncı cildlərini verə bilmərəm.

Yenə pis olmazdı ki, insanların müxtəlif vəziyyətlərini təsəvvür etmək, ya da canlı surətdə göz önünə gətirmək, onları fikrən müxtəlif sahələrdə izləmək, bir sözlə, oxuduğu hər bir əsərdə ifadə olunan fikrin dərinliyinə varmaq və bu fikri inkişaf etdirmək qabiliyyətinə malik olan bir adam mənim kitabımda göstərilən şəxsləri diqqətlə izləyə və mənə deyə ki, filan və filan vəziyyətlərdə onlar necə hərəkət etməlidir, başlanğıca görə sonra onların başına nələr gəlməlidir, onlara necə bir yeni şərait yaratmaq olar və mənim yazdıqlarıma nəyi əlavə etmək yaxşıdır; bunların hamısını mən bu kitabın bundan daha yaxşı çapını nəşr edərkən nəzərə almaq istəyirdim.

Kim ki, öz qeydlərini mənə bəxş etmək fikrindədir – ondan mən bir şeyi çox-çox xahiş edirəm: qoy o bu qeydləri yazarkən bunu necə yazacağını, yazdığı adamın təhsilcə, zövqcə və fikircə onunla bir bərabərdə olduğunu, izahatsız da bir çox şeyləri başa düşəcəyini fikirləşməsin; lakin düşünsün ki, onun qarşısında duran adam təhsilcə ondan heç müqayisə edilməyəcək dərəcədə aşağıda durur, özünün də heç bir məlumatı yoxdur, hətta yaxşı olar ki, o mənim yerimə bir kənd cahilini təsəvvür etsin; elə bir cahil ki, onun bütün ömrü ucqar bir yerdə keçmişdir, hər şeyi ona ətraflı surətdə izah etmək lazımdır; dili də elə sadə olmalıdır ki, sanki körpə uşaqla danışır və həmişə də onun anlayacağından yüksək bir ifadə işlədəcəyindən qorxsun. Əgər mənim kitabım haqqında öz qeydlərini yazan bir adam bunları həmişə nəzərdə tutacaqsa, onda onun qeydləri özünün düşündüyündən daha əhəmiyyətli və maraqlı olacaq, mənə də həqiqətən xeyir verəcək.

Əgər ittifaqən, mənim bu səmimi xahişim oxucular tərəfindən hörmətlə qarşılansa və onların içərisində doğrudan da bunun hamısını mən istəyən kimi yerinə yetirən xoş təbiətli adamlar tapılsa, onda onlar öz qeydlərini mənə belə göndərə bilərlər: əvvəl mənim adıma paket düzəldərlər, sonra onu başqa bir paketə bükərlər, ya S.-Peterburq universitetinin rektoru Pyotr Aleksandroviç Pletnyov həzrətlərinə, bir baş S.-Peterburq universiteti ünvanına, ya da Moskva universiteti professoru cənab Stepan Petroviç Şevıryova, Moskva universiteti ünvanına, kimə hansı şəhər yaxınsa, ora göndərərlər.

Mənim kitabım haqqında əvvəllər öz fikirlərini söyləyən, lakin bir qədər mötədillik göstərməyən və hissə qapılan (bu da insan təbiətinə xas bir şeydir), bununla belə mənim həm beynimə, həm də qəlbimə böyük fayda verən jurnalistlərdən və ümumiyyətlə ədəbiyyatçılardan xahiş edirəm ki, bu dəfə də məni öz qeydlərindən məhrum etməsinlər. Mən onları lap ürəkdən əmin edirəm ki, onların məni başa salmaq, ya öyrətmək üçün söylədikləri bütün sözləri və məsləhətləri minnətdarlıq hissilə qəbul edəcəyəm.

BİRİNCİ CİLD

Birinci fəsil

Quberniya şəhəri mehmanxanasının darvazasından içəri çox qəşəng, yaylı, kiçik bir briçka1 daxil oldu; belə briçkaya subay adamlar: istefaya çıxmış podpolkovniklər, ştabs-kapitanlar, yüz nəfərə qədər kəndlisi olan mülkədarlar, bir sözlə, ortabab ağa adlanan şəxslər minir. Briçkada bir ağa oturmuşdu: o nə gözəldi, nə çirkin, nə çox kök idi, nə çox arıq; ona qoca demək olmazdı, ancaq çox cavan da deyildi. Onun gəlməsi şəhərdə heç bir səs-küy qaldırmadı, haqqında elə bir söz-söhbət olmadı; ancaq mehmanxana ilə üz-üzə olan meyxananın qapısı qabağında duran iki rus mujiki onun barəsində bir-iki söz dedi, bu deyilən sözlər də ekipajda oturan adamdan çox ekipajın özünə aid idi. Mujiklərdən biri o birisinə dedi: «Bir onun çarxına bax! Sən necə bilirsən: əgər, işdi, gərək olsa, bu çarx gedib Moskvaya çıxar ya yox?» O biri mujik ona belə cavab verdi: «Gedib çıxar! Amma mənə elə gəlir ki, Qazana gedib çıxmaz!» Yenə o biri mujik dedi: «Hə, Qazana gedib çıxmaz». Söhbət də bununla qurtardı. Bir də ki, briçka mehmanxanaya çatanda cavan bir oğlan göründü. Onun ayağında çox dar və qısa, ağ kanifas şalvar, əynində dəbdən düşmüş bir frak vardı; frakın altından Tula sancağı keçirilmiş döşlük görünürdü; sancaq tapança şəklində qayrılmışdı, özü də tuncdandı. Cavan oğlan dönüb ekipaja baxdı, əli ilə kartuzunu tutdu ki, külək aparmasın, sonra yenə yola düzəldi.

