Kitobni o'qish: «Nazim Hikmətlə 3 il yarım»
Orxan Kamal
Nazim Hikmətlə
3 il yarım
“Xatirə Ədəbiyyatı” silsiləsindən 33-cü kitab
1
1940-cı ilin qışı idi… Həbsxana dəftərxanasının cina-yətləri qeydə alan bölməsində işləyirdim.
Bir səhər katib təzə gələn sənədləri eşələyəndə dedi: “Pəh, gözün aydın!”
Ona təəccüblə baxdım.
– Ustadın gəlir.
Tamam matım-qutum qurudu. Mənim ustadım-zadım yox idi axı.
– Özünü artistliyə qoyma, – dedi katib.
– Yoo, mənim ustadım-zadım yoxdu ki.
– Əzizim, Nazim Hikməti deyirəm də. O, sənin də ustadın sayılmır?
İnanmadım. Əlindəki sənədi uzatdı. Aldım, əlüstü nəzərdən keçirdim, doğru xəbər idi, gəlirdi:
“Çanaq sümüyü sinirlərindəki iltihabdan əziyyət çəkir. Hamamdan rahatlıqla istifadə eləsin deyə…”
Hava boğanaq idi və həbsxananın həyətindəki zanbaqların yaşıl yarpaqlarının üstünü qar örtmüşdü. Evimdən uzaq olmağın həsrətindən və belə boğanaq havalı günlərin bezdirici sıxıntısından, hələ azad olmağıma uzun illər vardı deyə yaranan ümidsizliyi elə bil birdən-birə buludların arasından canını qurtaran bir günəş silib-süpürlədi. Halbuki onunla nə salam-məlikim var idi, nə də haçansa dost olmaq ehtimalım.
Hamı kimi mən də ona uzaqdan uzağa vurğun idim. Hamı kimi ona qarşı qəzəbliydim. Hamı kimi mən də guya bunun “səbəbini bilmir”dim, fəqət həm də bilirdim: mahiyyətini tam anlamadığım, ecazkar, əlçatmaz, insanların qəlbinə yol tapan şeirlərini sevirdim onun.
Mənə bax!
Ey!
Axmaq!
Əlindəki zınqıldayanı tulla!
Sənə,
Üç telində üç sısqa bülbül oxuyan
üç telli saz
yaramaz!
Mənə bax!
Ey!
Axmaq!
Üç telində üç sısqa bülbül oxuyan
Üç telli saz
dağlarla dalğalarla kütlələri
irəli
aparammaz!
Üç telli saz
Yatağını dəyişdirmək istəyən
çaylardan
kəndlərdən, şəhərlərdən
başlanan sürətlə,
milyonların dodaqlarını
bircə
gülüşlə
Güldürəmməz!
Ağladammaz!
2
* * *
Trrrum,
Trrrum,
Trrum!
trak tiki tak!
Avtomatlaşmaq
istəyirəm!
Beynimdən, ətimdən, skeletimdən
gəlir bu istək.
Hər generatoru
ram etməkçün
ürəyim axır.
* * *
Üfüqlərdən üfüqlərə
qoşun-qoşun mavi dalğalar qaçışırdı,
Xəzər rüzgarın diliylə danışırdı, balam,
danışa-danışa coşurdu.
“Çort vazmi”, axı kim deyib
Xəzər ölü bir gölə bənzər!
ucsuz-bucaqsız mənasız duzlu bir sudur Xəzər!
Xəzərdə dost gəzər, e…y”…
düşmən gəzər!
Dalğa bir dağdır,
qayıqsa maral.
Dalğa bir quyu,
qayıqsa səhəng.
Qalxar qayıq,
enər qayıq,
yıxılan
bir atın
belindən düşüb,
Şahə qalxan
bir ata
minər qayıq!
* * *
Ehey!
Qara buynuz kimi qaşlı
müqəddəs Apis1 başlı
adam:
Ehey
Qaratoxmaq bəy!
Sən şeirin nəcib adamlarıyla danışırsan,
1 Apis – Qədim Misir mifologiyasında öküz qiyafəsində olan münbitlik allahı 3
Mən əsil-zadə zad tanımıram,
Danışdığın dilə görə səni alqışlamaram,
Hətta sözlərin belə
əsilzadələrindən xoşum gəlmir.
Ehey!
Qaratoxmaq bəy!
Mən bilirəm
bu qəzəb, bu şikayətin səbəbin.
Bilirəm
məni yuxuda boğmaq üçün
gözləyirsən gecəni.
