Faqat Litresda o'qing

Kitobni fayl sifatida yuklab bo'lmaydi, lekin bizning ilovamizda yoki veb-saytda onlayn o'qilishi mumkin.

Kitobni o'qish: «Əcdadların harayı»

Shrift:

İBTİDAİ HƏYATA DOĞRU

 
Qədim sərsəri duyğular
Qırır adət zəncirini.
Vəhşi qalxıb yuxusundan
Tutur yenə öz yerini.
 

Bak qəzet oxumurdu. Haradan biləydi ki, təkcə onu yox, Pyucet körfəzindən San-Diyeqoya qədər böyük ərazidə yaşayan güclü və uzuntüklü sahil itlərinin hamısını müdhiş bir təhlükə gözləyir. Arktikanın qütb qaranlığında eşələnən adamlar orada sarı metal tapmış, gəmi və nəqliyyat şirkətləri bu tapıntı barədə aləmə car çəkmiş və minlərlə adam Şimala can atmağa başlamışdı. Bu adamlara itlər lazım idi. Elə qüvvətli itlər ki, ağır zəhmətə tab gətirən güclü bədənləri və şaxtadan qorunmaq üçün qalın, uzun tükləri olsun.

Bak günəşli Santa-KIara vadisindəki böyük bir evdə yaşayırdı. Oranı "Hakim Millerin malikanəsi" adlandırırdılar. Ev yoldan kənarda yerləşirdi və bağ-bağatla əhatə olunmuşdu. Budaqların arasından tənha evi dörd tərəfdən əhatə edən şüşəbənd görünürdü. Budaqları bir-birinə sarınmış qamətli qovaq ağaclarının altındakı geniş çəmənliyədək çınqıl döşənmiş cığır uzanırdı. Mülkün arxasındakı ərazi daha geniş idi. Orada yan-yörəsində çoxlu mehtər və onların köməkçiləri əlləşən tövlələr, üzümlüklərə baxan nökərlər üçün balaca evlər, həyətdə nizamla sıralanmış tikililər, göz işlədikcə uzanan yaşıl otlaqlar, meyvə və giləmeyvə, üzüm bağları vardı. Sonra isə artezian quyusu üçün nasos qurğusu və hakim Millerin oğlanlarının hər səhər üzdükləri böyük hovuz gəlirdi.

Bu nəhəng mülkü Bak qoruyurdu. O, burada doğulmuş və ömrünün dörd ilini bu yerlərdə keçirmişdi. Əlbəttə, burada başqa itlər də vardı. Lakin onları heç kim vecinə almırdı.

İtlər gəlib-gedir, darısqal damlarda məskən salır, mülkün xəlvət yerlərində küskün həyat keçirirdilər – çox nadir hallarda burnunu qapıdan bayıra çıxarıb həyət-bacada gəzən məzlum itlər – yapon mopsu1 Tuts və tamamilə tüksüz Meksika cinsli2 İzabel kimi. Bundan başqa, orada iyirmiyə yaxın foksteryer cinsli3 ov iti yaşayır, pəncərədən onlara baxan Tuts və İzabelə qəzəblə hürürdülər. Hücumun qarşısını ancaq süpürgə və xəkəndazla silahlanmış qulluqçular alırdılar.

Bak isə nə otaq iti idi, nə də həyət. Bütün malikanə onun ixtiyarındaydı. O, hakimin oğulları ilə hovuzda üzər və ova gedərdi. Qaş qaralanda və dan yeri söküləndə hakimin qızları Molli və Elisi gəzintidə müşayiət edərdi. Uzun qış gecələrində isə kitabxanada alışıb-yanan buxarının önündə hakimin ayaqları arasında xumarlanardı. O, hakimin nəvələrini belində gəzdirər, çəmənlikdə onlarla birgə mayallaq aşar, arxa həyətdəki fəvvarə tərəfə və hətta daha uzaqlara – örüşə və meşəyə gedərkən onları gözlənilə bilən hər bir xata-baladan qoruyardı. O, teryerlərin4 yanından təkəbbürlə keçər, Tuts və İzabeli isə vecinə də almazdı. Çünki o, kral idi – hakim Millerin malikanəsində insanlar da daxil olmaqla sürünən, yeriyən və uçan nə varsa, hamısının kralı!

