Faqat Litresda o'qing

Kitobni fayl sifatida yuklab bo'lmaydi, lekin bizning ilovamizda yoki veb-saytda onlayn o'qilishi mumkin.

Kitobni o'qish: «Seçilmiş əsərləri», sahifa 7

Shrift:

II

Mən öz həyatımı çox gec, yalnız doqquz yaşımdan xatırlamağa başlamışam. Bilmirəm, nədənsə, o vaxta qədər başıma gələnlər barədə məndə heç bir aydın təsəvvür qalmamışdır ki, onları indi xatırlaya bilim. Ancaq doqquz yaşında olan vaxtdan mən hər şeyi tam aydınlığı ilə xatırlayıram, sonralar nə olubsa, hamısı elə bil dünən olmuşdur. Əvvəl olanları da mən yuxu kimi xatırlaya bilirəm: misal üçün otağın qaranlıq küncündəki ikonanın qabağında işıqlanan buxurdanı; bir dəfə küçədə atın məni necə basdığını xatırlayıram. Sonralar mənə danışırdılar ki, xəstələnib üç ay yatmışam; bir də ki, bu xəstəlik zamanı anamla bir yerdə yatarkən gecələr yuxudan ayılmağımı, pis yuxu görəndə gecənin sakitliyindən necə vahimələndiyimi, evin küncündə döşəməni cırmaqlayan siçanların məni neçə qorxutduğunu, bütün gecəni qorxudan əsə-əsə yorğanı başıma çəkib anamı oyatmağa cürət etmədiyimi xatırlayıb belə nəticə çıxarıram ki, hər şeydən çox anamdan qorxurdum. Ancaq özümü xatırlamağa başladığım dəqiqədən mən gözlənilməz bir sürətlə inkişaf etməyə başladım və uşaqlara xas olmayan bir çox təəssürat mənim üçün dəhşətli dərəcədə aydınlıq kəsb etdi. Mənim qarşımda hər şey aydınlaşdı, hər şey fövqəladə bir sürətlə aydın oldu. Mən özümü yaxşı xatırlamağa başladığım dövr məndə çox dərin və kədərli təəssürat buraxmışdır: bu təəssürat sonralar hər gün təkrar olunaraq, günbəgün artırdı: o, mənim valideynlərimlə bir yerdə yaşadığım vaxtda, bununla da mənim bütün uşaqlıq illərimə tutqun və qəribə bir səciyyə vermişdir.

İndi mənə elə gəlir ki, birdən-birə sanki dərin yuxudan oyanmışam (şübhəsiz, o vaxtlar bu məsələ mənə o qədər də təəccüblü görünmürdü). Gözümü açıb özümü alçaq tavanlı, ağır havalı və natəmiz bir otaqda gördüm. Otağın divarlarına bozumtul çirkli rəng çəkilmişdi, küncdə böyük rus peçi vardı: otağın pəncərələri küçəyə yox, qabağındakı binanın damına açılırdı. Pəncərələr yarıq kimi alçaq və enli idi. Pəncərənin içi döşəmədən elə hündür idi ki, yadımdadır, pəncərəyə çıxmaq üçün ayağımın altına stul, skamya qoymalı olurdum: evdə anam olmayanda çıxıb pəncərənin içində oturmağı sevirdim. Otağımızdan şəhərin yarısı görünürdü: biz altı mərtəbəli böyük bir binanın çardağında yaşayırdıq. Otağımızın avadanlığı üzərinə müşəmbə çəkilmiş bir divanın toz və tiftik içində olan qalıqlarından, adi taxtadan qayrılmış stoldan, iki stuldan, anamın yatağından, içinə nə isə qoyulmuş küncdəki balaca şkafdan, bir böyrü üstə əyilmiş kamoddan və didilib tökülmüş kağız şirmadan ibarət idi.

Yadımdadır, şər qarışmışdı; otaqda hər şey səliqəsiz və dağınıq idi: fırçalar, müxtəlif cır-cındır, taxta qablarımız, sınıq şüşə, bilmirəm daha nələr vardı. Yadımdadır anam çox həyəcanlı idi və nəyə görəsə ağlayırdı. Atam da əynində həmişəki cırıq sürtuk, küncdə oturmuşdu. O nə isə anama istehzalı təbəssümlə cavab verirdi. Onun bu hərəkəti anamı daha da hirsləndirirdi. Bunun üçün də fırçalar və qab-qacaq yenə döşəməyə vızıldandı. Mən ağlayıb qışqırdım, onların üstünə yüyürdüm. Bərk qorxduğum üçün anamın atdığı şeylərdən atamı qorumaq niyyəti ilə ona sarıldım. Allah bilir nədənsə mənə elə gəlirdi ki, anam ona nahaq yerə acıqlanır, onun heç bir təqsiri yoxdur; mən onun əvəzinə üzr istəməyə, onun əvəzində hər cür cəza almağa hazırdım. Anamdan bərk qorxduğum üçün mənə elə gəlirdi ki, elə hamı ondan qorxur. Anam əvvəlcə təəccübləndi, sonra qolumdan tutub, şirmanın dalına çəkdi. Əlim çarpayıya toxunub bərk ağrıdı; ancaq qorxu hissi ağrıdan daha üstün olduğu üçün heç üz-gözümü belə qırışdırmadım. Yadımdadır ki, anam ürək ağrısı və qızğınlıqla atama nə isə deyib, məni göstərirdi, (mən bundan sonra da öz hekayətimdə ona ata deyəcəyəm, çünki onun mənə doğma olmadığını xeyli sonra öyrənmişdim). Bu səhnə iki saata qədər davam etdi, mən də intizar içində titrəyərək onun nə ilə qurtaracağını bütün səyimlə bilməyə çalışırdım. Nəhayət, ara soyudu, anam hara isə çıxıb getdi. Atam məni çağırıb öpdü, başımı sığalladı, qaldırıb dizi üstündə oturtdu. Mən nəvazişlə bərk-bərk onun köksünə sıxıldım. Ola bilsin ki, bu valideynlərimdən gördüyüm ilk nəvaziş idi, bəlkə də, həmin gündən hər şeyi belə aydın xatırlamağım elə bu səbəbdəndir. Mən hiss etdim ki, atamın bu nəvazişini ona tərəfdar çıxdığım üçün qazanmışam. Elə bu vaxt, deyəsən ilk dəfə, ağlıma belə bir fikir gəldi ki, o, anamın əlindən çox əzab çəkir, çox dərd çəkir. O vaxtdan etibarən bu fikir başımdan çıxmadı. Günlər keçdikcə məni daha artıq qəzəbləndirdi.