Ekipaj həyətə girəndə, rus mehmanxanalarında nökər deyilən xidmətçi ağanın qabağına çıxdı; nökər o qədər cəld və oynaq idi ki, hətta onun nə sifətdə olduğunu görmək olmurdu, O çox uzundu, əynində özü kimi uzun demikoton sürtuk vardı; sürtukun kürəyi az qala peysərinə çatırdı. O, əlində dəsmal yüyürə-yüyürə gəlib saçını silkələdi, allah yetirən otağı gələn ağaya göstərmək üçün onu taxta pilləkanla yuxarı apardı. Otaq adi bir otaq idi, çünki mehmanxana özü də adi bir mehmanxana idi, yəni quberniya şəhərlərində olan mehmanxanalardan idi; buraya gələn adam gününə iki manat verib, bütün künc-bucağından qara gavalıya oxşar tarakanlar baxan sakitcə bir otaq tutardı, belə otağın qonşu otağa da bir qapısı olardı, qapının qabağına həmişə bir kamod qoyulardı; bu otaqda dinməz, sakit, lakin gələn adamla son dərəcə maraqlanan, onun haqqında hər bir təfərrüatı bilmək istəyən bir qonşu yerləşərdi. Mehmanxananın xarici görünüşü daxili görünüşünə tamamilə uyğundu; o çox uzun və iki mərtəbə idi, aşağı mərtəbə suvanmadığından tünd qırmızı kərpiclər görünürdü; bu kərpiclər havanın təsirindən daha da qaralmış və çirklənmişdi; yuxarı mərtəbə solmayan sarı rənglə rənglənmişdi, aşağı mərtəbədə xamut, kəndir və ikidəstəlik rəndələr satan dükanlar vardı. Tində olan dükanda, daha doğrusu pəncərədə, ədvalı bal şərbəti satan adam və onun qırmızı mis samovarı yerləşirdi, bu adamın üzü də samovarı kimi qırmızı idi. Uzaqdan baxanda adama elə gəlirdi ki, pəncərəyə iki samovar qoyulub, ancaq bu samovarlardan birinin qətran kimi qara saqqalı vardı.

Gələn ağa öz otağını gözdən keçirənə kimi, onun şey-şüyünü, hər şeydən əvvəl ağ meşin çamadanını gətirdilər; çamadan bir qədər sürtülüb köhnəlmişdi, bu da onun birinci dəfə yola götürülmədiyini göstərirdi. Çamadanı əyninə kürk geymiş, alçaqboylu sürücü Selifanla lakey Petruşka gətirdi. Petruşkanın otuz yaşı olardı; o köhnə, gen sürtuk geymişdi, görünür bu, ağasının əynindən çıxan sürtuk idi, üzdən o bir az sərt adama oxşayırdı, çox iri dodaqları və burnu vardı. Çamadandan sonra qırmızı ağacdan qayrılmış və üzünə Karel qayınağacından bəzək vurulmuş bir qutu, çəkmə qalıbları, bir də ki, göy kağıza bükülmüş qızartma toyuq gətirdilər. Bu şeylər daşınıb qurtardıqdan sonra Selifan atlara baxmaq üçün tövləyə getdi, lakey Petruşka isə hinə oxşar çox qaranlıq, kiçik dəhlizdə yerləşməyə başladı; o öz şinelini və bu şinellə birlikdə öz xüsusi qoxusunu da gətirmişdi, bu qoxu, sonra gətirilən və içində cürbəcür lakey bəzək-düzəyi olan torbaya da keçmişdi. O üç ayaqlı, ensiz bir çarpayını bu hinə oxşar dəhlizdə, divar dibində yerləşdirdi, üstünə də yıpranmış, blin2 kimi nazik və bəlkə də elə blin kimi yağlanmış döşəyə oxşar bir şey saldı; bunu o mehmanxana sahibindən bir təhər qopartmışdı.

