Kitobni o'qish: «Köhnə Bakı»
Hüseynqulu Sarabski
KÖHNƏ BAKI
(İnqilabaqədərki Bakı haqqında xatirələr)
“Xatirə Ədəbiyyatı” silsiləsindən 49-cu kitab
MÜQƏDDİMƏ ƏVƏZİNƏ BİR NEÇƏ SÖZ
Mən Bakılıyam. 1880-ci ildə Bakının “İçərişəhər” adlanan hissəsində “Yeddilər” məhəlləsinin məscidi sayılan “Gileclər” məscidi üstündə öz evimizdə doğulmuşam. Bu ev ana babam məşədi Rəhim Hüseyn oğlunun mülki idi. Atam dənizdə işləyirdi. O zamanın gəmiləri, əsasən, yelkənli olurdu. Onlarda çalışan fəhlələr çox sadə idilər. Bunlar dörd təbəqəyə bölünürdülər:
1. losman, yaxud puşgah (indiki təbirlə komandir);
2. bosman (losman köməkçisi);
3. sükançı (rulavoy);
4. muzdur – gəminin qara fəhlələri (matroslar).
Mənim atam muzdur idi.
Anadan olduğum gündən böyüyüb tərbiyə aldığım Bakı mühiti mövhumatla zəhərlənmişdi. Dədə-babadanqalma bir çox adət-ənənələrlə sıx bağlı idi. Uşaqlığım və gəncliyim bu mühit içərisində keçib. Yarım əsrlik həyatımda bir çox hadisələrin şahidi olmuşam. İstər ata-babalarımızın adət-ənənələrində, istərsə mənim müşahidələrimdə bir çox xarakterik cəhətlər var ki, bugünkü gəncliyimiz üçün maraqsız deyil. Eyni zamanda yeni sosializm cəmiyyəti qurarkən köhnə, məhbus həyatı öyrənmək, keçmişdə adamların necə və nə ilə vaxt keçirdiyini, nələrdən zövq alıb, nələrdən kədərləndiyini öyrənmək faydasız olmaz. Buna görə “Köhnə Bakı” adlandırdığım bu əsərdə keçmiş Bakının adətlərini, məşğələ və oyunlarını, tiplərini, “qəhrəmanlarını” yazısı olmayan qələmimlə təsvir etməyə çalışmışam.
BAKI ŞƏHƏRİ
Təsvir etdiyim Bakı hazırda Sovetlər İttifaqında nüfuz, böyüklük və zənginlik etibarilə Moskva və Leninqraddan sonra birinci yeri tutan, yaxın gələcəkdə dünyanın böyük şəhərləri sırasına keçəcək sosialist Bakısı deyil, təxminən, əlli-altmış il bundan əvvəl neft sənayesi sahəsində şöhrət qazanmış, həqiqətdə isə yoxsul, tozanaqlı, çirkin kapitalist Bakısıdır.
Bu Bakı “İçərişəhər”, “Bayırşəhər” adları ilə iki hissəyə bölünürdü. İçəri Şəhər əsas idi. Hər şey burada yerləşmişdi. Bakının yerli əhalisin sakin olduğu İçəri Şəhərdə bazar, böyük ticarətxanalar, əsnaf, hökumət idarələrinin çoxu, məscidlər, hətta rus çarizmi istilasından sonra tikilən rus kilsəsi, əsgəri qazarma da yerləşirdi. Şəhərin bu hissəsi üç tərəfdən daş hasarla (bürc) əhatə olunmuşdu (Bu bürc indi də mövcuddur). Babamdan eşitdiyimə görə, vaxtilə bu bürc ikiqat olub, şəhəri yalnız qurudan deyil, dəniz tərəfindən də mühafizə edirmiş.
Mənim yaşımdan çox qabaq rus ordusu Bakını işğal etdikdən sonra bu bürcün bir hissəsi sökülüb-dağılmış, yalnız içəri bürc saxlanmışdı. Hazırda Azneftkombinat binasından başlayaraq Kommunist küçəsinə, oradan Zevin küçəsinə, Zevin küçəsindən də dəniz qırağınadək bütün tikililər həmin ikinci bürcün yerində salınıb. Revolyusiya bağçası, keçmiş Qubernator bağı, Bakı soveti, Sənaye Politexnikumu, Azərbaycan Baş Soveti binası, Qulturay sarayı, Sabir bağçası və s. binalar birinci bürc ilə ikinci bürcün arasındakı açıqlıqda tikilib.
