Kitobni o'qish: «Qəbiristan»
1
Gündüzlər günəşi, gecələr ayı, ulduzları əks etdirən, lal axınlı, enli arxın günbatanında, meşə tərəfində iki cərgə ağ daş kotteclərdən ibarət, tək küçəli Sudüşən qəsəbəsindən, bir nömrəli evdən çıxıb arxın solunda altı metr hündürlüyü ilə məşhur olan Əmirlilər mülkünə doğru qaçan Mariyanın arxasınca iki güllə atıldı. Mariyanın sol döşü üstündə başı ağ çit çəkili körpənin – çağanın başında çiti qırmızı boyayıb tökülən qan bir anda yeri – boz otluğu da al qana batırdı. Anası isə arxası üstə həmin al qanın üstünə döşənəndə Əmirlilər mülkündən də şaqqaşaq güllələr açıldı. Azacıq sükutdan sonra polis kapitanı – “Səmi” adlandırılan Səməd oğlu Əmirli açıq qapıdan həyətə atılıb, o yanda qızaran otluqda, meyitin yanında diz çökdü, sinəsindəki Kalaşnikov avtomatından bir nömrəli evlə tən üzbəüz fasadı ağaran iki nömrəli evin pəncərələrini deşik-deşik, xınc-mınc elədi. Sonra oyan-buyana baxınıb, köməkçisi “Pyanska Şöşü” ləqəbli Şövkət Tahirlini yanında görüb xırıltı ilə soruşdu:
– Hardan atdılar? – Sualın cavabı aydın olduğuna görə düşmən qəsəbə önündə çox da ağlamayıb, meyiti körpə balası ilə birlikdə qucağına qaldırıb, səndələyə-səndələyə evə apardı, sifətdən ən gözəl rus gözəllərindən də gözəl, bədəncə nəhəng, amma olduqca sim-metrik arvadı ilə ilk körpəsini taxtın üstünə endirib, dikəlib, avtomatı çiyninə keçirib, Mariyanın əli ilə ütülənmiş göyümtül ipək dəsmalla gözlərini, yanaqlarını sildi, qəddini düzəltdi.
Ev başdan-ayağa, qadınlı-kişili, camaatla dolmuşdu. Yoğun, tök-mərək Xəlvət Rəhim Qudalı ağır-ağır irəli yeridi, pencəyinin döş cibindən ovcu dolusu dollar çıxarıb körpənin bələyinin döşünə saldı.
– Yazıqlar!.. Heyf Mariyadan!.. Yaxşı dəfn elə, qara mərmərdən götürtdür üstünü. Əlimizdən nə gələr daha, ay oğul!.. Prokuro-rumuznan özüm danışaram, bədbəxtlərin qanını yerdə qoymasın. Mariyada gözü olan cavan çoxuydu bu üç para kənddə, bizim qəsəbədə. Tapılacaq qatil! E…
– Belə, bir sicilləmə danışıb camaatın ara-sına çəkildi, çünki bu ara qapının arxasından qulağına səslər dəyirdi: “Erməni donuzu xəlvət olammaz daha. Açılışır yavaş-yavaş. Niyə də qorxsun? İyirmi yanvar təkcə Bakını yox, elə kəndi-kəsəyi də sındırdı, qollarımız düşdü yanımıza. Hökumətimiz özü bunların tərəfində, başda Elçibəynən bir yerdə! Kim deyər kimin “elçisidi”?! Nazirləri küncdə-bucaqda, hərcmərclikdə, hərəsi bir batalyon, bir polk qoşun yığıb dörd yanına özünü, varyoxunu qoruyur. Elə bu erməniləri söyürlər, erməninin qabağınca gəlib Bakının küçə, meydanlarında yatışan tankların lülələrinə gül taxırlar! Elə bil heç bu tanklar boyamadılar qızıl qana Bakını!..” Bu sözləri Xəlvət qapıdan o yana deyirdi, Sudüşənə doğru meyillənə-meyillənə, ağır, çox patronlu naqanının qoburunu açıq saxlayıb, köhnə, təcrübəli silah adamı kimi özünü saymazyana tuturdu. Özünü kürəkəni Qrand Nəcəfə çatdırmağa: “Ay mart, deyəsən, axı, bu qanı tez tökdük bir az?” – demək istəyirdi. Nəcəf isə qayınatasının xəyalında qara qaya kimi dayanıb gülürdü: “Müsəlmanın sonrakı ağlı. Deyirlər bunların o tərifli Nəriman Nərimanovu da bizimkiləri qardaş sayırmış. “Bahadır və Sona” romanını oxumuş olsaydın, o Nəriman elə doğrudan da erməniynən müsəlmanın qardaşlığını istəyirmiş! Lap ayılacaqlar bu yaxınlarda gülləmizin qabağında. Cəmisi neçə il ke-çib biz müsəlmanı dağlardan asta-asta bəri itələdiyimizdən, a qayınata? O qırx səkkizinci il, bu da doxsanıncı il, cəmisi eləyir qırx il, hələ də baş açmırlar görəsən bu nə həngamədi, birdən-birə mitinq-zad başlandı. Bakının Lenin meydanında! inan, a qayınata, bax, bu camaatdan biri də qanmır ki, bütün Azərbaycan fasfarağat durduğu yerdəcə o saqqallı gədə, Nemətdi nədi, niyə tribunaya qalxdı ki, biz rus zülmündən azad olmalıyıq!” Onun dalıyca Elçibəy bar-bar bağırdı.
