Faqat Litresda o'qing

Kitobni fayl sifatida yuklab bo'lmaydi, lekin bizning ilovamizda yoki veb-saytda onlayn o'qilishi mumkin.

Kitobni o'qish: «Bir dəqiqə axmaqlıq»

Shrift:

AXMAQLIQDAN MÜDRİKLİYƏ

Müdrikliyə çatmağın həyata yalnız son dərəcə ciddi yanaşmaqla mümkün olduğunu düşünənlər ya nılırlar. Bunun üçün, ilk növbədə, reallığı dərk etmək, həyatı olduğu kimi qəbul etməyi bacarmaq lazımdır. Axı bizi əhatə edənlərin heç də hamısı ağıllı, baş verənlərin hamısı məntiqəuyğun deyil. Əsas məsələ də elə bu ağıl və məntiqdən uzaq həyat həqiqətlərini özün üçün aydın laşdırmaq, safçürük etmək, onlardan düzgün nəticə çıxarmaqdır. Müdriklər həmişə başqalarının səhv lərindən ibrət almağa, onları təkrarlamamağa çağırmışlar. Atalar demişkən: “Ağıllı ədəbi ədəbsizdən öyrənər”. Entoni de Mellonun qarşınızdakı kitabını oxuduqca buna dəfələrlə əmin olacaqsınız. “Bir dəqiqə axmaqlıq” məhz belə ibrətamiz, çox zaman şən, məzəli pritçalardan ibarət topludur.

Qəhrəmanlarının düşdüyü qeyri-adi situasiyaları, on ların qəribə mühakimələrini, gerçəkliyi özünəməxsus, bəzən hətta təhrif olunmuş şəkildə qəbul etmələrini Mello “insan dünyanı əslində olduğu kimi deyil, onu necə görürsə, elə də qavrayır” aksiomu ilə izah edir. Necə ki,“Əvvəllər bütün məhəlləni dövrə vurardım, indi isə o qədər zəif ləmişəm ki, yolun yalnız yarısını gedə bilirəm, sonra isə dönərək geri qayıtmağa məcbur oluram”söy ləyən qoca, əs lində, eyni məsafəni qət etdiyinin fərqinə varmır.

“Bir dəqiqə axmaqlıq” kitabını yaşından və dünyagörüşündən asılı olmayaraq hər kəs oxuya bilər. Kimi burada toplanmış əla lətifələrdən zövq alacaq, kimi isə ürəkdən gülməklə yanaşı fikrə gedəcək, özü üçün bir çox həqiqətləri açacaq.

Kitabdakı bəzi pritçalar sizə çətin anlaşılan, dolaşıq, hətta mənasız gələ bilər. Nə etməli, Mellonun dəfələrlə söylədiyi kimi, həyatda ağılla qavranılması və sözlə ifadəsi mümkün olmayan nəsnələr kifayət qədərdir.

– Bu adam cəfəngiyyat danışır, Ustadla söhbətdən sonra ziyarətçi bildirdi.

– Sözlə ifadə oluna bilinməyəni ifadə etməyə çalışsaydın, sən də cəfəngiyyat danışardın, deyə şagirdlərdən biri ona cavab verdi.

Ziyarətçi bu barədə birbaşa ustadın özündən soruşanda belə cavab aldı:

– Hər kəsin cəfəngiyyat danışmağa haqqı var. Yetər ki, bunu ciddi görkəmlə etməsin.

Çox zaman ən axmaq hərəkətlər, ən absurd fikirlər ağıllı üz ifadəsi ilə müşayiət olunur. Və əksinə. Buna görə də oxuyun, gülümsəyin, düşünün və… müdrikləşin.


Şagird təzə gələn yoldaşına dedi:

– Xəbərdarlıq etməliyəm ki, əgər özünü düzgün kökləməsən, Ustadın dediklərindən bir söz də anlamayacaqsan.

– Özümü necə düzgün kökləyim ki?

– Xarici dil öyrənmək arzusunda olan tələbə kimi ol. Ustadın dediyi sözlər tanış səslənir. Ancaq bu səni yanıltmasın – onlar tamamilə başqa məna daşıyır.


