Faqat Litresda o'qing

Kitobni fayl sifatida yuklab bo'lmaydi, lekin bizning ilovamizda yoki veb-saytda onlayn o'qilishi mumkin.

Kitobni o'qish: «Hekayələr»

Shrift:

XOŞBƏXT ŞAHZADƏ

Şəhərdən xeyli yüksəkdə, hündür sütun üzərində Xoşbəxt Şahzadənin heykəli dayanmışdı. Onun üstü başdan-başa xalis qızıldan düzəldilmiş zərif yarpaqlarla örtülmüşdü. Gözlərinin yerində iki parlaq sapfir vardı. Qılıncının dəstəyində isə iri qırmızı yaqut parlayırdı.

O, doğrudan da, çox gözəl idi. Kim baxırdısa, heyran qalırdı. Şəhər müşavirlərindən biri heykələ tamaşa etdikdən sonra incə zövqə malik olduğunu bildirmək istədi:

– Lap flüger kimi gözəldir, – dedi. Ancaq camaatın istehza edəcəyindən çəkinərək tez də sözünü dəyişdi: – Amma heyif, gözəl olsa da, xeyirsiz şeydir.

Balaca bir oğlan ağlayırdı. Anası ona acıqlandı və heykəli göstərdi:

– Sən niyə Xoşbəxt Şahzadəyə oxşamırsan? O, boş şey üçün ağlamır. Heç ağlamaq fikrinə də düşmür, amma sən boş-boşuna hey ağlayırsan.

Dünyadan bezib məyuslaşmış bir qoca kişi heykələ baxaraq köks ötürdü:

– Mən şadam ki, heç olmasa, yer üzündə tamamilə xoşbəxt olan belə bir heykəlsə var…

Xeyriyyə cəmiyyətinin yoxsullar üçün açdığı məktəbdə oxuyan al-qırmızı plaşlı və təmiz ağ önlüklü uşaqlar kilsədən çıxanda heykəli göstərdilər:

– O lap mələyə oxşayır.

Riyaziyyat müəllimi hirsləndi:

– Bunu nədən bilirsiniz? Axı siz heç vaxt mələk görməmisiniz.

Uşaqlar cavab verdilər:

– Biz onu yuxuda görürük.

Uşaqların bu cavabından xoşlanmayan riyaziyyat müəllimi qaşqabağını salladı və zəhmli görkəm aldı.

Bir gecə kiçik bir qaranquş şəhərin üstündən uçub keçirdi. Onun yoldaşları altı həftə əvvəl Misirə yola düşmüşdülər. O isə gözəl bir qamışa vurulduğundan ləngimişdi. Qaranquş ona baharın əvvəlində iri, sarı kəpənəyin arxasınca çayaşağı uçanda rast gəlmişdi. Qamışın incə beli onu elə cəlb etmişdi ki, onunla söhbət üçün dayanmışdı. Uzunçuluqdan xoşu gəlməyən Qaranquş elə o dəqiqə soruşmuşdu:

– Mən səni sevə bilərəmmi?

Qamış isə razılıq əlaməti olaraq başını azca aşağı əymişdi. Bundan sonra Qaranquş qamışın başına dolanmış, qanadlarını suya toxunduraraq xəfif ləpələr yaratmışdı. Qaranquş bununla öz məhəbbətini bildirirmiş. Bütün yayı beləcə davam etmişdi.

– Bu, çox gülməli məhəbbətdir, qamışın heç nəyi yoxdur, amma bolluca qohumları var, – deyə başqa qaranquşlar istehza ilə civildəşirdilər. Doğrudan da, çay başdan-başa qamışla dolu idi.

Yay keçdi, payız gəldi, qaranquşların hamısı uçub getdi. Yoldaşları uçub gedəndən sonra Qaranquş özünü tənha hiss elədi, saatlarla başına fırlansa da, sevgilisindən nəvaziş görmədi. Bu hal onu qorxuya saldı. Öz-özünə söyləndi:

– O mənimlə heç danışmaq da istəmir. Görürəm, həmişə küləklə eşqbazlıq edir.

Əlbəttə, külək əsəndə qamış xışıldayıb incə-incə rəqs edirdi. Qaranquş sözünə davam etdi:

– Deyəsən, bizimki tutmayacaq. O, xanənişindir, lakin mən səyahəti sevirəm, mənim həyat yoldaşım da özüm kimi səyahəti sevməlidir.

Nəhayət, Qaranquş ondan soruşdu:

– Sən mənimlə gedərsənmi?

Lakin qamış öz evinə çox bağlı olduğundan başını yelləyərək rədd cavabı verdi. Qaranquş hirsləndi:

– Sən məni ələ salırsan! Daha dözə bilmirəm. Mən ehramlar diyarına uçuram. Sağ ol! – dedi və uçub getdi.

Qaranquş bütün günü uçdu və şər qarışanda bir şəhərə çatdı.

– Mən harda daldalanacağam? – deyə özündən soruşdu və birdən hündür sütun üzərindəki heykəli gördü, sevincindən qışqırdı: – Mən orada daldalanaram. Ora gözəl yerdir, havası tərtəmizdir.

Beləliklə, Qaranquş Xoşbəxt Şahzadənin ayaqları arasına qondu. Ətrafına göz gəzdirib yavaşca dedi:

– Mənim yatağım qızıldandır.

