Faqat Litresda o'qing

Kitobni fayl sifatida yuklab bo'lmaydi, lekin bizning ilovamizda yoki veb-saytda onlayn o'qilishi mumkin.

Kitobni o'qish: «Polyanna»

Shrift:

Polli Harrinqton

Xoş bir iyun səhəri idi. Evin xanımı Polli Harrinqton iti addımlarla mətbəxə girdi. Əslində, o, tələskənliyi sevmirdi. Nensi adlı xidmətçi qız da sahibəsinin bu hərəkətindən çox təəccüblənmişdi. Nensi artıq iki ay idi ki, bu evdə işləyirdi. Amma Polli Harrinqtonu heç vaxt belə görməmişdi. Ona görə də indi evin xanımının belə qaçaraq gəldiyini görəndə bunun nəsə ciddi bir səbəbi olduğunu düşündü.

Polli Harrinqton yüksəkdən səsləndi:

– Nensi!

Xidmətçi qız əlindəki məcməyini yuya-yuya cavab verdi:

– Bəli, xanım!

Polli bu dəfə daha yüksək və acıqlı səslə təkrar etdi:

– Nensi! Dəfələrlə demişəm ki, səni çağıran zaman əlindəki işi dərhal saxla və mənə qulaq as!

Xidmətçi qız əlindəki məcməyini bir kənara qoyub dedi:

– Baş üstə, xanım. Sadəcə, siz mənə bu səhər mətbəxdə təmizlik işlərini tez bitirməyi əmr etmişdiniz, mən də ona görə…

– Bəsdir, Nensi! – Polli Harrinqton onun sözünü kəsdi. – Mən sənin izahatına qulaq asmalı deyiləm, sən məni dinləməlisən!

Nensi dedi:

– Buyurun, xanım.

Bu iki sözün ardınca xidmətçi qız dərindən bir ah çəkmək istədi, amma özünü saxladı. Görəsən, nə vaxtsa evin sahibəsi ondan razı qalacaqdımı? Bir dəfə də olsa, ona xoş üz göstərəcəkdimi?

Nensi indiyədək heç vaxt xidmətçilik etməmişdi. Xəstə anası Nensidən başqa üç körpəsi ilə dul qalandan sonra ailəni dolandırmaq yazıq qızcığazın boynuna düşmüşdü.

Hər şey iki ay əvvəl başladı. Nensi Harrinqton ailəsinin malikanəsində xidmətçi kimi işləyəcəyini eşidəndə çox sevindi. Polli Harrinqton şəhərin ən varlı ailələrindən birinin övladı idi. Belə zəngin bir ev sahibəsinin malikanəsində işləmək hər kəsə nəsib ola bilməzdi. Odur ki xidmətçi qız özünü bəxtəvər hesab edirdi. Amma bu bəxtəvərlik elə iki ay əvvəldə qaldı. Artıq Nensi başqa cür düşünürdü. Harrinqton malikanəsində günləri məşəqqətli keçirdi.

Polli Harrinqton ona acıqlanmaq üçün sanki fürsət axtarırdı: yerə bir əşyanın düşməsi, hətta qapının azca bərk örtülməsi kifayət idi ki, buna görə Nensiyə dişinin dibindən çıxanı desin.

Qızcığaz bu iki ayda sahibəsinin bircə dəfə də gülümsədiyini görməmişdi.

Nensi ağlından keçənləri bir kənara qoyub yenidən diqqətini topladı. Sahibəsinin nə deyəcəyini gözlədi.

Polli Harrinqton isə əvvəlki acıqlı səslə sözlərinə davam etdi:

– Çardaqdakı kiçik otağı sahmana sal. Çarpayı qoy, döşəməni təmizlə.

– Baş üstə, xanım.

– Həmin otaqda bacım qızı Polyanna yatacaq. Onun cəmi on bir yaşı var. Bu günlərdə Harrinqton malikanəsinə gələcək. O bundan sonra bizimlə yaşayacaq.

Eşitdiyi xəbər Nensini çox sevindirdi.

– Deməli, malikanəmizə balaca bir qız uşağı gələcək! Bu çox gözəl xəbərdir! İnanıram ki, o özü ilə evə fərəh, sevinc gətirəcək.

