Faqat Litresda o'qing

Kitobni fayl sifatida yuklab bo'lmaydi, lekin bizning ilovamizda yoki veb-saytda onlayn o'qilishi mumkin.

Kitobni o'qish: «Şaman duasından dar ağacına»

Shrift:

Rüstəm Behrudi

ŞAMAN DUASINDAN

DAR AĞACINA

BU YOL DƏLİ, MƏN DƏLİ

Sibirdə ovçu bir yakut ilə ucsuz-bucaqsız çöldə heyvan bəsləyən bir qazax, Urmici yaxınlığında bir kənddə bir əkinçi ilə İstanbullu bir tüccar, bir Hun savaşçısı ilə VIII əsrdə Monqolustanda bir karvançı, XV əsrdə Azərbaycanda olan bir sufi, hurifi ilə, XVI əsrdə Avropada savaşan bir Osmanlı paşası, çağdaş Altaylardakı bir şamanla kommunist şair H.Hikmət arasındakı bağın adı nədi görəsən? İki min ildən çox zaman içində qopub tükənməyən bu bağın şaman dualarına bürüdüyüm bircə adı var – TURAN.

TURAN – Tilsimi biziynən açılacaq bir ölkə.

TURAN – Ruhu sözlərimdə çırpınan bir məmləkət!

Yol gedirəm mən dəli,

Bu yol dəli, mən dəli.

Bu nə yoldu əvvəli

Və sonrası içində.

QURD BAŞLI TUĞLAR BİZİM

OTURUM KƏDƏRLİ BİR ŞEİR YAZIM

Dərviş tək hər şeyə könülsüzəm mən,

Qələmlə, kağızdır olar-olmazım.

Dünyanın ən qərib adamı mənəm,

Oturum kədərli bir şeir yazım.

Mən öz sözlərimdə qurd ağızlı ər,

Bəxt bundan nə tapar, nəyi itirər?!

“Qurd ular, başına bəla gətirər” –

Oturum kədərli bir şeir yazım.

Kim sözü çevirib üz qarasına,

Mənim tək duz basar öz yarasına.

Heç kim tablaşammaz söz yarasına, –

Oturum kədərli bir şeir yazım.

Torpaqdır ən böyük iman da, din də,

O da oyuncaqdır naşı əlində.

Ölən balıqların “Xəzər dili”ndə,

Oturum kədərli bir şeir yazım.

Kim səni qarğıyıb, a bədbəxt qadın,

İçimdə yaradır bax, bu gün adın.

Sən ki “Zeynəb”dən də yazıq yaşadın –

Oturum kədərli bir şeir yazım.

Ey yatan qəzəbim, ayağa dur di,

Bugünkü Beyrəyin gör nədi dərdi?!

Ən böyük istəyi, kiçik bir evdi –

Oturum kədərli bir şeir yazım.

Könül, əl çək daha dərdi-sərindən,

Dilim, nələr çəkdim sənin əlindən?!

Nə deyim bu günün “ölü”lərindən?!

– Oturum kədərli bir şeir yazım.

Ey yatan qəzəbim, ayağa bir dur,

Atalıq, oğulluq məhkəməsi qur.

Bu yurdun oğlu var, dədəsi yoxdur,

Oturum kədərli bir şeir yazım.

Danışsam, söhbətim, sözüm – o ellər,

Duman içindədir bizim bu ellər.

Oturub ağlasam, dəli deyərlər,

Oturum kədərli bir şeir yazım.

Dərdim kimə yaddı, kimə doğmadı?!

Dilimdə giley var, giley var, adı –

– “Mənim ayrılığa gücüm çatmadı”,

Oturum kədərli bir şeir yazım.

1987

VƏTƏN

Qarşı yatan qara dağı – yaylağım,

Düzənləri, ormanları – oylağım.

Əyilməyən çinarları – bayrağım –

VƏTƏN!

Bax, gör, sevgim təzədimi, tərdimi?

Hər doğulan oğuldumu, ərdimi?!

Daşlarına yazdım min il dərdimi –

VƏTƏN!

