Kitobni o'qish: «Hekayələr»
BAYDAMTAL ÇAYINDA
Yenə coşub-daşdı Baydamtal çayı,
Yoxla yaxşı-yaxşı bəndi, bərəni.
Səni gözləyəcəm səhər olunca,
Sevgilim, gəlməsən, qəm üzər məni…
(Talas vadisi qızlarının nəğməsi)
1
Qəfil leysan tökməyə başladı. Bir göz qırpımında əmələ gələn boz-bulanıq sular selə döndü və yamaclardan sürətlə axıb yarğanlara doldu, sel qoca küknarları kökündən qoparıb qabağına qatdı, iri daşları üzüaşağı diyirlədi. Nələrə qadir olduğunu göstərən sel suları axırda Baydamtal çayına qarışıb gözdən itdi. Dərəyə sığmayan çayın bulanıq və köpüklü suları vadidə coşub-daşırdı. Artıq şər qarışmaq üzrə idi, buna baxmayaraq bulanıq və qəzəbli dalğalarını sahilə çırpan çayın səviyyəsinin get-gedə qalxdığını görmək mümkün idi. Hayqıran dalğalar sahil daşlarına çırpılaraq parçalanır və nalə çəkib geri çəkilirdi. Sel-suların bir anın içində yerindən qopartdığı sal daşlar dərədə gurultu qoparırdı.
Uçurum dalğalara darısqallıq edirdi. Çayın gur axan yerində dalğalar bir-birinin belinə qalxır və yuxarı tullanırdı. Adama elə gəlirdi ki, dalğalar elə bu dəqiqə çayın üzərindəki kanata bənd olmuş yedəyi ağuşuna alıb aparacaq. Külək yedəyi yellədir, o isə yanıqlı-yanıqlı cırıldayırdı.
Coşan çayın üstünə doğru sallanmış nəhəng qara qayalar isə bütün bunların onlara heç bir dəxli yoxmuş kimi etinasızcasına lal-dinməz durub-dayanmışdı.
Balaca daxmanın həyətindəki it isə elə hey ulayırdı. Qaranlıq pəncərənin altında özünə yer eləmiş itin cansıxıcı “A-u-u-u…” ulartısı o qədər vahiməli səslənirdi ki, adam üşənirdi. Külək bu ulartını qabağına qatıb dərə boyunca yayırdı.
Asiyanın gözlərinə yuxu getmirdi. Şimşək çaxanda isə lap qorxurdu, elə bil kimsə pəncərənin ağzında kibrit alışdırırdı və bu zaman bulanıq yağış suyu axan pəncərədən ona boylanan buludlar qulyabanıya bənzəyirdi. Hətta ona elə gəlirdi ki, bu əcaib varlıq pəncərəni döyür. Asiya qorxusundan əlindəki açıq kitabı sinəsinə sıxdı və təlaş içində gözlərini yumdu. Nəfəsini qısaraq bayırı dinşədi.
Divarın o üzündə hidrotexnik Bektemirin ailəsi yaşayırdı. Oradan qırıq-qırıq sözlər və öskürək səsi eşidilirdi. Bu, Bektemirin atası – qoca Asılbay kişinin səsi idi. O, revmatizmdən əziyyət çəkirdi və görünür, bu gün onun sümükləri bir az da şiddətlə ağrıyırdı. Qoca artıq bir neçə dəfə ucadan səslənib iti söymüşdü:
– İtil, Baykuren, rədd ol burdan! Kəs səsini, lənətə gəlmiş, görüm ulartın öz başını yesin!
Sonra Asılbay Asiyanın pəncərəsinə yaxınlaşdı və öskürərək hirsli halda dilləndi:
– Sən yatmamısan, Asiya? Hələ də işığın yanır. Yaxşısı budur, dincəl, qızım. Kitab oxumağa sonra da vaxt taparsan. Yoxsa qorxursan, hə?
– Yox, atacan, narahat olmayın. Siz yatın, üstünüzü də qalın eləyin.
– Elə dərd budur ki, yata bilmirəm də… Hava çox tutqundur. Bu sümükləri sınmış it də ki bir yandan pis-pis ulayır, nəsə ürəyim narahatdır, görüm elə öz başında çatlasın…
Bu zaman içəridən gəlinin qəzəbli səsi eşidildi:
– Aman Allah, bircə bu qoca sakitcə uzanıb yatsaydı… İndi uşağı oyadacaq! Nə yapışmısınız bu itdən? Ulayıb-ulayıb kəsəcək də…
Ancaq Asılbay qulağı ağır eşitdiyindən öz işindəydi. O, yerini təzədən döşəyib uzandı və ucadan deyinməyə başladı:
– Allah, sən bizi xata-baladan qoru! Görəsən, nə vaxta qədər çəkəcək? Baydamtal da ki yenə aşıb-daşır… Bir də gördün yedəyi kanatdan qoparıb apardı… Sonra di get bunu axtar… Hamısı Allahın cəzasıdır… Ax, belim qırılır, belim qırılır!..
Dan yeri söküləndə dağların zirvəsinə təzəcə gün düşmüşdü ki, Bektemir atını yəhərləyib dərənin qayalı səmtinə doğru yola düzəldi. O tələsirdi… “Görəsən, qayalıqda vəhşi heyvanlar üçün qurduğu tələləri gecə ikən sel aparmayıb ki…”
Artıq yağış kəsmişdi, ancaq buludlar islaq keçə kimi yerin üzərindən, özü də lap aşağılardan asılıb qalmışdı. Zirvələrdəki və döşlərdəki qar örtüyü ağ-göyümtül rəngə çalırdı, qar gecə ikən hissediləcək dərəcədə aşağı yatmışdı. Qarlı yamaclardan üzüaşağı, dərə boyu zəhlətökən bərk külək əsirdi. Yerə yaprıxmış otlar və kollar sularını silkərək qamətlərini dikəldirdi.
