Kitobning davomiyligi 42 daqiqa
Qurbanəli bəy
Kitob haqida
Əsərdə Qurbanəli bəyin rus vəzifə adamlarına necə yaltaqlanmağı, onlara qul kimi boyun əyməsi əks etdirilir.
Xəbər çıxdı ki, bu gün naçalnik gəlir kəndə və sonra məlum oldu ki, pristavın arvadının ad qoyulan günüdür.
Kənddə şuriş düşdü. Kənd əhlindən bu gün çöl işinə gedən olmadı. Camaatın yarısı çıxmışdı kəndin kənarına və təpələrə dırmaşıb boylanırdılar ki, görsünlər gəlirmi naçalnik. Camaatın yarısı pristavın mənzilini əhatə edib durmuşdular. Qıraq kəndlərdən də camaat baxəbər olub yavaş-yavaş gəlirdilər.
Pristavın həyətinə adam əlindən girmək mümkün deyildi və katda, yasovul və qlava mirzələrindən savayı həyətə girmək heç kəsə izn verilmirdi.
Pristavın həyətində it yiyəsini tanımırdı. Səsdən və qiylü-qaldan qulaq tutulurdu: bir yanda quzular mələyirdi, bir yanda qıçları bağlı cücə və toyuqlar bağırırdılar, bir yanda qlavaların atları kişnəyirdilər. Bir tərəfdən pristavın qulaqları uzun tulaları gah qlavanm üstünə atılıb ""haff' eləyirdilər, gah katdanm üstünə tullanıb ""haff' eləyirdilər. Hərdən bir pristavın arvadı balkona çıxıb nazik səslə çığırırdı: «„tişe“»; yəni «„yavaş“». Və sonra genə girirdi içəri.
Pristavın aşpazları, bellərində ağ önlük hərdənbir həyətə çıxıb qlavanın birinə deyirdi:
– Tez yarım girvənkə zəfəran tap.
Qlava «„baş üstə“» deyib, əvvəl bir başını salırdı aşağı, sonra mirzəsinə üzünü tutub buyururdu:
– Ada, Mirzə Həsən, durma tez şəhərə adam göndər, yarım girvənkə zəfəran gətirsin.
Bir az keçirdi, bir ayrı aşpaz əlində katlet bıçağı qlavanın birinə üzünü tutub buyururdu:
– Qlava, dörd-beş yüz yumurta lazımdır.
Qlava sevincək əlini uzadırdı həyətdəki səbətlərə və cavab verirdi:
– Nə danışırsan? Burada mindən artıq yumurta var.
Birdən qaçaqaç düşdü; dedilər «„naçalnik gəlir“». Qlavalar çıxdılar qapıya, xanım çıxdı balkona, tulalar hücum çəkdilər adamların üstünə və bir qədər keçdi guya qurbağanın gölünə daş atdılar; çünki bu gələn naçalnik deyilmiş, özgə mahalın pristavı imiş. Pristav atdan yenib girdi həyətə və balkona çıxıb xanıma rusca bir neçə söz deyib özü də güldü və xanımı da güldürdü. Və sonra hər ikisi girdi içəri.