Hazırda İçərişəhərin beş darvazası var, amma keçmişdə dörd imiş. Birincisi, qoşa qala qapısıdır. Nənəm söyləyərdi ki, bu darvaza əvvəl tək idi. Gəncəni istila edən general Sisianov həmin darvazadan Bakıya daxil olmaq istəyəndə Bakı xanının tapşırığı ilə elə darvazanın qabağında öldürülüb. O zaman bu darvaza indiki kimi yox, çox alçaq imiş. Sonra Bakı bələdiyyəsi onu sökdürüb hazırkı şəkildə – qoşa tikdirib. Sabir bağçasının yanındakı “tək qala qapısı”nı sonradan Bakı taciri və mülk sahiblərindən biri açdırıb. Bu adama “Qatır Hacı Zeynalabdin” deyərdilər. “Qatır” ləqəbini ona qazandıran bu darvaza olub. Dünya müharibəsi ərəfəsində ölmüş Hacının “Sabir bağçası”nda və onun qarşısındakı “Hüsü Hacıyev” (köhnə bazar) küçəsinin cənub tərəfində iki cərgə üz-üzə dükanları vardı. Bazardan bir qədər uzaq, sakit və gediş-gəlişi olmayan yerdə dükan icarəyə götürülmədiyindən Hacı uzun müddət boş qalan dükanların xatirinə Bakı bələdiyyəsindən icazə alıb həmin darvazanı asdırır. Bazar küçəsinin bu ucundan gediş-gəliş başladığından Hacının dükanlarına müştəri tapılır. Belə “gözü açıqlığı”, “zirəkliyi” müqabilində Bakı camaatı ona “Qatır” ləqəbini verir.
İçərişəhərin üçüncü darvazası indiki Sənaye Politexnikumu1 həyətinə açılırdı. Həmin məktəb binasının yeri boş sahə idi. Ona “Kömür meydanı” deyərdilər. Dağ kəndlərindən və Navahıdan kəl arabalarında, dəvələrdə, taxıl, kömür gətirib burada satardılar. Məktəb binası tikildikdə alçaq, bir qatdan ibarət olan bu darvaza əvəzinə Sənaye Politexnikumu ilə Bakı Soveti arasındakı dalanın qurtaracağındakı pilləkənlər tikildi.
Dördüncü darvaza Bakı Sovetinin cənubundakı böyük darvazadır. Bu darvaza əvvəl çox alçaq idi, sonradan indiki şəkildə tikilib. Beşinci darvaza Revolyusiya bağçasına açılan qapıdır.
Bürcdən bayırda olan hissəyə “Bayır şəhər” deyilirdi.
Vaxtilə bakılılar Bayır şəhərdə ev tikib yaşamaq istəməzmişlər. Burada yerləşənlər, əsasən, ətraf kəndlərdən və başqa şəhərlərdən gələnlərdi. Buna görə içərişəhərlilər bayır şəhərlilərə həqarətlə baxar, onlara “ayaqyalın bayır şəhərli” deyərdilər.
İçərişəhərdə Cümə məscidinin qabağından başlayıb bir ucu qoşa qala qapısına tərəf gedən küçəyə, o biri ucu isə Qız qalasının dibindən dəniz kənarına çıxan küçəyə doğru uzanmış bazar vardı. Buradakı dükanların çox hissəsi, xüsusilə, Qız qalasından Cümə məscidinədək olan dükanlar üstüörtülü bazar idi. Qapılar yan tərəfə deyil, aşağıdan yuxarı qaldırılmaqla asılardı. Belə qapılara “xəfəng” deyərdilər.
