Kitobni o'qish: «Detektiv ölüm yatağında»
Artur Konan Doyl
DETEKTİV ÖLÜM
YATAĞINDA
h e k a y ə l ə r
İÇİNDƏKİLƏR
Detektiv ölüm yatağında......................................................................................
Brüs Partinqton planları.....................................................................................
Ledi Frensis Karfeksin itməsi.....................................................................................
Şeytanayağı............................................................................................................
Qloriya Skot hadisəsi.....................................................................................
DETEKTİV ÖLÜM YATAĞINDA
Şerlok Holmsun ev sahibəsi xanım Hudsonun çəkdiyini, yəqin ki, başqa heç bir ev sahibi çəkməmişdir. O, evinin qapısında qəribə və xoşagəlməz adamların toplaşması azmış kimi, kirayəçisinin qəribə vərdişlərinə və nizamsız həyatına da dözmək məcburiyyətində qalırdı. İnanılmaz dağınıqlığı, uyğunsuz saatlarda musiqi dinləmə ehtirası, bəzən evin için-də tapançayla məşq etməsi, murdar qoxuların yayılmasına səbəb olan elmi təcrübələri və həyatından əskik olmayan zo-rakılıq və təhlükələr Holmsu Londonun ən pis kirayəçisi he-sab etməyə kifayət edərdi. Amma ödənişləri gecikdirməzdi. Əminəm ki, Holmsun birlikdə işlədiyimiz illər ərzində ver-diyi kirayəni yığsanız, böyük bir ev satın ala bilərdiniz.
Davranışları nə qədər qeyri-adi olursa-olsun, ev sahibəsi ona hər vaxt hörmətlə yanaşar, işinə burnunu soxmağa cəsarət etməzdi. Hətta, dostumun qadınlara qarşı nəzakətli davranışına görə, bu yaşlı qadın ondan xoşlanırdı. Holms isə əks cinsdən xoşlanmaz, onlara əsla güvənməzdi; bununla belə kübarlığı da əldən buraxmazdı. Qadının Holmsa nə qədər fədakar yanaşdığını bildiyim üçün, evliliyimin ikinci ilində, qaldığım yerə gəlib dostumun düşdüyü vəziyyət haqqında danışarkən onu ürək ağrısıyla dinlədim.
– O ölür, Doktor Uatson, – dedi. – Üç gündür yataqdan çıxmayıb; təəssüf ki, bu gün də çıxa bilməyəcək. Həkim çağırmağıma icazə vermir. Bu səhər üzünün solğunlaşdığını və çarəsizcə baxan böyük, parlaq gözlərini görüncə lap pis oldum. “İcazəniz olsa da, olmasa da, cənab Holms, gedib həkim tapacağam”, – dedim. “O zaman Uatson olsun”, – dedi o da. Yerinizdə olsam tələsərdim cənab; yoxsa onu bir daha görməmək ehtimalınız var.
Xəstəliyindən xəbərim olmadığı üçün deyilənlər məni dəhşətə gətirmişdi. Pencəyimi və şapkamı necə tələm-tələsik qapıb yola düşdüyümü təxmin edə bilərsiniz. Yolda digər detalları da soruşdum.
– Danışacağım elə bir şey yoxdur. Çayın kənarındakı Roserhisedə baş vermiş bir hadisəni araşdırırdı yəqin; bu xəstəliyə də orada yoluxub. Çərşənbə axşamı yatağa düşdü, o gündən bəri də ayağa qalxa bilməyib. Üç gündür ki, boğazından nə bir loxma keçir, nə də bir qurtum su içə bilir.
– Uca Tanrım! Bəs niyə həkim çağırmadınız?
– İcazə vermədi, cənab. Nə qədər inadçı olduğunu özünüz də bilirsiniz. Sözlərinə qarşı çıxmağa cəsarət edə bilmədim. Amma siz də görəcəksiniz, belə gedərsə yaşayan deyil.