Cığır çox sürüşkən idi. Ona görə də Bektemir atını asta sürürdü: at addım-addım irəliləyirdi. O, atın yüyənini buraxıb öz işləri haqqında düşünürdü. Birdən at sanki yerə mıxlanıb qaldı, sahibinin onu mahmızlamasına baxmayaraq, yerindən dəbərmədi. “Buna nə oldu belə, nədən ehtiyatlanır?” – Bektemir fikirləşdi və ətrafı gözdən keçirdi… Cığırdan bir neçə addım aralıda bir adam yerə sərilib qalmışdı. Bektemir heyrətindən atın belindəcə donub-qaldı. Daşlı enişdə üzüüstə yıxılmış adamın cırıq gödəkcəsinin altından çıxan çiynindən və başından qan axırdı.
“Görəsən, ölüb, yoxsa hələ sağdır?” – Bektemir atı onun yanına sürdü: “Kim ola bilər, görəsən?”
Baydamtalın ətrafında yaşayış yoxdur, bura ən yaxın kənd azından onlarca kilometr aralıdadır. Doğrudur, hərdən ovçular gəlib buralara çıxırlar, amma onların hamısı tanıdığı adamlardır, üstəlik, ovçuların hamısı, adətən, hidrotexniki məntəqədə dayanır, ovla bağlı Bektemirlə məsləhətləşirdi. Axı bu adam heç ovçuya da oxşamır. Saçlarını şəhərlilər kimi vurdurub, paltarında yağ ləkələri, qolunda da saat var.
Bektemir diqqətlə ətrafı nəzərdən keçirdi. Aydın məsələdir ki, bu adam bütün gecəni yağışın altında qalıb. Yarğandan axan gilli palçıq onun üzərini yarıyacan örtmüşdü. Özü də cavan adama oxşayırdı. Dirsəklərindən cırılmış gödəkcəsindən hiss olunurdu ki, yuxarı dırmaşmaq üçün o ki var əlləşib. O indi də elə uzanmışdı ki, sanki sürünürdü: sağ əli qabağa doğru uzanmışdı, barmaqları daşa pərçimlənib qalmışdı. Haradan, hansı tərəfdən gəlirmiş, görəsən? Yəqin etmək mümkün deyildi – yağış bütün izləri yuyub aparmışdı.
Birdən adam yerində qurcalanmağa və zarımağa başladı.
“O hələ sağdır!” – Bektemir sevincək atdan endi və onun əlindən tutdu:
– Ey, eşidirsən məni? Eşidirsən?..
Ondan cavab gəlmədi. Bektemir çətinliklə də olsa onu arxası üstə çevirdi, köynəyinin düymələrini açıb əlini onun sinəsinə qoydu. Ürəyi döyünürdü. Bektemir onun ciblərini axtardı, komsomol biletindən başqa bir şey yox idi. Biletin islanmış səhifələri bir-birinə yapışmış, yazıların mürəkkəbi yayılmışdı. O çətinliklə üç söz oxuya bildi: “…Aliyev Nurbek… 1930…”
– Çox maraqlıdır! – Bektemir başını buladı. Sonra Nurbeki yəhərə qaldırmaq üçün atını münasib yerə çəkdi.
2
“Penisillin qurtarır, nə edək?” – bu, Nurbekin eşitdiyi ilk sözlər oldu; çətinliklə qavradığı səslər sanki lap uzaqlardan gəlirdi. Ancaq o dərk edə bilmirdi ki, bunu deyən kimdir və söhbət kimdən gedir. Nurbek gözlərini açmağa çalışdı, ancaq bacarmadı, sadəcə, buna gücü yetmədi, ona elə gəldi ki, qaranlıq bir dərənin dibinə yuvarlandı.
Sonra Nurbek hiss etdi ki, kimsə onun ağzına su damızdırır. Soyuq su damcıları çənəsindən axıb sinəsinəcən getdi. Nurbek gözlərini açdı. Bu dəfə o, sinəsinə doğru əyilmiş adamın dediyi sözləri açıq-aydın eşitdi:
– Bax, Asılbay ata. O, gözlərini açdı!
Nurbek səsdən ayırd etdi ki, bunları deyən qız və ya gənc qadındır. Ancaq onun üzünü görə bilmədi. O hər şeyi dumanlı şəkildə görürdü. “Yəqin, yuxu görürəm”, – Nurbek fikirləşdi. Bu zaman ikinci bir səs eşidildi, bu, deyəsən, yaşlı bir adamın səsinə oxşayırdı:
– Hə, qızım, o, həyata qayıtdı! – və dərindən ah çəkdi. – Çox xeyirxah bir iş gördün, Asiya! O, Allahın qüdrəti və dərmanların köməyi ilə xilas oldu!..
Onlar yenə nə haqdasa pıçıldaşdılar və otaqdan çıxdılar. “Qoy dincəlsin!” – qoca bunu deyib qapını astaca örtdü.
Onun gözlərini örtən bulanıq pərdə yavaş-yavaş çəkildi və Nurbek səliqə ilə ağardılmış balaca otağı təəccüblə gözdən keçirdi. O, bura necə gəlib düşdüyünü anlaya bilmədi, ancaq hiss etdi ki, bura mədəni bir insanın yaşadığı evdir. Rəfdə səliqə ilə sıralanmış kitablar, stolun üstündə bir topa yazılı vərəq, küncdəki şkafda isə Nurbekə tanış olmayan cihazlar var idi. Divardan qoruyucu alpinist eynəyi asılmışdı. O ehtiyatla pəncərəyə tərəf boylandı; dolabçanın üstündəki güzgünün qarşısında böyük bir kollektiv fotoşəkil qoyulmuşdu. Fotoşəklin yuxarısındakı yazını asanlıqla oxumaq olurdu: “Coğrafiya fakültəsi”. Pəncərədən qarşı dağların zirvəsini, mavi səmanın bir hissənini aydınca görmək olurdu, haradasa lap yaxınlıqdan axan çayın şırıltısı eşidilirdi.