Bazar iki hissəyə bölünürdü: Cümə məscidinin ətrafında olan hissəyə “Aşağı bazar”, Qız qalasının yanındakına isə “Yuxarı bazar” deyərdilər. Yalnız bir hissəsi örtülü olan Yuxarı bazarın başqa adı “Üstüörtülü bazar” idi. Bu da Qız qalasının yanından Çuxur karvansarayadək olan hissə idi. Buradakı dükanlar qarşı-qarşıya iki cərgə olub üstüörtülü bina içinə sığışdırılmış, böyük tacirlər, sərraflar yerləşmişdi.
Yuxarı bazarın qurtaracağında qarşı-qarşıya tikilmiş iki karvansara var ki, bunlara “Qoşa karvansara” deyərdilər. Aşağı bazarda xırda alverçilər – baqqallar, dərzi, papaqçı kimi sənətkarlar, Yuxarı bazarda isə bəzzazlar, xalçaçılar yerləşmişdi.
İçərişəhər doqquz mərtəbədən ibarət idi. Hər məhəllə bir məscidin adı ilə adlanırdı: Cümə məscidi məhəlləsi, Şah məscidi məhəlləsi, Məmmədyar məscidi məhəlləsi, Giləglər məscidi məhəlləsi, Hacı Bani məscidi məhəlləsi, Hacı Qeyib məscidi məhəlləsi, Hamamçılar məscidi məhəlləsi, Sınıqqala məscidi məhəlləsi və Qasım bəy məscidi məhəlləsi. Hər məhəllənin hökumət tərəfindən təsdiqlənmiş bir mollası vardı.
İçərişəhərdə üç mollaxana vardı. Uşaqlar orada “dərs” oxuyardılar. Ən məşhuru Sınıqqala məscidində Mirzə Qasım Qüdsi mollaxanası idi. İkinci qazarmanın yanındakı kiçik Çin məscidi idi. Bu məsciddə Molla Fətulla mollaxanası, “Şirin ovdan”ın qabağındakı Şeyx İbrahim məscidində Molla Nağının mollaxanası vardı. Hacı Qeyib hamamının yanındakı məsciddə Ağa Seyid dərs verərdi. O məscid indi də durur. 1905-ci il revolyusiyasından sonra Bakıda “Nəşri-maarif” və “Səadət” cəmiyyətləri İçərişəhərdə əvvəl Hacı Bani məscidində, sonra Şah məscidində məktəb açsa da, Mirzə Həbib ilə Molla Fətullanın mollaxanaları yenə də yaşayırdı.
Bakı camaatı içməli su üçün həmişə çətinlik çəkirdi. Əvvəllər İçərişəhər camaatı Şirin ovdandan (abdan) istifadə edərdi. Bu ovdan indi də Xan sarayının yanındakı kiçik bağçanın günbatan səmtindədir. Bu ovdanın nə vaxt kim tərəfindən tikildiyi məlum deyil. Suyu şəhər xaricində kəhriz üsulu ilə qazılan quyulardan gəlirdi. Bu quyuların mənbəyi naməlumdur. Bildiyim bu qədərdir ki, “Qarakolluq” deyilən bir yerdən “Yuxarı qəbiristan” (Verxni qladbişinski) küçəsinin yuxarısından “Nağı gülü” adlanan yeraltı su borusu vardı. Quyuların suyu bu boru vasitəsilə İçərişəhərdəki ovdan ilə “Şirin hamama” axırdı (Şirin hamam keçmiş Şirvanşahlar inşaatından olub, Xan sarayının yanındakı kiçik bağçanın yerində idi).
