Faqat Litresda o'qing

Kitobni fayl sifatida yuklab bo'lmaydi, lekin bizning ilovamizda yoki veb-saytda onlayn o'qilishi mumkin.

Kitobni o'qish: «Xatirələr. Yıxılan rejimin və bitməyən Eşqin hekayəsi»

Shrift:

FƏRƏH PƏHLƏVİ

XATİRƏLƏR

YIXILAN REJİMİN VƏ BİTMƏYƏN

EŞQİN HEKAYƏSİ

“Xatirə Ədəbiyyatı” silsiləsindən 21-ci kitab

İran şahı Məhəmməd Rza Pəhləvi və Şahbanu Fərəh Pəhləvi

Fərəh Pəhləvi 1938-ci il oktyabrın 14-də Tehranda doğulub. Atası Söhrab Diba İran Ordusunun zabitlərindən idi. Eyni zamanda Sorbonnada (Fransa) hüquq təhsili almışdı. Diba (farsca “ipək” mənasını verir) ailəsinin kökləri Azərbaycanda, Xəzər dənizi sahillərində yaşayan Qütbi xanədanına gedib çıxır. Fərəh Pəhləvi Tehrandakı Janna d’Ark və Razi məktəblərini bitirəndən sonra Parisdə memarlıq təhsili aldı. Memarlığa duyduğu böyük sevgi bütün həyatı boyunca davam elədi.

1959-cu ildə dekabrın 21-də İran şahı Məhəmməd Rza Pəhləviylə ailə qurdu. 1967-ci ildə Kraliça (Şahbanu) oldu və İran tarixi ərzində tac qoyan ilk qadın kimi tanındı. Ailə qurandan sonra bütün diqqətini sosial fəaliyyətə yönəltdi. Qadınların azadlığına, idman və sənət sahələrinin inkişafına üstünlük verdi. Təhsil, sağlamlıq, mədəniyyət və yardım yönümlü iyirmi dörd dərnəyə rəhbərlik elədi. Sənətə olan meylinin İrandakı mədəni mühitin canlanmasına böyük təsiri oldu. İranlı gənc sənətçiləri dəstəkləməsi qədim ənənəvi sənətlər və memarlıqla bağlı muzeylərin açılmasına təkan verdi.

Ölkədə yaranan qarmaqarışıqlıqlar ucbatından Şahla birlikdə ölkəni tərk elədi. İrandakı şahlıq rejiminin 1979-cu il yanvarın 16-da devrilməsindən sonra Baham adalarından Meksikayacan uzanan geniş bir ərazidə sürgün həyatı yaşadı. Ciddi xəstəliyə tutulan Şah 1980-ci il iyulun 27-də Misirin paytaxtı Qahirədə vəfat elədi.

Rza, Fərəhnaz, Əli Rza və Leyla adlı dörd uşaq dünyaya gətirdi. Qızı Leyla 2001-ci il iyunun 10-da Londondakı bir otel otağında ölmüş vəziyyətdə tapıldı. 2003-cü ildə 65 yaşını qeyd eləyən Fərəh Pəhləvi “Xatirələr” adlı kitabını nəşr etdirdi. Hələ də uşaqlarıyla birlikdə Amerikada sürgün həyatı yaşayır.

Aydınlığın düşmənləri

tərəfindən qətlə yetirilənlərin xatirəsinə.

İranın bütövlüyü üçün

həyatlarını itirənlərin xatirəsinə.

İran xalqına;

uşaqlarıma;

şahıma olan sevgim adına.

Son uçuşu xatırla,

quş ölümlüdü…

Foruq Fərruxzad

Bu kitabın yazılmasında məndən

köməyini əsirgəməyən Lionel Duroya

minnətdarlığımı bildirirəm.

Fərəh Diba imzasıyla, 1959

Nə vaxt o 1979-cu il yanvar səhərini xatırlayıram, eyni dərin kədər gəlib ürəyimə saplanır. Aylardan bəri atəş və qan içində yaşayan paytaxtımız sanki qəfildən solub-saralmışdı, insanın hövsələsini daraldan səssizlik çökmüşdü Tehranın üzərinə. 16 yanvar günü ölkəmizdən ayrılırdıq. Şahın müvəqqəti olaraq geri çəkilməsinin çaxnaşmanın yatmasına köməyi olacağını düşünüb yurdumuzu tərk eləyirdik.

Getməyə məcburuyduq. Bu qərar on gün qabaq verilmişdi. Rəsmi olaraq, sanki bir neçə həftəlik tətil üçün xaricə gedirdik. Şah vəziyyəti xalqa bu şəkildə bildirməyi arzu eləmişdi. Amma zaman-zaman baxışlarında oxuduğum o dərin kədər buna özünün də inanmadığını göstərirdi. Mən də çox inanmırdım, amma bütün qəlbimlə ümid bəsləyirdim. Həyatının otuz yeddi ilini xalqına həsr eləyən bir insanın gələcəkdə nə vaxtsa millətinin inamını qazanmaması, mənə görə, mümkünsüzüydü. Onun hökmdarlığı müddətində İran qarşısıalınmaz inkişafa nail olmuşdu. Aralıq sakitləşəndə, hamı bu həqiqəti, əlbəttə, dərk eləyəcəkdi. Mən bu ümidimi qoruyub saxlayırdım. Bütün gördükləri xatırlanacaq, ona edilən haqsızlıq aradan qaldırılacaqdı.

