Faqat Litresda o'qing

Kitobni fayl sifatida yuklab bo'lmaydi, lekin bizning ilovamizda yoki veb-saytda onlayn o'qilishi mumkin.

Kitobni o'qish: «Cəbhədən cəbhəyə »

Shrift:

H Ə S Ə N S E Y İ D B Ə Y L İ

CƏHBƏDƏN

CƏBHƏYƏ

roman

1

Aysız, ulduzsuz gecə… qaranlığa alışmamış gözlər heç bir şey görmür. Yer, göy nəfəsini dərib susur elə bil boy-nunda qorxulu bir sirr gizləştmişdir… Bura haradır? Sonsuz bir səhra, zirvəsi qaranlıq buludlara baş vurmuş uca dağ, yaxud da kimsəsiz ada… zülmət qaranlığı qılınc kimi kəsən parovoz fitinin sədası ətrafa yayılır. Elə bil lap yaxında, ayrı-ayrı yollarda dayanmış vaqonları dartıb bir cərgəyə yığır, yoldəyişdirənin zurnası parovozun fiti ilə işgüzar söhbət edir: “gəl”, “dayan”. Parovoz isə kəsik-kəsik cavab verir: “gəlirəm”, “dayandım”…

Deyəsən, hardasa, yaxında dəmir yolu stansiyası var. Gözlər qaranlığa alışdıqca aşağıdakı nəhəng kölgəlikləri seçir və nəhayət, bunların uca binalar olduğunu təyin edir. Deməli, bura şəhərdir…

… Bəs ora nədir? Orda nə ev var, nə küçə… Orda, dağ üstündə, elə bil, bu şəhərin keşiyini çəkən böyük bir hey-kəl görünür, aşağıda dəniz sanki məhəbbətlə şəhəri bağrı-na basmış… buranın məhz Bakı olduğuna heç bir şübhə qalmır…

Bakı elə bil dərin yuxuya dalmışdır. Lakin… o yatmır. Üç ilə yaxındır ki, onun gözlərinə yuxu getmir. Axı onun qanı Vətənin göylərini qoruyan təyyarələrin, düşmənin müqəddəs torpağımızdan qovan tankların motorlarında qaynayır… Qaranlıq ehramlar kimi görünən binaların qa-ra pərdəyə alışmış pəncərələri arxasında ürəkləri yaralı analar cəbhədə həlak olmuş oğulları üçün acı gözyaşları axıdır…

Ay keçir, il dolanır, əzizlərini itirmiş bu analar yenə də zəif işığı andıran bir ümidlə daha da güclənir… Ucalan bu lal ehramların divarları arxasındakı gəlinlər və qızlar da öz qəhrəman sevgililərinə inam və məhəbbət dolu mək-tublar yazır…

Bakı sakinlərinin ürəkləri ölkəmizin başqa şəhərlərinin adamlarının ürəkləri kimi vətənpərvərlik alovu ilə yanır. Onlar da öz əməlləri ilə ölüm-dirim cəbhələrində vuru-şurlar… Lakin başqa yerlərdə olduğu kimi, ağır vəziyyət-dən istifadə edərək burda da xəbis, çirkin ünsürlər baş qaldırırlar…

Teymur Cahangirov ancaq səhərə yaxın özünə gəldi. Ayılıb gördü ki, şəhərin ucqar məhəllələrindən birində-dir. O, başında dözülməz bir ağrı hiss edib inildədi. Qu-laqlarında üzücü bir uğultu var idi. Bədəninin ağırlığını sol qoluna salıb güclə səkinin üstündə oturdu, kütləşmiş nəzərləri ilə ətrafına göz gəzdirdi. Bura küçədən daha çox dalana oxşayırdı. Kölgə kimi görünən birmərtəbəli, yastı damlı evlərdən sonra, uzaqda, hündür təpə üstündə əyri-üyrü baş daşlarının siluetləri dikəlirdi. Ora qəbiristanlıq idi. Yaxındakı həyətlərdən arabir xoruz banı eşidilirdi…

Teymur başına gələn əhvalatı xəyalında canlandırma-ğa çalışdı. Qulaqlarındakı uğultu, başındakı ağrı ona im-kan vermirdi. Elə bil beyni yerindən oynamışdı. O, sol əlini başına apardı, cod, qıvrım saçlarına çəkdi. Peysərin-də az qala armud boyda bir şiş var idi. Pencəyi gipsə sa-lınmış sağ qolundan asılı qalmışdı.

Teymur üçün bir şey aydın idi: dünən axşam qatardan düşmüşdü. Qroznı şəhərindəki qospitalda bircə gün yat-mamış, onu evə göndərməyi qərara almışdılar. Teymur cəbhəyə gedəndə onu ötürməyə razı olmadığı kimi, qayı-dacağı barədə də evə xəbər göndərməmişdi. Belə şeyləri sevmirdi. Son döyüşdə qəlpə onun sağ qolunun sümüyü-nü parçalamışdı. Odur ki, qolu indi gipsdə idi. Anası Ca-vahirin ürəyi xəstə olduğundan onu qorxutmaq istəmirdi. Bunun üçün də gipsli qolunu güclə pencəyinin qoluna salmışdı ki, ilk baxışda tamamilə sağlam görünsün. Sonra anasını yavaş-yavaş hazırlayacaqdı, vəssalam… Bəs sonra? Sonra nə oldu? Qatar Bakıya iki saat gecikmişdi… Bu, təəccüblü deyildi. Çünki müharibə davam edirdi, əsasən cəbhəyə döyüş sursatı aparan qatarlara dərhal yol verilir, sərnişin qatarları isə tez-tez gözləməli olurdu… Deməli, qatar iki saat gecikmişdi…

Teymur ayaq səsi eşidib başını qaldırdı, kəskin bir ağrı hiss edib yenidən ağırlığını sol qolunun üstünə saldı. Yol-dan keçən iki qadın onu uzaqdan görüb cəld o biri səkiyə keçdilər və tərs-tərs Teymura baxıb donquldandılar:

– Bunun tayları cəbhədə vuruşur… Boya bax, buxuna bax.

