Faqat Litresda o'qing

Kitobni fayl sifatida yuklab bo'lmaydi, lekin bizning ilovamizda yoki veb-saytda onlayn o'qilishi mumkin.

Kitobni o'qish: «Görünməz adam»

Shrift:

NAMƏLUM ADAMIN GƏLİŞİ

Naməlum adam fevralın əvvəlində, soyuq bir qış günündə gəldi.

Aypinqdə şiddətli külək əsir, çovğun getdikcə güclənirdi. Buna baxmayaraq o, dəmiryol stansiyasından piyada gəlmişdi. Onun qalın əlcəkli əlində balaca, qara bir çanta vardı. Naməlum adam başdan-ayağa qədər bürünmüşdü. Şlyapasının geniş kənarları onun üzünü tamam örtmüşdü.

O, donmuş halda, yorğun ayaqlarını güclə çəkərək özünü “Arabaçı və atlar” mehmanxanasına saldı. Çantasını yerə atıb boğuq səslə dilləndi:

– Siz Allah, ocağı qalayın, mənə isti otaq verin!

O, üstünün qarını çırpıb kirayə barədə danışmaq üçün mehmanxana sahibəsinin arxasınca qəbul otağına keçdi. Söhbət qısa oldu. Naməlum adam misis Hollun masası üstünə iki soveren1 atıb mehmanxanada otaq tutdu.

Missis Holl müsafirin otağına süfrə, qab-qacaq, stəkan apardı və xüsusi təmtəraqla stolun üstünə düzməyə başladı. Buxarı çırtıltıyla yanırdı. Müsafirin hələ də şlyapasını və paltosunu çıxarmaması missis Hollu son dərəcə heyrətə salmışdı. Pəncərənin önündə dayanmış naməlum adam arxasını missis Holla çevirib yağan qara tamaşa edirdi. Sanki nə barədə isə çox dərindən düşünürdü. Missis Holl onun çiynində əriyən qarın damla-damla xalçanın üstünə töküldüyünü gördü.

Bu zaman mehmanxana sahibÿsi onun böyük göy gözlük taxdûğûnû vÿ üzünün tamam örtülü olduğunu gördü.


– İzin verin, cənab, sizin palto və şlyapanızı aparım, – deyə Missis Holl ona müraciət etdi. – Mən onları mətbəxə aparıb asaram, quruyar.

Naməlum adam başını çevirib çiyninin üstündən ona baxıb:

– Mən onları soyunmağı münasib bilmirəm, – dedi.

Bu zaman mehmanxana sahibəsi onun böyük göy gözlük taxdığını və üzünün tamam örtülü olduğunu gördü.

– Yaxşı, cənab, – dedi. – Kefiniz necə istəyir, elə dә olsun.

Naməlum adam heç bir cavab vermədi və yenə üzünü pəncərəyə tərəf çevirdi. Missis Holl söhbətin baş tutmadığını görüb stolun üstünü tələsik düzəltdi və otaqdan çıxdı.

Sahibə geri qayıdarkən onu yenə də daş heykəl kimi pəncərənin qabağında dayanan gördü. Missis Holl qayğanağı və vetçinanı stolun üstünə qoyub ucadan dedi:

– Yemək hazırdır, cənab.

– Təşəkkür edirəm, – deyə о cavab verdi.

Sahibə otaqdan çıxıb qapını örtməyincə naməlum adam yerindən tərpənmədi. Sahibə getdikdən sonra tez çevrilib stola yanaşdı.

Mehmanxana sahibəsi mətbəxə qayıdıb xardal qabını doldurdu və onu qızılı naxışlı qara siniyə qoyub qonaq otağına apardı.

O, qapını tıqqıldadıb içəri girərkən qərib adam nəyi isə gizlədirmiş kimi cəld hərəkət etdi. Qadın stolun altında ağ bir şeyin yox olduğunu güclə sezə bildi. Sahibə xardal qabını stolun üstünə qoydu. Bu zaman qonağın palto və şlyapasının buxarının qabağındakı stuldan asıldığını gördü, buxarının polad barmaqlığında isə bir cüt yaş çəkmə vardı.

Missis Holl qəti addımlarla buxarıya yaxınlaşdı və etiraz qəbul etməyən bir tərzdə dedi:

– Zənn edirəm, indi bu şeyləri qurutmaq üçün aparmaq olar.

Müsafir boğuq bir səslə:

– Şlyapama dəyməyin, – dedi.

