Kitobni o'qish: «Leyli və Məcnun», sahifa 2

Shrift:

Səhər tezdən çapar Yəzid ibn Məzyəddən əmr gətirmişdi: “Bizimkilərin təcili Arrana köçürülməsi zərurəti yaranıb. Məşhur İpək yolu burdan keçir. Mən öz qəbilələrimin burda olmalarını istəyirəm. Dövlətin rifahı və əmin-amanlıq naminə bizimkilərin burda olması zəruridir. Kimsə gəlmək istəməsə, məcburi deyil. Amma başa salın ki, mənim buna ehtiyacım var. Bir də bu xəbəri hər iki qəbiləyə Nofəl çatdırsın. Sən də onunla get!”

Bağdadın havası qeyri-adidir. Bu şəhərdə gün səni yandırsa da, zərər vermir. Səhər tezdən isti təndir çörəyinin ətri ətrafı bürüyür. Yuxudan oyananda ac olmasan belə, o ətirli çörəyin xətrinə qəhvəaltı edərsən. Musa Nofəli lap erkən oyatmış, o, yuyunub gələnə kimi xidmətçilər yeməyini süfrəyə düzmüşdülər. Musa onun tələsik yediyini görüb qəhqəhə çəkdi:

– Bilirəm, oralar üçün darıxırsan. Amma tələsmə, yaxşı ye ki, yolun uzaqlığı, istisi səni yormasın. Biz qəbilələrimizə müjdəni verib, onları toparlayıb, karvanları yola düşdükdən sonra özümüzü Bərdəyə çatdırmalıyıq. Arranda vəziyyət pisdir. Üsyan hələ də yatırılmayıb, camaat Valid ibn Tarifinin tapılıb edam edilməsini tələb edir. Oranın adamları mərd və qorxmazdır. Xəlifə üsuli-idarəsindən olan birinin xalqı bu qədər qəzəbləndirməsi, əslində, camaatı Əmir əl-Mömininə qarşı qaldırmaqdır… Biz ərəblər Arrana girmək, dinimizi onlara qəbul etdirmək üçün nə qədər qan tökdük, qılınc gücünə dinimizi qəbul etdirdik, amma bu, əbədi davam edə bilməz. İndi biz onlarla qaynayıb-qarışmalı, dinimizin necə mütərəqqi bir din olduğunu sübut etməliyik…

***

Nofəlin şahzadə paltarında gəlişi bütün qəbiləni necə sevindirmişdisə, camaat “Qəhrəman Nofəl… Qəhrəman Nofəl…” deyə onu salamlayırdı. Dünən Nofəlin qəbilə üzvlərinə “biz sizi cənnətə aparacağıq, bundan sonra cənnətdə yaşayacaqsınız!” deməsi hər kəsi çox sevindirmişdi. Bütün qəbilə üzvləri Yəzid ibn Məzyədə, qəhrəmanları Nofələ dualar qılıb, Allaha şükr edirdilər.

Əl-Müləvvəhin isə ürəyində ikili hisslər baş qaldırmışdı. Bir yandan gözünü açandan qoynunda böyüdüyü, ata-anasının qəbirləri olan bu qumlu səhralığı qoyub getmək, digər tərəfdən də atasının ölümqabağı dediyi sözlər: “Çalış bu yerləri tərk elə get. Buralar bizə düşmədi. Bəxtini başqa yerlərdə sına”. Atasının vəsiyyəti onun qərarına təsir etsə də, yenə tərəddüd içində idi. Müqəddəs Kəbədən uzaq düşməkdən qorxurdu…

Həyatın elə dönüş nöqtələri olur ki, köklü qərar qəbul etmək lazım gəlir. Lazımi zamanda lazımi yerdə olmaq, əslində, Allah ilə olmaq deməkdir. O səninlədirsə, heç nədən qorxmaq lazım deyil. Müləvvəh əmindi ki, həqiqi inamla Allaha bağlandığı üçün onu ən doğru qərara yönəltmiş olacaq – bundan sonra hər şeyi zamanın axarına buraxmaq qalırdı. İndi qəlbində çoxdan əlini üzdüyü bir ümid də cücərdi. Bəlkə, Allah ona Nofəlin cənnət dediyi o torpaqlarda bir övlad da verdi. Müləvvəh gecənin qaranlığında şadyanalıqla qılınc rəqsi edən qəbilə igidlərinə baxarkən göy üzündə bir işıq zərrəsi ayrılıb hərəkət etdi. Ulduz düz onun başı üzərində dayanıb, sanki bir az da gücləndi, bir az da irəli gəldi.

Müləvvəh bədəninə dolan qəribə istilikdən əvvəlcə qorxdu, sonra bu istilikdən xoşlandığını, sanki yeni bir adam olduğunu hiss etdi. Aman Allahım, bu həmin o istilik idi! Otuz yaşından bu yana bir gün qəfildən hiss etmişdi ki, belində, qarnında, ayaqlarında, beynində, gözlərində hiss etdiyi o qəribə istilik daha yoxdur. Həmin gün düşünmüşdü ki, həmən istilik insan bədənini tərk etməsə, yəqin o heç zaman ölməz. İndi o istiliyi yenidən hiss etməsi onu həyəcanlandırdı. Bu, dünyanın ən şirin yanğısı, ən müqəddəs susuzluğu idi. Sanki birdən-birə hər şeyi, insanları, bu qumlu səhranı, dəvələri, ayı, ulduzu daha çox sevməyə başladı! Çadıra keçib Rüqəyyanı bağrına basdı, lap gəncliyində olduğu kimi…

IV fəsil

İnsan onu ən böyük arzusuna qovuşduran bir torpağı müqəddəs saymazmı?! Üstəlik, bu torpaqlar cənnəti xatırladırsa… Müləvvəh qəbiləsi ilə Arrana köç etdikdən bir ay sonra arvadının hamilə olduğunu öyrəndi. Onun qəbiləsini Bəndovan yaxınlığında yerləşdirdilər. Dəniz sahili ilə meşəlik, dağlıq ərazilərdən ta Bərdəyə kimi uzanan, tacirlərin Çin yolu adlandırdığı yol boyu bütün ticarət karvanlarını qorumaq, vergi toplamaq, dövlətin qayda-qanunlarına riayət olunmasına nəzarət etmək vəzifəsi ona və Şeybani qəbiləsinə tapşırılmışdı. Hər iki tayfaya ümumi nəzarət isə Nofələ tapşırılmışdı.

