Faqat Litresda o'qing

Kitobni fayl sifatida yuklab bo'lmaydi, lekin bizning ilovamizda yoki veb-saytda onlayn o'qilishi mumkin.

Kitobni o'qish: «Ögedey»

Shrift:

"Məndən sonra yerimə Ögedeyin keçməsini istəyirəm. Onu ağıllı, uzaqgörən və təcrübəli olduğu üçün buna layiq bilmişəm".

Çingiz xan

I FƏSİL
ÇİNGİZİN XƏLƏFİ

Çingiz xan (1155–1227) öləndə oğlu, eyni zamanda xələfi olan Ögedeyə viran qalmış bir dünya miras qoymuşdu: Asiyanın bir ucundan o biri ucuna qədər yüz lərlə şəhər, onlarla ölkə monqol atlarının dırnaqları altında xaraba qalmışdı. Milyonlarla insan özünü «Tanrının qəzəbi» hesab edən monqol xanının qurbanına çevrilmişdi. Çingiz xan hakimiyyəti boyunca yalnız istilalarla və cəzalandırmaqla məşğul oldu. Onun yaratdığı və adını Monqol qoyduğu dövlətin əsl yüksəlişi oğlu Ögedeylə bağlıdır.

Oktay adı Azərbaycan və Anadoluda çox sevilən, populyar adlardan biridir. Bu ad Böyük Monqol hökmdarı Ögedeyin adının türkcə tələffüzüdür. Atasından sonra monqolların xanı seçilən Ögedey Çingizin övladları arasında ən ağıllısı hesab edilirdi. Ancaq bütün monqol kişiləri kimi, içkiyə olan düşkünlüyü onun da ölümünü tezləşdirəcəkdi…

Elxanlı dövrü (1258–1357) tarixçilərindən Ata Məlik Cüveyninin yazdığına görə, Çingiz xan hakimiyyətinin son illərində çox narahat idi. Belə ki, onu dövlətinin özündən sonrakı aqibəti hədsiz düşündürürdü. Çingiz xan uzun götür-qoydan sonra varis olaraq ortancıl oğlu Ögedeyi müəyyənləşdirmişdi. Odur ki digər oğullarına və əmirlərinə gələcəkdə Ögedeyin hakimiyyəti altında birləşmək barədə ardıcıl məsləhətlər, nəsihətlər verirdi.

Qardaşlarından öz ağlı və fərasəti ilə fərqlənən Ögedey mərhəmətliliyi ilə də onlardan müəyyən qədər seçilirdi.

Atasının vəfatından bir il sonra, yəni 1228-ci ildə keçirilən qurultayda xan seçilən Ögedey 1241-ci ilə qədər Monqol taxtında oturdu. Hakimiyyəti uzun sürməsə, cəmi 13 il davam etsə də, o, Monqol dövlətinin qüdrətini artırdı və onu gücləndirdi. Buna görə də Ögedey «monqol əsrinin» qurucusu sayılır. Atasının ona buraxdığı əraziləri iki dəfə genişləndirən Ögedey nəticədə Avrasiya qitəsinin, az qala, dörddən üçünə hökm eləmişdir. İnsanlıq tarixində nə ondan əvvəl, nə də sonra heç bir hökmdar yer üzündə bu qədər böyük əraziyə sahib ola bilməyib.

Çingiz xan monqol hökmdarı kimi öldü. Oğlu Ögedey isə türk-monqol xanı kimi həyata gözlərini yumdu. İmperiyanın idarəsini müsəlman-türk bürokratlara tapşıran Ögedey, uyğur əlifbasını qəbul etməkdən çəkinməmiş, nəticədə dövlətin bütün hesab-kitab işləri türk məmurlarının əlində cəmləşmişdi. Beləliklə, Monqol imperiyasının idarəçiliyində monqolların təsirini kəskin azaldan Ögedey, eyni zamanda atasının vəsiyyətini çeynəyən ilk monqol kimi tarixə düşdü. Belə ki, Çingiz xanın öz adını daşıyan qanunlar toplusu («Çingiz xan yasası») və hakimiyyətin ötürülməsi haqqında vəsiyyəti var idi. Həmin vəsiyyətində Çingiz xan «monqolların bir-birinə düşmən olmamasını, idarəçiliyi daim öz əllərində saxlamasını» məsləhət görür, monqol irqinin aliliyini ifadə edirdi. Ancaq Ögedey monqollardan daha yüksək bacarığa malik türk və çinli dövlət adamlarını idarəetmə sisteminə yerləşdirməklə atasının həmin vəsiyyətindən kənara çıxmışdı.

