Kitobni o'qish: «Azərbaycan səfəvilər dövləti»
Ön söz
Dünya tarixi miqyasında götürüldükdə Səfəvilər (Qızılbaşlar) dövlətinin yaranması orta əsrlərdə böyük əhəmiyyətə malik olan hadisələrdən biri olub.
Şah İsmayılın artıq uşaq yaşlarından hakimiyyətə gətirilməsi, elə o vaxtından da döyüşlərə atılması, bir sıra qələbələri və nəhayət qüdrətli bir dövlət yaratması heç də təsadüfi olmayıb. Bu qələbələrin əsasını əslində onun ulu babaları qoymuşdu… Səfəvilər dövlətinin sərhədləri əvvəlki dövrdəki Azərbaycan dövlətinin (Qaraqoyunlular və Ağqoyunlular) sərhədlərini aşıb keçərək çoxmillətli bir imperatorluğa çevrildi. Ətraf məmləkətlər bu dövləti «Qızılbaş məmləkəti» kimi, daha doğrusu Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin qanuni varisləri hesab etdilər. Bu dövlətin «Səfəvilər» adlandırılması isə Şah İsmayılın ulu babalarından olan və sadəcə Şeyx Səfi adlandırılan Şeyx Səfiəddin Ərdəbilinin (1252-1335) adından götürülüb. Həm xürrəmilik və məzdəkilik, həm də sufizmlə bağlı olan, bir çox hallarda «qızılbaşlıq» adı ilə tanınan Səfəviyyə fikri cərəyanı məhz Ərdəbildə formalaşmış, buradan Şərqin bir çox ölkələrinə yayılmışdır. Şah İsmayılın babası Şeyx Cüneyd və atası Şeyx Heydər bu cərəyana dayaq olaraq, bununla da yeni bir dövlətin bünövrəsini qoymuşlar. Şeyx Səfiəddin nəslinin nümayəndələri bütün Azərbaycanın birləşməsi arzusunda idilər. Bu arzunu gerçəkləşdirmək isə İsmayıla nəsib oldu.
İsmayılın hakimiyyətə gəlməsi (1499) feodal münasibətlərin kəskinləşməsi nəticəsində Ağqoyunlu dövlətinin dağılması dövrünə təsadüf edir. Hər bir dövlətin süqutu zaman isə cəmiyyətdə güclü narazılıqlar olur, bu baxımdan xalq İsmayılı özünün rifah və mənafeyi uğrunda mübarizə aparacaq bir sərkərdə timsalında görür və ona böyük ümid bəsləyərək ardınca getdi. Beləliklə, İsmayılın bayraqları altında Şamlı, Ustaclı, Rumlu, Təkəli, Zülqədər, Əfşar, Qacar, Varsaq adlı türk (Azərbaycan) tayfaları, Qaradağ və Talış sufiləri birləşdilər. Sonradan onlar İsmayılın ordusunun ən fədakar döyüşçüləri kimi tarixə düşdü.
1501-ci ildə İsmayıl Təbrizdə Azərbaycanın şahı elan edildi… I Şah İsmayıl dövründə Heratdan Bağdadadək uzanan nəhəng ərazidə əhali əsasən Azərbaycan dilində danışırdı. Şah İsmayıl yeni dövlətin əsaslarını möhkəmləndirmək üçün ölkə daxilində islahatlar apardı. O, elmin, mədəniyyətin, incəsənətin, sənətkarlığın inkişafına geniş yer ayırır, tarixi abidələrə, ziyarətgahlara diqqət və qayğı ilə yanaşırdı.
Azərbaycan dövlətinin sürətli inkişafı, qısa müddət ərzində Şərqin ən qüdrətli imperiyalarından birinə çevrilməsi, İsmayılın təkəbbürlüyü ətrafdakı rəqib dövlətləri qıcıqlandırırdı. Xüsusilə Osmanlı imperiyası Şah İsmayıla və Azərbaycan əhlinə qorxu, ehtiyat, qibtə və düşmən kimi yanaşırdı. İki böyük qüdrətli müsəlman dövlətinin – Səfəvilər (Azərbaycan) və Osmanlı Türkiyəsinin qarşıdurmasını çoxdan maraqla seyr edən Avropa hökmdarları kimi digər qüdrətli güclər də vardı. Məhz Avropa Osmanlılara silah-sursat və 300 top verdilər. Beləliklə, 1514-cü ildə Osmanlı Sultanı I Səlim Azərbaycan sərhədində 100 mindən çox nəhəng qoşun toplayır və Çaldıran düzündə döyüş olur. Bu vuruşmada Şah İsmayıl təkcə qüvvə baxımından deyil, həm də silahlanma baxımından Sultan Səlimdən geri qalırdı.
Səfəvilərdə artilleriya demək olar ki, yox idi. Səfəvilərin əsas qüvvəsi olan süvari qoşunu topların və yeniçəri nişançılarının atəşi qarşısında aciz idi. Bununla belə qüvvələrin qeyri-bərabər olmasına baxmayaraq, Şah İsmayıl başda olmaqla qızılbaş döyüşçüləri bu vuruşmada misli görünməyən qəhrəmanlıq göstərdilər. Qızılbaş ordusunun Çaldıran (İranın indiki Maku vilayətində düzənlik yer) vuruşmasında məğlubiyyətini müasirlər I Şah İsmayılın özünə arxayınlığı və öz sərkərdələrinin məsləhətləri ilə hesablaşmaması ilə əlaqələndirirlər. Lakin yuxarıda qeyd olunan faktlardan da göründüyü kimi, Şah İsmayılın məğlubiyyətini indiki terminlə desək, sultanın ordusunun o dövr üçün qabaqcıl texnikadan, məhz artilleriyadan geniş istifadə etməsi ilə əlaqələndirmək lazımdır.