Mən ki biləklərimdə dəmir qandalı
altun bilərzik kimi gəzdirmişəm
mən ki ilgəkləri sabunlu iplərə baxıb
tüklü, yoğun peysərimi qaşımışam,
təhdidindən qorxarammı heç?
* * *
Yaşamaq nə gözəl şeydi
TARANTA-BABU
yaşamaq nə gözəldi…
bir öyüd kitabı kimi anlamaq
bir eşq şərqisi kimi eşidib
uşaq kimi təəccüblənərək
YAŞAMAQ…
Yaşamaq:
Təklikdə
və hamımız birgə
ipək qumaş toxuyurmuşuq kimi.
Dəftərxanadan astaca çıxdım. Kameraya gedib, mənim kimi şeir yazan, özünü şair hesab edən iki dostuma, katibdən eşitdiyim xəbəri çatdıracaqdım.
Dostlarımdan biri Necati idi, ona yeddi il hökm oxunmuşdu, beş ilini yatmışdı. Heç kəsdən bir qara köpük pul köməyi olmadan illərin dizini qatlamışdı. Nazim Hikməti İstanbul həbsxanasından tanıyırmış, bir müddət yaxın olublar… Mən Nazim Hikmət haqqında ilk dəfə onu canlı görmüş, yaxınlıq eləmiş Necatidən eşitmişdim. Necati həbxsana idarəsinin təmizlik işlərinə baxırdı. Ona aşağı mərtəbədəki “görüş yeri”nin tikanlı məftillərinin yanında rast gəldim və dedim:
– Xəbərin varmı, Nazim Hikmət gəlir?
İnanmadı. And içdim. Uşaq kimi əllərini bir-birinə çırpıb: “Ay can, ay can!” – deyə qışqırdı. Mənə
Nazim Hikmətdən, İstanbul həbsxanasındakı çəkələyindən, uzun, yaşıl jaketindən danışdı, sonra dedi:
– Sən allah, İzzətə tapşıraq gedib ona şeir-zad oxumasın, zəhləsi gedir kimsə onu narahat edəndə…
Bəzi yersiz suallar vermək olmaz… İstəyirsən onun gələcəyini İzzətə de-mə. Pisikib, mir-mitilini yığıb toplayıb başqa kameraya köçər.
Necatinin dediyi bu cür xüsusiyyətlər “böyük və məşhur adam”larda olur. Fəqət necəsə, onunla tanış olandan sonra yaxınlıq eləməsəm belə, barı üzünü görəcək, səsini eşidəcəkdim, bu da mənə bəs idi.
Fikirləşirdim ki, kamerasına getmərəm, heç nə soruşmaram, heç şeir də oxumaram.
4
Kameramıza gəldim, İzzət məndən aldığı “Kira Kiralina”2 kitabını oxuyurdu. Digər məhbusların hərəsi bir işlə məşğul idi: biri maltıza3 kömür qoyur, kimi öz yanan maltızında balaca qazanının qaynamağını gözləyir, biri düyü təmizləyir, heç bir iş görməyənlər səliqəylə yığılmış yatağına dirsəklənib düşünür, bir nəfər də qəzet oxuyurdu.
Qəlbimi aşıb-daşan sevinc qasırğası ağuşuna almışdı. İzzətin yanında oturdum. O, kitabdan gözlərini çəkib mənə baxdı. Həmişəki kimi adi baxışla – daşı, torpağı, çiçəyi belə əzbərləmiş, həbsxanada danışmağa bir sözü qalmamış insanın bezgin ağrısıyla…
İzzətin arxasındakı pəncərələrdən dağlar görünürdü. Qurğuşun ağırlığındakı bir gölün altında, təpələri qarla örtülü dağlar bu gün ürəyimi həmişəki kimi sıxmırdı. Əksinə, qəlbimdə qızılı işıqlar və
sevinc şimşəkləri parıldayırdı…
İzzət:
– Bu gün kefin yaman sazdır, – dedi.
– Nə bilim, doğrudan, sevincli görünürəm?
– Təzə-təzə gələndə necəydinsə, indi eləsən… Sonra necə qaşqabaqlı oldun?
İzzət düz deyirdi. Son günlər qəlbimdəki sıxıntılar daha da artmışdı. Bu da səbəbsiz deyildi… Üç ay əvvəl Almaniyanın hansısa universitetinin fizika fakültəsində təhsilini yarımçıq qoymaq məcburiyyətində qalan müəllimlə dostlaşmışdım. Universitet təhsili cəhənnəm, o fizikanı mən, yaxud İzzət qədər də bilmirdi heç… Çox keçməmiş paxırı açılmışdı, kamerada “saxta müəllim” deyib onu ələ
salırdılar. Hamıyla razılaşan bu adam elə mağmın gündəydi ki, hər sözə, hər hərəkətə dözüb gülümsəyirdi.