Bakın senbernar cinsli5 nəhəng atası Elmo vaxtilə hakimin sadiq həmdəmi olmuşdu. Bak da atasının yolu ilə getmək fikrində idi. Amma o, çox da iri deyildi, ağırlığı cəmi-cümlətanı yüz qırx funt6 idi, çünki anası Şep şotland qoyuniti cinsindəndi. Lakin yüz qırx funtun üstünə yaxşı yaşayış və hərtərəfli hörmətdən doğan ləyaqəti də gəlsəydin, onun özünü hansı səbəbdən şahanə aparmasını anlamaq olardı. Yaşadığı dörd il ərzində Bak tox zadəgan həyatı keçirmişdi. Tənhalıqda yaşayan bəzi kənd "ziyalıları" kimi o, həddindən artıq məğrur, bir az da xudbin idi. Ov və digər əyləncələr onu kökəlməkdən qorumuş, əzələlərini gücləndirmişdi. Soyuq suda üzmək vərdişi isə canını buz baltasına döndərmişdi.

Klondaykda qızıl tapılana və dünyanın hər tərəfindən adamları şaxtalı Şimala çəkib apardığı 1897-ci ilin payızınadək o bax bu cür həyat sürdü. Lakin Bak qəzet oxuya bilmirdi. O nə biləydi ki, bağban köməkçisi Manuellə tanışlıq xoşagəlməz nəticələr verəcək?! Manuelin əsas nöqsanı qumar oynamağa qızğın şəkildə girişməsiydi. Bağban köməkçisinin qazancı isə heç arvad-uşağının ehtiyaclarını belə ödəmirdi.


Manuelin satqınlıq etdiyi həmin unudulmaz gecə hakim üzümçülər cəmiyyətinin müşavirəsinə getmişdi. Oğullarının başı isə atletika klubu yaratmağa qarışmışdı. Ona görə də Manuellə Bakın bağdan keçib-getdiyini heç kəs görmədi. Baka elə gəldi ki, o, həmişəki gəzintilərdən birinə çıxır. Onların Kollec Park adlanan kiçik bir yarımstansiyaya gəldiyini təkcə bir adam gördü. Həmin adam Manuellə nəsə xısınlaşdı və bir əldən digərinə qoyulan pul cingiltisi eşidildi.

– Malı mənə satmazdan qabaq yapışmağa bir şey qoyaydın, – deyə naməlum şəxs deyindi. Manuel ikiqat möhkəm ipdən olan xaltanı Bakın boynuna keçirtdi.

– Elə dart ki, nəfəsi kəsilməsin, – Manuel dilləndi və yad adam razılıq əlaməti olaraq nəsə donquldandı.

Boynuna ip keçirilməsinə Bak ləyaqətlə dözdü. Düzdür, bu onun üçün qeyri-adi bir səhnə idi, lakin o, tanıdığı adamlara inanmağa adət etmişdi və belə qənaətdə idi ki, adamların ağlı daha çoxdur. Lakin yad adam ipin bir ucunu əlinə alanda it hədələyici tərzdə mırıldandı. O, sadəcə, narazılığını bildirdi və demək istədi ki, narazılıq əmrə bərabərdir. Lakin ip möhkəm dartılanda və az qala boğulmaq həddinə çatanda onu təəccüb bürüdü. İt qəfil bir azğınlıqla kişinin üstünə atıldı, kişi isə onu qabaqlayıb boğazını daha bərk sıxdı və cəld hərəkətlə arxasıüstə çevirdi. Bakın dili ağzından çıxmışdı, nəhəng köksü ilə zorla nəfəs alırdı, lakin quduz kimi mübarizə aparırdı. Ömründə heç kim onunla belə kobud rəftar etməmişdi və o heç vaxt bu cür qəzəblənməmişdi. Gücü getdikcə tükənir, gözlərinə qaranlıq çökürdü, buna görə də qatar gəlib çıxanda və iki nəfər onu yük vaqonuna atanda Bakın huşu özündə deyildi.

