Kitobni o'qish: «Molla Nəsrəddin lətifələri»
Yaxın Şərqdə, eləcə də Azərbaycanda iki şəxsiyyətin adı ilə bağlı lətifələr çox məşhurdur. Onlardan biri ərəb xəlifəsi Harun ər-Rəşidin qardaşı kimi qələmə verilən Bəhlul Danəndə, digəri isə Azərbaycanda molla, bir çox başqa ölkələrdə isə xacə və ya xoca titulu daşıyan Nəsrəddindir.
Molla Nəsrəddinlə bağlı lətifələr nəinki Şərqdə, hətta Rusiyada və Avropada geniş yayılmış, bu lətifələrin külliyyatları dəfələrlə nəşr olunmuşdur.
Çox güman ki, tarixdə Nəsrəddin adlı ağıllı, hazırcavab, dərin yumoru ilə seçilən bir şəxs olmuşdur və bu lətifələrdən bir çoxunu ilk dəfə o söyləmiş və ya bu məzəli əhvalatların qəhrəmanı olmuşdur. Lakin bu şəxsin harada, nə vaxt yaşaması barədə dəqiq bir məlumat yoxdur. Bir sıra folklorşünaslar Molla Nəsrəddinin prototipinin XIII əsrdə yaşayıb- yaratmış böyük Azərbaycan alimi Nəsirəddin Tusi olduğunu iddia edirlər. Doğrudan da, Tusi "xacə" və "mövlana" titulları daşımışdır. Bundan başqa, onun məşhur "Əxlaqi-Nasiri" əsərində lətifələr var ki, bu da onun yumora meyil etdiyindən xəbər verir. Nəsirəddin Tusinin hökmdarlarla münasibətləri heç də rəvan olmamışdır. Ən nəhayət, Molla Nəsrəddin lətifələrindən birində onun digər adının Həsən olduğuna işarə var. Məlumdur ki, Nəsirəddin Tusinin əsl adı Məhəmməd ibn Həsən olmuşdur.
Bütün bunlarla yanaşı, qeyd etmək lazımdır ki, Molla Nəsrəddin lətifələrinin bir çoxunda Teymurləng obrazı iştirak edir. Əmir Teymur isə Nəsirəddin Tusidən təxminən yüz il sonra yaşamışdır. Lakin bu lətifələr artıq xalq yaradıcılığının məhsulu da ola bilərdi…
Molla Nəsrəddin lətifələrində hakimlərin ədalətsizliyi, ikiüzlülük, yaltaqlıq, acgözlük, nadanlıq kimi xüsusiyyətlər incə yumorla məsxərəyə qoyulur.
“Altun kitab”
MOLLA NƏSRƏDDİN və TEYMURLƏNG
GÖYƏ NİYƏ DIRMAŞMISAN?
Molla Nəsrəddinin Teymurlənglə ilk görüşünü belə danışırlar.
Teymur Mollanı saraya çağırtdırır. Molla içəri girib görür ki, otaq adamla doludur. Amma hamı dövrə vurub yerdə oturub, təkcə Teymur əyləşib uca bir taxtın üstündə. Tez baş əyib deyir:
– Salaməleyküm, ya Allah!
Teymur deyir:
– Mən Allah deyiləm, ay kişi! Mən…
Molla onun sözünü ağzında qoyub deyir:
– Qurban olum sənə, ya cənab Cəbrayıl!
Teymur deyir:
– A kişi, nə danışırsan? Mən niyə Cəbrayıl oluram?
Molla deyir:
– Başa düşmürəm, indi ki nə Allahsan, nə də mələk, düş, adam kimi otur adamların içində də, daha göyə niyə dırmaşmısan?
GÖR BƏDSUYUM KİMDİR?
Molla Nəsrəddinlə Teymurləngin birinci görüşünü belə də danışırlar.
Molla sir-sifətdən bir az kifir imiş. Günlərin birində səhər tezdən Teymur öz adamları ilə şikara gedirmiş. Yolda Molla Nəsrəddin bunların qabağına çıxır. Teymur onu görən kimi qəzəblənib deyir:
– Bu adamın çox pis bədsuyum sir-sifəti var. Səhər tezdən ki qabağımıza çıxdı, şikarımız yaxşı olmayacaq. Tutun bunu, basın dama!