Dostum, həqiqətən də, ağır vəziyyətdə idi. O dumanlı noyabr gününün alaqaranlığında Holmsun otağı kəsafətə bürünmüşdü. Amma ürəyimi ən çox ağrıdan, yatağından mənə baxan zəif, solğun üzü idi. Gözləri qızdırmanın çoxluğundan parlayırdı; yanaqlarına xəstəliyin qırmızılığı çökmüşdü. Örtüyünün üstünə çıxardığı nazik əlləri dayanmadan titrəyir, səsi xırıldayırdı. Otağa girdiyim zaman yerindən tərpənmədi, amma gözlərindəki parıltıdan məni tanıdığını anladım.
– Görürsən, Uatson, uğursuzluq yaxamızdan yaman yapışıb, – güclə eşidilən səslə dedi. Amma o hər zaman olduğu kimi təmkinli davranırdı.
– Sevimli dostum! – deyib irəli atıldım.
– Dur! Yaxınlaşma! – dedi və bunu, yalnız ən təhlükəli zamanlarda olduğu kimi qətiyyətlə etdi. – Uatson mənə yaxınlaşsan, səni evdən çıxartmaq məcburiyyətində qalacağam.
– Axı niyə?
– Çünki belə istəyirəm. Olmaz!
Bəli, xanım Hudson haqlı idi. Onu heç belə inadçı görməmişdim. Amma göz önündə əriyib getdiyni görmək də dözülməz idi.
– Yalnız kömək etmək istəyirdim, – izahat etməyə çalışdım.
– Əlbəttə! Anlayıram. Amma deyilənləri yerinə yetirsən o zaman ən yaxşı köməyi etmiş olarsan.
– Təbii Holms.
Bir az əvvəlki sərt rəftarından əsər-əlamət qalmamışdı.
– Küsmədin ki, – deyə soruşdu; çətinliklə nəfəs alırdı. Lənət şeytana, onu bu halda görərkən necə küsə bilərdim axı!
– Sənin xeyrin üçün deyirəm, Uatson, – inlədi.
– Mənim xeyrim üçünmü?
– Xəstəliyimin nə olduğunu bilirəm. Sumatrayda yayılmış yoluxucu xəstəlikdir – Hollandiyalılar bu mövzuda bizdən daha məlumatlıdırlar. Amma nəyə görəsə indiyə qədər bu məsələnin onlar da üzərində çox dayanmayıblar. Amma bir şey qətidir. Ölümcül, yoluxucu və təhlükəli xəstəlikdir.
O güclə danışır, titrəyən, uzun əlləriylə mənim uzaqda durmağıma işarə edirdi.
– Toxunmaqla keçir Uatson – bu belə kafidir. Uzaqda dayansan problem olmaz.
– AmanTanrım! Holms! Səncə bu fərq edərmi?
Yad biri olsa bəlkə təsirlənməzdim. – Bunun məni köhnə dostuma kömək etməkdən saxlaya biləcəyinimi düşünürsən?
Yenə irəli doğru bir addım atdım, amma bu dəfə də hirsli bir baxışla məni dayandırdı.
– Orada dur, danışaq. Yoxsa otağımda qala bilməyəcəksən.
İndiyə qədər Holmsun qeyri-adiliklərinə o qədər hörmət göstərmişdim ki, heç bir şey anlamadığım zamanlarda belə onun istəklərinə boyun əyirdim. Amma indi bütün instinktlərim qiyam qaldırmışdı. Başqa zamanlarda istədiyi qədər müdirlik edə bilərdi; amma indi o xəstə idi, mən isə həkim.
– Holms, – dedim, – sən özündə deyilsən. Xəstə adam adətən uşaq kimidir; mən sənə baxacağam. Xoşuna gəlsə də, gəlməsə də əlamətləri araşdırıb müalicə edəcəyəm.
Mənə onun şeytani gözlərlə baxmağa başladığını fərq etdim.
