35 kq ümid

Matn
Parchani o`qish
O`qilgan deb belgilash
Shrift:Aa dan kamroqАа dan ortiq

Anna Qavalda

35 KİLOQRAM ÜMİD

Anna Qavalda

Anna Qavalda 9 dekabr 1970-ci ildə Bulon-Belan-kurda (Fransa) anadan olub. On dörd yaşında valideynləri ayrılıb və elə bu yaşdan etibarən uşaqlar sığınacağında yaşayıb. Sorbonnada təhsil alıb, xəzinədar və ofisiant işləyib, jurnalistika ilə məşğul olub. 1992-ci ildə “Ən yaxşı məhəbbət məktubu” yarışında qalib seçilib. 1998-ci ildə “Aristote” novellasına görə “Mürəkkəb qabında qan” mükafatına layiq görülüb və daha iki ədəbiyyat müsabiqəsində qalib gəlib.

1999-cu ildə Anna Qavaldanın “Kiminsə məni hardasa gözləməsini istərdim…” adlı kitabı işıq üzü görüb. Məhz bu kitab 2000-ci ildə qran-priyə layiq görülür. Növbəti dörd ildə bu novellalar toplusu 30 dilə tərcümə edilib və müəllifi fransız dilli ədəbiyyatda ulduza çevirib. Amma yazıçıya dünya şöhrətini “Mən onu sevirdim. Mən onu sevirdim” və “Sadəcə birlikdə” romanları gətirib. Hər iki kitab bestseller olub.

Hazırda Anna Qavalda Melön şəhərində yaşayır, hər gün üç saat novella və “Elle” jurnalı üçün məqalələr yazır və iki övladını böyüdür.

Babam və Mari Tondelin xatirəsinə

Məktəbdən zəhləm gedir.

Dünyada hər şeydən çox ona nifrət edirəm.

Yox, hətta daha çox…

O mənim bütün həyatımı korlayıb.

Dəqiq deyə bilərəm: üç yaşıma qədər xoşbəxt yaşayırdım. Yaxşı xatırlamıram, amma mənə elə gəlir. Oynayır, dalbadal on dəfə ayı haqqında cizgi filminə baxır, şəkil çəkir və Qrodudu – yumşaq oyuncaq küçüyüm üçün milyonlarla macəra fikirləşirdim. Anam danışırdı ki, saatlarla tək-tənha öz otağımda oturub dayanmadan öz-özümə çərənləyirdim.

Uşaqlıqda hamını sevirdim və hər kəsin məni sevdiyini düşünürdüm. Sonra üç yaş beş ayım tamam oldu və birdən – taraq! – məktəbə.

İlk səhəri hələ sevinirdim də. Yəqin valideynlərim bütün yayı deyinirmişlər:

– Əzizim, nə yaxşı ki, məktəbə gedəcəksən…

– Bax, səninçün necə gözəl çanta almışıq! Onunla məktəbə yollanacaqsan!

Və buna bənzər sözlər… Onlar danışır, mənsə heç ağlamırdım. Ümumiyyətlə, hər şeyə burnunu soxurdum. Yəqin orda hansı oyuncaqlar və “Leqo”nun olub-olmadığını görmək istəyirmişəm. Xülasə, nahara razı halda döndüm, hər şeyi yedim və öz otağıma qaçdım, Qroduduya məktəbdə necə maraqlı olduğunu danışdım.

Bilsəydim, son xoşbəxt dəqiqələrimi keflə keçirərdim. Çünki bundan sonra həyatım kəllə-mayallaq oldu.

– Getdik, – anam dedi.

– Hara?

– Necə yəni hara? Məktəbə!

– Yox.

– Nə – yox?

– Bir də ora getməyəcəm.

– Belə de! Niyə ki?

– Daha bəsdir, məktəbi gördüm, orda maraqlı heç nə yoxdur. Evdə işim başımdan aşır. Qroduduya söz vermişəm ki, ona sümük axtaran maşın düzəldəcəm. Yoxsa hamısını çarpayımın altında gizlədir, sonra da tapa bilmir. Ona görə məktəbə getməyə vaxtım yoxdur.