Qar yağmışdı. Gün doğanda, Elbrus dağlarından əsən sərt külək buz kimi qar dənələrini ətrafa sovururdu. Gecə qəribə şəkildə sakit keçmişdi; elə sakit keçmişdi ki, Şah bir neçə saat yata bilmişdi, bu da az şey deyildi! Keçən bir il ərzində Şah xeyli arıqlamışdı, hadisələr onun içini yeyib-tükədirdi, bu da bəs deyilmiş kimi, xəstəlik də onu zəiflətmişdi. Üstəlik, son həftələrdə tez-tez asayiş qaydalarının ziddinə, əsgərləri heçə sayan və binaların damlarına dırmanan nümayişçilərin kin dolu səs-küyü saraya, bizə qədər gəlib çatırdı: “Allahü-Əkbər!”, “Rədd olsun Şah!” Bu həqarətlərdən Şahı qorumaq üçün hər şeydən keçərdim.

Artıq uşaqlarımız yanımızda deyildi. Kiçik Leylamın qəfildən qapını açıb içəri girməsi, Fərəhnazın atasına bir az ürkək, sevgi dolu baxışları, Əli Rzanın elədiyi və ərimin həmişə şəfqətlə qarşıladığı şaqraq zarafatları… Bütün bunlardan məhrum olduq. Saray zülmətə bürünmüşdü. Bütün bunların iyirmi il ərzində bizi xoşbəxt eləyən ailə həyatının sonu demək olduğunu qabaqcadan hiss eləsəm də, uşaqlarımın gedişini son ana qədər gecikdirmişdim. Böyük oğlum Rza Amerikada hərbi pilot olmaq üçün təhsil alırdı. O zaman on yeddi yaşındaydı və hər gün bizə zəng eləyirdi. Amerika televiziyalarının araşdırdığı tərzdə olan İrandakı vəziyyət onu son dərəcə qayğılandırırdı. Ölkənin çarəsiz şəkildə xaosa sürükləndiyini görməklə bərabər, oğlumu sakitləşdirməyə çalışır, dözməsi və tamamilə ümidini itirməməsi üçün onu ruhlandırmağa can atırdım.

Ölkənin büsbütün hər yerində insanlar işlərini atmışdılar, müəssisələr dayanmış, iqtisadiyyat pozulmuşdu. Hər gün yeni nümayişlər keçirilir, kinlə dolu yeni təhdidlər səslənir, uydurma xəbərlər sel kimi axırdı. Şah oğluyla telefonla çox qısa danışırdı, o da atasına qayğısını heç bildirməməyə çalışırdı. Və insanlar qaçırdılar. Hər ay firma şefləri, mühəndislər, tədqiqatçılar, dövlət məmurları ölkəni tərk eləyirdilər. Qısa bir müddətdən sonra biz də qara qüvvələrin qətiyyətlə batırmaq qərarı verdikləri bu gəmidə son “mühacirlər” kimi yerimizi tutacaqdıq.

Uşaqların yola düşməsindən lap qabaqkı bir neçə gün qorxulu keçmişdi. Yalnız səkkiz yaşında olan Leyla elə bil, yaşadığımız o insanı dəhşətə salan gərginliyin çox fərqində deyildi, amma on beş yaşlı Əli Rza və on iki yaşlı Fərəhnaz narahatlıqlarını gizlətmirdilər. Böyük qızımızın bağçanın barmaqlıqları önündə uzun müddət durduğunu və sakitcə boş küçələri izlədiyini görürdüm. Əvvəllər ara-sıra oynadığı, söhbətləşdiyi həminki nəşəli uşaqları görməmək onu təəccübləndirirdi. Bütün o uşaqlar hara qeyb olmuşdular? Bu arada generallar, siyasətçilər, pedaqoqlar və bəzi din adamları bir-birinin ardınca saraya gəlib, ərimə düşüncələrini ərz eləyirdilər. Bəziləri barış imkanları və siyasi çözüm yolları göstərirdilər, bəziləri isə vaxt itirmədən orduya atəş açmaq əmri verməsi üçün Şaha yalvarırdılar. Amma o, hər dəfədə: “Hökmdar taxtını yurddaşlarının qanı bahasına xilas eləməyə cəhd göstərməz, diktator bunu düşünə bilər, amma hökmdar bunu əsla eləməz!” – deyib hamısını qətiyyətlə rədd eləyirdi.

Şah ən ağıllı çözümün ölkədən getmək olduğunu düşünürdü. Beləcə, uşaqlardan ayrılmağı qərara aldıq. Fərəhnaz elə bir ay qabaq, 1978-ci il dekabrın ortalarında böyük qardaşı Rzanın yanına, Amerikaya getmişdi. Leyla və Əli Rzanı da anamla birlikdə onların yanına göndərdik. Əli Rzanın bütün qəlbiylə bağlı olduğu hökmdarlıq bayrağıyla mühafizə alayı uniformasını özüylə götürdüyünü xatırlayıram. Onları bir də nə zaman görəcəkdik görəsən? Amerika əvvəl bizi qəbul eləyəcəyini açıqlamış, sonra sözünü dəyişmişdi; anlaşılırdı ki, orda artıq çox arzulanmırıq. Prezident Sədatın ölkəsi, dost Misir bu səbəblərə görə, ilk dayanacağımız olacaqdı. Uşaqlarımızdan nə qədər uzaq düşürdük!

O səhər qəhvəmizi ayrı-ayrı içdik. Şah erkəndən qalxmış və həmişəki kimi iş otağına getmişdi. Həddən çox sevdiyi bu ölkədə son saatlarını keçirdiyini düşünürdümü? Bundan sonra ölkəsinə heç dönə bilməyəcəyi, görəsən, beynindən keçmişdimi? Bu gün belə, bunları düşünəndə, ürəyim sancır.

