Kitobni o'qish: «Əfsanələr»
“Deyirlər: “Yazıçının əsərləri oxunursa, deməli, o yaşayır”. Bunun belə olub-olmadığını mən bilmirəm. Amma onu qəti bilirəm ki, İsmayıl Şıxlı əsərləri sevilən və oxunan yazıçıdır…”
– İntiqam Qasımzadə tənqidçi, tərcüməçi, “Azərbaycan” jurnalının baş redaktoru
“Çətin günlərimdə mən səni anıb,
Köməyə səslədim duyan insanı.
Ariflər içində çoxdan yaranıb,
İnsanlıq dastanı – Şıxlı dastanı.”
– Müzəffər Şükür, şair
ÖN SÖZ
Xalq yazıçısı İsmayıl Şıxlının (1919-1995) adı Azərbaycanda həm bir yazıçı, həm də bir ictimai-siyasi xadim kimi kifayət qədər geniş tanınır.
İsmayıl Şıxlı çox ağır, amma olduqca maraqlı bir həyat yolu keçib. O, 1919-cu il mart ayının 22-də Qazax rayonunun II Şıxlı kəndində müəllim ailəsində anadan olub.
1936-cı ildə gənc İsmayıl Qazax Pedaqoji texnikumunu bitirib Kosalar kəndində müəllimlik edir. Lakin burada çox ləngimir, ali təhsil almaq üçün 1937-ci ildə Bakıya gəlib Lenin adına Azərbaycan Dövlət Pedaqoji institutunun dil və ədəbiyyat fakültəsinə daxil olur.
İ.Şıxlının tələbəliyi ağır repressiya illərinə təsadüf etdi. İnstitut müəllimlərinin çoxu həbs olunmuşdu, qalanları isə amansız siyasi təqib altında idilər – elə tələbələr də. İ.Şıxlının bəy nəslindən olduğunu, tez-tez institut komsomol komitəsinə sorğu-suala çağırılmasını nəzərə alsaq, onun o dövrkü həyatını, keçirdiyi psixoloji sarsıntıları təsəvvür etmək çətin olmaz…
1941-ci ildə müharibə başlayır və 1942-ci ildə İ.Şıxlı cəbhəyə gedir.
Dəhşətli müharibə illərində gənc İsmayıl bir döyüşçü kimi uzun yol keçir: Şimali Qafqaz-Kerç-BelarusŞərqi Prussiya-Pribaltika. Odun-alovun içindən çıxmış, minlərlə ölüm görmüş bu həlim, humanist insanın o dəhşətlərin içindən sağ-salamat çıxması bir möcüzədir.
1945-ci ilin noyabrında İ.Şıxlı cəbhədən geri dönür. Müharibə bu qalib döyüşçüyə iki şey qazandırmışdı: mərmilər altında möhkəmlənmiş dözüm, mərdlik, kişilik; bir də barıt qoxulu cəbhə gündəlikləri.
İsmayıl Şıxlı Qazaxda bir il müəllimlik etdikdən sonra doğma institutuna gəlir, aspiranturaya daxil olur. Sonralar o, burada müdafiə edir, elmi dərəcə, elmi ad alır, ən əsası isə həyatını sevimli peşəsinə – müəllimliyə həsr edir. Amma o bir gün də olsun yazıçılıq arzusundan əlini üzməmişdi, qələmdən, bədii yaradıcılıqdan ayrılmamışdı – ömrünün son anına qədər də ayrılmadı.
“Ayrılan yollar”, “Dəli Kür”, “Ölən dünyam” kimi romanların müəllifi, xalq yazıçısı İsmayıl Şıxlı həm də bənzərsiz hekayələrilə tanınır. İlk hekayələrini II Dünya müharibəsindən evə döndükdən sonra cəbhə təəssüratlarının təsiri altında isti-isti qələmə almışdı. Qeyd edilməlidir ki, yazıçının çox-şaxəli bədii yaradıcılığında hekayə janrı xüsusi yer tutur.
İsmayıl Şıxlının hekayələri maraqla oxunur, hadisələr uydurma deyil, gerçək həyat materiallarından götürülmüşdür. Yazıçının nə vaxtsa gördüyü, eşitdiyi, yaxud iştirakçısı olduğu əhvalatlardır. Sadəcə, janrın tələblərinə riayət etməklə bədii təxəyyülün süzgəcindən keçirilmişdir.
İri əsərləri ilə bərabər onun hekayələrində də mənəvi-əxlaqi dəyərlər öz əksini tapır. Bu hekayələr mövzu və məramına görə romanları ilə bir yolda inamla addımlayan nümunələrdir, həyat reallıqlarını, insan psixologiyasını əks etdirir. Bunlar özünün dili, üslubu, poetikası ilə seçilən dəyərli sənət nümunələridir.
