Faqat Litresda o'qing

Kitobni fayl sifatida yuklab bo'lmaydi, lekin bizning ilovamizda yoki veb-saytda onlayn o'qilishi mumkin.

Kitobni o'qish: «Qoca Xəttabıç»

Shrift:

© ALTUN KİTAB MMC – 2022

1

Səhər yeddinin yarısında günəş şüası pərdənin dəliyindən sürüşərək beşinci sinif şagirdi Volka Kostılkovun burnuna qondu. Volka asqıraraq oyandı.

Elə bu vaxt qonşu otaqdan anasının səsi gəldi:

– Tələsmək lazım deyil, Alyoşa. Qoy uşaq hələ yatsın, axı bu gün imtahanı var.

Volka üz-gözünü turşutdu. Anası nə vaxta qədər ona “uşaq” deyəcəkdi!

Arakəsmənin o tərəfindən atası cavab verdi:

– Bu nə sözdür danışırsan?! Oğlanın bu günlərdə on üç yaşı tamam olur. Qoy durub əşyaları daşımağa kömək etsin. Bu gün-sabah saqqalı çıxacaq, sən elə deyirsən: Uşaq, uşaq…

Əşyaları daşımaq! Volka dərhal hər şeyi xatırladı, yorğanı üstündən atdı və tələsik şalvarını geyinməyə başladı. Necə unutmaq olardı! Özü də belə bir günü! Axı Kostılkovgilin ailəsi bu gün yeni mənzilə köçürdü. Ötən gecədən bütün əşyalar yığılmışdı. Volka ağlına sığışdıra bilmirdi ki, bu gün səhər təzə mənzilə köçəcəklərini necə yaddan çıxarıb.

Səhər yeməyindən sonra yükdaşıyanlar hay-küylə içəri doluşdular. Qapıları taybatay açıb çığıra-çığıra soruşdular:

– Başlamaq olar?

Volkanın anası ilə nənəsi ikisi də birdən:

– Əlbəttə, olar, – deyə cavab verib vurnuxmağa başladılar.

Volka təntənəli şəkildə divanın mütəkkələrini və söykənəcəyini həyətdə dayanan maşına apardı. Axırda isə maşının yük yerində birtəhər özünə yer elədi. Çox keçmədi ki, maşın yola düzəldi və bir qədər sonra yeni mənzilin qarşısında dayandı. Yükdaşıyanlar şeyləri bir göz qırpımında mənzilə yığıb getdilər.

Volkanın atası içərisində ən vacib şeylər olan bir neçə qutunu açıb dedi:

– Digərləri qalsın işdən sonraya.

O belə deyib zavoda getdi.

Volkanın anası ilə nənəsi isə mətbəx əşyaları və yemək qab-qacaqları olan qutuları açmağa başladılar. Oğlan onluq bir iş olmadığını görüb çay sahilinə getməyi qərara aldı. Düzdür, atası xəbərdarlıq etmişdi ki, Volka çayda təkbaşına çimməsin, çünki burada çay dərindir. Lakin Volka özünə tez bir bəhanə tapıb anasından icazə ala bildi.

“Mənə çimmək vacibdir ki, beynim açılsın. Axı yorğun başla imtahana necə gedə bilərəm?”

Çox təəccüblüdür ki, Volka həmişə ona qadağan olunmuş bir işi görmək istədikdə dərhal bəhanə tapırdı. İndi də anasına demişdi ki, coğrafiya dərsini hazırlamaq üçün çay qırağına gedir. O, həqiqətən, dərs kitabını, beş-on dəqiqəliyə də olsa, vərəqləmək fikrində idi, lakin çayın qırağına çatan kimi ləngimədən soyundu və suya atıldı.

Çay kənarında kimsə gözə dəymirdi. Bu həm yaxşı idi, həm də pis. Yaxşı idi, çünki Volkaya doyunca çimməyə heç kim mane ola bilməzdi. Pis idi, ona görə ki, Volkanın necə asanlıqla və gözəl üzdüyünü görən yox idi.