Yazıq Mollanı o saat tutub göndərirlər zindana. Təsadüfən o gün Teymurun şikarı çox yaxşı keçir. Qayıdanda Mollanı zindandan çıxartdırıb yanına gətirtdirir. Deyir:
– Kişi, mən fikirləşdim ki, bu bədsuyum sir-sifətlə ki sən bizə rast gəldin, şikarımız yaxşı keçməyəcək. Amma əksinə, çox yaxşı keçdi. Odur ki rəhm eləyib səni azad eləyirəm.
Molla deyir:
– Məni heç bir günahım olmadığı halda tutmuşdunuz, indi də azad eləyirsiniz… Sağ olun! Mərhəmətiniz artıq olsun! Ancaq xahiş eləyirəm mənim bircə sualıma cavab verəsiniz.
Teymur deyir:
– Ver sualını!
Molla deyir:
– Siz səhər məni pis adam, bədsuyum adam hesab eləyib zindana saldırdınız. Halbuki elə mənə rast gəldiyinizə görə işiniz də rast gətirdi. Şikarınız həmişəkindən yaxşı keçdi. Mən də səhər tezdən gedirdim ki, bir çörəkpulu qazanam, bu gün külfətimi dolandıram. Sizə rast gəldiyim üçün işim tutmadı. Zindana salındım. Mən orada ac qaldım, külfətim də evdə. İndi özünüz insafla deyin: mən bədsuyum adamam, ya siz?
BİR ARŞIN SAQQAL, BEŞ YÜZ PUD TAXIL
Molla Nəsrəddinin balaca bir əkin yeri var imiş. O hər il bu yerdə buğda əkər, əlli-altmış pud məhsul götürüb külfətini dolandırarmış. Teymurləng hakimiyyət başına keçəndən sonra vergilər birə-beş artır. Kəndxudalar istədiklərini eləyib camaatın başına oyun açırlar. Növbə Mollaya da gəlib çatır, kəndxuda tutur yaxasından ki:
– Sənin bu il beş yüz pud taxılın olub. Gərək o haqq-hesabdan da vergi verəsən.
– Canım, vallah, mənim vur-tut əlli pud taxılım olub…
Kəndxuda dediyindən əl çəkmir. Axırda Molla əlacsız qalıb şəhərə, Teymurun yanına şikayətə gedir.
Teymur Mollanın şikayətinə qulaq asandan sonra qışqırır ki:
– Utanmırsan, bu bir arşın saqqal ilə yalan danışırsan?
Molla heç bir söz deməyib qalxır, qapıya tərəf yönəlir ki, çıxıb getsin, Teymur soruşur:
– Nə oldu? Haraya getdin?
Molla deyir:
– Kəndxudada günah yox imiş, qibleyi-aləm! Padşah mənim bir tutam saqqalımı bir arşın görəndə onun kəndxudası da əlli pud taxılımı beş yüz pud görər də…
QORXULU DİLƏNÇİ
Teymurləng Molla Nəsrəddinə əmr eləyir ki:
– Şəhər dolub dilənçi ilə. Özləri də elə üzlü, elə həyasız olublar ki, tutduqlarını buraxmırlar. Kağız-qələm götürüb o həyasızların siyahısını tutarsan, şəhərdən sürgün eləyəcəyəm.
Molla kağız-qələm götürüb Teymurun öz adını birinci yazır, özünə verir. Teymur kağıza baxan kimi dəli olur. Molla deyir:
– Niyə hirslənirsən, qibleyi-aləm! Özün dedin ki, lap həyasız dilənçilərin adını yazıb sənə verim. Mən də yazdım də…
Teymur deyir:
– A kişi, mən boyda Teymurləng dilənçiyəm? Özü də lap həyasızı?
Molla deyir:
– Niyə hirslənirsən, qibleyi-aləm!? Cidanı çuvalda gizlətmək olmaz. Dilənçisən, özü də lap həyasızından.
Teymur deyir:
– Demək, sənin fikrincə, gərək mən şəhərdən sürgün olunam?
Molla deyir:
– Bəli, qibleyi-aləm! O biri dilənçilər sənin kimi qorxulu deyillər. Onlar camaatdan yalvarıb-yaxarıb alırlar. Amma sən döyüb-söyüb alırsan.