Çingizin oğulları

İlk xatunu Börtədən olan oğullarına qarşı Çingiz xanın münasibəti birmənalı deyildi. Bunun da səbəbləri var idi. Məsələn, atasından bir qədər əvvəl dünyasını dəyişən böyük oğlu Cuçinin merkit1 qanı daşıdığına dair iddialar dolaşırdı. Tarixşünaslıqda geniş yayılan bu iddianın ortaya çıxması heç də təsadüfi deyil. Məsələ burasındadır ki, Cuçi anası Börtə merkitlərin əlində əsir olarkən dünyaya gəlib. Börtənin merkitlərin əlində doqquz ay əsir qaldığı və bu müddət ərzində Çilgər-bökö adlı merkitin çadırında yaşadığı məlumdur. Əsirliyinin doqquzuncu ayında Çingiz xan arvadını xilas edərkən Cuçi yenicə doğulmuşdu. Nəzərə alsaq ki, Börtə ilk oğlunu normal doğum vaxtında dünyaya gətirib, onda Cuçinin, əslində, Çingiz xanın qanını daşıdığına şübhə eləməmək lazımdır. Düzdür, sonralar Çingiz xan oğullarını heç vaxt bir-birindən ayırmayıb, lakin ilk övladı olan Cuçiyə də hər hansı xüsusi rəğbət bəsləməyib. Börtənin özü belə, sözsüz ki, Cuçinin məhz Çingiz xandan olduğunu qəti şəkildə söyləyirdi. Buna baxmayaraq, Cuçinin kimliyi haqqında hələ Çingiz xan zamanında monqollar arasında şayiələr dolaşırdı. Ögedey xanın hakimiyyəti dövründə yazılan «Monqolların gizli tarixi» (bundan sonra «Gizli tarix») əsərində merkitlərlə müharibə və Börtənin xilas edilməsi geniş şərh edildiyi halda, Cuçinin doğulmasından bəhs olunmaması çox maraqlıdır…

Cuçi adı monqolca «ev sahibi» (coçi) mənasına gəlirdi. Elə Çingiz xanın qardaşı da eyni adı daşıyırdı. Cuçi adı monqollar arasında çox sevilirdi2. Bu adın Qərbi Hunların (b.e.ə. 48–36) yeganə hökmdarı Çi-çi yabqunun adı ilə eynilik təşkil etdiyini düşünürük.

«Gizli tarix» əsərində Cuçinin ölümü barədə də danışılmır.

***

Çingiz xan ilə böyük oğlu sonuncu dəfə 1223-cü ilin yayında Otrar şəhəri3 ilə Talas çayı arasındakı Kulanbaşı adlanan yerdə görüşdülər. Bu tarixdən sonra bir daha atasının yanına getməyən Cuçi ona verilən Sibir, Mərkəzi Asiya ilə Xəzər dənizinə qədər olan Böyük Dəşti-Qıpçaq torpaqlarını idarə etməyə başladı. Əxlaqı və davranışları ilə qardaşlarından hədsiz dərəcədə seçilən Cuçi monqollar tərəfindən dağıdılan bir çox müsəlman şəhərini (məsələn, Xarəzmi) bərpa etməyə çalışmışdı…

Atasının hüzuruna gəlməməsi Cuçi haqqında çoxlu şayiələrin ortaya çıxmasına səbəb oldu. Söz-söhbət gəzirdi ki, Cuçi ona aid torpaqlarda müstəqil dövlət yaratmaq iddiasına düşüb. Həmin şayiə axırda Çingiz xanın da qulağına çatmış və onun narahatlığına səbəb olmuşdu. Ona görə də deyilənləri aydınlaşdırmaq üçün böyük oğlunu hüzuruna çağırmışdı. Lakin Cuçi xəstə olduğunu bildirərək atasının dəvətini geri çevirdi. Çox keçmədən isə qərb əyalətlərindən gələn bir monqol Cuçini ovda gördüyünü söylədi. Bunu eşidən Çingiz xan yayılan şayiələrin doğruluğuna inanmağa başladı. İntəhası qısa müddətdən sonra – 1227-ci ilin fevral ayında Cuçinin ölüm xəbəri yayıldı. Bununla da onun, həqiqətən, xəstə olduğu aydınlaşdı. Üstəlik, təsdiqləndi ki, Cuçinin müstəqil dövlət yaratmaq istədiyi barədə şayiələr də tamamilə əsassız imiş…

Ancaq onu da qeyd eləmək lazımdır ki, Cuçinin atasına qarşı soyuq münasibət bəslədiyi barədə fikirlər heç də boş söz-söhbət deyil. Məsələ burasındadır ki, böyük övlad olduğu halda, atası onu vəliəhd kimi görmürdü. Bu da Cuçinin Çingiz xana soyuq yanaşmasına gətirib çıxarmışdı. Sonralar hətta Cuçinin övladları da atalarına qarşı bu münasibəti əsla unutmayacaqdılar4

Fransız şərqşünası J.P.Runun yazdığına görə, Cuçi 1182-ci ildən əvvəl anadan olub. Rus şərqşünası V.V.Bartold5 isə Cuçinin yaşının 1225-ci ildə 40-dan aşağı olmadığı qənaətindədir. Bu hesabla, Bartold onun 1185-ci ildən əvvəl dünyaya gəldiyi fikrindədir. Məlumdur ki, Çingiz xanın təvəllüdü ilə bağlı bir neçə tarix göstərilir. İlk monqol xanının doğum tarixini 1155-ci ildən hesablasaq, onda belə çıxır ki, Çingiz xan birinci dəfə ata olarkən 28-30 yaşlarında imiş. Çingiz xanın 1162-ci ildə dünyaya gəldiyini əsas götürsək, onun 21–23, 1167-ci ildə doğulduğunu qəbul etsək, 16–18 yaşlarında ata olduğu aydınlaşır. Atası ölərkən 9–10 yaşında olan Çingiz, arvadı Börtəni merkitlərdən xilas edəndə 18-20 yaşında idi. Beləliklə, ilk monqol xanının 1173–1175-ci illər arasında evləndiyini və ilk oğlu Cuçinin də bu tarixlərdə dünyaya gəldiyini düşünə bilərik. Nəticə etibarilə dünyasını dəyişərkən Cuçinin 52–54 yaşında olduğunu söyləmək mümkündür.

