Faqat Litresda o'qing

Kitobni fayl sifatida yuklab bo'lmaydi, lekin bizning ilovamizda yoki veb-saytda onlayn o'qilishi mumkin.

Kitobni o'qish: «Üç gonbul»

Shrift:

Birinci hissə
KƏNDİRBAZ TİBUL

I fəsil
DOKTOR QASPAR ARNERİNİN NARAHAT GÜNÜ

Sehrbazların vaxtı çoxdan ötüb-keçib. Çox güman ki, onlar, bəlkə də, heç olmayıblar. Bütün bu uydurma və nağıllar balaca uşaqlar üçündür. Sadəcə, bəzi hoqqabazlar maymaqları elə məharətlə aldadıblar ki, sonra bu hoqqabazları cadugər və sehrbaz kimi qələmə veriblər.

Bir doktor vardı. Adı Qaspar Arneri idi. Sadəlövh adam, yarmarka əyyaşı, yarımçıq oxumuş tələbə də onu sehrbaz kimi qəbul edə bilərdi. Doğrudan da, bu doktor əsl möcüzəyə oxşayan heyrətamiz şeylər edirdi. Əlbəttə, onun sadəlövh camaatı aldadan sehrbaz və hiyləbazlara heç bir aidiyyəti yox idi.

Doktor Qaspar Arneri alim idi. Ola bilsin, o, yüzəcən elm öyrənmişdi. Hər halda, bu məmləkətdə Qaspar Arneri kimi müdrik insan və alim yox idi.

Onun alimliyinə hamı – dəyirmançı da, əsgər də, xanımlar da, nazirlər də bələd idi. Şagirdlər onun haqqında belə nəqəratla bütöv bir mahnı oxuyurdular:

 
Yerdən ulduzlara biz necə uçaq,
Tülkü quyruğundan bəs necə tutaq,
Bəs biz daşdan necə çıxaraq buxar, –
Bunu bacarar yalnız doktor Qaspar.
 

Bir dəfə yay vaxtı, iyun ayında, olduqca xoş bir havada doktor Qaspar Arneri müxtəlif növ ot və böcək toplamaq üçün gəzintiyə çıxmağı qərara aldı.

Doktor Qaspar cavan deyildi və ona görə də yağışdan və küləkdən çəkinirdi. Evdən çıxanda boynuna qalın şərf dolayar, gözlərinə toz dolmasın deyə eynək taxar, əlinə ağac alardı ki, ayağı büdrəməsin və ümumiyyətlə, gəzintiyə böyük ehtiyatla çıxardı.

Bu gün hava çox gözəl idi: günəş öz şəfəqini ətrafa yayırdı, otlar elə yamyaşıl idi ki, adam ağzında sanki onların şirin tamını hiss edirdi, zəncirotular havada uçuşur, quşlar civildəşirdilər. Yüngül ziyafət paltarısayağı xəfif meh əsirdi.

– Çox gözəl havadır, – doktor dedi, – ancaq ehtiyat üçün plaş götürmək lazımdır, çünki yay havası aldadıcı olur. Yağış da yağa bilər.

Doktor təsərrüfatını yerbəyer elədi, eynəyini üfürdü, yaşıl dərili, çamadana oxşayan yeşiyini götürüb yola düşdü.

Ən maraqlı yerlər şəhərdən kənarda, Üç Gonbulun sarayı olan ərazidə idi. Doktor bu yerlərə tez-tez gələrdi. Saray böyük bir parkın ortasında yerləşirdi. Park isə dərin kanallarla əhatə olunmuşdu. Kanalların üzərindən qara dəmir körpülər salınmışdı. Körpüləri qara müşəmbə şlyapalarına sarı lələklər taxılmış saray keşikçiləri mühafizə edirdilər. Parkın ətrafı üfüqədək gül-çiçək səpələnmiş valehedici çəmənliklə, balaca meşəlik və nohurlarla əhatə olunmuşdu. Bura gəzinti üçün çox gözəl yer idi. Burada ən maraqlı növ otlar bitirdi, ən gözəl böcəklər səs salır, quşlar məharətlə oxuyurdular.


“Amma piyada getsəm, uzaq olar. Şəhər səddinə kimi gedib orda fayton tutaram. O da məni saray parkınacan aparar”, – deyə doktor fikirləşdi.

Şəhər səddi yanında camaat həmişəkindən çox idi.

“Məgər bu gün istirahət günüdür? – deyə doktor şübhələndi. – Düşünmürəm, bu gün çərşənbə axşamıdır”.

Doktor yaxına gəldi. Meydan camaatla dolu idi.

Doktor yaşıl köbəli boz mahud gödəkcə geymiş sənətkarları, sifəti gil rəngində olan dənizçiləri, yubkaları çəhrayı kollara bənzəyən arvadları ilə gəlmiş rəngbərəng jiletli varlı şəhərliləri, qrafinli, tabaqlı, dondurma qablı və manqallı tacirləri, sanki paltarları yaşıl, sarı və ala-bəzək qurama yorğana bənzəyən arıq meydan aktyorlarını, kürən, şən itlərin quyruğundan dartan balaca uşaqları gördü.

Hamı şəhər darvazasının qabağına toplanmışdı. Nəhəng, hündür bina boyda dəmir darvaza bərk-bərk bağlanmışdı.

“Darvaza niyə bağlıdır?” – doktor heyrətləndi.

İzdiham səs-küy salmışdı; hamı ucadan danışır, qışqırır, söyürdü, lakin heç nə anlamaq olmurdu.

Doktor qucağında bozumtul kök pişik tutmuş cavan bir qadına yanaşıb soruşdu:

– Bağışlayın, deyin görüm, burda nə baş verir? Camaat niyə belə çoxdur, onların həyəcanına səbəb nədir, şəhərin darvazası niyə bağlıdır?

