Kitobni o'qish: «Leyli və Məcnun», sahifa 4

Shrift:

Nə vaxtdır övladlarını görməyən Müləvvəhlə Rüqəyyanın evində də bayram idi. Anası gedib-gəlib oğluna sarılır, bu müddət ərzində dəyişmiş, böyümüş, kişiləşmiş Qeysə baxmaqdan doymur, “boyuna qurban, ay bala” deyə sevib-əzizləyir, qarşısına cürbəcür yeməklər düzür, hamısından yeməsi üçün israr edirdi. Nofəl Müləvvəhin sual dolu baxışlarını görüb dedi:

– Mən cavanlara söz vermişəm ki, onlara kəbin kəsdirəcəm. Məncə, daha Fəttah da səhvini başa düşüb. Qızı Qeysi bu qədər sevirsə, başqa yolu da yoxdur. Siz də hazırlaşın, onları evləndirək.

Səhəri gün Qeys mədrəsəyə gedəndə Zeyd uzaqdan görüb sevindiyindən qaça-qaça ona yaxınlaşdı:

– Xoş gəldin, Qeys. Harda idin?… Gör bir nə qədər vaxt keçib? Müəllimimiz bizə xeyli dərs keçib, çox şey öyrədib… Burda sənin haqqında hərə bir söz danışırdı. Sən niyə mədrəsəyə gəlmirdin?

Qeys dinməyib sadəcə gülümsəyir, suallarına cavab ala bilməyən dostu dil boğaza qoymadan danışır, sanki bu müddətdə olub-keçən hər şeyi birnəfəsə çatdırmağa çalışırdı. Qeys isə bu şəhərdən, bu adamlardan çox uzaqda – sevgilisi ilə birlikdə idi: yenə ağacların əhatələdiyi gölün yaşıl sularında üzür, bir-birinə sarılıb öpüşür, ceyranlara, cüyürlərə qoşulub meşəni gəzirdilər. Yenə də hər gün öz əlləri ilə ən gözəl, rəngarəng çiçəklərdən Leylisinə çələng hörür, başını sevgilisinin dizlərinə qoyub alnında, üzündə gəzən incə barmaqların arasından ağ-mavi buludları izləyir, bir-birinə şeir, mahnı oxuyurdular…

Yalnız Əhməd əl-Bərdəini görəndə mədrəsəyə çatdıqlarının fərqinə vardı. Müəlliminə yaxınlaşıb ədəb-ərkanla salamlaşdı.

– Səyahətin necə keçdi?

Qeys xəfifcə gülümsədi. Bəndovanda kimsə onun şəhərdə olmadığını bilmirdi. Amma müəllimi arif adamdı, gözündən heç nə yayınmazdı, ona yalan demək sayğısızlıq olardı.

– Əslində, səyahət deməzdim. Amma dünyanı tanımaq çox gözəldi, müəllim. Sən demə, dünya biz düşündüyümüzdən çox, lap çox gözəlmiş. Çox uzaqda deyil, elə yaxınımızda, ətrafımızda nə qədər gözəlliklər varmış…

Əl-Bərdəi tələbəsinin nurlu üzünə baxır, sözlərinə qulaq verdikcə onunla qürur duyurdu.

– Elədir, Qeys, Cənnət çox yaxındadır. Hər kəndimizdə, hər obamızda. Azərbaycan özü bir cənnətdir.

– İnsan cənnətini öz içində gəzdirməsə, hara gedirsə-getsin, hər yer ona cəhənnəm olar… İnsanların əksəriyyəti nə burda cənnətdə yaşaya bilir, nə də əbədi cənnəti qazanmaq üçün addım atır. Orda, meşədə isə heyvanlar bir-birinə insanlardan daha mehribandır.

Qeysin səsi sanki çox uzaqdan gəlirdi, müəllimi ilə üz-üzə dayanıb danışsa da, baxışları onu ələ verirdi.

Qeys sinif otağına girən kimi gözləri Leylini aradı – yenə gəlməmişdi. Gələcəyinə ümidini kəsəndə Zeydə döndü:

– Leyliyə məktub yazacam. Ver Ayişəyə, ona çatdırsın.

Kağızı önünə qoyanda isə anladı ki, məktubu yaza bilməyəcək. Nə yazsın, Leylinin bilmədiyi nə desin? Bir insan sənin canına, qanına hopubsa, ona necə məktub yazmaq olar? Sadəcə, içində pıçılda, o səni eşidəcək, düşün, fikrini oxuyacaq, cismən lap uzaqlara get, harda olursan ol, o səninlədir. O və sən birləşmisiniz artıq, iki ürək bir ürək kimi vurur, iki beyin bir beyin kimi düşünür. Sən ona məktub yaza bilməzsən. Yazmaq istədiyin hər kəlmə anındaca ona çatır. Sən ondasan, o səndə. Sənə məktub yaza bilmərəm, Leylim…

Dərsdən sonra Zeydi evlərinə dəvət etdi. Rüqəyya ana Bəbirxana dəvə südü içirirdi. Zeyd körpə bəbirin gözəlliyinə heyran oldu, xeyli oynadılar. Qeysgildən çıxanda Ayişə ilə həmişə görüşdüyü sərv ağacının yanına gəldi.

