Faqat Litresda o'qing

Kitobni fayl sifatida yuklab bo'lmaydi, lekin bizning ilovamizda yoki veb-saytda onlayn o'qilishi mumkin.

Kitobni o'qish: «Bomba»

Shrift:

“Əbdürrəhim bəy Haqverdiyev hər şeydən qabaq “Molla Nəsrəddin” məcmuəsinin ibtidasından… məcmuənin ən yaxın əməkdaşlarından və məsləhətçilərindən hesab olunur. Qoca əməkdaşımızın bu günlərdə təhiyyə olunan yubileyini “Molla Nəsrəddin” öz bayramı kimi alqışlayacaqdır,”

– Cəlil Məmmədquluzadə, yazıçı-dramaturq

“Əbdürrəhim bəy Haqverdiyev xalqını böyük məhəbbətlə sevən, onun övladlarını daim tərəqqidə görmək istəyən alovlu vətənpərvər yazıçı və ictimai xadim idi,”

– Nadir Vəlixanov, filologiya elmləri namizədi

ÖN SÖZ

Azərbaycan maarifçi və realist ədəbiyyatının görkəmli nümayəndələrindən biri də Əbdürrəhim bəy Haqverdiyevdir. XIX əsrin sonlarında ədəbiyyata gələn Əbdürrəhim bəy Haqverdiyev dramaturq, nasir, pedaqoq, publisist, tərcüməçi kimi tanınmış, Azərbaycanın mədəni həyatında ictimai xadim kimi mühüm rol oynamışdır.

Əbdürrəhim bəy Haqverdiyev 1870-ci il mayın 17-də Şuşa şəhəri yaxınlığındakı Ağbulaq kəndində bəy ailəsində anadan olmuşdur. İlk ibtidai təhsilini 1880-ci ildə Şuşada Yusif bəyin yay məktəbində, sonra isə Şuşa realni məktəbində alır. Ə.Haqverdiyev 1890-cı ildə Şuşa realni məktəbinin 6-cı sinfini bitirib Tiflis realni məktəbində təhsilini davam etdirir. Hələ Şuşada oxuduğu illərdə teatrla ilk tanışlıq Əbdürrəhim bəyin hədsiz marağına səbəb olmuş, Tiflis həyatı isə bu marağı daha da artırmışdır. O, burada rus və Avropa klassiklərinin yaradıcılıqları ilə tanış olur, mütəmadi olaraq teatr tamaşalarında iştirak edir. 1891-ci ildə Tiflis realni məktəbini bitirib Peterburq Yol Mühəndisləri İnstitutuna daxil olur. İnstitutda təhsil aldığı dövrdə tələbə sifəti ilə Şərq fakültəsində dinləyici kimi dil və ədəbiyyat problemləri ilə məşğul olur. O, dramaturji fəaliyyətə də həmin dövrdən başlayır. Təhsilini başa vurduqdan sonra Azərbaycana qayıdan ədib müəllim kimi fəaliyyətə başlayır, eyni zamanda teatr üçün repertuar hazırlayır, rejissorluq edir. “Molla Nəsrəddin” jurnalı nəşrə başladıqdan sonra “Ceyranəli”, “Xortdan”, “Lağlağı”, “Həkimi-nuni-səğir”, “Süpürgəsaqqal”, “Mozalan” və başqa imzalarla jurnalda hekayə, felyeton və publisist məqalələrini çap etdirir. Əbdürrəhim bəy Haqverdiyev 1921-1931-ci illərdə Azərbaycan Dövlət Universitetində ədəbiyyatdan mühazirələr oxuyur, kadr hazırlığında, gənc mütəxəssislərin yetişməsində fəal iştirak edir.

Əbdürrəhim bəy Haqverdiyev 1933-cü ildə Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.

Ə.Haqverdiyev yaradıcılığa dram əsəri yazmaqla başlamışdır.1

XIX əsrin sonları, XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatında realist hekayə janrının inkişafında Ə.Haqverdiyevin xüsusi xidmətləri olmuşdur. “Molla Nəsrəddin” mətbu orqanının nəşri ədibin yaradıcılığında hekayə janrına maraq göstərməsinə səbəb olmuş, jurnalın üslubuna uyğun olaraq yazıçı birbirindən maraqlı realist hekayələr yazmışdır. Yazıçının dramaturgiyasında olduğu kimi hekayələrində də realizm güclüdür. Xüsusilə müsəlman həyatı, köhnəliklə yeniliyin qarşılaşması, cəhalət, nadanlıq, geriliyə kəskin tənqidi münasibət bəsləmişdir. Kamil hekayə ustası olan Ə.Haqverdiyev ən adi hadisəni, əhvalatı geniş süjetə çevirməyi bacaran sənətkardır. Bu cəhətdən ədibin topluda yer alan “Bomba”, “Şeyx Şəban”, “Söhbət”, “Müsibət” əsərləri maraqlı nümunələr sırasındadır. Kiçik hadisəni böyük süjetə çevirən ədib yalnız təsvir və təfərrüat genişliyinə deyil, hadisənin ictimai səbəblərini canlandırmaqla oxucunu düşündürməyə çalışır. Mənəvi-əxlaqi, tərbiyəvi mahiyyət daşıyan problemlər öyüd və nəsihətlə, didaktika yolu ilə təlqin edilmir, həyat faktına əsaslanır, müəyyən bir hadisənin, gerçəkliyin fonunda verilir. “Ata və oğul” hekayəsi bu cəhətdən topluda yer alan maraqlı nümunələrdəndir. Atasının oğlu Əkbərə vəsiyyəti nəsihət xarakteri daşıyır. Həyatın çətin sınaqlarından çıxmış, ömrünü zəhmətlə yaşayan, 15 yaşında atadan yetim qalıb ailənin bütün ağırlığını, ana və bacısını dolandırmaq məsuliyyətini daşıyan Ağa Hüseynin həyatı dünyayla vidalaşdığı zaman onun gözünün qarşısından kino lenti kimi keçir. Son nəfəsində oğluna vəsiyyət edən atanın sözləri hər bir gənci doğru, düzgün yaşamağa istiqamətləndirən nəsihətamiz sözlərdir. Ağa Hüseyn oğluna onu boya-başa çatdıran anasına dayaq durmağı, illərlə qarşısında nökərçilik edən Kərbəlayı Qulaməlidən muğayat olmağı tövsiyə etdikdən sonra bir neçə nəsihətini dilə gətirir. “Əvvəla, bala, bu gündən ömrünün axırınadək sən bunu heç xəyalından çıxartma ki, müsəlmansan. …Oğul, cavansan, cavanlığın səhv və xatası olar, çalış, xata etmə. Əgər, xudanəkərdə2, səndən bir səhv baş versə, tövbə elə, həmişə səy elə, heç kəsə sənin nə dilindən, nə əlindən və nə əməlindən ziyan dəyməsin. Bacar, dünyada hamıya yaxşılıq elə, kömək istəyən və sənin pənahına qaçanı heç naümid qaytarma, çünki acizə, mərizə3, yoxsula kömək eləmək yaxşı sifətlərin biridir.