– Qvardiyaçılar camaatı şəhərdən buraxmırlar…

– Axı niyə buraxmırlar?

– Ona görə ki onlar şəhərdən çıxıb Üç Gonbul sarayına yollananlara kömək eləməsinlər…

– Vətəndaş, mən heç nə anlamıram, bağışlayın…

– Ah, siz doğrudanmı bilmirsiniz ki, bu gün silahqayıran Prospero və gimnast Tibul xalqı arxalarınca aparırlar ki, hücumla Üç Gonbul sarayını tutsunlar?

– Silahqayıran Prospero?

– Bəli, vətəndaş… Sədd hündürdü və onun o tayında qvardiya atıcıları durublar. Heç kim şəhərdən çıxmayacaq, silahqayıran Prosperonun arxasınca gedənləri isə saray qvardiyaçıları vuracaqlar.

Doğrudan da, uzaqda bir neçə atəş səsi eşidildi.

Qadın pişiyi qucağından yerə saldı. Pişik çiy xəmir kimi şappıltı ilə yerə dəydi. İzdiham nərildədi.

“Deməli, belə əhəmiyyətli hadisəni əldən verdim, – doktor fikirləşdi. – Düzdür, bir aydır otaqdan bayıra çıxmıram. Bağlı qapı arxasında işləmişəm. Heç nədən xəbərim yoxdur…”

Bu vaxt top bir neçə dəfə daha uzağı vurdu. Gurultu top kimi atıldı və külək boyu diyirləndi. Qorxan təkcə tələsik bir neçə addım geriyə atılan doktor olmadı, bütün izdiham guruldadı və ətrafa səpələndi. Uşaqlar ağlaşdılar, göyərçinlər qanadlarını şappıldadaraq uçub getdilər, itlər yerdə şöngüyüb ulamağa başladılar.

Güclü top atəşi başlandı. Son dərəcə şiddətli səs-küy qalxdı. İzdiham darvazanı itələyərək qışqırmağa başladı:

– Prospero! Prospero!

– Rədd olsun Üç Gonbul!

Doktor Qaspar tamam özünü itirdi. İzdihamda onu tanıdılar; çünki çox adam onu üzdən tanıyırdı. Bəziləri sanki ondan kömək diləyirmiş kimi ona carı atıldılar. Lakin doktor az qala ağlayacaqdı.

“Orada nə edirlər? Necə bilək ki, darvazanın o tayında nə baş verir? Bəlkə, xalq qələbə çalıb, bəlkə də, artıq hamısını güllələyiblər!”

Belə olanda ona qədər adam meydandan başlanan üç dar küçəyə tərəf qaçdı. Küçənin tinində köhnə qülləli hündür ev vardı. Doktor qalan adamlarla qülləyə qalxmağı qərara aldı. Aşağıda hamama bənzəyən camaşırxana vardı. Ora zirzəmi kimi qaranlıq idi. Yuxarıya dolama pilləkən qalxırdı. Ensiz pəncərələrdən işıq düşürdü, lakin çox zəif idi, ona görə də hamı yavaş-yavaş, böyük çətinliklə yuxarı qalxırdı, həm də ki sınıq sürahili pilləkən dağılmışdı. Doktor Qasparın lap yuxarı mərtəbəyə necə çətinliklə və həyəcanla qalxdığını təsəvvür etmək çətin deyil. Nə təhər olsa da, hələ iyirminci pilləyə çatanda qaranlıqda onun qışqırtısı eşidildi:

– Ah, ürəyim partlayır, ayaqqabının dabanı da itdi!

Doktor plaşını hələ onuncu top atəşindən sonra meydanda itirmişdi.

Qüllənin təpəsində daş sürahilərlə əhatə olunmuş meydança vardı. Buradan ən azı əlli kilometrədək məsafənin mənzərəsi aydın görünürdü. Onun bu mənzərəni seyr etməyə vaxtı yox idi, amma bu mənzərəyə baxmağa dəyərdi. Hamı döyüş gedən tərəfə baxırdı.

– Məndə durbin var. Səkkiz şüşəli durbini həmişə özümlə gəzdirirəm. Budur, – deyə doktor kəmərini açdı.

Durbin əldən-ələ gəzdi.

Doktor Qaspar yaşıllıq sahədə çoxlu adam gördü. Onlar şəhərə sarı qaçırdılar. Qaçıb aradan çıxmaq istəyirdilər. Uzaqda görünən adamlar rəngbərəng bayraqcıqlara bənzəyirdilər. Qvardiyaçılar camaatı at döşünə salıb qovurdular.

Doktor Qaspar fikirləşdi ki, bütün bunlar sehrli fənərlərin rəsminə bənzəyir. Günəş parlaq işıq saçır, yaşıllıq parıldayırdı. Mərmilər pambıq parçaları kimi parça-parça olurdu; alov bir anlıq göründü, elə bil kimsə izdihamın üstünə günəşin parlaq ləkələrini atdı. Atlar yerində oynayır, şahə qalxır və fırfıra kimi fırlanırdı.

Üç Gonbul sarayının parkını ağappaq şəffaf tüstü bürümüşdü.

– Onlar qaçırlar!

– Onlar qaçırlar… Xalq məğlub oldu!

Qaçan adamlar şəhərə yaxınlaşırdılar. Xeyli insan yollarda yıxılıb qalmışdı. Adama elə gəlirdi ki, yaşıllığa rəngarəng quramalar səpilmişdir.

Mərmi meydanın üzərindən vıyıldayıb keçdi.

Kimsə qorxudan əlindəki durbini yerə saldı. Mərmi partladı, qüllənin lap yuxarısında olanların hamısı özünü aşağıya, qüllənin içərisinə atdı.