– Heç başa düşmədim! – Nurbek pıçıldadı. O, güzgüdən gözünü çəkə bilmirdi. Rəngi avazımış, uzunsov sifətini tük basmış, başı bintlə sarınmış birisi çarpayıda uzanıqlı halda güzgüdən ona baxırdı.
– A-a! – Nurbek qışqırdı və onun sifəti ağrıdan və qorxudan tamam dəyişdi. Ona elə gəldi ki, ordan zəhləsi gedən, nifrət etdiyi bir adam boylanır. Nurbek zarıdı, əllərini üzünə tutub çevrildi. Qapı açılanda isə qorxudan diksindi və əllərini üzündən çəkdi. Otağa əyninə xizəkçi kostyumu geyinmiş, ayağında qalın altlıqlı çəkmələri olan, uzun saçlarını səliqə ilə boynunun ardına yığmış bir qız daxil oldu.
– İndi yaxşısınız? – qız soruşdu və gülümsəyərək əlindəki çaydanı stolun üstünə qoydu. Nurbekin sifəti allandı: qız yanında çarpayıda uzandığına görə utandı. O qalxmağa cəhd elədi.
– Siz nə edirsiniz?! Uzanın, qalxmayın.
Nurbek istədi cavab versin, ancaq bu zaman qabırğalarının altından dəhşətli bir ağrı qopdu və onu nəfəsini kəsən bir öskürək tutdu. O, aşağı əyilib sinəsini tutdu və xırıldadı. Qız nə edəcəyini kəsdirə bilmədiyindən təlaşla otaqda oyan-buyana vurnuxmağa başladı. Nəhayət, o, əlini Nurbekin başının altına keçirdi. Xəstənin öskürəyi kəsəndən sonra qız rahat nəfəs aldı və onun alnını dəsmalla sildi.
– Sizin ciyərləriniz bərk soyuqlayıb. Siz özünüzü qorumalısınız. Dünəndən özünüzdə deyilsiniz. Hərarətiniz yüksəkdir. Bu gün də otuz doqquzdan düşməyib. Uzanın… Özünüzü evinizdəki kimi hiss edin… Mən isə bir qədər radioköşkdə olmalıyam.
Öskürək onu təntidəndən sonra hələ də özünə gələ bilməyən Nurbek, ümumiyyətlə, qıza nə cavab verəcəyini də bilmirdi, yalnız tərəddüdlə, çaşqın halda ona baxırdı. Oğlan kimi geyinmiş bu qız nədənsə get-gedə ona tanış gəlirdi, elə bil onu çoxdan tanıyırdı. O isə adi və qarayanız bir qırğız qızı idi. Onun enli sifətini, geniş və gözəl alnını dağ küləkləri codlaşdırmış, günəş yandırmışdı, qalın dodaqları həmişə aralı olurdu, sanki bu dəqiqə gülümsəyəcəkdi. Görkəmi xeyirxah və sadəlövh bir uşağı xatırladırdı. Yalnız gözləri çox ciddi təsir bağışlayırdı, baxışları fikirli idi. Qız çox da böyük olmayan, amma bərk və güclü olduğu hiss edilən əlləri ilə onun yastığını düzəltdi, ana qayğıkeşliyi ilə Nurbekin ayaqlarını adyalla bükdü.
– Çarpayı bir az gödəkdir, bəlkə, yastığınızı yuxarı qaldırım?
– Yox, narahat olmayın… Bağışlayın, bacıcan, mən indi haradayam?
Qız təəccüblə gözlərini ona dikdi:
– Bura hidroloji məntəqədir.
– Hidroloji məntəqə?
– Elədir ki var! Siz Baydamtal çayı haqqında eşitmisinizmi? Sizi Bektemir ağa tapıb. Siz onu tanıyırsınız?
– Yox… Xatırlamıram…
– O bizim hidrotexnikdir.
– Burada insanlar yaşayır?
– Bəli. Ancaq biz burda çox azıq – Bektemirin ailəsi və mən…
– Siz də burda işləyirsiniz?
– Bəli, hidroloqam.
– Xeyirxahlığınıza görə çox sağ olun, bacıcan, ancaq… – Nurbek sözünü tamamlaya bilmədi, dayandı. Sonra soruşdu: – Sizin adınız nədir?
– Asiya. Sizin adınızsa Nurbekdir, elə deyil? Siz, yəqin ki, Baydamtala hansısa vacib iş dalınca gəlmişdiniz?
Nurbek heç nə demədi. Yanı üstə çevrildi və adyalı üstünə çəkdi. Amma o dəqiqə də adyalı üstündən kənara atdı, qızın gözlərinin içinə baxdı və dedi:
– Mən cinayətkaram!
Asiya çaydanı yavaşca aşağı qoydu.
– Siz cinayətkarsınız? Necə, bu necə olub axı? Deməli, siz qaçmısınız, dağlarda gizlənirsiniz?
– Elədir, bacıcan! Yəqin, siz də fikirləşirsiniz ki, adam xilas etmisiniz… Bu belədir, mənim yerimə kim olsaydı, ömrünün sonuna qədər özünü sizə borclu hesab edərdi… Ancaq mən itkin düşsəydim, sümüklərim qurda-quşa yem olsaydı, taleyimdən daha razı qalardım.