Səfəvilərin Çaldıran vuruşmasındakı məğlubiyyəti tezliklə öz acı nəticələrini verdi. Osmanlı sultanı Xoy, Mərənd və Təbrizi ələ keçirdi, lakin qızılbaş döyüşçülərin müqaviməti ilə üzləşib Təbrizdə çox dayanmağa müvəffəq olmadı. Talan etdiyi Azərbaycan sərvətilə bərabər, bir çox sənətkarları da əsir apardı ki, bu da sonradan Osmanlı Türkiyəsində sənətkarlığın inkişafında önəmli rol oynadı. Çaldıran vuruşmasından sonra yaşadığı 10 il ərzində, I Şah İsmayıl fəaliyyətini yalnız dövlətin möhkəmlənməsi və hərtərəfli inkişafı istiqamətinə yönəltdi. 1524-cü ildə vəfat etdi. Şah İsmayıl Azərbaycan dilini saray və dövlət dilinə çevirmiş, siyasi, ictimai, iqtisadi və mədəni inkişafı üçün böyük işlər görmüşdür.
Şah İsmayıl vəfat etdikdən sonra qızılbaş tayfalarının əmirləri arasında güclənən çəkişmələrin nəticəsində mərkəzi hakimiyyət zəiflədi. Hakimiyyət başına bir-birini ardınca rumlu, təkəli və şamlı tayfaları gəldilər. Bu dövr 1534-cü ilə qədər uzandı. Kiçik fasilələrlə 20 ilə qədər davam etmiş Səfəvi-Osmanlı müharibələri də elə bu zamana təsadüf edir. I Sultan Süleymanın dövründə öz qüdrətinin zirvəsinə çatmış Osmanlı imperiyası istila etdiyi ölkələrin saysız- hesabsız insan qüvvəsi və maddi ehtiyatlar hesabına üstün idi. Ona görə 1555-ci il sülhünə görə, Səfəvilər Qərbi Gürcüstanı Osmanlı Türkiyəsinin nüfuz dairəsi kimi tanımağa məcbur oldular…
I Şah Təhmasibin vəfatından sonra Səfəvilər dövləti qızılbaş əyanlarının çəkişmələri nəticəsində bir az da zəiflədi. Qanlı mübarizə nəticəsində hakimiyyətə gəlmiş II Şah İsmayıl kütləvi edamlarla öz hakimiyyətini möhkəmləndirməyə cəhd göstərdi. Lakin o, feodalların suiqəsdinin qurbanı oldu. XVI əsrin 70-ci illərinin sonu üçün dövlət əslində qızılbaş əmirləri arasında bölündü. Zəif iradəli Şah Məhəmməd Xudabəndənin timsalında mərkəzi hakimiyyət iflic vəziyyətinə düşdü və fəaliyyətdən qaldı.
Osmanlı Türkiyəsi Səfəvilər dövlətindəki belə daxili çəkişmələrdən istifadə edərək Cənubi Qafqazı işğal etməyə nail oldu. Qanlı döyüşlər meydanı olan Azərbaycan böyük ziyan çəkdi. Osmanlı türklərindən başqa, dəfələrlə Krım xanının dəstələri də Şirvan torpağını viran etmişdi. Səfəvilər dövləti daha Osmanlı türk ordusunun hücumunun qarşısını dayandırmaq iqtidarında deyildi və sülh müqaviləsi bağlamaq məcburiyyətində qaldı. Həmin sülhə görə, Səfəvilər Osmanlılar tərəfindən Gürcüstanın və Azərbaycanın işğalı faktını etiraf etdilər. Daha bir neçə il keçdikdən sonra I şah İsmayıl tərəfindən əsası qoyulmuş Azərbaycan Səfəvilər dövlətinin varlığına son qoyuldu.
Əsərdə təkcə müharibə və çəkişmələrdən deyil, Səfəvilər dövlətinin iqtisadi, sosial həyatına da geniş yer ayrılıb. Azərbaycan Səfəvilər dövlətinin yaranması ilə kənd təsərrüfatı canlanmış, sənətkarlıq və ticarət yüksək inkişaf səviyyəsinə çatmışdı. Ümumdünya şöhrəti qazanmış yerli ipək sayəsində Azərbaycanın Rusiya dövləti ilə və Avropa ölkələri ilə iqtisadi əlaqələri inkişaf edir və möhkəmlənirdi. Ərəş, Təbriz, Şamaxı və Culfa şəhərləri ipək məmulatlarının beynəlxalq ticarət mərkəzlərinə çevrildilər. Ərdəbil, Naxçıvan, Gəncə, Bakı və bir sıra digər şəhərlər də iri sənətkarlıq istehsalı mərkəzləri oldular.
Azərbaycan mədəniyyətinin inkişafında yeni bir mərhələ də Səfəvi hakimiyyəti dövrü ilə bağlıdır. Bu Azərbaycan (türk) dilinin geniş yayıldığı dövr idi. Ümumdünya şöhrəti qazanmış görkəmli ədəbi əsərlər bu dildə yaradılmışdır. Füzuli, Xətayinin özü, Həbibi və b. Azərbaycan (türk) dilində yazıb yaratmışdılar. Geniş şöhrət qazanmış Təbriz rəssamlıq məktəbi əsərləri dünya incəsənəti inciləri sırasına daxil olmuş, Sultan Məhəmməd və Kəmaləddin Behzad kimi görkəmli rəssamlar yetişdirmişdi.
