Kitobni o'qish: «Səməd Vurğun xatirələrdə»
SƏMƏD VURĞUN XATİRƏLƏRDƏ
“Xatirə Ədəbiyyatı” silsiləsindən 26-cı kitab
Xoşbəxt elimin, yurdumun öz Vurğunuyam mən,
Bundan da gözəl bir daha dövran ola bilməz.
Bir rübabın hər telində yüz ahım var, amanım var,
… Nə dövrana etibarım, nə insana gümanım var.
Səməd Vurğun
SƏMƏD VURĞUNUN XATİRƏLƏRDƏN
GÖRÜNƏN ÖMRÜ…
Şair və yazıçıların ikinci ömrü, məlumdur ki, ölümlərindən sonra başlayır: onlara ikinci ömrü bəxş edən – əbədiyyətə qovuşduran isə “rütbeyi-əqli” görünən əsərləri olur. Bu qanunauyğunluqdan, sayları az olsa da kənara çıxan, daha doğrusu, bu düstura yeni keyfiyyət, yeni rəng qatan müqtədir sənətkarlar da olur: yeni keyfiyyət dedikdə şəxsiyyətin yaradıcılığı tamamlamasını, şair və yazıçıları əsərləri ilə yanaşı, şəxsi, insani keyfiyyətlərinin, xeyirxah əməllərinin də yaşatmasını nəzərdə tuturuq. Bu parametrləri ilk növbədə Azərbaycanın ilk xalq şairi və ilk akademiklərindən biri, görkəmli dramaturq və səriştəli tərcüməçi, böyük şəxsiyyət və nüfuzlu ictimai xadim Səməd Vurğunun, sözün həqiqi və məcazi mənasında dastanlaşmış ömrü qapsadığını düşünürük. Bu, artıq yeni tipli şair modelidir və onun əvvəlki ənənəvi şair obrazlarından fərqi, özündə yüksək sənətkarlıqla yanaşı, şəxsi keyfiyyətləri – İNSANLIQ atributlarını da ehtiva etməsidir. Bizə məlum olduğuna görə, “şəxsiyyəti yaradıcılığını tamamlayan sənətkar“, yaxud, “əsərləri özünə çox oxşayan şair” və bunlara bənzər epitetlər də ilk dəfə və daha çox Səməd Vurğun haqqında işlədilmiş və işlədilməkdədir.
Onu da diqqətə çatdıraq ki, S.Vurğuna qədər yazıçı və şairlərin şəxsiyyəti və şəxsi keyfiyyətləri ədəbiyyatşünaslığımızı bir o qədər də maraqlandırmamış, bədii yaradıcılıqda şəxsiyyətin rolu məsələsi də bir növ kölgədə qalmışdır. Mühit – müəllif – mətn tandemində müəllif şəxsiyyəti və ömrünün mətnin yaranmasındakı əhəmiyyəti kifayət qədər nəzərə alınmamışdır. Tədqiqatın bu aspekti də müasir şairlərdən ilk dəfə S.Vurğunla bağlı aparılan araşdırmalarda tətbiq edilmişdir.
Adı milli poeziyamızın simvoluna çevrilmiş, ömürlüyü sonradan təkrarlanmayan yeni şair tipinin parametrlərini çevrələmiş və “möhürləmiş” Səməd Vurğun “…hər bir ailəyə atadan, anadan əziz bir insan kimi sevilən xoşbəxt sənətkar”(Mir Cəlal) olmuş və özündən sonra da, heç bir sənətkara nəsib olmayan tükənməz xalq sevgisini yadigar qoyub getmişdir.
O illərin gəncləri Heydər Əliyevin də qeyd etdiyi kimi, Səməd Vurğunu sadəcə olaraq görməkdən özlərini xoşbəxt hesab etmişlər: “Biz özümüzü xoşbəxt hesab edirdik ki, Səməd Vurğunu haradasa gördük, dinlədik, eşitdik. Biz o illərdə bax, belə yaşamışdıq”…
Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin inkişafındakı əvəzsiz xidmətləri, yüksək ictimai nüfuzu, eləcə də fenomenal istedadı, bənzərsiz şəxsiyyəti, cəsarəti və xeyirxahlığı, xüsusilə də arxasızlara dayaq durması onu çox erkən məşhurlaşdırmış – mifləşdirmişdir. Amma, bütün miflərin təməlində gerçəklər dayandığı kimi, Vurğun haqqında yaranan miflər də gerçəyə – faktlara söykənir. Başqa sözlə bəzilərinin uydurduğunun əksinə olaraq, Səməd Vurğun sovet mifi yox, sənətinin və xeyirxah əməllərinin mifidir. Sanki, o, dünyaya hər kəs kimi bir yox, iki missiya yerinə yetirmək üçün gəlmişdi: şeir yazmaq və arxasızlara dayaq olmaq üçün.
Zamanında gənclərin ədəbiyyata və elmə gəlməsinə yaşıl işığı S.Vurğun yandırmış, onların hər birinə bu böyük şəxsiyyətin xeyirxahlığından pay düşmüşdür. S.Vurğunla ünsiyyətdə olan əksər gənpc şair və yazıçılar, eləcə də elm sahəsində ilk addımlarını atanlar bu qayğıdan qədrşünaslıqla söz açmışlar.
