Kitobni o'qish: «Dodaqdan qəlbə»
BİRİNCİ HİSSƏ
I
Ev sahibi yemək otağının eyvana açılan qapısından qonağını səslədi:
– Paşa, sən bu gözəl ay işığında yuxulamaq fikrindəsən? Bircə dəqiqəliyə bura zəhmət çək…
Yolun yorğunluğu canından hələ çıxmamış, bir az da yeməkdən ağırlaşmış şahzadə Vəfiq paşa geniş bir kresloda yayxanıb qalmışdı. O, tənbəl-tənbəl gözlərini açaraq, yorğun bir halda:
– İnsafın olsun, – dedi, – yəqin ki, məni təzədən bir də yedirtmək fikrində deyilsən!..
Münir bəy yavaş-yavaş ona tərəf yeriyərək:
– Bu səfərki bir başqa cür ziyafətdir, – dedi. – İndiki cavanların dili ilə desək “gözlər üçün bədii bir ziyafətdir”.
– Yox, heç ona da taqətim yoxdur.
– Əziz qonaqlarım üçün bağımdakı müxtəlif üzüm növlərindən, xüsusilə öz yetişdirdiyim məhsullardan çərəz süfrəsi acmışam.
– Bircə gilə də yeyə bilmərəm: partlaram.
– Ərz etdim ki, paşam, mənim süfrəm mədə və damaqdan daha çox gözləri oxşamaq üçündür.
Münir bəy köhnə dostundan əl çəkmir, onu durmağa məcbur etmək üçün kreslonu yavaş-yavaş yırğalayırdı.
Vəfiq paşa taqətsiz halda yerindən qalxdı.
Evi dörd tərəfdən əhatə eləyən eyvanın üstü üzüm çardağı ilə örtülmüşdü. Asma budaqların arasından düşən ay işığında yarpaqların və salxımların böyümüş kölgələri daş döşəməyə nağıllardakı saraylara məxsus naxışlar salmışdı.
Vəfiq paşa yemək otağına girəndə birdən dirçəldi (o, həyəcanlananda fransızca, bir işdən və ya siyasətdən söhbət düşəndə ingiliscə danışardı). Heyrətlə əllərini qaldırdı; kiçik, qısa vücudunu ucaltmaq istəyirmiş kimi pəncələrinin ucuna qalxaraq fransızca:
– Əzizim, bura pərilər aləmi, “Min bir gecə” saraylarının xəzinəsidir ki… – dedi.
Yemək masasının üstünə başdan-başa üzüm dolu büllur nimçələr düzülmüşdü. Qırmızı, bənövşəyi, sarı, yaşıl salxımlar asma lampanın donuq işığında ləl-cəvahir kimi parıldayırdı. Vəfiq paşa sözünə türkcə davam etdi:
– Yəqin ki, Cəm sarayının məşhur süfrəsi də buna bənzər bir şeymiş. Haqlısanmış, Münir. Sən bu çərəzlərdən əməlli-başlı bir incəsənət əsəri düzəltmisən.
Münir bəy əsərindən razı bir sənətkar qüruru ilə əllərini ovuşdurdu.
– Elədir kı, var, – dedi və getdikcə artan bir hərarətlə sözünə davam etdi. – Hər il bu vaxt belə canlı bir muzey düzəldirəm. Bunu sənə də göstərə bildiyim üçün çox şadam. Muzeyimin qiymətli cəhəti bilirsənmi nədədir? Bu gördüyün üzüm növlərinin çoxunu özüm yetişdirmişəm. Dünya ilə əlaqəmi kəsib bağlarıma çəkildikdən sonra meylimi üzümçülüyə salmışam. Bu bağlara yaxşı baxsam, İzmirin ən dövlətli adamı ola bilərəm. Ancaq bilirsən ki, mən dünyada kefi qazancdan üstün tuturam. Bağlarıma bir tacirdən daha çox sənətkar kimi qulluq edirəm. Oğulsuz-uşaqsız həyatımı bütünlüklə yaxşı üzüm növləri yetişdirməyə vermişəm. Yeni rəngdə, yeni dadı olan bir üzüm növü yetişdirəndə, elə bil dünyanı mənə bağışlayırlar.
