Faqat Litresda o'qing

Kitobni fayl sifatida yuklab bo'lmaydi, lekin bizning ilovamizda yoki veb-saytda onlayn o'qilishi mumkin.

Kitobni o'qish: «Alagöz»

Shrift:

Əziz oxucu,

əgər sənə görə dünyada həyatdan qiymətli heç nə yoxdursa,

onda bu əsər sənin üçün yazılmayıb…


© Meyxoş Abdullah / 2015

© Köhlən Nəşriyyatı / 2021

* * *

…Payızın son ayı idi. Builki payız yağışlı, yağmurlu gəldiyinə görə, çöllərdə ot-ələf topuğacan qalxmışdı… Sanki payız yox, yaz fəsliydi. Ucu-bucağı görünməyən çöllükdə mal-qaranın, qoyun-quzunun səhərdən axşamacan ağzını yerdən ayırmadan otlaması adama özgə ləzzət verirdi. Bu mənzərəyə tamaşa etdikcə yadıma, hələ uşaqikən ahıllardan eşitdiyim “Dilsiz-ağızsız mal-qaranın da Allahı var” sözləri düşdü. Yəqin, yaşlılar belə deyərkən, Allah-təalanın “dilsiz-ağızsız” yaratdığı heyvanlara payızın bu son ayında bu cür bol ruzi verməsini nəzərdə tutublarmış. Yoxsa, mal-qara da insan deyil ha, baxt-taleyi gətirsin, vəzifəsi, ev-eşiyi olsun. Bu heyvanların elə bolluca ot-ələfi olsa, “Allahlarına şükür edərlər də…”

Hər gün işdən sonra yorğun-arğın evə dönəndə yolumu mal-qara örüşünün yanından salardım. Bilmirəm, nədənsə yorğun vaxtlarımda iki şeyə tamaşa edəndə dincəlirəm: yamyaşıl çəmənliyə, bir də axar suya baxanda.

Bu gün işim az olduğuna görə bir az ertədən çıxmışdım. Dünyanın işlərini götür-qoy edə-edə göy otların üstüylə yeriyirdim. Çəmənlikdə yerimək o qədər rahat, o qədər xoş olur ki, elə bil xalça üzərində gəzirsən.

Beləcə bir xeyli addımladım. Məndən bir az aralıda, əlli-əlli beş yaşlarında, hündürboylu, arıq bir kişi mal-qara otarırdı. Onu burada əvvəllər də görmüşdüm. Həmişə də, yedəyində qızılı rəngdə olan bir dayça olardı. Qəribə idi, kişi dayçanın noxtasını əlindən buraxmazdı. Elə bil, dayça quş idi, buraxsaydı onu tutmaq mümkün olmayacaqdı.

Mən kişinin yanına çatanda salam verdim; “bərəkətli olsun” dedim. O, çönüb salamımı aldı. Sonra məndən papiros istədi. Çıxarıb ona bir papiros verdim, birini də özüm yandırdım. Üz-gözündən yerli adama oxşamırdı, danışığı da başqaydı.

O, papirosa bir-iki qullab vurduqdan sonra:

– Görürsən də, qardaş, maşallah, builki payız yaxşı gəlib. Heyvanlar payızda özlərini götürsələr qışda qorxusu olmaz. Heç olmasa, bu dilsiz-ağızsız heyvanlara Allahın rəhmi gəlsin, yazıqdılar, – dedi. Sonra isə dərindən köks ötürdü. – Bizimkisə Allahlıqdan keçib, qardaş. Biz özümüz öz əlimizlə evimizi yıxmışıq, buna Allah neyləsin.

Kişinin birdən-birə söhbətə belə dərindən başlaması, onun dərdli adam olduğuna məndə şübhə yeri qalmadı. Ömrümboyu maraqlı adamlar, qəribə hadisələr arzusunda olduğum üçün bu yeni tanışımla söhbətə nərdivan qoymaq, onu danışdırmaq məqsədiylə dedim:

– Qardaş, deyəsən biz tərəflərdən deyilsən?!