Həmin dəqiqədən qəlbimdə atama qarşı intəhasız bir məhəbbət yarandı. Ancaq bu çox qəribə, özü də deyəsən, heç uşaq hissinə bənzəməyən bir məhəbbət idi. Mən deyə bilərəm ki, bu daha çox rəhmdil ana hissi idi. Bəli, əgər bu uşaq üçün bir qədər gülməli görünməsə, mənim məhəbbətimi belə mənalandırmaq olar. Atam həmişə mənə o qədər acınacaqlı, o qədər zülm çəkmiş, o qədər tapdalanmış, o qədər əziyyət çəkmiş kimi görünürdü ki, onu bütün qəlbimlə sevməmək, ovundurmamaq, ona nəvaziş göstərməmək, bütün qüvvəmlə onun qayğısına qalmamaq mənə son dərəcə qorxunc və qeyri-təbii görünürdü. Ancaq heç indiyə qədər də bilmirəm ki, atam nə üçün mənə bu qədər əzabkeş, dünyada bu qədər bədbəxt adam kimi görünmüşdür. Bu fikri kim mənə təlqin etmişdi? Axı mən uşaq ola-ola onun şəxsi uğursuzluqlarından nə başa düşə bilərdim? Ancaq mən öz xəyalımda onları dəyişdirib başqa cür mənalandırsam da, hər halda başa düşürdüm. Ancaq indinin özünə qədər bu təəssüratın məndə necə yarandığını heç təsəvvür edə bilmirəm. Kim bilir, bəlkə də anam mənə qarşı çox tələbkar olduğundan mən atama bağlanmışdım, çünki mənim fikrimcə atam da mənimlə birlikdə eyni dərəcədə əziyyət çəkən bir məxluq idi.

Mən artıq uşaqlıq yuxusundan ilk dəfə necə oyandığımı, həyatında ilk hərəkətin necə başlandığını danışdım. İlk andan ürəyim yaralanmışdı. Elə buna görə də ağlagəlməz, yorucu bir sürətlə inkişaf etməyə başlamışdım. Mən artıq yalnız zahiri təəssüratla kifayətlənə bilmirdim. Buna görə də fikirləşməyə, mülahizələr yürütməyə və müşahidə etməyə başlamışdım; lakin bu müşahidələr o qədər tez və qeyri-təbii başlanmışdı ki, mən gördüklərimi öz təsəvvürümdə özüm bildiyim kimi dəyişdirməyə bilmirdim, buna görə də birdən-birə nə isə yalnız özümə aid olan bir aləmə düşdüm. Ətrafımda hər şey atamın mənə danışdığı əfsanəvi bir nağılda olan aləmə bənzəyirdi; Atam bu nağılı mənə tez-tez danışardı və mən onun danışdıqlarını bir həqiqət kimi qəbul edirdim. Məndə qəribə anlayışlar meydana çıxdı. Mən çox yaxşı bildim ki, – amma bunun necə olduğunu deyə bilmərəm, – qəribə bir aləmdə yaşayıram və valideynlərim, nədənsə bəzən rast gəldiyim həmin adamlara heç də oxşamırlar. «Nə üçün, – fikirləşirdim, – görəsən, nə üçün zahirən belə valideynlərimə bənzəməyən başqa adamlar görürəm? Nə üçün görəsən mən başqalarının simasında təbəssüm görürdüm və niyə o dəqiqə təəccüblənirdim ki, bizim evdə heç vaxt gülmürlər, heç vaxt sevinmirlər?» Görəsən hansı qüvvə, hansı bir səbəb məni, doqquz yaşlı bir uşağı məcbur edirdi ki, axşamlar əynimdəki cır-cındırın üstünü örtmək məqsədilə anamın sırıqlısını çiynimə atıb mis pullara bir neçə quruşluq qənd, çay və çörək almaq üçün dükana gedəndə evimizin pilləkənində, ya da küçədə rastıma gələn adamlara belə diqqətlə fikir verib, onların hər sözünə qulaq asırdım. Heç özüm də bilmirəm neçə başa düşdüm ki, bizim evdə nə isə əbədi, dözülməz bir dərd vardır. Mən başımı sındırıb onun nə üçün belə olduğunu anlamağa çalışırdım: heç bilmirəm ki, hansı bir qüvvə bu məsələni özüm bildiyim kimi başa düşməyə mənə kömək etdi: mən anamı təqsirləndirirdim, onu atamın zülmkarı hesab edirdim. Yenə də deyirəm: bilmirəm, belə bir dəhşətli fikir mənim təsəvvürümdə haradan yaranmışdı. Buna görə də atama nə qədər bağlanmışdımsa, bir o qədər də bədbəxt anama düşmən kəsilmişdim. Bu şeyləri xatırlayanda indi də dərin və acı bir vicdan əzabı çəkirəm. Ancaq digər bir hadisə də baş verdi. Bu birinciyə nisbətən atamla olan bu qəribə yaxınlığımın daha da artmasına imkan yaratdı. Bir dəfə axşam saat onda anam məni xəmir mayası almaq üçün dükana göndərdi. Atam evdə yox idi. Mən dükandan qayıdanda küçədə yıxıldım və mayanın hamısını dağıtdım. Başıma gələn ilk fikir o oldu ki, anam bilsə yaman hirslənəcək. Bunu da deyim ki, sol əlim bərk ağrıyırdı və yerdən qalxa bilmirdim. Yoldan keçənlər ətrafıma toplaşdı; bir qarı əyilib məni qaldırmağa başladı. Yüyürə-yüyürə yanımdan keçən bir oğlan uşağı isə əlindəki açar ilə başımdan vurdu. Axır ki, birtəhər məni ayağa qaldırdılar. Mən qabın sınıqlarını yığıb ayaqlarımı güclə çəkə-çəkə, səndələyə-səndələyə yoluma davam etdim. Elə bu vaxt atamı gördüm. O, bizimlə üzbəüz olan zəngin bir evin qabağına toplaşmış adamların arasında dayanmışdı. Bu, adlı-sanlı şəxslərdən birinin evi idi. Özü də çox gözəl işıqlandırılmışdı. Artırmanın qabağında xeyli karet dayanmışdı. Pəncərələrdən musiqi səsi gəlirdi. Mən atamın ətəyindən yapışıb qabın sınıqlarını ona göstərdim, ağlaya-ağlaya dedim ki, anamın yanına getməyə qorxuram. Nədənsə, onun məni müdafiə edəcəyinə əmin idim. Ancaq mən buna nə üçün əmin idim, bunu mənə kim demişdi, məni kim öyrətmişdi ki, o məni anamdan daha artıq istəyir? Görəsən nə üçün mən ona qorxmadan yanaşdım? O, əlimdən tutub məni ovundurmağa başladı, sonra dedi ki, mənə nə isə göstərmək istəyir. O, məni əlləri üstdə yuxarı qaldırdı. Mən heç nə görə bilmirdim, çünki o, əzilmiş əlimdən tutduğu üçün bərk ağrıyırdı. Ancaq onun qanını qaralda biləcəyimdən qorxub qışqırmadım. O, elə hey soruşurdu ki, bir şey görürəm, ya yox? Mən də bütün qüvvəmlə çalışıb onu razı salmaq istəyirdim. Buna görə də dedim ki, qırmızı pərdələr görürəm. O məni küçənin o biri tərəfinə, evə daha yaxın bir yerə aparmaq istəyəndə bilmirəm, nədənsə ağlamağa başladım, onu qucaqlayıb yalvardım ki, tez yuxarı, anamın yanına getmək istəyirəm. Yadımdadır, o vaxt atamın nəvazişi mənə çox ağır təsir bağışlayırdı. Mən heç dözə bilmirdim ki, ürəkdən sevmək istədiyim adamlardan biri məni oxşayıb sevir, ancaq mən o birisinə yaxınlaşmağa cürət etmirəm, qorxuram. Ancaq anam, demək olar ki, heç hirslənmədi. Məni yatmağa göndərdi. Yadımdadır ki, qolumun ağrısı get-gedə artırdı, hətta qızdırmam da vardı. Ancaq məsələnin belə asanlıqla qurtarmasına mən xüsusilə sevinirdim. Buna görə də bütün gecəni yuxuda pəncərələrində qırmızı pərdələr olan qonşu evi gördüm.