Çilingərin dəri önlüyü hansısa qarmağa ilişdi. O, ətrafına baxdı, dəhşətli bir şey görmüş kimi bütün meydan boyu bağırdı:

– Qaçın! Onlar silahqayıran Prosperonu tutdular! Bu saat şəhərə girəcəklər!

Meydanda nizamsızlıq yaranmışdı. İzdiham darvazadan geri çəkilib meydandan küçələrə sarı qaçdı. Atışmadan hamının qulağı batmışdı.

Doktor Qasparla daha iki nəfər qüllənin üçüncü mərtəbəsində dayanmışdı. Onlar qalın divarın ensiz pəncərəsindən baxırdılar.

Yalnız onlardan biri əməlli-başlı baxa bilirdi. Qalanları bir gözlə baxırdılar. Doktor da bir gözü ilə baxırdı. Lakin bir gözlə baxanda da mənzərə yetərincə dəhşətli idi.

Nəhəng dəmir darvaza taybatay açıldı. Üç yüzə yaxın adam birdən bu darvazaya sarı can atdı. Bunlar yaşıl köbəli boz mahud gödəkcə geymiş sənətkarlar idi. Onların qanı axır, yerə yıxılırdılar. Qvardiyaçılar onların başı üzərində at çapırdılar. Onları qılıncla doğrayır və tüfəngdən atəş açırdılar. Sarı lələklər yellənir, qara müşəmbəli şlyapalar parıldayır, atlar köpüklənmiş qıpqırmızı ağızlarını geniş açır, gözləri hədəqədən çıxırdı.

– Baxın! Baxın! Prosperodur! – deyə doktor qışqırdı.

Silahqayıran Prosperonu kəməndlə dartırdılar. O yeriyir, yıxılır və yenidən qalxırdı. Onun kürən saçları bir-birinə dolaşmış, çöhrəsi qana bulaşmış və boynuna yoğun kəmənd salınmışdı.

– Prosperodur! O əsir düşüb! – deyə doktor qışqırdı.

Bu vaxt mərmi camaşırxanaya düşdü. Qüllə əyildi, yelləndi, bircə saniyə yanakı vəziyyətdə dayandı və uçdu. Doktor kəlləmayallaq oldu, ikinci ayaqqabısının dabanını, əsasını, çamadanını və eynəyini itirdi.

II fəsil
ON EDAM KÖTÜYÜ

Doktorun yıxılması çox uğurlu oldu: onun başı əzilmədi, ayaqları da sınmadı. Amma bunun nə mənası var? Top mərmisi dağıtmış qüllədən uğurla da olsa yıxılmaq elə də xoşagələn hal deyil, üstəlik də cavan yox, doktor Qaspar Arneri kimi qoca adam üçün. Nə təhər olsa da, vahimədən doktor huşunu itirmişdi.

O özünə gələndə artıq axşam düşmüşdü. Doktor ətrafa baxdı.

– Belə dilxorçuluq olar! Əlbəttə ki eynəyim sınıb. Mən eynəksiz baxanda, yəqin ki, uzağı görməyən adam kimi görəcəyəm. Bu elə də xoşagələn hal deyil.

Sonra o, ayaqqabısının qopmuş dabanını yadına salıb deyinməyə başladı:

– Mənim boyum onsuz da hündür deyil, indi isə bir qarış da balaca olacağam. Ya da, ola bilər, ikicə qarış olsun, ona görə ki dabanımın ikisi də qopub. Yox, əlbəttə, bircə qarış olar…

O, çınqıl qalağının üstündə uzanmışdı. Demək olar ki, bütün qüllə dağılmışdı. Divarın uzun və ensiz qırıqları sümük kimi sallanırdı. Çox uzaqda musiqi çalınırdı. Külək oynaq valsın səsini havaya qaldırır, yoxa çıxardır və bir daha eşidilmirdi. Doktor başını qaldırdı. Yuxarıda hər tərəfdən sınıq çatılar sallanıb qalmışdı. Axşamüstü yaşılaçalan səmada ulduzlar sayrışırdı.

– Harada çalırlar ki? – deyə doktor heyrətləndi.

Plaşsız ona soyuq idi. Meydanda bircə səs də eşidilmirdi. Doktor nıqqıldayaraq bir-birinin üstünə aşmış daşların arasından qalxdı. Yolda kiminsə yekə çəkməsinə ilişdi. Çilingər yerdəki tirlərin arasında sərələnib gözlərini səmaya dikmişdi. Doktor onu silkələdi. O, yerindən qalxmaq istəmədi. Çilingər ölmüşdü.

Doktor əlini qaldırıb şlyapasını başından götürmək istədi.

– Şlyapanı da itirmişəm. İndi mən hara gedim?

O, meydandan uzaqlaşdı. Yollarda adamlar yıxılıb qalmışdı, doktor onların hər birinin başı üzərində aşağı əyildi və ulduzların onların açılı qalmış bəbəklərində necə əks olunduğunu gördü. O, ovcunu onların alnına qoydu, bumbuz idilər və zil qaranlıqda qapqara görünən qana bələnmişdilər.

– Budur! Budur! – doktor pıçıldadı. – Deməli, xalq məğlub oldu… İndi nə olacaq?

O, yarım saatdan sonra camaatın olduğu yerə çatdı. Bərk yorulmuşdu. Yemək və içmək istəyirdi. Burada şəhər adi həyatını yaşayırdı.

Doktor uzun yol gedəndən sonra yolayrıcında dayanıb fikirləşdi: “Necə də qəribədir! Alovlar rəngbərəng yanır, faytonlar çaparaq gedir, şüşə qapılar cingildəyir. Yarıdəyirmi pəncərə qızılı şəfəqlə nur saçır. Oradakı sütunlar boyunca qoşa rəqs edənlər gözə dəyir. Orada şən ziyafətdir. Rəngarəng Çin fənərləri qaramtıl suyun üzərində dolanır. Adamlar elə dünənki kimi həyat sürürlər. Yəni onlar bilmirlər ki, bu səhər nə hadisə baş verib? Məgər onlar atəş və inilti səslərini eşitməyiblər? Məgər onlar bilmirlər ki, xalqın rəhbərini, silahqayıran Prosperonu əsir götürüblər? Bəlkə, heç nə olmayıb? Ola bilsin, dəhşətli bir yuxu görmüşəm?”