Tənqidin ədalətli olduğunu düşünən zaman Ustad tənqid etməkdən heç vaxt çəkinmirdi. Çox maraqlı idi ki, heç kim ondan incimirdi. Bunun səbəbini soruşduqda o belə cavab verdi:

– Hər şey bunu necə etməkdən asılıdır. Axı insanlar gül kimidirlər: yay yağışına açılır və sevinirlər, leysan olduqda isə qapanırlar.


Ustad deyərdi: Öz çatışmazlıqlarını aşkar etməyin ən yaxşı üsulu başqalarında səni qıcıqlandıran şeyləri tapmaqdır. Sübut üçün bu əhvalatı danışdı:

“Bir dəfə arvadı bufetdəki qutudan konfetlərin yarısının ustalıqla yeni aşpazın çantasındakı paketə daşındığını sezmişdi. O, aşpazı pərt etməmək üçün sadəcə olaraq konfetləri paketdən götürdü, qutunu isə gizlətdi ki, daha heç kimi yoldan çıxarmasın. Elə həmin axşam aşpaz işdən çıxdığını söylədi. Səbəbini soruşduqda qadın:

– Mən oğurluq malı oğurlayanların evində işləmək istəmirəm, – deyə qaba şəkildə cavab verdi”.

***

Növbəti gün Ustad mövzunu başqa bir hekayə ilə davam etdirdi. Gecə qarətçi seyfi yarmağa hazırlaşırdı ki, qapısında bir kağız gördü: “Xahiş edirik, seyfi partlatmayın. Bağlı deyil. Sadəcə, dəstəyini burun”. Seyfin dəstəyindən yapışmışdı ki, üstünə qumla dolu kisə düşdü, işıqlar yandı, siqnalizasiyanın səsi isə bütün ətrafı ayağa qaldırdı.

Ustad zavallını yoluxmaq üçün həbsxanaya gələndə o, çox məyus görünürdü.

– Bax bundan sonra insanlara necə etibar edəsən? – uğursuz qarətçi gileylənirdi.


– Aydınlanmaya1 çatmaq üçün nə etmək lazımdır? – şagirdlər Ustaddan soruşdular.

– Deyə bilərsiniz, nə suya düşdükdə ləpə yaratmır, ağacların arasından sürətlə keçərkən heç bir səs çıxarmır və talada hərəkət edərkən bir otu da tərpətmir?

Bir neçə həftə səmərəsiz axtarışlardan sonra şagirdlər dözmədilər:

– Axı bu nə olan şeydir?

– Şey? – Ustad təkrarladı. – Bu heç də bir şey deyildir.

– Deməli, bu heç nədir?

– Belə də demək olar.

– Bəs biz onu necə tapaq?

– Məgər mən axtarmalı olduğunuzu demişəm? Onu tapmaq olar, ancaq onu heç vaxt axtarmırlar. Axtarsanız, itirərsiniz.


– Aydınlanmış insan, – Ustad dedi, – o kəsdir ki, istənilən an harada olduğunu dəqiqliklə bilir, bu isə elə də asan iş deyil!

Və o, çoxlu tanışı olan dostu haqda danışdı. Dostunun yaşı səksəni çoxdan keçmişdi, lakin buna baxmayaraq ona edilən hər ziyafət dəvətini həvəslə qəbul edirdi. Bu ziyafətlərin birində ondan soruşdular ki, həmin gecəyə daha neçə görüş planlaşdırıb.

– Altı, – yaşlı centlmen gözlərini balaca qeyd kitabçasından çəkmədən cavab verdi.

– Siz orada nə axtarırsınız? – yenə soruşdular. – Buradan sonra hara gedəcəyinizi öyrənmək istəyirsiniz?

– Yox, – usanmaz qoca dedi. – İndi harada olduğumu xatırlamaq istəyirəm.


Ustad dərs keçdiyi vaxt şagirdlərdən birinin atası qəflətən sinfə soxuldu və buradakılara məhəl qoymadan qızının üstünə qışqırmağa başladı:

– Sən universiteti atdın ki, oturub bu axmağa qulaq asasan? İndi de görüm, nə öyrədib o sənə burada?