Vəfiq paşa ucaboylu dostunun çiyinlərini oxşamaq üçün qollarını geniş açaraq yuxarı qaldırdı:
– Bu da adətən bir növ xəstəlikdir ki, adına gərək ki, istafilomani deyilir… Elə deyilmi? Əslində üzümçülüklə incəsənət arasındakı münasibəti inkar etmək olmaz. Təsəvvür et ki, Şərqdə şeir şərabdan, yəni üzümdən, yunanlarda ədəbiyyat səhnə ayinlərindən, latınlarda…
Vəfiq paşa çoxdan özünü incəsənət nəzəriyyəçisi sayır, fürsət tapdıqca ətrafındakılara zorla mənasız və qatma-qarışıq nəzəriyyələr dinlədirdi. Dostunun köhnə peşəsindən hələ də əl çəkmədiyini hiss edən Münir bəy, “təhlükə”nin qarşısını almaq üçün Vəfiq paşanın dodaqlarına bır salxım üzüm uzatdı:
– “Ləbinigar”ımdan mütləq bir neçə salxım yeməlisiniz. Bunda bir gilas dadı var. Bunları nahar vaxtı çox bəyəndiyiniz, “nurkar” növü ilə o qarşıdakı nimçədə parıltı salan “tacizər” üzümünü calaq etməklə almışam. Şəkil və rəng etibarilə analarına və atalarına heç bir oxşarı yoxdur, elə deyilmi? Təbiətin anlaşılmaz qanunları var, əzizim. İnsanlarda olsa, pisliyə yozarıq, “mütləq burada şeytan barmağı, qadın xəyanəti var", – deyərik. Ancaq bu üsul, yeni peyvənd öz əlimlə olduğu üçün belə bir şübhə meydana çıxmır. Budur, daha bir təzə növ – “çardaq xurması”. Yalnız şəkli və üzərinə toz çökmüş kimi görünən parlaq rəngi deyil, dadı ilə də bir az xurmaya oxşayır. Kiçik bir haşiyəyə çıxım… Gizli bir ümidim, böyük bir arzum var ki, onu da ancaq sənə deyə bilərəm. Mən üzümlərlə çiçəklər arasında əlaqə əmələ gətirmək istəyirəm. Təbiətə yeni bir calaq, peyvənd qanunu hədiyyə etmək ümidindəyəm. Bu peyvəndin nəticələrini bir təsəvvürünə gətir – bax, bu ala-bəzək muncuqlara bənzəyən “mahi-səhər”lə bir bənövşə, yaxud güldən alınmış bir məhsuldur… Bənövşə, yaxud gülün ətrini verən bir üzümdür… Görürsən ki, mən də bir şair, ya bir heykəltəraş kimi həyat yaradan bir sənətkaram…
Vəfiq paşa qəhqəhələrlə gülür, bir az əvvəl bir gilə də üzüm yeyə bilməyəcəyini söylədiyi halda, hər nimçənin qabağında ayrıca ayaq saxlayır, oradakı salxımlardan alaraq lampaya tərəf tutur, hərəsindən bir neçə gilə alıb dadına baxırdı.
Vəfiq paşa ilə Münir bəy çoxdan tanış idilər. Qırx il bundan əvvəl ailələri birini İzmirdən, digərini Misirdən Parisə oxumağa göndərmişdi. Bu iki gənc orada bir yerdə yaşamış, az çalışıb çox əylənmişdilər. O zamana aid elə xatirələri vardı ki, illər keçdikcə aralarındakı yaxınlıq daha da möhkəmlənmişdi. Daha sonra təsadüf onları İstanbulda görüşdürmüşdü. İkisi də beş ilə qədər Dövlət şurasında üzv olub, yoldaşlıq etmişdilər. Nəhayət, Münir bəy uzun müddət Londonda səfir müşaviri olmuşdu. Hər il bir neçə ay İngiltərədə yaşamağa gedən Vəfiq paşa köhnə dostu ilə tez-tez görüşərdi.
Şahzadə Vəfiq kübar, centlmen, bir az da səfahətə meyil edən bir adamdı. Təbiəti böyük əməllərlə, böyük fikirlərlə uyuşa bilmirdi, özünü vəzifə əsiri etmək istəməyən geniş fikirli, həyat intizamına tabe olmayan sənətkar ruhlu bir adam hesab edirdi.