Tində üçqollu fənərlər yanan yerdə, səki boyunca faytonlar dayanmışdı. Gülsatan qadınlar qızılgül satırdılar. Faytonçular gülsatan qadınlarla söhbət edirdilər.

– Onu kəməndə salıb bütün şəhər boyu sürüdülər. Zavallı!

– İndi onu dəmir qəfəsə salıblar. Qəfəs isə Üç Gonbul sarayındadır, – başına bantlı mavi silindr qoymuş tosqun faytonçu dedi.

Bu vaxt bir xanım qızı ilə gülsatan qadınlara yanaşdı ki, qızılgül alsın.

– Kimi qəfəsə salıblar ki? – deyə o maraqlandı.

– Silahqayıran Prosperonu. Qvardiyaçılar onu əsir götürdülər.

– Allaha şükür! – xanım dedi.

Qız ağlamağa başladı.

– Niyə ağlayırsan, axmaq? – xanım təəccübləndi. – Sənin silahqayıran Prosperoya yazığın gəlir? Ona yazığın gəlməsin. O bizə pislik eləmək istəyib. Bax gör necə gözəl qızılgüldür…

İri qızılgüllər acıtəhər su ilə və yarpaqlarla ağzınacan dolu olan kasalarda qu quşu kimi aramla üzürdü.

– Bu da sənə üç qızılgül. Ağlamaqsa lazım deyil. Onlar qiyamçılardır. Əgər onları dəmir qəfəslərə salmasalar, bizim evimizi, paltarlarımızı və qızılgüllərimizi əlimizdən alacaqlar, özümüzü də doğrayacaqlar.

Bu vaxt onların yanından balaca bir oğlan uşağı qaçaraq keçdi. Əvvəlcə xanımın ulduzlu plaşından, sonra qızın hörüyündən dartdı.

– Eybi yoxdur, qrafinya! – deyə oğlan qışqırdı. – Silahqayıran Prospero qəfəsdə olsa da, gimnast Tibul azadlıqdadır!

– Ah, sırtığın biri!

Xanım ayaqlarını yerə vurdu və çantası yerə düşdü. Gülsatan qadınlar cingiltili səslə gülüşdülər. Tosqun faytonçu aranın qarışmasından istifadə edib xanıma faytona minməyi təklif elədi. Xanım və qızı faytona minib getdilər.

– Ey, dingiş, bir dayan! – gülsatan qadın oğlanın dalınca qışqırdı. – Bir bura gəl! Danış görüm, nə bilirsən.

İki sürücü qozladan düşdü və ayaqları çiyinlərinə saldığı örtüyə ilişə-ilişə gülsatan qadına yanaşdı.

“Bax qamçı buna deyərəm! Qamçı belə olar!” – deyə oğlan sürücünün əlində yellədiyi uzun qamçıya baxıb fikirləşdi. Oğlan çox istəyirdi ki, onun da belə qamçısı olsun, lakin bu bir çox səbəblərə görə mümkün deyildi.

– Sən nə danışırsan? – sürücü yoğun səslə soruşdu. – Gimnast Tibul azadlıqdadı?

– Belə deyirlər. Mən limanda idim…

– Məgər onu qvardiyaçılar öldürmədilər? – başqa sürücü də yoğun səslə soruşdu.

– Yox, atacan… Ay gözəl, mənə bircə dənə qızılgül bağışla da!

– Bir dayan, səfeh. Yaxşı olar ki, danışasan…

– Deməli, belədir… Əvvəlcə hamı elə fikirləşirdi ki, onu öldürüblər. Sonra onu meyitlərin arasından tapmadılar.

– Bəlkə, onu kanala atıblar? – sürücü soruşdu.

Söhbətə dilənçi qoşuldu.

– Kimi kanala atıblar? – deyə soruşdu. – Gimnast Tibul pişik deyil ki, onu suda boğasan. Gimnast Tibul sağdır. O qaçıb aradan çıxıb!

– Yalan deyirsən, dəvənin biri dəvə! – sürücü dedi.

– Gimnast Tibul sağdır! – gülsatanlar şövqlə qışqırdılar.

Balaca oğlan dartıb bir qızılgül götürdü və qaçmağa üz qoydu. Yaş gülün damcıları doktorun üzünə çiləndi. Doktor damcını acı göz yaşları kimi üzündən sildi və yaxına gəldi ki, görsün dilənçi nə danışacaq.

Söhbət bəzi səbəblərdən yarımçıq qaldı. Küçədə qeyri-adi təntənəli mərasim göründü. Qabaqda əllərində məşəl iki atlı gəlirdi. Məşəllər odlu şölələrlə yanırdı. Dalınca qara gerbli karet asta-asta hərəkət edirdi.

Arxada isə dülgərlər gəlirdi. Onlar yüz nəfər olardı.

Dülgərlər qolları çırmanmış halda, əyinlərində önlük, əllərində mişar və rəndə, qoltuqlarında yeşik işləməyə hazır idilər. Təntənəli mərasimin hər iki tərəfində atlı qvardiyaçılar gəlirdi. Onlar şahə qalxmaq istəyən atları saxlamağa çalışırdılar.

– Bu nədir? Bu nədir? – deyə yoldan keçənlər narahat oldular.