Bəzi lazımlı əşyaları yığışdırmaq üçün günortaya qədər vaxtım varıydı. Gecə uşaqların şəkilləri, ailə albomları ağlıma gəlmişdi, onları burda qoymaq fikri məni həqiqətən narahat eləmişdi. Albomları tez toplamalıydım. Keçmişdə qalan xoşbəxtliyimizin bütün xatirələri bu səhifələrin içində yaşayırdı. Bəs başqa nələri götürməliydim? Elə alt-üst olmuş ruhi vəziyyətdəydim ki, qəfildən şəhərdən kənarda geyməyi sevdiyim bir cüt idman ayaqqabısını götürüb ayırdığımı xatırlayıram. Gözüm ayaqqabılara dikilmişdi, çünki bundan belə istədiyimiz qədər gəzməyə vaxtımız olacağını düşünmüşdüm. Cəsarətimizi itirməmək və müvazinətimizi saxlamaq üçün gəzmək son dərəcə vacibiydi. Bəli, bu ayaqqabılar mənim ən dəyərli dostlarım olacaqdı. Ayaqqabıları özümlə götürmək fikri nagəhan şəkildə məni sakitləşdirmişdi. Bir neçə gün sonra onları əşyalarımın içində görəndə, öz-özümə acı-acı güldüm. Bu cür ayaqqabıların dünyanın hər yerində tapıldığını necə olub ki, ağlıma gətirməmişdim, ya rəbbim! Necə zülmət və soyuq sürgünə doğru yol başlayırdıq?

Sonra kitabxananı dolaşdım, ən sevdiyim kitabları, İranda və dünyanın hər yerində tanıdığım şairlərin, dövlət rəhbərlərinin və yazıçıların mənə ithaf elədikləri kitabları ayırdım. Saray xidmətçilərindən mənə yardım göstərməyə gəlmiş bir adamla birlikdə mənim iş otağımdaydıq.

“Miniatürlər sizindi, Şahbanu. Onları götürün!” – dedi mənə.

Böyük hüznlə bu adama baxdığımı xatırlayıram.

“Xeyr, olmaz, hamısı qalmalıdı. Bu incilərdən heç birini götürmək istəmirəm”.

Qərarsızıydım: bir tərəfdən bir gün geri dönəcəyimizə ümid eləyir, digər tərəfdən də, gözümün önünə gələn görüntüdən sarsılırdım: qəzəbdən çılğınlaşmış nümayişçilərin saraya girdiklərini, dolablarımızı, siyirmələrimizi yağmaladıqlarını görürdüm. Hər nəyin bahasına olursa-olsun, kiminsə dəyərli əşyalarımızı özümüzlə götürdüyümüzü düşünməsini istəmirdim! Təkcə ölkəmizin xeyrinə yorulmadan çalışdığımızı bilirdik və ölkəmizdən başımız dimdik ayrılırdıq. Bəli, bəzi xətalar eləmiş ola bilərdik, amma həmişə yalnız ölkəmizin rifahını düşünmüşdük.

Bəzi hökmdarlar və dövlət başçıları tərəfindən bizə verilmiş bir neçə hədiyyəni, bəzi şəxsi əşyaları götürmələri üçün bir neçə gün öncə muzey rəhbərlərini çağırmışdım. Heç olmasa, bu əşyalar oğurlanmayacaqdı. Onların maddi dəyərinin mənim üçün əhəmiyyəti yoxuydu. İnsanın keçmişindən, ruhundan bir parça qoyurmuş kimi, istəyə-istəyə, bilə-bilə ənənəvi İran geyimlərim də daxil olmaqla, digər hər şeyin, rəsmlərin, şəxsi əşyalarımızın, xalıların və b. eləcə yerlərində qalmalarını istəyirdim. Talanın, pis niyyətli cəhdlərin qarşısını almaq üçün televiziyadan bir neçə nəfəri sarayın içini lentə almaları üçün dəvət eləmişdim. Bizim həyatımız İranın taleyilə birgə keçmişdi və bu gün şəxsi əşyalarımızın ölkəmizdən çıxarılmadığından qürur duymaqdayam.

Duyğulu əzablardan son dərəcə yorğun anlar, Tehran qışının sərt havasında parkın ağaclarını seyr edərkən fikrə dalmalar, bu qədər qayğısız yaşadığımız, bizdən ötrü ilıq xatirələrlə dolu meydanlar arasında son saatlar çox tez keçib getdi. Bu əhvali-ruhiyyədə ola-ola, Amerikada Fərəhnazı aradığımı xatırlayıram. Qəfildən onun bir ay qabaq otağına və gənc yaşına uyğun xoşbəxtliklərinə yenidən qovuşacağına əmin halda getdiyinin fərqinə vardım. Zavallı uşaq! Bu xatirələri yazdığım ana qədər İranı bir daha görməyəcəyi heç ağlıma gəlirdimi? Ondan nə istədiyini soruşdum:

“Yaxşı fikirləş, Nanazcığım, xüsusi götürməyimi istədiyin bir şey varmı? Söylə…”

Qızımın o zaman İranda çox bəyənilən müğənni olan Səttarın, otağının baş tərəfindən asılmış rəsmini istədiyini biləndə heyrətləndim. Başqa heç bir arzusu yoxuydu. Elə bilirəm ki, mənim ayaqqabılarım kimi, bu afişa da onu sakitləşdirəcək, şüuraltında daha sonra yaşayacağını sezdiyim bədbəxtliyi zəiflədəcəkdi.

Rzaya gələndəsə, o, sarayda xüsusi hissədə yerləşirdi; Amerikaya gedəndən bəri bir iliydi ki, tamamilə qapalıydı. Böyük məhəbbətlə saxladığım uşaqlıq qığıltılarını, ilk kəlmələrini, ilk addımlarını yazdığımız kaseti, fotoalbomları, bütün xatirələri orda dururdu. Oğlumu axtarmağı ağlıma gətirmədim, hər şeyi atdım. Bu gün mənim üçün xəzinə dəyərində olan həmin əşyalara təkrar qovuşmağı nə qədər istəyərdim.