Qaranquş yatmağa hazırlaşdı. Başını yenicə qanadının altına qoymuşdu ki, iri bir su damlası onun üstünə düşdü. Qaranquş diksindi:

– Bu nə qəribə şeydir. Göyün üzündə bir parça bulud yoxdur, ulduzlar sayrışır, amma yağış yağır. Şimali Avropanın iqlimi, doğrudan da, dəhşətlidir.

Sonra bir damla da düşdü. Qaranquş:

– Əgər bu boyda heykəl adamı yağışdan qorumursa, onun xeyri nədir? Yaxşısı budur, özümə başqa daldalanacaq tapım, – dedi və uçub getməyi qərara aldı. Lakin qanadlarını açmamış üçüncü damla düşdü. Qaranquş yuxarı baxdı. Siz bilən, o nə gördü?

Xoşbəxt Şahzadənin gözləri yaşla dolmuşdu və göz yaşları onun qızıl yanaqlarından axırdı. Ay işığında onun gözəl üzü o qədər məhzun görünürdü ki, Qaranquş kövrəldi:

– Sən kimsən?

– Mən Xoşbəxt Şahzadəyəm.

– Sən nə üçün ağlayırsan? Məni tamam islatmısan.

Heykəl cavab verdi:

– Mən sağlığımda, canlı ürəyim olanda göz yaşının nə olduğunu bilməmişəm, çünki mən qəm-qüssənin yaxın düşə bilmədiyi San-Susi sarayında yaşamışam. Gündüzlər yoldaşlarımla bağda oynamışam, axşamlarsa Böyük Zalda rəqs etmişəm. Bağın ətrafı boyunca hündür hasar uzanırdı. Mənim üçün hər şey gözəl olduğundan hasarın o tayında nələr baş verdiyi məni narahat etməmişdi. Saray adamları mənə Xoşbəxt Şahzadə deyirdilər. Əgər kefi xoşbəxtlik adlandırmaq olarsa, demək, mən o zaman, doğrudan da, xoşbəxt imişəm. Mən eləcə yaşayıb, eləcə də öldüm. Öləndən sonra onlar məni bax bura, elə hündür yerə qoyublar ki, buradan şəhərimin bütün eybəcərliyini, çirkinliyini indi aydın görürəm. Bu səbəbdən, ürəyim qurğuşundan olsa da, ağlamaya bilmirəm.

Qaranquş öz-özünə pıçıldadı:

– Nə? Demək, o, tamam qızıldan deyil?

Ancaq nəzakətli olduğundan bunu üzə vurmadı.

Heykəl asta, məlahətli səslə sözünə davam etdi:

– Uzaqda, lap uzaqda, kiçik bir küçədə yoxsul bir ev var. Pəncərələrdən biri açıqdır və mən stol arxasında oturmuş bir qadın görürəm. Dərzidir. Onun arıq üzü, paltar tikməkdən kobudlaşmış, iynədən deşilmiş qırmızı əlləri var. O, kraliçanın ən sevimli saray xanımlarının atlaz paltarlarına növbəti saray rəqs axşamı üçün naxışlı çiçək tikir! Otağın küncündəki çarpayıda qadının xəstələnmiş kiçik oğlu uzanıb. Uşağın qızdırması var və o, portağal istəyir. Anasınınsa uşağa qaynanmış sudan başqa verməyə heç nəyi yoxdur. Buna görə də uşaq ağlayır. Balaca Qaranquş, sən mənim qılıncımın dəstəyindəki yaqutu onlara verə bilərsənmi? Mənim ayaqlarım kürsiyyəyə bərkidildiyindən yerimdən tərpənə bilmirəm.

Qaranquş:

– Məni Misirdə gözləyirlər, – dedi. – Yoldaşlarım Nil boyunca aşağı-yuxarı uçur və şanagüllələrlə söhbət edirlər. Tezliklə onlar böyük şahın sərdabəsinə yatmağa gedəcəklər. Şahın özü orada rənglənmiş tabutundadır. O, sarı kətana bükülmüş və ədviyyatla mumiyalanmışdır. Boynunda solğun-yaşıl nefrit zəncir var, əlləri isə solmuş yarpaqlara bənzəyir.

Şahzadə xahişini təkrar elədi:

– Qaranquş, balaca Qaranquş, mənimlə bir gecə qalıb mənim müjdəçim ol, sözümü yerə salma. Oğlan susayıb, anası da çox qəmgindir.

Qaranquş cavab verdi:

– Mənim oğlanlardan o qədər də xoşum gəlmir. Keçən yay, çay sahilində olanda, orada dəyirmançının iki dəcəl oğlu həmişə mənə daş atırdı. Əlbəttə, onlar heç vaxt məni vura bilmirdilər, biz qaranquşlar çox yaxşı uçuruq, bundan başqa, mən öz çevikliyi ilə məşhur olan bir ailədənəm, lakin onların bu hərəkəti mənə qarşı hörmətsizlik idi.

Xoşbəxt Şahzadə kədərləndi. O qədər qəmgin göründü ki, Qaranquş məyus oldu.

– Bura çox soyuqdur, lakin mən səninlə bir gecə qalıb müjdəçin olaram.

Şahzadə sevindi:

– Çox sağ ol, balaca Qaranquş!

Qaranquş iri yaqutu Şahzadənin qılıncından çıxarıb dimdiyinə aldı və şəhərin damları üstündən uçdu.