Polli Harrinqton Polyannanın gəlişinə Nensinin bu qədər sevinməsinin səbəbini anlaya bilmədi. Odur ki təəccüblə xidmətçi qızın üzünə baxdı. Sifətini turşudaraq dedi:

– Bu sözlərə görə sağ ol. Amma düzünə qalsa, mən öz həyatımdan çox məmnunam və hər hansı yeniliyə ehtiyac duymuram.

Nensi bir az narahat halda, ehtiyatla soruşdu:

– Amma onun bura gəlişi sizin də ürəyinizdəndir, elə deyilmi?

– Bunu dəqiq bilmirəm, – Polli Harrinqton amiranə bir görkəmlə dedi. – Rəhmətlik bacımın iki böyük səhvi vardı: biri ərə getməsi, digəri isə dünyaya uşaq gətirməsi. Mən heç bilmirəm, buna nə ehtiyac vardı? Onsuz da yer üzü saysız-hesabsız uşaqla doludur. Belə olduğu halda onların sırasına daha bir uşağın qoşulması nəyə lazım idi ki? Hələ bu uşağı bəsləmək, böyütmək, onu tərbiyələndirmək, ona göz-qulaq olmaq… Bunlar hamısı yorucu, cansıxıcı işlərdir və qətiyyən mənə görə deyil.

Polli Harrinqton danışdıqca Nensinin sevinci sönür, qəlbinə dərin kədər çökməyə başlayırdı. Evin xanımı isə eyni bəlağətlə sözlərinə davam edirdi:

– Tanrıya şükürlər olsun ki, vəzifələrimi yaxşı bilirəm. Anasından sonra atasını da itirən və kimsəsiz qalan on bir yaşlı qızı küçədə qoymaq mənə yaraşmazdı.

Polli Harrinqton bunu deyib sərt addımlarla mətbəxdən çıxdı. Birbaş otağına gəldi. İki gün əvvəl ona çatdırılan və qanını bərk qaraldan məktubu masanın üstündən götürdü. Onu yenidən oxumağa başladı:

“Hörmətli xanım Polli Harrinqton!

Nə qədər kədərli olsa da, sizə bildirməliyəm ki, Con Uittiyer iki həftə əvvəl dünyasını dəyişdi. Onun on bir yaşlı qızı sözün həqiqi mənasında artıq kimsəsiz qalıb. Yəqin ki, rəhmətliyin kiçik bir kilsədə fəaliyyət göstərdiyini və çox az məvacib aldığını bilirsiniz. Buna görə də onun yeganə sərvəti kitablarıdır. Dini moizələr oxumaqdan savayı bir işlə məşğul olmayan insanın başqa hansı sərvəti ola bilərdi ki! Conla söhbətlərimizdən sizinlə onun arasında bir soyuqluq olduğunu başa düşmüşdüm. Lakun buna baxmayaraq o ümid bəsləyirdi ki, əgər bir gün özü də ölsə, siz bacınızın xətrinə onun qızını himayənizə götürməkdən imtina etməzsiniz. İndi məni sizə bu məktubu yazmağa cəsarətləndirən səbəb də elə budur”.

Məktubun bu yerində Polli Harrinqtonun qaşqabağı daha da sallandı. Məktubun ardını oxumağa başladı:

“Məktubumu aldıqdan sonra lütf edib ona ən qısa vaxtda cavab yazacağınıza inanıram. Yaxın vaxtlarda qatarla siz tərəflərə gələcək bir ailə tanıyıram. Əgər cavabınız müsbət olarsa, Polyannanı həmin ailə ilə sizin yanınıza göndərə bilərəm.

Bir daha sizdən xoş xəbər gözlədiyimə ümid etdiyimi bildirirəm.

Hörmətlə,O. Uayt”.

Polli Harrinqton əsəbi şəkildə məktubu yenidən zərfin içinə qoydu.

Məktuba cavabı dünən yazıb göndərmişdi. Cavab məktubunda evin xanımı Polyannanı himayəsinə götürməyə etiraz etmədiyini yazmışdı. Əlbəttə, bu qərar heç də onun ürəyindən deyildi. Sadəcə, bacısının on bir yaşlı qızının kimsəsiz qalmasını rəva bilməmişdi.

Polli Harrinqton zərfi əlində möhkəm-möhkəm sıxaraq kürsüyə əyləşdi. Xəyalı bir anlıq keçmişə qayıtdı.