Mənimsə ona yazığım gəlirdi… Cəzası elə də çox deyildi. Bəzən nəzarətçinin müşayiəti ilə çölə
çıxıb gəzir, özünün də onlardan biri olmaq xəyalına düşdüyünü sonradan öyrəndiyimiz “millət vəkili”
və “hərbiçilərlə” görüşüb cib xərcliyi aldığı haqda basıb-bağlayardı. O qədər kasıb və bədbəxt gündəydi ki, çölə gedəndə ona əynimdən maykamı, ayağımdan ayaqqabımı çıxarıb vermişdim. O mənim alt paltarlarım, geyimlərim, ayaqqabımla getsə də haqqımda yalan-palan məlumatlar ötürürmüş… Onun ucbatından sorğu-sual elədilər, ifadə verdim, səbəbsiz yerə haqsızlıqlara qatlaşmalı oldum. Belə
vaxtlarda o da başqa dostlarımla birgə təəssüflənir, məni satanları söyüb-yamanlayırdı, hətta cəzası bitib çıxanda həbsxana qapısında ağlayaraq boynumu qucaqlayıb dedi: “Mən sənin kimi dostu bir də hardan tapacam…”
Çox keçməmiş, yəni üç gün sonra öyrənmişdim ki, məni satıb, həqiqətlə daban-dabana zidd yalanlar danışıb, həm məni zibilə salan, həm də bu işlərlə əlaqədar orqanları mənasız yerə məşğul edən
“xeyirxah”, maykamı, paltarımı, ayaqqabımı geyinən, azad olunanda da boynumu qucaqlayıb, “sənin kimi dostu mən bir də hardan tapacam?” – deyən həmin adam imiş.
Bu hadisədən sonra qətiləşdirmişdim ki, bir də heç kəsə inanmayım, insanın bu qədər alçalmağını görüb az qala hamıya düşmən kəsilmişdim. Təbii ki, belə fikirləşməyə haqqım yox idi, ancaq neynim, başqa cür düşünməyi bacarmırdım və bilmirdim ki, insanları necə tanımaq olar.
Başqa səbəblər də vardı…
Həbsxanada gündə ən azı bir bıçaqlanma hadisəsi baş verdi. Balıqçı Nəzirlər, Çamur Şevkətlər, Antepli Təkqol Həsənlər, Feriköylü İsmaillər, Konyalı Dəli Məhmədlər və onların tərəfdarları elə gün olmurdu ki, qumar və nəşə üstündə kiməsə tələ qurub namərdcəsinə vurdurmasınlar… Bəli, namərdlik eləyirdilər. Onların pulu vardı, bir də vardı pul üçün kimi gəldi bıçaqlayanlar…
Necati tapşırsa da, İzzətə “Sənə bir söz deyəcəm” – dedim: “Sənə bir söz deyəcəm, heç kəsə demə
ki, məndən eşitmisən”.
Üzümə maraqla baxırdı.
– Nazim gəlir, – dedim.
Elə bilirdim ki, o da mənim kimi sevinəcək, qalxıb boynumu qucaqlayacaq. Biganəliklə:
– Hansı Nazim? – deyə soruşdu.
2 Kira Kiralina – məşhur rumin yazıçısı Panait İstratinin ilk romanı 3 Maltız – kustar üsulla hazırlanan, əsasən Anadolu bölgəsində işlədilən soba növü 5
– Nazim Hikmət, əzizim”.
Eyni soyuqqanlıqla xəbər aldı:
– Nə vaxt?
– Nə vaxt? Bilmirəm… Katib mənə bu barədə bir sənəd göstərdi. Yaxşısı budur ki, kim soruşsa de ki, katibdən eşitmişəm.
Çiyin atdı.
– Sən sevin, mənim nəyimə lazımdı?
Təəccübləndim. Deməli, Nazim Hikmətin gəlişinə sevinməyənlər də ola bilərmiş.
Onun kitab oxumasına mane olmayıb, üst mərtəbədəki kameralara – Sarıyerli Emin bəyin kamerasına təpildim. Emin bəy cibgir idi və İstanbul həbsxanasında Nazimlə tanış olmaqları barədə