TEYMURLƏNGSƏN Kİ, VARSAN
Günün birində Teymurləng Mollaya deyir:
– Molla, bu gün keyfim çox sazdır. Sənə bir şey bağışlamaq istəyirəm. Amma bilmirəm nə bağışlayım ki, öz ürəyindən olsun.
Molla deyir:
– Qibleyi-aləm sağ olsun, elə sən hər nə bağışlasan, mənim ürəyimdən olar.
Teymur deyir:
– Onda qoy mən bir-bir sayım, sən özün seç! Ya on qızıl, ya bir at, ya bir sürü qoyun, ya da bir bağ. Hansını istəyirsən?
Molla deyir:
– Əgər mənim ürəyimi soruşursansa, mən istəyirəm sən sübut eləyəsən ki, doğrudan da, ədalətli bir şahsan.
Teymur deyir:
– Necə?
Molla deyir:
– Əgər mən on qızılı cibimə qoyub ata minsəm, qoyunları qabağıma salıb bağa getsəm, sən sübut eləmiş olarsan ki, ədalətli şahsan.
Teymur deyir:
– İştahan pis deyil. Əgər heç birisini verməsəm?
Molla deyir:
– Heç bir şey. Sübut eləmiş olarsan ki, elə Teymurləngsən ki, varsan.
TEYMURUN SUALI
Teymurləng bir gün Mollaya deyir:
– Molla, sənə bir hikmətli sual vermək istəyirəm. De görüm, o nədi ki, bu dünyada nə yetişib, nə yetişir, nə də yetişəcək?
Molla deyir:
– Bizi işə götürəndə sənin bizə təyin elədiyin maaş.
SƏNİ POZARAM, ÖZÜMÜ YAZARAM
Yenə də günün birində Teymurləng Mollaya əmr eləyir ki, sarayda olan axmaqların siyahısını tutub ona versin. Molla Teymurun fikrini başa düşür. Bilir ki, o, adları axmaqlar siyahısına düşmüş əyanları ələ salıb oynatmaq, bununla da əylənmək istəyir. Molla bunu da başa düşür ki, sonra bu əyanların hamısı ona düşmən olacaq. Çox fikir-xəyaldan, götür-qoydan sonra böyük bir kağız götürüb başında yazır: "Teymur sarayındakı axmaqlar".
Varağın ortasında da iri xətlə bircə Teymurun öz adını yazıb ona verir.
Teymur axmaqlar siyahısında təkcə öz adını görcək dəli olur. Cin vurur təpəsinə. Soruşur:
– Bu nədir?
Molla deyir:
– Axmaqların siyahısıdır.
Teymur deyir:
– Demək, sənin fikrincə, bu sarayda bircə axmaq var, o da mənəm?
Molla deyir:
– Bəli, qibleyi-aləm! Səndən axmağını tapa bilmədim.
Teymur dəli kimi qışqırıb soruşur:
– Sən nə ilə sübut eləyə bilərsən ki, mən axmağam.
Molla deyir:
– Qibleyi-aləm sağ olsun! Sən özün mənə tapşırdın ki, saraydakı axmaqların siyahısını tutum. Demək, sən özün bilirsən ki, buraya yığılan vəzir-vüzəranın, vəkil-vükəlanın hamısı da olmasa, çoxu axmaqdır. İndi ki sən özün bunların axmaq olduqlarını bilə-bilə bu saraya yığmısan, özlərini də belə hörmət-izzətlə saxlayırsan, demək, ən böyük axmaq elə sən özünsən də…
Teymur baxır ki, Molla yaman yerdən tutub, sözünün qabağında söz deyə bilməyəcək. Bir az fikirləşib deyir:
– Yaxşı, əgər mən sənə sübut eləsəm ki, bunların heç birisi axmaq deyil, hamısı ağıllı adamlardırlar onda necə?
Molla deyir:
– Onda elə yenə də siyahıda bircə sənin adın qalacaq.
Teymur soruşur:
– Niyə?
Molla deyir:
– Ona görə ki, axmaqların siyahısını tutmağı sən mənə əmr eləmisən. Əgər sübut olunsa ki, sarayda axmaq yoxdur, olanların hamısı ağıllıdır, onda, demək, əsl axmaq sənsən ki, ağıllı adamları axmaq hesab eləyirsən.