Xidmətçilər işləri səhmana salıb səliqə düzəldənə qədər ağa ümumi zala getdi. Bu ümumi zalların necə zal olduğunu mehmanxanalara gələn adamlar çox yaxşı bilirlər: o biri mehmanxana zalları kimi bunun da divarları yağlı boya ilə rənglənmişdi, yuxarı tərəfdən çubuq tüstüsündən qaralmış, aşağı tərəfdən də mehmanxanaya gəlib-gedən adamların, xüsusilə yerli tacirlərin kürəklərindən yağlanıb çirklənmişdi – bu tacirlər həftə bazarında altı-altı, yeddi-yeddi bura bir-iki stəkan çay içməyə gəlirlər. Buranın da tavanını his basmışdı, çoxlu asma şüşələri olan çilçıraq da hislənmişdi, nökər, dəniz sahilindəki quşlar qədər saysız-hesabsız fincan düzülmüş podnosu əlində yelləyə-yelləyə, sürtuk müşəmbəli stolların yanından yel kimi ötüb keçəndə bu şüşələr atılıb-düşür, bir-birinə dəyib cingildəyirdi. Buranın da divarlarında bütün divar boyu yağlı boya ilə çəkilmiş şəkillər vardı, – xülasə, başqa mehmanxanalarda necə idisə, burada da elə idi, yalnız bircə fərq vardı: şəkillərdən birində elə yekə döşlü bir pəri şəkli çəkilmişdi ki, oxucular yəqin ki, beləsini heç yerdə görməmişlər. Belə eybəcərliklər tarixi məzmunlu müxtəlif tablolarda olur. Bu tabloların nə vaxt, kimin tərəfindən bizim Rusiyaya gətirildiyi məlum deyil. Ola bilsin ki, onları incəsənət həvəskarı olan velmojalarımız öz kuryerlərinin məsləhətilə İtaliyadan alıb gətirmişlər. Gələn ağa başından kartuzunu götürdü, əlvan rəngli yun şarfını boynundan açdı: belə şarfları evli kişilər üçün arvadları öz əli ilə toxuyub hazırlayır və bunu boynuna necə dolamaq barədə ərlərinə əməlli-başlı öyüd verirlər. Subaylara isə, allah bilir, bunu kim hazırlayır, – mən bunu deyə bilmərəm, çünki heç ömrümdə belə şarf dolamamışam. Gələn ağa şarfı boynundan açıb nahar verilməsini tələb etdi. Ona mehmanxanada olan adi xörəklərdən, yəni şşi3, yanınca da gələn qonaqlar üçün bir neçə həftədən bəri qəsdən qorunub saxlanılan qatlama qutab, yanı noxudlu beyin, yanı kələmli sosiska, bəslənmiş toyuq qızartması, duzlu xiyar, bir də ki, həmişə qonaqlar üçün hazır olan qatlama şirin qutab verilənə kimi – bunların bəzisi qızdırılıb, bəzisi də soyuq halda verilərdi, – bəli, bu xörəklər verilənə kimi ağa nökəri, yəni xidmətçini danışdırmağa başlayıb ondan cürbəcür boş-boş şeylər soruşurdu: bu mehmanxananın sahibi əvvəl kim idi, indi kimdir, çoxmu gəliri olur, mehmanxana sahibi çox dələduz adamdırmı? Nökər də bu axırıncı suala adəti üzrə belə cavab verdi: «Bəli ağa, çox dələduz adamdır!» İstər mədəni Avropada, istərsə də mədəni Rusiyada indi bir çox hörmətli şəxslər vardır ki, onlar mehmanxanada nökərlə söhbət etmədən çörək yeyə bilmirlər, hətta bəzən onlarla çox məzəli zarafat da edirlər. Burasını da qeyd etmək lazımdır ki, gələn ağanın nökərə verdiyi sualların hamısı boş suallar deyildi: o, şəhərdə qubernatorun, palata sədrinin, prokurorun kim olduğunu çox diqqətlə soruşdu və ümumiyyətlə mötəbər məmurların heç birini nəzərdən qaçırmadı; lakin daha diqqətlə, hətta bir az da qayğı ilə, ən mötəbər mülkədarlar haqqında suallar verdi, soruşdu ki, bu mülkədarların hər birinin neçə kəndlisi var, onlar şəhərdən çoxmu uzaqda yaşayırlar, xasiyyətləri necədir, şəhərə tez-tezmi gəlirlər; mahalın da vəziyyətini yaddan çıxartmadı: quberniyada yoluxucu qızdırma, şiddətli isitmə, çiçək və bu kimi başqa xəstəliklərin olub-olmadığını da diqqətlə soruşdu; bu şeyləri onun belə diqqətlə və belə ətraflı surətdə soruşması göstərirdi ki, burada adi maraqdan başqa bir məqsəd də vardır. Ağanın hərəkətlərində bir təmkinlik də vardı və burnunu çox bərk silirdi. Bunu o necə edirdi heç kəsə məlum deyil, ancaq burası var ki, burnu boru kimi səslənirdi. Lakin belə bir məziyyət ona mehmanxana xidmətçisi qarşısında böyük hörmət qazandırmışdı, belə ki, o hər dəfə bu səsi eşidəndə saçını silkələyərək daha hörmətlə dikəlir, vücudunun zirvəsindən başını əyərək, bir şey lazım olub-olmadığını soruşurdu. Gələn ağa nahar etdikdən sonra bir fincan qəhvə içdi və divanda oturub dalına da balış qoydu. Nədənsə rus mehmanxanalarında bu balışlara yumşaq yun əvəzinə, kərpicə və ya döşəmə daşına oxşar şeylər doldururdular. Ağa əsnəməyə başladı və öz nömrəsinə aparılmasını nökərə əmr etdi. Nömrədə uzanıb iki saat yatdı. İstirahət etdikdən sonra, mehmanxana xidmətçisinin xahişinə görə polis idarəsinə verilmək üçün, bir parça