Xalqımızın tarixində Azərbaycan Səfəvilər dövlətinin müstəsna yeri var. Bu dövlətin tarixi müasirlərimiz üçün bir çox cəhətdən ibrətamizdir. Səfəvilər dövlətinin zəifləyib süqut etməsinin bir sıra obyektiv səbəbləri var. Qızılbaş tayfaları və əmirlərinin arasında birliyin olmaması, onların bir-biri ilə münaqişə və düşmənçilik etməsi, var-dövlət, gəlirli torpaq, mənsəblər və hakimiyyət uğrunda qanlı toqquşmaları, tayfa mənafelərinin, fərdi mənafeyin ümumi dövlət ehtiyacları və tələblərindən üstün tutulması – bütün bunlar Azərbaycan Səfəvilər dövlətinin zəifləməsi və tənəzzülü ilə nəticələndi.
Osmanlı-Səfəvi müharibələrinin iki qardaş türk xalqlarının (osmanlı və azəri türklərinin) düşmənçiliyi kimi deyil, Osmanlı və Səfəvi dövlətlərinin hakim dairələrinin iqtisadi və siyasi mənafelərinin toqquşması faktı kimi dəyərləndirmək tarixi gerçəkliyə daha yaxındır. XVI əsrdə siyasi məqsədlərlə şiddətləndirilən sünni-şiə ədavəti də hər iki türk dövlətinin münasibətlərini son dərəcə kəskinləşdirmişdir. Həmin dövrdə Avropa dövlətləri iki müsəlman, türk dövlətlərini müxtəlif vasitə və bəhanələrlə bir-birinə qarşı müharibəyə təhrik edir və beləliklə onların hər birini zəiflətməyə, osmanlıların Cənub-Şərqi Avropadakı işğallarının qarşısını almağa çalışırdılar.
KitabKlubu.org
I FƏSİL
ƏSAS MƏNBƏLƏRİN VƏ ƏDƏBİYYATIN XÜLASƏSİ
Səfəvilər dövlətinin tarixinə dair əsas və ən çoxsaylı mənbələr qrupunu müxtəlif xalqların nümayəndələrinin, o cümlədən azərbaycanlıların yazdıqları farsdilli orta əsr salnamələri təşkil edir.
Fars dilindəki narrativ mənbələrin xülasəsinə başlarkən, öncə bunların arasında mövzuları yalnız Azərbaycana və onun vilayətlərinə həsr edilmiş yerli xronikalara və əsərlərə təsadüf edilmədiyini göstərməliyik. Bizim başlıca məlumat mənbələrimiz olan ümumtarix tipli əsərlər (yaxud Səfəvilər (qızılbaşlar) dövlətinin tarixinə dair xüsusi kitablar) Azərbaycan tarixinin sistemli şərhini əks etdirmir. Həmin əsərlərin müəllifləri bu ölkəyə təsadüfən, adətən burada baş verən miqyaslı hadisələrlə əlaqədar olaraq müraciət edirlər. Bu əsərlərin əksəriyyəti nəşr olunmamışdır, dünyanın məxəzlər saxlanılan müxtəlif obyektlərinə, Yaxın Şərqə və Qərbi Avropaya səpələnmişdir1. Onlardan bəziləri Şərqdə litoqrafiya (daş basma) üsulu ilə çap olunmuşdur və elmi-tənqidi nəşrin tələblərinə cavab verə bilmirlər. Son illərdə İranda bu əsərlərin bəzilərinin mətbəə nəşrlərinə cəlb olunması litoqrafiya səhvlərini nəinki aradan qaldırmamış, əksinə, onları daha da artırmışdır. Tədqiqatçıların ixtiyarında tam dərc olunmuş mənbələrin sayı azdır; onlardan bir çoxu çıxarış, xülasə şəklində dərc olunmuşdur. Nadir istisnalarla ən mühüm mənbələrin mətnlərinin ümumi elmi-tənqidi nəşri hələ də yox dərəcəsindədir. Onların az qismi Avropa dillərinə tərcümə olunmuşdur. Bütün bunlar çox vaxt dövrün tarixinə dair nadir əlyazma mənbələri ilə işləməli olan tədqiqatçıların işini xeyli mürəkkəbləşdirir. Səfəvilər dövlətinin tarixinə dair mənbələr əvvəlki dövrlə müqayisədə daha çoxsaylı olsa da, onlar hələ az öyrənilmiş və işlənmişdir. Onlardan bir çoxu tarixşünaslıqda İran tarixinin mənbələri kimi məlumdur və demək olar ki, Azərbaycan tarixinin mənbələri kimi tam tədqiq edilməmişdir. ”Qeyd etmək lazımdır ki, XVI-XVIII əsrlərin narrativ farsdilli mənbələri, ümumiyyətlə, hələlik çox qeyri-kafi, hər halda X-XV əsrlərin farsdilli tarixi mənbələrinə nisbətən müqayisəedilməz dərəcədə az öyrənilmişdir”2.
Azərbaycan tarixinə, xüsusilə də sosial-iqtisadi məsələlərə dair (kənd təsərrüfatı, şəhər həyatı, sənətkarlıq, ticarət, kəndlilərin vəziyyəti və s.) materiallar bu mənbələrdə çox cüzidir. Bu məsələlərə dair məlumatları tədqiqatçı əsl mənada zərrə-zərrə, uzun və əziyyətli axtarışlar yolu ilə toplamalı olur və tez-tez bu və ya digər məsələnin işıqlandırılmasında ciddi çətinliklərlə rastlaşır. Bu, onunla izah edilir ki, feodal sinfinə xidmət edən orta əsr salnaməçiləri öz əsərlərində xalqın vəziyyəti ilə maraqlanmır, əsas diqqəti şahların və hakim siniflərin digər nümayəndələrinin tərifinə və təsvirinə verirdilər.