Asiyanı dəhşət bürüdü, ancaq özündə güc tapıb xəstəni sakitləşdirməyə çalışdı:
– Siz nə danışırsınız? Sakit olun! Sizə həyəcanlanmaq olmaz. Qalxmayın!
– Getməyin, bacıcan! Sizdən xahiş edirəm, yalvarıram sizə, məni axıra kimi dinləyin! – sanki Nurbek hər şeydən çox, qızın onu dinləmədən çıxıb getməsindən qorxurdu. – Dayanın, Asiya, mən sizə hər şeyi danışacam, heç nəyi gizlətməyəcəm…
3
Yazın ilk günlərindən biri idi. Nurbek zavodun darvazasından çölə çıxdı, yun şərfini boynundan çıxarıb cibinə qoydu, enli kürəklərini gərib dərindən nəfəs aldı. O, fərəhli baxışlarla bütün ətrafı gözdən keçirdi: küçəyə, zavodun korpuslarına, səmaya, parka diqqət etdi…
Nurbek ucaboy, yaraşıqlı bir oğlan idi, elə indi də o, çənəsini azca irəli verib sərt dodaqlarını bərk-bərk bir-birinə sıxanda və qürurla ətrafına baxanda yoldan ötənlərin diqqətini özünə cəlb edirdi.
Yazın gəlişini bu gün Nurbek daha yaxından hiss edirdi. Baxmayaraq ki hava rütubətli və yapışqan idi, göyün üzünü boz-tutqun buludlar almışdı, günəş görünmürdü, amma asfaltın üstündəki qar örtüyü əriməyə başlamışdı, dərin gölməçələrə dolan qar suları şırıltıyla arxlara tökülürdü. Baharın ilk müjdəçisi olan ərik ağacının budaqları gillə hörülmüş divardan aşıb küçəyə çıxırdı, şişmiş tumurcuqlar ətrafa xoş ətir yayırdı.
Nurbek trolleybusa mindi. Bahar düşüncələri onu tərk etmirdi. Qarşıda Nurbeki gözəl və maraqlı günlər gözləyirdi. O, uzaq dağ kəndlərinin birində, xam torpaqlarda təşkil olunmuş sovxozda mexanik kimi işə başlayacaqdı. O, həmin sovxoza ilk gedənlərdən olacaqdı. Xasiyyətnaməsində zavodun partiya təşkilat katibi onun təcrübəli mütəxəssis, bacarıqlı mexanik olduğunu yazmış və tamamilə əmin olduğunu bildirmişdi ki, o, zavodun etimadını doğruldacaq.
Vilayət komsomol komitəsinin göndərişi artıq əlindəydi və bu günlərdə şəhər klubunda yolasalma mərasimi keçiriləcəkdi: çoxlu xoş sözlər, yaxşı arzular eşidəcəkdi, musiqiyə qulaq asacaq, rəqs eləyəcəkdi, gülüş səsləri bir-birini əvəz edəcəkdi, bərk-bərk əlini sıxıb ona yaxşı yol arzulayacaqdılar… Nurbek təsəvvüründə canlandırdıqlarının hamısını ifadə etməkdə çətinlik çəkirdi… Bir sözlə: yeni həyat tərzi, yeni iş, yeni dostlar hələ qarşıdaydı!..
Nurbek xam torpaqları ilk fəth edənlərdən biri olacaqdı. Əsrlərlə insan əli toxunmamış torpaqlarda buğda əkiləcək, yollar salınacaq və xalq deyəcəkdi: “Bu bizim kəndimizdir, bu bizim məktəbimizdir, bu bizim emalatxanamızdır!..” Bəyəm bu, böyük xoşbəxtlik deyildimi? Bütün bunlar haqda fikirləşdikcə Nurbekin qollarına yeni güc gəlir, elə bu saat işə girişmək, qurub-yaratmaq istəyirdi.
4
Dağlara yaz gec gəlmişdi. Sovxozda şumdan əlavə, işlər başdan aşırdı. Texnikanı işə salmaq, yanacaq gətirmək, təmir işləri görülən emalatxananı avadanlıqla təchiz etmək, ev, yeməkxana, hamam tikmək lazım idi… İndiyəcən yaşayış olmamış bir yerdə hər şey vacib və hər şey lazım idi… Amma mexanizatorlar, əlbəttə ki, əkin-səpin işlərini daha vacib sayırdılar.
Doğrudan da, indiyəcən insan ayağı dəyməmiş, yalnız vəhşilərin gəzib-dolaşdığı bu dağların arasında həyat qurmaq asan və sadə bir iş deyildi. Ancaq bu cür çətinliklərlə qarşılaşan Nurbek ruhdan düşmədi. O, yenə də əvvəlki kimi tələskən, çılğın, inadkar olaraq qalırdı. İndi onun bu xüsusiyyətlərinə daha bir cəhət əlavə edilmişdi – Nurbek daha sərt və əsəbi olmuşdu; nəyin bahasına olursa olsun, hər şey onun dediyi kimi olmalıydı. O hər şeyi şəxsən özü etmək istəyirdi, öz əlləri ilə. Tabeliyində olan insanlardan kimsə tapşırığı yerinə yetirə bilməyəndə qəzəblənir, qışqırıb bağırırdı: “Sən nə təhər adamsan? Bu cür sadə bir işin öhdəsindən gələ bilmirsən. Sənin kimilərini, başım çıxmır, bura necə göndərirlər? Çəkil görüm, özüm eləyərəm!”