Ağ alnıma Araz qara yazıdı,

VarAq, yol uzaqdı – qar ayazıdı,

Kərkükdü, Göyçədi, Qarayazıdı

VƏTƏN!

Hər ağrılar, hər acılar ötəndi,

Əl uzatsam, Ərzuruma yetəndi;

… Füzulinin məzarı da Vətəndi-

VƏTƏN!

Mənə üz tut – yurda ocaq qurana,

“Turan” – deyib Boz qurd kimi durana.

Sonun yoxdu, çevrilməsən Turana –

VƏTƏN!

Mənim andım “Ya bütövlük, ya qandı”,

Zalım dostlar, qəbul edin bu andı,

Qara başım bu yol üstə qurbandı, –

VƏTƏN!

1985-1990

SALAM, DAR AĞACI

“Gor-Əmirdə” düşüncələr

Yolumu gözlədin hər səhər-axşam,

Salam, Dar ağacı!

      Əleyküm-salam.

Əcəllə ölməyə doğulmamışam,

Salam, Dar ağacı!

      Əleyküm-salam.

O hansı millətdir, taleyi sirdir?

Yüz adla bölündü, yenə də birdir!

Məni hüzuruna bu dərd gətirdi,

Salam, Dar ağacı!

      Əleyküm-salam.

Xəzəri, Baykalı, Aralı gördüm,

Gördüm can üstədir, yaralı gördüm.

Tanrını bəndədən aralı gördüm,

Salam, Dar ağacı!

      Əleyküm salam.

Çarxı tərs fırlanır fələk qarının,

Turan kölgəsində budaqlarının.

Rəngi bayrağımda yarpaqlarının,

Salam, Dar ağacı!

      Əleyküm salam.

Əvvəlin axırı, sonun əvvəli

Buymuş, bilməmişəm bunu mən dəli.

Qorxum yox! Nə olsun boyun göy dəlir?!

Salam, Dar ağacı!

      Əleyküm-salam.

Eli yağmalanan, bölünən, bölən,

Çayları quruyan, gölləri ölən,

Haqq-hesab çəkməyə gələn mənəm, mən,

Salam, Dar ağacı!

      Əleyküm-salam.

Danış, Əmir Teymur, bu son nəydi bə?

Boynumda ağ kəfən, dilimdə tövbə…

Dərsini tərs bilən, mənimdi tövbə!

Salam, Dar ağacı!

      Əleyküm-salam.

Səni mən əkmişəm…Mənə sən qənim,

Səni suvarmağa halaldı qanım;

Yarpağın rəng alsın qanımdan mənim,

Salam, Dar ağacı!

      Əleyküm-salam.

Ey darın ağacı! Kimdən kəməm, kəm?!

Ya səni yendirrəm, ya sənə yennəm.

Ya da budağında yarpağa dönnəm,

Salam, Dar ağacı!

      Əleyküm-salam.

Qırğızam, özbəyəm, qazax, türkmənəm,

Başqırdam, kərkürəm, elə görk mənəm.

Sənin gözlədiyin qərib türk mənəm!

Salam, Dar ağacı!

      Əleyküm-salam.

Qəbul et, növbəti qurbanın mənəm,

Mənim canım səndə, bil, canın mənəm.

Elə qürrələnmə, hər yanın mənəm,

Salam, Dar ağacı!

      Əleyküm-salam.

Səmərqənd, 1989

BOZ QURD

Şair yuxusuna gül-çiçək girər,

Yenər yuxusuna göydən mələklər.

Yuxumda nə gördüm?!

Onun əlindən.

Nə çəkdim…

İlahi! Bilməyəcəklər.

Hər gecə, hər gecə yuxularımda

Çadırı dağılmış, ocağı sönmüş,

Tanrı qarğışıyla taleyi dönmüş,

Taleyi dönəndən qəm sərhəddinin

Bir ucu günbatan, biri gündoğan –

Dağından, daşından, adamlarından,

Hətta otundan da qəriblik yağan;

Qara torpağına nə toxum əksən,

Yenə də baharda ayrılıq bitən

Sevgili bir yurd.