kağıza rütbəsini, adını və familiyasını yazdı. Xidmətçi pilləkəndən düşürkən kağızda höccələyə-höccələyə bu sözləri oxudu: «Kollej müşaviri Pavel İvanoviç Çiçikov, mülkədar, öz işi üçün gəlmişdir». Nökər kağızı hələ də höccələyə-höccələyə oxuyarkən, Çiçikov şəhərə baxmağa getdi; şəhər deyəsən onun xoşuna gəlmişdi, çünki o belə bir nəticəyə gəldi ki, bu şəhər başqa quberniya şəhərlərindən heç də geri qalmır: daş evlərin sarı rəngi adamın gözünü qamaşdırır, ağac evlərin boz rəngi isə sadə bir şəkildə qaralırdı. Evlər ya bir, ya iki mərtəbəli və ya mərtəbə yarım idi, hamısının da mezonini vardı, bu mezoninlər də quberniya memarlarının fikrinə görə, çox qəşəngdi. Bəzi yerdə bu evlər çöl kimi geniş küçələr, bitib-tükənməyən taxta hasarlar arasında elə bil ki, itib batırdı, bəzi yerdə isə sanki yığışaraq bir araya toplaşırdı, belə yerlərdə hərəkət, gediş-gəliş daha çox olurdu. Rəngi tamam solmuş, krendel uzunboğaz çəkmə şəkli çəkilmiş lövhələr nəzərə çarpırdı; bəzən də görürdün ki, belə bir lövhədə göy şalvar şəkli çəkilmiş, altından da Arşavski adlı bir dərzinin adı yazılmışdır; bir lövhədə də: «Xarici Vasili Fyodorov» sözləri yazılmışdı: bu, kartuz və furajka mağazası idi; lövhələrdən birində bilyard oynayan, frak geyinmiş iki adamın şəklini görürdün: belə frakları bizim teatrlarda axırıncı pərdədə səhnəyə çıxan qonaqlar geyir. Bilyard oynayanlar, əllərində kiy, bilyard daşını nişan alaraq vurmaq vəziyyətində çəkilmişdi; onların qolu bir az dala qanrılmışlı, qıçları isə, təzəcə antraşa etdiklərindən, əyri dururdu. Bu qədər şeyin altında isə ancaq bu sözlər yazılmışdı: «Bu da kefxana». Bəzən elə küçədə stol qoyub qoz, sabun və sabuna oxşayan qoğallar satırdılar. Bir aşpaz dükanı lövhəsində çəngəl batırılmış yoğun bir balıq şəkli var idi. Hər şeydən çox nəzərə çarpan qaralmış, iki başlı dövlət qartalı şəkli idi, indi bunlar ikicə kəlmə söz ilə əvəz edilmişdir: «İçki dükanı». Döşəmə yol hər yerdə pis idi. Çiçikov şəhər bağına baş çəkdi, bağın ağacları yaxşı bitmədiyindən nazik idi, hamısına da üçbucaq şəklində dayaq vurulmuşdu, lakin bu dayaqlar yağlı yaşıl boya ilə çox gözəl rənglənmişdi. Hərçənd bu ağaclar qamışdan hündür deyildi, lakin qəzetlər keçirilən şənliyi təsvir edərkən yazırdı ki, «mülki rəisin qayğısı nəticəsində salınmış bağ bizim şəhəri gözəlləşdirmişdir, bu bağ isti günlərdə yaxşı sərinlik verən iri qol-budaqlı, kölgəli ağaclardan ibarətdir və bu münasibətlə camaatın cənab qradonaçalnikə olan təşəkkürdən aşıb-daşan qəlbinin necə tir-tir əsdiyini və necə minnətdarlıq hissilə sel kimi göz yaşı axıtdıqlarını görəndə adamın ürəyi riqqətə gəlirdi». Çiçikov, lazım gələrsə kilsəyə, dəftərxanaya, qubernatorun yanına necə qısa yol ilə getməyi postda duran polis keşikçisindən ətraflı surətdə soruşub, şəhərin ortasından axan çaya baxmağa getdi; yolda dirəyə vurulmuş elanı qopartdı ki, evə qayıdanda onu əməlli-başlı oxusun; bu zaman o, taxta səki ilə gedən və üzdən heç də pis olmayan bir xanıma çox diqqətlə baxdı: qadının dalınca hərbi nökər paltarı geymiş, əli düyünçəli bir uşaq gedirdi. Çiçikov bu yerləri yaxşı yadında saxlamaq üçün ətrafında olan şeylərə bir daha nəzər salıb, bir baş öz nömrəsinə qayıtdı; pilləkənlə çıxırkən mehmanxana xidmətçisi bir balaca onun qolundan tutub, yuxarı qalxmasına kömək etdi. Doyunca çay içəndən sonra stolun qabağında oturub, şam gətirtdi, cibindən elanı çıxarıb şama yaxınlaşdırdı və sağ gözünü bir az qıyaraq oxumağa başladı. Elanda elə mühüm bir şey yazılmamışdı: cənab Kotsebunun4 draması tamaşaya qoyulurdu. Rolla rolunu cənab Poplyovin, Kora rolunu da cavan qız Zyablova oynayırdı, başqa rolları oynayanlar bunlardan da az əhəmiyyətli şəxslərdi. Lakin Çiçikov adların hamısını oxudu, hətta parterin qiymətindən xəbər tutdu və bunu da öyrəndi ki, elan quberniya inzibati-polis dəftərxanası mətbəəsində çap olunmuşdur. Sonra elanın o biri üzünü çevirdi ki, orada bir şey yazılıb-yazılmadığını bilsin; lakin elanın o biri üzündə bir şey yazılmadığını görüb gözlərini ovuşdurdu, elanı səliqə ilə büküb bəzəkli qutusuna qoydu: o, adəti üzrə əlinə düşən hər şeyi həmin qutuya qoyardı. Günə o, deyəsən bir pay dana əti soyutması, bir şüşə kvas, bir də ki, xorultusu, geniş Rusiya dövlətinin bəzi yerində deyildiyi kimi, dünyanı başına götürən bərk bir yuxu ilə yekun vurdu.