Fars dilində narrativ mənbələrin nəzərdən keçirilməsinə başlayaq.
Sədrəddin Sultan İbrahim əl-Əmini – xronoloji cəhətdən nəzərdən keçirdiyimiz dövrün ilk narrativ mənbəyinin, hicri 918-ci (1513-1514) ilə qədər gətirib çıxarılan, I Şah İsmayılın yürüşlərinin tarixi olan “Fütuhatişahi” (“Şahın qələbələri”) adlanan əsərin müəllifidir. Bu əsərin tam nüsxəsi Tacikistan Respublikası Elmlər Akademiyasının Şərq Əlyazmaları fondunda saxlanılır3. Tacik şərqşünası A.M.Mirzoyev tərəfindən (“Şahənşahnamə”4 adlı tarixi əsərin müəllifini müəyyən etmək xidməti də ona məxsusdur) aşkar edilmiş və siyahıya alınmışdır. Sonuncu əsərin müəllifliyini B.A.Dorn səhvən Herat şairi Kamaləddin Binainin adına çıxırdı. A.M.Mirzoyev “Şahənşahnamə”nin və “Fütuhati-Şahi”nin mətnlərini tutuşduraraq sübut etdi ki, hər iki əsər bir müəllifin – Sədrəddin Sultan İbrahim əl-Əmininin qələminin məhsuludur, həm də “Şahənşahnamə” “Fütuhati-Şahi”nin ikinci cildidir5.
A.M.Mirzoyevin nəticələrini təsdiq edən bir sıra cəhətləri göstərək. Səfəvi tarixşünasları öz əsərlərinin mətnlərində məlumatlarından faydalandıqları əsas mənbələrin adlarını çəkirlər. Dövrün bir sıra mənbələrində “Fütuhati-Şahi” və yaxud “Fütuhati-Əmini”nin adları çəkilir. Xondəmir “Həbib əs-siyər”, Qazi Əhməd Qumi “Xülasət ət-təvarix”, İsgəndər bəy Münşi “Tarix-i aləm aray-i Abbasi” əsərlərində bu əsəri özlərinin ilk mənbələri sırasında göstərirlər. Məsələn, Şeyx Heydərin Şirvanşah Fərrux Yasarla döyüşündən və onun ölümündən (1488) danışarkən Xondəmir göstərir ki, o bunları, müəllifinin adını çəkməsə də, ”Fütuhati-Şahi” əsərindən əxz etmişdir6. İsgəndər bəy Münşinin bu salnaməsində İbrahim Əmininin “Fütuhati-Şahi” əsəri “Fütuhati- Əmini”7 formasında göstərilir. Qazi Əhməd Qumi isə özünün “Xülasət ət-təvarix”ində dövrün başlıca mənbələrini göstərərkən, başlıca olaraq Əmir Sultan İbrahim Əmini Hərəvənin8 əsərinin adını çəkir.
“Fütuhati-Şahi” və onun müəllifi İbrahim Əmini haqqında elmi ədəbiyyatda ilk məlumatı hind alimi Qulam Sərvər özünün I Şah İsmayıl haqqındakı kitabında vermişdir9. Onun İranda və digər ölkələrin kitabxanalarında əsərin əlyazmasını tapmaq üçün apardığı inadlı axtarışları nəticəsiz qalmışdır. Buna görə də o, əsərin itmiş olması qərarına gəlmişdi. Fəqət Qulam Sərvərin kitabında İbrahim Əmini barəsində Xondəmirin “Həbib əs-siyər” əsərindən götürdüyü tərcümeyi-hal səciyyəli məlumatları vardı.
A.M.Mirzoyev “Fütuhati-Şahi”nin Düşənbə nüsxəsindən etdiyi çıxarışlarla bu məlumatları bir qədər də zənginləşdirmişdir. Mənşə etibarilə Sədrəddin Sultan əl-Əmini Xorasanın təhsilli və kübar torpaq sahibləri ailəsinə mənsub olmuşdur. O, gəncliyində Teymuri şahzadəsi Sultan Müzəffər Hüseyn Mirzənin yanında qulluq edərkən mənsəb qazanmağa başlamışdır. Hicri 910-cu (1504-1505) ildə onun atası – Herat hakimi Sultan Hüseyn Mirzə onu özünün şəxsi sədri (sədarət-i xassə) vəzifəsinə irəli çəkmişdi. O öz hamisinin ölümündən (hicri 911 (1506) sonra da hicri 913-cü (1507) ildə Herat və Xorasan Məhəmməd xan Şeybani tərəfindən tutulanadək bu vəzifəni yerinə yetirmişdi. Teymuri sarayının digər əyanları və xadimləri sırasında İbrahim Əmini də Şeybanilər tərəfindən təqiblərə məruz qalmışdı. O, həbs olunmuş, torpaqları və əmlakı isə müsadirə edilmişdi. Həbsdən buraxıldıqdan sonra hicri 916-cı (1510-1511) ilədək İbrahim Əmini “yalqız və guşənişin qalmağı seçdi”. Qızılbaş qoşunları Şeybaniləri Xorasandan sıxışdırıb çıxaranda və Heratı döyüşlə geri alanda Əmini ehtiramla qəbul olunmuş, gen-bol hədiyyələrə, I Şah İsmayılın mərhəmətinə layiq görülmüş, öz mülklərini və əmlakını geri almışdı.