Qeys dostunu yola salandan sonra hündür bir sərvə söykənib xəyala dalmışdı. Yaxında Leyli ilə nikahları kəsiləcəkdi. Hər gün birlikdə mədrəsəyə gedəcəkdilər. Nə qədər maraqlı şeylər öyrənəcək, elmə yiyələnəcəkdilər. Leyli ilə harda təbiət var, oranı gəzib-dolaşacaqdılar. Heyvanların, quşların, balıqların, ağacların, güllərin, otların yaşamını öyrənəcək, bütün təbiəti qoruyacaqdılar. Uzaqdan görünən qadın onu xəyaldan ayırdı. Qadın tanış gəlməsə də, onunla daban-dabana addımlayan qara kölgə çox tanış idi. Amma daha əvvəlki kimi, qara kölgə görəndə qorxub titrəmədi. Qadın lap yaxına çatanda qapqara kölgə Qeysin önündə dayanıb, var gücüylə ruhuna, bədəninə sirayət etməyə çalışır, mma bircə addım da yaxına gələ bilmirdi. Qeys ruhundakı bu qoruyucu gücdən, qüvvətdən ləzzət alırdı. Leylinin həmişə onunla olan ətri, işığı öz işığı ilə birləşib o qədər güclənmişdi ki, yer üzündəki bütün qara kölgələr toplaşıb üstünə gəlsəydi belə, yenə də Qeysi qorxuda bilməzdilər. Bir vaxtlar qara kölgədən qorxub, doğma işıq, kömək axtaran Qeys indi içindəki bu işıqla bütün qaranlıqları əridəcək gücdə olduğunun fərqində idi. Nə qədər ki Leyli onda idi, güclüydü Qeys.

Qara kölgəli qadın yaxınlaşıb salam verdi: – Böyüyüb sərv boylu oğul olmusan, Qeys. Məni, yəqin ki, tanımazsan. Hardan tanıyacaqsan, çox körpə idin.

Qeys maraqla qadına baxıb, beynini qurcaladı. Nə illah eləsə də, qadını tanıya bilmədi.

– Mən Səliməyəm, körpəliyində sənə dayəlik etmişəm.

– Çox sağ olun, yəqin üstümdə əziyyətiniz çox olub. Haqqınızı halal edin. Sizə necə kömək edə bilərəm?

Üzünü örtüklə qapatmış qadının yalnız gözləri görünürdü. O bomboz torlu gözlərdən sanki bir qadın deyil, min ölü baxırdı.

– Üzümü açıb səni qorxutmaq istəmirəm, Qeys. Mən cəhənnəmdəki ölülərdən də pis vəziyyətdəyəm. Bunu əlacsızlıqdan yalnız sənə deyirəm… Mən sizdən ayrılandan sonra cüzam oldum. Mənə kömək elə, buralardan lap uzaqlara gedim, məni kimsə tanımasın…

Qeys heç bir şey demədən səhər atasının cibinə qoyduğu qızıl pulları çıxarıb qadının ovcuna tökdü. Səlimə diz çöküb onun ayaqlarına qapandı. Həmişə mərhəmətli olan Qeys indi heç nə hiss etmir, qadına acımırdı belə. Yenə heç nə demədən bir addım geri çəkilib, xəfifcə gülümsədi. Qadın qalxıb uzaqlaşdı, bir neçə addım gedib arxaya dönəndə Qeys onun bomboz gözlərindən axıb-tökülən nifrəti aydın gördü. Qara kölgəsi yorğun-yorğun dalınca sürünürdü.

Ayişə görüşə çox tədirgin və bikef gəlmişdi: (burda Qeysadən Zeydə keçid anlaşlılmaz oldu)

– Çox pis şeylər oldu, Zeyd. Yazıq Leyli bu dərdə necə dözəcək?

Zeydin səbir kasası daşdı. Leylinin başında nəsə bir fəlakət olduğunu düşünüb Ayişəni tələsdirdi: – Ayişə, adamın ürəyini partlatma, de görüm, nolub Leyliyə?

– Dünən Nofəl onları gətirəndən sonra gecə ilə kəbin kəsdirib Leylini ibn Salam adlı bir tacirə ərə verdilər. Leyli indi ibn Salamın evindədir. Lökbatanda özünə böyük ev tikdirib. Xalam deyir ki, evin ətrafında xeyli yaraqlı keşik çəkir. Yazıq xalam burda pərişandır, Leyli də orda. Qeys hələ bilmir. Eşitsə, Allah bilir, nə edəcək.

– Ayişə, sən qaç Qeysgilə. Rüqəyya anaya çatdır bu xəbəri, qoy bilsinlər, – Zeyd tələsik tədbir tökdü. – Birdən Qeys onlardan xəbərsiz hərəkət edər. Mən isə təcili Nofələ xəbər verməliyəm.

Əmisi oğlunun gətirdiyi bu qara xəbərdən Nofəlin dünyası başına yıxıldı. Axı, o Qeyslə Leyliyə söz vermişdi ki, onların kəbinini kəsdirəcək. Dünən niyyətini qızın atasına da bəyan etmişdi. Fəttah hansı cürətlə belə bir addım atıb? Deyək ki, Müləvvəhi də, məni də heçə saydılar, bəs qızın rizası olmadan bunu necə edə bilərlər? İndi mən Qeysin üzünə necə baxacam? – Nofəl kimsəyə bir söz demədən öz içində ah-vay edirdi: “Mənə deməzmi ki, bizi sən bura gətirdin, sən ayırdın? Biz Leyli ilə bir yerdə deyildikmi? Biz ikimiz xoşbəxt, cənnət kimi bir yerdə rahat yaşamırdıqmı? Sən bizi bura Leylini İbn Salama ərə versinlər deyə gətirmisən? Nofəl içindən Qeysin qəzəbli suallarını eşidir, heç birinə cavab verə bilmirdi. Mən onları ayırdım, onlar gəlmək istəmirdilər. Mən nə etdim, İlahi!”

Atlanıb döyüşçüləri ilə birgə üzü Lökbatana, İbn Salamın iqamətgahına doğru çapdı.

