Kitobni o'qish: «Yağışla gələn dualar»
© Meyxoş Abdullah / 2022
© Köhlən Nəşriyyatı / 2022
Yağışla gələn dualar…
Kəndimizdən çox uzaqda, şəhərdə yaşayırdım. Anam isə kənddəki evimizdə, atayurdunda olurdu. İş-gücümün çoxluğu imkan vermirdi ki, tez-tez kəndə gedib, anama baş çəkim. Lap tez olanda ayda bir dəfə vaxt tapıb anama dəyirdim. Qocalmışdı, hiss olunurdu ki, ömrü get-gedə qısalır onun. Amma buna baxmayaraq, hər dəfə görüşəndə yeməyimdən tutmuş, geyim-kecimimə qədər hər şeylə maraqlanırdı və hər dəfə də həyat yoldaşıma bərk-bərk tapşırırdı ki, məndən muğayat olsun.
Həyat yoldaşım belə vaxtlarda gülüb deyərdi: – Ay ana, bəs, biz sənin doğmaların deyilik?! Niyə bizim qeydimizə qalmırsan, təkcə oğlunun fikrini edirsən?
Belə vaxtlarda anam köks ötürüb deyərdi: – Qızım, sizi də çox istəyirəm. Hamınız ürəyimin bir parçasısınız, amma evin çörək qazananı odur, hamınız ona bağlısınız. Onun canı salamat olanda arxayın oluram, bilirəm ki, hamınız sağ və salamatsınız.
Anam məni övladlarının hamısından çox istəyirdi. Həm evin böyüyü idim, həm də uşaqlıqdan çox əziyyət çəkmişdim. Atam erkən dünyasını dəyişdiyi üçün anamın və beş bacımın bütün yükü mənim boyunuma düşmüşdü.
Kiçik yaşlarımdan zəhmətə alışmışdım, səhərdən axşama kimi işləyirdim. Gecənin şirin yuxusunun nə olduğunu bilməzdim. Gündüzlər iş-güc dalısıycan, gecələr də sübhün gözü açılana qədər kitab, dəftərlə əlləşərdim. O vaxtlar fikirləşərdim, görəsən nə vaxtsa doyunca yatıb, gözümün qurdunu öldürə biləcəyəmmi? İllər ötdü çətinliklə də olsa oxuyub vəzifə sahibi oldum, özüm üçün şəhərdə mənzil alıb, ev-eşik qurdum.
Ailədə uşaqların hamısından böyük olsam da, özümə söz vermişdim ki, baçılarımı ev-eşik sahibi etməyincə ailə həyatı qurmayacağam. Anam isə mənim bu fikirimlə razılaşmırdı. – “Sən həyatını qur, mənim balam, hər kəsin bir qisməti var”, – deyərdi.
Mən evlənəndə, artıq, otuz iki yaşım var idı. Anam mənə görə çox nigaran idi.
Evlənəndən sonra istədim ki, anamı özümlə şəhərə, yanıma aparım. Amma o, razı olmadı; – mən şəhərdə hökumət evində yaşaya bilmərəm, – dedi.
Səbəbini soruşanda isə gülüb deyirdi: – Ağrın alım, bir evin ki, ayaqyolusuyla mətbəxi bir addımlıqda olsun, orada nə xeyir, bərəkət olacaq, axı? Mənim belə şeyləri ürəyim götürmür, başına dolanım, məcbur eləmə məni, – deyərək məni fikrimdən yayındırırdı.
Ara-sıra şəhərə, bizim yanımıza gələndə də, hiss edirdim ki, anam çox narahatçılıq keçirir. Bütün gün ərzində yediyi bir tikə çörək, içdiyi isə yarım stəkan çay olardi.
Belə vaxtlarda qollarımı onun boynuna dolayıb, ağ saçlarından öpər və: – Ay ana, deyəsən, oğul çörəyinə qıymırsan? – soruşardım.
– Yox, ağrın alım, niyə ki, mənim elə yeməyim budur, – deyərdi. Amma bilirdim ki, arvad həyət evinə vərdiş etdiyindən, şəhər evinin bu götür-qoyu onun ürəyincə deyildir. İbadətkar olduğuna görə, evin içində olan ayaqyolu-filan onun heç xoşuna gəlməzdi. Buna görə də, uzaqbaşı iki gün qalıb kəndə qayıdardı. Həmişə də mənə deyərdi ki, oğul, sən Allah, bu quş damından çıx, get özünə bir parça torpaq al, ev-eşik qur. Qoy, ailə, uşağının ayağı torpağa dəysin, rahat nəfəs alsınlar. Nədir, bu qutunun içinə girib yaşayırsınız?
Ona söz vermişdim ki, əlimə pul düşən kimi hökmən özümə torpaq alıb, ev tikəcəyəm. Mənim bu sözlərim onun ürəyinə yağ kimi yayılırdı. Deyirdi ki, əgər həyət evin olsa, gəlib həftələrlə yanında qalacağam.