Sevgili bir yurd –

Hər gecə, hər gecə yuxularımda.

Hər gecə, hər gecə yuxularımda

Bu yurdla yanaşı, bu yurd boyunca

Ulaya-ulaya dolaşıb gəzən,

Obu, Yeniseyi, İtili keçib

Altaytək, Ağrıtək dağ aşıb gəzən

Üzü mavi,

Gözü göydən daha mavi,

Ağzı atəş kimi bir qurd.

Ağzı atəş kimi bir qurd –

Hər gecə, hər gecə yuxularımda.

Üstümə qəm gələr əjdahalartək,

Yuxumda bir ağız qurd ular, keçər.

Nədənsə həmişə yuxularımdan

Önündə qurd duran ordular keçər.

İndi gizli gəlir yuxuma bir vaxt

Ulaşa-ulaşa ordular basan.

Uluslar, “Bay göllər”, Göyçələr səni

Məndən soruşurlar, Boz qurd hardasan?!

Gəl, mavi işıqtək ələn başımdan,

Gəl, çıx uğuruma qaba ağactək.

Məni bu yuxudan alıb getməyə

Qaraquş oyunlu boz atlar gərək.

Məni bu yuxudan alıb getməyə

Qaraquş oyunlu boz atlar üstə

Gözündən od yağan övladlar gərək.

Eşidirsinizmi?!

Qara qazlıq atların

Kişnərtisi gəlir misralarımdan.

Nə olsun səsimə yox qulaq asan?

Dalınca getməyə hazır durmuşam,

Səni gözləyirəm, Boz qurd, hardasan?!

Hər gecə, hər gecə yuxularımda,

Üzü mavi,

Gözü göydən daha mavi,

Ağzı atəş kimi bir qurd

Və sevgili bir yurd –

Hər gecə, hər gecə yuxularımda

Şair yuxusuna gül-çiçək girər,

Yenər yuxusuna göydən mələklər.

Yuxumda nə gördüm,

Onun ucundan.

İlahi, nə çəkdim.

Bilməyəcəklər.

1984

HAQQ SEVƏN BƏNDƏYƏ ELƏ DİNDİ TÜRK

Göy Tanrı, Qara Xan, Oğuz, Güntəkin…

Hərəsi içdiyim bir andan gəlir.

Mənim ruhumdakı bu üsyan, qiyam.

Tanrıqut Metedən, Gürşaddan gəlir.

Yenə də qılınclar çıxıbdı qından,

Qisas almalıyam dar ağacından.

Başına bu sevda Tanrı dağından –

–Qibləmiz Altaydan – ilk yurddan gəlir.

Tanrıdan savayı kimə yendi türk?!

Nə vaxtsa ruh kimi göydən endi türk.

Haqq sevən bəndəyə elə dindi türk.

İnam da, iman da bu anddan gəlir.

Bir əlində qılınc, birində Quran,

Yadlara qızıl taxt ucaltdı Turan.

Ucaldıb özünə daş atdı Turan

Bəlamız kim deyir tək yaddan gəlir?

Səndən də bil daha dönübdür üzüm,

Min ildir içimi göynədən dözüm.

Mənim qərib-qərib ulayan sözüm

Atilla gözləyən Boz Qurddan gəlir.

Tək sənə inandım, kim olursan ol,

Anam ol, bacım ol, ancaq sən “sən”ol.

Təki sevdiyim qız, bilim bircə yol.

Bu sevdan göydəki son qatdan gəlir.

Mən tənha, qurd yalqız, o Tanrı təkdi,

Yalqızlıq içimdə bir sevda əkdi.

Təkcə mən bilirəm, Boz Qurd nə çəkdi

Nə yaxşı, yazdığım umuddan gəlir.

QURD BAŞLI TUĞLAR BİZİM

Receb Ali Gündüz bey efendiye

Göy Tanrımız var ikən,

Əbədiyyət an olsun!