Günortaya yaxınıydı. Şah iş otağına çəkilmişdi, sarayın içindəki hava hər keçən dəqiqə bir az da ağırlaşırdı. Çaşqın halda ora-bura qaçan qadın-kişi saray xidmətçilərini xatırlayıram. Ən yaşlısı ərimin atası Rza şaha xidmət eləmiş kəsləriydi, bəziləri isə iyirmi il qabaqkı evlənmə mərasimimizdə iştirak göstərmiş adamlarıydı. Və hamısı da bizim ölkədən getməli olmağımızdan özlərini itirmiş vəziyyətdəydilər. Vərdiş eləmədiyimiz səssizlik içində gedib-gəlirdilər, dinməz-söyləməz dolaşmalarından artıq heç bir ümidləri qalmadığını sezirdim. Belə ayrılıb gedə bilməzdik, inamlarını itirməməliydilər.

Bizi yola salmaq üçün toplaşmışdılar. İranın uzun tarixindəki acı dövrlərindən birini də yaşamağa hazırlaşdığımızı onlara başa salmağa çalışdım; ilk bahar gələndə yenidən görüşəcəyimizi və Şahın qayıtmasını bayram eləyəcəyimizi söylədim. Əslində, qorxunc bir kabusun ölkənin gələcəyini necə zülmətə salacağını o anda kim bilərdi ki? Göz yaşlarımızı içimizə axıdırdıq. Bəziləri özlərində gülümsəməyə güc tapdılar. Hər birinə dəyərli əşya, öz qiymətli şeylərimdən birini, ya da bir az pul verdim. Uzun ayrılıq dövrü ərəfəsində bizi bağlayan tellərin olduğunu göstərmək istəyirdim.

Nəhayət, Şah gəldi. Onu görəndə, hamısı ağlamağa başladı. Hislərinə həmişə son dərəcə hakim olan Şah elə bil həyəcanını saxlamaqda çətinlik çəkirdi. Bir neçə qısa kəlməylə ayrı-ayrılıqda hər birinin könlünü almağa çalışdı. Bir çoxu hıçqırıqlar içində onları atıb getməməsi üçün yalvardılar. Bizi Mehrabad təyyarə limanına aparacaq iki vertolyotun hazır olduğu bildiriləndə, saray xidmətçiləri pilləkənlərdə sıraya düzüldülər. Artıq gedirdik, əşyalarımız qabaqcadan aparılmışdı. Bəziləri əllərini uzatdılar, pərişan üzləri gözümün önündədi. Şah hamısını son dəfə salamladı, mən də özümə yaxın olanları qucaqladım, sonra pərlərin gurultusu arasında sarayın şəhər evlərinin arxasında gözdən itdiyini gördüm. Mühafizə qrupunu gətirən vertolyotun müşayiətilə şahlıq pavilyonuna endik. Sərt və dondurducu külək altında titrəşən, bir-birinə qısılmış zabitlərdən və bəzi mülki şəxslərdən ibarət qrup orda bizi gözləyirdi. Əslində, Şah hamısından bu çətin günlərdə Mehrabada gəlməmələrini, vəzifələrinin başında qalmalarını tələb eləmişdi. Həmişə mühərrik gurultularından titrəyən təyyarə meydanı qəfildən ölüm səssizliyinə bürünmüşdü. Qarışıqlıq üzündən yerdə hərəkətsiz qalan təyyarələrin görünüşü adamın qanını qaraldırdı. Bomboş göy üzündə təkcə Elbrus təpələrindən əsən küləyin inadcıl qəzəbi duyulurdu.

Ərim gərginliklə, amma dimdik durub bir neçə dost və sadiq yaxınını salamladı. O anda mühafizə alayından bir zabit Şahın ayaqlarına yıxılaraq, getməməsi üçün yalvardı. Həmişə özünü ələ almağı bacaran Şah onu qaldırmaqdan ötrü əyiləndə, gözlərinin yaşardığını gördüm. Ağladıqlarını gizlətməyən bir neçə zabit də ondan ölkədən ayrılmamasını təvəqqe elədilər. Şah Baş Qərargah rəisiylə xüsusi və qısa söhbətdən sonra vidalaşdı. İranlı jurnalistlər də bir az geridə çaşqın vəziyyətdə mərasimi izləyirdilər. Xarici mətbuat dəvət olunmamışdı. Qısa bir müddətdən sonra Şah jurnalistləri görüb onlara doğru yönəldi. Hökumətin başına Şahpur Bəxtiyarı gətirmişdi və elə həmin o vaxt Baş nazir məclisdə etimad səsləri almağı gözləyirdi. Şah, qərarına məclis qismən səs verməmiş ölkəni tərk eləmək istəmirdi.

Jurnalistlərə: “Hökumət qurulanda söylədiyim kimi, özümü yorğun hiss eləyirəm, dincəlməyə ehtiyacım var, işlər yoluna düşəndə və hökumət vəzifəsinə başlayanda, səyahətə çıxacağımı da söyləmişdim. Elə bu səyahət indi başlayır”, – dedi.

Mən də ölkəmizin uzun tarixi ərzində bəzən çətin anlar yaşadığını, amma İran mədəniyyəti və mənəviyyatının hər şeyin öhdəsindən gələcəyinə qətiyyətlə əmin olduğumu ifadə elədim.

Budur, ən axırda “səyahətə” çıxırdıq. İnsanların özünə gəlməsi və kinin yatması üçün zamana ehtiyac varıydı; biz də bir müddət gözlərdən uzaq qalıb, onlara bu vaxtı verirdik. Bir neçə həftə sonra insanlar başa düşəcəkdilər… Bəli, inanmaq, gələcəyə inanmaq lazım gəlirdi. Nə olursa-olsun, ümidsizliyə boyun əymək istəmirdim.

İztirab dolu gərginlik içində keçən bir neçə dəqiqədən sonra Şaha məclisin Şahpur Bəxtiyara etimad göstərdiyi bildirildi. Özü vertolyotla təyyarə limanına gəlirdi.