Çiçikov ikinci günü bütünlüklə vizitlərə həsr etdi, o bütün şəhər əyanlarının görüşünə getdi. Əvvəl qubernatorun hüzuruna təşrif buyurdu, demə qubernator da onun kimi nə yoğun, nə nazik imiş; boynunda Anna5 varmış; deyilənə görə, ulduz6 almağa da təqdim edilibmiş. Hər nə isə o ürəyi yumşaq adammış, hətta bəzən tül üzərində naxış da çəkərmiş. Oradan vitse-qubernatorun, sonra da prokurorun, palata sədrinin, polis rəisinin, iltizamçının, hökumət fabrikləri rəisinin yanına getdi… Çox təəssüf ki, böyüklərin hamısının adını yadda saxlamaq bir qədər çətindir. Lakin burasını qeyd etmək lazımdır ki, şəhərə yeni gəlmiş bu adam görüş məsələsində fövqəladə bir fəaliyyət göstərdi: o hətta öz hörmətini izhar etmək üçün səhiyyə dəftərxanası inspektorunun və şəhər memarının yanına da təşrif apardı. Sonra briçkada xeyli oturub, daha kimin yanına getmək haqqında düşündü, anladı ki, şəhərdə daha məmur qalmamışdı. O, böyüklərlə söhbət zamanı onların hər birinə çox məharətlə yaltaqlanmağı bacarırdı. Qubernatora sözarası işarə etdi ki, sizin quberniyaya girəndə elə bil ki, cənnətə girirsən, yollar hər yerdə məxmər kimidir və o hökumətlər ki, işə dərin ağıl sahibi olan əyanları təyin edirlər, onlar çox-çox tərifə layiq hökumətlərdir. Polis rəisinə postda duran polis keşikçiləri haqqında çox tərifli sözlər dedi. Hələ də ancaq mülki müşavir olan vitse-qubernatorla və palata sədrilə söhbət edərkən hətta səhvən onlara iki dəfə «əlahəzrət» də dedi, bu da onların çox xoşuna gəldi. Bunun da nəticəsi belə oldu ki, qubernator onu elə o gün öz evində düzələn ailə müsamirəsinə dəvət etdi; o biri məmurlar da onu kimisi nahara, kimisi boston oynamağa, kimisi də çay içməyə çağırdı.