Oğul! Mən sənə çox dövlət və mülk qoyub gedirəm və bu dövlətin binası mənim savadım olub. Ona görə, bala, övladın olsa, bitərbiyə qoyma və elm axtaran fəqir uşaqlarına həmişə kömək elə. Çünki onlar oxuyub adam olsalar, sən onlara baxdıqca həmişə şad olub və bu şadlıqdan bir ayrı cür ləzzət aparacaqsan.

Yaman yoldaşdan, oğul, həmişə uzaq qaç. Çünki yaman yoldaş səbəbinə insan min bəlaya düçar olar, abrusu4 əlindən gedər, xalq arasında bədnam olar. Yenə deyirəm, aman yoldaş əlindən!”. Lakin atanın nəsihətlərinə sona qədər əməl etməyən, dostu Rüstəmin Xəlili yolundan azdırması onun və ailəsinin faciəsi ilə sonuclanır.

Yığcamlıq, təsvir və surətlərin təbiiliyi, obrazı konkret cizgilərlə canlandırmaq, dilin oynaqlığı və lakoniklik Ə.Haqverdiyev hekayələrinin əsas xüsusiyyətlərindəndir. Ədibin hekayə dili, obrazı təsvir üsulu dolğun və hərtərəflidir. Bütün əsərlərində obrazı təsvir üsulunda bu dolğunluğu görmək mümkündür. Hər bir qəhrəmanın özünəməxsus geyimi və geyiminə uyğun da hərəkətləri, fərdi keyfiyyətləri var. “Cavad ucaboylu, başı, saqqalı ağarmış göyçək simalı bir kişi idi. Qocalığına baxmayaraq, cavanlığında geydiyi libasının tərzini dəyişməzdi. İpək arxalıq, mahud çuxa, boz və qiymətli Buxara dərisindən papaq, şevro5 çəkmə, belində qızıl kəmər, döşündə çarpaz asılmış qızıl saat zənciri… Onun libası həmişə bu idi”. (Qoca tarzən).

Satirik-realist gülüş Ə.Haqverdiyevin hekayələrinin çoxunda müəllif ideyasını, hadisəyə münasibətini reallaşdıran əsas tənqid üsulu idi. Ədibin “Mirzə Səfər” hekayəsində düzgünlüyün, dürüstlüyün qarşılaşdığı maneə və çətinliklər, cəmiyyətdəki nöqsanlar, xüsusilə milli mentalitetdə olan məqamlar satirik-realist gülüş hədəfinə çevrilir.

“Bomba” kitabına ədibin məktəblilər üçün seçilmiş hekayələri daxil edilib. Tariximizin müəyyən bir dövrünün əksi olan bu əsərlər realist ədəbiyyatımızın inkişafında xüsusi bir mərhələni təşkil edir.

Günay Qarayeva
filologiya üzrə fəlsəfə doktoru, dosent

HEKAYƏLƏR

AYIN ŞAHİDLİYİ

 
Ey gahi qədim kimi xəmidə6,
Gahi pür7 olan misali-didə.
 
Füzuli

Yay fəsli təzə daxil olmuşdu. Şəhərin havasının qəlizliyindən, tozundan, zəhmətinin kəsrətindən8 bir qədər asudalaşmaq və yorulmuş bədəni köhnə halətinə gətirmək üçün kəndə rəvan oldum. Qəndablı kəndinin havası, ələlxüsus gecələri cümləyə məlumdur. Bu kəndin aydınlıq gecələri nə qələmlə və nə dillə vəsfə gələn deyil və məni kəndə çəkən ancaq onun gecələrinin səfası idi.

Gözəl gecələrin birində bir evin qabağında bir taxt qoyub bir tərəfində mən və bir tərəfində, imperator I Nikolayın əsrində xidmət etmiş əmim əyləşib istirahətə məşğul idik. Həqiqət nəsimin9 əsməyi, çəyirtkələrin qanadlarının sızıltısı və yaxın arxın qurbağalarının nəğmələri hamısı bir-birinə qarışıb, ruha sükunət verən qərib bir ahəngi-təbii əmələ gətirmişdilər. Düzlərdə əkilmiş taxıl nəsimin qabağında oyan-buyana yatıb dəryatək mövclənirdi10 və dolu sünbüllər məzlum-məzlum başlarını aşağı salıb, qətlinə fərman verilmiş müqəssirlərtək cəlladları olan biçinçilərə müntəzir idilər. Tək-tək boş sünbüllər başlarını yuxarı qalxızıb qürurla sairlərinə baxırdılar. Amma səhv edirdilər; onlar da cəllad əlindən qurtara bilməyəcəkdilər. Ancaq dolu baş, boş başdan artıq kəsiləcəkdi. Taxılın qurtardığı yerdə xırda çayın şırıltısı bilavasitə qulağa gəlirdi və çayın kənarında cərgə ilə boy atmış ərərləri11 guya sünbüllər üstündə qarovul qoymuşdular.