Şairləri Bəxtiyar Vahabzadə, Sabir Rüstəmxanlı, Xəlil Rza, – birdimi, beşdimi?!
Qrand Nəcəf hər gün danışdığı bu “meydan əhvalatını” indi də qayınatasının xəyalında danışır, susmaq bilmirdi. “Camaat qoyun sürüsü təki tökülürdü o meydana, a qayınata! Heç fikirləşən də yoxdu ki, rus ordusu budu ha, Bakının Salyanski kazarmasında!.. Mən açıq danışırdım ey, ay qayınata, gülürdüm, açıqca deyirdim: “Mı perestrelyayem vas vsex. Azərbaycan isçeznet, vmesta Azərbaycana mı, sozdadim Velikuyu Armeniyu – ot morya do morya” inanan yoxdu, a kişi!..” Bu cür xəyali danışıq arasında birdən Xəlvət, Səminin çəkmələrinin tanış, iti addım səslərini eşitdi. Səmi pulu bələyin döşündən çıxartmışdı, Xəlvətin geri çevrildiyini görən kimi qaramtul, göyümtül, zəhmli dollar dəstəsini onun üzünə şappıldatdı. Əli tətikdə idi. Amma indi xeyli ayılmışdı; dəlilsiz- sübutsuz öldürmək istəmədi.
– Rədd ol burdan, gözüm görməsin səni! – dedi.
Səminin anası, Səməd Əmirlinin arvadı, el arasında Torksin Diniş çağrılan da min doqquz yüz səksən səkkizinci ilin dekabrında, üç yaşlı körpəsi “Midi” çağrılan Mədədin əli əlində Sudüşəndən, bacılığı, rəfiqəsi Mariyagildən çıxıb Əmirlilər mülkünə gedəndə eynilə bu cür, yəni Mariya kimi iki güllə ilə arxadan vurulmuşdu. Bəs uşağı – Midini nə əcəb sağ qoymuşdular? Deyirdilər: “Sirri var bunun, yəqin bir gün açılar. “Qocamanımız” (yəni rayonun əslən laçınlı prokuroru) bilir hər şeyi, amma əli daş altdadı, dillənəmmir hələ” – deyirdilər. İndi o beş yaşlı körpə, yenidən yetim qalmış kimi, taxtın ayaq tərəfində büzüşüb sızıldayırdı. Bu sızıltıdan başqa içəridə tək-tək pıçıltılar eşidilirdi:
– Qırx səkkizdəki, əllidəkitək olacaq, ay camaat, deyəsən, axı, çox əl-ayaq açıb erməni!
Son vaxtlar “erməni” söhbəti düşəndə, camaatın yığın yerlərində söz-söhbət uzanıb siyasi-ictimai, milli məsələlərə çıxırdı.
– Vaxt vardı, kartofa möhtacdı erməni. İl on iki ay qoltuğumuza qısılırdılar: “Kirvəcan! Kirvəcan!..” Bəziləri millətini də danır-dı: “Biz da ela sızdanıx dana, a kirvə, dilimiz ayrılıb, əmbə özümüz, sir-sifətimiz ela sızdanıx da!” indi ayrı cür danışır erməni. Gedin Qrand Nəcəfə qulaq asın, səhərdən axşamacan gülür bizə! “Millət deyilsiniz, ay müsəlmanlar” – deyir.