Görünür, Çiçikov özü haqqında çox danışmaqdan çəkinirdi, danışsa da ümumi sözlərdən kənara çıxmırdı və təvazökarlıq göstərmək istəyirdi, belə hallarda onun söhbəti bir qədər kitab dilinə oxşayırdı: deyirdi ki, bu dünyada mənim heç bir əhəmiyyətim yoxdur, mən bir heçəm, mən haqqımda qayğı göstərilməyə layiq deyiləm, başım daşdan-daşa dəyib, qulluq edirkən doğru danışmaq üstündə başım müsibətlər çəkib, hətta həyatıma sui-qəsd də ediblər, indi isə dincəlmək istəyirəm, yaşamaq üçün özümə sakit bir yer axtarıram və bu şəhərə gəldikdə şəhərin baş əyanlarına hörmətimi izhar etməyi özümə vacib bildim. Şəhərdə bu yeni şəxs haqqında bundan başqa bir şey bilən olmadı. Lakin o, elə o axşam özünü qubernatorun ailə müsamirəsində göstərməyi yadından çıxartmadı. Bu müsamirəyə hazırlıq iki saatdan çox vaxt apardı: gələn qonaq üst-başına elə bir diqqət göstərdi ki, bunu hələ-hələ başqalarından görmək olmazdı. Günorta yeməyindən sonra bir az istirahət edib, əl-üzünü yumaq üçün su gətirtdi, dililə içəridən ovurdlarını şişirdərək üzünü uzun-uzadı sabunlayaraq yudu, mehmanxana xidmətçisinin çiynindən dəsmalı götürüb, əvvəl bir-iki dəfə onun üzünə fınxırdı, qulaqlarının dalından başlayaraq öz dolu sifətini hər tərəfdən sildi. Sonra ayna qabağında manişkasını döşünə taxdı, burun deşiyindən çıxan iki tükü dartıb qopartdı, mərsin rəngli, səpkili frakını əyninə taxdı. Bu qayda ilə geyindikdən sonra öz ekipajına mindi və həddindən artıq enli küçələrlə yola düşdü; bu küçələr, arabir pəncərələrdən düşən zəif işıqla işıqlanmışdı. Amma qubernatorun evi elə işıqdı ki, sanki orada böyük bir ziyafət verilirdi; fanarlı ekipajlar, qapı ağzında iki jandarm foreytorun7 uzaqdan gələn çığırtısı, bir sözlə, hər şey yerli-yerində idi. Çiçikov zala girəndə əvvəl gözlərini bir qədər qıymalı oldu, çünki şamların, lampaların, qadın paltarlarının parıltısı gözü qamaşdırırdı. Hər şey işığa qərq olmuşdu. Qara fraklı adamlar tək-tək, dəstə-dəstə orda-burda gəzişirdilər, onlar isti yay günlərində açıq pəncərə qabağında oturan qoca xidmətçi qadının doğradığı par-par parıldayan qənd parçaları üstündə uçuşan milçəklərə oxşayırdı; qoca ambardar qadın qəndi parçalayıb, xırda-xırda doğrayır, uşaqlar da onun başına yığışıb tamaşa edirlər, qarının kobud əli ilə çəkici qaldırıb endirməsinə maraqla baxırlar, xırda bir tərpənişdən havaya qalxan milçək eskadronları isə cəsarətlə uçub gəlirlər, sanki yerin yiyəsi onlardır, qarının koruşluğundan və gözünə gün düşüb qamaşdığından istifadə edərək bəzi yerdə tək-tək, bəzi yerdə dəstə-dəstə şirin qəndə suvaşırlar. Onlar yayın bərəkətindən toxdurlar, yay hər addımda onlara ləzzətli yeməklər hazırlayır, lakin onlar bura yemək üçün deyil, özlərini göstərmək üçün gəlmişlər ki, qənd yığını üstündə bir o yan-bu yana gəzişsinlər, qabaq ya dal ayaqlarını bir-birinə sürtsünlər, ya onlarla qanadlarının altını qaşısınlar, ya da hər iki qabaq ayaqlarını uzadıb başları üstündə bir-birinə sürtsünlər, sonra yenə də uçub getsinlər və yenə də adamı təngə gətirən eskadronlarla qayıdıb gəlsinlər.