İsmayıl Şıxlı yazmışdı: “Yazılarımın hamısının əsasında gerçək hadisələr, mövcud insanlar dayanır… “Mənim rəqibim”, “Qızıl ilan”, “Görüş”, “ Namus qaçağı”, ”Təyyarə geçikir“ kimi hekayələr öz həyatımla bağlıdır.
“Mənim rəqibim” hekayəsinin də əsgər şinelli gənc qəhrəmanı İsmayıl Şıxlının özüdür. Müharibədən yenicə qayıtmış bu gənc aspiranturaya imtahan verir. Məlum olur ki, onun rəqibi var və bir yerə iki nəfər iddialıdır. Həmin rəqib isə sonralar məşhur yazıçı olmuş Əzizə Cəfərzadə idi… Rəqibinə sıxıntı gətirə biləcək uğurundan könüllü şəkildə imtina edən İsmayıl Şıxlı əlbəttə ki, aspirantura olaylarından sonra uzun illər yaşayıb-yaradıb və həm həyatda, həm sənətdə möhtəşəm, şərəfli bir yol keçib. Xalq yazıçısı, ictimai xadim, böyük pedaqoq İsmayıl Şıxlı ucaldıqca-ucalıb…
İsmayıl Şıxlı yaradıcılığının əsas istiqamətlərindən biri əfsanə və rəvayətlər əsasında yazdıqlarıdır. O, xalq arasında yayılmış əfsanə və rəvayətləri mövzu kimi seçmiş, bu mövzulara yeni nəfəs vermiş, poetik, oxunaqlı bir formaya salmış, Azərbaycan dilinin, eləcə də söz sənətinin imkanları baxımından işləmişdi. İsmayıl Şıxlı burada xalqdan öyrəndiklərini xalqın özünə qaytarmaqla həm xalqın yazdıqlarını yaşatmış, həm də özünün bədii təxəyyülünü əsl yazıçı səviyyəsində təqdim etməyi bacarmışdı. Bu əfsanə və rəvayətlərin hər birinin adı arxasında dərin fəlsəfə durur. Elə bir həyat fəlsəfəsi ki, hər bir kəsin taleyinin içindən keçir.
Xalq müdrikliyindən qidalanan, elin köksündəki söz zirvələrindən qanadlanan ayrı-ayrı əhvalatlar İsmayıl Şıxlının sənətkar qələmində müasir məzmun kəsb edir, böyük fəlsəfi məna qazanır. “Ruzu” adlı əfsanəsinin qəhrəmanı – allahı axtaran kişi deyir: “Onu harada olsa, axtarıb tapacam və soruşacağam ki, niyə dünyanı başlı-başına buraxıbsan? Görmürsən ki, insaf-mürvət qalmayıb, çapovulçuluqdur, dünyanı dağıdırlar? Ona deyəcəm ki, necə rəva görürsən ki, sənin yolundan çıxmayıb, halal zəhmətlə, halal çörəklə dolananlar zillət çəksin, qarnı dolusu çörək, əyni dolusu paltar tapmasın, amma allah yolundan çıxıb şeytana qulluq edənlərin başından var-dövlət tökülsün. Yoxsa istəyirsən ki, saçımızın, saqqalımızın ağ vaxtında yolumuzu azıb, şeytana qulluq edək?”. Bu sözlərdə İsmayıl Şıxlının bütün qəhrəmanlarının amalına işıq salan, onun öz həyat yolunun yönünü, mənasını göstərən bir güc var. Yazıçı ömrü boyu həqiqət, düzgünlük adlı bir “allahın” axtarışındadır.
İ.Şıxlı vicdanla yaşamış, vicdanı həmişə uca tutmuş bir insan, bir yazıçı olub. Adını kitaba verdiyimiz “Məni itirməyin” əfsanəsini yazıçının gənc nəslə verdiyi mesaj kimi qəbul edirik. “Vicdan köksünü ötürüb üfüqlərə baxdı və titrək səslə dilləndi: – Amanın günüdür, məni itirməyin, itirsəniz, bir də tapa bilməzsiniz”.
Yazıçının əsl ədəbi örnəklərimizə bağlı olan yolu ümid və nikbinlik doğuran bir yoldur. Xalqa görə də, o özü də xalqın gözündə həmişə ucadır. Elin böyük mənəviyyatı kimi aydın və həmişəbahadır.
