Faqat Litresda o'qing

Kitobni fayl sifatida yuklab bo'lmaydi, lekin bizning ilovamizda yoki veb-saytda onlayn o'qilishi mumkin.

Kitobni o'qish: «Ömər Xəyyam. GAH»

Shrift:

GİRİŞ

Ömər Xəyyam… Bəli, dünyanın hər yerində böyük şairi, bütöv adı Qiyas əd-Din Əbu-əl Fəth Ömər ibn İbrahim Xəyyam Nişapuri olan, adına əfsanələr qoşulmuş, bu günə qədər həyat tarixi sirli və müəmmalı qalan insan və alimi məhz belə çağırırlar.

O, ən əvvəl kim olmuşdur? Şairmi? Astronommu? Riyaziyyatçımı? Filosofmu? Bəlkə həm şair, astronom, həm də riyaziyyatçı və filosof olmuşdur? Axı tarix, demək olar, insan fəaliyyətinin bütün sahələrində qabiliyyətini sınamış az dahilər tanımır. Belə insanlar bütün bəşər nəslinin zinətidirlər, onun böyük nailiyyəti, qızıl fondudurlar. Ömər Xəyyamı həmin nəslə aid etmək olarmı? Şübhəsiz. Lakin qarşıya başqa məsələ çıxır: onun hərtərəfli istedadının hansı tərəfi daha parlaqdır? Onun adının ölməzlik qazanmasında həlledici nə olmuşdur? Ensiklopediyaçı İbn Sina – bu ən əvvəl filosof və həkim idi, çoxtərəfli istedad sahibi olan Leonardo da Vinçi – bu təsviri incəsənətdə daha parlaq təzahür edən istedaddır… Belə nümunələr tək deyildir. Lakin Xəyyamın hansı istedadına birinci yeri vermək olar?

Müəlliflər bu suala cavab vermək üçün oxuculara kiçik bir eksperiment keçirməyi təklif edirlər. Küçəyə çıxıb heç olmasa birinci rast gəldiyiniz on-onbeş nəfərdən Xəyyamın kim olduğunu soruşun. Şübhə etməyə bilərsiniz, cavab bir olacaqdır: şair. Bu, başlıcasıdır. Lakin ola bilsin ki, cavablarda Xəyyamın poeziyasının xarakteri haqqında məsələ barədə vahid bir fikir olmayacaqdır. Bəziləri – onlar əksəriyyəti təşkil edəcəklər – deyəcək ki, Xəyyam şərabı və həyatın sevinclərini vəsf edən nəğməkardır, gedopçu və epikürçüdur. Başqaları əlavə edər ki, «filosof-şairdir». Bəziləri isə yəqin deyəcəklər ki, Xəyyamın misralarında şərab da, həyatın sevincləri də tez sovuşan zövq almağın birbaşa vəsf olunması deyil, müsəlman ortodoksallığının məhdud ehkam kimi qavranılmasına qarşı gizli bir etirazdır: axı, məlum olduğu kimi, Quran mömin müsəlmanlara şərab içməyi qadağan edir. Sözsüz ki, sorğu keçirilən hər on nəfərin arasında böyük şairin ciddi fəlsəfi risalələri, həm də onun görkəmli riyaziyyatçı və astronom olması haqqında, başqasından eşitmiş olsa da, xəbəri olan adam tapmaq mümkündür.

Lakin həqiqətən, əslində Xəyyam kim olmuşdur? Əgər müasir elmin əvvəlki kimi onun həyatı haqqında son dərəcə az məlumata malik olduğunu nəzərə alsaq, bu sualın sadə olmadığını görərik. Xəyyamın bir çox elmi əsərləri bizim günlərə gəlib çatmamışdır, bir sıra rübailərin ona məxsus olması şübhəli olaraq qalır.

Ömər Xəyyamın şəxsiyyəti də həmçinin kəskin mübahisələrin predmetinə çevrilmişdir, özü də bəzi tədqiqatçılar onda yalnız gedopçuluğu, başqaları yalnız skeptikliyi, üçüncülər yalnız sufiliyi görürdülər. 1897-ci ildə məşhur rus şərqşünası, professor Valentin Alekseyeviç Jukovski Xəyyam haqqında özünün yazdığı əsərdə ədəbiyyatda o dövrə qədər Xəyyam haqqında yığılmış qarşılıqlı müstəsna xarakteristikaların bu cür müxtəlif siyahısını vermişdir: «O azadfikirlidir, dinə inanmır; o allahsızdır və materialistdir; o sufizmə gülür və panteistdir; o dindar müsəlmandır, filosofdur, iti müşahidəçidir, alimdir; o əyyaşdır, pozğundur, ikiüzlüdür, riyakardır. O sadəcə olaraq küfr danışan deyildir, həm də dinin və hər cür əxlaqi etiqadın müsbət cəhətlərini inkar etməyin təcəssümçüsüdür; o həyati zövqlərə nisbətən, ilahi şeylərin daha da dərk edilməsinə can atan zərif varlıqdır; o epikürçü-skeptikdir, o farsların Əbül-Əlasıdır, Volterdir, Heynedir… Jukovski sonra yazır ki, doğru-dan da əgər insan yalnız əxlaqi cəhətdən eybəcər deyildirsə onun simasında qarışıq və əlvan fikirlərin, bir-birinə əks olan meyllərin və istiqamətlərin, yüksək şan-şöhrətin və rəzil hisslərin, iztirablı şübhələrin və tərəddüdlərin əks olunmasını və yaşamasını həqiqətən təsəvvür etmək olarmı?