Fəttah evini onlardan bir az aralıda tiksə də, Azərbaycana köç edəndən bəri onun da üzü gülür, daha Müləvvəhi görəndə üzünü yana çevirmirdi. Müləvvəh hələ dünyaya gəlməmiş övlad payı üçün Allaha hər gün şükr edib, bu sevinci Fəttaha da bəxş etsin deyə yerin-göyün sahibinə yalvarırdı.

Bir neçə gün sonra Müləvvəh onu rahat buraxmayan fikirlərini arvadı ilə bölüşəndə Rüqəyyanın gözləri doldu:

– Arxayın ol, Sayda da hamilədir. Dünən Səidin arvadı bizi barışdırdı. Dedi ki, ikinizə də Allah lütf edib, övlad verib. Sayda hönkürüb ağladı, sonra da boynumu qucaqladı, barışdıq.

Müləvvəh əllərini açıb: – Sənə şükürlər olsun, Allahım, məni bu töhmətdən qurtardın, – deyə ürəkdən şükür etdi. Fəttahın övladı olmasaydı, ona Nofəli öz tərəfinə çəkdiyi üçün məzəmmət və nifrəti bitib-tükənməzdi.

Müləvvəh Bəndovanın küləyindən qorunmaq üçün evinin ətrafına şam ağacları əkmişdi. Övladı bu ağacların kölgəsində oynayacaqdı.

Yəzid ibn Məzyəd artıq Bəndovanda yeni bir şəhərin əsasını qoymaq üçün göstəriş vermişdi. Paytaxt Bərdədə otursa da, ibn Məzyəd burada bir liman şəhəri yaratmaq istəyirdi. Artıq xilafətin hər yerindən memarlar, xəttatlar, şair və rəssamlar Arran ərazisinə gətirilirdilər. Bu torpaqların bərəkətli, xəyalları gerçəkləşdirən bir yer olmasına hər gün bir işarət vardı. Təxminən eyni vaxtda Səidin də arvadının hamilə olduğu xəbəri yayıldı. Nofəl sevinsə də, əmisinin övladından daha çox Müləvvəh və Rüqəyyanın övladını dünyaya gəlişini gözləyirdi. Özü də istəyirdi ki, məhz oğlan doğulsun, ona qardaş olsun, o da bildiyi hər şeyi qardaşına öyrətsin. O özü kimi at belində, əli qılınclı, qorxmaz bir qardaş arzusunda idi.

Bəndovana köçürüldükdən sonra Fəttahın əmisi əl-Qasımi buralara elə valeh olmuşdu ki, illərlə səfərə çıxdığı ticarətindən əl çəkib oturaq həyata keçmişdi. O, Lökbatanda dəvə karvanlarının yolu üstə kiçik bir karvansara inşa edib, gəlib-gedənlərin qarnını Şamaxının ən dadlı qoyunlarının ətindən hazırladığı şaurmalarla doyururdu.

Əl-Qasımi əvvəlki təkəbbürünü bir az azaltsa da, xasiyyəti heç dəyişməmişdi. Bir Ramazan iftarında Nofəlin ona verdiyi sualı isə heç unuda bilmirdi. “Ağıl yaşda deyil, başdadır” misalını öz-özünə təkrarlayır, Nofəlin suallarına bir vaxtlar çətinliklə də olsa, verdiyi cavabdan başqa cavab tapa bilmirdi.

Pislikləri kainatda kim yaradıb?

Günahlara yaranışdan Yer kürəsi nədən batıb?

Yaxşılığa yamanlığı, xeyrə şəri, insanlığa iblisləri kim cırnadıb?

İbadətmi yer üzünün çıxış yolu, yoxsa ölüm?

Bədəvi ərəblərdə yalnız karvan soyan quldurlar şair olurdu. Tacirlərdən, dövlət adamlarından, din xadimlərindən şair nadir hallarda çıxardı. Bu, karvanbasanların daha azad ruhlu qəbilələrdən olduqlarına dəlalət etsə də, şeir yazmalarına səbəb çoxlu suallarının olması idi – onlar dünyanı məktəbdən deyil, həyatdan öyrənirdilər.

İndi Nofəlin sual dolu şeirini hər gün təkrarlaya-təkrarlaya şaurma satan əl-Qasımini, əslində, nə sual, nə şeir, nə də tutarlı bir cavab maraqlandırırdı. Onu maraqlandıran yalnız pul idi.

Müləvvəh Rüqəyyanın kənizi Səliməyə tapşırmışdı ki, son dönəmlər arvadından daha da muğayat olsun. “Çalış onu gözdən qoyma. Yaddan çıxarar, ağır bir şey götürər. Bax ki, Rüqəyya vaxtlı-vaxtında doğru-düzgün yemək yesin. Yuxusuna, istirahətinə diqqət etsin”. Müləvvəh karvan yollarında, iş başında olduğundan ürəyi rahatlıq tapmır, fikri-zikri arvadının və doğulacaq övladının yanında qalırdı.