Gerbli qara karetdə Üç Gonbul Şurasının məmuru oturmuşdu. Gülsatan qadınlar bərk qorxdular. Yanaqlarını ovuclarına alıb onun şüşə qapıdan görünən başına baxırdılar. Küçə parlaq işıqla işıqlandırılmışdı. Parik qoyulmuş qara baş cansız halda yırğalanırdı. Elə bil karetdəki quş idi.

– Kənara çəkilin! – qvardiyaçılar qışqırdılar.

– Dülgərlər hara gedirlər? – balaca gülsatan qız qvardiyaçıların başçısından soruşdu.

Qvardiyaçı elə sifətlə onun üstünə qışqırdı ki, qızın başındakı tükləri biz-biz oldu:

– Dülgərlər edam kötüyü düzəltməyə gedirlər! Başa düşdün? On dənə edam kötüyü düzəldəcəklər!

– Hə!

Gülsatan qız kasanı əlindən saldı. Qızılgüllər kompot kimi yerə dağıldı.

– Onlar edam kötüyü düzəltməyə gedirlər! – deyə doktor dəhşətə gəlmiş halda təkrar elədi.

– Edam kötüyü! – qvardiyaçı qışqıraraq geriyə dönüb çəkməyə bənzər bığlarının altındakı dişlərini qıcadı. – Bütün qiyamçılarçün edam kötüyü! Hamısının boynu vurulacaq! Kim ki Üç Gonbul hakimiyyətinə qarşı çıxmağa cəsarət edəcəksə, hamısının!

Doktorun başı gicəlləndi. Ona elə gəldi ki, özündən gedəcək.

“Bu gün həddən artıq həyəcan keçirdim, – doktor öz-özünə dedi, – həm də acam, bərk yorulmuşam. Evə tələsmək lazımdır”.

Doğrudan da, doktora dincəlmək lazım idi; gördüyü və eşitdiyi bütün hadisələrdən elə həyəcanlanmışdı ki, hətta qüllədən aşağı uçaraq şlyapasını, plaşını, əlağacını və ayaqqabılarının dabanını itirdiyinə o qədər də əhəmiyyət vermədi. Əlbəttə, ən pisi də o idi ki, eynəksiz qalmışdı.

O, fayton tutub evinə yollandı.

III fəsil
ULDUZ MEYDANI

Doktor evinə qayıdırdı. O, faytonla salonlardan da daha parlaq işıqlandırılmış, asfalt döşənmiş geniş küçələrdən keçir, yan-yana zəncirvarı sıralanmış fənərlərin işıqları onun başı üzərində səmaya qalxırdı. İçərisinə ağappaq qaynar süd doldurulmuş şarlara bənzəyən fənərlərin ətrafında mığmığalar vızıldaşır və yanaraq yerə tökülürdülər. O, sahil küçəsi ilə, daş hasarların boyunca gedirdi. Orada bürünc şirlər pəncələrində qalxan tutmuş, uzun dillərini bayıra çıxarmışdı. Aşağıda aramla qatran kimi qapqara və parıltılı gur su axıb gedirdi. Şəhərin əksi başı üstə suya düşür, suya qərq olunmuş kimi görünür, üzmək istəyir, amma üzə bilmir, yalnız zərif qızılı ləkələrə çevrilirdi. O, tağ şəklində əyilmiş körpülərin üstündən keçirdi. Aşağıdan, ya da o biri sahildən uzanan körpülər sıçrayışdan qabaq dəmir belini əymiş pişiklərə bənzəyirdi. Buradakı hər körpünün başında keşikçilər dayanmışdı. Əsgərlər təbillərin üstündə oturub qəlyan çəkir, kart oynayır və ulduzlara baxa-baxa əsnəyirdilər.

Doktor faytonda gedir, oyan-buyana baxır və dinləyirdi. Küçələrdən, evlərdən və meyxanaların açılı qalmış pəncərələrindən, hasarın o tayındakı könülaçan bağlardan gələn mahnıların sözləri eşidilirdi:

 
Prospero düşdü hədəfə,
Bir dəfə yox, neçə dəfə.
Oturub dəmir qəfəsdə,
Ola bilməz son nəfəsdə.
 

Qəşəng geyimli kefli adam bu bəndi göydə tutdu. Onun xeyli pulu, üzündə bu puldan da çox çılləri olan və heç bir qohum-əqrəbası olmayan xalası ölmüşdü. Xalasının bütün pulları qəşəng geyimli bu adama miras qalmışdı. Əlbəttə, ona görə də xalqın varlıların hakimiyyətinə qarşı çıxmasından narazı idi.

Heyvanxanada böyük tamaşa gedirdi. Taxta səhnədə tüklü üç gonbul meymun Üç Gonbulun təqlidini çıxarırdı. Foksteryer1 mandalinada çalırdı. Kürəyində qızılı günəş və qarnında qızılı ay təsviri olan moruq rəngində kostyum geymiş kloun musiqinin ritmi ilə şeir deyirdi:

 
Buğda kisəsitək yerə
Düşüb gonbul üç heyvərə.
Yoxdur özgə qayğıları,
Təki şişsin qarınları!
Ey, qoruyun özünüzü,
Sonu çatıb ömrünüzün!
 

– Sonu çatıb ömrünüzün! – deyə saqqallı tutuquşular hər tərəfdən qışqırdılar.

Bir səs-küy qalxdı ki, gəl görəsən. Müxtəlif qəfəslərdəki heyvanlar hürməyə, nərildəməyə, dişlərini şaqqıldatmağa, fit çalmağa başladılar.

Meymunlar səhnədə özlərini ora-bura vurdular. Əl-ayaqlarının harada olduğundan baş açmaq olmurdu. Onlar özlərini tamaşaçıların üstünə atıb aradan çıxmaq istədilər. Tamaşaçıların arasına da çaxnaşma düşdü. Xüsusən də kök olanlar səs-küy salmışdılar. Gonbullar sir-sifətləri qızarmış halda qəzəbindən titrəyir, klouna şlyapalarını və durbinlərini atırdılar. Tosqun xanım çətirlə qolaylandı və kök qadına ilişdirib onun şlyapasını başından yerə saldı.