Gözləri önündə bacısını – Polyannanın anası Cennini canlandırdı. Cenni iyirmi yaşında ərə getmişdi. Həm də ailəsinin razılığı olmadığı halda! Bəli, Polli Harrinqtonun yadına bacısının inad edib ailə qurduğu günlər düşdü. Artıq o günlərdən iyirmi beş il keçirdi.

Həmin vaxt bütün ailə, elə Polli Harrinqtonun özü də, hesab edirdi ki, Cenni ağlını itirib. Çünki o, şəhərin ən varlı kişilərindən birinin evlənmək təklifini rədd etmiş, yoxsul bir vaizi üstün tutmuşdu. Cenni ilə evlənmək istəyən varlı ailənin oğlundan fərqli olaraq Con Uittiyerin sevən qəlbdən və düşünən başdan başqa heç nəyi yox idi. İnsanları dini mövzularda maarifləndirməkdən başqa heç nə haqqında düşünmürdü. Bütün gününü kitablar arasında keçirirdi.

O zaman Polli Harrinqtonun on beş yaşı vardı. Odur ki baş verənləri gün kimi aydın xatırlaya bilirdi. Ata və anası Cenniyə hədsiz qəzəbli idilər. Elə ona görə də vaizlə ailə qurduqdan sonra onunla bütün əlaqələri kəsmişdilər. Hətta Cenni sağ qalmış yeganə qızını bacıları Polli və Annanın şərəfinə Polyanna adlandırdığını yazanda da doğmalarının ürəyindəki buz əriməmiş, məktubu cavabsız qoymuşdular. Bu gün artıq on bir yaşında olan Polyannanın adı məhz belə yaranmışdı.

Bir neçə ildən sonra vaizdən məktub gəldi. Cenninin öldüyünü Harrinqtonlar ailəsi məhz bu məktubdan öyrəndi.

Polli Harrinqton xəyaldan ayrılıb oturduğu yerdən ovuc içi kimi görünən vadiyə baxdı. İyirmi beş ildə həyatında nə qədər böyük dəyişikliklər baş vermişdi. İndi qırx yaşı vardı. Amma hələ də ərə getməmişdi. Harrinqton ailəsinin bütün sərvəti ona keçmişdi. Əvvəlcə anası dünyasını dəyişdi. Sonra atası. Artıq bacıları da həyatda yox idi. Polli Harrinqton tək qalmışdı. Tamamilə tək-tənha.

Dostları ona dəfələrlə ailə qurmağı məsləhət görmüşdülər. Amma Polli bu canıyananlığı yaxşı qarşılamamışdı. Hətta ona elə gəlirdi ki, gurultusuz, səs- küysüz, sakit və tənha həyat sürməkdən gözəl heç nə yoxdur. Odur ki indi on bir yaşlı qızın malikanəyə köçüb bu səssizliyi və tənhalığı pozması heç ürəyincə deyildi.

Polli Harrinqton kürsüdən qalxdı. Acıqlı şəkildə əlindəki zərfi masanın üzərinə atdı.

O özünü yaxşı, xeyirxah bir insan hesab edirdi. Kimsəsiz qalmış bacısı qızını himayəyə götürməyə də buna görə razılıq vermişdi. Amma bu qızcığazın nazını çəkmək, onu böyütmək Polli Harrinqtona məşəqqətli bir iş kimi gəlirdi və kefinə əməlli-başlı soğan doğrayırdı.

Polli Harrinqtonun hekayəti

Nensi artıq malikanənin çardağındakı kiçik otağın təmizliyinə başlamışdı. Künc-bucağı silib təmizləyərkən ürəyində deyirdi: “Kaş Polli Harrinqtonun qəlbindəki kini, nifrəti də beləcə silib-süpürmək mümkün olaydı… Çox vicdansız qadındır! Sanki bu boyda malikanədə bacısı qızına ayıracaq başqa otaq yoxdur. Qışda burada soba yandırmaq mümkün deyil. Yayda isə istidən az qalır ki, adam boğulsun. Əslində, bura o qızcığazın yox, Polli Harrinqtonun yeri olmalıdır!”

Nəhayət, təmizlik işi bitdi. Nensi beləcə, donquldana-donquldana otaqdan çıxdı. Artıq nahar vaxtından xeyli keçmişdi.