Səlimə ona tapşırılmış işin öhdəsindən yaxşı gəlirmiş kimi davransa da, artıq Rüqəyyanı əsəbiləşdirməyə başlamışdı. Qadın, demək olar, hər şeyə qarışır, “otur, sən tərpənmə”, “ona dəymə”, “bunu götürmə”, “yemək ye”, “su iç” və bu qəbildən daha nələrsə danışdıqca, Rüqəyyanın acıqlanmağa üzü gəlməsə də, hiss edirdi ki, Səlimə onu bezdirir. Bu gün isə Rüqəyya bir şeyə əmin oldu ki, Səlimə təkcə onu bezdirməyib, səsi gələndə uşaq da tərpənib qarnını təpikləyir, sanki etiraz edirdi. Qadının səsi kəsilən kimi uşaq sakitləşirdi. Eyni təpkiləri uşaq əl-Qasımi ilə arvadı onlara dəvətsiz ziyarətlər edəndə də verirdi. Rüqəyya hiss edirdi ki, bətnindəki adi körpə deyil…

Vaxt yaxınlaşdıqca Müləvvəh övladının dünyaya təşrif buyurmasını həyəcanla gözləyir, arvadını bir an belə tək qoymamağa çalışırdı. Bir gün günəş batandan sonra möcüzə baş verdi. Həmin gün qəbilədə bir-birinin ardınca üç körpə dünyaya gəldi – Müləvvəh və Səidin oğlu, Fəttahın isə qızı doğuldu. Mamaçalar bütün gecəni ora-bura qaçışırdı, qəbilə üzvlərinin sevinc və həyəcanı bir-birinə qarışmışdı.

Uşaqlar üçü də ay parçası kimi gözəl, sağlamdılar, vaxtlı-vaxtında yeyir, yatırdılar. Bircə iş vardı ki, Qeys durmadan ağlayırdı. Körpəni yırğalamaqdan Müləvvəhin də, Rüqəyyanın da qolları sözlərinə baxmır, onun səsi bütün qəbiləni başına alırdı. Neçə loğman çağırsalar da, körpənin dərdinə çarə tapa bilmirdilər. Uzun illər sonra övlad sevincinə qovuşan Müləvvəh və Rüqəyya bir neçə gün ərzində sanki neçə il qocalmışdılar.

      Balaca Qeys ana bətnində iki fərqli əlin istisini həmişə hiss edir, bu əllərin onu qoruduğunu duyurdu. Amma son vaxtlar ona doğru qara bir kölgənin gəldiyinin fərqində idi. Bu kölgənin özü də, səsi də Qeysi qorxudurdu. Dünyaya göz açıb gün işığına çıxandan sonra həmin qara kölgənin həniri daha yaxından gəlir və Qeys dayanmadan ağlayaraq, sanki öz valideynlərini xəbərdar etməyə çalışırdı.

Hələ də nəfəsi qarala-qarala ağlayan körpənin yanına onun kimi qığıldayan, onun boyda bir canlı qoydular. “Nəfəsi çox ilıqdır. Qoxusu isə hələ yeni öyrəndiyim, heç vaxt hiss etmədiyim bir ətirdir. Özümü necə də xoşbəxt hiss edirəm! Şükürlər olsun ki, qara kölgə də harasa lap uzaqlara çəkilib! Ana, ata, baxın, heç ağlamıram! Mən bu nəfəsin daim yanımda olmasını istəyirəm!”.

– Şükürlər olsun, ağlamağını kəsdi. Allah səndən razı olsun, Sayda. Sən olmasaydın, biz nə edərdik? Allah balaca Leylini qorusun!, – Rüqəyya dil-ağız edirdi.

– Qeysin səsi bizim evə kimi gəlib çatır. Ürəyim dözmədi. Fəttahın yatdığını görüb Leylini də götürüb gəldim.

Qeys neçə gündən bəri ilk dəfə səhərə kimi sakitcə yatdı, valideynləri də rahat nəfəs alıb şirin yuxuya daldılar.

“Dünənki o gözəl qoxu harasa gedib, yanımda yoxdur. Ana, ata, o kim idi? Getdi harasa? Niyə yanımdan götürmüsüz? Mən o gül nəfəsi istəyirəm…” Qarnı tox, altı quru olsa da, Qeys yenə ağlamağa başladı.

Müləvvəh Qeysin ağlamasını eşidib, ona yaxınlaşdı. Körpənin beşiyi başındakı Səliməyə acıqlandı:

– Sən onu niyə tərpədirsən?! Yaxşıca sakit durmuşdu!

– Dedim başının altını düzəldim, – qadın günahkarcasına cavab verdi.

– Sənə deyilməmişdi ona toxunma?!

Müləvvəh sanki indi anlamışdı ki, Səlimə hər dəfə yaxınlaşdıqda Qeys ağlamağa başlayır: “Nahaq deməyiblər ki, yeni doğulmuş körpənin yanına qırx gün naməhrəm buraxmayın”.

Cibindən çıxardığı ağzıbağlı kisəni Səliməyə uzatdı, “al, haqqını halal elə, çilləsi çıxmayınca gəlmə”.

Səlimə pul kisəsini qapıb evdən çıxanda Müləvvəh qəti bu fikrə gəldi ki, Səliməni uzaqlaşdırsın. Qeys bir də o günlərdəki kimi çox ağlamadı.

