Faqat Litresda o'qing

Kitobni fayl sifatida yuklab bo'lmaydi, lekin bizning ilovamizda yoki veb-saytda onlayn o'qilishi mumkin.

Kitobni o'qish: «Seçilmiş əsərləri», sahifa 4

Shrift:

ÜÇÜNCÜ GECƏ

Bu gün hava çox kədərli, yağmurlu və mənim qocalıq günlərim kimi günəşsiz idi. Qəribə fikirlər, dumanlı duyğular, qarışıq suallar qəlbimi elə sıxırdı ki, onları həll eləməyə məndə nə qüvvə, nə də həvəs vardı. Yox, mən onları həll etməkdə aciz idim.

Bu gün biz görüşməyəcəkdik. Dünən ayrılarkən göy üzünü bulud bürümüş və duman qalxmışdı. Mən demişdim ki, sabah pis hava olacaq, o cavab verməmişdi, özü öz ümidini puça çıxarmaq istəməmişdi, onun nəzərində, nə olursa-olsun, bu gün hava işıqlı və aydındı, heç bir bulud onun xoşbəxtliyini örtə bilməyəcəkdi.

– Əgər yağış yağsa, biz görüşməyəcəyik! – deyib üzümə baxmışdı. – Mən gəlməyəcəyəm.

Bununla belə, mən onun bugünkü yağışa etina etməyəcəyini düşünmüşdüm. Lakin o gəlmədi.

Dünən bizim üçüncü görüşümüz idi, üçüncü bəyaz gecəmiz…

Doğrudan da, sevinc və səadət insanı nə qədər gözəlləşdirir! Ürək necə də dərin bir məhəbbətlə çırpınır! Öz ürəyini mütləq başqa bir ürəklə birləşdirmək, hər şeyin şən və üzügülər olmağını istəyirsən. Bu sevinc nə qədər də yoluxucudur! Dünən onun sözlərində elə bir fərəh duyulurdu ki, mənimlə elə mehriban danışırdı ki… Məni əyləndirmək üçün elə hey gülür, nəvazişlə ruhumu oxşayır, mənə təskinlik verir, məni sevindirməyə çalışırdı. Ah, xoşbəxtliyin nə şirin naz-qəmzəsi olurmuş! Mən isə… Mən isə o dəqiqələrdə bunu düşünməmişdim, onun bu halına başqa məna vermişdim! Elə fikirləşmişdim ki…

Lakin ya rəbbim, bu fikir mənim ağlıma haradan gəlmişdi? Hər şeyin başqasına aid olduğu bir zamanda mənim korluğuma səbəb nə idi? Hətta onun mənə bu mehribanlığı, qayğısı, məhəbbəti, bəli, mənə bu məhəbbəti, bunların hamısı başqası ilə tez görüşmək sevincindən və həmin sevinclə mənim də könlümü açmaq arzusundan ibarət deyildimi? Kirayənişin gəlmədiyi və biz nahaq yerə onu gözlədiyimiz zaman məgər kədərlənən, özünü itirən və nədənsə qorxan Nastenka deyildimi? Bu vaxt onun hərəkətləri, sözləri öz əvvəlki təravətini, sərbəstliyini, şənliyini itirməyə başlamadımı? Qəribə burasıdır ki, bu anlarda onun mənə diqqəti daha da artmışdı. Elə bil Nastenka, arzusuna çata bilməyəcəyi təqdirdə ona üz verəcək fəlakətə indidən məni də hazırlamaq, sövqi-təbii ilə bu fəlakəti aramızda bölüşmək istəyirdi! Mənim Nastenkam elə ürkək və qorxaq bir hala düşdü ki, deyəsən, nəhayət, mənim də əzab çəkdiyimi, onu sevdiyimi duydu, qəlbimdə gizlətdiyim bu zavallı eşqə acıdı. Bəli, biz bədbəxt olduğumuz zaman başqalarının da bədbəxtliyini dərindən hiss eləyirik; bu hissiyyat dağılmır, bəlkə bir yerə yığılıb daha da möhkəmlənir…

Mən onun yanına gələndə ürəyim dolu idi, görüş saatını gözləməyə səbrim çatmırdı. Mən bu görüşümüzün necə olacağı, mənə necə təsir edəcəyi haqda qabaqcadan düşünməmişdim və hadisənin tamam başqa şəkildə qurtara biləcəyini heç ağlıma gətirməmişdim. O, böyük bir şadlıq içində idi, cavab gözləyirdi. Bu cavab isə onun sevgilisində idi. O gəlməli idi, Nastenkanın çağırışını eşidib, mütləq gəlməli idi. Nastenka görüş yerinə məndən bir saat əvvəl gəlmişdi. Qabaqca o, hər şeyə gülürdü, ağzımdan çıxan hər söz onu güldürürdü. Mən danışmaq istəyirdim, ancaq bacarmırdım. Nastenka dedi:

– Bilirsinizmi, mən nə üçün belə şadam? Nə üçün sizi görərkən belə sevinirəm? Nəhayət, nə üçün mən sizi bu gün belə sevirəm?

– Nə üçün? – deyə soruşdum və ürəyim əsdi.

– Mən sizi ona görə sevirəm ki, siz məni sevmədiniz, mənə aşiq olmadınız. Başqası sizin yerinizdə yəqin ki, mənə rahatlıq verməzdi, məni təngə gətirərdi, ah-uf eləyərdi, xəstələnərdi… Siz isə elə mehribansınız ki…

Bu sözləri deyib, əlimi elə sıxdı ki, ağrıdı az qala qışqıracaqdım. O güldü.