Anamın son günləri çox ağır keçirdi. Xəstəliyi bir az da şiddətlənmişdi. Artıq, yataqdan qalxa bilmirdi. Kiçik bacım ailəsiylə birlikdə anamın yanında qalırdılar. Arvadın qulluğunu da onlar tuturdular. Bu sarıdan çox arxayın idim, bilirdim ki, anamın hay-harayında kimsə vardır.
Şəhərdə işlərim çox idi, vəzifə sahibi olduğuma görə işdən çıxa bilmirdim. Çox vaxt kəndimizə, anamın yanına gecə gəlib, elə gecə də qayıdırdım. Bir az yubananda isə, qulağıma çatırdı ki, anam məndən gileylik edir. Bacılarıma deyir ki, vallah, istəmirəm e gəlib məni görsün, gəlsin, barı, mən onu görüm.
Axırıncı dəfə gələndə iki günlüyə gəlmişdim. Arvad xeyli zəifləmişdi. Çuxura düşmüş gözlərində həyat eşqi yavaş-yavaş sönməkdəydi. Hər dəfə kirpiklərini vuranda gözlərinin ucunda yaş gilələnirdi. Əllərinin üstündəki gömgöy damarlar o qədər şişib, iriləşmişdi ki, hər dəfə nəbzi vuranda əlinin dərisinin titrədiyini hiss etmək olurdu. O halıyla yazıq arvad hələ bir qeydimə də qalırdı. – İş-gücünü buraxıb niyə gəlmisən, oğul, axı, elə o gün getdin? Yollar xatalıdır, başına dönüm, belə tez-tez gəlmə. – Yaxşıyam, bax, heç yerim ağrımır, yemək-içməyimdə ki, qaydasındadır! – deyə məni qınayardı.
Amma bilirdim ki, anam bunları mənə görə deyir. İstəmir ki, mən onun ağrıdığını görüm.
Onu zorla da olsa həkimə apardım. Getmək istəmirdi. – Ay oğul, qoca arvadam, bu gün beləyəm, sabah yaxşı olaram. Bundan sarı niyə əziyyət çəkirsən? – deyirdi.
Onun könlünü almaq üçün ürək-dirək verirdim. Deyirdim ki, bilirəm yaxşısan, heç bir xəstəliyin yoxdur. Amma yenə də arxayın olmaq üçün, qoy həkim səni əməlli-başlı bir yoxlasın.
Həkim anamı müayinə etdikdən sonra, ehmalca mənə dedi ki, anan son aylarını, bəlkə də son günlərini yaşayır. Zəhrimara qalmış o xəstəlikdən tutub, xərçəngdir, ona əziyyət verməyin.
Həkimin bu sözlərindən sonra çox məyyus oldum. Axı, anam elə də yaxşı gün görməmişdi. Ömrüboyu əziyyət çəkib bizi böyütmüşdü. Ağzının tikəsini çıxarıb bizlərə yedirtmişdi. Əsim-əsim əsmişdi biz balalarının üstündə. İndi hamımızın əliçörəyə çatdığı bir vaxtda, hamımız onun qulluğunu tutmaq istədiyimiz bir zamanda, yazıq arvadın gör başına nələr gəldi? Onun bu halı hamımızı pərişan etmişdi. Kəskin ağrılar içində qovrulsa da, anam bu xəstə halıyla yenə də balalarını düşünər, bzim halımıza yanırdı.
Niyə görə ana balalarına bu qədər bağlı olur? – düşünürdim. Balalarnın yolunda canını qurban verməyə uf da deməzdi, mənim anam. Bu halıyla, ağrıyan canıyla hələ də bizim qeydimizə qalırdı, yalvarıb-yaxarırdı ki, onun xəstəliyinə fikir verməyək, balalarımızın, ailəmizin qeydinə qalaq.
İşimlə əlaqədar olaraq bir müddət olardı ki, anamı yoluxa bilmirdim. Amma hər gün bacılarıma zəng edib anamın vəziyyətini soruşardım. Deyərdilər ki, halı o qədr də yaxşı deyil, amma yalvarıb deyir ki, qardaşınıza ağrımağım barədə bir söz deməyin, iş-güc adamıdır narahat olub, elər. Doğurdan da, anamdansarı narahat idim. Gecənin bir aləmi telefonum qəfil zəng çalanda, bağrım yarılardı. Elə bilərdim ki, bacılarımdan hansısa zəng vurub mənə bəd xəbər deyəcəkdir. Beləcə, bir müddət də ötüb keçdi.
Bir gün böyük bacım zəng edib dedi ki, anamızın halı çox pisləşibdir, daha danışa bilmir. İki gündür yemək də yemir, gör imkanın varsa ayaqüstü gəl, arvada dəy, gözləriylə səni axtarır.