Müləvvəh əmin idi ki, ağ işığın onu seçdiyi həmin gecə oğlu Rüqəyyanın bətninə düşüb. O, sövq-təbii ilə Qeysin adi bir uşaq olmadığını hiss edir, həssas ruhlu olduğunu duyurdu. “Bəlkə də, Səlimə heç kimin bilmədiyi cin, ifritədir. İnsan qiyafəsində dolaşan cinlərin sayı-hesabı yoxdur. Kaş, ətrafımızdakı həmin o insan qiyafəli məxluqları tanıya bilək. Gərək bundan sonra diqqətli olaq”.

V fəsil

Körpəlikdən Leylinin gözəlliyi dillər əzbəri idi. Fəttah bir vaxtlar heç Saydanı da belə qısqanmamışdı. Bu gözəl çiçək böyüdükdən sonra onu elə bir əl dərməlidir ki, həm Leylini sevib qorusun, həm də Fəttaha əsl oğul olsun. Qızının varlığına hər gün şükür etsə də, oğulsuzluq nisgilini unutmurdu.

Qeys Zeydlə birlikdə boy atıb böyüyür, oynayırdı. Ətrafdakı hər şeylə maraqlanır, hər şeyi bilmək istəyirdi. Gözləri üstündə olsa da, valideynləri ona sərbəstlik vermişdilər, ürəyi istədiyi vaxt evdən çıxıb tay-tuşları ilə oynaya bilərdi. Hardan tanıdığını xatırlamadığı bir qoxunun, nəfəsin şüursuz arayışında idi. Axtardığının hardasa yaxında olduğunu sövq-təbii ilə hiss etsə də, hələ ki onu tapa bilmirdi.

***

Artıq böyümüşdülər. Leylinin valideynləri onun çölə çıxmasına nadir hallarda imkan verirdilər. Sayda onun yalnız bacısı qızı Ayişə ilə oynamasına razı olurdu.

Nofəl hərb və dövlət işlərindən vaxt tapan kimi Bəndovana gələr, həm Müləvvəhgilə, həm əmisi Səidgilə baş çəkər, sonra da bütün qəbilə üzvləri ilə görüşüb əlindən gələn köməyi onlardan əsirgəməzdi. Bəni-əmir qəbiləsi onunla qürur duyur, hər uğuruna sevinirdi. Budəfəki gəlişinin məqsədi qəbiləsi üçün mədrəsə açdırmaq idi. Oğlanlı-qızlı qəbilənin hər bir gəncinin, uşağının təhsil almasını vacib sayırdı. Qeysə isə diqqəti xüsusi idi. Onu qardaşı qədər sevir, hər gələndə hədiyyələr alıb gətirirdi.

Qeyslə Zeyd evin qabağında, Müləvvəhin illər öncə əkdiyi sərv ağaclarının altında, Nofəl, Müvəlləh və Səid isə bir az aralıda oturmuşdular. Böyüklər bədəvi qəhvəsi içib söhbət edirdilər. Uzaqdan Əl-Qasımi göründü. Köhnə xasiyyəti idi, Nofəlin gəldiyini eşidən kimi tez özünü yetirər, ona xoş gəlmək üçün hünərlərini ağızdolusu öyər, zarafatlar edər, uzun-uzadı xatirələrindən, dünyada gördüklərindən danışardı. Nofəl onu görcək “görəsən, biz də qocalanda belə boşboğaz olacağıq?” – deyə zarafat etdi, gülüşdülər.

Əl-Qasımi yeniyetmələrin yanından ötəndə nəvaziş göstərmək üçün əlini Qeysin saçlarına uzatmaq istədi. Qeys artıq unutduğu həmin o qara kölgənin üzərinə yeridiyini hiss etdi, qorxudan bütün bədəni titrəməyə başladı, geri-geri çəkilib özünü Nofəlin üstünə atdı.

– Nə oldu, darıxdın qardaşın üçün? – Səid Əl-Qasıminin pərt olmaması üçün təbəssümlə dilləndi.

Nofəl Qeysin qorxduğunu görüb, ayağa qalxdı. Əl-Qasımiyə əl uzadıb, ayaqüstü hal-əhval tutduqdan sonra “mən getməliyəm” deyə, onun burda çox qalmasına imkan vermədi. Nofəlin onu görən kimi qalxıb getməsini, Qeysin qorxub titrəməsini görən Əl-Qasımi pərt idi. Bir az aralanandan sonra dodağının altında deyindi:

– Hmm, illərlə gözlə, gözlə, axırda dünyaya gətirdikləri uşağa bax. Əməlli-başlı dəlidir ki bu!

Nofəl artıq Qeysin qeyri-adi, həssas uşaq olduğunu anlamışdı. Bərdəyə yola düşmək üçün sübh tezdən oyanmışdı. Səid isti çörək dalınca getmiş, arvadı isə yemək hazırlayırdı. Nofəl fürsətdən istifadə edib əmisi oğluna dedi:

– Səni çox istədiyimi bilirsən. Bilirəm, sənə də mənim xətrim əzizdir. Ona görə səndən bir istəyim olacaq.

Zeyd qəbilənin qəhrəmanının ondan nəsə istəməyindən qürur və məmnunluq duyaraq diqqət kəsildi.

– Zeyd, sən igid oğlansan. Həmişə Qeysin yanında ol, ona qardaşın kimi dayaq dur, kimsənin ziyan verməsinə imkan vermə, onu qoru… Mənə söz verirsənmi?

Zeyd əmisi oğlunu razı salacaq bir ahəngdə sakitcə “söz verirəm” dedi.

Ağıllı hökmdar təbəələrinin elmli olmasını istəyər. Nadan və cahilləri idarə etmək nə qədər asan olsa da, bu, dövləti inkişafa deyil, məhvə aparar. Xilafətdə elmin yüksəliş illəri idi… Bəndovan məscidi böyük və əzəmətli idi. Məscidin nəzdindəki mədrəsədə Arranın böyük alimi Əhməd Bərdəi dərs deyəcəkdi.