Arvadının vəfatından sonra heç bir ciddi işlə məşğul olmamış, balaca qızı ilə ölkələri bir-bir gəzməyə başlamışdı. Kübarlara məxsus dəniz kurortlarının, at yarışlarının, sərgi və teatrların mövsümünü əldən qaçırmamağa çalışırdı. Getdiyi yerlərdə daima sənətkarlarla durub-oturur, onlarla yaxınlıq etməyi özü üçün bir növ fəzilət sayırdı. Qohum-əqrəbası onun bu xasiyyətini xoşlamır, onu yungülbeyin “sənət sərsərisi” adlandırırdılar. Bu dedi-qodular qulağına çatdıqda, Vəfiq paşa istehza ilə gülür, böyük bir əda ilə “sənətkarlıq nəcabəti heç bir nəcabətlə müqayisə edilə bilməz, bu, “sənət sərsərisi” adı mənə bütün adlarımdan xoş gəlir”, – deyirdi. Həsəb-nəsəbdən bəhs ediləndə, ona “şahzadə” deyə müraciət edildiyi vaxt sıxılır kimi görünür, yorğun və etinasız vəziyyət alırdı. Bununla birlikdə “kim olmasının” gizli qalmasını da istəmir, buna dözmürdü.
Bir məclisdə onu yaxşı tanımayan adamlara rast gəldikdə, kim olduğunu tanıtmağa səy edir, bundan ötrü qabıqdan çıxırdı. Nəhayət, əsl bir şahzadə olduğunu başa saldıqdan sonra, yanındakılardan onu, özlərinə bərabər saymağı, kim olduğunu unutmamalarını rica edirdi.
Restoran, meyxana divarları üçün qarpız, üzüm, balıq şəkli çəkən yoxsul “ölü təbiət” rəssamlar, sərxoşluq üzündən orkestrlərdən qovulmuş sərsəri çalğıçılar ondan “ideya” almağa gələrdilər. Vəfiq paşa sənətə aid fikirlər və ideyalarla bərabər, onlara bir qədər pul da verərdi.
Hara gedirdisə, yol aptekçəsi və qiymətli təsbeh kolleksiyası həmişə yanında olan qızı Cavidanı da özü ilə aparırdı. Daima səyahətlərdə keçən “yüksək sərsəri” həyatı ucbatından, şahzadə Cavidan əməlli-başlı təhsil və tərbiyə görməmişdi. O da atası kimi özünə güvənir, sənətə qiymətli bir bəzək kimi baxırdı. Amma bununla birlikdə gözəl çöhrəsi kimi, zəngin gözaldadıcı bir zəkası vardı. Jurnallardan, ədəbiyyat kitablarından, sənət məclislərində eşitdiklərindən toplamış mənasız, ancaq bərli-bəzəkli fikirlərini olduqca gözəl bir şəkildə ifadə edə bilir, atası kimi sözə başlar-başlamaz çulunu sudan çıxarırdı.
Münir bəy bir qədər kefcil, sadə və ağıllı bir adam idi. O, Vəfiq paşa ilə Cavidandakı zahiri parıltıya və sənət aludəçiliyinə, hiss etdirmədən, xəfifcə istehza edirdi. Bəyənməməsinə baxmayaraq, Münir bəy, onların hər ikisini sevirdi. Onların başqalarından daha çox özlərini aldatdıqlarını və bundan razı qaldıqlarını görür, bu məsələdə saf bir səmimiyyət duyurdu.
On il bundan əvvəl İzmirdəki üzüm bağlarına çəkilib, burada yaşamağa başlayan Münir bəy, köhnə dostunu xeyli vaxt idi kı, görməmişdi. Vəfiq paşa hərdənbir məktub yazır, “həm köhnə dostunun yanında bir-iki gün qonaq qalıb cavanlıq xatirələrini yada salmaq, həm də zəngin Ayasloq1 xərabələrinə baxmaq istəyirəm”, – deyirdi.
Nəhayət, bu yay arzusunu yerinə yetirməyə fürsət tapmış, bir miras işi ilə əlaqədar olaraq İstanbuldan Misirə gedərkən, beş-altı günlüyə İzmirdə dayanmışdı.