Xəyyam dərin fəlsəfi risalələrin müəllifi kimi məşhurdur, o fizika və tarixlə, siyasət və musiqi ilə məşğul olmuşdur, müasirləri onun riyazi qabiliyyəti ilə fəxr edirdilər, onun səkkiz yüz il bundan əvvəl ixtira etdiyi astronomiya təqvimi bu gün bizim istifadə etdiyimiz təqvimdən daha dəqiq idi. Lakin qəribədir, bu gün yaşayan adamların əksəriyyətinin onun poeziyasından əlavə, başqa qabiliyyyətləri barədə məlumatları yoxdur.

Xəyyam adamların şüurunda ən əvvəl dahi şairdir. Onun şeirlər məcmuəsi dünyanın bir çox xalqlarının dilində nəşr olunmuşdur. Rübailəri sayəsində Xəyyamın adını bütün ölkələrdə və qitələrdə tanıyırlar. Onun poeziya irsi həyatda bütöv istiqamət, ədəbiyyatda xüsusi məktəb yaratmışdır.

Xəyyamın rübailərinin sehri nədədir? 826 il bundan əvvəl yaranmış şeirlərin müasir insanı həyəcanlandırması adama qəribə gəlir. Lakin elə məsələ bundadır ki, il anlayışı Xəyyamın rübailərinə aid deyildir. Bu rübailər sanki bir anlıq fanilikdən kənarda mövcuddur, onlar sanki zamanın sakitliyi və əbədiliyinin hansısa əsas xəttinə və strukturuna hopmuşdur. Lakin bununla belə Xəyyamı oxuyarkən, çox vaxt bilmirsən ki, onun şeirlərindəki fikri izləyəsən, yaxud sadəcə olaraq rübainin gözəlliyindən, onun obrazlılığından və bəzəyindən, musiqi ritmindən zövq alasan.

Xəyyamın rübailəri müasir oxucunu nə ilə cəlb edir? Yığcamlığı iləmi? Sadəliyi iləmi? Bəlkə də fəlsəfi fikrin yığcam, zəngin ifadəsi ilə? Qoy oxucu özü bu suallara cavab versin. Axı həqiqətən şeirlərindəki musiqini nəsr dilində ifadə etmək faydasız məşğələdir. Bununla belə bu həqiqətdə dərin müdriklik vardır: hər birimiz şeri özümüzə məxsus tərzdə qavrayırıq. Bəlkə elə buna görə yaşımız artdıqca Xəyyamda yeni cəhətlər və xüsusiyyətlər kəşf edirik?

Ömər Xəyyam Avropa oxucusuna nisbətən yaxın vaxtlardan tanışdır. Xəyyamın ilk əsərlərindən biri 1851-ci ildə alman riyaziyyatçısı Frans Vyanke tərəfindən Parisdə nəşr olunmuş və «Ömər Əlxəyyamın hesabı» adlanmışdır. Kitabda müəllif barədə kiçik giriş məqaləsi də verilmişdir. Əsər ərəb dilində idi və hesaba aid risalənin fransız dilində tərcüməsi verilmişdi. Lakin kitab demək olar ki, geniş oxucu kütləsinin diqqətini cəlb etmədi.

Xəyyamın ikinci dirçəlişini və əvvəlcə Avropada, sonra isə bütün dünyada qabiliyyətli yürüşünün başlanmasını 1859-cu ilə aid etmək olar: məhz o vaxt İngiltərədə Edvard Fitsceraldın sərbəst tərcüməsində «Ömər Xəyyamın rübailəri» adlı şeirlər kitabı işıq üzü görür. Şeir məcmuəsi o qədər geniş yayılır və elə etimad qazanır ki, artıq bir neçə aydan sonra, o nadir biblioqrafik nüsxəyə çevrilir.

Gənclər sevgililərinə yazdıqları alovlu məktublarında Xəyyamın rübailərindən istifadə edirdilər. Xəyyam rübailərinin həyati qüdrəti haqqında danışmaq adət halını almışdı. Xəyyamın şeirləri kütləvi şəkildə oxunurdu. Bir sözlə, tərcümə mütaliə edən kütlənin zövqünə uyğun idi. Təqribən hər yüz rübaidə bədii formada öz əksini tapmış bitkin bir fikir dururdu. Bu, viktoriya dövründə ifrat dərəcədə gözlənilməzliyi və uzunçuluğu ilə mühüm hesab edilirdi və özünün gözlənilməzliyi ilə birdən məftunedici oldu. Axı o dövrdə şeirin bədii metodları və prinsipləri tamamilə başqa idi. İngilis şairi A. Tennisson 26 ildən sonra Fitsceraldın tərcüməsini «fəzaya atılmış, günəşə bərabər planet» adlandıracaqdır.