Əlaqədar olduğu üçün burada bir adamı xatırlamamaq olmaz. Bu adamın da köhnə bakılılar üçün qiyməti olduqca çoxdur. İçərişəhərlilərin suyu bu adamın fədakarlığından asılı idi. Onu hamı Cümrü Ağamalı deyə çağırardı. Bu şəxs kiçik və alçaqboylu, zirək, cəld hərəkətli, qara adamdı. Bir qəsbkarlığı yoxdu. Arada gəzib dolaşırdı. Evi, ailəsi yoxdu. Hamı işini ona gördürər, əvəzində az mükafat verərdi. Həyət süpürər, qanov təmizləyər, hacətxana quyusu açar, yaxın qonşular üçün bazara gedərdi. Odun doğrayar, su daşıyardı. Xeyir və şərdə can-başla iştirak edərdi. Toylarda oynar, el mahnıları oxuyardı. Başının tam ortasında kəkili olardı. Cümrü Ağamalının əhəmiyyəti onun bu xırda-xuruş işləri deyildi. Bəzən elə də hallar olardı ki, Şirin ovdanın suyu kəsilərdi. Bu zaman Cümrü Ağamalı qollarını çırmayıb işə girişərdi. Fənərlə ovdanın içində bir taxça ağzı böyüklüyündə olan su yoluna girər, bir neçə saat sonra Nağı kühulundan çıxar, beləliklə, su yolunu təmizləmiş olardı. Bu zəhməti və böyük xidməti müqabilində Cümrü Ağamalı heç bir mükafat tələb etməzdi. O bu işi yalnız savab üçün gördüyünü söylərdi. Cümrü Ağamalı öldükdən sonra kimsə onun işini bacarmadığından Şirin ovdanın su yolu tutulub bağlandı. Bu xidmətə görə ona “hazar peşə, kəm maya” yəni “mayası yox, peşəsi yox” ləqəbi verilmişdi.
Bakının cənub tərəfində dənizə doğru uzanan iki burun var: birincisi, “Bayıl burnu”, ikincisi, “Bibi Heybət burnu”. Bu burnu bakılılar “Qırxqızlar” adlandırırlar. Camaat arasında olan əfsanəyə görə, guya orada qırx qız qaib olub, onlar hər zaman ağlayır, səsləri də eşidilmir. Qayalar arasından sızılan damlalarsa onların göz yaşıdır.
Qırxqızlar burnundan bir qədər cənuba tərəf Puta, Badamdar, Şağanbağ, Alaçıq deyilən yerlər gəlir. Bu yerlərin daşları məşhurdur. Bakının ali imarətlərinə sərf olunan ağ daş buradan gətirilir. Keçmiş zamanda hətta araba yolu belə olmadığından daşları şəhərə dəvələr daşıyırdı. Oradan Bakının Günbatan tərəfinə çevrildikdə qarşıya bir uçurum çıxırdı. Bu uçurumun adı “Yasamal”dır. Yasamalın arxasında Korgöz, Şubanı dağları, güldər dərəsi mövcuddur.
Şəhərin kənarında (indiki halda şəhərin içərisindədir) “Pirvənzəri” deyilən çapılmış dik daş vardı. Vaxtilə qadınlar cümə günləri xoş bahar havalarında ziyarət adı ilə oraya gəzməyə gedərdilər. Pirvənzəridə ciyər kababı bişirmək adət halını almışdı.
Pirvənzəridən aşağı – şəhərin qıraq hissəsinə “Sənbərə kəndi” deyərdilər. Vaxtilə bu hissə şəhərə yaxın kənd imiş. Bakının ətraf kəndlərindən bir parça çörək qazanmaq məqsədilə şəhərə köçüb gələn yoxsullar burada özlərinə yurd salıb yaşarmışlar. Söyləndiyinə görə, damazlıq mal-qaranın peyinini çənbərə basıb qışda yandırmaq üçün qurutduqlarından hər addımda belə çənbərlərə təsadüf edildiyindən bu kəndin adı “Sənbərə kəndi” kimi qalıb.
Bakının ətrafında otuz səkkiz kənd var. Bu kəndlərin hamısı əkinçilik, balıqçılıq, qoyunçuluqla məşğul olardı. Hətta neft mədənləri arasında yerləşən Balaxanı, Sabunçu, Ramana və bu kimi kəndlərdə əksəriyyət mədənlərdə fəhlə sifəti ilə işləsə də, kəndçilikdən əl çəkməmişlər. Bakıətrafı kəndlərin bir qismində Azərbaycanın çox yerində olduğu kimi bir çox pir, ocaq və ziyarətgah vardı. Bunların çoxu tərk olub dağılmışdısa da, vaxtilə onlarda böyük şənlik olardı. Hər pirin, ocağın bir “kəraməti” varmış.