– İlahi! Hansı dost sizin kimi ola bilər! – dedi və bir az sonra çox ciddiyyətlə sözə başladı: – Bəli, sizi mənə allah göndərib. İndi yanımda olmasaydınız, nə eləyərdim? Siz nə qədər təmənnasız adamsınız! Necə də məni ürəkdən sevirsiniz! Mən ərə gedəndən sonra bizim dostluğumuz daha da möhkəmlənəcək, bacı-qardaşdan artıq olacağıq. Mən sizi demək olar ki, lap onun kimi sevəcəyəm…

Bu anda nə üçünsə yaman kədərləndim, lakin bununla belə ürəyimdə sevincə oxşar bir hiss də oyandı.

– Siz xəstəsiniz, – deyə mən diqqətlə ona baxdım, – siz qorxursunuz, fikirləşirsiniz ki, o gəlməyəcək.

Nastenka:

– Siz allah, bəsdir! – dedi. – Əgər mən çox xoşbəxt olmasaydım, sizin bu etimadsızlığınızdan və tənəli sözlərinizdən bəlkə də ağlardım. Sizin gümanınız, deyəsən, düzdür, məni də şübhəyə saldınız, lakin bu barədə sonra fikirləşərəm. Bəli, etiraf eləyim ki, siz həqiqəti söyləyirsiniz… Bəli! Mən özümü çox yaxşı hiss eləmirəm; bütün varlığım səbirsizlik içində çırpınır və hər deyilənə nədənsə tez inanıram. Eh, hissiyyata qapılmaq haqqında çox danışmışıq, yetər!

Bu zaman ayaq səsi eşidildi və qaranlıq içərisindən çıxan bir nəfər bizə tərəf gəlməyə başladı. İkimiz də titrədik. Nastenka az qala çığıracaqdı. Mən onun əlini buraxıb getməyə hazırlaşdım. Lakin biz aldanmışdıq. Gələn o deyildi.

– Nədən qorxursunuz? Nə üçün əlimi buraxdınız? – deyə o yenə əlini mənə verdi. – Tutaq ki, lap elə o özüdür, nə olsun?

Biz onu birlikdə qarşılarıq… Mən istəyirəm ki, o bizim bir-birimizi necə sevdiyimizi görsün.

Özümü saxlaya bilməyib, onun sözlərini ucadan təkrar etdim:

– Bizim bir-birimizi necə sevdiyimizi?!

Ah, Nastenka, Nastenka! – deyə sonra fikirləşdim. – Sən bu sözlərinlə mənə necə təsir etdiyini bilsəydin! Belə sevgidən bəzi vaxt ürək buz kimi soyuyur və dözülməz bir ağırlıq altında əzilir. Sənin əlin soyuqdur. Mənim əlim isə isti, od kimidir. Nə üçün sən bunu hiss eləmirsən, Nastenka? Ah, bəzən bir adamın xoşbəxtliyi başqa birisinə necə də ağır təsir eləyirmiş! Amma mən sənin haqqında bunu deyə bilmərəm, Nastenka!..»

Ürəyim elə dolmuşdu ki, nəhayət, dözə bilmədim:

– Bura baxın, Nastenka! – deyə çığırdım. – Mənim bütün günü nə halda olduğumu bilirsinizmi?

– Yox, necə? Tez danışın! Nə üçün bu vaxtadək susurdunuz?

– Əvvəla, Nastenka, mən sizin tapşırığınızı yerinə yetirəndən, yəni xeyirxah tanışlarınızgilə gedib, məktubu verəndən sonra… Sonra evə qayıdıb yatdım.

– Elə bu? – Nastenka sözümü kəsib güldü.

– Bəli, demək olar ki, elə bu qədər! – deyə canımı dişimə tutub, cavab verdim, çünki yenə gözlərimi mənasız yaş örtməyə başlamışdı. – Görüşümüzə bir saat qalmış yuxudan oyandım, mənə elə gəldi ki, heç yatmamışam. Mənə nə olduğunu heç özüm də bilmirdim. Bu əhvalatı sizə söyləməyi qət elədim; elə bil zaman öz hərəkətini məndən ötrü dayandırmışdı, sanki bu andan etibarən məndə ancaq vahid bir təəssürat, vahid bir duyğu əbədi olaraq qalmalı idi, elə bil bu təəssürat və duyğunun məndə oyandığı dəqiqə əbədiyyətə çevrilməli idi və nəhayət, sanki həyat mənim üçün inkişafdan qalmış, bir yerdə donmuşdu… Yuxudan oyananda mənə elə gəldi ki, çoxdan tanış olduğum, harada isə dinlədiyim, lakin unutduğum gözəl bir musiqini yenidən xəyalımda eşidirəm. Mənə elə gəldi ki, bu musiqi bütün ömrüm boyu ürəyimdə əsir olub qalmış, azadlığa çıxmağa yol axtarmış və yalnız indi…

– Ah, pərvərdigara! – deyə Nastenka sözümü kəsdi. – Bütün bunlar nə deməkdir? Mən bircə söz də başa düşmürəm.

Mən şikayətlə və ürəyimdə gizlənən şübhəli bir ümidlə cavab verdim:

– Əziz Nastenka! Mənə üz verən bu qəribə düşüncələri birtəhər sizə anlatmaq istəyirdim…

Nastenka birdən yenə sözümü kəsdi:

– Bəsdir, daha danışmayın, bəsdir! – Şeytan qız bir anda məsələni başa düşmüşdü.

Birdən o, tamam dəyişdi, həddən artıq çox danışmağa, zarafat eləməyə, mənə sataşmağa başladı. Nə isə düşünüb qolunu qoluma keçirdi; indi o gülür, məni də güldürməyə çalışır və utandığımdan münasibətsiz dediyim hər söz onu xeyli güldürürdü. Axırda mənim əsəbiləşdiyimi görüb, özünü naza qoydu.

