Kitobni o'qish: «Leyli və Məcnun», sahifa 6

Shrift:

Amiri ayağa qalxmaq istəyəndə başı qazmanın tavanına dəydiyindən yenidən çömbəlib oturdu. Fikrə gedib pıçıldadı:

– İbn Salam ölüb.

Dustaqlar qulaqlarına inanmadılar, sanki İbn Salam ölümsüzmüş kimi elə çaxnaşdılar ki, az qaldılar torpaq qazmanı başlarına uçursunlar. Dalbadal suallar yağdırmağa başladılar:

– Niyə öldü?

– Doğrudan öldü?

– Özü öldü, yoxsa öldürdülər?…

Amiri cavab verməzdən əvvəl bir xeyli onlara baxdı:

– İndi bunun nə əhəmiyyəti var ki? Niyə ölüb, nədən ölüb? Siz öz halınıza yanın. Bəyəm siz ölməmisiz, buranın qəbirdən fərqi nədir? Ora da torpaq, bura da torpaq. İndi siz burdan qurtulmağı düşünün, ay bədbəxtlər.

Sanki qurbağa gölünə daş atdılar. İbn Salam mövzusuna daha qayıtmadılar.

Zeyd tir-tir əsirdi. Yumruğunu tez-tez düyünləyib-açır, dodağını gəmirib ah çəkirdi. Amiri onu sakitləşdirməyə çalışdı:

– Hamınızı qurtaracam burdan. Səhəri aça bilsək, burdan qurtularıq.

Səhər qazmanın qurumuş ağaclardan olan qapısı cırıltıyla açıldı. İçəriyə sızan sısqa işıq sübhə işarə idi. İbn Salamın adamları iməkləyib qazmadan çıxdılar. Səssiz-səmirsiz ağaclara yaxınlaşıb dodaqlarını yapışdırdılar.

Amiri maraq və təəccüblə onları izləyib, gələn dərvişdən burda daha nə qədər qalacaqlarını soruşdu. Dərviş onu süzüb, başı ilə irəlini işarə etdi:

– Atlarınız irəlidə ağaca bağlanıb. Gedin, bir daha da buralarda görünməyin.

Amiri meşə dərvişinə təzim etdi. Zeyd də təkrarlamaq istəyəndə dərviş tez dilləndi:

– Mənə yox, ağaclara təzim edin. Onlar müqəddəsdir, rəbbimizin ən sadiq qullarıdır.

Amiri marağını cilovlaya bilmədi:

– Bu bədbəxtlərə niyə ağacları, gülləri, otları öpdürürsünüz?

– Biz artıq bura gələnləri tanıyırıq. Bəyəm onlar öz zalım ağalarının ətəyini hər gün öpmürdülər? O boyda Allahı qoyub, etdikləri günahlara görə bütlərinin daşını, torpağını öpmürlər? – dərviş əlini yanında durduğu ağaca sürtüb, ən yuxarıdakı budaqlarına qədər süzəndən sonra əlavə etdi: – Sən bu qədər insan qolunun bir yerdə Allaha uzandığını görmüsən? Amma bax, bunlar hamısı torpağın qollarıdır. Torpaq onları daim göylərə tuşlayıb dua edir, qoynunu belə sərin, yamyaşıl, rəngarəng tutan Allaha.

Amiri nə deyəcəyini bilmirdi. Dərviş sözlərində haqlı idi, amma cəza üsulları da, hər halda, ona qəribə gəlirdi. Hələ də dizi üstə ağacları öpən adamları göstərib dedi:

– Siz ki Allahın dərvişlərisiniz, bəs, bunları burda saxlayıb cəzalandırmaq da günah deyil?

– Biz onlara cəza vermirik ki. Əksinə, yaxşılıq edirik. Onlar o qədər günahlar işləyiblər ki, indi ağacları öpdükcə təmizlənirlər, günahları yuyulur. Sonda günahlardan tamamilə arınıb ya bizim kimi dərviş olacaqlar, ya da ki qul olmağa davam edəcəklər. Onlar təbiəti sevməli, Allahın yaratdıqlarının qədrini bilməlidirlər. Bir gün onların tamamən təmizləndiklərini görüb, meşə də onları sevib qoruyacaq…

Səlim Amiri nə deyəcəyini bilmirdi. Ah çəkib “hə, təki qorusun, biz mələk kimi övladımızı qoruya bilmədik. Allah onu gec verdi, gözəl verdi, amma ağlını aldı, – dedi, – axtarıb tapaq, onu evinə aparaq, bu bəladan qurtulaq”.

Dərviş “olmaya, bu bizim mələyimizi axtarır, ona xələl yetirmək istəyir” deyə düşünüb “Bu iblisləri tez qazmaya salın!” bağırdı.

***

Ceyran balası kolların arasında ilişib qalmışdı. Ana ceyran nə qədər çalışsa da, balasını azad edə bilmədi. Ümid Qeysə idi. Ana ceyran özünü ona yetirib, başını əllərinə sürtdü. Geri çevrilib meşəyə tərəf qaçır, ayaq saxlayaraq yenidən dönüb baxırdı. Qeys onu anlayıb, Ana ceyranın arxasınca qaçdı.

Bala ceyran sıx kolların arasında çabalayıb əldən düşmüşdü. Qeys kolları aralayıb, onu xilas etdi, qucağına alıb, anasına yaxınlaşdırdı. Ana balasının üz-gözünü yalayıb toxtadı. Qeys qayıtmaq istəyəndə ağacların arxasından tanış səs eşitdi:

– Mən Səlim Amiriyəm. Bizim günahımız yoxdur. Buraxın bizi…

Qeys dayısının səsini eşidən kimi tanıdı, dərhal özünü qazmanın önünə çatdırıb, dərvişlərdən “O səsi gələn kim idi?” deyə soruşdu.