***

Atasından 6 ay əvvəl vəfat edən Cuçinin ölümü Çingiz xandan sonra Böyük Monqol taxtına çıxacaq namizədlərin sayını üçə endirdi.

Çingizin ikinci oğlu Cağatay idi. J.P.Ru yazır ki, Cuçidən iki yaş kiçik olan Cağatay 1184‐cü ildən əvvəl anadan olub. Cuçinin anadan olduğu tarixi nəzərə alsaq, Cağatayın doğum tarixini 1175–1177-ci illər olaraq göstərmək ağlabatandır. Cağatay 1242-ci ildə vəfat edib və onun həmin vaxt 65–67 yaşında olduğunu yaza bilərik.

Çingizin üçüncü oğlu Ögedeyin anadan olduğu tarix də bilinmir. Onun 1241-ci ildə vəfat edərkən 55 yaşında olduğu bildirilir. J.P.Ru bu tarixi əsas götürərək Ögedeyin 1186-cı ildə dünyaya gəldiyini yazır. Belə olan halda, Cağatay ilə Ögedey arasında 9–11 yaş fərqinin olduğu ortaya çıxır. Ru həmçinin Cağatay ilə Ögedey arasında Börtənin bir qız və bir oğlan uşağı dünyaya gətirdiyini, lakin həmin uşaqların yaşamadığını da bildirir. Məlum olduğu kimi, Çingizin Börtədən dörd oğlu və iki qızı6 doğulub.

Çingiz xanın axırıncı oğlu Tuluy 1232-ci ildə vəfat edib. Onun həmin vaxt 39–40 yaşlarında olduğu deyilir. Mənbələrə əsasən, 1198‐ci ildə tatarlar 5 yaşlı Tuluya qəsd ediblərmiş. Həmin faktdan çıxış eləsək, Tuluyun 1193-cü ildə anadan olduğunu söyləyə bilərik. Tarixi qaynaqlarda Börtənin Ögedey ilə Tuluy arasında 7 il oğlan uşağının olmadığı qeyd edilir. Bu isə o deməkdir ki, Ögedeyin 1186-cı ildə, Tuluyun 1193-cü ildə anadan olması barədə mülahizələr daha doğrudur. Digər tərəfdən, 1208-ci ildə övladı Məngü dünyaya gələndə Tuluy 16 yaşında idi. Bu da onun 1193-cü ildə anadan olduğunu sübut eləməklə yanaşı, 15 yaşında evləndiyini söyləməyə əsas verir.

Çingiz xandan bir yaş böyük olan, yəni 1154-cü ildə doğulan Börtə axırıncı övladı Tuluyu dünyaya gətirərkən 40 yaşında imiş.

Ümumiyyətlə isə, Börtə 1173/75–1193-cü illər arasında Çingiz xandan 6 övlad (daha da çox ola bilər) dünyaya gətirib. Çingiz xanla Börtənin bütün uşaqları evliliklərinin ilk 20 ilində dünyaya gəlib. Bu məlumatdan çıxış etdikdə Börtənin ilk dəfə 19–21 yaşlarında ana olduğu aydınlaşır.

Yeri gəlmişkən, onu da vurğulamaq lazımdır ki, yuxarıdakı bütün hesablamalar Çingiz xanın donuz ilində, yəni 1155-ci ildə anadan olduğu tarixə görə aparılıb. Yox, əgər bəzi mənbələrin qeyd etdiyi kimi Çingiz xan 1167-ci ildə (yəni növbəti donuz ilində) dünyaya gəlibsə, onda belə çıxır ki, o, axırıncı dəfə ata olarkən (yəni Tuluy doğularkən) 26 yaşında imiş. Cuçinin 1182-ci ildə anadan olduğunu əsas götürsək, bu, inandırıcı görünmür.

Çingiz xanın 1162-ci ildə anadan olduğu barədə üçüncü iddianı doğru saymaq üçün isə, ümumiyyətlə, heç bir əsas yoxdur. Üstəlik, həmin tarix donuz ilinə düşmür. Halbuki tarixi mənbələr ilk monqol xanının məhz donuz ilində dünyaya gəldiyi fikrində həmrəydirlər.