– Qulağınız məndə olsun, – deyə sözə başladı, – sizin mənə aşiq olmamağınız məni bir az acıqlandırmışdı, gəl indi bundan sonra insanları tanı! Lakin hər halda, cənab xəyalpərəst, məni sadə bir qız olduğuma görə tərifləməyə bilməzsiniz. Mən hər şeyi, hər şeyi, beynimdə oyanan ən axmaq fikirləri belə sizə açıq danışıram!..

Uzaqdan şəhər qülləsinin ahəngdar zəng səsləri eşidildi. Mən dedim:

– Eşidirsiniz? Gərək ki, saat on biri vurur.

O, birdən dayandı, gülüşünü kəsdi və saymağa başladı.

– Hə, saat on birdir, – deyə qorxa-qorxa, qətiyyətsiz bir səslə cavab verdi.

Mən onu saat zənglərini saymağa məcbur eləyib qorxutduğum üçün peşman oldum və mənasız yerə hirsləndiyimə görə özümü lənətlədim. Onun əvəzinə kədərləndim və bilmədim ki, bu səhvi necə düzəldim. Ona təsəlli verməyə, sevgilisinin görüşə nə üçün gəlmədiyinə səbəblər axtarmağa, müxtəlif sübutlar gətirməyə başladım. Mən bu dəqiqələrdə heç kəsi belə asanca aldada bilməzdim, ümumiyyətlə belə dəqiqələrdə hər kəs, ona təsəlli ola biləcək hər hansı sözü sevinclə eşitməyə hazırdır və ümidinə bəraət qazandıracaq ən xırda sübut belə ona böyük təsir göstərir.

– Belə hadisəyə ancaq gülmək olar, – deyə mən, öz sübutlarımın aydınlığından getdikcə coşaraq və həvəslənərək danışırdım, – axı, o, belə tezlikdə gələ bilməzdi; siz məni elə çaşdırdınız ki, vaxtın hesabını da itirmişəm… Özünüz fikirləşin, məktub ancaq bu gün ona çatar; tutaq ki, vacib bir işi var, gələ bilməyəcək, əvəzində cavab yazacaq, deməli, biz onun məktubunu sabahdan tez almarıq. Mən də sabah səhər tezdən gedib cavabı öyrənərəm və dərhal sizə yetirərəm. Bundan başqa min cür iş ola bilər. Təsəvvürünüzə gətirin ki, məktub gələn zaman o evdə yox imiş. Bəlkə indiyədək məktubu oxuya bilməyib. Hər şey ola bilər.

– Hə, hə! – deyə Nastenka dilləndi. – Mən heç bunu fikirləşməmişəm, əlbəttə, hər şey ola bilər. – O, nədənsə çox tez-tez danışır və səsində nə isə, başqa kədərli bir şey hiss olunurdu. Azacıq susub sözünə davam elədi: – Yaxşı, dediyiniz kimi də eləyin, səhər tezdən gedərsiniz və əgər bir cavab alsanız, o saat mənə bildirərsiniz. Siz ki, mənim harada yaşadığımı bilirsiniz.

Nastenka öz ünvanını təkrar mənə verdi. Sonra onun mənimlə rəftarı elə zərif, elə cürətsiz oldu ki… İlk baxışda sanki mənim sözlərimə diqqətlə qulaq asırdı, lakin sözarası mən ondan bir şey soruşanda, cavab vermir, özünü itirir və üzünü yana çevirirdi. Nəhayət, mən onun gözlərinə baxdım, yanılmamışdım: o ağlayırdı.

– Yox, bu olmadı, bu olmadı! Siz lap körpə imişsiniz ki! Uşaqlıq eləməyin… Bəsdir!

O gülümsəmək, özünü sakitləşdirmək istədi, amma onun çənəsi hələ də əsir, sinəsi tez-tez enib-qalxırdı.

– Mən sizin haqqınızda düşünürəm, – deyə bir dəqiqəlik sükutdan sonra cavab verdi, – siz elə mehribansınız ki, bunu hiss etməmək üçün gərək mən daş olaydım… Bilirsinizmi indi mənim ağlıma nə fikir gəldi? Mən sizin ikinizi də bir-birinizlə müqayisə elədim. Nə üçün siz o deyilsiniz? Nə üçün o, sizin kimi deyil? Mən onu sizdən artıq sevsəm də, o, sizdən pisdir.

Mən cavab vermədim. Lakin o, deyəsən, mənim danışmağımı gözləyirdi.

– Əlbəttə, bəlkə mən onu hələ tamam başa düşməmişəm, yaxşı tanımıram. Bilirsinizmi, sanki mən ondan həmişə qorxmuşam; o, həmişə elə ciddi, elə məğrur idi ki… Mən başa düşürəm ki, o ancaq zahirən belə görünür, onun ürəyi mənimkindən də mehribandır… Mən onun yanına bağlama ilə gəldiyim zaman – xatırlayırsınızmı? – mənə necə baxdığı yaxşı yadımdadır; amma hər halda, mənim ona böyük, çox böyük hörmətim var, bəlkə ona görə ki, biz bir-birimizin tayı deyilik?.

– Yox, Nastenka, yox, – deyə cavab verdim, – bu o deməkdir ki, siz onu dünyada hamıdan artıq sevirsiniz, hətta özünüzdən də artıq.