Ayişə özünü Rüqəyya anaya çatdırıb olub-keçənləri danışdı. Qadın ağlaya-ağlaya Leylinin ərə verildiyini Müləvvəhə, o da Qeysə söylədi.

– Oğlum, görürsənmi, bax Fəttah da, onun qızı da qədirbilməzdirlər. Alma ağacından ayrı düşməz. Ot kökü üstə bitər. Gəldiyindən bir gün keçməmiş ərə getdi. Sən nur topu kimi oğulsan. Boyun əkdiyim sərvlərə çatır. Sən Leylidən daha yaxşısına layiqsən. Məncə, böyük Allah nə edirsə, xeyrə edir. Bəlkə də, Leyli ilə evlənməyin irəlidə sənə bədbəxtlik gətirəcəkdi. Şükürlər olsun Allahın böyüklüyünə. O adil Allah bizi darda qoymur.

Qeys sakitcə dayanıb dinləsə də, qulaqlarında Leylinin ağlamasından, “Qeys, Qeys…” deyə çağırmasından başqa heç nə eşidə bilmirdi.

– Oğlum, elə günü sabah ziyarət üçün Kəbəyə yola düşək. Gözümün nuru oğlum, Allaha ən yaxın olan o müqəddəs məkanda dua edib yalvaracam ki, o Gözəgörünməz özü sənə ən düzgün yolu göstərsin, səni qorusun. Əziz oğlum, inan mənə, sən başqa bir qızla daha xoşbəxt olacaqsan. – Qeysin içində Leyli ağlayırdı, “Qeys… Qeys…” səsləri atasının səsinə qarışırdı. – Oğlum, məni qırma, səndən acizanə xahiş edirəm. Yol uzaqdır, mən də yaşlanmışam. Bu müqəddəs ziyarətimdə məni tək buraxma, oğlum.

“Qeys… Qeys… sevgilim…” deyə ağlayan Leylinin hıçqırıqları atasının səsini batırırdı. Əlini ürəyinin üstünə qoydu. Gözünün nuru Leylisi indi başqasının evində, başqasının arvadıdır. İndi onun gülən qara gözlərinə başqası baxır. İndi onun dodaqlarına başqasının dodaqları toxunur. Görəsən, əri ona çiçəklərdən çələng hörəcəkmi? Görəsən, Leyli ərinin də başını dizinə qoyub saçlarını oxşayacaq, ona mahnılar oxuyacaqmı? Gözlərindən yaş gilələndi. Bunları niyə düşünürdü? Leylinin sevgisinə, sədaqətinə niyə şübhə edirdi? Nə idi onun əl-qolunu bağlayıb sevgilisini xilas etməyə yollanmaqdan saxlayan? Dönüb baxdı, anası “balam bədbəxt oldu” deyə-deyə ağlayır, atası onunla ziyarətə getsin deyə hələ də yalvarırdı. Qeys atasının gözlərindəki yaş gilələrini görəndə ürəyi parçalandı, ilk dəfə idi onun ağladığını görürdü. Həmişə təmkinli, gülərüz, qürurlu Müləvvəh indi çox aciz və köməksiz görünürdü. Dağ boyda insan dərddən kiçilmiş, beli bükülmüşdü.

“Mənim üzümdən, hamısı mənim ucbatımdan. Mən valideynlərimə oğul olmadım, dərd oldum. Eşqim üzündən “Məcnun” dedilər, atam, anam dözdü, məni müdafiə etdi. Mənim üzümdən Fəttah kimi alçağın qapısına elçi getməyi özünə rəva bildi. Yenə mənim üzümdən o namərdin sözlərini udmağa məcbur oldu. Nə vaxta kimi mən onları incitməyə davam edəcəm, nə vaxta kimi mən anamın gözündə yaş, atamın alnında dərinləşən qırış olacam…” Əlini yenə sancan ürəyinin üstünə qoydu, bu dəfə bərk sıxdı, içindən gələn hıçqırıq səsləri və adını eşitməmək üçün…

Leylini burada qoyub müqəddəs Kəbəni ziyarətə gələcəyinə inanmasa da, Müləvvəh oğluna hələ də yalvarırdı. Dizləri üstə çökən atasının gözlərindən axan yaş artıq selə dönmüşdü. Müləvvəh sanki ömrü boyu boğduğu bütün dərdlərini bu gün ağlayırdı. Onu bu vəziyyətdə görmək Qeysi çox üzürdü:

– Ayağa qalx, ata, – Müləvvəhin çiyinlərindən tutub qaldırdı, – səni bu vəziyyətdə görmək mənə ölümdən betərdi, – deyib atasını qucaqladı. – Bağışla məni, ata, hər şey üçün bağışla. Mən sənin sözünü yerə sala bilmərəm, mən də gedəcəm səninlə Kəbə ziyarətinə. Mənim də Rəbbimizə ediləcək dualarım var.

Oğlunun ziyarətə onunla getməyə razı olması Müləvvəhin qəddini düzəltdi. Elə bil odlanıb yanan ürəyinə su səpdilər. Uçmağa qanadı yox idi. O inanırdı ki, özünün də, oğlunun da duaları qəbul olunacaq, Qeys Leylini unudub ondan əl çəkəcək, ondan da gözəl və ağıllı bir qızla özünə həyat quracaq…

Döşəyin üstünə bardaş qurub oturan Müləvvəh bir qədər toxtamış, mütəkkələrə söykənib Rüqəyya ilə sabahkı səfərdən danışırdı. Qapı döyüldü. “İnşallah, xeyirlisi olsun, görək kimdi gələn?”       Gələn Zeyd idi, Nofəlin öz dəstəsi ilə Lökbatana, İbn Salamın əlindən Leylini almaq üçün getdiyini dedi.