Elçin ŞıxlıAzərbaycan Jurnalistlər Birliyinin sədri, əməkdar jurnalist
Əfsanələr və rəvayətlər
Məni itirməyin
Dağların zirvəsində dolaşan qara buludlar qəflətən sıxlaşıb ətəyini salladı. Dərələrin, meşələrin üstü ilə üzüaşağı səhralarla yeridi. Əvvəlcə dağların sinəsinə, sonra isə düzənliklərə qaranlıq çökdü. Şiddətli külək xəzəli, toz-torpağı göyə sovurub uğultu ilə çöllərə yaydı. Göy şaqqıldadı, şimşək çaxdı, sellər-sular oyandı. Dəliqanlı dağ çayları köpüklənib yatağından çıxdı, qayalara çırpılıb buruldu, şişib gölləndi və birdən özünə yol açıb səhralara üz tutdu. Aşağılarda, təkəmseyrək gözə dəyən insan məskənlərində haray qopdu, arvad-uşaq daxmalardan bayıra töküldü, mal-qara xalxallardan çaxnaşıb-böyürüşdü, atlar yallarını pırpızlandırıb qulaqlarını şəklədilər, itlər üzlərini göyə tutub zingiltili səslə uzun-uzadı ulaşdı. Hamı bildi ki, fəlakət var, göylərdən bəla gəlir.
Müdrik qocalar uğultunun yaxınlaşdığını hiss edib əl-ayağa düşdülər:
‒ Atların cidarını açın!
‒ Mal-qaranı təpələrə haylayın!
‒ İtləri zəncirdən buraxın!
‒ Özünüz də təpələrə qaçın!
Analar körpələrini dallarına şələlədilər, uşaqlar əl-ələ yapışdılar, təpələrə, dikdirlərə üz tutdular. Əllər göylərin ənginliklərinə doğru uzanıb imdad istədi:
‒ Allah, sən saxla!
‒ Ey yeri, göyü yaradan, sən özün kömək ol!
‒ Bizə rəhmin gəlsin, ey gözəgörünməz!
Elə bil göy də inildədi. Onun iniltisi dalğa-dalğa yayılıb aşağılara, səhra ilə qaçan atların arxasınca üfüqlərə doğru getdi.
Sel dağlardan bürüb-büküb gətirdiyi qayaları ətrafa fırlatdı, daxmaları, evləri ağzına götürdü. Dik-dirə qalxanlar gördülər ki, bir anda hər yeri su basdı.
Göy yenidən şaqqıldadı. Elə bil səma ortadan buz kimi çatlayıb qırıldı və əyri-üyrü yarıqların arasından göz qamaşdıran od püskürdü. Bu odlu zolağın bir ucu yerə sancılıb xeyli titrədi. Ətrafdakı hənirtidən qarsalandılar. Nə isə çatırdadı, alov qarışıq tüstü göyə ucaldı.
Təpəyə pənah gətirənlər alışan üfüqlərə baxdılar… Meşələr od tutmuşdu, çatırtıdan qulaq batırdı, alov ərşə dirənmişdi.
‒ Allah, sən saxla, başımıza göydən od yağdırma. Səhra ləpəsiz, dalğasız, sakit və sonsuz bir dənizə dönmüşdü. Uğultu indi üfüqlərdən gəlirdi. Suyun üzündə qaraltılar görünürdü. Qarış-qarış suya batan təpənin zirvəsinə toplaşanlar titrəşirdilər. Qocalar dua edir, uşaqlar analarının ətəyindən yapışıb matdım-matdım baxırdılar. Saçı üzünə dağılmış bir qadın təpənin ən uca yerində dayanmışdı. Onun yaşı qurumuş gözləri sonsuzluqlara dirənmişdi, dodaqları titrəyirdi.
Birdən fışıltı qopdu. Meşələrdən yeriyib gələn alov suya hücum çəkdi. Su qəzəblənib paqqıldadı, alovun üstünə atıldı, əlbəyaxa oldular. Elə bu vaxt göy gurultusundan da dəhşətli, zəhmli, amiranə bir səs eşidildi:
‒ Dayanın!
Bu səs şaqqıldadı, əks-səda verə-verə üfüqə doğru gedən selin dalınca yayıldı, alovda qovrulan meşənin üstündən keçdi. Hər şey diksinib dayandı. Sel də, su da, od-alov da bir anlığa sakitləşdi.
‒ Sən kimsən?
‒ Mən vicdanam!
Ləpələr bir-birinə dəyib şappıldadı: “Vicdan, vicdan”. Od tutub alışan meşədəki ağaclar çatırdadı: “Vicdan, vicdan”. Səslər əks-səda verdi, qol-qanad açdı və kainatın hər yerindən eşidildi: “Vicdan, vicdan”. Bu sözlər müdrik qocaları toxtatdı, elə bil əyilib onların qulaqlarına pıçıldadılar: “Qorxmayın”. Bu səs ilıq bir nəfəsə dönüb uşaqların göz yaşını qurutdu, diz çöküb göylərdən imdad istəyən qadınların qolundan tutub ayağa qaldırdı. Ətrafdakı uğultu azaldı.