– Madam ki, istəsəm də, istəməsəm də bir həkim müayinəsindən keçəcəyəm, o zaman bu, güvənə biləcəyim biri olsun, – dedi.
– Demək mənə güvənmirsən?
– Dostluğuna təbii ki, güvənirəm. Amma fakt faktdır, Uatson, nəticədə sən məhdud təcrübəyə sahib olan bir həkimsən. Belə şeyləri söyləmək çətindir, amma mənə başqa yol buraxmırsan.
Həqiqətən, küsmüşdüm.
– Belə bir şeyi sənə yaraşdıra bilmirəm, Holms. Şüurunun hansı vəziyyətdə olduğunu indi daha yaxşı anlayıram. Madam ki, mənə güvənmirsən o zaman səni narahat etməyəcəyəm. Amma heç olmasa Ser Kasper Mik, Penroza Fişer, ya da Londonun başqa məşhur adamlarını çağırmağıma icazə ver. Kimi istəyirsənsə, söylə. Çünki burada dayanıb, mən ya da bir başqasının müdaxiləsi olmadan ölməyinə tamaşa edəcəyimi düşünürsənsə, deməli, dostunu tanımamısan.
– Xoş niyyətli olduğunu bilirəm, Uatson, – xəstə hıçqırıq və inilti dolu səslə dedi. Sənə necə cahil olduğunu göstərməyimi istəyirsənmi? De görüm, Tapanuli qızdırması haqqında nə bilirsən? Ya da Formosa qızdırması haqqında nə bilirsən?
– Heç biri haqqında eşitməmişəm.
– Şərqdə bir çox xəstəliklər, patoloji dəyişkən xəstəliklər var, Uatson. – O, hər cümlənin sonunda dayanıb gücünü toplamağa çalışırdı. – Son zamanlardakı bəzi araşdırmalarda medikokriminal baxımdan çox şey öyrənmişəm. Bu xəstəliyə də həmin vaxtda yoluxdum. Sən heç bir şey edə bilməzsən.
– Ola bilər. Amma eşitmişəm ki, tropik xəstəliklər haqqında çox bilən və yaşayan, dahi adlandırılan Dr. Eynstrin hazırda Londondadır. Dirənməyə ehtiyac yoxdur, Holms, gedib onu gətirəcəyəm. – Bunu söylədikdən sonra qərarlı addımlarla qapıya doğru yönəldim.
Heç belə bir şok yaşamamışdım! Ölüm döşəyindəki adam bir anda sıçrayaraq qapını tutdu. Bu vaxt açarın çevrildiyini də eşitdim. Amma o, göz açıb bağlayana qədər artıq yatağına dönmüşdü. Xərclədiyi fövqəladə enerjiyə görə təngnəfəs qalmışdı.
– Açarı məndən güclə ala bilməzsən, Uatson; artıq əlimdəsən, dostum. Mən icazə vermədikcə heç yerə tərpənə bilməzsən. Amma səni darıxmağa qoymaram, narahat olma. (Bütün bunları qırıq-qırıq söyləyir, asta-asta nəfəs almağa çalışırdı) Mənim yaxşılığımı düşündüyünü bilirəm. Buna əminəm. İstədiyin kimi olacaq, amma icazə ver bir az gücümü toplayım. İndi olmaz, Uatson, indi olmaz. Saat dörddür. Altıda gedə bilərsən.
– Bu ki dəlilikdir, Holms.
– Yalnız iki saat, Uatson. Söz verirəm, altıda gedəcəksən. Gözləyərsənmi?
– Başqa yolum yoxdur.
– Həm də heç yoxdur Uatson. Təşəkkür edirəm. Lütfən, məsafəni qoru. İndi, Uatson, bir şərtim var. Həkimi mən seçəcəyəm.
– Fərq etməz.