Ayaq səsləri uzaqlaşıb kəsildi…

“Bəs sonra, sonra nə oldu?” – deyə Teymur fikrini cəmləşdirməyə çalışdı. Səhərin sərin mehi onun cəbhədə sərtləşib, qaralmış sifətini və boynunu oxşayıb bütün bə-dəninə gümrahlıq gətirdi, qüvvət verdi. Bu, deyəsən, bir balaca onun fikrini də aydınlaşdırırdı… Sonra… o, Bakı-nın qranlıq pərdəyə salınmış küçələri ilə yuxarı məhəllə-yə, öz evlərinə sarı tələsdi. Çünki bir saatdan sonra şəhər-də xüsusi icazə vərəqəsi olmadan gəzmək qadağan idi… O, gipsə salınmış ağır əlini sağ cibinə keçirib dolu çama-danı sol əlində aparırdı.

Sovet küçəsini ötüb dar dalanlarda evlərinə sarı tələsdi… Bəs sonra?

Yenə ayaq səsləri eşidildi. Hardasa maşın uğuldadı. Yaxın həyətlərin birində uşaq ağladı.. Kimsə tələsə-tələsə küçənin ortası ilə qaçırdı… Teymur başını ağır-ağır qaldı-rıb xırda addımlarla qaçan qıza baxdı. Onun tuflilərinin taqqıltısı Teymurun xatirində birdən-birə hər şeyi açıq-aydın canlandırdı…

O, tələsik gedirdi… Sonra qarşıdakı küçəyə çatıb ayaq saxladı. Nəfəsini dərdi. “Yəqin ki, daha buralarda icazə vərəqəsi istəməzlər” – deyə fikirləşdi. Bir də ki, dörd-beş dalandan sonra evlərinə yetişəcəkdir. Bir neçə dəqiqə din-cəldikdən sonra dönüb aşağı, arxada qalmış şəhərə nəzər saldı. Ən əziz xatirələr, ən əziz hislərlə bağlı olan doğma şəhərini görə bilmədi. Bu şəhəri ancaq o, sövqi-təbii ilə duyurdu. Bax ora – ordakı qaranlıq sahə – dənizdir, onu qucaqlamış, gah qabaran, gah enən kölgəliklər isə şəhər-dir. Teymur tələsmədən ağır addımlarla yoluna davam etdi. Hər yan, hər yan qaranlıq zülmət içərisində idi. Nə bir işıq göründü, nə bir səs eşidilirdi. Bayaq aşağı məhəllələrlə gələrkən, hardasa, qonşu küçələrdə at nalının tap-pıltısı eşidilirdi. Yəqin ki, gecə keşikçiləri idi. Burda isə elə bil heç kəs yaşamırdı. Elə bil buna görə də heç kəsin keşiyini çəkmirlər. Bu fikirlər içərisində addımlayan Tey-mur birdən dayandı. Uzaqdan ayaq səsləri eşidildi. Kimsə arxadan ona çatmağa tələsirdi. Onun tuflilərinin taqqıltısı qaranlıq gecənin sükutunda qəribə səslənirdi.

– Ay yoldaş! Ay yoldaş, – deyə bir qız həyəcan içəri-sində onu çağırdı.

Teymur geri döndü. Qız təngnəfəs ona çatıb bir az ara-lı dayandı. Görünür, yaxınlaşmağa utanırdı.

– Məni bağışlayın… mən… Bizim evimiz bu yandadı… bağışlayın, o tinə kimi mənimlə getsəniz bəsimdi. Zavod-da idim… Yoldaşım xəstələnmişdi… qalıb onun da əvəzinə işlədim. Evə gecikdim… Bağışlayın.

Teymur qaranlıqda qızın üzünü görə bilməsə də, onun həyəcan keçirdiyini hiss etdi. Razılaşıb dinməz o biri tinə qədər ötürdü. Qız arabir dönüb xoflu-xoflu o tərəf-bu tərəfə baxırdı.

– Hansı zavodda işləyirsən, bacı? – deyə Teymur so-ruşdu.

Qız döyükdü:

– Bağışlayın, bunu demək olmaz.

Teymur qımışıb daha heç nə soruşmadı. Müharibə zamanı hər şeyin hərbi əhəmiyyəti olduğunu bilirdi. Bir də axı o özü də cəbhədə kəşfiyyatçı olmuşdu. Belə şeyləri yaxşı başa düşürdü. Qızın dəyanətini yoxlamaq üçün bir də soruşdu:

– Bir halda ki, həyatını mənə qızırsan, səni ötürməyimi xahiş edirsən, niyə işlədiyin zavodun adını demirsən?

Qız sıxıla-sıxıla cavab verdi:

– Bağışlayın… Olmaz… – cəld söhbəti dəyişib özü Teymura sual verdi, – O qolunuza nə olub?

– Yaralanıb.

Qız Teymurun sol tərəfinə keçib çamadanının qulpundan yapışdı:

– Kömək edim?

– Yox, yox, bacı, zəhmət çəkmə.

Onlar bir dalanın tininə yetişdilər.

– Mən çatdım. Çox sağ olun, – qız yenə də xoflu-xoflu o tərəf-bu tərəfinə boylanıb dayandı. Dalan çox qaranlıq idi. Göz-gözü görmürdü. Teymur soruşdu:

– Harda olursan?

– Bax, o evdə.

– Görmürəm.

Qız güldü.

– Mən də… Amma adət eləmişəm. Dalanın o başındakı evdi.

– Əgər qorxursansa, evəcən ötürüm, – deyə Teymur təmkinlə soruşdu:

Qız utana-utana çiyinlərini çəkdi:

– Özünüz bilin.

Yenə getdilər.

Bütün əhvalat da bu dalanda baş verdi.

Dalanın ortasında kimsə qaranlıqdan çıxıb onların yolunu kəsdi. Teymur buna əhəmiyyət vermədən yoluna davam etdi. Lakin qaranlıqdan daha bir neçə adam çıxdı. Teymur xoşagəlməz bir hadisənin baş verəcəyini hiss edib geri döndü.