Beləliklə, Çingizin təvəllüdü ilə bağlı ən ağlabatan fikir onun 1155-ci ildə anadan olmasıdır. İlk dəfə ata olması ilə bağlı tarixə gəlincə isə, bu ən tez 1173, ən gec isə 1175-ci ildə baş verə bilərdi…

Ata Məlik Cüveyniyə görə, Çingiz xanın Yesi Bəkidən7 dörd oğlu vardı. Xan hələ öz sağlığında onlara müxtəlif vəzifələr vermişdi. «Böyük oğlu Tuşi (Cuçi) monqollar arasında bəyənilən və etibarlı vəzifələrdən olan ov işlərini idarə edirdi. Ondan kiçik olan Cağataya qanunları qorumaq tapşırılmışdı, Ögedeyə məsləhətçi, Tuliyə (Tuluy) isə ordu komandanlığı vəzifələri həvalə olunmuşdu».

Beləliklə, buradan belə aydın olur ki, Çingiz xanın bütün oğulları dövlət idarəçiliyində yaxından iştirak edirdilər.

Ögedeyin vəliəhd elan edilməsi

Monqolca adı Oqodai olan Ögedey (bəzi mənbələrdə Ugidey), əvvəl də qeyd elədiyimiz kimi, Çingiz xanın dörd oğlundan üçüncüsü idi. Xan hələ sağlığında onu öz vəliəhdi elan etmişdi. Buna görə də Çingizin vəfatından sonra taxta kimin çıxacağı haqqında heç bir mübahisə yaşanmadı.

Çingiz xan ölərkən 72 yaşında idi. O hələ Mavəraünnəhr8 səfəri ərəfəsində öz varisini müəyyənləşdirmişdi.

«Gizli tarix»də vəliəhd seçilməsi ilə bağlı maraqlı bir məlumat yer alır. Həmin məlumat vəliəhdlik məsələsinin ilk dəfə 1219-cu ildə Mavəraünnəhr səfəri zamanı gündəmə gəldiyini təsdiqləyir. Belə ki, səfər ərəfəsində Çingiz xan oğulları, qardaşları, sərkərdələri və xanımları ilə öz çadırında mühüm məsələlərlə bağlı məsləhətləşirdi. Bu zaman Yesui xatun ərindən «bu səfərdə öləcəyi təqdirdə, ulusuna kimin rəhbərlik etmək istədiyini» soruşdu. Çingiz xan bu suala görə Yesuiyə haqq qazandırdı, üstəlik, varislik məsələsini indiyədək bircə dəfə də olsun gündəmə gətirməyən oğullarına, qardaşlarına və sərkərdələrinə irad tutdu. Sonra isə böyük oğlu Cuçiyə çevrilərək onun fikrini öyrənmək istədi. Lakin Cuçi ağzını açmağa macal tapmadı, belə ki, Cağatay sözə qarışıb atasının üzünə dedi: «Cuçiyə söz verməklə onu xələfin elan etmək istəyirsən? O, merkitlərin əsarətində dünyaya gəlib. Necə ola bilər ki, dövlətin idarəçiliyini özündən sonra ona tapşırasan?» Qardaşının bu sözlərindən qəzəblənən Cuçi onun yaxasından yapışaraq təhdid eləməyə başladı. Araya sərkərdələr girdilər: Borçu qalxıb Cuçini, Muhali də Cağatayı sakitləşdirməyə çalışarkən, başqa bir sərkərdə Kokoços söz alıb uzun məsləhətlər verdi. Bütün bunlar baş verərkən Çingiz xan susur, oğullarının davasını səssizcə izləyirdi.

Kokoçosun ibrətamiz çıxışından sonra Cağatay atasına Ögedeyi vəliəhd elan etməsini məsləhət gördü. Buna əsas kimi isə «Ögedeyin sakit təbiətli olmasını» göstərdi. Cağatayın təklifinə öz münasibətini bildirməsi üçün Çingiz xan üzünü yenidən Cuçiyə çevirdi. Cuçi də öz növbəsində Ögedeyin namizədliyi ilə razılaşdığını söylədi. Məclisdə Ögedey ilə Tuluyun da varisliklə bağlı fikirləri soruşuldu.

Beləcə, Çingiz xan üçüncü oğlu Ögedeyi öz vəliəhdi seçdi. Bunda heç də Cağatayın təklifi həlledici rol oynamamışdı. Belə ki, Çingiz xan Ögedeyin sakit təbiətli və ağıllı olması ilə yanaşı, qardaşları arasında balansı qoruyub-saxlamaq bacarığını da nəzərə almışdı. Nəticədə məhz onu öz vəliəhdi elan etməyə qərar vermişdi. Buna baxmayaraq, Çingiz xan gələcəkdə «Ögedeyin törəmələrindən hər hansı biri fərsiz hökmdar olacağı təqdirdə, digər qardaşların törəmələrindən birinin taxta çıxarılmasını» da tövsiyə eləmişdi.

