Faqat Litresda o'qing

Kitobni fayl sifatida yuklab bo'lmaydi, lekin bizning ilovamizda yoki veb-saytda onlayn o'qilishi mumkin.

Kitobni o'qish: «İran inqilabı və azadlıq hərəkatları»

Shrift:
 
Nə yatmısan, qoca vulkan, səninləyəm!
Ayağa dur, Azərbaycan, səninləyəm!
Səndən qeyri biz hər şeyi bölə billik!
Səndən qeyri biz hamımız ölə billik!
 
Məmməd Araz


Bu kitabımı İran inqilabı və azadlıq hərəkatları uğrunda canlarından keçən, adları bilinən və bilinməyən əziz şəhidlərə və hazırda İranda şahənşah Məhəmməd Rzanınzindanlarında inləyən azadlıq əsgərlərinə ithaf edirəm.

Hüseyn Baykara

Kitab Şuşada tanınmış və şərəfli yol keçmiş Şirinbəylilər nəslinin nümayəndələrinə ithaf olunur


Milli istiqlal nəzəriyyəçisi Hüseyn Baykara

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ölkəmizdə müstəqil dövlətçilik ideyasının formalaşması, həyata keçirilməsi, yaşadılması və yenidən bərpa olunsmasının bir əsrlik tarixi salnaməsinin böyük bir dövrünün yekunudur. Doğrudur, Azərbaycanda istiqlal ideyası XIX əsrdən etibarən müxtəlif formada ifadə olunmuşdu. Lakin XX əsrin əvvəllərində baş vermiş böyük ictimai-siyasi hadisələr azadlıq arzusunu real milli istiqlal uğrunda mübarizə formasına gətirib çıxarmışdır.

Bütün türk-müsəlman dünyasında birinci müstəqil dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti azadlıq ideyasının arzudan gerçəkliyə çevrilməsinin real nümunəsidir. Qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizdə dövlət müstəqilliyinin bünövrəsidir. Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlətçilik tariximizdəki roluna yüksək qiymət vermişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd ounması haqqında Sərəncamı dövlət müstəqilliyi ənənələrinə verilmiş yüksək siyasi qiymətin ifadəsi olmaqla bərabər, həm də ölkəmizdə müstəqil dövlətin daha da inkişaf etdirilib möhkəmləndirilməsi üçün keçilmiş yolun dərindən təhlil edilib dəyərləndirilməsinə, ibrətamiz dərslərinin öyrənilməsinə, istiqlal mücahidlərinin xatirəsinə ehtiram göstərilməsinə işıq salan mühüm əhəmiyyətə malik sənəddir.

Tərcümeyi-hal göstəricilərinə görə Hüseyn Baykara (1904-1984) Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olmasa da, müstəqil dövlətçiliyimizin tarixində şərəfli yer tutmuş bu tarixi hadisənin tərəfdarlarından və təəssübkeşlərindən biri kimi tanınmışdır. Gənc yaşlarında ikən istiqlalçı baxışları ilə diqqəti cəlb edən bu vətənpərvər Azərbaycan ziyalısı Türkiyədə siyasi mühacirətdə yaşamış, vətənpərvər bir azərbaycanlı olaraq milli istiqlal sevdasını həmişə uca tutmuş və təbliğ etmişdir. İstanbul Universitetində mükəmməl hüquq təhsili almış Hüseyn Baykara Azərbaycan Xalq Cümhuriyyətinin və onun qurucularının fəaliyyətini siyasi-hüquqi cəhətdən təhlil edib sistemli şəkildə dəyərləndirmişdir. O, Azərbaycan siyasi mühacirətinin nəzəriyyəçi qolunu təmsil etmiş, milli istiqlalçılığa dair baxışlar sisteminin formalaşdırılması yollarında fədakarlıqla xidmət göstərmişdir. Bu mənada Hüseyn Baykara milli dövlətçiliyin tarixini və nəzəriyyəsini dərindən mənimsəyib öyrənmiş tanınmış mühacir Azərbaycan ziyalısıdır. O, ölkədə və mühacirətdə ilk dəfə olaraq Azərbaycan milli istiqlalçılarının elmi təsnifatını vermişdir. Hüseyn Baykarının müəyyən etdiyi siyasi istiqlal nəzəriyyəsi milli istiqlala gələn yolların geniş cəbhəsinin aydın surətdə dərk olunmasına işıq salır. Onun XX əsrin əvvəllərindəki azadlıq hərəkatının müxtəlif qütbləri haqqındakı baxışları mükəmməl siyasi-elmi təsnifatdır. Hüseyn Baykaranın Əhməd Ağaoğlunun islamçı, Əlibəy Hüseynzadənin türkçü-turançı, Məmməd Əmin Rəsulzadənin sosial-demokrat, Əlimərdan bəy Topçubaşovun liberal-demokrat olmalarına dair mülahizələri istiqlal mübarizəsinin çoxqütblü inkişafının mükəmməl bir modelidir. Eyni zamanda o, milli istiqlal ideyasının ümmətçilikdən – milliyyətçiliyə və azərbaycançılığa doğru təkamül proseslərinin də obyektiv siyasi təsnifatını yaratmışdır. Bu fikirlər öz dövrü üçün yeni olduğu kimi, bu gün üçün də aktual və əhəmiyyətlidir. Azərbaycan milli istiqlalının tarixi inkişaf yolunun mahiyyətini dərindən dərk və şərh etmək baxımından Hüseyn Baykaranın baxışları müasir dövrdə də diqqəti cəlb edən əhəmiyyətli nəzəri qənaətlərdir.