* * *
– Ata, niyə mənimlə getmədin? Elə bir fürsəti əlindən qaçırtdın kı…
Vəfiq paşa ilə Münir bəy üzlərini eyvana açılan qapıya tərəf çevirdilər. Cavidan gözəl qamətinə bir heykəl vüqarı verən çərçivə içərisində durur, çardağın gümüşü nəqşləri boynunda, ağ paltarında oynaşırdı. Ev sahibi gənc qıza tərəf addımladı, uca qəddini bir az əyərək, yüngül istehzalı bir rəsmiyyətlə:
– Şahzadə xanım, – dedi, – bir dəqiqə içəri zəhmət çəkin. Möhtərəm atanızın köhnə dostu kimi sizə, böyük, hökmdarlara layiq bir hədiyyə vermək istəyirəm. “Böyük, hökmdarlara layiq” deməyimə gülürsünüz. Kim bilir, indiyə qədər sizə necə qiymətli hədiyyələr veriblər. Ancaq bu hədiyyələri verənlərin hamısı daima bir qədər qızarmışlar, sizə layiq şeyləri olmadığını utana-utana söyləmişlər. Mən isə şahzadə xanım, əksinə, hədiyyəmlə çox fəxr edirəm. Bu həmişə yaşayacaq bir yadigar, yeddi ilə başa gəlmiş canlı bir “şah əsər”dir…, “insan həyatda gör nələr yarada bilir”, – deyə göstərə biləcəyim bir əsər…
Ata-qız bir-birinə baxıb güldülər. Münir bəy masanın ortasındakı kənarları oymalı büllur bir nimçəni əlinə götürdü, nimçədə açıq-yaşıl rəngli bir üzüm salxımı vardı. Ev sahibi onu lampaya tərəf tutaraq:
– Şahzadə xanım, buna bir tamaşa eləyin, – dedi. – Hansı əsatir əfsanəsinin zümrüd salxımları içərisində bundan daha gözəl bir yaşıllıq ola bilər? Gilələrinin içinə diqqət edin. Hərəsində üç, ya dörd şəffaf tum var, lap almaza oxşayır. Elə bil, bu zümrüdləri içəridən işıqlandıran ziyanı onlar yayır. Yeddi illik əməyimin məhsulu olan bu üzüm icazənizlə sizin adınızı daşıyacaq. İnsanlar onu “şahzadə Cavidan”, – deyə tanıyacaqlar.
Münir bəy gözlərində gizli bir istehza, sözünə davam etdi.
– Hədiyyəmə niyə “böyük, hökmdarlara layiq” dediyimi, indi yəqin başa düşdünüz? İncinin, zümrüdün, nə qədər uzun olsa da, müəyyən bir ömrü var. Düzdür, bu salxım da təravətini saxlamayacaq. Ancaq gələn il də, o biri il də, bir əsr keçəndən sonra da, xülasə, dünya durduqca yenidən həyata gələcək. “Şahzadə Cavidan” hər il yayın axırlarında, belə ən gözəl bir gecədə yenidən dünyaya gələcək.
Cavidan salxımdan bir kiçik zing qopartdı. Gülə-gülə bir sancaqla yaxasına taxdı.
Onlar sonra eyvana çıxdılar. Vəfiq paşa qızından soruşdu:
– Haraları gəzdin, Cavidan?
– Bağın lap o biri başına qədər getdim. Ay işığında bağda gəzmək nə qədər gözəl olurmuş, ata! Heç fikir verməmişdim. Torpaq başdan-başa çılpaq, ağacsız. Yalnız sıra ilə düzülmüş meynələrin kiçik kölgələri var… Birdən irəlidən bir kaman səsi gəlməyə başladı. Məşhur “Şərq gecələri”ni çalırdılar, özü də bilsən necə gözəl, necə ustalıqla çalırdılar, ata.
Şahzadə Vəfiq başını ağır-ağır yırğalayaraq:
– Deyəsən, ay işığı səni həyəcanlandırıb, qızım, – dedi.
Sonra Münir bəyə döndü:
– Bu “Şərq gecələri” yaman şöhrət qazanıb ha! Hara gedirəm, onu çalırlar. Təsəvvür et ki, meyxana və qəhvəxana qrammofonları belə bu havanı çalır. Hər halda Ərəb dərəsinin2 bu a-lya türk gözəlliyi içərisində bu hava çox qəribə səslənir.
Ev sahibi:
– Sizə bundan daha qəribə bir şey deyəcəyəm, – deyə cavab verdi. – Bu a-lya franse “Şərq gecələri” elə bu a-lya türk Ərəb dərəsində yaranmışdır. Onu bəstələyən Hüseyn Kənan İzmirlidir. Lap burada, bu Bozyaxa bağlarında böyümüşdür. Şahzadə xanım kamanın çox gözəl çalındığını söyləməkdə səhv etmir. Çünki onu bəstəkarın öz ifasında dinləmişdir. Hüseyn Kənan iki gündür burada, dayısının bağında qonaqdır.