Monqol xanı hakimiyyətinin son çağlarında oğullarına və sərkərdələrinə özündən sonra Ögedeyin hakimiyyəti altında birləşməyi tapşırdı. Bu qərarını axırıncı dəfə ölüm yatağında ikən təkrarladı. Cüveyniyə görə, həmin vaxt Çingiz xan «Cağatay, Ögedey, Ulu Noyon9, Kölgen, Gürşetay və Orxanı yanına çağırıb onlara belə dedi: «Artıq xəstəliyimin sağalmasına ümid yoxdur. İndi aranızdan birinin ölkənin idarəçiliyini əlinə alması və özülü sağlam olan yasaları (qanunları) həyata keçirməsi lazımdır. Əgər hamınız birdən xan olmaq istəsə, çoxbaşlı ilana çevriləcəksiniz. Rahat və sakit həyat keçirmək istəyirsinizsə, söylədiyim şəkildə hərəkət edin. Mənim qərarım dəyişməyib: yerimə Ögedeyin keçməsini istəyirəm. Onu ağıllı, uzaqgörən və təcrübəli olduğu üçün buna layiq bilmişəm. Xalqın rifahı və rahatlığı, ordunun uğuru onun dəyanətli idarəçiliyi sayəsində mümkündür. Buna görə də onu öz vəliəhdim kimi təsdiqləyib, ölkənin idarəçiliyini Ögedeyin uğurlu əllərinə təslim edirəm. Lakin digər oğullarımın bu məsələyə münasibətini bir daha bilmək istəyirəm». Bundan sonra şahzadələr atalarının seçimi ilə razılaşdıqlarını göstərmək üçün diz çöküb vəliəhdə itaətlərini bildirdilər. Sonra isə dedilər ki, «bizim və ordumuzun səlaməti Çingiz xanın verdiyi qərardan asılıdır. Onun verdiyi hər əmr, göstərdiyi hər yol doğrudur».

Bundan sonra Çingiz xan yenidən söz aldı: «Əgər hamınız eyni fikirdəsinizsə, qəlbinizdən keçənlər dilinizdəki sözlərlə eynidirsə, onda məndən sonra Ögedeyi xan olaraq qəbul etdiyinizə, onun əmrlərinə qeyd-şərtsiz tabe olacağına dair bir sənəd imzalayın. Beləcə, sonra bu gün verdiyiniz vədlərdən dönməz və mənim sözlərimdən kənara çıxmazsınız».

Elə həmin gün Ögedeyin qardaşları ona itaət edəcəklərinə dair sənəd (xətt) imzaladılar».

Ölümündən öncə Çingiz xan qərbdə Anadolu ilə Volqa çayına dayanan böyük imperiyasına daxil olan torpaqları oğulları və digər ailə üzvləri arasında bölüşdürməyi də unutmamışdır. Belə ki, ata yurdu (otçigin) türk-monqol adətinə görə, xanın ən kiçik oğlu Tuluya verildi. Monqolların ana vətəni hesab edilən Onon çayı ilə Kerulen çayı arasındakı ərazi onun yurdu elan olundu. Həmçinin imperiya ailəsinə və təxminən 100 minlik monqol ordusuna nəzarət Tuluya tapşırıldı. Çingiz xanın yerinə keçəcək şəxsi rəsmi şəkildə təsdiqləmək üçün böyük qurultayı çağırmaq vəzifəsi də kiçik oğulun üzərinə düşürdü.

Çingiz xan böyük oğlu Cuçinin payına düşən mülkləri isə hələ Xarəzmşahlar ölkəsinə səfərindən sonra müəyyənləşdirmişdi. Dəqiq sərhədləri bilinməsə də, bura Ural ilə İrtış çayları arasındakı torpaqlar, Aral dənizi ətrafı, Sığnaka qədər Sırdərya çayının qərb sahili və Balxaşa qədər olan ərazilər daxil idi. Bir sözlə, imperiyanın ən uzaq və ən geniş topraqları Cuçinin nəzarətinə verilmişdi. Onun atasından əvvəl ölməsi bu bölgünü dəyişdirmədi. Çingiz xan oğluna aid torpaqları onun övladlarına (Orda, Batı, Şiban) bağışladı.

Cuçinin torpaqlarının şərqində yerləşən, Qaraxanlı və Qarakitayların qədim yurdu hesab edilən İli çayı ətrafı, İsıq gölü, Çu və Talas bölgələri isə Cağatayın payına düşdü10. Mavəraünnəhr və Cağataya aid ərazilərdəki şəhərlər isə birbaşa böyük xanın idarəçiliyinə keçirildi. Böyük xaqana bağlı həmin bölgələr 100 il boyunca uyğur əsilli türk ailəsi olan Yalavaçlar tərəfindən idarə edildi.

Çingiz xanın varisi Ögedeyin mülkü isə Ala göl, Tarbaqatay dağları və Qara İrtış çayı ətrafındakı torpaqlar, Altay dağları ilə Baykal gölü arasındakı ərazilərdən ibarət idi. Həmin ərazilərin mərkəzi qədim türk şəhəri olan İmil idi.

Çingiz xan öz qardaşlarına da geniş ərazilər bağışladı. Onun dörd qardaşı var idi: Haçiun (Kaçiun), Kasar (Cuçi-Xəzər), Belqutay (ögey qardaşı), Temügə Otçigin. Bu qardaşlar arasında Haçiundan başqa, digər üçünə hansı ərazilərin verildiyi məlumdur. Belə ki, Kasara Arqun11 ilə Kayler çayları arasındakı bölgə, Temügəyə Buir-norun cənub-şərqi ilə indiki Koreyanı əhatə edən ərazilər, Belqutaya isə Liao sülaləsinə (Qarakitay) aid torpaqların bir hissəsi (Liao-yanq) şəxsi mülk olaraq verilmişdi. Bu bölgüdə Xorasan, Mazandaran və Azərbaycan yer almasa da, həmin ərazilərin Cuçi ulusuna aid olduğu məlumdur.