Nurbek hansı işin qulpundan yapışsa, orda iş qaynayırdı, onda işin axırına çıxmadan dayanmaq yox idi. Adamlarda elə təsəvvür yaranırdı ki, Nurbeksiz ötüşmək, ümumiyyətlə, mümkün deyil. Nə vaxt baxsan, onu kəməri tarım çəkili, ayaq üstə, iş başında görərdin. O, çadırları özü qurur, buldozeri özü sürür, qar uçqunlarını yarıb keçir, emalatxanada dəzgahları özü quraşdırırdı…
Yalnız uzunsürən yağışlı günlərdə, məcburiyyət qarşısında qalıb çadıra çəkiləndə yerinə uzanıb qəm dəryasına qərq olurdu. Nurbek başa düşmürdü ki, nə üçün indiyəcən bir adamla yaxınlıq etməyi bacarmayıb, nə üçün hamı kimi onun da dərdləşməli, ürək açmalı bir dostu, sirdaşı yoxdur. İş vaxtı tabeliyində olan insanlar dinməz-söyləməz onun göstərişlərini yerinə yetirsələr də, ona hörmətlə yanaşsalar da, iş qurtaran kimi hərə çəkilib bir yana gedir, onu dindirib-danışdıran belə olmurdu… Belə anlarda o, çamadanında saxladığı bir fotoşəkli çıxarar və dərindən ah çəkərək fənərin tutqun işığında uzun-uzadı ona tamaşa edərdi.
Aynagül şəkildə də gözəl idi. Fotoşəkildən onun sevimli ətrinin qoxusu gəlirdi.
Aynagül nazirlikdə katibə işləyirdi. Həmişə yumşaq xalı-xalça üzərində gəzdiyindəndi, ya nədəndisə, o, çox yüngül, səssiz addımlarla yeriyərdi. Kim bilir, bəlkə də, anadangəlmə yerişi belə olmuşdu…
Nurbek göndəriş vərəqəsini göstərib xam torpağa getmək qərarını söyləyəndə, gözlədiyi kimi, Aynagül onun boynuna sarılmadı:
– Sən yaxşı-yaxşı fikirləşmisən? – Aynagül qaşlarını çataraq soruşdu.
– Bəli, nədir ki?
– Heç, elə-belə… – və sakitcə əlavə etdi: – Deməli, sən ancaq sözdə məni sevirmişsən… – Aynagülün sıx kirpikləri islandı və belədə gözləri daha gözəl göründü. Nurbek özünü itirdi, o bunu heç gözləmirdi.
– Bu nəyə lazımdır, Aynaş? Sən elə bilmə ki, mən sovxoza gedəndən sonra səni unudacam. Mən səninlə orda necə yaşayacağımız haqda düşünürəm…
Əlbəttə, Aynagül bu saat ora getmək haqda fikirləşmirdi. Heç Nurbek də ona belə bir təklif etməzdi. Əvvəlcə gedib yerləşmək, ev almaq lazım idi, evlənmək söhbəti ancaq bundan sonra ola bilərdi.
Nurbeki yola salarkən Aynagül ona öz fotoşəklini bağışladı:
– Get, Nurbek, – Aynagül dodaqlarını sallayaraq küskün halda dilləndi. – Bir şey ki beyninə düşdü, səni ondan döndərmək mümkün deyil. Ancaq yadında saxla: işdir, oralar xoşuna gəlməsə, qayıt gəl, mən səni gözləyəcəm. Fikirləşmə ki, zavodda sənin haqqında nə deyəcəklər, bu elə də vacib deyil… İş hər zaman tapılar. Hə, bir də onu demək istəyirəm ki, mənim dayım sənin çalışacağın rayonda işləyir, hər ehtimala qarşı al, onun ünvanını da götür. Utanıb-çəkinmə, bir şey lazım olsa, ona müraciət elə, o hər şeydə sənə kömək edə bilər…
Sən demə, Aynagül ünvanı səhv veribmiş. Onun dayısı qonşu rayonda, cənubdakı aşırımın arxasında işləyirdi. Nurbek bunu çox sonralar yerli adamlardan soruşub öyrəndi.
Sovxoz gündən-günə irəliləyir, abadlaşırdı. Nurbek isə böyük səbirsizliklə Aynagüllə evlənəcəkləri günü gözləyirdi.
5
Dağların yazı gec gəlir, amma gələn kimi də sürətlə ötüb-keçir. Aşağılarda vadilər yaşıllığa qərq olur, cavan ağaclar boy atır, yarpaqlar ağacların dibinə kölgə salmağa başlayırdı. Yaz fəsli işini bitirib yerini yaya verən kimi də al-yaşıl ətəklərini çırmalayıb dağlara doğru tərpənirdi.
Dağlıq ərazilərdə yazın öz qayda-qanunları, öz təkrarsız gözəlliyi var. Səhər tezdən göydən qar ələnir, nahardan sonrasa gün çıxır, qar örtüyü hərəkətə gəlir, əriyib axır və buxarlanıb yoxa çıxır, bircə günlük ömrü olan güllər açır, axşama dönəndə isə şaxta hər yeri qupquru qurudur. Gecəni çaylar, bulaqlar buz bağlayır. Səhəri gün isə zirvələrdən baxanda ruhun təzələnir, dağlarda əsrarəngiz bir yaz havası duyulur, baxmaqdan adamın gözü doymur. Mavi, tərtəmiz və ləkəsiz səma adamı heyran eləyir. Torpaq təzə, yaşıl paltarlı, şehlə yuyunmuş gənc qız kimi cilvələnir, elə bil bu dəqiqə sənə baxıb utancaq halda gülümsəyəcək… Ağzını açıb qışqırsan, səsin dağları bürüyəcək: təmiz havada səs çox uzaqlara yayılır… Nə qar, nə duman, nə yağış, nə külək yazın qarşısını kəsə bilməz, o, yaşıl yanğın kimi dağdan-dağa, zirvədən-zirvəyə adlayır, getdikcə yüksəkliklərə can atır və nəhayət, əbədi buzlaqlara qədər gedib çıxır.