– Bizim Qonaqlının adı niyə Qonaqlıdı? Biz özümüz beşbir-onbir gətirməmişikmi bunları?.. “Müsəlmanıq” deyirdik özümüzə. Elə onda da gülürdü erməni. “Əşi, müsəlmanlıq dindi, etiqaddı, ay küt qonaqlılar. Millətiniz nədi? Millətiniz! Direktor Ələsgər müəllim deyirdi: “Bizi İraqdan – ƏrAğdan qova-qova, sürə-sürə buralara səpələyiblər. Əslimin adı gurultuludu: Od Orləri! Yəni OdƏrik. Dilimizə də OdƏr dili demişik. Sonra – Müsəlman milləti! Tfu! insan belə azır bax!..”
Qonaqlılar duruxurdular. “Bəs, Stalin yoldaş bizə niyə deyib ki, vı ne turki, vı azerbaydjansı?” Ələsgər müəllim nazik boynunu aşağı sallayıb: “Məni xataya salacaqsınız axırda. “Türk” nədi, “Osmanlı” nədi, ay yazıqlar?! Qreknən, Ərəblərnən, Asorularnan vuruşa-vuruşa, bölük-bölük olublar, Afrikaya, Orta Asiyaya nə bilim, Avropaya!.. OdƏr-dilər, OdƏr! Bilin bunu…
* * *
Bakının bu yaxınlara qədər Lenin meydanı, indi isə “Azadlıq meydanı” adlanan genişliyində bəstəboy, ağbəniz bir oğlan – əsl adını ən yaxın qohumlarından başqa heç kəs bilməyən, “Pünhan” ləqəbli jurnalist gah köhnə hökumət evinin divarları səmtində, dünən rus tanklarının saldığı tırtıl izlərinə, gah da orda-burda asfaltın çuxurlarında qaralıb daşlaşmış qan ləkələrinə baxa-baxa gəzinir, ötüb keçmiş “Azadlıq hərəkatı” deyilən qələbəlikdən qalan kağız-kuğaz, qəzet cırıqlarını təpikləyə-təpikləyə elə bil nə isə axtarırdı. İri, biçimli, yaşıla çalan gözlərində hərdən nəm parıldayırdı, nəmdən saçaqlanan işıq içində bir çiyni silahlı adamın qaraltısını görüb, xırp dayandı: Gördüyü adam Səmi idi. Bunlar hər ikisi Arazın bu tayında Əmirli familiyası, o tayda isə farsın dilində “Zərdüşt” şəklində mənasız sözə çevrilmiş Ulu Bağ SarOdƏsin Pəhləvi atəşgahlarında Qrek legionlarından, farslardan, Ərəblərdən gizlənmədiyi zamandan, yəni OdƏr, həm də EvəRey – “Yevrey” şəklində müxtəlif cür çağırılan xalqa qarşı iki yüz illik müharibənin axırından – 802-ci ildən qalmış Muğlar, Mağlar da deyilən nəhəng xalqın səcdəgahı ƏsƏlmən (Solomon – Süleyman) padşah təbəələrinin, SafAğ Elmi – kainat Elmi daşıyıcılarının nümayəndələrindən idilər: – “Səmi” çağırılan Səməd oğlu Əmirli və Pünhan Əmirli.
Pünhan ovucunda ovuşdurduğu bloknotla qələmi paltosunun yan cibinə soxub, nə qədər yorğun-üzgün olsa da, Səmim ehtirasla, məhəbbətlə qucaqladı.
– Sən… Sən burda neynirsən?!
Səmi dedi – General AdıPünhan çağırıb. Qarboçovun hiyləsini bilirəm.
Pünhanın gözlərində kütlük donmuşdu.
– Bu paltar nədi əynində? Kalaşnikov nədi?! Sən hara, polis hara?!
Səminin qalın, cod dodaqları titrədi. Mariyanın və körpənin vurulduğundan sonra paraliçdən (“şok” da deyirdilər) bir neçə gün taxtda, gah da həyətdə sürünə-sürünə qalmışdı, ayağa qalxıb, beli əyili yeriyəndə dodaqları tez-tez titrəyirdi.
– Belə oldu, – dedi.
– Niyə axı? Universitet, aspirantura və birdən-birə polis kapitanı. Muğannalardan alim olmayan varmı?! Sən yəni tərk elədin elmi?
Səmi astadan, bir zaman atasının dediyi sözü təkrar etdi:
– Tüpürdüm! Aspiranturaya da tüpürmüşəm.
Pünhan bir xeyli sarsıntılı susdu.