Səhər də yuxudan oyananda ilk fikrim, ilk qayğım həmin qırmızı pərdəli ev idi. Anam həyətdən çıxan kimi mən cəld pəncərəyə dırmaşıb o evə tamaşa etməyə başladım. Bu ev çoxdan idi ki, mənim uşaqlıq marağımı oyatmışdı və nura qərq olmuş evin pəncərələrindəki lay şüşələr dalından qan kimi xüsusi bir parıltı ilə bərq vuran pərdələrə tamaşa etməyi çox sevirdim. Demək olar ki, həmişə evin artırmasına bəzəkli minik arabaları yanaşırdı. Bu minik arabalarına gözəl, qızğın atlar qoşulmuş olurdu. Hər şey məndə maraq oyadırdı; qışqırıq səsləri, qapının qabağındakı vurnuxma, karetlərin əlvan fənərləri, bu karetlərdə qonaq gələn bəzəkli qadınlar. Bütün bunlar mənim uşaq təsəvvürümdə nə isə şahanə bir dəbdəbə və nağıllardakı əfsanələr kimi qəribə bir şəkil alırdı. Həmin evin qabağında atamla görüşəndən sonra bu ev mənim nəzərimdə daha da qəribə və müəmmalı görünməyə başladı. Mən heyrətdən sarsıldığım üçün təsəvvürümdə nə isə qəribə anlayışlar və fərziyyələr yaranmağa başlayırdı. Mən heç də təəccüb etmirəm ki, həyatda anam və atam kimi qəribə adamlar yaşayır, mənim özüm də belə qəribə və xəyalpərvər uşaq olmuşdum. Onların xasiyyətindəki təzad məni nə isə xüsusilə təəccübləndirirdi. Misal üçün, bizim yoxsul evimizdə anamın həmişə qayğı göstərib çalışması, həmişə hamının yerinə bircə özünün işləyib can yandırdığını deyərək atamı məzəmmət etməsi məni çox təəccübləndirirdi. Buna görə də qeyri-ixtiyari olaraq özümə belə bir sual verirdim: görəsən atam niyə heç ona kömək eləmir, niyə görəsən o özünü bizim evdə yad adam kimi aparır? Anamın dediyi bir neçə söz bu məsələni mənim üçün aydınlaşdırdı və mən atamın artist olduğunu eşidəndə çox təəccübləndim (Bu sözü yadımda saxladım.), guya atam istedadlı adamdır, bu səbəbdən də təsəvvürümdə elə bir anlayış yarandı ki, guya artist nə isə başqalarına bənzəməyən xüsusi bir adamdır. Kim bilir, bəlkə də məndə belə bir fikir oyanmasına atamın davranışı səbəb olmuşdur, ya da ola bilsin ki, başqa bir şey eşitmişdim, ancaq indi xatirimdən çıxıb, lakin atamın bir dəfə xüsusi bir hisslə dediyi sözlərdə mənim üçün nə isə qəribə bir aydınlıq vardı. Atamın dediyi sözlər bundam ibarət idi ki, «vaxt gələr, o da dilənçiliyin daşını atar, bir ağa və varlı adam olar, nəhayət, anam öləndən sonra yenidən dirçəlib başını qaldırar». Yadımdadır, əvvəlcə bu sözlər məni bərk qorxutdu. Otaqda qala bilməyib soyuq dəhlizə yüyürdüm, orada pəncərəyə dirsəklənib üzümü əllərimlə örtərək hönkür-hönkür ağladım. Lakin sonralar mən hər dəqiqə bu barədə fikirləşərkən, atamın bu dəhşətli arzusuna alışdıqdan sonra birdən xəyalım köməyimə gəldi. Elə mənim özüm də qeyri-müəyyənlik içində qalıb uzun müddət özümə əziyyət verə bilmirdim. Mütləq müəyyən bir mülahizəyə gəlməli idim. Budur, heç özüm də bilmirəm bu necə başlandı, – nəhayət, mən belə bir nəticəyə gəldim ki, anam öləndən sonra atam bu cansıxıcı mənzildən çıxacaq, məni də götürüb hara isə gedəcək. Ancaq hara? Mən son dəqiqəyə qədər bunu aydın təsəvvür edə bilmirdim. Bircə o yadımdadır ki, gedəcəyimiz yeri (mən əmin idim ki, biz bir yerdə gedəcəyik), xəyalımda yarada bildiyim nə ki parlaq, bəzəkli və gözəl şey varsa hamısı ilə bəzəyirdim, xəyalımda nə vardısa hamısını hərəkətə gətirmişdim. Mənə elə gəlirdi ki, biz o dəqiqə varlanacayıq; daha mən şey almaq üçün dükana getməyəcəyəm. Bu mənə çox ağır gəlirdi, çünki evdən çıxan kimi qonşuluqda yaşayan uşaqlar məni incidirdilər. Mən də bundan çox qorxurdum. Xüsusilə süd, yaxud da yağ alanda qorxurdum, bilirdim ki, əgər dağıtsam məni bərk cəzalandıracaqlar, sonra xəyalımda qət etdim ki, atam o saat özünə yaxşı paltar tikdirəcək, biz gözəl bir evdə yaşayacağıq. Bu dəqiqələrdə küçədə atama rast gəldiyim və onun mənə nə isə göstərmək istədiyi qırmızı pərdəli gözəl ev elə bil xəyalımda köməyimə gəlirdi. O saat fikirləşirdim ki, biz məhz bu evə köçəcəyik və orada nə isə əbədi bir bayram və əbədi bir kef içində yaşayacağıq. O vaxtdan etibarən axşamlar evimizin pəncərəsindən mənim üçün əfsanəvi olan o binaya gərgin bir maraqla tamaşa edir, qonaqların yığışmasını, hələ indiyə qədər təsadüf etmədiyim bir zənginliklə geyinmiş qonaqları təsəvvürümdə canlandırmağa başlayırdım: hətta pəncərələrdən yayılan şirin musiqi sədaları belə qulağıma gəlirdi; mən qonaqların pəncərələrdən asılmış pərdələrə düşən kölgələrinə diqqət edir, otağın içərisində nələr baş verdiyini fikirləşib tapmağa çalışırdım, mənə elə gəlirdi ki, ora cənnətdir və əbədi bir bayram içindədir. Buna görə də mən öz yoxsul məskənimizə, əynimdəki köhnə cındır paltarlara nifrət etməyə başlamışdım. Günlərin bir günündə adətim üzrə çıxıb pəncərədə oturduğum vaxt anam üstümə qışqırıb əmr etdi ki, aşağı düşüm. O vaxt ağlıma o saat belə bir fikir gəldi ki, anam mənim bu evə baxmağımı istəmir, istəmir ki, mən bu barədə fikirləşim, çünki bizim xoşbəxtliyimiz ona ağır gəlir, elə buna görə də mane olmağa çalışır… Bütün axşam anama diqqət və şübhə ilə baxırdım.