Xidmətçi qız aşağı – bağçaya düşdü. Ev sahibəsinin onu görüb-görmədiyinə əmin olmaq üçün malikanənin bağçaya baxan pəncərələrini diqqətlə gözdən keçirdi. Sonra çiçəkləri sulamaqda olan bağban Tomun yanına gəldi. Tomun xeyli yaşı vardı. Uzun illər idi ki, Harrinqton ailəsinin bağçasına qulluq edirdi.

Nensi malikanənin pəncərələrini bir daha diqqətlə gözdən keçirdikdən sonra qoca bağbana dedi:

– Cənab Tom, xəbəriniz varmı, xanım Polli Harrinqtonun bacısı qızı onunla birgə yaşamaq üçün malikanəyə gəlir.

Tom əsəbi tonda dedi:

– Sabah günəşin qərbdən doğacağını söyləsən, bəlkə də, sənə inanardım.

– Siz nə danışırsınız, cənab Tom?! Bəyəm mən zarafat eləyirəm. Mənə xanım özü söylədi. Bacısı qızının adı Polyanna imiş. On bir yaşı varmış.

Qoca bağbanın heyrətdən gözləri böyüdü, ağzı açıq qaldı. Bir qədər fikrə getdi. Sonra nə isə xatırlayıbmış kimi diksindi və dedi:

– Hə, deyəsən, söhbətin nədən getdiyini başa düşdüm. Yəqin ki, haqqında danışdığın xanım Cenninin qızıdır. Onsuz da ondan başqa bu ailədə heç kim ailə qurmayıb. Şübhəm yoxdur ki, gələn məhz Cenninin qızıdır. Əgər Polli Harrinqton onu himayəsinə götürməyə razılıq veribsə, deməli, artıq dünyanın sonu gəlib!

– Xanım Cenni kimdir, cənab Tom? – xidmətçi qız təəccüblə soruşdu.

Bu sualı eşidən qoca bağbanın gözlərinə dərin kədər çökdü. Tom bir müddət nəzərlərini uzaq nöqtəyə dikib susdu. Sonra ahəstə səslə dilləndi:

– Xanım Cenni mələk kimi bir qız idi. Anasının və atasının etirazlarına baxmayaraq, sevdiyi gənc bir oğlanla ailə qurub bu malikanədən ayrılanda vur-tut iyirmi yaşı vardı. Bir neçə övladının dünyaya gəldikdən az sonra öldüyünü eşitmişdim. Sonra sonuncu qızının doğulduğu barədə xəbər gəldi. Əgər yanılmıramsa, indi haqqında danışdığın Polyanna məhz odur.

Nensi çevrilib malikanəyə baxaraq dedi:

– Qızcığaz çardaqdakı kiçik otaqda qalacaq. Sanki bu boyda evdə ona otaq qəhət idi. Belə də xala olar? Heç utanmır!

Qoca bağbanın əvvəlcə qaşları çatıldı. Sonra gülümsəyərək dedi:

– Maraqlıdır, xanım Polli Harrinqton bu malikanədə on bir yaşlı qız uşağı ilə necə yaşayacaq?

– Əslində, uşağın xanım Polli ilə necə yaşayacağı çox maraqlıdır.

– Deyəsən, Polli Harrinqtonu əsla sevmirsən, eləmi?

– Məgər onu sevən, heç olmasa, bircə nəfər tapmaq mümkündür?

Bu vaxt Tom yenə qəribə bir tərzdə gülümsədi. Sonra isə yavaş səslə soruşdu:

– Deyəsən, sən xanım Pollinin eşq hekayəsini hələ eşitməmisən.

– Siz nə danışırsınız, cənab Tom?! Kimsə xanım Pollini sevib? İnanmıram. Bu ola bilməz!

– Hələ çox gənc olduğun üçün sən bu haqda eşitməmisən. Halbuki həmin eşq hekayəsindən xəbəri olmayan adam çətin tapılar.

– Cənab Tom, söyləyin, xanım Pollini sevən kim idi?

– Bunu sənə deməyə haqqım yoxdur. Hər halda, Polli Harrinqtonu mənim qədər tanısaydın, belə təəccüblənməzdin. O, vaxtilə çox gözəl idi. Hətta istəsə, bir vaxtlar olduğu kimi, indi də gözəl görünə bilər!