Səməd Vurğun ədəbiyyatımızda öz məktəbini yaratmış (N.Gəncəvi, M.Füzuli, M.P.Vaqif və M.Ə.Sabir kimi) az saylı, amma, çox qüdrətli sənətkarlardandır. Onunla eyni dövrdə yazıb-yaradan və ondan sonra ədəbiyyata gələn bütün istedadlı şairlər – Bəxtiyar Vahabzadə, Məmməd Araz, Əli Kərim, Adil Babayev, Əliağa Kürçaylı, Hüseyn Arif, Hüseyn Kürdoğlu, Xəlil Rza Ulutürk, Tofiq Bayram, Qabil, Məstan Günər, Nəbi Xəzri, Balaş Azəroğlu, Məmməd Aslan, İ.İsmayılzadə, Zəlimxan Yaqub, Oqtay Rza, Nəriman Həsənzadə və bir çox başqa sənətkarlar S.Vurğunun poetik məktəbinin davamçıları olduqlarını, ondan öyrəndiklərini və onu özlərinə ustad bildiklərini fəxarətlə dilə gətirmişlər.
S.Vurğunu özünə ustad bilən və özünü “onun borclusu” hesab edən B. Vahabzadə şairin nəfəsini “əcdad nəfəsi”nə bərabər tutmuş M. Araz “Vurğun sənətinin bünövrə daşının inam və cəsarətdən yoğrulduğunu” vurğulamış, X. Rza S.Vurğunu “milli sərvətimiz, Vətənin özü”, N. Xəzri “müasir poeziyanın təmiz, pak vicdanı”, T. Bayram “istedadlı gənclərin mənəvi atası”, H.Kürdoğlu “şeirimizin Şahdağı”, M.Aslan “çağdaş poeziyamızın rəngi”, N. Həsənzadə “Epoxanın poetik tərcümeyi-halı”, Qabil gənc şairləri “Səməd Vurğunun mənəvi övladları, həyata keçmiş arzuları, canlı əsərləri” adlandırmş, O. Rza “yazmağı ondan öyrəndiyini, ustadın indiki şairlərə də bələdçilik etdiyini” dilə gətirmiş, Ə.Kürçaylı isə ədəbi nəslinin taleyində S.Vurğunun müstəsna xidmətlərini bu şəkildə yekunlaşdırmışdır: “Bizim böyük ədəbi nəsil ki yetişir, bunların hamısının başında S. Vurğunun əlinin istisi var… S. Vurğun bizim mənəvi atamızdır. Bizim başımıza əl çəkib, bizi pərvazlandıran, xüsusilə bizim nəsli gətirib ortaya çıxardan, ərsəyə çatdıran Səməd Vurğun olubdur”.
Ədəbiyyata bir qədər sonra gələn şairlərimiz də S.Vurğun yaradıcılığı və şəxsiyyətinə ehtiramla yanaşmış, böyük önəm vermişlər. Belə ki, Ramiz Rövşən şairin əsərlərində “milli ruhun və azərbaycançılıq hissinin yüksək olduğunu” xüsusi vurğulamış, Zəlimxan Yaqub S.Vurğunu “Azərbaycan xalqı və ədəbiyyatının başucalığı, dilimizin memarı” adlandırmış, Vaqif Bayatlı isə “Bir dəfə “Azərbaycan” demək – Azərbaycan, iki dəfə “Azərbaycan” demək isə – Səməd Vurğun deməkdir” – kimi obrazlı ifadəsi ilə ustad şairlə Ana Vətəni eyni zirvədə görmüşdür.
Azərbaycan şairləri ilə yanaşı, o vaxtkı İttifaqa daxil olan qeyri millətlərin A.Fadeyev, K.Simonov, N.Tixonov, M.Şoloxov, P.Antakolski, A.Adalis, G.Leonidze, K.Kaladze, İ.Selvinski, B.Oleynik, M.Rılski, M.Tank, Y.Bukov…kimi ən nüfuzlu şair və yazıçıları, tərcüməçiləri, alimləri də S.Vurğunun yaradıcılığı və şəxsiyyətini yüksək dəyərləndirmiş, onunla dost olmaqlarından qürurlanmışlar.
Orta Asiya, eləcə də Şimali Qafqaz şair və yazıçılarının (Q.Qulam, Zülfiyyə, A.Əlimcanov, B.Kerbabayev, Q.Seyitliyev, M.Kərim, D.Kukildinov, R.Həmzətov və b.) S.Vurğuna məxsusi münasibətləri olmuşdur: onlar ustad şairə müsəlman-türk təəssübkeşliyindən qaynaqlanan məhrəm münasibət nümayiş etdirməklə yanaşı, ona inam – güvənc yeri kimi də baxıb, arxalanmış, özlərininki bilmişlər. Çıxışlarında azərbaycanlıların Nəvaini də Nizami kimi öz şairləri hesab etdiklərini xüsusi vurğulayan, tatar şairi Musa Cəlili Azərbaycan xalqının da qəhrəmanı adlandırıb ona şeir həsr edən S.Vurğun da, təbii ki, onların etimadını daim doğrultmuşdur.
Rəsul Həmzətov “Azərbaycan xalqının mərdlik pasportu” adlandırdığı S.Vurğundan çox şeylər öyrəndiyini, bununla yanaşı, gənclik illərində aşıq şeirini düzgün dəyərləndirmədiyinə görə ustadından bir “qulaqburması” aldığını da xatırlamış və ustadına haqq qazandırmışdır. S.Vurğunun Bakıda 90 illik yubileyində çıxışı zamanı sovet imperiyasının dağıldığını, dostu Səməd Vurğunun “poeziyadakı imperiyasının isə dağılmadığını və heç vaxt dağılmayacağını” diqqətə çatdırmışdır.