Siyasi istiqlal düşüncəsi ilə istiqlalçı ədəbiyyatın qarşılıqlı üzvi əlaqəsi haqqında da Hüseyn Baykaranın baxışları obyektiv və cəlbedicidir. Onun fikrincə milli azadlıq hərəkatında ədəbi hərəkat siyasi mübarizəyə dəstək verərək onu tamamlamış və daha da inkişaf etməsinə ciddi təsir göstərmişdir. Hüseyn Baykaranın XX əsrin əvvəllərindəki ədəbi hərəkatı realizm və romantizm cəbhələri üzrə təsnif etməsi elmi cəhətdən obyektiv qənaətləri ifadə edir. Ədəbiyyatda romantizmi və realist cəbhəni təmsil edənlərin fərqli mövqelərini müəyyən etmək baxımından da Hüseyn Baykaranın mülahizələri əsaslı və inandırıcıdır: “Romantiklər cəmiyyətin yaralarını sağaltmağa çalışırdılar. Realistlər isə cəmiyyətin yarasına doğrudan-doğruya neştərlər batırır və axan irini təmizləyərək cəmiyyətin yaralarını sağaltmaq üçün çalışırdılar”. O, haqlı olaraq Azərbaycan yazıçı və şairlərinin öz əsərlərində xalqın milli azadlıq arzusunu, istiqlal ideyalarını həyata keçirmək uğrunda mübarizəni irəli aparan millət qəhrəmanlarını tərənnüm etməsini milli istiqlala əsl xidmət kimi qiymətləndirmişdir.

Hüseyn Baykara siyasi baxışlarına görə milli istiqlalçı, idealı etibarilə azərbaycançı idi. O, azərbaycançılığın kamil bir ideoloqu olmuş, həyatının sonuna qədər bu ideala sadiq qalmışdır. Hüseyn Baykaranın əsərləri müasir dövrdə müstəqil dövlətçilik və azərbaycançılıq ideyalarına sədaqət düşüncəsini daha da dərinləşdirib möhkəmləndirən tarixi-nəzəri irs kimi qiymətli mənbələrdir. Bu əsərlər Azərbaycan milli istiqlalının tarixi dərslərini və nəzəri təcrübəsini yeni nəsillərə çatdırmaq və milli dövlətçilik düşüncəsi aşılamaq baxımından da müasir səslənir.

Təqdim olunan kitab Azərbaycan Xalq Cümhuriyyətindən müstəqil Azərbaycan Respublikasına qədər keçirilmiş şərəfli yolun məsuliyyətli və ibrətamiz dərslərini diqqət mərkəzinə çəkmək və daha böyük gələcəyə işıq salmaq baxımından xüsusi aktuallığa malikdir.