Sadədil Nastenka bu sözlərin cavabında dedi:

– Yaxşı, tutaq ki, belədir. Mənim başıma yenə təzə bir fikir gəlib. Ancaq mən indi onun barəsində yox, elə-belə, ümumiyyətlə danışacağam; mən bunu çoxdan fikirləşmişəm. Qulaq asın, nə üçün biz hamımız bir-birimizlə, qardaş qardaşla dolanan kimi dolanmayaq? Nə üçün yaxşı bir adam belə, həmişə başqalarından nə isə gizlədir, ürəyini açmır? Nə üçün sən, hər danışdığın sözün təsirsiz qalmayacağını bildiyin halda, ürəyindəkiləri lap bu dəqiqə açıq-açığına, aşkar deməyəsən? Yoxsa hər kəs özünü elə göstərir ki, guya o, əslində olduğundan daha sərtdir, elə bil hər kəs, ürəyindəkini tez desə, hisslərinin təhqir ediləcəyindən qorxub susur…

Bu dəqiqədə mən də hər kəsdən artıq öz hisslərimi ürəyimdə gizlədiyim halda, Nastenkanın sözünü kəsdim:

– Ah, Nastenka, siz doğru deyirsiniz; bunun bir çox səbəbi var.

– Yox, yox! – deyə Nastenka həyəcanla cavab verdi. – Məsələn, siz başqaları kimi deyilsiniz. Mən, doğrusu, bilmirəm ki, öz fikirlərimi, duyğularımı sizə necə danışım; mənə elə gəlir ki, siz…bax, lap elə bu saat…mənə elə gəlir ki, siz məndən ötrü nəyi isə qurban verirsiniz. – Nastenka bu sözləri utana-utana deyib, gözaltı mənə baxdı. – Belə danışdığım üçün məni bağışlayın, axı, mən sadə bir qızam, dünyada çox az şey görmüşəm və bəzən heç danışmağı da bacarmıram. – O, hansı gizli duyğununsa təsirilə, səsi titrəyə-titrəyə bu sözləri dedi və gülümsəməyə çalışaraq davam elədi: – Lakin mən öz təşəkkürümü sizə bildirmək istəyirdim, bütün bunları mən də duyuram. Bu yaxşılığınız üçün allah sizi xoşbəxt eləsin! İndi hiss edirəm ki, öz xəyalpərəstiniz haqqında dediklərinizin heç birisi doğru deyilmiş, yəni demək istəyirəm ki, bunlar qətiyyən sizə aid ola bilməz. Siz getdikcə sağalırsınız, ilk görüşümüzdə özünüzü mənə tanıtdırdığınız kimi deyilsiniz, tamamilə başqa adamsınız. Əgər bir vaxt sevməli olsanız, allahdan sizə böyük bir xoşbəxtlik istəyirəm. Sevgiliniz üçün isə heç bir şey arzu eləmirəm; çünki onsuz da o, sizinlə xoşbəxt olacaq. Mən bunu bilirəm, mən özüm də qadınam və siz, mənim dediklərimə inanmalısınız.

O susdu və əlimi bərk sıxdı. Mən də həyəcandan bir söz deyə bilmədim. Bir neçə dəqiqə keçdi.

– Hə, görünür bu gün gəlməyəcək! – deyə Nastenka, nəhayət, başını qaldırdı. – Gecdir!…

Mən möhkəm və qəti bir səslə dedim:

– O, sabah gələcək! Nastenka sevinclə dilləndi:

– Bəli, onun sabah gələcəyini mən də yəqin eləmişəm. Hə, sağ olun, sabaha qədər! Əgər yağış yağsa, ola bilsin ki, mən gəlməyim. Amma o birigün gələcəyəm; necə olursa-olsun gələcəyəm, siz də mütləq burada olun, mən sizi görmək istəyirəm, hər şeyi sizə danışacağam.

Vidalaşdığımız zaman Nastenka əlini mənə verdi və aydın gözlərini üzümə zilləyib dedi:

– Biz indi həmişə bir yerdəyik, doğru demirəmmi?

Ah, Nastenka, Nastenka! İndi sən mənim necə yalqız olduğumu bilsəydin!

Saat doqquzu vuranda mən artıq otaqda əyləşə bilmədim, geyindim və havanın tutulduğuna baxmayaraq, evdən çıxdım. Həmin yerə gəldim, həmişə əyləşdiyimiz skamyada oturdum. Hətta Nastenkagilin yaşadığı döngəyə getmək fikrinə də düşdüm, lakin utandım və evlərinə iki addım qalmış, pəncərələrinə tərəf belə baxmadan, geri qayıtdım. Evə döndüyüm zaman elə kədərli idim ki, heç vaxt belə olmamışdım. Hər yer necə də nəmli, neçə də cansıxıcı idi! Əgər hava yaxşı olsaydı, bütün gecəni orada gəzişərdim…

Lakin hələ sabaha qədər, sabaha qədər gözləməliyəm! Sabah o, hər şeyi mənə danışacaq.

Kirayənişin oğlandan bu gün də məktub olmadı. Bəlkə artıq buna ehtiyac da yoxdu; elədir ki, var, indi onlar bir yerdədirlər.

DÖRDÜNCÜ GECƏ

İlahi! Bütün bu hadisələrin belə nəticə ilə bitəcəyini kim gözlərdi?! Mən saat doqquzda görüş yerinə gəldim. Nastenka artıq orada idi. Mən hələ uzaqdan onu gördüm; o, lap birinci görüşümüzdə olduğu kimi, sahil boyu uzanan sürahiyə söykənib durmuşdu, mənim ona yaxınlaşdığımı da hiss etmədi. Həyəcanımı güclə boğmağa çalışaraq çağırdım:

– Nastenka!

O cəld mənə tərəf döndü.

– Hə! – dedi. – Hə, tez olun! Mən heyrətlə ona baxırdım.

– Hə, məktub hanı? Məktubu gətirdinizmi? – deyə o, sürahidən bərk-bərk tutub təkrar etdi.

Mən nəhayət, cavab verdim:

– Yox, məndə məktub yoxdur, məgər o özü sizin yanınıza gəlməyib?