– Xanım Polli gözəldir? Siz nə danışırsınız, cənab Tom?!

– Bəli, qızım, o çox gözəldir. Sadəcə, geyim-keciminə əvvəlki kimi diqqət yetirmir. Üstəlik, o heç sənin zənn etdiyin qədər yaşlı da deyil.

Xidmətçi qız təəccüblə soruşdu:

– Elə isə niyə əvvəllər olduğu kimi, gözəl görünmək istəmir?

– Hər şey nişanlısı ilə arası dəydikdən sonra başladı. Xanım Polli çox dəyişdi, sanki tamam başqa bir adam oldu. Yalnız geyim-keciminə qarşı laqeydləşmədi. Həm də acıdilli, qəzəbli bir insana çevrildi…

Tom sözünü bitirməmişdi ki, evdən acıqlı bir səs yüksəldi:

– Nensi!

– Gəlirəm, xanım! – deyə xidmətçi qız təlaşla malikanəyə qaçdı.

Polyannanın gəlişi

Aradan bir neçə gün keçdi. Polli Harrinqton növbəti teleqram aldı. Teleqramda Polyannanın yola düşdüyü yazılırdı.

Qızcığaz – sabah, iyunun 25-də çatacaqdı.

Teleqramı oxuyub qurtardıqdan sonra Polli Harrinqtonun qaşları çatıldı. Çardağa qalxıb Polyannaya ayrılan kiçik otağı gözdən keçirdi.

Otaqda kiçik çarpayı, iki stul, güzgüsüz əlüzyuyan, bir də balaca masa vardı. Divarlar boş, pəncərə isə pərdəsiz idi. Günəşin isti şüaları bütün günü damı qızdırdığından içəri təndir kimi idi.

Polli Harrinqton aşağı enib Nensini çağırdı:

– Bacım qızı sabah saat 4-də gəlir. Onu stansiyada sən qarşılamalısan. Sən Timoti ilə gedəcəksən. Teleqramda yazıldığına görə, saçları sarıdır, əynində isə qırmızı zolaqlı don və həsir papaq olacaq. Məncə, sənin onu tanımağın üçün bu qədər əlamət kifayətdir.

– Arxayın olun, xanım. Amma siz…

Xanım Polli xidmətçi qızın nə demək istədiyini havada tutdu. Sərt bir səslə onun sözünü kəsdi:

– Mən getməyəcəyəm, Nensi. Buna ehtiyac yoxdur.

Ertəsi gün saat dördə iyirmi dəqiqə qalmış Nensi və qoca Tomun oğlu Timoti qızcığazı qarşılamaq üçün üstüaçıq araba ilə stansiyaya gəldilər.

Bu vaxt uzaqdan qatarın fit səsi eşidildi. Bir qədər sonra qatar stansiyada dayandı. Nensi qatardan düşənlər arasında Polyannanı dərhal tanıdı. Qırmızı donlu qızcığaz hədsiz zərif idi. Sarı saçları hörülmüş və iki tərəfdən çiyinlərinə atılmışdı. Çilli üzündə təbəssüm vardı. Polyanna kimisə axtarırmış kimi, həyəcanla sağa-sola baxırdı.


Nensi qıza yaxınlaşıb çəkingən bir tərzdə soruşdu:

– Bağışlayın, siz… siz xanım Polyanna deyilsinizmi?

Bunu eşitcək qızcığaz Nensinin boynuna sarılaraq dedi:

– Sizi gördüyümə çox şadam! Bəli, mən Polyannayam. Məni qarşılamaq üçün stansiyaya qədər gəldiyinizə görə çox məmnunam. Gələcəyinizi bilirdim. Hə, bilirdim gələcəksiniz, axı başqa cür ola da bilməzdi.

Nensi heyrətlə soruşdu:

– Sizi qarşılamağa gələcəyimi bilirdiniz?

– Əlbəttə, bilirdim. Hətta yolboyu üzünüzü xəyalımda canlandırmışdım da. İnanın ki, necə düşünürdümsə, elə də varsınız!

Nensi nə deyəcəyini bilmədi. Bu vaxt Timoti onlara yaxınlaşdı. Xidmətçi qız onu Polyanna ilə tanış etdi:

– Bu Timotidir. Əgər yükünüz varsa, arabayadək daşıya bilər.