Birdən su çalxalandı, qabarıb hirslə təpəyə yerimək istədi. Od da çatırdayıb alovlandı. Vicdanın göy şaqqıltısından da güclü səsi yenidən eşidildi.
‒ Geri çəkilin!!!
‒ Yolumuzu kəsmə!
‒ Kəsəcəyəm.
‒ Niyə?
‒ Çünki yolunuzu azmısınız.
Od alovlandı. Çatırdayıb, şaqqıldayıb qəhqəhə çəkdi.
‒ Yoxsa bizə düz yol göstərmək istəyirsən, ey vicdan?
‒ Bəli! Sən dünyaya yandırıb-yaxmağa, sən də, ey su, uçurub dağıtmağa gəlməyibsən. Bilin və yadınızda saxlayın: dünyaya gələn yaratmalı, yaradanlara kömək etməlidir.
Vicdan əlini havaya qaldırıb, selləmə suların basdığı çöllərdən o yandakı üfüqləri aşan, günəşin istisindən qovrulub qarsalanmış, sinəsi cadar-cadar bəhrəsiz boz çölləri göstərdi və başa saldı ki, sən həzin zümzüməli, şırıltılı çaylara, çeşmələrə dönməlisən, şehli, ətirli nəfəsinlə torpağın sinəsinə yaşıl xalı sərməlisən, güldən, çiçəkdən ona naxış vurmalısan. Elə etməlisən ki, insanlar səni axtarıb tapsınlar, sənin izinə düşüb vadidə məskən salsınlar. Qızmar yay günlərində, çeşmə başında bəslədiyin şah çinarın kölgəsində oturub sənə rəhmət oxusunlar.
Su vicdana qulaq asdı. Sakitcə çalxalandı. Əl-ayağını yığıb üfüqdən geri çəkildi. Dinməz-söyləməz dəstələnib öz yatağına yığışdı. Suyun altında qalmış insan məskənləri üzə çıxdı. Hürküdülmüş heyvanlar, üfüqlərə qədər baş alıb gedən yel qanadlı atlar geri qayıtdılar. Təpənin zirvəsinə pənah gətirənlər sevinclərindən ağlaya-ağlaya aşağı endilər. Ancaq yolun ortasında dayandılar. Hər yan lillənmişdi.
‒ Niyə dayanmısan? ‒ deyə vicdan çaşıb qalmış odu səslədi. Tez ol, bataqlığı qurut, daxmalarda ocaq qala, soyuqdan titrəşənləri öz nəfəsinlə isit!
Od hərəkətə gəldi. Azacıq sonra daxmaların bacalarından tüstü qalxdı, həyətdəki ocaqlar çatırdadı.
İnsanlar məskənlərinə qayıtdılar. Odun ətrafına toplaşdılar. Müdrik qocaların səsi eşidildi:
‒ Rəhmət düzənə, lənət pozana.
…O gündən od, su və vicdan yoldaş oldular. Əllərində əsa, ayaqlarında polad çarıq, başlarında dəmir dəbilqə dünyanı dolaşdılar. Sonsuz səhralara su verdilər, şaxtalı, boranlı diyarlara istilik gətirdilər. Harada insan gördülər, dayandılar, onların məskən saldıqları yerləri suladılar, evlərində ocaq qaladılar, ürəklərə sevinc gətirdilər, bütün dünyanı sevinclə doldurdular. İndi isə yorulmuşdular. İşləri də azalmışdı. Bir azca dincəlmək istəyirdilər.
Uca bir dağın döşündə dayandılar. Qarşıdakı sonsuz üfüqlərə baxdılar. Ayrılmaq vaxtı idi. Vicdan əlini dostlarının çiyninə qoyub soruşdu:
‒ İşdir, birdən bir-birimizi itirsək, necə tapışa-cağıq?
Su gülə-gülə dilləndi:
‒ Harada çəmənlik, yaşıllıq görsəniz, məni orada axtarın.
Od dedi:
‒ Harada ocaq, bacalardan burulub çıxan tüstü görsəniz, bilin ki, oradayam. Bəs səni itirsək, necə tapaq, ay vicdan?
Vicdan köksünü ötürüb üfüqlərə baxdı və titrək səslə dilləndi:
‒ Amanın günüdür, məni itirməyin, itirsəniz, bir də tapa bilməzsiniz.
Bepul matn qismi tugad.