Şairin şöhrəti o vaxtkı İttifaqla da məhdudlaşmamış, sərhədləri aşıb, daha geniş ərazilərə yayılmış, onu Hindistan, Çin, Monqolustan, İngiltərə, Almaniya, Fransa, Polşa, Yuqoslaviya, Bolqarıstan, Türkiyə, İran, İrak və b. ölkələrdə də tanımış və sevmişlər. O, Vətənin vizit vərəqinə çevrilmiş, Azərbaycanı S.Vurğuna görə tanımışlar.
S.Vurğunun şeirləri bir etalon, ölçü vahidi kimi götürülmüş, gənc şairlər (və təkcə gənclər yox) ondan bəhrələnərək, təkcə şeirlər yox, iri həcmli əsərlər də qələmə almışlar. S.Vurğunun, təkcə, “Aygün” poemasının təsiri ilə 10-a yaxın poema yazılmışdır.
S.Vurğun yaradıcılıgının əsas mövzusu, mütəxəssislərin də dəfələrlə vurğuladığı kimi, azərbaycançılıq, əsərlərinin baş qəhrəmanı Azərbaycandır. Poeziyada azərbaycançılıq ideologiyasının poetik düsturunu “Azərbaycan” şeiri ilə S.Vurğun vermiş, Vətənin vəsfi, tərənnümü mövzusunda əsərlər, məhz, bu şeirdən sonra və onun təsirilə yaranmışdır. Mütəxəssislər (eləcə də professor Qorxmaz Quliyev) sovet dövründə, Azərbaycanı azərbaycanlılara bir Vətən olaraq, məhz bu şeirin tanıtdığı və sevdirdiyi, B.Vahabzadənin “Gülüstan” poemasının da, elə, “Azərbaycan” şeirinin təsirilə qələmə alındığı qənaətindədirlər.
S.Vurğunun “Azərbaycan” şeiri ilə dil açmayan azərbaycanlı körpəsi olmadığı kimi, onun irsinə münasibət bildirməyən ədəbiyyatşünasımız da yoxdur. Şairin poetik irsini tədqiq edən bütün filoloqların toxunduğu və yüksək dəyərləndirdiyi, aktuallığını heç vaxt itirməyəcək şah mövzu isə, qeyd etdiyimiz kimi, azərbaycançılıqdır: ”Şübhəsiz, Vurğun üçün ən böyük tribuna, kosmik orbitdən də uca xitabət kürsüsü poeziya idi. Məhz, bu tribunadan şair bütün planeti görür və bütün planetdən görünürdü. Lakin daha mənalı olan odur ki, dünya və planet auditoriyasına da o, həmişə “Azərbaycan” monoloqu ilə müraciət edirdi. Vətəndaş və vətənpərvər şair üçün Ana Vətənin adından uca poetik xitab yox idi. Bir sözlə, bütün dünya bu poeziyada öz əksini tapırdı. Lakin dünyanın da mərkəzi bu poeziyada Azərbaycan idi!”(Y.Qarayev).
S.Vurğun Azərbaycan Milli Elmlər Akademiyasının təsisçilərindən və ilk akademiklərindən biri, eləcə də Akademiyanın vitse-prezidenti olmuş, Respublikada humanitar elmlərin inkişafında əvəzsiz xidmətlər göstərmiş, üçcildlik “Azərbaycan ədəbiyyatı tarixi” və “Azərbaycan tarixi” birbaşa onun təşəbbüsü və tövsiyələri əsasında yazılmışdır. O, şeirlərinin birində (“Lənkəran şeirləri”) söylədiyi: “Tarixçilər qoy utansın!// Yazılmamış tariximiz//Tarixsizmi yarandıq biz? – kimi qınaqları və ittihamlarını bir çox çıxışlarında da tarixçilərə, eləcə də filoloq və filosoflara ünvanlamış, onları Azərbaycan mədəniyyəti və ədəbiyyatının, dili və fəlsəfəsinin tarixini yazmağa, bütövlükdə humanitar elmlərin inkişafına təşviq etmişdir.
Əfsanəvi Vurğun obrazını sonra heç bir sənətkar əvəzləyə bilməmişdir. Bunu ondan sonra ədəbiyyata gələn gənc şairlərin, demək olar ki, hamısı, o sıradan M.Araz da qədrşünaslıqla etiraf etmişdir: “Bizlər şeirə Səməd Vurğunun şöhrətinə gəldik, amma heç birimiz Vurğun ola bilmədik”(M.Araz).
Gənc şairlər, təkcə sənətdə yox, həyatda da ona oxşamağa çalışmışlar: ”Hamı Səməd Vurğun olmaq istəyirdi. Bunu müəllimlərimiz də görürdülər. Hətta, bir dəfə Əli Sultanlı zarafatla dedi ki, “Hamınız Səməd ola bilərsiniz, amma, Vurğun ola bilməzsiniz”.
Bəli, Səməd Vurğun artıq əlçatmazlığın zirvəsinə çevrilmişdi. Amma, özü demişkən, şair olmaq böyük dərd idi”(İ.Şıxlı).