O, ağ mərmər mələk heykəlləri qoyulmuş kilsə qülləsinin yanından ötüb-keçdi. Sarayın yanından uçanda rəqs musiqisi eşitdi. Gözəl bir qız öz sevgilisi ilə eyvana çıxdı. Oğlan qıza dedi:

– Bax gör ulduzlar necə də sayrışır? Məhəbbət gözəl şeydir, əzizim.

Qız cavab verdi:

– Mən ümidvaram ki, paltarım vaxtında, rəqs gecəsi üçün hazır olacaq. Əmr etmişəm paltarıma naxışlı çiçəklər tiksinlər, lakin dərzilər çox tənbəl olurlar.

Qaranquş çayın üstündən uçub keçəndə gəminin dor ağacından asılmış fənərləri gördü. Cuhud məhəlləsindən ötüb-keçəndə qoca Cuhudu bir başqası ilə alver edən və pulları mis tərəzidə çəkən gördü. Nəhayət, o, yoxsul komaya çatdı və içəri baxdı. Ana yorulduğundan yuxuya getmişdi. Oğlan isə qızdırma içində çarpayıda çırpınırdı. Qaranquş içəri hoppandı, iri yaqutu stolun üstünə, qadının oymağının yanına qoydu. Sonra yavaşca çarpayının ətrafında uçdu və oğlanın alnını qanadları ilə yellədi.

Oğlan:

– Mən sağalacağam, – dedi və yuxuya getdi.

Sonra Qaranquş uçub geri, Xoşbəxt Şahzadənin yanına qayıtdı və əhvalatı ona nəql etdi. Dedi:

– Çox qəribədir, soyuq olsa da, mən üşümürəm.

Şahzadə gülümsündü:

– Bu ona görədir ki, sən xeyirxah iş görmüsən.

Bu sözlər balaca Qaranquşu düşündürdü və o, yuxuya getdi, çünki düşünəndə onu həmişə yuxu aparırdı. Səhər açılanda Qaranquş çaya çimməyə uçdü. Körpüdən keçən ornitologiya professoru quşu görcək təəccübləndi:

– Necə də qeyri-adi haldır! Qış vaxtı qaranquş?

Professor yerli qəzetə bu barədə uzun bir məktub yazdı. Məktub o qədər qəlizdi ki, onu heç kim başa düşmədi.

Qaranquş öz-özünə dedi:

– Bu gün mən Misirə uçuram.

O, çox xoşhal görünürdü. Qaranquş bütün görməli yerləri gəzmiş və kilsənin başındakı uzun milin üstündə bir xeyli oturmuşdu. Hara uçurdusa, sərçələr pıçıldaşır və bir-birinə deyirdilər:

– Bu qərib necə də yaraşıqlıdır!

Bu sözlər Qaranquşun çox xoşuna gəlirdi.

Ay doğanda o, Xoşbəxt Şahzadənin yanına gəldi.

– Mən indicə uçub gedirəm. Misirə bir tapşırığın varmı?

– Qaranquş, balaca Qaranquş, mənimlə bir gecə də qala bilərsənmi?

– Məni Misirdə gözləyirlər. Sabah yoldaşlarım ikinci şəlaləyə uçacaqlar. Hippopotamlar orda qamışların arasında gizlənirlər, böyük qranit taxtda isə Memnon allah oturur. Bütün gecə o, ulduzlara tamaşa edir. Dan ulduzu doğanda isə bircə dəfə sevinclə qışqırır, sonra susur. Günortaçağı sarı aslanlar su içməyə gəlirlər. Onların gözləri parıldayır, nəriltiləri isə şəlalənin gurultusundan da güclüdür.

Şahzadənin səsi yenidən eşidildi:

– Qaranquş, Qaranquş, balaca Qaranquş, xeyli uzaqda, şəhərin o tayında mən çardaqda bir cavan oğlan görürəm. O, üstü kağızla dolu partaya söykənib. Qarşısındakı nazik stəkanda bir dəstə solmuş bənövşə var. Onun qəhvəyi, kövrək saçları, nar kimi qırmızı dodaqları və iri, ağıllı gözləri var. O, teatrın direktoru üçün əsəri yazıb qurtarmağa çalışır, lakin soyuq olduğundan heç nə yaza bilmir. Buxarıda od yoxdur, aclıq isə onu lap əldən salıb.

Urəyiyumşaq və mərhəmətli Qaranquş:

– Mən səninlə bir gecə də qalaram, – dedi. – Onun üçün başqa bir yaqut götürə bilərəmmi?

Şahzadə cavab verdi:

– Heyhat! İndi mənim yaqutum yoxdur. Veriləsi şey varsa, o da gözlərimdir. Onlar min il bundan qabaq Hindistandan gətirilmiş nadir sapfirlərdən düzəldilmişdir. Birini çıxart və ona apar. Cavan oğlan sapfiri zərgərə satar, odun alar və əsəri yazıb qurtarar.

Qaranquş:

– Əzizim Şahzadə, mən bunu edə bilmərəm, – dedi və ağlamağa başladı.

Şahzadə onu sakitləşdirdi:

– Qaranquş, Qaranquş, balaca Qaranquş, mənim dediyim kimi elə.