Kənd yatmışdı. Nə xoruzlardan, nə itlərdən və nə sair heyvandan bir səs çıxmırdı. Qəflətən kəndin ayağında bir xoruz banladı. O saat fikrimə gəldi ki, yəqin, sabah bu xoruzun bivaxt banlamağına görə başı cəllad əlində gedəcək: əlbəttə, bir yerdə ki camaat hamısı yuxuya məşğuldur, küy qalxızıb səs salanın başı gərək kəsilsin!

Bədirlənmiş ay qalxıb göyün bir qatında durub bu övzaya12 tamaşa edirdi. Qoca əmim birdən dizi üstə qalxıb, papağını gözlərinin üstünə endirdi. O saat bildim ki, keçmiş günləri yadına düşüb, bir qəribə hekayət söyləyəcək. Əmim əvvəl bir dərin ah çəkib dedi:

– Dünyanın xilqətindən indiyədək bu gördüyümüz Ay Yerin ətrafına dolanır, neçə davalar, neçə min hadisələrə şahid olub, neçə min böyük şəxslər əsrini görüb; nə olardı, bunun dili olmasaydı! Axı nə gözəl söhbətlər edərdi! Şəhadət dedim, bir keyfiyyət yadıma düşdü, qulaq ver, nağıl edim:

Qırx il ya daha artıq bundan əqdəm13 mənim xidmət edən vaxtımda bir belə gözəl gecədə Səlman adlı bir şəxs bir qədər çit mal öz atına yükləyüb bu kənddən o biri kəndə ticarət üçün gedərkən yolu bir dərədən düşdü. Dərənin ortasında bir müsəlləh14 şəxs Səlmanın qabağını kəsib buyurdu, atdan düşsün. Binəva15 Səlman ayaqları titrəyə-titrəyə atdan aşağı endi. Quldur onun atını yükü ilə əlindən alıb dedi: “İndi özün də vaxtına hazır ol, çünki axır nəfəsin gərək burada çata. Mən səni buradan salamat buraxmayacağam. Çünki kənd yaxındır, gedib xəbər edərsən, dalımca gəlib mənim tutarlar”.



Səlmanın bədəninə lərzə düşdü, dedi: “Ey şəxs! Hər kimsən, mən səni tanımıram, amma görürəm, müsəlmansan, müsəlmanda nə qədər olsa, bir mərdanə sifət olar. Mən əlsiz-ayaqsız çərçinin16 taqsırı nədir ki, öldürmək istəyirsən? Olan malımı əlimdən aldın, məgər mənim canımdan da sən bir fayda götürəcəksən? Səni and verirəm bizi yaradan bir Allaha, sən gəl mənim canıma qəsd etmə, mən yazıq kişiyəm. Yeddi nəfər balaca uşaqların atasıyam, altı aydır, arvadım ölüb, mən o uşaqlara həm atalıq, həm analıq edirəm, əgər mən də ölsəm, bil ki, uşaqlar hamısı acından qırılasıdırlar. Sən gəl Allah xatirəsi üçün mənim balaca yetimlərimi atasız qoyma. Rəhm, insan ürəyində gözəl sifətdir: sənin mənim balalarıma rəhmin gəlsə, xudavəndi-aləm də səni yaddan çıxartmaz və mən də and içirəm ki, bu malın hamısını sənə halal edim və heç bir yerdə də danışmayım”.

Quldura Səlmanın sözləri əsər etmədi. Dedi: “Kişi, nahaq yerə yetim-filan ortaya gətirmə, mənim sözüm sözdür, vaxtına hazır ol!”

Səlman dedi: “Belə olan surətdə izin ver, iki rükət namaz qılım, ondan sonra səni tapşırım öz insafına”. Quldur cavab verdi ki: “Namaza mane deyiləm, ancaq tez qurtar, gedəcəyəm”.

Səlman iki rükət namaz qılıb sonra əllərini qaziyülhacat17 dərgahına qalxızıb dedi: “Xudaya, mənim bu nahaq qanımı yerdə qoyma, pərvərdigara, mənim bir kəsim yoxdur, sən özün mənim yetim balalarıma pərəstar18 ol!” Sonra gözünü Aya döndərib dedi: “Ey dünyanı illərlə seyr edən Ay! Şahid ol ki, sənin gözünün qabağında bir fəqir əlsiz-ayaqsız sövdəgəri nahaq yerə öldürdülər. Güzarın bizim evə düşsə, öz işığını salginən mənim yetimlərimin üstünə və deyinən ki, yazıq balalar, atanız uzaq səfərə gedib, ona müntəzir19 olmayın. Gedin küçələrdə, qapılarda özünüzə gün ruzusu qazanın! Ey dağlar, daşlar, göllər, axan sular, əsən yellər, burada sizdən savayı bir kəs yoxdur, siz də şahid olun ki, bu yerdə dünya malından ötrü bir şəxsi öldürüb, onun yeddi balasını yetim qoydular”.

Sonra kəlmeyi-şəhadətini deyib üzün quldura tutub dedi: “Qardaş, imdi20 ixtiyar sahibisən, əgər məni öldürmək fikrindən daşınmayıbsan ki, bismillah, sözüm yoxdur, amma bil ki, mənim qanımı Allah yerdə qoymayacaq”.

Quldur heç bir söz deməyib, tüfəngini düzəldib Səlman kişinin ürəyindən bir güllə vurub onu qətlə yetirdi və sonra onun atını, çitini, libasını götürüb yola düşdü.

Sübh kənd əhalisi Səlmanın meyitini tapıb, bir ata yükləyib dəfn üçün kəndə apardılar. Səlmanın balaca yetimlərinin, ələlxüsus 10 yaşında bir qızının nalə və şivənini heç bir qələm yazmağa qadir deyil. Hər bir oxucu özü yeddi nəfər yetim qalmış xırda balaların halətini təsəvvürünə gətirə bilər.