Məktəb yolu elə də uzaq deyildi. Hamı dəstə-dəstə mədrəsəyə yollanırdı. Camaatın həmişə məscidə gedib-gəldikləri yol olsa da, bu gün sanki yola göydən işıq ələnmişdi. Mədrəsədə məntiq, hədis, təfsir, sərf, vəz, bəlağət, kəlam, hikmət, fiqh, fəraiz, əqaid, üsulü fikir, elmi-həyat dərsləri veriləcəkdi. Yola səpələnən elmin işığı üzlərdəki sevinc işığına qarışmışdı.

Sinif otağı açıq havada idi. Səhər günəşinin şəfəqləri mədrəsənin həyətinə yayılmışdı. Əhməd Bərdəi ilk dərsə başladı. Fikirləri hikmətli, nitqi dünyanın ən möhtəşəm hafizinin səsi qədər sirayətedici, səlis bir müəllimi dinləmək böyük zövq idi.

– Allah-təala lütf eləyib, bütpərəst Şərqə müqəddəs kitab göndərdi. Amma nə baş verir?! Hələ də o kitabdan bütlər yaratmaq üçün istifadə edirlər. Quranın hikmətini, içindəki böyük elmləri öyrənmək və öyrətmək əvəzinə, yaratdıqları bütləri beyinlərə yeridirlər.

Zeydlə ön sırada oturub diqqətlə müəllimi dinləyən Qeys bayaqdan bəri burnunu qıdıqlayan, hər nəfəs aldıqca bədəninə yayılıb ürəyini döyündürən o uzaq ətri tanıdı. Nə qədər çalışsa da, daha fikrini dərsə verə bilmədi. O doğma ruh burda, lap yaxında idi. Müəlliminə hörmətsizlik edib arxaya çevrilmək istəməsə də, ürəyi uçunurdu.

– Hikmət həqiqətdir. Ən böyük həqiqət isə budur ki, Quranı dərk etmədən əzbərləmək özü korluqdur. Onun hər surəsindəki kəraməti, elmi anlamaq lazımdır ki, yaranışdan bu günə hələ də dərk edilməyən dünyada əsas və tək yolu, doğuşdan ölümədək olan yolu qət etməyin həqiqətini öyrənəsən. Öyrənməyin ibtidası sualdır. Bütün suallar nə vaxtsa cavabını tapır, gərək o cavab üçün yetişəsən…

Uşaqlar maraqla dinləyir, arabir sual verib, cavab alırdılar.

– Biz sizinlə həqiqətin yoluna düşüb asta-asta hər şeyi öyrənəcəyik. Bir az fasilə verək. Çox istidir. Sularınızı için, dincəlin, sonra hədis və fiqh dərsləri ilə davam edərik.

Əhməd Bərdəi sözünü bitirib, məscidə girdi.

Qeysin heç vaxt unutmayacağı o an gəldi. Arxaya dönəndə indiyə kimi rast gəldiyi gözəlliklərin ən mükəmməlini gördü. Qeyri-ixtiyari ayağa qalxdı, donub qaldı. Qarşısındakı ağ işıqdan yoğrulmuş insan idi – heç vaxt kölgə düşməyəcək ağ işıq!!! Ağlını başından alan, ömrü boyu ixtiyarsız aradığı rayihənin mənbəyi olan bu işıq onu özünə çəkirdi. Qollarının nə vaxt qanadlara çevrildiyini özü də hiss etmədi. İki alovlu qanad həmin işıq topasını ağuşuna alıb bərk-bərk qucaqladı.

– Səni ömür boyu axtarmışam, – Qeysin sözlərini təkcə köksünə sığınmış Leyli duydu.

Bir-birini əsla tanımayan qızla oğlanın mədrəsədə, hamının gözü qabağında qucaqlaşdığını görənlər heyrətdən donub qalmışdılar.

Leyli başını qaldırıb Qeysin üzünə belə baxmadı. Yalnız onu həzzə boğan, canından heç vaxt getməyəcək qolların istisini hiss edirdi. Ətrafdakı səs-küy onları sanki dərin bir şirin yuxudan ayıltsa da, bir-birindən başqa heç kimin fərqində deyildilər.

– Siz nə edirsiz? Nə baş verir? – Ayişə heyrətlə gözlərini bərəldib qışqırırdı.

– Qeys, burax qızı, neyniyirsən? – Zeyd dostunun qolunu dartışdırırdı.

Bu dəhşətli hadisə bircə saata bütün qəbiləyə yayıldı. Fəttah bütün qohum-əqrəbasını yığıb, qəzəbindən az qalırdı, yerin altını üstünə çevirsin.

– Belə azğınlıq, tərbiyəsizlik olarmı?! O küçüyü öldürsəm də, ürəyim soyumaz! – bağırır, deyinir, gözlərindən qan damırdı. Əl-Qasımi qardaşı oğlunu sakitləşdirməyə çalışsa da, yanğına körüklə gedirdi:

– Mən sənə vaxtilə deyirdim, inanmırdın. Deyirdim, axı, əl-Müləvvəhin oğlu dəlidir, məni görəndə qaçıb gizlənir. İndi nə oldu belə ürəkləndi? Necə yəni sən heç kimə fikir vermədən hamının gözünün qabağında Fəttahın qızını qucaqlayasan?! Bu nə cürətdi?! – bir gözü Fəttahda, onun Qeysə ən ağır cəza kəsəcəyinə ümid edərək səsini daha da qaldırırdı. – Məcnundur bu! Əl-Müləvvəh bədbəxtdir. İllər boyu gözlə-gözlə, axırda da əkib-doğduğun belə cünun olsun!…