Kitabımız nə İncil,

Nə də ki Quran olsun!

Ucadadı, ey yağı,

Hiradan Tanrı dağı.

Sənin o puç, bayağı,

Məbədin viran olsun!

Bəsdi gözlədik ilbəil,

Bir "mən" var, məndə deyil.

Daha eynimdə deyil,

Dağ uçsun, aran olsun!

Cana can ver, başa baş,

Bitsin qorxu, bu təlaş;

Savaşımız son savaş,

Qoy qana da qan olsun!

Yaramı bir də yarın,

Tanrı dağına varın,

Qurdu ölən dağların,

Düzəni taran olsun!

Qurdu ölən dağ bizim,

Ötən ötüb, çağ bizim,

Qurd başlı tuğlar bizim,

Gəlsin, doğan dan olsun!

Tanrı vardı, bir də mən,

Bu yer, o göy yox ikən;

Baş kəndimiz Ötükən,

Vətən də Turan olsun!

QORXU

Allahım, bu nə qorxudu,

Dağ dağdı, çəndə gizlənib.

Hamı çəkilib özünə,

Hər kəs içində gizlənib.

Hər günümüz ahdı belə,

Ahımız günahdı belə…

Bu nə cür Allahdı belə,

Görünmür, dində gizlənib.

Kölgə içindədi, kölgə,

Bu millət, məmləkət, ölkə…

Biz niyə bilmədik, bəlkə,

Haqq məndə, səndə gizlənib.

İçdiyim andda boğuldum,

Bir qaşıq qanda boğuldum.

Boğulub, bir də doğuldum,

Qiyam var – məndə gizlənib.

Susun, qorxaqlar, susun,

Can qorxusu var, var, susun,

Bu nə millətdi, qorxusu

Qorxu içində gizlənib

Allahım, bu nə qorxudu,

Dağ dağdı, çəndə gizlənib…

Hamı çəkilib özünə,

Hər kəs içində gizlənib.

YOLÇULUQ

Mən sevda yolçusuyam,

dəlilik var başımda,

Ona görə sözlərim

kədərlidir, qəm dadır.

Gözləməkdən yoruldum,

son səbri var daşın da,

Duydum daha dözmərəm,

dözüm məni aldadır.

Mən sevda yolçusuyam –

sənətim yolçuluqdur,

Kəsə bilməz yolumu

tale qarla, yağışla.

Dünya dolu adamdır –

yol durub, yolçu yoxdur,

Geciksəm də gəlirəm,

ey yol, məni bağışla!

Daha qulam büsbütün

içimdəki sevdama,

Mən sevda yolçusuyam,

mənimki məndən keçib.

Mən sənin olmamışam,

Vətən, heç vaxt, sən demə,

Sənə dəyən zərbələr

adlayıb məndən keçib.

Zaman, məkan bir qırıq,

daha gəlməz eynimə,

Əfsanədir, nağıldır

bu yoldan özgə hər şey!

Sevdamı zireh kimi

geyinmişəm əynimə,

Ölümsüzəm bu qəmlə,

yolum üstə duran,hey…

Qoy işləsin bu yaram

gündən-günə lap dərin,

Mən bir sıra nəfəri –

Ölmək var! – Dönmək nədir?!

Bil, sonuncu dənizə

varıb gedən ərlərin

Qəbrində qərar tutmaz

ölməz ruhu məndədir.

Tanrı baxır, yol verməz,

sevda əkim, qəm yeyim,

Mənim zamanım gəlir…

Bax-tarix səksəkədə!

Mən səni gedəcəyəm,

ey yol! – Mənim taleyim!! –

Zalım dostlar arxamca

gəlsə də, gəlməsə də!

HƏR ŞEY AYRILIQDAN BAŞLADI

Oljas Suleymanova açıq məktub

Çağırsam, eşirdərsinizmi?

Bilərsinizmi nə çəkir

Bir igid qılıncı qında?

Sonra ağlasam, duyarsınızmı,

Ürəyimi görə bilərsinizmi

Gözyaşlarımın parıltısında?!