Bir balaca özünə gələndən sonra Bak hiss etdi ki, dili yaralanıb və hansısa nəqliyyat vasitəsində yol gedir. Yolayrıcında parovozun xırıltılı fitindən harada olduğunu başa düşdü. O, hakimlə birgə o qədər səyahətə çıxmışdı ki, yük vaqonunu tanımaya bilməzdi. Gözlərini açdı. Baxışlarında sanki əsir düşmüş kralın sonsuz qəzəbi parıldayırdı. Kişi onun boğazından yapışmaq istədi, lakin bu dəfə Bak zirək tərpəndi, onun əlini elə möhkəm dişlədi ki, əgər kişi ipi dartmasaydı, yəqin ki, Bak onun əlini parçalayacaqdı.

– Onun tutması var! – deyə kişi yaralanmış əlini gizlədərək hay-küyə gəlib çıxmış bələdçiyə baxdı. – Bunu sahibim üçün aparıram. Orada məşhur bir baytar həkim var, sağaltsa, ancaq o sağaldar.

Bakın oğrusu az sonra San-Fransiskodakı liman meyxanasının dal otağında bütün məharətini işə salaraq bugecəki hadisələrdən söz açdı:

– Bu lənətə gəlmişə görə cəmi-cümlətanı əllilik alacağam, – deyə o şikayətləndi. – Bilsəydim belə olacaq, heç min dollara da bu işə qol qoymazdım.

Onun cib dəsmalı əlinin qanına bulaşmışdı, şalvarının sağ balağı isə dizdən aşağı cırılmışdı.

– Bəs o biri oğlana nə qədər çatdı? – deyə meyxanaçı maraqlandı.

– Yüz dollar. Ancaq narazı qaldı.

– Demək, belə çıxır ki, yüz əlli, – meyxana sahibi dilləndi.

– Başım haqqı, it bu pula dəyər.

Oğru qanlı dəsmalını açdı və dişlənmiş əlinə baxdı.

– Quduz olmasam, yaxşıdır.

– Qorxma, olmazsan. Sənin alnında dar ağacında sallanmaq yazılıb, – deyə meyxanaçı güldü. – Yaxşısı budur, it aradan çıxmamış mənə bir az kömək et.

Karıxmış, yarıboğulu, boğazındakı və ağzındakı dözülməz ağrılardan dəhşətə gələn Bak inadla əldən çıxmağa çalışırdı. Lakin boynundakı ağır mis xaltanı mişarlayıb çıxarana kimi onu hər dəfə vurub döşəməyə sərir və iplə boğurdular. Sonra ipi də çıxartdılar və onu qəfəsə oxşayan bir yeşiyə saldılar. Bak qəzəbdən az qala partlayacaqdı. Mənliyi tapdanmış it həmin üzücü gecənin qalan yarısını da beləcə yeşikdə keçirtdi.

Bu yad adamlar, görəsən, ondan nə istəyirdilər? Onu niyə dar qəfəsə salmışdılar? Bunun səbəbini bilmirdi, amma təhlükəni qabaqcadan dumanlı şəkildə hiss etməsi ona əziyyət verirdi. Bak gecə ərzində açılan qapı səsinə neçə dəfə durub baxdı və ona elə gəldi ki, bax bu saat hakimi və onun oğullarını görəcək. Lakin hər dəfə piy şamın zəif işığında ona göz yetirməyə gəlmiş meyxanaçının sifəti görünürdü və hər dəfə də Bakın könlündən keçən sevinc hürüşləri hiddətli mırıltıyla əvəz olunurdu. Meyxana sahibi isə ona heç toxunmurdu. Ertəsi gün dörd nəfər varid olub yeşiyi qaldırdı.

"Əzab verməyə bircə bunlar çatışmırdı", – Bak fikirləşdi. Çünki onlar şübhəli məxluqlara oxşayırdılar. Cır-cındır geyimləri, pırtlaşıq saçları vardı. Buna görə də o, qəfəsin içindən onların üstünə dişlərini qıcayıb mırıldandı. Onlar isə ancaq güldülər və onu çubuqladılar. Bak bu adamların məqsədini başa düşən kimi çubuqları dişləriylə tutdu. Bundan sonra o, bikef halda uzandı və yeşiyin furqona aparılmasını sakit qarşıladı.

