Kitobni o'qish: «Leyli və Məcnun», sahifa 3

Shrift:

Leyligilin evinə çatanda önünə Fəttah çıxdı. Bu adamın qızın atası olduğunu vecinə almadan sakit, özündən əmin halda “Çəkil!” dedi.      Fəttah hay-küy salıb onu itələmək istəyəndə Qeysin alovlu qanadları əllərini yandırdı, alov bircə anda ətrafı sardı, ev alışıb-yanmağa başladı.

Qonum-qonşu tökülüşüb gəldi, su daşıyıb evi söndürməyə çalışırdılar. Qeys aranın qarışmasını fürsət bilib evə girdi, yatağında aclıq və susuzluqdan zarıyan Leylini qucağına aldı, evin arxasında yanğından əmələ gəlmiş böyük dəlikdən çıxıb, Şirvan qoruğuna doğru qaçdı. Arada nəfəsini dərib, sürətlə hərəkət etməsinə yardım edən qanadlarını tərpədirdi.

Leyli baş verənlərin gerçəkliyinə inana bilmir, hələ də yuxuda olduğunu düşünürdü. Yol kənarına çəkilib bir az dincəlmək istədilər. Qeys qızı qucağından endirib əlindən tutdu, irəlidə pıqqıldayıb qaynayan vulkanın yaratdığı palçıq gölü sanki onlara qabarcıqların dili ilə nə isə demək istəyirdi. Qeys bu çağırışa cavab verdi, sevinclə özünü palçıq vulkanının ortasına atdı. Leyli də gülərək onu təkrarladı. Qızın heç düşünmədən dalınca gəlməsi Qeysi daha da xoşbəxt edirdi. Uzanıb bədənlərini tamamən palçığa qərq etdilər. Leyli əli ilə palçığı Qeysin üzünə sürtdü, o da eynilə cavab verdi. Palçıqdan bircə gözləri görünür, ləzzətlə əylənir, ucadan gülüşürdülər. İndi hər ikisi dəli idi. Dünyanın ən xoşbəxt dəliləri. (başlıq eləmək olar)

Günəş şəfəqləri palçığı qurutduqca üz-üzə dayanıb bir-birinə gülümsəyən iki torpaq adama çevrilirdilər. Həyat yenicə yaranmışdı. Yer üzündə ikisindən başqa kimsə yox idi – Qeys və onun sevgisindən yaranmış Leyli. Azad və xoşbəxt idilər. Kimsə onların sevgisinə mane ola bilməzdi. Sevib-sevilib artacaqdılar. Yalnız sevgidən törəyənlər gözəl, qüsursuz və əsl insan olurlar. Dünya sevgiyə qərq olacaqdı, insanlar yalnız sevgidən doğulacaqdı…

Bədəninə hopmuş palçıq quruyub torpaqlaşdıqca Qeys beynini tar-mar edən fikri qovmağa çalışdı. Torpaqdan ilk yarananlar – Adəmlə Həvva bir-birini sevməmişdilərmi? Sevmişdilərsə, bu qədər xəbis, naqis insanlar onlardan törəməmişdirmi? Hələ dünyanın lap başlanğıcında onlardan törəyənlər bir-birinə qənim kəsilmədilərmi? Yoxsa cənnətdən qovulmalarının səbəbi də bu idi? Görəsən, Rəbbimiz hansının sevgisinə inanmadı? Yasaq meyvəni biri kimin inadına yedi, o biri də sevgisinə, yoxsa nəfsinə xəyanət etdi?…

Onları pak, təmiz torpaqdan yaratdı. Cənnətin qədrini bilməyənlər yarandıqları bu sadə, məsum torpağın qədrini biləcəkdilərmi? Bəlkə, elə bilmədiklərinə görə Allah da sevgisini seçilmişlərə verdi, sevgidən yaradıb sevdirdi.

Amma Adəm və Həvvadan sonra bütün dünyanın sevəcəyi bir insan olmadığından, dünyadakı insanların da hamısını sevəcək insan doğulmadı. Yenə bircə Allahdan başqa. Hər qul yalnız öz Allahını sevdi. Allah da öz qullarını. Qeys Leylini, Leyli də Qeysi sevdiyi kimi…

Qeys ömür boyu aradığına qovuşmuşdu. İndi Leyli lap yaxınında, qarşısında dayanıb gülümsəyirdi. Gözləri xoşbəxtlikdən süzülən, quruyub torpağa çevrilən palçığa bürünmüş Leylini səhradakı qum heykələ oxşatsa da, bu o Leyli deyildi. Qeys həyatında, bəlkə də, bu qədər xəyal qırıqlığına uğramamışdı. Təpəciyin üstündəki qumdan Leyli daha cazibədar, daha möhtəşəm idi. İlahi, nə vaxtadək xəyalımızdakından da yaxşısını vermək əvəzinə, bizi mütəəssir edəcəksən? Bu o Leyli deyil, axı. Yoxsa üstünü torpaq örtüb? Mən bu qızı qaçırıb uzaqlara aparıram. Hər zaman da istərəm ki, yanımda olsun. Bir tək o qumluqdakı Leylini hər gün xatırlamaq üçün…

Yola davam etdilər. Leylinin yorulduğunu hiss edən kimi Qeys onu qüvvətli qollarının üstünə alırdı. Düşüncələr isə bir an belə onu tərk etmirdi.

İrəlidə bir ceyran gördülər. Bu, dişi ceyran idi. Sufilərin dediyinə görə, həmişəyaşar olan bu ceyran bütün sevgililərin dərd ortağı olan məşhur Ana ceyran idi. Qeysin baxışları ona ilişib qaldı. Ceyran da bir xeyli onlara baxdı, çevrilib yoluna davam etdi.