***

Bunu da qeyd eləmək lazımdır ki, əslində, hərbi liderlik keyfiyyətləri baxımından Çingiz xanın oğulları arasında onun yerinə keçməyə ən layiqli olan Ögedey deyil, Tuluy idi. Hələ atasının zamanında yekə noyon (ulu və ya böyük noyon) ləqəbini alan və monqollar tərəfindən çox sevilən Tuluy da atası kimi hərbi sistemi mükəmməl bilirdi. Üstəlik, Çingiz xanın vəsiyyətinə baxmayaraq, Ögedey də taxta elə ən kiçik qardaşın çıxmasını istəyirdi.

Lakin qəribədir ki, Çingiz xanın hüzurunda vəliəhdin kimliyi ilə bağlı aparılan məsləhətləşmələr zamanı Tuluyun adı bircə dəfə belə hallanmamışdır. Buna səbəb Tuluyun yaşca ən kiçik şahzadə olması deyildi, siyasi cəhətdən təcrübəsiz, üstəlik, xaraktercə həddən artıq hövsələsiz olması idi. Bundan başqa, Tuluyun şəhər və oturaq həyata nifrətlə yanaşması da onun vəliəhd kimi müəyyənləşdirilməsinə mane olmuşdu.

Ancaq bunu da vurğulamaq lazımdır: böyük qurultayın toplandığı 1228-ci ilə qədər, yəni Çingiz xanın vəfatından sonrakı bir neçə illik dövrdə imperiyanı, əslində, məhz Tuluy idarə etmişdi. Bartoldun fikrincə, kiçik qardaş hakimiyyəti Ögedeyə vermək fikrində olmayıb. Lakin vəzir Yeh-lu Çu-tsai Çingiz xanın vəsiyyətini əsas gətirərək prosesə müdaxilə edib və məhz onun həlledici rolu sayəsində Tuluy geri addım atmalı, böyük qurultayı çağırmalı olub.

Ögedeyin xan seçilməsi

Ögedeyi xan elan edən böyük qurultay nə vaxt keçirilib? Bu sualın cavabı da mübahisə mövzusudur. «Gizli tarix»də qurultayın siçan ilində keçirildiyi bildirilir. Türk-monqol təqvimində siçan ili miladi təqvimə görə 1228-ci ilə təsadüf edir. Cüveyni də böyük qurultayın tarixi kimi hicri 626-cı ili (1228/29) göstərib. J.P.Ru isə Ögedeyin 1229-cu il oktyabrın 11–13-də xan seçildiyini yazır. Runun verdiyi tarix payız fəslinə düşür. Halbuki əksər mənbələrdə qurultayın «yaz fəslində» keçirildiyi bildirilir. «Gizli tarix»də açıq şəkildə qurultayın 1228-ci ildə keçirildiyi qeyd olunsa da, Bartold bu toplantının 1229-cu ildə (öküz ili) gerçəkləşdiyini yazıb. Belə görünür ki, Bartold məşhur tarixçi Rəşidəddinin12 verdiyi məlumata etibar edir. Məsələ burasındadır ki, Rəşidəddin böyük qurultayın öküz ilində baş tutduğunu bildirib. Ən qəribəsi isə odur ki Leo de Hardoq13 əsərlərindən birinin eyni səhifəsində həmin hadisə (böyük qurultay) haqqında iki tarix (1228 və 1229) göstərib.

Başqa bir müəllif – R.Grousset14 də qurultayın 1229-cu ilin yaz aylarında keçirildiyini yazır.

«Gizli tarix»də Çingiz xanın donuz ilində öldüyü, qurultayın isə siçan ilində çağırıldığı bildirilib. Qədim türk təqviminə görə, donuz ili 1228-ci ilin 20-21 martında tamamlanır və bundan sonra siçan ili başlayır. Cüveyninin yazdığına görə, Çingiz xan hicri təqvimlə 624-cü il ramazanın 4-cü günü (1227-ci il avqustun 18-də ) vəfat edib. Böyük qurultay isə həmin tarixdən 8-10 ay sonra çağırılıb. Nəzərə alsaq ki, «Gizli tarix» Ögedeyin zamanında yazılıb, həmin mənbədə hökmdarın taxta çıxdığı tarixlə bağlı yanılma ehtimalı azdır.