Müləvvəh əsəbiləşdi: – Çox nahaq yerə gedib ora Nofəl! Mənə desəydi, qoymazdım getməyə! O qız artıq başqasının halal arvadıdır! Müləvvəhin oğluna belə bir həyat yoldaşı lazım deyil!

Qeys susurdu.

– İnşallah, Qeyslə Kəbə ziyarətinə gedib gələk, Qeysi daha uyğun xanımla evləndirərik.

Qeys susurdu.

– Onun atası Qeysə “məcnun” dedi, məni hamının arasında təhqir etdi. Oğlumun xətrinə susdum. Amma Allah bilir ki, mən o ailəni heç vaxt Qeysə layiq görməmişəm.

Qeys yenə də susurdu…

Razılıq əlaməti kimi görünsə də, Leylinin uğrunda hər şeydən vaz keçən Qeysin susması çox müəmmalı idi. Sanki onu dəyişmişdilər, əvvəlki adam deyildi. Oğlunun bu müəmmalı susqunluğu büruzə verməsə də, Müləvvəhi daha çox əndişələndirir, məchul vəziyyətdə saxlayırdı.

XI fəsil

Meşənin bəzəyi olan qoşa çinar Qeys və Leylinin onların güvənli kölgəsini tərk etdiklərini anlamışdı. Kökündən tutmuş yarpaqlarına qədər hər hissəsi can dərmanı olan çinarlar həm də dünyanın ən güvənli ağaclarıdır. Meşənin iki ən yaşlı sevgili cütlüyü olan qoşa çinar Qeys və Leylinin birdən-birə yoxa çıxmalarına çox məyus olmuşdu. Yarpaq-yarpağa yaxın olduqları digər çinarlardan bir-birinə xəbər göndərmişdilər ki, onların hara getdiklərini öyrənsinlər. Meşəyə xəbər yayıldı ki, aşiqlər cəngavər atlılara qoşulub gediblər. Onların bir daha geri gəlməyəcəkləri düşüncəsi ağacları məyus edirdi.

Az sonra baş verən hadisə onları fikirdən ayırdı və ruhlarına ümid işığı tutdu. Bu yerlərdə görünməz iş idi, bu günlərdə yaxınlıqdakı göldə erkək qu quşu peyda olmuşdu. Sularda dərdli-dərdli üzüb göylərə baxaraq sevgilisini çağıran qu quşu ümidini itirib başını suların üstünə uzatdı.

Həmin gecə qoşa çinarlar bir-birinə sarılıb ağladılar, “Allahım, sevgililəri ayırma” deyə, yarpaqlı budaqlarını səmaya açıb dua etdilər. Erkək qu quşunu son gördüklərində ümidsiz halda ölümünü gözləyirdi. Qoşa çinarlar bu quşun bir işarət olduğunu anlayırdılar. Deməli, onların Qeys və Leylisini də bir-birindən ayırıblar. İndi, yəqin ki, Qeys də bu qu quşu kimi ümidsizliyə qapılıb, canını tapşırmaq istəyir. Bir-birinin göz yaşlarını yarpaqlarını tərpətməklə silən çinarlar çox istərdilər ki, adamlara təsir edə bilsinlər. Ayaqları olsaydı, Bəndovana kimi gedər, iki sevgilini ayıranlara sinə gərər, onları öz gövdələrində gizlədib kimsəyə verməzdilər. Heyif ki, əllərindən heç nə gəlmirdi. Kədər və ümidsizliyə qapılan çinarlar səhərə kimi göz yaşı tökdülər.

Kainatın ümid işığı, həyatın davam etdiyini yer üzünə ilk müjdələyən Günəş sübh şəfəqləri ilə qaranlıqları sökəndən sonra gölün üstündəki duman çəkildi. Qoşa çinarlar budaqlarını titrədib sağa-sola hərəkət etdirməklə sevinclərini bildirir, rəqs edirdilər. Suyun üzündə iki qu quşu gah sevgi rəqsi edir, ağappaq qanadlarını çırpıb, suyu bir-birinin üstünə sıçradır, gah da sakitcə üz-üzə dayanıb, dimdiklərini bir-birinə söykəyirdilər. Dünən can verən erkək quya can gəlmişdi, bir neçə saat əvvəl son damlasına kimi itirdiyi ümidi sevgilisi ilə bərabər geri dönmüşdü. Çinarlar ümidli sevinc rəqslərindən doymurdular, bu ayrılıb-qovuşan qu quşları Allahın göndərdiyi bir işarədir, demək, Qeyslə Leyli də mütləq qovuşacaqlar.

***

Bu gecə hər kəs, hətta Sayda da inanırdı ki, Nofəl Leylini İbn Salamın əlindən alıb gətirəcək. Nə qədər sərt danışsa da, Müləvvəh də, arvadı Rüqəyya da Leyli gələrdisə, qəbul edəcəkdilər, təki övladları Qeys xoşbəxt olsun.

Yaxınlaşan atlıları görən keşikçilər İbn Salamın evinin damından oxlarının yayını çəkib, gələnləri nişan aldılar. Nofəl keşikçilərə səsləndi:

– Evin böyüyü ilə danışmalıyıq. Qabağımıza çıxa bilən kimsə varmı? – Nofəlin qan tökmək, kimsəni öldürmək fikri yoxuydu. Leylini özü ilə götürüb səssiz-səmirsiz gedəcəkdilər.