Qısa müddətdən sonra Bəxtiyarın əyilə-əyilə vertolyotdan endiyini, üst-başını düzəldib pavilyonun pilləkənlərinə doğru gəldiyini gördük. Məclis rəhbəri Cavad Səid onunla birlikdəydi. İkisi də gəldilər, önümüzdə əyilib bizi həyəcanla salamladılar.

Ərim yumşaq səslə Şahpur Bəxtiyara: “İndi hər şey sizin əlinizdədir. Bacaracağınıza inanır, İranı sizə, sizi də Allaha əmanət eləyirəm”, – dedi.

Otuz yeddi gün sonra Şahpur Bəxtiyar Ayətullah Xomeyninin yaratdığı birinci İslam hökuməti tərəfindən devriləcək və ölümdən qurtulmaq üçün İrandan qaçmaq məcburiyyətində qalacaqdı.

Hər səfərə çıxanda, ənənəvi duaları oxumaq üçün daim hazır olan Tehran Cümə məscidinin imamı doktor Həsən İmani bu dəfə bizimlə birlikdə deyildi. Sonradan saraya çox yaxın olan bu din adamının yola salmağa gəlməməsiylə bizi qınadığını, gedişimizə tərəfdar olmadığını göstərmək istədiyini iddia elədilər. Acı gerçəyi bir müddət sonra öyrəndik: Cenevrədə xəstəxanaya yerləşdirilmişdi. Bir neçə həftə sonra öldüyünü eşitdik.

Artıq gedə bilərdik. Küləyə qarşı irəliləyib, rəsmi səfərlər üçün istifadə elədiyimiz “Şahin” adlı mavi-bəyaz “Boinq-707” təyyarəmizə çatdıq. Pilləkənin altına çatanda Şah döndü, bizi müşayiət eləyən kiçik qrup dayandı. Üz-üzə gəldiyimiz vaxt gizlədilməsi çətin olan həyəcan keçirdiyimizi xatırlayıram. Bizi yola salmağa gələn zabitlər, saray məmurları, pilotlar, saray mühafizə alayı mənsubları cəsarətlərini sübut eləmiş insanlarıydı. Ancaq yenə də o anda güclə gizlədikləri sarsıntı içində olduqları görünürdü. Göz yaşlarından boğula-boğula bir-bir Şahın əlini öpdülər. Əsasən, bizim getməyimizi tələb eləyən Şahpur Bəxtiyarın da gözləri yaşarmışdı.

Şah daha sonra xatirələrini yazdığı kitabında (Məhəmməd Rza Pəhləvi, “Tarixə şəhadət”, Paris, 1979), “Yurdumdan ayrılanda, mənə sədaqətlərini göstərənlər məni çox duyğulandırmışdı; hıçqırıqlarla pozulan, insanın ürəyinə bıçaq kimi saplanan sükut hakimiydi ətrafa”, – deyə yazacaqdı.

Nəhayət, bizimlə gəlmək istəyən bir neçə adamla birlikdə özümüzü təyyarənin içinə saldıq. Protokol şefi Əmir Aslan Əfşar, atası Əbülfət Atabəy, ərimdən qabaq sıra-sıra Əhməd Şaha və Rza Şaha xidmət eləyən Kambiz Atabəy, bizim şəxsi təhlükəsizliyimizi qoruyan Kiomərs Cahanbini və Yəzdan Nəvisiylə mühafizə zabitləri bunların arasındaydı. Uzun zamandan bəri xidmətimizdə olan başqa insanlar da vardı. Sarayda son anda ətrafımda heç bir qadının olmadığını görüb, dörd uşağımızın həkimi olan qohumlarımızdan doktor Luiza Pirniadan sonu naməlum bu səfərə mənimlə getməyi istəyib-istəmədiyini soruşmuşdum. Dərhal qəbul eləmiş, ailəsini orada qoyub təkcə, paltarlarını yığdığı kiçik bir çamadanla bizə qoşulmuşdu. Aşpazımız da bizimləydi, İranı, vərdiş elədiyi mətbəxi bir daha görməyəcəyini sezdiyindəniydi deyəsən, son dərəcə vasvası olan bu adam özüylə iri yemək qazanlarını, çuvallar dolusu noxud, düyü və mərcimək götürmüşdü… Qısası, hər kəs bir şeylə təskinlik tapmağa çalışırdı.

Təyyarəyə minər-minməz Şah komanda hissəsində əyləşdi. Bu əvvəldən ən böyük zövqlərindən biriydi. Beləcə, keçirdiyi iztirablara baxmayaraq, hətta bəlkə də bu sarsıntı üzündən özünü sonsuzluğadək İrandan uzaqlaşdıracaq, yaxınlarının əlindən qoparacaq bu səyahətdə təyyarəni şəxsən sürmək istəyirdi. Yaşadığımız hadisələrin çoxluğundan çaşıb qalmışdım, amma için-için də dözməyi bacardığımdan özümlə qürur duyurdum. Təyyarəmizin havaya qalxmasıyla bağlı daha bir xatirəm yoxdu.