Qız durdu, atasını sakitcə otaqdan çıxarıb dedi:

– Onunla ünsiyyət mənə heç bir universitetin verə bilməyəcəyini verdi – o mənə səndən qorxmamağı və sənin nalayiq hərəkətinə görə utanmamağı öyrətdi.

***

– Mənəviyyatın, heç olmazsa, bir dənə real, praktik faydasını göstər, – deyən skeptik artıq mübahisəyə hazır idi.

– Yaxşı, – Ustad dedi. – Səni bir kəs incidəndə öz ruhunu elə yüksəkliyə qaldıra bilərsən ki, inciklik hissi ora çatmaz.


Nahar vaxtı Ustad bir aktrisanın ulduz fallarından danışdığını eşitdi. Ona sarı əyilərək soruşdu:

– Məgər siz ulduz falına inanırsınız?

– Bəli, – qadın cavab verdi, – mən hər şeyə azacıq inanıram.


Bir dəfə Ustad zorlanması barədə polisə müraciət edən bir qadın haqqında danışdı.

– Təcavüzkarı təsvir edin, – deyə müstəntiq ondan xahiş etmişdi.

– Əvvəla, o, kütbeyinin biridir.

– “Kütbeyin” söylədiniz, xanım?

– Əlbəttə. O heç nə bacarmır, ona kömək etməli oldum!

Ustadın əlavəsindən sonra əhvalat daha heç kimə məzəli görünmədi:

– Hər dəfə kimdənsə inciyəndə ona nə ilə kömək etdiyinizi xatırlayın.

Ustadın dedikləri etiraz dalğası yaratdı, ona görə də sözünə davam etdi:

– Təhqiri qəbul etməkdən imtina edən adamın xətrinə dəymək olarmı?


Ustad daima öz halına acıyan və ya özünü danlayan adamları kəskin tənqid edərək deyirdi:

– Səhvə yol vermək qorxulu deyildir, ta o vaxtadək ki, inadla onu özünə xatırlatmağa başlayırsan.

***

Səhv iş görəcəyindən çox qorxan şagirdə Ustad dedi:

– Ən böyük səhvi o kəs edir ki, heç səhv etmir, – deməli o, yeniliyə can atmır.


Ustad hər növ konsepsiyalara mənfi yanaşır və “konsepsiyasız biliyi” müdafiə edirdi. Bir dəfə yanına bu məsələ ilə bağlı öz narazılığını bildirmək istəyən bir alim gəldi: o fikirləşirdi ki, bu cür yanaşma elmi nüfuzdan salır.

Ustadın elmə qarşı olmadığını alimə izah etmək xeyli vaxt apardı. Sonda Ustad:

– Amma yenə də, yaxşı olar ki, öz arvadımızı elmi konsepsiya nöqteyi-nəzərindən tanımayaq, – demişdi.

Daha sonra şagirdlərlə söhbət edərkən o, fikrini bir qədər də konkretləşdirdi:

– Konsepsiyalar müəyyənlik yaradır, – dedi.

– Müəyyənləşdirmək dağıtmaq deməkdir. Doktrinalar Gerçəkliyi parçalayır. Parçalamaqla isə siz onu öldürürsünüz.

– Bundan belə bir qənaətə gəlmək olar ki, nəzəriyyələr faydasızdır?

– Xeyr. Qızılgülü parçalayaraq biz dəyərli məlumatlara yiyələnə bilərik, lakin gülün özü haqda heç bir şey öyrənməyəcəyik. İnsan alim olarkən çoxlu biliklər əldə edir, lakin o, Gerçəkliyin özü barədə heç bir şey bilmir.


İnsanlar qısqanclıq, həyəcan, inciklik, günah kimi neqativ hislərdən ayrılmaq istəmirlər, çünki bu onların eqosunu2 qidalandırır, onlarda həyatın dolğunluğu təəsüratını yaradır, – deyən Ustad nümunə kimi bu əhvalatı danışdı:

“Kənd poçtalyonu çəmənliyi velosipedlə keçirdi. Yolun yarısında bir öküz onu görüb dalınca düşür. Yazıq güc-bəla ilə özünü hasara çatdıra bilir.

– Bir az da geciksəydin, səni yaxalayacaqdı, – səhnəni seyr edən Ustad ona dedi.

– Hə, – poçtalyon təngnəfəs halda cavab verdi, – hər dəfə də belə olur”.