Səlmanın ölümündən beş-altı ay keçmiş, onun cavan qardaşı Süleyman bir qan üstündə müttəhim olub dustaqxanaya salındı. Bu oğlan bisahib və qan tərəfi zorlu olmağına görə göstərilən şahidlər gedib divanda yalandan and içib qanı cavan Süleymanın boynunda qoydular. Bu binəvayə neçə il katorqa kəsildi.

Bir neçə vaxtdan sonra Süleyman mümkün tapıb dustaqxanadan qaçıb, quldurlar dəstəsinə qoşuldu və bu dəstənin də başçısı haman onun qardaşı Səlmanın qatili quldur idi. Süleyman öz qardaşının qatili ilə neçə müddət yoldaşlıq etdi.

İttifaqən bir gecə bu iki yoldaşın yolu haman Səlman ölən dərədən düşdü. Dərənin içində quldur çox ucadan güldü. Süleyman onun belə gülməyinin səbəbini soruşdu. Quldur cavab verdi ki: “Vallah, gülməyimə bir elə artıq səbəb yoxdur, ancaq bir keçmiş əhvalat yadıma düşdü, ona görə güldüm”. Süleyman təkidlə soruşandan sonra quldur cavab verdi ki: “Neçə il bundan əqdəm burada bir çərçi öldürdüm və o çərçi ölən vaxt Ayı, ulduzu, daşı, torpağı özünə şahid qayırdı. İndi yadıma düşüb, o çərçinin axmaqlığına gülürəm”.

Süleyman bu sözü eşidən kimi təəccüblə barmağını dişləyib dedi: “Bəli, dünyada belə qəribə işlər çox ittifaq düşər”.

Yoldaşlar dərədən çıxdılar düzə. Bir az keçəndən sonra Süleyman atının irəştini21 düzəltmək bəhanəsi ilə düşüb geridə qaldı və quldur getdi qabağa. Süleyman quldura bir az ara verib, tüfəngi düzəldib onu kürəyinin ortasından vurub, öz qardaşının qanını aldı…

Əmim nağılını qurtarıb dedi: “Bala, Allah heç nahaq qanı yerdə qoymaz və Ay, ulduz, daşlar, ağaclar Allahın hökmü ilə bu növ şəhadət edə bilərlər”.

Qocanın nağılı tamam oldu, amma onun əvvəl sualı heç mənin başımdan çıxmadı. Öz ürəyimdə bir ucdan bu sualı verirdim: “Nə üçün bu göydəki Ay danışmır? Nə üçün onun dili yoxdur? Ah… Nə olaydı, bu Ay mənimlə bir az söhbət edə idi!” Bu xəyalla məni yuxu tutub yatdım.

Gecə röyada gördüm: Ay yerindən hərəkət edib mənə tərəf enir, dedim: “Məramıma çatdım, yəqin, mənimlə söhbət edəcəkdir”. Həqiqət, Ay gəlib bərabərimdə durub dedi: “Doğrudur, mən dünyanın xilqətindən yerin ətrafına dolanıram. Mən Həzrət Adəmin Həvva ilə bərabər behiştdən ixrac olunmaqlarını görmüşəm, mən Həzrət Musanın Turda minacatlarını eşitmişəm, mən Həzrət Yusifin quyu dibində üstünə işıq salmışam və Həzrət Yəqubun gecələr naləsini və “oğul, vay” sədasını eşitmişəm. Mənim şəfəqim Misir fironlarının, Roma qeysərlərinin, Kəyaniyan və Sasaniyan şahənşahlarının, Bəni22– Ümməyyə, Bəni-Əbbasiyyə xüləfasının23 qəsrlərinə, turan və türk xalqlarının qəsrlərinə düşübdür. Mən İslamın tərəqqi və tənəzzülünün şahidi olmuşam. Mən o gecənin şahidiyəm ki, peyğəmbər axirəzzaman bir neçə nəfər əshabı24 ilə Məkkənin kənarında bir dağın başında durub deyirdi: “Mənim yoldaşlarım, mənim əzizlərim, Məkkə əhli bizə dünyanı təng edib25, bunlar bizi öldürüb, dini-mübini26 yox edəcək. Məsləhət budur ki, burada bölünüb iki dəstə olaq, yarımız Həbəşə tərəf, yarımız Yəsribə tərəf getsin. Əgər dəstənin biri tələf olsa, bəlkə, o birisi salamat gedib, bir yana çıxıb dini-islamı nəşr edə. Və mən o gecənin şahidiyəm ki, meydani-Kərbəlada peyğəmbər övladı, sübhədək ənvari-qüdsiyyə27 içində, din yolunda şəhadətə hazırlanırdılar… İslamın yolunda mən neçə davalar, neçə cahadlar görmüşəm, odur ki, müsəlmanlar məni özlərinə bir əlaməti-məxsusə ittixaz28 etmişlər. Amma indi bu millətin əhvalına nəzər etdikcə deyirəm ki, lal olub danışmamaq məsləhətdir. Mənim üzümdə siz bir qara görüb onu ləkə hesab edirsiniz. Xeyr, o, qara ləkə deyil, bəlkə, mənim ahımın tüstüsüdür ki, əqvami29-islamiyyənin hər cəhətdən cəmi millətdən geri qalmağını görüb ciyərimdən çıxardıram!..”

Bu halda xoruzlar banlayıb məni yuxudan oyatdılar. Baxdım, gördüm, sübhə az qalıb və Ay da məğrib30 tərəfə yaxınlaşıb, batmağa hazırlaşır. Yuxudan ayılmağıma artıq heyif edib dedim: “Nə olardı, bir həftə yuxu yatıb Ayla söhbət edib eşitdiyimi camaata bəyan edəydim”.

Ax, nə gözəl olardı, bu Ay danışsaydı!..