Beləliklə, Qaranquş Şahzadənin bir gözünü çıxartdı və tələbənin çardağına tərəf uçdu. Damda deşik olduğundan içəri girmək çox asan idi. O, burdan içəri cumdu və otağa keçdi. Gənc başını əlləri arasında gizlətdiyindən quşun qanadlarının pırıltısını eşitmədi. Gözlərini yuxarı qaldıranda gözəl sapfiri solmuş bənövşələrin üzərində gördü:

– Məni qiymətləndirməyə başlayırlar. Bu, böyük bir pərəstişkardandır. İndi əsəri yazıb qurtara bilərəm.

O biri gün Qaranquş limana uçdu. O, böyük bir gəminin dor ağacına qondu və dənizçilərin kəndirlə böyük sandıqları gəminin anbarından sürüyüb çıxarmasına tamaşa etdi. Hər sandığı çıxaranda onlar: “Götürdük!” – deyə qışqırırdılar.

Qaranquş qışqırdı:

– Mən Misirə gedirəm.

Lakin heç kəs ona əhəmiyyət vermədi. Ay doğanda o, Xoşbəxt Şahzadənin yanına uçdu. Qışqırdı:

– Mən səninlə vidalaşmağa gəlmişəm.

Şahzadə dedi:

– Qaranquş, balaca Qaranquş, mənimlə bir gecə də qala bilərsənmi?

Qaranquş cavab verdi:

– İndi qışdır. Şaxta-qar tezliklə burada olacaq. Misirdə isə günəş yaşıl palma ağaclarını qızdırır, timsahlarsa bataqlıqda uzanıb tənbəl-tənbəl onlara baxırlar. Mənim yoldaşlarım Baalbek məbədində yuva tikir, çəhrayı, ağ göyərçinlərsə onlara baxır və bir-biri ilə quruldaşırlar. Əziz Şahzadə, mən getməliyəm, lakin səni heç vaxt unutmayacağam. Gələn bahar mən sənə verdiklərinin əvəzinə iki qiymətli daş gətirərəm. Yaqut qırmızı qızılgüldən də qırmızı, sapfirsə böyük göy dəniztək göy olacaq.

Xoşbəxt Şahzadə dedi:

– Aşağıda, meydanda kibrit satan balaca qız dayanıb. Qız kibritləri arxa salıb isladıb. Evə az da olsa pul gətirməsə, atası onu döyəcək, buna görə də o ağlayır. Qızın nə ayaqqabısı, nə də corabları var, başı da açıqdır. Mənim o biri gözümü də çıxart, apar ona ver ki, atası onu döyməsin.

Qaranquş dedi:

– Mən səninlə bir gecə də qalaram, lakin gözünü çıxara bilmərəm. Bunu etsəm, tamam kor olarsan.

Şahzadə dedi:

– Qaranquş, balaca Qaranquş, mənim dediyim kimi elə.

Beləliklə, o, Şahzadənin o biri gözünü də çıxartdı və aşağı şığıdı. Qaranquş qızın yanından uçdu və sapfiri onun ovcuna saldı. Qız:

– Necə də gözəl şüşə parçasıdır, – deyə qışqırdı və gülə-gülə evə qaçdı.

Sonra Qaranquş Şahzadənin yanına qayıtdı və:

– Sən indi korsan, – dedi, – demək, mən həmişəlik səninlə qalacağam.

Yazıq Şahzadə etiraz etdi:

– Yox, balaca Qaranquş, sən Misirə getməlisən.

Qaranquş:

– Mən səninlə həmişəlik qalacağam, – dedi və Şahzadənin ayaqlarında yuxuya getdi.

Səhəri Qaranquş bütün günü Şahzadənin çiynində oturub özgə ölkələrdə gördüyündən ona danışdı. O, Nil sahilində qatarlaşıb dimdikləri ilə qızılbalıq tutan qaraleyləklərdən, dünyanın özü qədər qoca, hər şeyi bilən və səhrada yaşayan Sfinksdən, qatran ağacıtək qara, iri büllur parçasına sitayiş edən Aylı dağlar kralından, palma ağacında yatan və iyirmi kahinin şirin qoğal yedizdirdiyi nəhəng yaşıl ilandan, böyük göldə yastı, enli yarpaqların üstündə üzən və həmişə kəpənəklərlə döyüşən cırtdan adamlardan danışdı.

Ona diqqətlə qulaq asan Şahzadə dilləndi:

– Əziz balaca Qaranquş, sən mənə qəribə şeylər haqqında maraqlı söhbətlər etdin, amma dünyada ən qəribə şey insanların çəkdiyi iztirablardır. Bədbəxtliyin o qədər sirri var ki! Əziz quşcuğaz, şəhərimi gəz-dolaş və gördüklərini mənə danış.

Qaranquş şəhərin üzərindən uçarkən varlıları gözəl evlərdə kef çəkən, dilənçiləri isə qapı ağzında oturub sədəqə diləyən gördü. Qaranlıq dalanlara uçdu, bənizi qaçmış, sifəti solmuş uşaqları qaranlıq küçələrə biganəliklə baxan gördü. Körpünün tağı altında iki balaca oğlan bir-birinin qoynuna girib qızınmağa çalışırdı. Onların səsi gəldi:

– Yaman acmışıq.

Gözətçi qışqırdı:

– Burada uzanmaq olmaz!