Qeys qeyri-ixtiyari onun arxasınca düşdü. Yol boyu üzərlərinə yağan ağ işıq selinin sanki fərqində deyildilər. Ceyran arabir çevrilib baxır, sonra yoluna davam edirdi. Bəndovandan xeyli aralanmışdılar. Ana ceyran onları qoruğun dərinliyində sıx meşənin ortasındakı bulağın başına gətirdi. Bir az aralıda, iki nəhəng çinarın arasında sıx bitmiş ən gözəl güllərdən yaranmış yataq vardı. Qeys qızı yatağa uzatdı. Dodaqlarından öpüb sarıldı. Neçə gün idi ki, Leylinin varlığını sarmış o istilik qızı yenidən ağuşuna almışdı. Xoşbəxtlikdən qanadlanmışdılar…

Qeys Leylini gördüyü ilk gündən hər axşam onun xəyalı ilə bir şeir yazırdı. Kağıza köçürməzdi. Sevgilisini görə bilmədiyindən şeirlərini Leyliyə çatacağı ümidiylə, göylərə söyləyərdi. Bu gecə sevgililər murada yetmişdilər. Leyli heç nə düşünmədən sadəcə çox xoşbəxt idi. Həyatdakı ən böyük arzusuna çatan Qeysin şair ürəyi yerindən qopmaq istəyir, amma bunu sevgilisinə bildirmirdi. Nə idi bu pəjmürdəliyin səbəbi? Qumluqda gördüyü Leylini ağlından çıxara bilmirdi. Başını sinəsinə qoyub mışıl-mışıl yatan Leyli o deyildi. Anlaya bilmirdi, talemi onu sınağa çəkir, yoxsa Leyli? Ya bəlkə, mən doğrudan Məcnunam…

Meşədə gəzəndə ağacların birindən asılmış ud gördülər. Qeysin çox gözəl ud çaldığını qəbilədə hər kəs bilsə də, Leyli təəccübləndi, şıltaqlıqla onun üçün nəsə ifa etməsini istədi. Qeys sevgilisini məmnun edə biləcək daha bir səbəbi olduğuna sevinib “Rast” ifa etməyə başladı. Muğamın mayesi Leylinin ürəyinin səsi, məqamı Qeysin sevinc və həyəcanla vuran ürək döyüntüləri idi. Ud ikisinin də yerinə onların ürək səsləri ilə danışırdı. Sevgi, sevinc, xoşbəxtlik, hətta bir-birindən gizlədikləri təlaş sayəsində ürək atışları mürəkkəb ritmdə, aritmiyada vurduqca ud bunu təkrarlayır, fanilərin eşidərkən ölə biləcəkləri cənnət musiqisini xatırladırdı. Qeysin nəbzi sevgi və çaşqınlıqla vurduqca Leylinin ürək ritmləri sevgidən doğan həzzin zirvəsində sinəsini qaldırıb-endirirdi. Mənsur Zəlzəl əl-Daribidən bu yana kimsə udu belə gözəl dilləndirməmişdi. “Rast” bütün muğamların anası olsa da, onun necə yarandığını hələ də kimsə doğru-düzgün bilmirdi. Qeys bu sirri bu gün, elə indicə çözmüşdü. "Rast" iki sevən qəlbin döyüntüsündən yaranıbmış…

***

El birliyi ilə Fəttahın evindəki yanğını söndürdülər. Qeyslə Leylinin valideynlərindən başqa kimsə onların yoxa çıxdığının fərqində deyildi.

Fəttah Müləvvəhə evi Qeysin yandırdığını, qızı qaçırdığını deyir, qəzəblə onu tapıb cəzalandıracağına and içir, az sonra sakitləşib çarəsizcə Müləvvəhə dil tökürdü: “Səni and verirəm, kimsə qızımı oğlunun qaçırdığını bilməsin, onları tap gətir, nə desən, edərəm”.

Müləvvəh də çox narahat idi. Oğlu Leylini də götürüb hara gedə bilərdi? Qeysin yoxa çıxdığını kimsəyə bildirməsə də, oğlu ilə fəxr edirdi. Nə olursa-olsun, təki oğlu xoşbəxt olsun.

***

Bu səhər də meşənin ən gözəl çiçəkləri ilə Leylinin ətri bir-birinə qarışmışdı. Əl-ələ tutub meşədə gəzir, tez-tez sarılır, baxışları ilə sevgilərini ifadə edir, bu gerçəkləşmiş arzu üçün hər ikisi ürəyində dönə-dönə şükr edirdi.

Ana ceyran bütün ceyran və cüyürləri Leyli ilə Qeysin yatağının ətarfına toplamışdı. Onlar dövrə vurub rəngbərəng quşların oxuduqları nəğmələrə iki çinar arasında rəqs edirdilər. Qarşıdakı təpəlikdə isə bir bəbir ailə üzvləri ilə toplaşıb olanları seyr edirdi. Sufilərin Ata bəbir adlandırdığı meşənin şahı sanki Qeyslə Leyliyə deyirdi ki, mən də burdayam, sizin arxanızdayam.

Aşiqlərə xoşbəxtlik üçün daha nə lazım idi?! Meşənin dadlı meyvələrindən, bitkilərindən yeyir, ceyranların südündən içir, təbiətin gözəlliyindən zövq alır və meşənin əsl sahibinin onları qoruyacağına etibar edərək məmnun, hüzurlu günlər keçirirdilər.