Ata ilə qız heyrət və həyəcanla bir-birlərinə baxırdılar. Münir bəy sözünə davam etdi:
– Hüseyn Kənan mənim bağ qonşum Saib paşanın bacısı oğludur. Onu lap kiçik yaşlarından tanıyıram… Utancaq, qorxaq və nazlı bır uşaq idi. Bəzi səbəblərə görə Saib paşa bacısını da, onun oğlunu da sevmirdi. Saib paşa tez-tez bələdiyyə rəisi təyin edilir; yaman şöhrət sevən adamdır. Əvvəllər nədənsə bacısı oğlunun adam olmayacağını düşünür, onu bir sənətə qoymaq istəyirdi. Kömək elədim, oğlan mühəndis məktəbinə girdi. Birtəhər oranı bitirdi. Bir müddət kiçik vəzifələrdə işlədiyini, sonra İstanbulda musiqi dərsi verərək, çox ağır güzəran keçirdiyini eşidirdim. Heç yadımdan çıxmaz, bir gün Saib paşaya rast gəldim. Bacısının və bacıoğlusunun əlindən zəncir çeynəyirdi. Sən demə, Kənan anasının Kəməraltında3 olan kiçik dükanını satıb Avropaya səyahətə getmişmiş.
Üç-dörd il ondan xəbərim olmadı. Keçənlərdə Avropa jurnallarından birini vərəqləyirdim. Gözümə Kənana oxşayan bir şəkil sataşdı. Şəklin altındakı yazını oxudum: “Gənc və görkəmli türk virtuozu Hüseyn Kənan”. Jurnalda bir tənqidi məqalə də vardı. Burada onun verdiyi bir konsertdən bəhs edilirdi: Kənan böyük istedad nümayiş etdirmiş, konsertin onun öz əsərlərindən ibarət hissəsi də çox bəyənilmişdi.
İstanbul mətbuatının bu zaman yoxsul və dedi-qodusuz bir vaxtı idi. Qəzetlərdən biri Kənan haqqında yazılanların bir neçəsinin tərcüməsini çap etdi. Sonra o biri qəzetlər də, adətləri üzrə bunu görüb, sütun-sütun yazılar verdilər, – Avropa bir adamın bacarıq və hünərindən danışdımı, daha o adamın işi düzəldi. İllər boyu aramızda yoxsulluq içərisində yaşamış, heç kimin tanımadığı bu sənətkarı birdən-birə göylərə qaldırdılar, misilsiz bir dahi elədilər. Kənan kölgədə yaşayacaq bir şəxsiyyət deyildi. Lakın söylədikləri qədər bir dahi olduğuna da inanmırdım. “Şərq gecələri”nin qazandığı böyük rəğbət onun şöhrətini artırdı. Kənanın dilənçi kökündə yaşayacağını, həm də üç ilə mütləq belə olacağını söyləyən Saib paşanın indi onunla necə fəxr etdiyini təsəvvürünüzə gətirə bilməzsiniz. Bu yaxınlarda İzmirdəki ədəbi jurnallardan birində öz şəklini verdirmişdi. Onun altındakı “Şəhərimizin bələdiyyə rəisi və bəstəkar Hüseyn Kənan bəyin dayısı Saib paşa həzrətləri” sözlərini oxuyanda gülməkdən ölmüşəm.
İndi Kənan dayısının təkidi ilə iki-üç aylığa İzmirə gəlmişdir. Bu müddət ərzində yeni bir əsərini tamamlamaq istəyir. Dünən səhər yanıma gəlmişdi. Həmin əsəri haqqında soruşdum. Parisdə tanış olduğu suriyalı bir şairin opera librettosuna musiqi bəstələyir. Mövzusu Harun ər-Rəşid zamanına aid gözəl bir hekayədir. Kənan hadisəni yaxşı başa düşmüş və duymuşdur. Bu işi müvəffəqiyyətlə başa vura bilsə, zəmanəmizin ən məşhur sənətkarı olacaq.
Vəfiq paşa və Cavidan Münir bəyin söhbətinə dərin bir maraqla qulaq asırdılar. Vəfiq paşa tükləri sayıla biləcək qədər seyrək saqqalını didişdirərək:
– Əziz dostum, – dedi, – bizə etdiyin hörmətləri unuda bilməyəcəyik. Ancaq bizi daha çox məmnun etmək üçün bilirsənmi nə etməlisən? Bu gecə həmin diqqətəşayan gənci də gərək bura dəvət edəsən.
Cavidan hərarətlə atasının sözünə qüvvət verdi:
– Onu tanımağımız çox yaxşı olardı
Ev sahibi gülümsədi:
– Gözüm üstə. Bu çətin şey deyil. Sabah axşam onu da dəvət edərəm. Hətta istəsəniz, bu elə indi də mümkündür. Uzaqda olmur, Zeynalı göndərim, xahiş eləyim, gəlsin..