İranın hava məkanında uçduğumuz müddətdə ərim təyyarəni idarə elədi. Sonra komandanı pilotlara verib yanımıza gəldi. Elə o zaman tarixin bizi içinə itələdiyi uçurumu bütün dərinliyilə hiss elədim. O anda dərhal dözmək üçün bəzi şeylər eləməsəydim, bəzi cəhdlər göstərməsəydim, ağlımı itirəcəkdim. Dünyaya zavallı ölkəmə yardım üçün müraciət eləməyi düşündüm. Üsyançılara qarşı olan, amma müdafiə imkanları olmayan xeyli adamı orda qoymuşduq, bu yaxınlarda mütləq ayaqlarına yıxılacaqdılar. Onlara tez kömək çatdırmaq lazım gəlirdi, bizə yaxın olan dövlət başçılarına xəbər verilməliydi. İçəridən bəzilərinə mesaj göndərmək üçün dərhal Şahdan izin istədim. Mənə qəribə tərzdə baxdı, sonra istəməyə-istəməyə razı oldu. Əfşar bəyin köməyilə bu çağırışları qələmə aldım. Sonra ilk dəfə Misirin güneyində, Asuana doğru uçanda, həyəcanla dəftərin ilk səhifələrini qaralamağa başladım. Bu dəftəri on səkkiz ay ərzində, Şahın ölümünə qədər özümdə saxladım. Aşağıda o dəftərdən bir neçə sətir çatdırıram:

“16 yanvar 1979.

Sarayda durum qorxuludu, çox qorxuludu. Görülməsi lazım gələn çox işlər, telefonla tapılmalı olanlar, ətrafdakı insanların hıçqırtıları…

Ümidsizliyə qapılmamalı, ağlamamalıyam, ürək-dirək verməliyəm. Bütün həyatımı arxada qoyuram, geri dönmək ümidimi qoruyub saxlayıram, amma eyni zamanda üzüntüdən ürəyim darıxır. Sarayda ayaqlarımızı qucaqlayan, yalvaran, suallar verən insanlar: “Hara gedirsiniz? Nə vaxt qayıdacaqsınız? Niyə bizi tərk eləyirsiniz? Bizi başlı-başına buraxmayın…”

“Xeyr, ayağa qalxın, Allaha güvənin. Siz zabitsiniz, ağlamamalısınız”, – dedim. Mən içimdə ağlayırdım, amma onlar görmürdülər.

Vertolyotdan düşəndə gülümsəməli, inandırıcı sözlər tapmalı, daim güclü olmalıyam. “Əminəm ki, beynəlxalq birlik bu vəziyyətin öhdəsindən gələcək, mən İran xalqına güvənirəm”.

Jurnalistlərə dediklərim bunlarıydı. Aralarından bir nəfər mənə: “Allah köməyiniz olsun!” deyə pıçıldadı. Sonra hamı təyyarəyə doğru yönəldi. Orda insanlar Şahın qarşısında diz çökdülər. Ərim pərişan olmuşdu, gözləri yaşla doluydu. Pilotlar, zabitlər, jurnalistlər, mühafizəçilər, hamı hıçqıra-hıçqıra ağlayırdı.

Bomboş səmaya qalxdıq. Hər şeyi itirməyin qorxusu qəlbimi qorxunc şəkildə parçalayır. Uşaqlarım, dostlarım, ölkəm… ürəyim param-parça! Bu sonu bilinməyən səfərə çıxmaqdansa, yurdumda ölməyi üstün tutardım. Sonu bilinməyən bu səfər bizi hara aparacaq? Qəlbim bu qədər parçalanıbsa, yaşamağa, təpərli olmağa necə davam eləyəcəyəm?”

İlk gənclik illərimdə gələcəyimi düşünəndə, özümü mədəni, qürur duyacağım bir kişinin yanında təsəvvür eləyərdim. Get-gedə daha çox qadının İranın inkişafına qoşulmaq üçün səfərbər olduqları bir vaxtda, 50-ci ilin axırlarında təhsilimi bitirmədən ərə getməyi fikirləşmirdim. Günlərin birində ölkəmizin ən böyük şəxsiylə evlənmək ağlıma belə gəlməzdi. Şahdan bir gün:

“Niyə məni seçdin”, – soruşmuşdum.

“İlk görüşlərimizin birində, günortadan sonra yeddidaş (uşaq oyunu-N.Ə.) oynamışdıq, xatırlayırsanmı? Olduqca çoxuyduq. Daşların çoxu hədəfə dəymədən yerə düşürdü, sən də çox incə tərzdə dərhal qaçıb oyunçuların daşını toplayırdın. Səni ondan qabaq da bəyənmişdim, amma o gün nəcibliyini sevdim…”

Birinci hissə

…Azərbaycanlı ailəsinə mənsub olan atamın atası da fransızca və rusca danışan diplomatıymış. Atam on iki yaşındaykən kiçik qardaşı Bəhramla Sankt-Peterburqdakı hərbi məktəbə göndərilib. On altı yaşında olanda, 1917-ci ildə bolşevik inqilabı baş verib, onlar da bizim səfirin köməyilə qaça biliblər. Daha sonra atam Fransaya gedib lisey təhsilini tamamlayır, hüquq təhsili almağa başlayır və Sent-Ceyrdəki hərbi məktəbə qəbul edilir…

Anama gəlincə, onun kökü Xəzər dənizinin sahilində yerləşən Gilan şəhərindəndi. Anam çox sayılan sufi Qütbəddin Məhəmməd Gilaninin soyundan gəlirdi. Təhsilini Tehranda, fransız rahibələrin idarə elədiyi Janna d’Ark məktəbində almışdı…

* * *

Mən Azərbaycanı tanımırdım. Atam bir gün birlikdə gedəcəyimizə söz verdi, amma ailəsinin yaşadığı yerləri mənə göstərmək ona nəsib olmadı, sonrakı il biz atamı itirdik…

Fərəh Pəhləvi, 1959

I

Körpəliyimə aid ilk xatirələrimin şahidi xoşbəxtlikdən uçan atamın öz əlləriylə şəkillər çəkib, təriflər aldığı, hər sətrindən sevgi daşan bir dəftər olmuşdu. Atam bu dəftərə çəkimi, ilk gülüşlərimi, ilk sözlərimi, ya da söz qəbul elədiyi səsləri qeyd eləmişdi. Xoşbəxtlikdən göylərdə dolaşdığı apaydın görünür və sonra birdən-birə sevinci ən qəddar kabusa dönür; bu da beşinci səhifədə yazdıqları: “Bu cümə həyatımın ən sarsıntılı günlərindən biridi: Fərəh soyuqlayıb. Sərsəm dayəsi lazım olan diqqəti göstərməyib. Xəstəliyini öyrənəndə, Tehranın mərkəzindəydim, dərhal maşına oturub Şəmirana getdim. Körpəm uzanıb yatırdı, çox pis görünür və güclə nəfəs alırdı. Anası ağlayırdı. Axırda doktor Tofiq gəldi, qızımın bərk angina keçirdiyini söylədi. Fərəhin qızdırması yüksəyiydi. Bütün gecəni ona kompres qoyduq, səhərə qədər gözümüzü qırpmadıq”.