Dağlıq ərazilərdə yaşayan insanlar yaz əkini ilə bağlı əvvəlcədən xüsusi tədarük görürlər – bir az gecikdin, səpdiyin cücərməyəcək, gecələr ayaz vuracaq…
…Nurbek sovxozun ən uzaq sahəsinə – “Çon-Say”a axşamüstü gəlib çıxdı. Hələ motosikletdən düşməmiş gözü dağın ətəyindəki hərəkətsiz traktora sataşdı. O, dilxor olub tüpürdü, mühərriki söndürüb traktora tərəf qaçdı. Təngnəfəs halda uzaqdan qışqırdı:
– Ey, niyə dayanmısan? Yenə traktoru xarab etmisən?
Gənc traktorçu Jumaş tez papirosunu yerə atıb ayaqladı:
– Traktor işləyir! – o özünə haqq qazandırmaq istədi. – Amma bura çox təhlükəlidir, aqay1.
– Nə? – Nurbek yumruğunu düyünlədi, az qaldı ki, onu vursun. – Sənin ağlın başındadır?
– E-e… yoldaş mexanik, bilirsiniz…
– Əşi, sözünü de. Neçə saatdır traktor dayanıb? Cavab ver!
– Bir saat olar…
Nurbek yumruğunu havada yellədi:
– Buna kim icazə verdi? Kim? Hansı axmaq?
– Deyirlər, traktor aşa bilər. İşləmək təhlükəlidir!
– Hara aşacaq? Sən nə çərənləyirsən?
Briqadir onlara yaxınlaşdı. Nurbek Trofimovu nifrət dolu baxışlarla başdan-ayağacan süzdü və əsəbi halda başını buladı:
– Bunu heç sizdən gözləməzdim! Traktorun boşdayanmasına görə partiya bürosunda cavab verəcəksiniz!..
– Traktoru məcburiyyət qarşısında qalıb dayandırmışıq, yoldaş mexanik, – deyə enlikürək Trofimov vərdişkar kimi cod bığlarını eşdi və başını razılaşırmış kimi tərpədib təmkinlə cavab verdi. – Gözləyirdik ki, ya siz, ya da aqronom gəlsin, məsləhətləşək… Maşını hərəkətə gətirməyə relyef imkan vermir, dağətəyi çox dikdir… Özünüz baxın, görün necə enişdir… Traktor aşa bilər, insanları bada verərik! Fikir verin, traktor hansı maillik üzrə dayanıb!…
Nurbek yerə oturdu, gözəyarı enişin mailliyini ölçdü və etinasızcasına əlini yellədi:
– Gərəksiz ehtiyatlanmadır! Bu sizin üçün təkərli traktor deyil, tırtıllı traktor elə enişlər enir ki… heç aşıb eləmir!
– Şükür Allaha ki, mən ikinci on ildir dağlarda işləyirəm, Nurbek Aliyeviç. Hər şey görmüşəm. Siz isə təzəsiniz. İnanın mənə, burda işləmək olmaz, çox təhlükəlidir.
Bu artıq həddini aşmaq idi. Belə çıxır ki, Nurbek öz işini bilmir?! Bu azmış kimi, bir tərəfdən də Jumaş söz atdı:
– Briqadir düz deyir. Qorxuludur!
– Əgər qorxacaqdınsa, oturardın evində, alaçıqda! – Nurbek dişlərini qıcayaraq dilləndi. – Xam torpaqlara qorxaqlar gərək deyil. Siz deyin, yoldaş Trofimov, partiya bizi bura nə üçün göndərib? Balaca bir təpəyə çıxmaqdan qorxuruqsa, biz necə öz işimizin öhdəsindən gələ bilərik?
– Yox, yoldaş mexanik, – Trofimov etiraz etdi. – Ağıllı hərəkət etmək lazımdır, özümüzü təhlükəyə atmamalıyıq. Bu, çox ciddi məsələdir.
– Siz nə təklif edirsiniz? Deyirsiniz, əlimizi əlimizin üstə qoyub oturaq?
– Bu sözlər nəyə lazımdır, yoldaş mexanik? Biz nə vaxt əlimizi əlimizin üstə qoyub oturmuşuq? Əgər bu yer əkin üçün yararlı deyilsə, keçək başqa yerə.
– Məsləhətinizə görə çox sağ olun! Belə çıxır ki, biz yer şumlamaq əvəzinə tərəkəməlik etməliyik? Bəyəm bilmirsiniz ki, hər dəqiqəmiz qiymətlidir? Bir yerdən başqa yerə köç etdiyimiz vaxtda neçə hektar yer şumlaya bilərik. Üstəlik də, sizə xatırlatmaq istəyirəm ki, hər şey plana, qrafikə və marşruta uyğun yerinə yetirilməlidir. Bizim özbaşınalıq etməyə ixtiyarımız yoxdur!
– Niyə ki, yoldaş mexanik? Planda dəyişiklik etmək olar. Mən sizə bir daha xatırladım. Kimdən istəyirsiniz soruşun, bu enişlə heç kəs traktor sürmək istəməz! – Trofimov əli ilə ətrafa toplaşmış traktorçuları göstərdi. Onların heç biri dillənib bir söz demədi, ancaq kinli, sərt üzlərindən oxunurdu ki, mexaniklə razı deyillər.
– Hər kəsin canı özünə əzizdir, – Trofimov hamının rəyini ümumiləşdirirmiş kimi dilləndi. – Bu cür enişlə zarafat etmək olmaz, yoldaş mexanik!