Nastenka ağappaq ağardı və bir xeyli hərəkətsiz durub, gözlərini üzümdən çəkmədi. Mən onun son ümidini də qırmışdım.

– Özü bilsin, öz allahı bilsin, – deyə o, nəhayət, titrək səslə dilləndi, – madam ki, o, məni belə tək qoyur, özü bilsin, öz allahı bilsin!

O, gözlərini yerə dikdi, sonra yenidən mənə baxmaq istədisə də, bacarmadı. Daha bir neçə dəqiqə həyəcanını boğa bildi, sonra birdən üzünü yana çevirdi, yenə sürahiyə söykəndi və ağlamağa başladı.

– Bəsdir, kifayətdir! – deyə ona təsəlli vermək istədim, amma bir şey çıxmadı; bir də, axı, indi mən ona nə deyə bilərdim?

Nastenka ağlaya-ağlaya sözə başladı:

– Mənə təsəlli verməyin, onun haqqında mənə heç bir söz deməyin, deməyin ki, o gələcək, deməyin ki, o məni guya belə amansızcasına atmayıb, mənimlə belə rəhmsiz rəftar eləməyib! Axı, nə üçün? Nəyə görə? Bəlkə mənim məktubumda, mənim başıbəlalı məktubumda onun qəlbini incidən bir söz yazılıbmış?..

Hıçqırtılar onun səsini kəsdi; ona baxdıqca ürəyim parçalanırdı.

– Ah, mərhəmətsiz, zalım insan! – deyə yenidən danışmağa başladı. – Bir sətir, bircə sətir belə cavab yazmır! Bəlkə mən ona lazım deyiləm, bəlkə məni daha sevmir? Heç olmasa, bu barədə yazaydı! Üç gündür ki, bir kəlmə də cavab göndərmir. Bütün günahı yalnız onu sevməkdən ibarət olan zavallı, köməksiz bir qızı təhqir eləmək onun üçün nə qədər də asan imiş. Ah, mənim bu üç gündə nələr çəkdiyimi bilsəydiniz! Pərvərdigara! İlk dəfə onun yanına getdiyimi, qarşısında alçaldığımı, ağladığımı, məni az da olsa sevməsi xatirinə ona yalvardığımı xatırlayanda… Belə bir hadisədən sonra…Bura baxın, – deyə Nastenka birdən yenə mənə sarı döndü, qara gözlərində sanki şimşək çaxdı, – yox, məsələ belə deyil! Belə ola bilməz; bu qeyri-təbiidir! Ya siz, ya da mən, ikimizdən birimiz aldanmışıq, bəlkə o, heç mənim məktubumu almayıb? Bəlkə o, indiyədək heç nə bilmir? Axı, necə ola bilər? Özünüz fikirləşin, allah eşqinə, mənə də izah eləyin, anlaya bilmirəm, necə ola bilər ki, o, mənimlə belə vəhşicəsinə, belə kobud rəftar eləsin? Bir kəlmə də yazmasın? Axı, bəzən ən pis adama da mərhəmətlə yanaşırlar. Bəlkə o, yaman bir xəbər eşidib, bəlkə məndən ona pis söz deyən olub? – Nastenka bir az susub soruşdu: – Necə bilirsiniz?

– Nastenka, mən sabah sizin adınızdan onun yanına gedərəm.

– Sonra?

– Mən ondan hər şeyi öyrənərəm, hər şeyi ona danışaram.

– Sonra, sonra?

– Siz bir məktub yazarsınız… Etiraz eləməyin, Nastenka, etiraz eləməyin. Mən onu sizə hörmətlə yanaşmağa məcbur eləyərəm; hər şeydən xəbərdar olar və əgər…

– Yox, dostum, yox, – deyə Nastenka sözümü kəsdi, – yetər! Artıq mən ona bir kəlmə, bircə kəlmə, bircə sətir də yazmayacağam, yetər! Mən onu tanımıram, mən onu artıq sevmirəm, onu yaddan… çı-xa-ra-ca-ğam…

O, sözünü qurtara bilmədi.

– Sakit olun, sakit olun! Əyləşin, Nastenka! – Mən onu skamyada əyləşdirdim.

– Mən sakitəm, lap sakitəm… Göz yaşlarıma baxmayın, quruyar! Elə bilirsiniz ki, özümü məhv edəcəyəm, çaya atıb boğacağam?

Ürəyim dolu idi, danışmaq istəyirdim, lakin bacarmırdım.

– Qulaq asın, – deyə əlimdən tutdu və sözünə davam etdi: – Siz yəqin ki, belə etməzdiniz. Özü sizin yanınıza gələn zavallı qızı atmazdınız, onun zəif iradəsinə, axmaq məhəbbətinə gülməzdiniz, deyilmi? Onu müdafiə edərdiniz! Düşünərdiniz ki, o təkdir, özünü qorumağı bacarmır, özünü məhəbbət bəlasından qurtara bilmir, nəhayət, onun heç bir günahı yoxdur, bəli, o günahsızdır… Pis iş görməyib… Ah, ya rəbbim, ya rəbbim!..

Mən, axır ki, dözə bilməyib, ucadan dedim:

– Nastenka! Nastenka! Siz mənə əzab verirsiniz. Ürəyimi yaralayırsınız, məni öldürürsünüz, Nastenka! Mən susa bilmirəm. Mən, nəhayət, danışmalıyam, bu vaxta qədər burada, qəlbimdə yığılıb qalmış nə varsa, hamısını sizə açmalıyam…

Bunu deyib, skamyadan qalxdım. O, yenə də əlimdən tutdu və heyrətlə üzümə baxdı.