Oğlan o qədər üzdü ki, lap gömgöy göyərdi. Onda başa düşdü ki, daha bəsdir. Sonuncu dəfə suya baş vurdu. Suyun üzünə qalxmaq istəyəndə isə əli uzunsov bir şeyə toxundu. Volka həmin şeyi qapıb sudan çıxdı. Onun əlində yosun basmış sürüşkən və qeyri-adi şəkildə saxsı qab vardı. O, xeyli ağır idi, üstəlik, boğazı yaşıl rəngli qətranabənzər maddə ilə möhkəm suvanmışdı, üzərinə isə möhürəbənzər bir damğa vurulmuşdu.

Volka nə düşündüsə, birdən-birə donub qaldı. Xəzinə! Qədim şeylərlə dolu bir xəzinə!..

Oğlan tez geyinib evə qaçdı ki, gizlin bir yerdə həmin qabı açsın. O, anasının yemək hazırladığı mətbəxin qapısından sivişib öz otağına girdi. Sonra isə cib bıçağını çıxarıb həyəcandan əsə-əsə qabın ağzındakı möhürü qaşıdı.

Bir anda otağı acı tüstü bürüdü və səssiz partlayışa bənzər çox qüvvətli bir təkan Volkanı tavana tulladı. Orada onun şalvarı çilçıraq asmaq üçün vurulan qarmağa ilişdi. Beləliklə, oğlan tavandan asılıb qaldı.

2

Qarmaqda yellənən Volka bu baş verənlərə az-çox ağlabatan izahat tapmağa çalışarkən tüstü bir az da çəkildi. Oğlan elə həmin an hiss elədi ki, otaqda ondan başqa da canlı məxluq var. Bu, arıq və qaraşın bir qoca idi, saqqalı qurşağacan çatırdı. Başındakı çalma çox gözəl idi. Əynindəki yundan tikilmiş zərif kaftanın üzərinə isə zərli və gümüşü güləbətinlə naxışlar çəkilmişdi. Qoca ağappaq ipək çaxçur1 geyinmişdi, ayağında da dəridən hazırlanmış açıq-çəhrayı rəngli dikburun məst2 var idi.

– Həpçi! – qoca bərkdən asqırıb səcdə elədi. – Sənə salamlar olsun, ey gözəl və ağıllı oğlan!

Volka gözünü yumub bir də açdı: yox, bu qəribə qoca, doğrudan da, yuxu və xəyal deyildi.

– Siz haradan çıxdınız? – deyə Volka tavanda saat kəfkiri kimi ağır-ağır yırğalanaraq soruşdu. – Bəlkə, özfəaliyyət dərnəyindənsiniz?

Qoca yenə də həmin yöndəmsiz vəziyyətdə qalıb dalbadal səbir gətirə-gətirə cavab verdi:

– Yox, ey mənim cavan ağam, mən üçqat lənətlənmiş bu qabın içindən çıxmışam.

Qoca belə deyib ayağa qalxdı, içindən hələ də tüstü çıxmaqda olan qaba sarı cumdu. Sonra da onu elə təpiklədi ki, çilik-çilik oldu. Ardınca isə qoca saqqalından bir tük qoparıb onu diddi, elə bu vaxt qabın xırdaca parçaları alovlanaraq bir andaca yoxa çıxdı.


Volka isə hələ də şübhə içində idi. Siz də razılaşarsınız ki, qrafin boyda kiçik qabın içindən bir insanın çıxmasına inanmaq o qədər də asan deyil. Odur ki oğlan dedi:

– Axı heç inandırıcı gəlmir… Qab belə bapbalaca, lakin siz… Hər halda, qaba nisbətən çox böyüksünüz.