– Ah, ah, ah! – qonşu qadın toyuq kimi qaqqıldadı və əllərini yuxarı qaldırdı, çünki şlyapası ilə birgə pariki də düşmüşdü.

Aradan çıxmağa çalışan meymun xanımın başına bir qapaz ilişdirdi. Qonşu qadının ürəyi getdi.

– Ha-ha-ha!

– Ha-ha-ha! – tamaşaçıların digər hissəsi, arıq görkəmli və pis geyinmişlər uğuldadılar. – Afərin! Afərin! Rədd olsunlar! Rədd olsun Üç Gonbul! Yaşasın Prospero! Yaşasın Tibul! Yaşasın xalq!

Bu vaxt kiminsə olduqca bərk qışqırığı eşidildi:

– Yanğındır! Şəhər yanır…

Adamlar bir-birini basaraq skamyaları aşırdılar və çıxış qapısına doğru yüyürdülər. Qarovulçular qaçan meymunları tuturdular. Doktoru aparan faytonçu geriyə dönüb əlindəki qamçı ilə irəlini göstərdi:

– Qvardiyaçılar fəhlələrin məhəlləsini yandırırlar. Onlar gimnast Tibulu axtarıb tapmaq istəyirlər…

Şəhərin, qaralan bir yığın evin üzərində çəhrayı şəfəq titrəyirdi.

Doktorun faytonu şəhərin Ulduz adlanan əsas meydanına çatanda irəli getmək mümkün olmadı. Meydanın girişinə xeyli minik, karet, süvari, piyada toplanmışdı.

– Nə olub ki?

Heç kimdən səs çıxmadı, çünki hamının başı meydanda baş verən hadisələrə qarışmışdı. Faytonçu qozladan qalxıb ora baxmağa başladı.

Bu meydana ona görə Ulduz meydanı deyirdilər ki, o, eyni hündürlükdə və formada olan nəhəng evlərlə əhatə olunmuşdu və üstü şüşə günbəzlə örtülmüşdü, bu isə onu həddindən artıq böyük sirkə bənzədirdi. Günbəzin ortasında, hündür bir yerdə dünyanın ən böyük fənəri yanırdı. Bu, iriliyinə görə heyrətamiz bir şar idi. Dəmir halqalarla əhatə olunmuş və yoğun burazlardan asılmış bu şar Saturn planetini xatırladırdı. Onun işığı elə ecazkar idi ki, dünyada heç bir işığa bənzəmədiyinə görə camaat bu fənərə gözəl bir ad – Ulduz adı vermişdi. Bütün meydanı elə bu cür adlandırırdılar.

Nə meydanda, nə evlərdə, nə də yaxınlıqdakı küçələrdə başqa işığa ehtiyac qalırdı. Ulduz bütün dalanları, künc-bucağı, meydanı daş halqa kimi əhatə edən bütün evlərdəki kiçicik anbarları belə işıqlandırırdı. Camaat burada çıraqsız və şamsız da keçinirdi.

Faytonçu karet, fayton və sürücülərin dərman şüşəsinə bənzəyən silindrləri üzərindən tamaşa edirdi.

– Siz nə görürsünüz? Orada nə baş verir? – doktor faytonçunun arxasından baxıb narahat oldu. Boyu balaca olan doktor heç nə görə bilmirdi, həm də uzağı pis görürdü.

Faytonçu gördüklərini ona deyirdi.

Baxın o nə görürdü.

Meydanda yaman həyəcan vardı. Adamlar əl içi kimi dairəvi nəhəng rəngbərəng genişliyə səpələnərək qaçırdılar. Adama elə gəlirdi ki, meydanın dairəvi sahəsi fırlanğıc kimi fırlanır. Adamlar yuxarıda nələr baş verdiyini görmək üçün bir yerdən o biri yerə gillənirdilər.

Son dərəcə böyük olan fənər yüksəkdə işıq saçır, günəş kimi gözləri qamaşdırırdı. Adamlar başlarını yuxarı qaldırır və əlləri ilə gözlərini qapayırdılar.

– Bu odur! Bu odur! – qışqırıqlar eşidildi.

– Odur, baxın! Ordadır!

– Hanı? Hanı?

– Yuxarı bax!

– Tibul! Tibul!

Yüzlərlə şəhadət barmağı sola tərəf uzandı. Orada adi ev dururdu. Lakin altı mərtəbənin bütün pəncərələri açıq idi. Hər pəncərədən başlar sallanmışdı. Onlar görünüşlərinə görə müxtəlif idi: bəziləri qotazlı gecə papağında idi, bəziləri neft rəngində olan saçını burub çəhrayı ləçəklə örtmüşdü. O biriləri başına üçkünc ləçək bağlamışdı. Yuxarı mərtəbələrdə yoxsul cavanların – şairlərin, rəssamlarin, aktrisaların yaşadıqları mənzillərin pəncərələrindən tütün tüstüsünə bürünmüş bığsız çöhrələr, qızılı saçları bərq vuran qadınlar boylanırdılar, elə bil onların çiynində qanadlar çıxmışdı. Açılan məhəccərli pəncərələrindən quş başı kimi rəngbərəng başlar çıxmış bu ev sanki içi payızbülbülləri ilə dolu olan böyük qəfəsə bənzəyirdi. Baş sahibləri damda nələr olduğundan xəbər tutmaq, bu mühüm hadisəni görmək istəyirdilər. Adam güzgüsüz öz qulaqlarını görə bilmədiyi kimi, bu da mümkün olan şey deyildi. Evlərindən öz damlarını görmək istəyənlər üçün bu güzgü vəzifəsini özündən çıxıb meydana yığışan izdiham görürdü. İzdiham hər şeyi görürdü, qışqırırdı, əllərini, qollarını oynadırdı, bəziləri buna heyran olduqlarını bildirirdilər, bəziləri isə qəzəblənirdilər.