VII fəsil

Xeyli müddət mədrəsəyə getməməyi də artıq böyük söz-söhbət yaratmışdı. Müləvvəhgil Zeydi, Fəttahgil Ayişəni min bəhanə ilə evə buraxmır, hər iki ailə övladının xəstə olduğunu deyir, Bəndovanda olmadıqlarını gizlədirdilər.

Əl-Qasımi bu gün özünün karvansarayında qalacaq tacir İbn Salamı qarşılamaq üçün əldən-ayaqdan gedirdi. Varlı tacir görən kimi ona mədhiyyələr yağdırmaq, köz şaurmasına qonaq eləmək, sonra hər şeyin qiymətini üçqat hesablamaq köhnə şakəri idi. İbn Salam təriflərdən sərməst olmuş, şaurma da çox xoşuna gəlmişdi.

– Bu yerlərin qoyun-quzusunun əti çox ləzzətlidir. Çünki dağlarda ən şəfalı otlardan yeyirlər.

– Buralar mənim çox xoşuma gəlir. Burda ev tikdirəcəm. Ticarətimi də elə burdan idarə edərəm. Yaşlanıram. Özümə bir yuva qurmağın zamanıdır.

– Bəs, bu günə kimi nə əcəb evlənməmisən? – Qasımi marağını gizlədə bilmədi.

– Mən məlaikə axtarıram. Tapa bilsəm, elə həmin an evlənəcəm, – deyib yayıla-yayıla güldü.

Əl-Qasımi fikirləşdi ki, bundan gözəl fürsət ələ düşməz. Nəyin bahasına olursa-olsun, Leylini qaytarmalıdırlar. Həm də İbn Salamın o qədər qızılı var ki, kimsə Leylini onun əlindən ala bilməz.

– Mən sənə deyərəm o mələyin yerini. Bütün Məşriq və Məğribdə belə qız tapa bilməzsən.

İbn Salam ciddiləşdi, sanki nəyisə nəzərdən qaçıracaqmış kimi gözünü həmsöhbətinin ağzına dikdi. Əl-Qasımi dil boğaza qoymadan Leylinin dillərə dastan ola biləcək gözəlliyindən, atasının qəbilənin ən hörmətli adamlarından biri olduğundan ağız dolusu danışdı. Elə bil, karvansarayda müsafirlərinə otaq bəyəndirirdi. İbn Salamın həyəcandan əl-ayağı əsməyə başlamışdı. O, gözəl qadın görəndə belə titrəmə tutub tamamilə gücsüzləşirdi. İndi Əl-Qasıminin dediyi nişanələrdən təsəvvür etdiyi o gözəllik də görməzə-bilməzə ağlını başından almışdı.

Əl-Qasımi daha fürsəti fövtə verməyib ibn Salamı elə həmin axşam Fəttahla da tanış etdi. Qardaşı oğlunu kənara çəkib niyyətini açıqladı. Ağlabatan fikir idi, Fəttah əlüstü razılaşdı. Qərara gəldilər ki, Leyliyə ər olacaq ondan yaxşı namizəd yoxdur. İbn Salamın boynuna qoydular ki, Leylini səs-səmir salmadan tapıb gətirsin, qızı ona versinlər.

***

Qeysin Leylini qaçırıb qeybə çəkilməsi xəbərini eşidən Nofəl tədbirini gördü. Arranın bütün gizli xəfiyyələrinə əmr verdi ki, gəncləri duyuq düşürmədən yerlərini müəyyən edib, ona xəbər versinlər. Xəfiyyələr bütün Arran və Şirvanı didik-didik eləməyə başladılar.

VIII fəsil

Hər gün günəş zirvədən şəfəqlərini yayıb meşənin dərinliyindəki böyük gölün şümşad sularını isidəndən sonra aşiqlə məşuq gölə baş vururdu. Arada bir-birinə sarılanda ağaclar utancaqlıqla gözlərini yumur, gülüşləri ətrafa yayılanda budaqlar və yarpaqlar da bu xoşbəxtliyə şərik olub sevinclə rəqs edirdilər. Qeyslə Leyli bu səhər də adətlərini pozmayıb gölə üz tutmuşdular. Yaxınlaşdıqca qəribə səslər eşitməyə başladılar. Səssizcə ağacların arxasına keçib, gölün ətrafını izlədilər.

Görkəmindən dərviş olduğu bilinən xeyli adam gölün suyu üstündə rahatca gəzir, sahildəki Ana ceyrana sitayiş edərək, “bizi pərimizə qovuşdur” deyə asta səslə oxuyurdular. Ayaqlarında balıq pərlərindən ayaqqabı, əyinlərində yaşıl çay yosunundan qəribə libas vardı. Dərslərdən birində öyrəndiklərinə əsasən, Qeys onların su dərvişləri olduğunu anladı. Çay və göllərin üstüylə hərəkət edib, müqəddəs bildikləri su pərisini axtarırdılar. Su pərisi Mütləq həqiqətin yolunu göstərib onları sualtı cənnətə aparacaqdı. Suyun üzərində aram-aram rəqs edən dərvişlər astadan oxumağa davam edirdilər:

Ey pəri, gözəl pəri,

Sən tez gətir müjdələri…

Əl-ələ tutub gölü əhatəyə alan, sağa-sola hərəkət edənlər isə meşə dərvişləri idi. Əyinlərində qurudulmuş kətan zoğlarından geyimlər, başlarında zirinc çubuqlarından hörülmüş araqçın vardı. Onlar da yalnız meşələrdə yaşayar, hər dərviş bir ağac seçib ona qayğı və sevgisini bəxş edər, Ata bəbirə sitayiş edərdilər. Meşə dərvişlərinin cənnəti elə meşə olduğu üçün onlar heç bir şey aramırlar. Su dərvişləri nəğmə və sitayişlərini bitirib göldən süzülən arxın üstüylə gəzə-gəzə arxın töküldüyü böyük dağ çayına tərəf getdilər.

