Sürgün

Matn
Parchani o`qish
O`qilgan deb belgilash
Shrift:Aa dan kamroqАа dan ortiq

© Saday Şəkərli

Poemalar

Sürgün
(poema)

 
Cənnətdən qovulmuşların
sürgünüdür həyat,
istəyirsən iməklə,
istəyirsən sürün,
istəyirsən yaşa,
istəyirsən yat,
istəyirsən yaz-yarat,
yəni,
cənnətdən qovulmuşların
cəhənnəmindəyik,
gah ürəklərin ağrısında,
gah gözlərin nəmindəyik,
göz yaşının da yolu var,
gözlər əzabların bətni,
torpaq qəbridir,
yanaqlar səhradır,
göz yaşları
bir çığır açıb
yürüyər üzüaşağı,
ömrümüz
əzabların bətnindən
torpağa qədər bir yol,
yəni,
bir göz yaşının keçdiyi yolun
uzunluğu qədərdir,
və bu cəhənnəmin
ayrılıqdır ucqarı,
yağır keçdiyin yollara,
alnının yazılmamış tərəfindəki qarı…
 
* * *
 
Qovuldum ruhumun cənnət bağından,
düz keçib, dağ qalxıb, yol aşıb gəldim,
keçdim Afrikanın qız torpağından,
Çini, Hindistanı dolaşıb gəldim.
 
 
Çıxdım sarayımdan İzabel kimi,
daradım yolları xəfif yel kimi,
dağların ağzından qopan sel kimi,
mən öz taleyimlə ulaşıb gəldim.
 
 
Allah umuduna qaldı bir naxır,
qurd basır, üstünə leysanlar yağır,
gördüm sellər-sular bulanıq axır,
dostlar da bu suya bulaşıb…
Gəldim.
 
 
İntihar eləyir cəsur qazimiz,
yenə daşdan çıxır hər gün ruzimiz,
gördüm düyün düşüb alın yazımız,
gördüm ağ kələfim dolaşıb, gəldim.
 
 
Səbrim də çatmadı qaş qaralınca,
tanrıdan, qədərdən rüsxət alınca,
gəlmədim bir qarın çörək dalınca,
özümlə savaşıb, dalaşıb gəldim.
 
* * *
 
Gedən yolun nəfəsidir,
çıxan yolun canıdır,
adamı dünyada şanı-şöhrəti,
bir də barmağının izi tanıdır.
Təyyarələr düz uçur deyirlər,
oturduğun yerdə
yol gedirsən gələcəyə,
yaşının üstünə yolda yaş gəlir,
gedirsən timsahın ağzında sanki,
dalınca nə arvad, nə qardaş gəlir,
bilirsən, dost deyil yanındakılar,
bilirsən, dost səni dar ağacından,
qurtarıb və bundan ləzzət alandır,
qalanı rəngidür, yəni, yalandır!
 
 
Bəli, düz xətt üzrə uçur təyyarələr,
düz xətt,
əyri xəttin
dar ağacından asılmışıdır,
getdiyimiz yol
bir misra kimi
öz alnımıza
təzə sətirdən,
bəxtin, taleyin
köhnə əlifbayla yazılmışıdır.
 
 
Buludlar yaxın olur təyyarələrdə,
buludlar sanki bir pambıq tayası,
dənizlərin, göllərin
göydəki ruhudur buludlar,
gözlərdəki yaşlardandı mayası,
qarası da doludur,
ağı da,
bircə ahım bəs edər ki,
bu göyləri dağıda…
 
* * *
 
Bilirdim, yarpaqlar üstündə şehəm,
bilirdim, sübh çağı əsən bir mehəm,
nanə yarpağından zərifəm, bəli,
vətən havasıyla dolmuş, nəşəli,
atamın sevimli uşağı idim,
anamın gözünün işığı idim,
içimdə məhəbbət, sevgi varıydı,
xətrinə dəyməzdim qaranquşların,
hələ də bilmirəm nədir umduğu,
ulu yaradandan yaranmışların.
 