– İnanmırsan? – deyə qoca acıqlandı və o dəqiqə də Volkanın qarşısında diz çökdü; bu vaxt onun alnı yerə elə bərk dəydi ki, akvariumun içindəki su dalğalandı. Bundan sonra yuxulu balıqlar çaxnaşmaya düşüb o yan bu yana üzməyə başladılar. – Bağışla, ey mənim cavan xilaskarım, lakin öyrəşməmişəm ki, sözlərimdən şübhələnsinlər… Ey cavanların ən nəcibi, onu bil ki, mən dünyanın dörd tərəfində adı dillər əzbəri olan böyük qüdrət və şöhrət sahibi cin Həsən Əbdürrəhman ibn Xəttabam, yəni Xəttab oğluyam.

Gördükləri, eşitdikləri o qədər maraqlı idi ki, Volka hətta tavanda lampa qarmağından asılıb qaldığını da yadından çıxarıb dedi:

– Cin?.. Cin, deyəsən, bir növ, spirtli amerikan içkisidir? Eləmi?..

– Mən içki deyiləm! – qoca yenə hirsləndi, amma tezliklə özünü ələ aldı. – Mən içki deyiləm, mən qüdrətli və qorxu bilməyən bir ruham. Dünyada elə bir sehrbazlıq yoxdur ki, əlimdən gəlməsin. Mənim adım sənin çox hörmətli və yüksək hüzuruna ərz etdiyim kimi, Həsən Əbdürrəhman ibn Xəttabdır. Sizin dilinizlə desək, Həsən Əbdürrəhman Xəttaboviçdir. Yəqin, fikirləşirsən ki, qabın içində nə işim vardı? Elə isə, dinlə, – qoca növbəti dəfə asqırıb sözlərinə davam elədi. – Mən, bədbəxt cin və qardaşım Ömər Yusif Xəttab oğlu bir gün böyük xətaya yol verdik. Yəni Süleyman ibn Davudun sözündən çıxdıq. O buna çox qəzəbləndi və vəziri Asəf ibn Barahini göndərib bizi öz hüzuruna gətizdirdi. Sonra da əmr elədi, iki qab gətirdilər, bunlardan biri mis, o biri saxsı qab idi. Məni saxsı, qardaşım Ömər ibn Xəttabı isə mis qaba saldılar. Ardınca hər iki qabı möhürləyib onları Allahın ən böyük adlarından biri ilə damğaladılar. Sonra Süleyman cinlərinə əmr verdi ki, bizi suya atsınlar. Onlar da öz növbəsində qardaşımın olduğu qabı dənizə, mənim olduğum qabı isə çaya atdılar. Həpçi! Həpçi! Ey mənim nəcabətli xilaskarım, sən məni oradan çıxardın. Səni görüm, ömrün uzun olsun, ey… Məni bağışla, adını bilsəydim, çox xoşbəxt olardım.

“Adım Vladimirdir, lakin hamı məni Volka çağırır” deyə qəhrəmanımız cavab verdi və tavanda yellənməyə davam etdi.

– Bəs atanın adı nədir?

– Alyoşadır… Daha doğrusu, Alekseydir.

– Ey gənclərin ən gözəli, ən cəsuru, ən mərhəmətlisi Volka ibn Alyoşa! Bundan sonra sənin hər əmrini, istəyini yerinə yetirəcəyəm, çünki məni dəhşətli həbsdən xilas etdin və artıq mən sənin qulunam. Həpçi! Həpçi!

– Niyə belə asqırırsan? – Volka soruşdu.

– Suların dərinliklərində, günəş işığı görmədən keçirdiyim bir neçə min il məni bu azara ürcah edib. Lakin qəm eləməyə dəyməz, çox çəkməz ki, sağalaram. Mənə əmr et, ey gənc ağam, nə arzun var, söylə! – belə deyib Həsən Əbdürrəhman ibn Xəttab gözlərini Volkaya dikdi.

– Hər şeydən əvvəl xahiş eləyirəm, diz çökməyin, qalxın, – oğlan dedi.

– Sənin sözün mənim üçün qanundur, – deyə qoca cavab verdi və dərhal ayağa qalxdı. – Mən sənin buyruqlarını gözləyirəm.