Damdakı keşikçilərdən birinin barmaqları boşalırdı, yayı çəkib oxu buraxdı. Təsadüfdənmi, ya qəsdlə atdığı ox yavərlərdən birini qolundan yaraladı. Daha Nofəli kimsə dayandıra bilməzdi. Əmr etdi, evin damında gizlənmiş, ətrafını sarmış keşikçilər ox yağışına tutuldu, qılınclar işə düşdü. Qan su yerinə axır, Nofəl və döyüşçüləri amansızlaşıb heç kimi sağ buraxmırdılar. Qapını sındırıb içəri keçdilər. Nofəl gözlərinə inanmadı. Fəttah və Əl-Qasımi əllərində Quran, evin ortasında diz çöküb onu gözləyirdilər.

– Ey qəhrəmanlar qəhrəmanı, adil, qüdrətli və bütün millətin hamisi, səni and veririk bu müqəddəs Allah kəlamına, əl saxla! Bu Quranla Leylinin kəbini kəsilib, indi o, İbn Salamın halalca arvadıdır. Bizi tapdalayıb, qarışqa kimi əzə də bilərsən, amma bu Qurandan keçmə!

Nofəl bir Əl-Qasımi ilə Fəttaha, bir də əllərində tutduqları Qurana baxdı. Allahın kəlamına da, onun buyurduqlarına da ehtiramı sonsuz və şəksiz idi. “Məni nə çətin sınağa çəkdin, İlahi!” – deyə ürəyində fəryad etdi. Dövlətin içində onu dayısı ibn Məzyədin gözündən salmağa çalışan qüvvələr bununla həm də hökmdarın özünün nüfuzunu zədələmək istəyirdilər. İndi Əl-Qasımi ilə Fəttah onu elə bir seçim qarşısında qoyurdular ki, nəticəsi təkcə Nofəlin özü üçün deyil, həm də arxa-dayağı olan hökmdar dayısı üçün də ağır olacaqdı. Bütün Azərbaycana, sonra da bütün xilafətə yayacaqdılar ki, bunlar müqəddəs Quranı tapdalayıblar, Nofəl başqasının halalca arvadını zorla əlindən alıb qardaşı üçün aparıb.

Nə etsin, kimi seçsin, başına nə kül ələsin?! Axı, yazıq Qeyslə Leyli sevgilərinə sığınıb bəxtəvər ömür sürərkən onların isti aşına soyuq su qatıb o gətirdi, cəngavər sözü verdi, qürrələndi, “məgər məni tanımırsınız?” deyə təminat verdi. “Onları mən bədbəxt etdim” deyə içində səssiz-səmirsiz fəryad qopdu. Bircə anda min fikir keçdi beynindən. Qarşısında diz çökmüş bu rəzillərə baxıb-baxıb, heç bir şey deməyə haqqı olmadığı ilə barışdı və eşiyə çıxdı. Qəzəb və kədərdən boğula-boğula sakitcə adamlarına geri çəkilmək əmri verdi. Dörd nəfər ayırdı ki, onlar Bəndovana qayıdıb sabah Kəbə ziyarətinə gedəcək Müləvvəhi bütün yol boyu müşayiət etsinlər. Özü isə Bərdəyə, işinin başına döndü.

Yol boyu Nofəlin kədərdən bağrı yarılırdı, qardaşının üzünə bir daha baxmağa cürət edə biləcəkdimi? Meşədə o ilahi baxışlarla bir-birini süzən aşiqləri istəmədən olsa belə, ayırmaqla ömrünün, yəqin ki, ən böyük günahını etmədimi? “Bu nə sınaqdır, İlahi?! Hansı günahıma görə məni belə bir əzablı sınaqla cəzalandırdın? Niyə məni belə bir seçim qarşısında qoydun, Allahım? Axı, bilirdin ki, bu məqamda qardaşımın səadəti yox, sənin əmrini seçməyə məcbur qalacam”. İçindən şıltaq bir səs Nofəlin ürəyini oyurdu: “Təkcə Allah kəlamına hörmətindənmi verdin bu qərarı, yoxsa özünün və haminin hakimiyyətinə kölgə salmamaq üçün qardaşının eşqini qurban verdin?” Bayaqdan bəri dolub qalmış Nofəlin gözündən özünü tanıyandan bu zamana kimi ilk dəfə bir damla yaş süzüldü! Üsyan edən vicdanı susdurmağa çalışmaq nə ağırdır, İlahi! Bir çarə, bir kömək, bir ümid yeri kimi yenə başını göylərə qaldırıb cavab tapmaq istədi. Göy üzü bomboş idi, nə ay vardı, nə ulduzlar. Nofələ elə gəldi ki, o gün səmadakı qoşa ulduz təkcə ona göründüyü kimi, indi də bütün səma cisimləri təkcə ondan küsüb, ondan gizləniblər. Başını aşağı saldığı anda düz qarşısına düşən iki ulduz ilğım kimi sayrışdı, bircə an yanıb söndülər…

XII fəsil

Qarşıdakı uzun, keşməkeşli yolun çətinliyi nə Qeysi, nə də Müləvvəhi qorxudurdu. Ata inanırdı ki, Allah onun dualarını məhz müqəddəs məkanda eşidib qəbul edəcək, ailənin əzabları arxada qalacaq. Qeys isə bu yolçuluğa yalnız atasının sözünü yerə salmamaq üçün razılaşmışdı. Çünki ən böyük möcüzəni Allah ona artıq bəxş etmişdi – o, hər şeydən vaz keçəcək qədər sevməyi bacarır, ruhuna hopmuş Leylisini içində gəzdirir, bundan böyük nə möcüzə baş verə bilərdi ki?!