Meşə dərvişləri Qeysi görən kimi təzim etdilər. Onlardan biri qazmanın qapısını açdı. Səlim Amiri və Zeyd qazmadan çıxanda gözlərinə inanmadılar. Qarşılarında dayanmış uzun saçlı, əynində qurumuş kətan zoğlarından təmiz libas, bir yanında iri cüssəli bəbir, o biri yanında balalı ceyran olan adam Qeys idi.

Qeys onların Bəbirxana görə irəli gəlməyə ürək etmədiklərini anlayıb, özü yaxınlaşdı, sarılıb görüşdülər. Səlim Amiri bacısı oğlunu tər-təmiz kətan libasda, sağlam, gümrah görüb təəccüblənsə də, büruzə vermədi.

Qeys onları qoşa çinarın altına gətirib, oturmaları üçün yer göstərdi.

Səlim Amiri atına yaxınlaşıb Rüqəyyanın göndərdiyi bağlamanı götürdü, düyünlərini aça-aça:

– Anan yaxşı ət yeməkləri bişirib – dəvə qutabı, qovurma. Bir az ye, yəqin ki, ananın yeməkləri üçün darıxmısan? – dedi.

Qeys gülümsəyib, əlini Səlimin əlinə tərəf apardı, bağlamanı açmasına imkan vermədi:

– Dayı, əziyyət çəkmə, yəqin siz ac olarsınız, geri qayıdacaqsınız bir azdan, yolda yeyərsiniz.

Zeydin gözləri parladı. Yerində qurcalandı. Səlim bağlamanı yenidən açmağa çalışdı:

– Biz də yeyərik, düz deyirsən, acmışıq, amma sən də yeməsən, boğazımdan keçməz.

Qeys Zeydin necə udqunduğunu görüb “yaxşı, siz yeyin” dedi.

      Səlim bağlamanı süfrə kimi açıb yeməkləri düzdü, yeməyə başladılar. Qeys bir dəfə də olsun, əlini süfrəyə uzatmadı.

– Xoşuna gəlmir? Niyə yemirsən?

– Narahat olma, dayı, mən ac deyiləm. Ət də yemirəm, – deyə gülümsədi.

– Niyə, insan ət yemədən necə yaşaya bilər?

– Dayı, özün görürsən ki, yaşayır. Özü də çox gözəl yaşayır. Ətini yediyiniz bu dəvəni, Allah bilir, azı on il karvanda işlətdikdən sonra, artıq yeriyə bilmədiyini görüb kəsib yeyirsiniz. Bəlkə də, dişi dəvədir. Bu il yəqin doğmayıb. Qısır deyib kəsmisiniz. İnsan yediklərindən həzz almalıdır. Meşədə o qədər meyvə, şəfalı otlar varkən, məni ət yeməyə nə məcbur edir ki?!

Qeys elə aramla, üzündə təbəssümlə danışırdı ki, onun bu rahatlığı Zeydi də, dayısını da təəccübləndirirdi. Onlar qarşılarında belə bir mənzərə görəcəklərinə ümidli deyildilər.

Səlim istədi bacısı oğlundan soruşsun ki, evə qayıtmaq fikrin yoxdurmu? Amma anladı ki, mənasız suallardansa, sussa yaxşıdır. Ətrafa boylandı, nəzərlərini Zeydə çevirib, “yeməyini ye, gedək. Qeys olmasaydı, bütün günü ağacları öpəcəkdik” deyə güldü.

Amirinin gülüşünə Qeysin də təbəssümlə cavab verməsi Zeydi ürəkləndirdi:

– Bura cənnət kimidir, dərvişlər də sənə əmirləri qədər səcdə edirlər, – dedi.

Qeys eyni aram və təbəssümlə “Burda hər kəs taleyinin əmiridir” cavabını verdi.

Yola çıxmazdan əvvəl Amiri bacısı oğlundan ərkyana xahiş etdi:

– Bəlkə, dərvişlərə deyəsən, İbn Salamın adamlarını buraxsınlar.

Az sonra baş dərviş İbn Salamın adamlarına istəsələr, gedə biləcəklərini dedi:

– Meşə sizi bağışladı, təmizləndiniz. Qalıb bizə qoşula da bilərsiniz, gedə də bilərsiniz. Dustaqlar azad olduqlarına çox sevinsələr də, heç biri çıxıb getmək istəmədi, dərvişlərə qoşulmaq istədilər.

Getmək vaxtı olsa da, Amiri tələsmirdi. Zeyd olmasaydı, bəlkə də o da ibn Salamın adamları kimi burda, Qeysin yanında qalmağa üstünlük verərdi. Meşədən xeyli aralansalar da, ikisinin də fikri hələ orada qalmışdı. Amiri nə düşündüsə, qəhqəhə çəkdi:

– Guya Qeysi aparmağa gəlmişdik, amma az qalmışdı dərvişlər bizi o dünyaya aparsınlar. Gördün də, Qeysə padşah kimi baxırlar. Bəndovanda da yerindən duran deyir ki, Qeys dəlidir, Məcnundur…

Zeydin nitqi qurumuşdu. Bu gün şahid olduqları onu məyus etməkdən başqa bir işə yaramamışdı. “Qeys bəbir kimiydi. Belə getsə, məndən nə onun kimi Məcnun, nə də Nofəl kimi sərkərdə olar”.