Heç bilmirəm ki, daima məşəqqət içində olan anama qarşı məndə belə bir kin haradan yaranmışdır? Mən onun əziyyətli həyatını yalnız indi başa düşürəm və hər dəfə o əzabkeş arvadı yadıma salanda ürəyim ağrıyır. Hətta o vaxt, o qəribə uşaqlığımın dumanlı dövründə, həyatımın elə qeyri-təbii inkişaf etdiyi bir zamanda, çox vaxt ürəyim ağrı və qüssədən sıxılırdı, narahatlıq, dilxorçuluq və şübhə ürəyimdə dərin kök salmışdı. Hələ o vaxt vicdan əzabı çəkir, çox zaman anama qarşı ədalətsiz olduğumu əzab və əziyyətlə hiss edirdim. Ancaq nədənsə biz bir-birimizdən uzaq gəzirdik, bir dəfə də olsun ona yaxınlaşıb nəvaziş göstərdiyim heç yadıma gəlmir. İndi ən kiçik xatirə belə qəlbimi yaralayır və varlığımı sarsıdır. Yadımdadır, bir dəfə (əlbəttə, indi danışacağım olduqca miskin, xırda və kobuddur, ancaq məhz bu qəbildən olan xatirələr mənə xüsusilə əziyyət verir və xatirimdə acı izlər buraxmışdır), – bir axşam atam evdə olmayanda anam məni onun üçün çay və qənd almaqdan ötrü dükana göndərmək istədi. Ancaq nədənsə qət eləyə bilmir, elə hey fikirləşir və əlindəki mis pulları ucadan sayırdı. Onun var-yoxu bu azacıq qara pullardan ibarət idi. Yalan olmasın, yarım saata qədər götür-qoy elədi. Yenə də hesabını qurtarmadı. Özü də, güman ki, dərdinin çoxluğundan, bəzən elə bil ağlı çaşırdı. İndiki kimi yadımdadır: o, pulları saydıqca nə isə yavaşdan, aram-aram, özündən asılı olmayaraq sözlər ağzından tökülürmüş kimi öz-özünə danışırdı. Onun dodaqları və yanaqları solğun idi, əlləri daima əsirdi, öz-özünə fikirləşəndə başını həmişə yırğalayırdı.