Uşaqlar yenidən yağışın altına çıxdılar. Qaranquş geri qayıtdı və gördüklərini Şahzadəyə danışdı. Şahzadə dedi:

– Mənim üstüm əla qızılla örtülmüşdür. Sən onları bir-bir, yarpaqbayarpaq götürməli və yoxsullara paylamalısan. İnsanlar belə düşünürlər ki, qızıl xoşbəxtlik gətirir.

Qaranquş qızılı yarpaqbayarpaq, Xoşbəxt Şahzadə tamamilə çirkin və boz görünənədək çıxartdı və yoxsullara payladı. Uşaqların yanaqları qızardı. Onlar gülməyə, küçədə oynamağa başladılar. Uşaqlar qışqırırdılar:

– İndi bizim çörəyimiz var.

Qar yağmağa başladı. Şaxta düşdü. Küçələr çox işıqlı və şəffaf olduğundan gümüşdən düzəldilmiş kimi görünürdü. Evlərin damından sallanan sırsıralar isə almaz xəncərlərə bənzəyirdi. Hamı isti paltar geymişdi. Qırmızı papaq qoymuş balaca oğlanlar buz üstündə sürüşürdülər.

Yazıq balaca Qaranquş üşüməyə başladı, lakin Xoşbəxt Şahzadəni istədiyindən onu atıb getmədi. Çörəkçi görməyəndə o, dükanın qabağından çörək qırıntıları tapıb yeyir, qızışmaq üçünsə qanadlarını bir-birinə çırpırdı. Nəhayət, o başa düşdü ki, ölür. Onun Şahzadənin çiyninə uçub qonmağa bir dəfə də qüvvəsi çatdı. Pıçıldadı:

– Əlvida, əziz Şahzadə! İcazə verərsənmi, əlini öpüm?

Şahzadə dedi:

– Sənin, nəhayət, Misirə getməyinə çox şadam, balaca Qaranquş. Burada çox ləngidin. Mən səni sevirəm, ona görə də sən mənim dodaqlarımdan öpməlisən.

Qaranquş dedi:

– Mən Misirə getmirəm. Mən ölümün evinə gedirəm. Məgər Ölüm Yuxunun qardaşı deyil?

Qaranquş Xoşbəxt Şahzadəni dodaqlarından öpdü və yuvarlanıb onun ayaqları altına düşdü.

Elə o dəqiqə heykəlin içindən qəribə şaqqıltı gəldi. Şahzadənin qurğuşun ürəyi bu dərdə dözməyib partlamışdı. Əlbəttə, dəhşətli şaxta idi.

Səhər tezdən şəhərin meri bir dəstə şəhər müşaviri ilə aşağıdakı meydandan keçirdi. Sütunun yanından ötəndə yuxarı, heykələ baxdı və heyrətləndi:

– Aman Allah! Xoşbəxt Şahzadə gör nə günə düşüb?!

Merlə həmişə razılaşan şəhər müşavirləri:

– Gör nə günə düşüb? – deyə qışqırdılar və yuxarı, heykələ baxmağa getdilər.

Mer heykəli nəzərdən keçirdi:

– Yaqut qılıncından düşüb, gözləri yoxdur. Üstündəki qızıl yarpaqlar da tökülüb. Doğrusu, indi o, dilənçidən heç fərqlənmir.

Şəhər müşavirləri də təkrar etdilər:

– Bəli, dilənçidən heç fərqlənmir.

Mer sözünə davam etdi:

– Onun ayaqları altında ölü quş da var. Biz quşların burada ölməsinə icazə verilməməsi haqqında mütləq qərar çıxarmalıyıq.

Şəhər müşavirləri təklifi o saat qeydə aldılar. Sonra isə heykəli uçurdular.

İncəsənət professoru isə universitetdə dedi:

– Qısa müddət qəşəng olduğu kimi, qısa müddət də gərəkli oldu.

Sonra onlar heykəli sobada əritdilər. Mer əridilmiş metaldan nə düzəltməyə qərar vermək üçün cəmiyyətin iclasını çağırdı və sözə başladı:

– Biz bu metaldan başqa heykəl düzəltməliyik. Əlbəttə, bu mənim heykəlim olmalıdır.

Müşavirlərin əks-sədası eşidildi:

– Mənim heykəlim olmalıdır.

Onlar bir-birindən küsdülər və uzun müddət də barışmadılar.

Metaləridən sexdəki fəhlələrin nəzarətçisi dedi:

– Bu nə qəribə şeydir! Bu qırılmış qurğuşun ürək sobada ərimir. Onu tullamaq lazımdır.

Elə də etdilər. Ürəyi Qaranquşun ölüsü atılan zibil qalağına tulladılar.

Allah öz mələklərindən birini yanına çağırıb:

– Mənə şəhərdən ən qiymətli iki şey gətir, – dedi.

Mələk ona parçalanmış qurğuşun ürək və ölü quş gətirdi.

Allah razı qaldı:

– Sən düz seçmisən. Bu quş mənim cənnətdəki bağımda həmişə oxuyacaq. Xoşbəxt Şahzadə isə mənim qızıl şəhərimdə məni tərif edəcək.

GÜL VƏ BÜLBÜL

– Qız məndən gül istədi. Qırmızı qızılgül. Əgər tapsam, mənimlə rəqs edəcək, tapmasam… – Gənc tələbənin səsi titrədi. – Mənimsə bağımda bir dənə də olsun al qızılgül yoxdur.