Sayda qəzəbindən dil-dodağı qurumuş ərinə su verib, onu sakitləşdirməyə çalışdı:

– Axı, sən özün həmişə deyirdin ki, Leylini elə adama ərə verəcəm ki, onu çox sevsin, bizim kimi qorusun. Bəyəm, Qeys pis oğlandır? İllərdir tanıdığımız ailənin övladıdır, atası o boyda hörmət-izzət yiyəsi… Yəqin qızımızı sevir, cavandır, bir səhvdir edib, yəqin…

İçdiyi su Fəttahın sanki əsəblərinin üstünə səpilirdi. Arvadının sözləri, deyəsən, ağlına batırdı. Bəlkə də, Sayda bir az da davam etsə, ürəyi yumşalardı, amma əl-Qasımi ona sözünü bitirməyə imkan vermədi:

– Sizə deyirəm ki, o hər məni görəndə qorxub gizlənir. Beləsindən ailə qoruyan kişi olar? Leylini necə qoruyacaq? Ona necə ər olacaq? Onu qızdan uzaq tutmaq lazımdır. Deyirəm sizə, Məcnundur o, Məc-nun!

Fəttah bayaqkı qədər qəzəbli olmasa da, səsi boğula-boğula son sözünü dedi:

– Leyli mədrəsəyə getməyəcək!

Qonşu otaqdan bütün danışılanları eşidən Leyli baş verənlərin gerçək olduğuna hələ də inana bilmirdi. O nə yaşadı, nə baş verdi? Doğrudanmı, Fəttah kimi ömrü boyu ona evdən çıxmağa belə imkan verməyən atanın gözünün ağı-qarası, bircə qızı bunca özünü unudub əsla tanımadığı bir oğlanın onu qucaqlamasına imkan verdi? Üzünə belə baxmadığı Qeysin ağuşunun istisi, bu vaxta kimi dadmadığı bu naməlum həzzin dumanlı təsiri bir yandan, qonşu otaqdakı çığırtı-bağırtılar da bir yandan beynini qarışdırarkən, atasının “mədrəsəyə getməyəcək!” sözləri qulaqlarında ildırım kimi çaxdı! Dizi üstə çöküb hönkürdü…

Bütün qəbilə gözünü bərəldib əl-Müləvvəhin nə deyəcəyini gözləsə də, Qeysin hərəkəti atasını sevindirmişdi. Neçə il idi ki, onu dərd götürmüşdü. Qeysin Əl-Qasımini görəndə titrədiyi gündən məyus idi ki, oğlu qorxaqdır. İrəlidə onu bir cəngavər, bir sərkərdə kimi görmək istəyirdi. Həmin gün Qeysin titrəyib Nofələ sığınması atanın əl-qolunu sındıraraq yanına salmışdı. Bu gün mədrəsədə baş verənlər isə sübut edirdi ki, Qeys çox ürəklidir və heç nədən qorxmur.

Uzun müzakirələrdən sonra Müləvvəh və Rüqəyya qərara gəldilər ki, Nofəli də götürüb Fəttahın qapısına elçi getsinlər…

***

Sinif müəllimin gəlişinə hazır idi. Bircə Ayişənin yanındakı yer boş idi. Tez-tez dönüb arxaya baxan Qeysin səbri tükəndiyindən dostundan xahiş etdi ki, Leylinin niyə gəlmədiyini Ayişədən soruşsun.

Dünəndən qızdan gözünü çəkməyən Zeyd üçün bu, yaxşı fürsət idi. Uzun, dəniz kimi dalğalı saçlarına vurulduğu qızın altdan-altdan ona baxdığını da hiss etmişdi. Amma qıza yaxınlaşmağa macal tapmadı, vəz dərsi başladı. Müəllim hüceyrələrdən danışırdı.

– … İnsanın qarşı cinsi sevməsi üçün, ilk növbədə, qarşısındakının nəyisə onda maraq doğurur. Kimsə qızın saçlarına vurulur, bir başqası gözlərinə, digəri gülüşünə, başqa biri hansısa əzasına. Qız da deyək ki, oğlanın boyuna, saqqalına, səsinə. Sonra maraq dairəsində olan şey onu elə cəlb edir ki, qarşıdakı insanı daha da yaxından tanıyır, yerdə qalanlar bəyəndikləri ilə eynilik təşkil edib onu itələmirsə, bu sevgi daimidir. Hüceyrələr də belədir. Toxum münbit torpağa düşərsə, inkişaf edər. Amma şərait bərbaddırsa, ən gözəl toxumdan da kül törəyər.

Kimsə arxadan söz atdı:

– Müəllim, onda Qeys Leylinin nəyinə vurulub?

Hamı pıqqıldayıb gülüşdü.

– Onu Qeysdən soruşsanız, yaxşı olar, – deyə müəllim söhbəti bağladı.

Zeyd Ayişədən aldığı pis xəbəri Qeysə ötürdü:

– Atası Leylinin mədrəsəyə gəlməsini qadağan edib…

Uzun illər arayıb tapdığı səadəti bircə gündə əlindən alırdılar. Üstünə məşum bir ağırlıq çökdü.

Qəbilənin hörmətli ağsaqqalları, əyanları Müləvvəhə qoşulub elçiliyə getdilər. Fəttahın yanında Əl-Qasımidən başqa kimsə yox idi. Nofəl hökmdarla Bağdada getdiyindən gələ bilməmişdi. Son dəqiqəyə qədər Nofələ nə cavab verəcəklərini düşünməkdən az qala dəli olan Fəttah da, əmisi də rahat nəfəs aldılar.