– Sənin bu tayda otuz iki Muğanlı, Muğan kəndin var, hamısı gözünü bizə dikib. O tayda, ƏrAğda Muğannanın kitabını yayıblar. Türkiyədə Muğlar vilayəti hələ heç nə bilmir Muğannalar barədə. Sənin gör nə qədər işin var, Səmi. Alimsən sən! AdıPünhan generalımız dastanlarımızın şərhini sənə tapşırıb, “Koroğlu”nun, “Dədə Qorqud”un şərhini verməlisən camaata.
Səminin dodaqları titrədi:
– Yox! – dedi.
Və bu qısa “yox” cavabı elə kəskin səsləndi ki, Pünhan istər-istəməz əlacsızlıqla köksünü ötürdü:
– Heyif… AdıPünhan məni bura göndərəndə deməmişdi ki, Səmini görəcəksən orda. Bilsəydim belə olacaq, heç gəlməzdim… Heyf səndən, Səmi.
Səmi canında üzüntü hiss etdi. Xudahafisləşmədən, ağır-ağır dönüb uzaqlaşdı. Axşamısı kənddə – Qonaqlıda idi.
* * *
Əmirlilər mülkündən xeyli aralıdan, ot tayalarının diblərindən qəribə fısıltı, xırıltı eşidilirdi. Səmi maşını həyətdə qoyub tayalar tərəfə yüyürdü. Sudüşənin “Gombullar” deyilən, gödək-gödək batalyonçuları ilə Yetimlər məhləsinin cavanları, hamısı nəşə çəkməkdən yarıyumulu gözlərlə süpürləşir, yumruqlaşırdılar. Səmi aralığa girməyə, savaşanları aralamağa çalışanda, bu tərəflərdə artıq adi şeyə çevrilmiş güllə səsləndi. Heç beş dəqiqə çəkmədi ki, Yetimlərdən azı on-on ikisinin qanı bir-birinə qarışıb, Orta yolun çökəklərinə doldu. Səminin əli Kalaşnikovun çaxmağına uzanırdı, amma beli tamam bükülmüşdü. Üzüüstə düşdüyünü, sürünə-sürünə həyətə nə vaxt çatdığını bilmədi. Midi elektrik dirəyinin dibində quruyub qalmışdı. Körpənin gözündən yaş axıtmaqdan başqa bir iş görməyə gücü çatmadı. Sonra Səmi:
– Yorğan… yastıq gətir, – deyib ağrıdan batmış səslə sızıltılı sözlər dedi. Bir az sonra Midi nəinki yastıq, yorğan-döşək də gətirmişdi, ambulatoriyaya yüyürüb Səminin gürcü dostu doktoru da çağırmışdı. Yorğan-döşəyi içəri apardılar. Səmi özü yenə sürünə-sürünə gedib taxta qalxdı.
Bu vaxt, qədim BağOdeydə yalnız Muğannalara və Əlyazmaları fondunda işləyən falsifıkator-lara məlum olan “Midiya” – “Maday” – Bağday (BağOdEy) ölkəsində hər şeyi görən, eşidən AdıPünhana məlum idi ki, illər ötdükdən sonra Midinin altı yaşının tamamında Xızr Aba ilə Çürük Aşıq səhərə qədər oxuyandan sonra əvvəlcə Çürük, sonra Xızr dünyalarını dəyişmişdilər. Divarın “Muzey” adlanan divarında xalçanın üstündə indi üç saz asılı qalmışdı: Çürüyün, Xızrın, bir də Səminin atası Mədəd Əmirlinin. Mülk sükuta batmışdı. Bu sükutun səbəbi mərhumlardan əlavə, həmin vaxtlar dünyanı çaxnaşdıran hadisələrlə bağlı idisə, bir də nəslin son nümayəndəsi Midinin Qonaqlı ilə Sudüşən arasında açdığı dar bir cığırla bağlı idi. Cığır, üzü Sudüşən çəməninə baxan o hündür, uzun Əmirli mülkünün kandarından, həyətin tapdanmış qurulu-ğundan, arx körpüsündən, su quyusunun yanından keçib çəmənliyə çıxırdı, bozara-bozara uzanıb Sudüşən qəsəbəsinin başlanğıcında betona dirənənə qədər gedirdi. Midini “Sivilizasiya” zamanının, başqa sözlə, Avropa ilə əlaqənin başlandığı vaxtlar “Paket” adlı hazır “bələk”də, o kottec evlə, yəni o vaxtlar raykom katibi, indiki icra başçısı Məsim Qonaqlının heç cür boşaya bilmədiyi Gülbəniz – Gül xalasının evi ilə Əmirli mülkünün arasında qucaqda aparıb, qucaqda da gətirərdilər. Sonra əlindən tutub apardılar, əlindən tutub gətirdilər. Sonra cığırda özününkündən başqa ayaq izi azaldı.