 
Haqq yazan əllərin, qələm qolların,
ən kövrək misrası, sətri olmuşam,
çiçəyi olmadım bağçanın-bağın,
gül deyil, güllərin ətri olmuşam,
 
 
ən qədim suların nəğməsindəydim,
bulağın durusu, dadı da məndim,
o qədər güllərlə qucaqlaşmışıq,
eh, doğması da mən, yadı da məndim,
 
 
bitib çoxalmışdı həyətimizdə,
dörd yana qol atıb, yarpaq yayıbdır,
gör necə sevgidir, böyürtkən kolu,
neçə yol boynumu qucaqlayıbdır,
neçə yol əlimi cırmaqlayıbdır.
 
 
Sevgili vətənin, gözəl vətənin,
payızını sevdim, qışını sevdim,
yerdə ilanları, bör-böcəyini,
göydə qanad çalan quşunu sevdim,
mənə nifrət edən qonşunu sevdim.
Quşları, ağacları, adamlarıyla
vətəndir vətən,
gur axan selləriylə,
şipşirin dillərylə,
obası, elləriylə,
vətəndir vətən,
 
 
dərdimi özümlə götürüb gəldim,
qoymadım yetimlərtək əllərdə qalsın,
dedim, qoy ulasın səhralarda külək kimi,
dedim, qoy mənim kimi çöllərdə qalsın,
 
 
vətənin cəhənnəmidir qürbət, deyirlər,
mənim yerim vətən ikən,
hazırlaşmadım qürbətə,
hazır deyildim ayrılığa, möhnətə,
 
 
sunamilər kəpənək qanadlarının
cəmindən yaranır bəlkə də,
yel ola bilmədim, külək ola bilmədim,
yelkənləri qırılmış bir ölkədə,
 
 
və günahsızların yeri cəhənnəm olur nəhayət,
yəni, qürbət…
Qürbət mənə nağıl demir, deməsin,
vətən mənə oğul demir, deməsin!
 
* * *
 
İndilərdə,
son sözü ağzında gəzdirən əsir kimi susmuşam,
əmanətimdir,
açılası sirrim yox,
deyiləsi, danışılası sözüm çox,
sükunətimdir,
qızlar ilən gözlərimlə danışıram,
qızlar yanır,
mən də baxıb, od tutur, alışıram,
saçlarımı sığallayıb,
oynadıram qaşlarımı,
dənə gətirə bilmirəm
qürbətin ac-yalavac quşlarını,
sağsağanlar tanış gəlir,
qarğalar, göyərçinlər,
qaratoyuqlar tanış,
(dəli şeytan deyir ki,
gəl, bu quşların dilində danış,)
bir də bülbül avazı,
qar bu qış tez yağdığından
çöldə qalıb bu quşların yuvası,
ağacların yarpaqları payıza qoşulub getdi,
həsrətim bu qürbət eldə qanadlı quş olub getdi,
başladım meymuntək hırıldamağa,
üstümə qışqıran xəstə məmurun
üstünə hürə bilmədim,
keçdim it kimi mırıldamağa,
beləcə öyrəndik dilini bir-birimizin,
beləcə buza döndüyünü gördük
isti-isti yerimizin,
başım,
dönüb olub doğma sözlərin qəbirstanlığı,
dilim başdaşı,
açarlıdır, kilidlidir,
haçansa diriləcək donmuş tısbağa kimidir,
gör necə dilləri bal eləyirlər,
altmış il danışa bilən adamı,
gör necə bir gündə lal eləyirlər,
üzümün mimikası,
əllərimin hərəkətiylə anladıram qürbəti,
özümü belə ovundurur,
belə aldadıram qürbəti…
 
* * *
 
Çeçen Yunus,
ərəb Məhəmməd,
fars ağeyi Soleyman,
mərakeşli Moğdət,
əfqan Xaled,
afrikalı Mamadu,
daha kimlər, daha kimlər,
hamımız qəribik Avropa ellərində,
insanıq hamımız,
qalıb gözümüzdə arzu-kamımız,
hamımız didərginik taleyimizdən,
bir qabdan yeyirik,
bizə sahib çıxan humanist dövlətə,
əyilə-əyilə sağol deyirik,
aşağılanırıq bir yerdə,
sınırıq bir yerdə,
özümüzü bir dilənçi
sanırıq bir yerdə,
bir soruşan da yoxdur ki,
bunların vətəni var,
burda nə axtarır, nə gəzirlər,
və beləcə bizi əhliləşdirir,
bizi sapa düzürlər,
hərdən özgə mahnılara əl çalırıq,
səsimiz ucala-ucala,
özümüz alçalırıq,
çıxır yadımızdan illərin qaçışı,
zamanın sürəti,
oynaşa olan məhəbbətdir,
qürbətin qaçqınlara olan məhəbbəti…
 