Fitscerald Xəyyamın şəxsiyyəti və onun həyat yolu haqqında özünün müstəqil təsəvvürlərinə müvafiq olaraq məcmuədə şeirləri yerləşdirmişdi. Doğrudan da, ingilis şairi və tərcüməçisi fikirləşirdi ki, niyə də Xəyyam gəncliyində gəzəyən, həyatsevər, qadın pərəstişkarı, zövq almağı, şərab və varlığın sevinclərinin tərənnümçüsü, sonralar həyatdan usanmış və nəhayət, ömrünün qürub çağında allaha mistik sevgi təbliğçisi olmasın. Məcmuədə də rübailər məhz bu qaydada yerləşdirilmişdi. Bu məntiq Ömər Xəyyamın rübailərinin pərəstişkarlarındakı hakim əhval-ruhiyyəyə tamamilə uyğun idi. Fitsceraldın tərcüməsi XIX əsrin axırına qədər 25 dəfə nəşr edildi. Bu, keçən əsrin nəşriyyat təcrübəsində fövqəladə hadisə idi! Şübhəsiz, ingilis şairinin istedadı da kitabın müvəffəqiyyət qazanmasında böyük rol oynamışdır. İrəli gedərək, deyək ki, sonralar Xəyyamı bir çox ədəbiyyatçılar, o cümlədən məşhur şairlər tərcümə edəcəklər. Lakin istərdik qeyd edək ki, Fitsceralda qədər Xəyyamı alman dilinə Hammer Purqştal tərcümə etməyə cəhd eləmiş, 25 rübai dərc etdirmişdir, fransız dilinə isə Qarsen de Tassi və başqaları tərcümə etmişlər. Amma onların tərcümələri diqqəti cəlb etməmişdir. Təkrar etmək olar: Xəyyamı bir şair kimi ilkin kəşf edən, bütün dünyaya onun gözəl şəxsiyyət olduğunu göstərən məhz Fitscerald olmuşdur. Lakin qeyd etmək lazımdır ki, orta əsr İranının və Orta Asiyanın bir sıra xadimləri arasında Xəyyamın adı daha əvvəl çəkilmişdir. Avropada Xəyyamı artıq XVII əsrdə tanıyırdılar. Tomas Hayd özünün 1700-cü ildə nəşr olunan «Qədim farsların din tarixi» kitabında bir şair kimi onun adını xatırlayır. 1742-ci ildə, J Meyerman özünün Flyuk (riyazi təhlil) hesablaması üzrə öz kitabının girişində Xəyyamın hesaba aid risaləsinin adını çəkdikdən sonra Xəyyam riyaziyyatçı kimi məşhur olmuşdur.

Maraqlıdır ki, Rusiyada uzun müddət şair Xəyyamın və riyaziyyatçı Xəyyamın ayrı-ayrı adamlar olduğunu hesab etmişlər. Görünür, qarışıqlıq aşağıdakı səbəblərə görə baş vermişdir. Xəyyamın dövründə alimlər əsərlərini ərəb dilində yazırdılar. Bu cəhətdən Xəyyam da istisna ola bilməzdi, o bütün əsərlərini demək olar, məhz bu dildə yazmışdır. Rübai geniş oxucu üçün olmadığından, özü üçün yazıldığından, əlbəttə, düşüncəyə daldığı anlarda kağız üzərinə doğma ana dilində köçürülürdü. Sonralar rübailər şairin həmçinin fars dilində danışan dostları arasında yayılmağa başladı. Bax, elə buna görə də ərəb dilində (alimlər dili) yazılan kitablarda onun haqqında məhz riyaziyyatçı kimi danışılmışdır. Fars mənbələri isə onun adını bir şair kimi çəkirlər.

Beləliklə, Xəyyam Fitsceraldın sayəsində Avropa oxucusu üçün kəşf edildi. Və Firdovsi, Sədi, Hafiz kimi parlaq ulduzların sırasında öz yerini tutdu. Sonralar Avropada və Şimali Amerikada o daha geniş tanınmışdır. Eyni zamanda Xəyyamın həyat və yaradıcılıq probleminə qanunauyğun tədqiqatçı marağı da yarandı. Dərhal bir çox sual meydana çıxdı. Həmin sualların əksəriyyəti bu gün də alimlər və tədqiqatçılar tərəfindən həll edilməmişdir. Şərqşünaslar soruşurdular ki, bəs Xəyyam öz baxışlarına görə kim olmuşdur? Adama elə gəlir ki, onun rübailəri ilk baxışdan parlaq və aydındır. Onun ayrı-ayrı rübailərini necə şərh etmək lazımdır? Xəyyamın adına çıxılan bütün rübailər həqiqətən ona məxsusdurmu? Onun irsində məşhur rübailərdən başqa, ədəbi-bədii yaradıcılığın digər janrlarının nümunələri vardırmı?

Fars ədəbiyyatşünaslığında xəyyamşünaslıq adlanan bütöv istiqamət yarandı. Zaman keçdikcə bir-birilə rəqabət aparan qruplar da meydana çıxmışdır, onlar Xəyyamın öz obrazını, onun rübailərini müxtəlif səpkidə, bir-birinə əks tərzdə şərh edirdilər.

Məsələn, V. A. Jukovskinin Xəyyamdan xatırladığı rübailər sufilik ruhunda şərh olunurdu. O, Xəyyamı əbədi, işıqlı və gözəl səltənətə doğru can atan, gözəl həyatı və allaha qarşı qızğın sevgini tərənnüm edən şair hesab etmişdir. Jukovskidən çox əvvəl Xəyyamın fransız dilində naşiri olan Nikol da onu məhz bu cür şərh etmişdir.