– Yox, lazım deyil, – o mənə baxdı, – yaxşısı budur, uzanım yatım, hə? Yatmaq istəyirsənmi, Netoçka?

Mən susurdum: anam başımdan tutub qaldırdı və mənə elə sakit, elə nəvazişlə baxdı ki, onun eyni açılıb elə bil analıq təbəssümü ilə işıqlandı. Ürəyim sızıldayıb quş kimi çırpındı. Bir də o məni Netoçka deyə çağırmışdı. Bu o demək idi ki, bu dəqiqələrdə məni xüsusilə sevir. Bu adı onun özü kəşf etmişdi. Anna adını dəyişib nəvazişlə Netoçka deyirdi. O məni belə adlandıranda bu o demək idi ki, məni oxşamaq, nazlamaq istəyir. Mən çox mütəəssir oldum; istədim ki, onu qucaqlayım, köksünə qısılıb onunla bir yerdə ağlayım. Yazıq arvad xeyli vaxt başımı sığalladı, bəlkə də artıq bunu qeyri-iradi edirdi. Başımı sığalladığını unudub yavaşca deyirdi: «Mənim balam, Anneta, Netoçka!» Az qala gözümdən sel kimi yaş axacaqdı, ancaq özümü saxlayıb ağlamırdım. Mən inad göstərib daxilən əziyyət çəksəm də hisslərimi büruzə vermirdim. Bəli, qəlbimdəki bu kin heç cür təbii ola bilməzdi. O mənə qarşı göstərdiyi tələbkarlıqla özünə qarşı qəlbimdə belə kin doğura bilməzdi. Yox, məni korlayan atama bəslədiyim əfsanəvi, fövqəladə məhəbbət hissi idi. Bəzən evin küncünə salınmış qısa yataqda soyuq adyalın altında gecələr oyanırdım. Həmişə də nədənsə qorxurdum. Yuxulu-yuxulu fikirləşirdim ki, son zamanlara qədər, bir az balaca olanda anamla bir yerdə yatırdım və gecə oyanıb qorxacağımdan o qədər də ehtiyat etmirdim: elə ki, oyanırdım anama qısılıb gözlərimi bərk-bərk örtürdüm və onu qucaqlayırdım, elə o saat da təzədən yatırdım. Mən ürəyimdə hiss edirdim ki, onu gizli bir məhəbbətlə sevməyə bilmərəm. Sonra mən bir çox başqa uşaqların da son dərəcə laqeyd olduqlarını gördüm. Belə uşaqlar bir adama mehr saldılarmı, onu fövqəladə bir məhəbbətlə sevirdilər. Mən də belə idim.

Bəzən həftələrlə evimizdə sakitlik olurdu. Atamla anam savaşmaqdan yorulurdular, mən də onların arasında əvvəlki kimi səssiz-səmirsiz yaşayır, elə hey fikirləşir, qüssə çəkir və öz xəyallarımda nəyə isə çatmağa çalışırdım. Mən onların ikisinə də fikir verərək, bir-birinə olan münasibətlərini kifayət qədər başa düşdüm: onların arasındakı dərin, daimi düşmənçiliyi anladım, evimizdə kök salmış qanun-qaydasız həyatın gətirdiyi kədər və pozğunluğu hiss etdim. Əlbəttə, bunların səbəbini və nəticəsini dərk etmirdim. Bunu ancaq öz qüvvəm daxilində özüm bildiyim kimi başa düşürdüm. Bəzən uzun qış axşamlarında otağın bir küncünə qısılıb saatlarla onlara göz qoyurdum, atamın üzünə diqqət edirdim və onun nə barədə fikirləşdiyini, fikrinin nə ilə məşğul olduğunu başa düşməyə çalışırdım. Anam isə məni sarsıdıb qorxudurdu. O özü də hiss etmədən otaqda saatlarla var-gəl edir, hətta çox vaxt gecələr yata bilməyib yerindən qalxaraq otaqda tək imiş kimi nə isə pıçıldaya-pıçıldaya gəzir, gah əllərini geniş açır, gah da döşündə çarpazlayır, bəzən də dəhşətli və tükənməz bir qüssə içində əllərini ovuşdurub barmaqlarını şaqqıldadırdı. Bəzən göz yaşı yanaqlarından süzülüb axırdı. Ancaq, deyəsən, çox vaxt ağladığını özü hiss etmirdi, çünki belə dəqiqələrdə özünü unudurdu. Onun nə isə ağır bir xəstəliyi var idi, ancaq heç canının qeydinə qalmırdı.