İsa HƏBİBBƏYLİ
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik 3 dekabr 2017-ci il

İran xalqlarının azadlıq hərəkatlarından danışan kitab

Hüseyn Baykaranın oxuculara təqdim olunan “İran inqilabları və azadlıq hərəkatları” (İstanbul, 1978) adlı kitabı İranda İslam inqilabı ərəfəsində (1978-ci ilin mart ayı) yazılmışdır. Yazılmasından, təqribən, 40 il keçməsinə baxmayaraq, bu əsər öz siyasi dəyərini və aktuallığını saxlamışdır. Əsərin vətəndən uzaq düşmüş, lakin bütöv Azərbaycan istəyi ilə bir dissident tərəfindən yazıldığını və son illərdə bu mövzuda çoxsaylı elmi konfranslar, kitab və məqalənin onun tədqiqat imkanlarından kənarda qalmasını nəzərə alsaq, mövcud mənbələrlə bu insanın çox iş gördüyünü etiraf etməliyik.

Hüseyn Baykaranın bu kitabında XX əsrin əvvəllərindən başlayaraq 1978-1979-cu illərdə İranda şahlıq rejiminin devrilməsinə kimi olan bir dövrdə xronoloji ardıcıllıqla bu ölkədə baş verən inqilablar barədə məlumat verilir, onların məram və məqsədi, forma və məzmunu, hərəkətverici qüvvələri, xalqa və cəmiyyətə xidmətinin nəticələri məntiq çərçivəsində oxucular üçün şərh edilir və təqdim olunur.

H.Baykaranın bu kitabı yazmaqda məqsədi qeyd olunan dövrdə İranda sözügedən tarixi hadisələrin dərin tədqiqi və analizini aparmaq olmamışdır. Onun əsas məqsədi regionda yaşayan və eyni soykökdən olan Türkiyə, İran və Azərbaycan türklərinin milli-azadlıq hərəkatlarında olan oxşar xüsusiyyətləri, xüsusilə də milli zəmində olan istəklərini ortaya qoymaqla bu oxşar milli zəmin üzərində onları Qərbin, Amerikanın və Rusiyanın regionda istismar, zülm və işğalçılıq siyasətinə qarşı milli birliyə və bütövlüyə, qarşılıqlı anlaşma və birgə hərəkət xətti seçib hazırlamağa çağırış olmuşdur.

Onu da qeyd etmək lazımdır ki, Türkiyə və orada yaşayan soydaşlarımız üçün H.Baykaranın bu kitabının böyük maarifçilik əhəmiyyəti olmuş və bu gün də vardır. Türkiyədə bu gün də İranın inzibati-ərazi bölgüsü, əhalisinin milli tərkibi və məskunlaşdıqları ərazilər, milli münasibətlər və istəklər, milli zəmində baş verən hadisələr, bu ölkənin tarixi, iqtisadi-ictimai, mədəni-ədəbi durumu və inkişafı, xüsusilə də türklərin bu ölkənin xalq təsərrüfatında və idarəçilik sistemində, orduda çəkisi barədə məlumatları çox azdır və ya bəsitdir. H.Baykara sözügedən əsərinə yazdığı ön sözdə bu barədə yazır: “Uzun sərhəddi ilə Türkiyəyə qonşu olan bir İran dövləti, bir də İran xalqları var. Şahənşah Məhəmməd Rza tərəfindən idarə olunan bu ölkə dünya üçün bir qapalı qutu kimidir. …Bu səbəbdəndir ki, bir türk ziyalısı İran haqqında heç nə bilmir. Yenə də bu səbəbdəndir ki, İrandan söz açılanda bir türk ziyalısı İranı köhnədənqalma Qərb-Şərq anlayışı çərçivəsində dəyərləndirərək ağzına gələni danışır”. Kitabın yazılışında istifadə olunmuş ədəbiyyat siyahısı göstərir ki, müəllif ancaq 1978-ci il İran inqilabına qədər mövcud olmuş mənbə və ədəbiyyatlardan faydalanaraq bu kitabı yazmışdır.

Kitaba yazdığı “Ön söz”də də müəllif etiraf edir ki, kitabı yazmağa başladığı zaman çox çətinlik çəkəcəyini bilmişdir. Belə ki, müəllif İran inqilabı haqqında qələmə alınmış çox mükəmməl və gözəl əsərlərin mövcudluğunu qeyd etməklə etiraf edir ki, əsəri yazdığı zaman Türkiyədə onları əldə etmək onun üçün çox çətin olmuşdur.