Qadın çevriləndə müsafirin dümdüz oturub ona baxdığını gördü. Gözləri alacalanmış və heyrətdən dili tutulmuş qadın bir dəqiqə sanki quruyub qaldı.

Müsafir üzünün aşağı hissəsini nə isə ağ bir şeylə örtmüşdü, belə ki, ağzı və çənəsi heç görünmürdü. Lakin missis Hollu heyrətə salan tək bu deyildi. Müsafirin alnı ağ tənziflə sarınmışdı. Hətta qulaqları da sarıqlı idi. Üzündə sarıqlı olmayan yalnız çəhrayı burnu idi. Naməlum adam ağ yaxalıqlı, qəhvəyi məxmər gödəkcə geymişdi. Qara saçları çarpaz sarılmış tənzifin altından pırtlaşıq halda çıxdığından o, son dərəcə qəribə bir görkəm almışdı. Naməlum adam qəhvəyi əlcəkli əli ilə dəsmalı üzünə tutaraq tünd-göy gözlüyü arxasından mehmanxana sahibəsinə baxmaqda davam edirdi.

Sahibə paltarları götürüb dedi:

– Bu saat bunları qurudaram.

Naməlum adam sərt səslə dedi:

– Təşəkkür edirəm.

Sahibə otaqdan çıxarkən yenə də onun ağ tənziflə sarınmış başına və tünd-göy gözlüyünə baxdı. Naməlum adam ağzını hələ də dəsmalla örtmüşdü. Qadın gördüklərindən elə bir vahiməyə düşmüşdü ki, qapını örtərkən bütün vücudu titrəyirdi.

Missis Holl stolun üstünü yığışdırmağa gəldiyi zaman naməlum adam arxasını pəncərəyə çevirərək küncdə oturmuşdu. Görünür, yeyib doyduqdan və isindikdən sonra o özünü yaxşı hiss edirdi, artıq əvvəlki kimi acıqlı danışmırdı.

– Stansiyada mənim bəzi әşyalarım qalıb, onların dalınca adam göndərmək olarmı? – dedi.

Qadın:

– Ancaq sabah! – deyə cavab verdi.

Qərib sarıqlı başını nəzakətlə aşağı əyərək:

– Daha tez mümkün deyilmi? – dedi.

Sahibə mümkün olmadığını dedikdə o çox narazı qaldı:

– Heç cür mümkün deyil? – deyə israr etdi. – Bəlkə, bir adam tapasınız?

Missis Holl onu söhbətə cəlb etmək ümidi ilə suallarına həvəslə cavab verirdi:

– Stansiyaya gedən yol çox dikdir. Keçən il bu yolda bir ekipaj çevrilmişdi. Sərnişin və arabaçı yıxılıb ölmüşdü. Eh, ölüm gözlə qaş arasındadır. Bir dəqiqənin içərisində hər şey ola bilər, elə deyilmi, cənab?

Lakin qonağı söhbətə cəlb etmək o qədər də asan deyildi. O, tündrəngli gözlüyünün arxasından qadına sakitcə baxaraq:

– Zəhmət olmasa, mənə kibrit verin, – deyə birdən-birə onun sözünü kəsdi. – Çubuğum sönüb.

Qonağın bu saymazyanalığı sahibənin xoşuna gəlmədi. Qadın bir an ona acıqlı-acıqlı baxdı, lakin qonağın verdiyi iki sovereni yadına salıb kibrit gətirməyə getdi.

Qadın kibriti stolun üstünə qoyduqda o:

– Təşəkkür edirəm, – dedi və arxasını ona çevirib yenidən pəncərəyə baxmağa başladı.

MİSTER TEDDİ HENFRİNİN İLK TƏƏSSÜRATI

H ava qaralanda missis Holl düşündü ki, kirayəçinin otağına gedib ona çay təklif etmək yaxşı olardı. Elə bu zaman mehmanxanaya saatsaz Teddi Henfri girdi.

– Missis Holl, necə murdar havadır, – dedi. – Mən isə yüngül ayaqqabı geymişəm.

Missis Holl saatsazın sözünü təsdiq etdi və onun alətlərini özü ilə gətirdiyini görərək sevincək dedi:

– Bir halda ki buradasınız, zəhmət çəkib bizim qonaq otağındakı saata baxaydınız.