Meşə dərvişləri toplanıb, öz aralarında xısınlaşandan sonra dəstə ilə aşiqlərin gizləndiyi yerə tərəf gəlməyə başladılar. Qeys onların məqsədini bilmədiyindən ilk ağlına gələn Leylini ondan ala biləcəkləri oldu, qızı qucaqlayıb özünə möhkəm sıxdı. Nə olur-olsun, sevgilisini kimsə əlindən ala bilməzdi. Qəflətən göydən süd kimi ağ işıq zolağı uzanıb, ikisini də ağuşuna aldı. Qeysin qolları qanadlara çevrilib alovlandı.

Meşə dərvişləri bircə anda diz çöküb alova və işığa bürünmüş Qeyslə Leyliyə təzimə başladılar. Allah onların cənnətinə mələkləri nazil etmişdi, təslimiyyəti vacib sayırdılar. Gördükləri bu möcüzəyə yaxınlaşmağa cürət etmədən gəldikləri kimi səssiz-səmirsiz meşənin dərinliyinə çəkilib gözdən itdilər.

Bir azdan aşiqlər baş verənləri tamamən unudub hərgünkü kimi gölün yamyaşıl sularında qol-boyun olub üzür, gülür, əylənirdilər.

– Leyli, deyəsən, Allahın vəd etdiyi Cənnət elə buradır. Gəl, burdan heç vaxt heç yana getməyək. Ömür boyu burda yaşayaq. Övladlarımız da elə burda doğulub, boya-başa çatsın. Burda xoşbəxtliyə qara kölgə salan şər qüvvələr yoxdu. Görürsən, burdakı hər kəs, hər şey bizə sayğıyla yanaşır, kimsə eşqimizi özü üçün maneə saymır, kimsə məni Məcnun, səni haqdan azmış hesab etmir. Əsl xoşbəxtlik budur, Leylim, biz istədiyimiz kimi yaşayırıq və heç kim bizim istəyimizə qarışmır, qarşı çıxmır…

Qeys danışdıqca xoşbəxtlikdən gözləri alışıb-yanan Leyli sevgilisinin sinəsinə sıxılıb:

– Mən də xoşbəxtəm, əzizim. Mən də heç yana getmək istəmirəm, – dedi, – getməyək, xəbis insanlardan uzaqda, asudə, rahat yaşayaq, – sonra qızara-qızara əlavə etdi: – Çoxlu uşağımız olsun, sənin kimi ağıllı, qəhrəman, sevgisinə sahib çıxan güclü oğullarımız…

Məcnun sözünü havadan alıb “sənin kimi dünya gözəli qızlarımız” deyə davam etdi, dodaqları ilə astaca Leylinin dodaqlarına toxundu…

***

İbn Salam əshabələrinin hərəsinə bir kisə qızıl verib, Leylini axtarmağı əmr etdi. Adamlarından dördü meşəyə, ikisi isə səhralığa üz tutdu. Axtarışları meşədə edən atlı dəstəsi ağacların dərinliyində tonqal qalayıb, dincəlmək üçün ətrafına toplanmışdılar. Elə həmin saatlarda Nofəlin xəfiyyələrinin başçısı Qeyslə Leylinin yerini tapdıqları xəbərini gətirdi:

– Çox xoşbəxtdirlər. Çətirli çinarların altı evləri, ətirli güllər, çiçəklər yataqları, meşə heyvanları, quşları da dostları. Cənnətin özüdür ora…

Nofəl bu xəbərə çox sevindi. Müjdəni Müləvvəhə çatdırıb onunla birlikdə həmin yerə getməyə qərar verdi.

Neçə müddətdir oğullarının dərdindən üzülüb əldən düşən Rüqəyya ilə Müləvvəh xəbəri eşidəndə sevincdən qanadlandılar. Nofəl dərhal yola çıxmağı təklif etsə də, onun uzun yol qət etdiyi və yorğun olduğunu bilən Müləvvəh oğlunu görməyə səbirsizlənsə də, gecəni yatıb dincəlməsi üçün israr etdi. Nofəl razılaşmağa məcbur oldu.

Süfrə ətrafında əyləşmişdilər. Nofəl “Fəttahla Sayda nə edirlər, Leylinin getməsində sizi də günahkar görürlərmi?” soruşdu. Rüqəyya boşqabları süfrəyə düzə-düzə “sənə sevdiyin plovdan dəmləmişəm, – dedi, – əvvəlcə yeməyini ye, uzaq yol gəlmisən”.

Harda olsa, qarşısına ən ləziz yeməklər düzülən şahzadə Nofəl üçün heç biri Rüqəyya ananın yeməklərinin yerini verməzdi. Həmişəki həvəs və iştahla yeməyə girişdi.

Qan bağı olmayanlar nə qədər mehriban və yaxın münasibətdə olsalar da, doğmalıq bambaşqa bir duyğudur. Nadirən olsa da, yadların da bir-birinə doğmalıq qədər, bəzən daha artıq sevgisi və bağlılığı olur. Bu insanlar da Nofəlin ən doğmaları idi. Sözlərindən çıxmaz, qəlblərini incidəcək iş tutmaz, həmişə sayğı və sevgi ilə davranardı.