Bu baxımdan kitabda toxunulmuş məsələləri indiki baxımdan təkmil, hərtərəfli, geniş səpkili, sanballı bir iş kimi qiymətləndirmək mümkünsüz bir işdir. Məlum olduğu kimi, sovetlərin devrilməsi və XX əsrin 70-ci illərində İrandakı durumun dəyişməsi ilə bağlı müəllifin bu kitabda toxunduğu məsələlərə aid hazırda çoxsaylı kitablar, məqalələr, sənədlər, xatirələr və s. işıq üzü görmüş, dəyərli əsərlər yazılmışdır.

Əslində bu kitabın çapı və təbliği region ölkələri, xüsusilə Türkiyə, İran və Azərbaycan türklərinin bir-biri barədə daha geniş və ətraflı məlumat əldə etmələri, bir-birini daha dərindən tanımaları və bu zəmin əsasında hərtərəfli qarşılıqlı iqtisadi-ticarət və eyni zamanda mədəni-ədəbi əlaqələr qurmağa təşviq olunmaları baxımından çox əhəmiyyətli bir vəsaitdir.

“İran İnqilabının inanc qaynaqları” bölümündə İran inqilabının başlıca ideoloji qaynağı olan İslam dininin şiəlik qolundan danışan H.Baykara İmam Hüseynlə Yezid arasında baş vermiş fikir ayrılığını diqqətə çəkir və buradaca siyasi bir təsnifatı ortaya qoyur, onu müasir mühitə tətbiq etməyə səy göstərir. Belə ki, müəllif adıgedən kitabında Peyğəmbərdən sonra xəlifə Əbu Bəkr, Ömər, Osman, Əli və İmam Hüseynin hakimiyyətinin xalqçılığa, demokratiyaya söykəndiyi fikrini irəli sürür və qeyd edir ki, İslamda bu zamana kimi soy-qəbilə üstünlüyü, əsilzadəlik ideyası yox idi. Lakin bundan sonra İmam Hüseyn və məsləkdaşları üzərində qələbə qazanaraq onları qətlə yetirən Yezid mənsub olduğu Üməyyə ailəsinin əsilzadəliyini, üstünlüyünü iddia etmiş, yaxın qohumlara böyük vəzifələr vermiş atası Muaviyənin yolunu gedərək öz hakimiyyətini də istibdad və zülm metodları ilə davam etdirmiş, öz ailə və nəslinin üstünlüyünü digər ərəb qəbilələrinə də qəbul etdirmişdir.

İslamdakı bu iki mövqeyi qarşılaşdıran H.Baykara bu gün İranda birincinin, yəni xalqçılıq və demokratiyanın deyil, sonuncunun – əsilzadəliyin və sülalə üstünlüyünün hakimiyyətin əsas ideoloji qaynağı olduğunu ortaya qoyur. Belə ki, o “İranda babilik hərəkatı” bölməsində ortaya qoyduğu mövqeyini bu cür təsdiqlyir: “İranda hakim təbəqə dövlət məmurları, cahil, xeyir güdən mollalar və axundlar idi. Belə ki, hakimiyyət şah və onun sarayı da daxil olmaqla ruhani deyilən bu xain qrupun əlində oyuncaq olmaqdan başqa bir şey deyildi. Digər tərəfdən də azadlıq, mal və can toxunulmazlığı adına hər cürə haqq və hüquq problemləri ayaqlar altında əzilməkdəydi. Belə bir vəziyyətdən narahat olan İran xalqı Tanrıya sığınaraq, axır zaman peyğəmbəri, “Mehdi”ni gözləyirdilər. Çünki başqa bir yolları yox idi və belə anlarda insan övladına hökmən bir təsəlli mənbəyi lazım olur … Ortalıqda nə İslamın təmiz əxlaq qaydaları, nə də İranda qanun deyə bir şey qalmışdı.”