Səlim Amirinin isə üzü gülürdü. Bacısı oğlu haqqında danışılanların heç biri onun gördüyü ilə üst-üstə düşmürdü. Səlim Qeysin öz halından məmnun, hüzurlu olduğunu, xoşbəxt yaşadığını gördü. İndi onu bircə sual maraqlandırırdı: “Yaxşı, bəs, görəsən, Leyli haqqında nə düşünür? Axı indi kimsə onların qovuşmasına mane olmayacaq. Bəs, niyə Leylinin dərdindən çöllərə düşən Qeys sevgilisinin heç adını da tutmur?”

XV fəsil

Ayişə Leyliyə Qeysin ortadan yox olduğunu deyəndə neçə gündən bəri “Qeys” deyib haray qoparan Leyli sevinmişdi. Düşünürdü ki, sevgilisi çinarların yanına gedib, hazırlığını görəcək, sonra gəlib onu da aparacaq. Əksini ağlına da gətirə bilmirdi. İndi Leyli əvvəlkindən də həyəcanlı idi. Gözü qapıdan, pəncərədən yığılmırdı. Fəttah bütün pəncərələrin arxasına taxta vurub bağlatdı. İndi o, Qeysin gəlməsindən yox, qızının pəncərədən qaçıb onun arxasınca gedəcəyindən qorxurdu.

Günlər keçir, Leyli gözü yolda, qulağı səsdə gözləyir, sevgilisi isə gəlmək bilmirdi ki, bilmirdi. Ümidləri azaldıqca Qeysi çağırıb “hardasan? niyə gəlmirsən?” soruşur, ruh əkizinin onu duyacağına inanırdı. Çağırışları, gözləntiləri işə yaramayanda Leyli o qədər ağlayırdı ki, heydən düşüb huşunu itirirdi.

Fəttah çarəsizlikdən nə edəcəyini bilmirdi. “Düşmənə tənə etdiyim öz başıma gəldi. Allahım, mən nə edəcəm?” Əl-Müləvvəhin yanına gedib üzrmü istəsin? Desin ki, qız əldən gedir, gəl bunları qovuşduraq, bir səhvdir etmişəm? Amma Müləvvəhi də bilmirdi, ona nə cavab verəcək. Bəlkə də, qapıdan qovacaqdı? Yox, Müləvvəhin yanına gedə bilməz…

Amma Zeyd vardı. O Zeyd ki, Ayişəyə qovuşmağına mane olmasın deyə hər şeyi Fəttaha xəbər verirdi. Ümidləndi. Zeydin ağzını aramaq lazımdır. Leylini ya göz görə-görə ölümün ixtiyarına buraxmalı, ya da çıxış yolu tapmalıydı.

Fəttah mədrəsəyə tərəf yollandı. Özünü guya Zeydi təsadüfən görübmüş kimi aparacaqdı. Mədrəsənin qarşısındakı daşın üstündə bir xeyli oturdu. Zeydlə Ayişə dərsdən çıxanda onu uzaqdan gördülər. Nələr baş verdiyini anlayırdı. Balıq kimi sürüşkən Zeydi nə Qeys, nə də Leyli maraqlandırırdı. Təbii ki, Fəttah xeyrə gəlməmişdi, boynuna nəsə bir yük qoyacaqdı. Ona yaxınlaşmadan “Fəttah bizi bir yerdə görməsin” deyib, Ayişəni arxa yolla apardı.

Əli ətəyindən uzun qalan Fəttahın Zeydlə bağlı ümidi də boşa çıxdı. Qərara gəldi ki, Əl-Qasıminin karvansarayına getsin, görək, əmisi ona bu dəfə nə məsləhət verir. Yol boyu Zeydin çoxbilmişliyini düşünüb onu təqdir edirdi. “Zeyddən xoşum gəlir. Ağıllı, tədbirli gəncdir. Mənim qızıma bax, Ayişə qədər də ağlı olmadı. Adam yanıb-tökülür. Bu dünyada milyonlarla insan – kimisi var-dövlətə görə, kimisi mənsəbə görə aşiq olmadan yaşayır. Elələri var, bir-birinə zorla dözürlər. Heç veclərinə də deyil, təki rifah içində yaşasınlar. Mənim ağılsız qızımsa gedib Zeyd kimi birini tapmadı, çöllərin dəlisinə dəli kimi aşiq oldu. İbn Salam kimi qızıl torbasını əlində saxlaya bilmədi. Nədi-nədi sevir. Gərək elə sevəsən?…”

***

Əmisi sanki elə onun gəlişini gözləyirdi. Ürəyi dolu idi:

– Bura bax, qızı apar evə, İbn Salamın da evini satıb qızıla çevirək. Yoxsa bir də gördün, qohum-əqrəbasından kimsə çıxdı ki, ev mənimdir. Onun evini yaxşı pula satmaq olar. Bu sayədə qızına da çoxlu elçilər düşər.

– Bilirəm, İbn Salamın evini onsuz da satacam. Amma Leyliyə kiminsə elçi düşəcəyinə inanmıram. Çünki belə davam etsə, bütün mahal onun dəli olduğunu biləcək. Leyli Qeysdən də betər dəlidir, əmi! – Fəttahın gözləri doldu.

Əl-Qasıminin heç halına təfavüt etmədiyini gördü. Onun İbn Salamın evini satıb irəli düşməkdən başqa bir fikri olmadığını görüb, karvansarayı tərk etdi.

***

Zeyd tövşüyərək özünü içəri atdı:

– Əl-Qasımini öldürüblər. Xəncərlə boğazını kəsiblər…

Müləvvəhlə birgə evdən çıxıb, meydana tələsdilər.

Bəndovan meydanına hər iki qəbilənin üzvləri toplaşmışdı. Əl-Qasıminin meyiti yuyulub kəfənlənmiş, meydanın ortasında kilimin üstündə uzadılıb, üstünə yaşıl örtük çəkilmişdi. “Yasin” oxunduqdan sonra Fəttah əl-Şeybaninin yanındakılara işarəsi ilə meyiti yerdən qaldırıb, Bəndovan qəbiristanına sarı irəlilədilər.

Əl-Müləvvəh çox kədərli görünürdü. Bu qəbiristan onlar Bəndovana köçürüləndən sonra salınmışdı. Aradan keçən bu müddət ərzində qəbiləsindən xeyli insanın öldüyünü sanki indi xatırladı. İki qəbilənin yükünü çiyinlərində çəkmişdi. Sanki burda anladı ki, həyatla ölüm arasındakı qısa məsafəni çox sürətlə qət edib və düşünməyə belə macalı olmayıb. Yalnız indi oğlu Qeysə tamamilə haqq qazandırdı. Qeys indinin yox, min il sonranın insanıydı…

Müləvvəhə yaxınlaşan Səlim Amiri pıçıltı ilə soruşdu:

– Səncə, Əl-Qasımini kim öldürüb?

Müləvvəh şübhələndiyi birinin olmadığını dedi.

***

İbn Salam öləndən sonra bir gecə Fəttah onun evini ələk-vələk edib qızıllarının yerini tapmağa çalışdı. Baxmadığı, eşələyib axtarmadığı yer qalmadı. Yorulub əldən düşsə də, ibn Salamın varidatını tapacağından ümidini üzməyən Fəttah səhərə kimi evin hər küncünü, gümanı gələn hər yeri axtardı. Amma nəinki qızıl, bir dənə də olsun belə mis sikkə də tapa bilmədi. Ertəsi gün İbn Salamın evinin qapısına iri bir qıfıl vurub, qızını öz evinə gətirdi. Evdən aralanmamış əllərini belinə qoyub, onu bir də diqqətlə süzdü və beynində nəfsi boyda böyük sual doğdu: “Görəsən, bu evi neçə kisə qızıla satmaq olar?”

Fəttah indi qəbiristandan qayıdanda İbn Salamın evini xatırladı və dalağı sancdı. Ölümündən iki gün əvvəl əmisi ondan İbn Salamın evinin açarını istəmişdi. Görəsən, o evlə bu qətlin arasında bir əlaqə varmı? Fəttahın beyninə sanki qan sızdı. Hirsindən, hikkəsindən qıpqırmızı qızardı. Axı, Məcnun Leylinin hələ də İbn Salamın evində olduğunu düşünür. Bəlkə, Leyli ilə görüşmək üçün ora gəlib, Əl-Qasımi də təsadüfən orda olub, Qeysin qarşısını kəsmək istəyəndə onu qətlə yetirib?

Bu fikirlərlə get-gedə Qeysdən şübhələri artan Fəttah bir anlıq yerində donub qaldı. “Kaş ki Qeys öldürmüş olsun. Boynunu vursunlar, canımız ondan qurtarsın”.

Fəttah Qeysi düşündükcə Nofəlin surəti gözlərinin önündən çəkilmirdi. “Məcnunu aradan götürdə bilsəm, camaatı da Nofələ qarşı qaldırıb deyərəm ki, qatil Qeysin arxasında Nofəl durur”. Beynində qurduğu bu planlardan məmnun olsa da, bir az tərəddüd etdi. “Məcnunun qətl törədə biləcəyinə bəndovanlılar inanacaqmı? Deməyəcəklərmi qarışqanı tapdalamağa qıymayan bir cünun o boyda Əl-Qasımini necə qətlə yetirə bilər? Amma bu xəbər yayılsa, gec-tez inanarlar. Əl-Qasıminin bircə dəfə dəli deməsiylə Qeysə Məcnun dedikləri kiimi qatil də deyərlər”. Özü öz fikirlərindən ləzzət aldı.

Fəttahın gözü qəbristanın çıxışındakı qəbirlərə sataşdı. İndiyə kimi heç vaxt ölməyəcəyini düşünürdü. Ölüm sözünü beynindən həmişə qovmağa çalışmış, bu barədə düşünmək belə istəməmişdi. Ölümü bir şəkildə adlayıb birbaşa cənnətə düşəcəyinin xəyalını qurmuşdu. Fəttah qəbristandan çıxan kimi ölümü də unutdu. Yenidən Qeyslə bağlı planları beyninə hakim kəsildi. İlk addımını yubatmadan elə burdaca atdı. Adamların gur yerində bağırdı:

– Mənə bunu da elədilər, ay camaat! Dağ boyda əmimi öldürdülər…

Evinə çatar-çatmaz ölüyuyan qarşısını kəsdi, əlindəki bağlamanı uzadıb, “Əl-Qasıminin paltarlarıdır” dedi. Yanındakı xidmətçini göstərib, paltarları ona verməsini tapşırdı. Ölüyuyan sağollaşıb getmək istəyəndə əbasının yaxasını düzəldən Fəttahın gözü qurşağındakı xəncərə sataşdı. Səhra adamlarında bir adət vardı – sünnət olunan gün oğlan uşaqlarına ucu əyri, üstü işləməli, “cəmbiyə” deyilən xəncər bağışlayardılar və o bunu daim üstündə gəzdirərdilər. Cəmbiyəsiz gəzmək başını, bədənini hardasa unutmaq kimi bir şey idi.

– Əmimin cəmbiyəsi hardadır? – soruşdu.

Ölüyuyan gözlərini döydü: – Üstündə yox idi.

Fəttah bağlamanı xidmətçinin əlindən alıb, içindəkiləri yerə dağıtdı. Qanlı qondarasını, qurşağını qaldırıb, o tərəf-bu tərəfə çevirib silkələdi. Qurşaq bağlamada olsa da, cəmbiyə yerində yox idi.

Zeydi yanına çağırtdırdı. Zeyd Fəttahın yanına yollansa da, tədirgin idi. “Əcəba, onu niyə çağırtdırır? Fəttah, adətən, Qeyslə bağlı bir sualı olanda ona üz tuturdu. Olmaya Fəttah məni çözüb, anlayıb ki, Qeys məndən yaxşı ola bilməz…”

Fəttah Zeydi çox gülərüz qarşıladı:

– Zeyd, sən, hər halda, bilərsən, o Məcnundu, nədi… onu deyirəm, bu yaxınlarda buralara gəlməmişdi ki?

– Yox, mənim onun gəlib-gəlməməyindən xəbərim yoxdur. Sonuncu dəfə dayısı ilə gedəndə gördüyümüzdür. O, tamamən özünə qapanıb.

Fəttah bir xeyli Zeydin üzünə baxmadan nala-mıxa vurub, sonunda dedi:

– Mən əmimin ölümündə ondan şübhələnirəm.

– Hmmm, vallahi, mən bu barədə heç nə deyə bilmərəm. Heç nədən də xəbərim yoxdur.

Zeyd getdi. Fəttah əllərini bir-birinə sürtüb rahat nəfəs aldı. Qeysin Əl-Qasıminin qatili olması barədə car çəkməyə ehtiyac yox idi, elə bircə Zeyd bəs edirdi. Guya Qeysə görə narahat olduğunu dilə gətirib, bu xəbəri bütün Bəndovana yayacaqdı.

Gözlədiyi kimi də oldu. Bəndovanın qadınlarından tutmuş çobanına qədər hər kəs Qeysin qatil olmasından danışır, hərə öz fərziyyəsinə uyğun, hətta harda, necə öldürməsi barədə də uydurmalar danışırdılar.

Əhali tədirgindi. İndi Bəndovanda kimin dəvəsi də oğurlansa, Qeysdən şübhələnir, hamı qapı-pəncərəsini bərk-bərk bağlayıb onu lənətləyirdi. Hətta Qeysin tapılıb Bəndovan meydanında edam olunmasını tələb edənlər də vardı.

***

Qeysə qovuşması üçün atası Fəttahdan başqa Leylinin yolunu kəsən heç nə yoxdu. Bircə an düşünmədən onu atasının evindən, öz otağından qaçıracaq qədər gözüqara olan sevgilisinin indi hələ də onun dalınca gəlməməyinə səbəb, görəsən, nə idi? Fikirləşməkdən beyni uğuldayır, ağlamaqdan gözləri tor görürdü. Qeysin sevgisinə olan inamı onun gələcəyinə bircə an belə şübhə etməyə imkan vermirdi. “Qeys gələcək. Çünki məni yer üzündə hamıdan çox sevir. Çünki ona nəfəsi qədər yaxınam, çünki mənsiz ona həyat yoxdur. Mənim üçün onsuz yaşamaq mənasız olduğu kimi…”. Qeysin hələ də gəlməməyinə özündən səbəblər uydurmağa, bəhanələr tapmağa çalışır, ümidini son damlasınadək ölməyə qoymurdu. İndi düşünürdü ki, Qeys yəqin Əl-Qasıminin ölüm xəbərini eşidib. Görünür, ailəmiz yasda olduğu bir vaxtda, üstəlik məni də qaçırıb atama təzə bir acı yaşatmaq istəmir.

Günlər çay kimi axıb gedir, Leyli “bu gün olmasa da, sabah gələr” ümidi ilə hər gün sevgilisini gözləməyin min bir ağrı-acısını çəksə də, səbrini basıb, gözlərini qapı-pəncərədən yığa bilmirdi.

İnsanın əsəbləri məchulluqdan pozulduğu qədər heç nədən pozulmaz. Leyli evlərinin içindəcə tərki-dünya olub yalnız sevgilisinin xatirəsi və xəyalları ilə yaşayır, mövcud olmaq üçün gücünü, qüvvəsini yalnız öz sevgisindən və Qeysin onu sevdiyinə əminlikdən alırdı. Bu saat ən böyük arzusu sevgilisinin köksünə sıxıla bilməkdi. Qeys onu qucaqlayıb o odlu qollarının arasına alsa, Leylinin bütün yaraları sağalacaqdı, bundan əmindi.

“Bəlkə, Qeys məndən inciyib? Bəlkə, indi fədakarlıq növbəsinin məndə olduğunu düşünür? Bəlkə, indi o mənim deyil, mən onun dalınca getməliyəm?” Bunca müddətdə gəlmədisə, deməli, artıq gəlməyəcək. Gəlməyi seçsəydi, Qeysin yolunu kimsə kəsə bilməzdi. Nə Fəttahın hər tərəfə yerləşdirdiyi nəzarətçilər, nə qınaqlar. “Bəs, mənim yolumu nə kəsir? Nəzarətçilərin gözündən yayınıb qaçmaq da olar, axı. Düzdür, bu dəfə də Leyli Məcnundan da betər dəlidir deyəcəklər. Atam, anam camaatın üzünə necə baxacaq, öz ayağı ilə sevgilisinə qoşulub qaçmış qadın haqqında nələr uyduracaqlar?” Leyli düşünməkdən, az qala dəli olurdu. Bir-birini təkzib edən ziddiyyətli qənaətlər, təlatümlü duyğular onu gücdən salır, ürəyində ümidlə kədər qoşa yuva qururdu. “Valideynlərini düşün” deyə hökm edən ağlın səsini dinləyib ömürlük tənha və bədbəxt olmağımı seçsin, yoxsa el qınağı bahasına sevgilini və sevginimi?

Uzun müddətdən sonra Leyli ilk dəfə güzgünün qarşısına keçdi. Beli daha da incəlmiş, sinəsi qabarmışdı. Daha da gözəlləşdiyinin fərqində idi. Ürəyi atlandı, qanı çəkilmiş yanaqları allandı, üzü güldü. Güzgüdəki gözlərindən ona baxan Qeys idi. Bircə anda sanki canına güc, qüvvə gəldiyini hiss etdi. “Qeys… bu gözəlliyin sahibi sənsən, əzizim. Səndən başqası ola bilməz”. Xəyalən özünü tamamilə sevgilisinə təslim etdi. Onun qolları arasında Leylinin ruhunda eşqdən başqa heç nə qalmadı. Bir də onda ayıldı ki, evlərini tərk edib, qaçır. Sevgisinə doğru, sevgilisinin yanına qaçır…

***

Söhbət Nofəl əl-Amiriyə də çatmışdı. Qeyslə bağlı xəbərlər nə qədər vahiməli olsa da, deyilənlərin yalan olduğundan əmin idi. O yenə də əl-Müləvvəh və Rüqəyyanı düşündü. Ertəsi gün artıq Bəndovanda idi. İlk növbədə, onlara baş çəkdi. Səlim Amirinin gətirdiyi xəbərlər onları bir qədər toxtatsa da, Əl-Qasıminin qətlində Qeysin günahlandırılması valideynlərinin qol-qanadını qırmışdı. Nofəlin isə üzü gülürdü:

– Siz düşünmürsünüz ki, mən qardaşımı gözdən qoymaram? Onun heç öz xəbəri də yoxdu ki, Şirvan qoruğunun giriş və çıxışında mənim gizli xəfiyyələrim keşik çəkir, onu bir an da olsun, gözdən qoymurlar. Hələ mən meşə dərvişlərini demirəm. Şeyxləri bizim adamdı. Belə olmasaydı, mən rahat yata bilməzdim. Heç nədən narahat olmayın. Lazım gəlsə, həmin adamlar şahidlik də edərlər ki, Qeys meşəni tərk etməyib. Çox da uzun çəkməz, Əl-Qasıminin qatili də bəlli olar.

Əl-Müləvvəhin gözləri doldu. Dərindən nəfəs aldı. Nofələ təşəkkür, Allaha şükr etdi. Evinin yerləşdiyi təpəlikdən bütün Bəndovana göz gəzdirdi. Vahimələnib büzüşdü. Belə çıxır ki, Nofəlin gücü olmasaydı, ömrünü həsr etdiyi insanlar onun oğlunu da, özünü də xərcləyəcəkdilər. Şükür məsləhətinə, İlahi.

Fəttah içəri girər-girməz Leylini soruşdu.

– Daha qışqırmır, – Sayda dedi, – yəqin yorulub yatdı.

– Get bir bax, gör sağdı?

Sayda göz yaşlarına boğulub, Leylinin otağına sarı getdi. Qapını açıb içəri keçəndə gözlərinə inanmadı. Vahiməli səslə qışqırdı. Otağın pəncərəsi taybatay açıq, Leyli isə yox idi. Pəncərədən aşağı baxdı. Düşündü ki, Leyli özünü pəncərədən aşağı atıb, ona nəsə olub. Qaça-qaça evin qapısı ağzına gəlib, Fəttaha səsləndi:

– Pəncərə taybatay açıqdır, Leyli otaqda yoxdur.

Fəttah da Saydanın ardınca həyətə düşdü. Evin ətrafında dövrə vurub, hər tərəfi axtardılar, Leylinin izi-tozu da yox idi. Fəttah üzü Bəndovana var gücü ilə qaçmağa başladı. Bir xeyli qaçandan sonra səndirləyib, üzü üstə yerə yıxıldı. Daşlar üzünü, dizlərini sıyırıb yaralamışdı. Ağrıdan qıvrılan Fəttah yumruqlarını daşlara çırpdı. Göz yaşları sifətindəki sıyrıqlardan axan qanlara qarışıb üzünü yandırırdı…

Zeyd son dövrlər Ayişənin onunla soyuq davranmasını özünə dərd etmişdi. Ayişə çox tədirgin görünürdü. Hər kəsin, hətta sevdiyi qızın da Qeysdən danışması Zeydi hövsələdən çıxarırdı. Zeyd təlaş işindəydi, belə getsə, Ayişəni itirəcəyindən qorxurdu. İndi nə etsin, Ayişənin də ona vurulması üçün o da qızı hamının içində öpsün? Özü də bilirdi ki, bunu edə bilməyəcək. Etsə də, gülünc yeri olacaqdı. “Məcnunun yerişini yerimək istədi” deyib məsxərəyə qoyacaqlar. Nofəlin bir gün onu yanına aparacağı ümidi, saray əyanı olacağı xəyalı ilə yaşayırdı. Sevgisini qıza bəyan etməkdən də qorxurdu. Birdən qız ona yox desə? Üz-üzə sevgisini etiraf etməyə, bəlkə, Ayişə utanar? Ayişəyə məktub yazıb, onu necə sevdiyini bildirməklə könlünü ələ almağa qərar verdi.

Məktəbə hamıdan erkən gəldi. Ayişə ilə sinif otağına girən qızlar Zeydi görüb təəccübləndilər. Zeyd onları salamlayıb yerindən tərpənmədi. Qızlar da, Ayişə də çiyinlərini çəkib, çantalarını oturacaqlarına qoyub getdilər.

Zeyd Ayişənin çantasını bir göz qırpımında oturacaqdan götürüb məktubu onun içinə dürtmək istəyəndə, çanta ona ağır gəldi. Maraq onu üstələdi, çantanın ağzını açıb baxanda gözlərinə inanmadı. Ayişənin çantasında cəmbiyə vardı. Hər qəbilə onlara məxsus xəncərlərin dəstəyində öz naxışını vurdurardı, dəstəkdəki naxışlar Əl-Şeybani qəbiləsinə məxsusdu. Bu Əl-Qasıminin cəmbiyəsinə bənzəyirdi. “Aman Allahım, bu cəmbiyənin Ayişənin çantasında nə işi var?” düşünəndə, Zeyd qorxub bir anlıq çantanı əlindən buraxdı, tez götürüb, yerinə qoydu və səssiz-səmirsiz oturdu.

Dərsləri başlasa da, Zeyd müəllimini eşitmir, tez-tez Ayişəyə baxır, çantasındakı cəmbiyəni unuda bilmirdi. Beynində hər şey bir-birinə qarışmışdı, heç nə anlaya bilmirdi: “Ayişə Əl-Qasıminin xəncərini niyə çantasında gəzdirsin ki?” Həm qızın onun məktubuna nə cavab verəcəyinin, həm də xəncər məsələsinin təlaşı Zeydi büsbütün sarmışdı.

Məktəbdən çıxıb birgə evə gedəndə də Ayişə bir kəlmə dinib-danışmadı. Səhəri dirigözlü açan Zeyd qəhvəaltı da eləmədən məktəbə yollandı. Dərsləri başlasa da, Ayişə məktəbə gəlmədi. Əyilib pıçıltıyla rəfiqəsindən onu soruşdu.

– Ayişə yol boyu ağlayırdı. Nə illah etsək də, səbəbini bizə demədi. Limana çatanda orda işi olduğunu deyib getdi.

Zeyd çantasını götürüb, sinif otağından çıxdı. Müəllimi və yoldaşları onu nə qədər səsləsələr də, geriyə baxmadan mədrəsəni tərk etdi. Limana çatanda gözü hər yerdə Ayişəni axtarırdı. Hətta sahilboyu sıra ilə düzülmüş ticarət, balıqçı qayıqlarına da göz atdı. Sahildəki ən son qayığın önündə durmuş Ayişəni arxadan görüb tanıdı. Qız qayıqdakılara yalvarırdı:

– Nə olar, məni də götürün. Axı, niyə heç biriniz mənə inanmırsınız? Mən təcili getməliyəm.

– Bu, balıqçı qayığıdır. Uzaq məsafəyə getmirik. Axşama geri qayıdacağıq. Səni dənizin ortasında buraxıb geri gəlməyəcəyik ki, – qayıqdakılar gülüşdülər.

Zeyd bir qədər nəfəsini dərib, nə baş verdiyini anlamağa çalışırdı. “Aman Allahım, Ayişə niyə Bəndovanı tərk etmək istəyir?” Asta addımlarla Ayişəyə yaxınlaşdı. Ayişə geri-geri çəkildi, qəflətən özünü dənizə atmaq istəyəndə Zeyd qızın qolundan tutub, özünə tərəf çəkdi. Hamının onlara baxdığını görüb, Ayişəni limandan uzaqlaşdırdı.

Dəniz kənarındakı daşın üstündə oturmuşdular. Ayişə dinib-danışmır, büzüşüb ağlayırdı. Zeyd xəfifcə əlini qızın kürəyinə qoydu. Ayişə başını Zeydin çiyninə söykəyb hönkürdü:

– Mənə başqa yol buraxmadı, Zeyd. Məni Səlim vasitəsilə aldadıb ora, İbn Salamın evinə apardı. Dedi “Leyli ordadır, səni çağırır”. Məni içəri ötürüb özü aradan çıxdı. Sən demə, orda Əl-Qasımidən başqa kimsə yox imiş. Mənə dedi ki, səni özümə dördüncü arvad edəcəm, sonra yerə yıxmağa çalışdı. Başqa əlacım yoxdu, Zeyd. Mən namusumu qorudum.

Ayişənin dediklərindən hiddətlənən Zeydin əli Ayişənin çantasına toxundu. Hiss etdi ki, cəmbiyə çantadadır. Bir göz qırpımında xəncəri çantadan götürdü, qızın əlini buraxmadan dənizə tərəf qaçdı. Hər ikisi qurşağacan islandı. Zeyd cəmbiyəni var gücüylə dənizin dərin sularına atdı:

– Sən heç nədən qorxma. Mən həmişə sənin yanında olacam!

Ayişə Zeydə sarılıb lal-dinməz başını onun sinəsinə qoydu. Zeyd sahilə doğru baxdı. Sahil bomboş idi. Uzaqdan yalnız Bəndovan məscidinin göylərə uzanan minarələri görünürdü…

***

Qeys güllərdən yaranmış yatağına uzanıb göy üzündəki bir-birindən parlaq ulduzlara baxır, Leylinin bütün meşəni bürümüş ətrini sinəsinə çəkməkdən doymurdu. Ulduzlar sayrışdıqca ona elə gəlirdi ki, onlar nəfəs alıb-verirlər. Aman Allahım, indi həmin o tanış ətir göylərdən gəlirdi. Ulduzlar da o rayihəni sinələrinə çəkmək üçün belə çox sayrışıb nəfəs alırdılar. Bir anlıq Leylinin ətrini ulduzlara, bütün kainata qısqandı. Sayrışan ulduzların işığı gecəni gündüz kimi işıqlandırır, sanki bu gün Ayı kölgədə qoymağa çalışırdılar. Nə qədər ki kainatda bu rayihə var, ulduzlar nəfəs alıb-verməyə davam edəcəkdilər. Get-gedə Ay daha da işıqlanır, sanki günəş kimi gecənin soyuğunu azaltmağa, meşəni qızdırmağa çalışırdı. Göy üzü hətta gecə də bu qədər işıqlıdırsa, bəs, onu incidən o qara kölgələr hardan gəlirlər? Leylinin ətrinin gəldiyi bir yerdən qara kölgələr gələ bilməzdilər. Hər şey aydın idi, Uca Rəbbimiz bütün pislikləri gömmək üçün Yer kürəsinin nüvəsindəki alovları yaratmış, bütün canlıları qorumaq üçün isə yaratdıqlarının ən etibarlısı olan torpağı qoruyucu örtük etmişdi. Pisliklər artdıqca torpağın sinəsində yaranan dəliklərdən qara kölgə kimi çıxır, Allahın işığını qəbul etməyən toxumalardan yarananların bədənində yaşayıb, göy üzünə gücləri çatmasa da, yeri çirkləndirməyə çalışırdılar. O qara kölgəni hərə bir adla çağırırdı.