Doğrudan da, Səməd Vurğunun qəribə taleyi olmuşdur: bir tərəfdən yaradıcılığı yüksək dəyərləndirilmiş, əsərləri dövrünün ən ali mükafatlarına layiq görülmüş, digər tərəfdən isə, təkcə 1930-cu illərdə yox, mütəmadi – 1940-1950-ci illərdə də (hətta, ölümündən sonra da) hücumlara, təqib və təzyiqlərə məruz qalmış, “yıxılana (köhnə quruluşa – A.S.) qarşı həsrət çəkməkdə, əski kəndi təsvir edərkən ondan qolçomaq ləzzəti almaqda, sovet quruluşuna qarşı çıxmaqda, kommunist partiyasının rəhbərlik rolunu danmaqda, sosialist həyat tərzini təhrif etməkdə, millətçilikdə, xalq düşməni elan edilmiş yazıçı və şairləri (xüsusilə, H.Cavidi və M.Müşfiqi) “qanadının altına almaqda” günahlandırılmış və cəzalandırılmışdır – 1937-ci ildə Yazıçılar İttifaqının katibliyindən, 1944-cü ildə isə Yİ-nin sədrliyindən uzaqlaşdırılmış, 1937-ci və 1952-ci illərdə, az müddətə də olsa, iki dəfə həbs olunmuşdur (Yeri gəlmişkən qeyd edək ki, bu təzyiq və təqiblər şairi ikili ömür yaşamağa da məcbur etmişdir: bir tərəfdən şair yaşadığı dövrü, quruluşu tərənnüm edib, özünü “xoşbəxt elinin, yurdunun öz Vurğunu” adlandırmış, digər tərəfdən isə “nə dövrana etibarının, nə də insana gümanının olmadığını” dilə gətirmişdir)…
Qəribəsi odur ki, ustad şairə qarşı ittihamlar indi də davam etməkdədir. Fərq, şairin sağlığındakı və indiki ittihamların yerini dəyişməsindədir: sağlığındakıların əksinə olaraq indi o, “sovet quruluşunu və kommunist partiyasını mədh etməkdə, kosmopolitlikdə, bəzi milli sənətkarlara qarşı çıxmaqda” və s. qınanır. Siyasi rejimin tələbi ilə yazdığı əsərlər və etdiyi çıxışlar kontekstdən qoparılaraq, şəxsi münasibətlər çərçivəsinə soxulur, qeyri-obyektiv – birtərəfli, qərəzli təqdim edilir. Şairi repressiyadan sağ çıxmaqda “günahlandıranlar” da var.
Doğrudur, şairin əsərlərinə, xüsusilə özünün çap etdirə bilmədiyi, son zamanlar üzə çıxarılmış əsərlərinə və b. faktoloji materiallara istinadən bu ittihamlar təkzib edilir. Bununla yanaşı, haqqındakı xatirələr də, şairin əsərlərində və faktoloji materiallarda deyilənləri tamamlayır və eyni zamanda qərəzli ittihamlara aydınlıq gətirməyə, gerçəkləri ortaya qoymağa yardımçı olur: yersiz ittihamların əksinə olaraq şairin özünün daim təzyiq və təqiblərlə üzləşdiyini, millətçilikdə, azərbaycançılıqda ittiham edildiyini, xalq düşməni adlandırılan şairləri mümkün məqama qədər müdafiəyə qalxdığını, həbslərindən sonra da H.Cavidin, A.M.Şərifzadənin, M.Müşfiqin azad olunmasını M.C.Bağırovdan xahiş etdiyini, müqabilində, diktatorun özünün də kitaba daxil etdiyimiz izahatında etiraf etdiyi kimi, Vurğunu cəzalandırdığını, faciəli ömür yaşadığını, şəxsiyyətə pərəstişin acı nəticələri ilə, demək olar ki, ömrünün sonlarına kimi üzləşdiyini – şəxsiyyətə pərəstişin ən uzun sürən mənəvi qurbanı olduğunu təsdiq edir.
Kitaba topladığımız xatirələr ustad şair və böyük şəxsiyyətin həm şöhrəti, həm də “şöhrətinin gözlərində quru səsə döndərilməsi”nin(“Şöhrətim quru bir səsdir, a “dostlar”), həm yaşadığı dövrü tərifləməsinin həm də ondan narazı qalmasının səbəblərinə, həyat və yaradıcılığının bir çox qaranlıq tərəflərinə aydınlıq gətirir, yanlışlıqları aradan qaldırmağa, bir çox əsərlərinin yazılma və çap tarixlərini dəqiqləşdirməyə, hətta naməlum əsərləri haqqında bilgi almağa imkan verir.
Bir sözlə, S.Vurğunun gerçək obrazı, əsərləri ilə yanaşı, həm də bu acılı-şirinli xatirələrdədir: xatirələrdə o, bəlkə də, “orijinalına – əslinə” daha yaxın görünür.
Doğrudur, S.Vurğun, barəsində ən çox xatirə yazılan sənətkarımızdır və onların bir çoxu mətbuatda, ayrıca kitablarda da çap edilmişdir. Lakin, bu kitablar 30-35 il əvvəl nəşr edildiyindən nadir nüsxələrə çevrilmiş və əldə onların elektron variantları da yoxdur. Bu ehtiyacı nəzərə alıb biz şair haqqında xatirələri toplayıb, yenidən nəşrə hazırlamışıq.
Xatirələri, əsasən, S.Vurğun haqqındakı “Qalacaqdır dünyada…” (1973) və “Mən ellər oğluyam”(1984) adlı xatirə kitablarından, müxtəlif mətbu orqanlardan və məcmuələrdən, eləcə də şairin ev-muzeyinin arxivindən, o sıradan muzeydə keçirilən tədbirlərin səs yazılarından götürmüşük. Xatirələrin bir neçəsi isə tərtibçinin xahişi ilə məxsusi bu kitab üçün yazılmışdır.