Bunun səbəbləri vardı.
Birinci səbəb budur ki, Gül xalanın dediyi kimi, “Midi daha yekə kişidi, bir-iki ildən sonra qız-gəlinin dallarıycan baxacaq. Canımda can qalsa, bəlkə elə xalasının dalına da baxacaq”. “Gül xala “blatnoy”-latayır danışan arvaddı. Sudüşən cavanlarının dilində “blatnaya staruxa”, “ne stareyuşşaya baba”. Amma məsələ, əlbəttə, “blatnoy”luqda deyildi; altı yaşında uşaq, boyu nə qədər “xırca” – gödək qalsa da, əlbəttə, daha əlindən tutulannardan deyildi; cığırla tək gedib, tək də gəlirdi. Beş yaşından məktəbdə bir ay oxuyub, sinifdəki uşaqların hamısı ilə “karate” oynayıb, döyübdalaşıb, bir kəlmə “Pissiniz!” – deyib gəlib, daha getmirdi. Elə o vaxtdan – təkləndiyi gündən əlləri şalvarının ciblərində, Gül xalanın dediyi kimi “Allah babanın yanında olan” dədəsi ilə nənəsini görmək üçün əksər vaxtlarda göyə baxa-baxa, ağır-ağır yeriyəndə büdrəyib yıxılırdı. Amma ayağa qalxanda yenə də göyə baxa-baxa gəzirdi axşama yaxın, toranlıq vaxtlarda isə həyətdəki boz elektrik dirəyinin dibində oturub Səminin yolunu gözləyirdi. Hətta Cırımağız Möcüz: “Gedək, qarmon çalaq” – deyəndə də cığıra – Sudüşənə meyillənmirdi: “Gül xalam sənə erməni deyir.
Erməni pisdi”, – deyirdi. Beləliklə, həmişə tək, tək, tək…
İkinci səbəb bu idi ki, min doqquz yüz səksən səkkizinci ilin yanvarından “KPSS-in generalnı sekretarı” Qorbaçovun dildən düşməyən “Perestroyka”sı Bakıda heyrətli bir çaxnaşma, Səminin sözü ilə desək, “komediya” yaratmışdı. Və, necə deyərlər, Allahın özü də bilmirdi ki, “masterski yazılmış” bu komediya “Meydan hərəkatı” adlanan bu “qarışqa yuvası”nın komandiri Vatikan Allahı Paveldi, onun müavini isə nə qədər ciddi adam olsa da, Qorbaçovdu. (Səmi onu “Qorb” adlandırırdı, Paveli isə “Qvazimodo” adlandırırdı). Və hələ heç kəsin xəbəri yoxdu ki, bu “Qorb”la “Qvazimodo”nun “Meydan hərəkatı” bu altı yaşlı uşağın ətrafında tufan kimi qaynaya-qaynaya Səmini günlərlə Bakıya aparırdı.
Kolxozdan “gəlir”-“dolanma” olmadığına görə əhalisinin əksəriyyəti Bakıya, Gəncəyə, Sumqayıta, Abşerona köçmüş Ortayolun sağsolundakı baxımsız evlərin çoxu uçub-dağılmış, Qonaqlıdan və bu kəndin əksinə, kəndin ətraflarından iyirmi-otuz hektarlarla torpaq alıb, qəribə anlaşılmazlıqla bir-ikicə ildə varlanmış gur, şən qəsəbədən valideyinlər, çəmənlikdə ağ daş divarları ağaran uşaq bağçasından uşaqlarını götürməyə gedəndə Midi ciddi görkəmlə addımlaya-addımlaya hökmən oraya gedib, biri-birindən körpə “bacı”larını bircə-bircə qucağına alıb analarına verir, sonra Sudüşən qəsəbəsində Cırımağız Möcüz deyilən qarmonçunun “Möcüzə” ansamblının məşq elədiyi geniş, işıqlı foyedə gah Cırımağızın özünün qarmonunu “zırıldadır”, gah sazçalan Əlinin sazını “dınqıldadırdı”. Amma vaxtilə məktəbdə olduğu kimi, “Möcüzə” ansambılının uşaqlarından