Müləvvəh gördüyü yerlərdən, eşidib-bildiyi rəvayətlərdən danışır, yolu qısaltmağa, oğlunun könlünü açmağa çalışırdısa da, Qeys dinib-danışmırdı. Atası elə bilirdi bu yolçuluq oğluna əziyyətdir. Qeys isə içində Leyli ilə söhbətləşir, gördüyü hər şeyi onunla bölüşür, səsini, gülüşlərini eşidir, yorulanda çiyninə qoyduğu başını sığallayır, saçını oxşayır, yolun necə keçdiyini hiss etmir, sanki yorğa yerişli dəvələrin belində ləngər vura-vura getmir, quş kimi səmada uçurdu. Hər şeyi yuxarıdan izləyir, elə bu karvanın özünü də, atasını, Səidi, keşikçiləri göy üzündən görür, danışıqlarını lap uzaqdan eşidirdi.

Oğlunun son günlər heç bir suala cavab verməməyi, dinib-danışmamağı Müləvvəhi qorxudurdu. “Daim susqun olmaq da cünunluğun əlaməti deyilmi? Əcəba, oğluma Məcnun deyənlər haqlı olmasınlar? Yoxsa Qeys Leylinin eşqindən doğrudan xəstələndi, ağlını itirdi? Ya bu müqəddəs haqq yolunun sahibi, sən məni naümid qoyma, oğlum ziyarətdən evimizə tam sağalmış qayıtsın. Sən özün onu Leyli adlı bəladan qurtar, ya yerin, göyün, ərşin kürşün sahibi!…”

***

İbn Salam rahat nəfəs aldı. Ömrü boyu yığıb-topladığı var-dövləti işə yaramışdı. Bütün Şərqin ən böyük bazarlarını, ticarət limanlarını gəzib-dolaşdı, heç bir gözələ könül verib həyatını qura bilmədi. Gördüyü neçə-neçə gözələ yaxınlaşanda onu əsmə tutdu, başqa bir adam oldu – ayaqları titrəyib-süstləşən, bədənini soyuq tər bürüyən, kişiliyinə güvəni qalmayan biri. Hər dəfə də bu rüsvayçılıqdan uzaqlaşıb yeni bir yerdə məskunlaşan İbn Salam illərdir qarşısına elə birinin çıxmasını arzu edirdi ki, ona yenə həmin hallara düşməyə, rüsvay olmağa imkan verməsin. Leylinin böyükləri qızı öz ovuclarında gətirib onun önünə qoymuşdular. Daha rüsvay olmayacaqdı. Yenə gücdən düşüb süstləşsə belə, ona daha neçə kərə şans verəcəkdilər.

Leyli nikahdan bəri yatağından qalxmırdı. Qız sanki yaşamırdı, yalnız nəfəsi gedib-gəlirdi. Qızdırmadan yanan Leyli hər gün uzun-uzadı “Qeys, Qeys, hardasan?” deyə sayıqlayır, axırda əldən düşüb, azacıq yuxulayırdı. İbn Salam əbasını çıxarıb, qızın yanına uzandı, titrəyən əlini Leylinin sinəsinə apardı. Qız bircə anda ilan çalmış kimi sıçrayıb onu var gücü ilə itələdi. İbn Salam kişiləşib inadla qızı qucaqlamağa çalışdı. Leylinin ruhuna heç vaxt özünün belə fərqinə varmadığı güc hakim oldu. İbn Salam Leylinin vurduğu şillənin təsirindən müvazinətini itirib çarpayıdan yerə sərildi. Nə edəcəyini bilməyən ibn Salam onu daim təqib edən hallara düşdü. Başını qaldırıb qızın üzünə baxanda vahimələndi: gözləri nifrətlə alov saçır; baxışları ilə səssiz-sözsüz onu söyür, lənətləyir, “səndən min qat güclü kişinin ağuşundan alıb özünə arvad etməklə kişi olacağınımı düşündün?” deyə məzəmmət edirdi. Ağlına sığışmırdı, bircə əlin içinə yerləşəcək qədər incəbelli, cizgilərindən körpətək məsumluq yağan zərif, gözəl qadın necə bu qədər güclü, bu qədər qəddar ola bilər? İbn Salamın yenə dizləri titrədi, süstləşib ət topasına çevrildi. Daha bir cəhd etsə, kim bilir, bu dişi canavardan daha nə zərbələr yeyəcəkdi?! Gözlərini qaldırmadan əbasını götürüb yataq otağından çıxdı.

Həyatında belə zərbə almamışdı. Neçə vaxtdır nə ümidlərlə pul kisəsinin ağzını açıb Əl-Qasımiyə, Fəttaha pul paylayanda bircə qızıl sikkəsinə də heyifsilənməmiş, Leyli kimi bir gözələ sahiblənməyin hər şeyə dəydiyini düşünmüşdü. Bu da axırı…

Adamlarına hazır olmağı əmr edib yola çıxdı. Əl-Qasımiyə onunla çox təcili bir işi olduğunu, karvansaraya gəlməsə, var-dövlətinin tamamən əlindən çıxacağı xəbərini yollayıb, bu rüsvayçılıqdan yaxa qurtarmaq üçün Bağdada yola düşdü…

XIII fəsil

Yolu yarılamışdılar. Məsafə azaldıqca Qeys hər şeyi unudurdu; bu dəvə karvanını da, ətrafdakı insanları da, hər şeyi unudub düşünürdü ki, o, Leyli, bir də Allah var kainatda, vəssalam. Kəbə ətrafında Leylinin əlindən tutub yanaşı addımlayacaqlar, bu günə kimi görməyin kimsəyə qismət olmadığı Allahı görəcəklər – kainatda yaşamış və bundan sonra da yaşayacaq bütün gözəl varlıqların ən gözəli, cənnətin özündən də gözəl olan Allahı…