* * *
 
Yenə ayrılığın havası gəldi,
yenə darıxmağın aludəsiyəm,
bir gecə böyürən öküz günündə,
bir gecə zarıyan ilan səsiyəm.
 
 
Bir səhər yuxudan hövlnak durub,
yürüyüb gedirəm naxır dalınca,
dostlarım təşvişlə gəzib-axtarır,
tapa da bilmirlər qaş qaralınca.
 
 
Suların dilində nəğmə deyirəm,
çiçəyin dilində şeir yazıram,
mən öz taleyimin dil şəhərində,
beləcə düz yoldan çıxıb, azıram.
 
 
Burda tək-tənhayam,
axı, nə olsun,
yanımda nə qədər adam var mənim,
hər gün qabağımda suyum, çörəyim,
hər gün heyvan kimi qidam var mənim.
 
 
Gör hansı durumda, gör nə haldayam,
bu miskin halıma ağla, ay vətən,
çaxnaşır buludlar, ildırım çaxır,
götür gözlərimi saxla, ay vətən.
Başımı götürüb yollara çıxdım,
qərib bir yolçuyam bu axşam çağı,
burdan o tərəfə işləmir qatar,
qürbət – ayrılığın son duracağı…
 
* * *
 
Vətəndə qoyub gəldiyim özümə
indi uzaqdan baxıram,
təzə adımı götürüb,
azmış buğa kimi
qoşuluram naxıra,
canavarlar yeyər
sürüdən ayrı düşən quzunu,
dünən yer süpürən gördüm
nazəndə əfqan qızını,
pəncərələrin şüşəsini silirdi erməni gözəli,
soğan doğramış kimi
damırdı özbək xanımın gözləri,
qurd kimi yarpaqların rəngini almışdım,
qurd-quş yeməsin deyə,
bircə ürəyimdəki işığı qoymurdum sönməyə,
dalğaların üzündə
günəş yanan ocaqmı,
məni gətirən yollar,
geri qaytaracaqmı?
 
 
Məhbəsdə qapıdan yığışmayan gözüm,
qürbətdə yollardan yığışmır,
eynən bizdəki kimi yağır yağışlar,
ayrıdı baxışlar,
ayrıdı münasibətlər,
çeşid-çeşid müsibətlər,
adımı bilməyənlər Azərbaycan deyir mənə,
elə bilirəm ki, anam can deyir mənə,
qaçqın sayırlar burda,
elindən obasından, dərəsindən,
dağından-düzündən qaçan adamı,
qaçqın sayırlar burda
özündən qaçan adamı,
bənövşəyə dönürəm yemək üçün növbəyə duranda,
körpələr süfrə qarşısında boyun buranda,
yeyəndə iylənmiş toyuq ətindən,
utanıram məmləkətimin sərvətindən,
utanıram vətənimin adından,
Füzulitək aşiq olmaq istedadımdan.
Qatıldım rənglərə, heç seçilmədim,
çoxların içində əriyir təklər,
nə yaxşı, gələndə öldürmüşdüm özümü,
bilirdim, qürbətdə öldürəcəklər…
 
* * *
 
Bu dünya duracaq yer deyil, bəli,
vətəndə əzab da bir ayrı həzzdir,
gələn getməlidir, gedən gəlməli,
dünyada nə varsa əvəz-əvəzdir.
 
 
Azğın fikirlərim dəlisovdular,
yağır saçlarıma qışın qarıtək,
qovdular vətəndən, məni qovdular,
Adəmi cənnətdən qovduqlarıtək.
 
 
Qovdular, qovdular səfil it kimi,
küsdüm söyüdündən, qarağacından,
dilim boğazıma keçib ip kimi,
asıb vətən boyda dar ağacından.
Olur nalələrim, ahlarım olur,
göz yaşı sayan var alnımda təri,
özümə qayıdan vaxtlarım olur,
dönüb dirildirəm xatirələri.
 