kim isə “əl vurma”, “dəymə”, “çalma” deyəndə onlara da “pissiniz!” – deyib çıxıb, yenə də əlləri şalvarın ciblərində, xaşal qarnını irəli verib, möhkəm sinəsini qabardıb, əkə-pikə kişi ağırlığı ilə həyətə gəlir, balkonun altında, divarların yuxarılarında bozaran köhnə qaranquş yuvalarında nə vaxtsa, lap körpəlikdə gördüyü, sonra daha görmədiyi qaranquşların yuvalarına tamaşa eləyirdi. Sonra həyətin qurtaracağındakı boz elektrik dirəyinin dibində dayanıb, Ortayoldan keçənlərə baxa-baxa Səmi əminin evə qayıtmasını gözləyirdi. Səmi vaxtında qayıdanda gödək qaraltı dirəyin dibində sağ əlini hazır saxlayırdı ki, əmisi əlini onun əlinə şappıldatsın. “Kefin necədi, Midi kişi?” – deyəndə, “Kefin yaxşı olsun, a Səmi-səmi” desin. Qorbun mitinqlər təşkilinin ardınca tankla, raketlə qırğın hiyləsi, yəni guya Azərbaycanın SSRI-dən ayrılmaq cəhdindən sonra Səmi öz dəstəsi ilə Qarabağ döyüşlərində iştirakına görə aldığı medalını çıxarıb, guya gülləkeçməz olan paltarını geyinib, bel ağrısını kütləşdirən enli, qalın kəmərini sıx çəkib, “naryada gedib” bəzən qaranlıqda qayıdanda da Midini elektrik dirəyinin dibində görürdü: Şapp! “Kefin necədi, Midi kişi?” Şapp! “Kefin yaxşı olsun, a Səmi-səmi!” Bundan sonra Əmirli mülkünün böyründə “artırma” deyilən uzun, dəhlizvari otaqda yuyunub, əl-üzlərini silib, “zala keçib” stolun arxasında səliqə-sahmanla üz-üzə oturub gözləyirdilər ki, Gül xala qəsəbədəki bir nömrəli evdən, bir əlində “Amerika sumka-sında”, yəni bazarlar üçün buraxılan selofan torbada xörək qazanı, çörək, göyərti, salat, o biri əlində çay termosu, gəlib, “Axşamınız xeyir, mənim əzizlərim “deyəndə, Səmi ilə birlikdə o da Axşamın xeyir, Gül xala” desin. Yeyib-içib, Gül xalanın dediyi kimi, “televizorun qabağında mürgüləşəndə” “Bu nəyciyəz, nağılcığaz, hər kəs evinə dağılcığaz” deyib ayağa qalxırdılar. Səmi hökmən zalın yuxarı başındakı balaca stoldan o yandakı iki tünd palıdı tərəcədə parıldaşan zər cildli kitablardan – “Sovet ensiklopediyasından” birini götürüb, elə orda – stolun böyründə üstü xalçalı nazik taxtda uzanıb, lampasını yandıranda Gül xala əks tərəfdə, “kamin”in – buxarının sağ-solundakı taxtları “döşəyir”, yəni yorğan-döşək salır, öz taxtının baş tərəfindəki portretin – “viski” içən topasaqqal portretin – yazıçı Heminqueyin tumbanın üstündəki kitablarından birini açıb, “dirsəklənirdi”. Bu o deməkdi ki, Midi də öz tumbasının üstündəki bir-birindən qalın, “çox bahalı”, şəkilli nağıl kitablarından birini götürüb, açıb “dirsəklənməli” idi. Vay o gündən ki, Səm-səmi şair polispyanska Şöşü – Şövkət Tahir əmi ilə Şüşəli pavilyonda araq içib evə “çox pis içkili” gəlsin. Gül xala hökmən hirslənib: “Ayıb olsun! – deyəndə Midi də hökmən “Ayıb olsun, a Səm-səmi” – deyib, kitabını qoltuğuna vururdu.