“Ən gözəl, ən ağıllı, ən ədalətli, ən güclü, ən mükəmməl varlıq olan Allah da insandır. Ölümsüzlük onu allahlaşdırıb. Əgər əbədi yaşasaydılar, insanlar da Allah olmaq istəyəcəkdi. Allah insanı bütlərdən xilas edib, Kitab göndərdi. Söylədi ki, tək mənim əmrimə tabe olun ki, ölümə yox, Cənnətə gedəsiniz, orda siz də ölümsüz olub əbədi həyat yaşayın. O kitabı qəbul etdiklərini desələr də, insanlar yeni bütlər yaratmağa davam etdilər. İnsanlar yer üzündə də ölümsüz olsaydılar, hərə özündən bir büt yaradıb allahlıq iddiasında olardı. Allahın yeganə qüdrət sahibi olduğunu bilə-bilə ona doğru-düzgün beyət etməyən insanları yenidən haqq yoluna gətirmək üçün nə qədər səbr edir, əziyyət çəkir Allah…

Bəs, nə üçün Allah yer üzü ilə bu qədər əlləşir? Niyə yer üzünü unudub, öz cənnətində rahat yaşamır? Çünki Cənnətdə doğuluş yoxdur, yalnız ölümsüzlük var. Ona görə yer üzü insanların doğulub sınaqdan keçdiyi yer oldu. Bütün sınaqlardan keçən, sevimli bəndələrini Allah öz yanına, Cənnətə aparır. Cənnətdəkilər ölümsüzdürsə, bəs, onlar niyə allahlıq iddiasında deyillər?…” Bu sual doğulanda Qeysin fikir zənciri qırıldı.

Səhralıq ərazilərə girəndə görünən qayalıqlardan yonulmuş saraylar və heykəllər əzəməti ilə göz oxşayırdı. Hiss olunurdu ki, hansısa qədim yaşayışın mirası olan bu tikililərdə həyat yoxdur və bəlkə də, əsrlər öncə tərk ediliblər. Bu günlərə müəyyən əfsanələr, hansısa daş kitabələr gəlib çatsa da, kimsə belə yerlərin nədən və nə üçün tərk edildiyini bilmir.

“İstər sivilizasiyalar, istərsə də ümumən dünya düzəni haqqında həddindən artıq cavabsız suallar var. Minilliklər boyu dünyanı ideal görmək istəyən insanlar ədalətli cəmiyyətdə yaşamaq üçün yeni düzən qurmaq istəsələr də, ya azlıqda qalıb, ya edam edilib, ya da bəzi dönəmlərdə olduğu kimi diri-diri yandırılıblar. Neçə-neçə sivilizasiyalar intibah edib mükəmməlliyə çatmaq istədikdə, ya hansısa bir qüvvə tərəfindən məhv edilib, ya insanlar özləri oraları tərk edib və o yerlərin tarixdə yalnız qalıqları qalıb…” Qeys bu vaxta kimi oxuduğu kitablardan aldığı bilgilər əsasında yolboyu uzun-uzadı mühakimələr yürüdür, gördüklərinə beynində şərh verməyi ətrafındakılarla ünsiyyətdə olmaqdan daha maraqlı hesab edirdi.

Həmin o əzəmətli saray və heykəllərə baxdıqca düşünürdü ki, görünür, bu insanların Leylisi olmamış, günlərini sevgilərinə həsr etmək əvəzinə, min bir əziyyətlə tikdikləri, indi də boş qalan bu kimsəsiz binaları qurub-yaratmağa sərf ediblər. Halbuki, hər şey, həyatın, yaşamın mənası da, zövq də, həzz də, ən böyük saray, ən böyük heykəl də elə Leylidir.

Ən böyük möcüzənin içində daşıdığı Leylisi olduğundan əmin olsa da, mənzilə yaxınlaşdıqca ürəyində bir duyğu baş qaldırırdı. Nə isə fərqli bir şeylə qarşılaşacağını hiss edir, bu möcüzənin necə təzahür edəcəyini isə hələ bilmirdi.

***

İbn Salam Bağdad yoluna gəlib çıxsa da, hələ özünə gələ bilməmişdi. Ömrü boyu axtardığına sonunda ürəkdən “yetişdim” deyib sevindikdən sonra xəyallarının alt-üst olması onu məhv edirdi. Həyatda az qala hər şeyin pulla alınacağına tam əmindi. “O hansı qadındır ki, var-dövlət qarşısında ərimir, dünənki uşaq, müqayisədə lüt-üryan sayıla biləcək Qeysə görə mənim kimi imkanlı kişidən imtina edir, hələ üstəlik, taleyinə təpik atar kimi ərinə də şillə vurub yıxır?!” O məşum an gözünün önündən getmirdi. Kaş, bir az cürətli ola, halalca arvadı olsa da, Allahın əmrinə qarşı gələn bu asi qadını yerində oturda biləydi! Kimdən alırsan bu cürəti? Səni mənə kisə-kisə qızıl qarşılığında satan idbar atandanmı? Yoxsa o… İbn Salam Leylinin gücünü Qeysdən aldığını o vahiməli baxışlarından anlamışdı. Bu deyilməmiş gerçək, kəbinli arvadının başqa birisinə sevgisi, hətta onunla heç bir zaman qovuşmaq ümidi olmasa belə, o adama sədaqəti İbn Salamı az qala dəli edirdi. Bu hissin adı qısqanclıq idimi? Yoxsa mənliyinin alçaldılmağına dözə bilmirdi? Bəlkə, o da Leyliyə aşiq olmuşdu? Bu fikirləri başından qovmağa çalışsa da, özünə belə etiraf etmək istəməsə də, ürəyi sözünə baxmırdı. Bütün yaşananların dərdi bir yana, Leylini bir daha görə bilməyəcəyinə əminlik hissi də onu qəhr edirdi. Ümid ölərsə, insan da ölər. İbn Salamın ümidi son damlasınadək onu tərk etmişdi. “Heç kim özünü aldatmasın, ağılsızlar məni də ağılsız yerinə qoydular, biabır oldum. Çox dediniz, pulla hər şey alınır. Nadan hərislər! Satın alına bilinməyən şeylər də var bu həyatda” deyə eyni şeyləri təkrar edə-edə heydən düşən İbn Salam dərdini kimsəyə açıb-bükə bilməsə də, gözünün yaşını da saxlaya bilmədi.