Yadımdadır. Mənim bu kimsəsizliyim və özümdən rədd edə bilmədiyim qaradinməzliyim get-gedə mənim üçün daha ağır olurdu. Artıq bir il idi ki, mən şüurlu həyat sürürdüm, özü də elə hey fikirləşir, xəyala dalır və anbaan beynimdə yaranan naməlum, qeyri-müəyyən arzulardan əzab çəkirdim. Mən, meşədə yaşayırmış kimi, get-gedə vəhşiləşir, adamayovuşmaz olurdum. Nəhayət, əvvəlcə atam mənə diqqət verib yanına çağırdı və soruşdu ki, niyə mən ona belə zənlə baxıram. Ona nə cavab verdiyim yadımda deyil: bircə onu xatırlayıram ki, o, nədənsə fikrə getdi, nəhayət başını qaldırıb mənə baxıb dedi ki, sabah əlifba kitabı gətirib mənə oxumaq öyrədəcək. Mən o əlifba kitabını səbirsizliklə gözləyirdim və əlifbanın nə demək olduğunu aydın təsəvvür etmədiyim üçün bütün gecəni xəyal içində keçirtdim. Nəhayət, ertəsi gün atam, doğrudan da, mənə oxumaq öyrətməyə başladı. Bir kəlmə deyilən kimi məndən nə tələb olunduğunu başa düşərək, dərsləri tez və sürətlə qavrayırdım, çünki bununla atamı razı salacağımı bilirdim. Bu mənim o vaxtkı həyatımda ən xoşbəxt anlardı. O məni zehinli olduğuma görə tərifləyib, başımı sığallayaraq öpdüyü zaman şadlığımdan ağlamağa başlayırdım. Yavaş-yavaş atam da məni sevdi, mən artıq onunla danışmağa cürətlənirdim, biz çox vaxt yorulmadan, saatlarla oturub söhbət edirdik. Ancaq bəzən onun dediklərindən bir kəlmə də olsun başa düşə bilmirdim. Bunu isə büruzə vermirdim, nədənsə ondan qorxurdum, qorxurdum ki, onun yanında darıxdığımdan ehtiyat edib daha danışmasın. Buna görə də bütün qüvvəmlə çalışır, özümü elə tuturdum ki, guya hər şeyi başa düşürəm. Nəhayət, axşamlar mənimlə bir yerdə oturmaq onda adət şəklinə düşdü. Hava qaralmağa başlayan kimi o, evə qayıdırdı, mən də o dəqiqə əlifba kitabımı götürüb ona yaxınlaşırdım. O məni qarşısındakı skamyada oturdur, dərslərim qurtarandan sonra nə isə başqa bir kitab oxumağa başlayırdı. Mən bir şey başa düşməsəm də, onun ürəyi şad olsun deyə qəhqəhə çəkib gülürdüm. Doğrudan da, mən onu əyləndirirdim, o, güldüyümü görüb sevinirdi. Elə həmin vaxtlarda həyatımda eşitdiyim ilk nağıl idi. Mən ovsunlanmış kimi oturaraq, səbirsizlik içində nağılın gedişini izləyirdim. Özüm də nə isə qəribə bir aləmdə idim. Nağılın axırına yaxın böyük sevinc keçirirdim. Məsələ nağılın təsirində deyildi, – yox, mən eşitdiklərimin hamısını həqiqət kimi qəbul edib, elə o dəqiqə xəyalən qanadlanaraq uydurma ilə həqiqəti bir-birinə qarışdırırdım. Elə həmin dəqiqə pəncərələrindən qırmızı pərdələr asılmış bina xəyalımda canlanırdı: elə buradaca, mənə nağıl danışan atam da qəribə bir tərzdə xəyalımda canlandırdığım hadisələrin iştirakçısı kimi ortalığa çıxırdı, bizim hara isə getdiyimizə mane olan anam da burda olurdu, – nəhayət, daha doğrusu, hər şeydən əvvəl,– mən özüm də qəribə arzularımla, ağlagəlməz, qeyri-mümkün fikirlərlə burada iştirak edirdim, – bütün bunlar ağlımda bir-birinə elə qarışırdı ki, tezliklə eybəcər bir dolaşıqlıq yaranırdı, buna görə də mən bir müddət həqiqət, gerçəklik hissini itirərək ağlagəlməz bir aləmdə yaşadım. Belə dəqiqələrdə səbirsizlikdən az qala partlamağa gəlirdim, bizi irəlidə nələr gözlədiyini, onun özünün nə kimi arzularla yaşadığını və nəhayət, biz bu çardağı tərk etdikdən sonra məni özü ilə hara aparacağını atama danışmaq istəyirdim. Mən öz tərəfimdən əmin idim ki, bütün bu şeylər tezliklə həyata keçəcəkdir, ancaq necə və nə şəkildə həyata keçəcəyini bilmirdim. Buna görə də özümə əziyyət verib, bu barədə fikirləşir, baş sındırırdım. Bəzən – xüsusilə axşam çağlarında – mənə elə gəlirdi ki, atam bu saatda mənə xəlvəti göz vuracaq, dəhlizə çağıracaq. Mən də anamdan gizli əlifba kitabını və bir də özümlə aparmaq istədiyim divardakı köhnə və ucuz latoqrafiya şəklini götürüb çıxacağam, biz hara isə gizli qaçacayıq. Daha bir də evə, anamın yanına qayıtmayacayıq. Bir dəfə anam evdə olmayanda, mən fürsət tapıb atamın xüsusilə şən olduğu bir dəqiqədə, – bir az şərab içəndə belə şən olurdu, – atama yaxınlaşdım, onunla kənar bir məsələdən söhbət saldım, ki, sonra tez sözü dəyişib arzusunda olduğum mövzuya keçim. Nəhayət, mən onu güldürməyə nail oldum, atamı belə görəndə onu bərk-bərk qucaqlayıb ürəyim döyünə-döyünə, sanki gizli və dəhşətli bir şey danışacaqmış kimi, sözləri dolaşdıra-dolaşdıra, qırıq-qırıq soruşmağa başaladım: biz hara gedəcəyik, tezmi gedəcəyik, özümüzlə nə aparacayıq, necə yaşayacayıq, nəhayət, biz qırmızı pərdəli evə gedəcəyikmi?

– Ev? Qırmızı pərdələr? Necə, necə? Nə sayıqlayırsan, ay səfeh?