XX əsrin bəzi alimləri– Svemi Qovinda Tirtxa, K. Smirnov – Jukovskinin gəldiyi nəticələrlə razı idilər. İran tədqiqatçısı Məhəmməd Əli Firuqinin şərhində isə Xəyyam ən əvvəl mömin müsəlman, sonra isə sufi kimi, özü də etik və fəlsəfi baxışları ortodoksal islam çərçivələrindən kənara çıxmayan sufi kimi göstərilir.

Başqa cür yanaşanlar da olmuşdur. Müasir yüzilliyin alimləri A. Arberri, A. Kristensen, F. Rozen – Xəyyamın yaradıcılığına tamamilə başqa cür yanaşmışlar. Onlar şairin haqqında əvvəlcə deyilənləri rədd etmiş və öz şəxsi dəlilləri əsasında sübut etməyə çalışmışlar ki, şairin əsərləri, kiçik istisna olmaqla, sufizmə yaddır. Lakin Xəyyam onların tədqiqatlarında coşqun gedonistə, şərabın istedadlı tərənnümçüsünə çevrilmişdir. Həm də şərabla əlaqədar olaraq bir çox ziddiyyətli fikirlər irəli sürülür. Bir çox səbəblərə görə ehtimal etmək olar ki, Xəyyam tərəfindən bu söz sırf rəmzi mahiyyət daşımışdır. İkinci baxışın tərəfdarları elə rübailər tapırlar ki, onların fikrincə, orada heç bir mənaaltı sufizmdən söhbət belə getmir. Belə nəticə çıxarılır: deməli, Xəyyamın rübailərində şərab digər hallarda da maddi substansiya kimi çıxış edir.

Keçmiş sovet alimlərindən A. A. Bolotnikov, S. B. Moroçnik, M. İ. Zand və başqaları Xəyyamın obrazının birtərəfli şərh olunmasının məhdudluğunu göstərmişlər. Lakin onların bəziləri şairin yaradıcılığına qeyri-düzgün münasibəti tənqid edərək bəzən özləri də müəyyən səhvlərə və nöqsanlara yol verirdilər. Məsələn, S. B. Moroçnikin tədqiqatında Xəyyam şüurlu ateist, materialist və allaha qarşı mübariz kimi verilir. Əlbəttə, belə münasibət özü də düzgün deyildir. Mübahisədə faktları süni surətdə uzatmaq ən inandırıcı əsas deyildir. Ömər Xəyyamın rübailərində fatalizm, skepsis motivlərini inkar etmək, deməli, onları təhrif eləmək idi. Ömər Xəyyamın rübailərində çoxlu ziddiyyətlərin olmasını təsdiq edən M. N. Osmanov müəyyən dərəcədə haqlıdır. Lakin bu ziddiyyətlər ən əvvəl «onun rübailərinin tədqiqatçılar tərəfindən müxtəlif cür şərhi ilə» izah olunur.

Bioqrafçılar və tədqiqatçılar Xəyyam kimi görkəmli şəxsiyyəti öyrənmək prosesində çox mühüm problemlə qarşılaşmışlar: onun adına istinad edilən şeirlərinə görə həqiqi müəllifliyini necə təsdiq etməli? Bax buna görə problem ciddidir. Hesablanmışdır ki, beş minə qədər rübai Xəyyamın adına çıxılır, halbuki heç bir qədim əlyazmasında 300–400-dən çox rübai olmamışdır. Həqiqətən, Xəyyamın rübailərini səhvsiz müəyyən etməyə kömək edən o aydın və dəqiq meyar haradadır? Sağlığında Xəyyamın imzası qoyulmuş rübailəri mövcud deyildir ki? Bu suallar tədqiqatçılara rahatlıq verməmişdir. Əgər birinci fikrin ətrafında mübahisələr azalıb sonra yenidən qızışsa da, ikinci fikrin ətrafında vəziyyət bəzən tam kəskinliyilə səciyyələnirdi. Bu və ya digər fikri irəli sürən hər yeni əsər mübahisələrin və müzakirələrin yenidən qızışmasına səbəb olurdu.

Alimlər gah Xəyyamın, gah da digər məşhur şairlərin ənənələrinə yaxud naməlum şairlərə aid edilən «səyyar rübailərin» (termin ilk dəfə Jukovski tərəfindən işlədilib) müəlliflərini müəyyən etmək üçün müxtəlif elmi üsullara, kəskin fərziyyələrə əl atmışlar. Axtarış on illərlə davam etmişdir.

Xəyyamın rübailərinin bədii tərcüməsi ilə bir vaxtda rübailərin mətninin elmi nəşrinə də başlanılır. 1867-ci ildə F. Nikol tərəfindən hazırlanan Paris nəşri bunların ən yaxşısı idi. Lakin otuz il sonra V. Jukovskinin «Ömər Xəyyam və səyyar rübailər» adlı əsərində göstərilir ki, Nikolun Paris nəşrindəki 464 rübaidən 82-si Xəyyamdan sonra yaşayan otuz doqquz şairə məxsusdur. O, elə bu rübailəri də «səyyar» adlandırmışdı. Sonra ingilis Denison Rossun və danimarkalı iranşünas Artur Kristensenin əsərləri çap olunmuşdur ki, onlar da tapdıqları 108 «səyyar rübailər» haqqında məlumat verirlər. Jukovski qədim tarixi əsərlərdə yalnız orijinal rübailəri Xəyyama aid hesab eləmək təklifini vermişdi. O, cəmi bu cür altı rübai tapmışdı, bu rübailər isə XIII–XIV əsr müəlliflərinin əsərlərində idi.