Onu da deyək ki, «Gizli tarix»də qurultay mərasimi kifayət qədər təfsilatı ilə təsvir olunub: «Siçan ilində (1228) Cağatay ilə Batının15 başçılıq etdikləri sağ cinah bəyləri, Otçigin noyon, Yegu və Yesunggenin başında dayandığı sol cinah bəyləri, Tuluyun idarə etdiyi mərkəzi qüvvələrin bəyləri, həmçinin xanımlar, kürəkənlər, tümən16 başçıları və minbaşılar hamısı bir yerə toplaşdılar. Onlar Kerulen17 çayı üzərində yerləşən Kodeu adasında qurultay keçirdilər və Çingiz xanın vəsiyyətinə uyğun olaraq Ögedeyi «xan» elan etdilər. Ögedey xanı böyük qardaşı Cağatay özü şəxsən taxta oturtdu. Bundan sonra Cağatay ilə Tuluy ataları Çingiz xanın şəxsi mühafizəçilərini, yəni Çingiz xanın əmrində çalışmış 10 min mühafizəçini Ögedey xanın əmrinə verdilər. Eyni şəkildə dövlətin mərkəzi idarəçiliyi də ona tapşırıldı».

Ata Məlik Cüveyni isə böyük qurultaydan daha ətraflı bəhs edib. Onun yazdığına görə, qurultaya Qıpçaq ölkəsindən gələn Cuçinin oğulları Orda, Batı, Şibek, Tanqut, Bərkə, Bərkəcək, Toqa-Teymur, həmçinin Kuyaşdan gələn Cağatayla Ögedey, İmildən gələn Məngü xan (Möngü), şərqdən gələn Çingizin qardaşları Otçigin, Belqutay Noyon, Elçitay Noyon, Yeku və Yesüngey, ölkənin hər tərəfindən təşrif buyurmuş əmirlər, noyonlar qatılmışdılar. Ata Məlik də Çingizin kiçik oğlu Tuluyun qurultayının Kerulende topladığını qeyd edir və tədbirin 40 gün davam etdiyini vurğulayır. Buna səbəb isə Ögedeyin ilk günlərdə hakimiyyəti qəbul etməməsi imiş. O, israrla qardaşı yekə noyonun (yəni Tuluy) taxta layiq olduğunu bildirirdi. Hesab etmək olar ki, Ögedeyin taxta çıxmaqdan boyun qaçırması, əslində, siyasi gediş idi. Çünki Çingiz xan onu vəliəhdi olaraq elan edəndə Ögedey buna etiraz etməmişdi. Hər bir halda, qurultay başladıqdan sonra Ögedeyin hakimiyyəti qəbul etməkdən boyun qaçıraraq kiçik qardaşının namizədliyini irəli sürməsi sual yaradır. Axı o, ağlı, fərasəti və təcrübəsi ilə taxta çıxmağa haqqı çatdığını çox yaxşı bilirdi. Digər tərəfdən, heç bir monqolun Çingiz xanın vəsiyyətinə qarşı çıxmayacağından əmin idi. Belədə Ögedey hansı məntiqlə öz yerinə qardaşı Tuluyun namizədliyini irəli sürmüşdü? Bu sualın ən ağlabatan cavabı odur ki o, kiçik qardaşından çəkinirdi. Çünki Çingiz xanın oğulları arasında monqollar tərəfindən ən çox sevilən və rəğbət göstərilən məhz Tuluy idi. Nəzərə alsaq ki, kiçik qardaş qurultayı vəzir Yeh-lu Çu-tsainin təzyiqi altında çağırmaq məcburiyyətində qalıb, o zaman Ögedeyin addımını anlamaq çətin deyil: o, ilk günlərdə hakimiyyəti qəbul etməmək və sonradan qurultayın israrları ilə taxta çıxmaqla öz siyasi nüfuzunu Tuluya faktiki olaraq qəbul etdirib. Bununla, eyni zamanda onun təsir gücünü zəiflədib. Ögedeyin belə bir siyasi manevri Çingiz xanın məhz niyə onu xələf seçdiyinə dair bütün suallara ən yaxşı cavabdır.

Siyenbilərdən18 etibarən formalaşan türk-monqol adətlərinə görə hökmdarlar «xan» və «xaqan» titulu daşıyırdı. Belə ki, Ju-juan, Göytürk, Uyğur və Xəzər hökmdarları «xan» və ya «xaqan» adını alıblar. Bu ənənəyə əsasən yalnız hökmdarın övladları, qardaşları və xanımları ona öz adı ilə xitab edə bilərdi.

***

Nəticə etibarilə 1228-ci ilin yaz aylarında keçirilən böyük qurultayda Ögedey xan (monqolca xaqan) elan edildi.

Ögedey xan olmağı qəbul etdikdən sonra monqol adətlərinə görə hamı papağını çıxarıb çiyinlərinə qoydu. Qardaşı Cağatay onun sağ, Çingiz xanın kiçik qardaşı olan əmisi Temügə isə sol əlindən tutub taxta oturtdu. Daha sonra Tuluy hakimiyyət rəmzi olan içki qədəhini ona verdi. Elə bu vaxt hamı doqquz dəfə onun qarşısında əyilib diz çökdü.

Beləliklə, Çingiz xanın vəfatından təqribən bir il sonra üçüncü oğlu Ögedey Böyük Monqol dövlətinin başına keçdi.

Grousset iddia edir ki, Böyük Monqol dövləti üçün Ögedeyin varlığı bir o qədər də əhəmiyyətli deyildi. Onun fikrincə, imperiyanı «ağır təbiətli, bir az kobud xarakterli, sərxoş, şən və ürəyiyumşaq, son dərəcə comərd olan, böyük qüdrətini zövqlə içmək və əylənmək üçün xərcləyən» Ögedey yox, Çingizin qoyub getdiyi «yasaq»lar (qanun-qadağalar) idarə edirdi.