Polyanna Nensinin sözünü kəsib dedi:

– Hə, bir çamadanım var. Onu mənə Xeyriyyə Cəmiyyəti hədiyyə edib…

Beləcə, Polyanna dayanmadan bir neçə dəqiqə danışdı. Nensi, qızcığazın nəhayət ki, susduğunu görüb dərindən nəfəs aldı. Onun çənədən bu qədər möhkəm olması xidmətçi qızı əməlli-başlı yormuşdu.

Çox keçmədi, Polyannanın balaca çamadanı arabanın arxasına yerləşdirildi.

Nəhayət, araba yola düşdü. Beləcə, Polyannanın uzun-uzadı danışmağa başlaması üçün yeni bir fürsət yarandı.

– Araba ilə gəzməyi çox sevirəm! – deyə qızcığaz sözə başladı. – Araba ilə harasa getmək mənim üçün əsl əyləncədir. Burada nə gözəl küçələr var! Şəhəriniz düşündüyüm qədər gözəl imiş. Əslində, belə olacağını bilirdim. Çünki bura haqqında atamdan çox şey eşitmişdim.

Qızcığaz birdən-birə köks ötürüb susdu. Nensi qıza baxdıqda onun çənəsinin titrədiyini gördü. Gözləri dolmuşdu. Amma bir qədər sonra Polyanna yenidən şən görünməyə çalışaraq dedi:

– Hə, atam da bu şəhər haqqında çox şey danışmışdı mənə. Aradan illər keçsə də, vaxtilə yaşadığı şəhəri çox gözəl xatırlayırdı. Yeri gəlmişkən, niyə qara yox, qırmızı don geyindiyimi sizə izah edim. Çünki matəm libası geymədiyimə görə məni qınaya bilərsiniz.

Nensi maraq və təəccüb içində qıza baxırdı. Polyanna sözlərinə davam etdi:

– Qara paltar geyinməməyimin səbəbi budur: yəqin ki, bilirsiniz, Xeyriyyə Cəmiyyətinə bağışlanan əşyalar qutularda gəlir. Gələn son qutudan qara rəngdə heç bir libas çıxmadı.

Polyanna nəfəs dərmək üçün yenidən susdu. Bunu fürsət bilən Nensi sözə başladı:

– Eybi yoxdur. Əmin ola bilərsən ki, tezliklə hər şey qaydasına düşəcəkdir.

– Belə düşündüyünüzə görə çox sevindim. Əslində, mən də sizin kimi düşünürəm. Amma bir yandan matəm libası geyinib, o biri yandan sevinmək heç də asan deyil.

– Necə yəni sevinmək? Bu nə deməkdir? Bəyəm atanızın ölümündə sevinməli nəsə var? – Nensi heyrətlə soruşdu.

– Əlbəttə, var. Axı atam anamla görüşmək üçün cənnətə gedib. Bir dəfə atam mənə demişdi: “Əgər mən nə vaxtsa ölsəm, əsla kədərlənmə. Əksinə – sevin, çünki mən ananla görüşəcəm”.

Polyannanın səsi yenidən titrəməyə başladı:

– Hə, onun üçün çox darıxıram. Atam orada anamla görüşdü. Başqalarıyla da. Hətta mələklərlə də dostluq edə bilər. Mənimsə burada Xeyriyyə Cəmiyyətinin üzvlərindən başqa heç kimim yoxdur. Daha doğrusu, bir az əvvələdək belə idi. Çünki bundan sonra artıq siz varsınız. Atam və anam mələklərin, mən isə artıq sizin – əziz Polli xalamın yanındayam. Sizə çox minnətdaram, Polli xala!

Nensi birdən-birə hər şeyi başa düşdü. Bayaqdan bəri qıza qarşı hiss etdiyi yaxınlıq, doğmalıq narahatlıqla əvəzləndi. Dedi:

– Ah, xanım Polyanna! Siz səhv edirsiniz, çünki mən sizin xalanız deyiləm, mən Nensiyəm.

Polyanna bu sözlərdən çaşıb-qaldı. Təəccübünü gizlətməyərək soruşdu:

– Necə bəyəm, siz Polli xala deyilsinizmi?