Damda balaca bir adam hərəkət edirdi. O, asta-asta, ehtiyatla və inamla yuxarısı üçkünc olan evdən üzüaşağı düşürdü. Dəmirlər onun ayaqları altında cingildəyirdi.

O, müvazinətini itirməmək üçün sirkdəki kəndirbaz sarı Çin çətirini yellətdiyi kimi plaşını yellədirdi.

Bu, gimnast Tibul idi.

Camaat qışqırdı:

– Afərin, Tibul! Afərin, Tibul!

– Möhkəm dayan! Yadına yarmarkada kəndir üzərində necə yeridiyini sal.

– O yıxılan deyil! O bu ölkədə ən yaxşı gimnastdır…

– Birinci dəfə deyil ki. Biz onun kəndir üzərində necə məharətlə yeridiyinin şahidiyik…

– Afərin, Tibul!

– Qaç, canını qurtar! Prosperonu azad elə!

Başqaları isə özündən çıxırdılar. Onlar yumruqlarını silkələyirdilər:

– Heç yerə qaça bilməyəcəksən, zavallı oyunbaz!

– Fırıldaqçının biri!

– Qiyamçı! Səni dovşan kimi ovlayacaqlar…

– Bir dayan! Səni bu damdan düz edam kötüyünə çəkib aparacağıq. Sabah onacan edam kötüyü hazır olacaq!

Tibul isə dəhşətli yoluna davam edirdi.

– O haradan çıxdı? – camaat soruşdu. – Bu meydana haradan gəlib çıxdı? Evin damına necə düşüb?

– O, qvardiyaçıların əlindən qaçıb qurtulub, – deyə başqaları cavab verdi. – O qaçıb yoxa çıxıb, sonra onu şəhərin müxtəlif yerlərində görüblər – damların üstü ilə gəlib bura çıxıb. O, pişik kimi çevikdir. Sənəti onun dadına çatır. Onun şöhrəti nahaq yerə bütün ölkəyə yayılmayıb ki.

Meydanda qvardiyaçılar göründülər. Səfillər özlərini yan küçələrə saldılar. Tibul maneəni aşıb pərvazın üstündə dayandı. O, plaş doladığı əlini irəli uzatdı. Yaşıl plaş bayraq kimi havada yelləndi.

Adamlar onu yarmarka vaxtı tamaşalarda və bazar günü gəzintilərində sarı və qara üçbucaq şəkilli parçalardan tikilmiş bu plaşda və idman paltarında görməyə adət eləmişdilər.

İndi isə şüşə qübbə altında o, evin ağ divarlarında sürünən balaca, nazik və zolaqlı arıya bənzəyirdi. Plaşa hava dolanda sanki arı öz parıltılı yaşıl qanadlarını açırdı.

– İndicə təpən üstə yerə gələcəksən, meydan hoqqabazı! Bu saat səni güllələyəcəklər! – çillisifət xalasının var-dövlətinə sahib olmuş, dəblə geyinmiş kefli adam qışqırdı.

Qvardiyaçılar özlərinə rahat yer seçdilər. Zabit təşviş içində ora-bura qaçırdı. O, bir əlində tapança tutmuşdu. Onun çəkmələrinin mahmızları xizək tayı kimi uzun idi.

Araya tam sakitlik çökdü. Doktor əlini ürəyinin üstünə qoydu: onun qəlbi qaynayan sudakı yumurta kimi atılıb-düşürdü.

Tibul bir anlığa pərvazın üstündə ayaq saxladı. O, meydanın əks tərəfinə keçmək istəyirdi. Belə olanda Tibul Ulduz meydanından fəhlə məhəlləsinə sarı qaça bilərdi.

Zabit meydandakı sarı və göy rəngə çalan gül ləklərinin ortasında dayanmışdı. Burada hovuz vardı və girdə daş fincandan su fəvvarə vururdu.

– Dayanın, – zabit əsgərlərə dedi, – mən özüm onu güllələyəcəyəm. Mən alayın ən yaxşı nişançısıyam. Öyrənin, görün necə atəş açmaq lazımdır.

Doqquz evin dörd bir tərəfindən qübbənin ortasına, Ulduz meydanına doğru doqquz polad buraz uzanırdı və bunlar dəniz burazına bənzəyən qalın məftillər idi.

Sanki fənərdən, alışıb-yanan bu möhtəşəm Ulduzdan meydanın üzərinə doqquz uzun qara şüa yayılırdı.

Bu dəqiqələrdə Tibulun nə düşündüyü məlum deyildi. Amma güman var ki, belə düşünürdü: “Mən bu məftillərlə yarmarkada kəndir üzərindən keçdiyim kimi meydandan da keçərəm, yıxılmaram. Bir məftil fənərə kimi, o biri məftil isə fənərdən əks tərəfdəki evə doğru uzanır. Hər iki məftilin üzərindən keçməklə əks tərəfdəki evin damına çıxıb xilas ola bilərəm”.

Zabit tapançasını qaldırdı və nişan almağa başladı. Tibul pərvazın məftil uzanan yerinə çatdı və divardan aralanaraq məftilin üzəri ilə yeriməyə başladı.

İzdiham içini çəkdi.

O gah yavaş gedir, gah da birdən qaçmağa başlayır, ayağının birini götürüb o birini qoyur, əllərini yana açaraq tələsik yeriyirdi. Adama elə gəlirdi ki, bu saatca yıxılacaq. İndi onun kölgəsi divara düşürdü. O, fənərə yaxınlaşdıqca kölgəsi divardan lap aşağı düşür, böyüyür və solğun görünürdü. Aşağı uçurum idi.