– Sizə nə olub? – deyə soruşdu. Mən qətiyyətlə sözə başladım:

– Dinləyin! Diqqətlə dinləyin, Nastenka! İndi mən sizə hər nə desəm bilin ki, hamısı boş, mənasız və axmaq sözdür. Mən əminəm ki, bu iş heç bir vaxt baş tutmayacaq, lakin susa bilmirəm. Əzab çəkdiyiniz müqəddəs eşqin xatirinə sizə yalvarıram, xahiş eləyirəm ki, məni bağışlayasınız…

– Hə, yaxşı, sonra? – O, ağlamağını kəsdi və zənlə üzümə baxdı, mən onun gözlərində qəribə bir marağın ifadəsini oxudum. – Axı, sizə nə olub?

– Bu, mümkün olan şey deyil, amma mən sizi sevirəm, Nastenka! Vəssalam! İndi siz hamısını bilirsiniz, – deyə mən ümidsizliklə əlimi yellədim. – Görək bundan sonra mənimlə indiki kimi danışa biləcəksinizmi, sizə deyəcəyim sözləri indiki kimi dinləyə biləcəksinizmi?

Nastenka sözümü kəsdi:

– Bu nə deməkdir? Bu sözlər nə üçündür? Axı, mən sizin məni sevdiyinizi çoxdan bilirdim, lakin elə bilirdim ki, siz məni elə-belə, ötəri bir məhəbbətlə sevirsiniz… Pərvərdigara, bizə rəhmin gəlsin!

– Nastenka, mənim sizə məhəbbətim əvvəlcə, doğrudan da ötəri idi, amma indi, indi… Siz öz bağlamanızla onun yanına gedəndə nə halda idinizsə, indi mən də eləyəm! Yox, ondan da pis haldayam, Nastenka! Çünki o zaman o heç kəsi sevmirdi, siz isə sevirsiniz.

– Bu nə sözdür deyirsiniz? Mən heç nə başa düşmürəm. Yaxşı, siz nə üçün… yox, nə üçün yox, siz nəyə əsasən belə, birdən-birə… İlahi! Mən nə səfehləyirəm! Lakin siz…

Nastenka tamam çaşıb qaldı. Yanaqları qızardı, gözlərini aşağı dikdi.

– Mən nə eləyim, Nastenka, nə eləyim? Mən günahkaram, mən qəsdən, acığımdan… Yox, ox, Nastenka, günahkar deyiləm; bilirəm, hiss eləyirəm ki, heç bir günahım yoxdur, ürəyim deyir ki, haqlıyam, ona görə ki, mən sizi heç vaxt incitməmişəm, təhqir etməmişəm, edə də bilməzdim! Mən sizin dostunuz idim, indi də dostunuzam; mən dəyişməmişəm, bu dostluğa xəyanət etməmişəm. Budur, mən artıq göz yaşlarımı saxlaya bilmirəm, Nastenka! Qoy axsın, sel kimi axsın, bu yaşlar heç kəsə mane olmur! Onlar quruyacaq, Nastenka!..

– Əyləşin, tez əyləşin, – deyə o, məni skamyaya oturtdu, – aman allah! İndi mən nə eləyim?

– Yox, Nastenka, mən oturmayacağam, artıq burada dayana bilmərəm, siz bir də məni görməyəcəksiniz, indi hər şeyi danışıb gedəcəyəm. Mən ancaq onu demək istəyirəm ki, siz heç bir zaman mənim sizi sevdiyimi bilməyəcəkdiniz! Mən öz sirrimi qəlbimdə məzara aparacaqdım. Mən indi, bu dəqiqə, öz xudpəsəndliyimlə sizə əzab verməyəcəkdim. Yox! Mən susa bilməzdim, buna səbrim çatmazdı, siz özünüz bu haqda birinci söhbətə başladınız, günahkar sizsiniz, bütün günahlar sizdədir, mən isə günahkar deyiləm. Siz məni öz yanınızdan qova bilməzsiniz…

Zavallı Nastenka pərtliyini bacardığı qədər gizlətməyə çalışaraq dedi:

– Yox, vallah yox, mən sizi qovmaram!..

– Deməli, siz məni qovmursunuz?! Mən isə sizin yanınızdan qaçmaq istəyirdim. Hər halda gedəcəyəm, lakin əvvəlcə hər şeyi danışmalıyam, çünki siz danışarkən mən yerimdə sakit əyləşə bilmirdim, siz ağlarkən, bəli, rədd edilmiş, yəni, necə deyim (mən açıq danışacağam, Nastenka), rədd edilmiş məhəbbətinizin əzabı ilə çırpınıb ağlarkən mən ürəyimdə sizə elə bir sevgi, Nastenka, elə böyük bir sevgi hiss elədim ki… Mən öz məhəbbətimlə sizə kömək eləyə bilmədiyim üçün içərimdə elə müdhiş bir ağrı duydum ki, guya bu saat ürəyim parça-parça olacaqdı və mən, mən susa bilmədim, mən danışmağa məcbur idim, Nastenka, mən danışmalı idim!..

– Hə, hə! Siz elə bu cür də danışın! – deyə Nastenka qəribə bir səslə cavab verdi. – Mənim bu xahişim sizə bəlkə də təəccüblü görünsün, lakin… danışın! Mən də sonra danışaram, hər şeyi sizə danışaram!

