Faqat Litresda o'qing

Kitobni fayl sifatida yuklab bo'lmaydi, lekin bizning ilovamizda yoki veb-saytda onlayn o'qilishi mumkin.

Kitobni o'qish: «KAPİTAL. Siyasi iqtisadın tənqidi»

Shrift:


Unudulmaz dostum

Vilhelm Volfa

ithaf olunur



ƏN BÖYÜK MÜTƏFƏKKİRİN ƏN BÖYÜK ƏSƏRİ HAQQINDA

Marks XIX–XX əsrlərdə dünya tarixinə ən çox təsir edən şəxsiyyətdir.

Jacques Attali

Hələ sağ ikən Marksın ideyalarını bir sıra müəlliflər dahiyanə adlandırır, bəziləri isə bir o qədər şiddətlə tənqid edirdilər. «Kapital» (tam adı – «Kapital. Siyasi iqtisadın tənqidi»; alm. Das Kapital. Kritik der politischen Ökonomie) (I cild – «Kapital istehsalı prosesi») ilk dəfə işıq üzü görməsindən (1867) demək olar ki, 150 il keçməsinə baxmayaraq Marksın ideyaları nəinki köhnəlib, aktuallığını itirib yaddan çıxdı, əksinə onun opponentlərinin əks arqumentləri getdikcə tükənməyə başladı. Artıq bu gün qətiyyətlə söyləmək olar ki, Marksın əsas ideyaları tarixi inkişafın son mərhələlərini dəf edərək müasir dövrün aparıcı ideologiyalarından birinə, bəlkə də birincisinə çevrildi.

«BBC»nin 1999-cu ildə keçirdiyi İnternet sorğusuna görə Marks ikinci minilliyin ən dahi mütəfəkkiri seçilib. ABŞ-ın ən iri kitabxanası olan «Konqres kitabxanası»nın kataloq göstəricilərinə görə isə Marks ona həsr olunmuş elmi əsərlərin sayına görə dünyada liderdir. Elə bu meyara görə də Marks tarixdə ən çox öyrənilən 100 şəxsiyyətin başında durur.

«Kapital» Marksın siyasi iqtisad üzrə baş əsəridir. Əsərdə dialektik-materializm yanaşması ilə kapitalizm təsərrüfatı başdan ayağa kritik analiz olunub.

«Kapital» – iqtisadiyyat elminin klassik əsəri kimi dəyərin əmək nəzəriyyəsi mövqeyindən yazılıb. Bir sözlə ifadə etmək olarsa Marks iqtisadi kateqoriya olan dəyərə – əmtəə (kapital) istehsalında ictimai zəruri əhəmiyyət daşıyan əmək baxımından yeni tərif verib.

«Kapital» tarixi bir missiya yerinə yetirərək klassik siyasi iqtisad elmini (neoklassik siyasi iqtisadla səhv salmayın) başa çatdırıb.

«Kapital»ı XX əsrdə dünyada gedən qlobal tarixi proseslərə ən çox təsir edən əsər hesab etmək olar.

«Kapital»ın qızıl xətti ondan ibarətdir ki, tarix insan əməyi nəticəsində yaranıb. Bütün tarix boyu bir qrup insan (burjuaziya), istehsal vasitələrinə sahib çıxaraq bundan məhrum olan əməkçiləri (proletariat və ya fəhlələri) aşağı sosial sinif nümayəndələri kimi işlədərək müxtəlif məhsullar istehsal edib. Marksa görə istismar edilən qrupla (2-cilər) onları istismar edənlər (1-cilər) arasında daim müxtəlif miqyaslı mübarizə (konflikt) olub.

Əsərdə ən çox söhbəti gedən izafi dəyər anlayışı əslində Marks tərəfindən kəşf olunmayıb, ondan qabaq Adam SmithDavid Ricardo bu kateqoriyaya diqqət yetirib, hətta onun haqqı ödənilməyən əmək olduğunu iddia etmişlər, başqa heç bir şey… Marks isə izafi dəyərin tərifini vermək üçün əvvəlcə dəyər anlayışını analiz etmiş, izafi dəyərin haqqı ödənilməyən əmək deyil, mənimsənilən işçi qüvvəsi olduğunu sübut etmişdi. İzafi dəyərin izahını verərkən müəllif pul və əmtəə kateqoriyalarını da elə tam araşdırmışdır ki, sonradan həmin nəzəriyyələri hətta Marksın opponentləri də qəbul etmişlər.

Kitab Klubu

BİRİNCİ KİTAB
KAPİTAL İSTEHSALI PROSESİ


BİRİNCİ BÖLMƏ
ƏMTƏƏ VƏ PUL

BİRİNCİ FƏSİL
ƏMTƏƏ

1. ƏMTƏƏNİN İKİ AMİLİ: İSTEHLAK DƏYƏRİ VƏ DƏYƏR (DƏYƏR SUBSTANSIYASI, DƏYƏR KƏMİYYƏTİ)

Kapitalist istehsal üsulunun hökm sürdüyü cəmiyyətlərin sərvəti «külli əmtəə yığını»1 kimi, ayrıca bir əmtəə isə bu sərvətin bəsit forması kimi meydana çıxır. Buna görə də bizim tədqiqatımız əmtəənin təhlilindən başlanır.

Əmtəə hər şeydən əvvəl zahiri bir predmetdir, öz xassələri sayəsində müəyyən insan tələbatını ödəyən bir şeydir. Bu tələbatın təbiəti, – bu tələbatı, məsələn, mədə və ya xəyalınmı doğurması, – məsələni əsla dəyişdirmir.2 İş həmçinin bunda da deyildir ki, həmin şey insan tələbatını məhz necə: yaşayış vasitəsi, yəni istehlak şeyi kimi bilavasitə ödəyir, yoxsa istehsal vasitəsi kimi dolayı yolla ödəyir.

Hər bir faydalı şeyə, məsələn, dəmirə, kağıza və i. a., iki nöqteyi-nəzərdən: keyfiyyət və miqdar cəhətdən baxmaq olar. Hər bir belə şey bir çox xassələrin məcmusudur və buna görə də özünün müxtəlif cəhətləri ilə faydalı ola bilər. Şeylərin bu müxtəlif cəhətlərini və, deməli, onların işlədilməsinin müxtəlif üsullarını aşkara çıxarmaq tarixi inkişafın işidir.3 Faydalı şeylərin miqdar cəhəti üçün ictimai ölçülər axtarıb tapmaq haqqında da eyni sözləri demək lazım gəlir. Əmtəə ölçülərinin fərqləri qismən ölçülən şeylərin özlərinin müxtəlif təbiəti ilə müəyyən olunur, qismən də şərtidir.