Bulbül dinləyir, palıd ağacındakı yuvasından – yarpaqların arasından tələbəyə baxır və təəccüblənirdi.

– Mənim bağımda bircə dənə də qırmızı qızılgül yoxdur, – deyib tələbə dönə-dönə ah çəkir, qəşəng gözləri yaşla dolurdu. – Gör xoşbəxtlik necə xırda şeylərdən asılıdır! Filosofların bütün əsərlərini oxumuşam, fəlsəfənin bütün sirlərinə bələdəm, amma nə olsun, yenə də bircə dənə qırmızı qızılgül məni bədbəxt edir.

Bülbül öz-özünə dedi:

– Bu, əsl aşiqdir. Mən onu tanımasam da, hər gecə onun haqqında nəğmə oxuyurdum, eşqini, dərdini ulduzlara nəql edirdim. İndi onun özünü görürəm. Saçları şəvə kimi qara, dodaqları qızılgültək yaraşıqlı, təravətlidir. Lakin o biri tərəfdən eşq yanğısı onun çöhrəsini soldurub, fil sümüyütək ağardıb, dərd-qəm alnında kədər doğuran izlər qoyub.

Gənc sözünə davam edirdi:

– Sabah axşam sarayda rəqs gecəsidir. Sevdiyim qız da orada, qonaqların arasında olacaq. Əgər mən ona qırmızı qızılgül versəm, o mənimlə yorulanadək rəqs edəcək. Onu qollarım arasına alacağam, başını çiynimə qoyacaq, mən bütün rəqs boyunca əllərini əllərimdən buraxmayacağam. Lakin nə edim, bağımda qırmızı qızılgül yoxdur və demək, mən yalqız qalacağam. O məni saymayacaq, mənim də ürəyim parçalanacaq.

Bülbül yenidən dilləndi:

– Bəli, bu, əsl aşiqdir. Gənci qəm dəryasına qərq edən, mənimsə nəğmələrimdə vəsf etdiyim, təriflədiyim məhəbbətdir. Heyhat, məni sevindirən şey onu kədərləndirir. Məhəbbət, doğrudan da, gözəldir. O, zümrüddən qiymətli, daş-qaşdan bahalıdır. Məhəbbəti alıb-satmaq mümkün deyil. Onu nə qızıla dəyişmək, nə də tacirlərə satmaq olar.

– Çalğıçılar öz yerlərində oturacaq, simli musiqi alətlərini dilləndirəcəklər, mənim gözəlim isə skripka və arfa sədaları altında rəqs edəcək. O elə süzəcək ki, ayaqları heç döşəməyə toxunmayacaq, bər-bəzəkli saray adamları da dövrəsində hərlənəcəklər. Lakin mənimlə bir dəfə də rəqs etməyəcək, çünki ona veriləsi qızılgülüm yoxdur! – gənc tələbə əlləri ilə üzünü örtdü və hönkürtüylə otların üstünə yıxıldı.

Quyruğunu yuxarı qaldırıb tələbənin yanından keçən balaca, yaşıl kərtənkələ soruşdu:

– O niyə ağlayır?

Günəş şüasının arxasınca uçan kəpənək də soruşdu:

– Axı nə üçün ağlayır?

– Doğrudan da, görəsən, niyə ağlayır? – deyə qızçiçəyi də xəfif, zərif pıçıltı ilə öz qonşusundan soruşdu.

Bülbül cavab verdi:

– O, qırmızı qızılgüldən ötrü ağlayır.

Onlar təəccübləndilər:

– Qırmızı qızılgül üçün? Necə də gülməlidir!

Hər şeydə eybəcərlik axtaran balaca kərtənkələ qəhqəhə çəkdi. Lakin bülbül tələbənin dərdini başa düşür və palıd ağacındakı yuvasında oturub məhəbbətin sirri haqqında düşünürdü.

Birdən o, qanadlarını açıb göyə qalxdı, uçdu, kölgə kimi meşəlikdən və bağın üzərindən ötüb-keçdi.

Çəmənliyin ortasında gözəl bir qızılgül kolu vardı. Bülbül onu görən kimi aşağı endi və budaqlardan birinə qondu.

– Mənə bir qırmızı qızılgül ver, sənə ən həzin nəğməmi oxuyaram.

Kol başını buladı:

– Mənim qızılgüllərim ağdır. Onlar dəniz köpüyü kimi ağdır, hətta dağ başındakı qardan da ağdır. Yaxşısı budur, sən günəş saatının ətrafında olan qardaşımın yanına get, bəlkə, o sənə istədiyini verdi.

Bülbül günəş saatının ətrafında bitən qızılgül kolunun yanına uçdu.

– Mənə bir qırmızı qızılgül ver, sənə ən həzin nəğməmi oxuyaram.

Bu kol da başını buladı:

– Mənim güllərim sarıdır. Onlar kəhrəba taxtda oturan supərisinin saçlarıtək sarı, əli dəryazlı biçinçilərin gəlişindən əvvəl çəmənlikdə bitən nərgiz gülündən də sarıdır. Yaxşısı budur, sən tələbənin pəncərəsi altında bitən qardaşımın yanına get, bəlkə, o sənə istədiyini verə.

Bülbül tələbənin pəncərəsi altında bitən qızılgül kolunun yanına uçdu.

– Mənə bir qırmızı qızılgül ver, sənə ən həzin nəğməmi oxuyaram.