1904-cü ildə Kristensen Xəyyamın poetik irsinə özünün yeni baxışını elan elədi. O göstərirdi ki, fars poeziyası ənənələrində bu və ya digər poeziya janrı formalarının mətnində müəllifin adı da göstərilməli idi. Odur ki, Xəyyamın adını daşıyan rübailəri axtarmaq lazımdır. O özü belə rübailərdən yalnız on ikisini tapmışdı. Xəyyam poeziyasının çoxsaylı pərəstişkarlarını rübailəri bu cür seçmək prinsipi inandıra bilmədi. Həm də məntiq özü də bu cür məhdud yanaşmağın əleyhinə idi. Ənənə ənənəliyində qalsın, axı bu ənənələr özü də rübailərə aid sərt qaydalarla qanuniləşdirilməmişdir. Lakin heç də həmişə, bütün fars şairləri bu ənənəni gözləmirdilər. Buna görə də Kristensenin konsepsiyası tezliklə özünün bir sıra pərəstişkarlarını itirdi.

İyirmi il sonra xəyyamşünaslıqda yeni addım atıldı. 1925-ci ildə alman şərqşünası F. Rozen Berlində 329 rübaini özündə əks etdirən əlyazmasını buraxdırdı. O, Jukovski tərəfindən işlənib hazırlanmış orijinal mətnin müəyyən edilməsi metoduna tənqidi şəkildə yanaşdı. Jukovski təklif edirdi ki, «səyyar» rübailər istisna olunmaqla Xəyyama aid edilənlər onun rübailəri hesab olunmasın, Rozen isə haqlı olaraq bildirirdi ki, bir müəllifin əsərinin başqa müəllifə aid edilməsi ikitərəfli ola bilər. Əgər başqa rübailər Ömər Xəyyama aid edilirsə, deməli, onun öz rübailərinin də taleyi belə olmuşdur. O göstərmişdir ki, məsələn, Jukovski səhv edərək, 1626-cı ildə vəfat edən Talib Amuliyə iki rübai aid etmişdir. Bu rübailər Xəyyamın Oksford universitetinin Bodleyan kitabxanasında saxlanmış və tarixi 1460-cı ildə qeyd edilmiş əlyazmasında vardır, yəni bu rübailər Amulin ölümündən heç olmasa əsr yarım əvvəl yazılmışdır.

F. Rozenin xidmətinin əhəmiyyəti ondadır ki, o aşağıdakıları göstərmişdir: Xəyyamı bütün «səyyar» rübailərin müəllifliyindən məhrum etmək olmaz; atribut probleminə qədim əlyazmalarının mətnlərini nəzərə almaqla yanaşmaq lazımdır. O Xəyyamın adı çəkilən (Kristensen tərəfindən müəyyən edilmiş) altı rübaini və qədim tarixi əsərlərdə Xəyyama aid edilən daha altı rübaini orijinal hesab etmək təklifini vermişdir. O diqqətlə seçdikdən sonra bu rübailərə 1341-ci ilin «Munis əl-əhrar» əlyazmasından daha on üç rübai əlavə etdi. Lakin bu rübailərdən ikisi təkrar olduğuna görə, cəmi on bir rübai əlavə edildi. F. Rozenin fikrincə, bu 23 rübai məhək daşı hesab olunmalı, onların köməyilə böyük fars şairinin yaradıcı irsinin öyrənilməsinə başlanmalıdır. Lakin bu metodun şübhəsiz məziyyətlərinə baxmayaraq, onu yalnız şərti qəbul etmək olar, çünki üslubu, ideyaları və obrazları müəyyənləşdirərkən bütün tədqiqatlar üçün məqbul hesab edilən möhkəm obyektiv meyar mövcud deyildir.

Axtarışlar davam edirdi. Yeni-yeni ideyalar irəli sürülürdü. A. Kristensen özünün ilk əsərinin çapından iyirmi üç il sonra yenidən Ömər Xəyyamın həqiqi poeziya irsinin müəyyən olunması probleminə qayıdır. Danimarkalı alim bu dəfə öz tədqiqatının əsasında ən qədim dövrün on altı ən məşhur əlyazmasının: Oksford universitetinin (Bodleyan kitabxanasının, Britaniya muzeyi kitabxanasının, milli kitabxananın (Paris), Berlin kitabxanasının əlyazmalarının, habelə Kəlküttə və F. Rozenin nəşr etdirdiyi iki kitabın tutuşdurulmasını qoyurdu. Bu dəfə çıxarılan nəticələr daha nikbin idi. Tədqiqatçı bir qədər qədim, daha nüfuzlu əlyazmalarında olan rübailəri orijinal rübai adlandırır. Bunun nəticəsində alim 121 rübai aşkara çıxarır. Dilçilərin etiraf etdiyinə görə Kristensenin elmi bazası bu dəfə daha sanballı görünürdü.

Macar dilçi alimi B. Sellik keçən əsrin otuzuncu illərində Parisdə Milli kitabxananın əlyazmalarının təsvir edilməsinə həsr olunmuş bir neçə əsər dərc etdirmişdir. O bir sıra orta əsr müəlliflərinin ədəbi-bədii əsərlər külliyyatını aşkar edə bilmişdir. Antologiyanın üzərində 1448-ci il qeyd olunmuşdur. O, burada Ömər Xəyyamın 56 rübaisini tapmışdır. Lakin Sillik tənqidi mətnin konkret metodunu verməmişdir.