Qız yox idi. Onun əvəzində arxada bir neçə adam dayanmışdı. Kimsə yoğun, xırıltılı bir səslə əmr etdi:

– Çamadanını qoy yerə, özün də soyun.

Teymur heyrətlə ətrafına göz gəzdirdi və görmədiyi adamdan soruşdu:

– Nə üçün?

Həmin səs yenə eşidildi:

– Uzatma, vaxtımız yoxdur.

– Çəkilin yoldan, – deyə Teymur qəzəblə dilləndi.

Nə isə onun kürəyinə sancıldı. Kimsə tın-tın səslə dedi:

– Canına hayfın gəlirsə, tez tərpən.

Teymur ildırım sürəti ilə geri dönüb bıçağı onun kürəyinə dirəmiş oğlanın qarnının altına elə təpik vurdu ki, o adam ağrıdan dəhşətlə çığırıb, arxası üstə yerə sərildi. Elə bu vaxt Teymur boynunda küt bir ağrı hiss etdi. Başı gi-cəlləndi, müvazinətini itirib ağır-ağır yerə çökdü… Sonra hər şey elə bil yuxuda oldu. Kiminsə tərli pəncəsi çama-danı onun əlindən qopardı. Kimsə tövşüyə-tövşüyə onun pencəyini çıxarmağa başladı. Yoğun, xırıltılı səs astadan pıçıldadı:

– Tələsin! Badamdar tərəfə!

Bu vaxt lap yaxından həmin qızın səsi eşidildi. O, kə-sik-kəsik danışırdı:

– Dayan: bii-dən sağ qala…

Qızın soyuq əli tələsik Teymurun alnında və gicgahlarında gəzdi. O, yenə də kəsik-kəsik pıçıldadı:

– Sağdı. Bi-də vu-un… Peysə-indi!

– Çəkil, Turac!

– Vu-un deyi-əm, yoxsa başımıza bəla ola… – deyə qız təkid etdi və Teymur peysərində bayaqkından daha küt bir ağrı hiss edib elə bil dərin bir quyuya aşdı..

Teymur şişmiş peysərini ovuşduraraq qəzəblə gözləri-ni yumdu. “Deməli, məni uşaq kimi oynadıb tora salıb-lar, özü də harda? Doğma şəhərimdə…”

Kimin ağlına gələrdi ki, hər gün, hər dəqiqə cəbhədə vətən deyə öz canından keçməyə hazır olasan, min bir təhlükədən çıxasan, axırda öz əziz şəhərində başına elə bir oyun gətirsinlər? Hava işıqlaşırdı.. Qoca bir arvad əlində su dolu vedrə Teymurun yanından keçəndə ayaq saxladı.

– Ay bala, burda niyə oturmusan? Yer qəhətdir sənə? – deyə təəccüblə soruşdu.

Teymur başını qaldırıb arvadı süzdü və onun əlindəki su ilə dolu vedrəni görüb qurumuş dodaqlarını dili ilə su-latdı.

Arvad dinməz vedrəni ona yaxınlaşdırdı.

Teymur cəbhədə tez-tez elədiyi kimi, vedrəni əli ilə özünə tərəf əydi və acgözlüklə içməyə başladı. Arvad Teymurun pencək sallanmış gipsli qoluna baxıb soruşdu:

– Ay oğul, yoxsa davadan gəlirsən?

Teymur cəld dönüb qoluna baxdı, pencəyini apara bilməmişdilər. Çünki gipsli qoluna ilişib qalmışdı.

– Hə! – deyə cavab verdi.

– Başını orda bu hala salıblar?

Teymurun danışmağa taqəti yox idi. Sol əlini vedrənin kənarına söykədi və ağırlığını onun üstünə salıb güclə ayağa qalxdı.

– Tifil, gedək bir az bizdə dincəl. Budur ey, bizim qapımız. Dur, bala… – deyə arvad ondan əl çəkmədi. Teymur arvadı ancaq indi tanıdı.

– Nabat xala?

– Məni hardan tanıyırsan?

– Nabat xala, Kamaldan nə xəbər var?

Arvadın sifəti birdən-birə dəyişdi, çətinliklə qamətini düzəldib, köksünü yanıqlı-yanıqlı ötürdü:

– Uşağın qara xəbəri gəlib, ay bala.

– Hayıf… – deyə Teymur ağır-ağır əyilib papağını yer-dən götürdü və dönüb uzaqlaşdı. O uzun zaman sol əlini pəncəyinin qoluna sala bilmədi. Elə beləcə də tini burul-du.

Gözləri yaşdan torlanmış Nabat xala fikirli-fikirli onun arxasınca baxdı. Nə qədər çalışdısa, bu adamın kim oldu-ğunu xatırlaya bilmədi.

İkinci dalanın tinini burulanda kimsə Teymurun qabağına çıxdı. Bu adam onu hələ uzaqdan görüb ayaq saxla-mışdı. Teymur kiminsə yolunu kəsdiyini görüb dayandı və başını güclə qaldırdı. Bir müddət küt nəzərlərlə qar-şısındakı adama baxa-baxa qaldı. Ona elə gəldi ki, bu adam istehza ilə gülümsünür.

– Xoş gördük… Yoxsa məni tanımadın?

Teymur sanki yuxudan ayıldı. Bu yekəpər oğlanı diqqətlə süzməyə başladı… Oğlanın seyrək qara saçları enli alnına tökülmüşdü. Tüklü sifətinin dərisi şirmayı kimi ha-mar uzanan və oğlanın tüklü üzündə hər şeydən tez nəzə-rə çarpan dərin çapıq idi. Onun baxışları da sabun kimi sürüşkən idi.