Bu ailənin dəyişməz qaydalarından biri də yemək süfrəsində səssiz olmaları idi. Müləvvəh Nofələ ta uşaqlığından öyrətmişdi ki, süfrə başında danışmaq nemətlərə hörmətsizlikdir. Həmişə deyərdi ki, Allahın bizə bəxş etdiyi növbənöv nemətlərin qədrini bilib dadını, ləzzətini duya-duya yeməliyik. Belədə nemətlər tək mədəmizdən keçmir, həm də dadından aldığımız zövq beynimizə, ruhumuza hopur, hüceyrələrimiz təzələnir. Adamın təkcə qarnı doymur, ruhu da doyub dincəlir. İnsan ruhunu idarə edən həzlər, əslində, qiymətsizdir.

Müləvvəh Nofələ həzlərin ibtidası olan yeməkdən ta sevgi və azadlığa kimi hamısını anlatmış, o da bunları qulağında sırğa etmişdi. İndi Qeysin sevgisinə duyduğu sayğı da bu ailədə aldığı tərbiyənin təsirindəndi.

Süfrə yığışdırılandan sonra Nofəl bayaq cavabsız qalan sualını yenidən verdi. Müləvvəh həmin anı yenidən yaşayırmış kimi boğula-boğula astadan dilləndi:

– Fəttah məni qəbilənin ən hörmətli ağsaqqallarının qarşısında təhqir elədi. Qızını vermədiyi azmış kimi, hələ üstəlik, “sənin oğlun Məcnundur” dedi.

Nofəlin bir anda qəzəbdən ürəyi alışıb-yandı. Onu böyüdüb boya-başa çatdıran, bu qəbilənin hər evinə, ailəsinə ata olan Müləvvəh kimi bir insanı belə aşağılamaq kimin həddi idi? Gedib Fəttahı boğazlayıb başını kəssə, yeridir. Müləvvəhi kimsəsiz görüb, nədir, bu nə cürətdir?! Üstəlik, qardaşı qədər doğması olan Qeysə cünun damğası vurmaq!

Müləvvəh Nofəli sakitləşdirdi. Axı, istəsə, özü də Fəttaha ən tutarlı cavab verəcək, ya da bu hörmətsizliyin qisasını alacaq gücdə idi. Amma bu rəzilliyi özünə sığışdırmırdı. Hər kəs özünə layiq bildiyi kimi davranar, Fəttahın etdiyi də əslində, Müləvvəhi deyil, onun özünü qəbilədə gözdən salırdı. Heç olmasa, onun kimliyini nəzərə alıb “yox”u da ləyaqətlə deməli, qapısına gələnin kim olduğunu unutmamalı idi. Başqa bir tərəfdən, Müləvvəh az da olsa, Fəttaha haqq verir, bir qız atası kimi qorxularının olduğunu anlayırdı. Deyilənlər Nofəlin ağlına batdı, hirsini soyutdu. Onu böyüdən kişinin bunca ağıl, məntiqlə fikir yürütməsi ilə, comərdliyi ilə qürur duydu.

Nofəl özünə yer tapa bilmir, gözünə yuxu getmirdi. Müləvvəhgili duyuq salmadan səssiz-səmirsiz gecə ilə yola çıxıb dəstəsi ilə birgə yola düşdü.

IX fəsil

Bu səhər aşiqlər göldən qayıdanda yamyaşıl otların arasından bir səs eşitdilər. Astaca otları aralayıb baxanda təzə doğulduğu bəlli olan bəbir balası gördülər. Alnının ortasında, qaşlarının arasındakı qara ləkələr xırdaca alov dilimlərini xatırladır, gözünün altında, burnunun hər iki tərəfindəki naxışlar kəpənək qanadlarına bənzəyirdi. Maviyə çalan gözləri, üfürülmüş zəncirotu saplağına bənzəyən bığları vardı. Leyli uşaq kimi sevinir, “nə gözəldir!”, “nə şirindir!” deyə üzündən təbəssüm çəkilmirdi. Qeys körpə bəbiri qucağına aldı. Leyli lap astaca toxunub sığallayanda bala bəbir isti, məhrəm toxunuşdan xoşhallanırdı. Bu körpənin qayğıya, ən əsası, qidaya ehtiyacı vardı. Qərar verdilər ki, anasını axtarıb tapsınlar.

Aşiqlərin yatağının yerləşdiyi iki çinarın arası meşənin əsas mərkəzinə çevrilmişdi. Bütün ceyranlar, cüyürlər hər gün olduğu kimi, yenə dostlarına baş çəkməyə gəlmişdilər. Qayalığın üstündə, ailəsinin əhatəsində Ata bəbir həmişəki yerini tutmuşdu.

Qeys bala bəbiri əllərinin üstündə yuxarı qaldırdı ki, bəlkə tanıyıb yiyəlik edən olar. Ata bəbir uzandığı yerdən qalxıb nərildədi, ani baxıb yenidən yerinə yatdı. O biri bəbirlərdən də önə çıxan, körpə bəbirə maraq göstərən olmadı. Qeys qayalığa doğru irəliləyərək, bala bəbiri otların üstünə qoydu və geri çəkildi. Xeyli gözləsələr də, bəbirlərdən yaxına gələn olmadı. Körpə bəbir qalxmaq istəyəndə dizləri əsdi, yerə oturdu. Acından taqəti yoxdu, qırıq-qırıq narahat səslər çıxarırdı.

Ana ceyran ağacların arasından çıxıb ona doğru getdi. Əvvəlcə alnını yalayıb sakitləşdirdi. Sonra yerə uzandı. Süd iyi alan bala bəbir ayaqları dolaşa-dolaşa Ana ceyrana yanaşdı və acgözlüklə onun döşlərini əmməyə başaldı. Əmib doyduqdan sonra ceyran qalxıb dişləri ilə bəbir balasının boynunun dərisindən tutdu, gətirib Qeysgilin önünə qoydu. (otyeyənlər bu hərəkəti eləmir, bunu ancaq yırtıcılar eləyir, yəni balanı dişləri ilə götürməyi) Leyli yenə uşaq kimi sevindi:

– O bizim oldu, Qeys, o bizimdir. Dünyanın ən şirin balacası bizimdir!