1936 – 1937-ci illərdə alman şərqşünası Xristion Rempis Ömər Xəyyamın poeziya irsinə həsr olunmuş yeni tədqiqatlarını dərc etdirir. O, Xəyyama aid edilən bütün rübailəri onların mənbələrdə və əlyazmalarında xatırlandığı dövr üzrə qruplaşdırır. Birinci qrupa 1122-ci ildən 1220-ci ilədək, ikinci qrupa 1221-ci ildən 1315-ci ilədək, üçüncü qrupa 1316-cı ildən 1410-cu ilədək, dördüncü qrupa 1411-ci ildən 1505-ci ilədək, beşinci qrupa 1506-cı ildən 1600-ci ilədək olan dövrdə tarixləri qeyd olunmuş rübailər daxil edilmişdir. O, hər bir qrup üçün bal sistemi tətbiq edir. Bu və ya digər rübai Xəyyamın yaşadığı və yaratdığı dövrdən nə qədər uzaqlaşırdısa, bir o qədər az xal toplayırdı. Beləliklə Rempis 255 rübai seçir, lakin sonra onlara öz ruhuna görə yaxın olan daha 47 rübai əlavə edir.

Hind filoloqu və dilçi alimi Svami Qavinda Tirtha Rempisin nəzəriyyəsinin möhkəmliyini işdə yoxlamaq qərarına gələrək, Xəyyama aid edilən bütün rübailəri yoxlayıb sınaqdan keçirir, nəticədə məlum olur ki, Rempisin ayırdığı 302 rübaiyə ən azı daha 402 rübai əlavə etmək lazımdır. Tirtha özü 1971-ci ildə xəyyamşünaslığın tarixində ən yaxşı əsərlərdən birini dərc etdirir. O, bu əsərdə Xəyyam haqqında yazmış alimlərin tədqiqatlarına yekun vurur. O, rast gəldiyi rübailərin mənbələrini ətraflı göstərməklə mindən çox rübaini qeyd edir.

Bir il sonra məşhur İran alimi Məhəmməd Əli Firuqi Xəyyamın rübailərinin mətni ilə birgə əsəri şairin vətənində nəşr olunur. Onun konsepsiyası Xəyyamın əsl rübailərini müəyyən etmək yolu ilə V. Jukovskinin və F. Rozenin ayrı-ayrı müddəalarını inkişaf etdirir. Firuqi XIV əsrin sonundan əvvəl tarixi qoyulmuş, yəni ölümü 1389-cu ildən hesab edilən Hafiz Şiraziyə qədər olan mənbələri götürür. O, yoxlamaq, yüzlərlə rübaini müqayisə etmək yolu ilə 66 rübai seçir. 83 il ömür sürmüş Xəyyam özündən sonra altmışdan bir qədər çox rübai qoyub gedərdimi? Firuqi seçib ayırdığı 66 rübainin üstünə ruhuna və üslubuna uyğun olan daha 112 rübai əlavə etdi və 178 rübaidən ibarət məcmuə tərtib elədi. Lakin birinci 66 rübai ilə razılaşıb, onları Xəyyamın qələminin məhsulu hesab etmək olarsa, alimin seçib ayırdığı digər rübailər şübhə doğurur. Məsələ bundadır ki, Firuqi öz əbədi zovqü və fəhmindən istifadə etmişdir. Bu, rübailəri qiymətləndirərkən mütləq subyektivizmə gətirib çıxarmalı idi. Lakin bununla belə mütəxəssislər hesab edirlər ki, bu tədqiqat metodundan əl çəkmək lazım deyildir. Məsələ bundadır ki, İranda, eləcə də bir çox Şərq ölkələrində əbədiyyatçıların və ədəbiyyatşünasların ənənəvi tərbiyə olunmasına uşaqlıqdan çoxlu miqdarda şeirin əzbərlənməsi də daxildir. Savadlı şair və filoloq bəzən 25 minə qədər beyt (qoşa qafiyəli şeir) əzbər bilir. Belə informasiya ehtiyatı bu və ya digər mətnin müəllifinin mənsubiyyəti barədə fəhmlə, bəzən isə həqiqətən düzgün mühakimə yürütmək imkanı verir. Lakin aydındır ki, şübhəsiz bu metod alınmış nəticələrin düzgünlüyünü təmin edə bilməz.

Son vaxtlar belə bir fikir yaranmışdır ki, Xəyyamın mətninin əslini müəyyən etməyə mane olan ciddi maneələr mövcuddur. Bir qədər bədbin olan bu fikir aşağıdakı faktlara əsaslanır. Müasir ədəbiyyatşünaslığın köməkçi fənlərindən biri olan mətnşünaslıq mətnləri təyin etmək üçün müqayisə və statistik metodlardan geniş istifadə edir. Bu məqsədlə müqayisəli mətnlərin xüsusi sözlükləri, bir-birinə yaxın olan sözlərin lüğəti tərtib edilir, mətnlərdə əsas sözlərin, söz birləşmələrinin, obrazlı ifadələrin faizli məzmunu müəyyən olunur. Lakin bütün bunlar həm əsl mətnin, həm də şübhə doğuran mətnin həcmi xeyli böyük olduqda görülür. Xəyyama aid edilən rübailərin müəllifliyini müəyyən etmək üçün bu metodu tətbiq etmək olmaz, çünki statistik hesablamanı və müqayisəetməni keçirmək üçün rübailərin həcmi çox azdır.