Atam burda məni yataqda, alnımda böyük kompreslə təsvir eləyən şəkil çəkib; üstümdə iri sual işarəsi var. Mənə elə gəldi, öz-özündən sanki “görəsən, qızım yaşayacaqmı?” soruşurmuş. Atam sol yanımda anamı göz yaşı tökən, o biri yanımda özünü başını əllərinin arasına alıb düşünən vəziyyətdə çəkib; sarsıntısı üzündən açıqca oxunur.

Bir neçə gün sonra vəziyyətim düzəlib. Atam: “Allaha şükürlər olsun, Fərəh yaxşılaşır, amma bizim gözlərimiz ağlamaqdan qan çanağına döndü”, – yazıb.

1939-cu ildə (bioqrafiyasında 1938-ci il oktyabrın 14-də doğulduğu göstərilir – N.Ə.) dünyaya gəldim. Tehranın quzeyində, əsrin əvvəllərindən qalmış bağçalı bir evdə yaşayırdıq. Mən bu evdə böyümüşəm. Dayım Məhəmməd Əli Qütbi və arvadı Luiza da bizimlə yaşayırdılar. Anamla atamın və dayımla arvadının birinci mərtəbədə ayrı-ayrı böyük yataq otaqları vardı, qonaq otağı ortaq istifadə olunurdu. İranda adət olduğu kimi, qonaq və yemək otaqları birinci mərtəbədəydi, təkcə qonaqlar və ya dəvətlilər gələndə qapılar açılırdı. Atamın iş otağı da eyni mərtəbədəydi.

Mən doğulmamışdan altı ay əvvəl dayımın oğlu olmuşdu. Qohumum Rzayla birlikdə böyüdük. Gülümsədiyim ilk uşaq üzü onunku olmuşdu. İlk addımlarımızı birlikdə atdıq və Rza mənim çox intizar çəkdiyim qardaşım oldu.

Çox sonralar ata-anamın daha bir uşaq sahibi olmaq istədiklərini, ancaq İkinci Dünya Savaşının İrandakı dramatik nəticələri üzündən bu fikirlərindən vaz keçməyə məcbur olduqlarını öyrəndim. Ölkə 1941-ci ilin avqustundan ingilis və sovet müttəfiqlərinin işğalı altındaydı, vəziyyət dörd il ərzində heç də ümidverici görünmürdü.

Beləcə, tək uşaq olaraq qaldım. Ata-anamın göz bəbəyiydim. Atamın məndən ötrü çox qayğı çəkdiyini, xəstələnməyimdən çox qorxduğunu danışmışdılar. O dövrdə bəzi azadlıqlar hələ İranda olmadığı üçün qabaqcadan mənə əllə toxunmağı və xüsusilə məni öpmələrini qadağan eləmişdi; amma o başqa məsələdi ki, bütün bunlar yenə də daim uşaq xəstəliklərinə tutulmağıma mane olmamışdı. Böyüdükcə get-gedə sərbəstlik əldə eləyirdim, atam da başqa uşaqlarla oynamağımı artıq çox yasaqlamırdı.

Ailəmizdən qıraqda mənə ən yaxın olanlar evdəki adamlarıydı; böyük sevgiylə bağlı olduğum, ruhuma doğma olan və ağıl dəryası dayəm Münəvvər, aşpaz, anamın qulluqçusu, xırda-para işlərə baxan başqa iki adam. Rza və mən bütün bu adamları çox sevirdik; onlar bizi daha çox sevirdilər, həddən artıq əzizləyirdilər. Hamısı da bağçanın o biri tərəfindəki təzə bir evdə yaşayırdılar. Ata-analarımız evdən çıxar-çıxmaz dərhal onların yanına gedirdik. Bizi dizlərinin üstündə oturdar, nağıl danışardılar. Bəzən qorxulu olan bu nağıllardan dünyanın analarımızın bizə başa saldıqlarından daha artıq sirli və ürküdücü ola biləcəyini anlayırdıq.

Personalın qaldığı bu binanın bir hissəsi anbar kimi istifadə olunurdu; lobya, noxud, düyü, şəkər, badam, yağ kimi ərzaqları aylarla burda saxlayırdıq. Bir gün anbara ərzaq götürmək üçün girəndə, siçanlarla qarşılaşan anamın var gücüylə qışqırdığını xatırlayıram. Aşpaz dərhal köməyinə qaçmışdı. Rzayla mən də fürsətdən istifadə eləyib, həyəcanla onun arxasınca qaça-qaça heç görmədiyimiz, min bir qoxuyla dolu bu anbara girmişdik.

Ata-analarımızın nəzərində təhlükə və xəstəliklərlə dolu olan xarici aləmin uğultusu bağçanın hündür, qalın divarlarının üstündən bizə gəlib çatırdı. Əsasən, küçəyə çıxmağımız yasağıydı, amma köşkün köhnə pillələrində oturub barmaqlıqların arasından yoldan keçən adamları seyr eləyərdik. Ölkə işğal altındaydı və həyat heç də asan deyildi. Bəzən böyüklərin quzeydəki təhlükəli qonşumuz SSRİ-də, uzaqda, dağların arxasındakı savaşdan söz açdıqlarını eşidirdik. İngilis əsgərlərinin cipləri də həmişə diqqətimizi çəkərdi. Bir çox dilənçi müntəzəm olaraq, bizim evə gələrdi. Onları adlarıyla tanıyırdıq. Böyüklər də dilənçiləri düşünüb, heç bir şeyi atmazdılar. Gələndə yalnız yemək deyil, geyim, hətta uşaqları üçün oyuncaq belə verirdik.