ATA VƏ OĞUL

I

Hacı Xəlil, müsinn31 şəxs, 85 il dünyada ömür edəndən sonra xudavəndi-aləmin əmrini yerinə yetirməkdə idi. Bir böyük otağın ortasında hacını üzü qibləyə uzadıb, başının üstündə molla tilavəti32 Quran etməyə məşğul idi. Sağ tərəfdən hacının övrəti əyləşib, əlində dəsmal, həzin-həzin hacı ilə keçirdiyi günləri yada salıb ağlayırdı. Sol tərəfdə hacının cavan oğlu kürsü üstündə oturub bikef gözlərini bir nöqtəyə dikmişdi və tək-tək ahi-sərd33 ürəyindən çəkirdi. Hacının qədim nökəri Kərbəlayı Qulaməli iranlı, qapının ağzında ayaq üstündə durub gözlərinin yaşını abi-nisan34 kimi ağ saqqalından axıdırdı. Heç kəs bir söz danışmırdı, hamının gözü hacının üzündə idi.

Hacı Xəlili böht35 aparmışdı və bu böhtün içində onun keçən günləri bir-bir gəlib gözünün qabağından ötürdü. Budur, balaca Xəlil 8 yaşındadır. Atası qovurmaçı Səlim öz övrətinə deyir: “Övrət, bu uşağın məktəbə getmək vaxtıdır, mənim sənətim də bir elə sənət deyil ki, aparım, bu yazığa da öyrədim. Meydanın ortasında baharın yağışı, qışın qarı başıma yağa-yağa, yayın istisi bir yandan və ocağın istisi o biri tərəfdən məni yandıra-yandıra mən çörək qazanıram. Bunlar hamısı mənim bisavadlığımdandır. Heç olmasa bu uşağı oxudaq, bəlkə, savadı cəhətinə asan çörək qazanıb bizə rəhmət oxuya”. Xəlilin anası ərinin sözlərini bəyənib, durub bir qazan su qızdırıb Xəlilin başını yudu, birçəklərini daradı, çiyninə heybə salıb içinə para çörək qoydu, atasına qoşub “oğul, Allah özü sənə yar olsun” deyib məktəbə yola saldı.

Hacının mollası və yoldaşları bir-bir onun gözünün qabağından keçirdilər. Budur, Mirzə Nəsib iranlı qoca kişi yuxarı başdan əyləşib, qabağında bir dəstə çubuq, gözlərində eynək, uşaqlara məşq başı yazmağa məşğuldur və uşaqlar divarın dibində cərgə ilə düzülüb oturublar.

Kimisi dərs oxuyur, kimisi falaqqadan təzə çıxmış ayaqlarını ovuşdurub ağlayır və kimisi yoldaşlarının papaqlarından yun qopardıb manqala salır ki, bəlkə, gün çıxa. Amma Xəlil özü bir küncdə əyləşib, əlində çərəkəsi36, diqqəti tamamilə dərsini əzbərləməkdədir. Ələlxüsus yadına gəlir Quran çıxdığı gün ki, atası ona bir dəst təzə libas tikdirib dedi: “Bala, Allahdan arzu edirdim, sənin qazancından bir çörək yeyib ondan sonra öləydim”. Atasının bu sözləri Xəlilin ürəyində bir nisgil olub, ölənədək qalmışdı: çünki atası onun qazancını görməyib, onu bir balaca bacı ilə ana əlində yetim qoyub Allahın rəhmətinə getdi.

Biçarə Xəlil 15 yaşında yetim qalıb, bir xırda savadla məktəbi tərk edib anasına və bacısına çörək qazanmaq fikrinə düşdü.

Xəlilin atasından bir balaca, iki otaqdan ibarət ev və 22 manat kağız pul qalmışdı. Bir neçə gün binəva uşaq çalışıb vuruşdu, amma heç yerdə özünə qulluq tapa bilmədi, axır anası görüb ki, kişidən qalan pulun çox yarısı xərclənib və halət bu günə keçsə, pulun qalanı da qurtarsa, elə acından öləsidir. Bir gün, cümə günü bir cüt mərdanə corab bazardan alıb, oğlunu yanına salıb getdi Mirzə Nəsibin evinə. Yazıq övrət Mirzə Nəsibin övrətinin yanına gəlib bu sözləri dedi: “Xanım, bu uşaq axundun dəstpərvərdəsidir37. Neçə il buna dərs verib, savad sahibi eləyib, indi də axundun özünə məlumdur ki, bunun atası ölüb, heç bir şey də özündən sonra qoymayıb. Bir külfət gözünü dikib bir balaca yetimə. Bu bir cüt corabı qoy axundun qabağına, mənim dilimcə ona yalvar, degilən, Allah xatirinə indiyədək bu uşağa ata olub, indi buna rəhm edib bunu bir yerə nökərçiliyə də olsa, versin ki, bəlkə, ayda beş-altı manat məvacib alıb onunla özünü və yetim bacısını saxlasın”.

Anasının bu sözləri heç Hacı Xəlilin yadından çıxmazdı, tez-tez bu sözləri övrətinə və aşnalarına deyərdi və həmişə də Mirzə Nəsibə rəhmət oxuyardı və deyərdi ki: “Mənim bir parça çörəyimin səbəbi o mərhum olub”.

Mirzə Nəsib Xəlilin anasının danışığını o biri otaqdan eşidirdi, qoca mirzəyə övrətin sözləri o qədər təsir etdi ki, gözündən biixtiyar yaş cari oldu. Hövlnak yerindən qalxıb övrətin otağına keçdi. Xəlilin anası üzünü örtüb küncə girdi və Xəlil də əlini döşünə qoyub, mollasına təzim edib ədəblə durdu. Mirzə Nəsib corabı qəbul etməyib, Xəlilin anasını xatircəm edib yola saldı və Xəlili özü ilə götürüb öz dostu Ağa Hüseyn xüşkbarfüruşun38 yanına apardı.