Bu gözəl fikirdi. Ata və qız razılıqla bir-birilərinə baxdılar.
Vəfiq paşa gözlərini süzdü, baş barmağını qaşları arasına qoydu (ağlına yaxşı fikir gələndə o, həmişə belə edərdi):
– Hamısından yaxşısı bilirsiniz nədir, gəlin özümüz onun yanına gedək. Gəlişimiz, heç bilirsən, Cavidan, o gənc sənətkara necə təsir edəcək!.
Başqasında görmək istədiyi bir həyəcan Vəfiq paşanın özünü titrətdi. O, türkcəni buraxıb sözlərinə fransızca davam etdi:
– Gecə vaxtı bu pəri aləmi içində tanımadığı iki şəxs zühur edir. Bunların biri şahzadə bəy, biri də şahzadə xanım. Bir çoxunun əsəblərini sarsıdacaq bir təsadüf. Bu həyəcanın bəlkə operasına belə təsiri oldu.
Keşikçi Zeynal əlində yekə bir dəyənək onların qabağına düşdü. Bağın içi ilə ağır-ağır irəliləməyə başladılar. Meynələr bir-birinin ardınca qaranlıq dalğaları tək ta uzaqlara qədər yayılıb dağılır, ay işığı çılpaq torpağın üstündə su gölməçələrinə bənzər parıltılarla yanıb-sönürdü.
* * *
Bağın axırındakı taxta qapıdan ensiz, tikanlı bir cığıra çıxdılar. Kərtənkələlər qurumuş tikanları xışıldadırdılar. Cırcıramalar səsləri ilə aləmi başlarına götürmüşdülər.
Bağların yorğun, bürkülü havası ağır bir bulud kimi nəfəslərini tıxayır, tünd şərab kimi beyinlərini dumanlandırırdı. Cığır aşağıdakı geniş araba yoluna çıxırdı, burada onlar ayaq saxladılar. Cavidan atasına yolun uzaq bir nöqtəsini göstərib:
– Ata, – dedi, – bir ora bax. O qaraltılar adam deyilmi?
Hamı qızın göstərdiyi səmtə baxdı. Yolun o başında bir dəstə irili-xırdalı qəribə qaraltı görünürdü, lap qabaqda bir eşşək də vardı. Münir bəy qonaqlarına izahat verdi:
– Bu vaxt, buralarda adətdir, gecələri bağdan-bağa belə dəstə-dəstə qonaq gedərlər. Ancaq görəsən, niyə belə səssiz-səmirsiz gedirlər? Onlar çox vaxt nəğmə oxuyar, səs-küy salarlar.
Dəstə bir az da irəlilədikdən sonra bir bağın kənarında, kiçik daş evin qabağında durdu. Birdən hay-küy, gurultu qopdu. Büllur kimi saf uşaq qəhqəhələri qarşıdakı təpələrə əks edir, qarma-qarışıq səslər, ağır-ağır çalınan bir kamanın müşayiəti ilə mahnı oxuyurdu.
Vəfiq paşa ilə Cavidan çaşıb qalmışdılar. Münir bəy gülə-gülə izahat verdi:
– Bu ev Şəmi dədə4 adında qoca bir dərvişindir. Cəzbə getmiş, lakın çox şən, əhli-dil bir adamdır. Bozyaxada hamı onu tanıyır, sevir. İndiyə qədər tək yaşayırdı. İki ay bundan əvvəl gənc bir qadınla evlənmişdir. O vaxtdan hamı Şəmi dədəyə sataşır. Görünür, bu gecə Kənan çolma-çocuğu yığıb dədə ilə əylənməyə gəlib.
Getdikcə artan qəhqəhələr, uşaqların hay-küyü mahnının eşidilməsinə mane olurdu. Yaxındakı evlərin işıqları bir-bir yanır, köpəklər ulaşırdı.
Nəhayət, kiçik evin pəncərə qapaqlarından biri açıldı, oradan əlində şam, xəyala bənzər bır insan göründü. Şəmi dədənin əl-qolunu oynada-oynada bağırdığı hiss edilirdi. Ancaq səs-küydə nə dediyi eşidilmirdi.