İndiyə qədər çap edilmiş xatirələri, imkanımız daxilində əsilləri ilə müqayisə etmiş və maraqlı faktlarla qarşılaşmışıq: məsələn, M. Rahimin S.Vurğun haqqındakı xatirəsinin çap variantı ilə (“Qalacaqdır dünyada…”, 1973) əslini tutuşdurarkən orijinalda olan bəzi abzasların – xüsusilə, ustad şairin özünə qəsd etmək istəməsi ilə bağlı yerlərin kitabda ixtisar edildiyini gördük. İxtisarın səbəbi məlumdur: sovetlər vaxtında “ağ günlər şairi” kimi təbliğ edilən S.Vurğunun intihar dərəcəsinə çatdırılması, təbii ki, dövrün ideoloji prinsiplərinə zidd idi və bu səbəbdən də həmin parçalar ixtisar edilmişdir.
Yaxud, akademik M.C.Cəfərovun S.Vurğun haqqındakı xatirəsinin çap versiyası ilə(M.C.Cəfərov. Xatirələr, 2010; bu xatirə də ilk dəfə sovet dövründə dərc edilib və kitaba da o mənbə əsasında salınıb) orijinalını – şairin ev-muzeyində keçirilən tədbirdəki çıxışının səs yazısı ilə müqayisə edərkən, yenə də ixtisarlara rast gəldik: buradakı ixtisarlar isə, əsasən, S.Vurğunun “Aygün” poemasına qarşı təşkil edilən haqsız hücumlarla bağlıdır. Belə faktlara bəzi başqa xatirələrdə də rast gəldik və onlar vaxtilə ideoloji təpkilər səbəbindən aparıldığından, təbii ki, bərpa edildi və əslinə uyğunlaşdırıldı.
İki mənbədən istifadə etdiyimiz başqa tip xatirələr də var. Məsələn, Aşıq Şəmşirin və B.Vahabzadənin xatirəsi kimi. Aşıq Şəmşir “Qalacaqdır dünyada…”(1973) kitabına daxil edilən xatirəsini 1957, B.Vahabzadə isə 1956-cı ildə qələmə alıb. Təbii ki, dövrün ideoloji izləri o dövrdə çap edilən bütün materiallarda, o sıradan bu xatirələrdə də görünür. Biz həmin xatirələrin daha geniş variantlarını əldə etdik və onlar əvvəlkilərə əlavə olundu. Bir detalı diqqətə çatdıraq: Aşıq Şəmşirin sonrakı xatirəsində yer alan S.Vurğuna qarşı 1960-cı illərdə də davam edən təxribatlar əvvəlki variantda yer almayıb. Yaxud, B.Vahabzadənin xatirəsi ikicə səhifədir. Ustadı haqqında onun ürək sözlərini axıracan və istədiyi kimi deyə bilmədiyi aşkar görünür. Biz bu tip xatirələrdə də istifadə etdiyimiz mənbələrin hər ikisini göstərmişik.
Kitaba daxil edilən bəzi xatirələrdə ixtisarlara da yol verilmişdir. Onlar bu kitabın həcm imkanları ilə bağlı aparılmışdır. Xatırladaq ki, S.Vurğun haqqında xatirələr həm sayca çoxdur, həm də həcmləri böyükdür. Onları bir kitaba yerləşdirmək heç cür mümkün deyil.
Zaman bəzi hadisələrin, tarixlərin izini yaddaşlardan itirə – unutdura, yaxud dəyişə bilir. Belə hallara kitabdakı xatirələrdə də təsadüf edilə bilər və onları bizlərə bildirəcək oxuculara əvvəlcədən minnətdarlığımızı bildiririk.
Kitabın ərsəyə gəlməsində bizə yardımçı olmuş S.Vurğun ev-muzeyinin baş mühafizi Xanım Şadlinskayaya, Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşları Xatirə Mahmudova və Rəna Əhmədova, eləcə də Vüsal Salmanlıya dərin təşəkkürümü bildirirəm.
Aslan Salmansoy,
filologiya üzrə fəlsəfə doktoru
Heydər Əliyev
“Onun o çıxışı qulağımda bugünkü kimi səslənir”…
… Biz gənclər vaxtilə Səməd Vurğunu sadəcə olaraq görməkdən özümüzü xoşbəxt hesab edirdik. Biz özümüzü xoşbəxt hesab edirdik ki, Səməd Vurğunu haradasa gördük, dinlədik, eşitdik. Biz o illərdə bax, belə yaşamışdıq…
Xatirimdədir, 1952-ci ildə Opera və Balet Teatrının binasında Azərbaycan ziyalılarının iclası keçirilirdi. Azərbaycanın o vaxtkı rəhbəri də ziyalılara çox təzyiq edirdi. Səməd Vurğuna söz verildi. Onun o çıxışı qulağımda bugünkü kimi səslənir. Səməd Vurğuna söz veriləndə salona toplaşanlar onu çox böyük hərarətlə qarşıladılar. Səməd Vurğun çox dərin məzmunlu və həyəcanlı bir nitq söylədi. Həmin nitq yəqin, haradasa dərc olunub və onu oxuyanlar bunları bilirlər. Onun o nitqi də məhz Azərbaycanın ədəbiyyatına, mədəniyyətinə, ziyalılarına aid qayğılarla dolu idi. O vaxt ona iki-üç dəfə replika verdilər, amma Səməd Vurğun heç bir dəfə də əyilmədi, sınmadı, iradəsini itirmədi, öz nitqini mərdi-mərdanə, böyük iftixar hissi ilə başa çatdırdı.
Səməd Vurğun o vaxt bizim hamımız üçün nümunə – xalqına, millətinə, ölkəsinə, vətəninə sədaqətlikdə nümunə idi. Səməd Vurğun Azərbaycanı, öz xalqını, öz dilini nə qədər sevirdi! Bunları hər dəfə yada saldıqca insan coşur, həyəcanlanır. Səməd Vurğun əgər bu günləri – Azərbaycanın müstəqilliyini, azadlığını görmədisə də, onun ruhu bu gün bizimlədir. Mən hesab edirəm, onun ruhu bu gün həddindən artıq şaddır ki, Azərbaycan xalqı azaddır, sərbəstdir və Azərbaycan Respublikası müstəqildir.