Dustaq olduğu yeşiklə Bak əldən-ələ keçirdi. Əvvəlcə onunla nəqliyyat idarəsinin qulluqçuları məşğul oldular və iti başqa furqona mindirib bir az da uzağa apardılar. Sonra müxtəlif çeşidli yeşik və bağlamalarla yüklənmiş bərə ilə yola saldılar. Daha sonra o, böyük bir dəmiryol vağzalına düşdü və nəhayət, onu yenidən yük vaqonuna qoydular.

Vaqon iki gün iki gecə qulaqbatırıcı fit verən parovozun arxasınca süründü. Bu müddət ərzində Bak nə yemək yedi, nə də su içdi. Acığından vaqon bələdçilərinin ona göstərdikləri qayğını belə mırıltı ilə qarşıladı və onlar bunun əvəzini iti cinlətməklə çıxdılar. İt soyuqdan donmuş halda, titrəyə-titrəyə qəfəsdə atılıb-düşdükcə onlar istehzayla gülür və onu lağa qoyurdular. Onlar yaramaz həyət itləri kimi mırıldayır, hürür, miyovuldayır və qollarını yelləyib xoruz kimi banlayırdılar. Bak başa düşürdü ki, bunların hamısı səfehlikdir. Lakin bu hərəkətləri heysiyyətinin təhqir olunması kimi qəbul edir və qəzəbi coşub-daşırdı. Aclığı heç vecinə almırdı, ancaq susuzluq ona böyük əzab verir və heydən salırdı. Bakın yüksək hərarəti vardı, üstəlik, şişən və susuzluqdan yanan boğazı və dili yara bağlamışdı.

Bir şeyə şad idi ki, ipi boğazından çıxarmışdılar. Boğazının ipli olması düşmənlərinə ədalətsiz üstünlük verirdi. İp çıxarıldıqdan sonra isə o özünü göstərə bilərdi. Daha boynuna ip sala bilməyəcəklər! Buna qəti əmin idi. İki gün iki gecə nə yedi, nə içdi. Bu iki gün iki gecənin əzabı onu o qədər kinli etmişdi ki, ona birinci toxunan hər hansı adamı arzuolunmaz aqibət gözləyirdi. Gözləri qanla dolmuş və sanki əsl yırtıcıya dönmüşdü. O qədər dəyişmişdi ki, indi hətta hakim belə onu tanıya bilməzdi. Elə bu səbəbdən Sietl stansiyasında onu yerə düşürəndə qatar bələdçiləri rahatlıqla nəfəs aldılar.

Dörd hambal Bakın yeşiyini vaqondan ehtiyatla çıxarıb hündür hasarla əhatə olunmuş bir həyətə apardı. Boynuna kip yapışan qırmızı sviter geymiş bir kişi onların qabağına çıxdı və qəbul barədə çarvadarın kitabına qol çəkdi.

"Bu da, deyəsən, yeni zalım olacaq", – Bak düşündü və vəhşicəsinə qəfəsin barmaqlığına sarı atıldı. Sviterli kişi pərt-pərt gülümsədi, balta və dəyənək gətirdi.

– Siz onu indi buraxmaq istəyirsiniz? – çarvadar heyrətlə soruşdu.

– Bəli, – sviterli kişi cavab verdi və onun təəccübünə məhəl qoymadan yeşiyə balta vurmağa başladı.

Yeşiyi gətirmiş dörd nəfər cəld dağılışıb gözlənilən tamaşanı seyr etmək üçün hündür hasarın üstünə dırmaşdı.

Bak balta ilə sökülən qəfəsin divarına cumdu, onu dişiylə gəmirdi və var gücünü işə salaraq vuruşdu. Balta çöl tərəfdən dəyəndə mırıldayaraq taxtaya içəridən hücum etdi. O, qəfəsdən qurtulmağa hər vasitə ilə cəhd göstərirdi. Çünki hiss edirdi ki, qırmızı sviterli kişi onu buraxmaq niyyətindədir.

– Buyur, qırmızı gözlü şeytan! – kişi Bakın bədəninin keçə biləcəyi dəlik açdıqdan sonra dilləndi. Tez baltanı atıb dəyənəyi sağ əlinə aldı.