Yox, Teymur bu adamı heç vaxt unutmayacaqdı. Çün-ki onunla əlaqədar olan əhvalatlar bir neçə il bundan əv-vəl baş vermişdi…

… O zaman Teymurun on üç yaşı var idi. Yaz günləri idi. Məktəb tətillərinə az qalmışdı. Çöl çiçəklərinin Şubanı dağları tərəfdən gələn ətri adamı məst edirdi. Dərsdən sonra güləş dərnəyində məşğələ keçmiş Teymur evə tək qayıdırdı. Gün batmışdısa da, hava hələ qaralmamışdı. Teymur uca hasarlı bir həyətin, yanından keçirdi. Bağ-bağçalı bu həyətin hasarları üstünə tikanlı məftil çəkilmiş-di. Məftillərin üstündə budaqları görünən ağ tut, əncir, alça, gilas, gavalı ağaclarının, uca meynə talvarlarının xə-fif kölgəliyi, hasarın arxasından eşidilən quzu mələşməsi həmişə məhəllə uşaqlarının ürəyində bu həyətə qarşı maraq oyadırdı. Burda Hacı Seyid Kazımla onun əmisi Seyid Tağı yaşayırdı. Yaşlı adamların dediyinə görə, bir vaxtlar camaat bu iki seyidin evini pirə döndərmişdi. Nəzir-niyaz gətirənlərin əlindən tərpənmək olmurdu. Sonralar nəzir-lərindən heç bir xeyir görməyən adamlar arasında söz ya-yıldı ki, bu iki seyid “nəcib seyidlərdən” deyillər. Nəzir-niyazın ardı yavaş-yavaş kəsildi. Sonra bu həyətin seyid-ləri bir müddət də fitrə-zəkatla dolandılar, fitrə-zəkat da kəsiləndən sonra seyidlər özlərinə təzə peşə axtarmağa başladılar. Hacı Seyid Kazım məhəllədəki hamamı ələ ke-çirdi. Seyid Tağıya isə həyətin keşiyini çəkməyi tapşırdı. Beləliklə, Seyid Tağı bağban, Hacı Seyid Kazım isə ha-mamçı oldu. Çatlanmış rütubətli divarlarının arasını və kələ-kötür qırla örtülmüş damını ot basan hamamın sa-rımtıl rəngli alçaq qapısı üzərində yaşıl bayraq asılanda hamı bilirdi ki, “bu gün hamam arvadlara verilir”, ağ bayraq asılanda isə “hamam kişilərə verilir ”. Hacı Seyid Kazım o vaxtlar işini elə qurmuşdu ki, bilmək olmurdu hamam onun özünündür, yoxsa dövlətin. Amma hamamın “Hacı Seyid Kazım hamamı” adı alması dövlətdən daha çox Hacı Seyid Kazıma mənfəət verdiyinə dəlalət edirdi. Bir neçə ildən sonra bu məhəllədən bir az aşağıda, Sovet küçəsində axarlı-baxarlı, həm də çox böyük bir ha-mam tikildi. Hacının bəxti də hamamı kimi bağlandı. Son-ra Hacının ayağı tamamilə məhəllənin küçələrindən kəsil-di. Elə bil, kişi qeyb oldu. Məhəlləyə söz yayıldı ki, Hacı-nın ağlı yerindən oynayıb, danışığını bilmir, hətta o dərə-cədə xəstədir ki, yerini isladır… Bu dəfə də seyidliyinə görə deyil, zəlilliyinə görə ona əl tutmağa başladılar. Çünki qocalarının ikisi də sonsuz idi. Seyid Tağı heç yerli-dibli evlənməmişdi. Hacının arvadı isəərini elə Məkkədə, ziyarət vaxtı qoyub qaçmışdı. Həyətdə iki qocadan başqa, bir də tünd-boz rəngli qoyun iti var idi. İt o qədər dəhşətli idi ki onun qorxusundan bu həyətə heç kəs yaxın düşə bilmirdi. Qocalar üçün xırda-xuruş pul, xörək gətirənlər də gətridiklərini qapıdan itin səsinə gəlmiş Seyid Tağıya verib gedərdilər.

Güləş dərnəyi məşğələsindən gələn Teymur həmin uca hasarın yanından keçəndə qəzəbli it hürüşünü eşidib qor-xudan divara qısıldı. Elə bu vaxt içi dolu papağını dişləri arasından tutmuş Şəmsi ildırım sürəti ilə hasardan küçə-yə əyilən ağacın üst budağına dırmanıb ordan hövlnak küçəyə atılmaq istədi, köynəyi budağa ilişdi. Şəmsi mü-vazinətini itirdi və Teymur dəhşətli bir mənzərənin şahidi oldu. Hasarın üstünə çəkilmiş məftilin iti tikanı Şəmsinin sol yanağını elə siyirdi ki, lap sümüyü göründü. Onun yerə düşmüş papağının içindəki göy alçalar ətrafa diyir-ləndi… Şəmsi bu ağır yaranın ağrısını isti-isti o qədər də hiss etmədi. Cəld əli ilə üzünü tutub divara söykəndi. Hə-mişə özünü başqalarından üstün tutmağa çalışan Şəmsi bu səhnənin şahidi olan Teymura elə qəzəblə baxdı ki, onun bədənini soyuq tər basdı. Teymur Şəmsinin gözləri-nə baxmamaq üçün əyilib yerdən onun papağını qaldırdı. Şəmsi yanağından axan qanın barmaqları arasından sü-zülməyə başladığını hiss edib özünü itirdi, papağını Tey-murun əlindən qapıb, qanlı barmağı ilə onu hədələdi.

– Ağzını qıfılla!

Şəmsi qanı axa-axa harasa qaçdı. Amma Teymur uzun zaman özünə gələ bilmədi. Şəmsinin üzü çox pis çapıl-mışdı.

Bu hadisə haqda Teymur heç kəsə bir söz demədi. Məhəllə uşaqları kimi, o da sirr saxlamağı bacarırdı.

O vaxtlar bu məhəllənin cavanları arasında yazılma-mış bir qanun hökm sürürdü. Həbs cəzası çəkmiş, yaxud bədənində bıçaq, güllə yarası olan adamlar nədənsə igid-lər siyahısına düşür, tay-tuşlarına, bəzən özlərindən bö-yüklərə belə, əmr edirdilər. Bunun üçün də Şəmsi yara-lanmasının əsas səbəbini gizlədib başqa bir əhvalat uy-durmuşdu:

– Çəmbərəkəndin uşaqları idi. Məhəlləmizə şuluqluq salmağa gəlmişdilər… Hayıf, yanımda bir şey yox idi, yoxsa üçünün də meyitini salmışdım…

Uşaqlar onun yanağındakı dərin yaraya heyrətlə baxanda, Şəmsi soyuqqanlılıqla izahat verirdi:

– Gicgahımdan vurmaq istəyirdilər… Eybi yoxdur, qal-sın qulluqlarında!