Qadın saatsazı qonaq otağına apardı. O, qapını açarkən müsafirin buxarı qabağında kresloda oturub mürgülədiyini gördü… Onun tənziflə sarınmış başı yana əyilmişdi. Bir an qadına elə gəldi ki, kirayəçinin üzünün bütün aşağı hissəsi dəhşətli, geniş açılmış ağızdan ibarətdir.

Birdən naməlum adam tərpəndi, kresloda gərnəşdi və əlini qaldırdı. Bu zaman qadın ona daha diqqətlə baxa bildi, onun üzünün indi dəsmal əvəzinə şərflə örtülü olduğunu gördü. Mehmanxana sahibəsi:

– Cənab, izin versəydiniz, saatsaz saata baxardı, – dedi.

Qonaq yuxulu halda ətrafına nəzər saldı.

– Saata baxsın? – deyə soruşdu. Sonra əlavə etdi: – Buyursun!

Mister Teddi Henfri otağa girib tənziflə sarınmış adamla üz-üzə gəldi. Maraqla ona baxaraq:

– Ümidvaram ki, sizi narahat etmərəm, – dedi.

– Qətiyyən yox, – deyə müsafir cavab verdi.

Sonra o, missis Holla müraciət edərək əlavə etdi:

– Hərçənd güman edirdim ki, bu otaq mənim şəxsi istifadəm üçün ayrılmışdır.

Mehmanxana sahibəsi:

– Mən fikirləşdim ki, cənab, sizə də saatın yaxşı işləməsi lazım…

Naməlum adam onun sözünü kəsdi:

– Əlbəttə, əlbəttə… Amma mən yalqız qalmağı sevirəm.

O, arxasını buxarıya tərəf çevirib ayağını ayağının üstünə aşırdı:

– Yəqin ki, mən kimliyim barədə sizə əvvəlcədən məlumat verməli idim. Lakin soyuqdan elə donmuşdum və elə yorğun idim ki, dilim söz tutmurdu. Mən tədqiqatçıyam…

– Belə de! – deyə missis Holl heyrətini bildirdi.

Naməlum adam deyəcəyi sözləri götür-qoy edərək asta-asta sözünə davam etdi:

– Mənim Aypinqə gəlməyimin əsas səbəbi yalqız qalmaq arzusudur. Məşğələ zamanı istərdim ki, məni narahat edən olmasın. Məsələ burasındadır ki, mənim gözlərim bəzən o qədər zəifləyib şiddətlə ağrımağa başlayır ki, mən saatlarla qapını bağlayıb qaranlıq otaqda qalmalı oluram. Bu ağrılar başlayanda ən kiçik bir narahatlıq, başqa bir adamın otağa girməsi mənə əzab verir. Mənə elə gəlir ki, bu haqda sizi qabaqcadan xəbərdar etməyim yaxşıdır.

– Əlbəttə, cənab! – deyə qadın otaqdan çıxdı.

Müsafir buxarının qabağında oturaraq saatı təmir edən mister Henfriyə acıqlı-acıqlı baxırdı.

Mister Henfri təbiətən hər şeylə maraqlanan adam idi. O heç bir ehtiyac olmadığı halda mexanizmi saatın içindən çıxartdı ki, işi uzatsın və naməlum adamı söhbətə cəlb edə bilsin.

Naməlum adam qəzəbini zorla saxlayaraq:

– Siz nə üçün işinizi qurtarıb getmirsiniz? – dedi. – Görəcəyiniz iş təkcə saatın əqrəbini oxa bərkitməkdən ibarət idi. Siz isə burada boş yerə qurdalanırsınız.

– Əlbəttə, cənab, bir dəqiqə… Mən nəzərdən qaçırmışdım ki…

Mister Henfri tez işini bitirdi və bərk incimiş halda çıxıb getdi.

Saatsaz mehmanxanadan çıxanda mister Holla rast gəldi. Mehmanxana sahibəsinin əri dəmiryol stansiyasından qayıdırdı. O, Henfrini görüb atları saxladı.

– Necəsən, Teddi? – deyə xəbər aldı.

Teddi naməlum adamın müəmmalı davranışının təsiri altında idi. Odur ki Hollun salamına cavab vermədən tez dilləndi:

– Sizin mehmanxanada şübhəli bir şəxs yerləşmişdir.

Bu sözlər Hollu xeyli təəccübləndirdi:

– Necə?