Şeyin faydalılığı onu istehlak dəyəri edir4. Lakin bu faydalılıq havadan asılmış bir şey deyildir. Əmtəə cisminin xassələri ilə şərtlənən bu faydalılıq əmtəə cismindən kənarda mövcud deyildir. Buna görə də əmtəə cisminin özü, məsələn, dəmir, buğda, almaz və s. istehlak dəyəridir, yaxud nemətdir. Onun bu xarakteri onun istehlak xassələrini mənimsəməyə insanın az və ya çox əmək sərf etməsindən asılı deyildir. İstehlak dəyərləri nəzərdən keçirilərkən həmişə onların miqdarca müəyyənliyi nəzərdə tutulur, məsələn, bir düjün saat, bir arşın kətan, bir ton dəmir və s. Əmtəələrin istehlak dəyərləri xüsusi bir fənnin – əmtəəşünaslığın predmetidir.5 İstehlak dəyəri yalnız istifadə və ya istehlak zamanı gerçəkləşir. Sərvət hər hansı ictimai formada olursa-olsun, istehlak dəyərləri onun maddi məzmununu təşkil edir. Nəzərdən keçirəcəyimiz cəmiyyət formasında istehlak dəyərləri eyni zamanda mübadilə dəyərinin maddi daşıyıcılarıdır.

Mübadilə dəyəri hər şeydən əvvəl miqdar nisbəti şəklində, bir qisim istehlak dəyərlərinin başqa qisim istehlak dəyərlərinə mübadilə olunduğu proporsiya şəklində,6 – zaman və məkandan asılı olaraq daim dəyişilən bir nisbət şəklində meydana çıxır. Buna görə də mübadilə dəyəri təsadüfi və xalis nisbi bir şey kimi görünür, əmtəənin özünə xas olan daxili mübadilə dəyəri (valeur intrinseque) isə contradictio in adjecto [tərifdə ziddiyyət] kimi nəzərə gəlir.7 Məsələyə daha yaxından baxaq.

Müəyyən bir əmtəə, məsələn bir kvarter buğda x miqdar çəkmə yağına, yaxud u miqdar ipəyə, yaxud z miqdar qızıla və i. a., bir sözlə – ən müxtəlif proporsiyalarda başqa əmtəələrə mübadilə olunur. Deməli, buğdanın təkcə bir yeganə mübadilə dəyəri deyil, bir çox mübadilə dəyərləri vardır. Lakin x miqdar çəkmə yağı da, u miqdar ipək də, z miqdar qızıl da və i. a. bir kvarter buğdanın mübadilə dəyərini təşkil etdiyinə körə, x miqdar çəkmə yağı, u miqdar ipək, z miqdar qızıl vэ i. a. bir-birini əvəz edə bilən, yaxud bərabər kəmiyyətli mübadilə dəyərləri olmalıdır. Buradan, əvvələn, belə bir nəticə çıxır ki, eyni bir əmtəənin müxtəlif mübadilə dəyərləri nə isə bərabər bir şeyi ifadə edir və, ikincisi, belə bir nəticə çıxır ki, ümumiyyətlə mübadilə dəyəri onun özündən fərqli olan bir məzmunun ancaq ifadə üsulu, ancaq «təzahür forması» ola bilər.

Sonra, iki əmtəə, məsələn buğda və dəmir götürək. Bunların mübadilə nisbəti necə olursa-olsun, bu nisbəti həmişə elə bir tənliklə ifadə etmək olar ki, orada məlum miqdar buğda müəyyən miqdar dəmirə bərabər tutulur, məsələn: 1 kvarter buğda = a sentner dəmirə. Bu tənlik bizə nəyi göstərir? Onu göstərir ki, iki müxtəlif şeydə – 1 kvarter buğdada və a sentner dəmirdə – kəmiyyətcə bərabər nə isə ümumi bir şey vardır. Deməli, bu şeylərin hər ikisi nə isə üçüncü bir şeyə bərabərdir ki, bu da özlüyündə həmin şeylərdən nə birincisi, nə də ikincisi deyildir. Beləliklə, bunlardan hər biri mübadilə dəyəri olduğuna görə, həmin üçüncüyə müncər edilə bilməlidir.

Bunu adi bir həndəsə misalı ilə nümayiş etdirək. Bütün düzxətli fiqurların sahəsini müəyyən etmək və tutuşdurmaq üçün bunları üçbucaqlara bölürlər. Üçbucağın özünü onun zahiri görkəmindən tamamilə fərqli bir ifadəyə – oturacağı ilə hündürlüyü hasilinin yarısına müncər edirlər. Eynilə əmtəələrin mübadilə dəyərlərini də onlar nəyin çox və ya az miqdarlarını təmsil edirsə, onlar üçün ümumi olan bu şeyə müncər etmək lazımdır.

Əmtəələrin həndəsi, fiziki, kimyəvi və ya hər hansı başqa təbii xassələri belə bir ümumi cəhət ola bilməz. Onların cismani xassələri ümumiyyətlə ancaq ona görə nəzərə alınır ki, əmtəələrin faydalılığı həmin xassələrdən asılıdır, yəni bu xassələr əmtəələri istehlak dəyərləri edir. Digər tərəfdən, aşkardır ki, əmtəələrin mübadilə nisbəti məhz onların istehlak dəyərlərindən asılı deyildir. Əmtəələrin mübadilə nisbəti çərçivəsində hər bir məlum istehlak dəyəri, lazımi proporsiyada olarsa, o hər hansı başqa istehlak dəyəri ilə tam bərabər əhəmiyyətə malikdir. Yaxud qoca Barbon demişkən:

«Əmtəələrin bir çeşidinin mübadilə dəyəri ilə başqa çeşidinin mübadilə dəyəri bərabərdirsə, bunların hər ikisi eyni dərəcədə yaxşıdır. Bərabər mübadilə dəyərləri olan şeylər arasında heç bir fərq və ya təfavüt yoxdur».

İstehlak dəyərləri olmaq etibarı ilə əmtəələr hər şeydən əvvəl keyfiyyətcə fərqlənir, mübadilə dəyərləri olmaq etibarı ilə onların ancaq miqdar fərqləri ola bilər və, deməli, onlarda bircə atom da istehlak dəyəri yoxdur.