Məhəllə uşaqları nə qədər təkid etmişdilərsə, Şəmsi “öz düşmənlərini” nişan verməmişdi.

– Haqq-hesabı özüm çürüdəcəyəm! – demişdi.

Bu, onun tay-tuşlarının çox xoşuna gəlmişdi. “Şəmsi bütöv oğlandır” – deyə hamı ona hörmət eləməyə başla-mışdı. Beləliklə o, məhəllənin görkəmli “cayıllarından” biri oldu. Üzündəki dərin çapığa görə onu “Çapıq Şəmsi” çağırırdılar.

Deməli, Şəmsinin üzündəki çapığın sirrini bircə adam bilirdi. O da Teymur idi. Bəlkə buna görə də Şəmsinin Teymuru görməyə gözü yox idi. Teymurun bu sirri aça-cağından qorxurdu. Onu susmağa məcbur etmək üçün iki yol var idi: gözünə şirin görünüb yaltaqlanmaq, yaxud da onu həmişə qorxu, vahimə içərisində saxlamaq. Birinci yol Şəmsinin ürəyinə heç yatmırdı. Çünki Teymur məhəl-lə uşaqları ilə çox da qaynayıb-qarışmırdı. Həm də onun adı “cayıllar” siyahısında yox idi. Şəmsi ona baş əysəydi, hamıda şübhə oyadardı. İkinci yol Şəmsinin xasiyyətinə daha uyğun vəəlverişli idi. Şəmsi ikinci yolu seçdi. O, Teymuru qorxutmağa, hədələməyə başladı və onun susduğunu görüb elə bildi ki, Teymur doğrudan da ondan çəkinir. Halbuki Teymur “namərdlik etmək” istəmirdi. Şəmsi yerli-yersiz Teymura sataşır, söz atır, təhqir edirdi. Özü də məhəllə uşaqlarının yanında edirdi ki, əgər gələ-cəkdə Teymur onun sirrinin üstünü açarsa, hamıda elə təsir oyansın ki, Şəmsidən əvəz çıxmaq üçün onun üstünə şər atır. Belə hallarda Teymur ancaq dişlərini qıcaraq: “Nə istəyirsən məndən?! Mənim ki, səndə işim yoxdur…” – deyə bilirdi.

Məhəlləyə söz yayılmışdı ki, Çapıq Şəmsi Teymuru vuracaq. Bu düşmənçiliyinin səbəbini hərə bir cür izah edirdi. Kimi deyirdi ki, Teymur Şəmsiyə qumarda udu-zub, borcunu verməyib; kimi deyirdi ki, bu düşmənçilik qız üstündədir; bəziləri də həqiqətə daha çox uyğun olan bir mülahizə yürüdürdülər. Teymur Şəmsiyə baş əymək istəmir. Yenə də həmin yazılmamış qanuna görə, belə söhbətlər haqqında nəinki milis idarəsinə, hətta ata-analara belə xəbər vermək qorxaqlıq sayılırdı. Hər sirdə romantika axtaran yeniyetmələrin bəziləri nəzarətsiz qa-lıb özlərini çox sərbəst aparır, ayrı-ayrı şübhəli adamların ictimai qanunları pozmasına qəhrəmanlıq nümunəsi kimi baxır və şüursuz olaraq onların təsiri altına düşürdü. “Sərbəst yaşamağa” belə tezliklə başlayanlar öz yaşıdla-rına təsir göstərir beləliklə, yazılmamış qanunlar yeniyet-mələr arasında da yayılırdı. Teymura da o vaxtlar elə gəldi ki, susmaq, sirri saxlamaq lazımdır. Əgər məhəllədə bir nəfər haqqında “qorxaqdır”, “satqındır”, deyilsəydi, ona “göz verib, işıq verməzdilər”, nifrətlə baxar, o ki var döyərdilər.

Bir dəfə Çapıq Şəmsi yenə Teymurgilin evlərinin ya-nındakı daşın üstündə oturub bıçağını itiləyir və sözləş-mək üçün bəhanə axtarırdı. Teymurun kiçik qardaşı Sey-mur qapının ağzında dayanıb Çapıq Şəmsinin əlindəki bı-çağın iti ucuna baxırdı. Şəmsi qara daşın üstünə tüpürüb iri bıçağını sola-sağa çevirə-çevirə birdən başını qaldırdı. Seymurun arıq bədənini təpədən dırnağacan süzdü.

– Adə, qız Seymur, qarnında qurd var?

Teymurun qardaşı nərmə-nazik, ağbəniz və qəşəng olduğu üçün Şəmsi ona “qız Seymur” deyirdi. Bu xoşagəl-məz ləqəbi eşidən kimi Seymurun qəşəng, nazik qaşları çatıldı.

– Necə bəyəm?

– Bir dərisən, bir sümük. Filəsəm canın burnundan çı-xar.

Seymur onun qorxunc və çapıq üzünə baxıb qapıya qısıldı:

– Mənim sənə bir pisliyim dəyib?

Şəmsi qəhqəhə ilə güldü:

– Sən nə zibilsən ki, mənə pisliyin dəysin! Get Teymu-ru çağır.

– Neyləyirsən onu?

– Sənə qalmayıb. Get çağır. De ki, Şəmsi səni qapıda gözləyir.

Seymur dinməz həyətə girib anası görməsin deyə Teymuru işarə ilə çağırdı, özü isə cəld mətbəxə sarı qaçdı.

Teymur küçəyə çıxıb Şəmsiyə salam verdi. Şəmsi hə-mişə onu müşayiət edən yoldaşalarının yaxında olduqla-rını yoxlamaq üçün başını geri döndərdi və onların iki-üç addımlıqda dayandıqlarını görüb ürəkləndi, yoldaşlarına göz vurubTeymura dedi:

– Sənin o bacın niyə elə arıqlayıb?

– Mənim bacım yoxdur ki!