Qorxudan xəstələnəni Məştağadakı “Çildağ” deyilən pirə aparırdılar. Doğmayan arvadlar Novxanıdakı “Ağ daş” pirinə gedərdi. Əl-ayağını yel tutan xəstə Qalaya (Pirvəro) gedərdi.
Pirlərdən başqa Bakı kəndlərində bir çox abidələr də vardı. Bunlardan Suraxanıdakı usta şəyirdini qeyd etmək olar.
Suraxanıdan Mərdəkan bağlarına gedən yolun iki tərəfində bir-birindən əlli-altmış addım məsafədə qarşı-qarşıya daşdan tikilmiş iki daxma vardı. Onlardan biri indi də durur. Söyləndiyinə görə, Suraxanıda bir bənna varmış. O, bir gənci illər uzunu əli altında şəyird adı ilə işlədər, müstəqil işləməsinə imkan verməzmiş. Həmişə şəyird ustasından bu barədə müsadə istəsə də, dargöz usta, “Səndə hələ bənna olmağa ləyaqət yoxdur, mən sənə ev tikmək ixtiyarı verə bilmərəm” – deyərmiş. Buna görə usta ilə şəyird arasında ixtilaf baş verir. Kəndin ağsaqqalları bu ixtilafı belə həll edirlər: hərəsi bir günün ərzində eyni biçimdə ev tiksin. Əgər şəyird ustasından geri qalmazsa, onun tikdiyi evdə ağsaqqallar nöqsan tapmazlarsa, ona bənnalıq haqqı verilsin. Mübahisəyə çıxan usta ilə şəyird biri yolun sağında, o biri solunda bir daxma tikirlər. Bu vasitə ilə özünə haqq qazandıran şəyirdin tikdiyi daxma uzun zaman davam edib durduğu halda dargöz ustanın tikdiyi daxma dağılıb gedir. Bu daxma indi də yaşamaqdadır.
Binə kəndindən Saray bağlarının ətəyinədək uzanan düzəngaha “Təmənnis” deyirdilər. Keçmişdə orada taxıl əkərmişlər. Təmənnislə Məştağa arasında olan yerə nə səbəbdənsə “Hacı Sadıq düzü” deyiblər. Ora Bilgah bağlarından yol var: Məştağa bağlarının şəhərə tərəf uzanan ətəklərinə “Dərəqılınc” adı verilib. Bir az bəri gəldikdə Zabrat, Balaxanı, Sabunçu, Bülbülə, Xilə yerləşir. Sabunçunun üst tərəfi Kirməkidir. Sabunçudan bir az aşağı Binə kəndidir. Kirməki ilə Sabunçu arasında və ondan aşağı bir göl var ki, ona “Şor” deyillər. Oradan bolluca duz çıxarılırmış. Biləcəri kəndi və Binəqədi neft əraziləridir. Buzovnada dəniz kənarında bir sövmiə2 var, ona “Əli ayağı” deyirlər. İrandan gəlmiş hiyləgər abidlərdən biri yay vaxtı qaya üzərində yatıbmış. O durub gedəndə orada bir ayaq ləpiri qazıyıb. Sonra əhali içərisinə girərək qəsdən belə şayiə yayıb ki, guya o yatarkən yuxuda Əlinin ordan keçdiyini, ayılanda isə yanında ayaq izi görüb. Bu da guya Əlinin ayağının ləpiridir. Bu cür sözlərə inanan avam və cahil əhali həmin ləpirin üstündə bir sövmiə tikib, adını “Əli ayağı” qoyublar.
Bakılılar da bütün Azərbaycan xalqı kimi səxavətli, qonaqsevən, üzügülər, bacarıqlı, igid, çalıb-oxumaq və oynamaq sevən, qonşularının dərdinə qalan, qəriblərə hörmət edən, əlsiz-ayaqsızların dadına çatan, xeyir-şərdə bir-birinə kömək yetirən və bir-birini sevən adamlardı.