Bu kol da başını buladı:

– Düzdür, mənim güllərim qırmızıdır, – dedi. – Onlar göyərçinin ayaqları kimi qırmızı, okeanın dibindəki mağaralarda olan mərcanlardan da qırmızıdır. Lakin qış və şaxta damarlarımı dondurmuş, qönçələrimi məhv etmişdir. Tufansa budaqlarımı sındırmışdır. Bu il mənim bircə dənə də gülüm olmayacaq.

Bülbül qışqırdı:

– Mənim istədiyim bircə dənə qırmızı qızılgüldür, yalnız bircə dənə. Görəsən, onu əldə etmək üçün başqa bir yol varmı?

Kol cavab verdi:

– Yol var, amma o elə dəhşətlidir ki, onu sənə deməyə dilim gəlmir.

Bülbül dilləndi:

– De, mən qorxmuram.

– Əgər qırmızı qızılgül istəyirsənsə, onu sən ay işığında öz nəğmələrinlə yaratmalı və ürəyinin qanı ilə qızartmalısan, – deyə kol izah eləməyə başladı. – Sən köksünü tikana söykəyib mənim üçün oxumalısan. Bütün gecəni aramsız oxumalısan, tikan sənin ürəyinə yeriməli, sənin qanın damarlarıma axmalı və mənim olmalıdır.

Bülbül qışqırdı:

– Ölüm bir qırmızı qızılgül üçün çox baha qiymətdir. Həyat hamıya əzizdir. Yaşıl meşədə oturub Günəşi qızıl, Ayı mirvari arabasında görmək necə də gözəldir! Yemişan ətri, dərələrdə gizlənən qarçiçəyi və dağlarda ətir saçan süpürgəgülü gözəldir. Lakin məhəbbət həyatdan da gözəldir. Həm də balaca bir quşun ürəyi insan ürəyi ilə müqayisədə nədir ki?

Bülbül boz qanadlarını açıb havaya qalxdı. O, kölgə kimi bağın və meşənin üstündən ötüb-keçdi.

Bülbül gənc tələbəni necə qoyub getmişdisə, o eləcə də, qəşəng gözləri yaşlı halda otların üstündə uzanmışdı.

Bülbül qışqırdı:

– Sevin! Sevin! Sən öz qızılgülünü alacaqsan. Mən onu ay işığında nəğmələrimlə yaradacaq və ürəyimin qanı ilə allaşdıracam. Bütün bunların müqabilində mən səndən bircə şey xahiş edirəm. Axıra qədər öz məhəbbətinə sadiq qal və bil ki, fəlsəfə müdriklikdən nə qədər danışsa da, məhəbbət ondan müdrikdir. Kobud qüvvə nə qədər güclü olsa da, məhəbbət ondan güclüdür. Onun bədəni və qanadları alov rəngindədir. Onun dodaqları bal kimi şirin, nəfəsi isə müşk-ənbər qoxuludur.

Tələbə otların arasından bülbülə baxdı, onu dinlədi, lakin nə dediyini başa düşmədi, çünki o, kitablarda yazılanlardan başqa heç nə anlamırdı.

Palıd ağacı isə hər şeyi başa düşdü və budaqlarında yuva salmış bülbülü çox sevdiyi üçün kədərləndi. Onun pıçıltısı eşidildi:

– Mənim üçün axırıncı dəfə oxu. Sən gedəndən sonra özümü yalqız hiss edəcəyəm.

Bülbül palıdın sözünü yerə salmadı. Son dəfə oxudu. Onun səsi dərədən axıb gedən suyun şırıltısından da gözəl və təsirli idi.

Bülbül nəğməsini qurtaran kimi tələbə ayağa qalxdı və dəftər-qələmini cibindən çıxartdı. Meşənin içi ilə evinə gedə-gedə öz-özünə danışmağa başladı:

– Doğrudur, onun gözəl səsi var, bunu inkar etmək olmaz. Lakin görəsən, onun hissiyyatı varmı? Qorxuram olmasın. Yəqin, o da artistlərin çoxu kimidir. Onun nəğmələrində səmimiyyət yoxdur. O öz həyatını başqasının yolunda qurban verməz. Onu ancaq musiqi maraqlandırır və hamı bilir ki, aktyorlar lovğa olur. Onun səsində məlahət var, əfsus ki, bunlar xeyirsiz və mənasız işlərdir.

Tələbə öz otağına gəldi, köhnə yatağına yıxılıb sevdiyi qız haqqında düşünməyə başladı. Bir azdan onu yuxu apardı.

Ay səmanın ənginliklərində parlayanda bülbül qızılgül kolunun yanına uçdu və sinəsini tikana söykəyib oxumağa başladı. Bütün gecəni beləcə oxudu və buz kimi soyuq Ay aşağı əyilib onun nəğməsini dinlədi.

Bülbül nəğməsini oxuduqca tikan sinəsinin dərinliklərinə yeriyir, onun qanı sızır, azalırdı. Əvvəlcə bülbül oğlan və qızın qəlbində məhəbbətin yaranmasından oxudu və bir azdan qızılgül kolunun ən hündürdə olan budağında qeyri-adi bir qızılgül açılmağa başladı. Qızılgülün ləçəkləri mahnıdan mahnıya pardaqlanırdı. Qızılgül çay üzərindəki dumanlar kimi rəngsiz, səhərin qanadları təki gümüşü idi. Bəli, kolun ən uca budağında belə bir qızılgül açılırdı. Lakin bu, kola azlıq edirdi. O, bülbülün üstünə qışqırdı:

– Sinəni tikana daha bərk sıx, balaca bülbül, yoxsa səhər qızılgüldən tez açılar.