Bəlkə Xəyyam əslində heç rübai yazmamışdır? Axı onun əli ilə yazılmış rübailər külliyyatı tapılmamışdır. Bu, orijinal sual deyildir. Lakin Xəyyamın mənafeyi keşiyində duran qədim dövrün saysız-hesabsız mənbələri bu cəhətdən bütün şübhələri rədd edir. Şairin rübailəri yazmaması və onları sistemləşdirməməsi isə başqa məsələdir. Bununla əlaqədar olaraq məşhur şərqşünas, Y. E. Bertelsin fikrini gətirmək istərdik: «Diqqətli oxucu (Xəyyamın – müəllif.) hiss etməyə bilməz ki, rübailər arasında əksəriyyəti eyni fikri şərh edir. Biz məzmununa və yalnız kiçik detallarla bir-birindən fərqlənməsinə görə çox yaxın olan rübailərin «çələngini» görürük. Bizə elə gəlir ki, bir fərziyyə Xəyyamın rübailərindəki bu xüsusiyyətləri asanca izah edə bilər. Onun bütün fəaliyyətinin hansı çətin şəraitdə keçməsi məlumdur. Əgər hətta «sakit» tarixçilər onun şeirləri haqqında belə bir fikir yazırdılar ki, bu şeirlər şəriəti sancan zəhərli ilanlardır, onda aydın olur ki, fanatik ilahiyyatçılar tərəfindən onlar hansı təhlükələrə məruz qalırmış. Əlbəttə, Xəyyam öz şeirlərinin toplanması və yayılması haqqında fikirləşə bilməzdi… Bəlkə də o şeirlərini bir parça kağız üzərində yazırdı, kiçik alimlər qrupu, onun həmfikirləri evinə toplandıqda, Xəyyam şərab piyaləsi arxasında onlara özünün son yaratdıqlarını oxuyurdu. Təsəvvür edək ki, Xəyyamın beş nəfər dostu evinə gələrək hər biri eşitdikləri şeirləri kiçik dəyişikliklərlə, bu və ya digər sözü əvəz etməklə yazır. Bu cür rübainin altı variantı yarana bilər ki, sonralar onları toplayarkən ayrı-ayrı şeirlər kimi qəbul edirlər. Şeir variantlarının sayı əlyazmalarının üzü köçürülərkən də arta bilərdi.

Bəlkə onda heç ümumiyyətlə axtarış aparmağın mənası yoxdur? Alimlərin açıq-aşkar sxolastikaya keçməsi təhlükəli deyilmi? Yalnız yeni axtarışlar, tədqiqatın şübhəsiz metodları müəmmalıq pərdəsini qaldıra bilər.

Alimlərin bir qismi bu və ya digər rübainin atribusiyası barədə mübahisə etdiyi halda, başqa biriləri belə bir təəccüblü qəribəlik üzərində düşünürdülər. Xəyyamın rübailəri bütün dünyada insanlara məlumdur və onlar tərəfindən sevilir, bu rübailər öz vətənində o vaxt bir o qədər yayılmamışdı. Xəyyama başqa müəlliflərin qarşısında üstünlük verilməzdi, o hətta İran və Orta Asiyanın poeziyasında Firdovsi, Sədi, Hafiz kimi nəhənglərlə bir sırada belə durmurdu. Bunu nə ilə izah etmək olar?

Fikrimizcə, belə izah etmək tamamilə təbii olardı. Xəyyamın xüsusiyyəti ondadır ki, o yüksək mənsəbli himayədarlarını nəşələndirmək üçün, pul üçün yazmamışdır. Bu rübailər, bəlkə də ağır düşüncəli dəqiqələrdə yaradıcılığının qeyri-qənaətbəxş olduğu vəziyyətlərdə yaxud əksinə həyat fərəhli və işıqlı göründükdə yaranırdı. Burada «axıb gəlirdi» sözünü qeyd etmək istərdik. Nəticədə lakonik, aydın, bəzən də qəribə melodiyalı sətirlər yaranırdı. Onlar sanki oxucu qarşısında birbaşa ifadə edilmiş fikir formasında çılpaqcasına dururlar.

O dövrdə farsların poeziyasına başqa ideyalar hakim idi. Yeni obrazlar, farsca «məni» yarada bilən şairlər daha çox hörmətə layiq görülür və qiymətləndirilirdilər. Lakin Avropa poetikasında «obraz» və farscada «məni» anlayışlarında fikir eyni deyildir. Bu münasibətlə M. N. Osmanov belə deyir: “Avropa poetikasında poetik ifadənin müxtəlif vasitələrinin tətbiq edilməsini obrazlar adlandırırlar. Məsələn, gözəli qızıl gülə, gözəlin qədd-qamətini sərv ağacına bənzətsək, onda qızıl gül gözəllik obrazı, sərv ağacı isə qədd-qamət obrazı olacaqdır. Bir şair tərəfindən yaradılan bu obraz təkrar edildikdə orijinallığını itirər, ədəbi şablona çevrilə bilər. Fars poeziyasında hər şey başqa cürdür: hər bir şairin şeirlərində «qızıl gül» və «sərv» sözünə on dəfələrlə rast gəlmək olar, lakin bu sözlər yalnız öz növbəsində obrazın əsasına xidmət edirlər, həmin obrazlar yalnız yeni üslub və poeziya vasitələrini cəlb etməyin, yeni semantik əlaqələrin müəyyən olunması köməyilə əsl obraza (mənə) çevrilir. Eyni mövzuya – ilkin əsasa aid olan bu çox saylı variantlar fars poeziyasının xarakterik xüsusiyyətlərindən birini təşkil edir». Xəyyamda isə yüksək bədiilik mətndə ümumiyyətlə təzadları, gözlənilməyən süjet dəyişikliklərini qəbul etmək hesabına əldə edilir. Buna görə də rəsmi fars ədəbiyyatı ənənələri uzun müddət Xəyyamı görkəmli bədii söz ustalarının sırasına daxil etmək qərarına gəlməmişdir.