– Sizin mənə yazığınız gəlir, Nastenka; siz mənim halıma, sadəcə acıyırsınız, əziz dostum! Nə isə, keçənə güzəşt deyərlər. Söz atılan ox kimidir, bir də geri qayıtmaz. Belə deyilmi? Hə, demək siz indi hər şeyi bilirsiniz. Elə buradan başlayaq. Belə yaxşı olar. Bunların hamısı çox gözəldir; ancaq qulaq asın. Siz ağlayanda mən düşünürdüm… (səbir eləyin, Nastenka, bu saat nə düşündüyümü deyəcəyəm), düşünürdüm ki (əlbəttə, Nastenka, bu, qətiyyən mümkün olan iş deyil), belə fikirləşirdim ki, siz… düşünürdüm ki, bəlkə siz birtəhər… necə deyim, bəlkə siz, tamamilə, başqa bir səbəbə görə artıq onu sevmirsiniz. O zaman, – Nastenka, mən bu haqda dünən də, srağagün də fikirləşmişəm, – o zaman mən elə edərdim ki, mütləq elə edərdim ki, məni sevəsiniz; axı, siz özünüz məni sevdiyinizi etiraf etmişdiniz. Sonra, sonra da… daha nə sonra? Mən elə bunu demək istəyirdim; yox, yenə bir sözüm qalıb; əgər siz məni sevsəydiniz, nə olacağını təsəvvürünüzə gətirirsinizmi? Vəssalam! Demək istədiyim axırıncı söz bu idi! Dinləyin, dostum, – hər halda siz mənim dostumsunuz, – mən, əlbəttə, sadə, yoxsul və əhəmiyyətsiz bir adamam, amma məsələ bunda deyil (mən həmişə əsl mətləbdən uzaq düşürəm, bu pərtlikdəndir, Nastenka!), mən sizi elə dərindən, elə gizli bir eşqlə sevərdim ki, əgər siz bundan sonra onu, o tanımadığınız insanı sevməkdə davam etsəydiniz belə, mənim sizə məhəbbətimin ağırlığını yenə də duymazdınız. Siz yalnız hər an yaxınlığınızda çırpınan xeyirxah, mehriban və hərarətli bir qəlbin həyəcanlı döyüntüsünü eşidər, hiss edərdiniz, elə bir ürək ki, sizin üçün… Ah, Nastenka, Nastenka! Məni nə hala saldığınızdan xəbəriniz varmı?!

– Yaxşı, ağlamayın, mən istəmirəm ki, siz ağlayasınız! – deyə Nastenka skamyadan qalxdı. – Gedək, durun mənimlə gedək, ağlamayın, siz allah, ağlamayın! – O bu sözləri deyərkən yaylığı ilə gözlərimin yaşını sildi. – Hə, indi gedək, mənim sizə yenə deyiləsi sözüm var… Əgər o (mənim hələ də onu sevdiyimə baxmayaraq), məni atmışsa, məni unutmuşsa, deməli, artıq… Əgər mən sizi sevsəydim, yəni misal üçün deyirəm, əgər… Of! Əziz dostum, zavallı dostum, məni sevmədiyinizə görə sizi təriflədiyimi, sizin məhəbbətinizə güldüyümü, sizi təhqir etdiyimi yadıma saldığım zaman… Ah, pərvərdigara, necə olub ki, mən bunu qabaqcadan duymamışam, mən o vaxt neçə də axmaq olmuşam, lakin… Yaxşı, mən artıq qət eləmişəm, hər şeyi sizə deyəcəyəm…

– Bura baxın, Nastenka, bilirsinizmi nə var? Hamısından yaxşısı budur ki, mən sizdən tamam uzaqlaşım. Yoxsa sizə əzabdan başqa bir şey verməyəcəyəm. Budur, siz bir vaxt mənə güldüyünüzə görə indi vicdan əzabı çəkirsiniz, mən isə istəmirəm, bəli, istəmirəm ki, öz dərdinizdən başqa… Mən, əlbəttə, günahkaram, Nastenka! Ancaq əlvida!..

– Dayanın, mənə qulaq asın, siz gözləyə bilərsinizmi?

– Nəyi? Necə?

– Mən onu sevirəm, lakin bu sevgi sönüb gedəcək, o sönməlidir, ola bilməz ki, sönməsin, artıq sönür, mən bunu hiss eləyirəm… Kim bilir, bəlkə elə lap bu gün tamam sönüb gedəcək, çünki mən ona nifrət eləyirəm, çünki siz mənimlə burada ağlarkən o, yəqin ki, mənə gülürmüş, çünki siz heç bir zaman məni onun kimi rədd etməzdiniz, çünki siz sevirsiniz, o isə sevmir, nəhayət, mən özüm sizi sevirəm… Bəli, sevirəm! Siz məni sevən kimi sevirəm; axı, mən özüm bunu sizə çoxdan demişəm, – özünüz eşitmisiniz; mən sizi ona görə sevirəm ki, siz ondan yaxşısınız, ondan mehribansınız, çünki, çünki…

Yazıq qızı bürüyən həyəcan o qədər şiddətli idi ki, sözünü qurtara bilmədi, əvvəlcə başını çiynimə, sonra sinəmə söykəyib acı-acı ağladı. Mən ona təsəlli verir, dilə tutur, ancaq o, sakit ola bilmirdi; tez-tez əlimi sıxır və onu boğan hönkürtü arasından deyirdi: «Səbir eləyin, darıxmayın, bax, bu saat dayanacağam! Mən sizə demək istəyirəm ki… Siz elə düşünməyin ki, bu göz yaşları elə-belə, zəiflikdəndir, səbir eləyin, indi keçər…» Nəhayət, o, ağlamağını kəsdi, gözlərini sildi və bir qədər sakit oldu. Mən danışmaq istədim, lakin o; susmağımı xahiş elədi və biz uzun müddət sükuta daldıq. Sonra o cürətlənib, zəif və titrək səslə danışmağa başladı… Onun səsi nə isə yeni, kəskin bir ifadə ilə cingildədi, düz ürəyimə sancıldı və orada şirin bir ağrı ilə əks-səda tapdı…