Çiçikov yan-yörəsinə baxmağa macal tapmamışdı ki, qubernator onun qoluna girdi və elə oradaca öz arvadı ilə tanış etdi. Qonaq burada da öz ləyaqətini itirmədi: o, nə çox böyük, nə də çox kiçik rütbəsi olan orta yaşlı adama layiq bir kompliment söylədi. Rəqs etmək üçün cüt-cüt düzülən adamlar hamını divara sıxışdırdıqdan sonra əllərini dalına qoyub bir-iki dəqiqə onlara çox diqqətlə baxdı. Qadınlardan çoxu yaxşı və dəb ilə geyinmişdi, bəziləri də quberniya şəhərinə allahın yetirdiyi şeylərdən geymişdilər. Kişilər, hər yerdə olduğu kimi, burda da iki qisim idi: bir qismi nazik idi, bunlar daim qadınların yan-yörəsində hərlənirdi: onlardan bəzisi elə idi ki, bunları Peterburqdakılardan çox çətinliklə ayırmaq olardı; bunların da, Peterburqdakılar kimi, hər tərəfli düşünülərək zövq ilə daranmış bakenbardları, ya da eləcə ancaq xoş və çox təmiz qırxılmış sifətləri vardı; bunlar da Peterburqdakılar kimi etinasızcasına qadınlara yan alır, fransızca danışır, lap elə Peterburqdakı kimi qadınları güldürürdülər. İkinci qisim kişilər isə yoğun ya da Çiçikov kimi, nə çox yoğun, nə də çox nazik idilər. Bunlar, əksinə, qadınlara çəpəki baxırdılar, onlardan çəkinirdilər, elə ətrafa baxırdılar ki, görsünlər qubernatorun xidmətçiləri vist oynamaq üçün qumar stolunu düzəldirlər ya yox. Onların sifəti dolu və girdə idi, hətta bəzilərinin üzündə ət xalı da vardı, bəziləri bir qədər çopur idi; başlarında nə kəkil, nə qıvrım, nə də, fransızlar demişkən: «heç belə şey olmaz» qaydasınca düzəlmiş saç vardı: tükləri ya dibdən vurulmuşdu ya da həddindən artıq sığal verilmişdi; üzlərinin cizgiləri isə ümumiyyətlə girdə və möhkəmdi. Bunlar şəhərin hörmətli məmurları idi. Lakin, heyhat! Yoğunlar bu dünyada öz işlərini naziklərdən yaxşı qurub düzəldirlər. Naziklər çox vaxt xüsusi tapşırıq üzrə qulluq edirlər, ya da ancaq adları qulluqda olur, özləri də orda-burda veyillənirlər, onlar həddindən artıq yüngül, boş və tamamilə etibarsız bir həyat keçirirlər. Yoğunlar isə heç vaxt ara yer tutmurlar, həmişə müəyyən yer tuturlar, bir yerdə də oturdularmı, möhkəm və etibarlı otururlar, belə ki, bir şey olub eləsə, yer onların altında çatlayıb əzilə bilər, amma onlar o yerdən kəllə-mayallaq getməzlər. Onlar zahiri dəbdəbəni sevməzlər; onların əynindəki frak naziklərin əynindəki frak kimi qəşəng tikilməyib, amma ki, mücrüləri allahın bərəkətindən doludur. Naziyin üçcə ildə lombarda qoyulmamış bircə kəndlisi də qalmır; amma yoğunun işi çox səliqə ilə gedir: bir də görürsən ki, şəhərin o başında, arvadının adına alınmış bir ev meydana çıxdı, sonra şəhərin o biri başında başqa bir ev, sonra da şəhərin yaxınlığında balaca bir kəndciyəz, bundan sonra da yerli-yurdlu yekəcə bir kənd zühur etdi! Ən axırda da, allaha və dövlətə xidmət edən yoğun, hamının hörmətini qazanaraq, qulluğu buraxır, gedib mülkədar olur, ağa olur, özü də qonaqpərəst, şanlı rus mülkədarı, rus ağası. Yaxşıca da yaşayır. Lakin o öləndən sonra onun nazik varisləri beş gündə, rus adətincə, atasının bütün dövlətinin altından girib üstündən çıxırlar. Bunu da gizlətmək olmaz ki, Çiçikov məclisi seyr edirkən təxminən bu cür düşüncələr onu məşğul etmişdi; bunun da nəticəsi o oldu ki, o gedib yoğunlara qoşuldu. Oradakıların az qala hamısı onun tanıdığı adamlardı. Onlardan birisi sıx, qara qaşlı prokurordu; onun sol gözü balaca qırpılırdı, sanki o göz vuraraq deyirdi: «Gedək, qardaş, o biri otağa, orada sənə bir söz deyəcəyəm», eyni zamanda o ciddi və az danışan bir adamdı. Çiçikovun yaxınlaşdığı adamlardan biri də alçaqboylu poçt müdiri idi, o məzəli danışan bir adamdı, özü də filosof idi. Üçüncü tanış da çox dərrakəli və lütfkar adam olan palata sədri idi. Onlar hamısı Çiçikovu çoxdan bəri tanış olduqları bir adam kimi salamladılar. Çiçikov da bu hörmətin müqabilində bir az