– Otağa girdiyindən bəri dediyin ən ağıllı söz bu oldu, Uatson. Burada bəzi kitablar görəcəksən. Mən bitkin haldayam; bir batareya elektrikini dielektrikə köçürdüyün zaman nə baş verir, bilirsən? Altıda, Uatson, unutma, o zamana qədər söhbət edə bilərik.
Amma bu söhbət hələ uzun sürəcəkdi; məni Holmsun atılıb qapını bağladığı anda yaşadığım şokdan daha betəri gözləyirdi. Bir neçə dəqiqə tərpənmədən yataqdakı adamı izlədim. Örtünü sifətinə qədər çəkmişdi, yuxuya getmiş kimi görünürdü. Oturub kitab oxuya bilməyəcəyimi anladığımdan otaqda gəzişməyə, divarları bəzəyən məşhur cinayətkarların şəkillərinə tamaşa etməyə başladım. Bu məqsədsiz gəzintim buxarıya yetişdiyimdə sona çatdı. Buxarının üstünə tənbəkilər, tütün kisələri, şprislər, qələmyonanlar, tapança güllələri və daha bir çox xırda-xuruş yığılmışdı. Ortalarında isə qapaqlı, kiçik, ağ fil dişindən düzəldilmiş bir qutu vardı. Yaxından baxmaq üçün əlimi uzatmışdım ki… Holmsdan qorxunc bir qışqırıq çıxdı; – elə qışqırdı ki, küçədən keçənlər belə eşitmiş olardı. Bu qorxunc qışqırıqdan sonra əlim-ayağım buz kimi kəsdi, tüklərim biz-biz oldu. Dönüb baxdığımda sifətinin yığıldığını, gözlərinin dəli bir parıltı ilə alışdığını gördüm. Kiçik qutu əlimdə, quruyub qalmışdım.
– Qoy onu yerinə! Bu dəqiqə, Uatson, dərhal deyirəm! – Qutunu buxarının üstünə qoyduğumu görüncə yatağa çökdü və dərin bir ah çəkdi. – Əşyalarıma toxunulmasından nifrət edirəm, Uatson. Bunu sən də bilirsən. Səbrimi sınağa çəkirsən nədi. Sən ki, həkimsən. Xəstələrini dəlixanaya soxmaqda tayın-bərabərin olmaz yəqin ki… Otur ay adam, imkan ver bir az istirahət edim!
Bu hadisə məndə heç xoş təsir buraxmadı. Səbəbsiz yerə şiddətli bir sayıqlama yaşayırdı; ardından da alışdığım yumşaq rəftarlardan əsər belə qalmamış tonla danışmağa başladı; bütün bunlar şüurunun necə dağılmış olduğunu göstərirdi. Məhv olmuş güclü zehni görmək qədər qəmli bir şey ola bilməz. Səssizcə oturub zamanın keçməsini gözləməyə başladım. Mənim kimi Holmsun da gözü saatda idi. Nəhayət, altıya az qalmış yatağında dikəldi və əvvəlki kimi, qızdırmalı halda danışmağa başladı.
– Çox yaxşı, Uatson, – dedi. Yanında xırda pul varmı?
– Var.
– Gümüş necə?
– Çox.
– Neçə dənə yarım kronluq var?
– Beş dənə.
– Ah, azdır! Çox azdır! Bu nə şanssızlıqdır, Uatson! Nə isə, indi onları saat saxladığın cibə qoy. Qalan pulları isə şalvarının sol cibinə… Təşəkkür edirəm. Heç olmasa daha balanslı olarsan.
Bunlar tamamən ağlını itirmiş bir adamın hərəkətləri idi. O, əvvəlcə titrədi, sonra yenə hıçqırıqla öskürək arası bir səs çıxardı.