Ağa Hüseyn bir dövlətmənd39 şəxs idi. İranla böyük xüşkəbər40 alış-verişi edirdi. Amma bisavad olmağına görə həmişə bir yazı bilən adama möhtac idi. Mirzə Nəsib o qədri ki bacarırdı, Xəlili Ağa Hüseynə tərif edib təvəqqe etdi ki, onu öz yanında saxlasın. Ağa Hüseyn öz dostunun təvəqqeyini qəbul edib ayda 6 manat məvacibə Xəlili dükanda qulluq etməyə qəbul etdi. Hətta ona çörək və ildə də bir libas verməyi həm boynuna götürdü.

Xəlil şadlığından bilmədi ki, nə tövr gəldi, evə çıxdı. İndi balaca uşaq özünü kişi və külfət sahibi hiss edirdi və bu hiss onun üçün bir mayeyi-iftixar olmuşdu. 6 manat o vədə böyük pul idi: ətin 5 girvənkəsi 1 abbasıya41, yağın pudunu 3 manata verirdilər və Hacı Xəlilin yadındadır ki, 6 manatla onun anası və bacısı mürəffəülhal dolanırdılar.

Xəlil başladı Ağa Hüseynə qulluq etməyə və əvvəl gündən ixlas42, çapıqlıq və doğruluq göstərdi və bunun bu sifətləri Ağa Hüseynin məhəbbətini günü-gündən ona artırdı. Hər bir vaxt Mirzə Nəsibi görəndə Ağa Hüseyn rizaməndlik43 edib deyirdi ki: “Mən 50 ildir, alış-veriş edirəm, bu cür qoçaq oğlan görməmişəm”.

Bir il qulluq edəndən sonra Ağa Hüseyn Xəlilin məvacibini 10 manat etdi. Xəlil ağasının qulluğa qədr və qiymət qoymağını görüb, bir az da ixlas və iradətini ona artırdı.

Dörd il bu növlə Xəlil Ağa Hüseynə qulluq etdi və bu dörd ilin müddətində məvacibi 30 manata yetişmişdi. Bu məvacibə Xəlil nəinki ağayana dolanırdı, hətta bir-iki yüz manatadək də pul cəm edib Ağa Hüseynə tapşırığa vermişdi və Ağa Hüseyn hər mal alanda Xəlilin puluna əlahiddə mal alıb-satıb mənfəətini onun pulunun üstünə qoyurdu.

Bir gün Xəlil anasına xəbər gətirdi ki, bəs Ağa Hüseyn istəyir, bunu özü ilə İran səfərinə aparsın və iki gündən sonra yola düşəsidirlər. Bu xəbər anasına və bacısına nə tövr təsir elədi, heç Hacı Xəlilin yadından çıxmaz idi. İki gün balasını gözündən qoymayan ana və qardaşından ayrılmaq istəməyən bacı xəlvətdə ağlayırdılar, amma Xəlilin yanında toxtaqlıq göstərib ona tədarük görürdülər.

Səfər günü Xəlil əmisi kəlləpəz44 İmanı gətirib evlərində həyan qoyub anası və bacısı ilə ağlaya-ağlaya vida etdi. Biçarə övrət Quran götürüb əziz oğlunu Quranın altından keçirib, dalınca bir qab su atıb ağlaya-ağlaya mənzilə qayıtdı.

Xəlil Ağa Hüseynlə bahəm varid oldular İran torpağına. Ağa Hüseyn cəmi xüşkbər mərkəzlərini və alış-veriş yollarını ona göstərdi və axırda üzün ona tutub dedi:

– Bala, mən səni buraya özüm üçün kömək gətirmişəm. Mən, budur, neçə ildir, İrana səfər edirəm. Heç bir səfərdə köməyə ehtiyacım olmayıb, ancaq çünki sən həmişə qulluqçuluq etməyib axırda özün üçün bir alış-veriş etmək fikrinə düşəcəksən, ona görə mən istəyirəm ki, ticarətin hər bir yolunu və qaidəsini sənə öyrədim.

Xəlil Ağa Hüseynin bu sözlərinə bilmədi nə tövr rizaməndlik etsin. İrana əvvəl viruddan Xəlilin zəkavəti, çapıqlığı, ayıqlığı Ağa Hüseyni təəccübə gətirdi. Ağa Hüseyn öz dəstpərvərdəsinin bu qabiliyyətini görüb, artıq xoşhal olub fəxr edirdi.

Lazım olan qədər xüşkəbər alıb, ulaqlara yükləyib yola saldılar. Xəlil Ağa Hüseyndən soruşdu ki:

“Nə üçün ulaqları kirayəsinə tutursan?”

Ağa Hüseyn soruşdu ki, bəs necə olsun? Dedi:

– Yaxşı olar ki, ulaqları da pulla alaq, tainki vətəndə həm xüşkəbəri, həm də ulaqları qazancına sataq.

Ağa Hüseyn Xəlilin bu sözlərini eşidib, bir az böhtə gedib dedi:

– Bala, bu maddə ki səndə var, inşallah, gələcəkdə çox böyük sövdəgər olarsan. Gələn il dəxi mən gəlməyib səni İrana tək alış-verişə göndərəcəyəm.

O il Ağa Hüseyn çox böyük nəf45 elədi və bu nəfi də Xəlilin ayağının sayəsindən hesab edirdi.

İkinci il Ağa Hüseyn Xəlilin əlinə böyük məbləğ verib, tək İrana göndərdi və bu səfərdə Xəlil yenə artıq diqqət və qabiliyyət göstərib, güclü mal alıb qayıtdı və o il Ağa Hüseynin nəfi keçən ildən artıq oldu. Xəlilin bu zəhmətinə görə Ağa Hüseyn o ilin mənfəətinin yarısını ona bağışladı. Bu ildən də sonra yenə Xəlil üç dəfə İran səfərinə gedib, hər dəfə baqaidə xeyir edib qayıtdı.

Bir gün Ağa Hüseyn Xəlili çağırıb dedi:

– Oğul, budur, neçə ildir, mənim yanımda qulluq edirsən və mən də bu müddətdə sənin mənə aybaay verdiyin pullarla sənin üçün alış-veriş etmişəm. Bu gecə hesaba baxıb görürəm ki, sənin məndə 8000 manata qədər pulun var. Bu pulla sən özün üçün məxsus bir alış-veriş aça bilərsən. Özün də qabil oğlansan; demək olar ki, anadan dünyaya tacir gəlibsən. Mənim borcumdur, sənə təklif edim, istəsən, mənim yanımda qalarsan, ya ayrı iş başlamaq xahiş edərsən.