Bülbül sinəsini tikana daha bərk sıxdı, onuk cəh-cəhi zilə qalxdı və əks-səda verib cingildədi. Bu dəfə o, kişi və qadının qəlbində istəyin yaranmasından oxudu. Qızılgülün ləçəkləri, oğlan öz nişanlısının dodağından ilk dəfə öpərkən qızardığı təki qızarmağa başladı. Lakin tikan hələ bülbülün ürəyinə çatmamışdı, gülün ürəyi ağ qalmışdı. Onun ürəyini al-qırmızı rəngə ancaq bülbül ürəyinin qanı boyaya bilərdi. Kol bir də qışqırdı:

– Sinəni tikana daha bərk sıx, balaca bülbül, yoxsa səhər qızılgüldən tez açılar.

Bülbül köksünü tikana daha bərk sıxdı, tikan ürəyinə yeridi və müdhiş, dəhşətli bir ağrı onu sarsıtdı. Ağrı anbaan şiddətlənir, bülbülün nəğməsi isə daha şaqraq səslənirdi. O, ölümlə bitən, lakin məzarda da sönməyən məhəbbət haqqında oxuyurdu.

Qəribə qızılgül şərq səmasının qızartılarıtək al-qırmızı rəngə boyandı. Bülbülün səsi isə zəifləyirdi. Onun kiçik qanadları titrəməyə başlayır, gözləri dumanlanırdı. Nəğməsi çox zəif eşidilirdi və ona elə gəlirdi ki, nəsə boğazını sıxır. O, sonuncu dəfə cəh-cəh vurdu. Ay bunu eşitcək batmağı unutdu və səmada ləngidi. Bülbülün səsini qızılgül də eşitdi, var qüvvəsi ilə çırpınıb ayazlı səhər çağı öz ləçəklərini açdı. Əks-səda bu xəbəri dağlardakı mağaralara çatdırdı və yatmış çobanları yuxudan oyatdı. Əks-səda çaydakı qamışların arasından ötüb-keçdi və bu xəbəri dənizə çatdırdı.

– Bax! Bax! – deyə qızılgül kolu qışqırdı, – artıq qızılgül hazırdır.

Lakin bulbül cavab vermirdi, o, ürəyində tikan, yaşıl otlar arasında əbədi susmuşdu.

Tələbə pəncərəni açdı, bayıra baxdı və gözlərinə inanmadı. Ona xoşbəxtlik üz vermişdi. Pəncərənin altındakı kolda qırmızı qızılgül açılmışdı. Çox qəribə, qeyri-adi bir qızılgül: o, ömründə belə gül görməmişdi.

Tələbə əyildi. Gülü dərdi. Şlyapasını başına qoydu və əlində qızılgül, professorun evinə qaçdı.

Professorun qızı qapının ağzında oturub mavi ipək parçanı iri tağalağa dolayırdı. Balaca iti ayaqları altında uzanmışdı.

– Siz demişdiniz ki, qırmızı qızılgül gətirsəm, mənimlə rəqs edəcəksiniz. Bu da dünyada olan qırmızı güllərin ən qırmızısı. Siz onu bu axşam sinənizin üstündə gəzdirəcəksiniz və biz birlikdə rəqs edəndə o mənim sizi necə sevdiyimə sübut olacaq.

Lakin qız sir-sifətini turşutdu:

– Qorxuram onun rəngi paltarıma düşməyə. Həm də kamergerin qardaşı oğlu mənə qiymətli daş-qaş göndərmişdir. Hamı bilir ki, daş-qaş güldən bahadır.

Tələbə qəzəblə:

– Siz necə də nankorsunuz! – dedi və qızılgülü küçəyə tulladı.

Gül yola düşdü, araba təkəri onu əzdi.

Qız hirsləndi:

– Nankoram? Çox kobudsunuz və bir də ki siz kimsiniz? Sadəcə bir tələbə. Yəqin ki, sizin ayaqqabınızda kamergerin qardaşı oğlununku kimi adicə gümüş toqqacıq da yoxdur.

O ayağa qalxdı və evə getdi:

Tələbə geri qayıdarkən:

– Məhəbbət necə axmaq şeydir, – deyə öz-özünə düşünürdü. – Onun məntiq elminin yarısı qədər də xeyri yoxdur. O heç nəyi təsdiq etmir. Həmişə baş verməyəcək şeylər haqqında düşündürür və yalan röyalara inanmağa çağırır. Doğrudan da, məhəbbət çox mənfəətsiz şeydir. Əsrimizdə isə hər şeydə mənfəət güdürlər. Yaxşısı budur, mən fəlsəfəyə qayıdım və metafizikanı öyrənim…

Tələbə evinə gəldi. Toz basmış iri bir kitabı götürüb vərəqləməyə başladı.

16 843,59 s`om
Yosh cheklamasi:
12+
Litresda chiqarilgan sana:
07 oktyabr 2022
ISBN:
9789952242706
Mualliflik huquqi egasi:
Altun Kitab / Алтын Китаб

Ushbu kitob bilan o'qiladi

Muallifning boshqa kitoblari