Elə həmin günün səhəri kəndimizə, anamın yanına gəldim. Payız ayı idi. Çiskin yağış yağırdı. Kənd yeri olduğuna görə hər tərəf palçıq idi. Payızın bu qaş-qabaqlı havasatı, onsuz da xoş olmayan halımı bir az da pərişan etmişdi. Yolboyu analı günlərimi xatırlaya-xatırlaya maşın sürmüşdüm. Az yaşım yox idi, amma içim-içalatım sızlayırdı. Mən anasız necə yaşayacağam düşünürdüm? Anamdan ayrı yaşamağıma, elə bil indi peşiman olmuşdim. Kaş, zorla da olsa onu yanımda saxlayardım, – deyə özümü qınayırdım.
Maşını həyətimizin bir tərəfində saxlayıb yerə düşdüm. Yağış aramsız olaraq yağırdı. Şəhərdən anam üçün gətirdiyim sovqatları maşından götürənə kimi azacıq islandım.
Həyətdə heç kəs gözə dəymirdi. Yağış yağdığına görə hamı evin içinə təpilmişdi. Bir anlıq ayaq saxlayıb həyət-bacamıza göz gəzdirdim. Hər yanda anamın əlinin izləri görünürdü. Evdən bir az aralı olan təndir, təndirin böyürünə söykənən ikiqanadlı, sapı ütülmüş yaba… Həmin yabayla anam təndirin közünü qarışdırardı. Təndirin yanındakı əlyeri kimi istifadə etdiyimiz balaca daxma. Anam günün çox hissəsini bu daxmada keçirərdi. Evin dən-düşü, bütün ərzağı həmin daxmaya yığıldığından onun iş-gücü də orada olardı.
Həyətin ortasında dayanıb ciyərdolusu nəfəs aldım. Hər yandan anamın iysi gəlirdi… Anamın iysi, eynən, təndirdən təzə çıxarılmış isti çörək iyinə bənzəyirdi…
Eyvana qalxıb, anam yatdığı otağa keçdim. O, çarpayıda uzanmışdı. Gözləri yumuluydu. Bacılarımın hamısı onun yatağının ətrafında oturmuşdular. Məni görən kimi hamısı ayağa qalxıb ağlaya-ağlaya mənimlə görüşdülər.
Anama yaxınlaşıb yastığının yanında oturdum. O, çox dəyişmişdi. Əvvəlki halından əsər-əlamət qalmamışdı. Güclə nəfəs alırdı. Gözlərim yaşardı. Əlimi onun alnına qoydum, alnı buztəki soyuq idi. Əlimin hərarətindənmi, ya nədənsə anam gözlərini açıb üzümə baxdı və xırıltılı səslə:
– Elburus, oğlum, sənsən?! – soruşdu.
Əyilib onun ağarmış saçlarından, o qırışlı soyuq alnından öpdüm. – Hə, anacan, mənəm, gəlmişəm! – dedim.
Bu an bacılarım bərkdən ağladılar. Böyük bacım bildirdi ki, bir həftədən artıqdır anamız bir kəlmə də olsun ağzını açıb danışmırdı. İndi səni görüb danışdı.
Anam sağ əlini mənə tərəf uzatdı. Mən onun əlini ovucumun içinə alıb öpdüm. Onun əlindən, təndirdən təzə çıxmış isti çörəyin iysi gəlirdi. O, əlini mənim saçlarıma tərəf uzatdı. Həmişə belə edərdi, ta uşaqlıqdan bu yaşıma qədər hər dəfə onunla görüşəndə əlini saçlarımda gəzdirib sığallayardı. İndi də bildim ki, yenə də saçlarımı sığallamaq istəyir.
Rahat olsun deyə, başımı ona tərəf əydim. Anamın titrək barmaqları bir müddət saçlarımda ilişib qaldı. Sonra sürüşüb çiynimə düşdü. O əlini mənim pencəyimin yaxalığında gəzdirdi. Birdən anam həyəcanlı səslə dedi:
– Elburus… Oğlum… yağış yağır?!..
– Hə, anacan, bilirsən necə narın yağış yağır… Elə gözəll yağır ki… – dedim.
Anam taqətsiz əlini ehmalca havada yelləyib:
– Eh!.. Bu yağış niyə yağır ki?.. – deyə zarıdı.
Onun könlünü oxşamaq üçün:
– Ana, yağış nurdur, bərəkətdir, qoy yağsın! – dedim.
Anam başını bulayaraq güclə eşidiləcək səslə:
– Oğlum, özümə görə demirəm e, onsuz da mən ölürəm… Axı, yağışlı havada siz əziyyət çəkəcəksiniz. Məni bu yağışlı havada necə basdıracaqsınız?..
Anam bu sözləri deyəndən sonra gözlərini yumdu… Mən hönkürdüm…
Yazıq anam, bu boyda, ayrılığın içində hələ də bizim qeydimizə qalırdı.
… Anamın cənazəsini çiyinlərimizə alıb son mənzilə yola salanda, göydən narın-narın payız yağışı yağırdı. Bu çiskinli payız yağışı anamın xısın-xısın ağladığı vaxtlar, yanağından süzülən göz yaşlarına bənzəyirdi. Anam ölmündən sonra da, elə bil, bizim halımıza ağlayırdı… Mənim yazıq və mehriban anam…