“İranda babilik hərəkatı” bölümü də məhz müəllifin “İran İnqilabının inanc qaynaqları” barədə tezislərini açıqlamaq məntiqi ilə ortaya qoyulmuş və demək olar ki, kitabın ən maraqli bölmələrdən biridir. Müəllif bu bölümdə İranda Babilik hərəkatı, onun yaranma səbəbləri, mahiyyəti və xurafata, ədalətsizliyə və zorakılığa qarşı mahiyyətinin çox sadə və anlaşıqlı olan elmi bir səpkidə verilmişdir. Müəllif XIX əsrin ortalarında yaranmış babilik hərəkatını sonrakı illərdə baş vermiş hərəkatların başlanğıc nöqtəsi kimi qeyd etməkdə haqlıdır. Babilik hərəkatı rejimin və xurafatçıların zorakılığı ilə yatırılsa da, bu hərəkat ölkədə haqq və ədalət uğrunda başlamış xalq hərəkatları üçün milli oyanış ab-havası gətirmiş oldu. Bu oyanışın nəticəsində İranda Mirzə Mülküm xan və dostları tərəfindən yaradılmış ilk siyasi partiyalar – "Adəmiyyət cəmiyyəti", 1892-ci ildə yaradılan "İttihadi-İslam" (öncəki adı "Hövzeyi-bidaran" olmuşdur), görkəmli din və elm xadimi Şeyx Cəmaləddin Əfqaninin başçılığı ilə yaradılmış siyasi təşkilatlar sonrakı xalq hərəkatları üçün istiqamətverici qüvvələr olmuşlar. Əsərdə xalqa və onun hərəkatlarına yol göstərən yenilikçi Mirzə Mülküm xan və Şeyx Cəmaləddin Əfqaniyə və onların məsləkdaşlarına xüsusi bir ehtiramla münasibət bildirilir. Sonrakı illərdə müxtəlif adlarla yaradılmış “əncümənlər” bu liderlərin təlimat və ideyalarından faydalanmışlar.

Kitabda maraqlı bölmələrdən biri də Quzey Azərbaycandakı siyasi proseslərin və şəxsiyyətlərin Güney Azərbaycandakı xalq hərəkatlarına göstərdiyi təsir barədədir. Bu əsərdə Mirzə Kazım bəyin, Abbasqulu Ağa Bakıxanovun, Mirzə Fətəli Axundzadənin və digər elm, maarif və ədəbi xadimlərin yazı və fikirlərindəki inqilabi və novatorçu meyllərin böyük önəm kəsb etdiyini qeyd edir.

Kitabın “İran yaylası” adlı bölümündə müəllif qarşıya qoyduğu məqsədinə sadiq qalaraq bu ölkənin inzibati-ərazi bölgüsü və etno-demoqrafik mənzərəsi barədə oxucularına çox yığcam, aydın bir dildə, eyni zamanda da sadə və anlaşıqlı bir strukturda məlumat verir. Müəllif ölkənin “İran” adlanmasına da toxunaraq qeyd edir ki, “bugünkü İran dövlətinin yerləşdiyi torpaq hissəsi coğrafiya anlamında İran yaylası adlanan yaylanın tam yarısını təşkil edir”. İrandakı dil ailələrindən bəhs edən H.Baykara yazır: “İanda aşağıdakı dillər danışılır: fars, türkcənin azəri (Azərbaycan nəzərdə tutulur – S.B.) ləhcəsi, kürd, lor, bəluc, Gümüştəpədə Türküstan sərhəddi boyunca Xorasanın şimalına qədər türkmənlərin yaşadığı bölgədə türkmən ləhcəsi, qaşqaylar, bəxtiyarilər, tatlar bölgəsində türkcə, Bəsrə körfəzi sahillərində ərəb dili”. Bunun ardınca müəllif sözügedən kitabında İrandakı ayrı-ayrı vilayətlər, onların adları və coğrafi mövqeyi barədə məlumat verir. “Azərbaycan” adlı bölmədə müəllif İranın şimal-qərbində yerləşən çox gözəl bir vilayət, onun Səhənd və Savalan kimi vüqarlı dağ silsilələri, Urmiya gölü, ən böyük şəhəri olan Təbriz və əhalisinin sayı barədə oxucusuna tarixi rəqəmlərə söykənən məlumatları təqdim edir.