“İbrahim Əmini hicri 927-ci (1521) ilədək Heratda yaşadı. Xorasanda özbək basqınları təhlükəsi və şiə-sünni düşmənçiliyinin güclənməsi üzündən sakitlik pozulduğu zaman bir çox elm və mədəniyyət xadimləri, o cümlədən də İbrahim Əmini Heratı tərk etməyə və Səfəvilər dövlətinin paytaxtına köçməyə məcbur oldu. Burada o, saray tarixşünası təyin olundu və I Şah İsmayıl ona “Şahın qələbələri” tarixini yazmağı tapşırdı10.
“Fütuhat-i şahi”nin Düşənbə əlyazması (A.M.Mirzoyevin yazdığına görə) iki cilddən (dəftərdən) ibarətdir və ümumi həcmi 265 vərəqdir. Əmini birinci cildi “Fəth” (qələbə) adını daşıyan beş fəslə bölmüşdür. Birinci fəsildə dünyanın və insanın yaranmasından, islam dininin banisi Məhəmməd Peyğəmbərin mənşəyindən bəhs edilir. İkinci fəsil Peyğəmbərin həyat və fəaliyyətinin müfəssəl şərhini verir. Üçüncü fəsil xəlifə Əliyə və şiələrin imamlarına həsr edilmişdir. Dördüncü fəsildə şəcərəsi iyirmi altıncı nəsildə imam Musa əl-Kazıma gedib çıxan “ədalətin pənahgahı” – Şah İsmayılın əcdadından söhbət açılır. Beşinci fəsildə İsmayılın uşaqlıq dövründən (onun həyatının birinci on iki ilində baş vermiş hadisələrdən) danışılır. ”Fütuhati Şahi”nin birinci cildi Şah İsmayılın yürüşləri ilə bilavasitə bağlı deyildir və o başqa məqsədə – Səfəvilərin yeddinci şiə imamı, onun vasitəsilə isə Məhəmməd Peyğəmbərin özü ilə qohumluq iddialarını əsaslandırmağa xidmət edir. Buna görə də müəllif öz əsərinin bu cildini “Fütuhati Şahi”nin sonrakı cildlərinə münasibətdə “müqəddimə” adlandırır.
Əsərin ikinci cildi (dəftəri) birincidə olduğu kimi böyük fəsillərə bölünmür. Ayrı-ayrı, qarşılıqlı əlaqəsi olan başlıqlar altında Şah İsmayılın Übeydulla xanın və Teymur Sultanın hicri 919-cu (1513-1514) ildə Herata basqını ilə əlaqədar Xorasana təkrar yürüşünə qədər bütün hərbi əməliyyatlar haqqında danışılır. Beləliklə, ikinci cild də həmçinin, təxminən on iki ili əhatə edir11.
Əmininin dili olduqca ibarəli, üslubu mübaliğəli və az məzmunludur. Hekayəyə Qurandan xeyli miqdarda iqtibaslar, hədislər, həmçinin şeir parçaları daxil edilmişdir. A.M.Mirzoyevin göstərdiyi kimi, əgər xüsusi variantlar nəzərə alınmazsa, “Fütuhat-i Şahi”nin və “Şahənşahnamə”nin ikinci cildinin mətnləri oxşardır. Mətnlərin eyniliyi buna şəhadət verir ki, “Şahənşahnamə” müstəqil əsər deyildir və “Fütuhati- Şahi”nin ikinci cildinin (ikinci dəftərinin) nüsxəsidir. A.M.Mirzoyev “Şahənşahnamə”ni “Fütuhati-Şahi”nin ikinci cildinin yeni redaksiyası hesab edir12.
Biz “Şahənşahnamə” adı ilə məlum olan ikinci cildin Sankt-Peterburq nüsxəsindən istifadə etdik. Qeyd etmək lazımdır ki, bu nüsxədən tarixşünaslıqda əməli surətdə istifadə edilməmişdi13.
Sankt-Peterburq əlyazması 235 vərəqdə, iri və aydın nəstəliq xətti ilə yazılmışdır. Bu nüsxədə döyüş, şahın ova çıxması, oyunlar və s. səhnələri təsvir edən səkkiz gözəl miniatür də vardır.
İbrahim Əmininin əsəri müasirlərinə yaxşı məlum idi və feodal tarixşünasları tərəfindən I Şah İsmayılın hərbi yürüşlər tarixinə dair əsas mənbə hesab edilirdi. Xronoloji nöqsanlara baxmayaraq, hadisələr, o cümlədən İsmayılın Şirvanda Fərrux Yasara qarşı hərbi əməliyyatları, onun Ağqoyunlu Əlvəndlə, həmçinin də İranın feodal hakimləri ilə döyüşləri zəngin faktiki materiallar əsasında şərh edilmişdir. Müəllif bu hadisələrin şahidi olmasa da, onların təsvir üsulu bu yürüşlərin şahidi və iştirakçılarının, Şah İsmayılın yaxın silahdaşlarının – qızılbaş sərkərdələrinin söylədiklərinə əsaslandığı üçün böyük maraq doğurur. Bütün bu dövr ərzində Əmininin yaşadığı Xorasanla bağlı hadisələr isə ətraflı, canlı, təfsilatı ilə işıqlandırılmışdır. Təbiidir ki, Əminidən obyektivlik, bitərəflilik gözləmək olmazdı. Çünki müəllif İsmayılın yürüşlərinin, istilalarının rəsmi tarixini sinfi mövqedən yazmışdır. Onun vəzifəsi bundan ibarət idi ki, öz hökmdarının əməllərini şöhrətləndirsin. Buna görə də Əmini bu yürüşlərin mədhiyyəçisi, şiəliyin və Səfəvilərin tərəfdarı kimi çıxış edir. Xalqın vəziyyəti Əminini qətiyyən maraqlandırmırdı. O, siyasi əhəmiyyəti olan hadisələr haqqında danışır, onların tarixinə, qarşılıqlı səbəb və əlaqəsinə isə məhəl qoymurdu. Əsərdə Cənubi Qafqazın və İranın siyasi tarixinə dair çoxlu maraqlı məlumat vardır (sosial-iqtisadi səciyyəli məlumatlar isə yox dərəcəsindədir).