– İndi lampanı yandıra bilərsən, Uatson; amma çox diqqətli ol, yarıdan çox açma. Yalvarıram diqqətli ol, Uatson. Təşəkkür edirəm, mükəmməl! Xeyr, pərdəni bağlamağına ehtiyac yoxdur. İndi isə zəhmət olmazsa bu masanın üstünə bəzi məktubları və kağızları yerləşdirməyini istəyirəm. Təşəkkür edirəm. İndi də buxarının üstündəki xırda şeylərlə məşğul ol! Möcüzədir, Uatson! Burada bir şəkər maşası var, gördünmü? İndi də o kiçik fil dişi qutusunu maşayla qaldır. Bura, kağızların arasına qoy. Gözəl! Artıq gedib Lover Burxa küçəsi, 13 nömrədən cənab Kulverton Smiti gətirə bilərsən.
Düzünü desəm, Holmsun sayıqlamalarını gördükdən sonra həkim gətirmək istəyim bir az zəifləmişdi. Amma bu adamın gəlməsində o qədər israrlıydı ki, etiraz etmək mümkün olmadı.
– Daha əvvəl belə bir ad eşitməmişəm, – dedim.
– Təbii ki, eşitməmisən, sevimli Uatson. Bu xəstəliyi müalicə edəcək mütəxəssisin bir həkim deyil, bir əkinçi olduğunu haradan biləcəksən ki, sən. Cənab Kulverton Smit əsasən Sumatrada yaşasa da, bu aralar Londondadır. Bu xəstəlik tibbin əli çatmayan tarlalarda meydana çıxıb. O, özünə görə bəzi işlər görüb və sonunda olduqca təsirli üsullar tapa bilib. Çox intizamlı adamdır; ona görə də altıdan əvvəl getməyini istəmədim; onu yerində tapmayacağını bilirdim. Gəlməyə razı salsan ən böyük hobbisi olan bu xəstəliklə bağlı bənzərsiz təcrübələrindən faydalanma şansımız olacaq. Mənə kömək edə biləcəyindən heç şübhəm yoxdur.
Holmsun sözlərini olduğu kimi yazmaqla bərabər deməliyəm ki, həmin vaxt çətinliklə nəfəs alır, əlləri ağrıyla sıxılırdı. Yanında olduğum bir neçə saat içində görünüşü daha da pisləşmişdi. Üzündəki qırmızı ləkələr indi daha çox diqqətə çarpır, yuvalarına çökmüş gözləri daha çox parlayırdı, alnı tərdən islanmışdı. Amma nitqi hələ əvvəlki kimi canlı idi. Nəfəsi tükənənə qədər hakimiyyəti itirmədi.
– Məni hansı vəziyyətdə qoyub getdiyini eynilə söylə, – dedi. Səndə necə təəssürat yaratmışamsa söylə, – ölüm döşəyində sayıqlayan bu adam dedi. Okeanın dibi başdan-başa istridyələrlə dolu olsa, dəniz nə qədər bərəkətli olardı, elə deyilmi? Ah, axmaqlayıram! Beyin nəzarətini itirir! Nə deyirdim, Uatson?
– Cənab Kulverton Smit üçün təlimatları verirdin.
– Aha, xatırladım. Həyatım buna bağlıdır. Adamı mütləq gətir, Uatson. Bax, yoxsa aramız pozular. Bacısı oğlunun etdiklərindən şübhələnirdim Uatson, amma görməsinə icazə verdim. Uşaq pis can verdi. İndi mənə qarşı kin saxlayır. Onu yumşaltmalısan, Uatson. Yalvar, and iç, amma bura gətir. Məni bircə o qurtara bilər!
– Lazım olsa sürüyərək arabaya basıb gətirəcəyəm.
– Elə şey eləmə. Yalnız razı salmağa çalış. Sən qabaqda, o arxada gələrsiniz. Amma bir bəhanə uydur, özün gələ bilməyəcəyini söylə. Unutma, Uatson. Məni pis vəziyyətdə qoyma. Heç vaxt qoymadın! Əlbəttə, o varlıqların törəməsinə mane olan bəzi təbii düşmənləri olmalıdır. Sən və mən, Uatson; əlimizdən gələni etdik. İndi imkan verək ki, istridyələr dünyaya hakim olsun? Xeyr, xeyr, bu qorxuncdur! Dediklərimi yaxşıca düşün.