Əmtəə cisimlərinin istehlak dəyərindən sərf-nəzər edilsə, onlarda bircə xassə qalır, bu da ondan ibarətdir ki, onlar əmək məhsullarıdır. Lakin indi əmək məhsulu özü də tamamilə yeni bir şəkil alır. Doğrudan da, biz onun istehlak dəyərindən sərf-nəzər etdiksə, bununla birlikdə onun əmtəə cisminin tərkib hissələri və formalarından da sərf-nəzər etmiş olduq, onu istehlak dəyəri edən isə məhz bunlardır. İndi bu daha stol, yaxud ev, yaxud iplik, yaxud hər hansı başqa bir faydalı şey deyildir. Onun hiss ilə qavranılan bütün xassələri sönüb getdi. Habelə o indi daha bir xarrat, yaxud dülgər, yaxud əyirici əməyinin, ya da ümumiyyətlə başqa müəyyən bir məhsuldar əməyin məhsulu deyildir. Əmək məhsulunun faydalılıq xassəsi ilə bərabər, – onda təmsil olunan əmək növlərinin də faydalılıq xassəsi yox olur, deməli, bu əmək növlərinin müxtəlif konkret formaları yox olur; daha onların arasında fərq qalmır, hamısı bərabər insan əməyinə, abstrakt insan əməyinə müncər olur.

İndi nəzərdən keçirib görək, əmək məhsullarından nə qaldı. Onlardan heç bir şey qalmadı, qalan ancaq, hamısı üçün bərabər olan xəyali predmetlikdən, sadəcə fərqsiz insan əməyi birkintisi8 olmaqdan, yəni insan iş qüvvəsinin hər hansı formada sərf edilməsinə baxmayaraq bu iş qüvvəsi məsrəfi olmaqdan ibarətdir. İndi bütün bu şeylər ancaq onun ifadələridir ki, bunların istehsalına insan iş qüvvəsi sərf edilmişdir, bunlarda insan əməyi toplanmışdır. Onların hamısı üçün ümumi olan həmin ictimai substansiyanın kristalları olmaq etibarı ilə onlar dəyərdir, əmtəə dəyərləridir.

Əmtəələrin mübadilə nisbətinin özündə onların mübadilə dəyəri öz istehlak dəyərlərindən əsla asılı olmayan bir şey kimi qarşımıza çıxmışdır. Əgər biz əmək məhsullarının istehlak dəyərindən doğrudan da sərf-nəzər etsək onların indicə tərifini verdiyimiz şəkildə dəyərini əldə edərik. Beləliklə, əmtəələrin mübadilə nisbətində və ya mübadilə dəyərində ifadə olunan ümumi cəhət məhz onların dəyəridir. Tədqiqatın sonrakı gedişi yenə də bizi buna gətirib çatdıracaqdır ki, mübadilə dəyəri dəyərin zəruri ifadə üsulu və ya təzahür formasıdır; bununla belə, dəyər əvvəlcə həmin formadan asılı olmayaraq nəzərdən keçirilməlidir.

Beləliklə, istehlak dəyərinin, və ya nemətin, ancaq ona görə dəyəri vardır ki, onda abstrakt insan əməyi cisim şəkli almış və ya maddiləşmişdir. Bəs onun dəyərinin kəmiyyətini necə ölçməli? Görünür, onda olan əməyin, bu «dəyər yaradan substansiyanın» miqdarı ilə.. Əməyin öz miqdarı onun sərf edildiyi müddətlə, iş vaxtı ilə ölçülür, iş vaxtı özü də öz miqyasını zamanın müəyyən hissələrində tapır, məsələn: saat, gün və i. a.

Əgər əmtəənin dəyəri onun istehsal edildiyi müddətdə sərf olunan əməyin miqdarı ilə ölçülürsə, onda belə görünə bilərdi ki, əmtəəni istehsal edən adam nə qədər tənbəl və ya bacarıqsızdırsa, bu əmtəənin dəyəri bir o qədər artıq olmalıdır, çünki əmtəə istehsal etmək üçün ona daha çox vaxt lazım gəlir. Lakin dəyərlərin substansiyasını təşkil edən əmək bərabər insan əməyidir, eyni insanın qüvvəsinin sərf olunmasıdır. Cəmiyyətin, əmtəə aləmi dəyərlərində ifadə olunan bütün iş qüvvəsi saysız-hesabsız fərdi iş qüvvələrindən ibarət olsa da, burada eyni insan iş qüvvəsi kimi meydana çıxır. Bu fərdi iş qüvvələrindən hər biri, hər hansı başqası kimi, ictimai orta iş qüvvəsi xarakterinə malik olduğuna və belə bir ictimai orta iş qüvvəsi kimi fəaliyyət göstərdiyinə görə, deməli, məlum bir əmtəənin istehsalına ancaq orta dərəcədə zəruri və ya ictimai zəruri iş vaxtı sərf etdiyinə görə eyni insan iş qüvvəsidir. İctimai zəruri iş vaxtı, mövcud ictimai normal istehsal şəraitində və həmin cəmiyyətdə əməyin orta səviyyəli bacarıq və intensivliyi şəraitində hər hansı bir istehlak dəyərinin hazırlanması üçün tələb olunan iş vaxtıdır. Məsələn, İngiltərədə buxarla işləyən toxucu dəzgahı işə salındıqdan sonra müəyyən miqdar ipliyi parçaya çevirmək üçün, bu işə keçmişdə sərf edilən əməyin bəlkə də ancaq yarısı lazım gəlirdi. Əlbəttə, əl ilə işləyən ingilis toxucusu bundan sonra da ipliyi parçaya çevirməyə əvvəlki qədər iş vaxtı sərf edirdi, lakin indi onun fərdi iş saatının məhsulunda ictimai iş saatının ancaq yarısı təmsil olunurdu və buna görə də həmin məhsulun dəyəri iki qat azalmışdı.

Beləliklə, müəyyən istehlak dəyərinin dəyər kəmiyyəti yalnız, bu istehlak dəyərini hazırlamaq üçün lazım gələn ictimai zəruri əməyin və ya iş vaxtının miqdarı ilə müəyyən olunur9. Bu halda hər bir ayrıca əmtəə öz qəbilindən olan əmtəələrin yalnız orta nüsxəsi əhəmiyyətinə malikdir10 Buna görə də bərabər miqdarda əməyi ehtiva edən, yaxud eyni iş vaxtında hazırlana bilən əmtəələr bərabər dəyər kəmiyyətinə malikdir. Bir əmtəənin dəyərinin hər bir başqa əmtəənin dəyərinə nisbəti, birincinin istehsalı üçün zəruri olan iş vaxtının ikincinin istehsalı üçün zəruri olan iş vaxtına nisbəti kimidir. «Dəyər olmaq etibarı ilə bütün əmtəələr donub qalmış iş vaxtının yalnız müəyyən miqdarlarıdır»11.