Münir bəy qonaqları ilə bərabər cığırdan yola enəndə şənlik, səs-küy həddini aşmışdı. Əynində ağ uzun köynək, ayaqlarında təzə bəylərə məxsus mərcan tək qırmızı çust olan Şəmi dədəni eşşəyə mindirmişdilər. Dəstə yenidən yola düzəlmişdi. Təzə bəyi bağırda-bağırda, kim bilir, haralara aparacaq, nə qədər gəzdirəcəkdilər
Münir bəylə qonaqları yolda görünəndə qəhqəhələr yavaşıdı, mahnı səsləri kəsildi. Dəstə uzaqdan zənn edildiyi kimi, təkcə uşaqlardan ibarət deyildi, onların arasında cavan oğlanlar və qızlar da vardı. Münir bəy uzaqdan səsləndi:
– Dədə, bu nə işdir, başına gəlib?
Qoca dərviş cavab verdi:
– Daha nə olacaq, bəy! Qurd qocalanda köpəyə gülünc olar.
Dəstə durmuş, uşaqlarla böyüklər Münir bəylə qonaqları araya almışdılar. Kənanla qısa ağ paltar geymiş gözəl bir qız eşşəyin noxtasını tutmuşdular. Kənan pencəksiz və başı açıq idi. Ağ ipək köynəyinin yaxası açıq, qolları dirsəklərinə qədər çırmanmışdı.
Münir bəy onu qonaqlarına təqdim edəndə özünü itirən kimi oldu, yarıçılpaq vücudundan utanırmış kimi gülümsəyərək əllərini köksü üzərində qovuşdurdu. Qarayanız üzü qaranlıqda nəzərə çarpacaq qədər qızarmışdı.. Vəfiq paşa balaca, arıq vücuduna uyğun gəlməyən qalın, qırıq bir səslə:
– Sənətkarla bu cür səciyyəvi artistvari vəziyyətdə tanış olmağıma çox şadam, – dedi. Sonra üzünü ətrafına toplanmış gənclərə, uşaqlara, uzunsaqqallı, dazbaş Şəmi dədəyə, qəşəng qıza tutub qısa bir nitq irad etdi.
Kənan onun nitqinə yüngülcə gülümsünə-gülümsünə qulaq asırdı. Cavabı, çılpaq qılçalarını diz qapaqlarına qədər güclə örtən qısa ağ libasını Roma imperatoruna məxsus bir şəstlə geyinmiş Şəmi dədə verdi:
– Paşa həzrətləri, Kənan oğlumuz ilk ilhamını bu yerlərdən daha çox, fəqir və aciz Şəmi dədədən almışdır. Kənana ilk musiqi nəfəsini mən vermişəm.
Şəmi dədənin daz başı ay işığında parıl-parıl işıldayır, xırda mavi gözləri qalın qaşları ilə uzun saqqalı arasından köz kimi parıldayırdı. Yad adam yanında təkəbbürlü, sakit və ciddi davranan Cavidan özünü saxlaya bilmir, güldüyünü görməsinlər deyə, başını Münir bəyin arxasında gizlətməyə çalışırdı. Dədə sözünə davam etdi:
– “Bağa qınından çıxar, qınını bəyənməz”, – deyiblər, Kənan bəy oğlumuz da şöhrət qazanandan sonra dədəni yadından çıxardıb. “Dədəni yaddan çıxardıb” deməyimin mənası var, yəni türk musiqisini buraxıb, Avropa musiqisindən yapışıb. Qənaəti-fəqiranəmizə görə, toxum yetişdiyi torpaqdan ayrı yerdə əməlli-başlı nəşvü-nüma tapa bilməz. İndi deyəcəksiniz ki, Kənan sənin məsləkinə qulluq eləsəydi… sənin tək… üzdəniraq, lüt bir dərviş olub qalmışdı. Bu da başqa bir məsələdir…
Vəfiq paşa üzünü qızına tutdu:
– Görürsənmi, Cavidan, bu Şərqdə nə gözəl insanlar var.
Bu təsadüf sayəsində yaxasını uşaqların əlindən qurtarmış Şəmi dədə qonaqlara bilmirdi necə hörmət eləsin.
Bağçasının bir guşəsinə təzə həsirlər salınmışdı, ömründə ilk dəfə həsir üstündə oturan Cavidan atasının dizlərinə söykənib:
– Nə yaxşıdır, ata. Bu gecə tam bir Şərq həyatı yaşadıq, – dedi.
Şəmi dədənin üzümlərindən yeməyə kimsədə taqət yox idi. Ancaq içəridən onun neyini gətirdilər, ona bir neçə qədim hava çaldırdılar.