I Şah İsmayılın naməlum (adı bilinməyən) tarixçisi tərəfindən ədəbiyyatda şərti olaraq “Tarix-i şah İsmayıl-i Səfəvi” (“Şah İsmayıl Səfəvinin tarixi”) adını almış, I Şah İsmayılın həyatının salnaməsi yazılmışdır. Əsər I İsmayılın əcdadları haqqında qısa tarixi ekskursla başlanır, onun gəncliyində baş verən hadisələri işıqlandırır, Səfəvilər dövlətinin banisinin bütün şahlıq dövrünü əhatə edir və onun oğlu I Şah Təhmasibin Təbriz taxtına çıxması ilə başa çatır. Əsər tam nəşr olunmamışdır. Yalnız I İsmayılın həyatının ilk illərinə (1499-cu ilədək) aid olan parçalar keçən yüzilliyin sonunda Denison Ross tərəfindən ingilis dilinə tərcümədə dərc olunmuşdur14.
Salnamənin iki əlyazma nüsxəsi məlumdur: onlardan biri Londonda – Britaniya muzeyində15, digəri isə Kembric universitetinin kitabxanasında16 saxlanılır. Anonimin bizim istifadə etdiyimiz17 London əlyazması 21 miniatürlə bəzədilmiş, 307 vərəqlə (614 səhifə), gözəl nəstəliq xətti ilə yazılmışdır. Nüsxənin yazılma tarixi (Ç.Riyöyə görə) XVI əsrdir.
“Tarix-i Şah İsmayıl-i Səfəvi” (Ç.Riyö və D.Rossun haqlı olaraq göstərdikləri kimi) özünün xeyli hissəsi ilə Xondəmirin ilk Səfəvi şahının həyat və fəaliyyətinə həsr olunmuş “Həbib əs-siyər” əsərinin üçüncü cildinin dördüncü hissəsinə tam şəkildə uyğun gəlir. Məlumdur ki, Xondəmir öz əsərini hicri 930-cu (1524) ildə, I İsmayılın ölümündən bir ay əvvəl başa çatdırmışdır, halbuki bəhs etdiyimiz əsər I Şah Təhmasibin hökmdarlığı dövründə yazılmışdır. Tədqiqatçılar onun yazılma tarixini bir qədər dəqiqləşdirməyə cəhd göstərmişlər. Mətnin özündə göstərilən Teymuri Məhəmməd Zaman Mirzənin18 vəfat etdiyi hicri 947-ci (1540) il tarixinə əsasən belə bir fikir söylənilmişdir ki, əsər 1540-cı ildən sonra tamamlanmışdır. Eyni zamanda, müəyyən edilmişdir ki, bu salnamə Xondəmirin oğlu Mahmudun hicri 955-ci (1548) ildə yazmağa başladığı tarixi xronikasında istifadə olunmuşdur19. Bu mülahizələrdən çıxış edərək belə bir nəticəyə gəlmək olar ki, göstərilən əsər 1540 və 1548-ci illər arasındakı20 dövrdə yazılmışdır.
Ç.Riyo qeyd edir ki, anonim müəllifin Xondəmirin mətnlərinin eyniliyi birincinin ikincinin əsərini köçürdüyünü bildirsə də, naməlum müəllifin əsərində əlavə təfərrüatların olması onların həm də müxtəlif məlumat mənbələrinə əsaslandığını göstərir21. D.Ross habelə göstərirdi ki, “Tarix-i Şah İsmayıl-i Səfəvi”də “Həbib əs-siyər” əsərində olmayan çoxlu bioqrafik və coğrafi təfsilat vardır. D.Ross I Şah İsmayılın tarixinə dair bu iki çox mühüm ilkin mənbəni müqayisə edərək bu xronikaya üstünlük verirdi. Güman etmək olar ki, Xondəmir hicri 930-cu ilədək (“Həbib əs-siyər”in yazıldığı dövr) Xorasanda yaşamışdır və onun dövlətin başqa ərazisində, o cümlədən də Azərbaycanda olub-olmaması sualına daha çox mənfi cavab verilməlidir. Ehtimal etmək olar ki, Xondəmir I Şah İsmayıl və onun istilaları haqqında məlumatı Xorasana gələn şah sarayı məmurlarından, yaxud bizə məlum olmayan digər mənbələrdən alırdı. Güman etmək olar ki, bizim müəllif Səfəvilərə yaxın olmuşdur və öz əsəri üçün Xondəmirin kitabını əsas kimi götürmüş, onu Azərbaycanda, burada baş verən hadisələrlə bilavasitə, şəxsən tanış olduğu materialla zənginləşdirmişdir22. Onun hətta İsmayılın ilk yürüşlərinin iştirakçısı olduğunu da ehtimal etmək olar. Nəzərdən keçirilən əsərin müəllifinin şəxsiyyəti barədə müxtəlif fikirlər söylənilmişdir (X.Bexeviç, V.Minorski, V.Hins və b.). Əsər müəllifınin adı bizə tam məlum olmasa da, onun “Bicən” sözü ilə başladığı barədə əsərin London nüsxəsinin 82a vərəqinin haşiyəsində işarə vardır. Q.Sərvərin fikrincə, həmin əlyazmanı müəllifin özü nəzərdən keçirmiş və öz əli ilə orada düzəlişlər etmişdir (çünki bu və bir sıra digər haşiyə yazılarında yazan adamın özünü bildirən “miskin qul” (bəndeyi-kəmtərin) ifadəsi işlədilir23. Bəlkə də Q.Sərvər öz ehtimalında haqlıdır, lakin bununla əsərin müəllifliyi məsələsinin həll olunduğunu iddia etmək mümkün deyildir.