Deməli, əmtəənin istehsalı üçün zəruri olan iş vaxtı sabit qalsaydı, əmtəə dəyərinin kəmiyyəti də sabit qalardı. Lakin hər dəfə əməyin məhsuldar qüvvəsi dəyişildikdə, iş vaxtı da dəyişilməyən məhsuldar qüvvəsi müxtəlif şərtlərlə, bir sözlə fəhlənin orta məharət dərəcəsi ilə, elmin inkişaf səviyyəsi ilə və onun texnoloji tətbiqi dərəcəsi ilə, istehsal prosesinin ictimai kombinasiyası ilə, istehsal vasitələrinin qədəri və effektivliyi ilə, təbii şəraitlə müəyyən olunur. Eyni miqdar əmək, məsələn, məhsulun yaxşı gəldiyi ildə 8 buşel, yaxşı gəlmədiyi ildə isə ancaq 4 buşel buğdada ifadə olunur. Eyni miqdar əmək yoxsul mədənlərə nisbətən zəngin mədənlərdə daha çox metal verir və i. a. Yerin qabığında almaz çox az tapılır, buna görə də almazı axtarıb tapmaq orta hesabla çox iş vaxtına başa gəlir. Deməli, kiçik həcmli almazda çoxlu əmək təmsil olunmuşdur. Ceykob bu fikirdədir ki, heç zaman qızılın tam dəyəri ödənilməmişdir. Bunu almaz haqqında daha artıq dərəcədə haqlı olaraq demək olar. Eşvegenin fikrincə, 1823-cü ildə Braziliya almaz mədənlərinin səksən illik bütün məhsulunun qiyməti Braziliya şəkər və ya qəhvə tarlalarının il yarımlıq məhsulunun orta qiymətinə çatmamışdı, halbuki almaz mədənlərinin məhsulunda xeyli artıq əmək və, deməli, xeyli artıq dəyər təmsil olunurdu. Daha zəngin mədənlər tapılsa, eyni miqdar əmək daha çox miqdar almazda ifadə olunardı və almazın dəyəri aşağı düşərdi. Azacıq əmək sərf etməklə kömürü almaza çevirmək mümkün olsa, almazın dəyəri kərpicin dəyərindən aşağı düşə bilərdi. Ümumiyyətlə, əməyin məhsuldar qüvvəsi nə qədər yüksək olursa, müəyyən məmulatı hazırlamaq üçün zəruri olan iş vaxtı bir o qədər az olur, bu məmulatda kristallaşan əmək kütləsi bir o qədər az olur, bu məmulatın dəyəri bir o qədər az olur. Əksinə, əməyin məhsuldar qüvvəsi nə qədər az olursa, həmin məmulatı hazırlamaq üçün zəruri olan iş vaxtı bir o qədər çox olur, bu məmulatın dəyəri bir o qədər çox olur. Beləliklə, əmtəənin dəyər kəmiyyəti bu əmtəədə maddiləşən əməyin miqdarı ilə düz proporsional və əməyin məhsuldar qüvvəsi ilə tərs proporsional olaraq dəyişilir.

Ola bilər bir şey istehlak dəyəri olsun, amma dəyər olmasın. Bu o zaman olur ki, şeyin insan üçün faydalılığı əmək vasitəsi ilə əldə edilmir. Məsələn: hava, xam torpaqlar, təbii çəmənlər, yabanı meşə və i. a. Ola bilər bir şey faydalı olsun və insan əməyinin məhsulu olsun, amma əmtəə olmasın. Öz əməyinin məhsulu ilə öz tələbatını ödəyən bir adam əmtəə deyil, istehlak dəyəri yaradır. Əmtəə istehsal etmək üçün o, sadəcə istehlak dəyəri deyil, başqaları üçün istehlak dəyəri, ictimai istehlak dəyəri istehsal etməlidir. Həm də ümumən təkcə başqaları üçün deyil, orta əsrlərdə kəndlinin istehsal etdiyi taxılın bir hissəsi töycü olaraq feodala, bir hissəsi əşər olaraq keşişlərə verilirdi. Lakin nə töycü şəklində özgəyə verilən taxılın, nə də əşər şəklində özgəyə verilən taxılın təkcə başqaları üçün istehsal edilməsi onu hələ heç də əmtəə etmirdi. Əmtəə olmaq üçün məhsul mübadilə vasitəsi ilə o adamın əlinə keçməlidir ki, bu ondan ötrü istehlak dəyəri olsun12 (Nəhayət, bir şey istehlak şeyi olmadan dəyər ola bilməz. Əgər şey faydasızdırsa, ona sərf edilmiş əmək də faydasızdır, əmək sayılmır və buna görə də heç bir dəyər yaratmır.

2. ƏMTƏƏLƏRDƏ OLAN ƏMƏYİN İKİLİ XARAKTERİ

Əvvəlcə əmtəə qarşımıza ikili bir şey kimi: istehlak dəyəri və mübadilə dəyəri kimi çıxdı. Sonralar aşkar oldu ki, əmək dəyərdə ifadə olunduqda, istehlak dəyərlərinin yaradıcısı olmaq etibarı ilə malik olduğu əlamətlərə daha malik olmur. Əmtəədə olan əməyin bu ikili təbiətini ilk dəfə tənqidi şəkildə mən sübut etmişəm13. Bu nöqtə başlanğıc nöqtəsi olduğuna görə və siyasi iqtisadi başa düşmək ondan asılı olduğuna görə, burada onu daha ətraflı işıqlandırmaq lazımdır.

İki əmtəə, məsələn bir sürtuk14 və 10 arşın kətan götürək. Tutaq ki, birincinin dəyəri ikincinin dəyərindən ikiqat artıqdır, belə ki, əgər arşın kətan = w, onda sürtuk = 2w.