– Bizimdir, Leyli. Onu Ata bəbir kimi güclü və ağıllı böyüdəcəyik, – deyib, körpə bəbiri qucağına aldı.

Bəbir balasını aralarında yatırdıb hərəsi bir tərəfdən sığallayırdı. Körpə bəbir öz anasını itirsə də, onu sevən, qayğıkeş insanlara rast gəlmişdi, daha onun da ata-anası vardı.

– Qeys, bəs, onun adını nə qoyaq?

– Məncə, Bəbirxan olsun. Çünki o böyüyüb Ata bəbirin yerini tutacaq. Bəs, sən onun adının nə olmasını istəyərdin?

– Məndən olsa, adını Şirinim qoyardım. Axı, o çox şirindir, Qeys, – Leyli şıltaqlıqla dilləndi. – Amma qoy sən deyən kimi, Bəbirxan olsun. Mən ona Şirinim Bəbirxan deyəcəm, – Leyli çox sevinirdi. Sevgilisi yanında olsa da, meşənin bütün güclü və gözəl heyvanları ilə dostluq etsələr də, ikisinə aid bir canlının olması onu çox məmnun edirdi.

***

Nofəl yol boyu özünü qınayırdı ki, gərək Qeysi də, ailəsini də özü ilə Bərdəyə aparaydı. “Axı, siz mənim ailəmsiniz. Mənim yanımda kimin cürəti çatardı ki, sənə Məcnun deyə?!” Arabir gözü əl uzatsa çatacaqmış kimi yaxında görünən iki parlaq ulduza sataşırdı. Hətta bir an ona elə gəldi ki, ulduzlar məhz onun atının yoluna işıq saçır. “Yox, belə şey ola bilməz. Yəqin yorğunluqdan gözümə görünür”. İndi lap yaxına gələn ay kimi işıqlı ulduzların birindən Qeys, o birindən Leyli baxırdı – ikisi də mələk kimi məsum, yaraşıqlı və gözəl… Ömür boyu heç nədən qorxmayan igid sərkərdə təlaşlandı. Bu nə deməkdir? Dönüb dəstəsinə baxdı. Kimsə nə əl məsafəsindəki bu iki ulduzun, nə də aşiqlərin fərqində idi.

Birdən Nofələ hər şey aydın oldu. Aşiqlər təkcə onun gözünə görünüb işarə vermişdilər. Qeysdə nəsə bir qeyri-adilik olduğunu həmişə hiss etmişdi. Möcüzə olduğunu isə indi bildi. Qeyri-ixtiyari bir vərdişlə ayaqlarını atın yanlarına vurub, onu dəhmərlədi. Qeysə tez çatmaq, qardaşının səadətinə şahid olmaq, onu bağrına basıb sevincinə qoşulmaq istəyirdi.

Nəyin bahasına olursa-olsun, onları müdafiə edəcək, Qeyslə Leylini ayırmağa imkan verməyəcəkdi. “Kaş, onların yanaşı parlayan ulduz olduğunu Fəttah da görə biləydi! Əgər onların göydə ulduzu da birgədirsə, yerdə də bir-birini tapıb qovuşublarsa, onları ayırmaq taleyə qarşı gəlmək qədər ağılsızlıq deyilmi?! Görəsən, bu qəbilənin adamları Allaha, doğrudanmı, inanırlar? Bütün varlığı ilə bir-birinə bağlı olan iki sevən insanı ayırmaqla onlara zülm etmək imansızlıq deyilmi? Axı, sevgi hər insana bəxş edilməyən ilahi səadət, yalnız göylərdən gələn qiymətli bir hədiyyədir. Hər şeydən vaz keçib bir-birinə sığınan iki insanı ayırmağa çalışmaq qəddarlıq deyilmi? Bəlkə, təkcə Qeys yox, bütün ağıllı insanlar onlar üçün məcnundur? Budurmu sizin həqiqətiniz, dininiz, imanınız? Bir gənc qəlbinin səsi, ruhunun çağırışına qulaq verməkdənsə, nə tez onu günahlandırmağa qalxdınız? Qeysə “Məcnun” deyə gülüb sərsəri hesab edənlər, məgər hamınız başdan-ayağa günahkar deyilsinizmi? Baxın, Fəttah qızını Qeysə vermədi, amma onlarsa meşədə də olsa, bir yerdə deyillərmi? Şad-xürrəm yaşamırlarmı? Kim qalib çıxdı? Sizin bu oyunbazlığınız, adət-ənənə deyə arxasında gizləndiyiniz kin-küdurətiniz, yoxsa ilahinin nuru olan eşq və aşiqlər?!

Bu sevgilərinə sadiqliyə görə Allah onları mükafatlandırıb, yer üzündə cənnətdə yaşamağı nəsib edib. Sizin hər gün etdiyiniz ibadətlər, apardığınız gərəkli-gərəksiz mücadilələr əbədi həyatda qazanmaq istədiyiniz Cənnət üçün deyilmi? İçinizi küdurətdən təmizləyib sevgiyə qucaq açmaqla, başqalarının həyatına qarışmaqdan əl çəkib öz səadətinizin qayğısına qalmaqla siz elə bu dünyada da hüzurlu bir cənnət həyatı yaşayıb, daha az günah etməzsinizmi? Bu, sizin əbədi cənnətə aparan yolunuzu daha da asanlaşdırmazmı? Həmişə möcüzə arzusundasınız. Sevdiyinin eşqindən qanadlanan Qeys özü aranızda yaşayan möcüzə deyildimi? Sizə möcüzə-filan lazım deyil, məzhəkə, qaravəlli lazımdır – birini “Məcnun”, başqasını “əxlaqsız” adlandırıb ələ salasınız, məzələnib kef edəsiniz, sizdən fərqlənəni hər gün daşlayıb, daş atan tərəf olduğunuzdan qürur duyasınız…”

Nofəl yol boyu onu müşayiət edən ulduzları izlədikcə riqqətə gəlir, fikirləri bir-birini sürətlə əvəz etdikcə, bütün dünyaya qarşı çıxmaq bahasına olsa belə, aşiqləri qoruyacağına inanırdı.