Yayda küçə bayırda oynamalarına icazə verilən uşaqlarla doluydu, biz də barmaqlıqların arasından onlarla çənə vurardıq. O çağlarda maşın sahibi olmaq həqiqi üstünlük sayılırdı. Adamlar əsasən faytonlarla gəzirdilər. Uşaqların ən çox sevdiyi oyunlardan biri də havayı gəzə bilmək üçün arabanın arxasından sallaşmağıydı; bu bizi məst eləyən mənzərəydi. Piyadalar “Arxada adam var” qışqırırlar, arabaçı da qamçısını havada şaqqıldadıb arxadakı qaçaq sərnişinə çəkirdi. Bizə də nəfəsimizi udub bu səhnəni izləmək qalırdı.

Küçədə gördüklərim arasında məni heyran eləyənlər əsasən səyyar satıcılardı. Eşşək belində və ya özləri düzəltdikləri, rəngli şəkillərlə bəzədikləri arabalarda, ya da başlarının üstündə ustalıqla apardıqları böyük səbətlər içində bizə mövsüm meyvələrini gətirirdilər. Qışda mandarinlər, portağallar, fırnıda bişirdiyimiz çuğundurlar… Sonra səbirsizliklə yayı gözləyirdik; çiyələkləri, göy ərikləri, almaları dadmaq üçün. Satıcılar təzə-tər qalmaqdan ötrü turpların, təzə soğanların, nanə, tərxun və vəzərilərin üzərinə daim su səpirdilər. Nəhayət, Tehranın həmişə çox isti keçən ilk yay günlərində gilaslar, mis qoxulu almalar, qaysılar, daha sonra da qovunlar, qarpızlar gəlirdi. Və əlbəttə, dondurma satıcıları! Biz bütün bunlara heyrətlənsək də, satıcılara yaxınlaşmağımız yasağıydı. Böyüklər növbəylə ağlagələn hər cür mikrobla dolu olan bu dondurmaların sağlamlığa nə qədər zərərli olduğunu başa salmağa çalışırdılar. Hələ də Rzayla bərabər dovşan kimi qapının üstündən adlayıb nazik halva arasındakı bu nəfis zəhəri yediyimizi unutmamışam. Küçənin tozuna bulaşdıqları üçün “xoruz şəkəri” dediyimiz əmmə konfetləri də bizə qadağan eləmişdilər.

Ancaq əsl təhlükə sudan gəlirdi; su şəhərdə çox dəyərliydi və o dövrün Tehranında həyatın axarını adətən su göstərirdi. Şəhəri təmin eləyən yalnız iki qaynaq olduğundan içməli su çox azıydı. Atların dartdığı, bütün şəhəri gəzən çənli arabalar bizə də su gətirirdilər. Səyyar səbzi satıcıları kimi, suçular da gəldiklərini xəbər vermək üçün özlərinə xas nəğmələrini oxuya-oxuya çağırırdılar. Dərhal qablar çıxarılır, suçu da onları bir neçə quruş müqabilində doldurub gedirdi.

Təmizlik və ev işləri üçün istifadə edilən su Tehranın quzeyindəki Elbrus dağlarından gəlir və kiçik açıq kanallardan ibarət ibtidai şəbəkə bütün küçələrə su paylayırdı. Bu bulanıq suyu götürmək üçün hər səmtə müəyyən bir gün ayrılmışdı. Kiçik dəhnələrlə suyun istiqaməti dəyişdirilir, beləcə, bir neçə caat ərzində evlərin altındakı çənlərə, ya da bağçadakı, həyətdəki hovuzlara axıdılırdı. Bizim evdə həm çən, həm də hovuz vardı. Hovuza axan suda yuxarıdan üzüb gələn qarpız qabıqlarını, quru yarpaqları, siqaret kötüklərini, kiçik taxta parçalarını maraqla izləyərdim. Bir neçə gün sonra selinti dibə çökür, su damın altındakı çənə vurulub mətbəxdə və hamamda istifadə olunurdu. Çənə atılan kirəc məhluluna baxmayaraq, bu səbəbdən suyun içində xırda qurdlar qaynaşırdı, bizə kranlardan qəti su içməməyimiz daim təkrarlanırdı.

Janrlar va teglar

Yosh cheklamasi:
0+
Litresda chiqarilgan sana:
28 oktyabr 2022
Hajm:
499 Sahifa 16 illyustratsiayalar
ISBN:
978-995-255-738-1
Mualliflik huquqi egasi:
Hədəf nəşrləri
Matn
O'rtacha reyting 4,9, 8 ta baholash asosida
Matn
O'rtacha reyting 5, 2 ta baholash asosida
Matn
O'rtacha reyting 5, 3 ta baholash asosida
Matn
O'rtacha reyting 4,8, 5 ta baholash asosida
Matn, audio format mavjud
O'rtacha reyting 0, 0 ta baholash asosida
Matn
O'rtacha reyting 4,5, 8 ta baholash asosida
Matn
O'rtacha reyting 5, 4 ta baholash asosida
Matn, audio format mavjud
O'rtacha reyting 4,8, 4 ta baholash asosida
Matn
O'rtacha reyting 4,2, 5 ta baholash asosida
Matn
O'rtacha reyting 3,8, 4 ta baholash asosida
Matn
O'rtacha reyting 4, 1 ta baholash asosida