Kottecdə – “Bir nömrəli evdə”, lap xırdaca bir otaqda, darıxdırıcı qırmızı abajurlu lampa işığında gecə yarıdan keçənə qədər yatmayıb, Əmirli mülkünün gur işıqlı nəhəng pəncərələrinə və yenə də göyə baxa-baxa qalırdı. Bu “göyə baxmağ”ın sirrin AdıPünhan general Məhərrəmov – “Məhər əmi” də bilirdi. Hərdən axşamlar Bakıdan Əmirli mülkünə gələndə Səmi ilə “pıçapıç” söhbətdən sonra Midi kişi ilə də hökmən söhbət edirdi: “Bax, bu əyri-üyrü yerlərin arası indi guya bizim Azərbaycandı, bu əyri-üyrü cızın arası da guya Ermənistandı. Bax, indi bu cızların arasında Ermənistanı yekələndirmək istəyirlər. Biz də çalışırıq vuruşaq onlarla, olmur. Çünki dövlətimizin rəhbər işlərinə xaricdən pis adamlar toplaşıblar. Dədən də, anan da, bax, o ulduzlardan görürlər hər şeyi. Bir də görəcəksən gəliblər! Mən də, Səmi də onların gəlməyini gözləyirik… Uçan gəmiləri var dədəngilin” və sair. Cəbhədə ermənilər rusların köməyilə irəliləyəndə isə Məhərrəm əmi hey susub Midini darıxdırırdı. Belə vaxtlarda Gül xala “Yatmaq, yatmaq, yatmaq” – desə də, yalnız Midi hərdən mülkdə sonra da kottecdə – pəncərənin qabağında mürgüləyəndən sonra Gül xala yaxınlaşıb “gəl qucaqlaşaq” deyirdi və Midi tabe olub qucaqlaşırdı. Səhər isə “gündoğanda” qalxıb, paltarını geyinib gedib, “artırma”da “Sabahın xeyir, a Səm-səmi!” – deyib, eynilə Səmi kimi tələsmədən “xarta-xart” yuyunub, qurulanıb, çala keçirdi ki, yeyib-içəndən sonra “Uğur olsun, a Səm-səmi!” – desin.
Midi kişinin qaş-qabağı yalnıç o vaxt açılırdı ki, axşamlar Səmi ilə Şövkət Tahir – Şöşü əmi ilə birlikdə polis əmilər də Əmirli mülkünə gəlib, Şöşü əminin manqala düzdüyü kabab şişlərini “dişlərinə çəkə-çəkə” “Nemes pivəsi” içməyə başlayanda “Pinqvin təki yeriyən” “Möcüz qaqaş” – “Cırımağız Möcüz”də hökmən orda olurdu. Belə hallarda Midi, Məhərrəm Əminin tez-tez titrəyən qıçını sığallaya-sığallaya ondan bir an ayrılmırdı. Bəzən isə mülkün “muzey” adlanan tərəfində ağ saqqalı Məhəmməd Əmirin, elə o cür ağsaqqal Ağ Əmir, Boz Əmir babaların, Sultan baba ilə sədr Mədəd babanın, Səməd əmi ilə Mədəd dədənin, Sura nənənin, Torksin ananın şəkillərinin yanında asılmış üç sazdan birini – mərhum Çürük aşığın qara cürəsini “sinəsinə basıb”, “hər mahnıya bir şirvan” ala-ala oxuyurdu. Xalça salınanda, mütəkkə qoyulanda və Məhər əmi o mütəkkənin üstündə ağzını dikinə tutub “trubka” tüstülədəndə “Cırımağız” da peyda olurdu. Lap “pinqvin təki” elə gombul idi ki, cürə sazı qarnının üstündə tuturdu. Bu iyirmi yaşlı “pinqvin” Xəlvət Rəhimin “ət torbaları” nəticələrindən idi.
Buna görə də əmilər onu sevmirdilər. Şöşü əmi isə heç xoşlamırdı. “Ət torbası törəməsi gəldi!” – deyirdi. Məhər əmi orda olanda isə Cırımağızın “saz meydanı” başlanırdı. Gözəl işlərdən biri də bu idi ki, Məhər əmi Bakıdan gələn vaxtlar birdən Cırımağız qəfildən peyda olub “sazın-sözün sehri gəldi!” – deyib oxumağa başlayardı.
Bu dünya bərbad kimidir,
Yar-yoldaşım yad kimidir,
Can-ciyərim od kimidir,
Alovlanıram, yanıram.
Tənhalıqdan bezaram,
Odur ki, şeir yazıram.
Qələmim külüngümdür,
İnsana gor qazıram.
Birdəncə məlum olmuşdu ki, şeirlərin hamısı Şöşü əminindi; piyan olanda Cırımağız onun bloknotlarını oğurlayır və Məhər əmi Bakıdan gələndə onun keyfini açır. Bu vaxt Məhər əmi trubkası ağzında “hm, hm” güləndə Midinin də keyfi açılırdı. Amma hərdən, birdən-birə tutulurdu.
Bu, onun “dərdi” idi.