 
Dünyada hər şeyin öz adı olub,
pisi, öz adına ucalmamaqdır,
qəriblik – balıqtək qanadı olub,
quş kimi uçmağı bacarmamaqdır…
 
* * *
 
Əvvəl tanımadım küçələrini,
günəşli gündüzlərini,
aylı-ulduzlu kecələrini,
mənə yad gəlirdi küləkləri də,
ayrı cür açırdı çiçəkləri də,
 
 
yad idi quşların nəğməsi, yad, yad,
yad idi həyatın nəşəsi, yad, yad,
qoynuna girdiyim qara qızların,
əndamı yad idi, nəfəsi yad, yad,
 
 
tanıya bilmədim meyvələri də,
bilmədim satılan nəyin ətidir,
durub gözləməyə nə hacət daha,
bu mənim ömrümün qiyamətidir,
 
 
xəyalım yurdumun gözəllərində,
gözüm bir gözəlin çilində qalıb,
yazıq itimin də xəbəri yoxdur,
bir qərib dünyanın çölündə qalıb,
 
 
gələndə dağ kimi əzəmətliydi,
vüqarlı, əyilməz uca dağ kimi,
indilər özündə azmış,
indilər özündə itmiş,
ulayır dağlarda yalquzaq kimi,
 
 
doğulmaq vaxtıdır, mən bətndəyəm,
bir ömür yapılar hər bir qatımdan,
mən özgə həyatın cənnətindəyəm,
sağ çıxa bilmədim öz həyatımdan…
 
* * *
 
Yarıldı bağrım,
göynədi içim,
bir damla göz yaşı,
ömür bir içim,
ağrıdım,
inlədim,
gəl dedim:
 
 
Gəl gözəlim, burda qərib təkdi, gəl,
burda qərib gözləri yol çəkdi, gəl.
 
 
Şırım çəkib, alnıma şum vurmuşam,
əcəb, əcəb suvarmalı ləkdi, gəl.
 
 
İçimdə bayquş ulayır hər gecə,
viranə qəlb başımda turp əkdi, gəl.
 
 
Dörd tərəfim Yalıncıqla Alp-Aruz,
qaranlıq zindandakı Beyrəkdi, gəl.
Halım dəyişkən, yenə xasiyyətim,
qış kimi sərt, yaz kimi kövrəkdi, gəl.
 
 
Zəlzələdən sonrakıdır can evim,
sümüklərim, divarlarım çökdü, gəl.
 
 
Qoy deməsinlər qarıyıb dilbərim,
görən desin qız kimi yüyrəkdi. Gəl.
 
 
Vətən məni toxumuşdu xalıtək,
qürbət məni damar-damar sökdü, gəl.
 
 
Könül pərişan, dil olub lal bu gün,
Mən demirəm, gəl deyən ürəkdi, gəl.
 
 
Gəlmədi,
daha doğrusu,
ağırlıq eylədi gözlərində su,
gələ bilmədi,
«tutuşdu qəm oduna şad gördüyün könlüm,»
yenə əzab, yenə zülüm!
 
* * *
 
Ulduzların vətəni, qürbəti yoxdur,
ulduzların təzədən doğulmaq qüdrəti yoxdur,
axır ulduzlar,
axır, axır… süzülən bal kimi birdən qırılır,
belədir ömrümüz,
axa-axa, süzülə-süzülə, qırıla-qırıla
həyatımız qurulur,
bölünür vətənə, bölünür qürbətə,
və bir gün qapıları açılır göylərin,
qoşulub gedirik əbədiyyətə,
 
 
…və bir gün,
təzədən sürgün…
 
Brüssel, 2021–2022.

Tənha keçən
(poema)

 
Bəri başdan deyim, bilin,
bu dünyadan yalqız, tənha keçən mənəm,
sərçə kimi yaradılan,
durna kimi köçən mənəm,
ingilis mən, fransız mən, ərəb mənəm,
fərqi varmı böyük türkəm, ya balaca çeçen mənəm,
bu dünyanı öz boyuna geyinən mən, ölçən mənəm.
 