Şəmsi yenə qəhqəhə çəkib güldü:

– Bəs qız Seymur sənin nəyindir?

Teymurun yumruqları düyünləndi. Ancaq o yenə də bütün iradəsini toplayıb Şəmsiyəəl qaldırmadı.

– Şəmsi, uşağa ad qoyma, yaxşı deyil.

Şəmsi sırtıq-sırtıq qımışdı:

– Bütün məhəllə mənə Çapıq Şəmsi deyir. Mən heç in-cimirəm.

– Sən bu adınla fəxr eləyirsən. Amma Seymurla işin ol-masın.

– Olsa neylərsən?

– Elə buna görə də mən səni çağırtdırdım.

– Nə vermisən mənə ki, ala bilmirsən?

Şəmsi üstü tüpürcəkli qara daşı yamaqlı boz koverkot şalvarının cibinə salıb bıçağını ehtiyatla baş barmağının dırnağına çəkdi. Bıçağın ağzı dırnağa ilişdi. Şəmsi altdan-yuxarı Teymura baxıb sıçrayışa hazırlaşmış pişik kimi özünü yığışdırdı.

– Kişisən, ayırd eləyək.

Teymur hiss elədi ki, ayırd eləməyə razı olduğunu bildirsə də, bildirməsə də Şəmsi onun üstünə atılacaq. Qor-xudan onun çənəsi kilidləndi, dayandığı yerdə mıxlanıb qaldı.

Çapıq Şəmsi dikəlib irəli gəldi.

Elə bu anda kimsə heç gözlənilmədən uca hasardan Çapıq Şəmsinin boynuna atıldı. Bu o qədər qəfildən oldu ki, Çapıq Şəmsi səndələyib bayaq üstündə oturduğu daşa ilişdi və arxası üstə yerə yıxıldı, peysəri tappıltı ilə səkiyə dəydi, əlindəki bıçaq havada fırlanıb küçənin palçığına batdı.

Hasarın üstündən Şəmsinin boynuna küçədən atılmış adam, əlində dəhrə tutmuş Seymur idi. Gözləri az qala hədəqəsindən çıxan Seymur dodaqları əsə-əsə Çapıq Şəmsini saçlayıb çığırırdı:

– Bir də atabaatanla qələt eləyib qardaşıma sataşsan, başını bax, bununla üzəcəyəm!.. – O, get-gedə daha da qızışırdı, – Kişisən, bir də sataş! Kişisən, bir də sataş! Əclaf!

Çapıq Şəmsinin peysəri səkiyə elə zərblə dəymişdi ki, heç ağzını açmağa belə taqəti qalmamışdı.

Seymurun qəzəbdən əsim-əsim əsərək dəhrəni Çapıq Şəmsinin başı üzərində qaldırdığını görən Teymur cəld irəli atılıb onun nazik biləyindən yapışdı:

– Keç həyətə!

Seymur qəzəbindən az qala ağlayırdı. Əlindəki dəhrə-ni Çapıq Şəmsinin başına endirmək istəyirdi.

– Çəkil! – deyə Teymur onu güclə Şəmsinin sinəsindən qopardı, – Keç həyətə!

Seymur, dəhrə tutmuş əlinin dalı ilə burnunun suyunu silib itaət etdi. Teymur Şəmsinin qolundan yapışıb qal-dırdı:

– Get, – dedi, – xata-balanı bizdən uzaq elə…

Çapıq Şəmsinin dili bir neçə saniyə də söz tutmadı. Hasardan aralandı, palçığa sancılmış bıçağını qaldırıb silə-silə bir neçə addım da uzaqlaşdı, ancaq orda ayaq saxlayıb qanlı-qanlı Teymuru süzdü və çəmkirdi:

– Qalsın qulluğunuzda!

Elə o gün Seymurun adının üstündən “qız” sözü götürüldü.

Çapıq Şəmsi əvəz çıxmaq üçün fürsət axtarırdı. Amma nədənsə bu iki qardaşa yaxın düşə bilmirdi. Bəlkə bu, ona görə idi ki, məhəllədə Seymurun hörməti ildən-ilə artırdı. Qəribə burası idi ki, Çapıq Şəmsi Teymurdan o qədər çəkinmirdi, nə qədər ki, Seymurdan qorxurdu… Buna baxmayaraq onların arasında hökmən toqquşma olacağı gözlənirdi. Çünki Çapıq Şəmsi dilini dinc saxla-mırdı. Məhəllə uşaqları Çapıq Şəmsini görəndə onun har-da olduğunu o saat Teymurla Seymura deyir, qardaşların yerini isə cəld Çapıq Şəmsiyə nişan verirdilər.

Teymur özü üçün qorxmurdu, amma qardaşından çox nigaran idi. Buna görə də Seymuru kölgə kimi izləyir, məktəbə gedəndə və qayıdanda ona ağır gəlməsin deyə gözə görünmədən dalınca düşürdü. Onlar eyni məktəbdə oxuyurdular: Seymur birinci növbədə, Teymur isə ikinci növbədə. Kiçik qardaş da böyük qardaşından gizlin onun məktəbdən çıxıb evə gəlməsini həyəcanla gözlər və mək-təblə ev arasındakı dalanları nəzarət altına alardı. Uşaqlar yaşa dolduqca ehtiyatla gəzib-dolanmaq onlara ağır gəlir-di. Buna görə də hər iki tərəfin ayırd eləməyə hazırlaşdığı haqda gedən söhbət get-gedə qızışırdı.

Lakin qəfil bir hadisə bu gərginliyi azca sərinləşdirdi. Bir gün xəbər yayıldı ki, Çapıq Şəmsini beş-altı yoldaşı ilə birlikdə tutublar. Cürbəcür rəvayətlər söyləyirdilər. Bəzi-ləri deyirdi ki, adam vurublar, kimsə söz yaymışdı ki, mi-lis işçisinin tapançasını əlindən alıblar, bəziləri belə danı-şırdılar ki, guya hardasa ev yarıblar. Hər halda, bir səbəb var idi. Amma bu səbəbi heç kəs dürüst bilmirdi…

Müharibədən əvvəl bir-birinə düşmən olan Şəmsi ilə Teymur bir neçə illik fasilədən sonra, bu gün üz-üzə gəlmişdilər.