– Razı deyiləm! Siz hamını qorxaq öyrətmisiniz! Sovxozun mexaniki mənəm, hansı maşının harada hərəkət edib-etməyəcəyini də mən bilərəm. Mən təsdiqləyirəm ki, bu enişdə heç bir təhlükə hiss etmədən torpağı əkmək olar. Xahiş edirəm, cəfəngiyatı buraxın! Siz kommunistsiniz, yoldaş Trofimov, çətinliklərə qarşı mübarizə aparmaq lazımdır, onlardan qaçmaq yox! İnsanlar sizə baxırlar…
Trofimov özündən çıxdı:
– Mənim həyatımda çətinliklər sizinkindən daha çox olub, cavan oğlan! – briqadir əsəbi halda mexanikə yaxınlaşdı, birtəhər özünü ələ aldı və qəfil də üzünü döndərib getdi.
Trofimova baxıb başqaları da oradan uzaqlaşdılar. Nurbek isə tək qaldı. Özündən asılı olmadan inciklik ürəyində qara fikirlərə yol açdı. Yerindən sıçrayıb Trofimovu haqlayaraq onun qolundan yapışdı:
– Mən sizə əmr edirəm! Bu saat traktoru işə salın!
Trofimov sakitcə onu başdan-ayağacan süzdü, mexanikin əlini özündən aralayıb yoluna davam etdi.
…Artıq gecəyarıdan keçirdi. Buludlar gecələmək üçün qarşı dağların qayalı sinəsinə enmişdi. Öz aralarında toparlaşmış, bir-birinə qısılaraq tərpənmədən, sakitcə dayanmışdılar. Hər yan sükuta qərq olmuşdu. Lap uzaqlarda, aşağılarda işləyən traktorların gurultusu burda güclə eşidilirdi. Briqadada hamı yatmışdı. Yalnız Nurbekin gözlərinə yuxu getmirdi. Acı, dözülməz inciklik ürəyini sıxırdı. O gah bu, gah da o biri böyrü üstə çevrilir, dərindən ah çəkir, yerində öz-özünə danışıb-deyinirdi. Hə, Trofimov bu gün onu biabır eləmişdi, özü də bu qədər camaatın gözü qarşısında! “Yox, bunu belə qoymaq olmaz. Nəyin bahasına olursa olsun, haqlı olduğumu sübut etməliyəm, ancaq bu yolla nüfuzumu qaytara bilərəm!”
Nurbek yerindən qalxdı və sakitcə çadırdan çıxdı. Ətrafı nəzərdən keçirdi, heç kim yox idi. Oğrun-oğrun əyilərək kənara sıçradı və yarğandakı kölgədə gözdən itdi.
Bir müddətdən sonra dağın ətəyindəki traktorun yanında cib fənəri bir-iki dəfə yanıb-söndü. Birdən gecənin sükutunu traktorun pulemyot atəşinə bənzər “Ta-ta-ta-ta!” gurultusu pozdu. O, traktorun mühərrikini işə salmışdı. Bir neçə saniyədən sonra traktorun tempi aşağı düşdü və normal qaydada uğuldamağa başladı.
Faralar yandı və traktor yerindən dəbərdi. Nurbek hərəkət dəstəklərindən yapışıb gərginlik içində irəli baxırdı. Traktor üzüaşağı enirdi.
“Hə, texnika insan iradəsinə tabedir, onu idarə etməyi bacarmaq lazımdır və insan barmağını hara uzadırsa, o da ora gedəcək. Bunun üçünsə cəsur, qərarlı və möhkəm olmaq lazımdır! Bax buna deyərlər şəxsi nümunə – Nurbek traktoru hamının sürməyə cəsarət edə bilmədiyi yerdə də sürər!”
– Yox, traktor aşmayacaq! Bu cəfəngiyatdır. Siz xəcalət çəkməli olacaqsınız! – Nurbek həyəcandan titrəyərək qışqırdı.
Traktor, doğrudan da, aşağı enirdi. “Bunlar nədən qorxurdular? – deyə Nurbek düşündü. – Doğrudur, bu vəziyyətdə əyləşmək elə də münasib deyil, daim bir tərəfə əyilmiş şəkildə qalmalısan, amma bu da boş şeydir, dözmək olar!”
Qarşıda təpəcik göründü. Traktor yuxarı qalxdı və az qaldı ki, çevrilsin. Amma Nurbek tez sürəti dəyişdi və traktor dartınıb təhlükəli təpəni aşdı. Şumun sonuna çatıb traktoru geri döndərdi. Nurbek artıq öz qələbəsinə tamamilə əmin idi.
– Sizə sübut edəcəm, mən kiməm! – o, əsəbi sevinc içində bağırdı. – Səhərə kimi bütün sahəni şumlayacam, lazım gələrsə, lap o dağların zirvəsinə kimi bütün torpaqları çevirəcəm! Trofimov, sabah görəcəksən ki, hansımız haqlıyıq!
Nurbek artıq ikinci dövrəni vururdu. Özündə olmazın bir güc hiss edirdi, ona elə gəlirdi ki, o da bu polad traktorun bir parçasıdır.
Qarşıda yeni bir təpəcik göründü.
– Heç nə olmaz! – o özünə ürək-dirək verdi.
Traktor təpənin başına qalxdı və birdən əməlli-başlı yana əyildi.
– Eybi yox! – Nurbek özünü ələ aldı.
Əlləri ilə bərk-bərk sükandan yapışdı. Üçüncü sürət həddinə keçdi… Traktor dəlicəsinə uğuldayır, irəli can atır və get-gedə yanı üstə əyilirdi. Traktoru dikyuxarı sürmək lazımdı, yoxsa çevriləcəkdi! Nurbek özünü arxaya sıxdı və sağ dəstəyi var gücü ilə özünə tərəf çəkdi. Traktor tırtılları ilə torpağı eşərək yerində dövrə vurdu və təpəyə qalxa bilməyib dayandı, radiatoru göyə qalxdı və yerindəcə donub-qaldı. Nurbekin qan beyninə vurdu: “Nə etməli? Tez sürəti dəyiş! Hə! İndi də mühərrik söndü. Daha nə edə bilərəm?!”