 
Deyim, bilin, quldarlıqdan gəlirəm mən,
qaldı daş dövründə silahdaşlarım,
geyimim dəyişsə də, ağlım dəyişmədi,
mənimlədir dərdim və göz yaşlarım.
Tunc dövründə olanları salıb itirdim,
mən özümlə yük daşıdım,
ləyaqəti, əqidəsi olanları gətirdim.
Pəncərəmdən görünənlər çağın əsirləridir,
insanlığın kök altından qurtulmayan kəsirləridir,
dərdi çox, həmdərdi yox, dini yox, imanı yoxdular,
hey düşünürəm, görəsən niyə bu qədər çoxdular?
 
 
Utanmıram köhnə fikirlərin təzə libasından,
mən çeşmənin gözündən sevirəm su içməyi,
bir də insanların xasından.
Toyxanaların çölündə sümüyümə hər hava düşdü,
oynadım yorulunca,
nə qədər məsafələr keçdim cəmiyyət durulunca,
mən böyüdüm, eh, dərdlərim də
mənimlə bərabər böyüdü,
bu yer hamının yeridi, bu göy hamının göyüdü,
bircə mən özümü özəlləşdirdim,
həyatımı gözəlləşdirə bilmədim,
ətrafımı gözəlləşdirdim, -
bir namərdi buraxmadım yaxına,
üzdüm bu geniş dəryada tənha,
və güc gəldim axına.
Məni yollar bağrına basdı,
mənim şeirlərimi yolçuluq yazdı,
Mən yol adamıyam,
cığırım izim olmayıb,
kimsənin getdiyi yolun üstündə gözüm olmayıb,
yollar tanıyır məni,
bilir hardan gəlirəm,
qışdan, yazdan, payızdan, ya bahardan gəlirəm.
 
 
Ruhumda yaz ətri var, açdım çiçəklər kimi,
nəfəsimdə məhəbbət, əsdim küləklər kimi,
Quldarlıqdan gələni necə tanısın çağdaş,
bəlkə mənim indi də dövrüm özüm kimi daş?
Bəlkə adicə torpaq, bəlkə tuncam, bürüncəm,
Xülasə, bu yollarda yolçu kimi girincəm.
Yazılmış alın yazım, sür ömrü necə gəldi,
xoşbətlik nədir axı,
və yaxud gələcəksə,
nə fərqi gündüz gəldi, ya zülmət gecə gəldi.
Gözləmə, gəlməyəcək,
ömrün göylər üzündə günəştək gülməyəcək,
səni unudacaqlar,
sönəcək yandırdığın bu müqəddəs ocaqlar,
başından qaçacaq cinlər,
cinlərin belində dinlər,
için boşalacaq bir dərya kimi,
sular çəkilib gedəcək,
meyitin sahildə xilas olmuş qalacaq,
səni göy adamları yadplanetli kimi bulacaq,
sahillərdə diridir bəyəm hamı,
heç tanıya bilmədik,
yüz il bir havada yaşadığımız adamı.
 
 
Şair dostun orden həvəsindədir,
saxtakarlıq sifətində, oğraşlıq nəfəsindədir.
Sən dünyanı duya-duya yaşayanlardansan,
nə olsun ki, doya-doya yaşamadın,
qan çıxarmaq istəmədin,
bir kimsənin kürəyini qaşımadan,
Səni meymun qiyafəsində gətirmədilərmi sosializmə,
sənə yol göstərmədilərmi cahanşümul kommunizmə,
sən istəməsən də kapitalizmin qucağına düşdün,
mən uşağı məcbur yedirənləri öz gözümlə görmüşdüm,
yenə əsarətdəyəm,
eh, nə fərqi şəhərdə, qürbətdə, ya kənddəyəm?
 
 
Məni ağac kimi, ot kimi bitməyə qoymadılar,
barı sarmaşıq olub arzuma yetməyə qoymadılar,
dedilər, balıqsan, sus,
ağlın kəm, dərin ucuz…
Bax, elə buna görə quldarlıqdan gəlirəm,
fəsillərin, günlərin əhvalını bilirəm,
öz ruhumdur, öz səsimdir mənim varım-dövlətim,
gedib gələn nəfəsimdir mənim varım-dövlətim.
 