Bu an Bak, həqiqətən də, qırmızı gözlü şeytana bənzəyirdi. O, tüklərini tamam qabartmış və tullanmağa hazır dayanmışdı. Ağzından köpük axırdı, qanla dolmuş gözlərində azğın bir parıltı vardı. O, iki gün qəfəsdə saxlanılmasının açığına özünün yüz qırx funtluq bədənini qəzəblə kişinin üstünə atmağa hazır idi. Belə də etdi. Az qalmışdı ki, caynaqları ilə kişini qamarlasın. Lakin bu an göydəcə elə zərbə aldı ki, bədəni uçundu və dişləri zoqquldadı. O, havada dövrə vurub yanıüstə yerə dəydi. Bak ömründə, bir dəfə də olsun, dəyənəklə döyülməmişdi, buna görə də özünü itirdi. Zingilti ilə hürdü, ayağa qalxdı və yenidən kişinin üstünə atıldı. Bu dəfə də sarsıdıcı zərbədən yerə yıxıldı. İndi o anladı ki, güc dəyənəkdədir, lakin dəlilik dərəcəsində olduğundan buna əhəmiyyət vermədən dəfələrlə kişinin üstünə atıldı və hər dəfə də dəyənək onu havadaca saxlayıb yerə sərdi.

Xüsusilə bir ağır zərbədən sonra Bak güclə ayağa qalxdı. O elə sarsılmışdı ki, mübarizə aparmağa halı qalmamışdı. O axsayır, burnundan, ağzından və qulaqlarından qan gəlirdi. Tükləri qana bulaşmışdı. Az sonra qırmızı sviterli kişi ona yaxınlaşdı, soyuqqanlı halda onun burnuna ağır zərbə endirdi. Bakın indiyə qədər keçirdiyi ağrılar bu zərbənin yanında toya getməli idi. O, qeyzlənmiş şir kimi nərildədi və yenidən kişinin üstünə atıldı. Lakin kişi dəyənəyi sağ əlindən sola keçirdi, sakitcə onun alt çənəsindən yapışdı və ora-bura dartdı. Bak havada bütöv bir dövrə, sonra yarımdövrə vurdu, daha sonra sinəsiüstə guppultu ilə yerə sərildi. Özünü ələ alıb son dəfə sıçradı. Kişi bilə-bilə yığıb axıra saxladığı gücü ilə ona sarsıdıcı bir zərbə vurdu. Bak tamamilə məğlub edilmiş halda yerə sərildi.



– Afərin! – hasara dırmaşanlardan biri şövqlə çığırdı. – Özündən deyən iti belə ram etmək olar ha!

Bakın huşu özünə qayıtmışdı, lakin qüvvəsi yoxdu. Düşdüyü yerdəcə uzanıb qırmızı sviterli kişini müşahidə edirdi.

– Demək, "Bak" ləqəbiylə çağırılır, – kişi meyxana sahibinin Bakın yükləndiyi yeşiyin göndərilməsindən xəbər verən məktubunu oxuyarkən ucadan dilləndi.

– Yaxşı, Bak, əzizim, – o, sevinclə sözünə davam etdi, – səninlə bir balaca zarafat etdik və yaxşı olar ki, bütün bunları unudaq. Əgər sən öz yerini bilsən, mən də sənə dəymərəm. Sözə qulaq assan, mən də yaxşı olaram və hər şey yağ kimi gedər. Amma pis olsan, nəfəsini kəsərik. Başa düşdünmü?

O danışdıqca bayaqdan min oyun açdığı Bakın başını tumarlayırdı. Bak isə ona hər dəfə əl toxunduqca qeyri-ixtiyari olaraq tüklərini qabartmasına baxmayaraq, etiraz etmədən dözürdü. Kişi ona su gətirəndə acgözlüklə içdi. Sonra dəbdəbəli yeməyi – çiy əti yeni sahibinin əlindən tikə-tikə aldıqca onları da eyni acgözlüklə uddu.

O məğlub edilmişdi. Bunu yaxşı bilirdi. Lakin hələ fəth edilməmişdi. O, birdəfəlik başa düşdü ki, dəyənəkli adama qarşı çıxmaq mümkün deyil. Aldığı dərsi ömrü boyu unutmayacaqdı. Dəyənək onun üçün bir kəşf idi: o, Bakı ibtidai həyat qanunlarının hökm sürdüyü bir aləmə aparıb çıxarmışdı və Bak bu qanunu çox tez öyrəndi. O, həyatın sərt həqiqəti ilə üz-üzə durmuşdu və bu onu qorxutmurdu. Onda artıq anadangəlmə vəhşi hiyləgərlik baş qaldırmışdı.