Xalq şairi Səməd Vurğunun 90 illik yubileyinə həsr edilmiş gecədəki (7 mart 1997 – ci il )nitqindən götürülüb. H.Əliyev. Nitqləri, çıxışları, məruzələri, müsahibələri, bəyanatları. Elektron sənədlər toplusu, s.140.
Mir Cəfər Bağırov
“O, qatı millətçi kimi necə vardısa, görünür, elə də qalıb”…
1935-1939-cu illərdə xalq düşmənlərinin kütləvi ifşa edilməsi dövründə Səməd Vurğunun əleyhinə çoxlu ifadələr var idi. Əsərlərində böyük səhvlərin və nöqsanların olmasına baxmayaraq, istedadlı şair olduğuna görə yoldaş Stalinin sanksiyası onu cəza orqanlarının həbsindən xilas etdi. Bundan sonra bir neçə il keçdi və Səməd Vurğun belə bir xahişlə müraciət etdi: Hüseyn Cavid və Abbas Mirzə Şərifzadənin həbsdən azad olub geri dönmələrinin bir yolunu tapmaq olmazmı? Ondan ötəri ki, sonuncu, onun pyesində Xosrov rolunu oynayırdı. Yeri gəlmişkən Hüseyn Cavid və Abbas Mirzə Şərifzadə Müsavat partiyasının liderlərindən idilər. Bununla bağlı biz onu möhkəm tənqid etdik və xəbərdarlıq etdik ki, əgər biz onu keçmiş müəllimindən ayırmışıqsa, bu o demək deyil ki, o, bundan sui-istifadə etməlidir…
Millətçilik ruhu qoxuyan şeirlərindəki ciddi səhvlərə və yanlışlıqlara görə mən şəxsən onu tez-tez tənqid etmişəm… O, qatı millətçi kimi necə vardısa, görünür elə də qalıb və hər an keçmişə görə intiqam almağa hazırdır. Onun qatı müsavatçılar olan Hüseyn Cavid və Abbas Mirzə Şərifzadə kimi müəllimləri vardı…
M.C.Bağırovun Sov.İKP-nin Nəzarət Komitəsinə 1954-cü ildə yazdığı izahatdan götürülüb. “Azadlıq” q., 12 iyun 2014.
Mehdixan Vəkilov
“Məndən ötrü ən müqəddəs torpaq Azərbaycandır”…
(ixtisarla)
… Yeni açılan məktəbə axın başlamışdı, necə deyərlər, atını minən çapırdı… Mən ilk yoxlamadan sonra qəbul olundum… Səmədin balaca boyunu, zəif və cılız bədənini görən Firidunbəy onu imtahana buraxmaq istəmirdi. O, nənəmiz Ayişə xanıma (atamız təvazökarlıq edərək bir tərəfdə dayanmışdı) müraciət edərək, “Arvad! Bu uşağı lət basıb öldürür, belə cırtdan boyda uşaqdan müəllim çıxmaz, o, oxuya bilməz, həm də iki qardaşı birdən qəbul etmək düz çıxmaz”, – deyə rədd edirdi. Yazıq nənəmiz isə: “Firidunbəy! Üzüm ayaqlarının altına, mənə yazığın gəlsin, o, mənim nəvəmdir, anadan yetim qaldığına görə, bir də kasıblıqdan bu günə düşüb, Badsəba xanım bu yetimlərin vəziyyətini yaxşı bilir”, – deyə yalvarırdı. Firidunbəy heç bir güzəştə getmək istəmirdi. Birdən, “Eh! Firidunbəy, hardan biləsən ki, bu ürəkdə nə var?!” – deyən bir uşaq səsi eşidildi. Firidunbəy cəld döndü, nənəsinin ətəyindən tutub dayanan “xəstə uşaq” onun üzünə, gözlərinin içinə baxırdı. Bu səs Səmədin səsi idi.
Firidunbəy fikrə getdi, ətrafı tam sükut bürümüşdü. O, birdən İbrahim Əfəndi Qayıbzadəyə “bir yoxla görək”, – dedi.
O zamanlar bir ənənə olaraq əvvəlcə Qurandan bir surə oxudurdular.
İbrahim Əfəndi “Əmma” surəsini açdı və Səmədə dedi ki, oxu. Səməd o surəni oxumadı. Quranın ortasından haranı isə açdı və bir-iki sətir oxuduqdan sonra kitabı örtüb, gözünü yumdu, qalan ayənin dalısını gözəl səslə əzbərdən oxumağa başladı. Hamı heyrət içində dərin sükuta dalıb, onu uzun müddət dinləməyə başladı. Sükutu Firidunbəy pozdu. O, Səmədə yaxınlaşaraq, əlini onun çiyninə qoydu və dedi: “Bu ki, od parçasıymış!”.