Teddi qəribə qonağı həvəslə Holla təsvir etməyə başladı:

– Görkəmindən biədəb bir məxluqdur. Mehmanxananızda otaq tutub, ancaq indiyə kimi heç öz adını belə deməyib. Üz-gözünü sarıyıb, sifətini də görmək olmur. Deyirəm, bəlkə, xəstədir…

Holl fikirli-fikirli:

– Doğrudanmı? – deyə soruşdu.

– Bəli, – deyə Teddi təsdiq etdi. – Bu adam otağı bir həftəliyə kirayəyə götürüb. Öz dediyinə görə, stansiyada çoxlu əşyası var, sabah gəlməlidir.

Teddi ilə söhbət Hollu əməlli-başlı narahat etdi. O ləngimədən naməlum qonağın kim olduğunu aydınlaşdırmağa qərar verdi. Lakin mister Holl evə daxil olanda əvvəlcə arvadının dolu kimi yağdırdığı töhmətlərə tab gətirməli oldu. Missis Holl ərini stansiyada bu qədər çox ləngidiyinə görə danlayırdı. Yeni kirayəçi haqqında ərinin qorxa-qorxa verdiyi suallara isə mehmanxana sahibəsi kəskin, lakin qeyri-müəyyən cavablar verdi.

– Rica edirəm, özgənin işinə burnunu soxmayasan. Yaxşısı budur, öz işinlə məşğul ol, mən sənsiz də keçinərəm.

Mister Holl:

– Siz arvadlar heç nə qanmırsınız, – dedi və qərara aldı ki, fürsət düşən kimi qonağın şəxsiyyətini dəqiqləşdirsin.

Missis Holl ərinə acıqlansa da, başa düşürdü ki, çox qəribə bir müsafir qəbul edib və buna özü də narahat idi.

MİN BİR ŞÜŞƏ QAB

Ertəsi gün naməlum adamın nəm çəkmiş və palçığa bulaşmış әşyaları mehmanxanaya gətirildi. Onun iki çamadan yükü adi səyahətçi çamadanından fərqlənmirdi. Lakin çamadanlardan başqa, bir neçə yeşik və saman doldurulmuş yarım düjün səbət vardı. Cingilti səsindən başa düşmək olurdu ki, samanın içindəki şüşə qablardır.

Mister Holl xidmətçi Milli ilə boşboğazlıq etdiyi zaman qapıda naməlum adam göründü. Həmişəki kimi, başında şlyapa, əynində palto, əlcək, şərf var idi. Müsafir:

– Yeşikləri otağa aparın. Mən onları çoxdan gözləyirəm, – deyib əsəbi halda geri döndü.

Mister Holl:

– Gedim görüm nə olub? – deyə naməlum adamın ardınca getdi.

O, yuxarı çıxdı. Naməlum adamın otağının qapısı yarıaçıq olduğu üçün icazə almadan qapını açıb içəri girdi.

Pəncərənin pərdəsi salınmışdı, otaq yarıqaranlıq idi. Naməlum qonaq otaqda görünmürdü. Bunun əvəzinə Holl çox qəribə bir şey gördü: üzərində üç böyük ləkə olan, insan sifətini xatırladan kiçik ağ duman sanki havadan asılı vəziyyətdə donub-qalmışdı. Sonra bu duman tərpəndi və Holl sinəsinə endirilən güclü zərbədən səndirləyib dəhlizə düşdü. Onun arxasınca qapı örtüldü və açarla bağlandı.

Holl qaranlıq dəhlizdə dayanıb baş verənləri anlamağa çalışır, nə edəcəyini bilmirdi.

Bir az fikirləşdikdən sonra o, küçədə, mehmanxananın qapısı qabağında yığışmış adamlara qarışdı. Missis Holl da burada idi. Onlar qəribə qonaq və onun müəmmalı hərəkətləri haqqında danışırdılar. Qarşıdakı dükanın sahibi Haksters də onlara yanaşıb nə hadisə baş verdiyini xəbər aldı.

Onların danışıqlarına qulaq asan mister Holla bir anlığa elə gəldi ki, indicə yuxarıda heç bir qəribə hadisə olmamışdır, yəqin, onu qara basıb. O, arvadına dedi:

– Qonaq dedi ki, əşyaları içəri daşımaq lazımdır.

Missis Holl amiranə səslə dilləndi:

– Daşıyın!