Günlər keçdikcə yeşiyə salınmış və boğazına ip bağlanmış yeni itlər gətirilirdi. Bəziləri həlim və sakit, bəziləri isə Bak kimi kinli və dalaşqan olurdu. O, bir şeyi müşahidə edirdi ki, onların hamısı qırmızı sviterli kişinin iradəsi altında ram olurdu. Dəfələrlə bu sərt təlimin hər birinə baxdıqca o, bir həqiqəti daha aydın dərk edirdi: dəyənəkli adam sahibdir, onu mütləq sevmək lazım olmasa da, tabe olmaq gərəkdir. Elə buna görə də digər döyülmüş itlər kimi, sahibinin qılığına girməsə də, ona quyruq bulamasa da, əlini yalamasa da, ona tabe olurdu. O, barışığa razı olmayan, tabelik göstərməyən bir itin axırda necə gəbərdildiyini də görmüşdü.

…Hərdənbir özgə adamlar gəlir, qırmızı sviterli kişi ilə nə haqdasa bəzən acıqla, bəzən yaltaqcasına danışırdılar. Belə danışıqlardan sonra əldən-ələ pul keçəndə həmin adamlar özləri ilə bərabər bir və ya bir neçə it də aparırdılar. Onların haraya aparılması Bakı çox düşündürürdü, çünki itlər daha heç vaxt geri qayıtmırdılar. Bu qəribə yoxaçıxmalar onu elə qorxudurdu ki, hər dəfə alıcıların gözündən yayındıqda buna sevinirdi.

Amma bir gün onun da növbəsi gəlib çatdı. Onu daimi qorxu altında saxlayan gələcək taleyi çox arıq, üzü qırışlı bir adamın sifətində oxundu. O, ingilis dilində sözləri çeynəyə-çeynəyə deyir, tez-tez qəribə, sərt ifadələrlə Bakın mənasını başa düşə bilmədiyi kəlmələr işlədirdi:

– Lənət şeytana, – gözü Baka sataşan kimi o dilləndi. – Bax buna deyərlər it! Əla! Neçəyədir?

– Üç yüzə. Demək olar, lap havayı, – qırmızı sviterli kişi cəld cavab verdi. – İnad etmə, Perro. Pul özünün deyil ki! Xəzinənindir.

Perro gülümsədi. Adi itlər üçün alınan çox böyük məbləğin müqabilində bu cür gözəl itə görə tələb olunan pul ona elə də çox görünmürdü. Kanada hökuməti bu alverdən itirməyəcəkdi. Perronun itlərdən başı yaxşı çıxırdı və o, bir baxışdan təyin etdi ki, on min itdən biri məhz bu cür çıxa bilər.

Bak əldən-ələ keçən pulları gördü və üzü qırışlı kişi onu və mehriban təbiətli, Nyufaundlend cinsindən7 olan Kerlini özü ilə aparanda heç də təəccüblənmədi. Bak qırmızı sviterli kişini bir daha görməyəcəkdi. O və Kerli "Narval" gəmisinin göyərtəsindən getdikcə uzaqlaşıb gözdən itən Sietl şəhərinə baxarkən heç ağıllarına da gəlmirdi ki, isti cənubla birdəfəlik vidalaşırlar.

Perro onların ikisini də aşağı apardı və Fransua adlanan qaradərili nəhəngə təhvil verdi. Kanadalı Perronun da dərisi qara idi. Lakin Fransuanınkı ikiqat qaraydı. Bak bu irqdən olan adamları ilk dəfə görürdü və özündə onlara qarşı heç bir xoş duyğu hiss etməsə də, yeni sahiblərinə haqq qazandırır və onlara hörmət hissi duyurdu. O, tezliklə əmin oldu ki, Perro və Fransua ədalətli və sakit adamlardır. Onlar qətiyyən tərəfkeşlik etmədən hər bir iti öz əməlinə görə cəzalandırır və itlərin xasiyyətini əla bilirlər, buna görə də heç bir it onlara kələk gələ bilməzdi.