Atamın bu sözlərindən sonra mən daha artıq qorxaraq, onu başa salmağa çalışdım ki, anam öləndən sonra biz bu çardaqda yaşamayacayıq, o məni hara isə aparacaq, ikimiz də varlı və xoşbəxt olacayıq, axırda da dedim ki, bunları onun özü mənə vəd etmişdir. Mən onu inandırmağa çalışanda əvvəllər atamın mənə bu sözləri dediyinə qəti surətdə əmin idim, hər halda bu mənə belə gəlirdi.

– Anan öləndə? Anan nə vaxt öləcək? – atam sifətinin ifadəsini dəyişərək dən düşmüş qalın qaşlarını çatıb, mənə təəccüblə baxa-baxa təkrar edirdi. – Nə danışırsan, ay yazıq, ay səfeh…

Atam məni danlamağa başladı, dedi ki, mən ağılsız bir uşağam, guya mən heç bir şey başa düşmürəm… Onun daha nələr dediyi yadımda deyil, ancaq onu bilirəm ki, bərk qanı qaralmışdı.

Onun məzəmmətlə dediyi sözlərdən birini də başa düşmədim, o qəzəb və qüssənin təsiri altında anama dediyi sözlərə qulaq asdığımdan, onları öyrəndiyimdən və bu barədə çox fikirləşməyimin ona necə ağır təsir bağışladığını da başa düşməmişdim. Həqiqətən onun özü o vaxtlar necə adam olursa-olsun, onun öz dəlisovluğu nə qədər güclü olsa da, hər halda, çox təbiidir ki, bu əhvalat ona dərin təsir bağışlamışdı. Mən onun hirsləndiyini başa düşməsəm də, nədənsə çox kədərlənib qüssələndim: ağladım; mənə elə gəldi ki, ağılsız bir uşaq olduğum üçün bizi gələcəkdə gözləyən şeylər haqqında, mənim üçün bu dərəcədə mühüm olan şeylər haqqında fikirləşməməli, danışmağa cürət etməməliyəm. Bundan əlavə, onun sözlərini əvvəlcə başa düşməsəm də, dumanlı şəkildə də olsa hiss etdim ki, mən nə isə anam barədə pis fikirdə olmuşam. Buna görə də məni qorxu və dəhşət bürüdü, şübhələnməyə başladım. Atam ağlayıb əzab çəkdiyimi görəndə məni ovundurmağa başladı, köynəyinin qolu ilə gözümün yaşını silib dedi ki, daha ağlamayım. Ancaq ikimiz də bir müddət lal-dinməz oturub danışmadıq; o, qaşlarını çatmışdı, deyəsən nə barədə isə fikirləşirdi; sonra yenə də üzünü mənə tutub danışmağa başladı: ancaq mən diqqətimi nə qədər cəmləşdirirdimsə də onun bütün dedikləri mənə son dərəcə anlaşılmaz görünürdü. Bu söhbətin indiyə qədər yadımda qalan bəzi sözlərindən belə bir nəticə çıxarıram ki, o, özünün kim, necə böyük bir artist olduğunu, heç kimin onu başa düşmədiyini və özünün böyük istedad sahibi olduğunu mənə izah edirmiş. Bir də yadımdadır ki, o məndən başa düşüb-düşmədiyimi soruşdu, şübhəsiz, müsbət cavab alanda məni məcbur etdi ki, o, «istedadlıyammı?» – deyə soruşanda mən də: «istedadlısan» – deyə cavab verim. Mənim bu cavabımdan yüngülcə gülümsündü. Çünki ola bilsin ki, söhbətimizin axırlarına doğru belə bir ciddi məsələ haqqında mənimlə danışması özünə də gülməli görünmüşdü. Karl Fyodorıç gəlib söhbətimizi kəsdi. Atam onu göstərib mənə deyəndə ki:

– Bax, amma Karl Fyodorıçın bir qəpiklik də istedadı yoxdur, mən qəhqəhə çəkib güldüm. Fikrim tamam dağıldı.