 
Niyə mənim yer üzündə bircə qarış torpağım yox,
qırağında şam yandırıb qızındığım ocağım yox?
Çünki, mən bir yolçuyam ki, bircə dəfə keçməliyəm
bu uzanan yolları,
duracağım olmayacaq, tökülsə də atlarımın
gümüş-gümüş nalları,
Mən gedirəm, gedir mənimlə bir ZAMAN,
dünya köhnə, mən bir yolçu, xəyallarımız qocaman.
 
 
Mən yolçuyam, səfərdəyəm,
gah kənddə, gah şəhərdəyəm,
bir duracaq yerim yoxdur,
hər bucaqda, hər yerdəyəm.
Qabığından təzə çıxmış ilan kimidir yollar,
ayaqlarımdan yapışan balam kimidir yollar,
keçdiyim bu yollara yağış kimi yağıram,
yollar ağırdı bəlkə, bəlkə də mən ağıram,
çölləri, səhraları gözlərimə yığıram,
uzundu bu yol, uzun,
hərdən səsi gəlməsə də,
quyruğu görünür xoruzun,
yatmağa yerim olmayanda bəs eləyib göylər altı,
ağacların kölgəsində görünmədə bir qaraltı,
var, əzizim,
gecəni gecə eyliyən,
səhəri səhər eyliyən,
bu qısaca pak ömrünü döndərib zəhər eyliyən,
bax, bu gün də, bu əsrdə nə çoxdur ağlı çaşanlar,
torpaq üstə dalaşanlar,
bu aləmin bir günəşi, bir ayı bəs deyilmidir,
yatacağın ömürdə bir çarpayı bəs deyilmidir?
 
 
Azğın kəslər durmayıbmı insanlığın qəsdinə,
od yağdırır bir ağızdan şəhərlərin üstünə,
milyon insan öz yurdundan, yuvasından qovalanır,
bu vəhşətin təsirindən neçələri havalanır,
unudulur keçmişlərdən gələn ağrı, acı belə,
ay bunun islamı belə, lap ay bunun xaçı belə,
atanınmı, babanınmı bu torpaqlar,
hardan gəldin, kimsən axı, yabanımı bu torpaqlar?
Bu dünyaya özü gələn özü getmir,
aparırlar,
səni bağlandığın ipdən, məhvərindən qoparırlar,
qonur çiyinlərə yüngül cənazən,
heç nə aparmağa yoxdur icazən,
bax, sənə təzəcə bir ev tikirlər,
bu dünyadan doymadığın gözlərinə
yalnız torpaq tökürlər.
Olursan bir daş,
yadına salırlar hardan gəldiyini,
özünə heç deyən də olmur necə öldüyünü.
 
 
Mən yolçuyam, insan kimi öləcəyim olmayacaq,
bugünüm yoxdursa mənim, gələcəyim olmayacq…
Suda balıq, göydə quşam,
yorulmuşam, yorulmuşam, yorulmuşam.
Dənizləri səslədim,
dalğaları göndərdi yanıma, ayaqlarımı yaladı,
meşələri səslədim,
ağac-ağac başını buladı,
haray salıb dağları çağırdım,
gözlərimə çiynində ay göründü,
hər damlada, hər yarpaqda, hər dağın qarlı başında
yenicə doğulmuş Saday göründü,
və günlərin birində
arxayınca nəfəs dərib gedəcəm,
yerimi dənizlərə verib gedəcəm,
yerimi meşələrə verib gedəcəm,
yerimi dağlara verib gedəcəm.
Bir yolçuyam yalqız, tənha,
səmtim yoxdan varlığadı,
kölə isəm, qul isəm mən,
yolum ya Azadlığa,
ya da ki, Quldarlığadı…
 
5 sentyabr 2023 Polşa,
Krakov. Şeirlər

Şeirlər

AZADLIQ

 
Ətirli nəfəsdir, havadır, sudur,
Azadlıq cam dolu qırmızı meydir,
Əsarət nə boyda can qorxusudur,
Azadlıq o boyda candan gileydir.
 
 
Qan boğub minillər azadlığı, qan,
Qoz sınıb başında susan yoxsulun,
Bircə gün məst olsa aadlığından,
Gül açar çöhrəsi qırx illik qulun.
 