Sürtuk müəyyən tələbatı ödəyən istehlak dəyəridir. Onu yaratmaq üçün müəyyən növ məhsuldar fəaliyyət lazım gəlmişdir. Bu məhsuldar fəaliyyət növü öz məqsədi, əməliyyatın xarakteri, öz predmeti, vasitələri və nəticəsi ilə müəyyən olunur. Beləliklə, faydalılığı öz məhsulunun istehlak dəyərində və ya öz məhsulunun istehlak dəyəri olmasında ifadə edilən əməyi biz sadəcə olaraq faydalı əmək adlandıracağıq. Bu nöqteyi-nəzərdən əmək həmişə öz faydalı effekti ilə əlaqədar olaraq nəzərdən keçirilir.

Sürtuk və kətan keyfiyyətcə müxtəlif istehlak dəyərləri olduqları kimi, onların varlığı üçün şərt olan işlər də: dərzilik və toxuculuq da keyfiyyətcə müxtəlifdir. Bu şeylər keyfiyyətcə müxtəlif istehlak dəyərləri olmasaydılar və deməli, faydalı əməyin keyfiyyətcə müxtəlif növlərinin məhsulu olmasaydılar, onlar əmtəə olaraq bir-birinə heç qarşı dura bilməzdilər. Sürtuku sürtuka, bir istehlak dəyərini eyni bir istehlak dəyərinə mübadilə etməzlər.

Müxtəlif növ istehlak dəyərlərinin, yaxud əmtəə cisimlərinin məcmusunda, eyni dərəcədə rəngarəng olan və eyni qədər müxtəlif cinslərə, növlərə, fəsilələrə, yarımnövlərə və zümrələrə bölünən faydalı işlər məcmusu meydana çıxır, bir sözlə – ictimai əmək bölgüsü meydana çıxır. İctimai əmək bölgüsü əmtəə istehsalının mövcud olması üçün şərtdir. Hərçənd əmtəə istehsalı, əksinə, ictimai əmək bölgüsünün mövcud olması üçün şərt deyildir. Qədim hind icmasında əmək ictimai cəhətdən bölünmüşdü, lakin onun məhsulları əmtəə olmurdu. Yaxud daha yaxın bir misal götürək: hər bir fabrikdə əmək müntəzəm bölünmüşdür, lakin bu bölgü elə bir üsulla həyata keçir ki, burada fəhlələr öz fərdi əmək məhsullarını mübadilə etmirlər. Yalnız bir-birindən asılı olmayan müstəqil xüsusi işlərin məhsulları bir-birinin qarşısına əmtəə kimi çıxa bilər. Beləliklə, hər bir əmtəənin istehlak dəyərində müəyyən bir məqsədəuyğun məhsuldar fəaliyyət, yaxud faydalı əmək vardır. İstehlak dəyərlərində keyfiyyətcə müxtəlif faydalı əmək növləri yoxdursa, bunlar bir-birinin qarşısına əmtəə kimi çıxa bilməz. Məhsulları adətən əmtəə şəkli aldığı bir cəmiyyətdə, yəni əmtəə istehsalçıları cəmiyyətində müstəqil istehsalçıların xüsusi işi olaraq, bir-birindən asılı olmadan icra edilən faydalı əmək növlərinin bu keyfiyyət fərqi inkişaf edib çoxhədli bir sistemə, ictimai əmək bölgüsünə çevrilir.

Əslində sürtuk üçün fərqi yoxdur ki, onu kim geyir, dərzi özümü, yoxsa dərzinin sifarişçisi. Hər iki halda sürtuk bir istehlak dəyəri vəzifəsini daşıyır. Dərzi əməyinin xüsusi bir peşə, ictimai əmək bölgüsünün müstəqil bir halqası olması faktı da sürtukla onu istehsal edən əmək arasındakı münasibəti əsla dəyişdirmir. Paltara olan tələbatın məcbur etdiyi yerdə, insan dərzi olana qədər min illər boyu tikişlə məşğul olmuşdur. Lakin sürtuk, kətan və ümumiyyətlə təbiətdə hazır şəkildə tapmadığımız hər bir maddi sərvət ünsürü həmişə, təbiətin müxtəlif maddələrini müəyyən insan tələbatına uyğunlaşdıran xüsusi, məqsədəuyğun məhsuldar fəaliyyət vasitəsi ilə hazırlanmalı olmuşdur. Deməli, istehlak dəyərlərinin yaradıcısı, faydalı əmək olmaq etibarı ilə əmək insanların yaşaması üçün hər cür ictimai formalardan asılı olmayan bir şərtdir, əbədi təbii bir zərurətdir: bunsuz insanla təbiət arasında maddələr mübadiləsi mümkün olmazdı, yəni insan həyatının özü də mümkün olmazdı.

İstehlak dəyərləri: sürtuk, kətan və i. a., bir sözlə – əmtəə cisimləri iki ünsürün – təbiət maddəsi ilə əməyin birləşməsidir. Sürtukda, kətanda və sairdə olan bütün müxtəlif faydalı əmək növləri çıxıldıqda, həmişə müəyyən bir maddi substrat qalır ki, bu da insanın heç bir yardımı olmadan təbiətdə mövcuddur. İstehsal prosesində insan ancaq təbiətin özü kimi iş görə bilər, yəni maddənin ancaq formalarını dəyişdirə bilər15 Bundan əlavə. Bu formalaşdırma əməyinin özündə insan daim təbiət qüvvələrinin yardımına arxalanır. Deməli, əmək onun istehsal etdiyi istehlak dəyərlərinin, maddi sərvətin yeganə mənbəyi deyildir. Uilyam Petti demişkən, əmək sərvətin atası, torpaq anasıdır.

İndi də istehlak şeyi kimi götürülən əmtəədən əmtəə dəyərinə keçək.