– Salam, Şəmsi! – deyə Teymur dik onun gözlərinin içinə baxdı. Əslində o, bu adama qarşı heç vaxt kin bəsləmə-mişdi. Onun çalışdığı bu olmuşdu ki, özü də, qardaşı Seymur da Çapıq Şəmsi ilə toqquşmasınlar.

Müharibənin dəhşətlərini görmüş, faşistlərlə üz-üzə gəlmiş Teymur, burda, doğma Bakıda, bu məhəllədə baş vermiş hadisələri çoxdan unutmuş və Çapıq Şəmsinin gü-nahlarını da çoxdan bağışlamamışdı. Başında dözülməz ağrı olmasaydı, bu saat Şəmsini qucaqlardı da.

– Bu nə vid-fasondur, ay Teymur, – deyə Çapıq Şəmsi rişxəndlə güldü, – deyəsən, axı səni yaman şil-küt eləyib-lər!

– Şil-küt deyəndə ki… bircə bu qolumdur. Faşistlərin qəlpəsi sümüyümü parçalayıb, – Teymur sol əlini uzadıb gipsli qolundan asılmış pencəyini çiyninə salanda, Çapıq Şəmsi yenə soruşdu:

– Bəs peysərini kim filəyib?

Teymur istədi gecə başına gələn əhvalatı Şəmsiyə danışıb şikayətlənsin, amma fikrini dəyişdi:

– Cəbhədən təzə gəlirəm. Başımı da elə düşmənlər bu hala salıblar, – Ürəyində isə ona deyirdi: “Görürəm, Şəm-si, sən olub-keçənləri yadından çıxarmamısan. Camaatı mənə güldürmək üçün əlindən gələni eləyirsən…”

Şəmsi ondan əl çəkmədi.

– Pencəyin niyə bir qolundan sallanıb?

– Qatardan indicə düşmüşəm… Hava ayaz idi… şikəst qolumu geymişəm, sol qolumu geyə bilmirəm, – deyə Teymur zarafatla güldü.

Şəmsi, o biri qolunu pencəyin qoluna geyməyə Teymu-ra kömək eləmədi. Gözlərini qıyıb qəribə bir tərzdə qımış-dı:

– Bilirsən indi ağlıma nə gəldi?

– Nə?

– Deyirəm istəsəm bu saat səni təpiyimin altına salıb o ki var əzişdirərəm. Bir qolun şikəst, başın da dönüb bal-qabağa. Mənə neyləyə biləcəksən? Heç bir şey… Amma, yox, borclu-borclunun sağlığını istər.

Çapıq Şəmsi Teymurun yanından keçib getmək istədi. Teymur salamat əli ilə onun yaxasından yapışıb özünə sarı çəkdi.

– Mənim sənə nə borcum var?

Şəmsi güclü pəncəsi ilə Teymurun əlini yaxasından qopardı.

– Məni sən tutdurmuşdun?

– Səhv eləyirsən.

– Bütün məhəllədə sizdən başqa düşmənim yoxdur. Mənim fitvamı siz vermisiniz.

– Səhv eləyirsən, Şəmsi. Məhəllədə bizim heç kəsə pis-liyimiz dəyməyib.

Şəmsi birdən-birə dəyişib qaşlarını bic-bic oynatdı:

– Əslinə baxsan, bu da düzdür. Əgər siz məni tutdurmasaydınız, çoxdan dəsxoşa getmişdim, kim bilir, indi mənim sümüklərim hansı cəbhədə çürüyürdü.

Teymur onun tüklü yanağındakı dərin, qırmızımtıl ça-pığa nəzər salıb soruşdu:

– Bəs nə üçün səni cərimə batalyonuna göndərmədilər?

Şəmsi yenə də gözlərini qıydı.

– Qurtdalayırsan? Qorxma, quyruq ələ vermərəm. Xəstələnmişdi. O xəstəliklə adamı davaya aparmırlar, –Tey-murun ona necə ikrahla baxdığını görüb, cəld əlavə etdi, –Qorxma, sağalmışam. İndi də puluma minnət!

– Deməli, canını rüşvətlə saxlayırsan…

– Allah rüşvəti yaradana rəhmət eləsin… Amma qurt-dalama, qurtdalasan, mən də qurtdalaram. Satarsan, mən də sataram.

Teymurun mərd baxışları Şəmsinin üzünə sancıldı:

– Mənim heç şeydən qorxum yoxdur.

Şəmsi göz vurub qımışdı.

– Özünü tülkülüyə vurma! – dedi və dirsəyi ilə Tey-muru yolundan kənar edib uzaqlaşdı.

Teymur peysərində kəskin bir ağrı hiss etdisə də bir müddət Çapıq Şəmsinin ardınca baxıb, yerindən tərpən-di… O, yol gedə-gedə fikirləşirdi: “Görəsən, Şəmsi belə sübh tezdən hara gedir? O nəyə işarə edirdi? Bəlkə, elə bilir ki, mən cəbhədən qaçmışam? Axmaq adam! Bəyəm mən birdən-ikiyə xəbərçilik eləyib adam satmışam?!”

Dalanların birində Teymur ayaq saxlayıb, nəhayət, bö-yük çətinliklə pencəyin sol qolunu da geydi və papağı ilə üst-başının tozunu çırpmağa başladı. Evə adi paltarda gəlmək istəmişdi. Kostyum əyninə tikilməsə də və gecəki hadisədə bir qədər əzilmiş olsa da, enli kürəkli möhkəm bədənində yaxşı otururdu. Kostyumun əzilməsinə bir bə-hanə gətirəcəkdi. Deyəcəkdi ki, vaqonda kostyumda ya-tıb.