Teymur görür yenə də tutmadı. Lap dəli olur. Deyir:
– İndi mən sübut edəcəyəm ki, bu sarayda bircə axmaq var, o da sənsən, onda?
Molla deyir:
– Yenə də siyahıda sənin adın qalacaq.
Teymur soruşur:
– O niyə?
Molla deyir:
– Ona görə ki, ağıllı adam axmaqların siyahısını tutmağı axmağa tapşırmaz.
Teymur deyir:
– İndi mən cəlladı çağırıb sənin o dilini dibindən kəsdirsəm necə?
Molla deyir:
– Onda siyahıdan sənin adını pozub öz adımı yazaram ki, bir də heç kəs axmaqlıq eləyib sənə sözün düzünü deməsin.
CÜCƏLƏRİM DANIŞIR
Molla Nəsrəddin şəhərin bütün mollalarını təngə gətirmişdi. Axırda mollalar yığışıb onun əlindən Teymurləngə şikayət edirlər. Molla baxır ki, bu işin axırı yaxşı olmayacaq. Çox götür-qoydan sonra özünü verir vəzirin yanına, yanı cücəli bir toyuq da rüşvət aparır ki, onu Teymurləngin hüzurunda müdafiə eləsin.
Sabahısı gün şikayət edən mollalar və Molla Nəsrəddin Teymurləngin əmri ilə hüzura gəlirlər. Mollalar şikayətlərini eləyirlər, qurtarandan sonra vəzir irəli yeriyib Molla Nəsrəddini Teymura tərifləməyə başlayır. Teymurləng vəzirə də qulaq asandan sonra üzünü Molla Nəsrəddinə tutub deyir:
– Yaxşı, de görüm, sən öz günahsızlığın barədə nə danışacaqsan?
Molla cavab verir:
– Şah sağ olsun! Mənim danışmağıma ehtiyac yoxdur, mənim toyuğum cücələri ilə bərabər lazımi qədər mənim xeyrimə danışdı.
BADIMCAN MƏSƏLƏSİ
Bir gün Molla Teymurlənglə bir süfrədə əyləşib xörək yeyirmiş. Ortalığa badımcan boranısı gətirirlər. Teymur Mollanı sınamaq məqsədi ilə deyir:
– Dünyada mənim ən çox sevdiyim şey badımcandır.
Molla Nəsrəddin deyir:
– Mənim də, qibleyi-aləm!
Bir az keçəndən sonra Teymur deyir:
– Amma xörəyi o qədər də yeməli olmur. İllərlə badımcan xörəyi yeməsəm, heç yadıma düşməz.
Molla Nəsrəddin deyir:
– Mənim də, qibleyi-aləm!
Bir azdan Teymur deyir:
– Bu badımcanı yeyəndən sonra həmişə mənim ürəyim döyünür, başım ağrıyır.
Molla Nəsrəddin deyir:
– Mənim də, qibleyi-aləm!
Teymur deyir:
– Amma burası var ki, zəhrimar çox qüvvətli, çox da mənfəətli şeydir. Yeyən kimi elə bil ki, gözlərimin işığı artır.
Molla deyir:
– Mənim də, qibleyi-aləm!
Naharın sonunda Teymur aşpazı çağırıb deyir:
– Bir də süfrəyə badımcan qoysanız, dərinizi badımcan kimi soyduracağam. Bir dəfə bilin ki, mənim badımcandan zəhləm gedir.
Molla tez yediyi badımcan boranısını itələyib deyir:
– Mənim də, qibleyi-aləm, görməyə gözüm yoxdur.
Teymur deyir:
– Ay Molla, sən nə qəribə adamsan?! Mən bu yazıq badımcan haqqında bu gün nə dedimsə, sən təsdiq elədin. Dedim xoşuma gəlir, dedin mənim də. Dedim xoşuma gəlmir, dedin mənim də. Bu necə olan şeydi?
Molla deyir:
– Bu çox aydın məsələdi, qibleyi-aləm. Gərək elə belə də ola. Çünki mən səndən donluq alıb sənə qulluq eləyirəm, badımcana qulluq eləmirəm ki…
ÜZR BƏDTƏR ƏZ GÜNAH
Bir gün Teymurləng Molladan soruşur ki:
– Molla, üzr bədtər əz günah nə deməkdi?