Tarix elmi I Şah İsmayıl hakimiyyəti tarixinə dair üç ilk mənbəyə – “Fütuhat-i şahi”, “Həbib əs-siyəf” və bəhs etdiyimiz səlnaməyə malikdir. Biz bu əsərləri tutuşduraraq belə bir nəticəyə gəldik ki, nəzərdən keçirilən əsər I Şah İsmayılın hakimiyyəti, XVI əsrin I rübündə Azərbaycanda və həmhüdud ölkələrdə Səfəvilər dövlətinin yaranması tarixi haqqında daha tam, dəqiq və müfəssəl hekayədir.24
“Tarix-i Şah İsmayıl-i Səfəvi” İsmayılın, ənənəvi olaraq, yeddinci imam Musa əl-Kazıma gedib çıxan şəcərəsinin şərhi ilə başlanır. Səfəvilərin əcdadları haqqında yarıəfsanəvi səciyyəli oçerk qismən Təvəkkül ibn Bəzzazın “Səfvət əs-səfa” adlı agioqrafik əsərindən götürülmüşdür25.
Bu giriş hissəsindən sonra salnaməçi öz hekayəsinin başlıca mövzusunun şərhinə başlayır. Tarixi hadisələr hicri 930-cu (1524) ilə qədər şərh edilir. Biz naməlum müəllifin və Xondəmirin əsərlərinin mətnlərinin uyğunluğunu qəbul etməklə, burada onların arasındakı ayrı-ayrı yerlərdə çox əhəmiyyətli görünən fərqləri qeyd etmək istərdik. Anonim müəllifin əsərinin bir sıra üstünlükləri vardır. Əsər, Xondəmirin hekayəsini ayrı-ayrı təfsilat və təfərrüatlarla tamamlaması faktı ilə deyil, konkret tarixi materialla zəngin olan, əhəmiyyətli, bütöv yeni başlıqların mövcudluğu ilə qiymətlidir26.
Orta əsr salnaməçilərinin əksəriyyətinin əsərlərində olduğu kimi, naməlum müəllif üçün də Azərbaycan müstəqil maraq obyekti deyildir. Azərbaycan barəsində o, qızılbaşların ora yürüşləri, qiyamlar, şahın ov səhnələri və digər hadisələrlə əlaqədar yazırdı. Buna baxmayaraq, onun verdiyi məlumatlar çox maraqlıdır.
Naməlum salnaməçi Azərbaycanda və İranın Xəzərsahili vilayətlərində qızılbaş hərəkatının ilk mərhələləri haqqında orijinal və çox qiymətli material verir27. 1501-ci ildə bakılıların güclü müqaviməti və I Şah İsmayılın Bakını tutmasına həsr olunmuş səhifələr Azərbaycan tədqiqatçıları üçün böyük maraq kəsb edir28. Yeri gəlmişkən qeyd edək ki, Həsən bəy Rumlunun “Əhsən ət-təvarix”indəki gerçəkliyə uyğun olan hekayə naməlum müəllifdən götürülmüşdür, həm də bu zaman mühüm təfsilat nəzərə alınmamışdır. Azərbaycanda və İranda siyasi vəziyyətin səciyyəsi, feodal pərakəndəliyi və XVI əsrin əvvəlində öz müstəqilliyini qoruyaraq Səfəvilərlə mübarizə aparan yerli hökmdarlar barəsində də eyni sözləri demək olar29. Hicri 911-ci (1506) il və 915-ci (1509) ildə qızılbaşların Şirvana yürüşləri haqqında hekayə çox məzmunludur30.
Müəllif hakim sinfin nöqteyi-nəzərindən, şiəliyin müdafiəsi, Səfəvilərin ifrat dərəcədə təriflənməsi mövqeyindən çıxış edir. O, habelə saray tarixşünaslığının tipik üsullarından istifadə edir. Döyüşlərdən, şah ovlarından, ziyafətlərdən və s. bəhs edərkən onun dili təmtəraqlı və az məzmunlu olur. Qalan hallarda təhkiyənin lakonikliyi, hadisələrin əlaqəli şəkildə şərh olunması, onların tarixinin dəqiq göstərilməsi ilə fərqlənir ki, bütün bunlar həmin salnaməni bu dövrün tədqiqi üçün əvəzsiz edir. Salnaməçi Şah İsmayılın şərti adından, onu “Xaqan-i Süleymanişan-i sahibqiran”31, yəni “Ulduzlar cədvəlinin xoşbəxt sahibi olan Süleymana layiq”32 hökmdar ifadəsi ilə əvəz etməklə istifadə edir.