Volka inamsız halda dilləndi:

– İndi isə, zəhmət olmasa… Sözün qısası, mən çox arzu edərdim ki, döşəmənin üzərində olum.

Bu söz oğlanın ağzından çıxan kimi o özünü bir göz qırpımındaca aşağıda – qoca Xəttabıçın yanında gördü. Bəli, bundan sonra biz öz təzə tanışımızı belə, yəni Xəttabıç adlandıracağıq. Hər şeydən əvvəl Volka əlini şalvarına atdı, sökük yoxa çıxmışdı.

Möcüzələr başlanırdı.

3

– Mənə əmr et! – deyə qoca Xəttabıç yenidən xahiş etdi. – Doğrudanmı elə bir dərdin-qəmin yoxdur ki, ona əncam çəkim?

– Nəsə danışmağa vaxtım yoxdur, – Volka cavab verdi. – Gecikirəm! Bu gün coğrafiyadan imtahanım var.

– Sən coğrafiyadan imtahan verməlisən?! Onu bil ki, sənin bəxtin gətirib, ey cavanların ən ağıllısı, çünki mən coğrafiya elmində bütün cinlərdən daha bilikliyəm. Məktəbə birlikdə gedəcəyik. Kimsə məni görməyəcək və imtahan zamanı mən bir tərəfdə gizlənib istənilən sualın cavabını sənə pıçıldayacağam. Beləliklə, mənim ağam təkcə oxuduğu məktəbin şagirdləri arasında yox, bu möhtəşəm şəhərin bütün məktəbliləri arasında ən məşhuru olacaq.

– Əla! – Volka dərhal razılaşdı. – Lakin öncə paltarını dəyişməlisən.

– Mənim paltarım sənə xoş gəlmir, ey Volkaların ən ləyaqətlisi? – deyə Xəttabıç incimiş halda soruşdu.

– Xoş gəlir, lakin işdi, birdən gözə görünsən, çox nəzərə çarpacaq. Ondan sonra hər kəs səninlə maraqlanacaq. İndi gəl bu işin altından çıx görüm, necə çıxırsan!

Bir neçə dəqiqədən sonra qəhrəmanımız qoca Xəttabıçın qolundan tutaraq Kostılkovlar ailəsinin yeni mənzilindən çıxdı. Xəttabıçın əynində gözəl, təzə pencək-şalvar, naxışlı köynək və həsir şlyapa var idi. O bircə şeyi, yəni ayaqqabısını dəyişməyə razı olmamışdı. Ayağında üç min illik döyənək olduğunu söyləyib dikburun məstlərini dəyişməmişdi. Bunlar elə gözəl məstlər idi ki, yəqin, vaxtilə xəlifə Harun əl-Rəşidin sarayındakı ən modabaz adamı da heyran qoyardı…

Beləliklə, Volka ilə qoca məktəbə çatıb imtahanın keçiriləcəyi sinif otağına gəldilər. Xəttabıç dərhal qapı arxasına keçib dayandı. Bir qədər sonra:

– Kostılkov Vladimir! – deyə imtahan komissiyasının oturduğu masada təntənəli şəkildə elan edildi.

Volka könülsüz olaraq masaya yaxınlaşdı və eyni əhvali-ruhiyyə ilə imtahan biletini çəkdi. O, “Yerin forması və hərəkəti” mövzusunda danışmalı idi.

– Di yaxşı, başla görək, – deyə komissiya üzvü istidən taqətini itirmiş halda söylədi və tərli üzünü dəsmal ilə sildi. – Yerin forması və hərəkəti barədə nə danışa bilərsən?

Bu zaman qapı arxasında dayanan qoca Xəttabıç sualı eşidib sakitcə nəsə pıçıldadı. Elə həmin vaxt Volka hiss etdi ki, hansısa naməlum qüvvə onu iradəsinə zidd olaraq danışmağa məcbur edir:

– Ey mənim çox hörmətli müəllimim, – bunu deyən kimi oğlanı soyuq tər basdı. O, Xəttabıçın pıçıldadıqlarını qeyri-ixtiyari təkrarlamağa başlamışdı. – Sizin icazənizlə, Yerin kənarlarına toxunan büllur günbəzin adını mütləq qeyd etməliyəm.