Meşə dərvişləri uzaqdan alov gördülər. Onların ən çox qorxduğu şey meşə yanğınları idi, neçə dərvişin ağac sevgilisi yanğında məhv olmuşdu. Alov gələn tərəfə qaçdılar. Ortadakı tonqalın ətrafında yaraqlılar xumarlanıb yatmışdı. Dərvişlərdən biri yerdən iri yarpaqlı budaq götürüb tonqalı söndürməyə başladı.

– Mənim ağacımın yarpaqları tonqal alovundan büzüşüb, məhv olur. Siz hər şeyi məhv etdiniz. Mən onu necə sevib qorumuşdum, – dərviş ağlamsınıb şikayətləndi. Tonqalın üstünə sallanmış ağacı qucaqlayıb sığalladı, yarasına məlhəm olmağa çalışdı.

O biri dərvişlər də tonqalı döyəcləyib tamamən söndürdülər. İbn Salamın yaraqlıları səsə oyanıb, dərvişlərə qılınc çəkdilər:

– Siz kimsiniz, tonqalı niyə söndürdünüz? – deyə bağırdılar. Bu qəribə qiyafəli adamların görkəmindən vahimələnib üstlərinə getdilər.

– Biz meşə yandıranların qənimiyik! – deyə hallarını əsla pozmadan cavab verən dərvişlər

bir göz qırpımında ağaclara dırmandılar, zirinc çubuqlarından hördükləri böyük toru yaraqlıların üstünə atıb, onları eyni cəldliklə yuxarı çəkdilər. Torun ağzındakı toxunma ipləri dərvişlər hərəsi bir ağacdan çəkib, yaraqlıları bir-birinə elə sıxdılar ki, onlar əl-qollarını hərəkət etdirə bilmədilər. Bir xeyli asılı vəziyyətdə qalan yaraqlılar bu cındırından cin hürkən əcaib məxluqlarla dil tapmağa çalışdılar:

– Ey, səsimizi eşidirsiniz? Bizi buraxın, nə qədər istəsəniz, qızıl verərik.

– Kəs səsini, bizə dünya malı gərək deyil, – ən yaşlı dərvişin laqeyd səsi eşidildi.

Yaraqlılar nə qədər səsləsələr də, dərvişlərdən səs-səmir gəlmirdi, yaxınlıqdakı ağaclarda olduqları da sual altında idi. Həbs edildikləri torda ağaclardan asılı, hərəkətsiz qalmışdılar. Sıxışdıqlarından əl-qol açıb tordan qurtulmağa çalışsalar da, itələşib bir-birinə daha da ağrı verirdilər. Qurtulacaqlarına ümidləri get-gedə azalırdı.

Nofəl dəstəsi ilə meşədəki talaya yaxınlaşanda dan yeri yenicə sökülürdü. Göstəriş verdi ki, səssiz hərəkət etsinlər. Sevgililəri qəfil oyatmaq istəmirdi.

Bir az sonra artıq iki qardaş sarılıb bir-birini gördüyünə sevinir, hal-əhval tuturdular. Qeys bu qəfil gəlişə, məkanlarının tapılmasına nə qədər təəccüblənsə də, çox şad idi. Ayaqüstü söhbətdən sonra Nofəl gəlişinin məqsədini açıqladı:

– Yığışın gedək, sizi aparmağa gəlmişəm. Sizin nikahınızı özüm kəsdirəcəm. Əminəm ki, daha Fəttah da etiraz etməyəcək. Nikahdan sonra istədiyiniz yerdə yaşayarsınız.

Heç birindən səs çıxmadı. Nofəl onları razı salmağa çalışıb, bu gedişin onların hər ikisi və ailələri üçün daha yaxşı olacağını izah etdi. Qeys Fəttahın razı olacağına inanmırdı. Qorxurdu ki, qayıtsalar, Leylinin üzünü bir daha görməsinə imkan verməyələr. Nofələ də fikrini açıq dedi.

Nofəl Leylini yola gətirməyə çalışdı ki, o da sevgilisinə təsir etsin, getməyə razılaşsınlar. Leyli də olanları unutmamışdı, atasının ona mədrəsəyə getməyi qadağan etdiyini, elçiləri qapıdan qaytardığını xatırladıb, əlavə etdi ki, getməyin düzgün qərar olduğuna inanmır.

Onun sözünə, nüfuzuna güvənməməkləri Nofəlin izzəti-nəfsinə toxundu, bir az incik, bir az sərt “Siz mənim kim olduğumu bilmirsinizmi? – deyə onlara gücünü xatırlatdı. – Gedək! Sizə şərəf sözü verirəm ki, kəbininizi kəsdirəcəm. Kimsə də sizə mane olmayacaq. Sizi ayırmağa çalışan qarşısında məni görəcək. Arxayın olun!”