Günahlarını etiraf etmək üçün kilsəyə getdiyini söyləyən dindar qadına Ustad:

– İnana bilmirəm ki, sən ağır bir günaha batasan, – dedi. – Sən nəyi etiraf etdin ki?

– Bir dəfə bazar günü ibadətinə getməyə tənbəllik etmişdim, bir dəfə isə bağbanla dalaşmışdım. Hələ bir dəfə də qayınanamı evdən qovmuşdum.

– Amma bu, beş il əvvəl baş verib, elə deyilmi? O vaxtdan bəri sən, yəqin ki, günahlarını etiraf etmisən.

– Hə, etmişəm. Ancaq mən bunu hər dəfə təkrarən edirəm. Bunu xatırlamaq, sadəcə, mənim xoşuma gəlir.


Ustad iddia edirdi ki, insanların əksəriyyəti Real həyatda deyil, öz ağlı ilə yaratdıqları həyatda yaşayır.

Bir alim bu məsələ ilə bağlı mübahisə etməyə gələndə Ustad iki çubuğu yerdə “T” hərfi şəklində qoyaraq soruşdu:

– Burada nə görürsən?

– “T” hərfini – alim cavab verdi.

– Elə də bilirdim, – Ustad söylədi. – Təbiətdə heç bir “T” hərfi yoxdur; olan ancaq sənin beynindəki işarədir. Burada isə sadəcə olaraq iki dənə qırıq budaq qoyulmuşdur.


– Siz Gerçəklik barədə danışarkən, – Ustad dedi, – sözlərlə izah edilə bilinməyəni təsvir etməyə çalışırsınız. Buna görə də təəccüblü deyil ki, sizin dedikləriniz səhv başa düşülə bilər. Bax buna görə də həyata İncil gözü ilə baxan insanlar vaxt keçdikcə axmaq və qəddar olurlar: onlar sağlam düşüncəyə deyil, özlərinin Müqəddəs yazıları nə cür başa düşdüklərinə əməl edirlər.

Və sonra dediklərinə maraqlı bir pritça ilə bu cür illüstrasiya verdi:

“Kənd dəmirçisi özünə ağır işi minimal qiymətə yerinə yetirməyə razı olan bir köməkçi tapdı. Dəmirçi ilk gündən cavan oğlanı öyrətməyə başladı:

– Mən metal parçasını oddan çıxarıb zindana qoyduqdan sonra sənə başımla işarə verəcəyəm. Sən də həmin vaxt çəkiclə onu vur.

Şagird başa düşdüyü kimi etdi.

Növbəti gün o, kənd dəmirçisi oldu”.


Ateist:

– De görüm, doğrudan da, Tanrı mövcuddurmu?

Ustad:

– Əgər səninlə tam səmimi olmağımı istəyirsənsə, onda cavab verməyəcəyəm.

Bir müddət sonra şagirdləri ondan cavab verməməyinin səbəbini soruşdular.

– Bu sualın cavabı yoxdur, – Ustad dedi.

– Deməli, sən ateistsən?

– Əlbəttə, yox. Ateist sözlərlə ifadəsi mümkün olmayanı inkar etməklə səhvə yol verir.

Dediklərini dərk etsinlər deyə qısa fasilə gözlə-dikdən sonra əlavə etdi:

– Teist, əksinə, sözlərlə ifadəsi mümkün olmayanı təsdiq etməklə səhvə yol verir.


– Sənin sakitliyinin sirri nədədir?

– Qaçılmaz olanla tam barışmağımda, – Ustad cavab verdi.

***

– Xoşbəxt olmaq üçün nə etmək lazımdır?

– Malik olduğunla qənaətlənməyi öyrənmək lazımdır.

– Bəs, ümumiyyətlə, nəyi isə arzulamaq olar?

– Olar, – Ustad cavab verdi, – əgər özünü bir dəfə doğum evində rast gəldiyim bir ata kimi aparsan. Tibb bacısı ona demişdi:

– Bilirəm ki, oğlan arzusunda idiniz, lakin sizin qızınız oldu.

– Əşi, heç nə olmaz, hər şey normaldır. Axı mən onsuz da düşünürdüm ki, əgər oğlan olmasa, yəqin, qız olacaq.