“İran əhalisi” bölümündə bu ölkənin etno-demoqrafik mənzərəsini oxucusuna təqdim edən müəllif onun içərisində türklərin çəkisi və durumunu xüsusi vurğulayır və bu barədə bunları yazır: “Beş il əvvəl həyata keçirilən siyahıyaalmaya görə, İranın əhalisi 36000000 təşkil edirdi. Əhalinin 36 faizi Azərbaycan türkləri, 8 faizi kürdlər, 3 faizi yörüklərdir (bəxtiyarilər, qaşqay qəbilələri). Bəluclar, lorlar 3%, erməni və yəhudilər 2% olub, yerdə qalan millətlər farslardır”. Bunun ardınca H.Baykara əsərində xüsusi olaraq vurğulayır: “Ciddi bir statistikaya görə, farslar 40-42% civarındadırlar.1

Kitabda Güney Azərbaycandakı xalq hərəkatının milli zəmini, bu zəmində istibdadla demokratik milli qüvvələrin qarşı-qarşıya dayanması və son hesabda şahlıq rejiminin geri çəkilməsi, ölkənin Konstitusiyalı monarxiya quruluşuna çevrilməsi sadə dildə, xronoloji ardıcıllıqla təsvir olunur. Məhəmmədəli şahın hakimiyyəti illərində istibdadın tüğyan etməsi, hətta Məclisin topa tutulması, vətənsevər insanların təqib və edamlara məhkum edilməsi əslində ölkədə xalq hərəkatı partlayışına səbəb kimi göstərilir. Məşrutə hərəkatı, Təbriz üsyanı və hərəkatda xalq qəhrəmanlarının şücaət və basılmazlığı faktlarla qeyd olunur. Əsrin əvvəlindəki xalq hərəkatında milli qəhrəman Səttar xanın, Bağır xanın və onlarla bir səngərdə igidliklə vuruşmuş insanlar haqqında xoş niyyətli sətirlər oxucuda qürur hissi yardır. Məşrutə hərəkatından əvvəlki dövrdə Sərdari Milli Səttar xanın həyatı, onun xalq hərəkatının başcılığına qədər keçdiyi yol və onun Məşrutə hərəkatındakı rolu inandırıcı faktlar əsasında təsvir olunur. Onun əfsanəvi qəhrəmanlığının təkcə İranda yox, xarici ölkələrdə də məşhurlaşdığı qeyd olunur. Əsərdə Səttar xanın silahdaşlarından Bağır xana, Əli Müsyöya, Hacı Medi Küzəkonaniyə, Hüseyn xan Bağbana, Məlik-əlMütəllimə, Şeyx Səlimə xüsusi yer verilir və onların cəsarət və qəhrəmanlıqları müəllif tərəfindən dönə-dönə qeyd edilir.

Əsərdə Birinci Dünya müharibəsi dövründə İranın, o cümlədən Güney Azərbaycanın sosial-siyasi durumu, Gilandakı siyasi hadisələr, 1921-ci il 21 fevral dövlət çevrilişi, Sovet-İran əlaqələri, Heydər xan Əmoğlunun həyatı və mübarizə yolu, Şeyx Məhəmməd Xiyabani hərəkatı və onun mahiyyəti, “Azadistan” dövləti, Ş.M.Xiyabaninin həyati və polkovnik Məhəmməd Tağı xan Pesyanın başçılıq etmiş olduğu üsyan barədə müəllifin fikirləri öz əksini tapmışdır.

H.Baykara “İran inqilabları və azadlıq hərəkatları” adlı bu kitabında son 1978-1979-cu illər böhranına və bunun nəticəsində baş verən xalq çıxışlarına gətirib çıxaran səbəbləri və bu sırada da Pəhləvilər sülaləsinin hakimiyyət dövründə hakim dairələrin hyata keçirdiyi istismarçı, anti-demokratik, millətçi-şovinist siyasətin mahiyyətini açıqlamağa çalışmışdır. Bu məsələlərə aydınlıq gətirməyə çalışan müəllif Məhəmməd Rza şah dövrünün iqtisadi siyasətinə toxunaraq qeyd edir ki, neftdən gələn milyardlarla gəlirin böyük bir hissəsi mövcud iqtidarın qorunması üçün yaradılmış modern ordunun təchizatına və saxlanılmasına sərf olunur.