Başqa əlacları qalmadı. Həm Nofəlin sözünə inandıqlarından, həm də sözünü yerə salmaq istəmədiklərindən razılaşdılar. Bu razılığı səssiz, sözsüz bir-birinə baxmaqla bildirdilər. Nofəl onların bir-birinə necə baxdıqlarını gördü, onlar ibadət edənlərin göyə, susuzun bulağa, torpağın günəşə, Ayın dənizə baxdığı kimi baxırdılar. Gənclərin bu sevgisi Nofəli də xoşbəxt edirdi. Gülümsədi, özünə də Qeys kimi sevə bilməyi arzuladı.

X fəsil

Leylinin ömrü boyu bircə addım aralanmadığı valideynlərindən, böyüdüyü Bəndovandan bu qədər uzaq, meşənin ortasında, bir-birindən fərqlənməyən təkrar günlər yaşamağı sevgilisi ilə birlikdə qalmaq xətrinə qəbul etdiyini düşünəndə Nofəl qızın iradəsinə, sevgisinin böyüklüyünə heyran olurdu. “Qeysə Məcnun deyirlər, bəs Leyli? Hər şeyə rəğmən bu meşənin dərinliyində kim bu qədər qala bilərdi? Qeysə bu baxışlarla baxmaq o deməkdir ki, mən ondan başqa kimsəni görmürəm. Leyli yalnız bu sevgi naminə yaşayır. Sən xoşbəxtsən, Qeys…” Ürəyində qardaşına qibtə edir, onların sevgisi önündə məğrur başını əyirdi.

Yol boyu bu fikirlər yenə Nofəli tərk etmədi. O belə bir sevgi görməmişdi. “Əziz qardaşım, dayım ibn Məzyəd məni öz varisi, şahzadə də elan etdi, bu qədər var-dövlət, bu boyda hakimiyyət verdi. Amma mən deyirəm, Qeys, sən dünyanın ən varlı, ən güclü, ən ağıllı adamısan. Təkcə Leylinin sənə o baxışlarına görə dünyanı vermək olar. Uca Rəbbimiz sizi göylərdən endirib ki, bizə dünyanın əsl həqiqətini, ən şirin neməti olan sevgini öyrədəsiniz. Sizin sevginiz Ona olan sevgidir. İnsanlar bir-birini sevmədən Rəbbimizi necə sevə bilərlər?!…”

Bəndovana kölgələrin öləziyən vaxtı çatdılar, şər qarışırdı. Sayda qızını duz kimi yalayır, sevincdən gah gülür, gah ağlayır, gah da Nofələ dua edirdi. Fəttah qızının gəlişinə sevinsə də, özünü tox tutur, üzünə belə baxmırdı.

“Əgər Allah insanların bu qədər günahlarını bağışlayıb onları sevirsə, insanlar niyə bir-birini bağışlamasınlar? – Nofəl barışıq yaratmağa çalışırdı. – Sən də bu cavanları bağışla. Bəyəm, onlar hansısa pis iş tutublar? Seviblər bir-birini. Biz bu dünyaya sevməkdən başqa nə üçün gəlmişik ki? Özün fikirləş, sevgidən böyük nə var? Rəbbimizin özü sevgi deyilmi?"

Fəttah içindən “Məcnunun böyüyü burdaymış” fikrini keçirsə də, üzdə susurdu. Nofələ sayğısı sonsuzdu. Bəlkə də, həmin gün elçiliyə Nofəl də gələ bilsə idi, Fəttah qızını verməyə məcbur olar, nə Müləvvəhə o sözləri deməyə, nə də onlara etiraz etməyə üzü gələrdi. İndi də qızını tapıb gətirməsi böyük yaxşılıq, əvəzsiz lütf idi. Nofəlin sözləri ürəyincə olmasa da, hörmətindən susdu.

Nofəl düşündü ki, Fəttah mədrəsə görmədiyinə görə ibadət zamanı oxuduğu Allah kəlamlarını anlamır, yoxsa qəlbi belə qatı olmazdı. Amma öz fikrini elə özü də təkzib etdi: həyat da bir məktəb deyilmi? Bu yaşa çatıb, həyat ona heç bir şey öyrədə bilməyibmi? Axı, insanın baxdığı hər yerdə Allahın nişanəsi var. Fəttahlar, əl-Qasımilər və onlar kimi çoxları gözəlliklərə, yaxşılıqlara kar, kor olub, pisliyə boyun əyir, qorxudan uydurduqları bütlərə sitayiş edirlər… Fəttah kimi bir ataya Leyli kimi mələkxislət, sevgi dolu bir qız övladının bəxş olunması da Allahın lütfü idi. Nofəl düşünürdü ki, Leylinin müqəddəsliyi, məsumiyyəti qızın valideynlərinin deyil, Qeysin qismətidir. Allah-təala sevdiyi bəndələri yer üzünə tək göndərmir, ruhunu tamamlayacaq olanı da onun üçün göndərir və ruh əkizini tapmaq, ona can atmaq, çatmaq və xoşbəxt olmaq insanın öz əlindədir. Qeys bu bəsirət gözü kor olanların düşündüyü kimi, Məcnun-filan deyil, öz eşqinə sahib çıxan, kimsənin etməyə cürəti çatmayanı edə biləcək qədər qurd ürəyi yemiş aşiqdir. Nofəl qardaşı ilə qürur duyur, ona baxdıqca ürəyi dağa dönürdü.

Yosh cheklamasi:
16+
Litresda chiqarilgan sana:
17 fevral 2024
Yozilgan sana:
2024
Hajm:
130 Sahifa 1 tasvir
Mualliflik huquqi egasi:
Автор
Формат скачивания:
epub, fb2, fb3, ios.epub, mobi, pdf, txt, zip

Ushbu kitob bilan o'qiladi