– Dayan, Kostılkov, dayan! – deyə komissiya üzvü olan coğrafiya müəllimi təəccübləndi. – Bu nə baş-ayaq cümlələrdir! Bir də ki, göyün bərk, büllur qübbə olması və Yerin kənarları haqqında sözlərinizi necə başa düşək: məcazi, yoxsa hərfi mənada?

Qoca Xəttabıç divarın o biri tərəfindən səsləndi: “Həqiqətən!”. Volka isə tamamilə boş-boş danışdığını hiss eləsə də, qeyri-iradi cavab verdi:

– Sözün əsl mənasında, ey müəllim!

Oğlan bu cür danışmaq istəmirdi, lakin bunun əksinə olaraq sözlər öz-özünə onun ağzından uçub gedirdi.

Volkanın yuxulu olduğunu və sayıqladığını düşünən şagirdlərdən biri – Seryoja tez pıçıldadı:

– Obrazlı şəkildə, Volka, obrazlı şəkildə!

Ancaq oğlan sinif yoldaşına əhəmiyyət verməyib yenidən, özü də bu dəfə daha ucadan və aydın formada dedi:

– Sözün əsl mənasında, əlbəttə.

– Bu nə deməkdir? Sənin fikrincə, səma bərk günbəzdir?

– ”Bərk” – deyə Volka qırıq səslə cavab verdi və göz yaşları yanaqlarından aşağı axdı. Oğlan nə qədər çalışsa da, iradəsini toplaya və düz-əməlli cavab verə bilmirdi.

– Deməli, Yer kürəsinin bitdiyi bir yer var?

– Belə bir yer var, – deyən qəhrəmanımız artıq ayaqlarının da taqətdən düşdüyünü hiss eləməyə başladı.

– Bəli… – deyə imtahan komissiyasının üzvü geri çəkilib maraqla Volkaya baxdı, lakin sözünün ardını da gətirmədi, ani susub yenidən dilləndi: – Yaxşı, bəs Yerin forması haqqında nə deyə bilərsiniz?

Qoca Xəttabıç yenə dəhlizdə nəsə mızıldandı. Bundan sonra Volka bir daha qeyri-ixtiyari danışmağa başladı:

– Yer kürəsi, ey müəllimlərin ən layiqlisi, düz disk şəklinə malikdir və hər tərəfdən əzəmətli çay – Okean tərəfindən yuyulur. Yer altı nəhəng filin üzərində dayanır. Fillər isə öz növbəsində böyük bir tısbağanın üstündə qərar tutublar. Dünya bax belə işləyir, ey nəcabətli müəllim!

Bu zaman qoca Xəttabıç gizləndiyi yerdə Volkanın sözlərini bəyənərək başını tərpətdi, əllərini bir-birinə sürtdü.

Sinfə isə gərgin sükut çökmüşdü, ən güləyən uşaqlar belə, mat-qutu qurumuş halda gözlərini döyürdülər.

– Xəstələnmisən, Volka? – komissiya üzvü olan müəllim soruşdu. Sonra isə qayğıkeşliklə əlini Volkanın alnına qoydu.

– Təşəkkür edirəm, ey müəllimlərin ən hörmətlisi, – deyə Volka öz iradəsizliyindən, gücsüzlüyündən bezmiş halda cavab verdi. – Allaha həmd olsun, tam sağlamam.

Bu cavabdan sonra müəllimin səbri lap daraldı və onun qolundan tutaraq sinif otağından çıxardı.

– Evə get, Volka. Nə vaxt özünü yaxşı hiss eləsən, onda gələrsən, yenidən imtahan edərəm.

Volka sinifdən çıxan kimi Xəttabıç onu qarşıladı. Qoca, torağay kimi şən idi, özündən çox razı görünürdü.