Qısa şəkildə olsa da müəllif yazısında 21 Azər hərəkatına, Azərbaycan demokrat Firqəsinə və onun rəhbəri S.C.Pişəvəriyə xüsusi yer ayırmışdır. İndiyə kimi, istər İran, istər Qərb, istərsə Amerika və son 25 ildə formalaşan Rusiya tarixşünaslığında, hətta Azərbaycan tarixşünaslığında belə bəzi tədqiqatçıların araşdırmalarında inkar olunur. Bu mövqedə duranlara Hüseyn Baykaranın 1978-ci ildə İstanbulda çap etdirdiyi “İran inqilabları və azadlıq hərəkatları” adlı kitabında tutarlı cavablar verilir.

H.Baykara əlində olan ədəbiyyat əsasında 21 Azər hərəkatının mahiyyətini və Milli Hökumətin bir illik fəaliyyəti dövründə Güney Azərbaycandakı sosial-siyasi, iqtisadi-mədəni tədbirlərdən bəhs etmiş, cənubi azərbaycanlıların milli şüurunun formalaşmasında əsas və son mərhələni təşkil edən “21 Azər” hərəkatının təbiimüqəddəm şərtləri, onun İranda son 100 ildə baş verən milli-azadlıq və milli-demokratik hərəkatların məntiqi davamı olmasını siyasi və ideoloji baxımdan əsaslandır bilmişdir. Müəllifin bu əsərində Azərbaycandakı xalq hərəkatının (19545-1946) məğlubiyyət səbəblərini, bu məğlubiyyətdə sovetlərin Pişəvəri hökumətinə etdikləri xəyanəti, şahənşah dövlətinə ABŞ və İngiltərənin göstərdiyi hərtərəfli yardım haqqında faktlar və reallıqlar ortaya gətirilir və oxucu bunlarla tanış olur.

“21 Azər” hadisələrindən sonra Məhəmməd Rza şah tərəfindən yaradılmış terror rejiminin mahiyyətini oxucusuna anlatmağa çalışan müəllif qeyd edir ki, İran ordusu daha da gücləndirildi və modernləşdirildi. Büdcənin böyük bir hissəsi isə İranda müasir texnologiyaya söykənən ağır sənaye yaratmaq adı altında Qərb və Amerika dövlətlərinin xəzinələrinə köçürülürdü.

Kənd təsərrüfatına gəlincə isə kitabın müəllifi bu sahədə vəziyyətin daha acınacaqlı olduğunu qeyd edir və “Pəhləvilər” başlıqlı bölümdə şahın ən böyük torpaq sahibi olduğu və bu torpaqları zorla feodal torpaq sahiblərindən alıb zəbt etdiyi qeyd olunur.2

Müəllif bu əsərində son İran inqilabı ərəfəsində (1978) xalqın güzəranının son dərəcə pisləşdiyini qeyd edərək yazır: “ …həyat yüzdə 30 nisbətində bahalaşmışdı. İcarə haqları bir ildə orta hesabla 50 faiz artmışdı. … İldə 18 milyard dollara başa gələn idxalat neft gəlirini silib süpürür, ayrıca xarici ödəmə sahəsində müvazinətin pozulmasına gətirib çıxarırdı. …Buraya bürokratik ləngimələri, israf və qanunsuzluqları da əlavə etmək olar.”

Şahdan İranda müstəqillik və azadlıq, Konstitusiyanın bərpası və Parlamentin sərbəst seçkilər əsasında formalaşmasını, İran xalqlarının hər birinə öz ana dilində məktəb, mətbuat, idarəetmə, neftdən gələn milli gəlirin əyalətlərin inkişafı, insanların maddi rifahı və güzaranını yaxşılaşması üçün müvafiq şəkildə bölünməsini, bir sözlə insan haqlarına aid olan haqq və hüquqları tələb edən azadixah qüvvələr, mübarizlər istibdadın zindanlarına atılır, sürgün və ya edam olunurdular. Qərb dünyasında “İnsan haqları” ilə məşğul olan beynəlxalq təşkilatların hesablamalarına görə, Məhəmməd Rza şahın zindanlarında 20-30 min nəfər arasında siyasi məhbus var idi.