Kişi gözlərini qıyıb papirosundan dərin bir qullab aldı. Sonra papirosun tüstüsünü burnunun dəliklərindən elə məharətlə fısqırtdı ki, elə bil özünü mənə göstərib, demək istəyirdi: “Sən də belə edə bilərsənmi?!”

– Hə, buralı deyiləm, – dedi. – Baxt-taleyi qara gəlmiş Qarabağ tərəfdən, Kəlbəcərdənəm. Qaçqın düşəni, bir müddət Bakıda oğlumun yanında yaşadım. Sonra gördüm ki, yox, ömrüboyu dağda-dərədə gəzib dolaşan adamın quru asfalt üstündə nə ölümü var? Bura mənim yerim deyil, mən belə şeylərə öyrəşməmişəm. Bir gün oğluma dedim ki, əgər ölümümü istəmirsənsə, mənə rayonların birində yer tap, qoy bir-iki baş mal-qara saxlayım, başımı onlarla qatım.

Oğlumun sizin rayonda bir tələbə yoldaşı vardı. Məni gətirdi onun yanına. Sağ olsun, bizi yaxşı qarşıladı. Bir müddət məni evində qonaq da saxladı. Sonra narahat olduğumu görüb, hökumət evlərinin birində mənim üçün mənzil almaq istədi. Razı olmadım. Ondan xahiş etdim ki, məni kəndlərin birində yerləşdirsin, mal-qara saxlamaq istəyirəm. O da sözümü yerə salmayıb, məni Qoşatəpə kəndinə gətirdi və ailəsiylə Rusiyada yaşayan bir adamın boş qalmış evində yerləşdirdi. Elə o gündən burada yaşayıram. Beş-altı baş qoyun, bir baş da inək aldım. Elə işim-gücüm heyvanları qabağıma qatıb otarmaqdır. Neyləyim, birtəhər başımı girələyirəm də, Əzrayıl gələnəcən.

O, danışdıqca tük basmış sir-sifətinə, həsrət dolu gözlərinə baxıram. Nələr oxunmur o donuq baxışlardan. Yurd-yuvasından didərgin düşmüş bu insanın gözlərinə baxmaq, adama nə qədər çətin gəlir. Təkcə bu idimi?! Yox! Rastlaşdığımız yüzlərlə, minlərlə qaçqın insanın gözlərindən dərdlərini oxumaq olurdu. Onlar yuvalarından perik düşmüş quşlara bənzəyirlər. Hər sözdən, hər baxışdan diksinirlər.

Söhbət zamanı adamın gözlərinin içinə baxmağa ehtiyyat edirlər, utanırlar elə bil. Bəlkə də fikirləşirlər ki, yurd-yuvalarını qoyub qaçdıqlarına görə, kimsə onları söyəcək, danlayacaq. Fikirləşirsən, axı, bu biçarələrin nə günahları var?! Torpağı satan, Vətən satan kənarda qalıb, ona gözünüstə qaşın var deyən yoxdur, amma əldən gedən əlsiz-ayaqsızlardır.

Bayaqdan kişi söhbət etdikcə, ipini əlində tutduğu qızılı rəngli dayça ayağını bir addım da olsun kənara qoymur, elə sahibinin yan-yörəsində hərlənirdi. Arabir də uzunsov, nazik başını kişinin qoltuğuna soxub fınxırırdı. Kişi də bundan xoşlanan kimi olur, əlini sırıqlısının cibinə salıb, oradan bir az arpa çıxarıb ovcunda tutur və onu yedizdirirdi. Dayçanı belə əzizləməsini görüb dedim:

– Yaxşı heyvandır, amma çox balacadır. Bir az böyüyünü alsaydın yenə ayaqlarını yerdən götürərdi.

24 633,75 s`om
Yosh cheklamasi:
16+
Litresda chiqarilgan sana:
29 oktyabr 2022
Yozilgan sana:
2015
Hajm:
50 Sahifa 1 tasvir
Mualliflik huquqi egasi:
Автор

Ushbu kitob bilan o'qiladi