Birinci səbət qonaq otağına aparılan kimi naməlum adam səbirsizliklə onu boşaltmağa başladı. O, səbətlərin içindən toz, şərab, zeytun olan müxtəlif ölçülərdə rəngbərəng butulkalar, üstündə “zəhər” sözü yazılmış əyri şüşə qablar çıxarmağa başladı. Bütün bunları cərgə ilə bufetin, masanın üstünə, buxarının taxçasına, pəncərənin qabağına, döşəməyə – hər tərəfə düzdü. Heç yerli əczaxanada da, yəqin ki, bu qədər butulka yox idi.



Bu çox maraqlı bir səhnə idi. O, bir-birinin dalınca səbətləri açır, hamısından da butulka çıxırdı. Nəhayət, altı səbətin altısı da boşaldı. Butulkadan başqa, səbətlərdən bir xeyli sınaq şüşəsi və səliqə ilə qablanmış tərəzi çıxdı. Sonra naməlum adam yeşikləri boşaltmağa başladı. Burada xeyli əlyazma kitab var idi.

Həmin gün naməlum adam tam bir sakitlik içində işlədi. Yalnız bir dəfə otaqdan butulkaların cingiltisi eşidildi, qonaq stolu itələyib onları qəzəblə yerə atdı, sonra onun otaqda gəzişdiyi eşidildi.

Missis Holl nə isə baş verəcəyindən qorxaraq qapıya yanaşıb qulaq asmağa başladı.

Naməlum adam qəzəblə:

– Bir şey çıxmayacaq, – deyə donquldanırdı. – Çıxmayacaq. Üç yüz min, dörd yüz min. Bu sonsuz ədədlər. Aldanmışam. Bütün ömrüm buna gedəcək… Səbir etmək?! Ancaq nə qədər?! Demək asandır. Mən axmağam, axmaq…

Qadın ona çay gətirdiyi zaman küncdə güzgünün altında sınmış butulkalar və səliqəsiz silinmiş qızılı bir ləkə gördü. Qadın müsafirin diqqətini buna cəlb etdi.

Naməlum adam:

– Bunların hamısını hesaba salın, – deyə çəmkirdi. – Siz Allah, mənə mane olmayın. Məndən bir ziyan gələrsə, bunu mənim hesabıma yazın.

O, yenə də qabağındakı dəftərə qeydlər yazmağa davam edərək susdu.

QUDURMUŞ MEBEL

Ruhlar günü idi. Hava yenicə işıqlaşmağa başlayırdı. Mister və missis Holl – ikisi də tezdən durub yavaşca zirzəmiyə düşdülər.

Yenicə zirzəmiyə girmişdilər ki, missis Hollun yadına düşdü ki, yataq otağındakı lampanı götürməyi unudub. O, ərini lampanın dalınca göndərdi. Dəhlizə çıxarkən Holl naməlum adamın otağının qapısını aralı görüb təəccüb etdi. Lakin ayaq saxlamadan yataq otağına keçdi və arvadının dediyi yerdə lampanı tapdı.

Geri qayıdarkən mister Holl bayır qapısının cəftəsinin açıq olduğunu gördü. O yaxşı xatırlayırdı ki, gecə missis Holl qapını bağlamışdı, arvadı qapının cəftəsini vuranda o özü lampa ilə işıq salırdı. Holl heyrət içində dayandı, sonra əlində lampa yuxarı qayıtdı, kirayəçinin qapısını döydü, amma cavab verən olmadı. Daha sonra qapını taybatay açıb otağa girdi. Otaqda heç kim yox idi. Naməlum adamın bütün pal-paltarı və tənzifləri kreslodan və çarpayının başından asılmışdı. Holl tam şaşqınlıq içində otağın ortasında dayanmışdı ki, birdən aşağıdan, zirzəmidən arvadının səsini eşitdi:

– Nə oldu, Corc, harada qaldın?!

Holl geri dönüb arvadının yanına tələsdi. O, pilləkəndən zirzəmiyə tərəf əyilib arvadını səslədi:

– Cenni! Kirayəçi otaqda yoxdur, küçə qapısı da açıqdır.

Missis Holl əvvəlcə onun nə barədə danışdığını başa düşmədi. Lakin işin nə yerdə olduğunu dərk edəndə özü boş otağa baxmağı qərara aldı.