* * *
Kənan bir az sonra dəstədən ayrıldı, Münir bəyin qonaqlarına qoşuldu. O, öz bağlarına çatanda ay İlıca təpələrinin dalına çəkilirdi. Sübh, budaqlarını sallamış ağacların başında xəfif buxar kimi ağarır, quşlar yarpaqların və kolların arasında cəh-cəh vururdu.
Anası Mələk xanım hələ yatmamışdı. Oğlunun yubanmasından nigaran idi, arıq çiyinlərinə yun şal atıb, alt otağın açıq pəncərəsi qabağında onu gözləyirdi. Uzaqda bir köpək hürdü, bayır qapıya gedən dar yolda bir kölgə göründü. Mələk xanım yolu yaxşı görə bilmək üçün pəncərədən boylandı.
– Kənan… Kənan, sənsən? – deyə səsləndi.
Kənan cavab vermədi, addımlarını yavaşıtdı, öz mahnılarından birini fitlə çalmağa başladı.
Xeyli vaxtdan bəri Kənanın əsəbləri tarım kaman telləri kimi idi. Ən kiçik təsirə qarşı belə həssas, əsəbi bır halda daima bir ehtizaz içində yaşayırdı. Bu hal özünü sübh çağlarında daha çox göstərirdi. O, fit çala-çala çardağın altından keçib anasının durduğu pəncərənin qabağına gəldi.
– Niyə bu qədər yubandın, Kənan?
– Mən oradan çoxdan çıxmışam, ana. Gəzə-gəzə gəlirdim. Ta Qırxçamlara5 qədər getmişəm.
– Qorxmursan, oralara tək gedirsən? Bir daha belə etmə, Kənan.
Kənan əllərini açıq pəncərəyə tərəf uzadaraq, anasının arıq biləklərindən tutdu. Mavi gözlərində süzgün bir heyrətlə gülümsədi:
– Mən nədən qorxacağam? Sənin oğluna kim toxuna bilər? Dövran mənimdir, ana. Mən artıq talesizliyin daşını atmışam.
Dərin bir yaşamaq zövqü ilə titrəyən Kənan çəlimsiz, zəif anasını qucağına alıb pəncərədən çölə çıxartdı. Uzun illər ayrılıqdan sonra onu ilk dəfə qucaqlayırmış kimi bərk-bərk bağrına basdı. Qadının gənclik təravətini hələ də saxlamış gözəl üzündən dönə-dönə öpdü.
Mələk xanıma elə gəlirdi ki, Kənanın yenə yeddi-səkkiz yaşı var. O vaxt da Kənan hərdənbir belə anlaşılmaz riqqətlə titrəyər, mavi gözləri elə bu cür yaşla dolar, sevmək, sevilmək arzusu ilə anasının boynuna sarılardı. Böyüyəndən sonra daha bu xasiyyətindən əl çəkmiş, sakit, utancaq və kədərli bir gənc olmuşdu. Mələk xanım oğlunun uzun saçlarını sığalladı:
– Yatmayacaqsanmı, Kənan? Yorulmamısan? Xəstələnəcəksən.
Kənan daş pilləkəndə əyləşib, anasını zorla dizləri üstünə oturtdu.
O, uşaq kimi gülürdü.
– Yatmaqmı? Yatmaq bədbəxtlərin, xəstələrin nəsibidir, ana. Bütün ruhu ilə yaşayan xoşbəxt insanlar neçin yatsın? Bilmirsənmi, bu saat dünyada hələ günəşləri batmamış, yaxud ay işığında qərq olmuş ölkələr var. Orada sənin Kənanının əsərlərini çalırlar, orada insanlar öz dərdlərini sənin oğlunun dili və qəlbi ilə söyləyir, ağlayırlar, gülürlər. Sabah mən daha böyük bir əsər yazacağam. Ondan sonra heç ölümü də vecimə almayacağam, ana. Kənan ölmüş, dodaqları əbədi olaraq susmuş olsa da, nə qəm? Kənanın susmuş dodaqlarını musiqisi əvəz edəcək, ölmüş Kənan sözə başlayanda dirilər, əksinə susacaq, saralacaq, ağlayacaqlar, özün görəcəksən, biz nə qədər xoşbəxt olacağıq. Mən talesizliyi məhz öz gücümün sayəsində məğlub etdim, ana. O qədər əziyyət çəkmişəm ki… Nəhayət, tale mənim də üzümə güldü. İndi sevincim yerə-göyə sığmır.