Kitabında İran şahlıq rejiminin mahiyyətini son dərəcə açıq bir şəkildə, tarixi faktlarla açıb ortaya qoyan H.Baykara oxucusuna sadə bir dildə bunları bəyan edir: “İran şahı 25 may 1975-ci il tarixində 1905-1911-ci illərdə Səttarxan, Bağırxan və silahdaşlarının İran xalqlarının azadlığı uğrunda axıdılmış qanlar bahasına əldə etdikləri Konstitusiyanı bir fərmanla ləğv etmiş, mütləq və müstəbid olan öz qanlı üsul idarəsini yaratmışdı. Şah istədiyi zaman parlamenti buraxır və yeni seçkilər təyin edirdi. Parlamentə seçiləcək deputatların siyahısı öncədən şah tərəfindən təsdiqlənməli idi. Senatdakı 60 yerə 30 senat şah tərəfindən təyin edilirdi. Nazirlərin hamısı şah qarşısında məsuliyyət daşıyırdı. Baş naziri təyin və azad etmək səlahiyyəti yalnız şaha aid idi. Əslində onun yaratdığı dövlət forması şahlıq üsul idarəsi idi”.

Kitabın sonunda Məhəmməd Müsəddiq və Pəhləvilər sülaləsi haqqında yığcam məlumat verirlir. H.Bay-kara 1978-1979-cu illər inqilabına gətirib çıxaran səbəbləri, İngilis-İran neftinin milliləşdirilməsi uğrunda M.Müsəddiqin timsalında milli burjuaziyanın mübarizəsi və rolunu, onun təbii istəklərini, cəmiyyətdəki əsas vəzifələrini, XX əsrin 60-cı illərindəki torpaq islahatlarını, onun əsl mahiyyətini, 70-ci illərin terror rejiminin yerli xalqlara, xüsusilə qeyri-fars xalqlara qarşı həyata keçirilən iqtisadi və milli zülm siyasətini və bunun müqabilində yerli irtica və xarici imperializmin istismar və işğalçılıq siyasətinə qarşı milli-demokratik və azadlıq hərəkatlarını xronoloji ardıcıllıqla oxucusuna izah edir, həmin hərəkatların hərəkətverici qüvvələri içərisində Azərbaycan türklərinin çəkisi, yeri və rolu barədə məntiqi mülahizələrini də məharətlə sərgiləyir. İranda Konstitusiyalı monarxiya quruluşunun yaranmasında (Məşrutənin əldə olunmasında) Azərbaycan və onun xalqının rolunu təkzibolunmaz tarixi dəlillər əsasında ortaya qoyur.

Beləliklə də, H.Baykara kitabında İran cəmiyyətində, onun iqtisadi-ictimai və hərbi quruluşunda, 60-cı illərin torpaq islahatlarında, iqtisadi inkişaf planlarında baş vermiş əyintiləri, neqativ halları açıb göstərməklə 1978-1979-cu illər inqilabına, 55 illik Pəhləvilər rejiminin dağılmasına gətirib çıxaran səbəbləri və yolları xronoloji və məntiqi ardıcıllıqla açıb göstərməyə müvəffəq olmuşdur.

Oxuculara təqdim olunan bu yazıları elmi-publisist oçerk kimi qiymətləndirmək olar. Yazıda toxunulan məsələlər Türkiyədə İrandakı olaylardan tam xəbərsiz olan oxucular və eləcə də Güneylə bağlı biliklər əldə etmək istəyən gənc nəslin nümayəndələri üçün maraqlı, faydalı və gərəklidir. Bu baxımdan mərhum alimimiz Hüseyn Baykaranın məqalələr toplusundan ibarət bu kitabı oxucular üçün maraqlı və faydalı ola bilər. Bunu nəzərə alıb biz onun kitabının işıq üzü görməsini faydalı sayırıq.

Səməd Bayramzadə,
dosent, tarix üzrə fəlsəfə doktoru, AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri
Əkrəm Rəhimli (Bije),
iqtisad üzrə fəlsəf doktoru, AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçi
1.Bu barədə ətraflı bax: Nəsibzadə N.L. İranda Azərbaycan məsələsi (XX əsrin 60-70-ci illəri), Bakı, “Ay-ulduz” nəşriyyatı, 1997, s.70-71
2.Rza şahın həyatını qələmə alan havadarlarından birinin verdiyi 15 məlumata görə, ölərkən onun 1,5 milyon hektar torpaq sahəsi həcmində var-dövləti olmuşdur. Bu barədə bax: Donald Wilber. Reza shah Pahlavi, Princeton, Exposition press, 1975, pp.243-244