Anam çömələrək qarşımda oturdu. Məni yola gətirməyə başladı. Başımı buladım. Ağladım. Qucağına aldı, zırıldadım. Onda mənə sillə vurdu.

Həyatımın ilk silləsini!

Bax belə.

Bu da sənə məktəb.

Kabus belə başladı.

Valideynlərimdən bu əhvalatı milyon kərə eşitmişəm: dostlarına, tərbiyəçilərə, müəllimlərə, psixoloqlara, loqopedlərə və həmkarlar ittifaqının konsultantlarına danışarkən.

Və bu günə kimi hər dəfə onu eşidəndə Qrodudu üçün həmin sümük axtaranı düzəltmədiyimi xatırlayıram.

İndi on üç yaşım var və mən altıncı sinifdə oxuyuram. Hə, özüm də bilirəm ki, burda nəsə düz getmədi. Çox fikirləşməyin, özüm deyəcəm. İbtidai məktəbdə iki dəfə ikinci sinifdə qalmışam və indi də altıdayam.

Bu məktəbə görə evdə həmişə dava-dalaşdır, özünüz başa düşürsüz də… Anam ağlayır, atam üstümə bağırır, ya da əksinə, anam bağırır, atam isə susur. Onlar belə olanda özümü pis hiss edirəm, nə edə bilərəm axı? Nə deyim onlara? Heç nə. Onlara heç nə deyə bilmərəm, çünki ağzımı açsam, daha da pis olacaq. Onlar isə dayanmadan tutuquşu kimi eyni şeyi təkrar edəcəklər: “Çalış!” “Çalış!” “Çalış!” “Çalış!” “Çalış!”

Əşşi, başa düşürəm, başa düşürəm. O qədər də axmaq deyiləm. Çalışmaq istərdim, amma bədbəxtlikdən alınmır. Məktəbdə öyrədilənlərin hamısı mənimçün çin əlifbasıdır. Bir qulağımdan girir, o birindən çıxır. Milyon həkim yanına apardılar, gözlərimi, qulaqlarımı, hətta beynimi də yoxlatdırdılar. Nə qədər vaxt sərf etdilər, axırda da bu nəticəyə gəldilər ki, diqqətimi bir yerə toplaya bilmirəm. Matım-qutum qurudu! Özüm bilirəm, problemim nədir, məndən soruşardılar da. Hər şey qaydasındadır. Heç bir problem yoxdur. Sadəcə mənə maraqsızdır. Ma-raq-sız. Bu qədər.

Məktəbdə yalnız bir ilim – uşaq bağçasının axırıncı ili xoş keçdi. Orda Mari adlı tərbiyəçim vardı. Bax, onu heç vaxt unutmaram.

İndi fikirləşirəm ki, Mari həyatda ən çox sevdiyi işlə – tikiş, ya da nəyisə hazırlamaqla məşğul olmaqçün məktəbdə işləyirdi. Onu dərhal sevdim. Elə ilk gündən. Donlarını özü tikir, boğazlı yun köynəyini özü toxuyur, bər-bəzək əşyalarını özü düzəldirdi. Elə gün olmurdu ki, evə nəsə gətirməyək – rəngli kağızlardan hazırlanmış kirpi, süd şüşəsi tutmuş pişik balası, fındıq qabığından siçan, fırlanğıclar, rəsmlər, müxtəlif oyuncaqlar… Bax o tərbiyəçi idi – təkcə analar günü öncəsi işləmirdik. O deyirdi: “Öz əllərinlə nəsə düzəltmisənsə, deməli, o günün hədər getməyib”. İndi fikirləşirəm ki, həmin xoşbəxt ildən sonra bütün bədbəxtliklərim başladı, çünki elə o vaxt sadə bir şeyi dərk etdim: bu dünyada mənə ən maraqlı gələn şey əllərim və onların düzəltdikləridir.