Leyli bütün günü yataqdan qalxmamış, mədrəsədən qayıdandan bu günə kimi iştahadan kəsilmişdi. Sayda qızının ağzını arayıb Leylinin də Qeysə dəli kimi aşiq olduğunu öyrənmişdi.

– Bizim bircə övladımız var. Qızımız Qeyssiz ölə bilər. Sənin hikkən önəmlidir, yoxsa qızının gələcəyi? – Sayda göz yaşları içində ərini fikrindən döndərməyə çalışırdı.

Adət-ənənəyə uyğun qız istənildi. “Qəbiləyə səs salmış bu qeyri-adi hadisə onu göstərir ki, bu iki gəncin qovuşması elə Allahın əmridir”. Qız atası elçiləri təmkinlə dinlədi, görən deyərdi yəqin verəcək qızı. Eyni təmkinlə cavab versə də, sanki illərdir ürəyinə yığılıb qalmış kin-küdurəti sözlərinə yükləməyə əlinə fürsət düşmüşdü:

– Sənin kimi hörmətli bir adama “yox” deməyə əlimdə bir əsas yoxdur. Amma qızı verməmək üçün ən böyük əsas sənin oğlundur, Müləvvəh. Qeys ağla, məntiqə sığmayan hərəkətlər edir. Qızımı biabır edir. O, cünundur. Mənim dəliyə veriləsi qızım yoxdur!

Əl-Qasımi istədi, qardaşı oğlunun sözünə qüvvət versin, amma fürsət tapmadı. Müləvvəh artıq ayağa qalxmışdı, yanındakılara “gedək” deyib pərt halda Fəttahın evini tərk etdi.

Qeys evlərinin arxasındakı iki qabarıq qum təpəciyindən gözlərini çəkə bilmirdi. Təpəciklərdən bir az sağda qumlar dalğalanıb sıralanmışdı. Qeys diksindi. Qarşısındakı dolğun qabarıqlıqlar, enişlər, məsafə, xətt, mütənasib əyriliklər, bihuşedici incəlmələr ona nəyisə xatırladırdı. Aman Allah, qumluqda uzanıb ona baxan, sinəsi, saçları, dümdüz incə beli, cazibədar ayaqları qumdan olan bu vücud ki Leylidir! Xəyala daldı. Nə vaxtsa o gözəlliyə toxunacaq, onun adi insan deyil, bu qum dənəcikləri kimi bir-birinə söykənən huri-mələk toxumalarından yarandığını özü hiss edəcək. Bu, Leylinin özüdür. Ona baxır, onu gözləyir…

Səhər açılar-açılmaz yerindən dik atılıb, evlərinin arxasındakı qumluğa qaçdı. Gözləri qum üstündəki Leylisini axtardı. Gecəki küləkdən sonra qum heykəl yoxa çıxmışdı. Bir az irəli qaçıb, dünən heykəlin olduğu yerdə dayandı. Məyus-məyus ətrafa boylandı. Uzaqdakı təpənin kənarında kimsə oturmuşdu. Beli o qədər incə idi ki, qum saatını andırırdı. Qeys ayaqlarını qucaqlayıb, başını dizinə qoyan qızın Leyli olduğunu yalnız indi anladı. O incəlikdə belin bədəni necə saxladığı bir möcüzə idi. Həm də ki qumdan ola?!

Çox yaxına getmədi. Elə olduğu yerdən xəyalən qızın yanında oturdu. Əlini belinə dolayıb özünə tərəf çəkdi. Leyli başını onun çiyninə qoydu:

– Məni çox sevirsən?

– Dünya günəşi sevdiyi qədər.

– Yox, sən mənim günəşimsən, axı, – Leyli gülümsədi.

Qeys bir ovuc qum götürüb, barmaqlarının arasından buraxdı:

– Mən qum zərrəsiyəm. Nə qədər ki sən məni qızdıracaqsan, mən sinənə qonub səninlə olacam. Bir gün külək məni sovurub aparsa, orda, – Qeys dənizin ortasını göstərib, – qaya kimi bitəcəm, – dedi.

Leyli dənizə tərəf boylandı. İri dalğaların arasında Qeysin dediyi qayanı axtardı. Amma qaya əvəzinə, dalğaların öz qanadları üzərinə qaldırıb batmağa qoymadığı qayıq var idi. Qayıq da qumdan idi və dalğaların suları onu əritmirdi. İçində ayaq üstə durub sahilə baxan isə Qeys idi.

– Mənim yanıma gəlirsən?

– Mən sənin yanındayam.

Leyli inadla etiraz etdi:

– Yox, Qeys, sən qayıqdasan… Məni aparmağa gəlirsən… Səni gözləyirəm… Gəl məni apar…

– Qeys, Qeys, məktəbə gecikirik, tez gəl, gedək, – Zeydin səsinə xəyaldan ayıldı.

Qum Leylini burda qoyub əsl Leylinin yanına getsinmi? Tərəddüd edirdi. Birdən çevrilib getdi. Yəqin Leyli bu gün məktəbə gələcəkdi. Qumdan olanı deyil, əsl Leylini görəcəkdi. Bəs, birdən məktəbə gəlməsə?… Arxadan Leylinin səsi gəldi:

– Gəl məni qurtar, Qeysss…

Çevrildi. Külək təpəcikdə oturan Leylini qum dənəciklərinə döndərib ətrafa səpələmişdi. İndi Leyli hər tərəfdə idi – havada, yerdə, ağaclarda, evlərin üstündə… Hamısı da bir səs olub onu köməyə çağırırdı. Məktəbə çatana kimi Qeysin ürəyi, beyni param-parça olmuşdu, bilmirdi hansı Leylinin, haradakı Leylinin dalınca qaçsın.