Mister Holl:

– Onun özü burada yoxdur, amma paltarı buradadır, – dedi. – Paltarsız o hara gedə bilər? Qəribə işdir…

Onlar zirzəmidən pilləkənlə yuxarı çıxarkən ikisinə də elə gəldi ki, kim isə bayır qapısını açıb örtdü. Lakin onlar qapını bağlı gördükləri üçün bu barədə bir-birinə heç bir söz demədilər. Dəhlizdə missis Holl ərindən qabağa keçib yuxarıya qalxdı. Bu zaman pilləkəndə kim isə asqırdı. Holl arvadının asqırdığını düşündü; bir az irəlidə gedən arvadı isə asqıranın əri olduğuna əmin idi. O, yuxarı çıxaraq qapını taybatay açdı və naməlum adamın otağını gözdən keçirməyə başladı.

– Ömrümdə belə şey görməmişəm! – missis Holl dedi.

Bu zaman arxada, lap qulağının dibində kimsə fısıldadı. Qadın geri dönərək ərinin ondan on-on iki addım uzaqda durduğunu görüb lap mat qaldı. Əyilib yastığı və döşəkağını əli ilə yoxladı.

– Soyuqdur… – dedi. – O, bir saatdan artıqdır ki, yoxdur.

Missis Holl bu sözləri deyib qurtarmışdı ki, olduqca qəribə bir hadisə baş verdi. Döşəkağı burulub bükələndi və dərhal çarpayının başından atlandı. Elə bil kiminsə əli onu bürmələyib atdı. Bunun dalınca naməlum adamın şlyapası asıldığı yerdən sıçrayıb havada qövs cızaraq düz missis Hollun sifətinə çırpıldı. Sonra kreslo naməlum adamın pencək və şalvarını saymazyana öz üstündən atdı və havaya qalxaraq ayaqlarının dördünü də missis Holla tərəf çevirdi. Kreslo qadını nişan alaraq onun üzərinə hücum etdi. Qadın qışqırdı və qapıya tərəf döndü, bu zaman kreslonun ayaqları ehmalca, lakin qətiyyətlə onun kürəyinə dirənərək itələyib otaqdan çıxartdı. Qapı tarappıltı ilə örtüldü, açarın səsi eşidildi. Kreslo ilə çarpayı, öz qələbələrini bayram edirlərmiş kimi, bir qədər rəqs etdilər. Sonra birdən-birə hər şey sakitləşdi.

Missis Holl huşunu itirərək ərinin qolları üstünə düşdü. Mister Holl bu hay-küydən oyanmış xidmətçi Millinin köməyi ilə missis Hollu aşağıya aparıb sakitləşdirici damcı dərmanı verdi.

Missis Holl, nəhayət, özünə gələrək:

– Bunlar cinlərdir, – dedi. – Mən onlar barədə qəzetlərdə oxumuşam. Stol və stullar tullanıb oynamağa başlayır…

Holl onun sözünü kəsərək:

– Bir az da iç, Cenni, – dedi. – Bu səni sakitləşdirər.

– Qapını bağla. Onu daha içəri buraxma. Mən çoxdan şübhələnirdim… Necə də başa düşməmişəm?

– Bir az da damcıdan iç, Cenni, – deyə Holl təkid edirdi. – Əsəblərin lap pozulub.

Artıq saat beş idi. Onlar üzbəüzdə yaşayan dəmirçi mister Sendi Uocersi oyatmaq üçün Millini ora göndərdilər.

Milli gedib dəmirçini oyatdı. Onlar mehmanxanaya çatana kimi xidmətçi qız sahiblərindən eşitdiklərini qonşuya danışdı. Mister Uocers Millinin dediklərinə o qədər də təəccüblənmədi.

– And içməyə hazıram ki, bu, cadu kələyidir, – dedi. – Belə kirayəçinin bircə buynuzu əskikdir.

Sendi Uocers baş verənləri ətraflı öyrəndikdən sonra mister Holla müraciətlə dedi:

– Mən sizin yerinizə olsaydım, içəri girib bunların hamısının səbəbini ondan xəbər alardım, izahat tələb edərdim, – dedi.

Onlar bir yerdə yuxarı qalxdılar. Mister Holl qapını döydü, sonra yavaşca aralayıb:

– Bağışlayın… – deyə sözə başladı.

İçəridən naməlum adamın qəzəbli səsi gəldi:

– Rədd olun cəhənnəmə! Qapını örtün!

1.Soveren – XV əsrdən etibarən İngiltərədə istifadə edilən qızıl pul

Bepul matn qismi tugad.

11 912,71 s`om
Yosh cheklamasi:
12+
Litresda chiqarilgan sana:
07 oktyabr 2022
Hajm:
7 Sahifa 12 illyustratsiayalar
ISBN:
9789952240672
Mualliflik huquqi egasi:
Altun Kitab