Səməd, demək olar ki, Quranı əzbər bilirdi. O, kənddə molla yanında da oxumuşdu. Səmədin cürəti və heyrətamiz hafizəsi Firidunbəyi “məğlub” etdi. Səməd sonrakı imtahanları da müvəffəqiyyətlə verib, seminariyaya qəbul edildi…
Səməd seminariyada oxuduğu zaman türk şair və ədiblərindən Tofiq Fikrəti, Məhməd Əmini, Yurdaqulu, Rza Tofiqi, Əbdülhəq Hamidi və başqalarını həvəslə oxuyur, onların yaradıcılıqlarındakı demokratik və humanist fikirlərə maraq göstərirdi. Müəllim Yusif Qasımov bu yazıçıların, məhz, demokratik və humanist meyillərilə şagirdləri tanış edirdi. O zamankı proqramda türk ədəbiyyatına daha çox yer verilirdi. Səməd Tofiq Fikrətin əsərlərini sevə-sevə oxuyurdu:
Torpaq – vətənim, növi-bəşər millətim – insan,
Dünya dönəcək cənnətə insanla, inandım, –
kimi misralarını daima təkrar edərdi. Sonralar Səməd “Fikrətin qarşısında” şeirini yazmağa başladı, lakin kiçicik bir hissə yaza bildi:
Bu, bizim sənət aşiqi, o, canlı sənətdir,
Xəyalı, duyğusu, zövqü – “böyük həqiqətdir”,
Bütün bədaiyə malik bir səhni-xilqətdir,
Bu, bizim sənət aşiqi dühayi-Fikrətdir.
Səməd Vurğun, türk inqilabçı-demokratı Namiq Kamalın vətənpərvərliyinin və imperializmə qarşı üsyan səsinin ifadəsi olan iki parçasını da həmişə təkrar edərdi:
“Ölərsəm, görmədən millətdə ümid etdiyim feyzi,
Yazılsın səngi-qəbrimdə Vətən məhzun, mən məhzun!”.
Yaxud: “Külabi-zülmə qaldı gəzdiyin nazəndə səhralar,
Oyan, ey şiri-jəyan, oyan, bu xabi-qəflətdən!”.
Əbdülhəq Hamidin “Məqbər” əsərini də sevə-sevə oxuyardı. Səməd Vurğun Vaqifi, Vidadini və Sabiri daha dərin məhəbbətlə sevər və onların əsərlərini əzbərlərdi. Təsadüfi deyil ki, Səməd Vurğunun sonrakı yaradıcılığı Vaqif şeirindən qida almışdır…
1924-cü il iyun ayının 1-də Qazax Müəllimlər seminariyasını bitirdik…
Səməd 1924-1925-ci tədris ilində Şıxlı məktəbində çalışmışdır. O, müəllim Şərif Cavadzadə (Şikəstə) ilə dostlaşmışdı və onun evində qalırdı…1925-ci ilin sentyabr ayında Səməd Köçəsgər kənd məktəbinə müdir təyin edildi…
Səməd Vurğun Köçəsgər kəndində 1926-cı ilin yanvarına kimi işləyə bildi. Müəllimlərin qış konfransında Səməd Vurğun tənqidi çıxış edərək – süpürgə almağa pul yoxdur, – dedikdə, Qazax Qəza İcraiyyə komitəsinin sədri Abdal Usubov onu susdurmaq üçün – pul yoxdur, papağınla süpür! – deyə qabarmışdı. Buna cavab olaraq Səməd Vurğun əsəbi və acı şəkildə – əgər, papaqla məktəb süpürmək yaxşıdırsa, onda, gəl sən özün qiymətli papağınla süpür, – demişdi. Bu hadisədən sonra onu təqib etməyə başladılar. Vəziyyətin ciddiləşdiyini görən Səməd qaçıb Bakıya gəldi və mənə məktub yazdı ki, Qubernat bağında (Filarmoniya yerləşdiyi bağ) skamyalarda yatıram. Təcili surətdə Qubadan (orada Qəza Maarif şöbəsi müdiri vəzifəsində işləyirdim) Bakıya gəldim və onu qohumumuz Mədinə xanım Qiyasbəylinin (Vəkilovanın) evində tapdım. Səmədin xarici görünüşü çox pərişandı. Məcnunanə bir görkəmi vardı.
O zaman Xalq Maarif Komissarı olan Mustafa Quliyevdən və Baş İctimai Tərbiyə İdarəsi rəisi Əli Hüseynovdan (Mehdi Hüseynin atası) icazə alaraq Səmədi Qubaya öz yanıma apardım. Bundan sonra Səməd Vurğunun həyatının Quba dövrü başlandı… Səməd Vurğun Qubada 1927-ci ilin sentyabrına kimi müəllimlik etdi. Sonra Gəncəyə dəyişdirildi…
1926-cı ilin yayında mən Şuşa Müəllimlər kursunun müdiri olan zaman Səməd Vurğun yanıma gəldi. O, Şuşanın xəyal uçuran xarabalıqlarına, gözəl mənzərələrə, Cıdır düzünə, qaya başına, meşələrə, İsa bulağına baxa-baxa xəyala dalardı. Səməd Vurğun Cıdır düzündə Vaqifin qəbrini taparaq, saatlarla onun ətrafında gəzişər və nə isə düşünərdi. O,Vaqifə həsr etdiyi ilk şeirini Şuşada yazdı, həmin şeiri o günlərdə Şuşada olan Bülbül bir müsamirədə oxudu, dinləyicilər alqışladılar, şeirin müəllifini ondan soruşdular. Bülbül isə “müəllifin adını deməyəcəyəm, maraqlanan tapar” dedi. Onsuz da bilənlər çoxdu. Səməd Vurğun məclisdə idi, onu səhnəyə çıxardılar və bu balaca, kasıb geyimli oğlanı gurultulu surətdə alqışladılar.