 
Azadlıq səndəlin, süzülmüş çuxan,
Yaralı köksündə çırpan ürəkdir,
Daşların içindən fınxırıb çıxan,
Zülmətə güc gələn zərif çiçəkdir.
 
 
Küləklər azaddır mənsəbdən, dindən,
Var tufan, var yağış, qar azadlığı,
Əbədi qurtulur köləliyindən,
Kimin öz ruhunda var azadlığı.
 
 
Aləmin seyrində göz xumar-xumar,
Sinələr güllədən dəlik-dəlikdir,
Harda azadlıq var, orda sevgi var,
Azadlıq eşqdir, eşq-divanəlikdir…
 

AĞRI…

 
Deyərdim, gəl, ağ saçına gül düzüm,
qara-qara tellərini darayım,
aramızda qalan dağlar lal oldu,
əks eyləməz bir fəryadım, harayım.
 
 
Yadlar yedi çörəyimi, duzumu,
kor çobanam, otarmadım quzumu,
batmışammı, itmişəmmi, özümü,
hansı yerdə, hansı canda arayım?
 
 
O tay, bu tay, mən danışan dilindim,
bütöv yurdun, dam dolusu elindim,
orman-orman, tala-tala bölündüm,
neçə tikə, görən neçə parayım?
 
 
İnsan olan bu zillətə dözəmməz,
suç işlədən əməlindən bezəmməz,
bəyim şəhid, gəlinlərim bəzənməz,
viran qalmış imarətim, sarayım…
 

ÖMÜR KARVANI…

 
Yenə düz işləmir ömrün sayğacı,
yenə yağış yağır, hava korlanıb,
bir uşaq səs gələn tərəfə qaçır,
deyəsən, yol gedir dəvə karvanı.
 
 
Bulanmış göy üzü yenə rənglənib,
çalır qırmızıya daşdan piyaləm,
quduz burulğanlar pozur ləngəri,
qaranlıq səhrada qarışıb aləm.
 
 
Yenə də yol boyu hürüşür itlər,
yaxşılar, yamanlar ələnməyində,
yenə də yol boyu qoca seyidlər,
diz çöküb, əl açıb dilənməyində.
 
 
Yenə dəli külək qovur qumları,
mən yazıq ulduza hürməyə gəldim,
göbələk şəklində bu qəyyumları,
kolların dibində görməyə gəldim?
 
 
Çənəm yer süpürür, qatlanır dizim,
deyən, öldürəcək bu ürək məni,
insana uyğunmu məndəki dözüm,
nə yol getməlidir, nə yük çəkməli.
 
 
Bu dünya toxunmuş köhnə kilimdir,
səcdə qıl, Məkkəsi, Kəbəsi mənəm,
bilmirəm bu yolun ərəbi kimdir,
bilirəm yorulmuş dəvəsi mənəm…
 

OYANDIM…

 
Qızındım ömrün qışında,
Dəli sevdalar başımda,
Yatdım altmış üç yaşında,
Oyandım, uşaq oyandım.
 
 
Yelpiklər dərdimi külək,
Deyər, hər tərəfdə gül ək,
Sinəm altda yanar ürək,
Sinəm üstdə dağ oyandım.
 
 
Bu nə yanğı qara neydə,
Göy fəğanda, yer gileydə?
Yerindədir Yer də, Göy də,
Yağ, ey bulud, yağ, oyandım.
 
 
Hələ qan axır yaramdan,
Gözlərim qan, damarım qan,
Şükür sənə, ey Yaradan,
Bu səhər də sağ oyandım.
 

GEDƏR

 
Mən insanam, uzun yolam, örkənəm,
fərq eləməz qoca türkəm, türkmənəm,
dünya dəvə, belindəki yük mənəm,
bir gün, bir gün atar gedər, gedər hey!
 
 
Gözlər dolar bir qüssədən, qəhərdən,
daha gülün ətri gəlməz səhərdən,
qaranlığa bürünmüş bir şəhərdən,
işıqlı bir qatar gedər, gedər hey!
 
 
Gələn ağlar, gedən ürkər, tələsər,
bel bükülər, diş tökülər, əl əsər,
bir gün gələr üstümüzdən yel əsər,
ay doğar, gün batar gedər, gedər hey!
 