– Məsələ belədir, elə xəyal etməyin ki, mən mütərəddid və yelbeyin bir qızam, elə düşünməyin ki, mən öz məhəbbətimi belə tez unudaram və onu başqasına dəyişərəm… Mən bütün ili onu sevdim və allaha and içirəm ki, heç bir vaxt, bəli, heç bir vaxt, hətta xəyalən belə ona xain çıxmamışam. O buna əhəmiyyət vermədi; mənə istehza ilə güldü, özü bilər, allah bilər! O mənə ağır bir yara vurub, eşqimi təhqir eləyib. Mən, mən onu sevmirəm, çünki mən ancaq məni başa düşən, alicənab, xeyirxah bir insanı sevə bilərəm, çünki mən özüm belə bir insanam, o mənə layiq deyil; allah bilər! Yaxşı oldu ki, onun neçə bir adam olduğunu belə tez öyrəndim, sonra gec olardı… Nə isə, artıq hər şey bitib. Lakin, mənim mehriban dostum, kim bilir, – deyə o, əlimi sıxaraq, sözünə davam etdi: – kim bilir, bəlkə mənim məhəbbətim öz hisslərimin, öz düşüncələrimin sadəcə məni aldatmasından başqa bir şey deyilmiş? Bəlkə həmişə nənəmin nəzarəti altında böyüdüyüm üçün mənim məhəbbətim belə dəcəl və mənasız olub? Bəlkə mən onu yox, başqasını sevməliyəm, bəlkə bu başqası mənə rəhm eləyəcək və və… Hə, bu barədə heç danışmayaq. – həyəcandan boğulan Nastenka bir qədər susdu, sonra yenə sözə başladı: – Mən ancaq sizə demək istəyirəm ki… demək istəyirəm ki, onu sevdiyimə baxmayaraq (yox, mən onu sevirdim), bəli, buna baxmayaraq, əgər siz yenə də… əgər siz öz sevginizin bu qədər böyük olduğunu, nəhayət, bu sevginin ürəyimdəki keçmiş məhəbbətə qalib gələcəyini,, onu sıxışdırıb atacağını hiss edirsinizsə… Əgər sizin mənə yazığınız gəlirsə, əgər siz məni tək-tənha, təsəllisiz və ümidsiz, taleyin hökmünə tapşırmaq istəmirsinizsə və əgər həmişə məni indi sevdiyiniz kimi sevəcəksinizsə, and içirəm ki, mən də öz təşəkkürümlə… öz məhəbbətimlə sizin eşqinizə cavab verəcəyəm… Budur, bu da mənim əlim, razısınızmı?

– Nastenka! – deyə mən nəfəsimi kəsən qəhərdən güclə qışqıra bildim. – Nastenka!.. Ah, Nastenka!..

– Yaxşı, artıq yetər, bəsdir, bəsdir! İndi doğrudan da bəsdir! – Həyəcanlanmış Nastenka da bu sözləri çox çətinliklə deyə bildi. – Bəli, indi bizə hər şey aydındır, deyilmi? Hə, siz də, mən də, ikimiz də xoşbəxtik, artıq bir kəlmə də bu haqda danışmayaq, xahiş eləyirəm, mənə yazığınız gəlsin… Allah eşqinə, başqa bir şey haqqında danışın!..

– Hə, Nastenka, hə! Bəsdir bu haqda danışdıq, indi mən xoşbəxtəm, mən… Yaxşı, Nastenka, söhbəti dəyişək, başqa şey barədə danışaq, tez-tez danışaq; hə, mən hazıram…

Biz nə danışacağımızı bilmirdik, gülürdük, ağlayırdıq, min cür rabitəsiz və mənasız söz deyirdik, gah səki ilə gedir, gah geri dönüb küçəni o tərəfə keçirdik, birdən dayanıb yenə sahilə tərəf gəlirdik, özümüzü lap uşaq kimi aparırdıq…

– Mən indi tək yaşayıram, Nastenka, – deyə, nəhayət, sözə başladım. – Sabah isə… Əlbəttə, Nastenka, özünüz bilirsiniz ki, mən kasıbam, ildə cəmisi min iki yüz manat gəlirim var, amma bunun eybi yoxdur…

– Hə, eybi yoxdur, nənəm də təqaüd alır, o bizə mane olmaz, onu da yanımızda saxlarıq.

– Bəs necə, onu tək qoymaq olmaz… Ancaq Matryona…

– Hə, axı, bizim də bir Fyoklamız var!

– Matryona mehriban arvaddır, ancaq bir eybi var: düşünmək qabiliyyətindən məhrumdur, tamamilə məhrumdur, amma mənə elə gəlir ki, bunun da eybi yoxdur.

– Nə fərqi varmış, ikisi də bir yerdə yaşaya bilər. Ancaq siz sabah bizə köçməlisiniz.

– Neçə yəni sizə? Yaxşı, mən hazıram…

– Hə, siz əvvəlcə bizim kirayənişinimiz olarsınız. Yuxarı mərtəbədə otaq var, özü də boşdur, orada qoca, kübar bir qadın yaşayırdı, indi o yoxdur, nənəm də bu otağı cavan bir adama vermək istəyir, bunu yaxşı bilirəm, səbəbini soruşanda dedi ki: «Elə-belə, mən artıq qocalmışam, sən də elə fikirləşmə ki, səni ərə verməkdən ötrü bu otağa gənc bir kirayənişinin köçməsini istəyirəm». Lakin mən başa düşmüşəm ki, o, məhz elə bunun üçün çalışır…

37 389,92 soʻm
Yosh cheklamasi:
16+
Litresda chiqarilgan sana:
29 oktyabr 2022
ISBN:
978-9952-8448-2-5
Mualliflik huquqi egasi:
JekaPrint

Ushbu kitob bilan o'qiladi