Gəmidə Bak və Kerliyə daha iki it qoşuldu. Onlardan biri nəhəng, qar kimi ağappaq it idi. Sonralar o, geoloji ekspedisiyanı müşayiət etdi. Həmin it çox hiyləgərdi. Qılığa girməyi də, pislik etməyi də eyni dərəcədə yaxşı bacarırdı. O elə ilk yal zamanı Bakın ət payının bir hissəsini çırpışdırdı. Bak cəld itin üstünə atıldı, ancaq Fransua Bakı qabaqladı. Havada qıvrılan qamçı oğrunun belində şaqqıldadı. Baka isə yalnız öz sümüyünü gəmirmək qaldı.

O biri it isə heç kimin qılığına girmir, heç kəsdə rəğbət doğurmurdu. Təzə gətirilən itlərdən oğurluq etməyə cəhd də göstərmirdi. O, kədərli və qaşqabaqlı idi və aydın şəkildə hiss etdirirdi ki, ancaq bir şeyin arzusun-dadır: ona toxunmasınlar. Əgər dəysələr, özlərindən küssünlər. Deyv adlı bu it ancaq yeyir və yatırdı, yatmayanda isə daim əsnəyir, heç bir şeylə maraqlanmırdı. Hətta gəmi bir dəfə tufana düşüb şahə qalxaraq quduz kimi çapalayanda, Bak və Kerli qorxudan az qala huşlarını itirdikləri vaxt Deyv ancaq arabir narazı halda başını qaldırır, onları laqeyd nəzərlərlə süzür, əsnəyir, sonra isə yatırdı.

Gəmidə olduqları müddət ərzində günlər bir-birinə bənzəyirdi, lakin Bak hiss edirdi ki, hava getdikcə soyuyur. Nəhayət, bir səhər gəmi pərinin şaqqıltısı kəsildi və gəmidə vurnuxma başlandı. Bak da başqa itlər kimi bunu hiss etdi və anladı ki, nə isə dəyişiklik gözlənilir. Fransua onları sıraya düzdü və göyərtəyə çıxartdı. Göyərtənin soyuq səthinə pəncəsini basan kimi Bak hiss etdi ki, ayaqları sıyığa oxşayan ağ bir şeyə batdı. O geri sıçradı. Bu cür sıyıq göydən də yağırdı. Bak silkindi, lakin ağ sıyıq elə hey onun üstünə səpələnirdi. İt maraq üçün onu iylədi, sonra dili ilə yaladı. Sıyıq od kimi yandırdı və dərhal dilinin üstündə əridi. Bu, Bakı heyrətləndirdi, o, yenə də yaladı və bu dəfə də sıyıq dilində əridi. Ətrafda qəhqəhə qopdu və o, adamların nəyə güldüyünü başa düşməsə də, xəcalət çəkdi. Çünki Bak ilk dəfə idi ki, qar görürdü.

1.Mops – kökü qədim Çindən gələn balaca, dekorativ it cinsi
2.Meksika cinsi – bu cinsdən olan itlərə həm də “çılpaq cins” deyirlər, çünki onların tük örtüyü yoxdur.
3.Meksika cinsi – bu cinsdən olan itlərə həm də “çılpaq cins” deyirlər, çünki onların tük örtüyü yoxdur.
4.Teryer – boyu çox kiçik olan bu it cinsindən gəmiricilərlə mübarizədə istifadə olunur.
5.Senbernar cinsi – əcdadları Orta Asiya itləri olan bu itlər iri və ağırçəkili olmaları ilə seçilir.
6.Senbernar cinsi – əcdadları Orta Asiya itləri olan bu itlər iri və ağırçəkili olmaları ilə seçilir.
7.Nyufaundlend cinsi – kökü Kanadadan gələn qoşqu iti

Bepul matn qismi tugad.

12 627,19 s`om
Yosh cheklamasi:
6+
Litresda chiqarilgan sana:
07 oktyabr 2022
Hajm:
6 Sahifa 11 illyustratsiayalar
ISBN:
9789952241693
Mualliflik huquqi egasi:
Altun Kitab / Алтын Китаб