… Başımda – əlçatmazlıqdan doğan dəlilik,

Dilimdə – dəlilikdən doğan sözlərim.

Və bir pəncərə şüşəsində

Payız yarpağına bənzər sözlərim.

Və bir pəncərə şüşəsində

Payız yarpağına bənzər bənizim…

Bəxtim – gözlərimin rəngində,

            gözlərim – dənizin.

Və mən bu dənizin içində

Yelkənsiz gəmi kimi –

Ayrılıqlar – əlində.

… Elə bu ayrılıqdan başladı –

Sevməyimiz,

Sevgidən ölməyimiz,

Ölməyimiz, ölümə gülməyimiz.

Bir vaxt

Sonuncu dənizə doğru

Durmadan yüyürən

Nallı, kəhər atları cilovsuz qoymağımız,

Sonra ardınca, dil deyən bayatımız,

            qan ağlayan ağımız-

Hər şey ayrılıqdan başladı.

Beyrək kimi baş qoyduq,

Nəsimi tək soyulduq,

Sabir olduq – günbəgün

            içimizdən oyulduq

bu ayrılıq ucundan.

Bu ayrılıq ucundan

Nələr çəkir başımız?

Yad divara hörülür

Mərmərimiz, daşımız

Bu ayrılıq ucundan.

Bilirsizmi,

Hardan doğdu fərqimiz?

Bilirsizmi

Aşkabadda, Altayda,

Daşkənddə, Buxarada,

Həmədanda, Dərbənddə,

Kərkükdə, Ərzurumda

Yana-yana hönkürən

Hər sözü qəm şərqimiz

Niyə belə qəribdi?

Niyə dünya boyda dünyamız

Yox olub əriyibdi?

–Bu ayrılıq üzündən.

Hər şey ayrılıqdan başladı.

Bu gün

Bir div kimi canımız

Ayrılıqlar əlində.

Ayrılığın nə vaxtdır

İxtiyar var əlində.

Daş yağdıra fələklər,

Leysan tökə buludlar,

Sönməz yenə bu ocaq.

Yıxsa, bizi nə vaxtsa,

Ayrılıqlar yıxacaq.

… Hər şey ayrılıqdan başladı.

Ayrılıqdan başladı

Olum da, ölüm də, doğum da.

Elə bu ayrılıqdan başladı.

Mənim şeir adlı yolçuluğum da.

Bu yolda büdrəsəm, çağırsam–

            Eşidərsinizmi?

Ağlasam – duyarsınızmı,

Ürəyimi görə bilərsinizmi…

Gözyaşlarımın parıltısında?!

MƏMLƏKƏT ÜSTÜNƏ AĞI

Bilirsən ruhumdasan,

Şəhər, küçə, kəndbəkənd.

Ürəyimdən içimə

Qanı axan məmləkət.

Çox yenələr yenildi,

Növbə yenə sənindi.

Can verirsən min ildi,

Min ildi can məmləkət.

Bilinməz toyu, yası,

Yazı deyil yazısı

Şəhidindən qazisi

Əvəz çıxan məmləkət.

Sığındıq ona-buna,

Biz utana-utana.

Uzaqdan tabutuna

Durub baxan məmləkət.

Mələklər tutsun yasın,

Baxsın, Tanrı ağlasın

Gözlərinin qarasın

Yada sıxan məmləkət.

Bil çəkəmməz bu dağı,

Hirayla Tanrıdağı.

Ətəyindən aşağı

Qalıb yaxan məmləkət.

Dev sevdası başımda,

Hazırdı başdaşım da

Ürəkdən bu yaşımda

Məni yıxan məmləkət.

Qoy aglasın bu yer,göy,

Gey, matəm libası gey.

Yendirdilər səni bəy,

Əfəndi, xan, məmləkət.

Bilirsən ruhumdasan,

Şəhər, küçə, kəndbəkənd.

Ürəyimdən içimə

Qanı axan məmləkət.

ÖLDÜRÜN, MƏNİ ÖLDÜRÜN

Əldə yüz bəhanə var,

Öldürün məni, öldürün!