Polis əmilərin dediklərinə görə, “Aşıq Kamandarın özüydü bu Cırımağız”. Kamandar öz maşınında gəlib Əmirli mülkündə gumbur-gumbur çalıb-oxuyanda Səmi pivə qutusu əlində mərhum Əmirlilərin şəkillərinin qabağında necə səssizcə ağlayırdısa, Cırımağız Möcüzün çalıb-oxumağından da eləcə ağlayırdı və Midi də hökmən eləcə, səssizcə ağlayırdı. Səhərə yaxın Səmi Cırımağızın cibinə pul qoyub öpəndə, Midi də hökmən əlini qaldırıb Möcüzün boynunu əyib üzündən öpürdü: “Sağ ol, a Cırımağız. Mən səni çox istəyirəm, a Cırımağız” – deyəndə də Səmi əmini ağlamaq tuturdu, Gül xalaya: “Bunun təkliyi öldürəcək məni” – deyib, Cırımağızın cibinə əlavə pul qoyurdu ki, məktəbdən, məşqdən başı açılanda gəlib Midiyə də qarmon, saz çalmaq öyrətsin. Möcüzün yırğalana-yırğalana, tərləyə-tərləyə gəlib “mərhum Çürük aşığın qara cürəsini” Midinin boynundan, “mərhum Xızr Abının sazını” isə öz boynundan asmağı da dirək dibində əl şappıldatmaq qədər gözəl işlərdəndi. Bundan başqa bir-iki gözəl işlər oldu: bir yaz axşamı o boz yuvalar qaranquşlarla doldu və Midi onların civiltilərinə qulaq asa-asa tamaşa elədi. Amma hardasa, lap yaxında çoxlu güllə atılanda qaranquşlar qorxub uçub getdilər.
Sonralar bir dəfə də olsun və Midi daha qaranquşları görmədi. Səmi əmi deyirdi: “inşallah, gələcəklər qaranquşlarımız”. Amma boz yuvalar elə boş qalmışdı. Midi hər axşam yuvalara baxıb ağlayırdı. Gözü “mərhum Mədəd Əmirli”nin, yəni atasının nəhəng sazında idi; həsrətlə, səbrsizliklə gözləyirdi ki, qolları uzansın, “mərhum Mədəd Əmirli”nin sazını qucağına sığışdıra bilsin, ya da dədə özü, nəhayət, o uzaq ulduzdan, “Allah babanın yanından” qayıdıb özü çalsın.
Bu, əlbəttə, gözəl iş olardı.
Bunlar illərlə təkrar olunub qanun şəklinə düşmüş şeylərdi. Xüsusən general Məhərrəmov – “Məhər əmi” gəlib “pıçapıç” danışıb gedəndən sonra, səhərisi gün Səmi Kalaşnikov avtomatı çiynində, tapançası qoynunda, Sudüşənə gedib orada kimlərə isə nə isə qışqıra-qışqıra “xəbərdarlıq edirəm!” – deyəndə, deyildiyi kimi, vəziyyət dəyişirdi, “Velikaya Armeniya fəlakəti” başlanırdı. Səminin tez-tez təkrar etdiyi başqa cür sözlər – “kin-fəlakət” nə deməkdi? Midi, əlbəttə, bilmirdi.
Midi bir də Sudüşənin arvadlarının, gəlinlərinin, qızlarının onu nə üçün xoşlamadıqlarını heç cür başa düşmürdü. Orta yolla Qonaqlının gündoğamndakı çətənəlik, “güllük” adlandırdıqları əkinlərə gedəndə və əkinlərdən qayıdanda elektrik dirəyinin dibinə pis baxırdılar və elə vaxt olmurdu ki, sözsüz-söhbətsiz keçsinlər.
– Duruşuna bax!
– Gözü elə göydədi, Səm-səmisi təki yerdəkiləri bəyənmir çatdamış, göydəkilərini gözləyir!
– Ədə, ey! Əlini cibindən çıxart!.. “Pissiniz!”, “Pissiniz!” Sözünə bax dili yanmışın! Əmirlilərdən savayı insan yoxmuş bu eldə-obada! Gözlə, qayıdacaqlar gorbagorların!
– Dədən səni qandırar ki, biz lap çoxdan erməni zad deyilik, qaynayıb-qarışmışıq. Bə nə? Adımız sizdən, gəlinlərimiz, nəvələrimiz də çoxu sizdən. Səm-səmiyə də qandırmaq lazımdı. Olsun elə “velikaya armeniya” vətəndaşı. Hə, bə nə? Belə yaxşıdı. Yoxsa, bu nədi, biriniz “türk” deyirsiniz özünüzə, biriniz “azərbaycanlı”, yəni yəhudi! Qan! Eşit, qan, bala! Siz ki, elə hamınız uşaqlıqdan alimsiniz!