Bəs nə üçün başına gələn əhvalatı evdəkilərdən gizlətmək istəyirdi? Bunun bir neçə səbəbi var idi. Birinci o idi ki, Teymurun atası Abbas müharibənin ilk günlərindən cəbhəyə getmiş və üç aydan sonra onun ölüm xəbəri gəl-mişdi. Bu xəbəri eşidən Teymurla Seymur özlərini nə qə-dər möhkəm saxlamışdılarsa, Cavahir bir o qədər davam-sız olmuşdu. O, düz yarım il yorğan-döşəkdən qalxma-mışdı. Ürək xəstəliyinə tutulmuşdu. Ondan sonra da tə-sirli bi xəbər eşidəndə rəngi ağarır, yazıq arvad az qalırdı huşunu itirsin. Əsəbləri də çox korlanmışdı. Teymur bi-lirdi ki, əgər anası oğlunun başına gələn bu əhvalatı eşitsə, davam gətirməz. İkinci səbəb o idi ki, Seymur qar-daşının başına belə bir təhqiramiz iş gəldiyindən xəbər tutsa, qəzəbindən bütün məhəlləni alt-üst edər, bu da ki, yaxşı nəticə verməz. Əvvələn Teymur uşaq kimi qəzəbin-dən beyni dumanlanmış Seymur heç bir təqsiri olmayan adamları təhqir edər və özünə çoxlu düşmən qazanar. Bir də ki, Teymur məhəllədə böyümüşdü, nə qədər fikirləşir-disə, yenə ağlına sığışdıra bilmirdi ki, onların məhəlləsin-də yaşayan cavanlar belə alçaq işlə məşğul olsunlar: bir tərəfdən, onların çoxusu bu saat cəbhədədir, o biri tərəf-dən isə əgər onların içərisində bir-iki nəfər Şəmsi kimi ipə-sapa yatmayan dələduz tapılsa da belələri heç vaxt öz məhəllələrində soyğunçuluq eləmirlər. Bütün bu səbəblə-rə görə Teymur başına gələn əhvalatı milis şöbəsinə də xəbər vermədi.

Teymur başında olan dözülməz ağrıya baxmayaraq nədənsə evə tələsmir, ağır-ağır gedirdi, hərdənbir də səndələyirdi. Bu dalandan baş vurub, o biri dalandan çıxırdı. Yenə keçdiyi dalanlardan birinə qayıdırdı. Bax, burda, bu enli dalanda elektrik dirəklərindən biri zədələnmişdi. Teymurun cəbhəyə getməsinə iki-üç ay qalmış ağır yük maşını dirəyə toxunub onu yerindən oynatmış və dirək maili vəziyyət alaraq tellərdən asılıb qalmışdı. “Yəqin ki, bu illər ərzində o dirəyi düzəltmiş olarlar. Bəlkə də, əvəzinə bu saat təzə dirək basdırıblar” – deyə Teymur nədənsəəsas məqsədindən uzaq olan bu kənar fikirlə məş-ğul oldu. Tinə çatıb gördü ki, həmin köhnə dirək eyni maili vəziyyətdə qalır. Deməli, camaatın başı çox qarışıq-dır. Cəbhə, gərgin vəziyyət hamının fikrini ancaq bir şeyə cəlb etmişdir: azadlıq, qələbə. Teymur da bunun üçün cəbhəyə getmişdi. Atasının qara xəbəri gələndən sonra cə-mi on-on beş gün keçməmiş anası yorğan-döşəkdə ikən cibində onillik attestatı, ürəyində ata dağı hərbi komissarlığa getmiş və evi səkkizinci sinifdə oxuyan Seymura tapşırıb həmin gün cəbhəyə yola düşmüşdü. Ona elə gə-lirdi ki, cəbhədən qayıdandan sonra burda, doğma Bakı-sında onu gül-çiçəklə qarşılayacaqlar. Lakin tamamilə başqa cürə qarşılandı. Görəsən, onlar kim idi? Teymur üçün ancaq bir düşmən var idi. O da vətənə soxulmuş, xalqın qanını axıdan, xalqın azadlığını əlindən almaq is-təyən qəddar faşistlər idi. Bəs dünən gecəki adamlar kim idi? Axı, onlar, onun danışdığı dildə danışırdılar. Bəs o qız? Dayan, dayan onun adını nə dedilər? Turac, Turac… Qəribə səslənir, özü də əvvəl nə qədər həyalı, ürkək, utancaq, məsum bir qız idi. Səsindəki həyəcan, bakirəlik nə qədər inandırıcı, nə qədər təbii idi. Özü də Teymur əvvəlcə müşahidə edə bilmədiyi bir şeyi elə bil dəhşətli yuxu içərisində, peysərinə dəyən toppuz zərbəsindən sonra dərk etdi. Daha doğrusu kəşf etdi. Elə bil, o qızın içərisində iki adam yaşayırdı: birincisi ürkək, məsum qız nə qədər sadə və təbii görünürdüsə, ikincisi bir o qədər qəribə və əcaib təsir buraxırdı. Birincisi adi səslə, həm də səlis danışırdı, ikincisinin, deyəsən, dili bir qədər pəltək idi, daha doğrusu, “r” hərfini yeyirdi, deyə bilmirdi. Özü də nə qəşəng adı var: Turac! Bəs niyə bu qızı ötürməyə razılıq verən Teymur onun “r” hərfini belə açıq-aşkar de-yə bilməməsini duymamışdı. Çox qəribə idi. Onun ilk görüşdə işlətdiyi sözlərin heç birində “r” hərfi yox idi. Yəqin tələffüzündə olan bu nöqsanı gizlətmək üçün çox təcrübə keçirmək lazım olub. Bəlkə Turac ləqəbidir, axı Teymuru bu tələyə salan həmin o qız olmuşdu. Özü də nə qədər asanlıqla, elə bil nimçəyə qoyub o qansızlara uzatdı, dedi ki, alın yeyin bunu, sizin üçün gətirmişəm. Yəqin ki, məhəllə adamları bu işdən xəbər tutsalar, qəzəblənən-lərin içərisində Şəmsi kimi ona gülənlər də olacaq. Tey-mur isə belə şeyləri sevmirdi.

Yosh cheklamasi:
0+
Litresda chiqarilgan sana:
28 oktyabr 2022
Hajm:
360 Sahifa 1 tasvir
Mualliflik huquqi egasi:
Hədəf nəşrləri

Ushbu kitob bilan o'qiladi