– Səninlə fəxr edirəm, mənim gənc ustadım! Öz biliyinlə müəllimlərini və sinif yoldaşlarını heyran qoydun, elə deyil?

– Heyran qoydum! – deyə Volka kinayə ilə dilləndi, dərin bir köks ötürdü və qocaya acıqla baxdı.

Xəttabıç isə hələ də özündənrazı halda gülümsəyirdi…

4

İmtahan zamanı baş verənlərə görə bərk üzülən Volkanın halı pis idi, evə getmək istəmirdi. Onu belə görən qoca Xəttabıç da nəyinsə səhv olduğunu hiss etdi. Üç saat boyunca o, çay sahilindəki skamyada qəmgin-qəmgin oturan xilaskarına müxtəlif əhvalatlar danışdı. Ancaq Volkanın eyni açılmadı. Birdən oğlan xatırladı ki, anası ona kino bileti üçün pul vermişdi. Coğrafiya imtahanından dərhal sonra kinoya getməli idi.

– Bura bax, qoca, – deyə Volka canlandı, – gəl kinoya gedək!

– Sözləriniz mənim üçün qanundur, ey Volka ibn Alyoşa, – Xəttabıç cavab verdi. – Amma mənə bir yaxşılıq et və de görüm, bu kino nə olan şeydir?

Volka təəccübləndi: hər bir uşaq kinonun nə olduğunu bilir, ancaq bu qoca bilmir?!

– Gedərik, görərsən, – oğlan dedi.

Kinoteatrın girişindəki kassanın üstündən “On altı yaşına çatmayan uşaqlar içəri buraxılmır” sözlərinin yazıldığı lövhə asılmışdı. Volkanın yenidən kefinin pozulduğunu görən Xəttabıç təşvişlə soruşdu:

– Sənə nə olub, ey yaraşıqlı kişilərin ən yaraşıqlısı?



Volka hirslə cavab verdi:

– Günorta seansına gecikmişik. İndi isə, içəri yalnız on altı yaşından yuxarı olanları buraxırlar. Heç bilmirəm neyləyim…

Xəttabıç əsəbi halda dedi:

– Bəs mən nə üçün lazımam! Bir an belə keçməyəcək ki, bizi içəri buraxacaqlar.

“Qoca lovğaya bax da!” – Volka əsəbi halda fikirləşdi. Birdən onu gördü ki, sağ əlində iki bilet var.

– Yaxşı, gedək, – sevindiyindən, az qala, atılıb düşmək istəyən Xəttabıç dedi: – Gedək. İndi onlar səni buraxarlar.

– Yəqin bilirsən, buraxarlar?

– Sənin parlaq gələcəyinin olduğunu bildiyim kimi, bunu da bilirəm.

Qoca bunu deyib Volkanı yaxınlıqdakı divardan asılmış güzgünün yanına apardı. Güzgüdən Volkaya heyrətdən ağzı açıla qalmış və qıpqırmızı, çil-çil üzünü saqqal basmış bir oğlan baxırdı…

5

Kefi kökəlmiş Xəttabıç oğlanı pilləkənlərlə ikinci mərtəbəyə, foyeyə sürüklədi. Qüssədən keyləşmiş qəhrəmanımız sürətlə uzanmaqda davam edən saqqal və bığını əlləri ilə səylə örtürdü. Nəzarətçi onu görüncə sərt şəkildə dilləndi:

– Oğlan, bəyəm bilmirsən ki, on altı yaşına qədər…

Lakin Volka qeyri-iradi olaraq əllərini çənəsindən ayırdı və nəzarətçi udqunub bu dəfə yumşaq tərzdə:

– Buyurun, vətəndaş, keçin! – dedi və qorxudan titrəyən əlləri ilə biletin nəzarət talonlarını qopardı.

Tamaşaçılar zalda caz orkestrının ifasına qulaq asdılar. Seansın başlamasına hələ on beş dəqiqə var idi.