Təəssüf ki, həmin şeirin əsli məndə yoxdur. Bəlkə, Bülbülün arxivində tapıla. O şeirdən mənim hafizəmdə qalan yalnız aşağıdakı misralardır:
Olma, şairciyim, olma pərişan,
Pozulsa məzarın mazidən nişan,
Zəhmətkeş əlilə gələr bir zaman,
Pəmbə güllər açar məzarın sənin.
Bu dağlardan əsən sərin küləklər,
Yanıq məzarına lalələr səpər…
O günlərdə indiki Xalq yazıçısı Əli Qara oğlu Vəliyev də həmin kursda oxuyurdu. Səməd Vurğun “Şuşa” və “Zeynal” şeirlərini də orada yazdı…
1926-cı ildə Səməd Vurğunun Qubada yazdıqlarından ancaq “Göy göl” şeiri “Gənc işçi” qəzetində dərc edildi. Bu şeiri o zaman qəzetin redaktoru olan, proletar şeirinin pioneri Süleyman Rüstəmə redaksiyada (Kommunist küçəsindəki 7 mərtəbəli binada yerləşirdi) mən verdim. Şeir Əhməd Cavadın “Göy göl”ünə cavab olaraq yazılmışdı.
Müasirləri yaxşı xatırlayırlar ki, Səməd Vurğun son dərəcədə səmimi adamdı. Bir dəfə şöhrətli şair olduğu vaxt, söhbət zamanı mənə dedi: “A Qara! O vaxtlar mən Əhməd Cavada cavab olaraq komsomolçuluğa salıb, sənin təhrikinlə “Göygöl”ü yazdım. “Qanlı Göygöl yaratdın füqərayə” misrasını da sən oraya yamadın. Amma, öz aramızdır ha, Əhməd Cavadın “Göy göl”ü mənimkindən çox-çox üstün əsərdir; o, əsil poeziyadır. Bir fikir ver:
Yorğanı buluddan, yastığı yosun,
Kəsin eyşi-nuşu, gələnlər, susun,
Bir yorğun pəri var, qoyun uyusun,
Uyusun dağların maralı Göygöl…
Səməd Vurğun 1929-cu ilin iyun ayına qədər Gəncədə “Şah Abbas” məscidi yanındakı məktəbdə və partiya məktəbində müəllimlik etdi…O, şeirlərini “Qızıl Gəncə” jurnalında çap etdirməyə və Mir Cəlal, Əhməd Cəmil, Həmid Araslı, Cahanbaxş kimi gənc yazıçılarla birlikdə, yeni ədəbi mühitdə, Proletar Yazıçıları Cəmiyyətinin Gəncə şöbəsində yüksəlməyə başladı…
Səməd Vurğun Gəncədə çalışdığı illərdə də özünəməxsus qəribəliklərdən uzaqlaşa bilmirdi. 1928-ci ilin yayında mən Bakıdan Hacıkəndə tələbə hərbi düşərgəsinə gedəndə Səməd Vurğuna 148 manata şabalıdı rəngdə bir kostyum alıb aparmışdım. Kostyumu ona geyindirib (çünki, xarici görünüşü çox pəjmürdə və səliqəsiz idi), Hacıkəndə getdim. İki həftədən sonra, cümə günü mən evə (Xanqızı Vəkilovanın evinə) gələrkən kostyumu Səmədin əynində görmədim. Mən sualedici nəzərlərlə mat-mat baxırdım. Bu vaxt bacım – bilirsən, qardaşın bizim başımıza nə gətirdi? Çörək pulu tapmırıq, amma, o, pencəyi çıxarıb “Avara bağı”nda bir dilənçiyə geydirib, qonum-qonşu bizə gülür.
Mən heç bir söz demədim. Nə deyəydim ki?! Səməd bir iş gördüsə, demək qurtardı, hər şey bitdi, ona toxunmaq və ya danlamaq əbəs idi, üsyan qaldırardı. Özü də Səməd belə hərəkətlərindən mənəvi zövq alırdı…
Yeni döyüş meydanı axtaran Səməd Vurğunu Moskva özünə çəkirdi. O, 1929-cu ilin iyununda Bakıya gəldi. O zaman biz, Proletar küçəsində 80 nömrəli binada (indiki Vidadi 84) balaca gün düşməyən bir otaqda yaşayırdıq. Mən tələbə olduğuma görə, ayda 25 manat təqaüd alırdım. Bundan başqa Balaxanıdakı (“Yunıy Qornyak” – “Gənc mədənçi”) fabrik-zavod şagirdliyi (FZU) məktəbində də müəllimlik edir, bir qədər də oradan alırdım. Bir təhər dolanırdıq…
Səməd Vurğun yenə də, adəti üzrə, pulsuz gəlmişdi. Üstəlik Osman Sarıvəlli də gəldi çıxdı. O da pulsuz.
Hər iki dost, təxminən ay yarım mənim yanımda qaldı. Səməd Vurğun o zamanın görkəmli ədəbiyyatçısı və sənətşünası, marksist estetikanın atəşin müdafiəçisi Mustafa Quliyevlə tanış oldu və ondan bir sıra məsləhətlər aldı.
1929-cu ilin iyul ayının ortalarında Səməd üçün bir qədər yol xərci düzəldə bildim. Osmanın qardaşı çoban Qurban da qoyun-quzusunu satıb pul göndərmişdi. Bütün çətinliklərə baxmayaraq, onlar yay paltarında Moskvaya yola düşdülər. Sonralar danışırdılar ki, “qənaətçilik” edərək, biletsiz-filansız vaqonların üstündəcə Moskvaya getmişdilər.
Səməd Vurğun Osman Sarıvəlli ilə birlikdə imtahan verərək, II Moskva Universitetinin ədəbiyyat fakültəsinə qəbul edildi…