Şəhərin içində əhali çox olduğundan onlar tədricən şəhərin bayırında evlər, daha sonra məhəllələr salmağa başlayıblar. İçərişəhərdən bir qədər yuxarı – indiki Təzəpir küçəsində bir nəfər özünə su quyusu qazdıqda yer altından qəbir çıxmış, beləcə, əhalinin avam və mövhumatçı hissəsi buna dini rəng verərək ziyarətgah adlandırıb adını Təzəpir qoymuşlar. Onun yerində tezliklə məscid tikərək dövrəsini hasarlayıb buranı pir adlandırmışlar. Amma onun adı Şeyx Əbusəid idi. Bu məscidin ətrafında salınan dairəyə son zamanlara qədər “Təzəpir məhəlləsi” deyilirdi. Bu məhəllədən yuxarı ucda Hüseynqulu adlı quyuçu özü üçün quyu qazıyır. Bu quyunun suyu şirin çıxır. Buna görə bu quyunun ətrafında tezliklə evlər tikilir, hətta məhəllə salınır. Bu məhəlləyə əhali o zamandan “Hüseynqulu bulağı” məhəlləsi adını verib. Köçərilər Bakının Məhəmmədli kəndindən gəlib bu məhəllənin cənub tərəfində avadanlıq salmışlar. Bu səbəbdən də o məhəlləyə “Məhəmmədli məhəlləsi” deyirlər. Məhəmmədlidən aşağı olan yer çuxur olduğu üçün axan sellər ora tökülürmüş. Su orada çox qaldığından palçıq əmələ gətirərmiş. O səbəbdən bu məhəlləyə “Palçıqlı məhəlləsi” deyərmişlər. Palçıqlı məhəlləsindən şimal-şərqdə çoxlu kərpic basıldığı üçün o məhəlləyə “Kərpicbasan” demişlər. Bir dəfə Kərpicbasılandan yuxarı dağa tərəf lap dikin üstündə bir nəfər öldürüləndən sonra ora “Qanlıtəpə” adını verirlər. Şamaxı yolundan, Quba yolundan və bütün yuxarıda saydığımız məhəllələrdən aşağıdakı meydançada o zaman “həftəbazarı” olardı. Oraya gələn satış mallarının çoxu Qubadan gətirildiyindən ora “Quba meydanı” deyiblər.
İkinci hazırkı Tarqovıy və Kirov prospekti küçələrində “bazar günləri” olarmış. Bu bazara “Veçərnə bazarı” deyərmişlər. Bakıda ümumiyyətlə peşəkarlar: bənnə, xarrat, dəmirçi, rəngsaz, malakeş, daşyonan, daşçıxaran, qırbasan, quyu qazıyan, nalbənd, qundaqsaz, bıçaqçı, başmaqçı, keçəçi, dabbaq, dərzi, xəncərsaz, xalçaçı, zərgər, papaqçı, saatsaz, minasaz, dəllək, boyaqçı çox olardı.
Əhalinin bir qismi kənd təsərrüfatı ilə – əkinçilik, bağçılıq, dəyirmançılıq, atçılıq və maldarlıqla, bir qismi də xırda ticarətlə – çayçılıq, kababçılıq, həlmaşıçılıq, qənnadıçılıq, halvaçılıq, çörəkçilik, hamamçılıq, baqqallıq, bəzzazlıqla məşğul olardı. Bakıda iri ticarətlə məşğul olan düyüçülər, xüşkbarçılar, ipəkçilər, xalçaçılar, qənd-çay alış-verişi edənlər, qara neftçilər də az deyildi. Bunların çoxu İranla alış-veriş edənlərmiş.
NOVRUZ BAYRAMI
Novruz bayramı Bakıda qurban və orucluq bayramlarından dəfələrlə artıq təntənə ilə keçirilərdi. Novruzu bir ay əvvəldən qarşılamaq Bakıda adət idi. Həftənin hər çərşənbə axşamı hər evin həyətində və ya darvazasında tonqal qalanar, bu tonqala arvadlar üzərlik töküb bu sözləri oxuyardılar:
Üzərriksən, havasan,
Cəmi dərdə dəvasan.
Hər yerdə sən yanarsan
Qada-bala apararsan.
Bakıda gəmiçilik edən, dənizdə işləyən çox olardı. Hələ buna görə oğlu, əri dənizdə olan ana, arvad və ya atasının səfərdən gəlməsini gözləyən uşaq bu misraları da əlavə edərdi: