Kitobni o'qish: «Leyli və Məcnun», sahifa 5

Shrift:

Bayaqdan bəri içəridəki söhbətləri eşikdən dinləyən Fəttah arvadına səsləndi:

– Gəl qayıdaq, o qayıdan deyil.

– Sən istəyirsənsə, get. Mən qızımı bu vəziyyətdə qoyub heç yana gedən deyiləm, – Sayda qızının çəlimsiz, halsız əlini öpüb, ovucları arasına aldı…

***

Müqəddəs Səfa və Mərva təpələri arasındakı vadidə Zəmzəm bulağına çatanda Müləvvəh əllərini qaldırıb sidqlə dua etdi:

– İlahi, əmrlərinə sorğu-sualsız əməl edən əməlisaleh babamız İsmayıl, anamız Həcər sənin bəxş etdiyin bu müqəddəs bulaqdan su içib lütfünü qazandılar. Qoy, bu saf su oğluma da şəfa, onun haqq yoluna qayıtmasına vəsilə olsun. Səndən başqa ümid yerimiz yoxdur, Allahım, sən özün kömək ol, – sonra Zəmzəmin suyundan içib, camı Qeysə uzatdı.

– Ata, bəyəm mən haqq yolunda deyiləm?

– Nədir sənin yolun, oğlum, hara gedir sənin yolun?

Qeysin üzünə bir an elə bil günəş doğdu, təbəssümlə cavab verdi:

– Leyliyə! Leylidir mənim yolum.

Müləvvəh oğlunun cavabına çox mütəəssir oldu. Nə ümidlərlə bu boyda yol gəliblər. “Allah böyükdür. Hər halda, bu ziyarət ağlını başına gətirər”, – deyə düşünüb Qeysin sözlərinə fikir vermədi.

Kəbə ətrafında yeddi dəfə dövrə vurub təvaf etdikdən sonra qara daşın önündə durdular.

– Öp, oğlum, Cənnətdən nazil olmuş bu müqəddəs daşı! Dua et, Qeys, dua et ki, Allah günahlarını bağışlasın, Məcnun adı üstündən götürülsün!

Qeys təəccüblə atasını dinləyib gülümsədi. Heç nə demədən dodaqlarını qara daşa yaxınlaşdırdı. Leylinin ətri saçıldı. Qeysin bütün vücudu titrədi. Onun ruhuna, qanına hopmuş Leyli də bədənindən çıxıb qara daşı öpdü.

– Leylii! – deyə astadan sevinclə səsləndi. – Mən bilirdim, bilirdim möcüzə olacağına. Sən böyüksən, Allahım, – deyib, Qeys əllərini şükranlıqla dərgaha qaldırdı, – sən mənə möcüzəni göstərdin, Leylimin mənimlə olduğunu sübut etdin.

Onu heyrətlə izləyən Müləvvəhə çevrildi:

– Hər yer Leylidir, ata, yer də, göy də, ətraf da. Mən hardayamsa, Leyli ordadır. Gördün, Leyli burda da yanımdadır…

Müləvvəh oğlunun sevincini görüb, sözlərinə qulaq verib əmin oldu ki, oğlu sağalmaz bəlaya düçar olub. Bu müqəddəs məkan belə onu ağla gətirmədisə, deməli, daha heç nəyə ümid etmək olmaz. Özünün və oğlunun günahlarının bağışlanması üçün uzun-uzadı dualar edib ziyarətini bitirdi.

Sabah sübhdən evlərinə yola düşəcəkdilər. Müləvvəh bütün gecəni yata bilmədi. Müqəddəs Kəbəni ziyarət etdikdən sonra oğlunun şəfa tapacağına şübhə etmirdi. Bu gün ziyarət edərkən oğlunun hər addımda Leyli deməsi, hər yerdə Leylini görməsi onu qorxutmuşdu. Əvvəllər ona Məcnun deyiləndə çox əsəbiləşər, oğlunun belə bir adla çağırılmasına qəzəblənərdi. Amma bu ziyarət əsnasında Müləvvəhə aydın oldu ki, oğlu doğrudan da xəstələnib və bu xəstəlik dəlilikdən, ağlını itirməkdən də çox Leyli xəstəliyidir. Müləvvəh də ömrü boyu bir qadınla yaşayıb. Rüqəyya ilk baxışdan xoşuna gəlmiş, sonra aralarında sevgi yaranmış və uzun bir yolçuluqla həyata birgə davam etmişdilər. Müləvvəh hətta uzun müddət övladları olmasa belə, başqa arvad almamışdı. Təbii ki, evlilikləri ərzində aralarında söz-söhbətlər də olmuşdu. O da Rüqəyyanı görməyəndə darıxır, yanında olmasını istəyirdi. Amma daha arvadını sevdiyi, hörmət etdiyi üçün ağlını itirmədi ki! Müləvvəh bunları düşündükcə bir kişinin bir qadının dərdindən dəli olmasını acizlik əlaməti hesab edir, oddan kül törədiyinə üzülür, arzu və ümidlərinin doğrulmadığı üçün dərdlənirdi. “Onun dünyaya gəlməsini nə ümidlərlə gözlədim, İlahi, sən şahidsən. Mən dedim ocağım sönməsin, soyum oğlumdan davam etsin. Mən dedim oğlum da mənim kimi güc-qüdrət sahibi olsun. Heç olmasa, öz övladım kimi böyütdüyüm Nofəldən nümunə götürsün. Qeysin nəyi çatmırdı ki, hamının hörmət edəcəyi, qorxusundan qarşısında tir-tir əsib təzim edəcəyi igid olmaq əvəzinə, bir qıza görə dəli-divanə olub Məcnun adını qazandı?!” Müləvvəh bilmirdi ki, ona qəzəb daha çox güc gəlir, yoxsa kədər? Bircə onu bilirdi ki, bu ağır dərd ürəyini didib-parçalayır! Allaha üsyan etməyi ağır günah saysa da, içindən hönkürüb “kaş, mənə oğul verməyəydin, elə sonsuz qalaydım!” deyə üsyan etdi. Az sonra sakitləşib asiliyi üçün dönə-dönə Allahdan bağışlanma dilədi. “Özün bilən məsləhətdi, ya gözəgörünməz, şükür məsləhətinə…”

Karvan çoxdan yola çıxmışdı. Hava nə qədər isti və cansıxıcı olsa da, Qeysin üzü gülür, gözlədiyi möcüzə ilə Kəbədə qarşılaşdığı üçün ürəyində Allaha şükür və səna edir, yenə ətrafda danışılan hər şeyə laqeyd qalıb içindəkilərlə söhbət edirdi.

Uzun yollar geridə qalır, cəmi bir neçə günə Bəndovana çatacaqlarını düşünüb rahat nəfəs alırdılar. Növbəti dəfə dincəlmək üçün qaldıqları karvansaray sahibi söhbət əsnasında məşhur tacir ibn Salamın Bağdad yolunda öldüyünü dedi. Səid Qeysə hiss etdirmədən Müləvvəhi bir kənara çəkib, xəbəri ona çatdırdı. Müləvvəh xəbərə sevindiyini gizlədə bilmədi:

– Allah keçsin günahımdan, amma inan ki, burda bir hikmət var, Səid. Allah ziyarətimi, dualarımı qəbul edib, bunun başqa izahı ola bilməz.

Səid dul bir qadını öz oğluna layiq bilən Müləvvəhin sevincinə də, sözlərinə də təəccübləndi: “Bəyəm, yer üzündə qız qəhətdir? Biz ona elçi gedib istədiyi qızı alarıq”.

Müləvvəh yenə oğlunun xətrinə çox şeyi gözardı, qulaqardı etməli idi. Bir də ki, insanlar əsasən güc-qüdrət qarşısında lal olur, düşündüklərini, öz aralarında pıçıltıyla qeybətləşdiklərini bərkdən deməyə çəkinirlər. Mən oğluma o qadını gəlin gətirəndən sonra kimin nə həddinədir ki, Müləvvəhin oğluna, Nofəlin qardaşına güldən ağır söz deyə. Öz aralarında nə danışacaqları isə daha məni maraqlandırmır. Səidə isə düşündüklərini bir az başqa cür dedi:

– Mən yüz il qala, məni təhqir edib evindən əliboş qaytaran, oğluma Məcnun deyən adamın qızını evimdə gəlin etməzdim. Amma oğlumdan keçə bilmirəm, Səid. Kəbədə də dua etdim ki, Qeys bu sevdadan qurtulsun, cəngavər ola bilmədisə, heç olmasa, mədrəsəyə qayıtsın, elm öyrənib xalqına, qəbiləsinə yararlı insan olsun. Amma görürəm ki, oğlumun Leyli sevdası bir başqadır. Leylidən sonra az qalıb ki, anasını da, məni də unutsun. Nə edə bilərəm ki?! Mən oğlumu tamamən itirmək istəmirəm, onun istədiyini biz də istəməyə məcburuq.

Müləvvəhin sözləri Səidə çox ağlabatan gəlmirdi, “bir kişi ki bir qadını ürəyindən söküb ata bilmir, daha nə igid oldu?” deyə düşüncələrini özünə saxlayıb, qayğıkeşliklə “Bəs indi nə etməyi düşünürsən?” soruşdu.

– İbn Salam öləndən sonra yəqin Fəttah səhvini anlayar. Dul qalmış qızını evində saxlamaq ona da sərf eləməz. Məncə, indi Qeyslə Leylini evləndirmək tək bizə yox, elə Fəttahgilə də sərf edər. Onların da, bizim də üstümüzdən bu tənəni götürərik.

Qeysin yaxınlaşdığını, aralarındakı söhbəti eşitdiyini heç biri fərq etmədi, o da hiss olunmadan uzaqlaşdı. Atasına, Səidə, onlar kimi düşünən hər kəsə, hər kəsə yazığı gəldi. “Siz bədbəxtsiniz! Leyliyə, mənim Leylimə, çiçəklərin ən gözəlinə, ulduzların ən parlağına, yağış kimi duru sevgilimə nələri yaraşdırırsınız! “Dul qalmış qızını evində saxlamaq ona da sərf eləməz”. Səndəmi, ata, mənim ən doğmam? Axı mən sənin qanından, canından ayrılmışam, səndəmi mənim sevgimi duya bilmirsən? Səndəmi mənim sevdiyimə adidən adi yanaşır, mənim Leyliyə olan sevdamı mərəz hesab edirsən? Anlamağınızı istəmirəm, bu sevdanı duymaq üçün ruhunuz, qəlbiniz olmalı, ata… Leyli mənim dünyamdır, nəfəsimdir, mən onsuz boğulub ölərəm. Leyli mənim ruhumdandır, yarımdır. Bir insanı görər-görməz, varlığını yanında hiss edər-etməz içindən “Odur” deyə bilməyin necə möhtəşəmlik olduğunu, heyif ki, heç vaxt bilmədiniz. Nə qədər də bədbəxtsiniz. Siz bütün dünyadan vaz keçib bir sevgiliyə qucaq açmağın səadətini, onu kimsənin əvəzləyə bilməyəcəyinin, təkrarsızlığının verdiyi zövqü heç vaxt duymayacaqsınız. Qürurundan, adından, var-dövlətindən, mənliyindən vaz keçib sevdiyinə dönüşməyin necə bir cənnət həzzi olduğunu heç bir zaman hiss etməyəcəksiniz. Hamınızın halına acıyıram, ən çox da sənin, ata…”

Qeys üzüntü və kədərlə içindən keçirdiyinin bircəciyini də dilinə gətirmədi, onları eşitdiyini atasıgilə hiss etdirmədi. Hər şeyi mənasız sayırdı. Onların danışıqları kimi, onlara nəyisə başa salmaq da mənasız idi. Ruhu ilə duymayana heç nəyi anlada bilməzsən, Qeys bunu anlayıb qəbul edəcək qədər ağıl və təmkinə malik idi. Atasıgildən aralanan kimi yenə hər şeyi, az öncəki ağrısını unudub içinin işığına büründü…

XIV fəsil

Anasının təkidlərindən sonra Leyli yemək yeməyə başlamış, bir az özünə gəlmişdi. Qeysin Kəbə ziyarətindən qayıdacağını səbirsizliklə gözləyirdi. Leyli Kəbədən qayıdan sevgilisinin İbn Salamın ölüm xəbərini eşidən kimi onun arxasınca gələcəyinə əmin idi. Bu əminlik qıza bir az da güc verir, bütün ağrı-acılarını unudub bir müddət əvvəlki səadət dolu həyatına geri dönəcəyinə onu inandırırdı. Qeyslə evlənib, yenə də mədrəsəyə gedəcəkdilər. Bir daha ayrılmayacaq, xoşbəxt ömür sürəcəkdilər.

Leyli xəyalları ilə baş-başa ikən xalası qızı gülə-gülə özünü onun otağına atıb gözaydınlığı verdi: “Qeys Kəbə ziyarətindən qayıdıb”.

Sevincək yatağından qalxıb, Ayişəni qucaqladı. “Sənə şükürlər olsun, Allahım! Qeys sabah gələcək, hökmən gələcək” deyə güzgünün önünə keçdi.

***

Yəzid İbn Məzyədə xəbər çatdı ki, xəvariclər ölkədə üsyan hazırlayır, kənd-kənd, şəhər-şəhər gəzir, narazıları ayağa qalxmağa sövq edirlər. Hökmdara o da məlum oldu ki, üsyançıların rəhbəri illər əvvəl xəzinənin yarıdan çoxunu ələ keçirib aradan çıxan Valid ibn Tarifidir. O zamanlar Tarifini hər yerdə axtarsalar da, sanki iynə olub yerin altına girmişdi.

Hökmdar Nofələ gizli göstəriş verdi ki, Valid ibn Tarifinin axtarışını təzələsin, harda gizlənməsindən asılı olmayaraq, onu tapıb üsyanı yatırsın.

Nofəl ata-ana əvəzi olan əl-Müləvvəh və Rüqəyya ilə görüşüb, onların xeyir-duasını almaq üçün Bəndovana getdi.

Ona verilən tapşırıq gizli olduğundan hara, hansı istiqamətə yola düşəcəyini bildirmədən döyüşə gedəcəyini deyib xeyir-dua istədi. Əl-Müləvvəh Nofələ görə narahat olsa da, Allahın onu hifz etməsi üçün dualar etməkdən başqa yolu qalmadı.

Qeys də bu xəbəri eşidib məyus oldu, Nofələ nəsə olacağından qorxdu. Sanki Leyli də ona dedi ki, qardaşını tək buraxma. Ayağa qalxıb:

– Mən də səninlə gedəcəm, – dedi.

Əl-Müləvvəh öncə oğlunun sözlərini qulaqardına vurub eşitməzlikdən gəlmək istəsə də, bir anlıq düşündü ki, əcəba, doğrudanmı, Qeys Leylini burda qoyub, döyüşə getmək istəyir? Gözünün ağı-qarası tək oğlunun bu döyüşdə həlak olmaq ehtimalı da yüksək idi. Axı, Qeys heç bir vaxt döyüş təlimi keçməmiş, qan töküb, baş kəsməmişdi. Ata ürəyi oğlunun gözündən qırağa getməsini istəməsə də, düşündü: “Bəlkə, oralarda Leylini unudar, döyüşdə iştirakı Məcnun adını da üstündən götürər”.

Nofəlin cavab vermədiyini görən Qeys səbirsizləndi:

– Siz istəsəniz də, istəməsəniz də, mən Nofəllə gedəcəm.

Əl-Müləvvəh dumanlanmış beynində bir də Rüqəyyanı düşündü. Narahat ana ürəyi bunu qəbul edəcəkdimi? Bu xəbəri eşitməyə hazırdımı?

Qeysin qərarını Rüqəyyaya dedikdə bu günə kimi bir dəfə də olsun Qeysə səsini qaldırmayan Rüqəyya vahimələnib özündən çıxdı:

– Sən ömründə bir toyuq başı da kəsməmisən, döyüşdə necə adam öldürüb, qan tökəcəksən? Bir də ki nə oldu? Leylini burda qoyub gedəcəksən?

– Ana, qan…qan..qan… Nə qədər olar, mən ona görə gedirəm ki, qan tökülməsin. Leyli də daim yanımdadır…

Əl-Müləvvəh dözməyib otaqdan çıxdı. Bu müddət ərzində ilk dəfə eşidiləcək bir səslə, – sən doğrudan da cünunsan, Qeys, – dedi…

***

Nofəl Bağdada ilk getdiyindən bu günə kimi yanında olan Musa əl-İbrahimiyə tapşırdı ki, səfər boyunca Qeysi gözdən kənar qoymasın.

Kəşfiyyat xəbər vermişdi ki, Valid ibn Tarifi Topxana meşəsində gizlənib.

Nofəlin dəstəsi əsasən gecələr hərəkət edir, kimsəni duyuq salmamaq üçün meşənin içi ilə irəliləyirdi. Xeyli yol qət etmişdilər. Düşərgə qurub, dincəlmək qərarına gəldilər. Ağacların kölgəsindən yaranmış alatoranın yerinə gecənin qaranlığı çökmüşdü.

Uzaqdan gələn bəbir nəriltisi, çaqqalların ulaşması gecənin səssizliyini pozur, yaxınlıqda isə bayquş ulayırdı. Yerində qurcalanan Musa əl-İbrahimi uzandığı yerindən qalxıb oturdu:

– Bayquşun səsi məni dəli edir, yatmağa qoymur. Bayquşlardan uzaq durmaq lazımdır, onlar bədbəxtlik gətirir.

Musa əl-İbrahimi çadırın girişində keşik çəkən əsgəri səsləyib, – o bayquşu susdurun, – əmrini verdi.

Əsgər getmək istədikdə, Qeys ona səsləndi:

– Dur, getmə. Sən körpə olanda anan yatmazdan əvvəl layla oxuyardımı?

Əsgər cavab verdi:

– Hə, məni də, qardaşımı da anamız laylasıyla yatırardı.

– Bax, indi ulayan bayquşun balaları var. Əslində o ulamır, öz dilində körpələrinə laylay çalır. Get öz işinin başına, bayquşla da işin olmasın.

Əsgər Musa əl-İbrahimiyə baxdı. Musa başı ilə işarə etdi ki, gedə bilərsən, arxasınca, – bayquşu rahat buraxın, qoy ulasın, – istehza ilə dedi.

Əsgər çadırı tərk etdi. Bayaqdan bəri yata bilməyib, yerində qurcalanan Əl-İbrahimi bayquşun ulamasına diqqət kəsilmişdi. İndi bu səs onu xumarlandırırdı, sanki bayquş öz balalarına deyil, ona da laylay çalırdı…

Qeys sübh tezdən oyandı. Musa da gümrah və şən görünürdü. Dəstəmaz alıb namazlarını qılandan sonra Qeys soruşdu:

– Gecəni necə yatdın?

– Bayquşun laylasıyla. Çoxdandır, belə rahat yatmamışdım…

Xeyli yol qət edəndən sonra atlardan enib dincəlmək qərarına gəldilər. Qeys iri gövdəli çinara söykənib gözlərini yumdu. Xəyalən Leylinin incə belinə sarılıb, alnını alnına qoydu. “Qeys, öz meşəmizə nə zaman qayıdacağıq?” Ayaqlarına nəsə xəfifcə toxundu. Hər ikisi diksinib aşağı baxdı. Bir bala qurbağa atılıb, palıdın arxasında gözdən itdi. Leyli: – görəsən, bu öz gölməçəsini qoyub burda nə axtarır? – dedi. Qeys:

– Bala qurbağadır, azıb gəlib, bir azdan anası onu səsləyəcək, o da səsinə səs verəcək, bir-birini tapacaqlar.

– Qurbağaları heç sevmirəm. Gözəl deyillər.

– Elə düşünmə, Leyli. Bəlkə, biz də qurbağalara çirkin görünürük. Allahın yaratdığı hər şeydə sevgi var. Sən belə gözəl olmasaydın da, mən səni sevəcəkdim. Uca Rəbbimiz hər şeyi müxtəlif yaradıb. Bizim meşədə ağaclar, güllər bir başqa, burda bir başqadır. Yer üzündə gör nə qədər rəng, bir-birindən seçilən insanlar, canlılar, mənzərələr var. Bax, dünya fərqliliklə gözəldir.

Qeys gözlərini açdı. Buludlar çox yaxında, tərtəmiz və maviydi. Leyli ona buludların arasından baxırdı:

– Səni sevirəm, Qeys, həmişə yanındayam. Mən sənin qoruyucu mələyinəm…

Bəbir nəriltisi Qeysi xəyaldan ayırdı. Hərə bir tərəfə qaçışıb, silahına əl atdı. İri cüssəli bəbir əsgərlərdən birinin qolundan gəmirib yerlə sürüməyə çalışırdı. Oxçular bəbiri nişan almağa, əsgərlər isə hər tərəfdən qılıncla vurmağa çalışırdılar. Qeys irəli atılıb: – Durun, kənara çəkilin!, – dedi. Əsgərlər geri çəkildilər. Qeys bəbirə yaxınlaşıb onun alnını, boynunu sığalladı. Xoşallanan bəbir əsgərin qolunu buraxıb pəncələrini Qeysin sinəsinə qoyub üz-gözünü yalayırdı.

Gördüklərindən hər kəsin nitqi qurumuşdu. Musa əl-İbrahimi heyrətini gizlədə bilmədi, Nofələ: – Vallah, Qeys hamımızdan güclü və ağıllıdır, – dedi.

Bir az məsafə qət etdikdən sonra onları iki bələdçi gözləyirdi. Valid ibn Tarifinin yerini dəqiq öyrənmişdilər.

Gecə pusqu qurdular. Tarifini və yanındakı adamlarını tərksilah edib ələ keçirdilər. Tutulanların qollarını kəndirləyib, atlarının arxasınca çəkərək Bərdəyə yol aldılar…

***

Müləvvəhlə Rüqəyya öz aralarında qərar verib, səfərdən qayıdan kimi ibn Salamın ölüm xəbərini Qeysə çatdırdılar. Sanki heç nə eşitmirmiş kimi susan Qeys oturduğu yerdə sakitcə Bəbirxanla oynamağa davam edirdi. Onların ziyarətdə olduğu vaxt Rüqəyya körpə bəbirə yaxşı baxmış, o da əməlli-başlı böyüyüb ətə-qana gəlmişdi.

İbn Salamın ölüm xəbərinə sevinəcəyini düşündüyü Qeysin belə münasibəti Müləvvəhi təəccübləndirdi.

– Oğlum, “İbn Salam öldü” deyirəm, sənin Leylin dul qaldı. Artıq evlənməyinizə heç nə mane olmaz.

Qeys susurdu. Atasının səbir kasası daşdı.

– Oğlum, sən Leyli ilə evlənmək istəmirsən?

Yenə də cavab vermədiyini görüb, lap yaxınına gəldi və üzbəüz durdu.

– Qeys, sən Leylini istəmirsən daha? Leylidən danışıram, İbn Salamın evində olan Leylidən.

Qeys Bəbirxanı bir kənara qoyub ayağa qalxdı:

– Ata, sən kimdən danışırsan?

– Leylidən, oğlum, Leylidən. Deyirəm ki, ibn Salam ölüb, Leyli dul qalıb.

– Sən başqa Leylidən danışırsan yəqin. Mənim Leylim mənimlədir, yəqin səhv salırsan.

Müləvvəhin qolları yanına düşdü. Otaqdan çıxıb nigaranlıqla üzünə baxan arvadına “Oğlumuz, doğrudan da, Məcnundur, Rüqəyya” deyib çarəsizcə hönkürdü.

Səhər Rüqəyya oğlunu yuxudan oyatmaq istəyəndə otağını boş gördü. Dan yeri sökülmədən Qeys Bəbirxanı da götürüb getmişdi…

Leyli sübh tezdən hər taqqıltıya, səsə həyəcanlanıb qapıya qaçır, Qeysin onun dalınca gəldiyini düşünürdü. Beləcə, gün ərzində, bəlkə də, yüz dəfə qapıya gedib-qayıtdı, Qeysdən xəbər-ətər yox idi. Valideynləri onun havalanıb ağlını itirdiyini düşünürdülər.

Fəttah yatağına çöküb, başını əlləri arasına aldı. “Mən Qeysi cünun bilirdim. Bu qız ondan da dəlidir ki! Allah, sən özün kömək ol! Müləvvəhə dediklərim öz başıma gəldi…” Fəttah ah-vay edir, əl açıb yalvarır, gah da günahkar arayırdı: “İndi mən nə edəcəm? Bütün qəbilənin üzünə necə baxacam? Bütün günahlar o alçaq Nofəldədir! Nofəl olmasaydı, İbn Salam ölməyəcək, qızım da bədbəxt olmayacaqdı!..”

Mədrəsədə Zeyd Qeysin yenə yoxa çıxdığını Ayişəyə xəbər verdi: “Bilmirəm hara gedib. Yəqin ki, yenə də Şirvan düzünə getdi”. Ayişə zavallı xalası qızının halının nə olacağını düşünüb susdu.

Dərs başladı, Əhməd ibn Harun əl-Bərdəinin səsi gəldi:

– Bütün sevgilər Allaha olan sevgidir, bütün yollar Allah yoludur. Anaya, ataya sevgi, bir qıza, qadına sevgi, vətənə sevgi – hamısı Allah sevgisidir. İnsan Allahın nurundan bir zərrədir və sevilən də o zərrədir, o işıqdır. Yol Allaha aparmırsa, yarım qalır…

Dərsdən birlikdə çıxdılar. Qeysin çıxıb getməsi yazıq Leyliyə dərd olacaqdı. Ayişə bu xəbəri xalası qızına necə çatdıracağını bilmirdi. Zeyd Ayişənin kədərli çöhrəsinə baxıb təsəlli üçün nəsə demək istəsə də, söz tapmırdı. Meh qızın saçlarını salxım söyüdün budaqları kimi titrədirdi. Zeyd ixtiyarsız arxadan xəfifcə onun saçlarına toxundu. Ayişə uzun saçlarının ucunda hiss etdiyi zərif toxunuşdan həyəcanlandı. Külək bircə an güclənib Ayişənin tellərini dağıtdı. Ani toxunuşdan yaranan hərarət tez də uçub getdi. Zeydin onun saçlarına təsadüfənmi toxunduğunu, yoxsa cəsarəti davam gətirmədiyindən əlini tez çəkdiyini ayırd edə bilmədi. Çiyninin üstündən ehmalca dönüb baxdı, Zeyd əllərini yanına salıb addımlayırdı.

– Zeyd… o ilk gün Qeysin Leylini necə qucaqladığı yadındadır?

– Yadımdadır…

– Yəqin dəlilər adamı elə qucaqlayır?

– Bilmirəm, mən Qeysdən başqa dəli görməmişəm…

Ayişənin yanaqları qızardı, qeyri-ixtiyari ağzından çıxan sözlərdən utandı. Qız sanki Zeydə “sən də məni Qeys kimi qucaqlaya bilərsənmi?” demişdi. Qeys Leylini qucaqlayarkən ətrafa yayılan alovun istisi sanki qızı qarsımışdı. Elə o gündən həmişə düşünmüşdü, görəsən, Zeyddə də bu alovdan varmı?

Zeyd yenə çox məyus idi. Arxadan Ayişənin qamətini, saçlarını süzdü. “Mənə ki Məcnun demirlər. Zalım oğlu zalım, dünyanı alovun ağzına verib, özü də gedib səhralıqda sülənir. Nə dəxli var necə qucaqlayırsan…” Həmin günü, Qeysin mədrəsədəki hər kəsi unudub Leylini arxayın-arxayın bağrına basdığı anı xatırladı, Ayişənin də elə qucaqlanmaq istədiyini düşünəndə qısqanclıqdan üzünü istilik basdı. Hirslə “kaş, mən də Ayişəni elə qucaqlaya biləydim. Mənə də Məcnun deyəydilər, onda Ayişə dəyərimi anlar, fikri-xəyalı başqasının qucaqlaşmasında qalmazdı” düşündü. Qəzəbindən elə bildi başından tüstü çıxdı. Qızın xoşuna gəlmək üçün əlüstü bir yalan uydurdu:

– Nofəl məni Bərdəyə aparacaq, – qızın onunla qürur duyacağı, xoş söz deyəcəyi ümidilə üzünə zilləndi. Ayişə onu sanki eşitmirdi, xəyalı burdan çox uzaqlarda idi. Zeyd qızın halından fikrinin o ilk dərs günündə qaldığını, həmin o qucaqlaşmanı düşündüyünü anladı.

“Qeys, Qeys, Qeys! Dilindən düşmür. Nə böyük hünər edib, axı?! Qızı hamının gözü qarşısında qucaqlayıbmış! Bunun nəyi qəhrəmanlıqdır ki?! İnsan öz məhrəm bildiyini niyə hamının qarşısında qucaqlamaq istəsin, axı?! Guya imkan versə, mən Ayişəni pis qucaqlayaram?” Özünün “imkan versə” sözünü bir də düşündü. Məsələnin elə bu ikicə kəlmə məqamında olduğunu anlayıb, fikirlərinin istiqamətini dəyişdi. “Kaş, Nofəl doğrudan məni Bərdəyə apara. Mən sənin doğmaca əmin oğluyam, amma Qeysi məndən doğma bilirsən özünə. Hətta onu mənə tapşırırsan. Başı xarab olmasaydı, əlbəttə, Qeysi aparacaqdın yanına. Özün kimi sərkərdə yetişdirəcəkdin. Mənə də deyəcəkdin ki, yanında ol, Zeyd, silahını daşı…” – Nofəlin arxasınca asıb-kəsdi. “Fəttah ibn Şeybaniyə daha yaxın olmalıyam. Mənim Bərdəyə yolumu Qeys özü açacaq. Arada gərək səhralığa gedim, Nofələ ondan xəbər aparım. Qeysin çayların bulanıq suyunu içdiyini, heyvanlarla söhbətləşdiyini deyəcəm. Qoy, Nofəl ondan əlini tamamən üzsün. Yalnız belə mənə yol açılar…”

Yenə Ayişənin üzünə baxdı, qız elə bil onun yanında olduğunu hiss etmirdi, sanki bu yolu təkbaşına gedirmiş kimi öz fikir-xəyal aləmindəydi. Zeyd qayğıkeşliklə “üşümürsən ki?” soruşdu. Ayişə düşündü, guya üşüdüyünü desə, nə olacaq ki?! Sakitcə oğlanın üzünə baxdı. Daha Zeydin seyrək saqqalı da əvvəlki kimi ona buxur ətrini xatırlatmır, qumun arasından çıxan adda-budda qara tikanlara oxşayırdı. Ayişə dərindən köks ötürüb, “çatdım” deyə sağollaşdı.

***

Qeys atını çapıb meşəyə girər-girməz meşə dərvişləri ağ atlı mələyin geri qayıtdığını görüb, səssizcə qoşa çinara tərəf yollandılar. Amma onların mələk sandıqları ağ atlı bu dəfə meşəyə tək gəlmişdi. Çinarlar yarpaqlarını tərpədib, Qeysi salamladılar. Ana ceyran sürüsünü qoşa çinarın yaxınlığına gətirdi, Ata bəbir qayalığın üstündən nərildəyib, onu salamladı. Neçə müddətdən sonra ilk dəfə Qeys özünü evində hiss edirdi. Bəbirxan da özünü artıq buraların sahibi kimi aparır, sevinclə atılıb-düşürdü.

Meşə dərvişləri səssiz-səmirsiz qoşa çinara sarı gəldilər. Çiyinlərindən asılı çantadan meyvə, giləmeyvə çıxarıb Qeysin önünə qoydular, Bəbirxana da çantalarından çiy balıq verdilər. Önündəkilərdən yeyib, təşəkkür etmək üçün arxaya döndü. Dərvişlər getmişdilər.

Hər şeyi Leyli ilə bölüşürdü, onunla danışırdı: “Bura gözəldir, amma buranı hər kəs bilir. Nofəl gəlib bizi burda yenə də tapacaq. Məncə, səhralıq tərəfə getməliyik, orda olduğumuz ağıllarına gəlməz. Hər bir halda, yerimizi dəyişməliyik, bizi kimsə tapa bilməsin. Yoxsa gec-tez bizi burda da rahat buraxmayacaqlar”. (Füzulinin xəyalilə təsəllidir misrası)

“Qeys, bax gör bu çinarlar bizi necə sevirlər. Gəldiyimizdən bəri yarpaqları toy-bayram edir. Hələ mən Ana ceyranı, Ata bəbiri, burdakı digər ceyran-cüyür sürülərini, bəbirləri demirəm. Onlar bizim ailəmizdir, ailəmizi qoyub burdan necə gedək?” Leyli doğru deyirdi, bu meşənin sakinləri onların ailəsi idi, amma Qeys düşünürdü ki, nə qədər ki onlar burdadır, digər canlılar üçün də təhlükə var, deməkdir.

“Leyli, bizim arxamızca gələnlər onlara da ziyan verər. Bir də ki, biz getdiyimiz yerə onlar da gələcək. Gəlmək istəməyənlərə isə, demək, bura yaxşıdır. Xoşbəxt və gözəl həyat yaşamaq üçün azad olmaq lazımdır. Yolumuz özümüzün, ruhumuz sərbəst, kiminsə istəklərindən asılı olmamalıdır. Hər kəs Allahın qulu olmaqdan başqa, kimsə kimsənin qulu olmamalıdır”.

“Mən sənin qulunam, Qeys”.

“Mən də sənin qulun, Leyli. Amma biz bir bədən, bir quluq. Bizim ruhumuz eşqimizdir. Eşqin qulu olmaq – Allahın ən sadiq qulu olmaqdır, Leyli”.

“Həyat gözəldir belə”.

“Dünya, kainat gözəldir belə”.

“Səni sevirəm, Qeys”.

“Səni sevirəm, Leyli”.

Qeysin əlləri göyə ucaldı. Buludların arasından dümdüz axan ağ işıq onu büsbütün bürüdü, “sizi sevirəm” dedi. “Səni sevirik, Allahım!”

Qeys atının üzəngisindən yapışıb, meşənin dərinliyinə doğru addımladı. Bəbirxan da yanına düşüb ondan geri qalmamağa çalışırdı. Qeys arxadan səs eşidib çevrildi. Ana ceyran, Ata bəbir hərəsi öz sürüsü ilə dalınca gəlirdilər. Quşlar başının üstündə cəh-cəh vurur, onun yolunun bərabərində göydə qanad çalırdılar. Sağda meşə dərvişləri, solda su dərvişləri sıra ilə düzülüb ağ atlı mələyin getdiyi istiqamətə üz tutmuşdular.

Qalın meşə ortadan səhranı dövrəyə almışdı. Dərvişlər irəli qaçıb, iki təpənin qumunu sağa-sola dağıtmağa başladılar. Altından daşlardan oyulmuş böyük saray qapısı çıxdı. Qapını çəkib açdılar, əlləri ilə Qeysə buyur etdilər. Qeys atı və bəbiri ilə içəri keçdi. Bura qumun altında bir saray olsa da, hər tərəfi ağ işıq saçır, başının üzərində tər-təmiz səma görünürdü.

“Bura bizim gizli yerimiz olsun, Leyli. Daha bizi kimsə tapa bilməz”.

***

Müləvvəh oğlunun ardınca getməyin də, onu qaytarıb gətirməyin də mənasız olduğunu anlamışdı. Gecə-gündüz ah-vay edib qan-yaş tökən Rüqəyyanı sakitləşdirməyə çalışırdı:

– O, xoşbəxtdir, öz eşqi ilə bir yerdə həyat sürür. Leylinin onunla birlikdə olduğuna inanc gətirib. Qeys burda dinib-danışmırdı, kar, kor kimi yaşayırdı. İndisə üzü gülür, bəxtiyardır. Nə edək, Allahın məsləhəti belə imiş. Ən azından bilirik ki, oğlumuz sağdır və xoşbəxtdir.

Arvadına toxtaqlıq verib, bazara yollandı. İşinə-gücünə gedib başını qatacaqdı. Qeysin məsələsini bir Allaha, bir də zamana buraxmışdı. Yol boyu rastlaşdığı adamlar ona salam verir, bəziləri isə görməzdən gəlirdi. Amma elə bircə addım aralanmamış qulağına pıçıltılar gəlirdi:

– Deyirlər, ceyranlarla otlayır.

– Bəbiri əhliləşdirib.

– Yatağı güllər və otlardır.

– Necə oldu ki, Məcnun oldu?

– Doğrudan, ağlını tamam itirib?

– Leylidən başqa qız yoxdu ki?!

– Ağır dərddir, yazıq ata buna necə dözsün?!

– İndiyə kimi ürəyi partlamayıb, möhkəm adamdır.

– Mən elə oğulu döyə-döyə evə gətirərdim…

Suallar, tənələr, acıyan baxışlar, dedi-qodular… Müləvvəh evindən bazara qədər olan məsafəni necə gəldiyini anlamadı. Onu öldürsə, Qeysin dərdi yox, insanların sualları, tənələri, bir də özü yazıq olub, onun halına acıyanların baxışları öldürəcəkdi.

      “Kaş, siz də Qeys kimi sevə biləydiniz”, dodaqaltı deyinib özünü toparladı, başını dik tutub, yoluna davam etdi.

Qeysin səhralığa getməsindən çox keçmişdi. Zeyd hələ də rahatlıq tapa bilmirdi: “Adam da meşədə, səhralıqda bu qədər ac-susuz qala bilər? Hamı Məcnunun saç-saqqalından danışır. Sanki bizim saçımız, saqqalımız yoxdur. Atama bax, mənə deyir sən gedib kimə oxşadın, üzündə beş-altı tük bitir. Görəsən, onun saqqalı çox uzanıb?…” Bir də ayıldı ki, Qeysgilin evinin qarşısındadır. Rüqəyya onu içəri dəvət etdi. Yazıq ana oğlu gedəndən xeyli qocalmış, qaməti bükülmüşdü.

İçəridə Qeysin dayısı Səlim Amiri də əyləşmişdi. Salamlaşıb görüşdülər. Qaşlarını çatan Amiri baxışları ilə sanki Zeydi məzəmmət edir, “sən buna necə yol verdin?” deyə soruşurdu. Zeyd sanki Səlimin zəhmini yumşaltmaq üçün dedi:

– Sabah gedəcəm Qeysin yanına, görüm necədir? Təkbaşına, kim bilir, nə əziyyətlər çəkir.

– Sən ora təkbaşına getmə. O qədər vəhşi heyvanlar var ki… Mən də gedəcəm, birlikdə gedərik. Sabah sübhdən yola düşərik. Burda, evin önündə səni gözləyəcəm.

Rüqəyya əl-ayağa düşdü: – Mən də yemək hazırlayım, balam orda ac-susuz qalıb, apararsız, – deyib hönkürdü.

Yol boyu Səlim Amiri dinib-danışmırdı. Zeyd hiss edirdi ki, o, ürəyində nəsə götür-qoy edir, amma düşüncələrini sözə çevirməyə tələsmir. Handan-hana boğazını arıtlayıb boğuq, qısıq səslə dilləndi:

– Dəli şeytan deyir, bu axmağı qol-boyun edib evə gətirək. Ölsə də, gözümüzün qabağında ölsün. Yoxsa qurd-quşa yem olub gedəcək, yazıq bacım bu dərdə dözməyəcək…

Zeydin cavabı gecikmədi:

– Dağ boyda Nofəl gətirmişdi də. Yenə də qaçıb getdi. Özxoşuna qayıtmasa, xeyri yoxdu.

Amirinin əsəbdən səsi titrəyirdi:

– Qələt edir, onu gətirib bağlı yerdə saxlamaq lazımdır, ağlı başına gələr. Uşağı başlı-başına buraxsan, çox şey istəyər. Bütün günahlar Müləvvəhdədir. Belə də uşaq böyüdərlər?! Mən arvadımın üzünü kəbin günü gördüm, halbuki qonşu qəbilədəndi. Adama deyərlər, sən çadranın altında necə gördün, necə sevdin bu qızı?

– Məktəbdə hamının üzü açıq olur.

– Odur da, başı xarab olub. Görməyib, görməyib birdən görmək lap pis…

Amiri susdu. Anladı ki, çox dərinə getsə, Zeydin də beyni qarışacaq. Onsuz da yol boyu nə qədər ağıllı görünməyə çalışsa da, görünürdü ki, atası Səiddən heç nə ilə fərqlənmir. O boyda Nofəlin əmisi olsa da, qəbilədə işi ondan buna, bundan ona söz aparmaqdı…

Hava qaralmamış meşəlik ərazini adlayıb səhraya keçməliydilər. Qeysi orda tapmağa ümidli idilər. Amma sıx meşəlikdə tələyə düşdülər, üzərlərinə atılan tor onları bir anın içində bir-birinə sıxdı. Nə baş verdiyini anlamırdılar. Bir dəstə yaşıl yarpaqlı libasa bürünmüş adam əl-qollarını bağlayıb, onları torpaq qazmaya gətirdilər. Burada daha dörd-beş əsir də vardı, almacıq sümükləri çıxmışdı, qabırğaları üzdən görünürdü. Səlim Amiri diqqətlə bu adamları süzdü, aralarında Qeys yox idi.

– Siz kimsiz? Bizi bura gətirənlər kimdir? – Amiriyə fikir verən olmadı.

– Diliniz yoxdu? Cavab verin də.

İçəridəkilər bir-birinə baxdılar. Onlardan biri başının işarəsi ilə sanki “danışmaq olar” dedi və özü də Amirinin sualına cavab verdi:

– Gördüyün kimi məxluqatıq.

Amiri əsəbiləşdi:

– Allah olmadığınız zatən sir-sifətinizdən bəllidir. Məxluqat olmağına məxluqatsız, danışmağınızdan da görürəm ki, bizlərdən birisiniz. Elə isə işıqlı dünyanı qoyub, bu komada nə işiniz var?

– Guya öz xoşumuzla oturmuşuq, – istehza ilə dedi, – oturduğumuz da ki, elə indidir, günbatandan bu yana. Səhərin sübhündən indiyə kimi arı kimi işlədirlər bizi.

Səlimi maraq götürdü: – İşinizin adı nədir ki?

– Hər gün bütün ağacları, gülləri, otları öpürük.

Amiri dəli kimi qəhqəhə çəkdi:

– Bu necə işdir? Bu qədər ağacı, gülü, otu öpüb qurtarmaq olar? Dodaqlarınız qabar olar ki. – Hələ də deyilənlərin zarafat olduğunu düşünürdü, maraq dolu baxışlarını dustaqların üzündə gəzdirdi.

– Məncə, daha onları öpməsək, dayana bilmərik. Mən özümü on beş yaşımdakı kimi hiss edirəm. Nə vaxtsa qovmasalar, burdan heç getmərəm. – Biri pıçıltı qədər astadan dilləndi. Elə bu cavaba bənd imiş kimi hamısının dili açıldı. Dil boğaza qoymadan hərəsi öz dərdini danışırdı.

Aralarında ən yaşlı görünənin ürəyi lap dolu idi: – Mən qırx ildir, ağamın karvanını qoruyurdum. O varlandıqca mən qocalıb əldən düşürdüm. İndi də qayıtsam, məni qovacaq ki, dediyimi eləmədiniz, rədd olun.

– Sənin ağan kimiydi ki?

– O bizim hamımızın ağası idi. İbn Salamdır adı. Bizi Leylini qaçırmaq üçün göndərmişdi. Amma bizim özümüzü bu meşə dərvişləri “hop” deyə elə götürdülər ki, heç ruhumuz da incimədi. Öldükmü, qaldıqmı, İbn Salam heç maraqlanmadı da. Burda ağacların arasında ölmək daha yaxşıdır.

– Bəs, Leylidən, Qeysdən xəbəriniz var?

– Bilmirik, heç bir məlumatımız yoxdur. Meşə dərvişləri bizi bir addım da gözdən qoymurlar.

Yosh cheklamasi:
16+
Litresda chiqarilgan sana:
17 fevral 2024
Yozilgan sana:
2024
Hajm:
130 Sahifa 1 tasvir
Mualliflik huquqi egasi:
Автор
Формат скачивания:
epub, fb2, fb3, ios.epub, mobi, pdf, txt, zip

Ushbu kitob bilan o'qiladi