Əsas səbəb budur. Başqa bir daha əhəmiyyətli səbəb ondan ibarətdir ki, Xəyyamda rübai forması yaradıcılığında əsas formadır. Rübai başlıca janr forması kimi Xəyyamdan başqa fars şairlərinin heç birinin yaradıcılığında rast gəlinmir. Bu aydındır. Yeni bədii obrazları – məni yaratmaq üçün dörd misra çox azdır. Əlbəttə, rübaidə epik əsas ola bilməz, bu formada xırdalığına qədər təsviretmə, psixoloji detallaşdırma mümkün deyildir. Xəyyamın yaradıcılığının mənsub olduğu X – XI əsrlərin fars poeziyası əsasən iki janr formasında: qəsidə (mədhiyyə) və qəzəl (lirik sevgi şeirləri) janrında inkişaf etmişdir.

Rübai formasında daha çox lirik və ya fəlsəfi şeirlər yazırdılar, doğrudur, bəzən nadir hallarda qəsidə xarakterli rübailərə də rast gəlmək olur. Lakin bu janr forması daha çox fəlsəfi planda yazılmış şeirləri əks etdirir, çünki hətta şairlərin intim-lirik rübailərində belə müəyyən fəlsəfi əhvali-ruhiyyələr vardır. Rübainin sərt ölçüləri şairdən yüksək ustalıq və istedad tələb edir. Xəyyam bu janrı seçərək misli bərabəri olmayan zirvəyə çatdı. Dünya poeziyasında və bəşər mədəniyyəti tarixində Ömər Xəyyamın əhəmiyyəti ən əvvəl ondan ibarətdir ki, o poetik formanın sərt çərçivələrinə sığan ədəbi və sözün daha geniş mənasında dərin məzmunlu intellekt nümunəsi yaratmışdır. Bəlkə də hətta bundan əlavə, Ömər Xəyyam özünün ən yaxşı rübailərində obrazlarda spesifik təfəkkür üsulunun modelini yaratmış və formalaşdırmışdır, bu model əsrlərin sınağından çıxaraq XX əsrin insanları üçün bir o qədər vacib və tanış olmuşdur.

Oxuculara təqdim edilən kitabın müəllifləri Ömər Xəyyam – alim, şair, insan barədə məlum olan fikirləri maksimum dərəcədə ümumiləşdirməyə çalışmışlar. Kitabda şairin rübailərindən gətirilən nümunələr bir neçə meyarla müəyyən olunur. Ən əvvəl Ömər Xəyyamın həyatı və onun dövründə bu və ya digər hadisələrlə xronoloji cəhətdən bağlı olan rübailər seçilmişdir. İkincisi, onun fəlsəfəsi, riyazi risalələri və ruhuna görə digər nəsr əsərləri ilə əlaqədar olan rübailərə xüsusi diqqət yetirilmişdir. Nəhayət, rübailərin qəti olaraq seçilməsi linqvistik prinsiplərə müvafiq şərtlənmişdir, yəni ədəbiyyatşünaslar bütövlükdə Ömər Xəyyamın qələmindən bu rübailərin çıxmasına qarşı öz fikirlərini bildirməmişlər.

Biz belə bir mövqedən çıxış etmişik ki, Xəyyam bir şəxsiyyət və şair kimi yalnız öz dövrünün – coşqun və qəddar, məkrli və qeyri-sentimental dövrün kontekstində başa düşülə bilər. Bu və ya digər tədqiqatçılar nə qədər istəsələr də Ömər Xəyyamı sadələşdirmək, XX əsrin bu və ya digər standartlarına uyğunlaşdırmaq olmaz. O doğulmuş və öz dövrünün kontekstində yaşamışdır, lakin əlbəttə, bu o demək deyildir ki, o öz əsrinin qulu olmuşdur. Xəyyam öz əsrindən çıxa bilmişdir, eyni zamanda o XI və XII əsrlərin oğlu olaraq qalmışdır.

Ömər Xəyyam… Bu ad hələ gələcək nəsilləri də narahat edəcəkdir. Rübailərdə, həmçinin onun riyaziyyat və astronomiyaya aid əsərlərində, fəlsəfi risalələrində əks olunmuş Xəyyam dünyası – hər bir düşünən insanın rast gəldiyi və həyatı boyu özünə məxsus şəkildə hər kəsin cavab tapmağa ça-lışdığı üzüntülü sual və müəmmaları olan bir dünyadır. Dörd sətir o qədər yığcam verilir ki, planetimizdə yaşayan milyonlarla oxu-cu fikir və hisslərində əmələ gələn dönüş anlarını Ömər Xəyyamla birlikdə düşünür və başqasının dərdinə şərik çıxır.