Bağdada çatanda adamları kəcavədən hənirti gəlmədiyini görüb pərdəni aralayanda, İbn Salamın üzü üstə yıxılıb qaldığını gördülər. Dünyanın hər yerindən istədiyi gözəli pul gücünə sarayına gətirdə biləcək var-dövlət sahibi Leylinin qəhri ilə canını tapşırmışdı. Onu Bağdad yaxınlığında dəfn etdilər…

Leyli yatağından qalxa bilmirdi. Qulluqçuların gətirdiyi yeməklər hər gün sinidə qalıb soyuyur, geri qaytarılırdı. O qədər zəifləmişdi ki, əlini qaldırıb saçına belə apara bilmirdi. Hələ də bədənində qalan Qeysin istisi onu qızdırmasaydı, ac-susuz qalıb əldən düşən bədəni çoxdan bumbuz olar, ölərdi.

İbn Salamın ölüm xəbəri Bəndovana da gəlib çatdı. Onun o gecə tələm-tələsik Bağdada getməsinin, paytaxta çatmamış ölməsinin səbəbini nə Fəttah, nə də əmisi bildi. Amma ikisi də onun ölümündə Nofəldən şübhələnirdi.

– O gecə hücum edəndə, görünür, İbn Salam bərk qorxub ki, Nofəl Leylini onun əlindən alıb aparacaq.

– Bəlkə də fikirləşib ki, Nofəl yenə də gələ bilər, ona görə tez-tələsik çıxıb gedib, –Əl-Qasımi qardaşı oğlunun sözünə qüvvət verib əlavə etdi ki, – bəlkə, doğrudan ticarət işləri üçün gedirmiş Bağdada, Nofəl onu yolda öldürtdürüb, Lökbatandakı evində öldürmədiyindən peşman olub, yarımçıq işini sonradan Bağdad yolunda tamamlayıb.

Sayda onların söhbətini kəsib “Mən nə hayda, siz nə hayda, – dedi, – Leyli ölüm ayağındadır. Bu gün Ayişə yanına getmişdi. Deyir heç başını qaldırıb üzümə baxmadı. Yazıq qızım günlərdir yemək yemir, su içmir, zəifləyib əldən düşüb. İcazə verin gedim, ya Leylini bura gətirim, ya da mən yanında qalım”.

Əmisi qala-qala Fəttaha söz düşməzdi. Üzünə baxdı. Əl-Qasımi başını yelləyib razılıq verdi ki, anasını qızın yanına aparsın. Fəttah Saydanı da götürüb, Lökbatana yola düşdü.

Leyli qızdırma içində sayıqlayır, “Qeys… Qeys… hardasan, Qeys?…” deyə ara-sıra pıçıltı ilə, qırıq-qırıq səslənirdi. Sayda özünü otağa atdı. Ağlaya-ağlaya “Gözəl qızım, körpə quzum, səni nə kökə salıblar, ceyrangözlüm. Sakit ol, Leylim mənim, indi səni evimizə aparacağıq…” deyə qızını öpür, oxşayır, onu özünə gətirməyə çalışırdı. Leyli İbn Salama ərə verildiyi üçün anasından da incimiş, küsmüşdü. Gözlərini açıb anasını görəndə kövrəldi, gözünün yaşı selləndi. Bu saat doğma bir adamın sinəsinə sıxılıb təsəlli tapmasına çox ehtiyacı olsa da, onu satmış ailəsindən heç kimi görmək, müdafiəsinə durmağı bacarmayan anası ilə də kəlmə kəsmək istəmirdi. Üzünü divara çevirdi. “Qızım, İbn Salam öldü. Leylim, sən qurtuldun. Sevmədiyin adamla daha bir yerdə yaşamalı olmayacaqsan. Qalx ayağa, qızım, qalx, gedək evimizə”.

Leyli İbn Salamın ölüm xəbərinə bir an sevinsə də, inanmadı. O artıq heç kimə, ən çox da valideynlərinə inanmır, kim bilir, bu dəfə hansı məqsədlə yalan söyləyirlər deyə düşünürdü.

– Mən heç yerə getməyəcəyəm, – heysiz-heysiz pıçıldadı. – Qeys gəlib məni aparacaq. Bilirəm, mən Qeyssiz yaşaya bilmədiyim kimi, o da mənsiz yaşayan deyil, bilirəm, gələcək, – son sözlərindən özü də kövrəldi, yenə üzünü divara çevirib valideynləri ilə getməyəcəyini bildirdi.

Yosh cheklamasi:
16+
Litresda chiqarilgan sana:
17 fevral 2024
Yozilgan sana:
2024
Hajm:
130 Sahifa 1 tasvir
Mualliflik huquqi egasi:
Автор
Формат скачивания:
epub, fb2, fb3, ios.epub, mobi, pdf, txt, zip

Ushbu kitob bilan o'qiladi