– Əlbəttə yox, – xidmətçi qız cavab verdi. – Dedim axı, mən Nensiyəm. Mən Harrinqton malikanəsində işləyən xidmətçiyəm.

Polyanna azacıq fikrə getdi. Sonra narahat bir səslə soruşdu:

– Hər halda, Polli xala var, elə deyilmi? Yoxsa onu uydurublar?

– Əlbəttə var, – bu dəfə Timoti dilləndi, – buna qətiyyən şübhən olmasın.

Timotinin sözləri sanki qızcığazın qəlbinə su səpdi. O, rahat nəfəs alıb susdu. Araya çökən sükutu bu dəfə də Polyanna pozdu:

– Sizə bir şey etiraf edə bilərəm? Polli xalanın məni qarşılamağa gəlməməsinə çox sevindim. Çünki yenidən onun necə bir qadın olduğunu maraqla gözləyirəm. Üstəlik, sizin kimi dostlar da qazandım. Bundan gözəl nə ola bilər, elə deyilmi?

Nensi cavab olaraq gülümsədi. Timoti isə dedi:

– Nensi, kiçik xanımın ağzından bal damır. Niyə bu cür gözəl sözlərə görə ona təşəkkür etmirsən?

Nensi kəkələyərək dedi:

– Mən… mən xa…xanım Polli haqqında düşünürdüm.

Polyanna köksünü ötürüb dedi:

– Elə mən də onun haqqında düşünürəm. Polli xala haqda ilk dəfə son nəfəsində atamdan eşitdim. O mənə xalamın yüksək bir yerdə malikanəsinin olduğunu demişdi. Doğrudurmu?

– Elədir, xanım Polli həmin malikanədə yaşayır, – deyə Nensi təsdiqlədi. – Biz artıq uzaqdan da olsa onu görürük.

Bunu deyib Nensi əli ilə qarşıdakı yüksəklikdə ucalan malikanəni Polyannaya göstərdi. Qızcığaz sevinclə dilləndi:

– Hə, çox gözəl malikanədir. Üstəlik, deyəsən, çox gözəl bağçası var. Deyəsən, Polli xala çox varlıdır, Nensi.

– Elədir, xanım Polyanna. Xalanız hədsiz varlıdır.

– Bax buna görə sevinməyə dəyər. Hər halda, bir insanın çoxlu pulunun olması yaxşı şeydir. Mən indiyədək bir varlı ailə görmüşdüm. Uaytlar ailəsini nəzərdə tuturam. Onlar çox varlıdırlar. Evlərində hər yerə xalça döşənib. Bəs Polli xalamın xalçaları necə, var?

– Var, kiçik xanım. Hətta bir neçə xalçası var.

– Bütün otaqlara xalça döşənib?

Nensi birdən-birə çardaqdakı kiçik, xalçasız otağı xatırladı. Kədərli səslə dedi:

– Əksər otaqlarda xalça var desək, daha doğru olardı.

– Çox gözəl! Mən xalçaları çox sevirəm.

Artıq araba Harrinqton malikanəsinə lap yaxınlaşmışdı. Gözünü evdən çəkməyən Polyanna gördükləri qarşısında heyrətdən donmuşdu. Nəhayət, dilləndi:

– Aman Allah! Necə gözəl evdir. Həm gözəldir, həm də böyük.

Araba malikanənin önündə dayandı. Timoti arabadan Polyannanın çamadanını düşürərkən Nensinin qulağına pıçıldadı:

– Bu kiçik xanımın gəlişindən sonra Harrinqton malikanəsində çox şey dəyişəcək. Cansıxıcı günlər başa çatır. Qarşıda bizi əyləncəli günlər gözləyir.

Nensi Timotiyə tərs-tərs baxıb dedi:

– Sən elə düşün! Amma mən bu zavallı qızcığazı heç də yaxşı günlərin gözləmədiyi fikrindəyəm.

Nensi Polyannanın əlindən tutub malikanəyə apardı.

Bepul matn qismi tugad.

12 337,84 s`om
Yosh cheklamasi:
6+
Litresda chiqarilgan sana:
07 oktyabr 2022
Hajm:
6 Sahifa 11 illyustratsiayalar
ISBN:
9789952242249
Mualliflik huquqi egasi:
Altun Kitab / Алтын Китаб

Muallifning boshqa kitoblari