Məni öldürməyə nə var?

Öldürün məni, öldürün!

Çərxi-fələk, tərsinə dön,

Sirli Tanrı dərsinə dön.

Mən çıxmışam bəndəlikdən,

Öldürün məni, öldürün!

Tanrıya qul bir şamanam,

Sizə verilmiş amanam.

Yalnızlığım… atam, anam…

Öldürün məni, öldürün!

Məhəmmədəm, gör hökmümü,

Daş altdayam Musa kimi,

Çarmıxdayam İsa kimi…

Öldürün məni, öldürün!

Mən məndə “məni” yıxmışam,

Ruham, bədəndən çıxmışam.

Mən qəbrim üstündə bir şam…

Öldürün məni, öldürün!

Ruhtək gəzirdim göydə mən,

Deyin, nə tapdım yerdə mən?

Öldürdüm dərdi dərddə mən,

Öldürün məni, öldürün!

Tanrı bilir, qulsunuz siz,

Tövbə pıçıldar diliniz.

Razıyam, yetsə əliniz,

Öldürün məni, öldürün!

Tanrıdan gələn bir səsəm,

Gəldim rüzgarlartək əsəm.

Öləcəksiz mən ölməsəm,

Öldürün məni, öldürün!

1990

QƏRİBƏ ADAM

Dostum, müəllimim Əbülfəz Elçibəyə

Bu qəribə adamdı –

Oxşarı yox heç kimə;

Əli, saçı, gözləri,

Dil açıb danışanda –

Dilində çiçək açan

Dəli-dəli sözləri –

Nə qəribə adamdı

Nə qəribə adamdı –

Deyirəm, yer fırlanır.

Pıçıldayır astadan:

–Yurd yerində binəmiz

Yox olub çadır-çadır.

Yəqin mənim gözyaşım

Axıb yeri fırladır.

Nə qəribə adamdı,–

Deyirəm, külək əsir,

Yaxın dur bu ocağa,

Gəl qoruyaq bu odu.

Pıçıldayır astadan:

–Bu əsən külək deyil,

Yurd boyunca dolaşan

Xətainin ruhudu.

Bu adam nə qəribə,

Nə qəribə adamdı.

Nə qəribə adamdı;

Dərdinə bax, ay Allah, –

Niyə, niyə babası

Astiyaq min il əvvəl

Vaxtında öldürməyib

Xəyanətkar Harpağı?..

Dərdinə bax, ay Allah, –

Hansı uzaq dağdasa

Susuzluqdan saralıb

Cır armudun yarpağı…

Nə qəribə adamdı –

Dərdinə bax, ay Allah!

Nə qəribə adamdı –

Dedim: – Sənin bəd günün.

Dedi: – O gün ki, özüm

Özümə tələ quram.

–Gülsüz qoyan Gülüstan,

Sivas, Şuşa, Çaldıran; –

Birmi, üçmü, ya beşmi?

Dedim: – Qardaş, neyləyək,

Bizimki bunsuz keçmir.

Dedim: – Sənin oxşarın:

–Bir ləçəkdim nə vaxtsa

Solmayan bir çiçəkdə.

Dedim: – Ən gözəl günün?

Dedi ki, gələcəkdə.

Bu adam nə qəribə,

46 453,64 s`om

Janrlar va teglar

Yosh cheklamasi:
0+
Litresda chiqarilgan sana:
15 dekabr 2022
Hajm:
120 Sahifa 1 tasvir
Mualliflik huquqi egasi:
Hədəf nəşrləri
Matn PDF
O'rtacha reyting 5, 1 ta baholash asosida
Matn, audio format mavjud
O'rtacha reyting 4,5, 21 ta baholash asosida
Matn
O'rtacha reyting 0, 0 ta baholash asosida
Matn
O'rtacha reyting 0, 0 ta baholash asosida
Matn PDF
O'rtacha reyting 0, 0 ta baholash asosida
Matn PDF
O'rtacha reyting 5, 1 ta baholash asosida