Karl Fyodorıç çox məzəli adamdı. Mən həmin illərdə o qədər az adam görürdüm ki, onu heç unuda bilmirdim. İndi mən onu özüm üçün necə təsəvvür edirəm: o alman idi, familiyası da Meyer idi. Almaniyada anadan olmuşdu. Peterburqdakı balet truppasına daxil olmağa böyük həvəsi olduğu üçün Rusiyaya gəlmişdi. Ancaq çox pis rəqqas idi, buna görə də heç fiqurantlığa da qəbul edilməmişdi, yalnız tamaşalarda təsadüfdən-təsadüfə kütləvi səhnələrdə çıxış edirdi. Misal üçün Forqinbrasın dəstəsindən olan sözsüz rollarda və ya iyirmisi birdən kartondan kəsilmiş qılınclarını qaldırıb: «Kralın yolunda ölməyə hazırıq!» – deyə bağıran Verona cəngavərlərindən birini oynayırdı. Onu da deyim ki, Karl Fyodorıç qədər oynadığı rollara ürəkdən bağlı olan başqa bir aktyor tapmaq çox çətindi. Onun həyatında ən böyük bədbəxtlik və dərd onun balet truppasına daxil ola bilməməsi idi. O, balet sənətini dünyada bütün sənətlərdən yüksək hesab edirdi. Atam skripkaya necə bağlı idisə, o da balet sənətinə elə bağlı idi. Onlar hələ atam teatrda işlədiyi vaxt dost olmuşdular. O vaxtdan bəri keçmiş fiqurant ondan əl çəkmirdi. Onlar bir-birilə tez-tez görüşür, ikisi də öz talelərindən şikayət edib deyirdilər ki, insanlar tərəfindən qiymətləndirilməmişlər. Alman çox həssas, çox incə adam idi. Atama da olduqca qızğın, qərəzsiz dostluq hissləri bəsləyirdi: ancaq deyəsən, atam ona o qədər də bağlı deyildi, yalnız başqa dostları olmadığı üçün onun yaxınlıq göstərməsinə dözürdü. Bundan başqa, atam qeyri-adi bir adam olduğu üçün, balet sənətinin də incəsənət olduğunu heç cür başa düşə bilmir, bununla da yazıq almanı ağlamaq dərəcəsinə çatdırırdı. Zəif damarını tapdığı üçün həmişə ona sataşar və Karl Fyodorıç qızışıb atamın dediklərinə etiraz edəndə onun bədbəxtliyinə gülərdi. Sonralar B.-dən bu Karl Fyodorıç haqqında çox şeylər eşitdim. O, Karl Fyodorıçı Nürenberqdən gəlmiş hoqqabaz adlandırardı. B. onun atamla olan dostluğu haqqında da çox şeylər danışdı; doğrudan da, onlar tez-tez görüşüb, bir az içəndən sonra öz talelərindən şikayətlənib deyirdilər ki, qiymətləndirilməmişlər. Bu görüşlər mənim xatirimdədir, hətta o iki səfehə qulaq asanda özümün də nədənsə doluxsunub ağladığımı yaxşı xatırlayıram. Belə görüşlər həmişə anam evdən gedəndən sonra olurdu: alman anamdan bərk qorxurdu. Həmişə görürdüm ki, o gəlib əvvəlcə dəhlizdə dayanır, gözləyir ki, içəridən bir adam çıxsın, anamın evdə olub-olmadığını öyrənsin. Anamın evdə olduğunu eşidən kimi, o saat yüyürə-yüyürə pillələrdən aşağı enirdi. Həmişə gələndə özü ilə alman şeirləri də gətirərdi, onları ucadan oxuyub get-gedə qızışardı, sonra da əzbər deyər, başa düşməyimiz üçün rus sözlərini təhrif edə-edə tərcümə edərdi. Onun hərəkəti atama ləzzət verərdi. Mən də gözümdən yaş gələnə qədər gülərdim. Bir dəfə onlar rus ədiblərindən biri tərəfindən yazılmış əsər tapdılar. Əsərin qəhrəmanı onların ikisinə də çox oxşadığı üçün bundan sonra görüşəndə həmişə onu oxuyurdular. Yadımdadır, bu məşhur bir rus ədibinin şeirlə yazdığı drama idi. Mən bu kitabın ilk misralarını elə yaxşı yadımda saxlamışdım ki, sonralar, artıq bir neçə ildən sonra, təsadüfən o kitab əlimə düşəndə onu çox asanlıqla tanıdım. Bu dram əsərində Cenaro, ya da ki, Cakobo adlı böyük bir rəssamın başına gələn bədbəxtliklərdən danışılırdı. O görürdün ki, əsərin bir səhifəsində qışqırırdı: «Mənə qiymət vermirlər!», başqa bir səhifədə isə: «Məni qiymətləndirirlər!» – deyə bağırırdı, ya da: «Mən istedadsızam» – deyir, bir neçə sətirdən sonra isə: «Mən istedadlıyam»! – deyə qışqırırdı. Əsər çox pis qurtarırdı. Şübhəsiz bu da əsəri olduqca bayağılaşdırırdı, ancaq çox qəribə idi– əsərin baş qəhrəmanı ilə özləri arasında böyük oxşarlıq görən oxucuların hər ikisinə son dərəcə sadəlövh və faciəvi bir təsir bağışlayırdı. Yadımdadır, Karl Fyodorıç bəzən elə qızışırdı ki, yerindən sıçrayıb otağın qarşıdakı küncünə yüyürür, atamdan və məndən xahiş edir, – o mənə «madmazel» deyərdi – gözləri yaşarmış halda inadla, ürəkdən yalvarıb deyirdi ki, elə buradaca onun taleyini həll edək. O elə həmin dəqiqə oynamağa başlayır, müxtəlif palar göstərir və qışqırırdı ki, onun artist olub-olmadığını və ya istedadsız olduğunu deyək. Atamın o dəqiqə kefi açılırdı, altdan-altdan mənə göz vurub xəbərdarlıq edirdi ki, bu saat almanı ələ salacaq. Məni də yaman gülmək tuturdu, ancaq atam barmağı ilə məni hədələyirdi. Mən gülməkdən boğulsam da, özümü saxlayırdım. Hətta indinin özündə belə, yadıma salanda gülməyə bilmirəm. Yazıq Karl Fyodorıç indi də gözümün qabağındadır. Onun boyu çox balaca idi, cılız bir adamdı, saçları ağarmışdı, burunotu hopmuş donqar qırmızı burnu vardı, ayaqları da xamut kimi əyri idi: buna baxmayaraq, deyəsən, öz ayaqlarından çox razı olduğu üçün, dar şalvar geyərdi. O son dəfə sıçrayaraq rəqqasələrin səhnədə oynayıb qurtarandan sonra təbəssümlə dayandıqları bir vəziyyətdə durub, gülə-gülə əllərini bizə tərəf uzadanda atam bir müddət susar, sanki fikir deməyə çətinlik çəkərdi, özü qəsdən tamaşaçılar tərəfindən qiymətləndirilməmiş bu rəqqası eyni vəziyyətdə saxlatdırardı. O da bir ayağı üstündə qalıb yerində səndələyər, bütün qüvvəsini toplayaraq müvazinətini itirməməyə çalışardı. Nəhayət, atam çox çiddi bir nəzərlə mənə baxır, sanki məni ədalətli bir şahid kimi fikir deməyə dəvət edərdi, rəqqas da bunu görəndə mənə müti və yalvarıcı nəzərlərlə baxardı.

Bepul matn qismi tugad.

37 389,92 soʻm
Yosh cheklamasi:
16+
Litresda chiqarilgan sana:
29 oktyabr 2022
ISBN:
978-9952-8448-2-5
Mualliflik huquqi egasi:
JekaPrint

Ushbu kitob bilan o'qiladi