O möhtəşəm zəka sahibini, bir uşaq gününə düşmüş halda qoydum. Açarı götürdüm və özünü bir daha otağa qapatmasın deyə geri qaytarmadım. Xanım Hudson dəhlizdə gözüyaşlı halda gözləyirdi. Aşağı enərkən Holmsun hələ də ucadan deyindiyini eşidirdim. Aşağıda fit çalıb araba saxlamaq istəyirdim ki, dumanın içindən bir adam çıxdı.
– Cənab Holms necədir, cənab? – deyə bu adam soruşdu.
Köhnə dostumuz idi. Adi geyimdə olsa da, Skotland Yardın müfəttişi Mortonu tanımağa çətinlik çəkmədim.
– Çox xəstədir, – deyə cavab verdim.
Mənə çox qəribə nəzərlərlə baxdı. O qədər bəlli etməsə də, küçə işığı düşən üzündə bir anlıq xoşbəxtlik ifadəsi görə bildim.
– Bəzi dedi-qodular yayılıb, – dedi.
Onu orada qoyub tələsik, önümdə dayanan arabaya atıldım.
Lover Burxa küçəsi, Nottinq Xill ilə Kensinqton arasında yerləşirdi və hər iki tərəfi qəşəng evlər sıralanmış gözəl bir yer idi. Sürücünün qarşısında dayandığı ev isə köhnə dəbli dəmir çərçivələri, nəhəng qapısı ilə möhtəşəm görünürdü. Qapını qaraqabaq bir xidmətçi açdı.
– Bəli, cənab Kulverton Smit evdədir, Dr. Uatson! Yaxşı, cənab, gözləyin, gəldiyinizi xəbər verim.
– Adım və titullarım cənab Kulverton Smiti çox da təsirləndirməmişdi. Aralı qalmış qapıdan onun cır, cingiltili səsi eşidilirdi.
– O kimdir? Nə istəyir? Allah xatirinə, Staples, sənə neçə dəfə söylədim ki, iş saatlarında narahat edilmək istəmirəm?!
Xidmətçi itaətlə izahata başladı.
– Xeyr, onu görmək istəmirəm, Staples. İşimin bu şəkildə bölünməsinə icazə verə bilmərəm. Evdə yoxam. Belə söylə. O qədər əhəmiyyətlidirsə, səhər gəlsin.
Yenə itaətli mızıltılar.
– Başqa sözüm yoxdur. Ya səhər gələr, ya da gözləyər. İşimə mane olma.
Holmsu xəstə yatağında qıvrılan halda, kömək gətirməyim üçün dəqiqələri sayarkən xəyal etdim. Nəzakətin yeri deyildi. Dostumun həyatı pambıq ipliyindən asılı idi. Qorxaq xidmətçinin cavabı mənə çatdırmasını gözləmədən otağa soxuldum.
Adam hirsdən qudurmuş halda atəşin yanında yellənən kürsüdən ayağa qalxdı. Qarşımda dayanan adamın böyük, sarı sifəti, geniş çənəsi, qaşları altından hirslə yanan təhdid dolu, boz gözləri vardı. Qabarıq alnının ortasına dəbdəbəli şəkildə yana əyilmiş, kiçik, məxməri papaq kölgə salırdı. Adamın kəlləsi inanılmaz dərəcədə böyük idi, amma bədəninin alt tərəfinə nəzər saldıqda nə qədər kiçik və incə olduğunu görüb heyrətə düşdüm. Çiyinləri və kürəyi kiçikkən raxitlik keçirən adam kimi donqarlaşmışdı.
– Nə baş verir? – deyə cingiltili bir səslə qışqırdı. – Bu hörmətsizlik nə deməkdir belə? Sabah səhər görüşə biləcəyimizi söyləmədimmi?