Amma artıq gec idi. Birdən traktor geri hərəkət etdi, kotanı altına alıb şaqqıltı ilə əzdi və çevrilməyə başladı, Nurbek özünü kabinədən bayıra atdı. Sonra hər şey bir anda baş verdi. Traktor dərəaşağı diyirlənməyə başladı və get-gedə ağlasığmaz dərəcədə sürətini artırdı. Enişin sonunda o, sərt bir qayaya çırpıldı və dəhşətli bir gurultu qopardı.
– A-a-a! – Nurbek qışqırdı, ancaq öz səsini özü belə eşitmədi. Metal traktor daş qayaya çırpılarkən qığılcım qopdu, qayadan qopan daş parçaları və traktordan ayrılan dəmir parçaları ətrafa səpələndi, torpaq lərzəyə gəldi və tez də hər şey yatdı, dərəyə zülmət qaranlıq çökdü.
Nurbek ayaqyalın, başıaçıq, bircə alt paltarında, əllərində fənər hadisə yerinə qaçan insanları gördü. Onu titrətmə tutdu, sanki yer ayaqları altından qaçmağa başladı. İnsanlar isə artıq ora yaxınlaşmışdılar, ətrafı həyəcanlı səslər bürümüşdü.
– Nahaq özümü kabinədən bayıra atdım, – Nurbek dəhşət içində pıçıldadı. – Gərək traktorla birlikdə mən də əziləydim!
O özündə-sözündə deyildi, çaşıb-qalmışdı, nə edəcəyini bilmirdi, birdən yerindən götürüldü və hara gəldi qaçmağa başladı.
Nurbek ətrafına boylanmağa qorxurdu. O, başını çiyinlərinə qısaraq onu əlləri ilə örtdü, ayaqları bir-birinə dolaşdı və yerə sərildi, amma tez də tərpənib dovşan kimi qaçmağa başladı.
“Tez tərpən! Bir az da ayaqlı ol! Onlar özlərini çatdıracaqlar… Eşidirsən nə deyirlər: “Tutun, tutun canini! Qoymayın qaçsın!..”
Nurbek var gücü ilə qaçırdı, heç nəyə baxmadan, heç nəyə fikir vermədən… Ancaq elə bil zəhrimara qalmış ayaqlarına qurğuşun bağlamışdılar, yerdən qoparmaq olmurdu, onlar qamçı kimi bir-birinə dolaşırdı, bir yandan da nəfəsi təngiyirdi, havası çatmırdı elə bil, içərisi od tutub yanırdı. Nurbek yaxalığını dartıb qopartdı.
* * *
Səhər tezdən səmada iki qartal göründü. Onlar hərdənbir könülsüz-könülsüz qanad çalır, sonra havada uzun-uzadı dövrə vururdular. Quşlar sərt qanadlarını yelləyərək havada azadə süzürdülər.
Bu hüdudu bilinməyən səmada yalnız qartallar hökmranlıq edirlər. Onlar da hökm sahibləri kimi özlərini ağır, ciddi və təmkinli aparırlar. Qartalların qanadları altına nə desən sığır: dağlar, dərələr, çaylar, qarla örtülü düzəngahlar… Onlar yer üzərində baş verənlərin hamısını bütün dəqiqliyi ilə görürlər.
Budur, dərənin lap dibində oyuncağa oxşar nəsə bir fiqur göründü.
“… İnsan! Bir bax, bu insandır!” – qartallardan biri qaqqıldadı. “Görürəm, bu, doğrudan da insandır!” – ikinci qartal cavab verdi.
Düzdür, insan peyda olmuşdu, ancaq qartallar özlərini o yerə qoymayıb etinasızcasına havada cövlan edirdilər. Bu insan onları qətiyyən narahat eləmirdi. Bəyəm bu məxluq onların yuvalarını dağıda bilərdi? Xeyr, bu adam özü öz kölgəsindən qorxur: o ya qaçaqdır, ya da yolunu azmış bədbəxtin biridir. Bunu adamın inamsız addımlarından, qorxu dolmuş gözlərindən, səksəkəli baxışlarından o saat bilmək olurdu. O, tez-tez nigarançılıqla ətrafa boylanır, tərəddüd edib dayanır, yerindəcə donub-qalırdı. Bəyəm bu insan övladı sıldırım qayaların başındakı əlçatmaz yuvaya qalxa bilərdi? Onda o güc, o iradə nə gəzirdi ki, qartallarla əlbəyaxa döyüşə girsin! Məgər məqsədinə çatmaq naminə bu insan özündə güc tapıb onlarla döş-döşə gəlməyə qadir ola bilərdi? Yox, qartal yuvasına əl uzatmaq üçün gərək özün də qorxubilməz qartal olasan! Hətta belə olan halda da kimin qalib gələcəyi açıq döyüşdə bilinəcək. Qartallar üzbəsurət döyüşü sevirlər. Düşmən yuvalarına doğru sürünəndə onlar qışqırırlar: “Dayan! Geri dön!” Sonra qəzəbli bir qaqqıltı eşidilir: “Hazır ol!” Daha sonra isə qartal səmadan qaya parçası kimi üzüaşağı şığıyır. Havanı vıyıltı ilə yararaq caynaqlarını düşmənin sinəsinə pərçimləyib onu dərənin dibinə yuvarlayır. Sonra isə uzun müddət qartallar yuvalarının üzərində cövlan edir, beləcə, gah sevinclə, gah nifrətlə, gah da təəssüflə səmada qıy vururlar…