Fransız tarixçisinin qənaəti ilə razılaşmaq çətindir. Çünki Çingiz imperiyanın təməllərini atsa da, onu formalaşdıra bilməmişdi. Bunu isə Ögedey bacardı. Üstəlik, imperiyanı formalaşdırmaqla kifayətlənməyərək onun sərhədlərini iki dəfə genişləndirdi. Ən əsası isə, bəlkə də, tarixdə ilk dəfə monqollar üçün bir şəhər inşa etdirdi. Söhbət paytaxt Qaraqorumdan gedir…

1.Merkitlər türk əsilli olub, xristianlığın nəsturilik məzhəbini qəbul etmişdilər. Çingiz xan dövründə Monqolustan ərazisinin ən güclü tayfası sayılan merkitlər bir neçə qola ayrılırdılar.
2.Ulu babası Hutula xanın oğlu Coçi ilə yanaşı, Çingiz xanın yaxın adamlarından Coçi-darmala ilə qardaşı Coçi-hasar (Kasar) bu adı daşıyırdı.
3.Otrar şəhəri hazırda Qazaxıstan ərazisində yerləşir (red.).
4.Ögedeyin vəfatından sonra Cuçinin oğulları Böyük xaqanlığı tamamilə öz əllərinə almaq istədilər. Bu səbəbdən də Cuçinin oğlu Batı xan ilə Ögedeyin oğlu Göyük xan arasında dərin ixtilaf yarandı. Dövlət idarəçiliyinin Çingizin oğlu Tuluyun nəslinə keçməsinə də elə Cuçinin oğulları şərait yaratmışdılar. Onlar daha sonralar isə Kubilayı böyük xaqan kimi tanımayaraq İslamı qəbul etdilər və müxtəlif türk dövlətləri (Məmlüklər və Anadolu bəylikləri) ilə monqollara qarşı birləşdilər.
5.Vasili Vladimiroviç Bartold (1869–1930) – rus şərqşünaslıq məktəbinin banilərindən biri (red.)
6.Bəzi mənbələrdə Çingiz xanın üç, bəzilərində isə hətta beş qızının olduğu göstərilir.
7.Börtənin ləqəbi olan bu söz monqolca «gözəl qadın» mənasına gəlir.
8.Mavəraünnəhr – Orta Asiyada ərazisində, Amudərya (Ceyhun) və Sırdərya (Seyhun) çayları arasında yerləşən tarixi bölgə. Hazırda həmin bölgə Qazaxıstan, Özbəkistan və Türkmənistan arasında bölünmüşdür (red.).
9.Noyon – monqollar arasında ən böyük hərbi titul. 10 minlik ordu başçılarına bu titul verilirdi.
10.Qaraxanilər 840–1212-ci illərdə Mərkəzi Asiyada mövcud olmuş türk, Qarakitaylar isə 907–1211-ci illərdə Orta Asiyada kidanlar tərəfindən qurulan monqol dövləti idi. Kidanlar köçəri monqol xalqı idi və Qarakitaylar dövlətini idarə etmiş Liao sülaləsi də bu xalqa mənsub idi. (red.)
11.Arqun çayı – Şimali Qafqazda indiki Gürcüstan və Rusiya ərazisindən axan çay (red.)
12.Fəzlullah Rəşidəddin (1247–1318) – tarixçi, həkim, dövlət xadimi (red.)
13.Leo de Hardoq (1917–2003) – hollandiyalı tarixçi. Orta əsrlərə dair elmi əsərlərin və məqalələrin müəllifidir. Elmi yaradıcılığında monqollar, eləcə də Ön Asiya və Rusiya haqqında araşdırmalar xüsusi yer tutur.
14.Rene Grousset (1885–1952) – fransız tarixçisi. Asiya tarixinə və Şərq mədəniyyətinə dair önəmli araşdırmaların müəllifidir (red.).
15.Batı (1205–1255) – Cuçi xanın böyük oğlu. Monqol imperiyasının bölünməsi nəticəsində 1240-cı ildə yaranan və 1502-ci ildə süquta uğrayan Qızıl Orda dövlətinin qurucusu, eyni zamanda I xanıdır (red.).
16.Tümən – burada: on min döyüşçüdən ibarət qoşun (red.)
17.Kerulen çayı – indiki Monqolustan və Çin ərazilərindən axan çay (red.)
18.Siyenbi – qədim türk tayfası. Osmanlı sülaləsinin əcdadı hesab edilən qayı boyu məhz siyenbi tayfasından törəmişdir (red.).
21 045,75 s`om

Janrlar va teglar

Yosh cheklamasi:
12+
Litresda chiqarilgan sana:
07 oktyabr 2022
Hajm:
1 Sahifa 2 illyustratsiayalar
ISBN:
9789952245035
Mualliflik huquqi egasi:
Altun Kitab / Алтын Китаб

Ushbu kitob bilan o'qiladi