Bu dünyada hər şey xəyaldır. Bircə xəyallarda gördüklərin məhv olub, səni aldatmasın. Bəlkə, buna görədir ki, səhrada uzun müddət gəzənlər orada xəyal gücü ilə dəniz, palmalarla əhatə olunmuş göl görürlər. Dəniz xəyalların limanı, insanı sevgisinə qovuşduran qayıqların güman yeridir. Çünki dənizlərin dibi də, sahilləri də qumdur. Qum isə yaranışın, gerçəkləşmək istəyən xəyalların təməl toxumalarıdır…

Bu düşüncələrin təsiri altında məktəb yolunu necə getdiyinin fərqinə vara bilmədi. Yol boyu hər kəs ona baxıb yanındakı ilə xısınlaşır, şəhadət barmağını gicgahında fırladıb bir-birinə Qeysin dəli olduğunu bildirirdilər.

Sevdiyi, illərlə arayışında, həsrətində olduğu bir qızı qucaqlamağın dəlilik olduğunu düşünən kişilər sanki səhərdən axşama kimi bütün iş-güclərini hansısa qadına sarılmaq üçün etmir, qadınlar da hər şeyi, bişirdikləri yeməyin dadından tutmuş evlərinin təmizliyinə qədər hər işlə onlara sarılacaq bir kişidən ötrü məşğul olmurdular.      Bəlkə də, çoxları Qeysə dəli deməklə onu üstüörtülü təqdir edir, hər kişi özünə bir Leyli, qadınlar da ona heç nədən, heç kimdən çəkinmədən sarılacaq bir Qeys arzusunda idilər. Bir sözlə, hər kəs xoşu gəldiyinə, sevdiyinə bircə dəfə də olsa, sarılmaq istəyirdi, içlərindəki qorxu isə onları durdurur, əslində, Qeysə deyil, özlərinə dəli deyirdilər. Qeysə tənə edənlər şüuraltı düşünürdülər ki, min ildə, nə yaxşı, bir Qeys çıxdı meydana! Gizli sevgisini, xoşladığını nəinki dilə gətirməyə, düşünməyə belə qorxanlar ürəklənmişdilər. İndi hər kəs cünunluğu bəhanə edib ondan daha çox söz açır, Qeysdən danışılanlarda xəyalən özlərini təsəvvür edib rahatlanırdılar.

Qeys məktəbin qarşısında görünər-görünməz ən ürəklilər dodağını yanlarındakının qulağına mümkün qədər yaxınlaşdırıb “Dəli gəldi…” pıçıldadılar. O əsnada neçə qız, neçə oğlan insanın həssas nöqtələrindən olan qulağında isti nəfəs, məhrəm toxunuş hiss etdi. Həmin anda bir-birinə ömürlük aşiq olanlar da, həyəcanlanıb sadəcə, xoşhallananlar da oldu. Qeysin dillərə düşmüş dəliliyi hər kəsin özünə qoyduğu sərhədi aşmaq üçün güc, həmin anda dəlilikdən alınan ləzzət idi…

Leyli bu gün də məktəbə gəlməmişdi. Qeys oturacağın üstünə çıxıb bərkdən soruşdu:

– Leyli niyə gəlməyib?

– Səndən qorxur, Qeys, – arxadan kimsə dilləndi. Gülüşdülər.

Qeys səs gələn tərəfə baxmadan dedi:

– Hamınız korsunuz!

– Sən də cünunsan, Qeys. Bizə niyə kor deyirsən? – hamı nə isə deyir, onun hərəkətini müzakirə edir və danışdıqca onun doğrudan dəli olduğuna özlərini əmin edirdilər.

– Görmürsüz qum dənələrini? – nələrisə göstərirmiş kimi əlini havada dolandırdı.

– Görürük, sən qum dənəsisən, Qeys, – hamı gülüşdü.

Qeys yerinə oturub öz-özünə danışırmış kimi sakitcə dilləndi: “Axır ki, gözünüz açıldı. Biz hamımız qum dənələriyik, Leyli isə günəşdir…”

VI fəsil

Zaman durmadan axır, onlar böyüyür, nə Leylinin kədərli siması, nə də Saydanın göz yaşları Fəttahın ürəyini yumşaldırdı. Qızını məktəb üzünə həsrət qoymuşdu. Qeys hər gün dərsə yeni bir ümidlə gedir, daha böyük xəyal qırıqlığı ilə qayıdırdı. Artıq üç gün idi ki, Zeyd və Ayişənin vasitəçiliyi ilə göndərdiyi məktublarına da cavab gəlmirdi. Dərsdən sonra Zeyddən ayrılıb Leyligilə sarı üz tudu. Yanından keçən hər kəsi qara kölgə kimi görürdü. Qara kölgələr sağdan, soldan Qeysi sıxsalar da, başını əlləri arasına alıb, əsəb və həyəcandan titrəyə-titrəyə, hər şeyə rəğmən xilasına, ağ işığa doğru gedirdi. Başını yuxarı qaldırdı, göydən birbaşa Leyligilin evinə süzülən ağ işığı görəndə üzünə təbəssüm yayıldı. Öz üstünə düşən ağ işıq isə daha güclü idi. Getdikcə əlləri, qolları yenə də alışdı, alovlu qanadlar onu daha da güclü etdilər. Daha qara kölgələrdən qorxmurdu, varlığına onları dəf edəcək güc-qüvvət yağmışdı.

Yosh cheklamasi:
16+
Litresda chiqarilgan sana:
17 fevral 2024
Yozilgan sana:
2024
Hajm:
130 Sahifa 1 tasvir
Mualliflik huquqi egasi:
Автор
Формат скачивания:
epub, fb2, fb3, ios.epub, mobi, pdf, txt, zip

Ushbu kitob bilan o'qiladi