Xəlil cavab verdi ki: “Əmi (axır vaxtlar Xəlil Ağa Hüseynin öz xahişinə görə ona “əmi” deyirdi), o yaxşılıq ki indiyə qədər mənim haqqımda edibsən, məni sənə həmişəlik qul edib və səndən ayrıla bilməyəcəyəm. Amma təvəqqe edirəm ki, məni özünə öz puluma görə şərik edəsən, ta yenə bir yerdə ticarət edək.

Ağa Hüseyn Xəlilin üzündən öpüb dedi:

– Oğlum, sən ki belə istiqamətli oğlansan, Allah sənin başından tökəcək.

Başqa adam 8000 adı eşitsə idi, o saat azıb yolundan çıxardı.

Haman il Xəlil bacısını ərə verib, özü də evlənmək fikrinə düşdü. Fikrini anasına izhar etdi və anası gedib Mirzə Nəsibin nəvəsini ona istəyib aldı (haman o qızı ki, bu saat Hacı Xəlilin yanında oturub ağlayır).

Mirzə Nəsib vəfat etmişdi və külfəti həmişə Ağa Hüseyndən və Xəlildən ianə alıb dolanırdı. Xəlilin toy xərcini Ağa Hüseyn öz öhdəsinə götürüb əlavə yaxşı peşkəşlər özünə və övrətinə verdi.

Bundan sonra 7 il Xəlil və Ağa Hüseyn bir yerdə alış-veriş etdilər. Səkkizinci il Ağa Hüseyn vəfat etdi və onun var-yoxu keçdi qardaşının əlinə, çünki Ağa Hüseynin özünün zürriyyəti46 yox idi.

Ağa Hüseynin vəfatından sonra Xəlil ayrılmaq istədi, hesab çəkdilər.

Xəlilin payına 72000 manat pul düşdü.

Bu gündən Xəlil həm ev və həm alış-veriş sahibi olub, özü üçün məxsus bir dükan açıb başladı İranla ticarəti. Bir neçə ildən sonra Xəlilin alış-verişi böyüdü və Xəlil İrandan başqa Buxara və İstanbulla əlaqə bağladı. 50 yaşına yetişəndə Məkkeyi-mükərrəməni ziyarət edib “Hacı” ləqəbi ilə müləqqəb47 oldu. Hacı Xəlil öz qabiliyyətinin, bacarığının və kəmalının səbəbinə şəhərdə, tacirlər arasında əvvəlinci şəxs hesab olurdu. Axirüləmr48 öləndə iki böyük evi və milyondan ziyada49 pulu var idi.

Hacının zikr olan günləri necə ki, ərz olundu, bir-bir gözünün qabağından keçirdi. Zamani ki, hacı öldüyünü hiss etdi, yerindən hövlnak gözün açıb, yastıqdan başını qovzayıb50 üzünü tutdu oğluna, dedi:

– Bala, Əkbər, yaxınıma gəl.

Əkbər kürsünün üstündən düşüb atasının yanında əyləşdi. Hacı Xəlil Əkbərin əlini əlinə alıb bir basdı ürəyinə, dedi:

– Oğul, mənim ömrümdə Allah mənə neçə oğul və qız verib, yenə məsləhət bilib əlimdən alıb. Mənim və bu yazıq ananın ümidi və gözünün axır dikəcəyi dünyada sən olubsan. Yüz zəhmətlə səni mən bu boya yetirmişəm, lazım olan tərbiyəti sənə vermişəm. Hərçənd işqoladan51 yarımçıq çıxıbsan, amma yenə heç olmasa sənin savadın və qabiliyyətin işqola qurtarmış adamların savadından və qabiliyyətindən az deyil idi. Bala, mənim ömrüm qurtarıb, ölürəm. Ona görə istəyirəm, sənə bir neçə vəsiyyət eləyim. Mənim vəsiyyətim qoca, dünyagörmüş və səni iki gözündən artıq istəyən ata vəsiyyətidir. Əgər əməl eləyəsən, ziyan çəkməzsən.

Əvvəl, bala, bu qoca anan ki, burada oturub, sənin çox zəhmətini çəkib, sənə süd verib, gündüzlər və gecələr gözlərini sənin gözlərinə dikib və rahat olmuyub, nə yatmayıb, səni dizlərinin üstə bəsləyib, sənin barəndə cəmi analıq haqqını yerinə yetirib. İndi də ömrü keçib, əldən düşüb, sən də onu axır günündə gözdən qoymayasan, həm mənim ruhum səndən razı olar, həm Allah. İkinci vəsiyyətim sənə budur: əgər yenə istəyəsən, mənim ruhum səndən razı olsun, bu qoca Kərbəlayı Qulaməlidən muğayat ol. Çünki onun ömrü bu qapıda nökərçilikdə keçib. Bu kərbəlayı yaxşı kişidir, Allah bəndəsi, doğru, dürüst adamdır. Hörmətəlayiq kişidir. Necə ki mən onu indiyə qədər saxlamışam, sən də onu elə saxla, Allah səndən razı olar.