Bizim fərz etdiyimizə görə, sürtuk kətandan ikiqat artıq dəyərə malikdir. Lakin bu ancaq kəmiyyət fərqidir və hələlik bizi maraqlandırmır. Buna görə də xatırladaq ki, əgər bir sürtukun dəyəri 10 arşın kətanın dəyərinin iki mislinə bərabərdirsə, onda 20 arşın kətan bir sürtukda olduğu qədər dəyər kəmiyyətinə malikdir. Dəyər olmaq etibarı ilə sürtuk və kətan eyni substansiyaya malik şeylərdir, yekcins əməyin obyektiv ifadələridir. Lakin dərzilik və toxuculuq əməyin keyfiyyətcə müxtəlif növləridir. Bununla bərabər, elə ictimai şərait olur ki, burada eyni bir adam gah tikir, gah da toxuyur və deməli, bu iki müxtəlif əmək növü ayrı-ayrı fərdlərin qəti surətdə bir-birindən ayrılmış əməliyyatı deyil, eyni fərdin əməyinin ancaq modifikasiyalarıdır, necə ki, dərzinin bu gün tikdiyi sürtukla sabah hazırladığı şalvar da eyni fərdi əməyin ancaq variasiyalarıdır. Sonra gündəlik təcrübə göstərir ki, kapitalizm cəmiyyətində, əməyə olan tələbin istiqamətinin dəyişilməsindən asılı olaraq, ictimai əməyin müəyyən hissəsi növbə ilə gah dərzilik, gah da toxuculuq şəklində təklif olunur. Əmək formasının belə dəyişilməsi, əlbəttə, müəyyən çətinlik olmadan baş vermir, lakin həmin dəyişiklik baş verməlidir. Məhsuldar fəaliyyətin müəyyən xarakterindən və, deməli, əməyin faydalı xarakterindən sərf-nəzər edilsə, əməkdə bircə şey qalır, bu da ondan ibarətdir ki, əmək insan iş qüvvəsinin sərf olunmasıdır. İstər dərzilik, istərsə toxuculuq, məhsuldar fəaliyyətin bu növlərinin keyfiyyət fərqinə baxmayaraq, insan beyninin, əzələlərinin, əsəblərinin, əllərinin və i.a. məhsuldar şəkildə sərf olunmasıdır və bu mənada onların hər ikisi eyni insan əməyidir. Bunlar insan iş qüvvəsinin sərf olunmasının ancaq iki müxtəlif formasıdır. Əlbəttə, insan iş qüvvəsinin özü bu və ya başqa formada sərf olunmaq üçün az-çox inkişaf etmiş olmalıdır. Lakin əmtəənin dəyərində sadəcə insan əməyi, ümumiyyətlə insan əməyinin sərf edilməsi ifadə olunur. Burjua cəmiyyətində general və ya bankir böyük rol, adi bir adam isə cüzi rol oynadığı kimi, burada insan əməyi də tamamilə eyni vəziyyətdədir. Əmək inkişaf cəhətdən xüsusilə fərqlənməyən hər bir adi adamın cismani orqanizminin orta dərəcədə malik olduğu sadə iş qüvvəsinin sərf olunmasıdır. Sadə orta əmək, müxtəlif ölkələrdə və mədəniyyətin müxtəlif dövrlərində müxtəlif xarakter daşısa da, bununla belə hər bir müəyyən cəmiyyət üçün məlum bir kəmiyyətdir. Nisbətən mürəkkəb əmək ancaq qüvvətə yüksəldilmiş və ya, daha doğrusu, zərb16 olunmuş sadə əməkdir, belə ki, az miqdar mürəkkəb əmək çox miqdar sadə əməyə bərabərdir. Təcrübə göstərir ki, mürəkkəb əməyin sadə əməyə belə müncər17 olması daim baş verir. Əmtəə ən mürəkkəb əməyin məhsulu ola bilər, lakin onun dəyəri onu sadə əməyin məhsuluna bərabər edir və, deməli, onun dəyəri özü ancaq müəyyən miqdar sadə əməyi təmsil edir18. Müxtəlif əmək növlərinin bunlar üçün ölçü vahidi olmaq etibarı ilə sadə əməyə müncər olduğu müxtəlif proporsiyalar istehsalçıların xəbəri olmadan ictimai prosesdə meydana gəlir və buna görə də istehsalçılara adətlə müəyyən olunmuş kimi görünür. Asanlıq xətrinə bundan sonrakı şərhimizdə hər növ iş qüvvəsinə bilavasitə sadə iş qüvvəsi kimi baxacağıq, – bu bizi hər bir xüsusi halda mürəkkəb əməyi sadə əməyə müncər etmək zərurətindən azad edər.

Deməli, sürtukun və kətanın dəyərlərində onların istehlak dəyərlərinin fərqləri yox olduğu kimi, bu dəyərlərdə təmsil olunan əməkdə də onun dərzilik və toxuculuq kimi faydalı formalarının fərqləri yox olur. İstehlak dəyərləri olan sürtuk və kətan ancaq məqsədəuyğun məhsuldar fəaliyyətin mahud və ipliklə birləşməsidirsə, dəyər olmaq etibarı ilə sürtuk və kətan yekcins əmək birkintilərindən19 başqa bir şey deyildir; eynilə də bu dəyərlərdə olan əmək məsrəflərində də onların mahuda və ipliyə məhsuldar münasibəti deyil, ancaq insan iş qüvvəsinin sərf olunması əhəmiyyətlidir. Dərzilik və toxuculuq özlərinin məhz keyfiyyətcə müxtəlif xüsusiyyətləri sayəsində sürtuk və kətan kimi istehlak dəyərləri yaradan ünsürdür; ancaq dərzilik və toxuculuğun xüsusi keyfiyyətlərindən sərf-nəzər edildikdə, bunlar eyni bir keyfiyyətə, insan əməyi keyfiyyətinə malik olduqda, sürtuk və kətanın dəyər substansiyası olur.

Lakin sürtuk və kətan nəinki ümumiyyətlə dəyərlərdir, habelə müəyyən kəmiyyətli dəyərlərdir: bizim fərz etdiyimizə görə, sürtuk 10 arşın kətandan ikiqat artıq dəyərə malikdir. Onların dəyər kəmiyyətindəki bu fərq haradandır? Səbəb ondadır ki, kətanda olan əmək sürtukda olan əməyin ancaq yarısı qədərdir, belə ki, sürtukun istehsalına kətanın istehsalı üçün lazım olduğundan ikiqat artıq müddətdə iş qüvvəsi sərf etmək lazımdır.

Buna görə də əmtəənin istehlak dəyəri cəhətdən bu əmtəədəki əməyin ancaq keyfiyyəti əhəmiyyətlidirsə, dəyərin kəmiyyəti cəhətdən əməyin ancaq miqdarı əhəmiyyətlidir, həm də bu əmək heç bir başqa keyfiyyəti qalmayan insan əməyinə müncər edilmiş olmalıdır. Birinci halda məsələ əməyin necə sərf olunması və nə istehsal etməsi, ikinci halda isə nə qədər əmək sərf olunması və onun neçə müddət davam etməsi üzərindədir. Əmtəənin dəyər kəmiyyəti əmtəədə olan əməyin ancaq miqdarını ifadə etdiyinə görə, müəyyən proporsiyada götürülən əmtəələr həmişə bərabər kəmiyyətli dəyərlər olmalıdır.