yanpörtü təzim etdi; onun bu təzimi xoşnəvazlıq hissindən məhrum deyildi. O elə buradaca Manilov və Sobakeviç adlı iki mülkədarla tanış oldu. Manilov çox nəzakətli və xoşrəftar bir adamdı; Sobakeviç isə zahirən bir az kobud adama oxşayırdı, elə ilk görüşdə Çiçikovun ayağını basaraq dedi: «Üzr istəyirəm». Elə buradaca vist oynamaq üçün onun əlinə kart verdilər, o da kartı alaraq bayaqkı kimi nəzakətlə təzim etdi. Onlar qumar stolu ətrafında oturub oyuna başladılar və axşam yeməyinə kimi yerlərindən qalxmadılar. Bütün danışıqlar tamamilə kəsildi: həmişə uzun söz-söhbətdən sonra ən ciddi işə başlayanda belə olur. Hərçənd poçt müdiri çox dilavər bir adamdı, ancaq o da kartı əlinə alan kimi sifətinə düşüncəli ifadə verib, alt dodağı ilə üst dodağını örtdü və oyun qurtarana kimi bu vəziyyətini dəyişmədi. Fiqurlar əlindən çıxanda, o, əlini stola vuraraq, fiqur qız idisə: «Axır ki, rədd oldun, kaftar!», kral idisə: «Get, Tambov mujiki!» deyərdi. Palata sədri isə hey deyirdi: «Bu da yekəbığ! Bu da yekəbığ!». Bəzən də kartları stola vuranda belə sözlər də eşidilərdi: «ya bəxt, heç olmasa bubnı8 ver!» Ya da ki, müxtəsərcə: «Kərpic-kərpic! Pikentsiya!» ya da: «pikendras! piçuruşşux! piçura!», hətta bəzən eləcə: «piçuk!» – deyərdilər: onlar öz aralarında kartlara belə ad vermişdilər. Gələn qonaq da o birilər kimi mübahisə edirdi, ancaq bunu çox məharətlə edirdi, belə ki, hamı görürdü ki, o mübahisə edir, amma mübahisəni xoşhallıqla edir. O heç vaxt: «Siz getdiniz» demirdi, «siz buyurub getdiniz!» ya da «mən sizin xaç ikiliyinizi götürmək şərəfinə nail oldum» və sair bu kimi sözlər deyirdi. O, öz rəqiblərini bir şeylə daha çox razılaşdırmaq üçün hər dəfə üstü minalı gümüş burunotu qabını onlara verirdi, onlar da burunotudan burunlarına çəkəndə burunotu qabının içində bir cüt bənövşə görürdülər: bunu o yaxşı iy gəlmək üçün qoymuşdu. Adları yuxarıda çəkilən Manilovla Sobakeviç qonağın diqqətini xüsusilə cəlb etmişdi. Bayaq o yoğunlar dəstəsinə qoşulurkən, elə o saat palata sədri ilə poçt müdirini bir az kənara çəkərək, bu mülkədarlar haqqında bəzi şeylər soruşmuşdu: verdiyi suallar onun ancaq maraqlandığını deyil, məsələyə müəyyən məqsədlə yanaşdığını göstərirdi, çünki o hər şeydən əvvəl bu mülkədarlardan hər birinin nə qədər kəndlisi və malikanələrinin nə vəziyyətdə olduğunu öyrəndi, sonra isə adlarını və atalarının adını soruşdu, Az zamanda bu mülkədarları o özünə tamamilə məftun edə bilmişdi. Manilov ona lap vurulmuşdu. Hələ heç orta yaşı olmayan bu adamın şəkər kimi şirin gözləri vardı, güləndə də həmişə gözlərini qıyırdı. O, Çiçikovun əlini xeyli sıxaraq, buyurub kəndə gəlməsini ondan acizanə xahiş etdi və bu təşrifi ilə onu feyziyab edəcəyini söylədi, kəndi də, onun deməsindən, şəhər qaraulxanasından ancaq onbeşçə verst uzaq olardı; Çiçikov da bu təklifin müqabilində çox nəzakətlə başını əyib, səmimiyyətlə onun əlini sıxdı və bu təklifi nəinki məmnuniyyətlə yerinə yetirəcəyini, hətta bunu özünə müqəddəs bir vəzifə hesab edəcəyini söylədi. Sobakeviç də çəkməsinin dabanlarını bir-birinə vuraraq qısaca dedi: «Bizə də buyurarsınız!» Onun ayağında elə yekə bir uzunboğaz çəkmə vardı ki, yəqin dünyanın heç yerində, xüsusilə indi, Rusiyada pəhlivanlar yox olmağa başladığı bir zamanda, buna uyğun bir ayaq tapmaq olmaz.

1.Yüngül, bəzən üstüaçıq minik arabası.
2.Блины (rus) – içərisinə döymə ət, kəsmik qoyulmuş yastı kökə
3.Щи (rus) – tərəvəz şorbası
4.Alman dramaturqu.
5.Müqəddəs Anna ordeni.
6.Stanislav ordeni.
7.Ekipaja qoşulmuş qabaq atlardan birinə minən sürücü.
8.Kərpic işarəli kart
30 375 s`om
Yosh cheklamasi:
16+
Litresda chiqarilgan sana:
29 oktyabr 2022
Hajm:
1 Sahifa 2 illyustratsiayalar
ISBN:
978-9952-8450-1-8
Mualliflik huquqi egasi:
JekaPrint

Ushbu kitob bilan o'qiladi

Muallifning boshqa kitoblari