Kərbəlayı Qulaməli hacının bu sözlərini eşidəndə uca sövt ilə hönkürüb bihal dizi üstə çökdü: “Ağa, Allah məni səndən sonra dünyada qoymasın”, – deyib qışqırtı ilə ağladı. Hacı əli ilə ona işarə edib guya “sakit ol” dedi və sonra yenə üzünü çöndərdi oğluna tərəf və söylədi: “Bala, mən 85 il dünyada ömr etmişəm. Bu tul52 ömrümdə çox vilayətlər gəzib cürbəcür adamlara rast gəlmişəm. Deyirlər: “Çox oxuyan çox bilməz, çox gəzən çox bilər”. Ona görə bir neçə nəsihət də sənə eləyəcəyəm. Amma dürüst qulaq açıb, dürüst də qulağında saxlayasan. Əvvəla, bala, bu gündən ömrünün axırınadək sən bunu heç xəyalından çıxartma ki, müsəlmansan. Quranın və peyğəmbərin şəriətinin hökmlərinə həmişə itaət elə və bilgilən ki, bu itaətin axirət ruyi-səfidliyindən53 səvay, dünya xoşbəxtliyi də səninlə olar və Allahın əli və kölgəsi heç vaxt sənin üstündən kəm olmaz. Oğul, cavansan, cavanlığın səhv və xatası olar, çalış, xata etmə. Əgər, xudanəkərdə, səndən bir səhv baş versə, tövbə elə, həmişə səy elə, heç kəsə sənin nə dilindən, nə əlindən və nə əməlindən ziyan dəyməsin. Bacar, dünyada hamıya yaxşılıq elə, kömək istəyən və sənin pənahına qaçanı heç naümid qaytarma, çünki acizə, mərizə, yoxsula kömək eləmək yaxşı sifətlərin biridir.

Oğul! Mən sənə çox dövlət və mülk qoyub gedirəm və bu dövlətin binası mənim savadım olub. Ona görə, bala, övladın olsa, bitərbiyə qoyma və elm axtaran fəqir uşaqlarına həmişə kömək elə. Çünki onlar oxuyub adam olsalar, sən onlara baxdıqca həmişə şad olub və bu şadlıqdan bir ayrı cür ləzzət aparacaqsan.

Yaman yoldaşdan, oğul, həmişə uzaq qaç. Çünki yaman yoldaş səbəbinə insan min bəlayə düçar olar, abrusu əlindən gedər, xalq arasında bədnam olar. Yenə deyirəm, aman yaman yoldaş əlindən!

Hacı Xəlilin səsi gəldikcə zəifləşirdi, axırda nəfəsi bilmərrə qət olub yavaş-yavaş dodaqları tərpənirdi. Yəqin, nəsihəti qurtarmamışdı, hərçənd səsi gəlmirdi, axır qalan nəfəsi ilə ürəyini boşaldırdı. Axırüləmr nəfti54 qurtarmış çıraqtək Hacı Xəlil söndü, əli boşalıb Əkbərin əli xilas oldu.

1.Bu barədə ətraflı məlumat üçün TEAS Press Nəşriyyat evinin “3 alma” əmtəə nişanı ilə nəşr etdiyi Əbdürrəhim bəy Haqverdiyevin “Ac həriflər” kitabını oxuya bilərsiniz.
2.Xudanəkərdə – Allah eləməsin! Uzaq olsun!
3.Məriz – burada: xəstə
4.Abru – abır, həya, şərəf
5.Şevro – keçi dərisindən hazırlanan yumşaq, zərif dəri növü
6.Xəmidə – əyri, əyilmiş
7.Pür – dolu, çoxlu
8.Kəsrət – çoxluq
9.Nəsim – xəfif külək, yel, meh
10.Mövclənmək – dalğalanmaq, ləpələnmək
11.Ərər – ardıc ağacı
12.Övza – vəziyyətlər
13.Əqdəm – daha əvvəl, lap qabaq
14.Müsəlləh – silahlı, silahlanmış
15.Binəva – yazıq
16.Çərçi – keçmişdə gəzərək xırda alver edən adam, gəzərgi alverçi
17.Qaziyülhacat – hər kəsin ehtiyaclarını yerinə yetirən, yəni Allah
18.Pərəstar – kömək
19.Müntəzir – gözləyən; ümid bəsləyən
20.İmdi – indi
21.İrəşt – atın başına bağlanan nazik ip
22.Bəni – burada: nəsil, tayfa, sülalə
23.Xüləfa – xəlifələr
24.Əshab – burada: müsahiblər, həmsöhbətlər
25.Təng etmək – dar etmək
26.Mübin – burada: Quranın adlarından biri
27.Ənvari-qüdsiyyə – müqəddəs nurlar, müqəddəs işıqlar
28.İttixaz – götürmə, əxz etmə; qəbul etmək, dərk etmə
29.Əqvam – millət
30.Məğrib – qərb
31.Müsinn – qoca, qocalmış
32.Tilavət – Quranı avazla oxuma
33.Ahi-sərd – soyuq ah
34.Abi-nisan (abi-neysan) – aprel ayında yağan yağış, baharın ilk yağışı
35.Böht – heyrət, təəccüb
36.Çərəkə – keçmişdə mollaxanalarda ərəb əlifbasını öyrənmək üçün dərslik, əlifba kitabı
37.Dəstpərvərdə – burada: yetişdirmə
38.Xüşkbarfüruş – quru meyvə satan
39.Dövlətmənd – dövlətli, varlı
40.Xüşkəbər (xüşkbər) – quru meyvə
41.Abbası – dördşahılıq (iyirmiqəpiklik) metal pul
42.İxlas – burada: sədaqət
43.Rizaməndlik – razılıq
44.Kəlləpəz – kəlləpaça bişirən
45.Nəf – mənfəət, qazanc
46.Zürriyyət – nəsil, soy
47.Müləqqəb – adlandırılmaq
48.Axirüləmr – nəticədə, nəhayət
49.Ziyad – artıq
50.Qovzamaq – qaldırmaq
51.Rus dilindəki “шkoла” sözünün təhrif olunmuş forması, “məktəb” mənasındadır.
52.Tul – uzun
53.Ruyi-səfidlik – üzüağlıq
54.Nəft – neft
62 912,78 s`om

Janrlar va teglar

Yosh cheklamasi:
16+
Litresda chiqarilgan sana:
11 aprel 2023
Hajm:
11 Sahifa 19 illyustratsiayalar
ISBN:
978-9952-311-90-7
Mualliflik huquqi egasi:
TEAS PRESS

Ushbu kitob bilan o'qiladi