Əgər bir sürtukun istehsalı üçün lazım olan bütün faydalı əmək növlərinin məhsuldar qüvvəsi sabit qalırsa, onda sürtukların dəyər kəmiyyəti onların miqdarına proporsional olaraq artır. Əgər bir sürtuk x iş günü təmsil edirsə, onda 2 sürtuk 2x iş günü təmsil edir və i. a. Lakin tutaq ki, bir sürtukun istehsalı üçün lazım olan əmək ikiqat artır və ya yarıbayarı azalır. Birinci halda bir sürtukun dəyəri iki sürtukun əvvəlki dəyərinə, ikinci halda isə iki sürtukun dəyəri bir sürtukun əvvəlki dəyərinə bərabərdir, hərçənd hər iki halda sürtukun göstərdiyi xidmət dəyişilməz qalır, habelə onda olan faydalı əməyin keyfiyyəti də dəyişilməz qalır. Lakin onun istehsalına sərf olunan əməyin miqdarı dəyişilmiş olur.

Çox miqdar istehlak dəyəri özlüyündə çox miqdar maddi sərvətdir: iki sürtuk bir sürtukdan çoxdur. İki sürtukla iki adamı, bir sürtukla ancaq bir adamı geyindirmək olar və i.a. Bununla belə, maddi sərvətin artan kütləsinə eyni zamanda onun dəyər kəmiyyətinin aşağı düşməsi uyğun gələ bilər. Bu bir-birinə əks hərəkət əməyin ikili xarakterindən irəli gəlir. Məhsuldar qüvvə, əlbəttə, həmişə faydalı, konkret əməyin məhsuldar qüvvəsidir və əslində ancaq məlum vaxt ərzində məqsədəuyğun məhsuldar fəaliyyətin effektivliyi dərəcəsini müəyyən edir. Deməli, faydalı əmək öz məhsuldar qüvvəsinin yüksəlməsinə və ya aşağı düşməsinə düz mütənasib olaraq məhsulların gah daha zəngin, gah da daha yoxsul bir mənbəyi olur. Əksinə, məhsuldar qüvvənin dəyişilməsi özlüyündə əmtəənin dəyərində təmsil olunan əməyə əsla toxunmur. Məhsuldar qüvvə əməyin konkret faydalı formasına məxsus olduğuna görə, əməyin konkret faydalı formasından sərf-nəzər etdikdə, məhsuldar qüvvənin əməyə, əlbəttə, dəxli ola bilməz. Deməli, əməyin məhsuldar qüvvəsi necə dəyişilirsə dəyişilsin, eyni bir əmək bərabər müddətlərdə həmişə kəmiyyətcə bərabər dəyərlər yaradır. Lakin bu şəraitdə əmək bərabər müddətlərdə müxtəlif miqdar istehlak dəyərləri yaradır: məhsuldar qüvvə artdıqda çox istehlak dəyəri, aşağı düşdükdə isə az istehlak dəyəri yaradır. Məhsuldar qüvvənin dəyişilməsi əməyin səmərəliliyini və, deməli, onun yaratdığı istehlak dəyərləri kütləsini artırdıqda, deməli, bu artmış kütlənin dəyər kəmiyyətini azadır, zira həmin kütlənin istehsalı üçün lazım olan iş vaxtının miqdarını azaldır. Habelə əksinə.

Hər bir əmək, bir tərəfdən, insan iş qüvvəsinin fizioloji mənada sərf olunmasıdır və eyni insan əməyi, yaxud abstrakt insan əməyi olmaq etibarı ilə də əmək əmtəələrin dəyərini təşkil edir. Hər bir əmək, digər tərəfdən, insan iş qüvvəsinin xüsusi bir məqsədəuyğun formada sərf olunmasıdır və belə bir konkret faydalı əmək olmaq etibarı ilə istehlak dəyərləri yaradır20