Bütövlükdə müəllifin bitərəfliliyinə baxmayaraq, o, müəyyən mənada obyektivliyi saxlamağa nail olur. Onun rəvayətində XV əsrin sonu–XVI əsrin əvvəlində Azərbaycanın və İranın sosial-iqtisadi vəziyyəti barəsində özünə yer tapmış ayrı-ayrı təfərrüatlara təsadüf edilir33. Adı çəkilən “Səffat əs-səfa“ və “Həbib əs-siyəf”dən başqa, müəllifin həmçinin İbrahim Əmininin “Fütuhat-i Şah-i” əsərindən də istifadə etdiyini güman etmək olar. Bu, belə bir cəhətdə xüsusilə özünü göstərir ki, hər iki mənbədə İsmayılın Kaşana daxil olması və şəhərlilərin onu qarşılaması, həmçinin şəhərdəki təntənələr haqqındakı hekayələr eynidir34.
“Təzkirey-i Şah Təhmasib” (“Şah Təhmasibin təzkirəsi”) əsərinin kimə aid olması məsələsi indiyə kimi tədqiqatçılar arasında mübahisə və ixtilaflara səbəb olmuşdur. Onların əksəriyyəti (F.Töyfel, P.Horn, D.Fillot, X.Bexeviç, E.Broun, V.Hins) “Təzkirə”nin müəllifliyini I Şah Təhmasibin adına çıxırlar. ”Təzkirə” mətninin P.Horn tərəfindən nəşrinə35 dair özünün tənqidi rəyində rus iranşünası V.A.Jukovski bu baxışın əleyhinə çıxış etmişdir36. V.A.Jukovski həmin əsərin Sankt-Peterburq əlyazmasına əsaslanaraq37 sübut etməyə çalışırdı ki, bu əsər I Şah Təhmasibin “gündəliyi”, yaxud “memuarları” deyildir və şahın Osmanlı səfiri ilə müsahibəsinin protokoludur38. İ.P.Petruşevski39 və K.Q.Tabatadze40 də bu nöqteyi-nəzəri müdafiə edirlər.
Tarix elminə bu əsərin iki variantı məlumdur. Birinci variant yalnız iki nüsxədə (Sankt-Peterburq və Tiflis) saxlanılır. “Şah Təhmasibin Rum səfirləri ilə söhbəti” başlığı ilə verilmişdir. “Şah Təhmasibin təzkirəsi” adlanan digər nüsxələr təxminən eynidir və I Şah Təhmasibin hakimiyyətindən bəhs edən tarixi müqəddimənin ön söz kimi verildiyi, yuxarıda adı çəkilən “Söhbətin” bir qədər dəyişilmiş variantıdır. Bu hekayədə hicri 930-938-ci (1524-1532) illərin hadisələri şərh edilir və mənbə Səfəvi–Osmanlı münasibətləri ilə əlaqədar deyildir.
Əsərin Sankt-Peterburq əlyazması beş “hekayədən” (Üləma bəy Təkəli41, Qazi xan Təkəli42, Əlqas Mirzə43, İsgəndər paşa44 və Sultan Bayazid45 haqqında) ibarətdir.
“Təzkirə” yaddaş qeydləri, memuar səciyyəsi daşıyır. Buna görə də xronoloji ardıcıllıq tez-tez pozulur, real hadisələr şahın röyaları və şəxsi mülahizələri ilə qarışıq şəkildə rəvayət edilir. Hekayə hər yerdə birinci şəxsin, I Şah Təhmasibin dilindən söylənilir. Şahın baxışlarının əks etdirən təsvirlər obyektivliyi ilə fərqlənmir. Buna baxmayaraq, I Təhmasibin əsəri Həsən bəy Rumlunun və digər salnaməçilərin məlumatlarını tamamlayan qiymətli ilkin mənbədir. “Təzkirə”nin I Şah İsmayılın vəfatından sonra qızılbaş tayfalarının üsyanı, XVI əsrin birinci yarında Səfəvi–Osmanlı müharibələri, 1538-ci ildə Şirvan ərazisinin Səfəvi dövlətinə birləşdirilməsi və s. haqqında məlumatları xüsusilə maraqlıdır. Əsərdə Səfəvilərin inzibati idarə sistemi, vilayət hakimlərinin təyin olunması, bağışlanmış mülklər və s. barəsində material vardır.
Əli Zeynalabdinin (Əbdibəy təxəllüslü şair) “Təkmilət əl-əxbar” (“Xəbərlərin təkmili”) əsəri tarixi-xronikal səciyyə daşıyır, ümumtarix əsəridir və dörd fəslə (baba) bölünmüşdür. Müsəlman sülalələrinə həsr olunmuş dördüncü fəslin sonuncu hissəsində ilk Səfəvilərin – I İsmayılın və I Təhmasibin hakimiyyət illəri şərh edilir. Əsərin istifadə etdiyimiz, keçmiş SSRİ-də yeganə nüsxəsi natamamdır, hicri 968-ci (1560-1561) ilin hadisələrinin şərhində kəsilir46.
I Şah Təhmasibin hakimiyyət dövrü hadisələrinin təsviri faktik material və elə təfərrüatlarla zəngindir ki, bunlara digər, sinxron salnamələrdə təsadüf edilmir. Məsələn, dövlət banisinin vəfatından sonra qızılbaş feodal əyanlarının torpaq və yüksək vəzifələr uğrunda dramatik mübarizəsinin gözlənilmədən dəyişkənliyə uğraması faktları şahidin canlı hekayəsində verilmişdir. Əsərdə Səfəvilər dövlətinə birləşdirildikdən sonra Şirvanın vəziyyəti, Əlqas Mirzənin qiyamı, Abdulla xan Ustaclının Şirvanda Bürhan Mirzənin, Mehrabın və Qasım Mirzənin separatçı çıxışlarına qarşı mübarizəsi haqqında mühüm məlumatlar vardır.