Molla deyir:
– Qibleyi-aləm sağ olsun! Bu, fars sözüdü. Mənası budur ki, üzrü günahından pis.
Teymur deyir:
– Başa düşmürəm, necə yəni üzrü günahından pis?
Molla deyir:
– Yəni adam bir pis iş görür, sonra üzr istəyir. Ancaq elə üzr istəyir ki, görmüş olduğu işdən də pis olur.
Teymur yenə də başa düşmür. Molla nə qədər əlləşirsə, Teymuru başa sala bilmir. Axırda Teymur hirslənib deyir:
– A kişi, sən nə yaman axmaq adam imişsən. Bir söz nədir ki, sən onu mənə başa sala bilmirsən. Bax sənə yüzü sayınca möhlət verirəm. Başa saldın, salmısan, salmadın, boynunu vurduracağam.
Molla heç bir söz deməyib Teymura yaxınlaşır. Onun böyründən möhkəm bir çimdik götürür. Teymurun bağırtısı göyə qalxır. Hirslə dönür ki:
– Dəli olmamısan ki? Nə qayırırsan?
Molla baş əyib deyir:
– Üzr istəyirəm, qibleyi-aləm sağ olsun! Elə bildim ki, evimizdəyəm, sən də bizim arvadsan.
Teymur qışqırır ki:
– Nə danışırsan?
Molla deyir:
– Hirslənmə, qibleyi-aləm! Üzr bədtər əz günah bax budur!
YALAN DEYİBLƏR
Teymurləngə xəbər verirlər ki, Molla Nəsrəddin bir məclisdə onun zülmkarlığından danışırmış. Teymur hirslənib Mollanı hüzuruna çağırır ki:
– Bu nədir? Yoxsa başın bədəninə ağırlıq eləyir? Deyirlər məclislərdə mənim zülmkarlığımdan danışırsan.
Molla deyir:
– Qibleyi-aləm sağ olsun! Sən özün bilirsən ki, mən həmişə elə söz deyirəm ki, qəribə olsun, təzə olsun, heç kəsin eşitmədiyi, bilmədiyi, danışmadığı olsun. Xoruz səsi eşitməmiş söz olsun. Sənin zülmkarlığın, hamının bildiyi, danışdığı köhnə şeydir. Burada nə qəribəlik var ki, mən də danışam? Sənə yalan deyiblər.
BELİMƏ BAĞLASINLAR
Deyirlər ki, Teymurləng Mollanın nə dərəcədə cəsarətli olduğunu yoxlamaq üçün cəlladlara əmr edir:
– Bu saat bunu boğazından asarsınız!
Cəlladlar Mollanı qarmalayıb götürürlər. Molla heç bir söz demir. Qapıdan çıxdıqları vaxt Teymur soruşur:
– Axır dəqiqələrindir, Molla. Vəsiyyətin varsa, elə!
Molla deyir:
– Vəsiyyətim yoxdur. Ancaq balaca bir xahişim var.
Teymur deyir:
– De!
Molla deyir:
– Mənim boğazımdan yaman qıdığım tutur. Xahiş eləyirəm, əmr eləyəsiniz kəndiri boğazıma yox, belimə bağlasınlar.
SONRA GÖZÜM ÜSTƏ
Bir gün Teymurləng Molladan soruşur:
– De görüm, məni nə qədər istəyirsən?
Molla deyir:
– Mən Molla Nəsrəddinəm, sən də qibleyi-aləm Teymur. Demək ki, mən səni o qədər istəyirəm, nə qədər ki Molla Nəsrəddin Teymuru istəyə bilər.
Teymur deyir:
– Yaxşı, mənim xatirim üçün ölümə gedərsənmi? Molla:
– Özüm gedə bilməsəm də, cəlladlar kömək eləyərlər.
Teymur:
– Məsələn, əgər mən əmr eləsəm, bu saat özünü dənizə atarsanmı?
Molla bu sözü eşitcək durur ayağa. Teymur soruşur:
– Haraya?
Molla cavab verir:
– Qibleyi-aləm sağ olsun! Sənin yolunda dənizə atılıb boğulmaq mənim üçün şərəfdir. Ancaq icazə ver, qabaqca gedib üzməyi öyrənim, sonra gözüm üstə!