O, fənərə gedən yolun yarısına çatmışdı ki, sakitlikdə zabitin səsi eşidildi:

– İndi atəş açacağam. O, ordan düz hovuza düşəcək. Bir, iki, üç.

Atəş gurladı.

Tibul yoluna davam edirdi, zabit isə nədənsə, düz hovuza yıxıldı. O öldürülmüşdü.

Qvardiyaçılardan biri əlində lüləsindən mavi tüstü çıxan tapança tutmuşdu. O, zabiti güllələmişdi.

– İtin biri it! – qvardiyaçı dedi. – Sən xalqın dostunu öldürmək istəyirdin. Mən buna imkan vermədim. Yaşasın xalq!

– Yaşasın xalq! – deyə başqa qvardiyaçılar da onun səsinə səs verdilər.

– Yaşasın Üç Gonbul! – deyə onların rəqibləri qışqırdılar.

Onlar dörd bir yana səpələnib məftilin üstü ilə yeriyən adamı atəşə tutdular.

Onun fənərə çatmağına ikicə addım qalmışdı. Tibul plaşını yellədərək gözləri qamaşmasın deyə parlaq işıqdan qorunurdu. Güllələr onun yanından ötüb-keçirdi. İzdiham sevincindən uğuldayırdı.

Part! Part!

– Yan keçdi!

– Ura! Dəymədi!

Tibul fənəri əhatə edən halqaya çatdı.

– Eybi yoxdur! – qvardiyaçılaq qışqırırdılar. – O biri tərəfə keçəcək… O, başqa məftilin üstü ilə gedəcək. Biz onu orada aradan götürərik!

Burada heç kimin gözləmədiyi bir hadisə baş verdi. Fənərin işığında qapqara görünən zolaqlı paltar geyinmiş adam dəmir halqanın üstündə oturdu və hansı bir lingisə burdu, nəsə çıqqıldadı və fənər bir anlığa söndü.

Heç kim söz deməyə macal tapmadı. Ətrafa sandığın içindəki kimi dəhşətli qaranlıq və sakitlik çökdü.

Sonrakı dəqiqələrdə lap yuxarıda yenə nəsə şaqqıldadı və cingildədi. Qaranlıq qübbədə solğun bir kvadrat açıldı. Hamı səmanın iki kiçicik ulduz olan parçasını gördü. Sonra bu kvadrata səmanın fonunda qara bir fiqur girdi və kiminsə şüşə qübbədə yüyürərək qaçdığı eşidildi.

Gimnast Tibul Ulduz meydanındakı lükdən keçib canını qurtardı.

Atlar güllə səsindən və qaranlıqdan ürkdülər.

Doktorun getdiyi fayton az qala çevrilmişdi. Sürücü atların başını birdən döndərib doktoru dolama yolla apardı.

Beləliklə, doktor Qaspar Arneri qeyri-adi keçən bir gün və bir gecədən sonra, nəhayət ki, evinə döndü. Təsərrüfat müdirəsi Qanimed xala onu artırmada qarşıladı. Qadın çox narahat olmuşdu. Doğrudan da, doktor çoxdandı ki, evdən çıxmışdı! Qanimed xala əlini əlinə vurub ah-uf elədi və başını buladı.

– Hanı sizin eynəyiniz? Sındırdınız onu? Ah, doktor, doktor! Bəs plaşınız hanı? Siz onu itirmisiniz? Ah, ah!..

– Qanimed xala, mən hələ çəkməmin iki dabanını da itirmişəm…

– Ah, bədbəxtliyə bir bax!

– Bu gün daha ağır bədbəxtlik oldu, Qanimed xala, silahqayıran Prospero əsir düşdü. Onu dəmir qəfəsə saldılar.

Qanimed xalanın gündüzkü hadisələrdən xəbəri yox idi. O, top səslərini eşitmişdi, evlərin üzərindəki qızartıları görmüşdü. Qonşu qadın ona danışmışdı ki, Məhkəmə meydanında yüzəcən xarrat qiyamçılardan ötrü edam kötükləri düzəldir.

1.Foksteryer – ov iti cinsi

Bepul matn qismi tugad.

16 527,87 s`om

Janrlar va teglar

Yosh cheklamasi:
6+
Litresda chiqarilgan sana:
07 oktyabr 2022
Hajm:
6 Sahifa 11 illyustratsiayalar
ISBN:
9789952242614
Mualliflik huquqi egasi:
Altun Kitab
Matn
O'rtacha reyting 4,9, 8 ta baholash asosida
Matn
O'rtacha reyting 4,7, 6 ta baholash asosida
Matn, audio format mavjud
O'rtacha reyting 4,8, 4 ta baholash asosida
Matn
O'rtacha reyting 5, 2 ta baholash asosida
Audio
O'rtacha reyting 0, 0 ta baholash asosida
Matn
O'rtacha reyting 5, 3 ta baholash asosida
Matn
O'rtacha reyting 4,8, 5 ta baholash asosida
Matn, audio format mavjud
O'rtacha reyting 0, 0 ta baholash asosida
Matn
O'rtacha reyting 4,2, 5 ta baholash asosida
Matn
O'rtacha reyting 0, 0 ta baholash asosida
Audio
O'rtacha reyting 5, 2 ta baholash asosida
Matn, audio format mavjud
O'rtacha reyting 5, 5 ta baholash asosida
Audio
O'rtacha reyting 3, 2 ta baholash asosida
Audio
O'rtacha reyting 0, 0 ta baholash asosida
Audio
O'rtacha reyting 5, 2 ta baholash asosida
Audio
O'rtacha reyting 5, 3 ta baholash asosida
Audio
O'rtacha reyting 5, 5 ta baholash asosida
Audio
O'rtacha reyting 0, 0 ta baholash asosida
Audio
O'rtacha reyting 4,5, 2 ta baholash asosida