 
Həm qəribəm, həm dünyaya yad kimi,
ayır, teylə, dərdlərinə qat kimi,
çapar kimsə bu dünyanı at kimi,
yalmanına yatar gedər, gedər hey!..
 
* * *
 
Nə vaxtacan qəm köynəyim, qüssə-kədər tacım olsun,
nə vaxtacan bu aləmdə ağlayıb, ah-zar eyləyim?
 
 
Öz varlığım bir ilğımdır qaranlıqlar ağuşunda,
hanı məndə qüdrət, necə, nəyi yoxdan var eyləyim?
Nəğmə desin yurd yerimdə öz bağımın bülbülləri,
yeddi yerdən çəpər çəkib, dörd yerdən hasar eyləyim.
 
 
Öyrənmişəm dillərini gülün, quşun, kəpənəyin,
sən torpağı Vətən eylə, mən onu gülzar eyləyim!
 
dekabr, 2020, Bersel

KÜSDÜRƏ BİLMƏDİM…
(mahnı)

 
Eşqinlə göylərdə qanad açıram,
bir qıy çək, tanıyım səsindən səni,
mən quşu gözündən vuran ovçuyam,
buraxa bilmərəm gözümdən səni.
 
 
Qönçə dodaqların balım, şərbətim,
bal təkin şirindir sözün, söhbətin,
yandıran bu eşqin, bu məhəbbətin,
qorudum odundan, közündən səni.
 
 
Könül budağını qar kimi əydim,
kaş bu gözəlliyi bir də görəydim,
yüz dəfə, min dəfə xətrinə dəydim,
küsdürə bilmədim özümdən səni…
 

DOĞUM GÜNÜMÜN ŞƏKLİ…

 
Mən bulağam, təşnə dodaqlarınla,
əyil bir az, ovuc-ovuc iç məni,
bəlkə seləm, yol gəlir dağlarından,
boğularsan, üzə-üzə keç məni.
 
 
Bəlkə səsləyibdir sözüm, gəlmişəm,
pozulubdur nizam, düzüm, gəlmişəm,
bəlkə bu dünyaya özüm gəlmişəm,
yaradana deməmişəm seç məni.
 
 
Mən buludun tərkibində bir odam,
görürsənmi, necə od olur adam?
Mən qapıyam, göy üzü evim, odam,
nə durmusan, tilsim ilən aç məni.
 
 
Heç olmadı həyat gözəl, bəxt şümal,
dörd tərəfim sükut, üç tərəfim lal,
nə vecimə, tanımasın qərb, şimal,
tanımasın Paris məni, Kerç məni.
 
 
Dünya bağmı, bağdakı bir gül mənəm,
dünya bədən, əynindəki tül mənəm,
dünya zəmi, dən dolu sünbül mənəm,
hünər eylə, oraq olub biç məni.
 
 
Nağıldakı divlər kimi diriyəm,
ağlayarsam, çətin bir də kiriyəm,
göydən düşən üç almadan biriyəm,
bəlkə anam doğmayıbdır heç məni…
 

MƏN QALDIM

 
Gül kolundan qoparılmış gül idi,
boy verməyən dən dolu sünbül idi,
nökər idi, əsir idi, qul idi,
o gözəli yol apardı, mən qaldım.
 
 
Qamətinə baxıb dersən tüləkdi,
bədən deyil, damar-damar ürəkdi,
yol çəkərdi, o gözləri yol çəkdi,
o gözləri yol apardı, mən qaldım.
 
 
Tellərini yellədəcək ahıydım,
kipriyinin yerində sürahıydım,
qorumadım, bir ələngə şahıydım,
kənizləri yol apardı, mən qaldım.
 
 
Qalan kimdi, gedib, gedib, baxdılar,
yer bərabər bir ovuc torpaqdılar,
çuxurları axar tapıb, axdılar,
«dənizləri» yol apardı, mən qaldım.
 
 
Bir boyundaş olammadım yurd ilən,
bir səfilsən yad ellərdə, dur, dilən,
mən qaldım ey, qiyamətə qurd ilən,
kəhrizləri yol apardı, mən qaldım…