Xeyli yaşı olan bir şagird evinin yandığını eşidib oraya qaçdı. Qayıtdıqdan sonra hər kəs ona təskinlik verməyə başladı.

Ustad isə yalnız bunu dedi:

– Əvəzində indi ölmək daha asan olacaq.


Məbəd üçün daha geniş bina tikmək ehtiyacı yarananda bir sahibkar milyon dollarlıq çek yazaraq Ustadın qabağına qoydu. O isə çeki götürərək dedi:

– Çox yaxşı. Mən bunu qəbul edirəm.

Sahibkar məyus oldu. Məbləğ çox böyük idi, Ustad isə heç ona təşəkkür də etmədi.

– Mən milyon dollarlıq çek yazdım, – deyə sahibkar Ustadın diqqətini cəlb etmək istədi.

– Hə, mən gördüm.

– Düzdür, mən zənginəm, amma milyon dollar böyük məbləğdir.

– Sənə təşəkkür etməyimi istəyirsən?

– Məncə, siz bunu etməlisiniz.

– Mən niyə? Verən təşəkkür etməlidir, – Ustad dedi.

***

Ustadın sosial təminat sisteminə münasibəti təəccüb doğururdu. O gah bunu qətiyyətlə müdafiə edir, gah da ona laqeyd yanaşırdı.

Bu cür qeyri-sabit olmağına verdiyi izah da çaşqınlıq yaradırdı. O deyirdi:

– Yaxşılıq etmək istəyən gərək bütün qapıları döysün. Sevən kəsə isə qapılar həmişə açıqdır.


Şagirdlər mötəbər bir jurnalda Ustadın təliminin lağa qoyulduğunu eşidəndə məyus oldular.

Ustad isə kefini pozmadan:

– Heç kimin gülmədiyi bir şey həqiqi ola bilərmi? – dedi.


– Aydınlanmış insan üçün, – Ustad dedi, – dünya mövcud olduğu vəziyyətdə də mükəmməldir.

– Bəs bağban? – kimsə soruşdu. – O da mükəmməldir?

Məbədin bağbanı qozbel idi.

– Əgər onun həyatdakı qisməti budursa, onda bağban mükəmməl qozbeldir.

***

Şagirdlər həyatda hər şeyin mükəmməl olduğunu heç cür qəbul edə bilmirdilər. Ona görə də Ustad daha aydın dildə izah etməli oldu:

– Həyatımızın və hətta bizim günahlarımızın iplərindən Tanrı çox gözəl naxışlar toxuyub. Lakin biz bunu görmürük, çünki xalçanın yalnız astarına baxırıq.

Bir qədər də lakonik şəkildə əlavə etdi:

– Çoxlarının parıldayan daş parçası zənn etdiyində zərgər brilyant görür.


Ustad deyirdi ki, insanın əzab çəkməyinin səbəbi onun dünyada dəyişdirilə bilməyən heç nəyin olmamasına inamındadır.

Əsasən də bir nəfərin mağaza sahibinə dediyi bu sözləri xatırlatmağı sevirdi:

– Mənə satdığınız radionun səslənmə keyfiyyəti çox yaxşıdır, ancaq mən onu başqası ilə əvəz etmək istərdim – daha maraqlı verilişlər yayımlayanla.


– Sən məhz nəyi tapmağa can atırsan?

– Rahatlığı, – ziyarətçi cavab verdi.

– Öz eqosunu müdafiə etməyə çalışanlara əsl Rahatlıq təkcə narahatlıq gətirir.

Ustad ona baxmağa və ondan xeyir-dua istəməyə gələn bir qrup dini fanatikə bic təbəssümlə demişdi:

– Qoy İlahi Rahatlıq sizə heç vaxt rahatlıq verməsin!

1.aydınlanma – buddizmdə dini anlayış: qəflətən yaranan şüur aydınlığı, reallığın təbiətini bütövlüklə və tam şəkildə dərketmə. Aydınlanmış – aydınlanma məqamına çatmış (adam).
2.eqo – psixoanaliz nəzəriyyəsinə əsasən, insan şəxsiyyətinin “Mən” kimi dərk edilən hissəsi.
16 451,29 s`om