1.Karl Marks, “Siyasi iqtisadın tənqidinə dair”. Berlin 1859
2.“Arzu tələbatdan doğur, arzu ruhun iştahasıdır və acmaq bədənə xas olduğu kimi o da ruha bir o qədər xasdır… şeylərin çox hissəsinin ona görə dəyəri vardır ki, ruhun tələbatını ödəyir” Nicholas Barbon
3.“Şeylərin öz daxili xassəsi vardır” (bu istehlak dəyərinə Barbonun verdiyi xüsusi addır) və bu xassə hər yerdə dəyişməz qalır; məsələn maqnitin cəzb etmək qabiliyyəti
4.Hər hansı bir şeyin təbii dəyəri (natural worth) insan həyatının tələbatını ödəmək və ya rahatlığına xidmət etmək qabiliyyətindədir. John Locre. "Some Considerations of the Consequences of the Lowering of Interest. 1691, in. "Works", London. 1777, v. II, p. 28) XVIII əsrdə ingilis müəlliflərində istehlak dəyərini bildirmək üçün "worth" sözünü və mübadilə dəyərini bildirmək üçün "value" sözünü işlətdiklərinə biz tez-tez rast gəlirik; bu ingilis dilinin ruhuna tamamilə uyğundur, çünki ingilis dili bilavasitə mövcud olan şeyləri german mənşəli sözlərlə, fikrən düşünülən şeyləri isə roman mənşəli sözlərlə əvəz etməyi sevir.
5.Burjua cəmiyyətində belə bir fictio juris (yuridik fiksiya) hökm sürür ki, guya əmtəə alıcısı olan hər bir adam əmtəəşünaslıq sahəsində ensiklopedik biliyə malikdir.
6."Dəyər bir şeyin başqa şeyə, müəyyən miqdar bir məhsulun müəyyən miqdar başqa məhsula mübadilə olunduğu nisbətdir". (Le Trosne. De I'lnteret Social", "Physiocrates", ed. Daire. Paris, 1846, p. 889)
7."Heç bir şeyin daxili dəyəri ola bilməz". (N. Barbon. Sitat gətirilən əsər, səh. 6.) yaxud Batlerin dediyi kimi: The value of a thing, Is justas much as it will bring. (Şeydən nə qədər vüsul olsa, dəyəri tam o qədərdir.)
8.depozit
9.2-ci nəşrə qeyd. „Onlar" (istehlak şeyləri) „bir-birinə mübadilə edildiyi zaman onların dəyəri onların istehsalı üçün zəruri olan və adətən sərf edilən əməyin miqdarı ilə müəyyən olunur“. Keçən əsrdə anonim müəllif tərəfindən yazılan bu gözəl əsərin nəşr edildiyi vaxt göstərilməmişdir. Lakin onun məzmunundan görünür ki, II Georqun zamanında, təxminən 1739-cu və ya 1740-cı ildə çapdan çıxmışdır.
10.„Eyni qəbildən olan bütün məhsullar əslində bir kütlə təşkil edir ki, bunun da qiyməti. ayrı-ayrı hallardakı xüsusi şəraitdən asılı olmayaraq, bütövlükdə müəyyən olunur“ (Le Trosne, sitat gətirilən əsər, səh. 893).
11.Karl Marks. .Siyasi iqtisadın tənqidinə dair“. Berlin, 1859, səh. 6 [bax: K. Marks və F. Engels. Əsərləri. İkinci nəşri, 13-cü cild, səh. 16].
12.{4-cü nəşrə qeyd. Mötərizəyə alınmış sözləri mən ona görə əlavə etdim ki, bu sözlər olmadıqda, çox zaman belə bir anlaşılmazlıq əmələ gəlirdi; guya Marksın fikrincə, hər bir məhsul onu istehsal edən şəxs tərəfindən deyil, başqası tərəfindən istehlak edildikdə, əmtəə olur. F. E,}
13.Karl Marks. „Siyasi iqtisadın tənqidinə dair“. Berlin, 1859, səh. 12, 13 və başqaları [bax: K, Marks və F. Engels. Əsərləri. İkinci nəşri, 13-cü cild, səh. 21, 22 və başqaları].
14.Uzunətəkli kişi pencəyi
15.Kainatdakı bütün hadisələr, istər insan əli ilə, istərsə də təbiətin ümumi qanunları ilə yaradılmış olsun bizə materiyanın həqiqətən xəlq edilməsi ideyasını vermir, onun ancaq şəklinin dəyişilməsi ideyasını verir. İstehsal ideyasını təhlil edərkən insan zəkasının aşkara çıxardığı yeganə ünsürlər birləşmə və bölünmədən ibarətdir. İstər torpaq, hava və suyun tarlalarda buğdaya çevrildiyi halda, istərsə həşəratın lyablı ifrazatının insan əli ilə ipəyə çevrildiyi və ya ayrı-ayrı metal parçalarının birləşib saat mexanizmi əmələ gətirdiyi halda eyni dərəcədə dəyər (istehlak dəyəri nəzərdə tutulmalıdır, hərçənd burada fiziokratlarla mübahisə edərkən Berri özü hansı növ dəyərdən danışdığını ağıllı-başlı bilmir) və sərvət istehsal olunur.
16.Vurma əməli (riyaz. köhn.) burada sədə əməklərin hasili (red.)
17.Birləşmək, tamamlanmaq (köhn.)
18.Oxucu nəzərdə tutmalıdır ki, burada əməkhaqqından, yaxud fəhlənin, məsələn bir iş günü üçün aldığı dəyərdən deyil, əmtəələrin dəyərindən bəhs edilir ki, bunda fəhlənin iş günü maddiləşir. Şərhimizin bu mərhələsində əməkhaqqı kateqoriyası bizim üçün hələ ümumiyyətlə mövcud deyıldir.
19.скопление
20.Hər zaman bütün əmtəələrin dəyərlərinə qiymət vermək və onları bir-biri ilə müqayisə etmək üçün yalnız əməyin qəti və real bir ölçü olduğunu sübut etməkdən ötrü A. Smit yazır: „Bərabər miqdar əmək hər zaman və hər yerdə fəhlə üçün eyni dəyərdə olmalıdır. Normal sağlamlıq və qüvvətə malik olub normal işləyə bilən və bacarığı orta dərəcədə olan bir fəhlə həmişə öz rahatlıq, sərbəstlik və səadətinin eyni bir hissəsini verməlidir“. A. Smit burada (hər yerdə yox), bir tərəfdən dəyəri əmtəənin istehsalına sərf olunan miqdarı ilə təyin etməyi əmtəə dəyərlərini əməyin öz dəyəri ilə təyin etməklə qarışdırır və buna görə də sübut etməyə çalışır ki, bərabər miqdarda əmək həmişə eyni dəyərə malik olur. Digər tərəfdən, o hiss edir ki, əmək əmtəələrin dəyərində ifadə olunduğuna görə, ancaq iş qüvvəsinin sərf olunması deməkdir, lakin o, iş qüvvəsinin bu məsrəfini yenə də ancaq rahatlıq, azadlıq və səadətin qurban verilməsi kimi təsvir edir, bu məsrəfin həmçinin normal həyat fəaliyyəti olduğunu görmür. Doğrudur, onun gözləri qarşısında müasir muzdlu fəhlə də dururdu. – A. S. Smitin 9-cu qeyddə sitat gətirilən anonim sələfi bu məsələdə ondan xeyli dürüst fikir yeridir: "Birinci müəyyən bir istehlak şeyi hazırlamaq üçün bir həftə vaxt sərf etmişdir.. və ona bunun müqabilində başqa bir şey təklif edən şəxs lap yaxşı qiymətləndirə bilər ki, birinci şey üçün lazım ekvivalent nədən ibarətdir, bundan ötrü o hesablamalıdır ki, özünün təklif etdiyi şeyin nə qədarinə eyni miqdar əmək [labour] və vaxt sərf etmişdir. Burada məsələ ondan ibarətdir ki, məlum şeyin istehsalına bir şəxsin müəyyən vaxt ərzində sərf etdiyi əmək başqa bir şeyin istehsalına başqa bir şəxsin eyni vaxt ərzində sərf etdiyi əməyə mübadilə olunur“. İngilis dilinin belə bir üstünlüyü vardır ki, əməyin iki müxtəlif cəhətini ifadə etmək üçün bu dildə iki müxtəlif söz mövcuddur. Keyfiyyətcə müəyyən olub istehlak dəyərləri yaradan əmək labour-un əksinə olaraq work adlanır; dəyər yaradan və ancaq miqdarca ölçülən əmək isə work-un əksinə olaraq labour adlanir.
Yosh cheklamasi:
16+
Litresda chiqarilgan sana:
29 oktyabr 2022
Hajm:
27 Sahifa 45 illyustratsiayalar
ISBN:
978-9952-8245-3-8
Mualliflik huquqi egasi:
JekaPrint

Ushbu kitob bilan o'qiladi

Muallifning boshqa kitoblari