Volkanın köhnə dostu və sinif yoldaşı olan Jenya Boqorad zalın girişində dayanmışdı. O, on dörd yaşından çox böyük görünən dolğun, kök bir oğlan idi. İndi isə təklikdən darıxırdı və çox istəyirdi ki, yanında bir həmsöhbət olsun, o da bugünkü coğrafiya imtahanında Volka Kostılkovun heyrətləndirici rəftarından danışsın. Di gəl, tərslikdən ətrafda bircə nəfər də tanış adam yox idi!

Jenya foyeyə çıxmağa qərar verdi. Bəlkə, bəxti gətirdi, bir tanış adama rast gəldi. Pilləkənin meydançasında başında həsir şlyapa, ayağında naxışlı məst olan bir qoca ona elə toxundu ki, az qaldı yıxılsın; həmin qoca bir oğlanın əlindən tutub arxasınca çəkib aparırdı. Bu oğlan kim olsa yaxşıdır? Volka Kostılkovun özü! O nədənsə əlləri ilə üzünü tutmuşdu.

– Volka! – Jenya dostunu çağırdı.

Lakin belə görünür ki, Volka onunla rastlaşmağına heç sevinmədi. Əksinə, özünü elə apardı ki, guya ən yaxın dostunu tanımırdı. Bundan sonra özünü orkestrə qulaq asan tamaşaçıların içinə vurdu.

– Məni görmək istəmirsə, heç lazım da deyil! – deyə Jenya küsüb bufetə sarı getdi ki, bir stəkan su içsin. Buna görə də insanların, dostu və yanındakı qəribə qocanın ətrafında toplaşdığını görmədi. O qayıdıb Kostılkova tərəf keçməyə çalışanda isə artıq gec idi. Volka və qoca Xəttabıç saysız-hesabsız insandan ibarət sıx bir divarla əhatə olunmuşdu. İzdiham artmaqda davam edirdi. Kreslolarını taqqıldadan adamlar səhnənin qarşısındakı yerlərini tərk edib gedirdilər. Tezliklə orkestr boş stulların qarşısında çalmağa başladı.

– Zəhmət olmasa, deyin, nə olub? – Jenya dirsəkləri ilə camaatı itələyə-itələyə soruşdu. Lakin heç kim ona cavab vermədi. Hamı, utandığından sir-sifəti od tutub yanan Volkaya doğru qaçırdı. Oğlan foyenin bir küncündə çöməlib oturmuşdu.

Bu zaman kinoteatrın direktoru özü asayişi bərpa etmək qərarına gəldi və boğazını arıtlayıb ucadan çığırdı:

– Vətəndaşlar, xahiş edirəm, dağılın! Nə olub, məgər saqqallı uşaq görməyibsiniz nədir?

Direktorun bu sözlərini eşidən adamlar nəinki dağılışdılar, əksinə, saqqallı oğlana tamaşa etmək üçün daha böyük maraqla Volkaya doğru yüyürdülər. İzdihamı görən oğlan yavaşca pıçıldadı: “Vay dədə!” Sonra isə ikrahla Xəttabıça baxdı. Qoca nəyinsə yenə də səhv olduğunu başa düşüb özünü narahat hiss edir və nə edəcəyini bilmirdi. Handan-hana dilləndi:

– Ey gənc ağam! Əmr edin, bütün yaramaz tamaşaçıları bu üç dəfə lənətlənmiş kino hər nədirsə, onunla birlikdə toza çevirim.

– Lazım deyil, – deyə Volka kədərlə cavab verdi, yenə də göz yaşları yanaqlarından aşağı yuvarlandı və qalın saqqalında yox oldu. Bunu görən izdiham uğuldadı: “Saqqallı oğlan ağlayır”. Sonra Kostılkovun sifəti qəfildən parladı. O, cəld qocaya tərəf döndü, həyəcandan titrəyən səslə ona dedi:

– Həsən Əbdürrəhman ibn Xəttabıç, əmrimə qulaq as!

Qoca Xəttabıç yerdə çöməlmiş oğlana doğru əyildi və cavab verdi:

– Eşidirəm, gənc ağam!