Qeys həmin qara kölgələrin cinlər olduğunu düşünürdü. Kimsə onları canlı görməmişdi. Çünki onlar pis insanların buxarlanıb torpağın altından özlərinə yol tapan ruhları idilər. Ruhlar isə görünə bilməzdilər. Onlar gündüzlər göy üzündən gələn ağ işığa bürünmüş günəşin, gecələr isə ayın və ulduzların işığından məhv olur, yalnız tam qaranlıqda üzə çıxa bilirdilər. Torpağın sinəsini yaralamaq bu pisliklərin çoxalmasına gətirib çıxaracaqdı.

Qeys başını qaldırıb havadakı bihuşedici tanış ətri sinədolusu içinə çəkdi, ləzzətlə yuxuya getdi. Qumdan olan qayığı dalğalar qanadları üstə alıb sahildəki təpəlikdə onu gözləyən Leylisinə doğru aparırdı. Uzaqda olsa da, sanki dünyadakı bütün insanlar bu sahilə yığışıb Leylinin qumdan nəhəng heykəlini düzəltmişdilər. Qayıq sahilə yaxınlaşdıqca qum heykəl get-gedə canlanırdı. Əvvəlcə gözlərini açdı, sonra gülümsədi. Əlləri insan dərisinin rəngini alanda dalğalar şahə qalxıb, az qaldılar ki, göy üzünü islatsınlar. Sonra nəhəng dalğalar sahili ağuşuna alıb, Leylinin heykəlini elə islatdılar ki, görünməz oldu. Geri qayıdan dalğalar Qeysin üzünə çırpıldılar. Qeys yuxudan ayıldı.

Bərk yağış yağırdı. Ətrafa baxdı. Leylinin qum heykəli yox idi, gördüklərinin yuxu olduğunu anladı. Yağış get-gedə güclənirdi. Göy üzü Leylinin yoxluğuna ağlayırdı. Meşədə olduğundan Qeys də ilk dəfə ağladı. Yağış damlaları alnından dodaqlarına süzüldükcə Leylinin ətrini, dodaqlarının dadını duyub anladı ki, kainat özü Leylidir. O da Qeysə görə ağlayır. Yağış damlalarının hərəsi bir nəhəng dalğa kimi görünürdü. Qeys özündən çıxdı. Ağlını itiribmiş kimi yağış damlalarını şillələyirdi, onun sahildəki Leylisini isladıb əritdikləri üçün…

Yağış onu islatsa da, meşəni nə vaxt tərk edib yolu keçdiyini anlamadı. Dənizə tərəf qaçdı. Sahildəki tənha qayığın ipini açıb, sulara doğru itələdi. Qayığın içinə atılıb, avarları çəkdi.

Yatarkən gördüklərinin həqiqətdə, yoxsa yuxuda baş verdiyini unutmuşdu. İndi onu yalnız bir şey düşündürürdü – Bəndovan sahilinə tez çatıb sahildəki Leylinin onu gözlədiyinə əmin olmalıydı! Yağış getdikcə güclənir, qayığın içinə dolan su onun hərəkətini çətinləşdirirdi. Sanki böyük daşqın olmuş, sular bütün dünyanı ağuşuna almışdı. Qeys tələsirdi. Bir az da geciksəydi, yer üzündə sahil olmayacaqdı. Sahil yoxdursa, demək, o qumluq da, oradakı Leyli də olmayacaqdı. Bəlkə də dünyanın sonuydu. Leylisini yalnız o, bir də bu qayıq xilas edə bilərdi. Dünyanın sonu olduğunu əvvəldən bilsəydi, Bəbirxanı da, Ana ceyranı da, atasını, anasını da bu qayığa mindirərdi. Bir də Nofəli. Yox, o dünyanın bütün insanlarını, bütün canlıları bu qayığa çağırardı. İlahi, bu qayıq onları sığdırmaz, axı! Dünyanın xilası üçün özü boyda qayıq lazımdır. Gərək onu nəhnəg bir qayığın içinə qoyub başqa bir yerə aparasan, pisliklərin çata bilmədikləri bir yerə.

Yağış get-gedə güclənir, qayığın içi su ilə dolurdu. Qeys qayığın batacağından, Leylini xilas edə bilməyəcəyindən əndişələnir, avarları var gücü ilə çəksə də, gücü, taqəti getdikcə tükənirdi. Qayığın içi büsbütün su ilə dolub, dənizə gömüldü. Qeys qollarına güc verib dalğaları dəf etməyə çalışsa da, bacarmırdı. Artıq yorulub əldən düşmüş qolları, ayaqları sözünə baxmırdı…

Yosh cheklamasi:
16+
Litresda chiqarilgan sana:
17 fevral 2024
Yozilgan sana:
2024
Hajm:
130 Sahifa 1 tasvir
Mualliflik huquqi egasi:
Автор
Формат скачивания:
epub, fb2, fb3, ios.epub, mobi, pdf, txt, zip

Ushbu kitob bilan o'qiladi