Camaatın arasından bir pıçıltı keçdi:

– İndi də qoca bu oğlana baş əyir… Qəribədir! Nəsə düz deyil. Çox maraqlıdır!..

Volka isə sözlərinə davam etdi:

– Sənə əmr edirəm, Həsən Əbdürrəhman ibn Xəttab, bu lənətə gəlmiş saqqalı üzümdən yox elə!

– Axı onda səni kinodan qovacaqlar, – deyə qoca Xəttabıç etiraz etməyə çalışdı. Lakin o, Volkanın sifətindəki qəzəb ifadəsinin gücləndiyini görüb nəzakətlə cavab verdi: – Dinləyirəm və itaət edirəm, ey yaraşıqlı kişilərin ən gözəli!

– Tələs! – Volka hirslə dedi.

– Eşidirəm və itaət edirəm… – deyə Xəttabıç təkrarladı və barmaqlarını şaqqıldadaraq nəsə pıçıldadı. Lakin Volkanın üzündəki saqqal və bığ yoxa çıxmadı.

– Bir dəqiqə, ey Volka ibn Alyoşa, – deyə qoca çaşqın halda kəkələdi. Ancaq bədbəxt qəhrəmanımızın üzündəki saqqal və bığ elə hey uzanmağa davam edirdi.

Qoca Xəttabıç bir daha nəsə etdi, di gəl, faydası olmadı. Sonra qəfil yerə yıxıldı və tozlu parketin üstündə yuvarlanaraq sinəsini döyməyə, üzünü cırmaqlamağa başladı. Ətrafdakılar bunu görüb öncə təəccübləndilər, ardınca isə gülüşdülər.

– Vay halıma, – qoca Xəttabıç qışqırırdı, – vay, vay mənə! Bu da lənətlənmiş şüşədə boşuna sərf olunan minlərlə ilin nəticəsi! Yaddaşım korlanıb, nə etməli olduğumu unutmuşam. Məni bağışla, ey gənc xilaskar, sənin saqqalına, bığına heç nə edə bilmirəm! Vay, sənin halına, yazıq cin Həsən Əbdürrəhman ibn Xəttab!

– Nə danışırsan, Xəttabıç? – Volka qocanın qışqıraraq dediyi sözlərdən bir şey anlamayıb soruşdu.

Qoca Xəttabıç bir az özünə gəlib Volkanın anlayacağı şəkildə dedi:

– Ey cavanların ən qiymətlisi, qəzəbini məndən əsirgə, mərhəmətini bol elə. Sənin saqqalını, bığını yoxa çıxara bilmirəm… Bunu necə eləyəcəyimi unutmuşam!

Volka bu sözləri eşidincə daha da sarsılıb hirslə öz saqqalını dartdı, inlədi. Sonra isə ayağa qalxıb hələ də üz-gözünü cırmaqlayan Xəttabıçın əlindən nəzakətlə tutdu. O bütün başına gələnlərə baxmayaraq, bu qeyri-adi varlıqdan hec cür inciyə, küsə bilmirdi. Bir azca acığı tuturdu, vəssalam!

Qoca ilə oğlan onlara heyrətlə baxan izdihamın arasından keçib kinoteatrın çıxışına sarı yollandılar.

– İndi hara gedirik, ey ədalətli və mərhəmətli Volka? – qoca sızıltılı səslə soruşdu.

– Bərbərə! Dərhal təraş olunmaqdan başqa yolum qalmayıb.

1.Çaxçur – balağı büzməli enli şalvar növü
2.Məst – dəri və ya parçadan tikilən yüngül ayaqqabı

Bepul matn qismi tugad.

16 451,29 s`om
Yosh cheklamasi:
6+
Litresda chiqarilgan sana:
27 oktyabr 2022
Hajm:
6 Sahifa 11 illyustratsiayalar
ISBN:
9789952245219
Mualliflik huquqi egasi:
Altun Kitab / Алтын Китаб

Ushbu kitob bilan o'qiladi